Электронная библиотека » Fərəh Pəhləvi » » онлайн чтение - страница 8


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Fərəh Pəhləvi


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]

Шрифт:
- 100% +

1963-cü il martın 21-də yeni il münasibətiylə polis Qum şəhərindəki qarışıqlıqları yatırtmaq üçün müdaxilə eləməyə məcbur oldu. Şah qan axmasından qorxurdu, amma qətiyyətliydi. Onunla eyni fikirdə olan Sədullah Aləm də “qara müqavimət” təhdidinin qarşısından qaçacaq adam deyildi. Aprelin 1-də Şah Məşhəd şəhərinə İmam Rzanın türbəsini ziyarətə getmişdi – mən qızımız Fərəhnaz yeni doğulduğu üçün ona yoldaşlıq eləyə bilməmişdim. Ərim “xoşgəldin” çıxışlarına cavab olaraq, Qurandakı buyruqları xatırlatdı, “müqəddəs kitabın qardaşlıq və dözümlülük prinsiplərinə zidd olaraq, bəzi adamların öz ciblərinin xeyrini güdən” mülahizələrini qınadıqdan sonra sözlərini belə davam etdirirdi:

“Bu adamlar zamanla ayaqlaşmaq cəhdimizi və ölkənin inkişafını dayandırmaq istəyirlər. Amma İran xalqı bu müqaviməti göstərənləri yaxşı tanıyır. Lazım gəlsə, biz də onların adlarını bir-bir açıqlayacağıq”.

Onlar öz-özlərinə ortaya çıxdılar, xüsusilə, ən qızğını olan Ruhulla Xomeyni məktubdakı hörmətkar ifadəsini itirib, ağzı köpüklənə-köpüklənə, “ölkənin qərbləşdirilməsi” adlandırdığı irəliləmə və dünyaya açılma cəhdlərinə qarşı çıxırdı. İyun ayının başlanğıcında qarışıqlıqlar artdı və Şahın iki ay əvvəl getdiyi Məşhəd şəhərində bir polis vuruldu. Xüsusilə, Tehranda və Şirazda asilər sənaye müəssisələrini yandırıb, çoxlu mağazaları taladılar. Bunun müqabilində hökumət Xomeynini həbs eləməyi qərara aldı. Xalq arasında gərginlik artmışdı, yaxın ətrafımızda belə, az qala əllə hiss edilən gərginlik hökm sürürdü; o il Şah bizi şəhər mərkəzindən uzağa, Şəmirandakı Sadabad Sarayına göndərdi. Mən qucağımda üçaylıq qızımız Fərəhnazı tutanda, yanımızda döyüş paltarı geyinmiş mühafizəçilər varıydı.

Xomeyninin həbs olunmasından sonra hadisələr böhran nöqtəsinə çatdı. Ölkənin böyük təhlükəylə qarşı-qarşıya olduğunu sezən baş nazir Aləm Şahdan baş komandanlıq səlahiyyətlərinin müvəqqəti olaraq ona verilməsini xahiş elədi. Ordudakı vəzifəliləri çağıraraq, ayağa qalxan mühafizəkarların Tehranı ələ keçirə biləcəkləri barədə danışdı. Ordu baş nazirdən İranın xilası üçün böyük təhlükə yaranarsa, atəş açmaq əmrini aldı. Sədullah Aləm hökmdarın mühafizəsinin yenidən təşkili üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü, uğursuzluğa məruz qalarsa, bütün nəticələrinə cavab verəcəyini açıqca söylədi. Axırda sözünə əməl elədi, amma Tehranda otuz və ölkənin digər şəhərlərində üst-üstə əlli adam ölmüşdü.

Ruhulla Xomeyninin edam cəzasına məhkum ediləcəyi barədə şayiələr dolaşırdı. Baş nazir onun edam cəzası almasa da, qətiyyətlə məhkum olunmasına tərəfdarıydı. SAVAK (ölkənin Müdafiə və Təhlükəsizlik Qurumu) naziri general Həsən Pakravan şəxsən gəlib, Şahdan Xomeyninin bağışlanmasını xahiş elədi. Hədsiz mədəni adam olan general Pakravan zəkalı və insanpərvər adamıydı (sonralar Fransadakı səfirimiz kimi vəzifə də daşıdı). Xalqın sakitləşməsinin lazım gəldiyini, ruhani sinfinin yavaş-yavaş islahatlara alışacağını, indilik Xomeyninin sadəcə olaraq, sürgünə göndərilməsinin kifayət eləyəcəyini söyləyirdi. Şah razı oldu. “Xatirələr”ində: “Xomeyni məhkum edilmək bir tərəfə, mühakimə belə edilmədi. Ondan yalnız ölkəni atəşə verən bəlağətini gedib başqa yerdə göstərməsi tələb olundu”, – deyə yazıb.

Əvvəlcə, Türkiyəyə sürgün olunan Xomeyni sonralar Şahdan aldığı icazəylə yerləşdiyi İraqda rejimi təməlindən yıxmaq üçün cəhdlərini davam etdirdi. İslam çevrilişindən sonra İrana qayıdanda, ilk edama sürüklədiklərindən biri həyatını qurtaran general Pakravan oldu. Onun ölüm xəbərini alanda, sürgündə, Baham adalarındaydıq. Ölümü məni çox dərindən yaraladı. General və arvadı bizə çox yaxınıydılar, valideynlərimin də dostuydular.

1963-cü ildəki müqavimət iğtişaşlarının yatırılması və Ağ inqilabın ilk nailiyyətləri bütün demokratik ölkələrdə rəğbətlə qarşılandı. Xüsusilə, “New Üork Times” Şahın “fəhlələr və kəndlilərlə birləşib mühafizəkarlara və ənənəçilərə qarşı çıxdığını” yazdı.


* * *

Fərəhnaz 1963-cü il martın 12-də hadisələr hələ başlamamış doğuldu. Onu sarayda dünyaya gətirdim. Yaşayış qatında bir hissə diş həkimimiz üçün müalicəxana vəziyyətinə gətirilmişdi; bu otaq doğum evinə çevrildi. Qızımız olduğunu öyrənəndə, qəlbimi böyük sevinc dalğasının bürüdüyünü xatırlayıram. Xəbəri eşidəndə, Şahzadə Əşrəf və ögey qızım Şahzadə Şahnaz həyəcanlanıb, elə qışqırmışdılar ki, pilləkanda mənə Quran gətirən bir nəfərin bağrını yarmışdılar.

Şah və oğlumuz Rza Fərəhnazı birlikdə qolları üstünə aldılar. Ərim qızı olduğu üçün çox xoşbəxt idi, bəlkə sizə təəccüblü gələ bilər, amma Fərəhnazın dəftərinə bunları yazmışdım: “Ulduz falının təxmini: atasına çox böyük sevgisi var”. Doğrudan da, Fərəhnaz atasını dəlicəsinə sevirdi, atası da ona dərin sevgiylə bağlıydı; ikisi də bir-birini çox gözəl başa düşürdülər.

Ailəmiz genişlənirdi. Vəliəhd Rza üç yaşına girmişdi. Onun təhsili məsələsi elə hey beynimizi məşğul eləyirdi. Hər hansı uşaq kimi dövlət məktəbinəmi göndərməliydik, yoxsa xüsusi təhsilmi verməliydik? Birinci yolun mümkün olmadığını gördük. Rza hər getdiyi yerdə mehribanlıq və heyranlıqla qarşılanırdı, müəllimlərin bizim nəsihətlərimizə baxmayaraq, onunla xüsusi davranacaqları şübhəsiziydi, təmayül məktəbində oxuması doğru olmazdı. Uşaqlara gəlincə, Rzanı görər-görməz həyəcanlanır, adətləri üzrə, heyrətlənirdilər. Təbii ki, Rza bu vəziyyəti anlamırdı. Bir gün birlikdə getdiyimiz məktəbdə arxasınca qaçan uşaqların, o dayananda, dayandıqlarını görüb təəccüblənmişdi… Bununla yanaşı, oğlumuzun öz nəsliylə əlaqəsini qırmaq da istəmirdik. Axırda sarayın içində ailədəki öz yaşındakı uşaqlarla yaxınlarımızın bəzi tövsiyə eləyəcəkləri uşaqların da təhsil alacaqları orta məktəb və uşaq bağçası təşkil olunmasına qərar verildi.

Rza, sonra Fərəhnaz, Əli Rza və Leyla dördü də müəllim seçimi barədə həm ciddi, həm də xalqla açıq münasibəti təmin eləyən bu məktəbdə təhsillərinə başladılar. Başqa hökmdar ailələrinə mənsub olanların bütün təhsillərini Avropa və ya Amerikadakı nüfuzlu, xüsusi məktəblərdə alan uşaqlarının əksinə, onların yanımızda olmalarının könül rahatlığı sarıdan da bir çox xeyri oldu.

Balaca vaxtı ərimin xüsusi müəllimləri olub, sonralar ölkə xaricində aldığı təhsili bir növ sürgünə çevrilib; o dövrdən çox az söz açmasına baxmayaraq, sarsıntılar keçirdiyi anlaşılırdı. Ailəsindən ayrılanda, hələ on bir yaşındaymış. İsveçrədə Leman gölü kənarında Roll de Rose məktəbində oxuyub. Kiçik qardaşı Əli Rzadan başqa, yoldaşlarından təvazökar bir ailənin uşağı olan Hüseyn Ferdostun da özüylə gəlməsini istəyib. Beləcə, bütün təhsil həyatı ərzində Şahla eyni məktəbdə oxuyan ağayi Ferdost ərim taxtda oturduğu müddətdə ona yaxın olmuşdu (Hüseyn Ferdost general olduğu zaman ərim tərəfindən Xüsusi Mühafizə Xidmətinin rəhbəri təyin olunmuşdu. Şahın etibarını qazanan general onun qulağı kimiydi, sonra İslam rejiminin xidmətinə girib, köhnə dostuna xəyanət elədi).

O dövrdə İsveçrəyə çatmaq üçün çox uzun səfər eləmək lazım gəlirdi. Üç uşaq Xəzər kənarındakı liman şəhəri Bəndər-Pəhləvidən gəmiyə minib, Bakıya gəliblər. Ordan mindikləri qatarla bütün Avropadan keçiblər. Rza şah məktəb rəhbərliyinə: “Oğlum xüsusi münasibət görməsin, ayaqlarının üstündə durmağı öyrənsin!” – deyib. Şah orda beş il keçirib, amma hökmdar olmağı lazım gəldiyinə görə, digər uşaqlar üçün əzizlənməyib. Bu da onun bu barədə yazdıqları:

“Sanki əsir kimiydim. Dərs saatlarından sonra yoldaşlarım qruplar halında şəhərə enərdilər, mənim onlara qoşulmağa icazəm yox idi. Milad və yeni il tətillərində Rose yaxınlığındakı otellərdə təşkil edilən ballara, qonaqlıqlara gedərdilər, amma mənim buna haqqım yoxuydu. Yoldaşlarım gülüb, əylənib, rəqs eləyəndə, mən otağımda təkbaşıma otururdum. Bir radiom və qrammafonum varıydı, onlar yoldaşlarımın qoşulduqları əyləncələrin yerini vermirdi. Bunun heç də ədalətli olmadığını düşünürəm”.

Məktəbdə yeganə əyləncəsi futbol və buz üzərində xokkey oynamaq olub. Şah bunları da əlavə eləyib: “1936-cı ildə qayıdanda, heç bir yeri tanıya bilmədim. Bəndər-Pəhləvi modern qərb şəhəri olmuşdu. Tehranın ətrafını dövrələyən köhnə divarlar atamın əmriylə yerlə-yeksan edilmişdi, şəhər Avropa şəhəri görkəmi almağa başlamışdı”.

Şahın Avropada keçən yeniyetməlik dövründə Ağ inqilabın təməlini qoyan düşüncələri formalaşmağa başlamış, keçirdiyi sarsıntıları bir tərəfə qoyub, daha sonra belə demişdi: “O illər bütün həyatımın ən əhəmiyyətli dövrüydü, orda demokratiyanın nə olduğunu öyrəndim”.

Bu düşüncəni həyata keçirməyin başqa yerdə olduğu kimi, İranda da bir səbəbi var. 1964-cü il aprelin 10-da oğlum və ərim sui-qəsddən güclə qurtuldular. Fərəhnazın birinci yaş gününü, Rzanın da üç yaşına girməsini yenicə bayram eləmişdik. Hər səhər Rza atasının iş otağının yerləşdiyi Mərmər Saraya qədər onunla gedərdi. Ata-oğul bu yolu əl-ələ tutub, piyada gedərdilər. Sonra Şahın dəftərxanasından bir xidmətçi Rzanı dərhal yaxındakı otağına aparırdı. 10 aprel səhəri istisna kimi, Rza atasıyla getmədi. Tərbiyəçisi sinfinə gələcək yeni uşağı qarşılaması üçün məktəbə bir az da erkəndən getməsini istəmişdi. Bu səbəbdən, Şah, yol qısa olmasına baxmayaraq, maşınla təkcə getmişdi.

Şah görünər-görünməz, növbədə duran əsgərlərdən biri maşınına atəş açmağa başlayıb. Xidmətçisinin və mühafizəsinə cavabdeh olan adamların danışdıqlarına görə, Şah heç bir şey olmamış kimi, maşından düşüb və binanın holluna girib. Bütün bu müddət ərzində əsgər ona atəş açmaqda davam eləyirmiş! Mərmər Sarayın qapısının hər iki tərəfində növbə tutan əsgərlər ilk silah səsini eşidər-eşitməz qaçıblar. Şah içəri girər-girməz xidmətçi qapıları bağlamağa çalışıb və əlindən yaralanıb. Sui-qəsdçi o anda qəti təlaş göstərmədən öz otağına girən ərimin dalınca içəri soxulub. Amma bu vaxt Saraydakı xüsusi mühafizəçilər nəsə baş verdiyini anlayıb, atəşə qarşı atəş açmağa başlayıblar. Düşən şiddətli atışmada mühafizədən iki adam, hər ikisi çavuş olan Ayət Lasgari və Məhəmməd Əli Babaian həlak olmuşlar, sui-qəsdçi də öldürülüb. Amma sonralar güllələrdən birinin Şahın otağının qapısını deşib, qoltuğunun altına dəydiyi məlum olub.

O əsnada mən on dəqiqə sonra başlamalı olan bir işgüzar yığıncaq üçün güzgünün qabağında makiyajımı eləyirdim.

Telefon zəng vurdu, Mərmər Sarayda yaşayan Ana Şahbanu məni axtarırdı.

“Aman Allahım, Fərəh can!”

Səsini güclə tanıya bildim.

“Nə olub, ana?”

“Şaha atəş açdılar”.

Sonra danışmağını davam etdirə bilməyib, hıçqıra-hıçqıra ağlamağa başladı, mən az qala öləcəkdim. Ana Şahbanu ağlayır, oğlunun yaşayıb-yaşamadığını söyləmirdi; nəfəs ala bilmirdim, ağzımdan güclə bir neçə kəlmə söz çıxdı:

“Bəs, o… o… necədi?”

“Allaha min şükür, sağdı”.

Telefonun dəstəyini qoydum, ərimin yanına qaçmamışdan qabaq robot kimi, makiyajıma davam elədim.

Mən yanına gedəndə, Şah həddən artıq sakit görünürdü, mühafizə zabitlərinə təlimat verirdi.

Bəs, Şah Rzanın bapbalaca əlindən tutub gedəndə bu qatillə qarşılaşsaydı? Necə qorxunc fəlakətdən qurtulmuşduq!

Sonralar Şah ona atəş açan qatilin tutulan suç ortaqlarından birinin yaşadığımız Ekhtessasi Sarayına gətirilməsini əmr elədi. Əlləri arxasında bağlanıb gətirilən adamı yuxarıdan, örtülü eyvandan mən də gördüm. Ərim onunla yumşaq səslə danışırdı. Güman elədiyimizdən də gənciydi, heç bir şey demir, xəcalət içində yalnız dinləyirdi. İnsanı həyəcanlandıran səhnəydi; ona acıdım və bu çılğın hərəkətə səbəb olanlara lənət yağdırdım.

Sonralar bu sui-qəsdə qarışan gənclərin Tudəyə yaxın ifrat sol qrup tərəfindən öyrədilib, beyinlərinin doldurulduğu ortaya çıxdı. Həmin hərəkatın üzvlərindən on il həbsə məhkum olan Pərviz Nikah sonra ərim tərəfindən bağışlandı. Şah onun həyatına qəsd edənləri bağışlayacağını, amma ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid eləyənləri qəti bağışlamayacağını tez-tez təkrarlayardı. Azadlığa çıxanda, Pərviz Nikah hökumətlə münasibətlər yaratdı, sonra İran televiziyasında işlədi. Bunun əvəzini də həyatıyla ödədi. İslam inqilabının lap ilk həftələrində Tudə Partiyasındakı köhnə yoldaşlarının təhrikiylə ölümə məhkum olunub, edam edildiyini öyrəndim.

Aradan uzun illər keçəndən sonra yoldaşlarından Nikahın döyüşçü-kommunist olduğu dövrdə keçirdiklərini öyrənən bir nəfər ondan eşitdiklərini danışdı:

“SAVAK bütün diqqətini kommunistlər üzərində cəmləmişdi, mollalara heç fikir vermirdi. Mən fikirlərimi açıqlamaq üçün kəndlərə gedəndə, adamlar dərhal məni təhlükəsizlik qüvvələrinə verirdilər, ona görə də mollalar Şah və rejim əleyhinə istədiklərini söyləyə bilərdilər, kimsə onlara ilişməzdi”.

On beş il qabaq, 1949-cu il fevralın 4-də Şah bir sui-qəsddən qurtulmuşdu. O gün Tehran Universitetinin yaradılmasının ildönümü tədbirlərində iştirak eləmişdi, sonra da bəzi tələbələrə diplomlarını verəcəkdi. Saat on beşi bir neçə dəqiqə keçəndə, rəsmi kortejin önündəki yerini tutub. Belə vəziyyətlərdə həmişə olduğu kimi, ətrafını fotoqraflar bürüyüb. Qəfildən aralarından bir nəfər fotoaparatın içində gizlətdiyi silahı çıxarıb və üç metrdən də yaxın məsafədən Şaha bir neçə dəfə atəş açıb.

Ardını hökmdar belə danışır:

“Üç güllə papağımı havaya tullayıb, başımı sıyırdı, keçdi. Dördüncü güllə sağ yanağımdan girib, burnumun altından çıxdı. Hücum eləyən gözümün qabağındaydı, bir dəfə də atəş açacağını başa düşəndə, geri dönüb, azca əyilməyə imkan tapdım, beləcə ürəyimə dəyməli olan güllə çiynimə girdi. Qəsdçinin bir gülləsi də varıydı, amma silahı atəş açmadı”.

Ərim həmin adamın daha sonra silahını onun üstünə atdığını söylədi.

Sonra mülki polis və hərbi polis rəisləri eyni anda atəş açıb, onu öldürüblər. Dəhşətdən donub qalan polislər qəsdçi atəş açanda, Şahı qoruya bilməyiblər. O adamın Tudə üzvü və adının Nəsir Füqərayi olduğu öyrənilib. Bundan başqa, jurnalistlər arasına girib, Şaha yaxınlaşmaq üçün “İslamın bayrağı” adlı dini dərginin mətbəəsindən sui-qəsddən bir gün əvvəl mətbuat vəsiqəsi aldığı da aydınlaşdı. Şahı öldürməyə nail olmadıqlarından iki il sonra, 1951-ci ildə eyni terrorçular baş nazir general Hacı-Əli Razmaranı öldürə bildilər. General Razmara Azərbaycanın qurtuluş mübarizəsində Baş Qərargah rəisi kimi iştirak eləmiş hörmətli bir insanıydı.

Artıq kimsə Şahı dindən uzaqlaşmaqda suçlaya bilməyəcəkdi, əksinə, Allahın hifz əli üstündə olduğundan, onu öldürmək üçün hər yola gedənlər hər dəfə uğursuzluğa məruz qalırdılar. Şah uşaq vaxtı, atasının tac qoymasından bir neçə ay sonra tutulduğu tifdən də ölə bilərdi. Qırx gün düşməyən çox yüksək hərarətdən sonra həkimlər ondan ümidlərini kəsəndə, oğlunu hər şeydən çox sevən və hər mənada mətin olan Rza şahın yalnız o gün göz yaşlarına hakim ola bilmədiyini danışırlar. Atası gecəyarısı bir axund gətirdib, ondan oğlunun yaxşılaşması üçün dua eləməsini istəyib: “Ertəsi gün hərarətim düşüb, mən də sürətlə yaxşılaşmışam”, – deyə ərim danışmışdı.

Bir neçə il sonra, at belində İmamzadə-Davudda, dağda yerləşən müqəddəs yeri ziyarətə gedəndə, olduqca uca yerdən yıxılıb, başı qayaya çırpılıb, yanındakılar bir neçə dəqiqə qımıldanmadığını görəndə, öldüyünü güman eləyiblər. Amma qısamüddətli bayğınlıq anından sonra inanılmaz şəkildə burnu da qanamadan ayağa qalxıb. Şah o gün də imanı sayəsində xilas olduğunu düşünüb.

Ona görə, ikiyerlik “Tiger-tot” təyyarəsini sürəndə, təkərləri açılmadığından elədiyi məcburi enişdən qurtulmasının da başqa cür izahı yoxdu. O gün bir briqada generalı ilə birlikdə İsfahan yaxınlığında çay yatağının düzəldilməsi işlərini görməyə gedirmiş, qəfildən mühərrikin biri xarab olub. Hadisəni Şahdan eşidib, uzun müddət xatırladıqca əsmişdim:

“Bir an əvvəl enməyə məcbur idim. Ətrafıma baxanda, bunun çox asan olmayacağını gördüm. Qarşımızda kənd vardı: sağımda dağ, solumda yeni əkilmiş, təyyarənin enməsinin mümkün olmayacağı tarlalar… Düşməmək üçün müəyyən sürəti gözləyib, sağa döndüm. Birdən dağın dərin vadiylə bölündüyünü gördüm, dərhal rıçağı çəkib güclə qurtardım. Dağın yamacına qonmaqdan başqa görəcəyim bir iş qalmamışdı. Yerə təzəcə dəymişdim ki, qarşıma qaya çıxdı. Ondan qaçmağıma imkan yoxuydu. Qayaya çırpılanda, eniş dəsti qırıldı, təyyarə gövdəsi üstündə sürünməyə davam elədi, beləcə, tamamilə vaxtında sürətin azalması mümkün oldu. Bir dəqiqə sonra pər başqa qayaya çırpıldı və təyyarə fırlanaraq çevrildi.

Yol yoldaşım və mən özümüzü başıaşağı asılı gördük. Xeyli çalışıb, kəmərlərimizdən xilas olduq, General qorxudan yamyaşıldı”.

Ərim bu dünyadakı missiyasını sona çatdırmadan ölməyəcəyinə qətiyyətlə inanırdı; güman eləyirəm, bu 1964-cü ildə Mərmər Sarayda ona olunan ikinci sui-qəsd vaxtı niyə güllələrdən qorunmadığının yeganə izahıdı. O, iman sahibi bir insanıydı.

V

Bəli, ərimin cızdığı yolun doğruluğuna bütün qəlbimlə inandığım üçün özümü də inqilabımızın sıra nəfəri kimi görürdüm. Ölkəmiz geri qalmış ölkəydi, mən qapalı mühitdə doğulsam da, uşaqlığımın İranındakı yoxsulluğu xatırlayıram. Aradan iyirmi il keçəndən sonra artıq inkişaf eləməkdə olan ölkə kimi yada salınmağa haqqımız varıydı. (Qərblilər bu idrak dəyişikliyimin içində gizlənən ümid və qüruru başa düşə bilməzlər). Bu dəyişməni mövcud olan zehniyyət ağırlığına və müxtəlif təbəqələrin şiddətlə müqavimət göstərmələrinə baxmayaraq, hökmdarın və bir çox iranlının qarşısıalınmaz irəliləmə arzusuna borcluyduq. Birləşən qara və qırmızı müxalifət qüvvələriylə şiddətli mübarizə aparılmışdı. Bundan əlavə bir çox maneələri aradan qaldırmağa çalışmışdıq. Bunlardan ən xatırlananı ingilislərin əlindən min bir çətinliklə alınan neftin milliləşdirilməsiydi. Ərimin də fasiləsiz təkrarladığı kimi, cəhdlərimizi eyni ciddiliklə davam etdirdiyimiz təqdirdə 80-cı illərin ortalarında iqtisadiyyatımızın Cənubi Koreyanınkı ilə müqayisə edilə biləcək səviyyəyə çatacağına inanırdım.

O vaxtdan bəri yaxşı niyyətli hər bir kəs kimi mən də başlanan işləri dəstəkləmək, layihələri sürətləndirmək, maneələri aradan qaldırmaq, vəziyyətimizin imkan verdiyi qədər yardım eləmək istəyirdim. Ərim ilk gündən etibarən məni bu cəhətdən cəsarətləndirdi. Mənə rəhbərlik elədi, kömək göstərdi. Onun yanında olmağımı, ölkənin rifahı üçün işləməyimi istəyirdi.

Bunu necə eləyəcəkdim? Hadisələri özüm hiss eləyib, bilməli, yerimi tapmalıydım. İnsanın öz şəxsiyyətinə görə – və əlbəttə, hökmdarın şəxsiyyətinə görə – şahbanuluq vəzifəsini yerinə yetirməyin bir çox yolları var. Mən şahbanuluq məsuliyyətimi təkcə sevdiyim insana qarşı dürüst olduğum üçün yox, bundan başqa yurdumu da sevdiyim üçün, qəlbən və bütün gücümlə özümü vəzifələrimə həsr eləmək üçün üstümə götürdüm. Elə bilirəm, ailəm mənə kiçik yaşımda ölkə sevgisini və xidmət arzusunu aşıladı, eyni düşüncələri atama da öz atası öyrətmişdi. Bu duyğular mübaliğəsiz, mənim şəxsiyyətimin bir parçası olmuşdu. İndi ölkəmə xidmət növbəsi mənimiydi, bu işi görmək üçün Şahım məni özünə arvad seçib, verdiyi imkandan daha gözəlini xəyalıma gətirə bilməzdim.

Əvvəlcə Rzanın, arxasınca Fərəhnazın doğulmaları məni iş otağımdan bir az uzaqlaşdırmışdı. Əlhavasına bəzi şeylər tapdığım, iş planı tutmaqda çətinlik çəkdiyim, hətta canımın sıxıldığı günlər uzaqda qalmışdı artıq. İş otağım olduqca böyümüşdü.

Gündəlik proqramım o qədər sıxıydı ki, bəzən ərimlə baş-başa günorta yeməyi yemək üçün bir saat sərbəst qalmağı çətinliklə bacarırdım. Çox vaxt da yeməyi unudurdum. İranı narahat eləyən hər bir şey məni narahat eləyirdi, ayrı-seçkilik qoymurdum. Şahla hökumət əlbəttə, çox işləyirdilər, amma mənim də çox vaxt bəzi faktlar haqqında qadın və ana kimi, öz fikrimi bildirdiyim olurdu. Nəticədə bəzən mənim müdaxiləm işə yarayır, problem daha da tez çözülürdü. Bəzən də mənim varlığım, ya da dəstəyim bəzi bürokratik maneələrin aradan qaldırılmasına müsbət təsir göstərirdi. Mənə təqdim edilən və uğuruna inandığım bəzi layihələrin Şah və ya hökumət qarşısında müdafiə vəzifəsini üzərimə götürürdüm.

Cüzamlılara yardım və cüzamla mübarizə mövzusu buna gözəl bir nümunədi. Bu xəstəliyin adını ilk dəfə Janna d’Ark məktəbində eşitmişdim. Özünü bu bəlayla mübarizəyə həsr eləmiş fransız Rol Follerenin konfransını dinlətmişdilər bizə. O zaman cüzamın İranda insanları qırıb-çatdığını bilmirdim. Həmin gün öyrəndiklərim mənə o qədər təsir eləmişdi ki, axşam evdə anamla başqa bir şeydən danışmamışdım. Bir neçə gün sonra “Yaşıl gözlü yalqızlıq” adlı bu xəstəliyə yaxalanmış və cüzamlılara ayrılan adaya sürgün edilmiş gənc qadının hekayətini danışan kitab oxumuşdum. Bu qorxunc xəstəliyə tutulma talesizliyinə düçar olduğu üçün insanlar tərəfindən təcrid edilmiş, atılmış, sürülmüşdü, bundan daha böyük bir fəlakət ola biləcəyini düşünmürəm.

Sabiq səhiyyə naziri dr. Əbdülhüseyn Raci evlənməyimdən qısa müddət sonra mənimlə görüşmək istəyəndə, dərhal qəbul elədim. Xanım Ozra Ziyayiylə birlikdə gəldi. Hər ikisinə də heyran olmuşdum. Xeyli əvvəl təşkil olunmuş cüzamlılara Yardım Dərnəyinin sədrliyini üzərimə götürməyimi xahiş elədilər. Heç tərəddüdsüz razı oldum. Beləcə, cənab Follerenin konfransından sonra keçirdiyim dəhşətin üstündən on il keçməmiş, tale mənə cüzamlılara yazığı gəlməkdən başqa, onlar üçün hərəkətə keçmək qismətini bəxş eləyirdi. Dərhal Təbrizdəki Cüzam Mərkəzinə baş çəkmək istədim – daha bir Mərkəz də Məşhəd şəhərindəydi. Təbrizdəkinə baş çəkəndə, ilkin keçirdiyim şokdan daha güclü şok keçirdim. Tanınmaz hala düşmüş, deşik-deşik olmuş, sümükləri görünən üzlər və bu fəlakətin içində baxışlarındakı kədər… Xəstəliyi yüngül olanlar nisbətən ala-babat binalarda qalırdılar, amma digərləri dözülməsi çətin olan qoxunun yayıldığı kiçik, qaranlıq otaqlara atılmışdılar. Onlara şirniyyat gətirmişdik, bizi müşayiət eləyən adamın qəfildən şirniyyatı götürüb, itlərə tullayırmış kimi, xəstələrə atdığını gördüm. Həyatımda heç belə bir şey alçaltma və iyrənclik duyğusu yaşamamışdım. Qışqırmaqdan özümü saxlaya bilmədim:

“Qarşınızdakılar insandılar! Necə belə hərəkət eləyirsiniz? Buna necə cəsarət eləyirsiniz?”

Zavallı adam mat qalmışdı, xəstəliyə yoluxmaqdan elə qorxurdu ki!

Bu hadisədən dərhal sonra özünü həmin zavallı insanlara həsr eləyən bir neçə adamla iranlı və əcnəbi həkimlər, xüsusilə, Tehrandakı Paster İnstitutunun direktoru dr. Marsel Baltazar, bundan başqa xristian rahibələr və keşişlərlə görüşdüm. Sonralar elə xəstəxanalarda bizim müsəlman din adamlarından heç birinin işləmədiyini aşkar eləyəcəkdim.

Bu ilk ziyarətimdən sonra alimlərlə həmin xəstələrin həyat şəraitlərini dəyişdirmək, onlara cəmiyyət içində hörmətli yer ayırmaq üçün görə biləcəklərimizi müzakirə elədik.

Bizim həkimlərin cüzamı başlanğıcda müalicə eləyəcək təhsili olmadığı ortaya çıxdı – onlar bu xəstəliyi bir növ ekzema və ya dəri xəstəliyi sayırdılar – beləcə, xəstəliyin qarşısını almaq fürsəti əldən buraxılırdı, amma müalicəedici dərmanlar mövcuduydu. Bu səbəbdən, ilk cəhdimiz tibb fakültəsi tələbələrinə və işləyən həkimlərə xəstəliyin müalicəsiylə bağlı tədris proqramı hazırlanmasını təmin eləmək oldu.

Daha sonra ölkənin hansı bölgələrində xəstəliyin ortaya çıxmağının səbəbləri araşdırıldı. Beləcə, o bölgəyə sürətlə, xəstəlik barədə təhsildən keçmiş, işini bilən həkimlər göndərilə biləcəkdi. Fransa texniki əməkdaşlıq çərçivəsində cüzamın ortaya çıxmasındakı coğrafi, sosial və s. təsirləri araşdıracaq alimlər, coğrafiyaçılar və tibb işçilərindən ibarət heyət göndərib bizə çox əhəmiyyətli şəkildə köməklik göstərdi.

Bununla paralel olaraq, cüzamlı xəstələrin yenidən cəmiyyətə qayıtması üçün nələr eləyə biləcəyimizi fikirləşdik; bunu düşünmək lazım gəlirdi, çünki artıq sağalanlar belə, cüzamın izlərini saxlayırdılar – onlara “yaxşılaşmış yaralılar” deyirdik, ideal çözüm bizə görə, bu xəstələrin də əsas xəstəxanalara köçürülməsiydi – mənə cüzamın güman edildiyindən daha az keçici olduğu başa salınmışdı. Bununla belə, həkimlər özləri də qorxurdular. Qızğın tərzdə bizə qarşı çıxmağa başladılar, buna görə də həkimləri maarifləndirmə yığıncaqlarını artırmağı qərara aldıq. Amma 70-ci illərin axırında xəstəxanalardan bəzilərini cüzamlı xəstələrə aça bilmişdik.

Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsiylə sağalmış insanları öz evlərinə qayıtmağa təşviq eləmə fikrindən daşındıq. Cenevrədəki alimlər bu xəstəliyin səhra hissəsində, kiçik bir kənddə necə dəhşət yaratdığını bilə bilməzdilər. Ailənin bir üzvü xəstələndiyi zaman bütün ailə qaçırdı… Bu vəziyyət bizim yalnız sağalmış insanların və onların ailələrinin yaşayacağı kəndin tikintisinə başlamağımıza səbəb oldu. Şahdan öz şəxsi ərazilərindən bizə yer bağışlamasının mümkün olub-olmadığını soruşdum; qəbul elədi. Beləcə, Gorğan rayonunda min adamdan artıq əhali yerləşəcək kənd inşa eləyə biləcəyimiz ərazi aldıq. 70-ci illər ərzində Beh Qədəhdə (farsca “Şəfa kəndi” mənasında) üç yüz ev, on beş çarpayılıq xəstəxana, ibtidai məktəb, kinoteatr, polis sahəsi, aşxana, fabrik, emalatxana, anbarlar, çoxlu quyu və üzüm bağçaları varıydı. Bu kəndlə bağlı uğur elə böyüyürdü ki, əks tərəfdə birləşmə, qəbul eləmə arzusu meydana çıxdı: ətraf qəsəbələrdən get-gedə daha çox sayda insan işləmək və ya yeməkxanasından, ya da kinoteatrından istifadə eləmək üçün kəndə gəlməyə başladı.

Tarix bizə başqa “Beh Qədəh”lər yaratmaq fürsətini vermədi, amma iyirmi ildə cüzamlı xəstələrin və sağalanların taleyilə bağlı olaraq, iranlıların fikirlərini yumşaltmağı bacardığımızı güman eləyirəm. Bu baxımdan, ən böyük qadın şairlərimizdən Fərruh Fərruxzadın cüzamlılar haqqında çəkdiyi filminin yaddaşımda ayrıca yeri var. “Qaranlıq ev” adlı filmin kütlələrdə bu barədə mərhəmət hissinin yaranmasına böyük təsiri olmuşdu. Bütün o illər ərzində xəstələrin yaşadıqları yerləri müntəzəm olaraq, ziyarət elədim və hər dəfə də eyni sarsıntılar keçirdim. Qadınlar məni qucaqlayır, sonra elə bil, onları sağaltmaq gücünə sahibiymişəm kimi, əvvəlcə mənim üzümə, sonra özlərininkinə toxunurdular. Bu miqyasda böyük kədər və həsrət qarşısında duyğularımı gizlətməkdə bəzən çox çətinlik çəkirdim.

Elə həmin illərdə bacarıqlı həkimlərdən dəstək aldıq: pakistanlı, hindistanlı, isveçrəli, fransız həkimlər gəlib, heç bir haqq tələb eləmədən keçmiş xəstələrimizin burunlarını düzəltmək, qaş və kirpik əlavə eləmək, xəstəlik nəticəsində yumulmuş əllərini açmaq üçün əməliyyat apardılar. Onlardan birinin – üzü əməliyyatla düzəldilmiş, mənə yaxınlarda evlənəcəyi müjdəsini verən bir gənc adamın sevincini heç unutmaram. Elə xoşbəxtiydi ki! Əməliyyatı danışdığını eşidəndə, qəlbimdən belə bir möcüzəni gerçəkləşdirmiş cərrahlara xeyir-dualar eləyirdim.

Bu yaxınlarda məni ən çox duyğulandıran hadisələrin başında, taleləri üçün bu qədər narahatlıq keçirdiyim həmin keçmiş xəstələrdən biriylə əlaqədar gələn xəbər yer tutdu. Xəstə Ümumdünya Səhiyyə Təşkilatında işləyən və onunla qarşılaşandan sonra mənə xəbəri çatdıran iranlı həkimin qulağına bu sözləri pıçıldayıb: “Əgər hörmətli xanımı görsəniz, ona salam deyin. Biz onu unutmamışıq”. Bəzi sözlərin eynilə yaraya sürtülən məlhəm kimi, ovuducu gücü var. O sözlər də məni gələcəkdə bir gün həqiqətin gur səslə söylənəcəyinə ümid eləməyim üçün ürəkləndirdi.

Sevgiylə əkilən toxumun heç vaxt itməyəcəyinə bütün mənliyimlə inanırdım.

Uşaq kitabxanaları yaratmaq qərarım bu toxumlardan biri oldu. Amerikada kitabxanaçılıq təhsili alandan sonra ölkəyə qayıdan uşaqlıq yoldaşlarımdan biri Leyla Əmirərcüməndinin məni ziyarət eləməsiylə bu macəra başlandı. Yoldaşımla qeyri-rəsmi şəraitdə görüşdük, söhbət zamanı balaca iranlı uşaqlara kitab paylamaq fikri mənbədən fışqıran su kimi, öz-özünə ortaya çıxdı. Bizim uşaqlığımızda yaşımıza uyğun uşaq kitabı heç yoxuydu. Bizə qədim nağıllar danışılırdı, şifahi danışıq ənənəsi varıydı, bu nağılın bir çoxu yazılı deyildi. O dövrdə qərb ölkələrində olan şəkilli müasir hekayə kitablarına gəlincə, onları tapmaqdan söz gedə bilməzdi. Hər səhər radioda məktəb uşaqlarına ünvanlanan verilişinə “Sabahınız xeyir, uşaqlar!” (Batsheha salam!) deyə başlayan ağayi Sübhinin bəzi bədii hekayətləri nəşr edilmişdi, uşaq ədəbiyyatı dünyamız bununla məhdudlaşırdı, uşaq yazılarımız doğrudan da, çox kasıbıydı.

Əgər uşaqların gündəlik həyatına kitabı daxil eləməyi bacarsaydıq, onlara necə fövqəladə mədəni kəşf verə biləcəyimizi fikirləşdik. Kitab, şübhəsiz, başqalarının həyat hekayələrindən və talelərindən yararlanıb, insana öz gələcəyini müəyyənləşdirmək imkanını verən ən gözəl vasitədi.

Elə hər yeni həyat da xəyallardan gerçəkləşməyə başlamırmı? Bəli, əgər uşaqlara kitab oxumaq vərdişi aşılaya bilsək, onların çağdaş fikirləri daha asan anlamalarına, məsuliyyət duyğusu və etik dəyərlər qazanmalarına kömək eləyə bilərdik.

İşə girişməzdən əvvəl, ilk görülməsi lazım gələn iş şagirdlərin kitaba göstərəcəkləri marağı ölçməyiydi. Liliylə məclisin qadın millət vəkillərindən Hüma Zahidinin iki könüllüylə birlikdə uşaqların münasibətini görmək üçün bir neçə qutu kitab götürüb, Tehranın güneyindəki kasıb məhəllələrinə getmələrinə qərar verdik. Gözlədiyimizdən də böyük maraq gördük: uşaqlar bu şəkilli kitabları sanki şəkər paylanırmış kimi, qapdılar.

Ordan başlayıb “Uşaqların və gənclərin Zehni İnkişafına Yardım Təşkilatı” quruldu, biz də yardım toplamaq üçün bəzi qapıları döyməyə başladıq. Çoxlu miqdarda pula ehtiyacımız olacaqdı, buna görə də layihəmizə Təhsil və Mədəniyyət Nazirlikləri kimi təkanverici qüvvə ola biləcək nazirlikləri qoşa bilməyimiz vacibiydi. Hər iki nazirlik bizə kömək göstərməyi qəbul elədilər. İran Beynəlxalq Neft Şirkəti də xahişimizə əsasən yardıma razı oldu. Artıq bizə təkcə layihəmizi böyük həyəcanla qarşılayan naşirlərin, siyasətçilərin, universitet əməkdaşlarının və maddi, ya da mənəvi yönümdə dəstək ola biləcək ayrı-ayrı şəxslərin yardımlarını təmin eləmək qalmışdı. Təcrübi cəhətdən kömək göstərmək üçün kitab sahəsində ustalaşmış iki amerikalı gənc gəlib biliklərini bizimlə bölüşdülər. Həmin gənclərin biri – Kaliforniyada yaşayan Den birlikdə əkdiyimiz o toxumların xatirəsinə – bütün o kitablar, o kitabxanalar – bu gün hələ hər il mənə Novruzda bir torba gül toxumu göndərir.

İlk uşaq kitabxanasını yaratmaq üçün təbii ki, ən çox sayda oxucu kütləsinə malik ola biləcəyimiz Tehranı seçdik. Təhsilim yarımçıq qalsa da, memarlıq hələ könlümdəki yerini saxlayırdı; buna görə də ilk kitabxana binasının layihəsiylə özüm şəxsən məşğul oldum, sonralar tikilən bütün kitabxanalar üçün də bu sahədəki cəhdlərimi davam etdirdim. Kitabxanalar mütaliənin oyunla bağlı tərəfini də ifadə eləməliydilər. Tehrandakı kitabxananı uşaqların açıq havadakı oyunlardan kitablara, ya da kitablardan bayırdakı oyunlara asanlıqla keçmələrinə üstünlük verəcək formada parkın ortasında tikməyi məsləhət bildik. Parkların bütövlüyünü qorumaq məsələsində də vasvası hərəkət elədim. Daha sonra bu qaydanı kitabxanaların xeyrinə pozanda, ətrafda yalnız muzeylərin və teatrların olmasına icazə verildi. Tehran Uşaq Kitabxanası da, digər bütün kitabxanalar da orta məktəbdən on altı yaşına qədər bütün uşaqlara təmənnasız olaraq açığıydı. Uşaqları kitab oxumağa cəlb eləmək üçün kitabxanalarda işləyəcək xüsusi bacarıqları olan adamlar tapmağımız lazım gəlirdi. Ən kiçik uşaqlar üçün uşaq baxıcılarına və nağıl danışacaq adamlara ehtiyacımız varıydı, belələrini tapıb yetişdirdik. Daha böyük uşaqlar üçün onlara kitab seçmək barədə məsləhət verə biləcək, bilavasitə özləri də kitabsevər və çox kitab oxumuş adamlar axtarırdıq.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации