Электронная библиотека » Fərəh Pəhləvi » » онлайн чтение - страница 2


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Fərəh Pəhləvi


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]

Шрифт:
- 100% +

Küçənin bizi cəlb eləyən qarmaqarışıqlığı arasında bəzən oyuncaq satıcısının səsi də eşidilirdi. Uşaqların xəyallarını bəzəyən hər cür oyuncaq, başında apardığı səbətin iki tərəfində salxım-salxım, saçaq-saçaq düzülüydü. Taxtadan və ya bişmiş torpaqdan qavallar, rəngbərəng kağız fırlanğıclar, şarlar, fişənglər, ipatdılar və bu cür oyuncaqların hamısı biz uşaqlar üçün xəzinə dəyərindəydi. Ara-sıra satıcıdan bizə oyuncaq alınsa da, əsasən, oyuncaqlarımızı özümüz düzəldirdik, bəzən ev xidmətçiləri də bizə kömək edirdilər. Çağalarımızı araba arzusuyla ayaqqabı qutularında gəzdirirdik. Oğlanlar köhnə velosiped təkərlərini çəmbər kimi çevirirdilər. Kuklalarımıza da böyük ustalıqla ordan-burdan topladıqları parçalar düzəldirdilər… Mənim xəzinəmdə iki xarüqə oyuncaq vardı: “Ana” deyən kukla və sahibinə əlahiddəlik verən BSA markalı, əsl ingilis malı olan velosiped.

Oyuncaq satıcısından başqa bəzən “səyyar kino” göstərən də peyda olar və sehrbaz kimi bizi əyləndirərdi. Parlaq mislə örtülü qutusunda dörd ədəd göz dəliyi vardı. Uşaqlar pulu verib gözlərini bu deşiyə dayayanda, adamın inana bilmədiyi, fövqəladə mənzərəyə oxşayan rəsmləri və şəkilləri görürdü. Səsi də mənzərənin həyəcanlı, ya da komik olmasına görə, dəyişən tonlara ayrılırdı; mahnı oxuduğu da olurdu. Bizim hərfi mənası “Avropa şəhəri” (Shahre Farang) olan bu böyüdücü qutunun cazibəsinə qarşı durmağımız heç mümkün deyildi. Ona görə də traxomaya yoluxmağımızdan qorxan ailəmiz bizə bu sehrli qutunu da yasaq eləmişdi. Traxomanın o qorxulu bakteriyası gözə çox tez düşür və bir çox uşağın kor olmasına səbəb olurdu.

Rzayla mənim bəxtimiz gətirdi, traxomaya yoluxmadıq, amma mən “Şərq çibanı”ndan qurtula bilmədim. Bu, traxoma qədər təhlükəli xəstəlik olmasa da, çibanı törədən milçəyin qoyduğu iz ömür boyu qalır. Mənim çiban izim sağ əlimin üstündədi. Fəlakəti yenə asan keçirdiyimizi düşünən atam həkimdən qalacaq izin çox kiçik olması üçün əlindən gələni eləməsini rica edib. Ona: “Bilmək olmaz, doktor bəy, bəlkə də günün birində adamlar qızımın əlini öpəcəklər…”, – dediyini anam mənə danışmışdı.

Küçədə məni cəlb eləyən bu qədər çox şey olmasına baxmayaraq, ən böyük xoşbəxtlik yayda Tehrandan ayrılıb Elbrus yamaclarında salınan Şəmirana getməyiydi. Beləcə, şəhərin insanı bezdirən cəhənnəm kimi istisindən, tozundan qurtulur, dağların təmiz havasını udur, axşamlar da ləzzətli sərinlik hiss eləyirdik. Bu gün Şəmiran Tehranın quzeyində varlıların yaşadığı, çox yaraşıqlı yaylaq şəhərinə dönüb. Mən uşaq olanda, şəhər mərkəzindən on iki kilometr uzaqda, min səkkiz yüz metr yüksəklikdə salınmış balaca, gözəl bir qəsəbəydi. Bu cənnət guşəsində iki aylığa villa kirayələyirdik. Kef daha çox səfərlə başlayırdı. Hamımız atamın böyük “Ford” maşınına doluşurduq, xidmətçilər də faytonla arxamızca gəlirdilər. Sanki karvandaydıq, başqa yerə köç eləyirdik. Qocaman çinarların, kiçik sarı gül fidanlarının arasında qıvrıla-qıvrıla gedən bu yola heyran olurduq. Analar topladıqları qönçə güllərdən şərbət düzəldərdilər.

Şəmiranda evləri olan bir çox qohum və tanışla görüşürdük. Onlarla ara-sıra evcik oynadığım olurdu, amma bu çox sürməzdi. Mən daha çox oğlanlar kimi top qovmağı, gizlənpaçı, eşşək belində və ya piyada dağda-daşda dolaşmağı sevir, günorta yuxusundan qaçmaq üçün mümkün olan hər şeyi eləyərdim. Əllərimi palçığa batırıb torpaqla ev tikməkdən xoşlanar, təzə ceviz sındırar, barmaqlarımın qapqara olmasına fikir verməzdim. Əlimizi qaratut yarpaqlarıyla təmizlədiyimizi xatırlayıram. Xoşum gələn şeylərdən biri də ağaclara dırmanmağıydı. Hamısı mənim dostlarımıydı. Armud, alma, ceviz, qarağat, tut ağaclarını bir-bir tanıyırdım, bəzən ağacın başına çıxanda, oyunu belə unudar, düşməyi heç ağlıma gətirməzdim. Budaqların münasib yerinə örtük salır, özümə yuva qurub oturardım; göy üzünün ənginliyinə dalar, xəyallara cumardım; axşam düşər, evdəkilər məni görməyəndə narahat olardılar.

Şəmiranda axşamlar son dərəcə gözəliydi. Hamımız ailəlikcə kənd meydanında toplanardıq. Şiş kababı, közə basdırılmış qarğıdalı, təzə ceviz, hər cür şirniyyat satıcıları da orda olurdu. Dondurma burada artıq qadağan deyildi. Ata-analar gəzinəndə, ya da qəhvə arxasında oturanda, biz uşaqlar kiçik dükanların arasında dolaşıb şirniyyat yeyər, əylənərdik. Evə dönəndə, çox zaman böyük salonda hamımızın birlikdə yatmağımıza icazə verilərdi. Bütün qışı rahatca ata-anamızın otaqlarında yatdığımızdan, Rzayla məndən ötrü yerə sərilən döşəklərin üstündə yatmaq ağlagəlməz əyləncəydi; elə bil, dünya tərsinə dönürdü.

Tehrandakı italyan məktəbinə getdiyim ilk günlərdə dünya müharibəsi davam eləyirdi. Ailəm fransız dili xüsusi öyrənildiyi üçün bu dili seçmişdi. Atam da fransızca danışırdı və Fransaya çox bağlıydı.

Əvvəl Qacar xanədanı dövründə sarayda çalışmış, sonra Rza şaha xidmət eləmiş azərbaycanlı ailəyə mənsub olan atamın atası da fransızca və rusca sərbəst danışan diplomatıymış. Atam on iki yaşındaykən kiçik qardaşı Bəhramla Sankt-Peterburqdakı hərbi məktəbə göndərilib. On altı yaşında olanda, 1917-ci ildə bolşevik inqilabı baş verib, onlar da bizim səfirin yardımıyla qaça biliblər. Daha sonra atam Fransaya gedib lisey təhsilini tamamlayır, hüquq təhsili almağa başlayır və Sent-Ceyrdəki hərbi məktəbə qəbul edilir. Diplomunu alaraq geri, İrana dönüb, gələcək ərimin atası Rza şahın ordusunda əsgərliyini eləyib.

Anama gəlincə, onun kökü Xəzər dənizinin sahilində yerləşən Gilan şəhərindəndi. Anam çox sayılan sufi olan Qütbəddin Məhəmməd Gilaninin soyundan gəlirdi. Təhsilini Tehranda, fransız rahibələrin idarə elədiyi Janna d’Ark məktəbində almışdı. Eyni məktəbə illər keçəndən sonra mən də gedəcəkdim.

İtalyan məktəbində təhsilimə başlayanda, hələ on altı yaşındaydım. Anamın o gün mənə ağ kofta və dama-dama ətək geyindirdiyi dünənki kimi yadımdadı. Çəkingənliyimi də xatırlayıram. Digər uşaqlara qarışmağımın lazım gəldiyi deyilmişdi mənə, amma anamın içinə dəftər, qurğuşun qələm və tənəffüsdə yemək üçün alma qoyduğu kiçik çantamı bərk-bərk qucaqlayıb bir küncdə büzüşüb qalmışdım.

Xülasə, məktəbə alışmağım uzun çəkmədi. Yeni məktəb həyatı mənə azadlıq vermiş, dünyaya pəncərə açmışdı. Atam ara-sıra “Ford” maşınıyla məktəbə aparırdı, amma çox zaman xidmətçilərin birinə məni məktəbə aparıb-gətirməyi tapşırar, fayton pulunu da verərdi. Xidmətçi bu pulu əsasən özünə saxladığındandı ki, iki tərəfində barsız akasiya ağaclarının sıralandığı küçələrlə gördüklərimə heyran ola-ola piyada getdiyimizi xatırlayıram. Çiçək açmış bu barsız akasiya ağaclarını çox sevirdim, bu gün belə, qoxusunu duyanda, Tehranın həsrətindən burnumun ucu göynəyir.

Məktəbdə bizə Quran da öyrədilirdi. Daha doğrusu, mənası izah edilmədən, təkcə Müqəddəs kitabı oxumaq öyrədilirdi. Barmağımızı sətirlərin üstündə gəzdirməyə icazə verilmədiyindən, kağızdan düzəltdiyimiz çubuqdan istifadə eləyirdik, bu da məni çox çaşdırırdı. Anam və atam iranlıların böyük qismi kimi müsəlmanıydılar, anam din qaydalarına atamdan daha çox bağlıydı. Mollaların din uğrunda şəhid olanların yaşantılarını anlatdıqları və bəzən peşəkar ağıçı qadınların da iştirak elədikləri dini yığıncaqlarda anam da digər qadınlarla birlikdə hıçqıra-hıçqıra ağlayırdı. Biz uşaqlar niyə ağladıqlarını anlamasaq da, duadan sonra hamıya halva paylandığı üçün çox xoşbəxt olurduq.

Anam Ramazan ayı ərzində oruc tutub, namaz qılsa da, bizi buna heç vaxt məcbur eləməzdi. Rzayla mən yalnız bir az da az yeyirdik, vəssalam! İranda buna “qış orucu” deyilir. Mən də anamla birlikdə müqəddəs yerləri ziyarətə gedirdim; beləcə, ruhani səfərə çıxmaq və niyyət eləmək fürsəti qazanırdıq. Kiçik olanda, ana babamın məzarının yerləşdiyi müqəddəs Qum şəhərinə getdiyimi də xatırlayıram. Bir neçə il sonra, yeddi-səkkiz yaşındaykən, Xəzər sahilindəki müqəddəs bir yerdəydik, orda uşağın yaddaşında unudulmaz iz buraxan, ilk baxışda əhəmiyyətsiz və mənasız görürən hadisəylə rastlaşdım: başım açığıydı, bir molla mənə sərt şəkildə: “Saçlarını ört, yoxsa cəhənnəmə gedərsən!” – deyə qışqırdı. Görkəmdən yoxsul bu adamın məndə oyatdığı qorxunu heç unuda bilmədim. Otuz dörd il sonra Ayətüllah Xomeyni bu qorxunu yenidən oyandırdı.

Atamı əsasən birinci mərtəbədəki iş otağında oxuyub-yazan görürdüm. Farsca və ya əcnəbi dildə veriliş yayan radioları daim dinləyirdi. Onu heç uniformada görmədim: həmişə çox zövqlə geyinirdi, hətta ən sevdiyi idman olan tennis oynayanda belə, tərtəmiz pantalonunun üstündə bəyaz lələk olurdu. Orduda hüquq məsləhətçisiydi, müharibə vaxtı Yuqoslaviya səfirliyində çalışırdı. O hər dəfə evdən çıxanda, nə qədər sarsıldığımı çox aydın xatırlayıram. Uzaqlaşdığını görəndə, sanki bir daha heç geri dönməyəcəyini fikirləşirdim, qəlbim parçalanırdı. Bu sonradan başımıza gələn fəlakətlə bağlı öncəgörməydimi görən? Hər nəydisə, elə ağlayırdım ki, anam atamın evdən çıxdığını məndən gizlədirdi. Atam axşam dönəndə, tapşırıqlarıma kömək eləmək üçün yanımda oturanda, hər şeyi unudardım. Nadir hallarda da olsa, axşam yeməyini başqa yerdə yeməsi lazım gəlirdisə, səhər yastığımın altından tapdığım kiçik bir hədiyyəylə könlümü alırdı.

İkinci Dünya Müharibəsinin axırında Azərbaycan böhranı baş verdi. (Bu mövzuyla bağlı Fərəh Pəhləvinin fikirlərinin İran dövlətçiliyi mövqeyindən söyləndiyini oxucularımızın nəzərə almasını istərdik. – N.Ə.) Kiçik olmağıma baxmayaraq, hadisələrdən çox təsirlənməyimin səbəbi atamın azərbaycanlı olmasıydı. Orada yaşayan əmilərim və bibilərim dərhal ölkədən çıxarılmışdılar. Güneydə ingilis, quzeydə sovet qoşunlarının işğalı altında olan İran, ancaq sülhdən sonra azadlığına qovuşa bildi. İngiltərə və SSRİ 1942-ci ildə imzaladıqları müqaviləylə, döyüşlər sona çatdıqdan sonra qoşunlarını torpaqlarımızdan geri çəkməyi qəbul eləmişdilər. Hər iki ölkə bu müqaviləyə sadiq qaldılar, amma Moskva qoşunlarını Azərbaycanda saxlamaqda davam elədi. 1942-ci ildə qurulan Kommunist Tudə Partiyası sovetlərin mövcudluğundan istifadə eləyib, xüsusilə Azərbaycanda çox böyümüşdü. Azərbaycan Demokratik Partiyasının lideri kommunist Cəfər Pişəvəri artıq Azərbaycanın müstəqilliyi tələbini irəli sürürdü. Sovet İttifaqı da bölgənin öz ağuşuna düşməsini gözləyirdi.

Bu zərurət gerçəkləşdi. Qohumlarımızın həmin faciəni necə yaşadıqlarını çatdıracaq sözləri tapa bilmirəm. Anamın ailəsində dayılarım və xalalarım bir zamanlar “Sovet Sosialist Gilan Cümhuriyyəti” kimi elan edilən Gilan şəhərindən, 1920-ci ildə kommunistlər tərəfindən zor işlədilib, sürgün edilmələrinin acı izlərini yaddaşlarından silə bilməmişdilər. O kommunistlərin üzündən anamgil lap uşaq olanda Tehrana gəlmişdilər. Və budur, eyni zorakılıq bu dəfə atamın yaxınlarına qarşı işlədilirdi.

Mənim çox uzun müddət kommunistlərə qarşı duyduğum qorxunun səbəbi elə bu 1945-1946-cı illərdə qohumlarımın yaşadıqlarına şahid olduğum fəlakət və ata-anamın sarsıntısıydı. Kommunistləri sevmirdim, Şaha qarşı olduqları üçün onlardan qorxurdum. Başqa bir siyasi görüşüm yoxuydu. Çox qatı Şah tərəfdarı və yenilikçi olan ata-anamın nəzərində Tudə Partiyası İrana xəyanət eləyirdi, bu da pisliyin lap özüydü, çünki belə hərəkətiylə torpaqlarımızın bir hissəsini yabançı qüvvələrə verirdi.

On üç il sonra həyatımı birləşdirdiyim gənc Şahla bağlı ilk xatirəm bu 1946-cı ilə aiddi. Məhəmməd Rza Pəhləvi 16 iyul 1946-cı ildən bəri hökmdarıydı. Böyük Rza şahdan sonra işğal qüvvələri tərəfindən diz çökdürülən bir millətə rəhbərliyi o ələ almışdı, Azərbaycanın qurtuluşu, heç şübhəsiz, ona bütün iranlıların minnət duymasını sübut eləyən ilk tarixi gerçəyiydi.

Dahi bir diplomat olan Baş nazirimiz Qəvam-üs-Səltənənin (Cənubi Azərbaycanın müstəqilliyinin boğulmasında başlıca şəxs olub– N.Ə.) rəhbərlik elədiyi Tehran hökuməti xarici ölkələrin də dəstəyilə Stalini öz imzasına hörmət eləmək zorunda qoydu və nəhayət, 1946-cı il mayın 10-da sovet qoşunlarına İrandan çıxmaq əmri verildi. Amma müstəqilliyini elan eləmiş Azərbaycanda hələ Tudə Partiyasına mənsub olan üsyançıların işğalı sürürdü. Qayda-qanunu bərpa eləmək üçün İran Ordusu Azərbaycana girdi və axırda, 1946-cı il dekabrın 12-də paytaxt Təbriz azad olundu.

Ailəm bayram sevinci yaşayırdı, bu çox böyük bir günüydü. Azərbaycandan dönən şahın Tehrana girdiyi məlum olanda, bütün şəhər onu alqışlamaq üçün küçələrə töküldü. Şah bizim küçənin yaxınlığındakı məhəllədən də keçəcəkdi. Hamımız ordakı qarajın damına çıxdıq. Şahı görmək üçün adamlar bir-birini itələyir, qışqırır, alqışlayırdılar. Nəhayət, Şah göründü. Mənim kimi, hələ səkkiz yaşında olan uşaq üçün bu, gözqamaşdırıcı mənzərəydi; ona heyran olmuşdum.

O axşam, ya da ertəsi gün bu hadisəni ailəmizdə də bayram elədik. Mən Azərbaycanı tanımırdım. Atam bir gün birlikdə gedəcəyimizə söz verdi, amma ailəsinin yaşadığı yerləri mənə göstərmək ona qismət olmadı; sonrakı il atamı itirdik.




II

Bütün dünyada olduğu kimi, İranda da üfüqün aydınlaşdığı, artıq gələcəklə bağlı xəyallar qura biləcəyimiz bir vaxtda ortaya çıxan atamın ani rahatsızlığı bizi dərindən yaraladı. Sağlam və düzgün həyat sürən atamda qəfildən yorğunluq əlamətləri göründü. Dübbədüz eyni vaxtda gözləri və dərisi saralmağa başlayanda, həkimlər sarılığa tutulduğunu güman elədilər. Xəstəliyin ilk həftələrindən, xüsusilə yadımda qalan atamın daim qaşınmasıydı. Qollarının, qıçlarının qaşınması onu əsəbiləşdirir, heç bir şey uzun müddət rahatlanmasına kömək eləmirdi.

Sarılığa qarşı ən yeni dərmanlarla müalicə aparır, bundan başqa ənənəvi olaraq, evlərdə düzəldilən dərmanların hamısını da içirdi. Ailəmizdə İranda çox geniş istifadə edilən, bitkilərdən düzəldilmiş xüsusi dərmanların köməyinə hamımız inanırdıq. Bu gün belə, mən hələ bu ənənəvi dərmanları laboratoriyada düzəldilmiş dərmanlardan üstün tuturam. Atam da qara bitki suyu içir, dadlı su balıqları yeyirdi, amma heç birinin xeyri dəymirdi; nə qaşınmaları keçib-gedir, nə də dərisində düzəlmə olurdu.

Hamımıza çox ağır təsir göstərən, amma hər şeyə baxmayaraq, nəzarət altına almağa çalışdığımız bu xəstəlik qəfildən bizə başqa hər şeyi unutdurdu, gündəlik həyatımızı alt-üst elədi: atam xəstəxanaya yerləşdirildi. Həkimlərin bundan sonrakı müayinəsi həyəcan təbilinin çalındığını göstərirdi. Neçə həftədən bəri sarılıq müalicəsi apardıqları atamın, əslində mədəaltı vəzinin xərçənginə tutulduğu və əməliyyatın vacibliyi ortaya çıxmışdı. Bu həqiqəti mənə çox sonra söylədilər, amma onun xəstəxanaya aparıldığı gün sözlə başa salınmaz dərin qayğı duymuşdum. Atama nə olmuşdu? Məni baş çəkməyə aparanda, onu tanıya bilməmişdim: zəifləmişdi, üzünün kül rəngli dərisi qırış-qırışıydı, mənə bir-iki söz deməyə gücü də qalmamışdı. Ən çox da anamın “dren” dediyi, qarnına qoşulmuş və içindən sarı maye axan o boru məni qorxutmuşdu. Niyə bu borunu taxmışdılar? Xəstəliyi nəydi? Evə nə vaxt qayıdacaqdı? Üzüntüləri üzlərindən oxunan anam, dayım, bibim sanki dillərini udmuşdular, suallarımı məcburi təbəssümlə başlarından eləyirdilər: “Narahat olma, canım, yaxşılaşacaq”.

Sonra birdən-birə xəstəxana ziyarətləri bitdi. Səbəbini dərk eləməkdə çətinlik çəkirdim. Atamın müalicə olunmaq üçün Avropaya getdiyini dedilər. Yalanıydı bu! Atam ölmüşdü, amma mən bütün gücümlə həmin yalana sarıldım, axırda bunu məktəbdə öyünmə mövzusu eləməyi də bacardım. O dövrdə hamını heyrətə salan Avropaya müalicə olunmağa getmək ancaq çox varlıların, adlı-sanlı adamların imkanı daxilindəydi. Beləcə, atam da Avropadan hörmət qazanıb qayıdacaqdı.

Bir gün anamı və Luiza bibimi hıçqıra-hıçqıra ağlayanda yaxaladım. Anamın bir xalasının öldüyünü söylədilər: bu da evdə hamının, xüsusən də anamın niyə o qədər üzgün olduğunu aydınlaşdırmağa bəs eləyirdi. Onlara inandım. Elə hesab eləyirəm ki, məndən gizlədikləri acı həqiqəti qəbul eləməkdənsə, söylədikləri hər şeyə inanmağa, özümü aldatmağa razıydım.

Günlər, həftələr keçir, atamdan heç bir xəbər almırdıq.

“Atam niyə bizə məktub göndərmir?”

“O xəstədi, Fərəh, xəstələr məktub yaza bilməz”.

“Bu doğru deyil, İffət xala da xəstədi, amma ailəsinə yazır”.

Bu xala doğrudan da, Avropadaydı və ailəsi müntəzəm olaraq ondan uzun məktublar alırdı.

Yas tutulduğu bəsbəlli olan bu böyük evdə yavaş-yavaş mən də daxil olmaqla, hamı atamdan söz açmağı tamamilə bir tərəfə qoydu. Qapını döymədən otağa girəndə adamlar susur, ya da dərhal mövzu dəyişdirilirdi; bibimdən daha solğun, üzüntüdən xarab olmuş anamsa elə hey ağlayırdı.

Aylar keçdikcə atamı bir daha görməyəcəyim barədə fikir beynimə necə yerləşdi, heç bilmirəm. Şüuraltı duyğuyla, sözə çevrilmədən oldu bu. Madam ki mənə onun öldüyünü deməmişdilər, madam ki məzarının üstünə getməmişdim, deməli, rəsmi olaraq atam ölmüş sayıla bilməzdi. Tehranın güneyində İmamzadə Abdulla məzarlığında yatan atamın qəbrinin üstünə ilk dəfə gedəndə, on yeddi yaşındaydım. Bəli, rəsmən ölü deyildi, amma mən onu sözün tam mənasında itirmişdim. Həyatımda böyük boşluq varıydı, gözləyirdim… Sonra hər şey hüzn pərdəsinə büründü. Mən bir damcı göz yaşı tökmədən heç dözə bilməyəcəyim şey olmuşdu. Bu gün bəzi adamların atamın qəbrini gizlicə ziyarət elədiklərini, çiçək qoyduqlarını bilirəm. Hətta atamın xatirəsinə hörmətsizlik edilməməsi üçün qəbrinin üstündəki adını silmək niyyətində olduqlarını da bilirəm.

Aradan qırx il keçəndən sonra bir həkimin müayinəxanasından qayıdanda, eyni bərk ağrı məni də yaxaladı. Ərimi itirməyimdən bir neçə il keçmişdi. Yaşadığımız bu qədər hadisədən sonra uşaqlara və mənə çox kədər verən yasdan, keçmişdən və ailə yaşantımızdan söhbət eləyirdik. Atamı “itirməyimi” danışma tərzimdə bəzi şeylər qəribə gəlmişdi ki, doktor qəfildən olub-keçəni niyə açıq bildirmədiyimi soruşdu:

“Atanız ölüb, yox? Niyə belə demirsiniz?”

Bunu bacarmayacağımı güman eləyirdim, amma axırda mənə çox ağır gələn həmin iki kəlməni birləşdirib “atam öldü” dedim və hıçqırıqlar məni boğdu.

Bir neçə ay sonra uşaqlığımı keçirdiyim bu böyük evdən ayrılmaq məcburiyyətində qaldıq, anam və dayım artıq atamın sağlığında yaşadığımız həyatı davam etdirmək imkanında deyildilər. Bir binanın damı altındakı mənzilimizə daşındıq. İri xiyabanından paytaxtın böyük hissəsinin, xüsusilə Tehran Universitetinin tikililərinin göründüyü mənzilimizə dərhal isinişdim. 50-ci illərin başlanğıcıydı. Universitetin sayı sürətlə artan yeni nəsil üçün təzə binalara ehtiyacı vardı. Kranların işləmələrini, yük maşınlarının manevrlərini izləyə-izləyə keçən yüzillikdən qalan şəhərin, orda-burda göydələnlərin ucaldığı, avtomobillərin sel kimi axdığı geniş məhəllələrə bölünmüş müasir paytaxta çevrilməsinə göz qoya-qoya, neçə-neçə saatlar keçirdim bu xiyabanda!.. Elə güman eləyirdim ki, bir neçə il sonra seçdiyim memarlıq peşəsinə olan bağlılığım bu dövrdə başladı. Bizimlə eyni evdə yaşayan dayım da memarıydı, axşamlar onun layihələrinin üzərinə əyilib işlədiyinə tamaşa eləmək xoşuma gəlirdi.

Yayda istidən canımızı qurtarmaq üçün yorğan-döşəyimizi xiyabana çıxarır, hamımız birlikdə açıq havada yatırdıq. Yuxuya getməzdən qabaq təsəvvürün tam olması üçün bir gözümü yumub qolumu uzadır, bir ulduzu və ya ayı barmaqlarımdan birinə keçirir, qiymətli daşdan üzüyüm olduğunu xəyalıma gətirirdim, bu oyundan zövq alırdım. Başqa gecələr Rzayla Tehranın açıq havadakı kinoteatrı olan “Diana”nın iri pərdəsində göyüzünə oxşayan mənzərələri heyranlıqla izləyərdik.

Şəmirandakı uzun yay tətillərinə də əlvida demişdik, anamın artıq orda villa kirayələyəcək qədər pulu yoxuydu. Şəmirana ara-sıra, ancaq bir neçə günlüyünə, orda evləri olan üç dayımdan birinin yanına gedirdim. Belə dəyişiklikdən çox zərər çəkdiyimiz deyilə bilməzdi, çünki böyüklər tətilimizi Şəmiran əvəzinə Gilan və Azərbaycandakı qohumlarımızın yanında keçirməyi qərara aldılar. Bu tətillər və xüsusilə oraya getmək üçün səfərlərimiz böyümə çağımın şübhəsiz, ən gözəl xatirələrini təşkil eləyir. Avtobuslara minərdik. O dövrdə yollar hələ asfaltlanmamışdı, yandırıcı küləklə sovrulan toz buludları açıq pəncərədən içəri dolardı. Yolun kənarında limonad içmək üçün dayananda – su içməyimiz qadağanıydı – saç və kirpiklərimizin tozdan dümağ olduğunu, tanınmaz hala düşdüyümüzü, yaşlılara bənzədiyimizi görüb qəhqəhəylə gülərdik.

Azərbaycanda Təbrizə, əmim Mənuçöhrün evinə gedirdik. Orda ailəyə məxsus böyük, qədim evdə qalırdıq. Əmim bizi meyvə ağaclarıyla dolu olan geniş ərazisində istirahət eləməyə aparır, mən də doyunca qaysı, gilas yeyirdim.

Güzəranlarını torpaqdan qazanan bütün qohumlarımın ən böyük qorxusu quraqlığıydı. Hey yağış yağmasına ümid bəslənir, yağmur duasına çıxılırdı. Adətə çevrilən bu yağış həsrəti, mənim üçün də yavaş-yavaş iztirab mövzusu olmağa başlamışdı. Torpaq sahibi olmadığımız üçün Tanrıya səmimi şükür elədiyimi xatırlayıram. Başqa bir dünyanın qüvvələrini öyrənməyə başlamışdım: ədalətin olmadığı, rəhmsiz, ibtidai dünyanın… Torpaq islahatı hələ keçirilməmişdi, yoxsul kəndli ailəsini dolandırmaq üçün bir az buğda oğurlayar, ya da yanlış iş görərdisə, torpaq ağası onu döyə, hətta daha ağır cəza verə bilərdi. Bu vəziyyəti qəbul eləmir, üsyana qalxırdım, hətta iki-üç dəfə kəndliləri istismar eləyən torpaq sahiblərinə çox qəzəblənmiş, hirsimdən ağlamışdım. Onları gecə, projektorların işıqlandırdığı cipləriylə ceyranları ovlayanda gördüyüm zaman da eyni üsyanı yaşamışdım. Gözləri işıqdan qamaşan zavallı heyvanların ən kiçik də olsa, qurtuluş şansları yoxuydu! Sevilən bir uşağıydım, yaxınlarım duyğularımı ciddi qəbul eləyirdilər, amma ağaların bu alçaldıcı və zalım hərəkətlərinin mənim kimi kiçik şəhərli qızı nə qədər çox yaralaya biləcəyini tam dərk eləmirdilər.

Zəncanda yaşayan bibim Əzizin yanında olanda, ciplə uzaq kəndlərə ziyarətə, ya da şənliklərə qoşulmağa gedirdik. Bibim bu bəhanəylə bəzi ailələrə dərman aparırdı. Səfərlər mənim İranın nə qədər böyük və iqliminin nə qədər sərt olduğunu görməyimə imkan verirdi, çünki təhlükələr heç də əskik deyildi. Çayları keçməyimiz, qorxudan nəfəsimizi kəsən dar aşırımların ətrafında dolaşmağımız, heyvanlardan, xüsusilə canavarlardan ehtiyatlı olmağımız lazım gəlirdi; kişilər bu səbəbdən silah gəzdirirdilər.

Ara-sıra ata minib, tarlaların arasında dolaşa-dolaşa kəndlilərlə söhbət elədiyimiz də olurdu. Günorta vaxtı hamımız birlikdə çəmənlikdə oturur, kişilərin kəsdikləri qarpızı bölüşdürürdük. Adamlar Azərbaycanın kommunist kampaniyaya qoşulmağa məcbur olduğu günləri hələ qorxuyla xatırlayırdılar. Bir gün köhnə axuru gəzəndə, yanımdakı kəndli bir atın yanında dayandı:

“Bu ata yaxşı bax, Fərəh, – dedi, – əmin Mahmud xan elə bu atın belində Tudəylə döyüşdü”.

Çox yaşlı, bəyaz atıydı bu. Onu görəndə üstünə gün işığı düşmüşdü. İnsanı həyəcanlandıran həmin mənzərəni yaddaşıma həkk elədim.

Anamın böyük qardaşı Hüseyn dayımın yaşadığı Gilana getmək üçün Tehranın quzeyində hündürlüyü dörd min beş yüz metri keçən Elbrus sıra dağlarını aşmaq lazım gəlirdi. İnsanı heyrətdən-heyrətə salan səfəriydi bu. Çay yatağı boyunca qayalıq və çılpaq əraziylə yuxarı dırmanırsınız, sonra yol qəfildən azacıq əyilib, Xəzər dənizinin çimərliklərinə qədər uzanan yamyaşıl vadiyə uzanır. Rütubətin qəfil artdığı bu yerdə bir-birinin ardınca düyü tarlalarını, çay bağçalarını görürsünüz, göyüzü adətən əllə tutulacaq qədər yaxın və qapalıdı. Yayın, yetişən düyünün qoxusu insanı sərxoş eləyir. Əsasən quraqlıq olan Elbrusun güney bölgəsinin əksinə, Gilan yaylalarının suyu boldu. Birdən-birə qabağınıza əncir, portağal, şabalıd ağacları, küsdümağacı, bizdə “ipək ağacı” kimi tanınan ağ çiçəkli albizyalar çıxır, heyrətə düşürsünüz.

Dayımın Ləhican yaxınlığında çay plantasiyaları varıydı – çay keçən yüzillikdə Çindən gətirilmişdi. Mən də dayımın uşaqlarıyla birlikdə çay yığmağı sevirdim. Fəhlələrə axşam gün boyu yığdıqları çayın ağırlığına görə haqq ödənilirdi. Biz də ən yorğun olanların səbətlərinin dolmasına kömək eləyirdik. Körpələriylə gəlib işləməkdən başqa çarələri olmayan gənc anaların xatirəsi yaddaşımda eləcə qalıb. Körpələri sakit dursun, yatsın deyə, onlara kiçik dozada nəşə verirdilər. Bir gün körpələrdən biri zəhərlənmişdi, biz də qorxudan qıc olmuş gənc ananın körpəsini həyata qaytarmaq üçün başına su töküb, yanaqlarına vurmasına baxa-baxa qalmışdıq.

Kommunistlərin Gilana müvəqqəti sahib olmalarının imkan verdiyi sürgün və qorxudan burda da danışılırdı. Amma bir neçə ağanın torpaqların xeyli hissəsini əlində saxladığı və insanların çoxunun muzdlu qol güclərindən başqa bir şeylərinin olmadığı ogünkü sistemdə yoxsul kəndlilərin yaşamasının mümkünsüzlüyü də aydınıydı. Torpaq islahatının keçirilməsi qaçılmazıydı, gənc Şahın da bu islahata tərəfdar olduğu söylənirdi. Elə taxta çıxmağından sonrakı ilk bir neçə ayda özü sahib olduğu torpaqların böyük hissəsini hökumətə verib onun kəndlilərə paylanmasını istəmişdi, bu barədəki qərarının ilk əlamətlərini də göstərmişdi. İslahatı bəzi adamlar narahatlıqla, başqaları da səbirsizliklə gözləyirdilər. Toyumuzdan az müddət sonra Şahın verəcəyi ən əhəmiyyətli qərarlardan birinin də torpaq islahatı olacağı o zamanlar ağlımın yanından da keçməzdi, əlbəttə!..

On bir-on iki yaşındaydım, ölkəmin Tehran və tehranlılardan ibarət olmadığını anlamağa başlayır, özümdən əvvəlki nəsillər kimi, mən də iranlı olmağı öyrənirdim. Bu aidiyyət duyğusunu məktəbli gənclər şairlərimizdən ən böyüyü olan Firdovsinin “Şahnamə”sinin (“Şahların kitabı”) gözqamaşdırıcı şerlərində tapırlar. Biz uşaqlar üçün o, İran şəxsiyyətini və iranlı olmağın qürurunu təmsil eləyirdi. Mən də Firdovsini məktəbdə tanıyıb sevmiş, Rzayla onun kitabını oxumuşduq. “Şahnamə” islamiyyətdən qabaqkı dörd xanədanın, yəni İran qurucularının dastanıdı. 995-ci ildə bu şedevri yazan Firdovsi əsərində əfsanəvi qəhrəmanlarımızın igidliklərini, faciələrini, rəhbərlərin tarixini min ildən bəri heç əskilməyən bir dillə danışır.

Firdovsi bu ana əsəri çox çətinliklə əldə elədiyini və içində bir çox gözəl hekayə olan, qədim zamanlardan qalma kitabdan təkan alıb yazmağı bacardığını deyir:

“Bu kitabı əldə eləmək istəməyimin səbəbi içindəki hekayələri şerə çevirmək arzumdu. Bir çox adamdan onu bilib-bilmədiklərini soruşdum. Vaxt keçdikcə, bu əsəri başqalarının axtaracağı qədər uzun yaşamayacağımın qorxusundan ürəyim sıxılırdı. Bir müddət beləcə kitabı axtarmağa sərf olundu. Məqsədimi gizli saxlayır, kimsəyə söyləmirdim. Şəhərdə sadiq bir dostum vardı: güman ki, mənimlə eyni xəmirdən düzəldilib. Ona sirrimi açanda, mənə bunları söylədi: “Bu gözəl fikirdi, axırda məqsədinə çatacaqsan, bu vaxtacan əbəs yerə axtarmayıbsan, həmin qədim kitabı sənə mən gətirəcəyəm. Gözlə! Səndə şer duyumu var, gözəl söz söyləyirsən, gəncsən, qədimlərin dilini də bilirsən. “Şahnamə”ni yaz və onun köməyilə böyüklərin yanında şanlı yerini tut”. Sonra kitabı mənə gətirdi, içimdəki kədər xoşbəxtliyə çevrildi”.

Məktəbdə yoldaşlarımla, evdə də Rzayla “Şahnamə”ni oxuyanda, eyni coşqunu yaşayırdıq. Onun əsərində döyüş səhnələrindən sonra birdən-birə heç bir uşağın laqeyd qalmayacağı və bu öyüdün fövqəladə təsir göstərdiyi sevgi fışqırır sətirlərdən:

“Sənə bir həyat bağışlanıb; sən başqalarının canını almağı necə fikirləşə bilərsən?”

“Bir buğda dənəsini sürütləyən qarışqanı belə incitmə, çünki onun da həyatı var; qarışqa üçün belə həyat çox dəyərlidir”.

Cəsarət və gücün əxlaqla yarışdığı bu dastanvari şeirlərlə “Şahnamə” gənc iranlılara minillik şəxsiyyətlərinə hörmət eləməyi öyrədir. Onun məqsədlərindən biri budur və əsrlərdən bəri davam elədiyi kimi, uşaqlığımın İranında da gəzərgi ozanlar o kənddən bu kəndə gedib, Firdovsinin şerlərini söyləyər, ya da mahnıyla oxuyardılar. “Şahnamə”nin bir başqa hədəfi də zatıqırıq hökmdarların siyasi və əxlaqi təhsilinə kömək eləməkdi. “Şahların kitabını bitirəndə, onu şahlara ver”, – yazır Firdovsi. Çünki ona görə, İranın böyüklüyü hökmdarlığın davamlılığına və ya hökmdarlıq dağılar, ya da çökərsə, onun yenidən doğuluşuna çox möhkəm bağlıdır.

Mən yenicə ərə gedəndə, Tehran Universitetində professor olan Cozef Santa Kroka “İranın taleyilə “Şahnamə” arasında çox sıx əlaqə var” dedirdən də eyni şey olmalıdır. Krokun belə bir yozumu da var:

“Yüzillər boyu yeni xanədanların ortaya çıxdığı görünür. Bu xanədanlar ölkəyə yenidən müstəqillik qazandırırlar, dilini gücləndirirlər, mənəviyyatı zənginləşdirirlər. Bu davamlı yenidəndoğulmaların qaynağının Firdovsinin əsəri olduğu nə şübhə ediləcək şeydi, nə də boş iddiadı. Bu əsər İran tarixinin böyük imperatorlarını istiqamətləndirdiyindən, onların ilham qaynağı olduğuna heç bir şübhə yoxdu”.

50-ci illərin iranlıları üçün Qacar xanədanından sonra başa keçən Pəhləvi xanədanı Firdovsinin kitabındakı öncəgörmə məntiqinə uyğun gəlir. Başqa necə ola bilərdi ki? Məclisin qərarı nəticəsində Rza şah Pəhləvi tac qoyduğu zaman İran sanki ortaçağı yaşayan başsız bir ölkəydi. Qacarların sonuncusu Əhməd şahın hökmdarlığının sınırları Tehranın o biri tərəfinə keçmirdi. Ölkə qəbilə başçılarının və böyük torpaq sahiblərinin əlindəydi. Hər yerdə mövcud olan qanun – “gücü yetən-yetənə”ydi. Milli müəssisələr də, məlum yeraltı qaynaqlar da yadlara verilmişdi: ingilislər neftimizi çəkib aparırdılar; ordu deyilən bir şey qalmamışdı, amma qalan qüvvələr güneydə rus, quzeydə ingilis zabitlərinə bağlıydılar; belçikalılar gömrüyümüzü, isveçlilər jandarmamızı idarə eləyirdilər. İran dünyadakı ən böyük səfaləti yaşayan ölkələrdən biriydi, orta yaş həddi otuz ilə düşmüşdü, uşaq ölümü faizi bölgəmizdəki ən yüksək faizlərdən biriydi. Oxuma-yazma səviyyəsi yüzdə birə çatmırdı; qadınların heç bir hüququ tanınmır, məktəbə belə getmirdilər. Qısası, Hindistan və Osmanlı imperatorluğu kimi böyük qonşularının əksinə, nə doğru-dürüst şose yolu varıydı, nə dəmir yolu, nə elektrik, nə də su…

İyirmi beş il sonra mənim böyüdüyüm İran isə artıq məktəblərə, universitetlərə malikiydi; hamısı asfalt olmasa da, yollar çəkilmiş, ən azı, əlaqə təmin edilmişdi və nəhayət, İran dəmir yolları Xəzər dənizini Bəsrə körfəzinə bağlayırdı. Heç şübhəsiz, görülməsi lazım gələn bir çox şey varıydı, amma keçilən məsafəyə baxılanda, valideynlərimin qənaətinə görə, Mustafa Kamal Atatürk Türkiyədə nə eləmişdisə, Rza şah da ölkəsində eyni uğur qazanmışdı; bir damcı qan tökmədən sənaye və mədəniyyət inqilabı gerçəkləşmişdi. Onu minnətdarlıqla xatırlamamaq mümkünüydümü? Firdovsidən “ziyalı hökmdar”a hörmət və sevgini öyrənən biz uşaqların bu gənc Pəhləvi xanədanında şairin xəbər verdiyi yenidən dirilməni görməmək mümkünüydümü?

Firdovsidən səhifələr dolusu şerləri əzbərlədiyimiz kimi, başqa şairləri də oxuyurduq. Şerə duyduğumuz bu hörmət qədimlərə bağlıdı. Bu səbəbdən, nəsr yazanlarımızın sayı o qədər də çox deyil və məktəbdə öyrəndiyimiz milli mədəniyyət zənginliyimizi başlıca olaraq, klassik şairlər təşkil eləyir. Onları burada xatırlamağımın səbəbi şerə olan bu bağlılığımın yalnız məktəbdə yox, evdə də gündəlik həyatımı doldurmasıdı. Anam, dayım, bibim və Rzayla ən sevdiyimiz oyun oxunan misranın son hərfiylə başlanan yeni misra tapıb şeir oxumağıydı. Kim misranı tapmaz, ya da artıq fikirləşərdisə, oyundan kənar edilir, beləcə, çevrə kiçilə-kiçilə davam eləyərdi. Başlıca olaraq, yaddaşı ən güclü, mədəni səviyyəsi ən yüksək olan oyunu udurdu.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации