Текст книги "Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi"
Автор книги: Fərəh Pəhləvi
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 9 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]
Artıq növbə işin özünə gəlmişdi: kitablar. Uşaq kitabı olmadığına görə, yazmağa, ya çevirməyə məcburuyduq. Yazıçılarımızı gənc oxucu kütlələri üçün kitab yazmağa təşviq eləmək çətin olmadı. Əvəzində illüstrasiyaçı tapmaqda çətinlik çəkdik. Çox yaxşı rəssamlarımız olmaqla yanaşı, bizdə uşaq rəsmi mədəniyyəti hələ yaranmamışdı. Ona görə də bu sahədə bir iş görməliydik. Çexoslovakiya şəkilli uşaq kitabları məsələsində diqqəti cəlb eləyən işlər görürdü, bizim bir çox sənətçimiz də kitablara illüstrasiya çəkməyi öyrənmək üçün Çexoslovakiyaya göndərildi. Bu fürsətdən istifadə eləyib, orda cizgi filmi texnikasını da öyrəndilər. O sənətçilərimiz sayəsində sonralar Beynəlxalq Uşaq Filmləri Festivalı təşkil elədik, bir neçə mükafat və priz də qazandıq.
Bu cəhddə simvolik olaraq, “mənim də şorbada duzum olsun” fikriylə Andersenin “Balaca su pərisi” adlı kitabını çevirib, özüm illüstrasiya çəkdim. Rza o vaxtlar iki-üç yaşlarındaydı, qısa müddətdən sonra bu nağılı və mənim rəsmlərimi kəşf eləyəcək yaşa çatacağını fikirləşəndə, böyük xoşbəxtlik duyurdum – hələ oxumağı bilməyən uşaqlar üçün kitabla birlikdə veriləcək iki kaset də nəzərdə tutulmuşdu. Mənim adımla bağlı olduğuna görə, təbii ki, həmin kitab çox yaxşı satıldı, gəliri qismən də olsa, başqa kitabları çap eləməyimizə yaradı. Çap edilən bu kitablar arasında hər halda, bizimkindən fərqli siyasi düşüncələr də olmalıydı, amma hələ bunu bilmirdim. Belə vəziyyət mənə kommunizm kimi bəzi ideologiyaların rədd edildiyi bir ölkədə demokratyanın nə olduğunu görmək fürsəti verdi.
Əsasən, fərqli sol görüşlərə yaxın yazıçılar bizə, nümunənin balaca quşların igidlik və cəsurluqla davam etdirdikləri mübarizə nəticəsində son dərəcə pis ürəkli aslandan necə xilas olduqlarını danışan eyhamlarla dolu mətnlər gətirirdilər… Nəşriyyat Komitəsi – kommunistlərin öz fikirlərini aşılamaq barəsindəki maraqlarını bildiyimiz üçün – bu mətnləri çap eləməkdə tərəddüd keçirirdi, axırda gəlib mənə danışırdı. Biz irəliləyişi təmin elədikcə, iranlıların nəyin yaxşı, nəyin pis oluduğu barədə başqalarının təsirinə düşməyəcəklərinə, ancaq özlərinin qərar verməyi bacaracaqlarına əminiydim və söz azadlığına tərəfdarıydım. Üstəlik, bizim belə bir kitabın çapını rədd elədiyimiz vəziyyətdə, bunun necə alver mövzusu olacağını bilirdim.
Çox açıq mesaj verən “Kiçik qara balıq” (mərhum yazıçı Səməd Behrənginin əsəridi – tərc.) adlı kitabla belə bir vəziyyət yarandı. Böyük inadla, dayanmadan axına qarşı üzməyə cəhd göstərən kiçik balığın hekayətiydi bu. Verilən mesajı dəstəkləmək kimi başa düşüləcəyi üçün çap eləməkdə tərəddüd keçirən komissiya axırda səs verdi və kitab çap olundu. Amma çapdan əvvəl baş verən mübahisələr, tərəddüdlər üzə çıxdı və həmin o kiçik qara balıq müqavimətin ən böyük qəhrəmanlıqlarını əks etdirən rəmz vəzifəsini yerinə yetirdi. O, Şaha və rejiminə qarşı olanlarla qaynayıb-qarışmışdı artıq. O qədər yaxınlaşmışdılar ki, kitabın müəllifi öləndə, gizli polis tərəfindən öldürüldüyü barədə şayiələr yayıldı. Əgər həmin balıq yarandığı gündən özbaşına buraxılsaydı, onun mübaliğəsiz zorla qazandırılan bu uğuru əldə eləməsi mümkün olmayacaqdı.
Gənclərə ünvanlanan belə kitabların hazırlanma mərhələsində əsasən mən də çalışırdım. Maketləri, rəsmləri saf-çürük eləyir, kasetləri dinləyirdim.
Təşkilatımız ölkənin iri şəhərlərində bir çox kitabxana qurdu; uşaqların göstərdiyi maraqla bağlı olaraq, dərhal eyni yerlərdə musiqi kursları, müxtəlif peşələr və teatr məşğələləri aparılan atelyelər yaratmağı qərara aldıq. Həddən artıq gözəl nağıl danışan Ərdivan Müfid teatrın məsuliyyətini öz üzərinə götürdü, sonralar təşkil edilən səyyar teatr turnelərinə də o rəhbərlik eləyəcəkdi. Mütaliə zövqünü kəşf eləyən uşaqlar şifahi danışıq və bədii dil məşğələləri keçirdilər. Beləcə, öz xəyallarındakılarını həyata keçirir və oyun məşğələlərinə fərqli detallar əlavə eləyirdilər. Uşaqlar müxtəlif obrazlara girir, qrimlənirdilər. Bütün bu məşğələlərə qarışmayan utancaq uşaqlara gəlincə, onların başqalarına tamaşa eləyə-eləyə, içinə qapıldıqları aləmdən bir anlığa da olsun çıxmaları təmin olunurdu. Axırda açılan kino atelyelərində uşaqlar 8 mm-lik film çəkməyi öyrəndilər, kinoya qarşı münasibətləri təşviq olundu. (Böyük kinorejissor Abbas Kiorostami məqsədinə doğru ilk addımları bu atelyelərdə atdı).
Uşaq Filmləri Festivalı bu məsələlərə yeni bir çalar qatacaqdı.
Bizim ən böyük arzumuz səhra tərəfdə yaşayanlara, ən ucqar kəndlərə çatmaq idi; buna nail olmaq üçün təşviqatımız səyyar kitabxanalar yaratdı. Bölgələrin ərazi quruluşuna və yolların vəziyyətinə görə, kitabları yük maşınlarına, ciplərə və ya yolu ancaq qatırla keçmək mümkünüydüsə, qatırların belinə yükləyib göndərirdik. Kitabxana məsullarımız bir neçə gün sonra, ya da bəzən əgər yol çox uzunuydusa, ayda bir dəfə gedib kitabları yığır, yenilərini verirdilər.
Bir neçə gün sonra səyyar kitabxana əməkdaşları “Bilik Ordusu”nun ən uzaq kəndlərə gedib çıxan müəllimləriylə sıx əməkdaşlığa başladılar. Ümidimizi get-gedə daha çox artıran səhnələr baş verirdi: ata-ananın oxumaq-yazmaq bilmədiyi ailə mühitində uşaqlar artıq kitab oxuya bilirdilər. Əvvəllər səyyar teatr qrupumuz olduğundan söz açmışdım. Festivallara görə İrana gələn bir çox qərbli bu cəhdlərimizi heyranlıqla izləyirdilər.
Maarif, mədəniyyət, səhiyyə, idman və oxşar sahələrdə, hökumətlərdən müstəqil olaraq çalışan qurumlarda (Mülki Cəmiyyət Təşkilatları) yer tutmağın şahbanuluq əqidəmi ən yaxşı şəkildə necə həyata keçirə biləcəyimi başa düşməyimə imkan vermişdi. Başlanğıcda mənə, saraya göndərilən yüzlərlə məktubdan çox təsirlənmiş, hamıya yardım göstərə biləcəyimə, ən ümidsiz, ən qarışıq problemləri rahatlıqla yoluna qoyacağıma səmimiyyətlə inanmışdım. Ara-sıra öz pulumdan istifadə eləyib yardım göstərdiyim də olurdu; belə paylanan kiçik yardımların yararlı olmayacağını anlamaq üçün müəyyən müddət keçməsi lazım gəlirdi. Mən çox məhdud olan kiçik büdcəmi paylamağa sonsuzluğa qədər davam eləyə bilməzdim, dövlətin pulu da bitib-tükənməz deyildi. İnsanın yalnız qəlbinin səsini dinləməsi, yardımlar göstərməsi gözəliydi, ancaq göstərilən yardımlar problemləri kökündən çözməkdə bəs eləmirdi. Əgər faydalı olmaq istəyirdimsə, bütün diqqətimi ancaq bəzi vacib məsələlərdə toplamalı və onları axıra çatdırmaq üçün cəhd göstərməliydim.
Evləndikdən beş il sonra, 60-cı illərin ortalarında nəhayət, öz yolumu tapdığıma əmin oldum. Elə o vaxtlarda Şah və yeni baş naziri Əmir Abbas Hüveyda məni Şah qəyyumu təyin eləməyə qərar verdilər.
Qəyyumluq vəzifəsi Şah vəfat eləyən zaman Rza iyir-mi yaşına çatıb, bərkiyənə qədər İranın taleyinin məsuliyyətinin mənim çiyinlərimdə olacağı deməyiydi. Bunun baş verə biləcəyi bir saniyə belə ağlıma gəlmədi. Bir saniyə belə… Mən iyirmi səkkiz yaşındaydım, ərim hələ qırx altısındaydı və üçüncü uşağımızı gözləyirdim. Son dərəcə xoşbəxtiydik, ölkənin gələcəyilə bağlı heç zaman olmadığımız qədər nikbiniydik. Şahın qəti narahatlığı yoxuydu və sanki Tanrı bizi onun ölümünü istəyən fanatiklərdən daha yaxşı qoruyurdu.
Belə bir ruhi vəziyyətdə mənə qəyyumluq vəzifəsi verilməsi qərarının məclis tərəfindən rəsmən təsdiq olunmasının, tamamilə ölçülüb-biçilmiş hörmət nümayişi kimi qəbul elədim. Mənim nəzərimdə bu qərar ərimin məni təqdir elədiyinin və mənə olan inamının sübutundan başqa bir şey deyildi. Buna görə qürur və xoşbəxtlik duyurdum.
Sonra bu hərəkətin malik olduğu simvolik mənanı başa düşdüm: millətini qadınlara səs vermək haqqını çatdırmağa çağıran insan İranın idarəsini də əslində, həmin qadınlardan birinin əllərinə tapşırmışdı! Bir müsəlman ölkəsində bu diqqəti çəkən addımıydı. Elə bəzi millət vəkillərinin də həyatımızda aparılan bu yeni çevrilişə qızğın müxalifətdə olduqlarını öyrənmişdim… Bir neçə il sonra Şah daha da irəli gedib bir yeniliyə imza atmış, özünün tacqoyma mərasimində mənim də tac qoymağıma qərar vermişdi. Perslərin uzun tarixində heç bir qadına belə böyük etibar göstərilməmişdi. Şah qərarını xalqa bu sözlərlə açıqladı:
“Bugünün İranında qadın bir neçə yüz il, hətta iyirmi-otuz il əvvəlki qadından tamamilə fərqlidi, hər yerdə mövcud olan qadının tac qoymağa da haqqı var. Bundan başqa, Şahbanu son illərdə xalqı üçün o qədər əhəmiyyətli rol oynadı, mənim üçün elə böyük dəstək oldu, vəzifəsini elə səmimi şövq və vurğunluqla yerinə yetirdi ki, bu etibara haqqı artıqlamasıyla çatır. Bəli, o, yorulmaq bilmədən, qadın-kişi, hamımız üçün çox işlər gördü və görməyə davam eləyəcək, çünki hələ yerinə yetirməli olduğumuz çox şeylər var”.
VI
İyirmi beş iliydi, hökmdar olmasına baxmayaraq, ərim tacqoyma mərasimini elə hey təxirə salmışdı. Tacını qoymaq üçün ona təzyiq göstərənlərə ciddi şəkildə ancaq ölkəsinin inkişaf yolundakı addımlarını qətiyyətlə atdığına əmin olduğunu hiss elədiyi zaman tacını qoyacağını, bu müddəti gözləyəndə, hələ yoxsul və bir hissəsi oxumaq-yazmaq bacarmayan xalqın qarşısında tac qoymaqdan qürur duya bilməyəcəyi cavabını verirdi. 1965-ci ildən başlayaraq Ağ inqilabın ilk nəticələrini və xüsusilə, İranın həyatında hamının heyran olduğu səfərbərlik havasını görəndə, Şah rəsmən tac qoymağı düşünməyə başladı. Üstəlik, yaxınlarda yeddi yaşına girəcək vəliəhd Şahzadə Rza çox böyük rəmzi mənaya malik olan mərasimlə atasının arzusuna uyğun, yerini tuta biləcəkdi.
Üçüncü uşağımız Əli Rzanın 1966-cı ilin yazında doğulması gözlənilirdi, buna görə də tacqoyma mərasimlərinin Şahın doğum günü olan 1967-ci il oktyabrın 26-da həyata keçirilməsi qət edildi. Beləliklə, Şah eyni gündə 48-ci doğum gününü də bayram edəcəkdi.
Şah özünün tacqoymasının yeni bir çağın başladığının nümayişi, bütün iranlıların bölüşəcəyi hadisə olduğunu düşünürdü; bu vəziyyətdə mərasimin çox möhtəşəm olmasını təmin eləmək lazım gəlirdi. Həmin tarixi günün təşkili üçün “Tacqoyma komitəsi” yaradıldı və rəhbəri xanədanı lap başlanğıcdan bəri dəstəkləyən, Rza Şahın köhnə dostu general Murtəza Yəzdan Pənah təyin olundu. Baş nazir olmuş, indi saray naziri vəzifəsinə gətirilmiş Sədulla Aləm generala bu işdə kömək edəcəkdi.
Rza Şah tacını 1926-cı il aprelin 25-də – Müəssislər Məclisi tərəfindən seçilməsindən altı ay sonra – qoyanda, o da oğlu kimi qırx səkkiz yaşındaydı. Tacqoyma mərasimi Gülüstan Sarayında keçirilmişdi. Həmin mərasimin axırında o zaman yeddi yaşında olan gələcək ərim rəsmən Vəliəhd Şahzadə elan edilmişdi.
Hazırlıq komitəsi tacqoyma mərasimi üçün yenə də Gülüstan Sarayının seçilməsinə qərar verdi və beləcə, ərim atasından qırx il sonra şahlıq rejiminin eyni mərasim ənənələrini yerinə qaytaracaq, hətta onun kimi, yeddi yaşında olan oğlu Rzanı Vəliəhd Şahzadə elan edəcəkdi. Süni mərmərlə döşənmiş Gülüstan Sarayının güzgülərinin altında minlərlə qonaq olacaqdı. Rza Şahın boyaboy portreti tozu silinmək üçün divardan endiriləndə, sarayın çökmə həddinə çatdığı məlum oldu, divarda çox böyük yarıq görünürdü. Dərhal memarlara xəbər göndərildi, onlar damın ağırlığından dayaq divarların yıxılmaq üzrə olduğunu təsdiq elədilər. Otuz-qırx il ərzində ağırlıq nəzərə alınmadan xiyabanlar torpaqla doldurulmuşdu. Qəti gecikmədən müdaxilə eləmək lazım gəlirdi: bina hər an çökə, qonaqlara məzar ola bilərdi. Təmir işlərinə dərhal başlandı, qədim Gülüstan Sarayımızın imdadına çatıb, onu yox olmaqdan qurtardığı üçün mən tacqoyma mərasimini xeyir əlaməti kimi yozmuşdum.
Ərimin qoyacağı, xəzinəyə məxsus olan tac Mərkəzi Bankın saxlanc qatında mühafizə olunurdu. Rza Şahın sifarişi əsasında Siracəddin adlı zərgər tərəfindən Sasani hömkdarlarının tacları nümunə götürülüb hazırlanmışdı. Əvvəl demişdim, hökmdarlarımızdan heç biri arvadının başına tac qoymadığından, təbii ki, mənim üçün tacımdan, paltarımdan mərasimdə riayət edilməsi lazım gələn protokola qədər hər şeyi ayrıca sınaqdan keçirilməliydi. Xəzinənin kassalarında kifayət qədər qiymətli daş varıydı, amma qısa müddətdə tac hazırlaması üçün zərgər tapmaq lazımıydı. Mən təbii olaraq, ailə bağının nəzərə çarpması üçün tacımın əriminki ilə eyni formada olmasını arzulayırdım. Aparılan ilk sınaqlar əhvalımı korladı. Ancaq axırda fars mədəniyyəti ilə incəliyi və qadın şəxsiyyətini ən yaxşı uyuşdurmağı bacaran Parisin “Van Kleef və Arpel” zərgərlik evi oldu.
Cənab Pyer Arpel daşları seçmək üçün Tehrana şəxsən özü gəldi, amma ölkədən onları çıxarması yasaq olduğundan, daşları qoymaq üçün emalatxanasındakı sənətkarlarla bərabər ikinci dəfə gəlmək məcburiyyətində qaldı.
Geyimə gəldikdə, tac örnəyində olduğu kimi, yenə əlimizdə heç bir nümunə yoxuydu. Paltarımın kraliçələrin geydiklərinə oxşamasını istəmirdim, amma digər tərəfdən, əlimizdə ənənəvi İran forması haqqında bizə ideya verə biləcək heç bir qədim qravür də yoxuydu. Axırda sadə, ağ geyimdə qərar tutduq. “Kristian Dior” moda evindən Mark Bohan paltarın və İran motivləriylə işlənəcək kaftanın eskizlərini çəkdi. Paltarı da, kaftanı da Tehranda əlbisənin quyruğunu sərmək üçün yetən qədər uzun masaları olan bir yerdə – zabitlər klubunda hazırladılar.
Naxışları işləməsi üçün atamın vəfatından sonra yaşadığımız o xiyabanlı məhəllədəki köhnə qonşularımızın birindən xahiş elədim. Mən gənc qız olanda, adı Puran olan bu gənc xanımın piano çalmağından çox təsirlənmişdim. Ona qibtə eləyirdim, yaxşı pianoçuydu. Sonralar gözəl naxış işlədiyini gördüm, qardaşı İranda rəsm çəkirdi, sonradan ondan bir neçə rəsm də satın aldım. Puran gələcəkdə həqiqi sənət əsəri kimi fotoları dünyanı dolaşacaq bu paltarı işləməyi qəbul elədi. Onunla birlikdə aralarında İsveçrə mənşəli iki xanımın da olduğu bir çox iranlı dərzi çalışdı.
Tacqoyma günü hamının bu bayrama qoşula bilməsi üçün bütün ölkədə rəsmi tətil elan edildi. Birincisi, Şaha və mənə, ikincisi Vəliəhd Şahzadəyə hazırlanmış, atların çəkdiyi tarixi arabayla Mərmər Saraydan yola çıxıb, Gülüstan Sarayına getməyimiz lazım gəlirdi. Gülüstan Sarayındakı hər hərəkətimiz ən incə detalına qədər bu kimi mərasimlərin böyük ustası olan general Yəzdan Pənah tərəfindən hazırlanan, az qala nəfəs almağımıza belə nəzarət eləyən çox ciddi protokol əsasında təşkil olunacaqdı. Əvvəlcə, kiçik Vəliəhd Şahzadə, arxasınca mühafizəçiləri sakitcə gözləyən kütlənin arasından keçib, içəri girəcəkdi. Taxtın sol tərəfində kiçik kətil qoyulmuşdu, orda oturub, səbrlə gözləməsi lazım gəlirdi. Daha sonra mən paltarımın ətəyini aparan gənc qızların və xidmətçilərimin müşayiətilə yerimi tutacaqdım. Axırda Şah içəri girəcəkdi. Onun tacı qoymasının ardınca qarşısında diz çöküb, mən tacı qoyacaqdım. Şahın, başıma tacı qoyanda, saç düzümümü pozmamağa diqqət yetirməsi və xüsusilə də, tacı incə tərzdə yerləşdirməyə fikir verməsi lazım gəlirdi.
O gün yetişəndə, bütün İran xalqının, hətta ondan başqa milyonlarla televiziya tamaşaçısının izləyəcəyi bu hərəkətlərimizin hamısını məşq eləməyə başladıq. Rza da mürəbbiyəsiylə öz eləyəcəklərini sınaqdan keçirdi. Mürəbbiyənin mənə sonralar danışdığına görə, sınağın əvvəlində durub-dincəlmədən sağa-sola fırlanan Rzanı sakitləşdirmək çətinləşəndə, ona mərasim uniformasını geyindirməyi fikirləşiblər. Onda Rza rolunu dərk edib və tələb olunanları mükəmməl şəkildə yerinə yetirib.
Şahın qardaş və bacıları arasında mərasimdə duracaqları yerlərlə bağlı narahatlıq yaşanırdı, oxşar vəziyyət öz aralarında ön sıralarda yer tutmaq istəyən xidmətçilərim üçün də yaranmışdı. Əgər diqqətli hərəkət eləməsəm, bir-birilərinə paxıllıq duyacaq bu adamlar arasında dava-dalaş da üzə çıxa bilərdi. Sınaqlar mənə bu problemləri çözmək üçün müdaxilə eləmək imkanını verdi. Axırda öhdəsindən gələ bildim. Bunlar bir yana, tacqoyma mərasimində çalınacaq musiqinin seçimiylə məşğul olmaq çox kefverici anlar yaşamağımıza səbəb oldu. Ana Şahbanunun evindəki axşam yeməkləri vaxtı mədəniyyət naziri Mehrdad Pəhlbud bizə iranlı bəstəkarların müxtəlif əsərlərini dinlətdi, ərim və mən axırda mərasimin həyəcanını və möhtəşəmliyini ifadə eləyə biləcək parçalarda qərar tutduq.
Tacqoyma günü yaxınlaşdıqca, yorğunluğum artırdı, çünki bütün bu hazırlıqlar davam eləyəndə, gündəlik işlərimi də axsatmırdım, normal bir gündə belə, heç nəfəs almağa vaxtım yoxuydu. Bu görə də, zəiflədim. Bir axşam Şahın gülə-gülə mənə baxdığını xatırlayıram: “Sən tac qoyacağın gün üzün bir az da süzgün olsun, almacıq sümüklərin çıxsın deyə, bilərəkdən zəiflədin”. Səkkiz il əvvəl evlənmək təklif elədiyi zaman dolu yanaqlı gənc qızıydım, Şah bu halımdan çox şad olmadığımı bilirdi.
O 26 oktyabr səhəri Gülüstan Sarayına gedəndə, keçəcəyimiz bütün küçələri rəngbərəng geyinmiş kütlələr dəstə-dəstə doldurmuşdu. Günəşli, gözəl günüydü. İnsanlar bizi görəndə, sevinclə, hamısı bir ağızdan ahəng tutaraq: “Dyavid Shah! Zenden bad Shahbanou!” (“Yaşasın Şah! Yaşasın Şahbanu!”) deyə qışqırmağa başladılar. Səkkiz atın yavaş-yavaş çəkdiyi tarixi arabanın içindən bu insanların üzlərini diqqətlə gözdən keçirirdim, hamısı da par-par yanırdı. Lap ilk gündən başlayaraq, yurddaşlarım məni comərdcəsinə qucaqlamışdılar, artıq bir-birimizi tanıyırdıq, mən də gördüyüm işlərlə onlara olan sevgimi göstərməyə ümid eləyirdim. Hər halda, onlarla mənim aramda keçən müddət ərzində həqiqi bağ yaranmışdı, o səhər adamlar məni salamlayıb, öpüşlər göndərəndə, mən də bütün qəlbimlə əvəzini verəndə, buna qəti əmin olmuşdum. Şah: “Şahbanu çox şey elədi, hələ də görəcək çox işimiz var, yolumuz çox uzundu” – demişdi. Böyük xoşbəxtliklə bu sözləri düşünürdüm: bəli, hələ qət eləyəcəyimiz uzun yol varıydı, amma aramızda inam yarandığı açıqca görünürdü, bizim də cəhdlərimizi davam etdirmək üçün vaxtımız və əzmimiz varıydı…
Tehranın bir başından o biri başına keçməyimiz son dərəcə möhtəşəmiydi, insanlar gülərüzlə bizə çiçək atırdılar.. Şahlığın mühafizə alayı komandanı general Möhsün Haşimi Nicatın müşayiətiylə arxamızca gələn kiçik Şahzadə xalqda ayrı həyəcan oyandırırdı. Şahzadə həddən artıq ciddi şəkildə mənim öyüdlərimi dinləmiş, yerinə yetirməli olduğu hərəkətləri səbrlə təkrarlamış, xalqı salamlamağı öyrənmişdi, amma səhər qalxanda, bir az qızdırmalı, halsız olması məni qayğılandırmışdı. Dünyanın hər yerindən gəlmiş televiziya kameralarının qarşısından keçib möhtəşəm Gülüstan Sarayına əvvəlcə girəndə, həyəcanına üstün gəlməyi bacarmışdı, mərasimdən sonra ciddi və vüqarlı duruşunu bir an da itirməmişdi. Əcnəbi mətbuat sonra onun hər ovqatıyla mərasimin “ulduzu” olduğunu yazmışdı. Doğrudan da, bir neçə gün sonra mərasimdə çəkilən filmə baxanda, gözlərim yaşarmışdı.
Mərasim salonuna əvvəlcə mənim, sonra da Şahın girməyində kiçik bir axsama olmadı. Taxtın böyründə ailəyə ayrılan hissədə son dərəcə sakit vəziyyətdə gözləyən Fərəhnaza gizlicə gülümsəyə bildim. Ərim mərasimin tamamilə İran ənənələri üzrə təşkil olunmasını arzu elədiyi üçün Şahzadə Kərim Ağa xan və Bəyim Ümmuhəbibədən başqa əcnəbi hökmdarlar və dövlət başçıları dəvət edilməmişdilər, onlarla aramızda hörmət və sevgiyə əsaslanan tarixi bağlar mövcuduydu, bu bağlar keçirdiyimiz sürgün ərzində də davam elədi. Təbii ki, Tehranda ölkələrinin təmsilçiləri olan səfirlər mərasimdə iştirak eləyirdilər. Bunun müqabilində Ana Şahbanu tacqoymada iştirakı arzulamamışdı. Onun vəfat elədiyi, bizim də bunu gizlətmək istədiyimiz barədə şayiələr dolaşırdı. Həqiqət isə Ana Şahbanunun heç zaman heç bir rəsmi tədbirdə iştirak eləməməsiydi.
Musiqinin çalınmasıyla mərasim başladı. Cümə imamı dua oxuyub, açılış elədikdən sonra Şah imamın ona uzatdığı “Quran”ı öpdü. Sonra şahlıq rəmzləri gətirildi və ərim növbəylə əvvəlcə qılıncını qurşadı, ondan əvvəl atasının geyindiyi kaftanı geyindi. Sonra ona uzadılan tacı qətiyyətlə alıb başına qoydu, bu vaxt eşikdə top atılmağa başlamışdı.
Daha sonra Şah atasından özünə keçən taxtda oturdu, düşüncə və inamını dilə gətirdiyi andını oxudu. İranın çəkdiyi bu qədər əziyyətlərdən sonra bu gün də oxuyanda, insanın qəlbini parçalayan bu andını:
“Ölkəmə gücüm daxilində edə biləcəyim bütün xidmətləri göstərməyə imkan verdiyi üçün uca Allahıma şükr eləyirəm. Ulu Allahdan bu günə qədər elədiklərimi bundan sonra da davam etdirə bilməyim üçün mənə güc verməsini diləyirəm. Həyatımda bircə məqsədim var, o da xalqımın və ölkəmin şanını-şöhrətini qorumaqdı. Bircə ümidim var: İranın müstəqilliyini və hökmranlığını qorumaq, İranın rifahını təmin eləmək. Bu hədəfə çatmaq üçün lazım gələndə həyatımı qurban verməyə hazıram.
Hər şeyə qadir olan Allahım, mənim gələcək nəsillərə xoşbəxt ölkə və rifah içində yaşayan cəmiyyət qoymağıma yardım eləsin, bir gün gəlib çatacağı bu ağır vəzifəni yerinə yetirəndə, vəliəhdim olan oğlumdan da himayəsini əsirgəməsin”.
Sonra növbə mənə çatdı. Şahın qarşısında diz çökdüm, o, tacı başıma qoyanda, elə bil, mənimlə birlikdə bütün iranlı qadınların başına tac qoyduğunu hiss elədim. Hələ yalnız dörd ilə əvvəl yalnız əqli cəhətdən naqis adamlarla bağlı qanunun bir maddəsində adımız varıydı, bizi təmsil eləyənlər seçmə kimi ən təməl haqqa belə sahib deyildik. Bu tac yüz illərlə davam eləmiş alçaltmanı sona çatdırırdı və bu mərasim bütün qanunlardan daha ciddi şəkildə kişi və qadının bərabərliyini təsdiqləyirdi.
Mənim Şahbanu kimi hər hansı səlahiyyət tələbim yoxuydu və ertəsi gün özümü əvvəlkindən daha fərqli hiss eləmədim, təbiətimdə buna yer yoxuydu. İqtidar yalnız iranlıların vəziyyətini yaxşılaşdırmaq üçün mənə bəzi işlər görmək imkanı verdiyi ölçüdə dəyərliydi; şəxsən mənim öz adıma heç bir iqtidar tələbim yoxuydu. Amerikalı jurnalist mənə həsr elədiyi filminin sonunda bu ifadəni işlətmişdi. “O, bu dünyaya aid deyil”. O vaxt nə demək istədiyini o qədər də başa düşə bilməmişdim, elə hey nəsə eləmək üçün tələsirdim, xeyli işim varıydı. Aradan uzun illər keçəndən sonra, sürgündə olanda, bəzi adamlar rolumu şişirdib, məni iqtidar düşkünü kimi göstərəndə, o deyimi qiymətləndirə bildim. Güc və pul düşkünlüyü bəziləri üçün normal şey ola bilər. Mən bunu bir an belə, düşünməmişdim.
Bu tarixi gündən təxminən bir il yarım əvvəl, 1966-cı il aprelin 28-də Əli Rzanı dünyaya gətirmişdim. Doğulandan iki gün sonra onun körpəlik dəftərinə: “Atasına çox oxşayır, açıq dərili olacaq”, – yazmışdım. Allah bizi mükafatlandırırdı: özünü gözləyən problemləri mükəmməl şəkildə qavrayan, ciddiyyətiylə hamıya hörmət təlqin eləyən Rzadan, yoxsul insanların problemlərinə diqqət yetirməkdən, otağında saatlarla oturmaqdan xoşlanan Fərəhnazdan sonra son dərəcə duyğulu oğula sahib olmuşduq, bunu əlbəttə, hələ bilmirdik, amma kəşf eləməkdə gecikməyəcəkdik.
Fərəhnaz körpəliyində olduqca erkən danışmağa başlamışdı, Əli Rza dil açmağa heç tələsmədi, amma qərar verdiyi zaman mükəmməl dillə və malik olduğu yumor duyğusuyla bizi qəhqəhələrlə güldürə-güldürə danışdı. Bir səhər birlikdə parka getmək üçün tələsik geyinmək istəyirdi, mənə belə dedi: “Səni görən adamlar “Aaa! Şahbanuya baxın, səhər paltarı geyib” deyəcəklər”. Başqa bir gün günorta yeməyində oturub söhbət eləyəndə, qohumlarımdan biri əliylə onun boşqabından qızarmış kartof götürdü. Əli Rzanın geri çevrildiyini və gözləriylə süfrəyə qulluq eləyən xidmətçini axtardığını gördük. “Bura bax”, – deyə dilləndi. – Jalə xanıma çəngəl gətirərsinizmi, zəhmət olmasa?”
Onda hələ yalnız üç yaşındaydı, özünə ya fransız dayəsinin qoyduğu adla “Tutun” deməyimizi, ya da “Pilot” deyə qışqırmağımızı istəyirdi, çünki ən böyük arzusu onu heyran eləyən Amerika tutucu təyyarəsi “Fantom”u idarə eləməkdi.
“Tutun, çox yaramazsan!”
“Xeyr, pilotam!” – düzəliş verirdi.
Hippiliyin ən çox yayılmış günləriydi, bir axşam onu heç cür hamama sala bilməyən dayəsinə belə cavab verdiyini eşitdim:
“Çimmək istəmirəm, pis hippi kimi qalmağa üstünlük verirəm!”
Bir neçə ay sonra mənim məzunu olduğum Razi liseyində orta məktəbə getməyə başladı. Ötən illər ərzində məktəb çox inkişaf eləmiş, Tehranın quzeyindəki yeni yerinə köçmüşdü. Xüsusilə, orta məktəb vaxtındakı uşaqlar üçün istifadə olunan binalarla böyümüşdü (yataqxanadan sonra bir müddət sarayda təhsil görən qardaş-bacılarının əksinə, Əli Rza Razinin orta məktəbindən yararlana bilmişdi). Məktəbdən o qədər xoşu gəlmişdi ki, ilk günün axırında saraya dönməkdən imtina eləmiş, sürücüyə onu gözləməyib, getməsini demişdi.
Müəllimi onu çox sevirdi, amma bəzən özünə hörmət etdirməkdə, ya da ciddiyyətini qorumaqda çətinlik çəkirdi. Əli Rza çox yaradıcı uşağıydı, amma ağlagəlməz şeylər eləməkdən ötrü də əldən gedirdi. Bir gün faciənin astanasına gəldiyimizi xatırlayıram. Müəllimi ona bilmirəm, neçənci dəfə irad tutanda:
“Eşşəkbaşsan!” – deyib.
“Küncə keç, Əli Rza, cəzalısan!”
“Səndən anama danışacağam”.
“Yaxşı, əgər istəyirsən, ona dərhal zəng eləyib deyək”.
Bunun cavabında Əli Rzaya deyib:
“Lazım deyil, anam, necə olsa, məni başa düşməyəcək”.
Bu uşaqsayağı hadisələr mənim qədər Şahı da əyləndirirdi. Tək qaldığımız nadir vaxtlarda bunları bir-birimizə danışırdıq; onun üz cizgilərinin titrədiyini, birdən sifətinin sanki işıqlandığını görürdüm. Ərim axşamüstü gimnastika eləyəndə, uşaqların onun yanına getməsindən çox xoşlandığını demişdim. Birlikdə gəvəzəlik eləyir, əylənirdilər və çox zaman bu əyləncə hay-küylü tamaşaya çevrilirdi. Əli Rza atasının belinə minib, at-at oynayırdı və ya Rzayla Fərəhnaz bir-birilərinə döşəkcələr atırdılar, yəni dəqiqələrlə çəkən yastıq davası başlayırdı.
Nazirlərdən birinin – Əbdülhəmid Məcidinin mənə danışdığına görə, bir gün günortadan sonra Şahla görüşəndə, onun başını qəfildən cırıldayan qapıya çevirdiyini görüb:
“Hökmdar məni dinləməkdən əl çəkmişdi, buna görə mən də susdum, yenidən söhbətimizə qayıtmağını gözlədim. Amma söhbəti davam etdirmək əvəzinə, Şahın gülümsədiyini gördüm. Birdən-birə mövzumuzdan minlərlə fərsəx (uzaqlıq ölçüsü – tərc.) uzaqlara getmişdi. Onda mən də qapıya doğru çevrildim: kiçik Şahzadə Fərəhnaz qapının arasında durmuşdu, atasının onun içəri girməsinə icazə verməsini gözləyirdi, bir-birilərinə elə sevgiylə baxırdılar ki, onları tək qoymaq üçün qalxıb çıxdım”.
Uşaqlar atalarının üzərindəki hökmlərini başa düşürdülər, o da onları necə nəşələndirəcəyini bilirdi, günlərlə davam eləyən işi üzündən, ya da rəsmi səfərə görə yarımçıq qalmış oyunu bir neçə cümləlik söhbətlə qaldığı yerdən davam etdirə bilirdi. Ona: “Sən uşaqların dilini daha yaxşı anlayırsan”, – deyirdim. Belə ki, onlar axşam yeməklərini yeyəndə, iştirak eləməyə məcbur olduğumuz qonaqlığa getməmişdən əvvəl onları öpməyə gedəndə, elə Şah görünər-görünməz dayələr bütün nüfuzlarını itirirdilər. Şahın onlarla birlikdə olduğu müddət ərzində sanki bütün intizam qaydaları qəfildən ortadan qalxırdı. Elə bil, Əli Rzanın dayəsinin məcbur eləməsiylə ağzındakı ispanağı udan vaxt atası içəri girəndə, ağzındakını püskürdüb, qəhqəhələrlə güldüyünü görürəm… Mürəbbiyələr üçün heç də asan vəziyyət deyildi, uşaqlara intizam öyrətməkdən ötrü bu qədər zəhmət çəkən həmin insanları sonralar mən sakitləşdirməyə çalışardım, amma uşaqların atalarıyla bir-birilərini belə gözəl başa düşmələrindən də çox xoşbəxt idim… Bu da Allahın bizə lütfü idi.
Ərim dayələrin ciddi davranmalarını qəbul eləyə bilirdi, amma ifrata və ədalətsizliyə heç dözümü yoxuydu. Bir axşam Fərəhnazı otağında cəzalı, ağlayan vəziyyətdə tapanda, çox qəzəbləndiyini xatırlayıram. Mən hələ iş otağındaydım, onun hiddətdən rəngi ağarmış halda qucağında qızıyla içəri girdiyini gördüm.
“Bu dayəni dərhal çölə atacaqsan. Dərhal!”
Əli Rzanın yaramazlıqları qarşısında adamların hövsələdən çıxmasını başa düşə bilirdi, amma uşaqlara qarşı ədalətli olmayan davranışlarını da qəti təqdir eləmirdi. Fərəhnaz o qədər yumşaq, o qədər sevimli uşağıydı ki, atasının onu elə üzüntülü görməyə dözməsindən söhbət gedə bilməzdi.
Şahın uşaqların hər biriylə bölüşdüyü ortaq mövzuları varıydı. Dəcəlliyi çox sevən Fərəhnaz bəzən oğlan uşağı kimi hərəkətlər eləyirdi, atası da buna heyran olurdu. Böyüyəndə, sarayın pillələrini motosikllə çıxa-çıxa əyləndiyi vaxt onun Şahı rahatsız eləməsindən çəkinən protokol məmurlarının təlaşına qarşı atası gülə-gülə iş otağından çıxar, elə eyni şeyi deyərdi: “Onu rahat buraxın, buraxın uşağı…” Və bir müddət qızının elədiyi akrobatik hərəkətləri seyr eləyərdi. Oğullarına gələndə, idman maşınlarına və təyyarələrə bəslədiyi bağlılıq və ehtirası onların da bölüşdüyünü görməkdən gizli qürur hissi keçirirdi.
“Rzaya bax, – deyirdi mənə, – biləyi ancaq baş barmağım qədərdi, amma indidən nə gözəl maşın sürür”.
Sonralar dördüncü uşağımız Leylayla tez-tez onu çox narahat eləyən quraqlıq haqqında söhbətlər aparırdı. Qızını yatmamışdan qabaq öpəndə, həmişə: “Yağış yağması üçün dua elə, Leyla can”, – deyə təkrarlayıb dururdu. Quraqlıq ölkənin vəziyyəti üçün fəlakət deməyiydi… Bu gün artıq aramızda olmayan mənim kiçik Leylam tez-tez: “Göy üzü tutulanda elə xoşuma gəlir ki”, – deyirdi. Mən də içimdə əzab çəkə-çəkə “Atası ona yağış sevgisini aşıladı. Əbədiyyətəcən!” – düşünürdüm.
Əli Rzanın doğulmasıyla başqa yerə köçmək barədə ciddi məşğul olmaq lazımıydı. Evlənəndən sonra yaşadığımız Ekhetessasi Sarayının artıq hamımıza yetməyəcək qədər kiçik olduğu açıqca görünürdü. Sarayda biri Şah, digəri mənim üçün yalnız iki yataq otağı varıydı. Rzanı bitişik villaya yerləşdirmişdik. Fərəhnaz doğulanda, bu villaya bir qat da əlavə eləməyə məcbur olmuşduq. Əli Rza üçün yeni qat tikməkdən söhbət gedə bilməzdi, buna görə də, ona bizim yataq otaqlarımıza bitişik iş otağımı hazırladım. Amma bu vəziyyət belə davam eləyə bilməzdi. Sözün tam mənasında (həm məcazi, həm də gerçək mənada), əziyyət çəkirdik. Hələ Rza Şah dövründə tikiləndə yaşıllıqlar içində, havası təmiz vahədə yerləşən Ekhetessasi Sarayı illər keçdikcə, Tehranın da böyük sürətlə inkişafı nəticəsində artıq şəhərin mərkəzində sıxılıb qalmışdı. Elə hey sel kimi axan maşınların gurultusu və onların səbəb olduqları hava çirklənməsi dözülməziydi. Bundan başqa, bağı da elə böyük deyildi.
Əvvəllər dəfələrlə Niavaran Sarayına daşınmağı düşünmüşdük, amma ikimiz də işlərimizdən başımızı qaldıra bilmədiyimiz üçün köçməyi təxirə salmışdıq. 60-cı illərin əvvəllərində Tehrana gələn qonaqları yerləşdirmək üçün hazırlanmış Niavaran Sarayının Elbrus dağının yamaclarında, min yeddi yüz metr yüksəklikdə inşa edilməsi çox böyük üstünlük verirdi: şəhər mərkəzindən qalxan kirli, dumanlı havadan çox uzağıydı, bundan başqa, həddən artıq gözəl bağın ortasında yerləşirdi… Sarayı gəzdim, orada böyüyəcək uşaqlarımız və dövlət başçısının səlahiyyətlərinin tələb elədiyi dəvətləri gerçəkləşdirmək üçün görülməsi zəruri olan bərpa işlərinə dərhal başladıq.
Günümün bir hissəsini başçısı olduğum bu, ya da o biri təşkilat üçün pul tapmağa çalışmaqla keçirdiyim üçün elə hey saraya artıq pul xərclənməməsinə cəhd göstərirdim. Buna görə də havatəmizləmə qurğularının tikilməsindən vaz keçdim, elə yayı əsasən daha sərin olan Sadabad Sarayında keçirirdik. Doğrusu, hava təmizləməylə bağlı qərarım ağılsızlığıydı, memar bunun yanlış olacağını başa salmağa çalışmışdı, amma mən müqavimət göstərmişdim və bu rahatlıqdan özümüzü məhrum elədiyim üçün məmnunuydum. Sarayın istiyə qarşı dözümü son dərəcə pis olduğundan, yayın istisindən həddən artıq əziyyət çəkdik. Şah bunu fürsət bilib, tez-tez “ifrat səlahiyyət duyğum” üçün mənə sataşır, söz atırdı. Niavaran Sarayını Sadabadla müqayisə eləyirdim. Sadabad görkəmsiz, insanın qəlbini qaraldan binaydı, köhnə bağının da boğucu havası varıydı… Niavaran isə modern, işıqlı sarayıydı. Güneyi fövqəladə gözəl mənzərəylə şəhərə hakimiydi, quzeyi Elbrus təpələrini qucaqlayırdı, şərqdə isə zirvələrində qarı heç əriməyən Damavənd Yanardağı görünürdü. Bütün bunlardan başqa Niavaran doğrudan da, yaraşıqlı, isti binaydı, amma Avropadakı kral saraylarındakı parıltılı görkəmdən uzağıydı. Yazıçı Lesli Blanş mənim haqqımda yazdığı kitabla bağlı (“İran Şahbanusu Fərəh”) görüşümə gələndə, onun necə təəccübləndiyini xatırlayıram.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?