Текст книги "Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi"
Автор книги: Fərəh Pəhləvi
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]
Hafizi sevməyi mənə öyrədən anam və Qütbi dayımıydı. Şahbanu olduğum zaman Şirazda onun qəbrini ziyarət eləmiş, axşam sərin külək əsəndə həyat və xoşbəxtlik mövzusunda düşüncələrə dalmışdım. Hafiz də qəbrinin üstünə gələn səyyahları buna dəvət eləyir:
“Mənim torpağımda şərab və sazla otur, ta ki qoxunu duyaraq mən də qalxıb rəqslə sənə qoşulana qədər…”
Mənə görə, şairlərimizin ən insanpərvər, ən comərd, ən seçilmişidi Hafiz. İnsan qarmaqarışıq ruhi vəziyyətdə olanda nə qərar verəcəyini, hara gedəcəyini bilmirsə, əsərini gözüyumulu açıb cavabı mütləq onun misralarında tapır. “Qeybdən gələn səs” kimi tanınan şair həqiqəti sirli şəkildə sizə pıçıldayır. Hafiz həyatın üstün gəldiyi anlarda sizə yoldaşlıq eləyib ağrının öhdəsindən gələ, ya da bəxtin qabağında dura bilməyəndə, ona boyun əyməmək üçün qüvvə verir. Bu sətirləri yazan da odur:
“Məqsədinə çatmaq üçün səhranı keçməyin gərəkdisə, illərlə yoluna davam elə, tikanların açdığı yaralara fikir vermə”.
Anam təpədən-dırnağa qədər şeirlə dolu həyat yaşayırdı. Hər hadisəylə bağlı xatırladığı bir şeir olurdu mütləq, üzü qəfildən işıqlanır, şeiri əzbərdən deyirdi. Mən də ona başqa şeirlə cavab verəndə, çox sevinirdim. Bu, oyundan daha artıq şeyiydi. Yer üzündə gəlib-gedəri olmağımızı qəbul eləməyin və təvazökarlıqla düşünənlərin biliyinə sığınmağın bir başqa yoluydu şeir. Mən yenə şirazlı olan Sədini, Mövlanə Cəlaləddin Rumini, Ömər Xəyyamı və çağdaş şairlərimizdən Foruq Fərruxzadı, Firudin Məclisini, Söhrab Sepehrini və bir çox başqalarını sevirəm.
Zamanla evdəki kədərli hava bir az dağılmışdı, atamın itkisinin ağrısını hamımız ürəyimizdə dəfn eləmişdik. Dayılar, bibilər uşaqlarla yanaşı həyat keçirirdik. Artıq məktəb yoldaşlarımı da evə gətirirdim, beləcə, Rzayla keçirdiyimiz ayrılmaz ikili həyatımız və ailə dairəsi genişlənirdi. Bir çox dostum varıydı; əsasən, uşaqlarla yaxşı dil tapırdım, ətrafımdakı böyüklərin şəfqət daşan münasibətlərinin hədəfiydim. Niyə hamı mənə bu qədər mehribanlıq göstərirdi? Başqalarından nə gözəl, nə də sevimli sayırdım özümü. Sonra düşündüm ki, başqalarının üstümdə titrəmələrinin səbəbi nə gözəl gözlərimin xətriydi, nə insani cazibədarlığımıydı. Yeganə səbəb atam öldüyü üçün mənə acımaları ola bilərdi.
Bu vəziyyət aylar boyunca məni narahat elədi. Həmin sevgi əlamətlərini qəbul eləmək meyliylə, qulağıma çox xoş gələn o sevgi sözlərinin səmimi olmadığını pıçıldayan daxili səsimə inanmağım arasında vurnuxa-vurnuxa qaldım. Bu narahatlığım sonralar keçib-getdi. Amma həmin çağdan qalma bir şəkkaklığım varıydı; mənə atılan böhtanları araşdırıram. Bu səbəbdən, Şahbanu olanda ikiüzlülərdən, saraydakı yaltaqlardan çox ehtiyatlı olmuşam. Ara-sıra onların oyununa düşdüyüm oldusa, mənə söylədiklərinə nadir hallarda diqqət vermişəm. Beləcə, ayaqlarımın yerdən üzülməməsinə nail olduğumu güman eləyirəm. Qənaətimcə, tərifləmələr, ürəkdən gəlməyən davranışlar insan zəkasına həqarət mənasını verir, insanı aldatmaqdan fərqi yoxdu. Həmsöhbətlərimi incitməmək üçün onların üzünə heç şeyi vurmuram, amma bu vəziyyət məni dərindən yaralayır.
Min illərdi elə eyni tarixlərdə keçirdiyimiz, həyatın hər şeyə baxmayaraq davam eləməsinin lazım gəldiyini, bölüşdürüləcək ortaq xoşbəxtliklər olduğunu göstərən milli bayramlarımız var. Bu bayramların ən başlıcası yazın birinci günü olan 21 marta düşən Novruz (hərfi mənası “yeni gün”) hamının ən çox hazırlaşdığı bayramdı. Onun gəlişi ailədəki əhvali-ruhiyyəni canlandırırdı. Çünki uşaq olanda, Novruzu hamımız birlikdə böyük evdə keçirər, bir-birimizə növbənöv şirniyyatlar, noğullar, meyvələr verərdik.
Bu həmişə belə olmuşdu. Evlərdə bayramdan iki həftə qabaq təpədən-dırnağacan təmizlik işləri başlayardı, çünki Novruz hər şeydən qabaq yeniliyin rəmziydi; incikliklər unudular, təmizlənib-yuyunub yeni paltarlar geyinilər, evlər təmizlənər və yeni il ayrı daxili aləmlə qarşılanardı. Bizim kiçik ailəmizin bu coşquyla hərəkətə başlamasının ilk əlamətləri təmizliklə bağlı işləriydi. Ev nəhayət, tərtəmiz olandan sonra o məşhur şəkər-şirniyyat hazırlıqlarına başlana bilərdi. Bunun üçün kamil aşpaz olan Əmcət xalamın evində toplaşırdıq. Aşağı mərtəbədəki geniş mətbəxə doluşub, aşpaza kömək eləyərdik. Bu hazırlıqların günlərlə davam elədiyi olurdu… Ən axırda bayram günü süfrə hazırlanırdı. Yer üzünün bütün nemətləri Novruz süfrəsində olur: doğuluşun rəmzi yumurtalar, sağlamlıq üçün sarımsaq, eşq üçün kiçik quru yemişlər, gözəllik üçün alma, rifah üçün qızıllar, işıq üçün şamlar və bir güzgü, yenidən doğuluşun rəmzi kimi, qabaqcadan gözəl qabda xüsusi cücərdilmiş buğda, bir kasa suyun içində dünyanın əbədi olduğunu bildirən şamama və nəhayət, bu dünyanın fani olduğunu göstərən ağac yarpağı. Əlbəttə, etiqad edilən dinə görə, müqəddəs kitab da süfrədəki yerini tutur.
Vaxt yetişəndə – yazda, gündüzlə gecə bərabərləşdiyi gün (saatı illərə görə dəyişir) ailəliklə masanın ətrafında toplaşıb qucaqlaşır, bayram təbrik edilir, yeni il üçün diləklər tutulur. Böyüklər uşaqlara bayram pulu verir: bəzən xırda pul, bəzən də təptəzə kağız pullar.
Bu ilk gündə bütün ölkə bayram havasına bürünür. Adətə görə qabaqca ailənin ən yaşlısına baş çəkir, sonra digərləri: böyük ana-atalar, əmilər, dayılar, xalalar, bibilər, onların uşaqları ziyarət olunur. Elə ki, İran küçələri rəngarəng geyinmiş, nəşəli, əlləri çiçəklərlə dolu, balet oynayırmış kimi gedib-gələn, gülən, bir-birinə şirniyyat verən minlərlə insanla dolur və bu şənlik günəş batana qədər davam eləyir.
On üç gün sonra gələn Sizdah yalnız bayırda keçirilməsi lazım gələn gündü, əks təqdirdə uğursuzluq gətirəcəyinə inanırlar. İlin on üçüncü günü elə bil, bütün ölkə piknikə gedir. Varlılar yemək dolu maşınlarıyla şəhər ətrafına çıxır, imkanı daha az olanlarsa, küçələrdə, ya da dərə yamacında, çinarın altında xalılarını sərib samovarlarını qoyur, yazın ilk şəfəqləri altında manqal kömüründə kabab çəkir, yemək bişirirlər. Hər yer nağara, saz, zurna çalan çalğıçılarla dolu olur.
Tehrandan kənarda yemək yeyilməsi üçün bu günlər ən gözəl günlərdi. Hava hələ çox isti deyil. Elbrusun hələ qarlı olan təpələrindən şəhərə xəfif, yüngül külək əsir. Yeni ilin uğurlu olması üçün gün çıxmamışdan qabaq cücərmiş buğdanı götürüb axar suya atmaq lazım gəlir. Biz bunu anamla birlikdə eləyirdik.
Ölkəmdən çox uzaqlarda olduğum bu gün belə, mənim buğda cücərtilərimi başqa çaylar götürüb aparır. Bir dəfə Amerikada sürgündə olanda və hara gedəcəyimizi bilməyəndə, axırda dənizdə yaşamağa qərar verdiyimizi xatırlayıram. Amma o zaman çimərlik bağlıydı və mənim mühafizəmə cavabdeh olan adamların tanışı çimərlik gözətçisiydi. Ona Novruz ənənələrimizdən söz açanda – amerikalılar ənənələr barədə son dərəcə diqqətlidilər – gözətçi bizə buğda cücərtilərimizi dalğalara atmağımıza icazə verdi.
Novruzdan qabaq “Çərşənbə suru” bayram edilir. Bu, ilin son çərşənbə axşamına təsadüf eləyir. Son çərşənbə axşamı tonqalın üstündən atılır, beləcə, rəmzi olaraq içimizdəki bütün pislikləri alova atır və oddan istilik, işıq alırıq. Biz bu Novruz tonqalını Tehranda bağçalarda, kəndlərdə, başqa bir yer yoxuydusa, küçədə qalayardıq. Bəlkə unudula bilər, amma bu gün belə kimliyimizi təşkil eləyən həmin ənənələrdən vaz keçməkdənsə, evimdə rəmzi olaraq şam yandırır və onun üstündən atılıram. Bu kiçik hərəkət mədəniyyətimə olan aidiyyatımı tamamilə üzə çıxarıb, mənə elə bil sürgün əzablarına dözmək üçün güc verir.
Böyüyürdüm, yavaş-yavaş vasvası anamın nəzarəti altında uşaqlıqdan çıxırdım. Çox kiçikliyimdən etibarən anamla birlikdə həftədə bir dəfə hamama gedərdik – bu bir növ mərasim kimiydi. Anam bağlamaya təmiz geyimlərimizi qoyandan sonra əl-ələ verib hamamın yolunu tutardıq. Kiçik qız olanda, hamam məni bir az ürküdürdü, çünki çimizdirən qadın qaçmayım deyə, məni qıçlarının arasına alardı, isti su dərimi yandırar, sabun gözlərimi acışdırardı. Hamamçının adı Tubaydı. Məni sakitləşdirmək üçün Tubanın mahnı oxuduğunu xatırlayıram.
“Səni elə adi adama verməyəcəyik. Şah belə, ordusunu götürüb, vəziriylə səni istəməyə gəlsə, bəlkə verərik, bəlkə də vermərik”.
İllər keçdikcə hamamı və oradakı mərasimə oxşar mühiti sevməyi öyrəndim. Hər kəs öz bağlamasını hazırlayardı. Oturmaq üçün gümüş suyuna çəkilmiş girdə məcməyi və üstündə dualar yazılmış mis tas da aparmaq lazım gəlirdi. Yuyunma hissəsi qurtaranda, duaların bizi qoruyacağına inana-inana bu tasla başımızdan su tökürdük. Təmizlik qayğısıyla heç bir zaman hamamın həsir döşəkçələrinin üstündə oturmazdıq; qızlara döşəkçənin üstündə oturduqları təqdirdə hamilə ola biləcəkləri deyilirdi. Bu sadəlövhcəsinə fikrin məni necə dəhşətə saldığını hələ xatırlayıram. Artıq Tubanın belimi qıl kisəsiylə kisələməsindən xoşlanırdım, olduqca uzun sürən bu kisələmə prosesi dərimi təzələyir, mən də bundan ləzzət alırdım. Bizdə hamamın başqa bir funksiyası da var: analar arada evlənmə çağındakı oğullarına göstərmək, bəlkə də evləndirmək üçün qız bəyənirdilər.
Bir gün azərbaycanlı bir qadın onun dilini başa düşmədiyimi güman eləyib, mənim nə qədər zərif olduğumu söyləmişdi: “Boy, nə gözəl qızdı” – yəni, türkcə “bu qız gözəldi” demişdi: gənclik çağımın astanasında eşitdiyim bu tərif məni utandırdığı qədər sevindirmişdi.
Fərəh Pəhləvi – müasir qadının simvolu
III
Yeniyetməliyə ilk addımlarımı on yaşında getdiyim Tehrandakı Janna d’Ark məktəbində atdım. Anam da təhsilini orda almışdı. Məndən ötrü də həmin məktəbi seçdiyinə görə ona minnətdaram. Həyatın bu dönüş nöqtəsində şəxsiyyətimi ən çox inkişaf etdirdiyim illərimi məktəbdə keçirdim. Buna görə qismən, təşəbbüsləriylə məktəbi heyrətləndirən gənc rahibə Kleri tanımağıma borcluyam. Rahibə Kler basketbol komandası yaratmışdı. Əvvəllər çəkingən uşağıydım, bu basketbol komandası iki-üç ildə məni özümə güvənən, zahirən dəyişən gənc qız elədi.
Janna d’Ark məktəbinə gələr-gəlməz həmin komandaya daxil oldum və həyatsevər fransız rahibəylə tanışlıq qurdum. Bu da onun mənim barəmdə söylədikləri:
“Komandaya yalnız orta, iri və son sinif şagirdlərini qəbul eləməyə qərar vermişdim. Uşaqlar çox kiçik olanda hər şeyə həvəs göstərib, başladıqları heç bir şeyi axıra çatdırmırlar. Fərəh hələ orta məktəbin ilk sinfindəydi, amma bilmirəm nədəndi, onu görər-görməz sevdim. Aramızda xüsusi münasibət yarandığını hiss eləmişdim. Xasiyyətimiz oxşarıydı, yalnız o bir az da ağır təbiətli görünürdü. Heç bir qüsuru olmayan, tərtəmiz, çox səmimi baxışları olan balaca qızıydı. Ağ önlüyünü kənarları qırmızı ağ yaxalıq tamamlayırdı. Özündən əmin görünsə də, səbəbini bilmədiyim çəkingənliyi varıydı, adamla ara saxlayırdı. Amma çox nəşəli, yanındakıları elə hey güldürən uşağıydı. Qəti maskalanmazdı. Rahibələrin qaldığı binada saxladığım topu gedib ancaq o gətirərdi. Çox kiçik yaşında atasını itirməsinə baxmayaraq, xoşbəxt, qayğısız uşağıydı. Güman ki, fəal və güclü şəxsiyyətimə görə o da digər rahibələrdən çox məni sevirdi”.
Bir il sonra basketbol komandasının kapitanı seçildim. Bu da, güman ki, idman qabiliyyətimə görə yox, eyni zamanda yumşaq təbiətli olduğumdanıydı. Olduqca sadə və təbiiydim, nazlanmağı sevməz, dedi-qoduları dinləməzdim. Əgər bir adam mənə acıqlanardısa, heç dindirməz, özü gəlib məni danışdırmasa, onu yaxın qoymazdım. Bir müddət sonra Janna d’Ark məktəbi basketbolçularının rəhbəri kimi, qızlara örnək olduğumu, məni qəhrəman hesab elədiklərini sezdim. Başqa məktəblərdəki qızlarla yarış keçirəndə, həmişə udan biz olurduq; bir müddət sonra hamının qazanmağa can atdığı “Tehran çempionu” adını da biz aldıq. Qəzetlər komandamızın şəklini çap eləmişdi, tez-tez uşaqların məni ata-analarına barmaqla göstərdiklərini görürdüm: “Ana, bax, Fərəh budu!”
Rahibə Klerin coşqunluğu bizə güc verirdi. Rəqabət duyğusunun köməyilə başqa sahələrdə də çalışmağa başladım: uzununa tullanma, hündürlüyə tullanma və qaçışla məşğul oldum. 1954-cü ildə İran Qızlar Atletika Çempionatında hündürlüyə tullanma və qaçış növlərində birinci olmuş, o dövrdə İranda idmana məsul olan general İzzət Pənahın təqdimiylə Şahın adından İran bayrağıyla birgə iki medal almışdım. Medallar hələ gözümün qabağındadı, hər ikisinin üzərində Şahın və Şahbanu Sürəyyanın rəsmləri varıydı.
Məktəbə də hər gün həvəslə gedirdim, çoxlu yoldaşım varıydı, müəllimlərimin çoxunu sevirdim, elə güman eləyirəm, onlar da məndən razıydılar. Janna d’Ark məktəbinin ən aşkar özünəməxsusluğu olan ciddiyyət və şagirdlər arasındakı yoldaşlıq duyğularını bəyənirdim.
“L” hərfi şəklində, bitişik tikilmiş, yüz yaşlı iki binası olan məktəb elə ilk dəfə girəndə, hörmət və ciddiyyət təlqin eləyirdi. Qanadlardan biri rahibələrə ayrılmışdı, orda bağça varıydı. O biri qanadda siniflər iri küknarın kölgə saldığı böyük daş küçəyə açılırdı. Ayrı bir yerdəki kilsə həmin binaların hamısına dini və müqəddəs görkəm verirdi. Bu ağır mühit xüsusilə günorta yeməyində gülməyimizə mane olmazdı. Mənim vaxtımda məktəbdə bufet yoxuydu, hər şagird öz yeməyini çantasında gətirirdi. Aşağı mərtəbədə olan köhnə kömür peçlərinin üstündə yeməklərimizi isidər-isitməz, ordan çıxmağa tələsirdik zirzəmi bizi bir az ürküdürdü.
Başqalarını və özümü kəşf elədiyim, şəxsiyyətimin ortaya çıxdığı bu illər ərzində necə uşağıydım mən? Burda sözü rahibə Klerin məni çox riqqətləndirən, o qədər də tərəfsiz olmayan şəhadətinə verirəm:
“O, bəlkə də digər uşaqlardan çox üstün deyildi, amma ağıllı, qabiliyyətli və məsuliyyət hissi olan uşağıydı. Dərsləri fransızca alırdı. Bunu təkcə dil qabiliyyəti olan uşaqlar bacarırdılar. Ədəbiyyatdan çox riyaziyyat və fənn sahələrində daha bacarıqlıydı. Geyiminə həmişə çox diqqət verirdi. Çalışması mükəmməliydi, yoldaşlarının üzərində böyük təsiri varıydı, həyat sevinciylə dolu, sağlam və həmişə köməyə hazır olan qızıydı. Mənə görə, o, iranlı qızın ən yaxşı cəhətlərini şəxsiyyətində toplamışdı; incə, hər şeyin yerini bilən, zərif, dostlarıyla ilıq davranan sadiq insanıydı”.
Dosdoğruydu; mübaliğəsiz, təbii olaraq, xoşbəxtliyə can atmaq kimi cəhətlərimi atamdan miras aldığıma heç şübhəm yoxdu. Həm də bu xüsusiyyətlərimin əsasını gözündən heç bir şey qaçmayan anamın sərt xasiyyətinə borcluydum. Gənc qızların təhsili barədə söhbət düşəndə, xüsusilə adət-ənənələrə ciddi əməl eləyən cəmiyyətdə məni təkbaşına böyütmək məcburiyyətində qalması, əlbəttə, anamı çox qorxudurdu. Baxmayaraq ki, Qütbi dayım yavaş-yavaş mənə atalıq eləməyə başlamışdı, amma o, gündəlik məsələlərlə çox maraqlanmırdı, mənə kömək eləyir, həyatla bağlı böyüklük göstərir, gələcəyimi hazırlayırdı. Arvadı Luiza bibim məndən heç şeyi əsirgəməzdi. Məni daim azalmayan sevgiylə sevərdi, onun gözlərində qüsursuzuydum; indi geriyə dönüb baxanda, anamla birlikdə məni ən çox sevən insan olduğunu düşünürəm.
Anamın gözü daim üstümdəydi, ən kiçik səhvimdə sanki misli görünməmiş fəlakətə səbəb olmuşam kimi, qəzəbindən göyə çıxardı. On üç-on dörd yaşlarındaydım, ilin sonunda imla dərsindən zəif qiymətlər alıb, sentyabrda təkrar imtahana qalmışdım. Anam qatlandığı bu qədər fəlakətdən sonra ona belə əzab verməyə haqqım olmadığını təkrarlayıb durmuş, adəti üzrə özünü itirmişdi, mən də ailənin üzqarası olduğumu düşünmüşdüm. Qorxulu vəziyyətiydi, sarsıntıdan alt-üst olmuşdum, yadıma düşəndə, bu gün belə həyəcanlanıram. İmladan uğursuz çıxmağım sanki gələcəyimi məhv eləmişdi, bütün günü otağıma qapanıb ağlamışdım.
Digər tərəfdən, elə həmin illərdə ölkə miqyasında mənim siyasi biliyimi sürətlə inkişaf etdirəcək həddən artıq əlamətdar hadisələr baş verirdi. 1952-ci iliydi, hökumət neftin milliləşdirilməsini təmin eləmək üçün dönməz iradəylə ingilislərə qarşı mübarizə aparırdı. İranlıların ingilislərə duyduğu qəzəbi istiqamətləndirməyi bacaran Millətçi Cəbhənin başında duran Məhəmməd Müsəddiq Şah tərəfindən hökumətə rəhbər təyin olunmuşdu. Müsəddiq cəsur və qətiyyətli hərəkət eləmişdi, amma barışmaz xasiyyəti üzündən ingilislər bizim neft istehsalımızı dondurdular; İrandan bir damcı neft ixrac eləmək mümkün deyildi, buna görə də bütün ölkədə iqtisadi geriləmə başlamışdı. Ölkəmiz hər sahədə itirirdi: beynəlxalq məhkəmələrdə haqlarını əldə eləməsi gecikirdi və bundan başqa, ingilislərin embarqosunun qurbanı olduğundan, İran cəmiyyətinin bütün təbəqələrinə təsir eləyən böhrana sürüklənirdi.
Şahın çox narahat olduğunu danışırdılar. Şah milliləşdirmə cəhdlərində ingilislərin bütün müzakirə istəklərini inadla rədd eləyən Müsəddiqin çox irəli getdiyini düşünürdü. Xalqın get-gedə yoxsullaşması, narazılığın artması şübhəsiz, kommunist Tudə Partiyasının çörəyinə yağ sürtürdü. Tudə heç zaman bu qədər güclü olmamışdı. Bəziləri Müsəddiqin özü də istəmədən kommunistlərin oyununa düşdüyünü iddia edəndə, başqaları yeritdiyi siyasətin uğursuzluğuna baxmayaraq, millətçi müqavimətiylə ölkənin nüfuzunu yüksəltdiyini deyib, ona dəstək verirdi.
Böhran təhlükəli hal aldığına görə, Şah baş nazirinin istefasını tələb elədi, amma Müsəddiq tələbə boyun əymədi; onun bu barədə göstərdiyi inad iranlıların yaddaşında bu gün belə, yara izləri hələ ağrıyan vicdani toqquşmaya yol açdı.
Neftin milliləşdirilməsinin necə təmin ediləcəyi mövzusu bütün ailələrdə çəkişmələrə səbəb oldu. Bir çox ailə Şah tərəfdarları və Müsəddiqə rəğbət bəsləyənlər kimi, ikiyə bölünmüşdülər. Bizim ev də bu toqquşmadan öz payını götürdü: bir axşam alovlu Müsəddiq tərəfdarı olan dayılarımdan birinin, qəzəbini cilovlaya bilməyən qohumlarımdan hansınınsa təhqirinə məruz qaldığının şahidi oldum. O dövrdə qatı kommunist düşməni və şahlıq rejimi tərəfdarı olan qohumum Rza Paniranist Partiyasıyla yaxınlıq eləyirdi. Hələ on üç yaşında olmasına baxmayaraq, su kimi içdiyi “Şahnamə” haqqında söylədiyi şərhlərlə ad qazanmışdı. Yoldaşları ona inşalarını, heç olmasa, giriş hissəsini yazması üçün yalvarırdılar… Mən də bütün qəlbimlə Şah tərəfdarı və millətçiydim. Bu xasiyyətim yalnız aldığım təhsildən qaynaqlanmırdı, bundan başqa Firdovsinin öyüdlərindəki həqiqətlərin qəlbimə işlədiyinə heç bir şübhə yoxuydu: bizdə yalnız Şah məqbuluydu.
Çəkişmədən təbiətinə görə Janna d’Arkın sinifləri də təsirlənirdi: şagirdlər məktəbdə ailələrinin tərəfini saxlayırdılar. Amma ovaxtkı yaşımızda məsələni böyük hissiyyatla qəbul eləyir, hələ siyasi dəlil-sübutlar göstərə bilmirdik, bu, ya da o biri adamı müdafiə eləməyimizin səbəbi təkcə ona duyduğumuz sevgiydi. Mənə səmimi və qətiyyətli baxışlarıyla təsir eləyən gənc Şahımıza necə qarşı çıxmaq mümkün olduğunu şəxsən başa düşmürdüm. Tənəffüsdə həyətə çıxanda, bu mövzuda çəkişə-çəkişə, qızışıb bir-birimizə portağal qabıqları atdığımız da olurdu. Amma neftin milliləşdirilməsi söhbət mövzusuna çevriləndə, hamımız eyni fikirdəydik. Həmin güclü ingilis şirkəti “BP”nin emblemini “Benzine Pars” (İran benzini) kimi çevirməkdən qürur duyurduq. Dayımın oğlu Rzanın məktəbi Elbrusda xüsusilə, oğlanlar arasında vəziyyət ciddiləşirdi. Tudənin kommunist emissarları gəlir, məktəbin girişində qışqıra-qışqıra qəzetlərini satmaları üçün şagirdləri səsləyirdilər. Mühit sürətlə gərginləşir, səs tonu yüksəlir və həyəcanını boğa bilməyən Rza qəzetləri cırmaqdan çəkinmirdi. Tudə tərəfdarları da davanı qızışdırırdılar. Axırda bir axşam qorxduğumuz başımıza gəldi. Rza bıçaqlandı. Onun xəstəxanada olduğunu öyrəndik. Bəxti yaxşı gətirmişdi, o gün əynində qalın paltar vardı, bıçağın ucu həyati orqanlarına zərər verməmişdi.
Daha sonra Şahın gərginliyin daxili müharibəyə çevrilməməsi üçün ölkəni tərk eləmək barədə düşündüyüylə bağlı şayiələr çıxdı. Minlərlə insan, xüsusilə gənclər sarayın qarşısında toplaşıb ondan qalmasını xahiş elədilər. İran yenidən az qala uçurumun kənarına gəlmişdi. Tehranda tanklar qovşaqları tutmuşdular. Allahım, Şah bizi atsa, nələr olacaqdı? Bu zərurət məni elə narahat eləyirdi ki, nə yemək yeyə, nə də yata bilirdim, dayımla bibim çox sarsılmışdılar, anamın ağzını bıçaq açmırdı, onların bu vəziyyəti narahatlığımı artırırdı. Hər axşam Məclis Meydanı yaxınlığındakı evdə yaşayan əmim Əhməd Dibaya zəng eləyir, ondan ən son xəbərləri almağa çalışırdılar.
Axırda “od düşdü, kabus sona yetdi” deyə düşünəndə, o qorxulu 1953-cü ilin yazında daha pis hadisələr yaşadıq. On beş yaşına girmək üzrəydim. Şahın ölkədən getməsi xəbəri bizə çatanda, Xəzər dənizinin kənarında, Bəndər-Pəhləvidə ailəlikcə tətildəydik. Bu dəfə şayiə deyildi, radio xəbəri təsdiqləyirdi. Hökmdarın Müsəddiqi azad elədiyi, amma onun müqavimət göstərdiyi və cəsarətlənən tərəfdarlarının Baş naziri dəstəkləmək üçün küçələrə töküldüyü bildirilirdi. Qaldığımız pansionda otuz beş il qabaqkı “bolşevik inqilabı”ndan qalmış “bəyaz” rus qadın varıydı. “Qurtardı, bura da Rusiyaya dönəcək”, – deyə təkrarlayıb dururdu. Zavallı qadın qorxudan dümappağıydı, ümidsiziydi. Bəlkə də İranın taleyini müəyyənləşdirəcək çox çətin günlər yaşayacağımızı bilirdik. Qaldığımız yaylaq kəndinə bir saatın tamamında xəbərləri çatdırmaq üçün səsgücləndiricilər qoyulmuşdu. Adamlar kədərli görkəmlə ortalıqda dolaşıb-dururdular. Şaha qarşı olanların indidən “Ənzəli! Ənzəli!” deyə qışqırdıqları eşidilirdi. Ənzəli Bəndər-Pəhləvi limanının köhnə adıydı. Bu, rəmzi qəzəb nümayişiydi, amma Şahın adını indidən sildikləri üçün çox dərin məna daşıyırdı. Bizim taleyimiz necə olacaqdı? Ürəyim elə əzilirdi, sarsıntım elə dəriniydi ki, ağlaya bilmirdim.
Üç gün ərzində müxalifətçilər Tehranda böyük qarışıqlıq yaratdılar. Kommunistlər, müsəddiqçilər, hətta din adamları Şaha qarşı kinlə dolu şüarlarla küçələrə hakim olmuşdular. Şah da ölkənin xeyrinə olacaq bəzi tədbirlər görmək fikrində deyildi. O, ölkəni tərk eləməzdən əvvəl Məhəmməd Müsəddiqin yerinə general Fəzlullah Zahidini Baş nazir təyin eləmişdi. Ordu general Zahidinin tərəfinə keçdi və Müsəddiqin villasının tankla yerlə-yeksan edilməsi vəziyyətə hakim olmağa başlanmasının ilk əlaməti oldu.
Doğrudan da, ertəsi gün Şah xalqın canfəşanlığı sayəsində Tehrana qayıtdı. Şahbanu Sürəyyayla getdiyi, bir həftə belə çəkməyən bu sürgün bir çox iranlı kimi məni də qıcıqlandırmışdı.
Ölməmişdən bir az əvvəl yazdığı xatirələrində Şah həmin qısa sürgündən söz açır. Mənim yeniyetməlik xatirələrim səthi olduğu, tarixi dəyər daşımadığı üçün buraya Şahın yazdıqlarını əlavə eləyirəm:
“Müsəddiqin eləmək istədiklərini və ehtirasını bilirdim. Zora əl atmazdan əvvəl İranı tərk eləmək qərarı verib, qan tökülməsinin qarşısını almaq və seçiminin azad gerçəkləşdirilməsi üçün ölkəni sərbəst buraxmaq istəyirdim. (…)
Xüsusilə Tehranda çarpışmalar üç gün sürdü. İlk iki gün Müsəddiq və Tudə tərəfdarları nümayişlər keçirdilər. Ancaq üçüncü gün, 1953-cü il avqustun 19-da fəhlələr, sənətkarlar, tələbələr, müstəqil əqidə adamları, əsgərlər, jandarmlar, qadınlar, hətta uşaqlar fövqəladə cəsarətlə o çılğın diktə tərəfdarlarının tüfənglərinə, pulemyotlarına, hətta tanklarına sinə gərərək, vəziyyəti tərsinə çevirdilər. Sabiq Baş nazirin villasına Şah tərəfdarı olan tankdan açılan tək bircə dəqiq atəş üç il sürən çılğınlığa son qoymağa bəs eləmişdi… (…)
Dərhal Tehrana qayıtdım, xalq məni coşqun sevgi nümayişləriylə qarşıladı. Doğrudan da, bu, İranın hər tərəfində heç kimsənin qabağında dura bilməyəcəyi xalq səsverməsiydi. Buna qədər çətin sınaqdan keçməzdən əvvəl taxtı atasından miras qalmış hökmdarıydım. Bundan sonra artıq doğrudan da, xalq tərəfindən seçilmiş olduğumu söyləməyə haqqım vardı (…)
“Müsəddiq rejiminin devrilməsinə səbəb olan vəziyyəti 1951-53-cü illər arasında baş verən hadisələrə bağlı çox acı həqiqətin ortaya çıxmasını labüd elədi. Məsələn, 1951-ci ildə Müsəddiq Müdafiə Nazirliyinə rəhbərlik eləyəndə, təkcə, kommunist Tudə tərəfdarı olan yüz on zabitin sayı artıb, 1953-cü ildə altı yüz qırxa çatmışdı.
Kommunistlərin planı əvvəlcə məni devirmək üçün Müsəddiqdən istifadə eləmək idi. Tudə Partiyasından ələ keçirilən məlumatlara görə, mən ölkəni tərk eləyəndən iki həftə sonra Müsəddiq sıradan çıxarılacaqdı. Elan edilməsi nəzərdə tutulan İran Xalq Cümhuriyyətinin pullarının belə, kəsilmiş olduğunu gördüm. (…)
Üç il həbsdə yatandan sonra azadlığa çıxan Müsəddiq paytaxtın qərbində yerləşən Əhmədabaddakı malikanəsinə çəkildi və 1967-ci ildə orda öldü”.
Yaxın tarixdə ölkəmizdə baş verən şiddətli sosial toqquşmalar geridə qaldı. Bu gün artıq Şahın neftin milliləşdirilməsi məsələsində Müsəddiqi qızğın müdafiə elədiyini və ona hörmətlə yanaşdığını qətiyyətlə söyləyə bilərəm. Onu devirməzdən əvvəl uzun-uzadı düşünmüşdü. Məncə, əgər Müsəddiq Şahın ümid elədiyi kimi, ingilislərə qarşı bir az daha yumşaq, daha ölçülü-biçimli davransaydı, ölkə illərlə davam eləyən bu toqquşmanı yaşamayacaqdı. Bu gün bütün qəlbimlə iranlıların, gələcəyin İranında artıq yeri olmaması lazım gələn bu əlli illik savaşa son vermələrini və ölkəni hamının birlikdə ayağa qaldırmalarını arzulayıram.
Ara sakitləşdi, ölkədə və evdə həyat normal axarına qayıtdı. Rahib Mişel Goyauxun çoban dəyənəyinin ardınca gedib ləpirçiliyi kəşf eləmişdim. Janna dArkın oğlan şöbəsi olan Lazarist rahiblərin idarəsindəki Sen-Lui məktəbində kiçik uşlarda cəsarət tərbiyə eləmək məqsədiylə könüllü axtarırdılar. Mən də basketbol komandasının kapitanıydım. Qısa müddətdən sonra da dəstə başı oldum.
Ləpirçilikdə məsuliyyət öyrənmə sahəsində böyük nailiyyət qazandım, Şahbanu olduğum zaman ləpirçilik dövrümü gizlincə, şükranlıqla xatırladım. Hələ on beş yaşında olanda, otuza qədər uşağın məsuliyyətini çiyinlərimdə daşımaq, kampaniyanın iki-üç həftə çəkdiyi nəzərə alınarsa, heç də asan şey deyildi. Kampaniyada təşkilatçılıq, fədakarlıq, soyuqqanlılıq, cəsarət və səbr sahibi olmağı öyrəndik. Bundan başqa, çox nadir tapılan boş saatlarda buraxılan səhvlər üzərində, gündəlik təlaş içində danışdığımız və gördüyümüz işin peşmançılıq doğuran cəhətləri haqqında təkrar düşünməyi öyrəndik. Əlbəttə, gənc yaşımda Şahbanu olanda, mənə məsuliyyət hissini çox erkən öyrətdiyi üçün rahib Goyauxa minnətdarlıq duydum. Onun dinamizmini, insanlara qarşı səmimiyyətini, comərdliyini sevmişdik. İranda ləpirçilik hərəkatını o istiqamətləndirirdi. Mən sürgünə gedənə qədər məktublaşmamız davam elədi.
Yenə ləpirçilik sayəsində 1956-cı ilin yazında Fransaya ilk səyahətimə getdim. Paris yaxınlığındakı Jambvill Şatosunda (inzibati vahid-tərc.) beynəlxalq ləpirçi toplantısına aramızdan iki qız, iki oğlan şagird göndərildi, mən də onların arasındaydım. Dəvət edilsək də, təyyarə biletlərinin pulunu özümüz ödəməyə məcburuyduq. Tehrandakı bir teatrla Sen-Lui məktəb müdiriyyəti arasındakı münasibətlər sayəsində Marsel Paqnonun “Topaz” adlı tamaşasını göstərib qazancıyla Fransaya gediş-gəliş biletimizi satın ala bildik.
Parisi görmək fikri məni hədsiz həyəcanlandırırdı. Bu şəhərin ailəmin könlündəki yeri xüsusiydi, atam elə hey məni Parisə aparmağı düşünürdü. Babam Mehdi Diba yüzilliyin başlanğıcında Fransada, İranın konsulluğunda katib kimi çalışmışdı. Ata-oğul fransızca mükəmməl danışırdılar, atam Fransaya, xüsusilə, onun paytaxtına bəslədiyi sevgi və dostluq hislərini mənə də təlqin eləmişdi.
Parisə enər-enməz Champs Elysees rayonuna gedib Atoll meydanınadək gəzdik. Gözlərim qamaşmışdı, həyəcandan uçurdum, elə o gün, günortadan sonra bütün Parisi gəzmək istəyirdim, vaxt çox azıydı. Uşaqlığımda xəyallarımı bəzəyən İnvalide, Sen-German-de-Pre, Sorbonna, Notr-Dam və Eyfel qülləsi kimi yerlərdən keçib, gəzintimizi davam etdirdik. Axşam-bizi qonaq qəbul eləyən ailələrdə qalırdıq – son dərəcə xoşbəxtiydim, amma ayaqlarıma su yığılmışdı, partlayan, qanayan yerlər belə, vardı.
Və metro! O dövrdə kiçik iranlı qız uşağı üçün metro adamın ağlını alırdı. Xəritəyə baxır, saf-çürük eləyir, metroya girir, on beş dəqiqə sonra bambaşqa bir səmtə, avqust ayının göyüzü altına, yerin üstünə çıxırdınız. Qrup rəhbəri olmağıma baxmayaraq, bir neçə quruşluq xırda pul müqabilində konfet, saqqız və xüsusilə, bizə uşaqlıq illərimizin, “xoruz konfeti”ni xatırladan dondurmalar verən avtomatlardan istifadəni bacarmadığımı yadıma salıram.
Sonra Jambvillə getdik. Dünyanın dörd guşəsindən gəlmiş uşaqlar cürbəcür tamaşalarla ölkələrini tanıtmağa çalışdılar. Bəziləri özlərinin xalq mahnılarını oxudu, bəziləri tamaşalar göstərdi. Çox həyəcanlandırıcı günləriydi, dil maneəsinə baxmayaraq, münasibət qura bilmişdik. O vaxt istifadə edilən deyimlə bu “Özünü tanıtma kampaniyası” bizi qrup animasiyalarına hazırlama məqsədi güdürdü. Kütlə qarşısında danışmağı, diqqəti toplamağı, gərginliyə üstün gəlib hekayət söyləməyi – hamısını orda öyrəndim. On il sonra ana olanda, yaxşı hekayət söyləməyin nə qədər əhəmiyyətli olduğunu öz uşaqlarıma da başa saldım.
Jambvilldən sonra bu dəfə “idman kampaniyası”nda keçirilənləri öyrənmək üçün bizi Royana apardılar; orda dırmanma, üzmə və s. öyrənilirdi. Nəhayət, qayıdanda, yolüstü bir-iki günlüyə Afinada qaldıq və Akropolu gəzdik. Yoldaşım Elliylə qədim Pers imperatorlarından Daranın Dionis Teatrındakı mərmər taxtında oturanda, böyük həyəcan və qürur duydum.
O dövrdəki iranlı anaların çoxunun əksinə, anam mənim görücü üsuluyla ərə getməyimin söhbətini belə eləmirdi, mən də əlbəttə, buna qarşıydım. Ailədən bəzilərinin onu təşviq elədiyini duyurdum; onlara görə, məndən ötrü yaxşı qismət axtarmağın normal olduğu yaşa çatmışdım. Amma anamla mən ərə getməyi düşünməzdən qabaq təhsilimi bitirməli olduğuma inanırdıq. Anam liseyi bitirmişdi, ziyalı xanımıydı. Onunla bir yerdə olanda, ərə getməkdən söz açdığı zaman mənim yeganə fikrim atamdan miras qalan, qəlbən çox bağlı olduğum “Diba” soyadımızı qoruya bilməkdi. Həmin soyadı daşıyan kişi qohumlarımın sayı çox az olduğundan, soyadımızın yox olub getmə təhlükəsi varıydı. Bu mövzuda qohumlarıma, dostlarıma, əmi və bibilərimə dediklərimi çox yaxşı xatırlayıram: “Yaxşı təhsil alsam, fövqəladə bacarıqlı bir qadın olsam, bəlkə də soyadımı qorumağıma izin verərlər, nə deyirsiniz?”
İranın ən birinci şəxsiyyətiylə evlənəndə, həmin soyadı itirdim. Amma taleyin işinə baxın ki, bir çox ölkədə, xüsusilə, Fransada məni Fərəh Diba çağırmaqda davam eləyirlər. Buna görə də rəsmi olaraq, tarix qarşısında bütün mənliyim və bütün ruhumla mən Fərəh Pəhləviyəm.
Bu həqiqətdi ki, uzun təhsil tələb eləyən nüfuzlu peşə seçməyə qərar verib liseyi bitirmək sınağına hazırlaşmaq üçün Tehrandakı fransız Razi liseyində birinci sinfə başladım. Hər səhər məktəbə getmək üçün uzun yol qət eləyirdim. Tehranın bu başından o biri başınacan davam eləyən səfər xoşuma gəlirdi. Şəhərdə indi maşınların sayı artmış, ayrı-ayrı nöqtələrdə yol daralmağa başlamışdı. Mən də beləcə, çox bəyəndiyim, bağçalarında çinarlar, barsız akasiyalar, maqnoliyalar görünən, divarlarından xanıməlləri sallanan qədim evləri gözlərimlə oxşamağa vaxt tapırdım. Ah! Yayın duyulan o gözəl xanıməli qoxusu!.. Hər küçənin başında səyyar satıcılar mövsümə görə satdıqlarıyla birgə cürbəcür rənglərə çalan arabalarının qabağından keçənləri alış-verişə dəvət eləyirdilər.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?