Текст книги "Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi"
Автор книги: Fərəh Pəhləvi
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]
Əmim İsfəndiyar Diba Ağayi Zahidini tanıyırdı, bizə görüş təyin eləmək vəzifəsini o, üstünə götürdü. Ərdəşir Zahidi bizi paytaxtın yamyaşıl bağçalı, çox gözəl qədim binalarının birində qəbul elədi. Gənc, xoşsifət adamıydı: əlbəttə, iyirmi il sonra sürgün əzablarını yaşayanda, onun da bizim yanımızda olacağını düşünməzdim.
Ağayi Zahidi mənə təhsilimlə bağlı suallar verdi, bir az Parisdəki həyatımı danışdırdı, nələrdən xoşum gəldiyini öyrəndi, sonra görüşümüz başa çatanda, heç gözləmədiyim hərəkət elədi, əmimə məni gənc arvadı Şahzadə Şahnaza təqdim eləmək istədiyini dedi.
Beləcə, bir neçə gün sonra Şahzadənin evində çay içməyə dəvət olundum. Villa Şəmiranın azca irəlisində, Elbrus dağlarının ətəklərində salınmış Hessarakdaydı, bütün Tehrana hakim olan şahanə mənzərəsi varıydı.
Şahzadə də çox nəzakətlə mənə suallar verdi. Vəziyyət həm bir az gülməli, həm də qəribəydi, çünki eyni yaşda olsaq da – Şahzadə o vaxt on doqquz, mən də iyirmi yaşındaydıq – o, incə tərzdə ev sahibəsi rolunu yerinə yetirəndə, mən də utancaqlığıma üstün gəlməyə çalışırdım (Şahzadə Şahnaz o yaşda ana olmuşdu. Sonralar tanıdığım qızı Mahnazı böyük məhəbbətlə sevəcəkdim. Böyük oğlum Rzayla aralarında yalnız bir neçə yaş fərq var. Mahnaz dayı və xalalarına, yəni uşaqlarıma çox yaxın olmuşdu).
Sonra birdən-birə səslər və açılıb-örtülən qapı gurultuları eşidildi, bir nəfər içəri girib, bizə Şahın gələcəyini bildirdi. Aman, Allahım! Həyəcandan sanki ürəyim yerindən qopacaqdı. Həm heyrətimdən donub qalmış, həm də sevinmişdim. Əslində, Şahın qızının evindəydim, eləydisə, onun xəbər vermədən qızını görməyə gəlməsində qəribə bir şey yoxuydu, amma yenə də mənim üçün nə böyük şansıydı! Heyrətlənmişdim, bunun fövqəladə təsadüf olduğunu düşündüm.
Nəhayət, Şah gəldi. İki ay əvvəl Parisdə qarşılaşdığım laqeyd, bir az hüznlü halından olduqca fərqli, rahat, gülərüzüydü. Şahzadə və əri ağayi Zahidi məni təqdim elədilər. Şah çox təbii görkəmlə aramızda oturdu və söhbətə başladı. Elə həlim tərzdə, elə gülərüzlə sözlərimi təsdiqləyirdi ki, boğazımı qovuşduran böyük həyacanıma baxmayaraq, mən də təbii vəziyyətdə suallarına cavab verib, Parisdəki tələbə həyatımı danışırdım. O gün gözəl, nəşəli söhbət elədiyimizi, bir neçə dəqiqə harda olduğumuzu unudub baxışlarımızın qarşılaşmasından, bir-birimizin sözünü təsdiqləməkdən ikimizin də zövq aldığımızı xatırlayıram. Geriyə dönüb baxanda, o günün doğrudan da, Allahın lütfü olduğunu düşünüb, şükr eləyirəm, çünki ilk görüşümüzdəki o rahat söhbət imkanı qazanmasaydıq, bəlkə də həyatımızı birləşdirmək şansımız olmayacaqdı.
Amma o anda bu görüşün nəyin əlaməti olduğu haqqında heç bir fikrim yoxuydu – mənə görə, bu qarşılaşma möcüzəli təsadüfün sonucuydu, eləydisə, bir də belə gün yaşamağımın qəti mümkün olmayacağı aydın idi. Bu inamla evə qayıdanda, sözün əsl mənasında, partladım. Zəncirdən açılmış kimi, yaşadıqlarımı sözbəsöz əvvəlcə anama, sonra da dayıma və bibimə danışdım, həyəcanım hamıya keçdi. Şahla yalnız bir saat görüşmək belə, ailəmizdə illərlə unudulmayacaq tarixi hadisə idi.
İran Bastan Arxeoloji Muzeyində bir-iki həftə də işlədim. Həyat normal axarına qayıtmış, içimdə gizli xəzinə kimi saxladığım həyəcanım bir az səngimişdi ki, Şahzadə Şahnazdan axşam yeməyinə dəvət aldım. Bu dəfə xüsusi məqsədlə və gizlincə mənimlə bağlı bəzi şeylər hazırlandığını sezdim. Əgər o gün Şah təsadüfən yox, xüsusi olaraq, mənimlə görüşməyə gəlibsə… Ərdəşir Zahidinin Şahın məni bəyənə biləcəyini fikirləşməsi mümkün idimi? Onda ağlına Şahzadənin evində ilk görüş üçün qeyri-rəsmi tanışlıq mühiti yaratmaq gələ bilərdimi? Bu görüşün davamı olmaya bilərdi, buna baxmayaraq, Şahzadə məni yenidən evinə dəvət eləmişdi, üstəlik, bu çay dəvəti yox, axşam yeməyi dəvətiydi. Təbii olaraq, Şahın yeməkdə iştirak edəcəyindən söz açılmırdı, amma mən onun orda olacağından əmin idim.
Birdən-birə hər şeyi xatırladım; Parisdə gözlərində gördüyüm kədər on səkkiz ay əvvəl Şahbanu Sürəyyadan boşanması vaxtı danışılanlar, qəzetlərdə oxuduğum hər şey, xanədanın davamını təmin eləmək üçün evlənib, taleyin o zamana qədər ondan əsirgədiyi xoşbəxtliyi yaşadacaq ailə həyatını 39 yaşında qurma arzusu… hamısı gözlərimin önündən keçdi. Niyə baxışları birdən-birə mənə dikilmişdi? Digər tərəfdən, mən də Şaha qarşı böyük bağlılıq duyurdum, son həftələrdə yaşadıqlarımı heç yaşamamış olsaydım, bunu özümə belə, qəti etiraf eləməzdim. Qadının idealındakı kişi üçün təsəvvürünə gətirəcəyi bütün intellektual sərvətlərə sahib olan bir insan kimi… Şah mənim nəzərimdə son dərəcə cəlbedici kişiydi; bəzən səmimiyyət və sevgidolu, yumşaq, ciddi baxışı, gözəl təbəssümü mənə təsir eləyirdi. Və sonra bəzi detallara da fikir vermişdim: onun vüqarlı duruşu, inanılmaz dərəcədə, romantik saydığım uzun kirpikləri, əlləri… Bəli, Şah məni çoxdan fəth eləmiş, gizlicə qəlbimə girmişdi.
Çox sonralar mənə sadəliyimi sevdiyini söyləmişdi. Mən də elə güman eləyirəm ki, bu sadəlik sayəsində – ya da heç fərqinə varmadan – çəkingənliyimə üstün gəlməyə özümdə güc tapmış, məni qorxudan buz kimi dondura biləcək bərabərliyə soyuqqanlılıqla başlaya bilmişdim. O axşam yeməkdə, çay içdiyimiz gün bizi bir-birimizə çəkən səmimi, tamamilə sevgi dolu mühiti yenidən yaratdıq. Özündən Parisdə, İran səfirliyindəki toplantıda mənimlə görüşməsini xatırlayıb– xatırlamadığını soruşmağa cəsarət elədim. Xatırlamadığını söyləyib, mənə detallarıyla danışdırdı. Hər detala əhəmiyyət verməyimin onu çox əyləndirdiyini gördüm, rəsmi ziyafətdəki belə kiçik şeylər ondan ötrü heç bir məna ifadə eləmirdi. O, güldü. Mən də güldüm.
Sonra Şahzadənin evində başqa görüşlər də oldu. Xüsusilə, bir gün günortadan sonra yeddi daş oyunu oynayanda, adam olduqca çoxuydu. Mən qonaqların yerə saldığı kauçuk halqaları çəkinmədən əyilib topladım. Görəsən, Şah o günmü arvadı və uşaqlarının anası kimi məni seçdi? Bunu düşündüyünə şübhə yoxuydu, amma qərar vermək üçün özünə bir az vaxt qazandı.
Münasibətlərimiz dostluğa çevriləndə, mənə ara-sıra Tehran ətrafında maşınıyla gəzməyi təklif elədi. Şah idman maşınlarının həvəskarıydı. Maddi şeylərə qiymət verməzdi, amma idman maşınlarına və qol saatlarına çox maraq göstərirdi. Sürətli avtomobilə minib şəhərdən kənara çıxanda, həmişə arxamızda bizi gizlicə izləyən mühafizə maşını olurdu. Bir-birimizi tanımağı öyrənirdik, daha çox o, məni tanımağa başlamışdı, çünki hələ ona sual verməkdən çəkinirdim. Amma həm danışdığımız, həm də susduğumuz anlarda çox rahat idik. Şah bir sözlə, bir kəlməylə məni sakitləşdirməyi çox yaxşı bacarırdı. Beləcə, mən də özümü unudur, onun yanında olmaqdan zövq alırdım. Həm çox adi, həm də başımı gicəlləndirən anlarıydı bunlar…
Bir gün kiçik təyyarəylə gəzməyə dəvət elədi. Çox yaxşı pilot olduğunu bilirdik. Mindiyimiz dörd adamlıq fransız təyyarəsi “Morane-Saulnier” idi, yanılmıramsa, Şahzadə Şahnaz da bizimləydi. Şah bizi Tehranın üzərində uçurandan sonra Elbruz təpələrinin üzərinə qalxdıq, sanki yuxu görürdüm. Sonra qəfildən mənə göstərmək istədiyi Səfid-Rud bəndi üzərində sürəti azaltdı, meliorasiya mühəndisi olan əmim Sədi də o bənddə işləyirdi. Bu bölgə həddən artıq küləkli olduğu üçün təyyarə çox sərt hava axınlarından keçirdi, amma mən heç təhlükəyə fikir vermirdim. Qayıdanda, artıq hava limanı görünən vaxt Şah qəribə şəkildə hündürə qalxmağa, Tehranın kənarındakı məhəllələrin üzərində dairələr cızmağa başladı. Sakit görünürdü, işinə qayıtmağa heç tələsmədiyi sezilirdi. Sonra məndən aramızdakı, nə olduğunu bilmədiyim rıçağı çəkib, irəli-geri “pompalama” hərəkəti eləməyimi istədi. Düşdüyümüz vəziyyətdən xəbərsiz idim, ən xırda izahat istəmədən dediyini yerinə yetirdim. Bir neçə dəqiqə sonra yaxınlaşma manevrlərinə başladı və bizi yavaşca yerə endirdi. Uçuş xəttinin texniki xidmət qurğularıyla dolu olduğunu, bundan başqa işıqları yanan bir yığın təcili yardım maşınının gözlədiyini görəndə, çaşdım.
“Ciddi bir şeymi baş verdi?” – soruşdum.
O da çox sakit halda bu cavabı verdi:
“Enmə dəsti açılmırdı, əlinizlə müdaxilə eləyib şassiləri siz açdınız. Hər şey qaydasındadı, istəyirsinizsə, düşək!”
Ölümün astanasından dönmüşdük, amma o, bir an belə, soyuqqanlılığını itirməmişdi.
Yay sona çatmaq üzrə idi. Şahın ağayi Ərdəşir vasitəsiylə şəkillərimi istədiyini öyrəndim. Hökmdarın mənə qarşı dostluqdan artıq duyğular bəslədiyinə şübhəm qalmamışdı.
Mənə gəlincə, ona get-gedə daha da bağlanırdım. Hər hərəkəti mənə təsir eləyir, riqqətə gətirirdi. Eşqi yeni-yeni kəşf eləyən gənc qız üçün belə güclü, belə insanın ağlını başından çıxaran duyğulara, ölkənin ən hörmətli, ən sevilən yeganə adamı tərəfindən seçilməyin verdiyi qürur da qarışırdı.
Şah bir gün günortadan sonra öz sarayında mənimlə görüşmək, şəxsi hovuzunda birlikdə üzmək istədiyini bildirdi. Çimərlik paltarımı götürüb getdim, birlikdə üzdük. O anları düşünəndə, mənə verdiyi bu təbiilik, özümə hakim olmaq qabiliyyəti üçün Allaha şükr eləyirəm. İyirmi yaşında ölkəsinin bir nömrəli şəxsiyyətinin qarşısına naz-qəmzəyə, bəzək-düzəyə güvənmədən, soyuqqanlılıqla çimərlik paltarı geyinib çıxa bilmək, olduğu kimi görünmək üçün insanın çox təbii və səmimi davranması lazımdı. Bu təbiiliyimdən Şah da heyrətləndi, cavabında şəraitə asanlıqla uyğunlaşdığımı söylədim. Həddən artıq gözəl bir günorta keçirmişdim.
Sonra uzun müddət ötdü, iki, bəlkə üç həftə ondan heç xəbər ala bilmədim. Niyə məni axtarmırdı? Nə olmuşdu? Gizlicə əzab çəkirdim, amma bu insanın problemlərinin yanında mənim əzablarımın nə əhəmiyyəti ola bilərdi? Onun mənim həyatımda çox əhəmiyyətli yerinin olması, mənim də onun üçün vacib olmağım demək deyildi, bunu bilirdim. Dövlət başçısının həyatında eşqin nə yeri ola bilərdi? Mən təkcə onu düşünürdüm, ona gəlincə, məni fikirləşməyə vaxt tapmazdan əvvəl, çözülməsi lazım olan, ağla-xəyala gəlməyəcək nə qədər problemi var idi, kim bilir?.. Bəlkə də məni unutmuşdu… Sentyabr ayıydı. Raspil məhəlləsindəki xüsusi memarlıq məktəbinə qayıtmaq vaxtım yaxınlaşırdı.
Neyləməliydim? Bütün bu yaşadıqlarım heç baş verməyibmiş kimi, Parisəmi getməliydim? Xeyr, ən xırda şübhəm qalmamalıydı. Bu səbəbdən, əmimdən ağayi Ərdəşirdən öyrənməsini xahiş elədim: Fransadakı təhsilimə davam eləyə bilərdimmi?
Çox sonralar Şah mənə sataşaraq, o yay onu qərara gəlməsi üçün adəti xilafına, tələsdirdiyimi etiraf elədi. Nəsə, Ərdəşir Zahididən cavab kimi gələn mesajda tələsməməyim məsləhət görüldü, beləcə, dərslərimin başlanması vaxtı gəldi, amma mən qımıldanmadan gözlədim. Nəhayət, Şahzadə Şahnazdan yeni yemək təklifi aldım.
O axşam Şahın ətrafında olduqca çox, bəlkə iyirmi adam vardı. Onu təkrar görmək məni sakitləşdirmişdi, xoşbəxtiydim. Havadan, sudan, başqa şeylərdən söz açıldı. Şah onu heç rahat buraxmayan problemlərdən, gərginlikdən uzaqlaşmış kimi görünür, gülümsəyirdi. Biz salonda olanda, qonaqların bir-bir aradan çıxdıqlarını və Şahla tək qaldığımızı gördüm. Sonra Şah hədsiz sakit bir tərzdə mənə ilk iki evliliyindən söz açdı. Birincisi, qızı, gənc Şahzadə Şahnazın anası misirli şahzadə Fəvziyyə, ikincisi, oğul sahibi olmaq ümidiylə evləndiyi Sürəyya İsfəndiyari – Bəxtiyari. Sonra susdu, əllərimdən tutdu, gözlərimin içinə baxıb: “Mənim arvadım olmağı qəbul eləyərsənmi?” – dedi. “Hə!” Həmin o anda “hə” demişdim, düşünüləsi bir şey yox idi, heç bir çəkinəcəyim yox idi, cavabım “hə” idi, onu sevirdim, ardınca getməyə hazır idim.
Bu “hə” cavabının nəticələrini, arvadı olanda, çiyinlərimdə daşıyacağım məsuliyyətin ağırlığını çox yaxşı ölçə bilmirdim. Şah davam elədi: “Şahbanu olanda, İran xalqı qarşısında bir çox məsuliyyətin olacaq”. Təklifini qəbul elədiyimi təkrarladım. Məsuliyyətin nə olduğunu bilirdim, bu ruhda böyümüşdüm. Valideynlərim, ata-anam, məktəb və ləpirçilik, ardıcıl olaraq, məni başqa insanların əzablarını duymağa istiqamətləndirmiş, insan idealının cəmiyyətin xeyrinə çalışmaq olduğunu öyrətmişdi. Şahın xəbərdarlığı gözümü qorxutmadı. Bu vəzifəni üzərimə götürmək üçün hazır olduğumu düşünürdüm, yalnız məsuliyyətin böyüklüyünü düzgün dərk eləyə bilməmişdim: hələ məni gözləyən vəzifənin ağırlığını və miqyasını qavramaqdan uzaq idim.
1959-cu il oktyabrın 14-ü idi, yəni mənim doğum günüm idi. İyirmi bir yaşındaydım və Şaha “hə” demişdim. Onun eşqinə və eyni zamanda fövqəladə alın yazısına “hə” idi bu. Ən gözəl günlər üçün olduğu kimi, heç ağlıma gəlməyən ən ağır günlər üçün də Şahbanu olacaqdım. Amma elə xoşbəxt, elə həyəcanlıydım ki, evdəkilərdən bu sirri gizlətməyi bacara bilmədim. Qayıdan kimi, anama, bibimə, daha sonra da işdən qayıdan dayıma söylədim. Anamın çaşqınlığı açıqca görünürdü, narahatlığını sevinc əlamətləriylə gizlətməkdə çox çətinlik çəkdi. Xoşbəxtliyimi bölüşməsinə heç şübhə yox idi, amma daha sonra atam sağ olsaydı, bu qərarımı bəyənib-bəyənməyəcəyi barədə düşündüyünü etiraf elədi. Sarayda həyatın Şahın ətrafında intriqalarla dolu olduğu, adamların bir-birinin arxasınca dedi-qodu elədikləri söylənir, Şahın anası və Şahzadələr haqqında belə, söz-söhbət gəzirdi. Mənim kimi saf, amma qərarlarından asanlıqla dönməyən qız sarayda yetişmiş, hər adamla bir cür danışan, ayaq oyunlarının, diplomatiyanın incəliklərini bilən bu adamların arasında özünə necə yer tapacaqdı? Anam qayğılıydı, nə danışa bilər, neyləyə bilərdi? Həm də bunun nə xeyri varıydı?
Həmin gün özümü saxlaya bilməyib rəfiqəm Elliyə zəng elədim:
“Tez bizə gəl, sənə veriləsi xəbərim var”.
“Nə xəbər? Söyləsənə!”
“Telefonda deyə bilmərəm. Tez, taksiyə otur, gəl! Tez ol!”
“Fərəh, dəlimi olmusan? Nə olub?”
“Vacib bir xəbər deyəcəyəm sənə”.
“Ərə gedəcəksən?”
“Hə!”.
“Çox gözəl xəbərdi bu! Kiminlə? Onu tanıyırammı? Di, tez ol, adını de!”.
“Söyləməyəcəyəm, deyirəm, Gələrsən, öyrənərsən. Danışa-danışa beş dəqiqəni də itirdin”.
“Gözləməyə səbrim yoxdu…” – deyib bütün qohumlarımın adlarını saymağa başladı.
“Rzadımı? Rzayla evlənəcəyindən mərc gəlirəm”.
“Dəlisən sən, Rza mənim qardaşım kimidi”.
“Kamrandımı?”.
“Ağlına gələnə bir bax!”
“Pərvizdimi? Yoxsa Yəhyadımı?”
“Xeyr, nə Pərvizdi, nə Yəhyadı”.
Axırda özü bildiyi bütün adları sadalayandan sonra ürəkdən gələn qəhqəhəylə gülə-gülə:
“Onda Şahdan başqa heç kəs qalmır”, – dedi.
“Hə, odu!”
Telefonun dəstəyi əlindən düşmüş, elə bil, uzun müddət dili tutulmuşdu.
Qısa müddətdən sonra Şah məni yaxınlarına, hamıdan əvvəl də anası Tacül-Mülkə təqdim eləmək istədiyini bildirdi. Tacül-Mülk 1944-cü ildə ölən, Pəhləvi xanədanının qurucusu Rza Şahın ikinci arvadıydı, ona dörd uşaq bəxş eləmişdi. 1917-ci il oktyabrın 27-də doğulan Şahzadə Şəms, sonra 1919-cu il oktyabrın 26-da dünyaya gələn gələcək ərim Məhəmməd Rza və əkiz bacısı Şahzadə Əşrəf, nəhayət, 1954-cü ildə təyyarə qəzasında ölən Şahzadə Əli Rza. Ana Şahbanu sərt xarakterə malik olmasıyla ad çıxarmışdı. Adamlar onun qəti söz deməsindən çəkinirdilər. Şaha və Ana Şahbanuya ümidlə gözlədikləri vəliəhdi verə bilmədiyinə görə, əzab çəksə də, Şahbanu Sürəyyanın bu əzabını gizlətməsindən hirslənən Ana Şahbanunun ondan da sözünü əsirgəmədiyi danışılırdı.
Tarixin tac qoyduğu və kimsənin haqqında söz deyə bilmədiyi bu qadınla ilk dəfə rastlaşmaq məni çox qorxudurdu. Adı söhbət olsa da, bu bir növ sınaq idi. Şah anası, bacıları və Sürəyya arasındakı gərginliklərdən çox əzab çəkmişdi. Ailəsiylə lap başlanğıcdan münasib əlaqələr qura bilməyim hamımızın xoşbəxtliyinin təminatı olacaqdı.
Salona girəndə, Şah məni kresloda təkcə oturan anasının yanına apardı. Məlum nəzakət cümlələrindən sonra Ana Şahbanu yanında oturmağımı xahiş elədi. Qeyri-iradi yaxınlığında, amma ondan bir az aşağıda olmaq üçün alçaq stulda oturdum. Beləcə, söhbətimiz – daha doğrusu, bir növ söz sınağı başladı, suallarına səmimiyyətlə cavab verdim. Xoşladığım şeyləri, uşaqlığımı, ailəmi (anam və Luiza bibim Şahbanunun ailəsinin bəzi üzvləriylə tanış idilər və bacılarıyla eyni sinifdə oxumuşdular), xasiyyətlərimi danışdım. Gələcək qayınanam təbii olaraq, necə bir adam olduğumu bilmək istəyirdi.
Ana Şahbanu nərmənazik, amma çox əzəmətli, açıq yaşıl gözlü xanım idi, uşaqlarımın gözlərinin onun gözlərinə oxşamasını istəyirdim. Onunla tək deyildim, bu da ilk görüşdə mənim işimi asanlaşdırırdı. Bu görüşə dəvət olunan bütün şəxslərin gözü əlbəttə ki, mənim üstümdə idi, necə gənc qız olduğumu bilmək istəyirdilər. Həmin ilk görüşdən sonra inam və sevgi dolu münasibətlər yarandı. O gün Şahın ən yaxın qohumlarının məni saraya və intriqalara yad, çox təbii gənc qız kimi tanıdıqlarına əminəm.
Şahbanu Fərəh Pəhləvi
İkinci hissə
“… Şah özünün tacqoyma mərasimində mənim də tac qoymağıma qərar vermişdi. Perslərin uzun tarixində heç bir qadına belə böyük etibar göstərilməmişdi. Şah qərarını xalqa bu sözlərlə açıqladı:
– Bugünün İranında qadın bir neçə yüz il, hətta iyirmi-otuz il əvvəlki qadından tamamilə fərqlidi, hər yerdə mövcud olan qadının tac qoymağa da haqqı var. Bundan başqa, Şahbanu son illərdə xalqı uçun o qədər əhəmiyyətli rol oynadı, mənim üçün elə böyük dəstək oldu, vəzifəsini elə şövq və vurğunluqla yerinə yetirdi ki, bu etibara haqqı artıqlamasıyla çatır. Bəli, o yorulmaq bilmədən, qadın-kişi, hamımız üçün çox işlər gördü və görməyə davam eləyəcək, çünki hələ yerinə yetirməli olduğumuz çox şeylər var…”
Şahbanu Fərəh Pəhləvi
I
İran hökmdarı Məhəmməd Rza Pəhləviylə nişanımın təkbətək qaldığımız və talelərimizi birləşdirməyi qərara aldığımız gündən bir aydan artıq vaxt keçəndən sonra, 1959-cu il noyabrın 21-də rəsmi şəkildə elan edilməli idi.
Bu müddəti gözləyəndə, gələcək vəzifələrimə uyğun qarderob hazırlamaq üçün xəlvətcə Parisə getməyim qərarlaşdırıldı. Fransadakı səfirimiz Nəsrullah İntizama vəziyyət gizlicə bildirildi və ondan mənə kömək göstərmək xahiş edildi.
Beləcə, noyabrın 3-də yanımda əmim İsfəndiyar Diba, arvadı Banu və uşaqlığımdan bəri çox bağlandığım bibim Luizayla birlikdə Parisə yola düşdüm. Doğmalarımla bir yerdə olmaq məni rahatlandırırdı. Doğrusunu demək lazımdısa, təvazökar tələbə kimi, təsəvvürümə gətirə bilməyəcəyim belə bir cehizi hazırlamaq üçün mənə kömək eləyəcəkdilər, tək qalmayacaqdım.
Təyyarəmiz günortadan sonra birinci dayanacağımız olan Cenevrə hava limanına endi. Parlament başçısı Sərdar Fakir Hikmətin də bizimlə eyni təyyarədə olduğunu bildiyimdən, enəndə, pilləkanın altında bir dəstə jurnalisti görmək məni təəccübləndirmədi. Gözləməyimiz lazım gəldiyindən, enib, yeraltı keçidə doğru irəliləməyə başladıq. Heç fotoqrafların diqqətini çəkməmişdim. Sonra qəfildən əmim və bibilərimin arasında vağzalın binasına lap çata-çatda ağlagəlməz qarışıqlıq düşdü. Bağırtılar, qışqırıqlar və fotoaparatların çıqqıltısı arasında məni adımla çağırdıqlarını eşidəndə, çaşıb qaldım.
“Fərəh Diba! Fərəh Diba! Siz Fərəh Dibasınız, yoxmu?” Və mən “hə” deyəndə, dörd tərəfindən suallar yağış kimi yağmağa başladı: “Toy nə vaxt olacaq? Şahbanu olmaq sizdə hansı hisləri oyadır? Parisdə harda qalacaqsınız” və s.
Heyrətimdən dilim tutulmuşdu. Şahla sözləşməyimin həddən artıq gizli saxlanacağına, sirrimizin qorunacağına səmimiyyətlə inansam da, indi istəmədiyim və üstəlik, qəti hazır olmadığım bir vaxtda hamının tanıdığı adama çevrilmişdim. Mənim indiyəcən görmədiyim bu fotoqraflar məni tanıyırdılar, yəni təzə-təzə tanıyırdılar, əvvəllər yanlarından keçdiyimə belə, fikir verməmişdilər. Amma bundan sonra dəzgahlı pulemyotdan atəş açan kimi, dayanmadan çəkdikləri şəkillərilə portretim bütün dünyanı dolaşacaqdı. O andan etibarən bütün qadınlar kimi, rahatca gəzmək xasiyyətimin üstündən xətt çəkilmişdi, amma bunu hələ bilmirdim. Olub-keçənlərdən özünü itirmiş əmim də:
“Deyə biləcəyimiz heç bir şey yoxdu, heç bir şey bilmirik… Lütfən, nəzakətli olun, keçməyimizə imkan verin, lütfən…” – kimi şeylər söyləməyə çalışırdı.
Hava limanındakı şəxslərin mühafizəsi altında təyyarəyə qayıdanda, böyük rahatlıq hiss elədim. Yetik baxışlardan və hörmətsizcəsinə söhbətimizə qulaq asanlardan nəhayət, uzaqlaşa bildiyimizə inanıb, əmim və bibilərimlə öz aramızda ortaya çıxan bu məsələ barədə danışdıq. Amma az sonra bir jurnalistin Cenevrə-Paris təyyarəsinə minməyə yol tapıb, yanımızdakı oturacaqda əyləşdiyini öyrəndim. Allahdan, yalnız farsca danışmışdıq.
Axşam Orli təyyarə meydanında qarşılama Cenevrədəkiylə müqayisə oluna bilməzdi. Bu hava limanının çıxışı jurnalist və fotoqraflardan qapqara görünürdü. Bundan qabaq heç belə bir qarışıqlığa rast gəlməmişdim. Dörd ay əvvəl eyni təyyarə meydanından yola düşəndə, kimsənin fikir vermədiyi sıravi adam kimi, indi bu qələbəliyin səbəbinin mən olduğumu necə qəbul eləyə bilərdim?.. Özündən çıxmış vəziyyətdə qışqırıb adımı deyən, bir-birini əzən bu kütlədən məni qurtarmaq üçün hər cür çarəyə əl atıldı. Adamlar tərəfindən çəkişdirildim, vərdiş eləmədiyim tərzdə sürükləndim, o qədər çox gözqamaşdırıcı işıqlar yanıb-sönürdülər ki, heç bir şey görmürdüm, məni hara apardıqlarını belə bilmirdim, hətta çıxışın yaxınlığındakı yerdə, otluqda ayaqqabımın bir tayını itirdim və bu dəhşət doğuran vəziyyətdən on beş dəqiqə sonra özümü lüks maşının sakit salonunda gördüm. İran səfirliyinin maşınıydı bu!..
Az qala ağlım başımdan çıxacaqdı, yenə də əylənirmişəm kimi, gülümsəməyə cəhd göstərirdim. Maşının qapıları bağlanar-bağlanmaz, daha nəfəs almağa vaxt belə tapmadan, sözün əsl mənasında, tıxaca düşdük. Üzümdə çaqqıldayan fotoaparat projektorları maşının içini işıqlandırırdı, özümü ovlayacaqları heyvanın gözünü daha çox qamaşdırıb, çaşdırmaq üçün gecə ovçuların izinə düşdükləri ceyran kimi hiss elədim. Sürücü nəhayət, maşını bu basırıqdan çıxarmağı bacaranda, qorxudan ödümü partladan yarış başlandı. Arxamızda motosikletləriylə başgicəlləndirici sürətlə bizi təqib eləyənlər özlərini az qala səfirliyin maşınının altına atırdılar, hər an aralarından birinin əziləcəyindən qorxub qışqırırdım. Axırda mənim qorxudan və həyəcandan ağzım açıq, üzüm heyrətli bədii şəklimi çəkə bildilər, sonrasa bədbəxt olduğumu iddia elədikləri vaxtlarda bu rəsmlərdən bol-bol istifadə elədilər.
Bu minvalla “Qrillon” otelinə gəlişimin gözdən qaçması mümkün deyildi. Ertəsi gün bütün Paris İranın gələcək kraliçəsinin pəncərələri Konkord meydanına açılan həmin lüks oteldə qaldığını öyrəndi. Təbii olaraq, bu da jurnalistlərin hücumunu artırdı, orda qaldığım bir neçə həftə ərzində oteldən hər dəfə çıxanda, arxamda çoxlu maşın və motosiklet olurdu. Müxtəlif üsullarla onları aldatmağa çalışsaq da, bacara bilmirdik. Necə olurdu ki, hara getsək, qabağımıza çıxırdılar? Sonradan bir jurnalistin otağımın yerləşdiyi mərtəbədəki xidmətçiyə pul verib, onun uniformasını geydiyini, bizə yaxınlaşa bildiyini öyrəndik.
Mətbuatın məni belə xırpalaması xalqın intizarına cavab verirdi, çünki lap ilk günlərdən etibarən küçədəki adamların mənə maraq və xüsusilə, rəğbətlə baxdıqlarını görürdüm, bu qədər gözətçilərə baxmayaraq – bəlkə də onların sayəsində – səfər məni çox xoşbəxt eləyən, həyəcanlandıran hadisələrlə doluydu. Adamların öz tərəflərindən göstərdikləri sevgiylə, müqayisəedilməz Fransayla, xüsusilə, parislilərlə aramızda yaranan və ömrüm boyunca davam eləyəcək çox möhkəm bağların təməli o çılğın günlərdə qoyulmuşdu; getdiyim hər yerdə yollarda tıxac yaransa da, adamlar məni sürəkli alqışlarla və gülərüzlə qarşıladılar.
İranın gənc hökmdarı fransızların qəlbini mən onun həyatına girməmişdən çox qabaq fəth eləmişdi. Adamlarla söhbət aparanda, hökmdarın həyatını zaman-zaman qaraldan faciələrə qarşı çox həssas olduqlarını gördüm. İranı işğal eləyən rus və ingilis qoşunlarının atasını sürgünə göndərdiklərinə görə, iyirmi bir yaşında olanda, necə taxta çıxdığını xatırlayırdı. Müharibə davam elədiyi müddətdə yanında olan romantik və melanxolik Fövziyyədən 1947-ci ildə ayrılması, Fövziyyənin çox həsrətini çəkdiyi Misirə qayıtması fransız xalqına da təsir göstərmişdi. Amma Şahın ikinci evliliyində Sürəyya İsfəndiyarinin ona ümidlə gözlədiyi uşağı verə bilməyəcəyi qətiləşəndə, ailə həyatının üstünə enən buludlar fransızlara daha çox təsir eləmişdi. Mən Parisdə Memarlıq məktəbinin birinci kurs tələbəsi olanda, Tehrandakı hökmdarların çəkdikləri əzablar, sonra boşanmaları barədə Fransada uzun müddət danışılmışdı. Onların ürəklərini sızıldadan Şah indi əvvəldən Raspil Bulvarında təhsil alan bir tələbəylə evlənəcəkdi.
Belə inanılmaz şəkildə universitet küçəsindəki kiçik otağımdan əbədi Pers sarayına köçməyim idilliyanı sevən və romantik təbiətli fransızlara təsir göstərdi, onların sevgisini qazanmağa böyük təkan verdi. Hökmdar şahzadəylə evlənmirdi, kral ailələri arasında həyata keçirilən razılaşma əsasında evlənmə ənənəsinə boyun əymirdi, xeyr, o, eynilə nağıllardakı kimi, balaca iranlı qıza aşiq olmuşdu və qəlbinin səsini dinləyəcəkdi. Bu həqiqət ağlagəlməz dərəcədə gözəl bir şey idi. Amma bəzi qəzetlər üçün deyildi! Onlar bu həqiqətdən Külpişiyi əfsanəsini yenidən canlandırmaq üçün istifadə elədilər və işi elə qələmə verdilər ki, axırda məni səfalət içində böyümüş çoban qızı kimi belə göstərdilər. Əmim üsyan edirdi: “Bir az da çalışsalar, sənin dərənin kənarında səbətin içində tapıldığını da söyləyə bilərlər! Bu ağlasığmaz bir şeydi!” – deyə təkrarlayıb dururdu. Mənə gələndəsə, umub-küsmürdüm, adamların qiymətinin mənsub olduqları ailə və ya sərvətləriylə bağlı olmadığını bilirdim, çox sonralar, əvvəlcə Şahbanu kimi, saraylardakı həyatım, sonra sürgündə yaşadıqlarım bu fikrimi tədqiq eləyib.
Həqiqəti açıqlamaq üçün görəcəyimiz bir şey də yox idi. Rəsmi olaraq, heç nə elan edilməmişdi. Mən “Qrillon” otelinin nömrəsində kraliçələr kimi hörmət göstərilən, İran səfirliyinin himayəsində olduğu bilinən və dünyanın ən böyük dərziləriylə lüks butiklər arasında qaça-qaçda qalan gənc qız idim.
Camrs Elysees Bulvarı üstündəki “Guerlin”də elədiyim alış-veriş xüsusilə, yadımda qaldı. Arxamda elə böyük fotoqraf və operator ordusu varıydı ki, mən ətir seçənə qədər dünyanın bu ən gözəl məhəlləsində yol hərəkətini bir müddət saxlamaq lazım gəlmişdi. Bu çətin inanılan bir şey idi! Amma bundan daha betəri məndən ötrü məxsusi saç modeli yaratmaq tapşırılan bərbərxanada, “Karita qardaşları” salonunda baş verənlər idi. Burda sözü Maria Karitaya verirəm. Lesli Blanşın mənə ithaf etdiyi kitabda (“İran Şahbanusu Fərəh, Collins nəşrləri, London, 1978) hadisəni belə danışır:
“İran səfirliyindən bir xanım həmişə elədiyi kimi, telefonla görüş aldı. Qəribə tərzdə görüş günü bacımın da, mənim də salonda olmağımızı israrla xahiş eləyirdi. Bir yoldaşıyla gələcəyini və onu digər müştərilərdən ayrı salona aparmağımızın daha uyğun olacağını söyləyirdi. Bu barədə o qədər israr eləmişdi ki, öz-özümüzə bizim yanımıza gətirəcəyi fövqəladə adamın kim ola biləcəyini düşünməyə başladıq.
Görüş səhəri küçədən gələn ağlagəlməz gurultu-partıltı, qışqırıqlar eşitdik, böyük hay-küy var idi, adamların dava elədiklərini fikirləşdik. Pəncərədən baxanda, özlərinə yer tutmaq üçün dalaşan fotoqrafların və operatorların girişi tamamilə tutduqlarını gördük. Elə həmin anda iranlı müştərimiz və yoldaşı maşınla gəldilər, polis onlara yol açmaq üçün fotoqrafların sıralarına müdaxilə eləməyə məcbur oldu. Müştərilərimiz axırda içəri girə bildilər, dərhal arxalarınca qapıları örtdük. Yeni müştərimizin kim olduğunu öyrənmişdik. Bütün bu olub-keçənlər çox həyəcanlandırıcıydı, biz əlbəttə, müştərimizi maraqdolu gözlərdən qorumaq üçün əlimizdən gələni elədik.
Müştərimiz çox az danışırdı, amma heç çəkingən xanıma oxşamırdı. Dinməz-söyləməz və böyük diqqətlə hər şeyi saf-çürük eləyirdi. İşimizi bildiyimizi həddən artıq yaxşı başa düşdü, böyük inam hissiylə özünü bizim ixtiyarımıza verdi. Çox gözəl qızıydı, vücudu çox gözəgəlimliydi, əlləri də çox gözəliydi, o qapqara saçları İran miniatürlərində göründüyü kimi, gecə mavisinə çalırdı”.
Karitanın salonunda pərdələri çəkməyə məcbur oldular, özümüzü qəfəsdəki canlılar kimi hiss eləyirdik, bütün bu ehtiyat tədbirlərinə baxmayaraq, qarşıdakı binaya girməyi bacaran bir fotoqraf oradan şəklimi çəkə bildi… Karita bacıları o gün ortadan ayrılıb gicgahlarımı örtən saç modeli yaratdılar, bu model dünyanın hər yerində dəbə çevrildi – qadınlar saçlarının “Fərəh Diba kimi” daranmasını istəyirdilər.
“Dior”da mənə İv Sen-Lorenin kolleksiyası göstərildi. Nişan və toy paltarlarını tikmək vəzifəsini də İv Sen-Loren öz üstünə götürdü.
Bu fırtına içində Qarniye Operasına, Karmenin qala-konsertinə getmək imkanım da oldu. General de Qoll və arvadı, bir çox nazirlər və bütün Paris elitası ordaydı. Fransanı xilas eləyən, əmim Bəhramın böyük heyranlıq duyduğu bu insanı görmək məni çox həyəcanlandırmışdı, amma dərhal sonra Generalın yanındakı şəxslərin maraqla gözlərini məndən ayırmadıqlarını hiss eləyəndə, böyük sıxıntı hiss elədim. Dövlətin ali vəzifəli adamları Şahla evlənəcəyimi bildiklərindən, necə adam olduğumu öyrənmək istəyirdilər. İki il sonra İran Şahbanusu kimi General və arvadı tərəfindən Yelisey sarayında qonaq qəbul ediləcəyimi o zaman mən də bilmirdim.
Tehrana dönməyimizdən bir neçə gün əvvəl məktub yazıb Andre Malrödən ona göndərdiyim “Səssizliyin səsləri” kitabına avtoqraf yazmasını xahiş eləmişdim. Andre Malrö də o günlərdə mənə diqqət və dostcasına münasibət göstərərək kitabımı aşağıdakı ithaf yazısıyla geri göndərmişdi:
“Ölkəmizi tərk eləmək üzrə olduğunuz bu günlərdə qədim İran mədəniyyətinin ən köhnə heyranlarından birini xatırlamağınız məni çox riqqətləndirdi. Mənə məktub yazıb, münasibət göstərən tələbənin, bu gün öz taleyini də bağladığı İranın məni əfsunlayan mədəniyyətinə olan heyranlığımı imperatriçəyə də çatdırmasını xahiş eləyirəm, bundan başqa, günümüzdə yaşayan Fransız gözəllik pərilərinin xoşbəxtliyinizi əsirgəməmələri üçün iranlı pərilərə yardım etmələrini bütün qəlbimlə diləyirəm.
Andre Malrö, noyabr 1959”.
Şah hər axşam mənə zəng eləyirdi. Bu görüş saatını gözləyəndə, gün uzunu içimdə işıq yanır, günün hər anı ayrı məna kəsb eləyirdi, axırda bütün bunlar təkcə bir məqsədə yönəlirdi: birlikdə keçirəcəyimiz həyatımıza hazırlaşırdım. Axşam onun telefon xəttində olduğu bildiriləndə, ürəyim az qalırdı, yerindən qopsun. Sözün tam mənasında, Şaha aşiq olmuşdum və səsimin həyəcanımı ələ verməməsi üçün çalışırdım. Onun da həyəcanlı olduğunu hiss eləyirdim. Aradan çox uzun zaman keçəndən sonra həyatında yalnız, üç qadına “Səni sevirəm” dediyinə məni inandırmış və “Birisi sənsən” deyə əlavə eləmişdi.
Noyabrın 21-də nişanımız qısa məlumatla rəsmi olaraq elan edildi:
“İran Hökmdarı, Əlahəzrət Şahənşah Məhəmməd Rza Pəhləviylə Xanım Fərəh Dibanın nişan mərasimi bu gün saat 17.00-da Ekhtessasi Sarayında keçirilmişdir. Toy mərasimi İran Günəş təqviminə görə 29 Azər 1338-ci, Miladi təqviminə görə 21 dekabr 1959-cu ildə keçiriləcəkdir”.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?