Электронная библиотека » Чингиз Айтматов » » онлайн чтение - страница 2

Текст книги "Erkən gələn durnalar, Ana tarla"


  • Текст добавлен: 27 декабря 2022, 12:20


Автор книги: Чингиз Айтматов


Жанр: Советская литература, Классика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

Çabdar və Çontoru isə rahat yorğayla işgüzarcasına səkir, onlar haqda nə danışıldığını heç veclərinə də almırdılar. Paçaları tərləmiş, qulaqları islanmışdı, eləcə yalmanlarını yellədə-yellədə, yol çibinlərindən başlarını silkələyə-silkələyə qaçmaqda idilər.

– Ata, bəs bunların hansı yaşlıdır? – deyə Sultanmurad soruşdu. – Çabdar yoxsa Çontoru?

– Çontoru üç yaş böyükdür. Gözümdən qaçmır: Çontoru yavaş-yavaş qocalır, hərdən tövşüyür. Amma Çabdarın saz vaxtıdır. Təpərli, qaçarlı atdır. Onun belində cıdıra da çıxsan, çoxlarını arxada qoyar. Keçmişdə bu cür atlar haqda deyərmişlər: əsl igid atıdır.

Sultanmurad buna çox sevindi, çünki Çabdar onun xoşuna daha çox gəlirdi. Qənirsiz kəhər idi – xırdaca xallı çal at. Özü də bu güclü, yaraşıqlı axta kəhər həlim idi, harın deyildi.

– Mənim isə Çabdar daha çox xoşuma gəlir, – deyə o, atasına bildirdi. – Çontoru xəfgir atdır. Yaman tərs-tərs baxandır.

– Kəfgir at deyil, əksinə, ağıllıdır, atası gülümsündü. O, boş-bekar usandırılmağı xoşlamır. – Və bir az susub əlavə etdi: – Hər ikisi yaxşıdır.

Oğlu da onunla razılaşdı.

– Hər ikisi yaxşıdır, – deyə təkrar edərək atları dəhmərlədi.

Bir az keçəndən sonra atası dedi:

– Hə-hə, toxta görək, saxla arabanı. – Özü də rahatca fit çalaraq gözlədi. – Atlar rahatlanmaq istəyirlər, amma dilləri yoxdur, deyə bilmirlər. Bunu hiss etmək lazımdır.

Doğrudan da axta atın ikisi də şırıltılı, köpüklü şırnaqlarla yolu islatmağa başladılar, onların ayaqları altındakı pudra kimi narın toz qatı isə nəmi canına Hopduraraq şişib kömbələdi.

Sonra onlar yenə tərpəndilər. İrəliyə doğru yol uzandıqca uzanırdı, arxada qalan dağlar get-gedə daha da aralanırdı.

Çox keçmədi, qabaqda şəhər həndəvərinin bağları göründü. Buraya çatanda atası cilovu yenidən özü tutası oldu. Və düz etdi. İndi Sultanmuradın gözünə nə cilov görünürdü, nə də atlar. Şəhərə çatmışdılar. Şəhərin səs-küyü, rəngləri, qoxuları qulaq batırırdı. Elə bil oğlanı coşqun selə atmışdılar və sel də onu fırlada-fırlada, dalğalarda ata-ata aparırdı.

Bax elə onda, həmən o xoşbəxt gün dünyada heç kəsə nəsib olmayan səadət gülmüşdü üzünə, onun bəxti gətirmişdi: Atçabarda, Cambulun iri mal bazarında səyyar zoopark köç salmışdı. Sən hələ təsadüfə bir bax: birinci dəfə şəhərə gələsən – orada da işin avandlığından heyvanxana ola, üstəlik də fırlanan yelləncəklər, əyriş-üyrüş güzgülər attraksionu…

2

Gülüş otağına o üç dəfə getdi. Doyunca gülür, sakitləşir, təzədən oraya qayıdırdı, həmin o möcüzəli əyriş-üyrüş güzgülərin yanına. Ölsən də, qalsan da ömrün boyu belə şeyi düşünüb tapa bilməzsən.

Muğayat olsunlar deyə atası arabanı tanış bir çayxanaçıya tapşırdıqdan sonra oğlunu aparıb bazar boyu gəzdirirdi. Əvvəl-əvvəl atasının burdakı özbək dostları ilə salamlaşdılar. «Əssalam əleyküm! Mənim böyük oğlumdur», – deyə Bekbay onu tanışlarına təqdim edirdi. Özbəklər Yerlərindən azacıq qalxır, əlini döşünə qoyaraq Sultanmuradı salamlayırdılar. «Nəzakətli xalqdır!» – atası məmnun halda dillənirdi.

Sonra satış malları sıralarına baxdılar, mağazalara baş çəkdilər, ən başlıcası isə heyvanxananı gəzib dolaşdılar. Adam yığnağını yara-yara bütün qəfəslərə və ağıllara baxırdılar. Fil, ayılar, meymunlar – nə başınızı ağrıdım, daha, nələr, nələr…

Sultanmuradın ən çox yadında qalan fil oldu – otu yandırılmış təpə kimi bozumtul-kül rəngli, tez-tez bir ayağından o biri ayağına mətərislənən, xortumunu yellədən nəhəng fil. Adamlar dayanıb gözlərini filə zilləyərək, olmazın şeylər danışırdılar. Deməzsənmi, fil siçandan qorxur. Deməzsənmi, onu cırnatmaq olmaz, yoxsa allah göstərməsin, zəncirdən qopar, şəhəri elə dağıdar ki, daşı daş üstə qalmaz. Amma, orası da var ki, Sultanmuradın daha çox bəyəndiyi qoca özbəyin hekayəti oldu: sən demə fil yer üzünün ən ağıllı heyvanı imiş. Meşə işlərində o öz xortumuyla ən ağır tirləri qaldırıb daşıyır, hələ bu harasıdır, əgər fil görsə ki, yaxınlıqda yaşlılardan heç kəs yoxdur və tək qalmış uşağı ilan çalmaq istəyir, yaxud qeyri təhlükə baş verə bilər, onda dərhal xortumunu işə salır, körpəni yerdən götürüb xilas edir.

Bu cür hekayətlər atasının da xoşuna gəlirdi. O, yerində dayanaraq heyrətlə başını bulayır, dilini nırçıldadır, hər dəfə də oğluna müraciətlə deyirdi: «Eşitdinmi? Dünyada gör necə möcüzələr var imiş!»

Bir də gülüş otağı, əlbəttə, yadında qalmışdı. Get, orda özün-özünə lap uğunanacan gül…

Sultanmurad özündən bir neçə parta arxada oturan Mırzagülə altdan-altdan göz ağartdı. «Sənin yərindir o gülüş otağı! – icməylə fikirləşdi. – Dərhal ayrı cür danışardın, ay gözəl! O əyriş-üyrüş güzgülərdə əksini görən kimi daha özünü heç dartmazdın». Oğlan elə bu dəm öz fikrindən xəcalət çəkdi. Nə yapışıb yazığın yaxasından, axı qız ona nə pislik eləyib? Özünə görə o da bir qızdır, intəhası sinifdəkilərin hamısından gözəldir. Buna görə təqsiri nədir? Bəzən hələ «jaman»33
  «Jaman»– «pis» qiymət


[Закрыть]
da alır.

Bir dəfə dərs vaxtı müəllim onun cib güzgüsünü əlindən almışdı. Güzgülənməyə tez başlamısan demişdi. Onda Mırzagül qıpqırmızı pörtmüşdü, az qalmışdı ağlasın. Sultanmurad o gün nədənsə qızın əvəzinə pərt olmuşdu. Dünya dağılmayıb ki, güzgüdür də, bəlkə təsadüfən düşüb qızın əlinə…

Sultanmurad qıza tərəf bir də baxdı, ona yazığı gəldi. Göm-göy göyərmişdi. Mırzagül, soyuqdan büzüşüb yumağa dönmüşdü, nəmli gözləri islanmış daşlar kimi işıldayırdı, bəlkə də ağlayırdı qız. Axı onun atası da, qardaşı da cəbhədəydilər… O isə qız barədə gör necə də pis fikirləşir. Eh, axmaqsan, Sultanmurad!

Sinifdəkilərin çoxu soyuqdəymədən öskürürdü. Bəlkə o da ökürsün hə? Özü də yalandan öskürməyə, silkələnməyə, əzilib-büzülməyə başladı. Nə olsun, hamı öskürür, o niyə öskürməsin, kimdən əskikdir ki? İnkamal müəllimə mənalı-mənalı ona göz ağartdı.

3

Heyvanxananı və gülüş otağını seyr etdikdən sonra onlar ara bazarına getdilər. Elə buradaca bəzi hədiyyələr aldılar. Hacımurada oyuncaq tapança – təptəzə, qəşəng, metal parıltılı, ilk baxışdan əsl naqandı ki, naqan. Qızlara isə rezin sapdan asılmış balaca yumşaq toplar aldılar. Rezin sapı dartanda top aşağı-yuxarı atılıb düşürdü. Anasına baş yaylığı, sonra da şirni-şirniyyat və başqa şeylər…

Bazarı başdan-başa gəzib dolaşdılar, hər şeyə baxdılar, oğlan təkcə fırlanan yelləncəyə minmədi, sözün düzü, bunu atası da təklif etmədi. Bu, dedi, uşaqlar üçündür, sənsə yekə igidsən, iki il keçər, səni evləndirərik. Zarafat edirdi kişi. Fırlanan yelləncəklərin yanında bir az dayandılar, tamaşa etdilər. Sonra atası tələsdirdi: – Stansiyaya, neft bazasına özümüzü çatdırmalıyıq, – dedi; çəlləkləri doldurandan sonra gəldiyimiz yolla geri qayıtmalıyıq. Vaxt daralmışdı. Gün şəhərin o tərəfinə əyiləndə onlar neft bazasına çatdılar. Buradan şəhərətrafı ilə getdilər, yolüstü çayxanada toqqanın altını plovla bərkidəndən sonra geriyə üz tutdular.

Axşam alaqaranlığında şəhərətrafı bağları arxada qoyaraq gündüz şəhərə gəldikləri həmin yola çıxdılar. Otların rayihəsini canına hopduran axşam havası ilıq və təravətli idi. Yolkənarı arxlarda qurbağalar quruldaşırdı. Atlar rahat yerişlə gedirdilər, dolu çəlləklərlə çox da iti getmək olmazdı. Sultanmuradı bala-bala mürgü basırdı. Yorulmuşdu. Necə də yorulmayaydı, bu gün – günlərin baş günüydü. Heyf ki, arabada uzanıb yatmaq üçün yer yox idi. Yaman yatmaq istəyirdi. Sultanmurad atasının çiyninə söykənərək, dünyadan xəbərsiz kimi yuxuya getdi. Təkərlər çala-çuxura düşəndə hərdən ayılırdı və dərhal da dərin yuxuya qapılırdı. Özü də hər dəfə yuxulamazdan əvvəl məqam tapıb fikirləşə bilirdi ki, nə yaxşı dünyada atalar varmış. Sığındığı ata çiyni onunçün rahat və etibarlıydı. Atların ayaq tappıltısı, arabanın cırıltısı, taqqıltısı isə öz işindəydi.

Azmı getdilər, çoxmu getdilər, Sultanmuradın yadında deyildi, lakin araba dayandı birdən. Təkərlərin səsi kəsildi. Ətrafa sükut çökdü. Atası onu qucağına alıb hara isə apardı.

– Buz baltasıdır, maşallah, aparmaq olmur. Necə də ağ oğlan oldu, – deyə atası onu bağrına basaraq deyinirdi.

Sonra onu quru ot tığının içinə qoyub, üstünü öz sırıqlığıyla örtərək dedi:

– Sən yat, mən də atları açıb otarım.

Sultanmurad heç gözünü də açmadı, elə şirin yatmışdı ki, yalnız yenidən onu fikirləşdi: nə yaxşı, nə yaxşı dünyada atalar varmış…

Atası çəkmələrinin bağını açaraq ayağından çıxardanda o yenə yuxudan oyandı. Bütün günü bu çəkmələr onun ayaqlarını gör necə də sıxırlarmış. Çəkmələrin sıxdığı atamın gözündən yayınmayıb, necə ağlına gəlib görəsən?

O təzədən yuxuladı, özü də bədəni elə asudələşmişdi ki, elə bil maneəsiz bir axına düşərək üzə-üzə gedirdi. Ona elə gəlirdi ki, geniş düzəngahdakı rəngarəng otların üstüylə külək dalğaları uğuldayıb keçir. O, həmin otların arasıyla qaçır, uğultuya qapılaraq batıb-çıxır, özü də üzən o uca yaşıl otluğa yuxarıdan səssiz-səssiz ulduzlar səpələnirdi. Gah burda, gah orda yerə səssizcə yanar ulduz şığıyıb düşürdü. Lakin o qaçıb oraya çatana kimi ulduz sönürdü. Bunun yuxu olduğunu bilirdi. Hərdən ayılanda çidarlanmış atların yaşıl otu dibindən necə biçdiklərini, ağızlarından çıxarılan yüyən gəmlərini cingildədə-cingildədə tayanın ətrafında necə fırlandıqlarını eşidirdi. O bilirdi ki, atası yanındaca yatır, bilirdi ki, çöldə geçələyirlər, əgər gözlərini açsa – doğrudan da göydən yağan ulduzları görə bilər…

Amma yuxu çox şirin olduğundan o, gözlərini açmaq istəmirdi. Gecə yarıdan keçəndən sonra hava ayazıdı. Tədricən yanaşaraq atasının böyrünə sığındı, atası da yuxulu-yuxulu onu özünə sıxdı. Onlar yol üstə, tərtəmiz çöldə, açıq havada yatmışdılar. Bu, sənə isti otaq, nazbalış deyil…

Sonralar ulduzlu yuxunu o, tez-tez xatırlayırdı…

İki addım qonşuluqdakı bildirçinin zərif «qur-qur»u dan sökülənəcən kəsilmədi… Yəqin bütün yer üzünün bildirçinləri xoşbəxtdirlər.

4

– Sultanmurad, sənə nə olub? – deyə İnkamal müəllimə onların partasına yanaşdı və yalnız indi-indi şagirdi onu göz önündə hiss etdi…

– Heç, elə bir şey olmayıb. – Elə bil özünü doğruldurmuş kimi, Sultanmurad ayağa qalxdı.

Sinif otağı əvvəlki kimi soyuq və sakit idi. Uşaqların gülüşü və alışdığı öskürək səsləri


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации