Электронная библиотека » Джордж Оруэлл » » онлайн чтение - страница 2

Текст книги "Kataloniyanı Xatırlarkən"


  • Текст добавлен: 29 ноября 2022, 15:41


Автор книги: Джордж Оруэлл


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Könüllülər dəstəsindəki hər xaricinin bir neçə həftə ərzində ispanları həm dəlicəsinə sevməyə, həm də bəzi cəhətlərindən ümidsizliyə qapılmağa imkanı olurdu. Cəbhədə həmin ümidsizlik məni bəzən dəlilik dərəcəsinə gətirirdi. İspanlarla təmasda olan xaricilərin hamısı onların astagəlliyindən, ən başlıcası isə heç bir əndazəyə sığmayan qeyri-dəqiqliklərindən dad döyürdü. İstəyib-istəməsə də hər xaricinin mütləq öyrəndiyi bir ispan sözü vardı. Bu manana kəlməsi idi. Mənası “ertəsi gün”, “sabah”-deməkdir. İspanlar ələ ən kiçik imkan düşən kimi indi görülməli işi həvəslə mananaya-sabaha saxlayırdılar. Bu xüsusiyyət geniş yayıldığından özlərinin arasında da zarafat mənbəyinə çevrilmişdi. İspaniyada yeməkdən tutmuş döyüş əməliyyatyına qədər heç bir iş təyin edildiyi vaxtda baş tutmurdu. Hər məsələdə gecikmək milli ənənəyə çevrilmişdi. Lakin ara-sıra sanki sizin hər şeyi daimi gecikməyə hesablamağınızın acığına bəzi işlər deyiləndən əvvəl görülürdü. Qrafiklə saat səkkizdə hərəkət etməli olan qatar adətən doqquzda, yaxud onda yola düşürdü. Amma həftədə bir dəfə, görünür, maşinistin şıltaqlığı ucbatından həmin o səhər saat səkkiz qatarı stansiyadan yarım saat tez çıxırdı. Bu da onlarla adamın əsəblərinin yerindən oynamasına səbəb olurdu. Nəzəri baxımdan ispanların vaxtı saya salmamaları məni vəcdə gətirirdi. Çünki şimal xalqlarında dəqiqlik artıq xəstəliyə çevrilib. Lakin bir məsələ var ki, mən özüm də həmin xəstəlikdən əəziyyət çəkiridm.

Çoxsaylı şayiələrdən, saysız-hesabsız manana-lardan, gündəlik təxirəsalmalardan sonra heç gözləmədiyimiz vaxtda cəbhə xəttinə hərəkət əmri aldıq. Əmr verilsə da hələ heç kimə lazımi sursat və azuqə paylanmamışdı. Nəticədə bəzi döyüşçülər zəruri şeylərlə təmin olunmadan yola çıxırdılar. Hazırlaşdığımız vaxt haradan gəldikləri bilinməyən qadınlar dəstə ilə kazarmasya doluşdular. Onları odeyalları büküb-qatlamaqda, əşyaları çantaya doldurmaqda yaxınlarına kömək edirdilər. Bunu demək xoş olmasa da, yeni patrondaşımı sahmana salmaqda dəstəmizdəki digər ingilis könüllüsünün – Vilyamsın ispan xanımı mənə yardım göstərdi. O, zərif, qara gözlü, çox məlahətli qadın idi. Düşünürdün ki, belə qadının yeganə məşğuliyyəti körpəsinin beşiyini yırğalamaq olmalıdır. Lakin iyuldakı küçə döyüşləri zamanı hamıdan cəsarətlə vuruşurdu. Südəmər körpəsini də kazarmaya gətirmişdi. Uşaq müharibə başlanandan on ay sonra doğulmuşdu. Qadının elə barrikadada hamilə qaldığını anlamaq çətin deyildi.

Qatar saat səkkizdə stansiyadan çıxmalı idi. Lakin yorulub əldən düşmüş, qan-tər içərisində olan zabitlər bizi yalnız doqquza on dəqiqə işləmiş kazarmanı həyətində sıraya düzə bildilər. Məşəllərin işıqlandırdığı həyət, həyəcan və çığırtılar, havada dalğalanan al-qırmızı bayraqlar, bellərinə iri bağlamalar şəlləmiş, odeyallarını bürmələyərək pulemyot şəridi kimi sinələrinə çalın-çarpaz bağlamış könüllülər cərgəsi, biri-birinə qarışmış səslər, çəkmələrin tappıltısı, dəmir qumqumaların cingiltisi hələ də gözlərim önündən çəkilmir. Sonra hamını sakitliyə çağıran hökmlü komanda verildi. Amma səs-küy bir müddət də davam etdi. Katalon dilində nitq söyləyən siyasi komissarın səsi indi də qulaqlarımdadır. Vağzal binasına tərəf addımladıq. Bütün şəhərə göstərmək məqsədi ilə bizi ən uzun yolla aparırdılar. Ramblas meydanında nəfəsli orkestrin çaldığı inqilabi marşı dinləməkdən ötrü bir neçə dəqiqə dayandıq. Qaliblər paradı təzədən başlandı-coşqun əhvali-ruhiyyə və qışqırtılar, tünd qırmızı və qırmızı-qara bayraqlar, səkilərdə dayanıb könüllüləri salamlayan insanlar, pəncərələrdən əl edən qadınlar… O zaman bütün bunlar necə təbii təsir bağışlayırdı! İndi isə hər şey necə uzaq və əlçatmaz görünür… Qatara o qədər adam doluşmuşdu ki, oturacaqlar bir yana qalsın, heç döşəmədə də ayaq basmağa yer yox idi. Sonuncu dəqiqədə Vilyamsın ispan xanımı qaçaraq özünü vağzala çardırdı. Bizə bir şüşə şərab və uzunluğu yarım metrə çatan tünd qırmızı rəngli kolbasa verdi. Kolbasadan sabun iyi gəlirdi. Yeyən kimi adamın qarnını açırdı. Qatar yerindən tərpəndi. Kataloniyanı arxada qoyaraq müharibə vaxtının qaydası ilə-saatda 20 km. sürətlə Araqon təpələrinə tərəf sürünməyə başladı.

II

Barbastro şəhəri arxa cəbhədə sayılsa da, zəhmli və xarabazar görkəmi vardı. Köhnə-kürüş paltarlı könüllülər dəstəsi qızınmağa yer axtara-axtara şəhərin küçələrini dolaşırdı. Uçub-dağılmış divarda ötən ildən qalma plakat diqqətimi çəkdi. Filan tarixdə şəhər stadionunda “altı gözəl öküzün” öldürüləcəyi bildirilirdi. Bu plakatın solmuş rənglərinə nə qədər qüssə, kədər hopmuşdu! O “gözəl öküzlər” və qorxubilməz matadorlar hara qeyb olmuşdular? Eşitdiyimə görə, indi heç Barselonada da öküz döyüşləri keçirilmirdi. Çünki ən yaxşı matadorlar faşistlərin tərəfinə keçmişdilər.

Bizim rotanı yük maşınlarında əvvəlcə Sietamoya, sonra isə Alkuberreden qərbdə, Saraqosa yaxınlığında, cəbhə xəttinin arxasında yerləşən kəndə gətirdilər. Oktyabrda anarxistlər Saraqosada mövqelərini möhkəmləndirənə qədər şəhər üç dəfə əldən-ələ keçmişdi. Evlərin bir hissəsi mərmi atəşləri ilə dağıdılmışdı. Salamat qalanların hamısında güllə izləri gözə dəyirdi. Dəniz səviyyəsindən 500 metr yüksəklikdə idik. Hava xeyli soyumuşdu. Hər tərəfi qalın duman bürümüşdü. Yük maşınının sürücüsü haradasa Sietamo ilə Alkuberre arasında azdı (bu da qatıldığımız savaşın özəlliklərindən biri idi) və uzun müddət göz-gözü görməyən qatı dumanda yol axtarmalı olduq. Alkuberreyə yalnız gecə yarısı gəlib çatdıq. Naməlum bir şəxs bizi çirkli gölməçələrdən keçirib nə vaxtsa qatırlar üçün tikilmiş tövləyə gətirdi. Püfəni eşələyib özümüzə yer düzəltdik. Dərhal da yuxuya getdik. Yatmaq üçün püfə otdan pisdir, amma samandan qat-qat yaxşıdır. Yalnız səhər hava işıqlaşanda püfənin içinin çörək qırıntıları, qəzet parçaları, ölmüş siçovul cəsədləri və boş konserv qutuları ilə dolu olduğunu gördük.

İndi cəbhədən çox da uzaqda deyildik. Hətta müharibənin səciyyəvi qoxusunu hiss edəcək dərəcədə yaxın idik. Fikrimcə, həmin səciyyəvi qoxu nəcis və çürümüş ərzaq iyidir. Alkuberreni bomalamaməşdılar. Ona görə də cəbhə xəttindəki kəndlərin çoxuna nisbətən daha abad görünürdü. Ancaq fikrimcə, dünyanın düz vaxtında da İspaniyanın bu hissəsinə yolu düşən hər kəs Araqon kəndlərinin çirkab və səfalət içərisində boğulduğunu görməyə bilməzdi. Kəndlər hamısı sanki qalaça şəklində salınmışdı. Daş və gildən tikilmiş balaca, çirkli daxmalar kilsənin dörd bir yanını tutmuşdu. Hətta yaz aylarında da heç yerdə gül-çiçək görə bilməzdiniz. Evlərin qarşısında, yaxud arxasında bağça salınmamışdı. Yalnız arıq, caydaq toyuqların peyin təpəcikləri üzərində eşələndiyi zibilliyi xatırladan həyətlər vardı. Havalar çox pis keçirdi. Yağışla duman dayanmadan bir-birini əvəz edirdi. Dar yollar çirkab gölməçələrinə çevrilmişdi. Oradan keçən yük maşınları ətrafa palçıq yağdırır, bir neçə qatırın çəkib apardığı kəndli arabaları batıb qalırdı. Bəzən bir arabaya yarımdairə şəklində altı qatır qoşulurdu. Hərbi hissələrin yolunun üstdə olması kəndi böyük zibilliyə çevirmişdi. Tualet, yaxid kanalizasiya xətti ilə bağlı anlayış yerli-dibli yox idi. Ona görə də nəcisi tapdalamamaq üçün dəqiqəbaşı ayağının altına baxmadan gedə biləcəyin bir yer tapmaq müşkül məsələyə çevrilirdi. Kilsəni çoxdan ayaqyoluna çevirmiş, yüz metr həndəvərini də batırmışdılar. Müharibənin ilk iki ayı təsəvvürümdə yalnız hər tərəfdən bərkiyib qabıq başlamış insan nəcisi ilə örtülü soyuq torpaq zolağından ibarət idi.

Gəlişimizdən iki gün keçmişdi. Amma hələ də tüfəng verməmişdilər. Comite de Cuerreaya66
  Comite de Guerreya (İsp.) – Hərbi Komitə


[Закрыть]
baş çəkəndən və divarda güllələrin açdığı deşiklərə (burada faşistləri güllələyirdilər) tamaşa edəndən sonra əslində Alkuberrenin bütün diqqətəlayiq yerlərini görmüş olurdunuz. Deyəsən, cəbhədə sakitlik idi. Çünki kəndə çox az yaralı gətirilirdi. Əsas əyləncə faşist ordusundan qaçan dezertirlərin gəlişi idi. Onalrı adətən konvoy müşaiyət edirdi. Burada bizə qarşı vuruşanların çoxu əqidəli faşist deyildi. Sadəcə müharibə başlanan vaxt nəhs təsadüf nəticəsində həqiqi hərbi xidmət keçən əsgərlər idi. Çoxu ordudan qaçmaq haqqında fikirləşirdi. Ona görə də tez-tez cəbhə xəttini keçirdilər. Əgər qohumarı faşist nəzarəti altındakı ərazidə qalmasaydı, fərarilərin sayı daha çox olardı. Dezertirlər gördüyüm ilk doğruçu “faşistlər” idi. Xaki rəngli kombinezonlarını çıxmaq şərti ilə bizim döyüşçülərdən heç nələri ilə fərqlənməmələri mənə heyrətamiz görünürdü. Onlar yol axtara-axtara neytral ərazidə iki-üç gün dolaşandan sonra acından heydən düşmüş halda yanımıza gəlib çıxırdılar. Dərhal da faşist ordusundakı dəhşətli aclıqdan danışmağa başlayırdılar. Kəndli daxmasında belə dezertirlərdən birinin necə yedirdildiyini görmüşdüm.

Bu,əslində çox kədərli mənzərə idi. Üzünü şaxta və külək qarsımış iyirmi yaşlarında, ucaboy,cındır paltarlı cavan oğlan ocağın qarşısında çöməltmə oturmudu. Qarşısındakı kasadan ət parçalarını qaşıqlayıb ağzına doldururdu. Gözləri ətrafında dayanıb onu seyr edən könüllülərin sifətində dolaşırdı. Deyəsən, hələ də ürəyinin dərinliklərində “qırmızıların” qaniçən olduqlarına inanır, yeməyini qurtaran kimi öldürüləcəyini düşünürdü. Yəqin, bunu hiss edən silahlı nəzarətçi əlini onun çiyninə vurub Katalon dilində sakitləşdirici sözlər deməyə başladı. Bir gündə düz on beş nəfər dezertirin kəndə gətirildiyi yadımdadır. Onları təntənə ilə küçələrdən keçirib apardılar. Qabaqda ağ atın üstündə bir nəfər gedirdi. Mən o qədər də yaxşı çıxmayan foto çəkdim. Amma sonra onu haradasa itirdim.

Alkuberredə mənzil salandan üç gün sonra nəhayət tüfəngləri gətirdilər. Kobud, tünd sarışın sifətli baş serjant tövlədə onları bizə payladı. Öz tüfəngimi görəndə dəhşətə gəldim. 1896-cı ilin, yəni qırx il əvvəlin istehsalı olan alman “Mauzeri” idi. Tamam pas atmışdı. Çaxmağı güclə gedib-gəlirdi. Ağac qundağı çatlayıb iki yerə bölünmüşdü. Lüləsinə ani nəzər salan kimi onun da pas içində olduğunu gördüm. Tüfənglərin çoxu mənimkindən yaxşı vəziyyətdə deyildi. Bəziləri daha bərbad halda idi. Az-çox işə yarayanları silahdan istifadə etməyi bacaranlara vermək heç kəsin ağılına gəlməmişdi. On il əvvəlin istehsalı olan ən yaxşı tüfəng “maricon” (“qızcığaz”) ləqəbli on beş yaşlı yaramaza qismət olmuşdu. Serjant silahla davranış qaydaların izahına cəmisi beş dəqiqə sərf etdi. Sadəcə tüfəngi necə doldurmağı, bir də çaxmağı çəkməyi öyrətdi. Könüllülərin çoxu əllərinə ilk dəfə silah alırdılar. Aralarında nişangahın nə olduğunu bilənlər tək-tük idi. Adambaşına əlli patron verdilər. Sonra hamını sıraya düzüb kəndin beş kilometrliyində yerləşən atəş xəttinə apardılar.

Səksən nəfər döyüşçüdən və bir neçə itdən ibarət senturion – başıpozuq dəstə yola düzəldi. Hər könüllü dəstəsi sehrli talisman kimi mütləq özü ilə it aparırdı. Bizim böyrümüzə də dərisinə iri hərflərlə P.O.U.M. damğası vurulmuş zavallı bir köpək addımlayırdı. Deyəsən, özü də yazıq görkəmindən utanırdı. Dəstənin önündə, qırmızı bayrağın altında alaşa atın belində komandirimiz, tökməbədən belçikalı Jorj Kopp gedirdi. Ondan qabaqda isə süvari dəstənin döyüşçülərindən birinin – üzdən uşaq təsiri bağışlayan, əslində isə quldura bənzəyən cavan oğlanın atı səkirdi. O, az qala hər təpəciyin belinə dördnala çaparaq çıxır, balaca zirvələrdə teatral əda ilə müxtəlif pozalar alaraq özünü göstərirdi. İnqilab zamanı ispan süvarilərinin çoxlu sayda əla cins atları ələ keçirilmişdi. Atlar könüllülər arasında paylanmışdı. Onlar isə xüsusi qulluq tələb edən bu zavallı heyvanları ürəkləri çatlayana qədər çapıb öldürməkdən başqa bir şey bacarmırdılar.

Yol ötən ilki məhsul yığımından sonra başlı-başına buraxılmış sarı, bəhərsiz tarlaların arasından keçirdi. Önümüzdə Alkuberreni Saraqosadan ayıran alçaq təpələr uzanıb gedirdi. Cəbhə xəttinə lap az qalırdı. Get-gedə bomba partlayışlarına, pulemyot atəşlərinə, qana və ölümə yaxınlaşırdıq. Ürəyimin dərinliklərində qorxu hiss edirdim. İndi cəbhədə sakitlik hökm sürdüyünü bilirdim. Amma həmvətənlərimin çoxundan fərqli olaraq Birinci Dünya müharibəsinin təcrübəsindən xəbərim vardı. O müharibədə iştirak etməsəm də hərb təsəvvürümə güllələrin vıyıltısı, mərmilərin od saçan dəhşətli partlayışı ilə həkk olunmuşdu. Amma müharibə deyiləndə gözlərim önündə daha çox çirkab, aclıq, soyuq və insan bədənini basmış bit-birə canlanırdı. Qəribə də olsa, soyuq mənə düşməndən də qorxulu görünürdü. Barselonada qaldığım günlər ərzində soyuqla bağlı fikirlər başımdan bir an da çıxmırdı. Hətta gecələr yuxuya gedə bilmirdim. Səngərlərə hakim kəsilən soyuq, səhərin alaqaranlığında dişin-dişinə dəyə-dəyə gözlərini açmaq, qırov basmış tüfənginə söykənib saatlarla qarovulda dayanmaq, buz kimi çirkli su dolmuş ayaqqabıların fırça-fırç səsi haqqında düşünürdüm. Yanımca addımlayan silahdaşlarıma baxanda məni dəhşət bürüyürdü. Hərəsi bir tərəfdən gəlmiş bu adamların necə əcayib dəli yığnağına bənzədiklərini gözünüz önünə gətirə bilməzsiniz. Qoyun sürüsü kimi başımızı aşağı salıb gedirdik. İki saat keçməmiş arxadakıları gözdən itirdik. Yekə-yekə döyüşçü adlandırılan könüllülərimizin yarısı uşaq idi. Həm də sözün həqiqi mənasında uşaq! Bəzilərinin heç on altı yaşı tamam olmamışdı. Amma hamısı özünü çox xoşbəxt sayırdı. Nəhayət, cəbhəyə gəlmələrinin sevincindən az qala başlarını itirmişdilər. Ön atəş xəttinə yaxınlaşanda əllərində qırmızı bayraq irəlidə gedənlər “Visca P.O.U.M.! Fascistas-maricones77
  Yaşasın P.O.U.M! Faşistlər qorxaqdır! (İsp.)


[Закрыть]
! -deyə qışqırmağa başladılar. Qışqırıqlarının mümkün qədər qorxunc və təhdidedici olmasına çalışırdılar. Lakin uşaqların dilində bu səs-küy pişik miyoltusu kimi zəif-şikayətçi tərzdə çıxırdı. Deməli, Respublikanın müdafiəçiləri cır-cındır geyimli, atmağı bacarmadıqları köhnə tüfənglərlə silahlanmış uşaq-muşaq idi. Yadımdadır, o zaman öz-özümdən sual edirdim: əgər qəflətən başımızın üstündə faşist təyyarəsi görünsə, onda nə olacaq? Təyyarəçi lap aşağı enib hamımızı pulemyot atəşi ilə biçəcək? Düşünürdüm ki, heç birimizin həqiqi döyüşçüyə bənzəmədiyini havadan da görmək mümkündür.

Təpəyə çatandan sonra sağa döndük, qatırların saldığı cığırla zirvəyə tərəf qalxmağa başladıq. İspaniyanın bu hissəsində təpələrin qəribə forması vardı – onlar zahirən nala bənzəyirdilər, zirvələri yastı, yamacları isə çox sərt idi. Yamaclar hamısı dərin dərələrə enirdi. Təpələrdə yalnız sısqa kollar, bir də ciriş ağacları bitirdi. Hər yerdə torpağın altından çıxmış ağ əhəng daşları gözə dəyirdi. Cəbhə xətti təbii ki, səngərlərin düz sırasından ibarət deyildi. Belə dağlıq yerdə düz xətt boyu uzanan səngər qazmaq çətin məsələdir. Ona görə də cəbhə xətti deyiləndə ilk növbədə təpələrin başındakı möhkəmləndirilmiş məntəqələr silsiləsi nəzərdə tutulurdu. Onlar “mövqe” adlanırdı. Uzaqdan “nalın” düz yuxarı hissəsində yerləşən “mövqeyimizi” görmək mümkün idi. Qum doldurulmuş kisələrdən sipər, havada dalğalanan qırmızı bayraq, tonqalın tüstüsü onun yerini dəqiq nişan verirdi. Lap yaxına gələndə isə sizi ürək bulandıran şirintəhər iy vuracaqdı. Həftələrlə bu dəhşətli qoxu burnumdan çəkilmirdi. Aylarla bütün tullantılar – kiflənmiş çörək qabıqlarından ibarət bütöv bir təpə, insan nəcisi və paslanmış konserv bankaları “mövqenin” iki addımlığında dağ kimi qalaqlanıb ətrafa dəhşətli üfunət yayırdı.

Bizim ön xətdə əvəz edəcəyimiz rota artıq bağlamalarını yığırdı. Onları bura üç ay əvvəl gətirmişdilər. Pal-paltarları çirk içərisində idi, çoxunun ayaqqabılarının altı qopub aralanmışdı, sifətlərini qalın tük basmışdı. Mövqenin komandiri, hamının nədənsə Bencamin cağırdığı kapitan Levinski öz səngərindən çıxıb gəldi.

Fransız dilində əsl fransız kimi danışan Polşa yəhudisi idi. Təxminən iyirmi beş yaşlarında olardı. Boyu balaca, cod saçları qapqara idi. Canlı və solğun sifəti səngərdəkilərin hamısı kimi çirkə-pasa batmışdı. Başımızın üstündən, amma çox yuxarıdan vıyıltı ilə bir neçə təsadüfi güllə keçdi. Mövqe təxminən qırx beş metr ölçüdə, yarımdairə şəklində qurğudan ibarət idi. Ön tərəfdə içərisinə qum doldurulmuş kisələrdən və əhəngdaşı parçalarından sipər düzəldilmişdi. Atəş xəttinin arxasında siçovul yuvasını xatırladan otuz, bəlkə də qırx kiçik səngər qazılmışdı. Vilyam, mən, bir də Vilyamın ispan qaynı özümüzü rastımıza çıxan ilk səngərə saldıq. Qarşı tərəfdən tək-tək atılan güllə səsləri eşidilirdi. Atəş dalğa-dalğa ətrafa yayılıb qayalarda əks-səda verirdi. Bağlamalarımızı səngərin dibinə atıb yuxarı qalxmağa macal tapmamış yenə atəş açıldı. Ardınca da dəstəmidəkilərdən biri özünü tələsik səngərə tulladı. Üz-gözü qan içində idi. Sən demə, həvəslənib tüfəng atmaq istəyirmiş, amma gözlənilmədən çaxmaq partlamışdı. Ətrafa saçılan qırmalar başının dərisini yaralamışdı. Bu cavan oğlan ilk yaralımız idi. Zədəni özü-özünə vurmuşdu.

Axşam ilk döyüşçülərimizi qarovula göndərdik. Bencamin isə mövqeni başdan-başa bizə göstərdi. Sipərin önündə, qayalıqda sadəcə biri-birinin üstünə qalaqlanmış əhəng daşlarından ibarət çox bəsit ambrazuraları olan ensiz tranşeylər qazılmışdı. Tranşeylərdə qarovul xidmətinə çıxan on iki nəfər yerləşə bilərdi. Səngərlərin önünə tikanlı məftil çəkilmişdi. Yamac isə elə bil dibsiz yarğana enirdi. Qarşı tərəfdə boz və soyuq çılpaq təpələr, bəzən də iri, sal qayalar gözə dəyirdi. Heç yerdə həyat nəfəsi hiss olunmurdu. Hətta quşlar da uçmurdular. Faşist səngərlərini görmək üçün ehtiyatla başımı qaldırıb ambrazuranın o biri tərəfinə baxdım.

–Düşmən haradadır?

Bencamin əli ilə havada enli dairə cızdı.

–Orada (Bencaminin ingiliscəsi dəhşət idi)

–Harada orada?

Mövqe müharibəsi haqqındakı təsəvvürlərimə görə faşist səngərləri haradasa bizimkilərdən əlli-yüz metrlik məsafədə yerləşməli idi. Amma gözə heç nə dəymirdi. Yəqin səngərlərini yaxşı gizlətmişdilər. Yalnız sonradan anladım ki, Bencamin yarğanın o biri tərəfini, qarşıdakı təpənin zirvəsini göstərir. Aradakı məsafə təxminən yeddi yüz metr olardı. Diqqətlə baxanda həqiqətən də ensiz zolaq kimi uzanıb gedən sipəri və yuxarıda dalğalanan sarı-qırmızı rəngli bayrağı gördüm. Doğrudan da düşmən mövqeyi idi. Dərhal ağlagəlməz ruh düşkünlüyünə qapıldım. Gör düşməndən nə qədər aralıda idik! Belə uzaq məsafədə tüfənglərimiz bir işə yaramayacaqdı. Kiminsə həyəcanlı səsi məni fikirdən ayırdı. İki faşist (məsafə uzaq olduğundan yalnız iki boz fiqur görə bilirdik) qarşı tərəfdəki təpənin çılpaq yamacı ilə sürünürdü. Bencamin tələsik yaxınlıqdakı döyüşçünün tüfəngini götürdü. Nişan alıb tətiyi çəkdi. Şaqqıltı səsi eşidildi. Güllə boşa çıxdı. Fikirləşdim ki, boş atəş yaxşı əlamət deyil.

Yeni qarovul nəfərləri tranşeydəki yerlərini tutmağa macal tapmamış bu dəfə düşmən bizə şıdırğı atəş yağışına tutdu. İşıq gələn yerləri elə nişan alıb atırdılar ki, sanki qəpiyin düz ortasından vururdular. Onları görə bilirdim. Qarışqa kimi balaca boyları ilə sipərin arxasında o tərəf-bu tərəfə qaçışırdılar. Arada isə sanki bizə acıq verirlərmiş kimi uzaqdan nöqtə kimi görünən balaca qara başlarını səngərdən çıxarırdılar. Atdığımız güllələrin faydasızlığı gün kimi aydın idi. Amma əsl ispan qaydası ilə heç kimdən icazə almadan postu özbaşına tərk edib yanıma gələn qarovul nəfəri təkidlə düşmənə atəş açmağımı istəyirdi. Onu başa salmağa çalışırdım ki, belə məsafədən, üstəlik də əlimdəki tüfəng kimi yararsız silahdan hədəfi nişan alıb vurmaq yalnız mində bir təsadüfdə uğurla nəticələnə bilər. Yanımda dayanan xalis uşaq idi. Aramsız olaraq tüfənginin lüləsi ilə əks tərəfdə qaralan nöqtələrdən birini göstərir, qarşısına atılacaq sümüyün arxasınca tullanmağa hazır vəziyyətdə dayanan it kimi dişlərini qıcayaraq səbirsizliklə atəş açmağımı gözləyirdi. Onun israrlı xahişlərinə dözməyib nişangahı yeddi yüz metrin üzərinə qoyub tətiyi sıxdım. Nöqtə yoxa çıxdı. Deyəsən, güllə çox yaxından keçdiyindən faşist özünü dərhal yerə atmışdı. Həyatımda ilk dəfə idi ki, insana atəş açırdım.

Nəhayət, cəbhənin nə olduğunu görəndən sonra hər şeyə nifrət eləməyə başladım. Bunun nəyi müharibədir? Biz düşmənlə demək olar ki, üz-üzə gəlmirdik. Hətta belimi əymədən səngərlə o baş-bu başa addımlaya bilərdim. Amma bir neçə dəqiqə keçməmiş güllə dəhşətli səslə vıyıldayaraq düz qulağımın dibindən keçdi, səngərin arxa divarına sancıldı. Heyhat! Dərhal başımı aşağı əydim. Dönə-dönə and içmişdim ki, həyatım boyu heç vaxt üstümə gələn ilk güllənin önündə baş əyməyəcəyəm. Lakin görünür, bu hərəkət tam instinktivdir və hər bir adam həyatında azı bir dəfə gülləyə təzim etməli olur.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации