Текст книги "Yer üzündə axırıncı gecə"
Автор книги: Həmid Piriyev
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 5 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Həmid Piriyev
Bu kitabda təqdim etdiyimiz on iki hekayənin üçü “Şanapipik haqqında mahnı” adlı birinci kitabımda (“Bağışlayın, Rənanı tanımırsınız?”, “Qurbağalı gölün sahilləri” və “Qarışqa tapdalamayan”), yeddisi “Sərçələr üçün poema” kitabımda (“Abşeron hekayələri” bölməsindəki hekayələr) çap olunmuşdu. Axırıncı iki hekayəni isə (“Məryəm xalanın oğlu” və “Yer üzündə axırıncı gecə”) kitablar çap olunandan sonra yazdığım hekayələrdən seçmişəm. Hekayələrin hamısını təzədən gözdən keçirdib redaktə etmişəm. Amma xüsusi dəyişiklik yoxdur. Kobud dil xətalarını düzəltməyə çalışmışam bircə (o vaxt yazanda daha çox şifahi nitqə əsaslanmışdım). Bu hekayələri yazanda çox şeyi bilmirdim. Amma təbii, nöqsanlar hələ də qalıb. Çünki hələ də bilmədiyim şeylər var. Hər halda, bu hekayələr mənə çox əzizdir. Onları yazdığım vaxt aralığında (söhbət kitablarımda çap olunan hekayələrdən gedir; iyirmi üç—iyirmi yeddi yaş arası yazmışam onları) bir az başqa cür adam idim, düşüncələrim başqa idi, ədəbiyyata baxışım başqa idi. Əslinə qalsa, o vaxtlar hələ ədəbiyyatın, hekayə yazmağın nə olduğunu bilmirdim. Heç indi də tam dəqiqliyiylə bilmirəm, amma hər halda savadım və biliyim o vaxtkından az da olsa artıb və bu inkişaf da (yəqin inkişaf deməklə səhv etmirəm) o hekayələr kimi hekayə yazmağıma mane olur. Hə, daha o cür yaza bilmirəm.
Onda bu kitabı da həsr edək o hekayələri yazan Həmidə…
Abşeron hekayələri
Sərçələr üçün poema
Sübh ayazı hələ özü görünməyən günəşin ilk şüalarıyla dabanbasma özünü çatdırmışdı. Dekabr acı üzünü göstərirdi…
Mirzə gözlərini açıb yerinin içində dikəldi, ən əvvəl çarpayının sağ tərəfindəki stulun üstündən dəftəri götürdü. Yaşıl üzlü, on iki vərəqli birmil məktəbli dəftəriydi, ortasından bir qoşavərəq çıxartmışdılar, indi onu qalmışdı. Mirzənin şairliyi də vardı və bir də görürdün gecə yatdığı yerdə birdən-birə durub otururdu, başlayırdı şeir yazmağa. Nabat uzun illərdi onun çarpayısının yanına stul, stulun üstünə dəftər-qələm, bir stəkan da su qoyurdu gecələr. Mirzə dəftəri vərəqlədi. Dəftər boş idi. Bu gecə də heç nə yazmamışdı. Mirzənin şairliyi həvəsdi, heç kənddə çox adam bilmirdi ki, şeir yazır. Özü dəmiryolçuydu, üç il qabaq təqaüdə çıxmışdı. Belə çox şeir yazmışdı, onların da çoxusu itib-batmışdı. Əldə-ovucda qalanı yığıb balaca kitabça çap etdirmişdi beş-altı il qabaq. İçində iyirmi üç dənə şeir, bir dənə də kiçik poema. Satış üçün nəzərdə tutulmayan, ancaq yaxın qohum-qardaşa payladığı əl boyda kitabça…
Durub üst paltarlarını geyinib şüşəbəndə çıxdı. Nabat odun sobasını qalamışdı, dəmiri qızaran soba çarthaçart yanırdı. İki armudu stəkan çay içib papiros çəkdi. Durub kürkünü geyindi.
– Gedim çörək alım.
Mirzə ev qapısından çıxanda arvadı səslədi:
– Duz da alarsan.
Mirzə bayıra çıxan kimi soyuq canına işlədi. Kürkünün yaxasını qaldırdı. Küçədə ins-cins gözə dəymirdi.
Dükanda da adam yox idi. Bircə satıcı işləyən qardaşı oğlu Rasimdi, o da piştaxtanın dalında əsdirirdi. Rəfdən çörək götürüb piştaxtanın qabağına gəldi.
– Əmi, sabahın xeyir.
– Ağabatın xeyir.
Rasim çörəyi torbaya qoydu.
– Əmi başqa?
– Başqa sağlığın… Hə, duz da ver.
– Hansından? Xörək duzu, ya narın duz?
Mirzə duruxdu bir az.
– Onu demədi. İkisindən də ver.
Mirzə başını döndərəndə yan tərəfdə qutunun içindəki hisə verilmiş çapaq balıqlarını gördü, dünən yox idi, ola bilər axşam gəlib. İndi bildi bayaqdan burnunu qıcıqlandıran nə iyidi.
– Balıq təzə gəlib?
– Hə, əmi. Yaxşı balıqdı.
– Bir dənə yekəsini çək. Haçandı südlü aş yemirik. Nabat bişirsin bu gün.
Rasim balıqların ən böyüyünü seçib çəkdi.
– Onda düyü də ver.
Rasim rəfdəki düyülərə baxdı.
– Hansından verim?
– Nə bilim, hansı yaxşıdı ondan ver.
Pulu verib bayıra çıxdı. Yenə ayaz sümüklərini sızıldatdı.
Evə girib aldıqlarını stolun üstünə qoydu.
– Təzə balıq gəlmişdi, nəfsim çəkdi. Günortaya südlü aş bişirərsən. Düyü də almışam.
– Həə, yaxşı. Onda süd də alarsan.
Bir stəkan da acı çay içdi. Çörək yemədi, iştahı yox idi. Yenə kürkünü geyindi.
– Süd almağa gedirsən?
– Hə.
– Gözlə banka verim.
Mirzə bankanı alıb Heybətgilə gəldi. Heybətlə həmtaydılar, qohumluqları da çatırdı. Heybəti səslədi, qızı çıxdı.
– Atam tövlədədi.
Tövlə həyətin o biri başındaydı. Çathaçatda içəridən Heybətin səsini eşitdi: “Ay çərdəymiş, hoooo! Sənin yiyəvin!..”
– Heybət, ay Heybət!..
– Hay kimdi?
Səsin dalınca qapıdan Heybətin başı çıxdı.
– Mirzə? Bu vaxt xeyr ola?
– Südçün gəlmişəm.
– Gözlə çıxıram.
İki-üç dəqiqə sonra Heybət süd verdəsiylə çıxdı. Vedrə yarısınacan doluydu.
– Çərdəymişlər süddən də kəsilib. Havayı yerə o qədər yem verirəm. Heç nəyin bərəkəti qalmayıb… Gəl süzüm verim. Neynirsən südü? Boğazın ağrıyır?
– Yox. Şor balıq almışam, deyirəm Nabat südlü aş bişirsin. Haçandı yemirik.
Tövləyə bitişik mətbəxə girdilər. Heybət bidonun ağzına tənzif salıb südü süzdü. Mirzədən bankanı alıb doldurdu.
– Mirzə, özün neynirsən?
– Mənəm də. Dolanıram. Səndə nə var, nə yox?
– Eh… Heç soruşma. Ayaqlarım öldürür məni. Gecə səhərəcən yerimdə fırlanıram, gözümə bir hovur yuxu getmir. Ürəyim də incidir məni. Kələyimi kəsib lap. O gün həkimə getmişdim, Elmanın yanına. Yenə bir palaz iynə-dərman yazdı. A kişi, adam da bu qədər dərman içər?
– Əşi, qocalmışıq da…
Mirzə bankanı aldı.
– Nə qədər verəcəyəm?
– Heç nə. Götür get.
Mirzə bir manat çıxartıb stolun üstünə qoydu.
– A kişi, deyirəm lazım deyil də.
– Siftədi… Getdim. Sağ ol.
Gedə-gedə yazmaq istədiyi şeiri fikirləşdi. Haçandı yazmaq istəyirdi, alınmırdı. Tək-tək misralar beynində fırlanırdı, amma bir-birinə uyğunlaşıb bənd olmurdular..
Yolda qardaşı Arifi gördü.
– Hara belə? – Arifdən soruşdu.
– Toyuqların dəni qurtarıb. Bir az buğda alım.
– Yumurtlayırlar?
– Pis deyil. Özümüzə çatır. Sən hardan gəlirsən?
– Heybətdən süd almışam. Gördüm təzə balıq gəlib, aldım səhər. Nabat südlü aş bişirsin, haçandı yemirik.
Yem dükanının qabağında qardaşından ayrılıb evə qayıtdı.
Südü Nabata verib kluba getdi. Klubun dalındakı balaca otaq nərd otağıydı. Yay-qış işi olmayanlar bura yığışıb nərd, domino oynayırdılar. Balaca elektrikli samovar daim istiydi. Qəndi-çayı da hərdən biri alırdı. Akif tək idi. Akif klubda işləyirdi, amma nə işlədiyini heç kim bilmirdi, heç özü də. Hər gün səhər gəlib qapını açırdı, axşam da bağlayıb gedirdi. Bütün gününü oyun oynamaqla keçirdirdi. Mirzə pəncərədən içəri boylandı. Akif qəzet oxuyurdu. Mirzəni görən kimi qəzeti büküb qırağa qoydu.
– Gəl bir dənə nərd ataq.
Pəncərənin dalından səsi güclə gəldi.
– Papruz alım gəlirəm.
Heç Akif də Mirzəni yaxşı eşitmədi. Eləcə başını tərpətdi.
Mirzə dükana girib əlində hazır tutduğu üç manatı piştaxtanın üstünə qoydu.
– Bir dənə papruz ver, bir dənə o balaca qutuda qənd olur e, ondan ver. Qalanına da atma çay ver.
Dediklərini alıb kluba qayıtdı. Başladılar nərdə. Oynaya-oynaya söhbət edirdilər. Akif arada bir dəfə durub boşalan samovarı doldurub təzədən qaynatdı. Başqa gələn olmadı.
– Xeyir ola, bu gün gələn-gedən yoxdu?
– Soyuqdu da. Baxsan hamı xəşil çaldırıb, yeyib yatır.
– Qar yoxdu axı. Xəşili qar yağanda çalarlar.
– Əşi, ona baxan var? Hava soyuqdu, deməli olar. Qarı gözləsən, gərək xəşil yeməyəsən heç. Görmədin, bildir qar yağmadı.
– Təbiət dəyişib də. Görmürsən, otlar da dəyişib. Əvvəl çıxan otlar daha çıxmır. Yerinə başqaları çıxır.
– Hə, fikir vermişəm.
– Quşlar da dəyişib e. Sığırçın yığışıb, yerinə qaratoyuq gəlib. Qabaqlar buralarda qaratoyuq olmazdı axı. Sərçələr də cırlaşıb. Hələ kələkovdarı[1]1
Kələkovdarı – taclı sərçə.
[Закрыть]… Nəsli kəsilib.
Danışa-danışa hesabı da itirdilər. Bilmədilər kim uddu, kim uduzdu..
Pəncərənin qabağından keçən məktəbliləri görəndə Mirzə saata baxdı. Günorta olmuşdu.
– Akif, gedim bir az çörək yeyim, gəlirəm. Səhər gördüm təzə balıq gəlib, almışam. Nabata dedim südlü aş bişirsin. Meylin çəkir, gəl gedək bizə.
– Nuş, nuş. Çox sağ ol. Axşam gələcəksən?
– Hə, keçərəm axşamüstü.
İsti aşı yeyəndən sonra yuxusu gəldi. Divanda uzanıb televizora baxa-baxa huş apardı onu, iki saat yatıb durdu. Çay içəndən sonra yenə kluba getdi. Hava qaralanacan nərd atdılar. Akif tək deyildi, Tahirlə Əli də gəlmişdi. Növbəylə oynadılar.
Klubdan çıxıb evə gələndə havanın şaxı sınmışdı, sakit, xoşagələn havaydı. Sən deyən soyuğu da yox idi.
…Yaxşı şeir olmalıydı bu şeir. İnsanların düzlüyündən, vəfadan, sədaqətdən, dostluqdan olmalıydı. Yaza bilsəydi əgər…
İki nimçə də aş yedi. Çayı içəndə əsnəyə-əsnəyə dedi:
– Ay Nabat, yuxum var, bu gün tez yatacağam. Yerimi sal.
Çayı içib içəri keçdi. Yerinə uzanan kimi yatdı.
…Gecənin hansı vədəsiydi oyandı. Otaq aydınlıqdı, bayırdan nur yağırdı otağa. Qulaqbatıran sükut hakimdi ətrafda. Durub pəncərədən bayıra baxdı. Qar yağırdı. Hər tərəf ağappaqdı. Qara baxdı. Beş dəqiqə, on dəqiqə… Bir də gördü hardansa ovuc içi boyda sərçə uçub gəldi, düz pəncərənin qabağındakı albalı ağacının çılpaq budağına qondu. Oturan kimi də təzədən uçdu. Budağın üstündəki qar ayaqlarını üşütmüşdü sərçənin. Dimdiyiylə budağa vurdu, budaq silkələndi, üstündəki qar dağıldı. Sərçə qarını təmizlədiyi budaqda oturdu. Tüklərini qabardıb Mirzəyə baxdı, boynunu bükdü, sonra uçub getdi.
Mirzə keçib çarpayıda oturdu. Dəftəri açıb yazmağa başladı. Haçandı yazmaq istədiyi şeirdi, misra-misra, bənd-bənd kağızın üstünə tökülürdü. Yazdı, yazdı, dəftər doldu. Axırıncı iki bəndi yaşıl dəftərüzünün içəri tərəfinə yazdı. Qurtarandan sonra dəftərin üzünə iri, aydın xətlə “Sərçə poeması” sərlövhəsini qeyd etdi…
Səhər həmişəkindən gec durdu. Yerində dikəlib pəncərədən baxdı, daha qar yağmırdı. Ölüşkün qış günəşi zəif-zəif parıldayırdı. Əl atıb dəftəri götürdü. Şeiri görəndə rahatlandı. Yuxuda görməyibmiş, doğrudan yazıbmış. Şeiri iki dəfə başdan-ayağa oxudu. Əslində şeir yox, poema. İstədiyindən daha yaxşı alınmşdı. Dəftəri şkafın gözünə, kitabının qalan nüsxələriylə əlyazmalarının yanına qoydu.
Gecə Nabat onun yerini salmağa gedəndə dedi:
– Dəftər qoyma. Elə o stulu da götür içəridən.
Beş-on saniyə sonra yavaş-yavaş, az qala pıçıltıyla əlavə elədi:
– Daha şeir yazmayacağam.
16 sentyabr 2016
Qanadlarım ağrıyır
…ki,
sənin qanadların qırılmaq istəmirdi.
Hədiyyə Şəfaqət
Hərdən elə bilirdi quşdu. Uçmaq istəyirdi, uça bilmirdi…
Püstəxanım talvarın altında oturmuşdu. Alaqapının balaca gözü aralandı.
– Pistə… Ay Pistə…
Püstəxanım səsi eşitmədi, qocaldıqca qulağı ağırlaşmışdı. Qapı bir az da aralandı, Süriyə başını içəri soxdu.
– Ay Pistə…
Gördü Püstəxanım oturub, içəri girdi. Alçaqdan danışa-danışa yaxına gəldi. Öz aləmində Püstəxanımla əhval tuturdu. Püstəxanımın fikri uzaqlardaydı, Süriyə yanına çatanda başını qaldırıb onu gördü.
– Ay Süryə, xoş gəlmisən.
Süriyənin əlində bir salxım şirəyi üzüm vardı. Bayaq alçaqdan verdiyi sualı indi bərkdən verdi.
– Pistə, neynirsən, necəsən?
Püstəxanım əllərini açıb başını yellətdi.
– Mənəm də… Oturmuşam.
Sonra ayağına söykətdiyi əsasını əlinə götürüb ayağa durdu.
– Gəl gedək içəri.
– Yox, tələsirəm. Ay Pistə, bax gör abqora çəkmək olar?
Püstəxanım gözlərini qıyıb salxıma baxdı.
– Həri, şirəyə dolur. Əsil vaxtıdı.
– Bildir baş qarışıq oldu, imkan olmadı sıxmağa. Qışda bir gilə abqora tapa bilmədim. Heç olmasa bu il əlim yerdə qalmasın.
Süriyə əlini sağ ol mənasında yellədib yenə dodaqaltı Püstəxanımla sağollaşa-sağollaşa qapıya tərəf getdi.
– Ay Süryə, heç olmasa içəri keçəydin.
– Yox e, tələsirəm ay Pistə. Gələn səfər…
Püstəxanım Süriyənin dalıyca gəlib qapını yaxşı bağlayıb-bağlamadığını yoxladı. Sonra qapının poçt deşiyindən bayıra baxdı. Alaqapı köhnəydi, üst-üstə rənglənib ağırlaşmışdı, altı çürüyüb yerə oturmuşdu, on-onbeş ildi böyük tayları açılmırdı. Hardasa qırx il qabaq köhnə evi böyüdəndə qapını da təzələmişdilər, taxta qapını çıxartıb yerinə bu dəmiri qoydurmuşdular. Qapının içəri tərəfində poçt yeşiyi vardı. Hər gün poçtalyon abunə yazıldıqları qəzeti-jurnalı gətirib bu deşikdən yeşiyə buraxırdı. Doxsanıncı illərdə bu ənənə yığışdı, daha qəzetə-filana abunə yazılmırdılar, poçtalyon da gəlmirdi. Onda Püstəxanımın kiçik oğlu poçt yeşiyini çıxartdı, amma deşiyi qaynaqlamadılar. O vaxtdan Püstəxanım bekar olanda çıxıb dayanırdı bu deşiyin qabağında, kəndin içinə baxırdı. Qapıdan aralanmamış Nərgiz gəldi. Nərgizin bir az aralıda pal-paltar dükanı vardı. Amma adı pal-paltar dükanıydı, ələ keçən hər şeyi satırdı Nərgiz. Dükanın ayaqyolusu olmadığı üçün subaşına Püstəxanımgilə gəlirdi. Vaxt keçdikcə doğmalaşmışdılar, qızı kimi olmuşdu. Bir də görürdün çiməndə gəlib kürəyini kisələyirdi Püstəxanımın, azarlayanda iynələrini də o vururdu.
Nərgiz salamlaşıb subaşına keçdi. Çıxıb əllərini yudu, təzədən qayıdıb talvarın altındakı stulda oturan Püstəxanımın yanına gəldi.
– Püstə xala, necəsən?
– Babatam…
– Nəsə lazımdı?
– Yoox, yox. Heç nə.
– Yaxşı onda, dükan təkdi, gedim. Bir azdan yenə gələrəm.
Nərgiz qapıya çatanda Püstəxanım səslədi onu.
– Ay Nərgiz, o uzun corablardan varındı?
– Hə, var. Gətirərəm indi.
Püstəxanım il uzunu eyni uzunboğaz, qəhvəyi corablardan geyinirdi. Nərgiz becid-becid gedib iki cüt corab gətirdi.
– Gəl pulunu verim.
– Püstə xala, keçən dəfə çox vermişdin. Lazım deyil.
Püstəxanım ancaq lazım olandan-olana nəsə alırdı. Hamısını da Nərgizə tapşırırdı. Nərgiz bilirdi onun nə istədiyini, nə geyindiyini. Amma heç vaxt da pul almırdı. Çox vaxt aldadırdı Püstəxanımı. Ya deyirdi keçən dəfə çox vermisən, ya deyirdi gələn dəfə verərsən. Püstəxanım da inanırdı ona. Qocaldıqca huşu gedirdi, hər şey yadından çıxırdı onun.
Nərgiz getdi.
Püstəxanım əsasını ev qapısının kandarında söykədib evə girdi, heç vaxt əsayla evə girmirdi. Corablardan bir cütünü çarpayısının üstünə qoydu, o biri cütünü apardı içəri otaqda şifonerə qoysun. Şifonerin orta gözündə bir cüt də bu corabdan varmış. İndi görürdü. Dodaqaltı qocalığının dalıyca deyinib şifoneri bağladı.
Keçib televizoru yandırıb çarpayıda oturdu. Əvvəllər bekar olanda otururdu evdə, eynəyini gözünə salıb atasıyçün, anasıyçün, əriyçün yasin oxuyurdu. Axır vaxtlar gözləri lap korlanmışdı, heç eynəklə də oxuya bilmirdi. İdarəedicini götürüb televizorun səsini qaldırdı. Xəbərləri verirdilər. Amma onun fikri başqa yerdəydi, diktorun dediyini eşitmirdi…
Gözlərini açanda gördü ki, nəvəsi televizoru söndürür. Bu ən kiçik nəvəsiydi, böyük oğlunun sonbeşiyi. Gündə neçə dəfə gəlib başa çıxırdı.
– Hə, haçan gəlmisən?
– İndi gəldim. Gördüm yatmısan, televizoru söndürdüm.
– Huş aparıb məni.
Gözlərini qıyıb stolun üstündəki balaca saata baxdı, günortanı keçmişdi.
– Nənə, bir şey lazımdı?
– Aptekə get. Ürək dərmanımla qarınişdətmə dərmanım qurtarıb.
Uzun illərdi bütün dava-dərmanını bu nəvəsi alırdı. Heç adlarını da demirdi, nəvəsi hamısını əzbərə bilirdi. Nəvəsi süfrənin küncünü qaldırıb pul götürdü, çıxdı. Beş-on dəqiqəyə qayıtdı. Dərmanları stolun üstünə qoydu. Cibindən pulun qalığını çıxartıb nənəsinə göstərdi.
– Köpegoğlu, qoy ora. Alladacaqsan bəyəm məni?
Nəvəsi sağollaşıb getdi.
Püstəxanım durub ürək dərmanından birini içdi. Nəsə ürəyi sancmağa başlamışdı. İstədi həyətə çıxsın. Telefon zəng çaldı. Bacısıydı, kiçik bacısı. Beş-on kəlmə hal-əhval tutub sağollaşdılar.
Çıxıb həyətdə oturdu. Az keçmiş talvardan üstünə çöp düşdü, başını qaldırdı görsün nədi belə. Düz o oturan yerin üstündə, meynə çubuqlarının arasında çöl göyərçinləri yuva qurmuşdu. Bu göyərçinlərə kənddə poçt göyərçini deyirdilər. Lap balaca olanda kimsə demişdi ki, bu göyərçinlər dava vaxtı kara gəlir, onlarla məktub göndərirlər. Deyəsən, atası demişdi bunu. Göyərçinlərdən biri yuvanın yanında oturmuşdu, dimdiyində çöp vardı.
Gün əyilənəcən həyətdə oturdu. Arada Nərgiz iki dəfə də gəldi, axşamüstü də nəvəsi gəldi. Tək bu nəvəsiydi gəlib ona dəyən. Böyük oğlunun o biri uşaqları işləyirdilər, vaxtları olmurdu. Kiçik oğlunun uşaqlarısa aylardı qapısını açmırdılar…
Şər qarışanda həyətin işığını yandırdı, alaqapını daldan bağlayıb evə girdi. Günortadan qalma xörəklə bir fal çörək yedi. Keçib yerində uzandı. İllərdi ki tək yaşayırdı. İki oğlu vardı, heç birinin yanına getmirdi. Deyirdi ki, bu həyətə gəlin gəlmişəm, bu həyətdə də ölmək istəyirəm.
Arvad gecə-gündüz tək idi.
Vaxt keçdikcən arvadın ağlı qarışmağa başlayırdı. Ən əvvəl huşsuzluğu başladı. Uşaqlıqda, cavanlıqda elədiyi, gördüyü şeylər hamısı yadındaydı. Amma təzə şeylər yadından çıxırdı. Sonra ölənlər gözünə görünməyə başladı. Amma arvad bilmirdi ki, bunları yuxuda görür, ya doğrudan. Bir-iki həftə qabaq da durub öz ata həyətinə getmişdi. Səhərə yaxın yuxuda atasını görmüşdü, anasını görmüşdü, görmüşdü ki, qardaş-bacıları hamısı balacadılar, həyətdə oynayırlar, qəribsəmişdi həyətçün. Durub getmişdi ora. Həmin həyətdə indi qardaşı uşaqları yaşayır… İndi də gözünü yuman kimi ölənlər gəlib sıraya düzüldü qabağında. Sonra talvarda yuva quran poçt göyərçinini gördü. Çöp də dimdiyindəydi, dayanıb Püstəxanıma baxırdı. “Mən də sizdənəm”, Püstəxanım dedi, “amma uça bilmirəm. Qanadlarım ağrıyır…”
Bilmirdi az yatdı, ya çox. Bir də gördü ki, otağın qapısı açıldı, rəhmətlik əri Rəhim girdi içəri.
– Ay Püstə, – dedi, – dalınca gəlmişəm. Dur gedək.
Püstəxanım heç nə demədi. Durub şifonerdən təzə paltarını götürüb geyindi, bayaq Nərgizin gətirdiyi corabı ayağına keçirtdi, təzə yaylığını da başına bağlayıb hazır dayandı. Rəhim bayaqdan dayanıb onu gözləyirdi. Heç sağlığında belə hövsələli deyildi. Rəhim qabaqda, Püstə də dalıyca evdən çıxdılar…
Səhər nəvəsi gələndə gördü ki, qapı qıfıllıdır. Evə xəbər elədi, əmisigildən soruşdular. Qohum-qonşuya zəng elədilər. Arvad heç yerdə yox idi. Aləm dəydi bir-birinə. Gəzmədikləri yer qalmadı. Axırda arvadın meyitini qonşu kəndin şorundan tapdılar. Yaylığı yolda açılıb düşmüşdü. Qapıdan asdığı qıfılın açarısa corabının boğazındaydı…
İyul, 2016
Nəlbəkidə üzər kağız gəmilər
Aynur üçün
…Stansiyanın platformasında oturub ayaqlarımı sallatmışam, yellətdikcə dabanlarım beton platformanın qırağına dəyir. Siqaret çəkirəm. Zəif külək əsir, söyüd ağaclarının yarpaqlarını, stansiyanın yan tərəfindəki şorda bitən qamışların pişpişələrini xışıldadır.
– Sənətkar, bir dənə papruzundan ver də…
Dala baxıram, Şəlpəqulaqdı. Başımla salam verib cibimdən siqaret qutusunu çıxartıram. Şəlpəqulaq yaxına gəlir, qucağındakı yorğan-döşəyi platformaya qoyub siqareti alır, yandırdığım kibritə tərəf əyilib siqareti alışdırır.
– Necəsən, sənətkar?
– Yaxşıyam, sağ ol, – deyib başımı tərpədirəm.
– Kişi necədi?
Atamı soruşur. Yenə başımı tərpədirəm.
– Allah ona can sağlığı versin, yaxşı kişidi!
Şəlpəqulağın əsl adı Məmməddi, amma hamı onu Şəlpəqulaq çağırır. Qulaqlarını, elə bil, plastilindən düzəldib əymisən.
– Özün necəsən? – soruşuram.
Yatacağa işarə edir.
– Əlləşirəm. Təvəkkül yola vermədi də məni. Nə qədər olar? Axır dedim, atamsan, canımsan, ciyərimsən, amma daha belə olmur. Çıxdım həyətdən.
Elə bil, nəsə yadına düşür, siqareti barmaqlarının arasında sıxır, sonra külünü çırpıb yenə ağzına qoyur.
– Yam-yam necədi? – soruşuram.
– Necə olacaq? Keçən ay getmişdim yanına.
Yenə nəsə demək istəyir, amma demir.
– Yaxşı, çox sağ ol, sənətkar.
Yatacağı qucağına götürüb gedir. Daldan ona baxıram, beli əyilib, iki-üç ilin içində əriyib gedib, köhnə Məmməddən bircə şəlpə qulaqlar qalıb.
Yam-yam bunun kiçik qardaşıdı. O vaxt cur olmuşuq. İndi türmədədi.
Dörd dostduq o vaxt, Merinosdu, Yam-yamdı, Əyripəncəydi, məndim.
Merinosla Yam-yam burda, stansiyanın dal məhəlləsində yaşayırdı, Əyripəncə məktəbin yanında, mən başqa məhəllədə.
Merinos əmim oğludu, qoyunları buralarda otlamağa buraxırdı. On-on beş dənə qoyunu vardı, əmim almışdı. Merinos deyirdi ki, bu qoyunlar mənimdi, saxlayıb çoxaldacağam, sürü eləyəcəyəm. Hərdən gəlirdim yanına. Yam-yam da gəlirdi. Yam-yam Merinosla bir sinifdə oxuyurdu, məndən iki yaş böyükdülər. Sonra Əyripəncə də bizə qoşulmağa başladı. Əyripəncə məniylə bir sinifdə oxuyurdu. Əyripəncə yekəpərdi, ayaqları da bir az əyri, yanlarını basa-basa gəzirdi. Yam-yamsa sarışın, mırıqdiş uşaqdı, adamyeyənə oxşayırdı. Əyripəncəylə Yam-yamın adını Merinos qoymuşdu, o ağıllıydı, axşamlar kitab oxuyurdu. O demişdi ki, Əyripəncə nağıldakı ayının adıdı, Yam-yam da ki, adamyeyənlərə deyirlər, hardasa adamyeyənlər yaşayır, özləri də lüt gəzirlər. Merinos adını biz qoymuşduq ona, qoyunlara görə. Mənimsə ləqəbim Qırçıydı. Qaraydım, çəlimsizdim, amma bu adı mənə uşaqlar qoymamışdı, əmim bir dəfə demişdi ki, qırçılara oxşayırsan, ondan sonra adım Qırçı qalmışdı.
Burda köhnə yük vaqonları vardı. Əlavə relslərdə qalıb pas atmışdılar. Vaqon çox idi, dördü bizimkiydi. Lap birincisi, əlli doqquz tonluq vaqon Merinosunkuydu, ikincisi, əlli yeddi tonluq Əyripəncənindi, üçüncüsü altmış tonluqdu, o mənimkiydi, dördüncüsü də Yam-yamınkı, o da əlli yeddi tonluqdu. Hərəmiz öz vaqonumuza çıxıb otururduq. Bir dəfə öz vaqonumun içinə düşmək istədim, amma lükunu aça bilmədim. O birilər də yoxladılar, heç birimizin vaqonunun lüku açılmadı. Bir az vaqonumuzda oturandan sonra yığışırdıq birimizin vaqonuna. Əyripəncə cığal idi, heç vaxt bizi öz vaqonuna qoymurdu, amma biz onu qoyurduq. Mənim cibimdə həmişə karamel olurdu, uşaqlara verirdim. Merinos bizimçün maraqlı şeylər danışırdı. Qoyunlar da otlayırdı özləriyçün.
O vaxt hələ elektrik qatarları işləyirdi. Gündə iki dəfə, bir səhər, bir də axşam. Amma biz onları görmürdük. Hərdən-hərdən də ya yük qatarları, ya da harasa uzaqlara gedən sərnişin qatarları keçirdi. Merinos tez qoyunları qırağa sürürdü ki, qatarın altında qalmasınlar.
Üç-dörd ay belə keçdi, qış düşənəcən. Havalar soyuduqca az-az getməyə başladım. Elə o birilər də gəlmirdi. Bircə Merinos hər gün qoyunları otarırdı. Bir dəfə əmigilə gedirdim. Stansiya tərəfdən gəldim, bilirdim Merinos burdadı. Bir az söhbət elədik. Stansiya binasından aralı, platformanın axırında tualet vardı. Neçə ay buralarda fırlansaq da, hələ bu tualetə girməmişdim. Qapılarını haçandı çıxartıb aparmışdılar, balaca hasarı vardı, içəri görünmürdü. İçəri girdim. Divarda kimsə mıxla, əyri-üyrü kiril hərifləriylə iki misra şeir cızmışdı:
Biz gedərik güldə qalar ətrimiz,
Ətri gələndə bilinər qədrimiz.
Çıxanda Merinosdan soruşdum, dedi Sumqayıt uşaqları yazıb onu, elektriçkada tum satan uşaqlar.
Yeni il qabağı əmim qoyunları satdı, amma pulunu Merinosa vermədi. Merinos neçə gün dərsə gəlmədi, bizdən utanırdı. Tezliklə yaddan çıxdı hər şey.
Əyripəncəylə də aram dəymişdi. Bir dəfə məktəbdə kiməsə sataşdı, deyəsən, uşağın nənəsini söymüşdü. Dava düşdü, Əyripəncəyə bir dənə yumruq dəyən kimi titrəməyə başladı, ağlaya-ağlaya direktorun otağına qaçdı. O boyda cəmdəydi, amma bərkliyi yoxmuş. Əyripəncə gözümdən düşdü. Daha onuyla oturub-durmurdum. Hərdən də xətrimə düşəndə zarafatca söyürdüm.
İş elə gətirdi ki, əsgərliyə bir gündə getdik. Əyripəncəgilin maşını yox idi. Komissarlığa bizim maşınla getdik. Əyripəncənin əlində yekə idman çantası vardı. Soruşdum içindəki nədi, dedi yeməkdi, anam qoyub. Həyətdə dayanmışdıq, bir-bir içəri çağırırdılar. Əyripəncə dolub dayanmışdı, himə bənddi ağlasın. Biz də girib çıxdıq. Gecə Biləcəridən yola salacaqdılar bizi. Əyripəncə dedi gəl gedək maşına. Çıxıb maşında oturduq. İdman çantasını açıb çörəklə soyutma yumurta çıxartdı. Sellofan torbanın içində iyirmiyə yaxın yumurta vardı, hərəmiz birini götürüb soyduq, yedik. Əyripəncə qalan yumurtalarla çörəyi çantaya qoyub bağladı. Çantada bütöv soyutma toyuq, bir palka kolbasa, balaca qazança, iki dənə bir litrlik limonad görünürdü. Sonra siqaret çəkdik.
– Qırçı, mən qorxuram e, – dedi. Gözləri qızarmışdı.
– Ayı oğlu ayı, nədən qorxursan? Vid-fasonuva bax, eyibdi e, – dedim.
Gecə yola düşdük. Ayrı rayonlara gedirdik. Məzuniyyətə gələndə anam dedi get İlhamə xalaya dəy, tez-tez zəng eləyib səni soruşur. İlhamə xala Əyripəncənin anasıydı. Getdim. İlhamə xalanı tanımadım, bircə gözləri qalmışdı arvadın. Əsgərlikdən qayıdanda artıq İlhamə xala ölmüşdü. Sonra uşaqlar danışırdılar ki, Əyripəncə hər dəfə zəng eləyəndə ağlayırmış, deyirmiş ki, gəlin aparın məni burdan, incidirlər, döyürlər. İlhamə xala da ağlayıb gəzirmiş, o qədər dərd çəkib ki, axır ağ qan qırmızı qanı yeməyə başlayıb, yeddi-səkkiz aya ölüb gedib.
Əyripəncədən lap zəhləm getdi. Arvad oğlu arvad, tula balası tula! Harda görürdüm söyürdüm onu. O elə bilirdi əvvəlki kimi zarafatca söyürəm, amma mən doğrudan söyürdüm.
Əsgərlikdən sonra işləməyə başladım. Kənddən səhər çıxıb axşam qayıdırdım. Merinosla Yam-yamı da hərdən görürdüm. Merinos o vaxt universitetə girə bilməmişdi. Heç inanmadıq, savadlıydı, amma girə bilmədi. Yəqin yaxşı hazırlaşmayıbmış. Əsgər getdi, qayıdandan sonra elə stansiyada işə girdi. Yam-yamısa əsgər aparmadılar, ayaqlarının altı düz idi. Onun daimi işi yox idi, hərdən bir dükanda fəhlə işləyirdi. İndi hərəmizin öz iş-gücü vardı, daha vaqon üstündə qaçdı-tutdu oynayan uşaqlar deyildik. Vaqonlarımızı da aparmışdılar, relslər yetim qalmışdı.
Üstündən üç-dörd il keçdi. İşdəydim, Merinos zəng elədi.
– Xəbərin var? Yam-yam Əyipəncəni vurub öldürüb.
– Nə? Nöş vurub?
– Hə, dünən gecə. Axşam gələrsən danışarıq.
Axşam Əyripəncəgilə gəldim. Əyripəncəni günorta dəfn eləmişdilər. Tək-tük adam vardı, evin qabağında çay içirdilər. Merinos da burdaydı.
Küçəyə çıxıb siqaret yandırdıq.
– Dünən gecə olub, – Merinos danışmağa başladı. – Mən yanlarında deyildim. Üç-dörd nəfər yığışıb gediblər yeyib-içməyə. Muxtarın kafesində oturublar. Sonra Yam-yam başlayıb Əyripəncəni dolamağa. Əyripəncə onun anasını söyüb. Yam-yam deyib piyansan, ayılarsan, sabah danışarıq. Kafedən çıxıblar, yanlarındakılardan biri qızışdırıb Yam-yamı, Yam-yam da cib bıçağını çıxartıb vurub Əyripəncəni. Atası deyir hələ sağ idi, Sabunçuya aparanda yolda keçinib.
…Platformadan düşüb qəbiristanlığın alçaq hasarına yaxınlaşıram, Əyripəncənin, İlhamə xalanın, Əsədin qəbirləri yan-yanadı. Əsəd Əyripəncənin babasıydı, Kərbəlayı deyirdilər. Amma atam deyirdi ki, o ziyarətə-zada getməyib, mollagünə adamdı, ona görə belə deyirlər. Bir də görürdün biz vaqonların üstündə oynayan vaxt Əsəd gəlirdi qəbiristanlığa, qohum-əqrəbasının qəbrini ziyarətə. Uzaqdan onu görən kimi oynaya-oynaya oxuyurduq:
Kəbleyi dolma yedi,
Çıxdı çinarın başına.
Əyildi su içməyə,
İşədi xiyarın başına.
Əyripəncəni od götürürdü, söyürdü, inciyirdi, küsüb gedirdi. Amma səhəri gün yenə gəlirdi, çünki bizdən başqa dostu yox idi.
Əsəd Əyripəncədən sonra öldü…
Şəlpəqulaq yenə təzə evə şey-şüy daşıyır. Bu dəfə çiynində burulub bükülmüş xalça, bu biri qoltuğunda da bükülmüş palaz var. Atasıyla yola getmirdilər. Bir az pul düzəldib, şor qırağında əl boyda yer alıb ev tikib. Ev deyəndə ki, bir otaqlı balaca komadı. İndi evin şey-şüyünü daşıyır, ata nanəcib qapısında maşını ola-ola vermir oğluna, bunun da pulu yoxdu taksi tutsun, əllə daşıyır. Özü də xəlvət yolla aparır ki, görən olmasın. Amma bayaq qayıtmağını görməmişdim, yəqin kənd içindən qayıdıbmış.
Əmimgilə girirəm. Merinos bu gün evdədi. Dostu çay süzür, içirik. Qənddanda karamel var, amma bunlardan xoşum gəlmir. Karamelçün uşaqlıqdan əldən gedirəm. O vaxt dadlı karamellər olurdu – Ptaşka, Qaz ayağı, Skazka… Südlü, kakaolu karamellər. İndikilər elə dadlı deyil, kağızları da cığ-cığdı. Ptaşkanın üstündə ağacdələn şəkli vardı, bir də Meçta karamelləri olurdu, yumru pendirə oxşayırdı, elə pendir deyirdim ona. Çox vaxt yeyəndən sonra kağızından gəmi düzəldirdim, çayı nəlbəkiyə töküb qoyurdum gəmini içinə, üfləyib üzdürürdüm. Bir dəfə əmigilə gedəndə gördüm ki, əmim qızı karamel kağızlarından balaca səbət düzəldir. Əlinə baxdım, özüm də yoxladım, amma alınmadı. Kağızları büküb toxuyurdu. Hazır olandan sonra içinə süni gül düzdü. Bu biri dəfə gələndə gördüm iki dənə də düzəldib. Dedim mənimçün də düzəltsin. Dedi konfet kağızı gətir, düzəldim. Sonra yadımdan çıxdı, kağız gətirmədim. İndi evdə baxıram, həmin səbətlər hələ də servantdakı qab-qacağın arasındadı…
Evdən çıxırıq. Qapının ağzında Merinosla siqaret çəkirik. Sağollaşıb ayrılıram. Kəndə getməliyəm, dükandan alınmalı şeylər var. Amma birdən o iki misra şeir yadıma düşür. Qayıdıb stansiyanın tualetinə girirəm. Divarı üst-üstdən neçə dəfə əhəngləyiblər, amma mıxla cızılmış şeiri hələ də oxumaq olur:
Biz gedərik güldə qalar ətrimiz,
Ətri gələndə bilinər qədrimiz.
Çıxanda Şəlpəqulağı görürəm, Ağayla divanı aparır…
…Əyripəncənin üçüydü, yasdan çıxıb evə gedirdim. Şəlpəqulağı gördüm, gözləri şişmişdi. Yam-yamı soruşdum, dedi elə o gün gecəylə gəlib apardılar. Polislər gələndə Yam-yam da evə qayıdırmış, elə qapının ağzında qandalı keçirdiblər əlinə. Şəlpəqulaq deyir, dedim bir dəqiqə əlini açın, girib evdəkilərlə görüşsün. İcazə vermədilər, maşına basıb apardılar. Uşaq pəncərədən baxa-baxa qaldı.
Yam-yam evlənmişdi, bir qızı da olmuşdu o vaxt…
Qayıdıb kənd içinə gedirəm, dükana girirəm. Dükandan çıxanda Kənanla rastlaşıram. Kənan Əyripəncənin kiçik qardaşıdı.
O vaxt Merinos deyirdi ki, Yam-yam Əyripəncəni vuran gün Kənanı yoldan tutub qaytarıblar. Yam-yamgilə gedirmiş ağlaya-ağlaya, əlində də bıçaq varmış…
Aprel-mart, 2017
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?