Электронная библиотека » Джордж Оруэлл » » онлайн чтение - страница 1

Текст книги "Kataloniyanı Xatırlarkən"


  • Текст добавлен: 29 ноября 2022, 15:41


Автор книги: Джордж Оруэлл


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Corc Oruell
Kataloniyanı Xatırlarkən

TANIMADIĞIMIZ CORC ORUELL

Görkəmli ingilis yazıçısı Erik Artur Blerin (Corc Oruell) dünya miqyasında bestsellerə çevrilmiş “1984” romanı və “Heyvanıstan” povestini oxuyanlar diqqətlərinə təqdim edilən bu əsərlə tanışlıq zamanı tamamilə fərqli Oruellə rastlaşacaqlar.

O, artıq sadəcə hüdudsuz fantaziyasının köməyi ilə biri-birindən ağlagəlməz səhnələr rəsm edən yazıçı deyil, həm də hərbi jurnalistdir, filosof və esseistdir, ən yeni dövrün tarixçisidir. O, yüksək publisistika nümunəsinin yaradıcısıdır, sərt həqiqətləri sənətin qadir dili ilə ifadə etməyi bacaran ustaddır. Həqiqətin gözünə dik baxan, onu rəssam dəqiqliyi ilə canlandıran amansız realistdir.

Qlobal miqyaslı antiutopiyalar müəllifi bu dəfə sizin qarşınıza konkret ölkədə tarixin bəlli bir dövrünün ilk baxışdan hətta darıxdırıcı görünə bilən təsvirçisi kimi çıxacaq. İştirakçılarından olduğu 1936-1937-ci illər ispan vətəndaş müharibəsinin dəhşətlərini yalnız Oruell miqyaslı yazıçıların görə və göstərə biləcəyi tərzdə təqdim edəcək.

Tamam fərqli Oruellin qələmindən çıxan bu əsər onun sonrakı yaradıcılığı ilə dissonans təşkil edirmi? Əminliklə demək olar: Yox!

Əslinə baxsan fərdi yaradıcılıq şöhrətinin zirvəsinə -“1984” antiutopiyasına və ondan az məşhur olnayan “Heyvanıstan” povestinə gedən yol müəllifin sənədli roman kimi təqdim etdiyi, tarixi esseistika ilə belletristikanın üzvi şəkildə birləşdiyi “Kataloniyanı xatırlarkən” əsərindən başlanmışdı.

Corc Oruell özü bu barədə deyirdi: “İspan müharibəsi və 1936-1937-ci illərin digər hadisələri gündəlik yaşamımdakı tarazlığı pozdu. Həmin vaxtdan mən artıq həyatdakı yerimin harada olduğunu bilirdim. 1936-cı ildən başlayaraq yazdığım hər ciddi sətir totalitarizmə qarşı mübarizə ilə birbaşa, yaxud dolayı yolla bağlı idi”. Həmin mübarizənin mənbəyində isə “Kataloniyanı xatırlarkən” sənədli romanı dayanırdı.

Totalitar təfəkkürün və idarəçilik sisteminin ən sərt, barışmaz opponentlərindən biri kimi tanınan Corc Oruelli ispan kommunistləri ilə ispan frankistləri arasındakı qanlı savaşa qoşulmağa cəlb edən nə idi? Axı kütlə psixologiyasına əsaslanan faşizm də kommunizmin astar üzü idi.

Amma məsələ buradadır ki, Oruell gənclik illərindən kommunist ideyaları ilə yaxından maraqlanmışdı. Hətta ingilis xüsusi xidmət orqanı– Skotland Yard 1929-cu ildən etibarən onu əsərləri və şəxsi fəaliyyəti ilə kommunizm təbliğ edən yazıçı kimi daim diqqətdə saxlamışdı. Oruell həqiqətən də yer üzündə sosial ədalət cəmiyyəti qurulma-sını arzulayırdı. Hətta bu arzunun gerçəkləşməsi yolunda qaydasız döyüşün aparıldığı ispan müharibəsində həyatını riskə atmaqdan da çəkinməmişdi. SSRİ-yə və sovet rejiminə barışmaz nifrətinin kökündə isə bir zamanlar insanlara nicat yolu kimi görünən kommunist düşüncənin bu ölkədə ifrat şəkildə bayağılaşdırılması, eybəcərləşdirilməsi, kommunist azlığın mütləq çoxluq üzərində əxlaq və mənəviyyat prinsiplərinə uymayan hakimiyyətinin bərqərar olması idi.

Amma bu görüş bucağı, prinsipial yanaşma tərzi daha aydın şəkildə 1940-cı illərdə meydana çıxacaqdı.

Sosialist ideyalara rəğbətini heç zaman gizlətməyən Corc Oruell 1936-cı ilin dekabrında Hitler Almaniyasının dəstəklədiyi frankist rejimə qarşı vuruşmaq üçün beynəlmiləl dəstənin tərkibində İspaniyaya gəlmişdi. Bu ölkəyə gəlməkdə başlıca məqsədi, özünün də etiraf etdiyi kimi, təkcə faşizmə nifrətini bildirmək yox, həm də konkret olaraq ən azı bir faşist öldürmək idi. Lakin 6 ay çəkən məşəqqətli müharibə həyatında “öz faşistini” öldürmədən Fransa üzərindən İngiltərəyə qayıtmalı olmuşdu. Konkret faşist öldürə bilməsə də faşizmə, kommunizmə – bir sözlə, hər cür totalitarizmə ağır zərbə vuran və növbəti öldürücü zərbələr üçün baza yaradan diqqətəlayiq əsər qələmə ala bilmişdi.

Corc Oruell İspaniyaya Müstəqil Əmək Partiyası – leyboristlər xətti ilə gəlmişdi. Və gələn kimi də Kataloniyadakı mürəkkəb siyasi həyatın girdabına düşmüşdü. Tarixdən məlumdur ki, ispan faşizminə qarşı vuruşan respublikaçılar əslində eyni hədəf güdsələr də, vahid bayraq altında birləşə bilməmişdilər. Əsərdə gətirilən çoxsaylı abbreviaturalardan da göründüyü kimi beynəlxalq solçu qüvvələrin dəstəklədiyi trotskiçi qüvvələr (POUM), anarxo-sindikalistlər (CNT) və Sovet İttifaqına bağlı olan ispan kommunistləri (PSUC) əslində eyni amala xidmət etsələr də hər biri ilk növbədə öz məhdud marağını ön plana çəkirdi.

Corc Oruell POUM sıralarında döyüşmüşdü. Bu da onun hələ 1930-cu illərin sonlarında SSRİ ilə münasibətlərinin korlanmasına gətirib çıxarmışdı. Həmin dövrdə Moskvada nəşr olunan “İnternasionalnaya literatura” (indiki “İnostrannaya literatura”nın sələfi) yazıçını bir növ öz tərəflərinə çəkmək üçün onun “The Road to Vegan Pier” (“Veqan Perə gedən yol”) romanını rus dilinə çevirib çap etmək istəyirdi. Jurnalın redaksiyası bu barədə Oruellə məlumat verəndə o, sözün doğrusunu deməyi hər şeydən üstün tutan namuslu adam kimi, həm də həmkarlarını labüd təhlükədən qorumaq üçün (hadisə 1937-ci ildə vaqe olurdu) İspaniyada, Franko faşizminə qarşı POUM sıralarında vuruşduğunu bildirmişdi. Təkcə bu fakt hələ birmənalı şəkildə SSRİ-yə və sosializm sisteminə parodiya kimi qəbul olunan “Heyvanıstan”ı və “1984” yazmamışdan əvvəl ingilis müəllifinin adının Sovet İttifaqında “qara siyahıya” salınmasına kifayət etmişdi. Beləcə Oruell barışmaz düşməninə çevrildiyi totalitar təfəkkür sistemindən ilk zərbəni yemişdi.

Realist yazıçı kimi ispan müharibəsi Oruelli ideallarının aliliyi, qəhrəmanlıq patetikası ilə özünə çəkməmişdi. Heç bir qəhrəmanlıq patetikasından da söz gedə bilməzdi. O, bütün fəlakətləri, dəhşətləri, çirkabı, monotonluğu və mənasızlığı ilə adi müharibənin təsvirinə daha böyük üstünlük vermişdi. Müəllif yüksək ideal uğrunda vuruşan standart vətənpərvər hərbçi obrazı yaratmağa çalışmır, aclıqla, soyuqla, bit-birə ilə mübarizə aparan, bəzən taleyin ümidinə buraxılan, həqiqətən də yaralanmaqdan və öldürülməkdən qorxan, düşmən gülləsindən daha çox laqeydliyin, sahibsizliyin qurbanı olan könüllülərin ağır hərb həyatını bəzən naturalizmə varacaq bir dəqiqliklə təsvir edir.

“Kataloniyanı xatırlarkən” müasir ingilis ədəbiyyatında yaranmış güclü və təsirli pasifist əsərlərdən biridir. Bu mənada heç tərəddüd etmədən onu Erix Mariya Remarkın, Ernst Heminqueyin eyni mövzulu əsərləri ilə bir sıraya qoymaq mümkündür. Həm də maraqlıdır ki, Corc Oruell bir neçə ay iştirakçısı olduğu, ağır yaralandığı və respublikaçıların öz arasında boğuşma başlayandan sonra çox böyük çətinliklə canını qurtardığı bu müharibəni ardıcıl olaraq tənqidi təhlil süzgəcindən keçirir. Və nə qədər qəribə görünsə də müəllifin tənqidi mülahizələri düşməndən daha çox özünün də sıra nəfərlərindən biri olduğu respublikaçılar cəbhəsinə yönəlib. Və bu da təbii idi. Çünki o, düşmən tərəfdə baş verənləri yalnız qəzetlərdən oxuyurdu, beynəlmiləlçi sol qüvvələr arasında yaşanan rəzaləti isə hər gün öz gözləri ilə görürdü.

Hətta minlərlə sol düşüncəli insanın bilərəkdən özünü sonsuz əzab və məhrumiyyətlərə məhkum etdiyi “ispan müharibəsi” kimi ali məqsədli müharibə də Oruellin nəzərində kimlərinsə günahsız, sadəlövh insanların ölümü və qanı bahasına qazanc götürdüyü dəhşətli biznes idi. Müharibənin qorxunc gerçəklikləri ilə onun siyasət bazarında ayrı-ayrı qüvvələrin fayda güdmək, dividend qazanmaq prinsiplərinə əsaslanan təqdimatı arasında yerlə-göy qədər fərq var. Romanın bir yerində Oruell yazırdı: “Mən hələ uşaqlıqdan bilirdim ki, qəzetlər yalan uydura bilər, amma yalnız İspaniyada gördüm ki, onlar əslində gerçəkliyi tam şəkildə saxtalaşdırmaqla məşğuldurlar. Dəfələrlə elə olmuşdu ki, özüm də heç bir güllə atılmadığı “döyüşlərdə” iştirak etmişəm. Amma sonra qəzetlər bu xəyali “döyüşlər” haqda qəhrəmanlıqla dolu qanlı savaşlar kimi söz açırdı. Eyni zamanda mətbuatın bir kəlmə söz açmadığı həqiqi vuruşlarda da olmuşam. Gəzetlərin qorxaq və satqın kimi qələmə verdiyi qorxubilməz əsgərlər də görmüşəm, onların qəhrəman kimi vəsf etdiyi ağciyər və satqınlar da… Mən Londonda mətbuatın belə ağ yalanlar üzərində necə dünyagörüşü sistemləri yaratdıqlarının şahidi oldum”.

Bəlkə də siyasətin xidmətində dayanan bu hüdudsuz yalanların qarşısına azacıq da olsa sipər çəkmək üçün Corc Oruell yaradıcılığında tamamilə yeni olan "sənədli roman" janrına üz tutmuş və Kataloniya günlərinin yaddaqalan mənzərələrini rəsm etmişdi. Həqiqət meyarları ilə qələmə alındığından aradan onilliklər ötməsinə baxmayaraq "Ka-taloniyanı xatırlarkən" romanı İspaniya vətəndaş müharibəsi haqqında gerçək tarixi mənbələrdən və diqqətəlayiq bədii sənədlərdən biri kimi qalmaqdadır.

Əlbəttə, əsərdə hər şeyin qara rəngdə təsvir edildiyini düşünmək sadəlövhlük olardı. Ən azı müəllifin xeyirxah, açıq qəlbli, eyni zmanda əhlikef, məsuliyyətsiz, hər işi sabaha saxlayan, qanlı müharibəyə də öz həyatsevərlik möhürünü vuran ispanlar haqqında yazdığı sətirlər ona Kataloniyaya sevgi ilə yanaşmağa, hər şeyin yerli-yerində olduğu pedant İngiltərədə bu ölkə üçün darıxmağa əsas vermişdi.

Gizlətmək istəmirəm: İspaniyada könüllülərin apardığı bu qaydasız müharibə mənə bir az da qanayan yaramızı – Qarabağ uğrunda burunlarına ilk dəfə barıt iyi dəyən soydaşlarımızın savaşının ilk illərini xatırlatdı…

İspaniyadakı vətəndaş müharibəsi zamanı solçu qüvvələrin ən geniş yayılmış şüarlarından biri "No pasaran!" idi. "No pasaran" ispan dilindən tərcümədə "Keçə bilməyəcəklər!" deməkdir. Könüllü döyüşçü Oruell silahı ilə düşmənin qabağını ala bilməsə də, qələmi ilə yalanların, pislikərin keçməsinə, dünyaya yayılmasına əngəl olmağa çalışmışdı.

Vilayət Quliyev
Avqust, 2017, Budapeşt

I

Könüllülər dəstəsinə yazılmamışdan bir gün əvvəl Barselonadakı Lenin kazarmalarında italyan gənclə tanış oldum.

Qərargah masasının önündə 25-26 yaşlarında, enlikürəkli, kürən saçlı cavan oğlan dayanmışdı. Dəri pilotkasını dəlisov əda ilə başının bir tərəfinə sürüşdürmüşdü. Çənəsini sinəsinə sıxıb yanakı dayanmışdı. Gözlərindəki heç bir şey anlamadığı aydın sezilən ifadə ilə zabitin masa üstündə qoyub getdiyi xəritəyə baxırdı. Sifətində adamı özünə çəkən hansısa qəribə ifadə vardı. Qarşımdakı heç nə fikirləşmədən kimisə öldürməyə hazır olan, yaxud eyni yelbeyinliklə həyatını başqasının yolunda qurban verməyə hayıfsılanmayan adamın sifəti idi. Adətən anarxistləri belə təsvir edirlər. O isə yəqin ki, kommunist idi. Görünüşündən qətiyyət və amansızlıq oxunurdu. Üstəlik gəncin üzündə dərin savad yiyəsi olmayanların bilik və qabiliyyət baxımından özlərindən üstün saydıqları insanlara duyduqları hörmət ifadəsini də oxumaq mümkün idi. Aydın görünürdü ki, xəritədən başı çıxmadığından bu işin çox böyük ağıl tələb etdiyini düşünür. Səbəbini bilmirəm, amma mənə elə gəldi ki, indiyə qədər həyatımda ilk andan bu qədər xoşuma gələn ikinci insana təsadüf etməmişdim. Təbii ki, söhbət qadınlardan getmir. Masa arxasında oturanların hansınınsa qəfil replikasından əcnəbi olduğum aşkara çıxdı. İtalyan başını qaldırıb cəld soruşdu:

–Italiano?

–No, Ingles. Y tu?

–Italiano11
  -İtalyansan?
  –Yox, ingilisəm. Siz də?
  –İtalyanam (İsp.)


[Закрыть]

Çıxışa yönələndə mənə tərəf bir addım atıb əlimi bərk-bərk sıxdı. Qəribə işdir! Heç gözləmədiyin halda tamamilə yad adama bu qədər rəğbət duyursan! Məndə elə təəssürat yaranmışdı ki, sanki qəlblərimiz bizi ayıran dil və ənənə uçurumunu adlayaraq bir bütöv halında birləşib. Özümün də qarşımdakı damın qəlbinə yatdığıma inanmaq istəyirdim. Eyni zamanda italyanla ilk tanışlığın yaratdığı təəssüratı həmişəlik yadda saxlamaq üçün onunla bir daha görüşməməyin zəruriliyini də anlayırdım. Təbii ki, bir daha görüşmədik. İspaniyada belə ani tanışlıqlar adi hal idi.

İtalyan barədə yaddaşıma çox möhkəm həkk olunduğundan belə ətraflı danışdım. Əzik hərbi forma geymiş bu cavan oğlan üzünün həssas, eyni zamanda sərt ifadəsi ilə gözlərim önündə dövrün həyəcanlı ruhunun təcəssümünə çevrildi. Müharibənin həmin çağı haqqındakı xatirələrim – Barselona üzərində dalğalanan qırmızı bayraqlar, köhnə-kürüş geyimli əsgərləri cəbhəyə aparan uzun qatarlar, savaş acıları içərisində yaşayan boz, cansıxıcı cəbhəyanı şəhərlər, dağlardakı soyuq, nəm və çirkli səngərlər gözlərim önündə canlanır.

Bu 1936-cı ilin dekabrında, yəni təxminən yeddi ay əvvəl olmuşdu. Lakin nədənsə məndə elə təsəvvür vardı ki, sanki görüşümüzün üstündən xeyli vaxt keçib. Sonrakı hadisələr 1935, hətta 1905-ci ildən yaddaşımda ilişib qalanlarla müqayisədə bu epozodu xatirimdən tamam sıxışdırıb çıxarmışdı. İspaniyaya qəzetlərə məqalə yazmaq kimi qeyri-müəyyən niyyətlə gəlmişdim. Sonra özüm də gözləmədən könüllülər dəstəsinə qoşuldum. Çünki həmin dövrün ab-havasına baxanda bu yeganə düzgün addım idi.

Kataloniyada gerçək hakimiyyət hələ də anarxistlərin əlində idi. İnqilab özünün yüksəliş dövrünü yaşayırdı. Lap əvvəldən burada olanlar dekabr, yaxud yanvarda inqilab əhvali-ruhiyyəsinin başa çatacağını düşünə bilərdilər. Birbaşa İngiltərədən gələn adamın nəzərində isə Barselona hələ də qeyri-adi və cazibədar şəhər təsiri bağışlayırdı. Hakimiyyətin fəhlələrin əlində olduğu bir şəhərdə ilk dəfə yaşayırdım. Demək olar ki, bütün iri binalar müsadirə edilmiş, ya kommunistlərin qırmızı, ya da anarxistlərin qara-qırmızı bayraqları ilə bəzədilmişdi. Divarlara oraq-çəkic rəsmi çəkilmişdi, əsas siyasi partiyaların adları yazılmışdı. Kilsələr dağıdılmış, müqəddəslərin şəkilləri tonqallarda yandırılmışdı. Gah orada, gah da burada şəhəri gəzib kilsələri uçuran fəhlə dəstələri gözə dəyirdi. Bütün dükan və kafelərdə onların ümumiləşdirildiyini bildirən elanlar asılmışdı. Hətta yeşiklərini ənənəvi qırmızı-qara rənglə boyamış çəkməsilənlər də özləri ilə o yan bu yana daşıdıqları iş müxəlləfatının ümimləşdirildiyini deyirdilər. Xörəkpaylayanlar və satıcılar müştərinin düz gözünün içinə baxır, onlarla tay-tuş kimi davranırdılar. Yarınmaq bildirən, hətta hörmət ifadə edən sözlər müvəqqəti də olsa, lüğətdən çıxarılmışdı. Daha heç kəs müraciət edərkən “sinyor”, yaxud “don” sözünü işlətmirdi. Hətta “siz” də demirdilər. Hamı bir-biri ilə “sən”lə danışır, “yoldaş” -deyə çağırırdı. “Buenos dias”22
  Sabahını xeyir (İsp)


[Закрыть]
əvəzinə sadəcə “Salud!”33
  Salam (İsp)


[Закрыть]
deməklə kifayətlənirdilər.

Ofisiantlara çay pulu vermək qanunla qadağan olumuşdu. Elə gəldiyim gün bununla bağlı ilk dərsimi aldım. Mehmanxananın müdiri lift xidmətçisinə xırda pul vermək istədiyimə görə abrımı ətəyimə bükdü. Şəxsi avtomobillər müsadirə edilmişdi. Taksi, tramvay və digər nəqliyyat növləri də qara-qırmızı rənglə boyadılmışdı. Hər tərəfdə inqilabi plakatlar gözə dəyirdi. Onlar divarlarda qırmızı və göyümsov alov dilləri kimi işıq saçırdılar. Tək-tük yerdə qalmış reklam lövhələri plakatlarla müqayisədə çirkli ləkələri xatırladırdı. Müxtəlif səmtlərə gedən insan kütlələri şəhərin mərkəzi küçəsini-Ramblası doldurmuşdu. Gecə yarıdan ötənə kimi radiodan inqilabi mahnılar səslənirdi. Lakin ən qəribə şey kütlənin görünüşü idi. Adamların paltarlarına baxanda şəhərdə daha bir nəfər də imkanlı şəxsin qalmadığını düşünmək olardı. “Abırlı” geyinənlər yalnız tək-tük qadınlar və xaricilər idi. Qalan hamı sadəcə iş paltarında gəzirdi. Onları ya göy rəngli kombinezonlarda, ya da könüllülərin geydikləri hərbi formalardan birində görmək olardı. Qeyri-adi mənzərə olduğundan həyəcansız baxmaq mümkün deyildi. Gördüklərimin çoxu mənə anlaşılmaz təsir bağışlayır, hətta xoşuma gəlmirdi. Mən hər şeyin zahiri ilə daxili mahiyyəti arasında uyğunluğun olmasına inanan insanlardanam. Burjuyların qaçıb dağıldıqları, yerdə qalanların məhv edildiyi, yaxud qorxudan fəhlələrin tərəfinə keçdiyi proletar dövlətində yaşadığıma əmin idim. O vaxt heç ağlıma da gəlməzdi ki, burjuyların çoxu sadəcə gizləniblər. Yaxud zamanlarını gözləyərək özlərini proletar kimi qələmə verirlər.

Müharibənin nəhs havası da hər yerdə hiss etdiyim bu yenilik duyğusuna qarışmışdı. Şəhərin görkəmi tutqun və səliqəsiz idi. Evlərin, yolların təmirə ehtiyacı vardı. Hava hücumundan qorunmaq məqsədi ilə gecələr küçələri çox pis işıqlandırırdılar. Mağazaların piştaxtaları həmişə yarıboş olurdu. Ət nadir hallarda gözə dəyirdi. Süd demək olar ki, birdəfəlik yoxa çıxmışdı. Daş kömür, şəkər, benzin tapılmırdı. Üstəlik, çörək qıtlığı da hiss olunurdu. Mən İspaniyaya gələndə çörək növbələrinin uzunluğu artıq yüz metri keçmişdi. Amma bütün məhrumiyyətlərə baxmayaraq xalq sanki məmnun görünürdü. İnsanlar gələcəyə ümidlə baxırdı. İşsizlik aradan qalxmış, həyat ucuzlaşmışdı. Küçədə kasıblığı ilə insanın gözünü deşənlərə nadir hallarda təsadüf olunurdu. Qaraçıları çıxmaq şərti ilə dilənçi də nəzərə çarpmırdı. Ən əsası isə inqilab işinə və gələcəyə inam vardı. İnsanlar birdən-birə bərabərliyə və azadlığa sıçrayış edəcəklərinə inanırdılar. Bərbər dükanlarında anarxist şüarlar asılmışdı (bərbərlərin əksəriyyəti anarxist idilər). Şüarlarda saç-saqqal ustalarının bir də heç zaman kölə olmayacaqları bildirilirdi. Küçələrdəki rəngarəng plakatlar fahişələri qədim peşədən əl çəkməyə çağırırdı. Hər şeydən doyan, hər şeyə ironiya ilə yanaşan bizlərə-anqlosaks mədəniyyətinin təmsilçilərinə idealist-ispanların basmaqəlib inqilabi frazeologiyanı belə cani-dildən qəbul etmələri şirin və məzəli görünürdü. Hər tində bir neçə sentavoya44
  İspan xırda pulu (Tərc.)


[Закрыть]
dünya proletariatının qardaşlığından və Mussolinin bəd əməllərindən söz açan poetik balladalar almaq olurdu. Bir neçə sinif savadı olan könüllülərin belə balladaları höccələyə-höccələyə oxuyub əzbərlədiklərinin, sonra isə uyğun melodiya tapıb mahnı kimi oxuduqlarının dəfələrlə şahidi olmuşdum.

Bütün bu vaxtı Lenin kazarmasında qalır, cəbhəyə göndəriləcəyim günü gözləyirdim. Könüllü dəstəsinə yazılanda cəbhəyə ertəsi gedəcəyimizi demişdilər. Əslində isə yeni “senturion” yaranana qədər gözləməli olacaqdım. Müharibənin başlanğıcında həmkarlar ittifaqının tələm-tələsik bir yerə yığdığı fəhlələrdən ibarət könüllülər hərəkatı təşkilati baxımdan ordudan xeyli fərqlənirdi. Könüllülərin əsas hərbi vahidləri “seksiya” (təxminən otuz nəfər), “senturion” (yüz nəfərə yaxın) və “briqada” (burada istənilən sayda döyüşçü daxil ola bilərdi) idi. Lenin kazarmaları möhtəşəm binaları, maneji və daş döşəməli həyəti olan bütöv məhəllə idi. İyul döyüşlərinə qədər süvarilərin kazarmaları kimi tanınırdı. Tərkibinə mənim də daxil olduğum senturionun döyüşçüləri daşdan yonulmuş axurların hələ də durduğu tövlələrdən birində yerləşmişdilr. Axurların üstündə hətta atların adları da yazılmışdı. Bu nəcib heyvanlar çoxdan müsadirə edilib cəbhəyə göndərilsə də tövlədən at sidiyinin və yulafın qoxusu hələ çəkilməmişdi. Kazarmada bir həftəyə qədər yaşadım. Ən çox yadımda qalan daim burnumuzu qıcıqlandıran at iyi, bir də şeypurçuların inamsız ifası (hamısı çalmağı özləri öyrənən həvəskarlar idi; ispanların hərbi siqnallarını yalnız cəbhədə, faşist şeypurçularını dinləyəndən sonra ayırd edə bildim) oldu. Kazarmanın daş döşənmiş həyətində əks-səda verən nallı çəkmələrin taqqıltısı, qış günəşi altında bitib-tükənmək bilməyən sıra təlimləri, qum səpilmiş manejdə əlli nəfərin əlli nəfərə qarşı futbol yarışları yaddaşıma həmişəlik həkk olunmuşdu. O zaman könüllü dəstələrində xidmət edən qadınlar sayca nisbətən az idilər. Düşmənlə ilk qarşılaşmalarda kişilərlə çiyin-çiyinə vuruşurdular. Hamı buna adi hal kimi baxırdı. İnqilab zamanı belə vəziyyət təbii görünür. Lakin adamların təsəvvürləri dayanmadan dəyişirdi. İndi dəstənin qadın üzvləri manejdə təlim keçəndə kişiləri ora yaxın buraxmırdılar. Çünki yersiz atmacaları və şit-şit irişmələri ilə təlimə mane olurdular. Amma bir neçə ay əvvəl küçədə çiyni tüfəngli qadın görəndə gülmək bir kimsənin ağlına da gəlməzdi.

Kazarma çirkab içərisində idi. Hər tərəfdə qanunsuzluq hökm sürürdü. Əslində könüllülərin əlinə düşən binaların hamısının aqibəti biri-birinə bənzəyirdi. İstər-istəməz adamda çirkab və xaosun inqilabın ayrılmaz yol yoldaşına çevrilməsi təəssüratı yaranırdı. Bütün künclərdə sındırılmış mebel, əzik yəhərlər, mis süvari dəbilqələri, boş qınlar və çürüməkdə olan ərzaq qırıntıları qalaqlanmışdı. Könüllülər heç bir ehtiyac olmadan kazarmaya çoxlu ərzaq, xüsusən də çörək gətirirdilər. Qaldığım barakdan hər gün nahardan sonra yekə bir zənbil yemək atılırdı. Camaatın necə ehtiyac içərisində yaşadığını düşünsək, bu misli-bərabəri görünməyən biabırçılıq idi. Yonuımamış taxtalardan düzəldilmiş uzun, yöndəmsiz masa arxasında nahar edirdik. Yeməkləri daim yağlovça qoxuyan tənəkə kasalarda verirdilər. Şərabı porrona deyilən əcayib qabdan içirdik. Porrona dar boğazlı şüşəni xatırladırdı. Azacıq əyən kimi içərisindəki şərab fışqırtı ilə axıb tökülürdü. Porronadan yalnız lüləyi ağıza çox yaxınlaşdırmadan, əldən ələ ötürmək şərti ilə aralıda tutub içmək olardı. Bu əcayib qabı ilk dəfə əlimə alan kimi etirazımı bildirdim, parç tələb etdim. İçərisinə ağ şərab töküləndə porrona mənə isti su dolu rezin qızdırıcını xatırladırdı.

Tədricən çağırışçılara pal-paltar verilirdi. Lakin bura İspaniya olduğundan hər şeyi bir-bir gətirirdilər. Heç vaxt kimin nə aldığı bilinmirdi. Daha çox ehtiyac duyduğumuz şeyləri, xüsusən də kəmər və patrondaşları bizə ən son dəqiqədə, cəbhə qatarı hərəkətə başlayanda gətirdilər. Yuxarıda könüllülərin fərqli geyim forması haqqında danışmışdım. Paltarlarımızı sözün həqiqi mənasında “hərbi forma” adlandırmaq olmazdı. Bir tərəfdən baxanda hamının geyimi oxşar idi. Lakin eyni geyimli iki adam tapmaq da mümkün deyildi. Ordudakıların şalvarı məxmərdən tikilmişdi. Bənzərlik bununla da sona çatırdı. Bəzilərinun ayağında çarıq, bəzilərində tufli, bəzilərində isə uzunboğaz çəkmə vardı. Hamı zəncirbəndli gödəkçə geyinirdi. Gödəkçələrin bəziləri dəridən, çoxu isə rəngbərəng şal parçalardan tikilmişdi. Baş geyimlərinin forması döyüşçülərin sayı qədər müxtəlif idi. Papaqlara adətən partiya nişanları taxırdılar. Demək olar ki, hamı boynuna qırmızı, yaxud qırmızı-qara dəsmal bağlayırdı. Elə bu səbəbdən də könüllülər dəstəsi əsl qaraçı köçünü xatırladırdı. Özü də geyimlərin hamısı əvvəldən döyüşçülər üçün nəzərdə tutulmuş və fabrikdə hazırlanmışdı. Şəraiti göz önünə gətirəndə keyfiyyətləri o qədər də pis deyildi. Doğrudur, nazik pambıq parçadan olan köynəklər, yaxud corablar soyuqdan qətiyyən qorumurdu. Hələ heç bir hazırlıq görülmədiyi ilk aylarda könüllülərin hansı şəraitdə yaşadıq-larını isə ümumiyyətlə xatırlamağa dəyməz. Yadımdadır, iki ay əvvəl hansısa qəzetdə cəbhədən dönən R.O.U.M.55
  R.O.U.M. – Partido Obrero de Unifassion Marxista (İsp.) – Birləşmiş Marksist Fəhlə Partiyası


[Закрыть]
liderlərindən birinin müsahibəsini oxumuşdum. O, ən qısa zamanda “hər könüllünün bir odeyal alacağını” vəd edirdi. Əgər kimsə, nə vaxtsa açıq səngərdə yatıbsa, bu sözləri oxuyanda onu mütləq üşütmə tutmalıdır.

Mən kazarmada yerləşəndən bir gün sonra təlim deyilən proses başlandı. Əvvəlcə hər tərəfdə təsəvvürəgəlməz qarmaqarışıqlıq hökm sürürdü. Əksəriyyəti kasıb Barselona məhəllələrinin sakinləri olan 16-17 yaşlı yeniyetmələrdən ibarət çağırışçıların beyni inqilab havası ilə dosa da, müharibə haqda adi təsəvvürləri yox idi. Onları hətta sıraya düzmək mümkün olmurdu. Nizam-intizamdan isə danışmağa dəyməzdi. Verilən əmr kimin xoşuna gəlmirdisə, sıradan çıxıb zabitlə mübahisəyə başlayırdı. Bizə təlim keçən dolubədənli, yaraşıqlı, üzünün təmiz, duru rəngi ilə diqqət çəkən leytenant çox cavan görünsə də, peşəkar hərbçi idi. Bu, şux qamətindən, iynənin ağzından təzə çıxmış kimi görünən hərbi formasından da aydın hiss edilirdi. Ən maraqlısı isə həqiqi, əqidəli sosialist kimi tanınması idi. Rütbə və vəzifələrinə baxmayaraq bütün döyüşçülərin bərabərliyi məsələsində əsgərlərdən daha qətiyyətli mövqe tuturdu. Hələ heç nədən xəbəri olmayan yeni çağırışçılardan biri ona “sinyor” deyəndə necə özündən çıxdığı indi də yadımdadır. “Nə? Sinyor? Kim mənə sinyor dedi? Məgər burada hamımız yoldaş deyilik?”. Amma belə münasibətin onun işini yüngülləşdirdiyini düşünmürəm. Hələlik çağırışçıların nə isə öyrəndiklərini demək də çətin idi. Xaricilərin hərbi təlimdə iştiraklarının o qədər də vacib olmadığını mənə demişdilər. (Hiss edirdim ki, ispanlar yalnız özlərinə xas bir səmimiyyətlə sərhədin o üzündən gələnlərin hamısının hərbi işi daha yaxşı bildiklərini düşünürlər). Onların sözünə fikir verməyib hamı ilə birlikdə təlimlərə qatılırdım. İlk növbədə pulemyot atmağı öyrənmək istəyirdim. Əvvəllər pulemyotla heç bir tanışlığım olmamışdı. Bizə ümumən silahla rəftarı öyrətməyəcəklərini eşidəndə xeyli təəccübləndim. Hərbi hazırlıq məşğələsi son dərəcə adi, çoxdan köhnəlmiş, hətta deyərdim ki, səfeh sıra təlimindən başqa bir şey deyildi. Bizə "Sağa dön!","Sola dön!", "Arxaya dön!", "Azad!", "Farağat!", !Dəstə, üç nəfərlik sıralarla addımla marş!" və s. kimi cəfəngiyyat öyrədirdilər. Partizan ordusu hazırlığı üçün belə təlimdən daha axmaq və mənasız şey təsəvvürə gətirmək mümkün deyildi. Bunların hamısını mən hələ on beş yaşım olanda bilirdim. Aydın məsələdir ki, əsgərin hazırlığı üçün əgər cəmisi bir neçə gün vaxt qalıbsa, ilk növbədə ona ən zəruri şeyləri öyrətmək lazımdır. Yəni atəş altında özünü aparmaq, açıq yerdə hərəkət etmək, qarovulda dayanmaq, səngər qazmaq, ən başlıcası isə silahla rəftar başa salınmalıdır. Lakin döyüşə can atan, bir neçə gündən sonra cəbhəyə göndəriləcək bu gənclərə hətta tüfəng tutmağı, yaxud qumbara atmağı da öyrətmirdilər. O vaxt bunun silah çatışmazlığı ilə bağlılığı əsla ağlıma gəlmirdi. P.O.U.M.-un könüllü dəstələrində silah məsələsi elə böhran həddinə çatmışdı ki, ön atəş xəttinə yollanan yeni hərbi hissələr əvəz etdikləri əsgərlərin silahını götürməli olurdular. Lenin kazarmalarında isə tüfəng yalnız qarovulda dayananlara verilirdi.

Daha bir neçə gün keçdi. Ən adi müşahidə də yenə nizam-intizamdan uzaq, başıpozuq dəstə olduğumuzu göstərirdi. Lakin nədənsə bizi camaat qarşısına çıxarmaq səviyyəsində hazırlıqlı saymışdılar. Səhərin gözü açılmamış könüllüləri sıraya düzüb təpənin üstündə, Plaza de Espana sarayının arxasında yerləşən şəhər parkına apardılar. Burada bütün partiyalardan olan könüllülərin, eləcə də karabinerlərin və Xalq ordusunun ilk dəstələrinin əsgəri marşla keçdikləri meydan var idi. Həmin gün şəhər parkı özünün qəribə və gülüş doğuran görkəmi ilə diqqəti çəkirdi. Çiçək ləklərinin arasındakı bütün cığır və yollarda bölmələr, dəstələr irəli-geri addımlayırdılar. Kişilər sinələrini qabağa verib özlərini sınaqdan çıxmış əsgərlərə oxşatmağa çalışırdılar. Parkda hərbi yerişlə o tərəf bu tərəfə gedənlərin heç birinin silahı yox idi. Çoxlarında könüllü dəstəsin ümumi geyim formasının müəyyən ünsürləri olsa da, heç kim tam hərbi formada deyildi. Qaydalar əsasən dəyişməz qalırdı. Üç gün çəkən təlimlər zamanı aramsız o tərəf bu tərəfə addımlayırdılar (qısa və sürətli ispan sıra təlimi), sonra dayanırdılar, bürküdən boğulmuş halda sıradan çıxıb təpə ilə üzü aşağı, ucuz şərab satılan dükana qaçırdılar. Hamı mənə dostcasına yanaşırdı. Çünki ingilis idim. Bu, onlara maraqlı görünürdü. Xüsusilə karabinerlərin zabitləri mənimlə çox maraqlanır, tez-tez şəraba qonaq edirdilər. Bizim leytenantı bir küncə çəkməyə imkan tapan kimi pulemyot barəsində danışırdım. Cibimdən Hüqo lüğətini çıxarır, ispan sözlərinin qol-qanadını qıra-qıra onu dilə tutmağa çalışırdım

Cavabında leytenant həmişə pərt halda gülümsəyir, pulemyot təliminin başlanma tarixi kimi “manana”, yəni “sabah” deyirdi. Amma “sabahın” heç vaxt gəlmədiyini burada xırdalamağa lüzum yoxdur. Bir neçə gündən sonra çağırışçılar artıq sıra ilə babat addımlamağı, “Farağat!” komandası veriləndə özlərini qurudub durmağı bacarırdılar. Ən əsası güllənin tüfəngin hansı tərəfindən çıxdığını öyrənə bilmişdilər. Bütün hərbi bilikləri də bununla məhdudlaşmışdı. Bir dəfə məşğələlər arasındakı fasilə zamanı silahlı karabinerlərdən biri bizə yaxınlaşdı, tüfənginə yaxından baxmağa icazə verdi. Bu zaman bölməmizdə məndən başqa tüfəng doldurmağı bacaran bir nəfərin də olmadığı aşkara çıxdı. Hədəf nişan alıb atmaqdan isə ümumiyyətlə söhbət gedə bilməzdi.

Gəldiyim gündən ispan dili ilə təkbətək savaşım davam edirdi. Kazarmada məndən başqa yalnız bir ingilis vardı. Hətta zabitlər də fransız dilində bir söz bilmirdilər. Yoldaşlarımın aralarında Katalon dilində danışmaları vəziyyəti daha da çətinləşdirirdi. Daim özümlə lüğət gəzdirməkdən başqa çarəm qalmamışdı. Ən çətin məqamlarda dərhal əlimi cibimə atıb danışıq kitabçasını çıxarır, lazımi sözü tapmağa çalışırdım. Amma adama ləzzət eləyən məqamlar da vardı. Ümumiyyətlə xarici olanda da gərək yolunu İspaniyaya salasan. Buradakı insanların içərisində özünə dost tapmaq necə də asan idi! Aradan iki gün keçməmiş könüllülərdən iyirmi nəfəri məni adımla çağırırdı, ətrafdakı bütün dəlmə-deşikləri öyrətmişdilər, təsəvvürə-gəlməz qonaqpərvərlik nümunələri göstərirdilər. Təbliğati kitab yazmaq niyyətində deyiləm. P.O.U.M. könüllülərini ideallaşdırmaq fikrindən də uzağam. Təbii ki, bu qurumun ciddi çatışmazlıqları vardı. Ora üz tutan insanlar çox fərqli idilər. Mən P.O.U.M.-a yazılanda könüllülərin qəbulu məsələsi da xeyli məhdudlaşmışdı. Yaxşı adamların çoxu cəbhədə isi. Bəziləri isə artıq həlak olmuşdu. Təbii ki, qurumda çatışmayan cəhətlər də az deyildi. Valideynlər könüllüü yazılmaq üçün 15 yaşlı övladlarını gətirirdilər. Bunu on pese gündəlik maaş, bir də qarın dolusu yeməkdən (bəzən gizlicə valideynlərə də nə isə ötürmək olurdu) ötrü elədiklərini də gizlətmirdilər. Eyni zamanda əminəm ki, ispan fəhlələri arasına düşən hər kəs (yəqin “katalon fəhlələri” desəm, daha dəqiq olardı, çünki bir neçə araqonlu və əndəlislini çıxmaq şərti ilə yeni tanışlarımın hamısı kataloniyalılar idi) onların daxili nəcibliyi, düzlük və səxavətliliyi qarşısında heyran qalmaya bilmirdi. Doğrusu, hamı kimi məni də mat qoymuş ispan səxavəti bəzən adamı pərt edirdi. Əgər siz bir siqaret istəyirsinizsə, ispan bütün qutunu götürmə üz vururdu. Belə adi həyati məqamlarla yanaşı onlarda daha dərin anlam ifadə edən səxavətlilik də vardı. Bu da ən çətin vəziyyətlərdə dəfələrlə üzləşdiyim həqiqi ürək genişliy idi. Müharibə zamanı İspaniyada olan jurnalistlərin və əcnəbilərin bəziləri ispanların xarici yardımdan çox da məmnun qalmadıqlarını deyirdilər. Düzü mən heç vaxt belə hala rast gəlməmişdim.

Biz kazarmanı tərk etməmişdən bir neçə gün əvvəl cəbhədən könüllülər dəstəsi qayırtmışdı. Həyəcanla səngər xatirələrini bölüşür, Xueska altında birgə vuruşduqları hansısa fransız hissəsindən vəcdlə danışırdılar. “Fransızlar şir kimi döyüşürdülər”-deyə onları tərifləyir, dəfələrlə “Mas valentas ke nostros”– “Bizdən də cəsarətlidirlər!”deməkdə özlərinə bir əskiklik görmürdülər. Şişirtməyə yol verdiklərini deyirdim. İspanlar isə məni inandırırdılar ki, fransızlar hərbi işi çox gözəl bilirlər, qumbaranı daha yaxşı atırlar, pulemyotdan daha sərrast atəş açırlar və s. Bu epizod çox səciyyəvidir. İngilis başqasının ünvanına belə tərif söyləməkdənsə, əlinin kəsilməsinə daha asanlıqla razı olardı.


Страницы книги >> 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации