Текст книги "Fəlsəfə : dərs vəsaiti"
Автор книги: Elşən Bayramzadə
Жанр: Учебная литература, Детские книги
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]
“Humanizm” termini latın dilindəki “humanitas” sözündən götürülmüş və “insanilik” anlamını verir. Bu termindən ilk dəfə məşhur Roma natiqi və siyasi xadimi Siseron istifadə etmişdir. Onun üçün humanitas – insanın yüksəlişinə xidmət edəcək tərbiyə və təhsil deməkdir. İnsanın mənəvi təbiətinin kamilləşdirilməsi üçün qrammatika, fəlsəfə, poeziya, ritorika, etika və tarixdən ibarət fənlər kompleksinə xüsusi önəm verilirdi. Məhz bu fənlər İntibah mədəniyyətinin nəzəri bazası olmuş və “humanitar fənlər” (studia humanitatis) adını almışdır55
Брагина Л.М. Итальянский гуманизм. М.: «Высш. школа», 1977, 254 с. (с.7)
[Закрыть]. XIV əsrdən bu fənləri tədqiq edənlər “humanistlər” adlandırılmışdır. Sonralar “humanizm” termini daha geniş məna kəsb etmişdir. Geniş mənada humanizm –insanilik, insan qabiliyyətlərinin maksimal inkişafı və insanın ləyaqətli həyat şəraitinin yaradılmasına cəhdlər deməkdir.
Humanizmin banisi italyan şairi və filosofu Françeska Petrarka (1304-1374) hesab olunur. Onun yaradıcılığında İtaliya İntibahının inkişaf yollarının başlanğıcı qoyulmuşdur. Yazdığı “Özümün və bir çox digərlərinin cahilliyi haqqında” adlı traktatında o, Orta əsrlərə xas olan sxolastik alimliyi qətiyyətlə inkar edir, bu alimliyi dövrünün insanı üçün faydasız olduğunu bəyanlayır.
Adı çəkilən traktatında Antik irsin dəyərləndirilməsinə prinsipial yeni yanaşma əksini tapır. Petrarkaya görə, ədəbiyyat və incəsənətin inkişafı görkəmli sələflərin kortəbii yamsılanması ilə yox, antik mədəniyyətin zirvəsinə yüksəlmək və onu yenidən düşünərək müəyyən məsələlərdə ondan önə keçməklə mümkündür. Petrarkanın qoyduğu bu yol, humanistlərin antik irsə münasibətdə aparıcı prinsip olmuşdur.
İlk humanist hesab edir ki, gerçək fəlsəfənin əsas məzmununu insan haqqında elm olmalıdır. O, bütün əsərlərində fəlsəfənin idrakın layiqli obyekti – insana doğru istiqamətlənməsinə çağırışlar etmişdir.
Petrarka öz mühakimələri ilə İntibah dövrünün şəxsi özünüdərkinin formalaşmasının əsasını qoymuşdur. Müxtəlif dövrlərdə şəxs özünü fərqli şəkildə dərk edir. Orta əsrlər insanı şəxsiyyət olaraq o prinsiplərə üstünlük verir ki, onun davranışı müəyyən sosial qrupun normalarına uyğun gəlir. İntibah insanı isə tədricən Orta əsrlərin universal anlayışlarından imtina edərək konkret, fərdi dəyərlərə müraciət edir.
Humanistlər insanı anlamağa yeni yanaşma hazırlayırlar. Onlar üçün insan şəxsiyyətinin dəyəri onun mənşəyi, və yaxud sosial mənsubluğu ilə yox, şəxsi xidmətlər və fəaliyyətinin məhsuldarlığı ilə müəyyənləşir, fərdiyyətçilik ön plana çıxarılır. Digər görkəmli humanist Lorenso Vallanın (1407-1457) yaradıcılığını fərdiyyətçiliyin əsl manifesti hesab etmək olar. Özünün əsas əsəri “Həzz haqqında” adlı traktatında o, həzzə cəhdi insanın əsas xassəsi bəyan edir. Onda əxlaq ölçüsü isə şəxsi bəxtiyarlıqdır.
L.Valla Epikür fəlsəfəsinə, xüsusilə onun əxlaq təliminə müraciət etmiş ilk humanistdir. O, Epikür təliminə yeni humanist etikanın əsaslandırılması üçün mənbə kimi baxmışdır. Onun nöqteyi-nəzərindən insan onu öncədən həzzə meylləndirən təbiətinə əməl etməli, nəinki ruhi, habelə cismani sağlamlığının qeydinə qalmalıdır. Ümumiyyətlə həzzə canatım Vallanın traktovkasında bütün insan fəaliyyətinə təkan verən əsas stimuldur. Həzz ali xeyirdir. Valla insana həzz verəcək bütün insani hissləri vəsf edir, və hətta insanda əlli deyil, yalnız beş hiss üzvü olduğuna təəssüflənir.
Mahiyyətcə, Valla əxlaqın əsas prinsiplərindən olacaq “həzzə apalogiyanı” formulə etmişdir. Lakin, bu zaman həzz yalnız hansısa rəzil cismani tələbatların ödənilməsi kimi başa düşülmür. Əksinə, Epikürdə olduğu kimi, o da həzz ideyasını insana eyni dərəcədə xas olan ruhi və cismani başlanğıcın harmoniyası kimi qavrayır.
Valla eyni zamanda insanları sırf cismani həzzə meyl etməkdən də çəkindirir: “Qeyd etmək lazımdır ki, mənim həzzin, və yaxud zövqün həmişə xeyir olmasından danışmağıma baxmayaraq, yenə də mən həzzə deyil, Allaha can atıram, həzz məhəbbətdir və Allah bu həzzi verir”.
Nəticədə “həzzə apologiya” bütün humanist ədəbiyyatında aparıcı mövzuya çevrilir. Epikür ideyaları vasitəsilə insan şəxsiyyətinin mahiyyəti haqqında, ayrıca insanın Allah və digər insanlarla qarşılıqlı münasibətləri haqqında yeni humanist ideyalar ifadə olunur.
2.3. Naturfəlsəfə: N.Kuzalı, C.BrunoFilosof, teoloq, alim, kilsə-siyasi xadimi, Papa II Piyin yaxın məsləhətçisi və kardinal olmuş Nikolay Kuzalı (1401-1464) Cənubu Almaniyanın Kuza şəhərində, balıqçı ailəsində dünyaya gəlib. Avropanın müxtəlif universitetlərində təhsil almış, din xadimi kimi fəaliyyət göstərmiş, 1448-ci ildə kardinal seçilmişdir.
N.Kuzalının elmi-fəlsəfi əsərlərində varlıq və idrakın yeni təfsirini vermişdir. Bu təfsirə görə, Allah və Onun yaratdıqları arasında fərq yoxdur, yəni dünya vahiddir, Allah və ətraf dünya, Kainat eynidir. “Vahid” (Allah) və “sonsuz” (Onun yaratdıqları) öz aralarında minimum və maksimum -əksliklər kimi münasibətdədir. Allah və Onun yaratdıqları üst-üstə düşdüyü üçün minimum və maksimum də üst-üstə düşür. Buradan çıxış edən Kuzalı əksliklərin üst-üstə düşməsi qanununu formulə edib: əksliklər üst-üstə düşdüyü üçün forma və materiya da üst-üstə düşür. Deməli, mahiyyət (essensiya) və mövcudluq (ekzistensiya) ayrılmazdır və vahid varlıqdırlar. Yalnız aktual sonsuzluq hər şeyi əhatə edərək gerçək mövcuddur. Kainat sonsuzdur, nə başlanğıca, nə sona, nədə ki, mərkəzə malikdir. Kainat hissi dəyişkən, mütləq və kamil Allahdır –Allah ətraf dünyada yox, dünya, təbiət, bütün mövcudluq Allahdadır. Allah və dünyanın əlaqəsinin belə izahı Kuzalının fəlsəfi təlimini panteizm (yun. pan –hər şey, theos -Allah) kimi səciyyələndirir. Panteizmin əsas əlamətini vahid İlahi başlanğıcın şəxssizliyi və onun təbiətə maksimal yaxınlığıdır.
Kuzalı fəlsəfəsində sonsuzluq özündə əkslikləri birləşdirir və bu riyazi baxımdan sübut olunur (çevrə içərisinə çəkilmiş kvadratın bucaqlarını sonsuzluğa qədər artırsaq o, çevrəyə çevriləcək).
Kainatın, ətraf dünyanın sonsuzluğu idrakın sonsuzluğuna gətirir. Mütləq (tam) bilik əldə etmək olmaz, biliklərin artımı həqiqətə yox, yalnız alimliyə gətirir. Bunu Kuzalı özünəməxsus –“alim biliksizliyi” termini ilə adlandırmışdır.
İtalyan filosofu Cordano Bruno(1548-1600) N.Kopernikin fəlsəfi ideyalarını inkişaf etdirmişdir. Ona görə, Günəş yalnız Yerə münasibətdə mərkəz olub Kainatın mərkəzi deyil. Kainat mərkəzə malik olmayıb sonsuzdur. Kainat qalaktikalardan –ulduzlar toplusundan ibarətdir. Ulduzlar Günəş kimi səma cisimləri olub planetar sistemə malikdirlər. Bütün səma cisimləri: planetlər, ulduzlar və s. əbədi hərəkətdədirlər. Allah Kainatla birgə mövcuddur. Kainat və Allah vahiddir. Deməli Bruno da panteist olmuşdur. Onun təlimi rəsmi Kilsəsinin prinsipləri ilə uzlaşmadığı üçün tonqalda yandırılmışdır. Bir məqama diqqət yetirmək lazımdır ki, Kuzalı da panteist olmuşdur. Lakin, bu iki filosofun panteizmi prinsipial fərqə malikdir. Əgər Kuzalıda bütün təbiət Allaha qovuşursa, Brunoda isə Allah təbiətlə qovuşur.
2.4. İdeal cəmiyyət konsepsiyalarıİntibah dövrünün nəhəng fikir insanları həmçinin ictimai həyata yeni baxışları formalaşdırılar. Artıq onları cəmiyyət və hakimiyyət haqqında dini-sxolastik baxışlar, o cümlədən Müqəddəs Avqustinin İlahi səltənət kimi təsvir etdiyi kilsə haqqında təlimi qane etmirdi. Onlar üçün cəmiyyət ilk növbədə insan həyatı üçün zəruri mühitdir. Bu səbəbdən cəmiyyət insan təbiəti nəzərə alınmaqla və hər bir insan üçün qurulmalıdır. Fəlsəfi fikir tarixinə və Avropa xalqlarının tarixi taleyinə İntibah xadimlərinin dövlət haqqında nəzəriyyələri böyük təsir göstərmişdir. Bu əsasən onların monarxiya və kommunist quruluşu haqqında təlimləridir. Monarxiya haqqında təlimlər sonralar Avropada mütləqiyyətçiliyin bərqərarına, kommunizm ideyaları isə müxtəlif növ kommunist nəzəriyyələrin, o cümlədən marksist kommunizminin yaranmasına yardımçı olmuşdur.
Dövrün ictimai-siyasi fikrinə böyük töhfə vermiş mütəfəkkirlərdən biri, italyan şairi, tarixçi və dövlət xadimi Nikkolo Makiavelli (1469-1527) olmuşdur. O, hesab edirdi ki: “xristianlıq öz təlimi ilə dünyanı zəiflətmiş və cəmiyyəti mənfur insanların əlinə vermişdir”. Ona görə də, ayrı-ayrı insanların marağı dövlətə, dövlətin marağı isə monarxa tabe etdirilməlidir. Monarxın vəzifəsi hamını cəmiyyət üçün işləməyə məcbur etməli, heç kim elitanın nazı ilə oynamağa imkan verməməlidir. O, elitanı: zadəgan, kilsə xadimləri və dövlət məmurlarını “vətəndaş hakimiyyətinin qəddar düşmənləri” adlandırmışdır. “Çoxsaylı elitanın olduğu ölkədə respublika qurmaq istəyən kəslər ilk növbədə bu elitanı məhv etməlidir”. Monarx cəmiyyətin maraqları üçün öz dövləti fəaliyyətində əxlaq prinsiplərinə məhəl qoymamalı, yalançılıq, satqınlıq, xəyanətkarlıq, hiyləgərlik və buna bənzər naqis insani keyfiyyətlərdən istifadə etməlidir. Makiavellinin irəli sürdüyü bu prinsip “Məqsəd vasitəyə haqq qazandırır” tezisi kimi məşhur olmuşdur.
İntibah humanizminin sosial ideallarını öz yaradıcılığında əks etdirmiş filosoflardan biri də Tomas Mor olmuşdur (1478-1535). Londonda hüquqşünaslar ailəsində anadan olmuş, ilk təhsilini dini məktəbdə alsa da, sonralar Oksford Universitetində təhsilini davam etdirmişdir. İlk gənclik yaşlarından peşəkar siyasətlə məşğul olmuşdur: 1504-cü ildən parlamentin üzvü, 1523-29-cu illərdə icmalar palatasının sədri, 1529-cu ildə isə Böyük Britaniyanın lord-kansleri (kraldan sonra dövlətin ali vəzifəsi) olmuşdur. Katolisizmin qatı tərəfdarı olan T.Mor 1535-ci ildə kralı Roma Papasından asılı olmayan Anqlikan kilsəsinin başçısı kimi tanımaqdan imtina etdiyi üçün edam edilmişdir.
Peşəkar siyasətlə məşğul olduğundan dövlətin problemlərinə yaxından bələd olmuş, cəmiyyətdəki uğursuzluq və narazılıqların səbəbini xüsusi mülkiyyətdə görmüşdür. Əsas sosial-siyasi baxışları yazdığı “Utopiya” (yun. utopos –olmayan yer) əsərində ideal dövlət modelini şərh etmişdir. O, iddia edirdi ki: “Harada ki, xüsusi mülkiyyət var, harada ki, hər şey pulla ölçülür, orada dövlət işlərinin uğurlu gerçəkləşməsi çətin ki, mümkün olsun”. Onun “Utopiya”da təsvir etdiyi ölkədə hamı öz bacarığı və zövqünə görə çalışır, tələbatına görə alır. Ölkədə nə varlı var, nə də kasıb, çünki bu ölkə əhalisinin birgə əməyinin ümumi məhsulu hamıya məxsusdur. Hamının əməklə məşğul olması, bütün əhalinin bolluq içərisində yaşamağa imkan verir, ona görə də altı saatlıq iş günü müəyyənləşdirilir. Qadın və kişilər bərabər hüquqlara malikdir. Elmi qabiliyyətləri olanlar əməkdən azad edilir. Bu ölkədə bütün vəzifəli şəxslər seçkilərdə müəyyənləşir.
İdeal cəmiyyətin digər konsepsiyasını italiyan filosof və şairi Tommazo Kampanella (1568-1639) olmuşdur. Ömrünün 27 ilini katolik inkvizisiyanın zindanlarında keçirmiş dominikan-monax ictimai-siyasi fikir tarixinə əsasən yazdığı “Günəş Şəhəri” əsəri ilə düşmüşdür. Əsərdə hadisələr fantastik günəş şəhərində baş verir. Bu şəhərin sakinləri –solyarilər sosial ədalət prinsipinə əsaslanmış ideal cəmiyyət qurmuş, həyat və əməkdən zövq alaraq xoşbəxt ömür sürülər.
Kampanellaya görə Günəş Şəhərində bütün sosial ədalətsizliklərin mənbəyi olan xüsusi mülkiyyət yoxdur. Hər bir solyari məhsuldar əməklə məşğul olur, bu əməyin nəticəsi cəmiyyətin ümumi mülkiyyəti olur, sonra isə onun üzvləri arasında bərabər bölünür. Əmək təhsillə paralel gerçəkləşdirilir. Burada əsas diqqət uşaqların tərbiyəsinə yönəldilir: yeni doğulmuş uşaq valideynlərindən alınaraq xüsusi məktəblərdə tərbiyə edilir, müxtəlif elmi biliklərə yiyələnir, kollektiv həyata alışdırılır və onlara Günəş Şəhərinin digər qaydaları öyrədilir. Günəş Şəhəri dövrünün bütün peşə və biliklərinə yiyələnmiş, solyarilər tərəfindən ömürlük seçilmiş hakim –Metafizik tərəfindən idarə olunur.
V FƏSİL. Orta əsrlər Şərq-müsəlman fəlsəfəsi
1. Orta əsrlər ərəb-müsəlman fəlsəfəsinin ümumi səciyyəsi
VIII-XII əsrlərdə Qərbi Avropada mənəvi həyatın bütün sferaları üzərində kilsənin total nəzarəti güclənir. Fəlsəfə mənəvi-intellektual yaradıcılıq forması olaraq müstəqilliyini itirir, onu “ilahiyyətin qulluqçusu” etmək cəhdləri daha da artır. Məhz bu ərəfədə Şərqdə –İslam dinin yaranıb yayıldığı arealda özünəməxsus və güclü ərəb mədəniyyəti təşəkkül tapır. Mədəni-intellektual inkişaf fəlsəfədən də yan keçmir: ərəb-müsəlman fəlsəfəsi yaranır və sürətlə inkişaf edir.
Ərəb-müsəlman fəlsəfəsinin yaranması və inkişafı xarici və daxili olmaqla əsasən iki amillə şərtlənir. Birinci, xarici amil Antik fəlsəfənin ərəb dünyasında yayılması ilə bağlıdır. Belə ki, xristianlığın Qərbdə və xüsusilə Bizans imperiyasında güclənməsi Antik fəlsəfənin və onun nümayəndələrinin özünə başqa ölkələrdə sığınacaq axtarmağa vadar edir. 489-cu ildə Bizans imperatoru Zenonun fərmanı ilə Afinada fəaliyyət göstərən aristotelçi peripatetiklər məktəbi bağlanır və bu təlimin öyrənilməsi yasaqlanır. 529-cu ildə isə Bizansın digər imperatoru Yustinianın fərmanı ilə Afinada Antik fəlsəfənin son qalası hesab edilən Platon Akademiyası qapadılır. Bu səbəbdən bir çox filosoflar Yaxın Şərqin qeyri-xristian ölkələrinə köçməyə məcbur olurlar.
Qərbdə bütpərəstliyin qalığı kimi dəyərləndirilən Antik fəlsəfə bilicilərinin sığındığı əsas şəhərlərdən biri də Dəməşq olur. Bu heç də təsadüfi deyildi. Belə ki, o dövrün əsas fəlsəfi cərəyanı olan neoplatonizmin bir çox nümayəndələri, o cümlədən Porfiri, Yamvlix əslən suriyalı olmuşlar. Əvvəlcə Suriyada, sonra isə İranda Antik dövrün fəlsəfi məktəbləri öz fəaliyyətlərini davam etdirir, zəngin kitabxanalar buraya köçürülür. Belə kitabxanaların əsas xəzinəsi isə Platonun, Aristotelin, antik riyaziyyatçıların, həkim və astronomların əsərləri idi.
İkinci daxili səbəb isə məhz İslam dininin özü ilə bağlı olmuşdur və ilk növbədə dini ehkamların təfsirindən qaynaqlanmışdır. Dini şüurun daha da inkişaf etdirilməsinə olan ehtiyac Qurani-Kərimin təfsirçılərindən günahın imana, alın yazısının (qismətin) azad iradəyə münasibəti, Allahın təbiəti və sifətləri, Quranın mənşəyi, peyğəmbərlik vergisi haqqında meydana çıxmış suallara cavab verməyi tələb edirdi. Bu və buna bənzər suallar ətrafında aparılan qızğın müzakirələr bəzi müsəlman ilahiyyatçılarını dini ehkamların ciddi şəkildə əsaslandırılması uçun fəlsəfi bazanın yaradılmasının zəruriliyi qənaətinə gətirmişdir.
2. Ərəb-müsəlman fəlsəfəsinin struktur invariantları
Orta əsrlərdə yaranmış ərəb-müsəlman fəlsəfəsi mürəkkəb struktura malikdir. Bu fəlsəfəçilk tipinin meydana gəlməsini şərtləndirən və haqqında yuxarıda söhbət açılmış daxili səbəb nə qədər əsaslı olsa da, onun formalaşmasına Antik fəlsəfi irsin təsiri də az olmamışdır. Məhz bu baxımdan ərəb müsəlman fəlsəfəsinin struktur invariantları və yaxud əsas cərəyanları Antik fəlsəfi təlimlər çərçivəsində müəyyənləşdirilir. Ərəb-müsəlman fəlsəfəsinin struktur invariantları aşağıdakılardır:
Göstərilmiş ilk iki struktur invariantını: ortodoksal sxolastika (kəlam) və Şərq peripatetizmi, həmçinin onların ən görkəmli nümayəndələrini ayrı-ayrılıqda ətraflı nəzərdən keçirəcəyik.
3. Ərəb-müsəlman ortodoksal sxolastikası –kəlam
3.1. Qədərilər və cəbərilərƏrəb-müsəlman fəlsəfəsinin ilk struktur invariantlarından biri ərəb-müsəlman ortodoksal sxolastikası –kəlamdır. Dini-fəlsəfi sistem olan kəlamın əsas vəzifəsi formal-məntiqi dəlillər əsasında rəsmi ortodoksal etiqadın yaradılması olmuşdur. Kəlamın meydana gəlməsinin nəzəri bazasını qədərilərlə cəbərilər arasında VII və VIII əsrlərdə ortaya çıxmış ehkamçı mübahisələr olmuşdur.
Qədərilər və cəbərilər arasındakı ehkamçı mübahisənin mərkəzi mövzusu alın yazısı (qismət) və azad iradə problemi olmuşdur. Mütləq qismət (alın yazısı) tərəfdarları olan cəbərilər belə hesab edirdilər ki, Allah insanı xarakteri, imkanları, gələcək hərəkətləri ilə birlikdə yaradıb. Ona görə də insanın heç bir iradə azadlığı ola bilməz. Onun bütün hərəkət və fəaliyyəti İlahi məcburetmənin nəticəsidir. Qədərilər isə bunun əleyhinə çıxır. Belə hesab edirdilər ki, Allah adildir, bu səbəbdən O insanları yanlış hərəkətlərə məcbur edib, sonra ondan öz hərəkətlərinə görə məsuliyyət tələb etməz. Ümumiyyətlə insan öz iradəsindən asılı olmayan hərəkətlərinə görə necə cavabdehlik daşıya bilər? Əslində insan azad iradəyə malikdir və bütün hərəkətləri iradəsinin hakimiyyəti altındadır. Beləliklə, alın yazısı və azad iradə problemi ilahiyyatçılar içərisində fəlsəfi düşüncələrin başlanğıcını qoyur.
VIII əsrə qədər kəlam daha çox teoloji səciyyə daşısa da, bundan sonra İslamın ehkam və əmrlərinin fəlsəfi əsaslandırılmasına başlanılır, fəlsəfi idrakın köməyi ilə teoloji sistem hazırlanılır.
Bununla əlaqədar kəlamın əsas məsələsi yunan fəlsəfəsinə münasibətdir. Mühafizəkar ilahiyyatçılar Tertullian kimi yunan fəlsəfəsinin qəti əleyhinə çıxsalar da, intellektualist yönümlü alim-ilahiyyatçılar yunan fəlsəfəsini İslamın ehkam və əmrlərinin fəlsəfə düşünülməsi üçün vasitə kimi istifadəsinə çalışırlar. Antik fəlsəfi irsdən İslam üçün yararlı olan məqamlar seçilir, İslamın ehkamlarına zidd olan məqamlar isə kənara atılır. Məsələn, Aristotelin Allahın dünyanın hakimi-mütləq olması haqqındakı konsepsiyası, Platonun spekulyativ dialektikası qəbul edilir. Demokrit və Epikürün yaradılmamış substansiya kimi götürülən materiyası rədd edilir. Lakin, pifaqorçular və neoplatonçuların idealist və mistik təlimlərinə dözümlə yanaşılır.
3.2. Mötəzililərİntellektualist yönümlü alim-ilahiyyatçıların, o cümlədən qədərilərin sonrakı axtarışları mötəzililər (ərəb. uzaqlaşma, kənar durma) hərəkatının yaranmasına səbəb olur. Onların təlimi rasionalist əhval-ruhiyyədədir. Mötəzilizmin banisi Vasil İbn Əta (700-749) olmuşdur.
İslamda ilk dəfə olaraq mötəzililər iman məsələsində zəkanın hüquq və əhəmiyyətini etiraf etmişlər. Dini mənbələrlə yanaşı onlar Allahı dərk etmə vasitəsi kimi zəkaya da müraciət edirlər. Onlar hesab edirdilər ki, Allahın iradəsi əsassız deyil, hər hansı hərəkət ona görə yaxşı deyil ki, Allah onu buyurub, sadəcə Allah ona görə belə buyurub ki, bu hərəkət yaxşıdır. Mötəzililər eyni zamanda fatalizm və antropomorfizmə (Allahın insana məxsus olan sifətlərə malik olaması) qarşı çıxırdılar.
Mötəzililər sübut edirdilər ki, qətiyyən mümkün deyil ki, Allah insanı öncədən günah iş görməyi onun alnına yazsın, qisməti kimi müəyyənləşdirsin və sonradan onu pis əməllərinə görə cəzalandırsın. Eyni zamanda onlar Allahın insani sifətlərə malik olması (antropomorfizm) ilə Onun əbədiliyi arasında ziddiyyəti qeyd edir, antropmorfizmi rədd edirdilər.
3.3. KəlamYunan dialektikası ilə “silahlanmış” mötəzilizm çox keçmir ki, düzgün etiqad üçün təhlükəyə çevrilir. Bu isə İslam ehkamlarının fəlsəfi interpretasiyasına əsaslanan ortodoksal teologiyanın yaradılmasını zərurətə çevirir. Bu işin öhdəsindən Bəsrəli teoloq Əbül Həsən Əl-Əşəri (873-935) gəlmişdir. Yazdığı çoxsaylı əsərləri ilə o, ərəb-müsəlman fəlsəfəsində kəlam adlandırılan İslamın rəsmi teologiyasını yaratmışdır. Kəlamın nümayəndələri isə mütəkəllimlər adlandırılır.
Beləliklə, mühafizəkar və intellektualist yönümlü ilahiyyatçılar arasındakı mübarizə son nəticədə vəzifəsi mötəzililərin kəlamına qarşı duracaq ortodoksal kəlamın yaranmasına səbəb oldu. Bu mübarizə əsasən altı problemin fəlsəfi terminlərlə təfsiri ətrafında getmişdir: Allahın atributları; Qurani-Kərimin yaradılmış, yoxsa əbədi olması; dünyanın yaradılışı və onun atomar strukturu; səbəbiyyət; azad iradə və alın yazısı.
Əl-Əşərinin yaratdığı kəlam sistemi mötəzilizm və düzgün etiqad arasında kompromis variant kimi çıxış edir və düzgün etiqadın əsaslandırılması üçün mötədil rasionalizmin tətbiqini məqbul sayır. Əl-Əşəri düzgün etiqadı mühafizəkar ilahiyyatçılardan fərqli olaraq təkcə Qurani-Kərimə müraciət etməklə yox, həm də fəlsəfi-məntiqi arqumentasiyaların köməyi ilə müdafiə edir. O həm mötəzililərin ardıcıl rasionalizminə, həm də mühafizəkar ilahiyyatçıların ifrat ehkamçılığına qarşı çıxır. Əl-Əşəri mötəzililərin dini idrakın əsas mənbəyi elan etdikləri zəkaya mücərrəd dərketmənin həlim formasını vermişdir.
Əl-Əşəri həm ardıcıl mötəzililərin Allaha hansısa atributların verilməsinin qeyri-mümkünlüyü haqqındakı fikirlərini, həm də mühafizəkar ilahiyyatçıların Allaha insana uyğun müvafiq əlamətlərin verilməsi kimi antropomorf təsəvvürlərini inkar etmişdir. O həmçinin düzgün etiqadın alın yazısı haqqında ehkamlarını insanın öz hərəkətləri üçün əxlaqi cavabdehlik ideyası ilə barışdırmağa çalışmışdır. Əl-Əşəriyə görə Allah insanı həm xeyir, həm də şər əməllər törədə bilmə qabiliyyəti ilə birlikdə yaratmışdır. Əgər insan xeyirə can atırsa Allah onu istiqamətləndirir, ona kömək edir; əgər insan şər əməllər törətməyə meyillidirsə, Allah onu tərk edir, onu yanlışlıqlar içərisində buraxır.
Əl-Əşərinin təlimini onun çoxsaylı tərəfdar və ardıclıları daha da inkişaf etdirmişlər. Onların ən görkəmliləri: Əl-Matrudi (? -944), Əl-Bakıllani (? -1013), Əbu Nəsr Əl-Quşayri (? -1120), Fəxrəddin Ər-Razi (1149-1209).
Sonrakı dövrdə kəlamın nəhəng nümayəndələrindən biri də Əbu Hamid Əl-Qəzali (1058-1111) olmuşdur. Əl-Qəzali və adları çəkilmiş digər mütəkəllimlərin əsas vəzifəsi Şərq peripatetizminin nümayəndələrinə qarşı ideoloji mübarizə olmuşdur. Məhz bu mütəkəllimlərin sayəsində kəlam öz inkişafının zirvəsinə çatmış və İslamın gerçək fəlsəfəsinə çevrilmişdir.
Əl-Qəzalinin yazdığı əsas əsərlər bunlardır: “Filosofların məqsədi”, “Filosofların ardıcılsızlığı”, “Xoşbəxtlik eliksiri”. Bu əsərlərində o, Allahın dünyanı heç nədən yaratması (kreasionizm), insanın bədən və ruhunun Allah tərəfindən yaradılması və ruhun əbədi olması ideyalarını əsaslandırmışdır. O belə bir ideya ilə razılaşır ki, Allah möcüzə törədə bilər. Eyni zamanda dünyanın əbədiliyi və onun qanunauyğun inkişaf etməsi ideyasına qarşı çıxır, sübut etməyə çalışır ki, hiss üzvlərinin məlumatlarına əsaslanan insan heç zaman idrakın həqiqiliyinə əmin ola bilməz. Həqiqət yalnız mistik idrakla əldə oluna bilər. Fəlsəfə ilə məşğul olan Əl-Qəzali belə bir nəticəyə gəlir ki, irrasional (təhtəlşüuri) anlayış olan imanla rasionalist (zəkaya əsaslanan) nəzəriyyənin məhsulu olan fəlsəfə heç bir zaman ortaq məxrəcə gələ bilməz.
Kəlamın əsas prinsipləri. Kəlamın əsas prinsipi ardıcıl monoteizm, təkallahlılıq (ərəb. tovhid), daha doğrusu təkcə Allahın mövcudluğunun etirafıdır. Allah kamildir, bütün çatışmazlıqlardan kənardır, Özünə bərabəri, oxşarı yoxdur. Mütəkəllimlərə görə Allah tək və əbədidir, yalnız Özü vasitəsilə mütləq zərurətə görə mövcuddur. Öz-özünə kafi olan Onun üzərində və Özü ilə bərabər heç nə yoxdur. O bütün dünya və onda olan hər şeyi yaradan yaradıcı Şəxsiyyətdir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?