Текст книги "Fəlsəfə : dərs vəsaiti"
Автор книги: Elşən Bayramzadə
Жанр: Учебная литература, Детские книги
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]
4. Şərq peripatetizmi (məşşaiyyə)
4.1. Şərq peripatetizminin ümumi səciyyəsiMütəkəllimlərdən fərqli olaraq filosoflar öz təlimlərini yaratmaq üçün yunan tibbinə, riyaziyyat və astronomiyasına, xüsusilə Platon və Aristotelin fəlsəfəsinə əsaslanmışlar. Platon və Aristotelin fəlsəfəsi ərəblərin intellektual həyatına ilk növbədə tərcümələr, sonra isə orijinal əsərlərə yazılmış şərhlər sayəsində daxil olmuşdur. Nəticədə ərəblərdə kəlamla bərabər dini baxışlar sisteminin yenidən qurulmasını tələb edən dünyəvi fəlsəfə də inkişaf etmişdir. Filosofların böyük əksəriyyətinin Aristotel təliminə üstünlük verməsi, bu istiqamətdə yaranıb inkişaf etmiş fəlsəfi cərəyanın stagirli müdrikin tərəfdarlarına verilmiş ada –peripatetizmə uyğun olaraq Şərq peripatetikləri, və yaxud məşşailər (ərəb. gəzişmə) adlandırılıblar. Lakin burada zəruri qeyd vacibdir. Ərəb dünyasında bəzi hallarda bir filosofun traktatı başqa filosofun adına yazılmışdır. Məsələn, neoplatonizmin banisi Plotinin “Enneadalar” traktatı Aristotelə aid edilmiş və “Aristotelin teologiyası” adı ilə ərəb dilinə tərcümə olunmuşdur. Hətta son orta əsrlərdə Qərbi Avropada da bu əsəri Aristotelə məxsus hesab etmişlər. Digər bir neoplatonist Proklun “Səbəblər haqqında” traktatı da Aristotelin adına çıxılmışdır. Bu səbəbdən Şərq peripatetiklərinin fəlsəfi təlimlərində neoplatonist ideyalara rast gəlinir.
Şərq peripatetikləri dünya fəlsəfi irsində özünəməxsus yer tuturlar. Onlar təkcə Antik irsin Qərbi Avropaya ötürülməsi ilə məşğul olmamış, orijinal fəlsəfi təlimlər yaratmışlar. Bu cərəyanın ən görkəmli nümayəndələri Əl-Kindi, Farabi, İbn Sina və İbn Rüşd olmuşdur.
4.2. Əl-KindiAristotelin təliminin öyrənilməsinə yol açan ərəblərin görkəmli mütəfəkkiri Əbu Yusif Əl-Kindi (801-866) olmuşdur. Təsadüfi deyil ki, o “ərəblərin filosofu” fəxri adını almışdır. O Aristotelin kateqoriyalar, “aktiv” və “passiv” intellekt, səbəblərin növləri, elmlərin bölünməsi haqqında ideyalarını şərh etmişdir. Əl-Kindi Allah kəlməsini işlətmir, Aristotelin təliminə uyğun olaraq öz-özünü fikirləşən fikir, “təkcə və əbədi” kimi təsvir edilən “ilk səbəb”, “ilk mühərrik” kateqoriyalarından istifadə etmişdir.
Aristotelin on kateqoriyası əvəzinə o, beş önsubstansiyanı: materiya, forma, hərəkət, məkan və zamanı əsas götürür. O, elmi idrakın sonrakı peripatetiklərin hamısı üçün ümumi olan üçpilləli yolunu təklif etmişdir: əvvəlcə məntiq və riyaziyyat kimi propodevtik elmləri, sonra təbiətşünaslığı və nəhayət, onlara əsaslanan metafizikanı öyrənmək lazımdır. Bu pedaqoji tələbi o, mütəkəllimlərin mücərrəd mühakimələrinə qarşı qoymuşdur. Ərəb mütəfəkkir belə hesab edir ki, mütəkəllimlər “şeylərin təbiətini bilmədən” metafizik problemləri öyrənməyə başlayırlar. Əl-Kindinin fəlsəfəsi orta əsrlər ərəb fəlsəfəsinin inkişafını peripatetizm məcrasına yönəltmiş və dünya fəlsəfi irsinin inkişafına təsir göstərmişdir.
4.3. FarabiŞərq peripatetizminin görkəmli nümayəndələrindən biri də kökəncə türk olan Əbu Nəsr Məhəmməd Farabi (870-950) olmuşdur. O, Aristoteldən sonra “ikinci müəllim” fəxri adını almış, Əl-Kindidən kimi stagirli müdrikin fəlsəfi və məntiqi əsərlərinə şərhlər yazmışdır. Əsas əsərləri: “Fəlsəfəni öyrənməkdən qabaq nəyin müqəddimə verilməsi”, “Xoşbəxtlik qazanma”, “Elmlərin siyahıya alınması”, “Fəzilətli şəhər əhlinin baxışları”, “İki filosofun –Aristotel ilə Platonun görüşləri arasında ümumilik”, “Əqlə dair məqalə” və s.
Farabi Aristotelin fikir laboratoriyasına Əl-Kindidən daha artıq bələd olmuş, onun kateqoriyalar, elmlərin mənşəyi və öyrənilmə tərtibi, onların təsnifatı, intellektin növləri haqqında təlimini təhlil və inkişaf etdirmişdir. Allah və təbiətin qarşılıqlı münasibətini o, “zəruri varlıq” və “mümkün varlıq” olmaqla iki növ varlığın münasibəti məsələsi ilə əvəzləmişdir. O zəruri varlığı “öz mahiyyətindən həmişə və zəruri olaraq mövcudluğu alınan” varlıq kimi, mümkün varlığı isə “mahiyyətindən zəruri olaraq mövcudluğu alınmayan” varlıq kimi müəyyənləşdirmişdir. Lakin, Farabi varlığın ali və aşağı sahələri haqqında təlimini neoplatonist emanasiyalar nəzəriyyəsindən çıxış etməklə qurur: zəruri varlıq özündən ilk intellekti emanasiya (şüalandırma) edir, onda isə aksidental olaraq çoxobrazlılıq törəyir. Birinci intellekt özünəməxsus intellekti və canı olan səma sferasını törədir, o isə öz növbəsində aşağı sferanı, onun intellekt və canını törədir və s. Bu ardıcıllıq “ayaltı dünyanın”, daha doğrusu materiya və formanı, dörd elementi emanasiyası ilə başa çatır. Beləliklə, Farabi üçün materiya varlığın iyerarxiyasında ən aşağı pillədir. Aristotelin intellekti fəal və potensial olaraq iki yerə bölməsini Farabi neoplatonizmin təsiri altında belə şərh edir: insanın potensial intellekti dünyanı, onu kosmik fəal intellekt tərəfindən nurlandırması sayəsində dərk edir. Platon və Aristotelin baxışlarını ontoloji planda barışdırmağa çalışan filosof Platonun sosial utopiyasına üstünlük vermiş, ayrıca bir traktatında ideal “fəzilətli şəhərin” anatomiyasını təsvir etmişdir.
4.4. İbn SinaŞərq peripatetizmi özünün inkişafının zirvəsinə İbn Sinanın yaradıcılığında çatmışdır. Qərbdə Avisenna kimi tanınan Əbu Əli Hüseyn İbn Sina (980-1037) Orta Asiyada Buxara şəhəri yaxınlığında anadan olmuş, dahi filosof, həkim, şair, ensiklopediyaçı alim kimi böyük şöhrət qazanmışdır. Əsas əsərləri: “Şəfa kitabı”, “Biliklər kitabı”, “Tibb elminin qanunu” və s.
İbn Sina məntiqi düşüncələr əsasında dünyanın əbədiliyi ideyasına gəlmişdir. Əgər dünyanın ilksəbəbi olan Allah əbədidirsə, onda Onun nəticəsi olan dünya da əbədidir. Çünki, səbəb və nəticə bir-birinə bağlıdır, biri digərindən ayrı mövcud ola bilməz. Beləliklə, İbn Sinaya görə dünya əbədilik statusu qazanır. Lakin, bununla belə dünya “mümkün varlıq” olaraq qalır. Dünyanın əbədi mövcud olması da “subyekt” və “şərt” qismində materiya, hərəkət, məkan və zamanın əbədi mövcudluq imkanını ehtiva edir. Materiyaya müəyyən aktivlik xas olduğunu bildirən İbn Sina onun təfsirinə böyük töhfə vermişdir. O varlığın üç növünü fərqləndirmişdir: zəruri varlıq –Yaradan; mümkün varlıq –maddi dünya; qeyri-mümkün varlıq –ümumi anlayışlar.
İbn Sina varlıq və mövcudluğu bir-birindən fərqləndirmişdir. O belə hesab edir ki, bütün mövcud olanlar ya substansiyadır, ya da aksidensiyadır. Zəruri varlıq isə onların heç biri deyil. Zəruri varlığın mümkün varlığa olan münasibəti öz-özünə sadə eyniyyət münasibətidir. Çünki, zəruri varlıq bütün şeylərin vəhdətinin başlanğıcıdır.
İbn Sina Orta əsrlər Qərb fəlsəfəsinin əsas problemlərindən olan universalilər problemini də özünəməxsus şəkildə həll etmişdir. Onun fikrincə universalilər (ümumi anlayışlar) eyni zamanda həm maddi şeylərə qədər, Allahın şeylər dünyasını yaratmasına qədər İlahi zəkada; həm artıq yaradılmış şeylərin özündə; həm də şeylərdən sonra təfəkkürün təkcə şeylərdən çıxardığı ümumi anlayış olaraq mövcud olur. Onun bu nəzəriyyəsi iki prinsipə əsaslanır: birincisi, İlahi zəka şeylərdən öndədir və insan zəkası ondan sonra gəlir; ikincisi, fərdiləşdirmənin əsasında materiya, ümumiləşdirmənin əsasında isə zəka dayanır.
Farabi ilə müqayisədə Aristotelə daha çox yaxınlaşmış İbn Sina, bununla belə neoplatonizmin təsirindən tam azad ola bilməmişdir. O da Farabi kimi belə hesab edir ki, Allah dünyanı heç də birbaşa deyil, törətdiyi intellektlər, sferalar və canlar ardıcıllığı vasitəsilə emanasiya yolu ilə yaratmışdır. Potensial insan zəkasını aktuallaşdıran fəal kosmik intellektsiz idrak mümkün deyil. Farabi kimi o da peyğəmbərlik vergisini Birbaşa İlahi nurlanmanın mümkünlüyünün köməyi ilə şərh etmişdir.
4.5. İbn RüşdXII əsrdən peripatetik fəlsəfə ərəb-müsəlman arealında öz əvvəlki inkişaf tempini itirsə də, bu fəlsəfəçilik tipi sonrakı inkişafını Qərbi Avropada –müsəlman İspaniyasında tapır. Burada ömrünü davam etdirən peripatetizm əsas diqqəti təbii-elmi problemlərə yönəltmişdir. Qərb-ərəb peripatetizmi üçün əsas nəzəri mənbə rolunu Əl-Kindi, Farabi və İbn Sinanın fəlsəfi irsi oynayır. Qərb-ərəb peripatetizminin banisi İbn Bəcca (?-1138), onun rasionalist xəttinin davamçısı isə İbn Tüfeyl (1110-1185) olmuşdur.
Qərb-ərəb peripatetizminin ən görkəmli nümayəndəsi latınlaşdırılmış adı Averroes olan Əbül Valid Məhəmməd ibn Əhməd İbn Rüşd (1126-1198) olmuşdur. Əsas əsərləri: “Ardıcılsızlığın ardıcılsızlığı”, “Fəlsəfə və din arasındakı əlaqəyə dair”. İbn Rüşdün təlimi hər bir istiqamətdə Aristotelin fəlsəfəsi ilə əlaqədardır. O sözün əsl mənasında stagirli müdrikin heyranı olmuşdur. Müasirləri onun haqqında belə deyərmişlər: “Aristotel təbiəti, İbn Rüşd isə Aristoteli şərh edib”77
Сагадеев А.В. Ибн-Рушд (Аверроэс). М.: «Мысль», 1973, 207 с. (с.38)
[Закрыть].
İbn Rüşd İbn Sinanın dünyanın əbədiliyi haqqında güzəştli təlimini qəbul etməmiş, qəti şəkildə bildirmişdir ki, dünya Allah qədər əbədidir. Materiya varlığın əbədi imkanı, Allah isə onun gerçəkləşməsinin əbədi səbəbidir. Hərəkət də materiya kimi əbədi və məhvedilməzdir. İbn Rüşd şeylərin yaranması zamanı onların forması İlahi zəkadan materiyaya daxil olması kimi baxışları inkar edir. Belə hesab edir ki, forma potensial olaraq materiyanın özündədir, onun potensial vəziyyətdən aktuala keçid yaradılış deyil. Formanın materiyaya xaricdən daxil olmasını güman etmək heç nədən yaradılışı etiraf etməyə eynigüclüdür.
İbn Rüşd Şərq peripatetikləri içərisində ilk dəfə olaraq neoplatonist emanasiyalar nəzəriyyəsindən imtina etmişdir. O belə hesab etmişdir ki, Allah dünyanı əmrləri ilə idarə edir və bu Ona fəaliyyətdə olmaqla “hərəkətsiz” qalmağa imkan verir. Onun fikrincə iradəvi akt ideyası yaradılış haqqında qeyri-iradəvi emanasiya ideyasından daha dolğun təsəvvür yaradır. Forma və materiyanın aristotelsayağı dualizminin eliminasiyası İbn Rüşddə öz kulminasiyasına çatır. Forma materiyanın daxili funksiyası, təzahür üsuluna çevrilir.
İbn Rüşd Orta əsrlər həm Qərb, həm də Şərq fəlsəfəsi üçün səciyyəvi olan iman və zəkanın qarşılıqlı münasibəti probleminə də toxunmuş, xüsusilə Qərbdə çoxsaylı tərəfdarlar (məs. Qərbi Avropa averroizmi, nümayəndəsi Siger Brabantlı) tapmış ikili həqiqət konsepsiyasını hazırlamışdır. İbn Rüşdün bu konsepsiyanı hazırlamağa Aristotel fəlsəfəsinin bəzi müddəalarının İslam və Xristian ehkamlarına zidd olması vadar etmişdir. İkili həqiqət konsepsiyasının mahiyyətini dini və fəlsəfi həqiqətlərin fərqləndirilməsi təşkil edir. Bu konsepsiyaya görə fəlsəfədə həqiqi olan dində yanlış ola bilər və əksinə. Yəni din və fəlsəfənin həqiqətləri eynihüquqludur, belə ki, onlar fərqli məsələləri nəzərdə tutur: dini əmrlər insana necə hərəkət etməyi, fəlsəfə isə mütləq həqiqəti necə dərk etməyi öyrədir.
IV FƏSİL. Yeni dövr Qərbi Avropa fəlsəfəsi
1. Yeni dövr fəlsəfəsinin ümumi səciyyəsi
Yeni dövr bəşər tarixinin XVII-XIX əsrlərini əhatə edir. Yeni dövrün başlanması şərti olaraq İngiltərə burjua inqilabının baş verdiyi il –1640-cı il qəbul edilir (bəzən bu tarix 1517-ci il M.Lüter reformasiyası ilə götürülür). Məhz bu inqilab yeni dövrə –kapitalizmə, və yaxud industrial (sənaye) sivilizasiyaya keçidi şərtləndirmişdir.
Yeni, industrial(sənaye) cəmiyyətinin inkişafı təkcə iqtisadi, siyasi və sosial münasibətlərdə dəyişikliklərə səbəb olmur, o, həm də insanların şüurunu dəyişir. İctimai şüurun belə dəyişməsinin əsas səbəbi elm, ilk növbədə məhz XVII əsrdə qərarlaşma dövrünü yaşayan eksperimental-riyazi təbiətşünaslıq olur. Təsadüfi deyil ki, XVII əsri adətən elmi inqilab dövrü adlandırırlar.
XVII əsrdə istehsalda əmək bölgüsünü istehsal proseslərində rasionallaşmaya, və deməli bu rasionallaşmanı stimullaşdıracaq elmin inkişafına tələbat yaradır. Yeni dövrdə elmin inkişafı, köhnə ictimai qaydaların dağılması və kilsə nüfuzunun zəifləməsi ilə əlaqəli sosial çevrilişlər fəlsəfədə yeni istiqamətlərin yaranmasını şərtləndirmişdir. Əgər Orta əsrlərdə fəlsəfə ilahiyyatla, İntibah dövründə incəsənət və humanitar biliklərlə ittifaqa girmişdisə, Yeni dövrdə o, əsasən elmlə ittifaq bağlayır. Ona görə də XVII əsr fəlsəfəsinin qarşısında dayanan problemləri anlamaq üçün, birincisi, əsası bu dövrdə qoyulmuş yeni tip elmin –eksperimental-riyazi təbiətşünaslığın səciyyəsi nəzərə alınmalıdır. İkincisi, bu dövrdə elmin aparıcı mövqeyə çıxması fəlsəfədə də ön plana idrak nəzəriyyəsinin –qnoseologiyanın problemləri çıxır.
Yeni dövr fəlsəfi fikrinin inkişafına hələ XVI əsrdə, daha dəqiq desək 1517-ci ildə Martin Lüter tərəfindən əsası qoyulmuş, katolisizmin iki hissəyə bölünməsi ilə nəticələnmiş protestantizm hərəkatının da böyük rolu olmuşdur. Beləliklə, ruhun xilasını yalnız inamın sərəncamına verən Lüter, bununla da zəkanın dünyəvi praktik fəaliyyəti –sənətkarlıq, təsərrüfat, siyasət sahəsinə çıxarır. Əmək özünəməxsus dünyəvi fəaliyyət növü kimi çıxış edir, artıq rahiblik fəaliyyətini protestantizm qəbul etmir. Ona görə də, hər bir əməyə: həm kəndli, həm sənətkar, həm də sahibkar əməyinə xüsusi məhəbbət bəslənilir. Buradan da əməyi yüngülləşdirən və maddi tərəqqini stimullaşdıran hər bir elmi-texniki ixtira və təkmilləşdirmələrə verilən xüsusi dəyər etiraf olunur. Bütün bunlar Yeni dövr fəlsəfəsinin banilərindən olan F.Bekonun “Bilik –güc deməkdir” tezisi ilə tam şəkildə səsləşir.
Artıq yuxarıda deyildiyi kimi Yeni dövrdə əsasən qnoseoloji problemlər ön plana çıxır. Burada iki istiqamətə, iki cərəyan qabarıq şəkildə özünü büruzə verir. Fəlsəfi, o cümlədən elmi biliyin əldə edilməsində hissi təcrübəni əsas götürənlər empirizm, zəkanı əsas kimi qəbul edənlər isə rasionalizm tərəfdarları kimi çıxış edirlər. Empiriklər: F.Bekon, T.Hobbs, C.Lokk, C.Berkli, D.Yum; rasionalistlər: R.Dekart, B.Spinoza, Q.Leybnis.
2. Yeni dövr fəlsəfəsinin əsas nümayəndələri
2.1. F.BekonYeni dövr özünü ilk növbədə mənəvi sferada, xüsusilə fəlsəfədə göstərir. Sonra isə dəyişikliklər real gerçəkliyi də əhatə edir. Məhz bu planda Yeni dövr fəlsəfəsinin banisi ingilis filosofu Frensis Bekon (Baron Verulamskiy) hesab olunur.
Frensis Bekon (1561-1626) saray məmuru ailəsində dünyaya gəlib, Kembric Universitetində təhsil almış, bir müddət diplomatik fəaliyyətlə məşğul olub. 1618-ci ildə İngiltərənin lord-kansleri seçilmiş və ona Baron Verulamskiy titulu verilmişdir. Üç il sonra rüşvətxorluqda günahlandırılır və o, istefa verərək özünü bütünlüklə elmi-fəlsəfi və bədii yaradıcılığa həsr edir. Bəzi bioqrafları onun anonim yazdığı pyeslərin sonradan dahi ingilis dramaturqu Uilyam Şekspirin adına çıxıldığını iddia etmişlər.
Bekona görə idrakın ali məqsədi təbiətin fəthi və insan həyatının kamilləşdirilməsi olmalıdır. O, mücərrəd biliklərin əksinə olaraq, insanı fəaliyyətə sövq edən praktiki biliklərin formalaşdırılmasını zəruri sayır.
Bir çox fəlsəfə tarixçiləri Bekonu elmi materializmin banisi və empirik tədqiqatların qəti tərəfdarı hesab edir. Lakin, o da qeyd olunmalıdır ki, ingilis filosof fövqəltəbii dünyanın dərkində və insanın əxlaqi tərbiyəsində dinə böyük qiymət vermişdir. Digər bir tərəfdən, Yeni dövr fəlsəfəsində empirizmin, yəni biliklərin mənbəyinin hissi təcrübə olmasını iddia edən qnoseoloji cərəyanın tərəfdarı olmasına baxmayaraq, filosof ifrat empirizmi qəbul etmir. Ona görə, elmi bilik əldə etməyin üç yolu var: “hörümçək yolu”, “qarışqa yolu” və “arı yolu”.
“Hörümçək yolu” –həqiqətin, biliyin xalis zəkadan alınmasını bildirib rasionalizmi əks etdirir. Bu yolu gedənlər faktlara biganə qalır. Bu həm də sxolastikanın tənqidinə yönəlir: spekulyativ rasionalizm və anti-empirik təfəkkür tərzi inkar olunur.
“Qarışqa yolu” –bu dar, ifrat empirizmdir, o da rasionalizm kimi birtərəflidir. Bu yolla yalnız müxtəlif faktlar toplanır, lakin ümumiləşdirmələr aparılmır.
“Arı yolu” –yalnız bu yol həqiqidir. O, özündə birinci iki yolun ən üstün cəhətlərini birləşdirir: qarışqa kimi faktların toplanması və hörümçək kimi bu faktların zəka ilə emalı. Bu yol digər iki yolun qüsurlarından azaddır.
F.Bekon idrak prosesinin hansı yolla getməli olduğunu göstərməklə kifayətlənməyib, həm də insanın həqiqi bilik əldə etməsinə mane olan səbəbləri göstərmişdir. Bu səbəbləri “kabuslar” adlandıran filosof, onların dörd növünü qeyd etmişdir:
“Nəsil kabusu” –bu insanın öz təbiətindən, onun zəka və hisslərindən irəli gəlib fərdi səciyyə daşıyır. Buna misal olaraq, insanın təbiət haqqında insan həyatına analogiya üzrə mühakimə yürütməsini göstərmək olar. “Nəsil kabusunu” tam aradan qaldırmaq olmasa da onu neytrallaşdırmaq mümkündür.
“Mağara kabusu” –fərdi səciyyəli səhvlər olub, insanın tərbiyəsi, zövqü, vərdişlərindən törəyir. Hər kəsin özünəməxsus “mağarası” olur. Bu kabusu fərdi təcrübəni korrektə edən kollektiv təcrübənin köməyilə aradan qaldırmaq olar.
“Bazar kabusu” –insanların verbal (dil) ünsiyyətindən törəyir. İnsanların böyük əksəriyyəti başa düşmür ki, söz ünsiyyətin gerçəkləşdiyi ad, və yaxud işarədir. Söz şeyin əslində nə olduğunu bildirmir, şeyin insan üçün nə olduğunu bildirir. Səhvin aradan qaldırılması üçün başa düşmək lazımdır ki, mövcudluğun yüz faizlik obyektivliyi ilk növbədə fərdi şeylərin özünə məxsusdur. Deməli təbiət haqqında gerçək elmi substansiya, keyfiyyət, hərəkət, iztirab, ağırlıq və s. kimi anlayışlardan istifadə etməklə qurmaq olmaz.
“Teatr kabusu” –avtoritetlərə kor-koranə inamdan törəyir. Bu kabusun aradan qaldırılması üçün sxolastika və Aristotelin fəlsəfi sistemindən imtina etmək lazımdır. Onlara kor-koranə inam elmi biliyin inkişafında tormoz rolunu oynayır88
Бэкон Ф. Сочинение в двух томах. Т.2. М.: «Мысль», 1972, 582 с. (с.19-34)
[Закрыть].
Bekon metod məsələsində də Aristoteli qəbul etməmiş, belə hesab etmişdir ki, onun sillogistikası, deduktiv təfəkkür tərzi bizə yeni elmi biliklər verə bilməz. Bunun üçün bizə induktiv təfəkkür lazımdır. Məntiqi təfəkkür və məntiqi əqlinəticənin formalarından biri induksiyanın gerçək yaradıcısı Bekon hesab edilir.
2.2. T.HobbsBöyük ingilis filosofu Tomas Hobbs (1588-1679) F.Bekonun şagirdi və onun banisi olduğu fəlsəfi ənənənin davamçısı olmuşdur. O, teosentrik sxolastik fəlsəfəni inkar etmiş, fəlsəfənin məqsədinin insan fəaliyyətində praktik nəticələrin əldə edilməsi və elmi-texniki tərəqqiyə yardımçı olmasında görmüşdür. Dövrü üçün aktual olan empirizm (təcrübi idrak) və rasionalizm (zəkaya əsaslanan idrak) arasındakı mübahisələrdə empirizm tərəfdarı olsa da, rasionalizmə də ehtiyac olduğunu bildirmişdir.
Hobbsun fəlsəfi marağının predmetini qnoseologiya və dövlət nəzəriyyəsi təşkil etmiş, hər iki sahədə fundamental əsərlər yazmışdır.
T.Hobbs hesab edir ki, insan biliyi əsasən hissi qavrayışların köməyi ilə əldə edir. Ona görə hissi idrak hissi qavrayış –hiss orqanları vasitəsilə ətraf mühitdən siqnallar almaq və onların sonrakı emalıdır. Bu siqnalları filosof “işarələr” adlandırır.
Metod probleminin həllində o, eyni zamanda həm induksiyadan, həm də deduksiyadan istifadəni məqbul saymışdır. Eyni zamanda elmlər içərisində həndəsəyə böyük üstünlük vermiş, onun metodlarını insan biliklər sisteminin daha inandırıcı əsaslandırmağa imkan yaratdığını söyləmişdir.
Hobbsa görə fəlsəfənin əsas problemi cəmiyyət və dövlət problemləri olmalıdır. Çünki, fəlsəfənin məqsədi insanın öz fəaliyyətində praktiki nəticələrə nail olmağa kömək etməkdir. İnsan isə cəmiyyətdə və konkret dövlətdə yaşayır və fəaliyyət göstərir. O, məşhur “Leviafan” adlı əsərində cəmiyyət və dövlət nəzəriyyəsini əsaslandırmışdır. Bu nəzəriyyəyə görə insan ilk əvvəldən şər təbiətə malikdir. İnsanın fəaliyyətində hərəkətverici qüvvə şəxsi mənfəət, eqoizm, ehtiras, tələbat və affektlərdir. Bu keyfiyyətlər hər bir insana hər şeyə hüququ olması fikrini təlqin edir. Hər bir insanın hər şeyə hüququ olması və özgələrinin hüquqlarına biganəlik “hamının hamıya qarşı müharibəsinə” gətirir, bu müharibədə qalib yoxdur və o, insanların normal birgəyaşayışına, iqtisadi tərəqqiyə əngəl törədir. Normal birgəyaşayışı təmin etmək məqsədilə insanlar “ictimai (birgə) müqavilə” bağlamış və özlərinin “hər şeyə hüququ olma” iddialarını məhdudlaşdırmışlar. “Hamının hamıya qarşı müharibəsinin” qarşısını almaq, ifrat insani eqoizmi boğmaq, cəmiyyətdə həyatı tənzimləmək məqsədilə ümumi institut (mexanizm) –dövlət yaradılmışdır.
2.3. R.DekartYeni dövr fəlsəfəsində rasionalizm cərəyanının banisi fransız filosofu Rene Dekart (1596-1650) hesab olunur. Görkəmli filosofun fəlsəfə qarşısında əsas xidməti: zəkanın idrakda aparıcı rola malik olmasını əsaslandırması; substansiya, onun atribut və modusları haqqında təlim yaratması; dualizm nəzəriyyəsini yaratmaqla fəlsəfədə idealizm və materializmi barışdırmaq cəhdi; idrakın elmi metodu və “anadangəlmə ideyalar” təlimini irəli sürməsi olmuşdur.
İdrakın əsasında zəkanın dayanması ideyasını Dekart belə sübut edir. Dünyada insan üçün anlaşılmaz olan çoxlu şey və hadisələr var: onlar varmı? Xassələri necədir? Kainat sonsuzdurmu? və s. Bununla belə hər bir hadisə və şeyə görə şübhələnmək olar: ətraf dünya mövcuddurmu? Günəş işıq saçırmı? Can (ruh) ölümsüzdürmü? və s. Deməli, şübhə gerçək mövcuddur, bu fakt aşkardır və sübuta ehtiyacı yoxdur. Şübhə fikrin xassəsidir, deməli insan şübhələnirsə həm də fikirləşir. Digər tərəfdən yalnız gerçək mövcud insan fikirləşə bilər. Deməli, təfəkkür həm varlığın, həm də idrakın əsasıdır. Təfəkkür zəkanın işi olduğu üçün varlıq və idrakın əsasında yalnız zəka dayana bilər. Buradan Dekartın məşhur “Gogito ergo sum” (Fikirləşirəmsə, deməli mövcudam) tezisi alınır.
Varlıq problemini öyrənən Dekart varlığın mahiyyətini səciyyələndirəcək əsas, baza anlayışlarını daxil edir. Belə anlayış olaraq substansiya qəbul edir. Substansiya mövcud olan hər şeydir, öz mövcudluğu üçün özündən başqa heç nəyə ehtiyac duymur. Belə keyfiyyətə yalnız bir substansiya malikdir və O, Allahdır: əbədi, yaradılmamış, məhvedilməz, qüdrətli, hər şeyin səbəbi və mənbəyi.
Yaradıcı olan Allah eyni zamanda substansiyalardan ibarət olan dünyanı yaradıb. Allahın yaratdığı substansiyalar (təkcə şeylər və ideyalar) öz Yaradıcısının keyfiyyətinə malikdir: öz mövcudluğunda heç nəyə ehtiyac duymur. Lakin, yaradılmış substansiyaların bu xassəsi yalnız bir-biri ilə münasibətdə doğrudur. Ali substansiya Allaha münasibətdə onlar törəmədirlər və öz Yaradıcılarından asılıdırlar.
Bütün yaradılmış substansiyaları Dekart iki növə bölür: maddi (şeylər) və mənəvi (ideyalar). Eyni zamanda hər növ substansiyanın əsas xassələri (atributları) mövcuddur: ölçü –maddilər üçün, təfəkkür –mənəvilər üçün. Bu o deməkdir ki, bütün maddi substansiyalar hər biri üçün ümumi olan əlamətlərə malikdir –bu əlamətlər ölçüdür (uzunluq, en, hündürlük, dərinlik) və onlar sonsuza qədər bölünürlər. Bütün mənəvi substansiyalar təfəkkür xassələrinə malik olub bölünməzdirlər.
Həm maddi, həm də mənəvi substansiyaların digər xassələri də var, onlar əsas xassədən (atributlardan) törəmə olub Dekart tərəfindən moduslar adlandırılır. Məsələn, ölçünün modusu –forma, hərəkət, məkanda yerdəyişmə və s; təfəkkürün modusu –hiss, arzu, duyğu.
Dekarta görə, insan bir-birindən fərqli iki substansiyadan –maddi (cismani-ölçülü) və mənəvi (fikirləşən) substansiyadan ibarətdir. İnsan yeganə mövcudluqdur ki, onda hər iki –maddi və mənəvi –substansiya birləşir və bu ona təbiətin fövqündə durmağa imkan verir.
İnsanın iki substansiyanı özündə saxlamasından onun dualizmi (ikiliyi) ideyası törəyir. Dekart dualizminə görə materiya, yoxsa şüur birincidir sualı mənasını itirir. Materiya və şüur yalnız insanda birləşir. İnsan isə dualistdir –həm şüur, həm də materiya onda birləşir. Deməli nə materiya, nə də şüur birincidir. Onlar həmişə mövcuddurlar və vahid varlığın müxtəlif təzahürləridir.
İdrak problemlərini öyrənərkən Dekart əsas diqqəti elmi metoda yönəldir. Onun ideyasının mahiyyəti belədir ki, fizika, riyaziyyat və s. elmlərdə istifadə olunan elmi metodlar praktiki olaraq idrak prosesində istifadə olunmur. Deməli idrak prosesində elmi metodlar praktiki tətbiq olunarsa dərketmə prosesində ciddi irəliləyişlər əldə edilər (Dekartın təbirincə desək: “kustar istehsaldan sənaye istehsalına” çevrilər). Belə metod olaraq deduktiv metod təklif olunur.
Dekartın qnoseoloji metodunun mahiyyəti belədir ki, idrak prosesi yalnız mütləq səhih biliyə əsaslanır. Zəkanın köməyilə, tam səhih məntiqi üsullardan istifadə etməklə yeni, həqiqi səhih bilik əldə olunur.
Eyni zamanda Dekart rasionalist-deduktiv metodun istifadəsi zamanı aşağıdakı tədqiqat üsullarının tətbiqini təklif edir:
– çıxış müddəası kimi yalnız həqiqi, mütləq səhih, zəka və məntiqlə sübut olunan, şübhə doğurmayan bilik götürülür;
– mürəkkəb problemlər daha sadələrə bölünür;
– məlum və sübut olunmuş məsələlərdən naməlum və sübut olunmamış məsələlərə ardıcıl keçid99
Декарт Р. Сочинение в 2 т. Т.1. М.: Мысль, 1989, 654 с. (с. 260)
[Закрыть].
Dekart eyni zamanda “anadangəlmə ideyalar” haqqında təlim yaratmışdır. Bu təlimin mahiyyəti belədir: biliklərin böyük əksəriyyəti idrak və deduksiya əsasında yaranır, lakin bir sıra xüsusi bilik növləri var ki, heç bir sübuta ehtiyacı yoxdur. Bu həqiqətlər (aksiomlar) əvvəldən aşkar və səhihdir. Belə aksiomlara Dekart Allahın zəkasında və insanın zəkasında həmişə mövcud olan və nəsildən-nəslə ötürülən “anadangəlmə ideyalar” adlandırır.
Belə ideyalar iki növdə olur: anlayış və mühakimə.
Anadangəlmə anlayışlar: Allah, ədəd, iradə, bədən, can, struktur və s;
Anadangəlmə mühakimələr: “tam öz hissəsindən böyükdür”, “heç nədən heç nə olmur”, “eyni zamanda olmaq və olmamaq mümkün deyil”.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?