Электронная библиотека » Hüseyn Baykara » » онлайн чтение - страница 5


  • Текст добавлен: 13 января 2023, 17:59


Автор книги: Hüseyn Baykara


Жанр: Документальная литература, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +

YEYİNTİ SƏNAYESİ

1886-cı ildə Bakıda bir ildə 372 min manatlıq un üyüdən buxar maşınlı dəyirman vardı. 1899-cu ildə isə ildə bir milyon yarım manatlıq un üyüdən 28 buxar maşınlı dəyirman fəaliyyət göstərirdi. Bundan əlavə, 1,9 milyon manatlıq çəltik təmizləyən altı düyü fabriki mövcud idi. 1897-ci ildə Gəncədə üç buxar maşını ilə işləyən un dəyirmanı vardı.

Tütün fabrikləri

1891-ci ildə Bakıda illik istehsalı 660,1 min manata çatan dörd tütün fabriki fəaliyyət göstərirdi. Bundan başqa Gəncədə üç tütün fabriki işləyirdi. 1899-cu ildə tütün fabriklərinin istehsalı 1,2 milyon manata çatmışdı. Tənbəki fabriklərinin ikisi Şamaxıda, üçü isə Nuxada yerləşirdi. 1898-ci ildə illik istehsalları 12,325 pud idi. Cənubi Qafqazın tənbəki fabrikləri ancaq Azərbaycanda yerləşirdi.

Sənayedə və inşaatda istifadə olunan keramika, daş karxanaları, daşyonan emalatxanalar inkişaf edərək bir ölkənin ehtiyacını ödəyəcək qədər artmışdı. Sement zavodunun inşası üçün Lənkəranda anonim şirkət yaradılmışdı. Kapital qoyuluşu bir milyon yarım manat adi. Bu şirkət tikintidə istifadə olunacaq hazır beton materialı da hazırlayırdı. Bundan əlavə, qənd sənayesini yaratmaq üçün Lənkəranda şəkər çuğunduru yetişdirilməsi təcrübəsi aparılırdı.

Nəqliyyat

Rus çarizminin çoxları tərəfindən öz hərbi strategiyası üçün olduğu düşünülən, Cənubi Qafqazda çəkdirdiyi daxili şosse və dəmir yolları vasitəsilə 1890-cı ildə Bakı stansiyasından Rusiyaya ümumi çəkisi 55 milyon pud olan müxtəlif mallar daşınmışdı. Beləliklə, Azərbaycan kimi Rusiyanın başqa müstəmləkələrinin vilayət və qəzalarına yaxın olan stansiyalarından Rusiyaya daşınan malların miqdarı 25 milyon puddan çox idi (Azərbaycan tarixi, səh. 247). Bu illərdə Azərbaycandan Rusiyaya göndərilən malların miqdarı bütün Cənubi Qafqazdan göndərilən malların beşdə dördünü təşkil edirdi. Neft Rusiyaya sistern vaqonlarla, dənizdə gəmilərlə Həştərxan yolu ilə daşınırdı. Bakı-Batumi dəmir yolu Qərb ilə Şərq ölkələri arasında bir tranzit yolu rolunu oynadığından, nəqliyyatın, ticarətin həcminin artması Bakı limanının yaradılmasına səbəb olmuş və bunun nəticəsində nəqliyyat daha da inkişaf etmişdi. Buna bir misal çəkmək faydalı olardı. Qərbi Avropaya, Amerikaya, İrana, Əfqanıstana və Türküstana tranzit yüklərin daşınması üçün Bakıda mövcud olan ticarət müəssisələri bürosu bunlardır: “Batumi, Novorossiysk, Odessa, Poti, Feodosiya, Vladivostok, Arxangelsk, Rostov, London, Liverpul, Nyu-York, Helsinki, İstanbul, Şanxay, Kopenhagen, Keniya və başqaları” (Azərbaycan tarixi, səh. 250).

1899-cu ildə Xəzər dənizində 345 yelkənli gəmi çalışırdı. Bunlardan 133-ü buxarla hərəkət edən gəmilərdi.

Buxarla işləyən gəmilərin ümumi tonnajı yelkənli gəmilərə nisbətən 55,8% idi.

1898-ci ildə Rusiya imperiyasının Azov dənizində, Qara dənizdə, Aralıq dənizində və Baltik dənizində olan yük gəmilərinin 40%-i Xəzər dənizində yerləşirdi. Beləliklə, açıq-aydın görürük ki, XIX əsrin dördüncü rübündə və XX əsrin ilk illərində Azərbaycan sənayesi Qərb üsulunda sənayeləşir, ticarəti inkişaf edir və türk xalqı tarixin bu keşməkeşinə sinə gərərək irəliləyirdi. Bu dövrün sosial, mədəni və siyasi xarakterini irəlidə ayrı bir bölmədə verəcəyik.

Bu dövrdə xanlıq zamanından qalma əl sənəti və toxuma işləri yeni mühitdə asanlıqla müştəri tapdığı üçün daha da inkişaf edirdi. Xalçalar, xurcunlar, ipəkdən toxunma baş örtükləri və başqa əl işləri, kəndlərdən şəhərlərə, şəhərlərdən də böyük ticarət mərkəzlərinə göndərilir və fabrikdə istehsal olunan mallarla bir sırada satılırdı. Bu satış Azərbaycanda əl sənətini incəsənət yönündən təkmilləşdirirdi. Quba, Şuşa, Cəbrayıl, Gəncə və Bakı xalçaları xarici bazarlarda ad qazanmışdı. Qubada xalça toxuyan qadınların sayı otuz minə yaxın idi. Təkcə Xaçmaz stansiyasından ildə 300 000 manatlıq xalça ixrac edilirdi (Azərbaycan tarixi, səh. 254). Şuşa, Cavanşir, Zəngəzur qəzalarında xalça toxumaqla 100 000 nəfər məşğul olurdu (həmin əsər, səh. 256). “Qarabağ” adlanan, müxtəlif növü olan, öz solmaz rəngləri və gözəlliyi ilə dünyaya səs salan xalçaların ticarət mərkəzi Şuşa şəhəri idi.

Daxili ticarət

Kənd və şəhər əhalisinin əl əməyi ilə meydana gələn xalça və başqa toxunmaların böyük bazarlara aparılmasında “həftə bazarı” adlanan və ən əhəmiyyətliləri Lahıc, Basqal Altıağac, Bərgüşad, Salyan, Vartaşen, Padar, Qutqaşen, Ağdaş, Ərəş, Masallı, Astara, Ağdam, Bərdə, Tərtər və başqa yerlərdə qurulan bazarlar böyük rol oynamışdır. Bu bazarların bəziləri hər həftə məhəlli yarmarkalara çevrilmiş və yerləşdiyi rayonun daxili bazarında topdansatış, pərakəndə satış və ixracatla məşğul olan tacirlərin ixrac edəcəkləri malların toplanmasında faydalı və əhəmiyyətli rol oynamışdır. 1870-ci ildə Tiflisdə çıxan “Qafqaz” qəzeti yazırdı: “Ağdam bazarından Marsel və İtaliyaya yüksək keyfiyyətli ipək və barama göndərilmişdir (Azərbaycan tarixi. II cild, səh. 258). Bu həftə bazarlarının sosial xidməti də olurdu. Kəndlini şəhərlilərlə yaxınlaşdırır və bu iki ayrı sosial təbəqəyə mənsub eyni millətdən olan cəmiyyəti birləşdirirdi. Çar Rusiyasının əsarəti altında olan Azərbaycanın ixracat faizi o zamanlar daim idxalından çox olurdu. Xalqın güzəranı da xanlıq dövrünə nisbətən müqayisə olunmayacaq dərəcədə yaxşılaşırdı. 1880-ci ildən sonra yun, pambıq, tütün, ipək çox artmışdı.

Şəhərlər

Azərbaycan azadlıq mübarizəsinin əziz şəhidlərindən biri olan iqtisadçı Məmmədhəsən Vəlili (Baharlı) 1921-ci ildə Bakıda nəşr etdirdiyi “Azərbaycanın coğrafi, təbii, etnoqrafik və iqtisadi mülahizəsi” adlı kitabında Azərbaycanda şəhər əhalisinin artması, şəhərlərin təşəkkülü və Bakı əhalisi haqqında bunları qeyd edir: “Azərbaycanın tarixi hərəkat və həyat mərkəzlərinə – Şamaxı, Bakı, Quba, Gəncə, İrəvan, Nuxa, Şuşa və bu kimi mahallara çoxdan kənd əhalisi axışmışdır və bunun nəticəsində bu yerlərin əhalisinin sayı xeyli artmışdır”.

Əhalinin sıxlığına sənayenin tərəqqi etməsi, kənd təsərrüfatının, balıqçılığın və dəmir yolunun artması böyük təsir etdi.

Bütün bunlar Bakının əhalisinin həddindən çox artmasına səbəb olmuşdu. Onun ətrafında neft sənayesi, onunla əlaqədar olaraq zavod və emalatxana işləri artdıqca buraya təkcə azərbaycanlılar deyil, çoxlu miqdarda rus, isveç, yəhudi, alman kimi xaricilər də gəlmişdilər. Aşağıdakı rəqəmlər Bakı əhalisinin bir əsrdə nə qədər artmış olduğunu göstərir (Bu rəqəmlər Baharlıdan götürülmüşdür):


Bakının əhalisi: 1820-ci ildə 2 500 nəfər,



1860-cı ildə Azərbaycan əhalisinin 12,2%-i şəhərlərdə yaşayırdı. 1897-ci ildə Bakı quberniyası əhalisinin 20%-i şəhərdə yaşayırdı. Bakıda azəri türkləri 45 000, ruslar 19 000, erməni və başqa millətlərdən olanlar 111 000 idi. 1886-1897-ci illər arasında Gəncədə əhalinin sayı 63%, Lənkəranda 107%, Zaqatalada 147% artmışdı. 1897-ci ildə Gəncənin 33 090, Şuşanın 25 881, Nuxanın 24 734, Şamaxının 20 007, Qubanın 15 363, Salyanın isə 11 787 nəfər əhalisi var idi. 1897-ci ildə olan siyahıyaalmaya görə Azərbaycanın əhalisi (Zaqatala daxil olmamaqla) 1805788 nəfər imiş. 1897-ci il hesablamasının Azərbaycan xalqı haqqında verdiyi statistik məlumata şübhə ilə yanaşmaq lazımdır. Bu barədə Məmmədhəsən Baharlı belə deyir: “1897-ci ildə olan siyahıyaalma, ümumiyyətlə, ətraflı və düzgün deyildir. Çünki, islam əhalisi əsgərliyə çağırılmaqdan, torpaq mükəlləfiyyətindən və verginin artırılmasından ehtiyat etdikləri üçün siyahı tutulan zaman yazılmaqdan imtina edirdilər. Köçəri xalq çox zaman yaylaqda olurdu. Çar çinovnikləri və polisləri bunu bilərəkdən edirdilər ki, müsəlman xalqının sayı az görünsün” (Həmən əsər: səh. 22). Bu səbəbdən M.Baharlı 1897-ci ildə Azərbaycan əhalisinin sayını 2 150 000 nəfər göstərir və qeyd edir ki, Azərbaycanın heyvandarlıqla məşğul olan, yaşayış yerlərindən uzaqda – yaylaqlarda olan köçəriləri də hesaba alınmalı idi.

Bakıda olan 204 sənaye müəssisəsinin 115 kapitalistindən 18%-i Azərbaycan türk kapitalistləri idi. Rus kapitalistləri 27% təşkil edirdi (Adlarından da açıqca görünür ki, rus kapitalistləri – Benkendorf, Qubonin, Şibayev – H.B.) Rusiya təbəəsi olan xaricilərdir. Un və çəltik təmizləyən zavodlar Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov və başqa türklərə məxsus idi. Yerli azəri türklərinin bu sənayeyə qoyduqları kapital ümumi kapitalın 36%-ni təşkil edirdi. Neft sənayesində Azərbaycanın milli kapitalı 21% idi. Səlimxanov neft-kimya sənayesində ən böyük kapitalist idi. Onun, sənayenin bu sahəsinə qoyduğu kapital ölkədə bu sahəyə qoyulan ümumi kapitalın 10%-nə çatırdı. Bakıda ilk dəfə toxuculuq sənayesinə başlayan kapitalist H.Z.Tağıyev idi və həmin kombinat bu günə kimi fəaliyyət göstərir. 1880-ci ildə azərbaycanlılar Xəzər dənizindəki yelkənli gəmilərin 80%-nə sahib idilər. Xəzər dənizində mövcud olan gə-milərin 58%-i yerli türk kapitalistlərin payına düşürdü (Azərbaycan tarixi, II cild). Dəniz və çay nəqliyyatı işində təşəbbüs göstərən kapitalistlər – Dadaşovlar, Hüseynovlar, Aşurov, Manafov, Zeynalov və başqaları idi. İpəkçilik sahəsində olan kapitalistlərdən Nuxada Hacı Kərim Hacı Vahab oğlunu, İbrahim Əkbər oğlunu, Hacı Abdul Rəhimovu, Hacı Məmməd Rəhim oğlunu və başqalarını göstərmək olar. Qarabağda da ipəkçilik sahəsində Muradov və b. fəaliyyət göstərirdi. Balıq sənayesini milli Azərbaycan kapitalistləri Tağıyev, Sultanov, Əhməd Mustafa oğlu, Ağa Mustafa oğlu və başqaları təmsil edirdilər. Azərbaycan milli kapitalını daha çox, qüvvətli və sayca üstün olan, yerli türk ticarət burjuaziyası əlində saxlayırdı. Bu zümrə Azərbaycanın ortabab və daha çox yüksək dərəcəli topdansatışla məşğul olan tacir sinfi idi. Onlar Bakının, Gəncənin, Şamaxının, Şuşanın, Nuxanın, Naxçıvanın, Ordubadın və başqa şəhərlərin bütün ticarətini əllərində saxlayırdılar. Bu orta təbəqəyə kənd təsərrüfatını öz əlində cəmləşdirən əkinçilər də daxil idi. Bu orta təbəqənin Azərbaycanda üzərinə düşən sosial, iqtisadi, mədəni və siyasi rolu tarix baxımından, Qərbi Avropa cəmiyyətlərində olduğu kimi yerində və vaxtında çox gözəl icra etdiyini irəlidə görəcəyik.

AZƏRBAYCANDA PROLETARİAT SİNFİNİN MEYDANA GƏLMƏSİ

“Proletar” sözü XIX əsr iqtisadçıları tərəfindən olduqca çox işlədilmiş bir termindir. Sonradan Karl Marks bu terminə öz nəzəri baxımından xüsusi mənalar vermişdir. Əslində proletar sözünün mənası “gündəlik əməyilə dolanan fəhlə” deməkdir. Yazımızın əvvəlində Azərbaycanda sənayenin, ticarətin Qərbə məxsus inkişaf etməsini uzun-uzadı anlatdıqdan sonra bu həyatın ayrılmaz parçası olan fəhlə sinfindən söz açmamaq olmaz.

1901-ci ildə Azərbaycanda neft sənayesində işləyən fəhlələrin sayı 26 637 nəfər idi. Neft quyularının qazılmasında 5409, nefttəmizləmə zavodlarında çalışan fəhlələrin sayı isə 3865 nəfərə çatırdı. 1897-ci ildə Bakıda maşınqayırma işlərində və buna bənzər mexaniki işlərdə çalışan fəhlələr bu hesaba daxil deyildi. Gəmi təmiri tərsanələrində, elektrik enerjisi istehsal edən müəssisələrdə Nobelə, “Qafqaz-Merkuri”, “Xəzər” şirkətlərinə, Şibayevə, elektrik qüvvələrinə, Listə, Mışaka, Bardorfa, Eyzenşmitə və başqalarına aid olan zavod və fabriklərdə, Nadejda, Kaspi, Dadaşov müəssisələrində, Bakı şəhərində və onun ətrafında kimyəvi maddələr istehsalında (kükürd, potaş), mis emalında, balıq sənayesində, Gəncədəki kobalt, dəmir, Naxçıvandakı duz mədənlərində minlərdə fəhlə çalışırdı.

Bütün rəqəmləri ayrı-ayrılıqda göstərmək mənasızdır. Sadəcə bir nümunə ilə kifayətlənəcəyik. 1900-cü ildə yalnız balıqçılıq sənayesində 6359 fəhlə çalışırdı. Artıq kapitalizm sənayedə, ticarətdə özünə yer tutmuşdu. Bütün sənaye sahələrində – artellərdə, emalatxanalarda çalışan işçilərin ümumi sayı (Bakıda) təxminən 50 000-dən çox idi. Yarıdan çoxu azərbaycanlılar olan bu işçilərin çox hissəsi Cənubi Azərbaycandan gəlmişdi. 1917-ci il 22 oktyabrda Bakı Sovetinə keçirilən seçkilərdə Bakıda çalışan və İran təbəəliyində olan 15 000 iranlı işçinin seçki hüququna malik olmadıqlarına baxmayaraq “Müsavat” partiyası daha çox səs qazanmışdı (Mirzə Bala Məmmədzadə. “Rusiya inqilabında türklər” jurnalı, Münhen, 1957, N:9. səh. 12). 1891-ci ildə Şimali Azərbaycanda 15615, 1901-ci ildə isə 22776 adama pasport verilmişdi. (Azərbaycan tarixi, cild 2, s. 278). Bunların bir qismi Cənubi Azərbaycandan Qafqaza gələn fəhlələr idi.

Beləliklə, Cənubi Azərbaycandan gələn fəhlələr başda Bakı olmaq üzrə, sənayeləşən Azərbaycanın əsas işçi qüvvəsini təşkil edirdilər. 1883, 1893, 1897, 1898-ci illərdə Azərbaycanda baş verən quraqlıq nəticəsində azəri kəndliləri şəhərə axışırdılar. Azərbaycanda türklərdən başqa dağıstanlılar, ermənilər, gürcülər, ruslar da işləyirdilər.

Sahibi erməni olan iş yerlərində işçilərin 90%-ni ermənilər təşkil edirdi. Ter-Qriqoryanın tütün fabriki buna misal ola bilər.

1900-cü ildə balıq sənayesində çalışan işçilərin hamısı azərbaycanlı idi. (Azərbaycan tarixi, cild 2, s. 285). Beləliklə, çar hökuməti müstəmləkə Azərbaycan torpaqlarının bütün varını əlindən alır, imperiya sarayını bəsləyirdi. Başqa şahidə ehtiyac yoxdur. Lenin yazır: “Qərbi Rusiyanın cənubu və şərqi Qafqaz, Orta Asiya və Sibir rus kapitalizminin bir müstəmləkəçisi kimi həm dərininə, həm də eninə təsir göstərirdi”. (Lenin, cild 4, s. 76, Bakı, 1958).

XIX ƏSRİN İKİNCİ YARISI VƏ XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA MƏDƏNİ VƏZİYYƏT

Maarifçilərdən Həbib bəy Mahmudbəyli və Sultanməcid Qənizadənin yorulmadan çalışmaları sayəsində Azərbaycanda 1880-ci ildən sonra “rus-tatar məktəbi” adlanan bir çox məktəblər açıldı. Bu məktəblərin Azərbaycanın elmi həyatında oynadığı rolu inkar etmək olmaz. Ancaq zaman keçdikcə xalq məktəblərdə çar idarəsinin ruslaşdırma siyasəti yürütdüyünü görüncə bu məktəblərdən soyudu. Azəri xalqı uşaqlarına milli tərbiyə verə biləcək məktəblər istəyirdi. Milli ruhda bir çox mədəni, siyasi cəmiyyətlər yaradıldı. Bu cəmiyyətlərə azəri burjuaziyası maddi yardım göstərirdi. 1901-ci ildə Hacı Zeynalabdın Tağıyev Bakıda 1-ci Aleksandrevski türk qız gimnaziyası açdırmışdı. Türk kapitalistlərinin yardımı ilə “Səadət” məktəbi də yaradıldı. Tağıyev böyük bir türk dram teatrı tikdirdi. Azəri kapitalistləri türk qəzet və jurnallarına maddi yardım edir, Qərb ölkələrinə təqaüdlə tələbə göndərirdilər. Çar rejimi Azərbaycanda oğlan uşaqları üçün məktəb, texnikum, universitet kimi elmi mərkəzlər açmağı türklərə qadağan etmişdi.

XX əsrin sonlarında türk pedaqoqları xalqın və varlıların yardımı sayəsində öz milli məktəblərini açmağa başladılar. Həmin məktəblərdə ruslaşdırma yox idi. Rus dili bir fənn kimi tədris edilirdi. Bu məktəblərə “üsuli-cədid” məktəbləri deyirdilər. Şamaxıda şair və pedaqoq Hacı Seyid Əzimin vaxtı ilə açmış olduğu üsuli-cədid məktəbini Mirzə Rza davam etdirirdi. Qubada Molla İbrahim Xəlil, Salyanda Molla Əbülhəsən, Bakıda Mirzə İsmayıl Qüdsi yeni üsullu məktəblərin qurucuları idi.

Şuşada Mir Möhsün Nəvvab və yoldaşları (1833-1904) üsulicədid ənənəsini davam etdirir, xalqın həyata yeni baxımını tərbiyə edirdilər. Bakıda rusca çıxan “Kaspi” qəzeti köhnə dini üsullu məktəbləri tənqid edir, “bu məktəblər fanatik və cahil mollaların ağalığı altındadır”, – deyə yazırdı. Üsuli-cədid məktəbləri Azərbaycanın başqa vilayət və qəzalarında da açılırdı. Bu məktəblərdə dərslər fonetik metodla verilirdi. Dərslər türkcə ana dili, hesab, coğrafiya, rus dili və təbiət dərslərindən ibarət idi. Lənkəranda üsuli-cədid məktəbini ilk açan Mirzə İsmayıl Qasir olmuşdu. Ancaq bu yeni açılan məktəblər Azərbaycan xalqının ehtiyacını ödəyəcək qədər deyildi. Cəmiyyət artıq oxuyub-yazmağın əhəmiyyətini dərk edirdi.

1890-cı ildə Azərbaycanda on iki gimnaziya və realnı məktəb vardı. Bu məktəblərdə oxuyan 5700 tələbədən 91 nəfəri türk idi. Çar idarəsi azəri xalqının mədəniyyətinin inkişaf etməsinə hər vasitə ilə maneçilik törədirdi.


1890-cı ildə Şuşada və Naxçıvanda qızlar üçün məktəblər açılmışdı. Qızlar üçün məktəblərin açılmasında “Şuşa” xeyriyyə cəmiyyəti böyük rol oynamışdı. Bakıda qızlar məktəbinə Həsən bəy Zərdabinin arvadı Hənifə xanım müdirlik edirdi.

Türklərin oxumaq arzularına çar rejiminin mane olmasını göstərən tutarlı sənədlər vardır. Qafqazda 300 rusa, 4800 gürcüyə, 5400 erməniyə, 17300 azəri türkünə bir məktəb düşürdü. 1891-ci ildə Gəncədə xüsusi türk məktəb və mədrəsələrində oxuyanları nəzərə almasaq, rus dövlət məktəblərində 884 türk şagirdi oxuyurdu.

O dövrdə aktual mövzu, məktəblərdə dərs metodu, dil və əlifba məsələləri idi. Əlifba məsələsi – ərəb hərflərinin türk dilinə uyğun gəlmədiyi və latın əlifbasına keçmək lazım olduğu M.F-.Axundovdan miras qalan bir proses idi. Müəllim M.T.Sidqi və F.Köçərli bu prosesin tərəfdarları idilər. 1898-ci ildə F.Köçərli Tiflisdə rus dilində nəşr olunan “Qafqaz” qəzetində “Ərəb əlifbası və onun nöqsanları” başlığı altında bir seriya məqalələr dərc etdirmişdi. M.T.Sidqi də yazdığı məqalələrdə F.Köçərli ilə həmfikir olduğunu bildirirdi. Dil məsələsində əsasən Azərbaycan dilinin, yəni canlı xalq dilinin ədəbi dilə tətbiq edilməsi fikri müdafiə olunurdu. 1899-cu ildə Nəriman Nərimanov “Türk-Azərbaycan dilinin müxtəsər sərf və nəhvi” adlı əsərini nəşr etdirmiş və bu əsərdə əsasən fonetika, morfologiya və sintaksis incələmələrinə xüsusi yer vermişdi. XIX əsrin axırlarında F.Köçərli rus pedaqoqu A.O.Çernyayevskinin “Vətən dili” kitabını yenidən işləyərək, bəzi əlavələrlə təkrar nəşr etdirdi. Belə dərsliklər Azərbaycan dilinin məktəbdə asan öyrənilməsinə, uşaqlar tərəfindən mənimsənilməsinə yol açırdı. Bunun sayəsində yeni üsullu məktəblər çoxalır, köhnə mədrəsələr əhəmiyyətini itirirdi.

İLK KİTABXANALAR VƏ QİRAƏTXANALAR

Azərbaycanda ilk qiraətxananı Bakıda əməkdar müəllimlər Həbib bəy Mahmudbəyli və Sultan Məcid Qənizadə açmışdılar. Qiraətxanalar açmaq üçün Bakının qubernatorundan 1894-cü ildə doktor Nəriman Nərimanov icazə almışdı. Bu hadisə o dövrün ziyalıları və oxucuları arasında sevinclə qarşılandı. Bakıdakı qiraətxanalara Kəlküttə, Qahirə, Bombey, İstanbul və başqa xarici ölkələrdən çar hökuməti tərəfindən qadağan edilən kitablar dolayı yollarla gətirilirdi. Yeni açılan qiraətxanalar xalq tərəfindən çox rəğbətlə qarşılanırdı. O vaxtlar ermənilər tərəfindən nəşr olunan “Murç” adlı jurnal qiraətxanalar barəsində belə yazırdı: “Erməni kitabxanalarından heç birisi bu kitabxanalar qədər oxucuya malik deyildi. Mürtəcelərdən ehtiyat edib kitabxanaya girməkdən çəkinərək qəzet və jurnalları evlərinə gizlincə aparıb oxuyan mollalar da vardı. Onlar mürtəce və mütəəsib qrupun tənqidindən çəkindikləri üçün qiraətxanalara getmir, kitabxanaya gələn müxtəlif mətbuatı evlərində oxuyurdular. Beləliklə, əldən-ələ gəzən qəzet və jurnallar köhnəlib sıradan çıxırdı”.

Azərbaycan tarixində ziyalı din xadimlərinin, molla və seyidlərin mütərəqqi cəmiyyətlərin yaradılmasında xidmətləri çox olmuşdu. 1887-ci ildə Şamaxıda, Qubada, Lənkəranda bir neçə kitabxana var idi. M.T.Sidqi, C. Məmmədquluzadə, Q.A.Şərifov, A.M.Ələkbərovun təşəbbüsü ilə Naxçıvanda kitabxanalar və qiraətxanalar açılmışdı. XIX əsrin ikinci yarısında Azərbaycanın vilayət və rayonlarında kitab ticarəti ilə məşğul olan mağaza və dükanlar açılmağa başladı.

Bəlkə də bu yazdıqlarımı oxucular indiki dövr ilə müqayisədə çox əhəmiyyətsiz hesab edəcəklər… Fəqət unudulmamalıdır ki, bu hadisələr çar rejiminin istibdadı altında o dövrdə mütərəqqi istiqamətə yönələn əsir xalqın həyatında çox əhəmiyyətli hadisə olmuşdur.

Azəri ziyalılarının bir qismi Əli bəy Hüseynzadənin nəşr etdirdiyi “Həyat”, “Yeni həyat”, “Füyuzat”, “Yeni füyuzat”, Əhməd Ağayevin “Tərəqqi”, “İrşad” qəzet və jurnalları ətrafında toplanmışdılar. Bəzi ziyalılar “Nicat”, “Səfa”, “Ədəb yurdu”, “Nəşri-maarif”, “Cəmiyyəti-xeyriyyə” və başqa mədəni, siyasi cəmiyyət və dərnəklər ətrafında Azərbaycan xalqının o dövrə aid məsələləri üzərində çalışırdılar.

Çar rejiminin maneələrinə baxmayaraq bütün bu işlər fədakarlıqla həyata keçirilirdi.

1905-ci ilin əvvəllərində milli hərəkatın tərəfdarlarından olan vətənpərvər M.E.Bağırzadə adlı bir tacirin köməkliyi ilə Tiflisdə C.Məmmədquluzadə və Ömər Faiq “Qeyrət” adlı nəşriyyat yaratdılar. Rus polisi tərəfindən tez-tez axtarış aparılan bu nəşriyyatda C.Məmmədquluzadənin “Usta Zeynal”, “Qurbanəli bəy”

və başqa əsərləri, Ə.Haqverdiyevin “Millət dostları” pyesi, Əhməd bəy Cavanşirin şeirləri, A.O.Çernyayevskinin (əslən Polşalıdır) “Vətən dili” adlı dərs kitabı nəşr edilmişdi. Bundan başqa, bu mətbəədə bir çox kitab və jurnallar gizli olaraq nəşr edilirdi. Burada azərilərə xitabən yazılan milli-inqilabi anlamda broşür və çağırışlar hazırlanırdı.

“Qeyrət” nəşriyyatının Azərbaycanın mədəniyyəti və azadlığı yolunda böyük xidmətləri olmuşdur.

O dövrdə Azərbaycanın ziyalı nəslinə rəhbərlik edən tanınmış şəxslərin adlarını qeyd etmək olduqca vacibdir. Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağayev, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Əlisgəndər Cəfərzadə, Ələkbər Sabir Tahirzadə, Məhəmməd Hadi Əbdülsəlimzadə, Abbas Səhhət, Üzeyir Hacıbəyov, Həbib bəy Mahmud-bəyli, Firudin bəy Köçərli, Süleyman Sani Axundzadə, Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Rəşid bəy Əfəndiyev, Əsgərağa Adıgözəlov Korani, Məmmədağa Şahtaxtlı, Ünsizadə qardaşları və başqalarını göstərmək olar…

Bu ziyalıların çoxu Azərbaycan mədəniyyətinin və maarifinin inkişaf etməsində yaxından iştirak etməklə yanaşı, siyasətlə də məşğul olurdular. Amma maarifçi olaraq qalan və siyasətlə maraqlanmayan bəzi ziyalılar da vardı. Elə zənn edirəm ki, oxuculara Azərbaycanda XIX əsrin əvvəllərində baş verən mədəni, siyasi vəziyyət haqqında az da olsa məlumat verə bildik. Bundan sonra 1905-ci il rus inqilabı gələcək və Azərbaycan xalqı bu inqilabda mədəniyyəti, azadlığı uğrunda öhdəsinə düşən vəzifəni yerinə yetirəcəkdir. Bunları yeri gəldikcə görəcəyik…


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации