Текст книги "Erkən gələn durnalar, Ana tarla"
Автор книги: Чингиз Айтматов
Жанр: Советская литература, Классика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Çingiz Aytmatov
Erkən gələn durnalar. Ana tarla
ERKƏN GƏLƏN DURNALAR
Aksay, Köksay, Sarısay – gəzdim hər yanı,
Fəqət sənə bənzər, sənə tay hanı…
Qırğız xalq mahnısı.
***
İova bir çapar gətirdi xəbər:
«Xəncərlə doğrandı yeniyetmələr…»
«İov» kitabı.
Əkinçilər yer əkir yenə də dönə-dönə,
Torpağa dən atırlar yenə də dönə-dönə,
Göydən yağış süzülür yenə də dönə-dönə…
Torpaq əkər, becərər insanlar bir ümidlə,
Torpağa toxum səpər insanlar bir ümidlə
Dənizə sinə gərər insanlar bir ümidlə.
«Theraqatha» 527– 538.Qədim Hind ədəbiyyatı abidələrindən.
1
Əldə toxunma yun şala bürünən İnkamal müəllimə coğrafiya dərsində Seylondan – okeanın Hindistan sahilləri yaxınlığındakı o əfsanəvi adadan danışırdı.
– Məktəbli xəritəsində Hindistan yelinə, Seylon isə bu yelindən düşmüş damcıya bənzəyirdi. Bu damcı boyda yerdə də cürbəcür meymunlar, fillər varmış. Banan da (bu da bir cür meyvədir) burda yetişirmiş. Dünyada ən ətirli çay da, ən lətafətli meyvələr də burda hasilə gəlirmiş. İqlimi də ilboyu quru, isti; nə çəkmə lazım olar sənə, nə papaq, nə corab-filan, nə də isti kürk. Oduna isə heç ehtiyac da yoxdur. Bəli, madam ki, belədir, deməli çöllərə düşüb odun yığmaq, ağır çırpı şələsini əyilə-əyilə belində evə daşımaq da lazım deyil. Əcəb yaşamalı yerlərdir! Kefin necə istəyirsə, eləcə gəz, gün altında qızın, yox, gördün çox istidir – onda get kölgədə sərinlən. Seylonda gecəli-gündüzlü isticaq olur, aləmdir, elə bil yay ardınca yay gəlir: heydən düşənə kimi dənizdə çim, istəsən lap səhərdən axşamacan. Elə ki bezdin – onda get dəvəquşularını qov, oralarda çoxdur, hökmən çox olmalıdırlar, orda olmayanda bəs harda olmalıdır o nəhəng, səfeh quşlar?! Seylonda – əgər istəsən ağıllı quşlar da var, elə lap tutuquşunun özü. Ürəyindən keçsə – tutuquşunu tutarsan, ona oxumaq, gülmək, hələ oynamaq da öyrədərsən. Bəs nə bilmişdin – tutuquşu çox şey bacarır. Deyilənə görə, elə tutuquşular var ki, onlar yazı-pozu, oxumağı da bilirlər. Bir nəfər aul əhli Cambul bazarında yazı oxuyan tutuquşunu öz gözləriylə görübmüş. Qəzeti göstər tutuquşuna, düppədüz oxusun…
Qərəz, nələr varmış Seylonda, nə möcüzələr varmış. Ürəyin necə istəyir, eləcə də yaşa, heç nəyin fikrini eləmə, qayğı çəkmə. Ən başlıcası, plantatorun gözünə görünmə. Əlində şallaq gəzdirir. Seylonluları qul kimi döyür. Zülümkarın biri zülümkar! Hə, onun qulağının dibindən gərək elə vurasan ki, gözlərinə qaranlıq çökə. Şallağını əlindən alasan, özünü də o ki var işlədəsən. İstismarçılara heç bir güzəşt olmamalıdır. Axı, faşistlər də onlardan törəyirlər… Elə müharibənin baiskarı da onlardır. Auldan gör nə qədər adam gedib qırıldı davada. Anam da hər gün ağlayır, heç nə demir, eləcə gözlərinin qorasını sıxır, qorxur ki, atamı öldürərlər. Özü də hələ bizim qonşu arvada belə dedi: allah eləməsin, dörd züryətlə başıma nə çarə qılaram…
Soyuq sinif otağında büzüşə-büzüşə İnkamal müəllimə Seylondan, dənizlərdən, isti ölkələrdən danışırdı. Eşitdiklərinə gah inanan, gah inanmayan (o uzaq ölkələrdə hər şey necə də gözəl imiş) Sultanmurad Seylonda yaşamadığına o dəm ürəkdən bərk acıyırdı. Gözünün ucuyla pəncərəyə baxaraq düşünürdü: «Bax yaşamaq buna deyərəm!» Özünü elə göstərirdi ki, guya müəlliməyə baxır, əslində isə gözü pəncərədə idi. Pəncərədən o yanda isə baxılası bir şey yox idi. Hava tutulmuşdu. Çalpov, çobanyarması qar ələnirdi. Şüşələrə dəyən qar dənələri xırçıldayırdı. Pəncərə şüşələri sırsıra bağlamışdı. Şüşə-lərin kənarında köbələnmiş suvaq soyuqdan şişərək bir neçə yerdən qopmuşdu. «Seylonda, yəqin ki, suvağa ehtiyac yoxdur, – deyə oğlan düşünürdü. – Bir də, axı, kimin nəyinə gərəkdir? Hələ pəncərələr, evlər nəyə lazımdır. Özünə bir koma yapdın, üstünü şaxşəvərlə örtdün – di, get yaşa…»
Pəncərədən sinif otağına aramsız külək dolurdu, hətta vıyıltısı da eşidilirdi, özü də oğlanın sağ böyrünə pəncərədən bərk soyuq vururdu. Dözmək lazım idi. İnkamal müəllimə onu pəncərə tərəfdə bilə-bilə oturtmuşdu. «Sən, – deyirdi, – Sultanmurad, sinifdə ən güclü oğlansan. Soyuğa-sazağa dözə bilərsən». Soyuqlar düşməzdən əvvəl burda Mırzagül otururdu, onu Sultanmuradın yerinə keçirmişdilər. Oranı isə külək tutmurdu. Qızı elə burda, bu partanın arxasında saxlasaydılar, daha yaxşı olardı. Onsuz da külək birinci növbədə Sultanmuradı vururdu. Heç olmasa yanaşı oturardılar. Yoxsa, fasilədə ona yanaşan kimi, qız qızarır-pörtür, uzaqlaşırdı. Dalınca qaçmayacaqdı ki. Məsğərəyə qoyardılar. Bu qızlar ki var, adamı bəzəməyə hazırdırlar. O saat yazışma başlanacaqdı, deməzsənmi: Sultanmurad + Mırzagül = iki aşiq. Amma yanaşı otursaydılar, heç bir söz-söhbət olmazdı…
Eşikdə boran qopmuşdu. Qar yağırdı, nə yağırdı… Aydın günlərdə sinif otağından baxanda, dağlara əl uzatsaydın çatardı. Məktəb də yamacdaydı, aulun başı üstündə. Aşağıda aul, yuxarıda məktəb. Ona görə də məktəbdən baxanda hər yan aydın görünürdü. Uzaqdakı qarlı dağlar göz önündə canlı lövhə kimi seyr edilirdi. İndi isə onların zabitəli cizgiləri elə bil zülmətdən sezilirdi.
Əlləri, ayaqları buza dönmüşdü. Kürəklərinin arası qovuşmuşdu. Sinif otağı yaman soyuq idi! Müharibədən qabaq məktəbi quru qoyun təzəyi ilə isidərdilər. Yananda kömür kimi közərirdi o təzək, təndir kimi isti verərdi. İndi isə samana möhtac qalıblar. Saman da sobalarda bir az gurultu salıb sönür, xeyri nədir. Bir-iki gündən sonra saman da tükənir. Təkcə zibili qalır samanın, vəssalam.
Heyif ki, Talas dağlarının iqlimi isti ölkələrdəki kimi deyil. İqlim burada ayrı cür olsaydı, həyat da ayrı cür olardı. Bizim də öz fillərimiz olardı buralarda. Öküz əvəzinə filləri sürərdik orda. Bəs necə, heç qorxub-eləməzdik də! Birinci özüm dırmaşardım filin belinə, dərsliyimizdəki şəkildə olduğu kimi, onun lap başında oturardım, qulaqlarının arasında, sonra da aul boyu gəzərdim. Onda aul camaatı elliklə heyrətlənərdi: «Ora baxın, tez qaçıb ona baxın – Bekbayın oğlu Sultanmurad fil boynunda gəzir!» Onda gör Mırzagül necə heyran olardı, peşmançılıq çəkərdi… Gözəl olanda nə olar! Yaxın düşmək də mümkün deyil. Hə, onun öz meymunu da olardı. Hələ qəzet oxuyan tutuquşusu da. Onları da filin belində tərkinə alardı. Yer tapılardı, filin belinə sinfin bütün uşaqları yerləşə bilərdi. Bu, doğrudu. Ağız sözü deyil, öz bildikləridir…
Canlı fili o öz gözüylə görüb, bunu hamı bilir, hələ əsil meymun və müxtəlif vəhşi heyvanlar da görüb. Bu, aulda hamıya məlumdur, dəfələrlə özü danışıb. Hə, onda bəxti gətirmişdi tale üzünə gülmüşdü…
Müharibədən qabaq, elədir, bu əlamətdar hadisə onun həyatında davadan düz bir il əvvəl baş vermişdi. Yenə yay vaxtıydı. Ot biçini başlamışdı. Atası Bekbay həmin il ordakı MTS-in neft anbarına Cambul şəhərindən yanacaq gətirirdi. Hər kolxoz yanacaq daşımaq üçün nəqliyyat ayırmalı idi. Atası özünü o yerə qoymayaraq, zarafatla qürrələnirdi: mən, deyirdi, elə-belə yox, qızıl arabaçıyam – mənə görə, mənim atlarımın, arabamın sayəsində kolxoz məvacibi dövlət xəzinəsindən alır. Mən, deyirdi, kolxoza bank pulu qazanıram. Ona görə də kolxoz mühasibi məni görəndə salamlaşmaq üçün atdan düşəsi olur…
Atasının arabası məxsusi neft daşımaq üçün düzəldilmişdi. Kuzovu yox idi, eləcə dörd təkər üstündə yasdıqların ortasına iki dəmir çəllək bəndlənmişdi, lap qıraqda, qozlada isə – oturacaq yeri. At arabası vur-tut, beləcəydi. Qozladakı oturacağa iki adam sığışırdı, amma üçüncüyə yer çatmırdı. Orası da var ki, atlara söz ola bilməzdi. Atasının qoşumundakı bir cüt ata iki göz istəyirdi tamaşa etsin.
Axta çal Çabdar və axta kəhər Çontoru. Onların yaraşıqlı qoşqusu, qayış-qantarğası da elə bil boylarına biçilmişdi. Xamutların üzü, yan qayışlar qısır mal dərisindən hazırlanmış, qatranla yağlanmışdı. Dartmaqla üzmək olmazdı. Uzaq mənzildən yanacaq daşımaq üçün ayrı cür ola da bilməzdi. Atası onları yaxşı idarə edirdi. Bir də görürdün Çabdar və Çontoru eyni ahənglə, yalmanlarını oynada-oynada, silkələnə-silkələnə səkirlər, özləri də yanaşı üzən iki balığa bənzəyirdilər baxanda adama ləzzət verirdi. Camaat: «O, Bekbayın faytonudur, Cambula yollanır», deyirdi. Oraya və geriyə iki günlük yol idi. Bekbay qayıdıb gələndə elə görünürdü ki, elə bil yüz kilometrdən çox yolu heç o qət etməyib. Adamlar təəccüblənirdi: «Bekbayın arabası qatar kimi relslər üstüylə şütüyür!» Onlar əbəs yerə heyrətlənmirdilər. Yorğun yaxud nasaz qoşumu təkər səslərindən tanımaq olur. Adamın yanından ötüb keçənəcən ürəyini üzər elələri. Bekbayın atları isə həmişə təpərli, gümrah olurdular, yorğun görünmürdülər. Yəqin elə bu səbəbdən də ən məsuliyyətli səfərləri ona tapşırırdılar.
Qərəz, inişil dərslər təzəcə qurtarıb tətil günləri başlayanda atası bir dəfə ona dedi:
– İstəyirsənmi, səni şəhərə aparım?
Sevindiyindən Sultanmuradın az qala ürəyi qopacaqdı yerindən. Bəs nə! Onun çoxdan şəhərə getmək arzusunu atası gör necə də gözlərindən oxuya bilib! Axı o, indiyəcən bir dəfə də olsun şəhər üzü görməyib. Buna daha nə söz ola bilərdi!
Amma çox səsə-küyə salma ha, – atası dedi. – Yoxsa balacalar elə bir qiyam qopararlar ki, heç yana tərpənə bilmərik.
Həqiqətən beləydi. Hacımurad ondan üç yaş kiçik olsa da, heç vaxt heç vəchlə güzəştə gedən deyildi. Eşşək kimi tərsdir. Atası evdə olanda Hacımuradın ucbatından heç kəs kişinin yanına düşə bilmirdi. Atasından əl çəkmirdi. Təki o olsun, o birilər vecinə də deyildi. Onda bapbalaca olan iki kiçik bacıları belə ata nəvazişinə ağlamaqla nail olurdular. Kiçik oğlunun atasına bu cür bağlılığını qonşular da anlaya bilmirdi. Zəhmli, dəyənək kimi quru, ciyiltili səsli Aruukan nənə ki vardı – ondan hamı qorxardı. Bax həmin o qarı qaxac barmaqlarıyla dəfələrlə Hacımuradın qulağından tutub dartardı:
– A şəppəli, sənin bu kişiyə yapışmağından gözüm su içməyir! Yer üzündə fəlakət olacaq! Harda gorunüb ki, atası sağ ola-ola oğlan uşağı belə həsrət çəkib xiffət eləsin!
«ola, oğlan uşağı belə həsrət çəkib xiffət eləsin! Bu nə təhər uşaqdır belə? Ay camaat, sözlərimi yadda yaxşı saxlayın, bu, bizim başımıza bəla gətirəcək!
Anası astadan pıçıldayar, yerə tüpürər, Hacımuradın boynunun ardından vurardı, amma Aruukan qarıya cavab qaytarmağa cəsarət etməzdi. Ondan hamı qorxurdu.
Fəqət belə çıxır ki, Aruukan qarının dedikləri əbəs deyilmiş. Elə də oldu. Yazıq Hacımurad. İndi üçüncü sinifdə oxuyur, yekə oğlandır, heç nə büruzə verməməyə çalışır, xüsusilə anasının yanında özünü tox tutur, əslində isə gözləri yoldadır, elə bilir ki, atası bugün-sabah cəbhədən qayıdıb gəlməlidir. Yatmağa hazırlaşanda yaşlı adamlar kimi gecə duası pıçıldayır: -«Allah eləsin, allah eləsin, atam sabah qayıdıb gəlsin».
Özü də hər gün beləcə. Qəribə oğlandır. Düşünür ki, yuxulayacaq, ayılacaq, gözlərini açanda – hər şey dəyişəcək.
Əgər atası müharibədən sağ-salamat qayıdıb gəlsə, onda qoy təkcə Hacımuradın olsun, qoy onu qucağında, başında gəzdirsin. Təki gəlib çıxaydı nəhayət. Bircə onu sağ-salamat görəydi. Şəxsən Sultanmurada bu səadət də bəs idi. Təki atası qayıdıb gələydi.
O indi elə arzulayırdı ki, atası Çüy kanalından qayıdıb gələndə baş verən hadisə kaş ailədə yenidən təkrar olunaydı. Atası həmin tikintiyə inişilin yayında getmişdi, özü də arabasıyla, beş aylığa, bütün yayı-payızı orda olmuş, torpaq daşımışdı. Staxanovçu adı almışdı.
Evə qaş qaralanda gəldi. Həyətdə qəflətən təkər səsləri eşidildi, atlar fınxırdı. Uşaqlar yerlərindən sıçraşdılar. Ata! Arıqlayıb, yanıb qaralmışdı, qaraçı kimi saç-saqqalı uzanmışdı. Sonralar anasının dediyi kimi, pal-paltarı da avaralara oxşadırdı onu. Yalnız meşin çəkmələri təzəydi. Hacımurad birinci qaçaraq atasının qucağına atıldı, sarmaşıb boynunu qucaqladı və kişini buraxmadı. Özü də hıçqıra-hıçqıra ağlayır və elə bunu deyirdi:
– Ata, atake, ata, atake…11
“Atake”-ata, atacan
[Закрыть]
Atası onu bağrına basdıqca onun da gözlərindən yaş axmağa başladı. Bu ara qonşular da tökülüşüb gəldilər. Bu mənzərəni görən kimi onlar da ağladılar. Hələ sevincək, xoşbəxt anası yan-yörədə qaçıb fırlanır, Hacımuradı kişidən ayırmağa çalışırdı:
– Bala, rahat qoy atanı! Bəsdir. Sən tək deyilsən. O birilərə də imkan ver, ay ağılsız bala! Allah amansan, gör nə qədər adam gəlib atanla görüşməyə.
Onunsa vecinə deyil…
Sultanmurad hiss etdi ki, qəlbində nəsə tərpəndi, sonra qızmar qəhər yumağı sürünərək hülqumuna yaxınlaşdı, onu boğmağa başladı. Ağzı duz daddı. Özü də hələ deyirdi ki, qətiyyən ağlamayacaq. Dərhal özünü ələ aldı. Ayılan kimi oldu…
Dərs isə davam edirdi. İnkamal müəllimə indi Yava, Borneo, Avstraliya haqda danışırdı. Yenə də əfsanəvi torpaqlar, əbədi yay fəsli. Timsahlar, meymunlar, palmalar, nə bilim, cürbəcür möcüzəli şeylər. Hələ kenquru – möcüzələr möcüzəsi! Balasını qarnındakı torbaya ataraq hara istəsə səkir, onu da özüylə gəzdirir. Kenquru gör bir nə düşünüb tapıb, daha doğrusu, təbiət necə hikmət yaradıb…
O, kenquru görməmişdi. Yalandan necə deyəydi görüb. Çox təəssüf. Amma, meymun və başqa vəhşi heyvanlar görmüşdü, lap yaxından baxmışdı onlara. Əlini uzatsan – çatardı…
Atası həmin gün onu şəhərə aparacağını deyəndə Sultanmurad özünə yer tapa bilmirdi. Səbrsizlik, həyəcan onun içini yeyirdi, lakin – bu barədə heç kimə bir şey deyə bilməzdi. Əgər Hacımurad xəbər tutsaydı, fəryad qoparardı: niyə Sultanmurad gedər, amma o gedə bilməz, deməzsənmi, niyə atası onu aparır özüylə, Hacımuradı isə yox? Bu halda nə deyə bilərsən? Buna görə də sabahkı səyahətin sevincinə və intizarına qardaşı qarşısında bir növ xəcalət hissləri də qarışırdı. Qarşıdakı hadisələri qardaş-bacılarına danışmaq onun ürəyindən yaman keçirdi. Çox istəyirdi ürəyini açsın. Lakin atası, xüsusilə də anası sirri açmamağı ona bərk-bərk tapşırmışdılar. Sən yolda olanda balacalar xəbər tutsalar eybi yoxdur. Belə yaxşıdır. O, böyük çətinliklə özünə güc gəldi, sirri qoruyub saxlaya bildi. İçindəki sirr onu lap ölümcül hala salmışdı. Bir məsələ də var ki, həmin gün o, olmazın dərəcədə nəzakətli, mülayim idi, hamıya nəvaziş və qayğı göstərirdi. Hər işin qulpundan yapışır, hər şeyə vaxt tapırdı. Buzovun otlaq yerini dəyişdi, bağçada kartof kollarının dibini doldurdu, paltar yuyan anasına kömək etdi, palçığa bələnmiş körpə bacısı Almatayın əl-ayağını yuyub təmizlədi, üstəlik xırda-para işlər də gördü. Sözün kəsəsi, həmin gün o elə qoçaq, elə çalışqan olmuşdu ki, hətta anası gülməkdən özünü saxlaya bilməyib qəhqəhə çəkdi, başını buladı.
– Gün hardan doğub? – anası gülməyini gizlədərək ona müraciət etdi. – Kaş həmişə belə olaydı – xoşbəxtliyə bir bax! Göz dəyməsin barı! Bəlkə səni qoymayaq şəhərə getməyə! Əməlli-başlı köməkçi imişsən ki mənə.
Lakin anası elə-belə sözgəlişi deyirdi bunu. Özü isə xəmir yoğurdu, kökələr bişirdi, yola azuqə hazırladı. Yağ əridib butulkaya süzdü.
Axşam ailəliklə toplaşıb samovar çayı içdilər. Qaymaqla, isti kökələrlə, həyətdə, arxın kənarında, alma ağacının altında süfrə açmışdılar. Ata balacaların əhatəsində oturmuşdu – bir yanında Hacımurad, o biri yanında qızcığazları. Anası çay süzür, Sultanmurad isə piyalələri bir-bir süfrəyə qoyur, hərdən samovara kömür atırdı. Ürəkdən canfəşanlıq edirdi. Özü də ürəyində düşünürdü ki, sabah şəhərdə olacaq. Atası ona iki dəfə göz vurdu. Üstəlik də qardaşının gözü qabağında.
– Bura bax, Acike, – atası çayını hortuldadaraq kiçik oğluna müraciət etdi, – öz Qarayalmanına hələ day öyrətməmisənmi?
– Yox, ata, – Hacımurad gileylənməyə başladı. – Yaman xatakar çıxdı. İt kimi dalımca gəzir. Mən onu yemləyirəm, sulayıram, bir dəfə hətta qaçıb məktəbə gəlmişdi. Pəncərənin qabağında dayanaraq mənim fasiləyə çıxmağımı gözlədi, bütün sinfimiz gördü bunu. Di gəl ki, belinə minməyə qoymur, yerə çırpır, hələ adamı gəmirir də…
– Yəni, necə lazımdır day öyrədib onu əhliləşdirmək üçün sənə kömək edən yoxdur? –deyə atası sözarası elə-belə təəssüfləndi.
– Bunu mən edərəm, Acike, – Sultanmurad hazır olduğunu bildirdi. – Mütləq özüm ona day öyrədərəm…
– Ura-a! – Kiçik oğul yerindən qopdu. – Haydı!
– Hələ bir qayıt yerinə! – anası onu yerində oturtdu. – Otur, qarışıqlıq salma. Çayınızı adam kimi için, sonra vaxt taparsınız.
Söhbət Hacımuradın sevimlisi, ikiyaşar sıpadan gedirdi. O ilin yazında qoduğu uşaqlara dayıları Nurqazı bağışlamışdı. Yayda o, əməllicə böyüyüb, bərkimişdi. Uzunqulaq hərifi əhliləşdirib, palana, işə alışdırmaq vaxtı çatmışdı. Axı ev-eşik təsərrüfatında köməkçi bir sıpaya həmişə ehtiyac olur – gah dəyirmana getmək lazım gəlir, gah oduna, gah da xırda-xuruş daşımağa. Nurqazı dayı da qoduğu elə bu məqsədlə hədiyyə etmişdi. Amma elə ilk gündən onu Hacımurad qapazladı. Bu höcət, dağal oğlan qoduğa elə qayğı, qəyyumluq göstərirdi ki, yaxınına düşmək mümkün deyildi. Bir şey olan kimi qışqırırdı – qoduğa əl vurmayın! – Onu özüm yemləyəcəm, özüm sulayacam. Bir dəfə bunun üstündə qardaşlar hətta dalaşdılar da. Anası böyük oğlunu tənbeh etdi, çünki o, balacanın dərsini vermişdi. Sultanmurad o vaxtdan bəri incikliyini üzə vurmurdu. Sıpanın əhliləşdirilməsi ortaya çıxanda isə, boyun qaçırdı: indi ki sənindir, get özün day öyrət, məndən xahiş eləmə, mənə dəxli yoxdur. Əslinə baxsan, Sultanmurad məhz bu işin ustası idi. Uşaqlıqdan alışmışdı, öhdəsindən asanlıqla gəlirdi. Xam heyvanları əhliləşdirməkdən xoşu gəlirdi. Güləş kimi bir şeydir – kimi kim qabaqladı. Bütün qonşuların dayçalarını, cöngələrini, sıpalarını əhliləşdirən Sultanmurad idi. Cavan, xam heyvanları adətən çevik oğlanlardan biri əhliləşdirməlidir. Yaşlıların çəkisi buna imkan vermir. Aul əhli belə-belə xahişlə Sultanmurada ehtiramla ərk edirdi: «Sultanmurad, qadası, vaxtın olsa, bizim cöngəni gör çapırda bilərsənmi». Yaxud «Sultake, dərdin alım, bir gör bizim o boşboğaz sıpanın başına ağıl qoya bilərsənmi. Belinə milçək də qonmağa qoymur, dişləyir, yıxılıb ağnayır. Onun öhdəsindən yalnız sən gələ bilərsən…»
Bəli, Sultanmurad belə şöhrət qazanmışdı, lakin öz doğma qardaşına etiraz edirdi, üstəlik də balaca öz sevimli sıpasının belindən iki dəfə yıxılaraq alnını zədələyəndə, rişxəndlə gülür, onu ələ salırdı. Cırnadırdı Hacımuradı:
– O sıpa sənin dalınca it əvəzinə gəzəcək! Gözlə, o səni hələ çox ağladası olacaq!
Eh, əcəb yaramazlıq imiş. O bunu yalnız atası eyham vuranda başa düşdü. Kiçiklə rəzil halda hesab çürüdərək axmaq vəziyyətində qalmışdı. İndi isə, kiçik qardaşının xəbəri olmayan səfər ərəfəsində vicdan əzabı və peşmançılıq hissləri elə göynətmişdi ki, üzr istəməyə, Hacımurad üçün hər şey etməyə hazır idi.
Çay içəndən sonra atasıyla birlikdə bağçalardan o tərəfdəki çəmənliyə getdilər. Əvvəlcə ətrafdakı daşları yığıb uzağa atdılar. Sonra, Hacımuradın şəstlə Qarayalman adlandırdığı sıpanı noxtaladılar. Atası Qarayalmanın qulaqlarından yapışmışdı, Sultanmurad isə fəndgirliklə noxtanı onun başına keçirtdi.
Ən nəhayət, şalvarının belini bərkitdi – görəcəyi iş çox da asan iş deyildi. Elə bu vaxt sirk tamaşası başlandı, nə başdandı. Deyəsən, Hacımuradın qəyyumluğu ilə keçirdiyi firavan günlərdə Qarayalman pis öyrənibmiş. O, dərhal soncuqlamağa, şıllaq atmağa, özünü o tərəfə-bu tərəfə çırpmağa başladı. Amma bu dəfə deyəsən daş qayaya rast gəlmişdi. Düzdür, Sultanmurad yıxılırdı, lakin cəld sıçrayıb qalxır, qaça-qaça sıpanın belinə qarnı üstə tullanır, ikinci fənddə onu paçaaşırma minirdi.
Sultanmurad bu işi çevikliklə, bir az da şuxluqla görürdü. Ən başlıcası budur ki, eşşəyin belindən necə yıxılmağı gərək biləsən! Müdriklər əbəs yerə deməyiblər: «Eşşəkdən yıxıldın – daş üstə, atdan yıxıldın – torpaq üstə, dəvədən yıxıldın – pambıq üstə…» Əslində guya tərsinə olmalıdır. Məsələnin sirri ondadır ki, yıxılanda gərək əllərin üstə yerə düşməyi bacarasan. Atdan yaxud dəvədən yıxılanda hələ havadaykən vəziyyətini düzəldə biləsən. Təcrübəsiz minici eşşəkdən yıxılanda yerə çuval kimi düşür, fikirləşməyə də macal tapa bilmir…
Sultanmurad bunu öz təcrübəsindən bilirdi. Onun barəsində qorxmağa dəyməzdi. Hay-küy saldılar, əyləndilər, qışqırışdılar o ki var. Atası qarnını tutaraq gözləri yaşaranacan güldü.
Səs-küyə digər oğlanlar da axışıb gəldi. Onlardan birinin yanında tulası da vardı, özü də bu həngamədə iştirak etməyi qərara alaraq, Qarayalmanın dalınca hürə-hürə qaçmağa başladı. O isə qorxusundan daha bərk qaçırdı, Sultanmurad da öz növbəsində, o birilərin acığına əsl «cıdırhəngi»si nümayiş etdirməyə başlamışdı. Qarayalmanı çapırdaraq yerə tullanır, təzədən onun belinə atılır, tullanır-atılırdı.
Süvari-osaviaximçilər müharibədən qabaq burada, kənd sovetliyinin yanındakı çəməndə beləcə məşq edərdilər. Aul igidləri isə bununla işdən sonra məşğul olurdular. At qaça-qaça əyilib zoğları kəsirdilər. Çaparaq sürətlə gedə-gedə yerə tullanır, dərhal da yəhərə sıçrayırdılar. Onları döş nişanlarıyla təltif edirdilər. Zərif zəncirli, qəşəng nişanlar idi, yaxaya vintciklərlə burulub bərkidilirdi. Onda oğlanlar həsəd aparırdılar. Həmişə qaçıb oraya yığışar, osaviaximçilərin cıdırına tamaşa edərdilər. Onlar indi hardadır? At belindəmi, yoxsa səngərlərdəmi? Deyirlər indi süvarilər müharibədə iştirak etmirlər…
Və Sultanmurad pəncərədən eşiyə baxıb düşündü, həm də axı, qışda atlar üşüyürlər, amma tankın vecinə də deyil. Hər necə olsa da, yenə at yaxşıdır!
…Hə, onda o da bir tamaşaydı. Qarayalman tezliklə tabe oldu. Ondan nə tələb olunduğunu qanmışdı: addımlamaq, yortmaq, dairə üzrə yaxud düz getmək…
– Hə, indi minə bilərsən, – Sultanmurad qardaşını çağırdı, – çap getsin, hər şey öz qaydasındadır.
Hacımuradın sifəti iftixar hissindən alışıb yandı. Qarayalmanı dabanlarıyla dəhmərləyərək o yana-bu yana çapırtdı – hamı öz gözüylə gördü onun aqayı22
Aqay – böyük qardaş.
[Закрыть] necə məharətli oğlandır, belə halda qürrələnməmək olarmı heç!
O axşam hava aydın idi; xeyli müddət qaranlıqlaşmadı. Yorğun olsalar da, hamı evə şad, məmnun qayıtdı. Özünü anasına göstərmək üçün Hacımurad həyətə Qarayalmanın belində gəldi.
Heç nədən xəbəri olmayan Hacımurad dərhal yuxuladı. Sultanmuradın isə yuxusu tamam qaçmışdı. Düşünürdü ki, sabah şəhərə neçə gedəcək, orda nələr görəcək və onu nələr gözləyir. Atasıyla anasının astadan danışdıqlarını yarıyuxulu halda eşidirdi.
– Mənə qalsa, balacanı da aparardım, – deyə atası pıçıldayırdı, – di gəl ki, bu andıra qalmış arabada yer yoxdur. Qabaqda, lap çəlləyin dibinə söykənərək oturmalı olursan. Mənzil də xeyli uzaq, azacıq mürgüləsə təkərlərin altına yıxıla bilər.
– Sən nə danışırsan! Allah göstərməsin, heç ağlına da gətirmə, bir o qalmışdı, – deyərək etirazını bildirdi. – Fürsət düşər, sonra apararsan. Qoy bir az böyüsün. hələ o birinin də gözün üstündə olsun. Elə bilirsən yekədir, nə yaşı var uşağın…
Sultanmuradı şirin yuxu girləyirdi, valideynlərinin pıçıltıyla danışması da ona şirin gəlirdi, sabah tezdən, lap obaşdan atasıyla səfərə yollanmaq haqda düşünmək daha şirin idi…
Özü də o, yuxulaya-yuxulaya ecazkar uçmaq səadətinin nə demək olduğunu ürək çırpıntısı ilə duydu. Qəribədir, necə uçmağı o hardan bilirdi?! Yerimək, qaçmaq, üzmək insan oğlunun əzəl nəsibidir. O isə uçurdu. Həm də quş kimi yox. Quşlar uçanda qanad çalırlar. Amma o, qollarını gen açaraq yalnız barmaqlarının ucunu tərpədirdi. Səssiz-səmirsiz «gülümsər» səmada özü də bilmədən haradan-haraya sərbəst, rahatca uçurdu… Gah ruhu pərvazlanırdı, gah da o, yuxuda böyüyüb, boy atırdı.
Atası çiyninə toxunanda qəflətən ayıldı, eşitdiyi bu oldu:
– Qalx, Sultanmurad, gedirik.
Özü də yerindən sıçrayıb qalxmazdan əvvəl o, bir anlığa hiss etdi ki, qulağına toxunan cod bığına görə, ona müraciətlə dediyi sözlərə görə atasına qarşı qəlbində nəvaziş və ehtiram dalğası coşdu. O hələ bilmirdi, bilmirdi elə bir vaxt gələcək ki, indi qulağına toxunan ata bığını, ona müraciətlə deyilmiş məhz: «Qalx, Sultanmurad, gedirik» sözlərini intizar və ürək ağrısıyla xatırlayacaq.
Anası çoxdan durmuşdu. Oğluna yuyulmuş təmiz köynək verdi, başına rəislərinkinə bənzər iri yaşıl furajka qoydu – dədəsi keçən il Çüy kanalından gətirmişdi; bir də, yenə dədəsinin kanaldan gətirmiş olduğu təzə çəkmələri verdi.
– Gey görüm, ayağını sıxmır ki? – deyə soruşdu.
– Yox, sıxmır, – Sultanmurad cavab verdi. Əslində isə çəkmələr azacıq dar idilər. Eybi yox, açılar, keçib gedər.
Anasıyla sağollaşıb həyətdən tərpənəndə, araba geniş, daşlı arxı şaqqıltıyla yarıb keçəndə ürəyi riqqətlə döyündü, atların arxasındaydı. Lakin o, yavaş-yavaş, hazırlaşaraq gəlirdi, sindi, büzüşdü, şəhərə yollandığının yuxu deyil, gerçək olduğunu anladı.
Yay gününün şəffaf şirəyə bələnibmiş kimi nurlanan erkən dan yeri sökülürdü. Günəş hələ çox-çox uzaqlarda, qarlı dağların arxasındaydı. Lakin o yavaş-yavaş, hazırlaşaraq gəlirdi ki, birdən dağ arxasından çıxıb parlasın. Gecəni soyumuş yolda isə hələlik rahatlıq və təravət hiss olunurdu. Atasıyla birlikdə auldan arabanı necə sürüb çıxdıqlarını heyf ki, tay-tuşlarından görəni olmadı. Həndəvərdə təkər taqqıltısını eşidərək yuxulu-yuxulu hürən təkcə itlər oldu.
Yol təpəliklərindən keçib düzəngaha, ordan da uzaqdakı bənövşəyi alçaq dağlar silsiləsinə tərəf uzanırdı. Cambul şəhəri orada, o uzaq dağların arxasındaydı. Onların səfəri oraya idi.
Yemlənmiş atlar həmahəng tərzdə təpərlə səkirdilər, sanki qoşqunu, qayış-qantarğanı əsla hiss etmirdilər, adət üzrə fınxıra-fınxıra, yalmanlarını yellədə-yellədə gedirdilər. Dəfələrlə gedib-gəldikləri bu yola onlar yaxşı bələd idilər; sahib cilovdar öz yerindəydi, cilov da əlində, onun yanında oturan oğlan da özlərininkiydi, maneçiliyi dəymirdi…
Yaxşıca sürət götürərək, onlar beləcə getməkdə idilər. Dünyanın bütün arabaları kimi bu nöyüt dilicanı da taqqıldayır, cırıldayırdı. Elə bu dəmdə, hardasa sol tərəfdən, dağlar arasındakı dar dərənin üstündən günəş də hüsnünü göstərməyə başladı. İşıq və hərarət hava dalğasıyla süzülərək rahatca, ehmalca atların tərli belinə yayılırdı. – Çabdar indi bildirçin yumurtası kimi çallaşırdı, Çontoru isə daha çox açıq kəhərə çalırdı; işıq və hərarət atasının yanaqlarındakı tunc rəngli almacıqlara toxunub, gözlərinin qıyımlarındakı sərt qırışları dərinləşdirdi, onun cilov tutan əlləri isə daha iri, daha da damarlı görünürdü; işıq və hərarət yola süzülürdü„ gur sel kimi atların ayaqları altına axırdı; işıq və hərarət onların canına hopur, gözünü nurlandırırdı; işıq və hərarət yer üzündə hər şeyə həyat verirdi.
Həmin o səfər sübhü Sultanmuradın qəlbini fərəhlə, sevinclə, riqqətlə doldurmuşdu.
–Hə, necəsən, oyanmısanmı? – atası zarafat etdi.
– Coxdan, – deyə oğlu cavab verdi.
– Elə isə, tut, – deyib cilovu ona verdi.
Sultanmurad minnətdarlıqla gülümsədi, bunu səbirsizliklə gözləyirdi. Əslində özü də xahiş edə bilərdi, amma lazım bilərək atasının ona etibar etməsi daha yaxşıdır – zarafat deyil mənzil uzaq, sür görüm necə sürürsən. Cilovun başqa ələ keçdiyini atlar hiss etdilər, narazı halda qulaqlarını yapıxdırdılar, qaça-qaça bir-birini dişlədilər, hakimiyyətin zəiflədiyindən əməlli-başlı dava-dalaş salmaq istədilər. Lakin Sultanmurad öz hökmünü bildirdi – cilovu təpərlə dartaraq səsləndi:
– Ay sizi görüm! Payınızı verərəm ha!
Əgər xoşbəxtlik adama yalnız indiki halda nəsib olursa və özü də keçmişli-gələcəkli deyilsə, onda həmin gün, həmin səfərdə Sultanmurad səadətə tamamilə qovuşmuşdu. Onun əhvalını bulandıra biləcək hətta elə bir an da yox idi. Atası il yanaşı oturaraq özünü ləyaqətli kişi qırığı hesab edirdi. Bu ləyaqət hissi onu bütün yol boyu tərk etmirdi. Şaqqıltı-taqqıltılı nöyüd arabası başqasını bəlkə də dəng edərdi, amma onunçün şad səadət sədaları idi. Arabanın arxasınca burumlanan toz, sinəsində təkərlər diyirlənən yol, nallarıyla yeri möhürləyən ahəngdar qaçışlı atlar, tər və qatran qoxulu sahmanlı qayış-qantarğa, lap yuxarıda, başları üzərində uçuşan bəyaz yelkən-buludlar, ətrafdakı gah sarı, gah mavi, gah bənövşəyi rəngli hələ qurumayan otlar, keçidlərdə daşıb yayılan irmaqlar və arxlar, üzəqarşı gəlib keçən atlılar, arabalar, arabir az qala atların burnuna toxunacaq irəli-geri şığıyıb süzən qaranquşlar – bütün bunlar xoşbəxtliklə, gözəlliklə dolub-daşırdı. Amma oğlan bu haqda fikirləşmirdi, zira səadət səninlə olanda onun barəsində düşünmürsən.
Hələ bax bir, ala-sarı, qarabaş çöl quşları da tikanlıqda, kolluqda bütün yol boyu əbəs yerə oxumurlar. Kimin xətrinə cəh-cəh vurduqlarını onlar yaxşı bilirlər. Sultanmuradın onları necə sevdiyi quşlara yaxşı bəllidir. Bu quşların adı – sarayqırdır, çünki onlar ömrü boyu öz civiltiləriylə hansısa -səmənd bir ayqırı tələsdirərək belə oxuyurlar: «Tez, tez, sarayqır! Tez, tez, sarayqır!» Qəribə quşlardır bu sarayqırlar. Lakin, deyəsən onlar hər dildə bir cür oxuyurmuşlar. Bir dəfə aula kinomexanik gəlmişdi, deyib-gülən, zarafatcıl rus balası. Sultanmurad onun yan-yörəsində fırlanır, lent qutularını daşımaqda kömək edirdi, bunun müqabilində isə axşam dinamomaşını birinci fırlatmaq ona nəsib oldu. Dinamo-maşında -elektrik toku əmələ gəlir, o tokdan lampalar yanır, lampaların da işığı ağardılmış divara – ekrana düşür, ekranda isə canlı təsvirlər hərəkət edir.
Həmin o kinomexanik quşun səsini dinşəyib soruşdu:
–Çəpərin o tayında oxuyan nə quşdur elə?
– O, sarayqırdır, – deyə Sultanmurad başa saldı.
– Bəs oxuduğu nədir?
– «Tez, tez, sarayqır!»
– O nə deməkdir?
Bilmirəm. Rusca yəqin ki, belə çıxar: «No-o, no-o, jeltıy jerebets».
Əvvəla, ayqır sarı olmaz, yaxşı, tutalım olsun. Bəs nə üçün elə hey təkrar edir: «Çü, çü, sarayqır?!»
– Guya o quşa elə gəlir ki, sarayqırın belində toya gedir, özü də gedir ha gedir, amma mənzil başına gedib çata bilmir və buna görə də qışqırır: «Çü, çü, sarayqır!»
– Amma mən ayrı cür eşitmişəm. Guya sarayqır bazarda qumar oynayırmış. Az qala üç manat udacaqmış, fəqət uda bilməyib. Elə buna görə də oxuyur: «Чуть, чуть три рубля не выиграл!» Özü də nə qədər ki o üç manatı udmayıb, qışqıra-qışqıra oxuyacaq.
– Bəs o nə vaxt udacaq üç manatı?
– Heç bir vaxt. Toya heç vaxt gedib çata bilmədiyi kimi.
– Qiyamət işdir…
– Doğrudan da görkəmindən elə bir gözəgəlimli quş deyil, amma necə də məşhur imiş.
Sarayqırlar bütün yolboyu ötüşürdülər. Sultanmurad onlara müraciətlə gülümsəyirdi:
– Gedəyin bizimlə, üç manatı orda, bazarda udarıq!
Quşlar isə ötüşməyində idilər: «Çü, çü, sarayqır!» – yaxud da: «Чуть, чуть три рубля не выиграл!» Sultanmurad tələsirdi, tez, lap tez şəhərə çatmaq istəyirdi. Günəş indi dağların başı üzərində idi. Sultanmurad atları dəhmərləyirdi:
– Çü, çü, sarayqır! – Bu, Çabdara aid idi. – Çü, çü, torayqır! – Bunu da Çontoruya deyirdi.
Atası onu bir az sakitləşdirdi:
– Atları çox qovma. Onlar öz işlərini bilirlər. Həm qaçırlar, həm də canlarını qoruyurlar.
– Bəs onların hansı ötədir, ata, Çabdar, yoxsa Çontoru?
– Hər ikisi ötədir. Qaçışda da, gücdə də. Maşın kimi işləyirlər. Təki vaxtında və doyunca yemlə, qoşqusuna fikir ver – heç vaxt dilini gödək eləməzlər. Etibarlı atlardır. Bildir Çüy kanalında, bataqlı, killi bir yerdə işləyirdik. Arabalar təkər topunacan batırdılar bəzən. Bir də onu görürdün birinin arabası batıb, nə irəli – nə geri. İstəyirsən lap «qarovul!» – deyə qışqır. Qaçıb mənim üstümə gəlirdilər – aman günüdür. Üz vurur, xahiş edirdilər. Necə mağmın qoyasan? Öz Çabdarımı və Çontorumu gətirib onların arabasına qoşurdum – di gəl tamaşa elə: dinəndə onlara heyvan deyirik amma düşüncələri var, hiss edirdilər ki, özgə arabasına elə-belə qoşulmayıblar, kömək etmək lazımdır. Atlarımı qamçıyla tərpətməzdim, səsimi eşitdirməyim kifayət idi – onlar elə güc verirdilər ki, yan qayışları qırılmasa, diz çökürdülər, amma dolu arabanı xəndəkdən dartıb çıxardırdılar. Bunları Çüy kanalında hamı tanıyırdı, qibtə edirdilər: bəxtin gətirib, Bekbay, deyirdilər. Bəlkə də elədir, amma atlara qulluq lazımdır, onda bəxt də gətirir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?