Электронная библиотека » Чингиз Айтматов » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:00


Автор книги: Чингиз Айтматов


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

OĞULLA GÖRÜŞ

Qoca Çordon evə nədənsə qəribə əhvali-ruhiyyədə gəldi. Ya onu nəsə üzür və qəmə qərq edirdi, ya da əksinə, onu nəsə bərk narahat eləyirdi – arvadı dərhal başa düşdü: ona nəsə olub. Ərinin dilxorluğunun səbəbini öyrənəndən sonra isə lap təəccübləndi, heç bilmədi nə etsin. Çordonun ağlına qəribə bir şey gəlmişdi; ağıllı başla düşünəndə bunu qoca səfehliyinə, cəfəngiyata – nəyə desən yozmaq olardı, ancaq heç cür ağıllı bir adamın hərəkətinə bənzəmirdi.

Qocanın oğlu iyirmi il bundan əvvəl müharibədə həlak olmuşdu. Müharibəyə gedəndə o, yeniyetmə bir oğlan idi, oğlunun görkəmini indi Çordonun özündən başqa heç kim xatırlamırdı. Elə Çordonun özü də uzun illərdir ki, bir yerdə yaşamalarına baxmayaraq, ailədə bu haqda, demək olar, heç vaxt söhbət açmamışdı. İndi isə qəflətən qərara gəlmişdi ki, oğlunun müharibəyə gedənə qədər müəllim işlədiyi yerə getsin:

– Mənə həmişə elə gəlib ki, o sağdır və indi də ordadır. Nəsə məni ora çəkir, mən onu görmək istəyirəm…

Arvadı qorxmuş halda ona baxdı. Əvvəl istədi gülsün: “Sənin başın xarab olub, nədir, dəli olmamısan ki?..” Ancaq vaxtında özünü saxladı. Bütün bunlara rəğmən qoca bu sözləri o qədər arxayın və əminliklə deyirdi ki, gözləri o qədər inamla baxırdı ki, arvadı onun ağlının başında olduğunu, söylədiklərində tamamilə ciddi, qərarında israrlı olduğunu başa düşdü. Arvadı hiss etdi ki, arzuları nə qədər əlçatmaz olsa da, sifəti mis rənginə çalan, ağsaqqallı, qırışlarla örtülmüş mehriban gözlü, dizləri üstə qoyulmuş əlləri iki böyük, yorğun balığa bənzəyən bu adamın sözünü uşaq kimi kəsmək günah olardı.

Arvadının ona yazığı gəldi və o bu fikrin cəfəngiyat olmadığına özünü inandırmağa çalışdı:

– Bəs niyə ora əvvəllər getmirdin? – ehtiyatla soruşdu.

– Bilmirəm! – o, dərindən ah çəkərək cavab verdi. – Nəsə məni indi ora çəkir. Gərək sağ ikən ora gedim, ürəyim belə deyir. Sabah sübh çağı yola düşəcəm.

– Bax da, özün bilərsən.

Arvadı fikirləşirdi ki, qoca fikrindən daşınacaq. Doğrudan da, o, ora niyə gedirdi, indi uzaq, yad bir aulda kimi tapa bilərdi ki? Ancaq arvadının gözlədiyi kimi olmadı. Çordon heç fikrindən daşınmaq istəmirdi.

Yamaca söykənmiş kənd artıq çoxdan yuxuya getmişdi, bütün pəncərələrin işıqları sönmüşdü, yalnız Çordonun evində işıq yanırdı. Qoca özünə yer tapa bilmirdi. Gecə dəfələrlə oyandı, geyindi, həyətə çıxdı və hər dəfə də atların axuruna bir yığın yonca atdı. Özü də elə-beləsindən yox, ən yaxşısından – yarpaqlısından, birinci yığımdan. İndi o, qış üçün tədarük etdiyi, səliqə ilə yığılmış ot tayasını dağıtmaqdan da çəkinmirdi. Başqa vaxt olsaydı, o heç cür buna imkan verməzdi, qışa qədər ot tayasına əl vurmağa icazə verməz, inəyi də, atı da örüşə, məhsulu yığılmış bostanlara, biçilmiş tarlalara aparardı. İndi isə heç nəyi əsirgəmirdi, yol üçün xurcuna yulaf da tökmüşdü.

Bütün gecəni beləcə vurnuxdu, heç arvadı da yatmadı. O, kişinin əl-ayağına dolaşmamaq üçün özünü yuxuluğa vururdu, ancaq hər dəfə qoca həyətə çıxanda dərindən ah çəkirdi. Onu fikrindən daşındırmaq mənasız idi. Arvadı ona indi də deyə bilərdi: “Bir fikirləş, hara gedirsən? Niyə? Sən lap uşaq kimi hərəkət edirsən, camaat sənə gülər axı!” Ancaq o susurdu. Qorxurdu ki, qoca ona deyə bilər: “Əgər sən onun doğma anası olsaydın, məni fikrimdən daşındırmazdın”. O bu sözləri eşitmək istəmirdi. Axı o heç onun oğlunu görməmişdi, heç bilmirdi o necə bir adamdır.

Çordonun arvadı on il bundan qabaq rəhmətə getmişdi, bu onun ikinci arvadı idi. Onsuz da qadın özünü narahat hiss edirdi. Çordonun iki qızı ailə qurub şəhərdə yaşayırdı ancaq heç vaxt onların yanına gəlmirdilər, əlaqələrinin olmamasında özünü günahkar hesab edirdi. Ancaq Çordon hərdənbir şəhərə gedəndə onlara baş çəkərdi. Onlar haqqında Çordon arvadına heç nə danışmazdı, o da çalışardı bu haqda suallar verməsin. Bu cür hallarda ögey analar yaxalarını bir az qırağa çəksələr yaxşıdır – belə daha rahat ötüşmək olar. Elə buna görə də qocanın bu qeyri-adi fikrinə müdaxilə etmək istəmədi. Xeyli götür-qoydan sonra qərara gəldi: “Bu da belə dərdlidir, qoy getsin, bəlkə, dərdi dağıla, ürəyi toxtaya. Belədə onun üçün bir az asan olar”.

Çordon sübh tezdən oyandı. Gedib atını yəhərlədi, sonra qayıdıb təzə çəpkənini geyindi, divardan qamçısını götürdü və qaranlıqda arvadının yatağına əyilərək pıçıldadı:

– Nasipkan, mən gedirəm. Sən nigaran olma, sabah gecə də olsa qayıdacam. Eşidirsən? Sən niyə susursan, hə? Başa düş, axı o mənim oğlumdur. Baxmayaraq ki hər şeyi bilirəm, ancaq ora məni özünə çəkir. Ürəyim ağrıyır, başa düş....

Arvadı sakitcə yataqdan qalxdı, sanki qaranlıqda görürmüş kimi:

– Bu nədir başına qoymusan? – deyə qocanı danladı. – Sən bir bunun papağına bax. Qırx dənə yamağı var. Odun gətirməyə getmirsən ki, qonaq gedirsən.

Baş tərəfdə sandığın qapağını taparaq onu qaldırdı və ordan quzu dərisindən tikilmiş papağı çıxarıb ərinə verdi.

– Ala, qoy başına, köhnə papaqla getməyin yaxşı deyil.

Çordon papağını dəyişib çıxışa doğru yönəldi.

– Dayan, – arvadı onu saxladı, – pəncərənin qabağında düyünçə var, götür qoy xurcuna. Axşama qədər yolda acarsan.

Çordon arvadına “çox sağ ol” demək istədi, ancaq susdu, arvada təşəkkür etməyə adət eləməmişdi.

Kənd hələ yuxudaydı. Çordon atını minib həyətlərlə küçəni keçdi, boş yerə itləri oyatmamaq üçün çəpəri dönərək dağlara gedən yola çıxdı…

Dünən günorta elə bu yolla, köhnə ikitəkərli araba qoşulmuş elə bu kəhər atla odun qırmaqdan qayıdırdı. Qışa yanacaq ehtiyatı görmək lazım idi.

O, Kiçik dərənin bəri başından qurumuş yabanı kollar qırdı, arabaya yüklədi və yəhərə qalxıb ayağını üzəngiyə basdı, tələsmədən, mürgü vura-vura yola düzəldi. Təkərlər, həmişəki kimi, çuxurdan-çuxura adladıqca taqqıldayır, araba cırıldayırdı, hava sakit və isti idi.

Payızın elə vaxtları olur ki, havalar günü-gündən soyumalı olduğu halda, bu ərəfədə sanki günəş vida şəfəqlərini yayırmış kimi daha parlaq və təmiz olur. Dağın döşündən aşağılara doğru bir mənzərə açılırdı: kəndlərin tünd rəngdə bağları, evlərin ağ divarları, saralmış, vaxtı ötmüş tütün plantasiyaları, traktorlar, payız şumu, hündürlükdə uçan gümüşü rəngli təyyarə və gömgöy üfüqdə şəhərin üzərində donmuş bulud örtüyü; bütün bu aləmin üzərindən sürətlə tünd, sakit bir quş dalğası uçurdu.

Çordon bilirdi: bunlar qaranquşlar idi. O hələ səhər tezdən oduna gedərkən qaranquşlar dəstə ilə teleqraf tellərinin üstünə qonmuşdular. Dümağ sinələri, elə bil usta əli ilə yonulmuş başları, parıltılı haça quyruqları ilə sanki bir-birinin eyni idilər; uzun sıralara düzülüb tərpənmədən qarşı-qarşıya oturmuşdular; hərdən cikkiltiylə pıçıldaşır, sanki hansısa bir məqamı gözləyirdilər ki, yerlərindən uçub yola düşsünlər. Qaranquşların bu bayramsayağı yığıncağında öz ciddiliyi və nöqsansızlığı ilə onu cəzb edən bir gözəllik var idi. “Bunlar sənin üçün sərçələr deyil”, – Çordon qürurla düşündü.

Elə indi, onun gözlərinin önündəcə qaranquşlar havaya qalxdılar. Onlar yayı keçirdikləri yerlərin üzərində bir vida dairəsi cızdılar: qaranquşlar havada sakitcə süzərək günəşin qarşısında üzərinə şəfəqlər süzülən böyük, qara, parıltılı bir dəstə əmələ gətirdilər.

Çordon xeyli müddət bu mənzərəni seyr etdi. Budur, onlar payızı yetişmiş, sovulmuş bir bağın üzərində axırıncı dəfə gen bir dairə yaratdılar, diksinib qarışdılar, yenə sıralandılar və tez də geniş səhralara tərəf üz tutdular.

Dəstə kiçilə-kiçilə düzənlikdə uzaqdan gələn mahnı sədası kimi mavi səmada əriyib itdi və nəhayət, qara bir nöqtəyə çevrildi. Qaranquşlar yad ölkələrə uçub getdilər. Halbuki elə bu səhər tezdən onları yaxından görmək, onlara baxıb zövq almaq, onların cəh-cəhlərinə qulaq asmaq olurdı. Hansısa anlaşılmaz, şirin bir kədərin sərxoşluq dalğası onun qəlbinə doldu, gözləri yaşardı; qoca artıq heç nə görmürdü, ancaq o, səmaya baxmağa davam edir və nəsə ona əziz və doğma olan, bir də tapılmayacaq bir itki haqda düşünüb ah çəkirdi. Cavan olsaydı, bir vida mahnısı oxuyardı.

Yaxınlıqda eşidilən at ayaqlarının tappıltısı Çordonu öz xəyallarından ayırdı. Kimsə yorğa bir atın üstündə təpəni qalxırdı. Çordon onu görən kimi tanımadı. Bu, qonşu kənddən olan qoca Saparalı idi. Onlar bir-birini çox az tanıyırdılar. Hərdənbir xeyirdə-şərdə rastlaşır, salamlaşırdılar və bununla onların ünsiyyəti bitirdi. Saparalı, yəqin ki, harasa qonaq gedirdi. Onun əynində velvetdən təzə kürk, ayağında dəridən tikilmiş təzə uzunburun qaloş, başında tülkü dərisindən xovlu araqçın, əlində isə sapı qırmızı quşarmudu ağacından olan qamçı var idi.

– Ay dəmirçi, nə fikrə getmisən? – Saparalı atın yüyənini çəkib qılıqlı bir səslə ucadan onu hayladı.

Hə, Çordon, doğrudan da, nə vaxtsa dəmirçi olmuşdu.

– Qaranquşlar uçub gedirlər, – Çordon kefsiz halda dilləndi.

– Nə? Qaranquşlar? Haradadı onlar?

– Uçub getdilər.

– Qoy getsinlər. Odun aparırsan?

– Hə, qışa tədarük eləyirəm. Bəs sənin yolun harayadı?

Hələ saqqalına dən düşməmiş, qırmızısifət Saparalının üzündə təbəssüm göründü:

– Oğlumgilə gedirəm. Odur e… Böyük dağların arxasında, Aksayda sovxoz direktoru işləyir, – Saparalı qamçısını yelləyib həmin istiqaməti göstərdi.

– Eşitmişəm Aksay haqqında, eşitmişəm, – Çordon başını tərpətdi.

– Hə, ora gedirəm. Oğlum ismarıc göndərib ki, gəlsin bir-iki gün qalsın. Baxmayaraq ki özü direktordu, yenə də biz qocalarsız keçinə bilmir. Nəvəm evlənir. Gərək adət-ənənə ilə toya hazırlaşaq, qonaqlar çox olacaq, istəyirəm cıdırçıların yarışını təşkil edim.

Saparalı oğlu işləyən sovxozun işlərindən, keyfiyyətli yun qırxımına görə çobanların yüksək mükafat almasından danışdı: xalq öz direktorundan razıdı və ortalıqda belə bir xeyir xəbər də dolaşır ki, oğlunu təltif edəcəklər.

Bunun hamısı yaxşı idi. Ancaq indi Çordon başqa şey haqda düşünürdü: o, qəflətən çoxdan ürəyinin dərinliyində basdırılmış, ancaq həmişə canlı olan dərdinin əks-sədasını eşitmişdi. Bu kədər qaranquşlar uçarkən bir daha böyük ağrı ilə ürəyində baş qaldırmışdı. İndi isə yeni bir qüvvə ilə onun sinəsini yandıran alova dönmüşdü. Bəli, bu, oğul həsrəti idi, çoxdan dünyadan köçmüş oğlunun həsrəti… Axı onun da oğlu nə vaxtsa orada işləmişdi – Aksayın yaxınlığında. Bir zamanlar o da atasını dəvət edərdi ki, onun yanına gəlsin. Deyəcəyi sözün fərqinə varmadan Çordon da sanki sayıqlayırmış kimi Saparalının sözünü kəsib dedi:

– Məni də oğlum çağırıb.

– Sənin də oğlun ordadır?

– Hə! – Çordon vahimə içində pıçıldadı.

– Mənsə bilmirdim, – Saparalı çiyinlərini sadəlövhlüklə çəkdi. – Belədirsə, lap yaxşı. Harada olurlar olsunlar, təki Allah canlarını sağ eləsin. Salamat qal! – Saparalı bunu deyib atını tərpətdi.

Çordon yalnız Saparalı aralanandan sonra özünə gəldi. Sükutun dibsiz cingiltisi onu ildırım kimi vurdu: “Mən nə dedim? Yalan, yalan! Axı nə üçün?…”

Çordon yola çıxdı və Saparalının arxasınca cumdu.

– Dayan, dayan, Saparalı! – Çordon qışqırdı və onun arxasınca qaçdı ki, yalanına görə üzr istəsin, doğrusunu danışsın.

Saparalı atın başını geri çevirdi:

– Sənə nə oldu? – o, həyəcanlı halda dedi.

Çordon təngnəfəs özünü ona çatdırdı, istədi hər şeyi olduğu kimi danışsın, ancaq yenə hansısa bir qüvvə onu bu qərarından daşındırdı, oğlunu sağ-salamat təsəvvür etmək hissi onu tərk etmədi… Söylədiyi kəlmələrdə və təsəvvüründə oğlunun sağ-salamat olması ona düzünü danışmağa imkan vermədi. Oğlunu elə buradaca yenidən dəfn etmək istəmədi. Cəsarəti çatıb deyə bilmədi ki, oğlu artıq yoxdur: o, müharibədə həlak olub. Çordon istəyirdi ki, oğlu bir az da yaşasın, heç olmasa, bir neçə dəqiqəliyə. Sonra deyər, qaçaqaç deyil ki…

– Səndə burunotu66
  Burunotu (nasıbay, qunka) – Orta Asiya ölkələrində papiros kimi çəkilməyən, narkotik maddə kimi iylənilən tütün növü. 2008-ci ildən Türkmənistanda, 2011-ci ildən isə Qazaxıstanda istifadəsi qadağan olunaraq psixotrop maddələrin siyahısına salınıb. Digər Asiya ölkələrində (Çin, Hindistan, Nepal da daxil olmaqla) köşklərdə, günəbaxan tumları və siqaretlə yanaşı piştaxtalarda sərbəst satışa qoyulur.


[Закрыть]
yoxdur ki?.. Çəkməsəm, ölərəm. Varındısa ver! – Çordon xahiş etdi.

– Allah saxlamış, əməlli-başlı qorxutdun məni!

Saparalı dərindən nəfəs aldı və burunotu götürmək üçün əlini cibinə atdı.

– Aç ovcunu. Mən də bu zəhrimara qalmış tütünü bilirəm, – o, şüşə qabdan onun ovcuna bir topa burunotu tökdü. – Bu nədir, əllərin əsir ki, deyəsən, qocalmısan?

– Hə, müharibə vaxtı o qədər çəkic vurmuşam ki, qocalıq özünü göstərir. Bağışla ki, səni yolundan elədim.

– Heç nə olmaz… Mən getdim.

– Yaxşı yol! – Çordon dedi.

İndi Saparalını yolundan saxlamaq yaxşı deyildi. Çordon haradasa buna sevindi də. Saparalı getdi, oğlunun ölümündən danışmaq lazım olmadı. O çıxıb gedəndən sonra Çordon fikirli halda bir qədər yolda dayandı, sonra ovcunu açıb burunotunu yerə tökdü və arabasına tərəf getdi.

O, başını aşağı salıb yavaş-yavaş gedirdi: “Bu nə iş idi mən tutdum, ağlım azıb, deyəsən!” – öz-özünə deyindi. Sonra yolun ortasında dayandı, fikirli-fikirli ətrafa baxdı. Gözlərini ucsuz-bucaqsız səmada səhraların üstü ilə uçan quşların dəstəsinə dikdi və pıçıldadı: “Yox, mənim oğlum var, o sağdır!” Sonra dərdli-dərdli, var gücü ilə, xırıltılı bir səslə qışqırdı: “Mənim oğlum var, o sağdır, mən onun yanına gedəcəm, mən onu görəcəm!” Sonra yenə sakitləşdi.

Kəndə gedən yolda Çordon özünü əmin edirdi ki, narahatlığa əsas yoxdur, olan-olub, keçən-keçib, ancaq içində həmin aula getmək istəyi bir az da alovlandı. Belə də olmalı idi. O bu yanğına səbəb olacaq qoru illər boyu ürəyində gəzdirmişdi. O bu barədə tez-tez fikirləşirdi, arzulayırdı ki, oğlunun axırıncı dəfə gəzdiyi yerlərə baş çəksin, müharibəyə getməmişdən əvvəl onun ayaq basdığı yolları ziyarət etsin. Saparalı ilə görüş bunun üçün bir qığılcım idi. İndi Çordonun təsəvvüründə oğlunu sağ-salamat görmək istəyi gerçəkləşir, fantaziyası reallaşırdı. O təsəvvür edirdi ki, oğlunun yaşadığı kəndə gəlib: onlar söhbət edirlər, nə haqdasa danışırlar. Oğlu atasını görcək çox sevinəcək və ona yaxınlaşacaqdı: “Nə yaxşı ki, gəldin, ata!”

“Mənim əziz balam. Sən elə əvvəlki kimisən, ancaq mən, gördüyün kimi, qocalmışam”.

“Yox, ata, sən elə də qocalmamısan. Sadəcə, zaman çox keçib. Niyə gəlmirdin? Nə qədər vaxt keçib: iyirmi il, bəlkə də, çox. Yoxsa mənim üçün darıxmamısan?“

“Necə yəni darıxmamışam?! Həyatım boyu həsrətini çəkmişəm. Bağışla ki, səni bu qədər gözlətdim, heç cür yır-yığış eləyə bilmirdim. Özün bilirsən, anan rəhmətə getdi, onu dəfn etdik. Sən müharibədə həlak olandan sonra elə çökdü ki, heç cür özünə gələ bilmədi. Budur, indi sənin xatirəni anmağa gəlmişəm. Gəldim ki, sənin yanında olmuş insanların qarşısında baş əyim. Bu torpağa, bu dağlara, udduğun havaya, içdiyin suya baş əyim. Budur, görüşdük, mənim balam. Nə baxırsan, bu qədər danışmaqdansa, apar göstər mənə bir zaman haqqında danışdığın aulu, dərs dediyin məktəbi”.

Çordon nə qədər yaddaşını qurdalasa da, Sultanının yaşadığı evin sahibi olan ovçunun adını xatırlaya bilmədi. Bircə onu bilirdi ki, o, yaxşı adam olub, oğlu onu çox istəyirdi, indi onun, yəqin, yetmişə yaxın yaşı olardı. Görəsən, indi sağdır, yoxsa yox? O, tez-tez xəbər yollayardı ki, Çordon onlara qonaq gəlsin və qartalla ova çıxsınlar. Görəsən, həmin qartal dururmu, axı onlar çox yaşayırlar.

Ovçunun bir oğlu da var idi. Birinci sinifdə oxuyanda Sultan ona dərs deyirdi, ikinci sinfə keçəndə isə artıq müharibə başlamışdı. Yəqin, oğlan artıq ailəlidir. Ovçunun arvadı çox mehriban qadın idi. Ancaq həm kolxozda, həm də ev təsərrüfatında çalışmaq onun üçün çox çətin idi. O, Sultandan xahiş etmişdi ki, onların iki ov itini atasıgilə aparsın, hər gün itlərə bir tava yal bişirmək onun üçün çətin idi. Sultan arvadın dediyi kimi də etmişdi: sarı xallı ağ iti yedəyinə alıb ora gətirmişdi. Necə də gözəl it idi! Yalnız orada, böyük qarlı dağlarda belə cəld, quş kimi səkən qəşəng ov itləri ola bilərdi. Elə dağ keçilərini tələyə salan da bu itlərdi. Ancaq Sultan səhəri gün iti geri qaytarmışdı. “Sahibinin xətrinə dəyə bilər, – deyə düşünmüşdü. – Yaxşısı budur, yalı bişirməkdə qadına kömək edərəm”. Bu xariqüladə ov iti velosipedin arxasınca qaçmışdı. İtdən ayrıldığına Çordon təəssüf etsə də, bilirdi ki, ovçu üçün it nə deməkdir, o isə dəmirçi idi, bütün günü bu işlə məşğul idi. Görəsən, bu nəhəng itlər yenə tülküləri qovurlarmı?

Bu haqda fikirləşə-fikirləşə Çordon özündə bir əminlik tapdı. Hə, gərək o bu insanın yanına getsin. Əgər ölübsə, məzarını ziyarət etsin, sağdırsa, əllərini sıxsın ki, oğlunun qayğısını çəkib.

Ancaq bir şey haqda Çordon fikirləşməyi belə özünə qadağan etmişdi. Elə ki o fikir onun beyninə gəlirdi, onu hansısa bir gündəlik qayğı ilə ört-basdır etməyə çalışırdı: məsələn, bu il kartofun, samanın qiyməti qışda necə olacaq, qoyunu nə vaxt kəsmək lazımdır, buzovu saxlasın, yoxsa satsın?..

O cəhd edirdi ki, həmin məsələ haqda düşünməsin, ona görə ki bu haqda çox götür-qoy etmişdi. Bu fikir yuxusuz gecələrdə çox düşünülmüşdü, dəmirçixanada çəkiclə o qədər döyülüb, kürədə əriyib, suda möhkəmlənmişdi ki… Düşündükləri haqda qərarı çoxdan vermişdi: Allah özü bilər, düz hərəkət etmişdi, yoxsa yox… Əgər o dünyada oğlu ilə görüşmək ona qismət olsa, oğluna hər şeyi başa salacaq, hər şeyi olduğu kimi ona danışacaqdı. Ancaq üzr istəməyəcəkdi, yox… Hətta onda – şəhərdə yaşayan qızları ona dəhşətli sözlər deyəndə də Çordon peşman olmamışdı. O susmuşdu…

Qızlar isə baş vermiş o dəhşətli hadisəni atalarına bağışlaya bilmirdilər. Bu hadisə Sultanın müharibəyə yola salınan vaxtı olmuşdu – şəhər vağzalında.

1941-ci ilin oktyabrında kimsə Çordonun dəmirçixanasına gəldi ki, tez ol evə get, oğlun sağollaşmağa gəlib. Çordon hisli-paslı dəmirçi önlüyündəcə evə tələsdi. Dəmirçi zindanından qopan səslər hələ də qulaqlarından getmirdi. O, küçə ilə tez-tez irəliləyir, heç inanmırdı ki, onun oğlunu müharibəyə aparsınlar: oğlu çox gənc idi, çağırış yaşı hələ çatmamışdı. Ancaq həqiqətən, Sultan rayon mərkəzindən kiminsə atı ilə xəstə anasının görüşünə gəlmişdi, yarım il idi ki, o yaxşılaşmırdı. Atasından da xahiş etmişdi ki, şəhərə gəlib onu vağzaldan yola salsın. Heç düz-əməlli danışa, sağollaşa da bilmədilər. Vaxt da o vaxt deyildi. Nə qədər deyilməmiş söz, nə qədər dilə gətirilməmiş fikir var idi hər birinin ürəyində… O zaman kiminsə xalqın qəlbində olanları dilinə gətirə biləcəyi heç inandırıcı deyildi.

Çordon tələsik özünü şəhərə yetirmişdi. Otuz kilometrlik yolu elə gəlmişdi ki, az qalmışdı atı yolda əldən salsın. Gözünə birinci çarpan vağzalın qarşısındakı qələbəlik, insan kütləsi olmuşdu. Kimlər və nələr yox idi burada? Qırmızı örtüklü yük maşınları, ot və samanla dolu arabalar, yəhərli-yəhərsiz atlar, dəmir yolunda səs salan parovozların uğultuları, vaqonların taqqıltısı və bu qarışıqlığın içərisində – kəndlərdən, aullardan, şəhərlərdən buraya tökülmüş qocalar, cavanlar, uşaqlar…

Çordon tələsirdi. Atı elə gözü birinci sataşan ikitəkərli arabaya, o biri atların yanına bağlayıb oğlunu axtarmağa getmişdi. Camaatın içində itələşə-itələşə oğlunu soruşurdu… Dedilər ki, səfərbər olmuş əsgərlər vağzalın yanındakı parkdadı, onları ayrı saxlayırlar və heç yerə buraxmırlar, tezliklə göndərəcəklər. O, parka yaxınlaşdı. Hasarın o üzündə sıralar hazırlanır, əmrlər səslənir, siyahı oxunurdu. Çordon çaşqın halda dayanmışdı: burada kimi tapmaq olar axı? Əsgərləri sırada görməyə ağaclar imkan vermirdi. Birdən yaxınlığında səs eşitdi: “Ata, ata, bura gəl!” Qızlarının ikisi də ona əl edirdi. Onlar parkın girişində dayanmışdılar. O, qızların yanına can atarkən hasarın o tayında – sırada dayanmış oğlunu gördü. O da atasını gördü və əl elədi, gülümsündü. Oğlu nəsə çəkinərək, ehtiyatla gülümsünürdü. Oğluna yazığı gəldi. Çox gənc idi, bığ yeri yenicə tərləmişdi, bircə boyu o birilərindən geri qalmırdı, çiyinlərindən, görünüşündən uşağa oxşayırdı. O, boy atırdı, hələ də atacaqdı. Çordon onu özünə oxşadırdı: oğlu, yəqin ki, möhkəm, güclü kişi olardı. İkicə ildən sonra o, qədd-qamətli cavan bir oğlan olacaqdı.

Sonralar oğlu haqda fikirləşərkən Çordon hər dəfə bir şeyə aydınlıq gətirmək istəyirdi: nəyə görə o elə uşaq vaxtından oğluna bu qədər hörmətlə yanaşırmış? Sevmək başqa şeydi, hamı övladını sevir, ancaq ona uşaqlıqdan ağıllı və özünə tay-tuş bir insan kimi baxırdı, baxmayaraq ki dəcəlliyi də var idi. O, çox fikirləşsə də, buna bir aydınlıq gətirə bilmirdi. Əsasən də oğlu müəllim olandan sonra Çordon ona daha çox hörmətlə yanaşır, onunla hesablaşırdı, baxmayaraq ki atasını görməyə gələndə bəzən unudub pioner qalstukunu da ç

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации