Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 6

Текст книги "Bakı-1501"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

– Xanım, heç yaxşı iş görmәdiz.

– Neyçün? – deyә Sultanım xanım maraqla soruşdu. – Şirvanşahları alçaldan, camaatımızı qoyun hesab edәn bir qasidә aman verәydik? Öpüb göz üstünә qoyaydıq?

– Axı bir nәzәrә alın ki, bu gәlәn şah İsmayıldı. Onun qәzәbindәn qorxun! Şirvanşah Fәrrux Yasar, sizin hörmәtli qayınatanız, bizim padşahımız Cabanıda hәlak olub. Yerindә şahzadə Qazi bәy olmalı idi. O da meydanda yoxdu. Biz hansı qüvvәylə qibleyi-aləmin qәnşәrinә çıxacağıq?

– Sәnin üçün dә o, qibleyi-alәm olub, bәy?

Sual elə bir qәzәblә verildi ki, Әbülfәttah bәy əvvəlcə özünü itirdi. Tosqun bәdәnini tər basdı, qara şәvә saqqalı titrәdi, əlini saqqalına çәkdi, hәnalı barmaqları da titrәyirdi. Amma yenә dә aldığı ənamlar, verdiyi sözlәr, eşitdiyi vәdlәr kişinin öz canı ilә oynamağına bais oldu:

– Axı anam-bacım, dava-şava kişi işidi. Sәn, zənәn xeylağı, onun qibleyi-alәm olub-olmadığını nә bilirsәn? Yaxşısı budu, qorx onun qәzәbindən! Şәhәri tәslim elә! Ya da şahzadәnin yerini de!

Sultanım xanım üzüklü sağ әlini qaldırıb qeyzlә dedi:

– Mәnim şahzadə adından danışmağa sәlahiyyәtim var. Bunu sәn də bilirsәn. Amma qoy sәnə bir misal çәkim. Deyirlər, qәdimlәrdә mәğlub olmuş bir padşah qalibin yanında çox ürəkli danışırmış. Şah vəzirləri ilə məsləhətləşir. Ağılbənd bir qoca deyir: baxın, görün, o məğlub şah ürəkli danışanda harda dayanır və həmin yeri qazın. Növbəti müsahibə zamanı şahın durduğu yeri qazıb bir neçә küp qızıl, lәl-cәvahirat tapırlar. Mәlum olur ki, mәğlub şahı ürәkli danışdıran üstündә dayandığı xəzinә imiş. İndi mәn dә əmin oldum ki, sәni danışdıran düşmәndәn aldığın әnamlardır. Sәn xәyanәt yolu tutmuşsan, Әbülfәttah bәy!

Gözlәmәdiyi halda Sultanım xanımın onun sirrinә vaqif olması bәyi sarsıtdı. “Haradan bilir? Bәlkə, şah iqamәtgahında adamları var?” – deyә düşündü. Elçinin aqibәtini indicə görmüşdü. Dәhşәtdәn damarlarında qanı dondu. İnkarın lüzumsuzluğunu anladı, taxtın önündә Sultanım xanımın ayaqlarına döşәndi:

– Aman, aldadıblar mәni, şahzadә xanım. Möhtәrәm qayınatanın ruhuna bağışla mәni. Әn çәtin iş tapşır, canımı qurban verim.

Sultanım xanım:

– Mәn qarasına demişdim, bәy, – qışqırdı. – Xәyanәtini özü iqrar edәndәn sonra casusun, doğma yurduna mәğlubiyyәt arzu edәn xainin cәzası ölümdür. Aparın!

Gözlәnilmәz iqrar hökmdәn özünü itirmiş saray әyanı Әbülfәttahı sürüyüb cәllada tәslim etdi. Sultanım xanım dedi:

– Carçılar darğanın xәyanətini xalqa elan etsin. İndi isә ağalar, buyurun mәşvәrәtә. Görәk, şәhәrimizi necə müdafiә etmәliyik.

Sәrkәrdә vә әyanlar mәşvәrәt otağına keçib әylәşdilәr, onları özlәrinin dә dәrk etmәdiyi mәnәvi bir qüvvәt Bibixanıma – Sultanıma tabe vә tәslim etmişdi. İndi Sultanım xanım qәrargahın başçısı olan bir sәrkərdә idi və yığılanlar onun hәr bir hökmünü Şirvanşahın әmri kimi qәbul vә icra edirdilәr.

***


Dәdәlәr belә qızlarımız haqqında: “Vәtәn çağıranda igid bәllәnәr; aslanın erkәyi, dişisi olmaz”, – deyiblәr. Elə mәn dә, Xәzәrim! Sənin sahillәrindәki qızıl qumların, dünyanın qәndili Günәşin, xırdaca mavi ləpәlәrin yetirmәsiydi Bibixanım – Sultanım, doğma dәnizim mәnim.

Düz iki gün Xülәfa bәy və Bayram bәyin sərkәrdәliyi ilә Bakı qalası mühasirәdә saxlandı. Arasıkəsilmәz hücumlar heç bir nәticә vermәdi. Bakılılar tәslim olmağı düşünmür, mәtanәtlә, inadla şәhәri müdafiә edirdilәr. İkinci günün axşamı şam namazına bir az qalmış Şah İsmayıl, Lәlә Hüseyn bәy vә başının adamları ilә birlikdә Şamaxıdan gәlib müharibә meydanına yetişdi. Qalanın hәlə dә alınmadığını görüncә mühasirәyә rәhbәrlik işini öz әlinә aldı. Әvvәlcә mәiyyәtindәn iki gәnclә birlikdә Xülәfa bәyi dә özü ilə götürüb qalanın әtrafını dörd dolandı. Mazğallardan birindәn atılan oxa hәdәf olmamaq üçün ox çatmayan mәsafәdәn atları cövlana gәtirdilәr.

Sonra şah tәzәcә qurulmuş qızıl qübbәli, gülәbәtin qotazlı yaşıl çadırın yanına gәldi. Atdan yerә atıldı, içәri girdi, niqabını qaldırıb әn yaxın mürid vә sәrkәrdәlәrini yanına çağırtdırdı. Çadırın girәcәyi ilә üzbәüzdә qoyulmuş taxtında әylәşdi. Xülәfa bәy, Lәlә Hüseyn bәy Bәydili, Bayram bәy, Mәhәmmәd bәy, mәiyyәtә yaxın olan bir neçә mürid, sәrkәrdə çadıra daxil olduqda şah onları sәbirsizliklә gözlәyirdi. Ustaclı, şamlı әfşar, zülqәdәr, qacar, rumlu sәrkәrdәlәri artıq burada idi.

– Buyurun, әylәşin, – deyә onlara yer göstәrdi.

Sәrkәrdәlәr şahın sağ vә sol tәrәfindә çadırın dairәsi boyu düzülmüş sәfәr döşәkçәlәrinin üstündә diz çökәrәk, qalxanlara tәkyә edib әylәşdilәr.

Şah sözә başladı:

– Mühasirә uzana bilәr. Bu yolla getsәk, Bakı qalasını fәth etmәyimiz xeyli çәkәcәk. Әbәs qurbanlar verәcәyik. Mәslәhәt bilirәm ki, qala qapılarından birinin altına lağım ataq vә qüllәni partladaq.

Lәlә Hüseyn bәy cavan şahın vәziyyәti tez qavramasına vә tәcili nәticәyә gәlmәsinә heyran olmuşdu: “Bәxtin sәnә yar olsa, bu ağılla uzaq gedәcәksәn”, – deyә düşündü vә dillәndi:

– Qibleyi-alәm, mәslәhәt bilsәniz, elә durduğumuz Qoşa qala qapısının yanındakı qüllәlәrin birinә lağım atdıraq.

Şah azacıq düşünüb cavab verdi:

– Yox, mәn bilәni yuxarıda Qoşa qala qapısının üst tәrәfindә, yüz-yüz әlli qәdәm aralıda şimal qapının yanındakı qüllәni partladaq. Çünki mühasirә olunanların əsas diqqәti Qoşa qala qapısındadı. Yuxarı qapı dardı, nәzәri o qәdәr dә cәlb elәmәz.

Bayram bәy Qaramanlı da Lәlә Hüseyn bәyin düşündüyünü bәyәnir vә cavan şahın hәrbi istedadını tәqdis edirdi. Dedi:

– Qibleyi-alәm haqlıdı. Elә orada lağım atılsa, mәslәhәtdi.

Şah yığıncağa xitam vermәk üçün sözü tamamladı:

– Çox gözәl! İndi ki belәdi, onda Bayram bәyin dәstәsi elə bu gecədәn lağım atmaqla mәşğul olsun. Sabah sәhәr mühasirәdәkilәrә Lәlә bәy qara verәr. Tәkbir hücumlarla baş aldadarıq әsas mәqsәdimizә nail olanacan. İndi hәrә öz xeymәsinә gedib istirahәtә mәşğul ola bilәr. Amma diqqәtli olmaq lazımdı. Yüzbaşılara tapşırın ki, qaravulu birә-iki artırsınlar. Şәbxundan özlәrini qorusunlar. Çünki Bakı müdafiәçilәrinin şәbxundan ayrı әlacları yoxdu, әgәr qaçmaq istәsәlәr. Amma ehtiyatlı olun, elә eləyin ki, başınıza İstanbul qәziyyәsi gәlmәsin.

– O, nә olan işdi, hökmdar?

– Sultan Mehmet Fateh İstanbulu alanda bir neçә yerdәn qala altına lağım atdırır. Bizans hökmdarı da bunu bilib üzbәüz lağım atdırır. Bir neçә lağım uçur, hәr iki qoşun nәfәrləri altda qalır; bir neçә lağımda isә iki düşmәn qarşılaşır, müharibәlәr tarixindә birinci, bәlkә dә, axırıncı dәfә yeraltı döyüş olur. Tarixçilәr yazır ki, lağım qanlı bәdәnlәrlә dolub, torpaq әvәzinә yeri tıxayır, bәrkidir6.

Hamı gənc sәrkәrdә-hökmdarın tapşırığına diqqətlə qulaq asdı.

Sәrkәrdәlәr xudahafizləşib çıxdılar. İsmayıl bәy xeymədә tәk qaldı. Həlә axşam namazına xeyli vardı…

***

… Lağım ertәsi gün axşama qurtarmalı, axşamüstü qüllə partladılmalı, açılan yerdən sübh namazından sonra şiddәtli hücumla qala fəth olunmalı idi. Şah belə qərarlaşdırmışdı, işlәr öz qaydasında gedirdi. Bu gün sübh namazına qalmış o, yerindәn qalxdı. Sahib adlı hicazlı kölənin yardımı ilә tez geyindi, atlandı. Qoşun dayanıb namaza qalxanacan qala әtrafını bir dә tәklikdә gəzmәk istəyirdi.

Ona xəbәr vermişdilәr ki, arabir tәk-tәk şәhərlilәrdən gözә dәyir vә haradasa qala divarı dibindә yoxa çıxır. İsmayıl qaladan gizli yol olduğuna әmin idi. İndi əlinə münasib vaxt düşmüşdü. Bәlkə də, bu gizli yolu tapmaq ona müyәssər oldu. O zaman əziyyәtli lağım qazmaq işini yarıda dayandırar, gizli yolla qoşunu şәhәrin içәrisinə yeridə bilәrdi. Şәhər müdafiәçilərinin oxuna hәdәf olmamaq üçün hasardan bir ox boyu məsafədə yavaş-yavaş atını sürüb әtrafı seyr edirdi. Yolunu Qız qalası sәmtindәn saldı.

Bura tamamilә sakitlik idi. Qala divarları bu yerdə yüksәk qayalıqlı tәpәlәr üzәrində qurulduğundan daha uca görünürdü. Qüllәlәr arasında məsafə çox idi. Mazğallar hündürdә idi. Müdafiәçilәrin onu görüb izlәdiklərini bilirdi. Özü isә ətrafda bir ins-cinsә rast gәlmədən gedirdi.

Birdәn qarşısında cavan bir süvari peyda oldu. Əvvəlcə onu üzdәn tanımadığı qızılbaş qazilәrdәn biri zənn etdi. Lakin diqqәtlә baxdıqda bunun kim isә yad bir cavan olduğunu anladı.

Kim idi, qala ətrafında nә gәzirdi? Müdafiәçilәrdәn biri idimi, ya da bәlkә, mühasirәdәn bixәbәr qalaya gәlmiş Şirvanşah adamlarından idi? Şah bütün bunları vәravürd edә-edә gәncә yaxınlaşdı. Әslindә, onların başqa yolu da yox idi. Qız qalasının әtәklәrini döyən Xәzәr dalğaları, bu yerdәn qalanın o biri üzünә keçmәk üçün yol qoymurdu. Bir az әvvәl o, Xәzәr sularını seyrә dalan gәnc şair idi. Tәzәcә çırtmağa başlayan qızılı günəş tellәrinin altında min bir rәngә çalan Xәzәrin şairanә görkәmi onun xәyalını çәkib uzaq әnginliklәrә aparmışdı. Qәlbindә fәrәhli, gülgün misralar doğmağa başlamışdı. Xırdaca lәpәlәrinә sanki çırtım-çırtım qan çilәnmiş Xәzәr elә gözәl idi ki…

İndi isә yad nәfәri görәndә onun qәlbindә şair susdu, sәrkәrdә duyğusu baş qaldırdı:

– Kimsәn cavan? Hansı bölükdәnsәn? – deyә cavan süvariyә müraciәt etdi.

Cavan süvari onu diqqәtlә, böyük bir maraqla gözdәn keçirirdi. Әvvәlcә o şahı tanımamışdı. Çünki eşitmişdi ki, bir din başçısı olan şah hәmişә üzü niqablı gәzir. Yad, napak gözlәrә görünmür. Özü isә müsahiblәrini niqabın gözcüklәrindәn müşahidә edir. Belәysә, qarşısında duran cavan geyimindәn, bәlkə dә, çox böyük, yüksәk mövqe tutan sәrkәrdә idi. “Amma yox, odur, bax, niqabı on iki guşәli dәbilqәsinin üstünә qaldırmışdır. Hә, özüdü, bu odu. Din adı ilә, insana – әşәr bayrağı altında dünyaya meydan oxumağa başlayan cavan Şeyx oğlu şah! Qibleyi-alәm! Hәlә bığ yeri tәzәcә tәrlәmәyә başlamış uşaq sifәtli, amma hәrbi mәşqlәrdәn olduqca inkişaf etmiş igid Şeyx oğlu şah! Sәnә qiblә dediyi üçün iki nәfәr artıq canını tәslim etmişdir. Bundan xәbәrin var, şübhәsiz”.

Bu sözlәri düşündükcә Sultanım xanım doymaq bilmәyәn bir maraqla gәnc padşahı süzürdü. Bәli, doğrudan da, bu Sultanım xanım idi. O da bu gün sübh namazından әvvәl qaladan bayıra çıxmışdı. Bibiheybәtlilərdәn Xeyransa xalanın oğlu Ağadayı ona xәbәr vermişdi ki, qoca babası – Şıx Kəblәli bu gecə vәfat edib. Sәhәrüzü dәfn edilәcәk. Sultanım xanım onun üçün atanı-ananı әvәz etmiş qoca babasını son axirәt evinә yola salmaq – övladlıq borcunu vermәk uçün canından da keçәrdi. Sirrini Qazi bәyin nәdimi vә indi sarayda ona ən yaxın sirdaş olan Salehә açdı. Hәr iki gәnc yaraqlanıb atlandı, yalnız onlara mәlum olan gizli yolla arxa-sıra kiçik fasilәlәrlə qaladan çıxdılar. Hәrb әmәliyyatının başlanmasına qәdәr sahilboyu kәndә çatıb qayıtmaq xәyalında idilәr. Qız qalasının alt sәmtindә yalnız ona bәlli olan bu yolu, vaxtilә saray әrkanının gözlәrinә görünmәdәn azad mәşqlәr aparmaq üçün onu qaladan çıxaran Qazi bәy göstәrmiş, Şirvanşahların yalnız ən ali üzvlәrinә – şaha vә vәliәhdә bәlli olan bu yolu ona nişan vermişdi. İndi o, düşmәn qoşunu namazı qılıb qurtarana vә mühasirә döyüşlәrini başlayanacan Şıxlara dәyib qayıtmaq istәyirdi. Bibixanım-Sultanım atını xeyli irәli sürmüş, Salehi arxada qoymuşdu, tәk irәlilәyir vә düşünürdü. Dünәndәn bәri daha qalaya heç kim girib çıxmırdı. Artıq ərindәn kömәk ümidi kәsilmişdi. Qazi bәyin başı əlindә deyildi. Başı әlindә olsaydı, özünü mütlәq qalaya yetirәrdi. Axı burada o qәdәr dә şöhrәti olmayan bir-iki sәrkәrdә qalmışdı. Bunlar ötәndә qalada yerli camaatdan başqa heç bir döyüş qabiliyyәti olmayan saray əşrafının, hәrәm-xananın Bakıda qaldığını, yararlı qoşun hissәlәrinin atası ilә birlikdә Şirvanda döyüşdüyünü bilirdi. Elә özü dә qoşun yığıb atasına kömәyә getmişdi. Gәlәrdi… Görünür, başı әlindә deyil…

Bütün bu düşüncәlәrlә dә Sultanım xanım çox da inanmadığı saray adamlarının verdiyi mәlumata etibar etmәmişdi.

Hәlә axşamüstü qüllәlәri gәzib mövqelәri vә az əsgәrlә şәhәrin müdafiәsinә qalxmış şәhәrlilәrin vәziyyәtini yoxlamışdı. Qoşa qala qapısının üst tәrәfindә, tök darvazanın yanındakı qüllә üstündә keşik çәkәn bir kişi ona yaxınlaşmışdı. Sultanım xanım әvvәlcә saç-saqqalı ağarmağa başlamış bu şәhәrli döyüşçünü tanımamışdı. Kişi ona lap yaxınlaşıb:

– Qızım, sәnә bir xәlvәt sözüm var, – dedikdә kişini səsindәn tanımışdı. Bu lap çoxdanın işi idi. O zaman Bibixanım balaca bir qız idi. Ata vә anası ovmadan təzəcә ölmüşdülәr. O, babası Şıx Kәblәli ilә birlikdә yaşayırdı. Babasının dostu zәrgәr Dәrgahqulu o vaxtlar hansı bir davadansa sağ-salamat qayıtdığı üçün arvadı Xırdaxanım ilә birlikdә Bibiheybәt ziyarәtinә gәlmiş vә onlara düşmüşdü. Arvad әrinin qayıtması münasibәtilә imamzadәyә nәzir gәtirmişdi. Sonralar hәr dәfә Bibiheybәtә gəlәndә mütlәq onlara düşәrdilər. Dәrgahqulu kişi yetim qızı dizlәrinin üstünә alar, oxşardı. Xırdaxanım ona təzə pal-paltar gәtirәr, geyindirib keçindirәr, övlad hәsrәtilә qızın uzun hörüklәrini açıb yuyardı. Qonşuları Vәliyulla kişinin düzәltdiyi dulusçuluq mәmulatından da nәzir adı ilә onlara pay gәtirәrdilәr. Onlar Dərgahqulu kişinin külfәti ilә lap birevli kimi olmuşdular. Bir il keçәndәn sonra Xırdaxanım xala balaca bir oğlan uşağı ilә gəldi vә Dәrgahqulu әmi ilә Şıx Kәblәli uşağın adını Bibiheybәtә hörmәt üçün Bibiqulu qoydular.

Bu münasibәtlә Xırdaxanım Bibixanımın qulağına bir cüt balaca, minalı qırxdüymә sırğa taxdı:

– Әmin sәninçün düzәldib, – deyә Dәrgahqulunu göstәrdi. – O gün olsun, gəlinlik sırğanı taxasan. Özü dә әmin kәssin sәnin üçün yaxşılarından.

Әrә gedәndәn, saraya düşәndәn sonra Bibixanım Dәrgahqulu әmini görmәmiş vә sifәtini, demәk olar ki, unutmuşdu. Amma sәsini eşidincә tanıdı:

– Xoş gördük, Dәrgahqulu әmi, Xırdaxanım xala necәdi?

– Xoş günün olsun, bala, әmini tanıdın?! Hamı necә, xalan da elә.

– Mәnә nә sözün vardı?

Kişi ona lap yaxınlaşmış, mәxfi surәtdә demişdi:

– Bilirsәn, bala, mәn bu qüllәnin qәnşәrindә dünәn gecәdәn bәri xeyli yığınaq görürәm. Düşmәn burada nәsә hazırlayır.

Qız qüllәyә qalxmış, Dәrgahqulu kişinin göstәrdiyi sәmtә baxmışdı. Orada neftә bulaşmış lopa, tәzәk vә kәrmәlәrin işığında, doğrudan da, düşmәn qazilәrinin nә ilәsә mәşğul olduğunu müşahidә etmişdi.

– Dәrgahqulu әmi, gözdә-qulaqda olun, görәk nәdi, – deyib tapşırmış vә bu gecә sübhәcәn düşünmüş, indi dә tәzәcә yeraltı yoldan çıxmışdı ki, yolüstü görsün, qalanın bu sәmtindә düşmәn neylәyir.

Qәfil İsmayılla qarşılaşanda gizli qapıdan aralandığı beş dәqiqә dә olmamışdı. Әvvәlcә düşmәn sәrkәrdәsinin qapının yerini görüb-görmәdiyindәn şübhәlәndi. Sonra yadına düşdü ki, sәrkәrdә bir az bundan әvvәl üzü Xәzәrә dayanıb düşüncәlәrә dalmışdı. Atın cilovunu yәhәrin qaşına keçirmişdi. Әynindә ağ zәr yaxalı al zәrbaftadan cübbә vardı. Qolçaqlarına xәz qoyulmuşdu. Başında on iki guşәli qırmızı papaq vardı. Cübbәnin altından zireh geyinmişdi. Sultanım xanım özü onu daha әvvәl görüb diksinmişdi. Bu yadına düşәndәn sonra Sultanım xanım arxayınlaşdı. Sәrkәrdәni diqqәtlә gözdәn keçirdi, onun şah özü olduğuna yәqinlik hasil etdi. Sualına cavab verdi:

– Mәn sizin bölüklәrdәn deyilәm.

– Bәs kimsәn?

– Düşmәn niyyәtlə gәlib xarabazara çevirmәk istәdiyin bu mәmlәkәtin әsgәrlәrindәn biriyәm. – O, başı ilә qalaya tәrәf işarә etdi.

– Bәs buralarda nə gәzirsәn? Axı qala mühasirәdәdir.

– Sәn nә üçün gәzirsәnsә, mәn dә onun üçün…

– Demәk, onda sәn Qazi bәysәn?!

– Elәdi ki, var.

– Bәs Qazi bәyin sarayda olmadığını deyirlәr?

– Çox söz deyә bilәrlər. Mәnə dә sәnin niqablı gәzdiyini deyiblәr.

İsmayılın yadına düşdü ki, üzü açıqdır, yadla söhbət edir, hәm dә bu yad adam onu tanımışdır.

– Sәn nә cürәtlә mәnim elçimi asdırmısan?! Mәgәr elçiyә zaval olmadığı Şirvanşahlar sarayında eşidilməmiş bir mәfhumdur?

– Qәzәbini yen! Elçi özünü elçi kimi aparsaydı, onunla elçi müamilәsi edilәrdi. Halbuki sәnin elçilərin harada, hansı mövqedә danışdıqlarını bilmәyәn adamlardır. İncə insanın elçisi dә özünә oxşar.

– Mәni kobudluqda tәqsirlәndirmә! Dünyadan nə müamilә görmüşәmsә, elә dә cavab vermәyә alışmışam. Mәn babamın, atamın Şirvan mәmlәkәtindә qәtl edildiklәrini və Fәrrux Yasar adlı bir yezid tәrәfindәn qәtl edildiklərini unutmamışam.

– Onlar Әrdәbildәn buraya nәyә gәlmişdilәr ki, burada da qәtl olunaydılar?

– Onlar bir olan Allahın peyğәmbәri, rəsuli-xudanın vəsisi Әliyyәl-Mürtәzanın amallarını yaymaq uğrunda şəhid olmuşlar. Mәnim dә yolum Әli yoludur. Әlinin Qәmbərinin Qәmbәriyәm.

– Әfv et! Qәmbәr bizlәrdә, bax, bu ayaqlarımız altındakı qara bülöv daşlarına deyәrlәr. Sәn ürәyi bәrklikdә qәmbәrsәn, ya nәdә?

Sultanım xanımın sözləri İsmayılın qәlbinә qılınc yarasından da acı bir yara vurdu. Әlini qılıncının qəbzәsinә atdı. Özünә, qüvvәsinә əmin olan cavanlara mәxsus bir ötkәmlik vә qızğınlıqla sәslәndi:

– Qalxanını başına çәk! Mәn sәninlә ərәbi dava edəcәyәm. Haqq olan Allah kimin tәrәfindәdirsә, bu günәş boylananacan o qalib gәlәcәk, – deyә qılıncı ilә Günәşin çıxacağı al-qızılı üfüqü göstәrdi.

– İgid, qalxanım yoxdu. Әrәbi davaya mən dә varam. Gəl, qardaşı qardaşa qırdırmayaq. Axı sәn də yaxşı bilirsən ki, bu dava iki düşmәn xalq arasında getmir. Qıran da, qırılan da bir elin, bir xalqın övladlarıdı. Qardaş qardaş qanı tökür. Şirvanda da, burda da. Müharibə apardığın hәr yerdә. İndisə qoy sən deyәn olsun, vuruşaq. Kim mәğlub olsa, qoşunu da tәslim olur. Qalib gәlәnә beyət edir. Görәk kimә verir Allah…

– Ya Allah…

– Ya Allah…

– Bu dünyada həmişə qaçan da Allah deyib, qovan da. Dilinә söz yoxdu, baxaq görәk qılınc vurmağın necədi?

– Elə mәn dә onu görmәk istәyirәm.

Onlar qılınca əl elәdilər. Üfüqün qızardığı yerdə bircә barmaq naziklikdә baş vermiş günəşin hәlә zәif, qırmızımtıl şüaları altında qılınclar şәfәq çaldı. Onlar hәvәslә, gәnclik atәşilә vuruşurdular,  hәlә qәzәbdən alışıb yanmır, elә bil sadәcә məşq aparırdılar.

Saleh xeyli aralıda qaya dalında daldalanıb onları seyr edir, çәtin anda kömәyә hazır vәziyyətdә dururdu.


Meydan dolanıb vuruşmaq üçün mövqe münasib deyildi.

Darısqallıq idi. Odur ki, tez bir zamanda onlar at üstündә qılınclaşmaqdan bir mәtlәb hasil olmayacağını anladılar.

– İgid, piyadalanmalıyıq.

– Piyadalanmalıyıq.

Hər ikisi sıçrayıb yәhәrdәn endi. Qılınc vuruşması yenidәn qızışdı. Elә bu zaman qüllәnin üstündәn bir ox vıyıldadı; çovudu, cuşa gəlmiş cavanların yanından ötüb daşa dәydi. Qala üstündәn sәslәr eşidildi:

– Oxlayaceyәm köpәk oğlu yağını…

– Ay sarsaq, birdən oxun ova dәymədi… Dönәndә Sultanım xanıma dəydi? Onda canuvu hara qoyaceysәn? Qәdeş canı, özüm sənin başını it qiblәsinə kәsәrәm onda.

– Bəs bu kişilikdəndi? Bizim gözümüz baxa-baxa… Onda qoy, örkәni atım, kәmsiglәyim onu.

– Onlar ərәbi dava elәyirlәr. İşin olmasın. Sultanım hər igidә can verən deyil.

Günəş bir az da boylanıb, möhkəm zirehә qütәvvər olmuş igidlərin qılıncını, zirehini al vә gümüşü şәfәqlərlә atəşlәndirirdi. Gah bunun, gah da onun üzü günəşə çevrilir, ilk şüalardan qamaşan gözlərini qıyırdılar. İndi günəş onların hər birinin birinci düşmәni, qatili ola bilər, xəyanətlə hansınınsa gözlәrinә sancılar, qamaşdırar vә düşmәn qılıncı kiminsә qәlbinә saplana bilərdi.

Döyüşün sürәti artdıqca bәdәnlәr ilan kimi qıvrılıb açılır, günәşdәn od tutub yanırdı. Qala üstündәkilәr sanki yalvarırdı: “Aman günәş, aman Xәzәr, parıldama Sultanım xanıma, sizdәn ziya alan gözlәrini qoruyun. Onun gözlәrinә sancılma, Günәş! Düşmәnә kam etmә onu”…

Gözlәrinә günәş ziyasımı sancılıb qamaşdırdı, sahil qumları ayağının altından çәkilib boşluqmu yaratdı, nәdәnsә İsmayıl büdrәdi vә sağ dizinin üstünә çökdü.

Sultanım xanım fürsәti fövtә vermәdi. Cәld qılıncını atdı, kiçik qızıl qәmәsini kәmәrindәn çәkib çıxardı. Bu qәmә, onun ilk hәrbi mәşqlәrini görәn qayınatası Şirvanşah Fәrrux Yasarın şahanә hәdiyyәsi idi.

Dağıstanda çılxa poladdan düzәlmiş tiyә, qızıl qәbzәyә nәsib olmuşdu. Sultanım xanım qәmәsini cavan oğlanın çәnәsinin altına dayadı. Birdәn onun gözlәri oğlanın gözlәrinә zillәnib durdu, döşlәrinin ucu gizildәdi. Bu gözlәrdә elә qəribә bir ifadә var idi ki, bunu yalnız tәbiәtin Ana yaratdığı qadın duya bilәrdi! İxtiyarsız olaraq qadın cәngavәrin qolu boşaldı, әzәlәlәri sustaldı. Yalnız ana gözü bu gözlәrdәki nakamlığı hiss etdi: “İlahi, bu ki lap uşaqdı! Bığ yeri heç tәrlәmәyib dә. O adlı sәrkәrdә budurmu? Bәlkə, sәhv elәmişәm. Yox, yox, sәhv nәdi, İsmayılın özüdü!”

Dizinin büküyünü açıb, oğlanın sinәsi üstündәn durdu, qәmәni geri çәkib belindәki kәmәrin ilgәyinә bәnd edilmiş qına qoydu. Artıq hәyatla vidalaşmış cavan oğlan özündə qәribә bir hal duydu: “Öldürmәdi, öldürmәyә hazır idi, yoxsa qorxduğumu duydu? Bu ölümdәn betәr olardı. Bәlkə, kimliyimi dürüst bilmir?”

Qala üstündәn “afәrin”, “maşallah” sәslәri ucaldı. Lakin birdәn mühasirәdә olanlar gördü ki, onların sәrkәrdәsi әlini mәğlub olmuş düşmәnә uzadıb qaldırdı, bir addım geri çәkilib nәsә dedi. Sultanım xanım deyirdi:

– Qalx, bir dә tutaşaq, igid! Bizim yerlәrdә birinci dәfә basanda kәsmirlәr.

İsmayıl qalxdı, dәli bir nәrә çәkib rәqibinә cumdu. Boşalmış әzәlәlәri lazımınca gәrilmәmiş Sultanım xanım elә ilk tәkandan sәntirlәdi vә dәbilqәsi başından düşdü. Başına sarınmış bir cüt hörük çözәlәnib zirehi qütəvvәr olan mütәnasib әndamının әtrafına töküldü. Heyrәtdәn cavan İsmayılın gözlәri alacalandı:

– Sübhənallah, bu ki, zәnәn imiş!

Qadın cәld әyilib dәbilqәsini başına keçirdi, pәrt halda atına sıçrayıb uzaqlaşdı. Heyrәtdәn donub dayanmış İsmayılı ağzı açıla qoyub getdi.

“Zәnәn imiş! Elә qalanın mühafizi haqqında nahaq danışmırlarmış. Dediklәri hәqiqәt imiş. Bu mәnә ölümdәn dә betәr oldu. Yaxşı, bəs o özünü nә üçün Qazi bәy adlandırırdı? Yox. O adlandırmadı! Mәn soruşdum, “Qazi bәysәnmi?” O da tәsdiq etdi. Görәsәn, o Fərrux Yasarın nәyidi? Qızı, ya gәlini?”

Bu düşüncәlәrlә dә gәnc İsmayıl rәqibinin kiminlә hansı sәmtdә qeyb olduğunun fәrqinә varmadan düşәrgәsinə tәrәf qayıtdı. Qala üstündә mazğallardan onların döyüşünü müşahidә edәn döyüşçü vә şәhәrlilәr dә heyrәt içindә idilәr.

– Sәni ölmiyәsәn, qәdәş canı, Canbaxış, lap xәncәli boğazına dayamışdı, görәsәn nöşün vurmadı?

– Allah bilәr bu arvad xeylağlarının işini. Onlarınkı nağıldı, vallah!

– Adә, Allahun olsun! Elә vuruşan igidә arvad deyәrlәr? Lap ərәbi davanın Allahıdı. – Canbaxışın sәsindә elә bir iftixar duyulurdu ki…

Kim bilir, bәlkә dә, “Şah İsmayıl vә Әrәbzәngi” haqqında dastanın bünәvrәsi elә hәmin gün, qala müşahidəlәri bu vuruşmanın tәfsilatını bir az da süslәndirәrәk başqalarına, evdә isә arvad-uşaqlarına nağıl edәn günü qoyuldu? Elә hәmin gün dastanın özülü yarandı?!

***


İsmayıl niqabını endirib düşәrgәyә, xeymәsinә qayıdanda artıq qazilәr sübh namazını qılıb qurtarmışdılar…

Kimisi hücuma hazırlaşır, kimisi gecә torpağı daşınmış lağımda qazıntı işlәri aparmaq üçün dәrin çalaya enir, bir parası qılıncını itilәyir, atını yemlәyirdi. Hamısı da işlәrini gördükcә Şeyx oğlu şahın bu misralarını ibadәt duası kimi söylәyirdi:

Yәqin bil, әbcәdü bürhan Әlidir,

Bәyanı-tohidü Quran Әlidir.

Bu biçarә Xәtainin pәnahı

Davasız dәrdlәrә dәrman Әlidir.

İsmayıl xeymәsinә keçib sübh yemәyinә әylәşdi. Cәld başının üstünü sәfiri Qulu bәyin ona Şamdan göndәrdiyi 7-8 yaşlı zәnci kölә kәsdirdi. Ağ gen şalvar, ağ köynәk geyinmişdi, başına üstü gülәbәtin cıqqalı iri әmmamә qoymuşdu. Әlindәki tovuz lәlәklәrindәn düzәlmiş yelpazә ilə hökmdarın üzünü yellәyir, xeymәlәr әtrafında kəsilәn qoyunların, malların qanına yığılmış milçәklәrdәn buraya uçub gәlәnlәrini qovurdu.

Şahın nәdimi özü yaşında cavan bir sәrkәrdә idi. Birlikdә nahara әylәşdilәr. Xidmәtçilәr çini aftafa-lәyәnlərdә әl suyu gәtirdi. Hәrәsi bir dәnә cücә qızartması yeyib durdu. İsmayılın sәhərki macәrasından bixәbәr olan nәdim hökmdarın nә üçün fikirli olduğunu bilmir, onu xəyallardan ayırıb әylәndirmәk yollarını düşünürdu. İsmayıl isә döyüşdә ona aman verәn qadının gözlәrində anasının baxışlarını duyur vә xәcalәt tәri onu basırdı: “Deyәsәn, o, mәni cavanlığıma bağışladı… Mən isә onun qadın olduğunu anladım. Necә dedi: “Sәn dә yaxşı bilirsən ki, bu dava iki düşmәn xalq arasında getmir. Qıran da, qırılan da bir elin, bir xalqın övladlarıdır”. Qadın ağlı! Gör, nә dedi! Mәn isә… Anlamadım! Kişiyә bax, şairә bax! Yox, mәn bütün hisslәrini keşmәkeşlәr, döyüşlәr kütlәşdirmiş kobud bir әsgәr olmağa başlayıram. Mən onu o mәnә aman vermәdәn duymalı idim”, – deyib öz-özünü danlayır vә hәlә bilmirdi ki, bir neçə il keçәcək, Çaldıran döyüşlәrindә onun özünün dә iki qadını – Taclı xanım, Bәhruzә xanım vә onlarla başqa qadın çarpışmalarda kişi libasında iştirak edәcәklәr. Taclı xanım vuruşa-vuruşa mәğlubiyyәtdәn xilas olub, qızılbaş qaziləri tәrəfindәn meydandan çıxarılacaq. Bәhruzə xanım isə Sultan Sәlimә əsir düşәcәk. Şah İsmayılın dәfәlәrlә elçi göndərib xahiş etmәsinә baxmayaraq Sultan Sәlim onun qəlbinә ağır tәhqir yarası vurmaq üçün Bәhruzәni aparıb İstanbulda saray müqәrrәbi şairlərdәn birinə әrә verәcək. İsmayıl, әlbəttә, hәlә bütün bunları bilmirdi. Bilә də bilmәzdi vә yemәyini yedikcә düşünür, nәdim isә mәzmununu bilmәdiyi bu düşüncәlәrdәn sıxılırdı. İsmayıl yerindən qalxıb çadırın qәnşәrinә çıxanda artıq hücum üçün hər şey hazır idi. Baş ruhani әllərini yuxarı qaldırıb duaya başladı:

– Xudaya xudavәnda, sәnin düşmәnlәrinlә, şeyx Cüneydin, şeyx Heydәr cәnnәtmәkanın qatili yezid Yasarın alçaq tərәfdarları ilә döyüşdә padşahımızın qılıncını kəsәrli elə. O düşmәnlәr ki sәnin qoyduğun yolla getmәyib, göndәrdiyin rәsulun xәlәflәrinә inanmayıblar, onların qatili olublar, qanları halaldır! Qoy, hökmdarın tökmәdiyi düşmәn qanı qalmasın! Tutmadığı qala, mәhv edib yerlә yeksan etmәdiyi qala qalmasın! Ucaları alçaltsın, alçaqları ucaltsın! Pәrvәrdigara! Bugünkü gündә hökmdara zəfәr nәsib eylә, qoy, düşmәn zәlil olsun! Sәnin buyurduğun yola gәlsin! Onlar qul tanası taxıb şahımıza qul olsunlar, xidmәtindә dursunlar! Ey dinin qazilәri, hamınız eşidin, Allah vә onun rәsulunun yolunda şahi-Mәrdan, Əliyyәl-Mürtәza nәvәsi – padşahımız yolunda qanınızı әsirgəmәyin! İgidlik rütbәsi, sәdaqәt rütbәsi qazanın! Müharibə, müharibә – ey qorxmaz, cәngavәr qazilәr! Qәlәbә, qәlәbә. Ey dəyanәtli, sәdaqәtli oğullar! Behişt, behişt, ey şәhidlәr! Cəhənnәm, cәhәnnәm, ey meydandan qaçanlar! Cihad, cihad dinimizin möhkәm әsasıdır. Qoy, bu gün Allaha inananlara iki müqәddәsdәn biri nәsib olsun: ya bu dünyada qәlәbə, zəfər, ya o dünyada əzabsız behişt! Sizә zәfәr yar olsun, övladlarım! Amin, ya rәbbül-alәmin!

Dua bitdi. Hamı “amin” deyәn kimi birdәn döyüşün başlandığını xәbәr verәn kәrәnay sәsi aləmi başına götürdü. İsmayıl kәrәnay sәdalarını ömründә ilk dәfә eşidirmiş təki diksindi. Aşıqlar taziyanәni saza vurub qoşunun qənşәrinә keçmiş, qanları cuşa gәtirәn canki çalmağa başlamışdılar. Şah, elә bil uzaq bir alәmdәn qayıtdı…

Qoşa qala qapısının qabağında, qәdim Bakının rәmzi olan öküz vә şir hәkk olunmuş tağlı darvazanın yan qüllәləri altında mühasirәçilәrin haylı-huylu hücumu başlandı. Qala müdafiәçilәri oxu leysan kimi yağdırır, bir nәfәrin dә qala divarına söykәnәn nәrdivanlarla qüllə üstünә qalxmasına imkan vermirdilәr. Yerləri olduqca münasib idi. Düşmәn onlardan aşağıda, açıq meydanda, sini üstünә sәpilmiş düyü kimi aydın görünürdü. Mazğallardan yağan oxların, demәk olar ki, heç biri boşa getmirdi. Yer altında aparılan lağım əmәliyyatından bixәbәr olan bakılılar qala üstündә şir kimi vuruşurdular.

Gәnc qızılbaşlar da Şeyx Heydər ibn Cüneyd Sufinin müridləri kimi cavan İsmayıla heyrәt, pәrәstişkarlıq dolu bir nəzәrlә baxırdılar. Bu baxışlarda bir ibadәt, mürşidә dәrin etimad, inam vә etiqaddan doğan heyranlıq var idi. Qəlblәri Xәtainin bir beytini ürәk çırpıntısına, nәbzә həmahәng bir döyüntü vә ixlasla söylәyirdi:

Ya Mәhəmmәd Mehdiyi-sahib-zaman, eylə zühur,

Nәslini qәt eylә müşriklәr ilәn kafirlәrin.

Onlar indi İsmayıla tapınırdılar: “Mehdi-sahib-әzzamanın zühurunu tәlәb edirsәn әşarında; amma vahidi-mütlәq pәrvәrdigar bizә ilham edir ki, bәlkə də, elә hәmin sahib-əzzaman sәn özünsәn”.

Doğrudan da, müridlәrin bəzisi onun simasında gәlәcәkdə zühuru vәd olunan 12-ci imamı – Mehdi-sahib-әzzamanı görürdülәr. Elә buna görә dә nәrdivanları divara söykәyib qalanın üstünә mәtin ürәklә qalxır, yağış kimi yağan oxlara əhәmiyyәt vermir, nәrdivanlardan yıxılır, yenә dә qalxıb hücuma keçirdilәr.

Qala üstünә ilk әvvәl tәk bircә Div Sultanın oğlu çıxa bildi. O, bölüyün әlәmdarı idi. Çıxdı, yaşıl әlәmi bürcün üstünә taxdı, möhkәmlәtdi vә zәfәr işarәsilә әlәmi yuxarı qaldıranda şәhәrin içәrisindәn atılan ox kürәyinә sancıldı. Üzü üstә qalanın bәri üzünә, nәrdivanın dibinә yuvarlandı.

Lağım əməliyyatı

Dәrgahqulu kişi axşam çağı evə gəldi, bir tikә çörәk yeyib yenidәn növbәdә olduğu qüllәyə qayıtmalı idi. Ürəyi səksәkәli gedirdi, çünki qüllәdәn xeyli aralı aparılan əmәliyyatdan nigaran idi. Düşmәn orada nә isә bir işlә mәşğul idi. Dәrgahqulu vә yoldaşları nә qәdәr çalışmışdılar, bir sudur anlaya bilmirdilər.

O, hәyәtə girәndә Bibiqulunu qapının ağzında, Xırdaxanımı da hәyәtdә intizarda gördü. İkisi dә kişini görәndә sevindilәr.

– Şükür Allaha, sağ-salamat gәlib çıxdın, kişi.

– Nәyin var, Gülәli qızı, tez ol, acından ürәyim axır, qayıdasıyam.

Xırdaxanım arvad әl-ayağa düşdü:

– Ürәyin axar dә-ә… Sәhər tezdәn gedәnsәn.

O, tez hәyәtdәki püstәnin altına palaz sәrdi, döşәkcə qoydu. Qurama süfrәni döşәyib, üstünә sirkә tökülmüş soğan, çörək, duz, istiot, kal vaxtında qurutduğu vә ovxaladığı xartut “sumağı” qoydu. Әlvan şirli kasalara küftə-bozbaş çәkib gәtirdi. Küftә-bozbaşa vurulmuş zәfәranın әtri kişinin burnuna dәyәndә yadına düşdü ki, Xırdaxanım bişirәn küftәnin әtri yeddi qonşunu yuxudan oyadar. İştahası daha da artdı. Bir anlıq düşmәni dә, sәngәri də, qüllənin qənşәrində aparılan işi dә unutdu. Süfrәnin başında әyləşdi vә hәvәslә çörәyi küftә-bozbaşın suyuna doğrayıb yemәyə başladı.

– Allah atova, anova rәhmәt elәsin, Gülәli qızı, әcәb küftә bişirmisәn. Ağzım әmәlli-başlı dada gәldi.

– Sәninkilәr də behiştlik olsun, kişi, işlәr necәdü orda?

– Necә olacaq, arvad? Davadı dә! Vuruşuruq özümüzçün. Görәk, Allah kәrimdi. Şirvanşah Fәrrux Yasar özünü çatdıranacan, deyәsәn, duruş gәtirib dayanacayıq.

Arvad fikirli-fikirli gah kişinin üzünә, gah da narahatlıqla balasına baxırdı. Bibiqulu böyüklәrin yanında, süfrә üstündә danışmağı lazım bilmәyib, xörәyini yeyir vә qulaq asırdı. Arvad intizarını gizlәyә bilmәdi:

– Bәs söz gәzir ki, Fәrrux Yasarı Şirvanda öldürüblәr. Oğlu da qalada yoxdu?

– Uzaq yerin sözünü bilmәk olmaz. Mәnim dә qulağım çalıb. Bilirsәn, bu gün kimi görmüşәm?

– Kimi?

– Şıx Kәblәli yadındadı? Onun nәvәsini. Bibixanımı.

– Sən Allah?! Rәhmәtlik kişinin nәvәsi şahzadә Qazi bәyә gedәndәn sonra üzünü görmәmişәm qızın.

– Mәn dә elә getmәmişdәn görәn idim. Qalanı özü qoruyur axı.

– Nә danışırsan, kişi?

– Vallah, sözümün sağıdı. Demişdim eyrәli sәnә axı! Yadından çıxıb? Kişi paltarında gәlmişdi bizim yanımıza. Qulağım çalmışdı ki, şahzadә şәhәrdә yoxdu, arvadı sәrkərdәlәrә başçılıq elәyir. Day bilmirdim, şahın arvadını deyirlәr, ya gәlinini. Amma görәn kimi tanıdım onu.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации