Электронная библиотека » Fərəh Pəhləvi » » онлайн чтение - страница 4


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Fərəh Pəhləvi


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]

Шрифт:
- 100% +

Lisey sırayla düzülmüş gözəl sütunları, mozaik qapılı divarları olan çox qədim binada yerləşirdi. Bir sinifdən o birinə getmək üçün tamamilə əks tərəfdə pilləkanın bir neçə pilləsini enmək, ya da dolanbac yollardan keçmək lazım gəlirdi. Şahbanu olandan sonra bir neçə qədim binanı uçmaqdan qurtardım, amma təəssüf ki, Razi liseyinin o həddən-artıq gözəl binasını xilas eləməyi ağlıma gətirmədim; bu ən çox peşimançılıq duyduğum şeylərdən biridi. Məktəb binası Tehranın güneyindəydi; 1960-1970-ci illər arasında bir çox binanın dağılıb getməsinə səbəb olan yeni tikintilər vaxtı Razi liseyi də uçuruldu.

Liseydə dərslər iranlı və fransız müəllimlər tərəfindən farsca və ya fransızca keçilirdi. Mən fars ədəbiyyatı fənnini öyrənirdim. Məktəb dünyəvi olsa da, din dərsi də keçirdik. Müəllimlər böyüdüyümüzü qəbul eləyib, buna görə davranır, müstəqilliyimizə hörmətlə yanaşıb, şəxsiyyətimizi inkişaf etdirmək üçün zəkayla kömək göstərirdilər, beləcə, mənim sinfimdəki bütün şagirdlər daha sonra dünyanın ən yaxşı universitetlərinə girə bildilər. Müəllimlərimizdən hamısını çox sevir, sayırdıq, amma iranlı müəllimlərimizdən fransızca bizdən daha yaxşı danışanı səhv eləyəndə, gizli-gizli gülüşməyimizi saxlaya bilmirdik.

Anam artıq daha az mühafizəkarıydı; qarışıq lisey olan Razi liseyinə yazılmağım bunun sübutuydu. Liseydə dərsə başlayanda, hər hansı şok keçirmədim, çünki Janna d’Arkda oxuyanda, Sen-Luidəki oğlanlarla gəzməyə gedirdik. Ailədə və sonra ləpirçilik dövründə oğlanlarla birgə olmağa alışmışdım. Günorta yeməyi saatlarında iki qız yoldaşımla bağçada, çinarların kölgəsində oturmaqdan çox xoşum gəlirdi. Bu məktəbdə də bufet olmadığı üçün yeməyimizi çantalarımızda gətirirdik. Danışır-çəkişirdik, gələcəyimizə inamla baxırdıq, xoşbəxtiydik.

O dövrdə qızların sevgilisi olması və onunla gəzməsi ayıb sayılırdı. Əgər birinə vurulsaq belə – o zamanlar bu cür deyilirdi – bunu heç kəsə, ən yaxın yoldaşımıza belə söyləməzdik. Sevilən uşağa gələndə, onun bundan xəbəri də olmazdı.

Öz yaşımdakı bütün liseyli qızlar kimi, gözdolusu, səs-küylə yaşayırdım. Evlərimizdə bal təşkil eləməyə və ilk rəqslərimizi oynamağa başlamışdıq. Tehranlı bütün gənclər kimi, mən də xüsusulə, Elvis Preslini çox sevirdim, o qədər sevirdim ki, onun oynadığı filmə baxmaq üçün bir gün məktəbdən də qaçdım.

Kinonun heyrətamizliyini yeni-yeni kəşf eləyirdik. Kinoya qrup halında gedir, içəri girmək üçün inanılmaz şəkildə itələşib-qışqırışırdıq, çünki bizim camaat arxada növbə gözləməyin lazım gəldiyini hələ bilmirdi. Bir çox film bizə dublyaj olunmadan gəlirdi, bu çatışmazlığı aradan qaldırmaq üçün subtitr yerinə görüntülərin arasına olub-keçəni izah eləyən mətnlər salınırdı. Ceyms Din, Qreqori Pek, Elizabet Teylor, Montqomeri Klift və başqaları… hamısını tanıyır və bəyənirdik. Amerika musiqisi əlbəttə, qanımızı qaynadırdı, amma mən İran musiqisini və xalq mahnılarını da sevirdim, ənənəvi klassik musiqimizsə, məni çox kədərləndirirdi. Daha sonra bu musiqi də məni çox riqqətləndirdi. Bundan başqa, klassik Qərb musiqisini və operanı sevirdim. Rzayla gəzən vaxt, bir satıcıdakı vallar arasında Enriko Karuzonun 78 mahnıdan ibarət valını tapanda, nə qədər sevinmişdim. Üslubları bambaşqa olan Tino Rossi, Jaklin Fransua, Əbdül Əli Vəziri, ya Qəmər Malik Vəziri də çox xoşladığım müğənnilər arasındaydı, çünki onları dinləyəndə, elə bil, atacığımın köhnə qramafonumuza valları qoyduğunu görürdüm.

Anam məni həm çox ciddi tərbiyə eləmək istəyir, həm də dünyanı tanımağıma çalışırdı, bu səbəbdən, ixtiyarındakı görünməz qadağaları çox yavaş işə salırdı. Bayıra çıxmağıma gecə yarısına qədər qayıtmaq şərtiylə izin verir, amma qızlardan birinin yaxın adamının məni evəcən ötürməsini tələb eləyirdi, gecikəndə, anamı əynində gündüz paltarı küçə qapısının qabağında qayğı içində gözlədiyini görürdüm.

Zavallı anam qızının hər şeyə baxmayaraq, nə qədər ağlı başında olduğunu bilsəydi, gözləmədən gedib yatardı.

Amma elə hey səhv eləyəcəyimdən qorxurdu və məndə gördüyü hər müstəqil davranış onun dərin narahatlıq keçirməsinə səbəb olurdu. Məsələn, bir axşam bala gedəndə, rəfiqəm pomada çəkmişdi, təbii ki, pomadasını mənə də verdi, mən də dodaqlarımı boyadım. Çaşmış halda, həyəcanla aynada özümə baxanda, anam evə qayıtmaq vaxtımı bir dəfə də xatırlatmaq üçün sürətlə otağıma girdi. Üzünün qızardığını gördüm. Aman Allahım! Niyə belə bayağı hərəkət eləyirdim. Yalnız evli qadının pomada sürtə biləcəyini bilmirdimmi?

Dayım belə mübahisələrə heç qoşulmazdı. Nə olursa-olsun, məni bir dəfə də danladığını xatırlamıram. Bununla belə, liseyi bitirəndən sonra hansı sahədə ali təhsil almaq istədiyim anam qədər onu da maraqlandırırdı. Bir ara dəqiq elmlər sahəsində tədqiqatçı olmağa yönəlmişdim, dayımla bu mövzuda danışmışdıq, daha sonra bayırda olmağı çox sevən adam kimi, ömrümü laboratoriyada, mikroskop qabağında keçirməyə həvəs göstərmədiyimi düşünüb, özüm fikrimdən daşınmışdım. O vaxt memarlığa olan meylim ağlıma gəldi. Mənim aləmimdə memarlıq təkbaşına yaradılan şeyin insanlara, sənət və bacarığı ictimai həyata, batini zahirə bağlayan peşəydi. Mən də bayırda, tikintilərdə çalışmaq istəyirdim. Lap kiçik olanda, bu peşəni seçib memar olan dayımı gah çertyoj üstünə əyilib işləyəndə, gah soyuqdan və ya istidən qızarmış halda tikintidən dönəndə görmüşdüm. Həvəslə yerinə yetirdiyi işindən razı olduğu açıq-aşkar bilinirdi.

Üstəlik, sürətlə inkişaf eləyən İranda sayı bilinməyən tikintilərdə işləyən, yalnız bircə memar qadın Nektar Papazian – Andreyeva varıydı. Ölkəmin quruculuğuna qoşulanda, başqa hansı sahə, qadın kimi, duyğu və düşüncələrimi ifadə eləmək üçün mənə bu qədər çox fürsət verə bilərdi?



Fərəh Pəhləvi, 1967

IV

Parisdə memarlıq təhsili xərclərimə təsir göstərməsi üçün burs (güzəşt verən sənəd -tərc.) almağı düşünür və bu bursu təmin eləyəcəyimə ümid bəsləyirdim. Liseyi sinfimizin birincisi kimi bitirmişdim, Raspel məhəlləsində yerləşən çox ciddi, tələbə seçimi barəsində çox nüfuzlu olan memarlıq məktəbinə qəbul edilmişdim. Bürokratiyayla ilk tanışlığım heç cür ala bilmədiyim bu bursla bağlı oldu. Sanki maneələrlə qaçış yarışlarında iştirak eləyirdim. Təhsil Nazirliyində heç kəs, hətta ailəmizin tanışı, görüşmək imkanı tapdığım nazir belə, mənə necə hərəkət eləyəcəyimi demədi. Dil sınağından keçməyimin lazım gəldiyini iddia edənlər də oldu, amma bu sınağın məsuliyyətini kimin daşıyacağını, sınaqdan necə keçəcəyimi izah eləməkdə aciziydilər. Həftələr keçdi, yay qurtardı, mənim burs haqqında ərizəm Milli Təhsil Nazirliyinin cürbəcür masaları arasında itib-batdı. Parisdə dərslər başlamışdı, mən hələ Tehranda qaça-qaça qalmışdım. Elə hiddətlənmişdim ki, bir də bu ölkəyə ayaq basmayacağımı deyib, Fransaya getdim. Təbii ki, uşaqsayaq hiddətiydi, səkkiz gündən sonra unutdum.

Bizi bir-birimizə bağlayan sevgidən bir az əvvəl söz açdığım Rzanın anası, bibim Luiza Qütbi o vaxtlar Parisdəydi. 1957-ci ilin yazının ilk günlərində oteldə qaldıq. Sonra Monser parkı yaxınlığındakı universitet şəhərciyində, bizə ən ciddi şəkildə idarə olunduğu deyilən “Hollandiya” yurdunda (yataqxana tipli evlər-tərc.) bir otaq tapa bildim. Bu yurdda oğlan və qız tələbələrin bir-birinin yanına gedib-gəlmələri qadağanıydı. Ürəyi rahat olan bibim Tehrana qayıtdı.

Doğrusu, memarlıq məktəbinə gələndə, qəlbimdə İrandakı bürokratiyaya şükr elədim: ilk on beş gündə dərsləri buraxıb bizütaj (Ç.N.Bizütajın adıyla bağlıdı, Fransada bu gün qadağan olunmasına baxmayaraq, bəzi universitetlərdə, xüsusilə, tibb fakültələrində birinci kurs tələbələrinə ikinci və üçüncü kurs tələbələri tərəfindən edilən alçaldıcı zarafatlar) ənənələrinin ilk günlərdəki ən sərt təsirlərindən canımı qurtarmışdım. Başa düşmədikləri bu yad ənənənin şiddətindən mütəəssir olan bəzi tələbələr ölkələrinə qayıtmağı üstün tutmuşdular.

Qızlarla edilən zarafatlar o qədər də qəddar deyildi; bizdən yaşlı tələbələrə xidmət göstərməyi tələb eləyirdilər. Günün hər hansı saatında aralarından bir nəfərin bizə verdiyi əmri yerinə yetirmək məcburiyyətindəydik. Məsələn, bir dəfə “əyri pərgarı” tapıb gətirməyimizi tələb eləmişdilər. Biz dilbilməzlər belə pərgar olmadığını bilmədiyimiz üçün bütün auditoriyaları qapı-qapı gəzib “əyri pərgarı” axtarmışdıq. Getdiyimiz hər auditoriyada bu şeyi o biri sinifdə, ya da üst mərtəbədə tapacağımızı demiş, sonra da qəhqəhə çəkib gülmüşdülər, təbii ki, biz bu gülüşmənin səbəbini başa düşməmişdik.

Bu məsxərələrə qoşulmağı qəbul eləməsəydik, dərhal “bir qədəh nəsə” içirdik, başqa cür desək, sinəmizi önlüklə örtəndən sonra divara qısılır, ağzımızı geniş açır, bizim nəşəli cəlladlarımızdan birinin üstümüzə bir bardaq su atmasını gözləyirdik. Sözləri bir-birinə düzgün şəkildə calayaraq, “Təşəkkür edirəm, həqiqi və çox hörmətli böyüklər!” demək məcburiyyətindəydik. Bu cümləni düzgün deməyi bacarmayan qız və ya oğlan tələbələr ikinci “qədəh” cəzası alırdılar. Ən pisi hirsləndiyini büruzə verməyiydi, onda təhqirlərin sonu görünmürdü. Əgər ağlasaydıq, auditoriyanın “günah keçisi” olmaqdan qurtula bilmirdik, onların da ən çox xoşuna gələn şey buydu. Mənə gəlincə, qrup oyunlarına alışmışdım, yumşaq təbiətli olduğumdan, həmin zarafatlardan asan qurtardığımı hesab eləyə bilərəm.

Mənim kimi yad ölkələrdən gələn bir çox tələbə vardı. Bir gün yuxarı kurs tələbələri biz əcnəbi tələbələri toplayıb:

“Haydı görək, söhbət eləməyinizə izin veririk, amma hər kəs öz dilində danışacaq…” dedilər.

Məqsədləri gülünc, mənasız, amma şübhə yoxuydu ki, əyləncəli, bir növ laqqırtı yaratmağıydı. Beləcə, çox hörmətli böyüklər bizim sayəmizdə yenə çox əylənmişdilər. Amma bilmədiyim bir şey varıydı, danışıqlarımızı lentə yazmışdılar. Bu da diplomatik və protokol qaydalarına görə, məni çox ciddi şəkildə sıxıntıya məruz qoya bilərdi, çünki Şahla nişanlandığımın ertəsi günü “böyüklərdən” biri bu lent yazısını Parisdə fəaliyyət göstərən bir radioya göndərdi, onlar da dərhal efirə verdilər. Allaha şükür, ən xırda pis söz də söyləməmişdim, ona görə də həmsöhbətinizin sizin dilinizi anlamadığından əmin olduğunuz təqdirdə, belə bir şeyi sınaqdan keçirə bilərsiniz.

Memarlıq məktəbindəki bilik səviyyəsi Janna d’Ark və Razi liseyindən çox fərqliydi. İllər boyunca bizə dözümlülük və kollektivçilik ruhu öyrədilirdi, buradasa, uğur qazanmaq üçün tam tərsinə alışmaq lazım gəlirdi. Mənim o dövrdəki yoldaşlarımda başlıca xüsusiyyət fərdiyyətçilik, özlərini hamıdan ayrı tutmağıydı. Ahəng və ünsiyyəti hər şeydən çox sevən bir adam kimi, belə vəziyyətə dözməyin məndən ötrü təhqirlərə qatlanmaqdan daha çətin olduğunu etiraf eləyirəm. Bu vəziyyətin günahkarı sistemiydi… Yalnız ən yaxşılar ikinci kursa keçə bilərdilər – bu bir növ yarışmaydı-nəticədə hamı yoldaşının qarşılaşdığı maneələrdən sevinc duya bilirdi. Əgər biri gəlib məndən riyaziyyatdan kömək istəsəydi, heç başqa cür hərəkət eləməyi ağlıma belə gətirməzdim. Amma bunun əksi olan vəziyyət yarananda, hamının bir bəhanəylə aradan çıxdığını görürdüm. Bunu son dərəcə təhqiramiz sayır, əzab çəkirdim. Ən pisi atelyedə altmış tələbənin imtahanı zamanı baş verənləriydi.

Aramızdan bir nəfər imtahan çertyojlarının üstünə mürəkkəb dağıdardısa, ya da diqqətsizlik eləyib, çertyoju cırardısa, o, “Tfu! Allah lənət eləsin!” deyə sarsıntı keçirəndə, başqaları xor halında “Oh, nə gözəl oldu! Biri əksildi!…” – deyib sevincdən qışqırırdılar.

Mənə gələndə, rəsmdə yaxşıydım, amma xüsusi məktəblərdə öyrədilən rəsm texnikalarını bilmirdim, bu mənim üçün çox əhəmiyyətli maneəydi, çünki rəsm dərsinin həcmi olduqca çoxuydu. Yoldaşlarımın hətta böyük təhqirlərinə baxmayaraq, gücümü, xüsusilə, rəsm dərsinə vermişdim. Müəllimim: “Siz şərqlilər perspektivdən heç bir şey anlamırsınız”, deyə təkrarlayıb dururdu. Canımı dişimə tuta-tuta çalışıb, çəkdiyim at başı rəsmiylə 20 baldan 17 bal almışdım və rəsmim divardan asılanda, çox qürur duymuşdum.

Bu mühit məni olduqca bezdirmişdi, üstəlik, atelyedə yalnız beş-altı qızıydıq və oğlan tələbələrin sataşmaları işimizi büsbütün çətinləşdirirdi. Oğlanların çoxu bizimlə lağ-lağı eləyib, alçaldırdılar. “Heç bir qızın memar olmağa qəti haqqı yoxdu”, ya da “Siz qızlar buraya ər tapmağa gəlirsiniz”, deyirdilər. Bir gün aralarından biri hamının qarşısında mənə hücum eləyərək, “Sən ölkədə neçə dəvə eləyirsən” (“Sənin qiymətin ölkənizdə neçə dəvədi?-tərc.) dedi. Bunu deyən fransızıydı, qürurum elə sınmışdı ki, onu qəti unuda bilmədim. Sonralar Tehrana məktub yazıb, yardım istəyəndə, ona cavab vermədim. O, cavab yazmadığım yeganə adamdı. Başqalarıyla, hətta üzümə su atan o “çoxhörmətli böyüklər”lə belə məktublaşdım, amma onunla qətiyyən.

İlk aylarda ailəmə və İrana duyduğum həsrət ürəyimi darıxdırırdı. Üstəlik, iqtisadi səbəblər üzündən dörd ildən tez ailəmi görməyə gedə bilməyəcəyimi də bilirdim. Dörd uzun il! Bitmək bilməz! Hələ dan ağarmamış oyanmaq, bir tərəfdə büzüşmüş narazı, yorğun sifətli fəhlələrin siqaret çəkdikləri metroya enmək və məktəbdə bitib-tükənməz lağlağılara dözmək… Mənim kimi çox sevilib, bir az da ərköyünləşdirilmiş qız üçün bu qədər şey artığıydı.

Əlbəttə, rahibə Klerə 1957-ci ilin oktyabrında yazdığım və tələbəlik həyatımı olduqca yaxşı təsvir eləyən aşağıdakı məktubda ondan məni üzən bəzi hadisələri gizlətdim.

“Hörmətli xanım Kler!

Tələbə yurdunda, Hollandiya bölümündə hər cür rahatlığı olan və pəncərəsi bulvara baxan təkadamlıq otağım var. Bir tanışlıq məclisi düzəltdik. Mənim üçün yaxşı oldu, yoxsa qəti bir kəslə görüşməyi bacarmayacaqdım. Otağımdan səhər çıxıb, axşam qayıdıram. Bəziləri məni istirahət otağında kitab oxuyan zaman tapırlar.

Məktəbdə ayrı-ayrı növbələrdə voleybol və basketbol məşqlərimiz var. Yoldaşlarıma Tehran çempionluğunu qazanmış komandanın oyunçusu olduğumu demədim. Hava günəşli olanda, universitetin bağçası çox gözəldi. Məktəb yeməkxanasında çox komik adət var; əgər biri başında şapka, hətta şalla girirsə, hamı o, başındakını çıxarana qədər çəngəliylə boşqabını döyəcləyir.

Bəzən ailəmi, dostlarımı görmək üçün çox çılğın istək duyuram, amma nisgilim qonşu otaqdakı bir yoldaşımın təbəssümüylə dağılır”.

Müvəqqəti olaraq, bursdan vaz keçmişdim, amma heç bir əskikliyim yoxuydu. Anam hər ay mənə ehtiyaclarımı ödəyəcək qədər pul göndərirdi, bəzən yoldaşlarıma yemək kuponu və ya metro kuponu verdiyim də olurdu. Yeganə əsl lüksüm vallar, hər ayın başında satın alıb, uzun müddət qalması üçün qayğıyla qulluq elədiyim bir dəstə çiçəyiydi.

Məktəbdə mühit yavaş-yavaş düzəldi. Bəzi oğlan tələbələr daha isti, daha incə rəftar eləyirdilər. Onlara sevgilim olmadığını söyləyəndə, mənə inanmadıqlarını görürdüm, bizim adət-ənənələrimizdə qızların boyfrendi olmasının yaxşı qarşılanmadığını başa düşmürdülər. Məni rahat buraxmaları üçün məktəbdəkilərə yurdda nişanlım olduğunu söyləyirdim, yurddakılar üçün də nişanlım universitetdən bir oğlanıydı. İşdi, mənə inanmazdılarsa, ya da vazdakı gülləri görərdilərsə, onlara Tehranda bir nəfərlə nişanlı olduğumu iddia eləyirdim. Mənim bu sözümə görə, nişanlıma Mahmud adı qoymaqla kifayətlənməyib, işi daha da irəli apardılar: başı türbanlı iri bığlı kişi rəsmi çəkib-güman eləyirəm, onların təsəvvür elədikləri iranlı kişi beləydi – altına “Fərəhin nişanlısı Mahmud” yazıb, şəkli qapımdan asdılar.

Qısa müddətdən sonra baş verənlər onların ən coşqun xəyallarına belə sığmayacaqdı. 1958-ci ilin sonunda Şahın Şahbanu Sürəyyadan boşandığını öyrəndik. O axşam xatirə dəftərimə bunları yazdım: “Şah və Sürəyya ayrılırlar, təəssüf!” Sonrakı aylarda mətbuat İran hökmdarının taxtın varisi olacaq oğlan uşağının doğulmasını hər şeydən çox istədiyinə və evlənmək üçün dərhal gənc qız axtarmağa başladığına işarə vururdu.

“Şah niyə səninlə evlənmir? Sən çox gözəgəlimlisən!” Bu cümlə bizim dövrün zarafatı oldu. Məşğələmiz qurtaran kimi, atelyenin arxa tərəfində bunu danışıb-güldüyümüzü xatırlayıram. “Ona yazsanız, – deyirdim, – burada ondan ötrü qız olduğundan xəbərdar etsəniz onu!” Yoldaşlarım da “Fərz elə ki, İrana qayıtdın və kraliça oldun, birinci nə iş görərsən?” soruşanda, “İlk qərarım hamınızı İrana dəvət eləyib, gəzdirmək olardı”, – deyə cavab verirdim.

O il adı Mərmanə olan əfqan qız yoldaşım varıydı, o da israrla: “Sən xarüqəsən! Şah səninlə evlənməlidi!” – deyirdi. İspaniyada birlikdə tətildə olanda, mənə verdiyi kartını gizlətdim. Üstündə məktəblərdə kiçik qızların oyun kimi yazdıqlarına bənzər bir şey yazmışdı: “Fərəh Diba-Fərəh Pəhləvi”. Beləcə, Şahın soyadını mənim adımla birləşdirən birinci adam Mərmanə oldu.

Məktəbdə dərslərimə başlayanda, uğur qazanacağımı güman eləyirdim, amma xüsusilə, rəsm dərsindəki bütün səylərimə baxmayaraq, ilin axırında kursda qaldığımı öyrəndim. Bir çox tələbə mənimlə eyni vəziyyətdəydi, köhnə tələbələr də eyni sıxıntıları yaşamışdılar. O yay kədərimi dağıtmaq və nisgilimi azaltmaq üçün bir neçə əcnəbi tələbəylə birlikdə Bretan bölgəsinə getdim. Mənim üçün ən heyrətamiz olan Mon-Sen Mişel dairəsində gediş-gəliş məsələləriylə tanış olmağıydı. Batz adasına da getdik, sonralar ordakı bir çimərliyə mənim adım verildi.

Fransadakı ikinci ilim başdan-ayağa daha xoş keçirdi; artıq Parisə alışmışdım, güvənə biləcəyim bir neçə qız-oğlan yoldaşım varıydı. Onlarla kinoya gedirdik, sabun köpüyünə oxşayan filmlərə getmək yaxşı qarşılanmadığı üçün kino salonlarına üstünlük verirdik, bundan başqa ciddi filmlərə də baxırdıq. Xüsusilə, İnqmar Berqmanın “Yeddinci möhür” adlı filmindən çox təsirləndiyimi xatırlayıram. Operaya, konsertlərə – güzəştli tələbə talonum vardı – gedirdik və Edit Piaf, Cəmşid Şeybani, Həmid Canbari, Jak Brel, Pol Anka ən çox sevdiyim müğənniləriydi. Günlərim latın məhəlləsində, universitet ətrafından keçib gedirdi. Sen-German bulvarı üzərindəki kino-teatrları və qəhvəxanaları ayaqdan salırdıq, burda dərslərdən vaxt tapanda, yoldaşlarımız arasında axşam yeməkləri təşkil eləyirdik. Məktəbin bu tədbiri böyük bir hadisəydi: bura qatılan ölkələrin tələbələri öz pavilyonlarını hazırlayırdılar. Biz iranlı tələbələr Perserolis aslanlarının iki böyük surətini çəkmiş, ölkəmizin yeməklərini bişirmişdik, o gün Gilanın ənənəvi qiyafəsini geyinmişdim.

Ara-sıra ailə üzvlərimizdən, qohumlarımızdan biri Parisə gələndə, restoranda axşam yeməyi yemək fürsəti qazanırdım. Mənuçöhr əmim məni Mulen-Ruja aparanda, orada verilən yeməkləri heç bəyənməmişdim. Həddən artıq bəsit zövqlərim varıydı, yeni-yeni dəbə minən “self servis” restoranlarını sevirdik. Bəzi axşamlar evlənib, öz evlərində yaşayan yoldaşlarımın axşam yeməyi dəvətlərini qəbul elədiyim də olurdu.

Artıq mən də məktəbin köhnə tələbələrindən biriydim, yəni bizütajdan canımı qurtarmışdım. Bundan sonra məndən “cəlladların” arasında yerimi tutmağım gözlənilirdi. Mənim başıma gətirilməsini sevmədiyim şeyləri başqalarının başına gətirməyəcək qədər vicdanlıydım.

Mənim eləyə bildiyim zarafatlar doğrudan da, çox ağır olan rəsm taxtamı metronun girişinəcən aparmaq və ya oturacağa adımı yazandan sonra ona kimsənin əl vurmayacağını söyləmək, siyirməmə asma kilid düzəltmələrini tələb eləmək oldu.

O il Münhendə yaşayan iranlı qız yoldaşlarımdan birinin dəvətiylə Milad bayramını orda qarşıladıq. Bu şəhərlə bağlı çox gözəl xatirələrim var. Muzeyləri gəzib, hər guşəsi tarix qoxuyan küçələrində uzun-uzadı dolaşdıq, dincəlmək vaxtı gələndə, isti kakao və çay içdik. Elə yenə bu cür çay süfrəsi açdığımız qəhvəxanada yan-yörəmizdəki adamlar başa düşmədikləri dildə danışdığımızı eşidəndə, bizdən gəldiyimiz ölkənin adını soruşdular, verdiyimiz “İran!” cavabı həmsöhbətlərimizi yəqin çox heyrətləndirmişdi, ona görə də əl-qol hərəkətləriylə onların gözündə vəhşi olduğumuzu başa salmağa çalışdılar. Tələbə təşkilatlarının sayəsində Beynəlxalq Brüssel sərgisini gəzib, bu münasibətlə Belçikanın paytaxtını tanımaq fürsəti də qazandım.

O il kommunistlərdən qorxmaqda haqlı olduğumu göstərən hadisə də baş verdi. İranlı qız yoldaşlarımdan biri Əlcəzairdəki müharibəyə etiraz bildirmək məqsədilə təşkil olunan nümayiş və toplantıda iştirak etməyim üçün məni dilə tutmağa çalışırdı. 1958-1959-cu illəriydi. Fransız imperializmiylə mübarizə aparan əlcəzairli döyüşçüləri müdafiə eləməyimiz lazım gəldiyini deyirdi. Əlcəzairin kolonializmə qarşı apardığı mərd mübarizəyə rəğbət bəsləyə bilərdim, amma comərd hərəkət eləyib, bizə qucaq açan Fransaya qarşı mübarizədə iştirakımın düzgün hərəkət olmadığını düşünürdüm. Təhsil almaq üçün bu ölkədəydim, siyasətlə məşğul olmaq üçün yox! Üstəlik, kommunistlərin yığıncağında iştirak eləməyi də qətiyyən istəmirdim. Guya hər bir ölkənin öz müqəddəratını həll eləməsinə hörmətlə yanaşmaq, “beynəlxalq inqilab” deyilən şeyin müdafiəsinə qalxmaq lazımıydı, amma mən bir şəxsiyyət kimi o inqilabın insan mənəviyyatına zərbə vuran üsullarını Azərbaycanda və Gilanda (universitetli bir qız yoldaşım Kommunist Partiyasının üzvü və silahlı üsyan tərəfdarı olduğundan, şahlıq dövründə həbs edildi. Azadlığa buraxılması üçün fəaliyyət göstərməyimi rədd eləməsi mənim gözümdə onu ucaldan hərəkətiydi. İllər keçəndən sonra balaca Leylamın ölümüylə bağlı mənə təziyə məktubu göndərdi. Çox uzun müddət bir-birimizdən xəbər tutmamışdıq. Ona zəng elədim, danışdıq. İkimizin də taleyimizdə çox böyük əzablar yaşamaq varmış… Bir gün onunla yenidən görüşəcəyimizi bilirəm) görmüşdüm.

Rəfiqəm Parisdəki qəhvəxanada məni fəal kommunist olan rəfiqəsiylə və başqa yoldaşlarıyla tanış elədi. Çox qan qaraldan, məni narahat eləyən yığıncağıydı. Bu lap gənc qızların və oğlanların gözündə dünya qapqaraydı. Hələ o yaşda sanki bütün dünyanı mənasız sayırdılar, kədərli və çox narazıydılar. Onlara görə, bu dünyada Sovet İttifaqından başqa qorunacaq heç bir şey yoxuydu.

Əlcəzair müharibəsinə qarşı təşkil olunacaq nümayişə qoşulmağı rədd eləyəndə, yoldaşım cəsarətli olmadığımı deyib, məni ələ saldı. Axırda ona bunun əksini sübut eləmək üçünmü nümayişə qoşuldum? Heç şübhə yoxdu ki, elədi. O gün nə danışdığımızı tamamilə unutdum, amma kişilərin dəri gödəkçələrinin altında dəyənəklər, dəmir çubuqlar gizlətdiklərini görəndə, heyrətimdən donub qaldığımı çox yaxşı xatırlayıram. Xatırladığım başqa bir şey də öz-özümə “Əgər pis bir şey baş verərsə və polis bizi həbs eləyərsə, anama və səfirlik nümayəndələrinə nə deyəcəyəm”, – deyə düşünməyimdi.

Ayrı bir vaxt eyni qızlar məni Şərqi Almaniyadan gələn bir adamla tanış elədilər. Bunu yada salmağımın səbəbi illər keçəndən sonra çox qəribə təsadüf üzündən bu adamla yenidən qarşılaşmağımdı. Şahla Gilanda tamaşaya baxmaq üçün teatra getmişdik, mühafizəmizə cavabdeh olanlardan biri gəlib, səhnədə tamaşa üçün vacib olan atəş açılacağını, narahat olmamağımızı söylədi. Əlində oyuncaq tapançayla kimi gördüm, deyirsiniz? Şərqi Almaniyalı adamı! Əyilib Şahın qulağına qısaca hekayəti danışdım. Tamaşa sona çatdı. Şərqi Almaniyalı da sirrini özündə saxlayaraq, başqa üfüqlərə yol aldı.

Yenə 1959-cu ilin baharında ilk dəfə Şahı yaxından görə bildim. Şah general de Qolla rəsmi görüş keçirmək üçün gəlirdi; belə vəziyyətlərdə həmişə olduğu kimi, İran səfiri Fransadakı iranlılardan bəzilərini Şaha təqdim eləmək istəmişdi. Seçilənlərdən biri də məniydim.

Bu ilk görüş axşamı anama yazdığım məktubda o gün nə qədər həyəcanlı və qürurlu olduğumu görə bilirəm:

“Qara-ağ tvid (parça növü-tərc.) kostyum geyinib, yaxama kameliya taxdım. Səfirliyə getdik. Maşını nə qədər gözəliydi! Özü də çox xoş təsir bağışladı. Saçları ordan-burdan tamamilə ağarıb, gözləri hüznlə doludu. Onu ilk dəfə bu qədər yaxından görməkdən o qədər xoşbəxtəm ki! Amma həmişə olduğu kimi, tələbələr onun başına yığılanda, yeddi santimetrlik dabanı olan ayaqqabı geyinməyimə baxmayaraq, Şahı görməkdə çətinlik çəkdim. Onda mədəniyyət attaşemiz Tafazoli yanıma gəldi, əlimdən tutub: “Buyurun, lütfən, siz də yaxınlaşın, daha yaxına gəlin!” – dedi. Amma sən qızını tanıyırsan… Yerimdən qımıldanmadım, arxada qaldım. Özümü ona göstərməyə çalışdığımın söylənməsini istəmirəm.

Daha sonra Şahın əlini sıxdım və “Fərəh Diba, memarlıq tələbəsiyəm”, – dedim. – Məndən “Nə vaxtdan bəri buradasınız?” – deyə soruşdu. “İki ildi”,– cavabını verdim. Mədəniyyət attaşemiz dərhal təriflədi: “Bu balaca xanım çox çalışqandı, kursda birincidi, fransızca da çox yaxşı danışır!” Mənim üçün belə incə şeylər söyləməsi nə qədər kübar hərəkətiydi! Şahın əlini reverans edib sıxdığımı söyləməyimə ehtiyac yoxdu, qəlbimin necə küt-küt vurduğunu da təxmin eləyə bilərsən.

Dərhal sonra yoldaşlarım üstümə cumdular: “Fərəh, gününü gözəllik salonunda keçirdin. Şah burdadı, amma sən ona yaxınlaşmağa cəsarət eləyə bilmirsən…” Orda olan qohumlarımdan biri Şahın məni bəyəndiyini iddia elədi: “Sən salondan çıxanda, gözləriylə müşayiət elədi”. Təbii ki, bunların hamısı uydurmaydı.

Sonra attaşenin yaxınlaşdığını hiss elədim: “Qızların Şahın başına elə toplaşmaları heç yaraşan hərəkət olmadı, hardasa polislik eləyib, onları uzaqlaşdırmağım lazım gəlirdi!” Allaha şükür, mən onların arasında deyildim. Onda yeri gəlmişkən, ağayi Tafazoliyə burs məsələsini təkrar izah elədim. Mənə yardım göstərməyə çalışacağına söz verdi”.

Tədris ili sevinclə başa çatdı. İkinci kursa keçdiyimi öyrəndim. Sen-German bulvarında dolaşanda, sonra Pon-Neufu keçəndə, rast gəldiyim yoldaşlarımdan biri müjdə verdi. Eyni zamanda da bütün yayı Tehranda keçirə biləcəyimi öyrəndim. Anam təyyarə biletlərimi göndərirdi. Heç bir şey məni bundan artıq sevindirməzdi.

Parisdə son günlərimi mənim kimi tətildə Tehrana qayıtmalı olan rəfiqəmlə mağazaları gəzə-gəzə keçirdim. Elə sevinirəm ki, sanki özümə sığmıram. Bundan başqa, məni görəndə, geyimimi bəyəndiklərini, “tamamilə parisli xanım” kimi geyindiyimi düşündüklərini xatırlayıram. Fildişi və açıq-yaşıl rəngli, güllü ipək blüz, eyni fildişi rəngli bədənimə kip oturan dar ətək, qəhvəyi rəngli ayaqqabılar, dəbli çanta və nəhayət, zeytun yaşılı manto aldım. Dörd aydan sonra, bu dəfə əməlli-başlı Şahbanu kimi cehizimi hazırlamaq üçün Parisə qayıdıb, “Qrillon” otelində qalacağım və yenidən mağazalara qaçacağım ağlımın guşəsindən belə keçmədi!



V

Tehran hava limanından yaddaşımda qalan çox görkəmsiz bina olmasıydı, sərnişinləri yola salmaq üçün o binadan çıxmaq və təyyarələrin lap yaxınlığında çəkilmiş divara qədər getmək olurdu. O qədər sadə binaydı ki, tamamilə aviasiyanın başlanğıc illərini xatırladırdı. Qayıdanda, həmin binanı tanımadım. Yalnız iki ildə uçuş zolaqları ətrafdakı əraziyə yayılmışdı; gözəl nəzarət qülləsinin arxasında təptəzə, par-par yanan bürolarıyla yeni sərnişin binası ucalırdı. Amerika və Avropa aviasiya şirkətlərinin çoxsaylı nümayəndəlikləri onların da İranı kəşf elədiklərini sübuta yetirirdi.

Beləcə, neftin milliləşdirilməsinin səbəb olduğu böhrandan altı il sonra iqtisadiyyatımız yenidən sürətli inkişaf yoluna qədəm qoymuşdu. Yolları maşınlardan tıxanmış, sayı çox artmış tikintilərdən toz-torpaq içində qalan Tehranı tanımaq çətiniydi. Uşaqlığımızın faytonları hara yox olmuşdu? Səkilər səyyar satıcılarla doluydu. Mən Parisdə olanda, anamgil atamın vəfatından sonra yaşadığımız evdən köçmüşdülər, yeni evi görmək üçün çox tələsirdim. Bu ev Qütbi dayımın əsəriydi, illərlə çalışandan sonra ölkədəki dirçəlişin köməyilə bizə rahat ev tikə bilmişdi. Üzgüçülük hovuzu da olan evimiz Tehran təpələrində, Şəmiran yaxınlığında, düz tətilimi keçirdiyim yerdəydi… Ailəliklə ən xoşbəxt anlarımızı yaşadığımız bu yerdə anama, bütün qohum və dostlarıma qovuşmaqdan çox böyük sevinc duyurdum.

Fransadan qulaqlarımda Rey Çarlz, Sidni Bechet, Edit Piafın melodiyalarıyla qayıtmışdım. Həddən artıq səmimi tərzdə son dəbli olduğumu güman eləyirdim, amma bir az sonra getdiyim ilk ballarda Tehranda da yeni müğənnilərin dinlənildiyini gördüm. Janna d’Ark və Razi Liseyini bitirmiş qız-oğlan bütün qohumlarım da mənimlə eyni vaxtda Avropada oxuduqları universitetlərdən qayıtmışdılar.

İnkişaf eləməkdə olan ölkənin müstəsna uşaqları kimi, biz doğrudan da, yurdsevər, amma başqa mədəniyyətlərə açıq, kompleksləri olmayan, xoşumuza gəlməsinə görə, hər şeyi dinləməyə, sevməyə hazır gəncləriydik. O yay evlərdə çoxlu rəqs elədik, çoxlu rok musiqisi dinlədik, mən burda olmayanda açılmış bir çox kino-teatrlara getdik.

İkinci kurs layihə mövzusu kimi, İsfahandakı fasadı fəvqəladə gözəl mozaik naxışlarla bəzənmiş Şah Məscidinin memarlığı üzərində işləməyi seçmişdim. Xüsusilə, fasadın bir hissəsini bərpa eləmək istəyirdim, bu səbəbdən, rəsm çəkmək və məscidlə bağlı bütün məlumatları oxumaq üçün günlərimin böyük hissəsini Tehran Arxeoloji Muzeyində keçirirdim. Axşam qayıdanda, yoldaşlarımla tapışır, ya Şəmirandakı çəmənliklərdə yemək yeyir, ya da Tehranda bir yerə əylənməyə gedirdim. Təhsil həyatımdan məmnun, ailəm və öz ətrafımdakı yoldaşlarımla gözəl ünsiyyətdəydim. İki il əvvəl gedəndə, heç vaxt qayıtmayacağımı dediyim Tehranla təzədən barışmışdım. Həyatımın heç bir dövründə bu qədər tamam-kamal xoşbəxt olmamışdım.

Bir gün dayım oğlu Rzanın yoldaşlarından, şahın qohumu Söhrab bizim tələbə qrupumuzu Tehrandan kənarda, Ana Şahbanuya məxsus bir evə – Şah-Dəştə dəvət elədi. Şah ailəsini yetişdirmiş bu evə girəndə, ağzımız açıq qalmışdı… Çaşqın və həyəcanlıydıq, hər otaqda aramızdan bir nəfər mütləq: “Təsəvvür eləyirsinizmi, bəlkə də Şah bu kresloda oturub… Bəlkə də bu yataqda yatıb…” – pıçıldayırdı. Həyəcandan nəfəsimiz kəsilmişdi.

Hələ kiçik yaşlarımdan etibarən Şaha qarşı dərin hörmət bəsləməyi öyrənmişdim. Şah bizim üçün müqəddəsiydi! Əmilərimdən İsfəndiyar Diba Şahın otaq xidmətindəydi və bu vəzifəsinə görə, hər il Novruz bayramı gələndə, Şah ona üzərində rəsmi olduğu üçün “Pəhləvi” deyilən kiçik qızıl pul hədiyyə eləyir, əmim də bu qızılı mənə verirdi. O qızılın fövqəladə gücü olduğuna elə əminiydim ki! Ailədə qeydsiz– şərtsiz Şahdan gələn hər şeyin uğur gətirəcəyinə inanırdıq, o dövrdə adamlar yuxularında Şahı görsəydilər, bu xeyir əlaməti deməyi idi.

Artıq burs problemimi çözmək məcburiyyətindəydim. Baxmayaraq ki, indi dayımın maliyyə vəziyyəti yaxşıydı, anam da ehtiyaclarımı ödəyə bilirdi, amma mən bu yardıma haqqım olduğunu düşünürdüm. Parisdəki təhsil xərclərimi dörd-beş il də ödəmək, hər şeyə baxmayaraq, ailəmin böyük fədakarlıq göstərməsi deməyiydi. Bu bursu almalıydım, bütün məsələ kimin üstünə getməyin lazım gəldiyini öyrənməyi idi.

Ölkə xaricində oxuyan tələbələrin işləriylə artıq Şahın kürəkəninin məşğul olduğunu eşitdik. Təbii ki, bu dərhal mənə uğurlu əlamət kimi göründü. Üstəlik, haqqında danışdığım adam Şahın M.Müsəddiqin əvəzinə 1953-cü ildə baş nazir təyin elədiyi general Fəzlullah Zahidinin oğlu Ərdəşir Zahidi, Şahın 1939-cu ildə Misir kralı Farukun bacısı Şahzadə Fövziyyəylə evliliyindən olan tək uşağı, qızı Şahzadə Şahnazla evlənmişdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации