Электронная библиотека » Fərəh Pəhləvi » » онлайн чтение - страница 6


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Fərəh Pəhləvi


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]

Шрифт:
- 100% +

Parisdən qayıdandan dərhal sonra həyatım dəyişdi. Artıq anamla birlikdə dayımın evində yaşamırdım. Şah sarayda qalmağımı arzu elədiyini bildirmişdi, oğlunun məni qonaq eləyə bilməci üçün Ana Şahbanu öz xüsusi otaqlarını mənə verib, müvəqqəti şəhər kənarındakı evinə getmək nəzakətini göstərmişdi.

Toydan əvvəlki son həftələrdə xoşbəxtlikdən başım fırlanırdı. Şah məndən yalnız bir neçə yüz metr uzaqda işləyirdi, onu pəncərəmdən görə bilirdim, məndən xəbər tutduğunu eşidirdim. Beləcə, dövlət başçısının gündəlik proqramının nə qədər böyük, özünə ayıra biləcəyi vaxtın nə qədər az və dəyərli olduğunu yavaş-yavaş öyrəndim. İyirmi ildən bəri taxtda oturan gələcək ərim qırx yaşına hələ yenicə çatmasına baxmayaraq, həyatının ayrı-ayrı tərəflərinə həddən artıq hakimiydi. O, dekabr ayı ərzində prezident Eyzenhaueri rəsmən qəbul eləmiş, qabaqcadan planlaşdırılan bütün mərasimlərə qatılmış, beyni rahat və sakitlik içində mənimlə bağçada bir az gəzməyə, ya da bir fincan çay arxasında söhbət eləməyə də vaxt ayıra bilmişdi.

Ən çox sevdiyim fəsil payızdı. Ağaclar elə bil od tutub yanırlar, günəş görünüb-yox olur, Elbrus dağları bütün yayı ümidlə, əbəs yerə gözlədiyimiz o küləyi nəhayət, azadlığa buraxır; adam möcüzəli şəkildə özünü təbii və rahat hiss eləyir. Şah mənim bu müqəddəs ayların işığına, bu rənglərə olan sevgimi bilirdi, arada vaxt tapır, hər gün maşınlarından birinə minib, saraydan qaçırdıq. O dövrdə mühafizə bugünkü kimi adamı bezdirən ehtiyat tədbirlərini lazım bilmirdi, mühafizə alayından yalnız iki nəfər öz maşınlarında bizim arxamızca gəlirdilər. Keçdiyimiz küçələrdə hökmdarı tanıyan adamların sifəti işıqlanırdı, onu salamlayır, alqışlayırdılar, hökmdar da onlara əl eləyirdi. Belə hərəkətlərə səbəb olan insanla gözlənilməz şəkildə həyatımı birləşdirmək məni həyəcanlandırır, ona duyduğum heyranlıq artırdı. Uşaq olanda, Xəzər dənizinin kənarındakı yol qırağında anamın əlindən tutub elə buna oxşar vəziyyətdə onu salamladığımızı xatırlayırdım: o da yerindən azca dikəlib, bizə bu cür gülümsəmişdi. Bir gün ona bu xatirəmi danışdım, o, təbii ki, xatırlamırdı, amma dinləyəndə, fərqinə varmadan gülümsəyən zaman üzündə o günkü təbəssümü gördüm.

Bu son həftələr ərzində Şahın bacı və qardaşlarını daha yaxşı tanıdım. Bir çoxu sarayın yaxınlığında yaşayırdı. Atası Rza Şahın ilk evliliyindən olan qızı Şahzadə Xəndan Sultanehlə tanış oldum. Rza Şahın Tacül-Mülklə evliliyindən olan qızı Şahzadə Şəms və Şahın əkiz bacısı Şahzadə Əşrəfdən əvvəllər söz açmışdım. Digər iki evliliyindən Rza Şahın daha altı uşağı olmuşdu: Şahbanu Turanla evliliyindən Şahzadə Qulam-Rza, Şahbanu Əsmadan da bir-birinin ardınca Şahzadə Əhməd-Rza, Əbdül-Rza, Şahzadə Fatma, Şahzadə Mahmud Rza və Həmid Rza dünyaya gəlmişdilər.

Protokol məsələsində son dərəcədə sadəlövh olan mənim kimi gənc tələbənin eyni şah nəslindən gələn, hamısı da sahib olduqları sıra və imtiyazlara hörmət göstərilməsi məsələsində çox vasvası davranan bu ögey bacı və qardaşlar içində özünə yer tutması mümkünsüz görünə bilərdi. Bunun hiss elədim və o zaman anamın narahat olmasına haqq qazandırdım: intriqaların və ayaq oyunlarının kök atdığı sarayda hələ çox saf olan qız nələr görəcəkdi, nələr yaşayacaqdı?

Əslində, gördüyüm iş, uşaqlığımda gördüyüm işlərdən fərqlənirdi; açıq, ya da gizli, qabağını almaq mümkün olmayan davalara girməyi dərhal qətiyyətli şəkildə rədd elədim və özümü xarakterimə lazım olan hərəkətlərlə çevrəyə aldım: mümkün olanda, hər yerdə ahəngi gözləmək və bu yaxşı münasibətlərə mane olmaq istəyənlərə qulağımı tıxamaq. İlk günlərdə aldığım həmin qətiyyətli vəziyyəti Şahbanu olduğum müddət ərzində dönmədən davam etdirdim. Bu yolda çox çətinə düşdüyümü deyə bilmərəm, çünki əvvəlki davranışlardan həddən artıq narahat olan Şahın köməyini və sevgisini həmişə hiss elədim. Bir iranlı kimi, əlbəttə, ailəyə hörmət hissim var, amma həddən artıq çox məsuliyyətlərə malik Şah üçün başlıca şeyin şəxsi həyatında rahatlıq və sakitliyin hökm sürmə olduğunu bilirdim. Bu gün Şahın bütün ailəsiylə qurduğum yaxşı münasibətləri daim qorumağı bacardığımı söyləyə bilərəm.



Şahbanu Fərəh Pəhləvi

II

1959-cu ilin 21 dekabr günü hamımız dan yeri ağaranda oyandıq. Toy mərasimi günortadan sonra olacaqdı və mən gecəni dayımın evində, ailəmlə keçirmişdim. İv Sen Lorenin hazırladığı gəlinlik paltarı asılqanda dururdu, onu geyinmək üçün Parisdən xüsusi olaraq gələn Karita bacılarının usta əllərinə özümü təslim eləməyim lazım gəlirdi. Bacılar məndən də çox həyəcanlı və gərgin görünürdülər, onları sakitləşdirməyə çalışanda, ətrafımızdakılar gülməkdən özlərini saxlaya bilmədilər. Duyğularla dolu uzun bir gün bizi gözləyirdi, mən də bu günün hamı üçün gözəl keçməsini istəyirdim.

Qəhvəaltından sonra hökmdarlıq tacını gətirdilər. Taxtın qiymətli şeyləri dövlətin malıdı. Dövlətin buraxdığı pulun təminatına daxil olan bu əşyalar Tehran Mərkəzi Bankının saxlancındakı kassalardan çox nadir hallarda çıxarılır. Belə əşyaların saxlancdan çıxarılması ancaq aralarında baş nazirin də olduğu bir çox adam tərəfindən imzalanan aktla mümkündü. O gün başıma qoyacağım tac 50-ci illərin başlanğıcında amerikalı zərgər Harri Vinston tərəfindən hazırlanmışdı. Dəyəri baha olmayan, inanılmaz dərəcədə gözəl görünən bu tacın kiçik qüsuru vardı: ağırlığı iki kiloya yaxınıydı.

Bu ağırlıq bərbərlərimin necə çətinlik çəkdiklərini başa düşməyə imkan verir: o günə qədər dümdüz yeriməyə, hələ qımıldanmadan durmağa vərdiş eləməmiş mənim kimi bir qızın başına bu gözəl tacı qoymaq heç də asan deyildi. Üstəlik, axşama qədər tac maşınla bir neçə kilometr gedəndə, pilləkanları enib-qalxanda, yeriyəndə, gülümsəyəndə və salam verəndə, başımda qalacaqdı. Bərbərlərim üç saatdan artıq çalışdılar və elə güman eləyirəm ki, ancaq ertəsi gün səhər, hər hansı qəza olmadığını öyrənəndə, rahat nəfəs ala bildilər.

Pers motivləri gümüş sapla işlənmiş (təbii ki, süni), inci və almazlarla bəzənmiş gəlinliyimi geyinəndə, “Dior” Moda Evinin dərzilərini sevgiylə xatırladım: mənim dünyanın ən xoşbəxt qadını olmağımı arzulamışdılar. Bundan başqa, gözəllik pərilərinin Şaha bu qədər ümidlə gözlədiyi oğulu vermələri üçün gəlinliyimin bir tərəfində mavi sapdan istifadə elədiklərini də bilirdim.

Ən axırda, müəyyən olunmuş saatda, bu son həftələrdə göstərdiyi münasibət mənim üçün çox dəyərli olan Şahzadə Şahnaz, baş nazir Mənüçöhr İqbal və saray naziri Hüseyn Əlayla birlikdə Şahın yanına aparmaq üçün məni götürməyə gəldilər. Dini nikahın Tehranın mərkəzindəki Mərmər Sarayda kəsiləcəyi üçün Şəmiranın ağacla örtülü yamaclarından sonra gediləcək uzun yolumuz var idi.

Müsəlman adətlərinə görə, əhəmiyyətli hər hansı bir hadisədən əvvəl, Quranın hifzinə sığınmaq lazım gəldiyindən, qapıda anamın başımın üstündə tutduğu müqəddəs kitabın altından keçib, evdən çıxdım. Axırda, yenə uğur gətirməsi niyyətilə bir neçə göyərçini havaya buraxdım və onların qışın o ilk günlərindəki süd mavisi rəngində olan göy üzünə qalxmalarına tamaşa elədim. 21 dekabr İranda Şəbi-Yelda, yəni ilin ən uzun gecəsi-əyləncə gecəsidi, bu münasibətlə ailəliklə yığışıb, Hafizdən şeirlər oxuyur, qovun, nar, quru yemiş yeyirlər. O gün və ertəsi gün gecədən xeyli keçənədək oturur, işığın zülmətə qalib gəlməsini bayram eləyirlər.

Kortej yavaş-yavaş yola düzəldi. Küçələrdə o qədər insan var idi ki, iynə atsan, yerə düşməzdi. Adamlar kortejin keçdiyi yolların ətrafında yığışmışdılar, neçə saatdı ki, gözləməkdəydilər. Biz qarşılarından keçəndə, üzləri gülürdü, əl eləyib, alqışlayırdılar və usanıb-yorulmadan hamısı bir ağızdan adımı təkrarlayıb dururdular.

Şübhəsiz, həyatımda heç belə səmimi sevgi, belə böyük coşqunluq görməmişdim, həyəcandan boğazım tutuldu. Aralarından çıxdığım Tehran xalqı mənə inamı göstərir, məni təbrik eləyir və bağrına basırdı, bununla belə, nə Tehran, nə İran üçün hələ bir iş görməmişdim. Həm çox riqqətə gəlmiş, həm də narahat olmuşdum. Bu qadınlar, bu kişilər və ağaclara çıxıb gözləyən bu uşaqlar üçün əlimdən gələn hər şeyi eləməyə öz-özümə söz verdim. Eyni xalqın yenə çox sevdiyi, candan-könüldən alqışladığı başqa bir Şahbanusunun yerini tutduğum xeyli sonra ağlıma gəldi. Və hər şeyə baxmayaraq, minlərlə adam gəlmişdi. Öz-özümə onlara iki dəfə təşəkkür borclu olduğumu düşündüm. Aradan zaman keçəndən sonra öyrəndim ki, yurddaşlarım Şahın iranlıyla evlənməsindən xoşbəxt olmuşdular. Din adamları isə, seyid olduğumu, Peyğəmbər sülaləsindən gəldiyimi bildiklərindən, Şahın da mənimlə evlənib, Peyğəmbərin kürəkəni olduğunu söyləmişdilər.

Şah Mərmər Sarayın böyük pilləkanının üstündə təntənəli mərasim geyimində dimdik durub, məni gözləyirdi. Mən maşından enər-enməz, ağ paltar geyinmiş və çiçəkli taclar qoymuş altı kiçik xidmətçi dərhal dalımca gəlməyə başladılar; bu zaman qarşımızda gedən bir xidmətçim, qohumum Əhməd-Hüseyn pillələrə çiçək səpirdi. Şahmı daha həyəcanlıydı, mənmi, bilmirəm. Nikahın kəsilməsinə çox az müddət qalmış birdən-birə Şaha üzük verməli olduğumu xatırladım. Bunu heç kəs fikirləşməmişdi, mənim də ağlıma gəlməmişdi, bununla belə, kürəkənin üzüyünü gəlinin gətirməsi adətdəndi. Nə isə, Ərdəşir Zahidi öz üzüyünü verib, məni böyük sıxıntıdan qurtardı və beləcə, Şahın barmağına o üzüyü taxa bildim. Sonrakı günlərdə ərimə hədiyyə verdiyim üzüyü ölümündən bəri öz üzüyümlə eyni barmağımda gəzdirirəm.

Nikahımıza ailələrimiz və bir neçə hökumət adamları dəvət edilmişdi. Dini nikah əsasən ailə içində kəsildiyindən, biz də yalnız çox yaxınlarımızın nikahda olmalarını məsləhət bilmişdik. Ənənəyə uyğun olaraq, yerə sərilən xalının üstünə xoşbəxt və oğul-uşaqlı ailə həyatı üçün lazım olan bütün rəmzlər qoyulmuşdu: işıq üçün güzgü və şamlar, bolluq-bərəkət əlaməti kimi çörək, pislikləri uzaqlaşdırmaq üçün üzərlik, həyatın bütün dadını yaşamaq üçün şirniyyatlar, əlbəttə ki, Quran. Tehran Cümə imamı evlənəcək cütlə bağlı bütün ayələri oxuyandan sonra mənə tərəf döndü, böyük ciddiyyətlə yanımda duran adamı ər kimi qəbul eləyib-eləmədiyimi soruşdu. Ənənələr nişanlı qızın nazlanmasını və ancaq sual üçüncü dəfə təkrarlananda, qəbul eləməsini vacib sayır, amma bu dəfə imamın sualını təkrarlamasına imkan vermədən, dərhal atılıb, elə coşqunluqla “hə” dedim ki, mərasimdəkilər gülüşüb-pıçıldaşmaqdan özlərini saxlaya bilmədilər.

Daha sonra iki dövlət məmuru bizə nikah dəftərini uzatdı, elə o anda öz-özümə Fərəh Pəhləvi kimi atacağım imzanın bundan belə, əbədiyyətəcən mənim olacağına söz verdim.

Aradan bir müddət keçəndən sonra mərasim günü çəkilən, hiss və həyəcan dolu anları yaşadan şəkillərə baxanda, doğrusu, ürəyim bir az sıxıldı. Gəlinlik paltarımın ətəyi uzun olduğundan, Şah kimi kresloda otura bilməyəcəyimdən, mənim üçün kiçik kətil qoyulmuşdu, ancaq belə oturanda, boyumun Şahı yarım baş keçəcəyinə heç fikir verməmişdilər. Görüş qaydaları və nəzakət barəsində usta olan bütün həmin protokol məmurları arasında Şahın heç olmasa, öz arvadıyla eyni səviyyədə oturmasının daha uyğun və daha nəzakətli olacağını düşünən bir Allah bəndəsi tapılmamışdımı?

Ailəliklə bir müddət dincələndən sonra qədimdən Qacar şahlarının sarayı olan və artıq yalnız böyük mərasimlərdə istifadə edilən yaraşıqlı Gülüstan Sarayına getdik, minə yaxın dəvət olunmuş qonaq bizi orda gözləyirdi. Nağılvari bu məclisdə mən də özümü yuxudakı kimi hiss eləyirdim. Yalnız gözqamaşdırıcı olduğunu xatırlayıram, qalanı elə bil, səslər içində qalmışdı. İstər yaxın ətrafımızdakılar olsun, istər qonaqlar, hamısının üzündən bizim xoşbəxtliyimizi bölüşdükləri oxunurdu.

Bir neçə gün sonra Xəzər dənizinin kənarında kiçik yaylaq kəndi olan Ramsara getdik. Səfərə daim hazır olan, belə xüsusi vəziyyətlərdə qatara qoşulan Şahın şəxsi vaqonunda çıxdıq. Bal ayımızı yad ölkədə keçirməkdənsə, ikimizin də sevdiyimiz həmin bölgədə yaşamağı qərara almışdıq. Bu barədə sonralar Şaha tez-tez deyirdim: “Ailə həyatımızın lap başlanğıcında adamlar sənin əsl iranlıyla evləndiyini anlamışdılar”. Üstəlik, bu həqiqətən bal ayı idi, çünki ailənin böyük bir qismi də bizə yoldaşlıq eləmişdi.

Ramsara qədər olan səfərlə bağlı çox gözəl xatirələrim var. Şahbanu kimi ilk dəfə ölkənin iç bölgələrini, çılpaq dağlarını, sonra Gilanın yaşıl yaylaqlarını görürdüm. Qatarımız hər kənddə dayanırdı, bayram paltarlarını geyinmiş adamlar hər yerdə bizi qarşılamaqdan çox qürurlu və xoşbəxt görünürdülər. Qadınlar mənə toxunur, qucaqlayırdılar. Kişilər də yaxınlarda açılışı olacaq par-par yanan məktəbləri, yetimlər evini, ya da fabriki göstərməkdən qürur duyurdular. Həyatımı birləşdirdiyim bu insana xalqın bəslədiyi böyük inama öz gözlərimlə şahid oldum.

Doğmalarıma qarşı son dərəcə diqqətli və nəzakətli davranan Şahın camaata münasibətdə müəyyən məsafəni qəti keçmədiyini gördüm. Şübhəsiz, iranlılar da Şahın özlərinə həddən artıq yaxın olmasını nə gözləyir, nə də istəyirdilər, amma Şahın həmişə belə uzaqda durması, qonaqlarına duyduğu yaxınlığı, mehribanlığı göstərməsinə də mane olurdu. Təbəssümün bir neçə sözdən artıq mətləblər anlatdığına əmin olduğumdan, sonralar Şahı hey gülümsəməyə təşviq eləyirdim. “Lütfən, gülümsə, rəsmlərində nə qədər gözəlsən, lap qəlbinin içi oxunur” – deyə təkrarlayıb dururdum. Bir neçə il sonra eyni şeyi o zaman üç-dörd yaşlarında olan Əli Rzaya deyəndə, gözünü qırpmadan mənə bu cavabı verdi. “Xeyr, gülümsəmək istəmirəm, atam kimi ciddi olmaq istəyirəm”. İrandakı ənənələr Şahın hər vəziyyətdə ciddi görünüşünün olmasını tələb eləyirdi, xalq onu belə bəyənirdi.

İki həftə çəkən bu ilk tətilimizdə biz bir-birimizi daha yaxşı tanıdıq. Şah mükəmməl idmançı və fövqəladə kavaler idi. Beləcə, idman bizim bir-birimizi çox yaxşı başa düşdüyümüz və bir yerdə olmaqdan çox xoşlandığımız sahə oldu. Şah heç olmasa, idman eləyəndə rahatlanır, gənclikdəki idman sevgisini yenidən qaytarırdı, heç vaxt gülmədiyimiz qədər gülürdük. Xatırlayıram ki, yenə o günlərdə fotoaparatdan istifadə eləməyi təzə-təzə öyrənəndə yıxıldım, beləcə, əlahəzrət Şahbanunun – ərə getdiyim gündən məni rəsmən belə çağırırdılar – iki dizinə elə bil, iki tac qoyulmuşdu. Bu halıma əvvəlcə Şah, sonra fotoqraflar uzun-uzadı güldülər, birdən-birə ciddi və ölçülü-biçili yaşamağımız öz-özünə daha təbii şəkil aldı.

Ramsarda “Böyük Otel”də qalırdıq, elə başqa otel də yox idi. Rza Şah dövründə zəmanənin tərzinə uyğun inşa edilmiş otel iki tərəfində portağal ağacları olan, dənizə qədər uzanan böyük küçənin üstündə idi. Günlərimiz ətrafdakı çay plantasiyasını gəzməklə, uzun gəzintilər keçirməklə, İranda çox sevilən, kollektiv oynanan oyunlar oynamaqla, ailəlikcə şam yeməyi yeməklə çox gözəl şəkildə keçib getdi..

“Tayms”ın London müxbiriylə qısa görüş keçirdiyimi də xatırlayıram, ona bundan belə həyatımı “İran xalqına xidmətə” həsr eləyəcəyimi, xüsusilə, qadınlara təhsil imkanı vermək və iş yeri açmaq istiqamətində çalışmaq istədiyimi söyləmişdim. Tehrana qayıdanda, adamlara “xidmət eləməkdən” nə qədər uzaqda olduğumu dərk elədim. Şahın səhərdən-axşamadək işlədiyi sarayda çox tənha idim. Hərəkətə keçmək üçün görməli olduğum işlər barədə heç bir fikrim yox idi. Şahbanuluq peşəsini də öyrənməyə məcbur idim.

Əvvəlcə bir müddət sıxıntıdan nə eləyəcəyimi bilmədim, bununla belə, altı ay qabaqcadan yavaş-yavaş memarlıq imtahanlarına hazırlaşırdım. İbtidai məktəbdən bəri heç vaxt hərəkətsiz qalmamışdım, amma elə indi hadisələrin məcbur eləməsi üzündən bomboş qalıb durmuşdum. Sarayda gündəlik işlər mənə ehtiyac duyulmadan öz axarıyla gedirdi. Əgər xüsusi menyü istəsəydim, deyirdim, heç nə deməsəm də, baş aşpazın mənim məsləhətlərimə ehtiyacı yoxuydu. Elə vərdiş olunmuş qaydalardan xaric dəyişikliyə yol verəndə, böyük hörmətlə indiyə qədər bu cür olduğu söylənirdi, mən də israr eləmirdim. Uşaqlığımdan bəri tanıdığım və mənimlə saraya gələn otaq xidmətçim Mümtazla ara-sıra gələn dayəm Münəvvərdən başqa, ətrafımızdakıların hamısı neçə illər idi, sarayda xidmət eləyirdilər və işlərində, şübhəsiz, məndən çox ustaydılar.

Yavaş-yavaş, qonaq olanda, ev sahibəsi kimi, detallar barədə müdaxilələr eləməyə başladım, amma bu rol məni nə o vaxt, nə də sonralar heç cəlb eləməyib. Bunun əksinə, dərhal bəzi cəhdlər göstərmək və ölkəm üçün dəyərli iş görmək qayğım önə çıxmaqdaydı.

Şahbanuluğumun ilk həftələrindəki rəsmi proqramımı yenidən oxuyanda, hər şeyin o zaman Şahın arvadından gözlənənlərə cavab verdiyini görürəm.

– 8 yanvar 1960: “17 Dey bayramı” (qış mövsümünün ilk ayı. 17 Dey yanvarın 8-nə uyğun gələn gün) İranlı qadının azadlığına qovuşması, Şahənşah və İmperatriçə Həzrətlərinin qatıldığı mərasimlə qeyd edildi.

– 9 yanvar 1960: İmperatriçə Həzrətləri Paster İnstitutunu ziyarət elədilər.

– 13 yanvar 1960: İmperatriçə Həzrətləri Anaları və körpələri Mühafizə İnstitutunu təftiş eləyib, bəzi şöbələrini gəzdilər.

– 16 yanvar 1960: Şahənşah və İmperatriçə Həzrətləri Fərabi xəstəxanasına getdilər. Bu münasibətlə professor Şəms göz klinikasının fəxri bölgəsini göstərib, İmperatriçə Həzrətlərindən onları himayəyə götürməyi xahiş elədi.

– 17 yanvar 1960: İmperatriçə Həzrətləri vərəm xəstəxanasını və dörd yüz çarpayılıq yeni binasını təftiş elədilər.

– 19 yanvar 1960: İmperatriçə Həzrətləri Şah Abad sanatoriyasının bəzi xidmətlərini ziyarət elədilər.

– 24 yanvar 1960: Mövləvi prospektindəki Vərəmlə Mübarizə Mərkəzi İmperatriçə Həzrətləri tərəfindən açıldı.

– 28 yanvar 1960: İmperatriçə Həzrətləri Böyük Rza Şah liseyini təftiş elədilər.

– 30 yanvar 1960: Tehran Universiteti Tələbə Birliyinin təşkil elədiyi yubiley şənliklərinə İmperatriçə Həzrətləri də qatıldılar.

Yoxlama aparırdım, açılış eləyirdim, amma bunlarla məşğul olanda, nə görür, nə dinləyir, nə də öyrənirdim.

Eyni günlərdə çox sayda məktub almağa başlamışdım, insana dərindən təsir eləyən, sarsıdan məktublar. Çox vaxt avamcasına yazılmış, faciəli vəziyyətlərdən danışan məktublarla yavaş-yavaş günün problemlərini öyrənməyə başlayırdım. Ən ucqar kəndlərdə yaşayan insanlar böyük yoxsulluq içindəydilər, uşaqların ölüm faizi yüksək idi, məktəbə getmirdilər, gigiyena qaydalarına əməl olunmaması və qulluğun lazımi qədər aparılmaması onları zəif salırdı.

Bu çağırışlara laqeyd qalmaq olmazdı. Cavab yazmaq, ümid vermək lazım gəlirdi, amma necə hərəkət etməliydik? Hökumət mənə çatdırılan problemlərlə bağlı ola bilsin, işlər görürdü, əgər elə idisə, bunu bilməliydim. Əks təqdirdə müvafiq nazirlər qarşısında bu zavallı insanların sözünü deməyi öz üstümə götürməliydim. Bu arzumu dərhal ərimə açdım. Mənim əhəmiyyət verdiyim problemlərə ərim də biganə deyildi, illərdən bəri yavaş-yavaş çözməyə çalışdığı problemləriydi və xoşbəxtiydim ki, o, məni bu yöndə çalışmağım üçün ürəkləndirdi. “Hökumətin işlərindən xəbərdar olmağınız üçün lazım gələni eləyəcəyəm”, – deyə söz verdi. Doğrudan da, bir neçə gün sonra mənə kömək eləməsi üçün ağayi Fəzlullah Nəbili şəxsi katibim kimi işə götürdü.

Hamının hörmətini qazanmış sabiq səfir olan Fəzlullah Nəbil, hökumət çarxının necə işlədiyini ən xırda detallarına qədər bilirdi, tamamilə mənə lazım olan adam idi. Məsləhəti sayəsində – atam yaşındaydı – əvvəlcədən plan tutub, işləməyi öyrəndim. Sonra onun və digər vəzifəlilərin rəhbərliyilə ciddi şəkildə hökumətin üzərində çalışdığı planlar və islahat proqnozları haqqında məlumat əldə eləməyə başladım. Beləcə, məktubla məndən kömək istəyənlərə məlumat çatdıra, hökumətə məsləhətlər verə bilirdik. Ağayi Nəbil mənim iş təqvimimi istiqamətləndirməyi də öz üzərinə götürdü, bir müddət sonra nazirlərlə və mülki cəmiyyətin bütün təbəqələrinin təmsilçiləriylə tanış olmağa başladım.

Şahbanu olduğum müddətdə bu insanlara qapım taybatay açıq idi; mənə bütün problemləri başa saldılar, istiqamət verib, səhiyyə, təhsil, gigiyena və mədəniyyət sahələrində dərnəklərin təşkil olunmasına təkan verdilər; hamımız birlikdə işlədik.

Şahın yanında qətiyyətlə ölkəm üçün çalışanda, qarşıma maneələrin ən gözəli çıxdı: evlənəndən iki ay sonra uşaq gözlədiyimi anladım. Bunu öyrənəndə, ərimin üzü işıqlandı. Onu heç belə səssiz həyəcan içində görməmişdim. İyirmi ildən bəri ümid elədiyi bu xoşbəxtliyi bəlkə də ona verə biləcəyim mənim də sözə sığmayan həyəcan keçirməyimə səbəb oldu. Xəbəri yaymazdan əvvəl bir neçə həftə də gözləməyi qərara aldıq, amma artıq beynimizdə başqa heç nə yox idi. Bir il əvvəl gözlərindəki dərin kədərdən təsirləndiyim Şahın artıq baxışları da dəyişmişdi, məni görər-görməz, adətən üzü xoşbəxtlikdən işıqlanırdı.

Fevralın 20-də Pakistana uçanda, sirrimizi bizdən başqa kimsə bilmirdi. Bu ilk rəsmi səfərimdə Şahın yanında olmaqdan ayrı xoşbəxtlik duyurdum – artıq bir-birimizə başqa cür sevgiylə bağlanmışdıq – Pakistanı tanımaq da məni çox həyəcanlandırırdı. Ancaq Pakistanın üzücü istisində ürəkbulanmamın xeyli artmasının mənə necə təsir göstərəcəyini təxmin eləməmişdim. O günləri düşünəndə, ən çətin və komik anları, – Pakistan prezidenti marşal Əyyub Xanla birlikdə maşınla gedəndə – xatırlayıram. O nəcib insan mənə ölkəsi haqqında danışanda, fikrim yol başa çatana qədər özümü ələ ala bilib-bilməyəcəyimin yanındaydı. Maşından enər-enməz özümü zorla hamama çatdırmışdım. Şah bu vəziyyətlərdə çox sarsıntı keçirməməyimə çalışırdı, amma hər halda, adamlar elə hey məndən nə olduğunu soruşurdular. Keçirdiyim bu sıxıntılı anlar məni həmişə dost münasibət bəslədiyimiz bu ölkənin adamlarının sevgisini təqdir eləməkdən, ya da Lahorun çox gözəl bağlarında təşkil olunan tamaşalarda iştirak eləməkdən qoymadı. Xüsusilə, bizə İqbal Lahoridən farsca şerlər oxuduqları bir gecə unudulmaz dərəcədə gözəliydi. Mənim mədəniyyətə və incəsənətə olan marağım hiss olunmağa başlamışdı. Sonra biz də təşkil elədiyimiz Şiraz festivalına pakistanlı sənətçiləri dəvət eləmişdik.

Qayıdanda, iki-üç gün qalmaq üçün Bəsrə körfəzi sahilindəki Abadana getdik. Onda dünyanın ən böyük metal istehsalçısı olan Abadan gənc İran iqtisadiyyatının qürur mənbələrindən iydi. Müəssisələrimizi gəzməkdən və bu ölkənin irəliləməsini sübut eləyən minlərlə fəhlə və mühəndisimizi görməkdən böyük məmnunluq duymuşdum.

Abadanda da xüsusi vəziyyətimi nəzərə almamaqda yanlış iş tutduğumu gördüm. Əslində, benzin qoxusunu sevirəm. Bu gün belə qoxusunu duyanda, İran burnumda titrəyir! Amma o iki-üç gün ərzində Abadanın kükürdlü tüstüsü və havanın istiliyi ürək bulantılarımı artırdı. Adamlar məni salamlayır, yaxından görmək və qucaqlamaq istəyirdilər. Elə bilirəm, xalq adamı olmağın ən çətin tərəfi də budu, siz yatağınızda olmaq istəyirsiniz, amma qətiyyətlə hansı vəziyyətdə, harada olmağınıza baxmayaraq, sizə qarşı göstərilən sevgiyə cavab vermək məcburiyyətindəsiniz… Olsun, eybi yoxdu! Abadanın gəzdiyim bəzi məhəllələrindəki çətin həyat problemləri qarşısında çox sarsıldım və bir qrup qadınla görüşəndə, fikirlərimi gizlətmədim: “Fəhlələrin yaşadıqları bölgələri gəzəndə ailələrin daha çox münasibətə və müdafiəyə ehtiyacı olduğunu öyrəndim. Onlara kömək eləmək üçün lazım gələn tədbirləri ən qısa zamanda görməliyik”, – dedim.

Tehranın müxtəlif səmtlərinə elədiyim səfərlər, bu ziyarətlər və sayı durmadan artan məktublar xalqın gözlədiklərinə qiymət verməyimə kömək göstərmirdi. 1925-ci ildə Rza Şah taxta çıxanda, kəndləri ətrafdakı ağaların və quldurların boyunduruğu altında inləyən, yeni-yeni ortaçağı yaşayan ölkənin idarəsini ələ almışdı. Sonra oğluna, yəni ərimə yenicə mərkəzləşmiş idarəçiliklə yanaşı, təməli təzəcə atılmağa başlayan iqtisadiyyat da miras qoymuşdu. Qeyd edilən irəliləmələrin müqabilində maarif, səhiyyə, mədəniyyət kimi sahələrdə, xüsusilə, nəqliyyat sahəsində hələ geri qalmış ölkə idik. Uzaq kəndlərdə yaşayan insanların çəkdikləri sıxıntıları bilirdik, itiriləsi vaxtımız yox idi. Qısa müddətdən bəri uzun zaman əlimizdən alınmış neft gəlirləri artıq dövlətin kassalarına daxil olmağa başlamışdı. Şah nikbin idi və gələcəyə olan inamını mənimlə bölüşmək istəyirdi.

“Bu gündən sabaha hər şey həll edilə bilməz, – deyirdi, – lap yaxında sürətli inkişafa nail olmağın yollarını tapacağıq”.

Ölkə üçün də, bizim üçün də gələcək vədlərlə doluydu. Hamiləliyim hələ rəsmi olaraq elan edilməmişdi, yalnız İranda deyil, yad ölkələrdə də adamlar səbirsizlik içindəydilər. Hər gün saraya kiçik mavi papışlar, ya da yalnız oğlan uşaqlarının yatdığı beşikdən götürülmüş tül parçası kimi, uğur gətirməsi arzusuyla müxtəlif hədiyyələr göndərilirdi. Şahzadə Şəms İsveçrədən qız yox, oğlan uşağı qazanmaq üçün bəzi məsləhətlər verdiyi söylənən professor Vattevilli gətirməyi israr eləmişdi. Xoşbəxtiydim ki, professor gələndə, mən elə körpəmi gözləməkdəydim. Ailəm üçün paltarlar tikmiş yaşlı bir dərzi oğlan uşağı doğmaq üçün qarnımın üstünə oxunmuş torpaqla dua yazdırıb qoymaq lazım gəldiyi barədə təminat verirdi. Axırda İranda yeni nəşr olunan bir kitabda məni çox heyrətləndirən süni və komik mülahizə oxudum: guya, mənim üçün portağal və naringidən ibarət rejim düzəldən iranlı həkimin sayəsində oğlan qazanmışdım. İlk hamiləliyimdən qırx il sonra belə, hələ fərziyyələr söylənməsinin davam eləməsi hamiləliyimin necə səbirsizlik və ümidlə gözləndiyi haqqında çox şeylər deyir.

Nəhayət, Novruz ərəfəsində, 1960-cı ilin 20 mart günü sarayın nümayəndəsi xalqa müjdə verdi. Bu barədə hər hansı söz deməzdən əvvəl üç ay gözləmişdik. O zamanlar hələ ultrason cihazlar olmadığından həkimlərin uşağın hansı cinsdən olduğunu bilmələri mümkün deyildi, adamlar ana qarnının şəklinə, ya da körpənin ürək döyüntüsünə görə mülahizələr yürüdürdülər. İranlıların səbirsizliyi hiss edilən şəkildə artırdı. Mavi papış, bu kimi cürbəcür uğur gətirəcəyi güman edilən hədiyyələrin sayı ikiqat artmışdı və ölkəmizdə həmişəki kimi, olan-olmaz şayiələr dolaşırdı: mən həqiqətdə hamilə deyildim, qarnıma yastıq qoyurdum və s. Bu cür bədxah xəbərlərin mənbəyi başlıca olaraq, kommunist Tudə Partiyası, ya da başqa partiyalarda onlarla yarışanlar idi. Şahın uşaq sahibi ola bilməyəcəyi üçün körpənin atası olmadığı belə söyləndi. Doğulandan sonra oğlumun lal olduğu barədə şayiələr çıxdı, adamları susdurmaq üçün televiziyanın kiçik Şahzadə barədə, atasının iş otağında evciklər quranda təsvir olunan verilişin göstərilməsi də lazım gəldi. Bütün bunlar da bəs eləmədi. Şəhərin güneyindəki, camaatın getdiyi xəstəxanaya, əgər doğulan uşaq qız olarsa, onu oğlan uşağıyla dəyişdirmək üçün baş vurduğum belə, iddia edildi…

Rza 1960-cı il oktyabrın 31-də günortaüstü doğuldu. Tehranın güneyində, orta təbəqənin yaşadığı səmtdəki Ana və Körpələri Mühafizə İnstitutunda doğuş eləməyə qərar vermişdim. Rza Şah tərəfindən yaradılan bu xəstəxanada çox yoxsul qadınlardan haqq alınmırdı; ərim orda doğmağıma razı olmuş, hətta ilk sancılar başlayanda, məni aparmaq üçün sükan arxasında özü oturmuşdu. Bizim arxamızca bütün ailə də xəstəxanaya qaçdı.

Hə, körpə oğlanıydı, güman ki, bütün xəstəxana bunu məndən qabaq öyrənmişdi. Doğumun sonuna doğru uyudulmuşdum, anestezoloq dərmanı bir az artıq vermişdi, bu da doğuş həkimim professor Cahanşah Salihin özündən çıxmasına səbəb olmuşdu, çünki özümə gələndə, dəhlizlərdə hələ uğultular davam eləyirdi. Mənə, sonralar Şaha müjdəni bildirmək üçün hamının dörd bir yana qaçdığını, anamın da narahatlıqla bu adamlardan “Qızım necədi? Xəbər varmı?” – deyə soruşduğunu danışdılar.

Gözlərimi açanda, Şah başımın üstündəydi, əllərimdən tuturdu.

“Bilmək istəyirsənmi?”

“Əlbəttə”.

“Oğlumuz oldu”.

Hıçqırtıdan boğuldum.

Üç gündən sonra Rzanın ilk rəsmi şəkli çəkildi, elə doğulandan atasına oxşadığı görünür. Onun yanındakılar professor Cahanşah Salih və sürgündə də bizimlə birgə olan uşaq həkimi Luiz Pirniadı.

Şəfəqlə bərabər xəstəxananın barmaqlıqları önündə minlərlə insan toplanmışdı. Neçə günüydü, yerli və əcnəbi mətbuat nümayəndələri də az qala xəstəxanada məskən salmışdılar. Doğum həkimi tərəfindən Pəhləvi xanədanının nəhayət, vəliəhdə sahib olduğu elan edildikdən sonra topdan iyirmi bir yaylım atəşi açıldı. Xəstəxananın qapılarında gözləyən kütlə elə artmışdı ki, müqəddəs yer olan Şah Əbdül Əzimə gedib, dua oxumaq, sonra da atasının qəbrini ziyarət eləmək istəyən Şah məzarlığa çata bilməmiş, arzusundan əl çəkməyə məcbur olmuşdu. Maşınını tanıyan kütlə mühafizə həlqəsini yarmış və qabaran dalğa kimi ətrafını tutmuşdu. Şah sonralar mənə əvvəllər belə ortaq sevinc və sevgi nümayişinin şahidi olmadığını demişdi. Adamlar gülür, ağlayır, onu qucaqlamaq istəyirdilər. Şahı qucaqlamaq istəyirdilər, amma ona yol açmağa məcburuydular, axırda çarəni maşınını yuxarı qaldırmaqda tapmışdılar. Eyni saatlarda bütün ölkədə xalq küçələrə tökülmüşdü, doğumu bayram eləyirdi. Adamlar dərhal bütün evlərdə gizlicə hazırlanan şirniyyatları küçələrdə paylayırdı. Tehran, Təbriz və Şirazda hamı bayırda rəqs eləyirdi. Doğumu bayram sevinciylə yaşayan xalqın şəkillərini qəzetlərdə görəndə, mən də həddən artıq həyəcan keçirdim.

Bir neçə gün sonra Tehran əhalisi mənə möhtəşəm sevgi nümayiş etdirdi. Xəstəxanadan çıxıb evə qayıdacağımı öyrənən adamlar yol boyunca sıralanmış, yerə xalılar sərib çiçəklər atmış, keçəcəyim küçələri başdan-ayağa zəfər əlamətləriylə bəzəmişdilər.

Xalqı salamlamaq üçün sürücüdən maşını yavaş sürməsini xahiş elədim, bir-bir hərəsinə orda gözləyib, mənə sevgisini göstərdiyi üçün nə qədər minnətdar olduğumu söyləmək istərdim!



III

Rzanın doğulması bizi bir-birimizə bağladı. Bu uşaq nə böyük xoşbəxtlik idi! Qızım olsaydı da, eyni sevinc dolu göz yaşlarını tökəcəkdim, amma oğlumuz ərimin xoşbəxtliyinə ayrı bir könül rahatlığı da əlavə eləmişdi. Aramızdakı sevgi də yeni ahəng qazanmışdı, narahat intizar sona çatmışdı, gələcəyə daha inamla baxa bilərdik.

Bir neçə həftə içində Şahın demək olar, təpədən dırnağacan dəyişdiyini gördüm. Son dərəcə ölçülü-biçili və məsafə saxlayan Şah oğluna duyduğu sevgini və yaşadığı həyəcanı gizlətməyə ehtiyac hiss eləmirdi. Mən Rzanı əmizdirəndə, iki yığıncaq arasında qaçıb yanımıza gəlirdi. Rzaya yaxşı baxıldığından əmin olmaq istəyir, dayə kimi işə götürdüyümüz fransız Janna Gillona tez-tez körpənin boyunu, çəkisini təkrarladır, qəzetlərdə söhbət açılan filan, yaxud filan mikroba qarşı çox diqqətli olması barədə onu xəbərdar eləyirdi. Ən böyük qorxusu oğlunun boyunun onun istədiyi qədər uzanmamasıydı. “Fərəh, ayaqları niyə bu qədər əyri, niyə bu qədər qısadı?” deyə soruşub dururdu. İllər keçəndən sonra Rzanın boyu bir metr səksən üç santimetrə çatıb, atasını ötəndə, Şaha o ilk aylardakı qayğılarını xatırlatmışdım.

Ailə həyatımız tamamilə Rzanın ətrafında keçirdi. Sarayın bacasında ilk addımlarını atdığı gün Şahla necə həyəcanlandığımızı xatırlayıram. Rəsmi istirahət günü olan cümə günləri hava imkan verəndə, üçlükdə Şəmiran təpələrinə, çöllərə doğru qaçırdıq. Şah oğluyla otluqda yumalanır, oyunlar çıxarırdı. Elə o zamandan maşın, xüsusilə, təyyarə sevgisini bölüşdürürdü. Axşam Tehrana qayıdanda, Rza bəzən şıltaqlıq eləyirdi, onda ona az sonra “Qırmızı dəyirman” kinoteatrının qabağından keçəcəyimizi demək sakitləşməsinə bəs eləyirdi. Dəyirmanın qanadları onu heyrətləndirirdi, eynilə sonralar təyyarələrin pərlərinin heyrətləndirdiyi kimi, hətta sarayda belə, havatəmizləyənlərin qabağında qaxılıb oturur, gözləri sevincdən parıldaya-parıldaya “Hə, lütfən, döndər!” – deyirdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации