Текст книги "Fəlsəfə : dərs vəsaiti"
Автор книги: Elşən Bayramzadə
Жанр: Учебная литература, Детские книги
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]
2. Qədim Çin fəlsəfəsi
2.1. Qədim Çin fəlsəfəsinin ümumi səciyyəsiQədim Çində fəlsəfi ənənələrin meydana gəlməsi və formalaşması təqribən m.ö. I minilliyin ortalarına təsadüf edir. Burada fəlsəfi fikir ənənəvi cəmiyyətlərdə fövqəladə dərəcədə böyük əhəmiyyətə malik yazı mədəniyyətinin ümumi inkişafı ilə sıx bağlı olmuşdur. Çin fəlsəfəsinin əsas səciyyəvi xüsusiyyəti bu regionda yaşayan mütəfəkkirlərin düşüncələri üçün nəzəri baza kimi çıxış edən müəyyən kanonik kitablar toplusuna əsaslanmasıdır. Ümumiyyətlə bu kitablar Çin intellektual ənənəsinin təməli hesab edilir.
Kanonlaşdırılmış kitablar qədim tarixə malik olmuş, sonralar, təq. m.ö. II-I əsrlərdə tərtib edilərək “U tszin” (“Beş kanon” və yaxud “Beşkitab”) adlandırılmışdır. “U tszin”ə daxil olan kitablar bunlardır: “Şi tszin” (“Mahnılar kitabı”), “Şu tszin” (“Tarix kitabı”), “İ tszin” (“Dəyişikliklər kitabı”), “Li tszin” (“Ayinlər kitabı”) və “Lyuy şi çun tsyu” (“Cənab Lyuyun bahar və payızları”).
2.2. Əsas fəlsəfi məktəblərÇində fəlsəfi ənənələrin inkişafının ilkin mərhələsi (m.ö. VI-III əsrlər) ideya və doktrinaların rəngarəngliyi ilə seçilir. Məhz bu baxımdan həmin dövr “yüz məktəbin rəqabəti” kimi səciyyələndirilmişdir. Dövrün fəlsəfi məktəblərinin ilk təsnifatı m.ö. II əsrdə Sım Tan tərəfindən verilmişdir. Bu məqsədlə o, “altı təlim adlı” traktat da yazmışdır. Sım Tanın təsnifatına görə Qədim Çin fəlsəfəsi əsas etibarilə altı məktəbi əhatə edir:“in və yan” –naturfəlsəfə; konfusiçilik; moizm; “adlar məktəbi”; “qanunçular məktəbi” –legizm; “Yol və kəramət məktəbi” –daosizm.
2.2.1. “İn və yan” məktəbi –naturfəlsəfə. Bu məktəb nümayəndələrinin heç bir əsəri dövrümüzə gəlib çatmayıb. Əsas ideyalar qismən “Şi tszin”, “İ tszin” kitablarında əksini tapıb. Məktəbin bütövlükdə ənənəvi Çin mədəniyyətinə təsir göstərmiş əsas ideyasına görə dünyada bir-biri ilə mübarizə aparan iki zidd başlanğıc –in və yan (qaranlıq və işıq, qadın və kişi, aşağı və yuxarı, yer və səma, yumşaq və bərk) mövcuddur. Digər ideya isə beş ünsür –su, od, metal, ağac, torpaq bir-biri ilə qarşılıqlı təsirdədirlər. M.ö. I minilliyin ikinci yarısına qədər bu ideyalar dağınıq şəkildə mövcud olmuş, sonradan məktəbin yeganə nəhəng nümayəndəsi Tszou Yanya (m.ö.IV-III əsrlər) tərəfindən ümumi doktrinada təfsir edilmişdir. O, “beş ünsür” konsepsiyasını tarixi prosesin təfsirinə tətbiq etmişdir. Sonrakı dövrlərdə in və yan məktəbinin inkişafı daosizm və konfusiçiliklə bağlı olmuşdur.
2.2.2. Konfusiçilik. Qədim Çin fəlsəfəsinin ən qədim məktəblərindən biri olub, ilk növbədə insanı sosial həyatın iştirakçısı kimi tədqiq edir. Konfusiçiliyin banisi Konfusi(təq. m.ö. 551-479) olub. Təlimini şifahi yaysa da, baxışları şagirdləri tərəfindən qələmə alınmış “Lun Yuy” (“Söhbətlər və mühakimələr”) traktatında əksini tapıb.
Əksər filosoflar kimi, Konfusini də şərin mənbəyi düşündürmüşdür. Lakin, əgər buddizmdə ayrıca insanın iztirabları və bu iztirabları aradan qaldırılma vasitələri haqqında söhbət açılırsa, konfusilikdə isə cəmiyyətin məruz qaldığı soial şər və bədbəxtliklərə diqqət yönəldilir. Çünki, əgər cəmiyyət içərisindədirsə, deməli onun hər bir nümayəndəsi əziyyət çəkir. Və əksinə, cəmiyyət inkişaf və çiçəklənmədədirsə, onda hər bir insan da rifah içərisində yaşayır.
Konfusiçiliyin cavab axtardığı suallar belədir: Sosial bədbəxtliklərin səbəbi nədir? Hökmdarlar nə üçün xalqı incidir, bəs xalqlar nə üçün öz hökmdarlarına qarşı çıxırlar? Nə üçün valideynlər bəzən öz uşaqlarının qayğısına qalmır, uşaqlar isə valideynlərinə hörmət etmirlər? Nəsillər arasındakı münaqişələr nədən törəyir? Nə üçün dünyada qəddarlıq, yalan və düşmənçilik geniş yayılır? Və ən əsası: bu müsibətlərdən necə qurtulmalı və insanların birgəyaşayışını hansı yollarla harmonik və xoşbəxt etməli?
Konfusi hesab edir ki, dünyada şərin müstəqil səbəbi yoxdur. Dünya özlüyündə şər deyil və ola bilməz. Çünki, o mütləq xeyir, ali, şəxssiz, panteist başlanğıc –Səma(Tyan) tərəfindən yaradılıb və daim onun nəzarətindədir. Səma fəzilətlərlə doldurulmuş nizamı (Li) bərqərar edir. Şər isə bu nizamın pozulmasından törəyir. Bu pozuntunu isə, Səmavi nizamı düzgün anlamayan insanlar pozur.
Şərin törəməməsi üçün, insan həyatının nizamlı və harmonik olması üçün Səmavi iradə və onun bərqərar etdiyi xeyir nizam dərk olunmalıdır. Biz bu nizamı görməli, sona qədər dərk etməli, sonra isə ona əməl etməliyik. Xoşbəxtliyi kənarda axtarmaq lazım deyil, o həmişə ətrafımızdadır. Ondan yalnız istifadə etmək lazımdır. Bizdən isə yalnız Səmanın təyin etdiyi xoş nizama riayət etmək, ona uyğun yaşamaq, onun prinsip və qaydalarına əməl etmək, onları heç zaman pozmamaq tələb olunur. O zaman insan xoşbəxt olur. Səmanın təyin etdiyi qaydalar isə bunlardır: alicənablıq (kuan), böyüklərə hörmət (di), övlad ehtiramı (syao), dosta vəfalılıq (İ), hökmdara sədaqət (çjun) və s. Əgər hər kəs öz bildiyi kimi yaşasa, o da xoşbəxt olar, cəmiyyət sabit həyat sürər.
2.2.3. Moizm məktəbinin banisi Mo Di, və yaxud Mo-tszı(m.ö. 468/478 -376/400) olmuşdur. Mo-tszının baxışları “Mo-tszı” adlı traktatda əksini tapmışdır. Bir çox aspektə moizm konfusiçiliyə əks ideyalarla çıxış etmişdir.
Mo-tszı üçün Səma (Tyan) hansısa reallıq olub hər şeyi görür və eşidir, hiss və arzulara malikdir. Nəyin xeyir, nəyinsə şər olmasını da Səma müəyyənləşdirir. Bu bölgünün meyarı özünəməxsus nümunə kimi çıxış edən Səmanın iradəsidir. “Geniş və təmənnasız”, “çox verib, az əvəz alan” Səmanın iradəsinə əsaslanan kamil və müdrik hökmdarlar sosial və əxlaq normalarını müəyyənləşdirirlər. Səma insanlar arasında qarşılıqlı məhəbbətin və qarşılıqlı faydanın nümunəsidir. Həqiqi nemətlərə can atan insan “səmavi nümunəyə” riayət etməlidir. Yalnız bu yolla o, lazımı nəticələr əldə edə bilər.
Səma iradəsini xeyir və şərin ayırıcı meyarı kimi qəbul edən Mo-tszı tale haqqında təsəvvürləri inkar etmişdir: Səma heç nəyi öncədən müəyyənləşdirmir, o yalnız insanların bir-birini sevməsini arzulayır. Taleyə boyun əyməyin heç bir mənası yoxdur və ədalətə ziddir. Çünki, bu halda insan müstəqil qərar qəbul etmək və lazım bildiyi kimi davranmaq imkanından məhrum olur.
Mo-tszı sosial-fəlsəfi ideyalarla da çıxış etmişdir. O hesab edir ki, xalqın iradəsi elə Səmanın iradəsidir. Çin filosoflarının böyük əksəriyyəti kimi Mo-tszı hökmdarların qəddarlığını sərt tənqid etmiş, dövlətin idarə edilməsində ədalətin gözlənilməsinə çağırmışdır. Onun “istedada sayğı” konsepsiyasına görə mənşəyindən asılı olmayaraq müdrik insanlar yüksək dövləti vəzifələrə təyin olunmalıdırlar. Yalnız ən müdrik hökmdarın taxta çıxması cəmiyyətdə xaos və qanunsuzluğa son qoya bilər.
Mo-tszının ən ümumi məhəbbət konsepsiyasından onun hər bir növ müharibə və münaqişələrə neqativ münasibəti irəli gəlir. Müharibə dövlətin ən vacib resurslarını məhv edir, şəhər və kəndləri dağıdır, ailələri başsız qoyur. Müharibə yalnız bir qrup insan üçün faydalı ola bilər. Xalqa isə o, həmişə bədbəxtlik və iztirab gətirir. Bununla belə, o öz torpaq və vətənini qorumaq üçün müharibəni məqbul saymışdır. Rəvayətlərə görə Mo-tszı çoxsaylı şagirdləri ilə düşmən təcavüzünə məruz qalan dövlətlərə kömək etmişdir. Qeyd edək ki, XIX-XX əsrlərdə moizmin əsas ideyalarına ciddi maraq müşahidə edilmişdir.
2.2.4. “Adlar məktəbi”. Bu məktəb nümayəndələrinin də əsərləri dövrümüzə gəlib çatmamışdır. Məktəbin əsas ideyaları Çin fəlsəfi fikrinin digər cərəyanlara məxsus mətnlərindən məlumdur. “Adlar məktəbinə” aid mütəfəkkirlər üçün əsas problem adlar (min) və şeylər(şi), adlandırma və onun işarələdiyi predmet arasındakı münasibət olmuşdur.
“Adlar məktəbi” çərçivəsində iki istiqamət formalaşmışdır: 1) “oxşarlıq və fərqin birləşdirilməsi məktəbi”; 2) “bərkin ağdan ayrılması məktəbi”. Birinci istiqamətin ən görkəmli nümayəndəsi Xuey Şi (m.ö.IV əsr) olmuşdur. O, şeylər və təzahürlər arasındakı fərqliliyi nisbi məna kəsb edən zaman, yer və şəraitin konkretikası ilə əlaqələndirmişdir. Onun təlimi on tezislə ifadə olunmuşdur. Tezislərin birincisində deyilir ki, şeylərin bütün çoxluğu “kiçik təkçədən” törəyir. Ona görə də onlar arasında mahiyyətcə fərq yoxdur. Qeyd edək ki, bu tezislər öz paradoksallığı ilə seçilir. Məhz bu səbəbdən fərqli cür təfsirlərə məruz qalmışdır.
Məktəb çərçivəsində yaranmış ikinci cərəyanın ən görkəmli nümayəndəsi isə Qunsun Lun olmuşdur. Onun təliminə görə “adların” “şeylərlə” əlaqəsi dayanıqlı, konkret və mahiyyət xarakterlidir. Onun bu aforizmləri məşhurdur: “ağ at –at deyil”, “bərk və ağ daş –mahiyyətcə iki daşdır”. Müasir tədqiqatçılar Qunsun Lunun paradokslarını müxtəlif cür, o cümlədən təkcə və ümuminin, anlayışların həcm və məzmununun nisbəti probleminin ifadəsi kimi və s. şərh edirlər.
2.2.5.“Qanunçular məktəbi” –legizm. Təlimin banisi Şan Yan (m.ö.IV əsr) olub. Əsas prinsipləri “Şan tszyun şu” (“Şan əyalətinin hökmdarının kitabı”) traktatında əksini tapmışdır.
Bu təlim tərəfdarları konfusiçi ayinlərə qanunu (fa) qarşı qoymuş, inandırma, daha doğrusu əxlaqi məcburetmə metodundan imtina edərək, hüquqi məcburetmə və cəzalandırma metoduna üstünlük vermişlər. Onlarda vicdan qorxu ilə əvəzlənir. Dövlət haqqında böyük ailə kimi sadəlövh təsəvvürlər dövlətin qəlbsiz nəhəng mexanizm kimi təsəvvürlərlə əvəzlənir. Fəzilətli müdriklərin yerini məmurlar, xalqın atası kimi qəbul edilən hökmdarın yerini isə özünü əcdadlardan, xalq və hətta səmadan üstün tutan despot-hegemon tutur.
Dövlətin qüdrətini qanunçular əkinçilikdə görmüş, sənətkarlıq və ticarəti məhdudlaşdırmağa üstünlük vermişlər.
Şan Yan təkcə nəzəriyyəçi yox, həm də qanunçu-praktik olmuşdur. O bir sıra islahatlar keçirmişdir. Əkin sahələrinə xüsusi mülkiyyət tətbiq edilmiş, ölkədə qarşılıqlı çuğulçuluq sistemi qurulmuşdur.
Konfusiçilikdə olan idarəetmə üsuluna qarşı çıxan Şan Yan bəyan edir ki, əsl fəzilət cəzadan törəyir və onu ölüm hökmləri və ədalətin zorakılıqla barışdırılması yolu ilə əldə etmək olar.
2.2.6. “Yol və kəramət məktəbi” –daosizm. Qədim Çin fəlsəfəsinin digər böyük nümayəndəsi Lao-tszı (m.ö. VI-V əsrlər) olmuşdur. Onun yaratdığı təlim daosizm adlanır. Daosizmin əsas prinsipləri ikisi birlikdə “Daodetszin” (“Yollar və fəzilətlər haqqında kitab”) adlandırılan “Daotszin” və “Detszin” traktatlarında əksini tapıb.
Daosizmin əsas anlayışları “Dao” və “De” –dir.
“Dao” ikili mənaya malikdir:
1) insan və təbiətin öz inkişafında gedəcəyi yol, dünyanın mövcudluğunu təmin edəcək universal ümumdünyavi qanun;
2) energetik tutumlu boşluğu əks etdirən, dünyanın əsasında dayanan substansiya, ilkbaşlanğıc.
“De” yuxarıdan gələn firavanlıq; sayəsində ilkbaşlanğıc “Dao”nun ətraf dünyaya çevrildiyi energiya.
Daosizmin əsas ideyaları aşağıdakılardır:
1) Dünyada hər şey qarşılıqlı əlaqədədir, elə bir şey, elə bir hadisə yoxdur ki, digər şey və hadisələrlə əlaqədə olmasın;
2) Dünyanın əmələ gəldiyi materiya birdir, yeganədir; təbiətdə materiyanın dövranı mövcuddur (“hər şey torpaqdan yaranır, torpağa qayıdır”), daha doğrusu, bugünkü insan dünən kainatda mövcud olan digər formalarda –daş, ağac, heyvanların hissələri və s. –mövcud olmuşdur, öldükdən sonra insanın əmələ gəldiyi şeylər təbiətin digər şey və hadisələri, və yaxud, həyatın digər formaları üçün “tikinti materialına” çevrilir;
3) Dünyanın nizamı, təbiətin qanunları, tarixin gedişatı sarsılmazdır və insanın iradəsindən asılı deyil, deməli insan həyatının əsas prinsipi dinclik və fəaliyyətsizlikdir (u-vey)
4) imperatorun şəxsiyyəti müqəddəsdir, yalnız imperator Tanrı və ilahi qüvvələrlə mənəvi əlaqədədir; imperatorun vasitəsilə “De” firavanlıq və həyatverici qüvvə olaraq Çinə və bəşəriyyətə enir; insan imperatora nə qədər yaxındırsa, “De” imperatordan ona bir o qədər çox keçir;
5) “Dao”nu dərk etmək və “De” qazanmaq daosizm bütün qanunlarına tam riayətdən keçir, “Dao” ilə qovuşmaq imperatora itaətkarlıq və ona yaxın olmaqdan keçir;
6) xoşbəxtliyə gedən yol arzu və ehtiraslardan azad olmaq –həqiqəti dərk etməkdən keçir;
7) bir –birinə hər şeydə güzəştə getmək.
III FƏSİL. Antik fəlsəfə
Antik fəlsəfə təqribən təqribən m.ö. VII-VI əsrlərdə Qədim Yunanıstanda, əsasən onun koloniyalarında meydana gəlib. Min ildən artıq davam etmiş bu fəlsəfəçilik tipi üç böyük mərhələyə bölünür: Sokrataqədərkilər, Klassik dövr (Sokrat, Platon, Aristotel), Ellin-Roma fəlsəfəsi.
1. Sokrataqədərkilər
1.1. Milet məktəbi. HeraklitMilet məktəbi müasir Türkiyə ərazisində yerləşən yunan kaloniyası İoniyada yaranıb. Bu məktəbin üç böyük nümayəndəsi olub: Fales, Anaksimandr və Anaksimen. Fales (təq. m.ö.624-547) Milet məktəbinin banisi və yunanların ilk filosofu hesab olunur. Varlı ailədə doğulmuş, ticarətlə məşğul olarkən dövrün inkişaf etmiş sivilizasiya mərkəzlərinə, o cümlədən Misir, Babilistan və Finikiyaya səfərlər etmiş, müxtəlif sahələrə aid elmi biliklərə yiyələnmişdir.
Fales təlimini ilk baxışda bir az qəribə və bir az da sadəlövh görünən belə bir mühakiməyə gətirmək olar: hər şey sudur (və yaxud, hər şey sudan yaranıb). Lakin Falesin fəlsəfi təlimindən miras qaldığı heç bir şübhə doğurmayan bu mühakiməyə filosof və fəlsəfə tarixçiləri ciddi diqqət yetirmişlər. Belə mühakiməyə gəlmək Falesdən köhnə mifoloji dünyagörüşü ilə dövrün yaşanan sosial inqilabının tələblərinə cavab verəcək yeni elmi təfəkkürün sintezini tələb edirdi.
Falesin ikinci əsas fəlsəfi müddəası belə səslənir: “dünya canlıdır və Allahlarla doludur”. Burada həyat və hərəkətin mənbəyi qismində can haqqında qədim təsəvvürlər əksini tapır. Daş(maqnit) cəzb etdiyi dəmir parçasını hərəkətə gətirir və yaxud özü ona doğru hərəkət edir, deməli daş özü-özünü hərəkətə gətirirsə cana malik olmalıdır. Çünki, can –canlılara məxsus olan hərəkətliyin mənbəyidir. Müddəanın ikinci hissəsi ilə bağlı bunları söyləmək olar: o dövrdə geniş yayılmış təsəvvürlərə can hər şeyə qarışıb; ola bilər ki, buradan çıxış edən Fales hesab edib ki, hər şey Allahlarla doludur. Oxşar fikirlərə əsaslanaraq Falesin təlimini bəzən hilozoizm kimi xarakterizə edirlər.
Falesin astronomiya və həndəsə sahəsində də kəşfləri olmuşdur. Verilən məlumatlara görə ili 365 günə bölmüş, kölgənin uzunluğuna görə piramidaların hündürlüyünü ölçmüş, bir sıra həndəsi teoremləri (məs. bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqların bərabərliyi) isbat etmiş, m.ö. 28 may 585-ci ildə günəş tutulmasını öncədən söyləmiş, Yerin disk şəklində olub su üzərində sükunətdə qaldığını iddia etmişdir.
Fəlsəfə tarixində Falesin əsas xidməti, elmdən dünyagörüşü nəticələri çıxararaq mifoloji dünyagörüşü zamanın ruhuna cavab verən fəlsəfəyə çevirməsidir.
Milet məktəbinin ikinci böyük filosofu Anaksimandr(təq. m.ö. 610-546) Falesin dostu və şagirdi olmuşdur. Həyatı haqqında çox az məlumat qalıb. “Təbiət haqqında”, “Yerin təsviri”, “Tərpənməz ulduzlar haqqında”, “Sfera” adlı əsərlər yazmış, lakin onlar dövrümüzə gəlib çatmamışdır. İlk dəfə olaraq fəlsəfi əsəri nəsrlə yazmışdır.
Anaksimandr mürəkkəb naturfəlsəfi sistem yaratmışdır. Bu sistemdə Falesin toxunduğu bir çox problemlər konkret təcəssümünü tapmış, fəlsəfi dünyagörüşü və mücərrəd təfəkkürün inkişafında irəliyə doğru böyük addım atılmışdır. Dünyanı bütöv və vəhdətdə nəzərdən keçirən Anaksimandr bütün mövcudluğun əsası və ilkbaşlanğıcı olaraq konkret fiziki substansiyanı deyil, qeyri –müəyyən və ilk baxışda mücərrəd “hüdudsuzu” –“apeyron”u götürmüşdür.
Antik dövrdə su, od, hava və torpaq kimi ünsürlərin bir –birinə çevrilməsi haqqında təsəvvürlərə əsaslanmaqla Anaksimandr fərz edə bilərdi ki, çevrilmə prosesində dörd ünsürün hamısı üçün ortaq və onlara eyni dərəcədə xas olan nəsə ümumi var. Çevrilmələri də məhz bu ünsür mümkün edir. İlkmaddənin apeyron olaraq (yəni, hüdudsuz) qəbul edilməsi ilk növbədə onun keyfiyyət qeyri –müəyyənliyini, onda hansısa xassə və strukturun olmamasını göstərir. Lakin, apeyron eyni zamanda kəmiyyətcə hüdudsuzdur, sonsuzdur. Simplitsiyə görə, apeyronun kəmiyyətcə sonsuzluğu yaranma prosesinin əsasında duran ilkbaşlanğıcın tükənməməsi ilə əlaqədardır.
Anaksimandr külək, yağış, ildırım və göy gurultusu kimi meteoroloji hadisələrin səbəblərini aşkarlamağa çalışmış, Lakedemonda baş vermiş zəlzələni öncədən söyləmişdir.
Milet üçlüyünün sonuncusu Anaksimen (m.ö.585 -528) Anaksimandrın şagirdi və dostu olub. Həyatı haqqında məlumat yox dərəcəsindədir. Anaksimen də sələflərinin ardınca ilkbaşlanğıc probleminin həllinə çalışmışdır. Lakin o, nə suyu, nə də ki, apeyronu qəbul etməmiş, ilkbaşlanğıc olaraq havanı götürmüşdür. Aristotel yazır ki: “Anaksimen …havanın sudan əvvəl olduğunu təlim edir və onu sadə cisimlərin bütün digər başlanğıclarından üstün edir”. Simplitsi isə Teofrasta əsaslanaraq məlumat verir ki: “…Anaksimenə görə hər şeyin əsasında dayanan vahid və hüdüdsuzdur, lakin buna rəğmən onu qeyri –müəyyən yox, müəyyənlik kimi qəbul edir, onu hava adlandırır. O (yəni hava) əsasında dayandığı şeylərə uyğun olaraq seyrəkləşmə və sıxlaşma dərəcəsinə görə müxtəlif olur. Yəni o, seyrəkləşərək od olur; qatılaşaraq külək, sonra bulud olur, daha artıq qatılaşaraq suya, sonra torpağa, daşa çevrilir”. Havaya ilkbaşlanğıc “statusu” verilməsi, Anaksimenin həyatın mənbəyi olan nəfəsin müşahidəsi nəticəsində də törəyə bilərdi. Belə ki, onun canla hava arasında analogiya aparması da məlumdur. Bu Anaksimenin dövrümüzə gəlib çatmış və ona məxsusluğu şübhə doğurmayan yeganə fraqmentində də əksini tapır: “Hava olan canımızın bizi saxladığına bənzər olaraq, nəfəs və hava da bütün dünyanı əhatə edir”.
Anaksimenin təlimi yunan elmi – nəzəri təfəkkürünün sonrakı inkişafında əhəmiyyətli rol oynamış, onun ideyaları Pifaqor, Anaksaqor, Apolloniyalı Diogen və atomistlərə birbaşa təsir göstərmişdir. Anaksimenin fəlsəfə tarixində əsas xidməti odur ki, O, yaranma prosesinin keyfiyyət aspektini izah edərək, prosesı kəmiyyət dəyişmələrinə müncər etmişdir. Onun konsepsiyasından belə məlum olur ki, kainatın müxtəlif hissələri heç də fərqli şeylərdən əmələ gəlməmiş və bir –birindən yalnız özündə ilkbaşlanğıcdan, yəni, havadan az, və ya çox miqdarda saxlaması ilə fərqlənir.
İoniyanın Miletdən sonra ikinci böyük şəhəri Efes tarixdə daha çox antik dövrün ilk dialektik filosoflarından Heraklitin vətəni kimi məşhur olub. Heraklit fəlsəfəsində “loqos” əsas anlayış kimi çıxış edir. Lakin, Heraklitin loqosu necə mənalandırması, ona hansı məzmun verməsi haqqında müxtəlif rəylər var. “Loqos” anlayışı Heraklit fəlsəfəsində hər şeyin axması, şeylərin aramsız dəyişməsi haqqında ideyası ilə üzvü surətdə bağlıdır. Bütün şeylərin mütləq və aramsız dəyişməsi haqqında müddəa artıq qədim dövrlərdən heraklitizmin nüvəsi sayılırdı: əsas şüarı “hər şey axır” Heraklit axar çay obrazını fəlsəfi təliminin mərkəzinə gətirməklə göstərmək istəmişdir ki, şeylərin təbiəti hərəkətli, varlığın mahiyyəti isə aktivdir. Dünya –bir proses, şeylər axımıdır. Həyatın özü də hərəkət və aktivlikdir. Heraklit sükunət və hərəkətsizliyi “ölülərin xassəsi” kimi nəzərdən keçirir.
Heraklit fəlsəfəsinin əsas ideyalarından biri də əksliklərin mübarizəsi və vəhdəti (eyniliyi) ideyasıdır. Heraklitə görə, aləmdə hər şey əksliklərdən, qarşıdurmada olan qüvvə və təmayüllərdən ibarətdir. Əksliklərin mübarizəsi hər şeyin, bütün proseslərin mahiyyətini müəyyənləşdirir. Eyni zamanda fəaliyyətdə olan əks istiqamətli qüvvələr şeylərin daxili harmoniyasını müəyyənləşdirən “gərgin” vəziyyəti əmələ gətirirlər. Əgər əksliklərin vəhdəti, eyniliyi onların mübarizəsinin şərtidirsə, əksliklərin harmoniyası isə mübarizə nəticəsində pozulmuş vəhdətlərinin daimi bərpasını təmin edir.
Heraklit hesab edir ki, insan biliyinin mənbəyi hiss üzvlərinin fəaliyyətidir: “Mən nəyi görmək, eşitmək, tanımaq olarsa, ona üstünlük verirəm”. Lakin, o, hiss üzvlərinin də idrak prosesində yerini müəyyənləşdirməyə çalışır: “Gözlər qulaqlardan daha yaxşı şahidlərdir”. Bununla yanaşı, efesli müdrik belə hesab edir ki, hiss üzvlərinin verdiyi məlumatlar zəka süzgəcindən keçməyənə qədər onlara inanmaq lazım deyil. Yəni hiss üzvlərinin verdiyi məlumatı yalnız zəka düzgün təfsir edə bilər. Ona görə də zəkanın mənbəyi olan ruh necədirsə, hiss üzvlərinin verdiyi məlumatların dəyəri də elədir: “Barbar ruha malik insanlar üçün gözlər və qulaqlar pis şahidlərdir”.
Dövrün əsas fəlsəfi problemi –ilkbaşlanğıc problemi Heraklit fəlsəfəsində orijinal həllini tapmışdır. Fales və Anaksimen kimi o da materiya formalarından birini ilkmateriya ilə eyniləşdirir. Heraklit belə forma qismində nisbətən daha hərəkətli, dəyişkən “ünsür” və faktiki proses olan odu seçmişdir11
Фрагменты ранних греческих философов. М.: Издательство «Наука», 1989, 578 с. (с.177)
[Закрыть].
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?