Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 3

Текст книги "Bakı-1501"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

– İndi kim kimi basır?

– Deyir, o Әrdəbil şәhәri var ha, orda bir padşah peyda olub, Şıx oğlu şahdı. Deyir, təzə din gətirib…

– Müsәlman deyillәr?

– Deyir, müsәlman olmağına müsəlmandı, amma bizim kimi müsәlmanları qırır.

Çiçək arvad sərnicini yerə qoyub qulaq kәsidi. Dinlәmәyә başladı. Mәhәmməd Bulud vә Әhmәd Güntәkinlə Gümüşbikә heyrәt içindә Ömәroğlunun sözlәrinә qulaq asır, baş çıxara bilmirdilәr.

– Hә, deyir, bunlar da müsәlmandı, amma başqa cüründəndir.

– Deyir, batman “Quran”a, on iki imama and içdirir. İman gətirdir.

– Batman “Quran”ı görmüşәm. On iki imam kimdi?

– Mәn dә sәnin kimi, nә bilim.

– Yaxşı, bәs bizim kimilәrnәn nә işi var? Hәrә öz dinində, öz yolunda qalsın dayna.

– Yox! Deyir, bu bizim tәrәflәrdә Şirvanşahın dədә-babasıynan onun dәdә-babasının qannılığı var. Qanın alır. Özü dә müsәlmanlığın ayrı cürünnәndi, bizi dә o dinә çәkmək istәyir. Dönmәyәni dә deyir, qılıncdan keçirir.

Çiçək qarı vә Gümüşbikә hәr ikisi birdәn sәslәndi:

– Allah, sәn saxla!

– Hə, balam, elә “Allah, sәn saxla”dan başqa çarәmiz yoxdu. Yaxşı, sənin bu xәbərlәrinin kökü düzdü, görәsәn, ya elə ağzın avara qoyanların qayırmasıdı?

– Nә danışırsan, qardaş? Elə bu xәbәrlәri düz-tamam bilməsәydim, ilin bu çağında bura gәlib at bağrı çatladardım? Dedim, mәn sәnә xәbәr elәyim, sәrvaxt olasan, hәm dә buralarda bir az nisyәm – alacağım var, onu yığım…

– Çox yaxşı elәmisən, xәbәr elәmisәn. Amma alacağın barәdә zәhmәt çәkmisәn. Öməroğlu, indi camaatda hax vermәyә güc hanı?

– Orası elədi, amma tanrı haqqı, biz dә siz gündәyik. Evlәrdәn qulağa kәfkir səsi gәlmir. Quraqlıq biz tәrәflәrin də amanını kәsib. Dedim, bəlkә, azdan-küçdәn bir şey әlimə düşdü.

– Heyvan, bәlkə də, oldu, amma dәn söz verә bilmәrəm…

– Bu qırğının, davanın içindә mәn heyvanı neynirәm, qardaş?

– Nә deyim, özün bil, alacaqlarına dәyәrsәn. Hәlә keç, çörәkdәn-zaddan bir şey ye! Ağa durub, ağacan durub.

Gümüşbikə yemәk tədarükü üçün evә keçdi. Ömәroğlunun sözündәn alınmış Çiçәk qarı satılını götürüb, öz-özünə danışa-danışa evinә tәrәf yollandı.

– A gözәgörünmәz tarı, elә bircә bu qalmışdı fağır-fuğaranın başına gəlmәmiş? Bu nə işdi düşdük, tarı? Bu dava salanı milçәk olsun, divara yapışsın, it olsun, öz qapısında hürsün. Biznәn nə işi?

Ömәroğlu çörәyini yeyib qurtarmamış dava xәbәri ayaq alıb kәndi gәzdi.

Bütün dünyası bircә öz qәbilәsindәn – kəndindәn ibarət olan Çiçәk qarı müharibә haqqında yalnız nağıllarda eşitmişdi. Cavanlığında bir neçə dәfә tәbәh davası görmüşdü. O zaman kәnddә iki cavan bir gözәl qızı sevib istәmiş, qız bunlardan birinә meyil etdiyi üçün cavanların arasına küdurət düşmüş, qohum-әqrәbaları ikiyә bölünmüş vә sapand davası başlamışdı. Hәr iki tәrәf sapandlara qoyduqları daşları bir-birinә tullamış vә xeyli yaralanan olmuşdu. Kənd ağsaqqalları araya düşüb, mәrәkәni yatırtmışdı. Bir dәfә dә hansı bir köçәri tayfa isә onların yerlәrinә gәlib çıxmış, otlaqları otartmış vә qәbilә əhli bütünlükdә köçәrilәri qovub öz yerlәrindәn çıxarmışdı. Onda da kişilәr çuxalarını qollarına dolayıb çomaqlarını işә salmışdılar. Yenә xeyli yaralanan, başı-gözü әzilәn olmuşdu. Amma ölәn olmamışdı. Çiçәk qarı ölümü yalnız xәstәlikdәn vә qocalıqdan bilәrdi. Ağlına da gәlmirdi ki, nağıllardakı kimi azğın bir hökmdar onunla işi-gücü olmayan adamları qarının anlamadığı namәlum sәbәblәrә görə qıra bilәr. Odur ki, Ömәroğlundan eşitdiyi xәbәrә hәm inanmış, dәhşәtə gәlmiş, hәm dә ürәyinin dәrin bir guşәsində bu xәbәrin, bәlkә dә, bir nağıl olduğuna şübhә oyanmışdı. Bununla belә, süd üçün getdiyi bütün qapılarda tәzә xәbәri söylәyib, hamının hәyəcanına sәbәb olmuşdu.

Hәr nә idisә, Mәhәmmәd Bulud ilә Ömәroğlu çörәklәrini yeyib qapıya çıxanda burada xeyli adam gördülәr. Hamı gözünü qәbilә ağsaqqalının ağzına dikib dayanmış, onun nə edәcәyini gözlәyirdi.

Mәhәmmәd Bulud kәndin başbilәnlәrindәn bir neçә kişini otağına dәvәt etdi, qalanlara hәlә ki bir tәhlükә olmadığını söylәyib, iş-güclәrinә getmәlәrini tapşırdı.

Camaat dağılışdı. Ağsaqqallar evә girib mәşvәrәtә başladılar. Kәnd Camaatı bu davanın da keçәnlәrdə gördüklәri çomaq vә sapand vuruşmalarından olacağını zәnn edib hazırlıq gördülәr, iri çomaqlar, qolçaq üçün çuxalar, böyük ayalı sapandlar hazırladılar, uşaqlara çoxlu daş yığdırdılar. Bununla da, hazırlıq bitdi. Hәrә öz adәti iş-gücünә daldı.

Mәhәmmәd Bulud qonağı yola salandan sonra qәlbindә anlaşılmaz bir tәşviş duyurdu. Odur ki, Ömәroğlunun dava gedәn sәmti göstәrdiyi yerә adam göndәrib, doğru xәbәr öyrәnmәk istәdi. Bunun üçün dә oğlu Әhmәd Güntəkindәn münasib adam bilmirdi. Sәhәri gün dan yeri qızaranda Güntәkinә lazımi göstәrişlәr verib, qәbilә torpaqlarının şәrqindә Ömәroğlunun dediyi yerlәrә göndәrdi. Güntәkin hәmin gün evә qayıtmadı. Ertәsi gün şam namazı qayıtdı. Atasını evin kәllәsinә çәkib gördüklәrini xәbәr verdi:

– Qoşun düzü-dünyanı tutub, dәdә! Hamısı da qılınclı, qalxanlı, oxlu, nizәli. Hәlә arabalarda bilә bilmәdiyim, görmәdiyim dava sursatı, mancanaqlar var idi. O qoşunla bizim vuruşmağımız çәtin olacaq, dәdә! Bizim çomaqla, sapandla heç bir gün dә onların qabağında duruş gәtirə bilmәrik.

– Bәs nә tәdbir görәk, bala?

– Bilmirәm, dәdә! Mәn bilәni әn yaxşısı bu yerlәrdәn baş götürüb getmәkdi.

– Hara? Camaatı necә inandırım? Әkinәcәklərini, biçәnәklәrini, mal-qaralarını hara töküb getsinlәr? Ev-eşiklәrindәn necә ayrılsınlar?

– Onu da bilmirәm, dәdә! Amma bir gün at çapışı boyu neçә kәnd gördüm, hamısı xaraba qalıb. Camaatı qırıblar. Әlә keçәnlәri dә әsir tutub aparıblar qul bazarında satmağa… El qan ağlayır, dәdә!

Kişi xeyli fikirlәşdi. Düşündü vә nәhayәt, dillәndi:

– Bilirsәn, bala, qoy, mәn ağsaqqallarla mәslәhәtlәşim. Deyirәm, qalxaq, bax, o Güngörmәz dağın döşündәki düz yerdә ala-babat qazmalar, komalar quraq, arvad-uşağı köçürәk ora. Özümüz dә silahlanıb düzdә әkin-biçinimizә, heyvanatımıza yiyәlik elәyәk. O yer ki mәn deyirәm, oraya bircә yol var. Onu da bir neçә adam qoruya bilәr. Ayrı nabәlәd adam ora çıxa bilmәz.

Bu sözlәrlә dә kişi düzәnliyin axırını, çayın hәr iki tәrәfdәn sıldırımlı dağlarla әhatә olunduğu sәmti göstәrdi. Doğrudan da, Güngörmәz dağı tәbii qala misallı yer idi.

– Bәs su? – deyә oğlan şübhә vә ümidlә soruşdu.

– Nә qәdәr ki düşmәn yaxınlaşmayıb, suyu qızlar-gәlinlәr kükümlә, sәnәklә düşüb çaydan gәtirәrlәr.

– Bәs birdәn mühasirә olunduq?

– Әlacı var. Güngörmәzin qüzeyindә qayaların bir yeri batıqdı, çaya ordan ensiz cığır çaparıq. Qiblәdәn düşmәn görmәz, dalı da çayın ensiz dәrәsidi, nә güman gәlәr, nә göz görәr. Cığırın ayaq hissәsini lağımla çaya birlәşdirərik.

Dədә-baba  bu haqda xeyli  düşünüb mәslәhәtlәşdilәr.

– Dәdә, onda cığırı vә lağımı elә indidәn hazırlamaq lazımdı.

–Hә, köç başlanan kimi.

Sübh namazı qılınmamış qәbilәnin kömәyi haqqında söhbәt hamıya mәlum oldu. Heç kim bir söz deyә, etiraz edә bilmәdi. Çünki evini – alaçığını qalaya bәnzәr qaya üstünә qaldıran birinci elә Mәhәmmәd Bulud özü oldu. O, tәcili surәtdә gәnc qәbilәdaşlarını ikiyә böldü: birinci dәstә Әhmәd Güntәkinin başçılığı ilә Buludun nişan verdiyi yerdә yarğan-cığır qazmağa, ikinci dәstә Güntәkinin dostu, igid Ayazın rәhbәrliyi ilә tәzә kәnd yerindә tәlәsik alaçıqlar, daxmalar qurmağa başladı.

Әli dәyәnәk tutan Buludun yanına cumdu, “bizә münasib qulluq ver, buyur”, – dedi. Amma dava söhbәtinә inanmayan әn çox arvadlar idi. Onlar yurd-yuvalarından heç yana getmәk istәmirdilәr. Bulud kişi qadınları sakitlәşdirmәk vә yola gәtirmәk üçün dedi:

– Mәnim әziz bacılarım vә analarım, “Әr qarağat kolunun dibindә otursa, arvad da gәrәk gedib onun yanındakı yovşan kolunun dibindә әylәşә”, – deyib dәdәlәr. İndi biz hәlәlik oranı mәslәhәt bilirik. Düşmәn ötәr, ütü keçәr, balalarımız salamat qalar, yad ellәrә әsir getmәz. Sizin, ana-bacılarımızın, qızlarımızın, gәlinlәrimizin namusu ayaqlar tapdağı olmaz. Әhmәd özü görüb, bizim o qoşuna gücümüz çatmaz. Güngörmәzdә gözdәn iraq olluq. O atası rәhmәtlik Ömәroğlu bizi vaxtında ayıldıb. Söz verirәm ki, ütü keçәn kimi öz әlimnәn sizi köhnә yurdumuza qaytarım. A dәli qarılar, ömür billah quş deyilik ki, qaya üstündә oturaq!

O, bu sözlәrlә dә arvadları yola gәtirdi. Odur ki, indi arvadlar vә uşaqlar ev әşyasını dallarına çatıb yuxarı qaldırır, tikintidәn azad olan kişilәr dә mal-qaraya gözәtçilik edirdi. Çobanlarda tәkbir xәncәr, bir dә haradansa Buludun tapıb verdiyi qılınc var idi.

Çiçәk arvad üzünü göylәrә tutub duanı nifrinә qatırdı.

– Xıdır Nәbi, Xıdır İlyas, bәndәni bәndәdәn xilas!

Keflәr duru olmasa da, ona sataşan tapılırdı:

– Ay arvad, onu hamilә zәnәn doğanda deyәrlәr.

– Başıma xeyir, elә bu bәndәsindәn can qurtarsaq, tәzәdәn dünyaya gәllik!

İkindi vaxtı camaat namazını hәmin qaya üstündәki әl boyda yerdә qıldı. Düzәnlikdәn baxanda nә qazma, nә dә alaçıqlar görünürdü. Qәbilәnin әski, indicә sahiblәri tәrәfindәn tәrk edilmiş evləri isә qәribә bir sükuta dalmışdı. Elә bil adamlar yatmış, ya da harasa qonaq getmişlәr. Bir az sonra qayıdacaqlar, soyumamış ocaqlar tüstülәnәcәk, boş qalmış axurlara mal-qara bağlanacaq, kәndin içi hay-küylә dolacaqdı. Amma bu, zahirdә belә idi. Sanki evlәrin hamısına qәsdli-qәrәzli bir oğru gәlmiş, otaqları silib-süpürüb aparmışdı.

***

… Qazıların ön dәstәsi kәndә çatanda burada çox qәribə bir hal gördülәr. Boş evlәr ölüsüz tabut, açıq mәzar tәki ağızlarını açıb baxır, qara bir kaha kimi nәzәrә gәlirdi. Zağalarda bir qotur keçi dә yox idi. Hinlәrdә bir axsaq cücә dә qalmamışdı… Qazıları heyrәt götürdü. Kәndә davanın әli dәymәmişdisә dә, nәfәsi toxunmuşdu. Qazılar boş evlәrdә yerlәşib, әsas qüvvәlәrin gәlib yetişmәsini gözlәdilәr. Onlar burada birlәşәcәkdilәr. Bir neçә gün qoşuna dinclik verәndәn sonra Şirvanşahların yaz-yay iqamәtgahı olan Fit dağına yollanacaqdılar. Qarşı dağları keçmәk üçün istirahәt zәruri idi. Yol bundan o yana da Günәşli çayın dәrәsi boyunca gedirdi ki, bu da qoşunu özü ilә su ehtiyatı daşımaq zәhmәtindәn xilas edirdi.

Qazılar ilk әvvәl Günәşli çayda çimib, sonra da yemәk-içmәk hazırlamağa başladılar. Axşam düşsə də, әtrafda hәlә dә kәnd әhlindәn kimsә görünmürdü.

Dərvişlər


Xәzәrim, ümidim, ümmanım mәnim!

Elә bu vaxtlarda dünyanın başqa bir sәmtindә bizim Sultanım xanımı, Aytәkini vә şeyx oğlu şah olacaq balaca İsmayılı tanımayan, onlarla heç bir әlaqәsi olmayan bir tacir ailәsindә, demәk olar ki, onlarla yaşıd әkiz oğlan uşağı böyüyürdü. Әsillәri neçә illәr əvvәl hürufilәr pərәn-pәrәn düşәndə Şirvanşahlığı tәrk edib Koniyada yurd salmış bir dәstә azәrbaycanlı tacirlәrdәn birinә mәnsub idi. Hacı Bәşirin türk qızı Lәmandan doğulan әkiztay oğulları ayağı düşәrgәli olmuşdu. Kişinin ticarәtdә әli gәtirmiş, ummadığı yerdәn xeyli qazanc yiyәsi olmuşdu. Oğlanlar gözündә birә-beş böyüdüyündәn onlardan dayәni, mollanı әsirgәmәmiş, savad yiyәsi olmalarına, sağlam böyümәlәrinә çalışmış, bir ata kimi әlindәn gәlәni dә, gәlmәyәni dә elәmişdi. Amma illәr keçdikcә Hacı Bәşir qәribә şәkildә uşaqlardan pisikmişdi.

Әkiz taylardan İsrafil әvvәlcә qatı dindarlığı ilә seçilmiş, şәhәr qazısının müridinә çevrilmiş, cavan olmasına baxmayaraq qazının on inanılmış bazar әmәlәcatından biri olmuşdu. Atasının sәnәtinә, yәni ticarәtә heç meyil göstәrmәmişdi. Әksinә, qazının sağ әli kimi bazarda tacirlәrin qənimi kәsilmiş, әn natәmiz bir güdükçü olmuşdu. Tacirlәr, baqqal, әllaf, әttar kimi mötәbәr şәxslәr, elәcә dә dostu sarbanlar, bәzirganlar yanında atasının dilini gödәk elәmişdi.

Әkizlәrin ikincisi – İbrahim belә deyildi. O, İsrafil kimi zahirdә atasına, batindә qәddar bir cәllada bәnzәmirdi. Uca boyu, zәrif әndamı, işıqlı siması ilә İbrahim daha çox anası Lәman xanımı xatırladırdı. Hәrәkәtlәri aram, danışığı tәmkinli idi. Әlәvi, Bəktaşi dәrvişlәrinә qoşulduğundan o da atasını xeyli mәyus etmişdi. Bir dәfә kişi onunla ciddi danışdı:

– Oğul, o bitli-sirkәli, tәkcә bığ-saqqalını deyil, qaşlarını, kirpiklәrini belә qırxan dәrvişlәrdә nә görmüsәn?

İbrahim qızardı, qızğınlıqla etiraz etdi:

– Heç nә, dәdә, mən onların zahirini yox, әrkanını qәbul edirəm. Mәn dünyamızı görmәk istәyirәm. Bilmәk istәyirәm, görüm, dünyada daha necә insanlar, hansı dillәr, nә cür adәtlәr var.

Hacı Bәşir sәsini ucaltdı:

– Әzizim, sәn tacir kimi dә dünyanı gәzә bilәrsәn, istәdiyin yerlәri, insanları görә bilәrsәn. Halal-minallah ticarәt işlәrimi al әlinә. Mәn daha qocalmışam. Qoşul karvanlara, sәn gәtir, mәn ötürüm. Ata-bala әl-әlә verәk, hәm mal-qaramızı artıraq, həm də sәnin arzun әməlә gәlsin.

İbrahim xәfifcә gülümsәdi:

– Bağışla, dәdә, mәnim dünya malında gözüm yox-du. Onu artırmaq da xәyalımdan keçmir.

Bu yerdә bayaqdan diqqәtlә atasını vә әkiz tayını dinlәyәn İsrafil sözә qarışdı. Qaba gülüşlә güldü:

– Yaxşı… Bәs yemәk istәmәzsәn? Geymәk istәmәzsәn? Ev-eşik, arvad-uşaq istәmәzsәn? – Sonra sәsini yalnız qardaşı eşidә bilәcәk qәdər alçaldıb әlavә soruşdu: – Bәs Nәsrini nәynәn dolandıracaqsan? Әyninә tuman almalısan, ya yox? Onu da dәdәn alacaq?

İbrahim qәzәbindәn titrәdi. Xısıntıyla, “sәnә qalmayıb” – pıçıldadı, iradәsini toplayıb ucadan tәmkinlә dedi:

– Dәdә, sәn mәndәn incimә. Sәn bu işlәrini böyük qardaşımız Hәmdullaya tapşır. Mәnim bu dünya ilә heç bir әlaqәm yoxdu vә olmayacaq da! Mәnim yatağım yaradanımın xәlq elәdiyi çöllәr, yemәyim xaliqimin bәxş etdiyi ot-әlәf olacaq. Halal ticarәt qardaşlarımın boyuna biçilib. Mәn xaliqimә bir an daha tez qovuşmaq eşqilә yanıram. Mәgәr sәn bunu duymursan, dәdә? Sәn dünyagörmüş, әqidәsi üçün tәrki-vәtәn olmuş cahandidәsәn… Mәn isә… Sәnә ağ olmadan rica edirәm, halal elә әmәyini. Yol atamın yolunu tutub getmәyimә mane olma…

Yan otaqda ata ilә oğulların söhbәtini dinlәyәn Lәman xanım ağlayırdı. O bilmirdi ki, bu sözlәrdә hәqiqәt var. İbrahim onun sağ döşünü әmәndә İsrafil solu әmmişdi. Bәs neyçün әkiz qardaşlar adәtә rәğmәn nә zahirdә, nә dә batindә bir-birinә zәrrәcә bәnzәmirdi? İsrafil körpәlikdən nә qәdәr sәrt idisә, İbrahim ana qoynundan bir o qәdәr hәlim, mehriban çıxmışdı. Anasının nağıllarını, ninnilәrini, tapmacalarını bir layla kimi mәftunluqla dinlәyirdi. Әvvәllәr dili dolaşa-dolaşa, sonralar yuxusunda belә şeir deyәrdi. Bu şeirlәr ananın ona oxuduğu Yunis İmrә qoşmalarına çox bәnzәrdi. Sonralar İbrahim böyüyüb, anadan gizlədә bilmәsә dә, hamıdan gizlәtmәyә çalışaraq şeir qoşmağa başlayanda şeirinin mәzmunu da, hәdәfi dә dәyişdi. İndi bir şeyx oğlu Xәtainin, görәsәn, kimdi, nәçiydi, adı vә nәfәsi dilindәn düşmür. Lәman xanım bir ana gözü vә qәlbilә çocuğun qonşu qız Nәsrinә münasibәtini dә görüb duymuşdu. Lakin son vaxtlar, deyәsәn, Nәsrin qız da unudulmuşdu. İbrahimin qәlbindә bircә şeyx oğlu Xәtainin adı vә әqidәsi qalmışdı. Lәman xanım görürdü ki, oğlunu itirir. Oğlu gündәn-günә onlardan uzaqlaşır. İstәyirdi ki, içәri keçsin, әri Hacı Bәşirin ayaqlarına döşәnsin, onları göz yaşları ilә yusun, yalvarsın, desin: “Ay Hacı, sәnә qurban olum, axı sәn atasan, öz ata hökmündәn istifadә elә! Әmr elә, qoyma İbrahim әlimdәn getsin. O, sәnin ata hökmündәn çıxmaz, çıxmağa cürәt elәmәz”.

Lakin Lәman xanım bilmirdi ki, İbrahim indi yalnız vә yalnız dәrvişlik alәmindә yaşayır, әrәnlәr әrәni özü ona yol atası olmaq xәyalındadır. Ona Xәtai әqidәsini tәlim edir. Onu öz düşündüyü böyük bir gәlәcәyә hazırlayır vә bu gәlәcәyә hәm özü, hәm dә cavan İbrahim sidqürәklә qapanırlar. Ermiş әrәnlәrin hökmü işlәyәn ürәyә Hacı Bәşirin hökmü işlәyә bilmәz. Qadir deyil!

***

Әziz oxucu, bu böyük mübarizә meydanında sәn Bibixanım Sultanım, Aytәkin, İbrahim vә o vaxtlar şeyx oğlu şah kimi tanınan Şah İsmayıl Xәtayi ilә görüşürsәn. Bu görüşdə Bibixanım Sultanım, Aytәkin vә İbrahim hәrәsi öz anlayışınca şiәlik tәriqәtinin başçısı, on dörd ildә on dörd əyalәt fәth etmiş sәrkәrdә, hökmdar vә әn incә mәhәbbәt qәzәllәri qoşmuş, “Dәhnamә” müәllifi şair Xәtayini dәrk etmәyә çalışmışdır.

***

Xәzәrim, ümmanım, qәdәrim mәnim! Oğullarının, qızlarının taleyi sәnin taleyindir. Ürәk döyüntülәrini әks etdirәn lәpәlәrin titrәmәsin! Bu qәdәr tale tariximin bircə pillәsidir. O biri pillәlәrdә nә keşmәkeşlәr baş verdiyini sәn özün yaxşı bilirsәn. Arxam ol, ürәk verәnim ol, övladlarının çәkdiyi әzabları bircә-bircә gәnc nәslә söylәrkәn dayağım ol, nәğmәlәrin pıçıltılarım, sözlәrim olsun. Kükrәyәn, şahә qalxan dalğaların gücündәn, qüdrәtindәn mәnә bәxş eylә, Xәzәrim, gözәlim mәnim!

Quzğun

Ağuçqun dağının boz köynәyini qara bir qaya deşib göyә baş almışdı. Qayanın әn çılpaq, dik tınağında bir quzğun oturmuşdu. Üzәrindә әylәşdiyi qaya kimi, elә bil o da daşdan yonulmuş heykәl idi. Bircә kәrә dә başını çevirmədən ətrafını iti gözlәri ilә seyr edir, әlvan muncuq düzümünə bənzәyәn qoşun sәflәrini nәzәrdәn keçirirdi. Bu dağlar qədәr ömür sürmüşdü. Qoca quzğun әsgәr düşәrgәsini iyindən tanıyırdı. Qoşunu qarabaqara izlәyirdi. Bilirdi ki, harda belә insan yığnağı olsa, az sonra orada tәzә qan tökülәcək, çoxlu leş olacaq: tәzәcә laxtalanmış ətirli, ilıq qan… Həvәsindәn qoca quzğunun nәfәsi tıxanırdı. Az qala qanad çalıb uçmaq, bu lәzzәt anını yaxınlaşdırmaq istәyirdi. Amma təcrübәsindәn bilirdi ki, tәlәsmәk əbәsdir. Gәrәk bellәrdәki o qılınclar şimşәk kimi çaxa, zәrblә qalxanlara dәyә, kürәklәrdәn asılmış o әlvan sadaqlardakı oxlar havada uçuşa. Bax, әsl lәzzәtli qan onda axır. Az qalırsan, adam yerә yıxılmamış üstünü alasan…

Qoşun yeriyir, quzğun izlәyirdi. İllәrin müdriklәşdirdiyi qoca qartalın başında yeni-yeni hisslәr doğurdu. Bir az sonra bu mәxluqat onun yemi olacaq. Qәribәdir. O, belәlәrini iyindәn tanıyır. O qәdәr belә covğalar-qovğalar görüb ki! Vә… İnsanlar yalnız quzğunlara yem olmağa hazırlaşanda bir yerә belә çox yığışırlar. Hәm dә onları qartallara yem olmağa başqası mәcbur elәmir. Qartallar özlәri dә onları ovlayıb yemir. İlan deyillәr, çayan deyillәr ki, göyün yeddi qatından yerә çırpıb didәlәr. Bunu insanlar özlәri edirlәr. Özlәri! Anlamır niyә? Odur, bax, ondan aşağıda göz-beyin hәvәsli qarğalar da hәrlәnir… Güdürlәr… Dadlı göz-beyin! Mәxluqatın әşrәfi insan budurmu? Budurmu şüuru ilә quşlardan qat-qat yüksәkdә duran insan? Bәs beyin adlandırılan, insana әn çox verilәn o ağ, yumşaq, o dadlı maddә nә üçün indi onlara hökm edib, əcәldәn – qılınc vә dimdiklәrdәn qoruya bilmir?

Ey İnsan, bax, qaya başına bax! Әcәl quzğun timsalında başın üzәrindә dayanıb. O, sәnin hәlә tökülmәmiş qanının iyini duyur. Nәfәsini dә gizlәyib… Elә o aşağıda uçan, beyinә hәris qarğalar da onun kimi…

Cavan bir qazi qoca quzğunu çoxdan görmüşdü. Bir neçә gün idi ki, bu quş onları izlәyirdi. İndi irәlilәdikcә gәncә elә gәlirdi ki, quzğunun hәrәkәtsiz gözlәri mәhz ona dikilib, onu qaralayıb. Bu görmәdiyi, lakin duyduğu baxışlar onun gәnc qәlbini yaxıb-yandırırdı. Elә bil ürәyinә nә isә dammışdı. Sağ әlini sol çiyninin üstünә aparıb sadaqdan bir ox çıxardı, kamanın çillәsinә qoydu, yayı çәkdi, quzğunu nişan alıb atdı. Lakin ox kamandan çıxa-çıxda quzğun havalanıb qalxdı vә harada isә qara qayanın arxasında gözdən itdi. Cavan qazi ilә yanaşı irәlilәyәn qızılbaş güldü:

– Qanadı olmasaydı, dәymişdi. O, sәnin, mәnim işim deyil, bala, çox bic quzğundu. Kim bilir, dünyada üzü nә üzlәr görüb, nә qәdәr yaşı var. Oxu, hayıf elәmә.

Cavan qazi qәlbindә quzğunun da, yoldaşının da qarasına deyindi. Quzğunu vura bilmәdiyindәn yaman pәrt idi.

Qoşun irәlilәyir, qızılbaş qazilәri irәlidә, ağ at üstündә üzü niqablı gedәn mürşidlәrinin şeirini oxuyurdular.

Bu kün ğəm tәkyәgahında fәda bir canımız vardır,

Könül abdali-eşq olmuş gәlәn qurbanımız vardır.

Әzәl birdir, axır birdir, zahir birdir, batin birdir.

Çu bildik, birligə irdik, şükür, ürfanımız vardır.

Səfiullah, Xәlilullah, Әsәdullah demiş billah,

Bihәmdillah ki, bunlardan qәdim әrkanımız vardır.

Nәzmin ritmi qazilәrin hәrәkәtinә hәmahәng idi. Elә bil könüllәrdә görünmәyәn bir hәrb tәbil çalınır, bir cәng gərәnayı sәslənir, müridlәri mürşid yolunda, cavan şeyx oğlu şahın yolunda, din-əqidә yolunda, dünyada hәqiqәti bәrpa etmәk, sünni-yezid hesab etdiklәri Şirvanşahlardan şiə və şәhid Şeyx Heydәrin qanını almaq uğrunda qurban getməyә sәslәyirdi. Hicazi dəvәlәr hökküldәyir, әrәb atları kişnəşir, yeddi boyun öküz qoşulmuş yük vә azuqә arabaları cırıldayırdı…

Qoşun irәlilәyirdi…

***

Qaya üstünә köçdüklәrinin üçüncü günü idi. Hәlә dünәnəcən әtrafda yad adam görünmәmişdi. Odur ki, ilk qorxu, hәyәcan keçmişdi. Adamlar ehtiyatı unutmuşdular. Qızlar, gəlinlәr küyümlәrini çiyinlәrinә alıb Günәşli çaya suya gedir, hәlә bir zәhmətә qatlaşıb qayanın başına su çıxarmalı olduqlarından deyinirdilәr dә!

Üçüncü gün sәhәr Aytәkin tezdәn oyandı. İşli-güclü qız idi. Anası Gümüşbikәdәn tez durur, hәyәt-bacanı süpürür, mal-heyvanı farağatlayırdı. İndi hәyәt olmadığından, malları da qardaşı Güntәkin el malı ilә harayasa uzaqlara çəkib apardığından ayrı görmәli iş yox idi. Atası da görünmürdü. Harasa getmişdi. Odur ki, onun öhdәsindә tәkcә su qalmışdı. Küyümü götürüb cığırla çaya yollandı. Yol xeyli uzun idi. Qız dağ keçisi kimi qayadan-qayaya, daşdan-daşa atılaraq, düşәrgәdәn Günәşli çaya tәrәf endi. İri, qara daşların arasında cır әncir, qızılgül kolları, tәkә saqqalı, şüyütgәn yemliklәri boy vermişdi. Qız arabir ayılır, bu yemliklәrdәn qoparıb ağzına atır, bәzisinin nazik gövdәciklәrindә görünәn südә bәnzәr maye ilә yanağına, çәnәsinә “xal” qoyurdu.

O, Günәşli çaya çatanda günәş üfüqdәn təzәcә boylanmışdı. Qız sahilә yetişdi, çayın dumduru suyundan həvəsə gәldi, әllәrini, üzünü yudu. Sahildәki iri bir daşın üstündә oturub ayaqlarını suya saldı, uşaq vaxtlarında olduğu kimi bir az nazlı, bir az şıltaq hәrәkәtlә zәrif ayaqları ilә suyu çalxaladı. Öz hәrәkәtinә özü dә gülümsәdi. Qalxıb küyümünü doldurmaq istәdi. Birdәn qıza elә gәldi ki, kim isә ona baxır. Hәnirti duymasa da, gözünü baxış duyduğu tәrəfә çevirdi vә yerindәcә donub qaldı.

On qәdәm ondan aralıda tanımadığı bir oğlan dayanmışdı. İndiyәcәn görmәdiyi әlvan qızılbaş qazisi paltarında idi. Görünür, zәngin ailәnin oğlu idi. Ayağında abi-mәxmәrdәn şalvar, qatlama burunlu uzunboğaz süvari çәkmәsi, әynindә qızılı baftalı mavi çuxa, ağ yaxalıqlı atlas köynәk vardı. Belinә vurduğu gümüş kәmәr vә gümüş xәncәr əlvan daşlar vә qara mina ilә bәzәdilmişdi. Yedәyindəki atın yәhәr-әsbabı da gümüş işlәmәli qayışlardan idi. Yәhәrin üstünә xalça salınmış, әlvan qotazlar xüsusi zövqlә bәzәdilmişdi.

Görünür, o da bu yerdә gözlәnilmәdәn qıza rast gәldiyindәn tәәccüblәnib heyranlıqla baxırdı. Qızın zәrif, çılpaq ayaqlarını, әllәrini, qu gәrdәnini, gәrdәninin hәr iki yanından sallanmış ağır hörüklәrini, mavi sulardan şәfәq alıb, günәşin ilk şüalarından qızarmış yanaqlarını ac әsgәr gözlәri ilә seyr edirdi.

Aytәkinin ürәyi uçundu. Sıçrayıb yerindәn qalxdıqda daş ayağının altında dingildәdi. Qız sәntirlәdi, әl-qol atıb suya yıxılmamağa çalışdı. Bu hal gәnc süvarini güldürdü. Qız küyümünü dә qoyub qaçmağa başladı. Hәyәcan içindә idi. Qorxudan az qala ödü partlayacaqdı. Arxadan çağıran gəncin sәsini eşidir, sözlәrin mәnasını dәrk edә bilmirdi:

– Dayan, ay qız, sәninlә işim yoxdu, qorxma. A-a-a…

İndi Aytәkin bircә şey düşünürdü: necә qaçsın, hansı sәmtdә daldalansın ki, düşmәn süvarisi onun getdiyi sәmti görüb yolu bәlәdlәyә bilmәsin. Qayaların dalına çatdı, arxasınca ayaq sәslәri gәlmәdiyini görüncә dayandı. Әn hündür bir daşın dalında daldalandı. Qorxudan üzüyuxarı qaçdığından ürәyi çırpınır, sanki köksü qәfәsindәn çıxmaq istәyirdi. Qız durdu, daşın dalından boylandı. Süvari atını suladı, yәhәrә sıçrayıb uzaqlaşdı, yalnız bundan sonra Aytәkin tәqib edilmәdiyinә әmin oldu vә pәnah apardığı daşın altında әylәşdi. Azacıq yorğunluğunu alıb qalxdı, küyümün dalınca qayıtmağa ürәk elәmәdi. Yalnız özünә vә qəbilə daşlarına mәlum olan cığırla düşәrgәyә qayıtdı. Tәkcә bir piyadanın keçә bilәcәyi bu cığırda atası Mәhəmmәd Bulud dayanmışdı. Görünür, kimi isә gözlәyirdi. Qızını görüncә heyrәtlәndi:

– Hardan gәlirsәn, Aytәkin?

– Çaydan, dәdә.

Qızın әlindә sәnәk, küyüm görmәyәn ata soruşdu.

– Çayda nә qayırırdın, qızım?

– Suya getmişdim.

– Bәs suyun hanı?

– Dәdә, güyüm çayda qaldı…

Bulud yalnız indi qızının rәng-rufunu müşahidә etdi. Bayaqdan tövşümәyini dikdir çıxdığına yozmuşdu. İndi kişi dә narahat oldu.

– Sәnә nә olub, Aytәkin? Rәngin niyә qaçıb, bala?

Qız atasına qısılıb hönkürdü:

– Çay qırağında yad adam gördüm, dәdә! Atlı idi, silahlı idi.

– O da sәni gördu?

– Gördü dәdә, amma bir şey demәdi. Qorxub qaçdım. O da atını minib uzaqlaşdı, getdi.

– Sənin hara, hansı tәrәfә getmәyini görmәdi ki?

– Yox, qaçıb yekә bir daşın dalında gizlәndim. Görünür, hara yox olmağımı başa düşmәdi.

– Yaxşı, qızım, qayıt evә! Güntәkinә de ki, naharını elәyibsә, yanıma gәlsin.

Sonra da qızının alnını sığalladı, çәnәsindәn yapışıb düz gözlәrinin içinә baxdı. O, süvaridәn qızına bir sәdәmә toxunub-toxunmadığını, yalnız atalara mәxsus bir qorxu-qәzәb hissilә bilmәk istəyirdi. Yox, bu gözlәrdә tәhqir olunmuş bәkarәt izi görmәdi, yalnız qorxu vardı bu baxışlarda. Atanın ürәyi bir az sakitlәşdi. Qız bayaqkı düşmәn cavanı düşünüb qardaşı üçün әsim-әsim әsdi:

– Dәdә, Güntәkingil mallarımızı harda daldalayıb?

– Qanlı qışlaqda… Qorxma, oranın yolunu fәlәk dә tapa bilmәz.

– Qardaşım gәlib, bә malların yanında kim qalıb?

– Çiçәk arvadın oğluynan Sәmәndәr dayın.

Qız bir anlıq Qanlı qışlaq sözündәn dә qorxdu:

– Bәs oraya niyә Qanlı qışlaq deyirlәr, dәdә?

– Sonra danışaram, qızım, ayrı ecgahan vaxtda. Uzundu. Bircә bunu bil ki, bir vaxt bizim ulu babalarımızdan birinin qızı qәbilәnin yerini düşmәnә göstәribmiş. Demə, qız düşmәn qәbilәnin oğluna bәnd olubmuş, ona inanıbmış. Atasının hökmüylә qızı hәmin qışlaqda öz qardaşı qanına qәltan elәyib. Ona görә adı da Qanlı qışlaq qalıb. İndi vaxtı deyil, qoy, ayrı ecgahan vaxta qalsın qalanı.

Kişinin qısa hekayәti bir az әvvәlki düşüncәlәri ilə bağlı idi. Amma yenә dә ata qәlbi şübhәlәrә qalib gəldi, ürәyi balası üçün uçundu. Qızına ürәk-dirәk vermәyә başladı:

– Qorxma, inşallah bu ütüdәn salamat qurtaracayıq. Anana de ki, kәndin qız-gәlinlәri bir dә bu yolnan suya getmәsinlәr. Hamınız Güntәkingilin qazıdığı o yarğandan keçәcәksiniz. Bir az ağır olacaq, amma neylәmək olar? Ürәyini möhkәm elә, mәnim ağıllı balam! Zamana elә olub ki, gәrək siz qızlar da ər ürәkli igidlər kimi düşmәnin gözünün içinә baxa bilәsiz. Bir qaşıq qanınızdan qorxmayasınız. Təkcә namusunuzu düşünәsiz. Get, bala, Güntәkinә de ki, yanıma gәlsin.

Qız hıçqırığını kәsib, gözlәrini kәlağayısının ucu ilә silmiş, atasının çiyninә söykәnib dayanmışdı. Diqqәtlə onun sözlәrini dinlәyirdi. Hər biri dә bir sırğa olub qulağından asılır, qәlbinin dәrinliklәrinә işlәyirdi.

– Bura, dәdә?

– Yox, Urfulla әmingilә. Mәn onların komasının yanında olacam.

Aytәkin nisbәtәn sakitlәşmişdi. Getmәk istәdikdә atası onu saxladı:

– Düşmәn gördüyünü anana demә, ürəyi qısılar.

– Baş üstә, dәdә.

Qız dar cığırla üzüyuxarı düşәrgәyә qalxdı. Tәlәsirdi. Yüyürәppә gedirdi. Evә çatınca qardaşı Güntәkini nahar edib qurtarmış vә naxıra getmәk üçün hazırlaşan gördü.

– Dәdәm sәni çağırır, Güntәkin. Deyirdi ki, Urfulla əmigilin komasının yanına gәlsin, tez olsun.

– Yaxşı.

İgid qapıdan aralandı. Aytәkin dә atasının tapşırıqlarını qızlara vә anasına çatdırmaq üçün yollandı.

***

Gәnc süvari bir gün irәli qartala ox atan qazi Rәhim bəy idi. Cavan olsa da, orduda xeyli hörmәti vardı. Gənc idi, gözәl idi, tәmiz әxlaqlı idi. Vә Şeyx oğlunun әn yaxın, sədaqәtli müridlәrindәn idi. İbadәtindә möhkәm, hәm də Bayram bәy Qaramanlı kimi bir şәxsin bacısı oğlu şahın xәlvәti dairәsinә yaxın, zәngin bir ailәyә mәnsub idi. Dəliqanlı dayısı Bayram bәyin himayәsindә yaxşı hәrbi hazırlıq görmüşdü. Bayram bәy hәmişә tәəssüflәnirdi ki, әgər Rәhim bәy qılınc oynatmağa verdiyi fikrin bircә parçası qәdәr elmә, oxuyub-yazmağa hәvәslәnsәydi, gәlәcәkdә şaha yaxın әn möhtәrәm saray adamlarından biri ola bilәrdi. İndi onun gәlәcәyi yalnız qılıncla, hәrbi şücaәtlә bağlı idi.

Böyük bir sәrkәrdә olacağı gözlәnirdi. “Xas igid dayısına çәkәr”, – deyib dәdәlәr. O da Bayram bәy Qaramanlıya çәkmişdi.

Rәhim bәy çay kәnarındakı әsrarәngiz gözәl qızdan ayrılıb atına sıçradı, düşәrgәyә yollandı. Düşәrgә qәbilәnin tәrk etdiyi kәndin әtrafında salınmışdı. Hökmdarın, әmirlәrin, sәrkәrdәlәrin çadırları, xeymәlәri dә burada, qarşıdakı yamacda qurulmuşdu. Oğlan irәlilәdikcә әtrafına baxınır, bir nәfәr dә insan görünmәyәn bu dәrәdә rastına çıxmış o qızı bir xәyal zәnn edirdi: “Bәlkә dә, yuxulamışam, mürgülәmişәm, yuxuda görmüşәm”, – deyә düşündü. Onun bahar yuxuları indi belә gözәl xәyallarla dolu idi. Yuxuda tez-tez uçardı, quş kimi qanad çalardı. Bәzәn dә döyüşlәr görәr, qalalar fәth edәr vә axırında mütlәq gözәl bir qızı әsir alardı. Bu әsir qızın hil-mixәk әtirli nәfәsini dodaqlarında hiss edәr, onu tәr basar vә qan-tәr içindә yuxudan ayılardı. Bәlkә, bu qız da o yuxulardan biri, daha әsrarәngizi idi? Amma yox…

Qız canlı-qanlı bir insan idi. Zәrif ayaqları ilә uşaqcasına çayın büllur sularını çalxalandırır, suyu şappıldadırdı. Rәhim bәyi görәnәcən o necә dә bәxtiyar idi… Görәnәcәn! Amma görәn kimi necə dә qorxdu… Ley görmüş cücә kimi büzüşdü. Qaçdı… Hara? Kim idi? Bәlkә dә, amilin – bәlәdçinin “govurlar” adlandırdığı onlar gәlmәmişdәn yurd-yuvalarını tәrk edib qaçmış bu kәnd sakinlәrindәn idi? Hәr halda çay qırağında adam göründüyünü dayısına bildirmәli idi, bәlkә, gәrәk oldu. Amma desә dә, o gözәl qıza zaval toxunmasını istәmirdi.

Qәribә, uşaqcasına gülmәli, heyrәtamiz gözәl qıza zaval toxunsaydı, Rәhimә elә gәlirdi ki, buna dözmәz. O, ürkәk ceyranın baxışlarında qorxu, hәyәcan görmәk istәmirdi.

Rәhim bәy düşәrgәyә çatdı. Dayısı Bayram bәy çadırın önündә dayanıb amil – bәlәdçi ilә söhbәt edirdi.

– Sabahın xeyir, dayı!

– Aqibәtin xeyir, Rәhim bәy. Hardan belә sәhәr-sәhәr?

– Bir az çay qırağında gәzmәk istәdim.

Bayram bәy atından düşüb cilovu qula verәn Rәhim bәyin boy-buxununu fәrәhlә gözdәn keçirdi: eynilә özününkünә bәnzәyәn bir şiş ucları yuxarı burulmuş bığlarına, günәşdәn yansa da, cavanlıq lәtafәtilə parlayan, nazik xәtt gәlmiş üzünә, qәlәmi qaşlar altında yanan zil qara gözlәrinә baxdı: “Xas igid dayısına, xanım qız xalasına çәkәr” mәsәlini xatırladı. Oğlan, dayısının adәtincә, bu sığallı bığların ucunu tez-tez burub dimdik qalmasına xüsusi fikir verirdi. Tәkcә simaca deyil, xasiyyәtcә dә dayısına çәkmişdi. Bayram bәy onu öz gәncliyi, oğlu kimi sevirdi.

– Sәhәr gәzintisinin xeyri çoxdu, oğul! – dedi.

Rәhim bәy dayısına yaxınlaşdı.

– Dayı, çay qırağında adam gördüm.

O, “qız gördüm” – demәdi. Bayram bәy dә, amil – bәlәdçi də, elә bil bu xәbәrin intizarında idilәr. Hәr ikisi diqqәtlә gәncә baxdı. Bayram bәy soruşdu:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации