Текст книги "Azərbaycan istiqlal mübarizəsi tarixi"
Автор книги: Hüseyn Baykara
Жанр: Документальная литература, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
AZƏRBAYCANIN İSTİQLAL BƏYANNAMƏSİNƏ (28 may 1918-ci il) QƏDƏRKİ TORPAQ REJİMİ
Torpaqlara aşağıdakı şəkildə sahiblik edilir və mülkiyyət aşağıdakı kimi bölünürdü:
1 – Xanlara, bəylərə, ağalara və başqa torpaq mülkiyyətinə sahib olan şəxslərə (mülkədar) aid yerlər.
2 – Əkinçilər (camaat) tərəfindən əkilib-becərilən ümumi yerlər.
3 – Məscidlərə və ruhanilərə verilən vəqf torpaqları.
4 – Xəzinəyə aid dövlət torpaqları.
Torpağa mülk şəklində sahib olan mülkədarların çoxu, Qərb ölkələrində və ya Amerikada olduğu kimi, torpaqlarından bilavasitə istifadə etmirdilər. Bu torpaqları əkib-becərmək üçün torpaqsız kəndlilərdən istifadə edir, həm də bu yolla köhnə mülkədar istismarını davam etdirirdilər. Onların torpaqlarını əkməyə məcbur olan torpaqsız kəndli yenə köhnə vergiləri qismən də olsa vermək məcburiyyətində qalırdı. Mülkədarlar iqtisadi dəyəri olan torpaq vasitəsilə torpaqsız kəndlilər üzərindəki zülmlərini davam etdirə bilirdilər.
Mülkədarların artıq o dövrdə əkinçilərdən aldıqları hissələrə vergi deyilmirdi. Çünki, vergilər hüquqi cəhətdən ləğv edilmişdi.
1 – “Mali cihət” yenə də əvvəlki kimi qalırdı, ancaq adına icarə deyilirdi. Miqdarı da əvvəlki kimi məhsulun onda biri idi.
2 – Yardarlıq; əgər əkinçi əkdiyi yerin toxumu ilə işçi qüvvəsinin yarısını mülkədarlardan alırdısa, məhsulun yarısı mülkədara çatırdı, yarısı da özünə qalırdı.
3 – Rəncbərlik; yeri, heyvanı, toxumu olmayan əkinçi mülkədarın toxumu, heyvanı və kənd təsərrüfatı alətlərindən istifadə edirdisə və işlədiyi günlərdə yeməyini mülkədar verirdisə, məhsul yığımı zamanı həmin ərazinin adətinə görə məhsulun üçdə və yaxud dörddə birini özünə götürür, yerdə qalanını mülkədara verirdi.
4 – Bunlardan başqa, yerli ərazilərdəki qaydalara görə, məhsulun 1/3, 1/4, 1/5, 1/6, 1/7, 1/8 muzd haqqı almaq şərti ilə mülkədarın torpağını əkib-becərmək üsulu vardı.
Otlaq yerlərin biçilməsi çox zaman əkinçilərə icarəyə verilirdi. Biçilən otun üçdə biri kəndlilərə, qalanı da mülkədara çatırdı. Otlaq yerlər mülkədarlar tərəfindən heyvandarlıqla məşğul olan köçərilərə verilirdi. Bunun müqabilində onlardan pul, heyvan və ya süd alınırdı. Mülkədarın sahib olduğu meşələrdən kəndlilər pul vermək şərti ilə odun və ağac kəsmək ixtiyarına malik idilər. Bəzi kəndlərdə bütün sakinlərin malı sayılan ağaclıqlar var idi ki, belə yerləri kəndlilər özləri idarə edirdilər. Bəzi ərazilərin şərtlərinə görə, kəndlilərin özlərinə məxsus “mülk” adlanan yerləri vardı. Yaşadıqları ev, xırman, bağ, ağaclıq və başqa bu kimi torpaq sahibliyi üçün ilk növbədə gərəkli olan yerlər, varislik yolu ilə kəndliyə çatan, onun alıb-sata və icarəyə verə biləcəyi yerlər mülk sayılırdı. Varisi ölən ailələrin yerləri xəzinəyə keçirdi.
Bunlardan başqa, vəqf deyilən torpaqlar var idi ki, bunlar ruhanilərə, məscidlərə, məktəblərə verilirdi. Bunun idarəsi mütəvəlilik yolu ilə aparılırdı. Xəzinəyə aid meşələr, otlaqlar, əkin yerləri, mədənlər, neft çıxan torpaqlar, göllər, nəhr və çaylar da vardı ki, onlardan istifadə edənlər xəzinəyə müəyyən məbləğdə pul ödəməyə məcbur idilər (İqtisadçı Məmmədhəsən (Baharlı) Vəlili. Azərbaycan: coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahazat. Bakı, 1921).
Bütün bu incələmələr göstərir ki, tarix boyu Azərbaycan kəndlisi indiyə qədər mülk sayıla bilən nə bir parça torpağa, nə orta rifaha və nə də cüzi azadlığa qovuşmuş, xanların zülmü, mütləqiyyətin yetişdirməsi olan təhkimçilik və çarizmin Azər-baycandakı üsul-idarəsinin istinadgahı olan bəylərin istismarı altında inləmişdir. 1917-ci il rus inqilabından sonra qurulan müstəqil Azərbaycan Respublikası zamanında bir parça torpaq əldə edib xoş gün görəcəkdi ki, çox çəkmədən rus kommunist rejiminin yenidən qurduğu kolxoz və sovxoz adlanan əsarət və köləlik rejiminə məruz qaldı.
Çar rejimindən fərqli olaraq bu hökumətin havayı əldə etdiyi torpaqlarda kəndlilərə necə zülm etməsinə bir misal çəkmək istəyirəm. 1917-ci il fevral inqilabı nəticəsində çar taxtdan devrildi. Çar üsul-idarəsinin valiləri, polis xidmətçiləri və başqa bu kimi məmurlar Azərbaycandan qaçdılar. Ölkədə hökumət artıq öz nüfuzunu itirdi. Azərbaycanda kəndlilər bu anarxiyadan istifadə edərək bəylərin və ağaların təsərrüfatlarını əllərindən aldılar, mülkədarların malikanələrini, evlərini yandırıb, talan etdilər, əllərinə keçən ağa və bəyləri öldürdülər. Şamxorda Allahyar bəyin təsərrüfatını və evini kəndlilər əhatəyə alıb yandırmaq istəyərkən, Allahyar bəyin arvadı Quranı əlinə alaraq eyvana çıxmış, Quranı açaraq dua etmiş və kəndlilərə – bizi bu Qurana bağışlayın, – deyə yalvarmışdır. Amma kəndlilərdən biri əlindəki mauzerlə qadına atəş açmış, güllə Quranı dələrək qadının başını parçalayıb öldürmüşdür. Beləliklə, əsrlərlə zülm və istismara məruz qalmış xalqın aldığı bu intiqam, zülm və istismarın dözülməzliyinə parlaq bir misaldır (Bu hadisəni 1925-ci ildə Bakıda ÇK-da həbsdə olduğum zaman mənimlə birlikdə həbsdə olan, ölüm kamerasında yatan şamxorlu gənc, igid Diliboz oğlundan eşitmişdim. Partizan hərəkatının başçısı olan bu qəhrəman, gənc olmasına baxmayaraq ertəsi gün güllələndi).
Gəncə və Şamxorda adları yuxarıdakı hekayədən xatirimdə qalan bəy ailələrinin bir qisminin soyadları belə idi: Zülqədərovlar, Şamxorskilər, Xasməmmədovlar, Mirzə bəy Qaziyevlər, Ziyadxanovlar (Qaramusalı kəndinin sahibləri), Cahangir bəy Əliyev, Şahverdiyevlər, Şahmalıverdiyevlər, Xanbudaqovlar, Verdiyevlər və başqaları.
MİLLİ-AZADLIQ DÖVRÜNDƏ DÖVLƏT HAKİMİYYƏTİNİN TORPAQ LAYİHƏSİ
1918-ci il 28 mayda istiqlalını elan edən Azərbaycan dövləti quruldu. Azərbaycan hökuməti rəhbərlərinin çoxu “Müsavat” partiyasının üzvləri idi. Mənə elə gəlir ki, bu səbəbə görə “Müsavat” partiyasının proqramındakı torpaq siyasətindən yazmaq daha məqsədəuyğun olardı.
Torpaq məsələsi: Millətin əksəriyyəti rəncbərdir. Rəncbərin məişəti, həyatının təmini torpaqladır. Torpaq abad olarsa, millət də xoşbəxt olar. Bunun üçün rəncbər olan millətə, zəhmətkeş xalqa torpaq vermək millət üçün faydalıdır. Əksəriyyəti rəncbər olan bir millətə xidmət üçün təsis edilmiş olan Müsavat partiyası cümhuriyyət torpaqlarının ümumi dövlət fondu təşkil etməklə bərabər, aşağıdakı kimi həll olunub rəncbərlər arasında bölüşdürülməsini tələb edir:
23 – Xəzinəyə, keçmiş Rusiya çarına, çar nəslinə və eləcə də xüsusi mülkədarlara məxsus torpaqlar pulsuz və əvəzsiz, təmənnasız olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir.
24 – Beləliklə, zəhmətkeşlərə, rəncbərlərə veriləcək torpaq, onların şəxsi mülkiyyətləri olacaq və onlar bu yerlər üzərində bütün hüquqa malik olacaqlar.
25 – Onlara veriləcək torpağın miqdarı qanunla təyin olunacaq və bundan başqa bir kimsəyə torpaq sahibliyi hüququ verilməyəcəkdir.
26 – Torpaq xüsusi sahiblərindən alındıqca, kəhrizlər və su çıxaran cihazların qiyməti dövlət tərəfindən mütərəqqi gəlir vergisindən hasil olmuş xüsusi bir fond hesabına sahiblərinə verilməlidir.
27 – Mülkiyyət hüququ yalnız torpağın üzərinə aiddir, yerin altındakı xammal dövlət xəzinəsinə məxsusdur. Ondan istifadə olunması qoyulan xüsusi qanunla həyata keçirilir.
28 – Meşələr, cəngəlliklər, göllər, düzənliklər və axar sular ümumidir. Onların idarə olunmasına yerli idarələr baxır. Xüsusi adamların onlardan istifadə etməsi yuxarıda göstərilən idarələrə aiddir. Bu müddəalar 1919-cu il yanvarın 2-dən 11-nə qədər Bakıda davam edən partiya qurultayı tərəfindən qəbul edilmişdir (Azərbaycan Türk federalist “Müsavat” xalq partiyasının proqramı. İstanbul, “Amedi” mətbəəsi, 1927-ci il).
AZƏRBAYCAN AZADLIQ MÜBARİZƏSİNİN İQTİSADİ TƏMƏLİ
XIX əsrin son kvartalında və XX əsrin əvvəllərində Azərbaycanda iqtisadi vəziyyət:
Neftin dövrümüzdəki iqtisadi rolu haqqında söz açmağa lüzum yoxdur. İndi, XX əsrin əvvəllərinə nisbətən neft məhsulunun dünyada birə min artmış olduğu təxmin edilə bilər. Halbuki 1901-ci ildə bütün dünyada istehsal olunan neftin yarısından çoxu Bakıda istehsal olunurdu (Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı, 1960, səh. 358). Çar Rusiyası 1864, 1869 və 1872-ci illərdə Amerikadan satın aldığı fotogen qaz yağı üçün 35.000.000 qızıl pul vermişdi. Başda Nobel olmaqla, xarici kapitalistlər 1872-ci ildə Bakıya gələrək neft sənayesində maşınlardan istifadə etdilər. Çar Rusiyası 1897-ci ildə Qərbə 25.000.000 və 1900-cü ildə isə 46.000.000 manatlıq neft ixrac etmişdi (A.Kaspari. Pokorennıy Kavkaz. Sankt-Peterburq, 1904, səh. 500-588).
Azərbaycanın başqa rayonlarında istehsal edilən mis, duz, kobalt və başqa xammalları, ipək, balıq, kürü kimi məhsulları bir tərəfə qoysaq, yalnız Bakıda istehsal olunan neft Azərbaycan və Rusiyanın inkişaf etməsinə kifayət edərdi. Bakı yalnız neft mərkəzi kimi deyil, eyni zamanda Qərb ilə Şərq arasında (İran, Türküstan və Əfqanıstan) Bakı-Batumi dəmir yolu vasitəsi ilə bir tranzit mərkəzi olmaq baxımından da Azərbaycanın iqtisadi həyatında böyük rol oynamışdır. Bundan sonra verəcəyimiz statis-tik məlumatlar bu məsələ haqqında əsaslı fikirlər söyləməyə kömək edəcəkdir.
1881-ci ildə Bakı şəhərində 1445 ticarət müəssisəsi olduğu halda, 1890-cı ildə bu miqdar 1711-ə, 1900-cü ildə isə ticarət müəssisələrinin sayı 2669-a çatmışdır. Bu rəqəmlər on doqquz il ərzində ticarət müəssisələrinin 87,3% artdığını göstərir. Ticarət müəssisələrinin artması ilə bunların gəlirlərinin (həvalə haqqında çek və s. pul sənədləri üzərində qeyd. – tər.) də artacağı təbiidir. 1892-ci ildə Bakı şəhərindəki ticarət müəssisələrinin bir illik gəlirləri 35,6 milyon qızıl pul idisə, 1897-ci ildə 109,1 milyon qızıl pula və 1900-cü ildə isə 147,7 milyon qızıl pula çatmışdı. Bu vəziyyət səkkiz il ərzində ticarət müəssisələrinin gəlir miqdarının dörd dəfə artdığını göstərir.
1887-ci ildə bank və ticarət müəssisələri arasında 3703 ticarət sazişi bağlandığı halda, 1895-ci ildə 7118 ticarət sazişi bağlanmışdı və beləliklə, səkkiz il ərzində 92,2% artmışdı.
Beləliklə, topdansatış ticarəti edən müəssisələrin miqdarı 1892-1897-ci illərdə xeyli artmışdı. Bir misal verməklə bu məsələni daha da dəqiqləşdirək. 1892-ci ildə Bakıda topdan neft satışı ilə məşğul olan ticarət müəssisələrinin sayı on doqquz olduğu halda, 1897-ci ildə isə 49-a çatmışdı və ticarət gəlirləri 13 milyon manatdan 46,1 milyon manata yüksəlmişdi. Burada neft istehsal etmək üçün qazılan quyularda istifadə olunan inşaat avadanlığı ticarəti ilə məşğul olan ticarət müəssisələrinin, mal dövriyyəsi həcminin artdığına və dəmir, taxta, mismar kimi gərəkli inşaat malları satışının çoxaldığına da diqqət etmək lazımdır.
1897-ci ildə bir illik qazancı 500 manata qədər olan ticarət müəssisələrinin sayı, bütün ticarət müəssisələrinin 41,6%-ni təşkil etdiyi halda ümumi gəlirdən bu ticarət müəssisələrinin hamısının payına düşən qazanc 1,6% olmuşdur. İllik gəlirləri 2000 manata qədər olan ticarət müəssisələrinin miqdarı 79,6% olduğu halda, illik ümumi gəlirdən, bu müəssisələrin payına düşən qazanc 7,4% olmuşdur. İllik qazancları 5 000 manata qədər olan ti-carət müəssisələrinin miqdarı, ümumi ticarət müəssisələrinin 20,5%-ni təşkil etdiyi halda, illik ümumi gəlirdən onların payına 32,6% miqdarında qazanc düşmüşdü. İllik qazancları 100 000 manata qədər olan ticarət müəssisələrinin miqdarı 1,6% olduğu halda, onların payına düşən gəlir ümumi gəlirin 60,4%-ni təşkil etmişdir. Bu statistikadan istifadə edən marksist baxışlı kommunistlər kapitalın təmərküzləşərək tək əldə toplanmasını sübut etməyə çalışsalar da, biz bu statistikadan Bakıda və bununla yanaşı Azərbaycanda meydana gəlməkdə olan, cəmiyyətin siyasi taleyində böyük rolu olan ortabab tacir və başqa təbəqələrin o dövrdə Azərbaycanda necə təşəkkül etmiş olduğu nəticəsinə gəlirik. 1878-ci ildə Bakıda yaradılan “Ticarət evi” Hacı Zeynalabdin Tağıyevə məxsusdur. İkincisi, Sarkisov adlı bir erməniyə mənsubdur. Ticarət evi bütün sərvəti tək bir şəxsə aid olan kapitalist ticarət müəssisəsinə verilən addır. 1893-cü ildə ticarət evlərinin sayı 12-yə və 1899-cu ilin başlanğıcında isə 38-ə çatmışdı.
Nobel qardaşları tərəfindən 1874-cü ildə Bakıda ilk ticarət şirkəti yaradılmışdı. 1890-cı ildə Bakıda dörd böyük ticarət şirkəti olduğu halda, artıq 1899-cu ildə on iki böyük ticarət şirkəti var idi ki, kapitallarının cəmi 44 000 000 manat idi. XX əsrin əvvəllərində Bakıda 39 böyük ticarət şirkəti vardı.
Ticarət şirkətlərinin qurulması ilə əlaqədar, başda ingilis kapitalistləri olmaqla Qərb ölkələrinin kapitalistləri Bakıya axışırdılar. 1898-ci illə 1903-cü il arasında Bakıda 60 milyon manat kapitalı olan 18 ingilis şirkəti qurulmuşdu. 1894-cü ildə Bakıda “Neftayırma şirkətləri” adı ilə iş verən trest yaradılmışdı. Bu trestə böyüklü-kiçikli 92 ticarət müəssisəsi daxil idi. Ağ neft, qaz yağı istehsal edən bu şirkətlər bütün neft məhsullarının 97%-ni təmsil edirdilər. Bu trest həmkarlar ittifaqı nümayəndələri arasında rəqabət olduğuna və mənfəətləri bir-birinə uyğun gəlmədiyinə görə 1897-ci ildə dağılmışdı. 1887-ci ildə Bakıda ticarət birjası qurulmuşdu. 1890-cı ildə ticarət birjasının bir illik jirosu 4,5 milyon, 1899-cu ildə isə 20,9 milyon manat olmuşdu. O dövrdə ticarət birjasında təkcə neft satılırdı. XIX əsrin axırlarında yuxarıda qeyd olunan neft məhsulunun artması ilə yanaşı olaraq kredit müəssisələri, yəni banklar yaradılırdı. 1874-cü ildə Qarşılıqlı yardım şurası dövlət bankının Bakı şöbəsi, 1889-cu ildə Tiflis ticarət bankının, 1890-cı ildə də Volqa-Kama ticarət bankının Bakı şöbəsi açılmışdı. Dövlət bankının Bakı şöbəsi ilk dəfə 300 000 manat investisiya verdiyi halda, 1882-ci ildə bu rəqəm yarım milyon manata, 1884-cü ildə 800 000 və 1888-ci ildə isə bu miqdar bir milyon yarıma çatmışdı.
1874-cü ildə dövlət bankının Bakı şöbəsi Şəmsi Əsədullayevə 4000 manat kredit açmışdı. Bu miqdar 1901-ci ildə 100000 manata çatmışdı. Azərbaycanlı milyonerlərdən biri olan Musa Nağıyevə 1879-cu ildə 10 000 manat kredit verildiyi halda, bu rəqəm 1901-ci ildə 250 000 manata çatmışdı. 1879-cu ildə Hacı Zeynalabdın Tağıyevə verilən 50 000 manat kredit, 1901-ci ildə 300 000 manata çatmışdı. 1893-cü ildə “Qarşılıqlı yardım şurası” bankının veksel (borc sənədi) həcmi 3,3 milyon manat, Tiflis bankının şöbəsi – 2 milyon, Volqa-Kama bankı – 2,3 milyon manat olmuşdu. Bundan başqa Tiflis bankı girov əvəzi olaraq 999 min manat, Volqa-Kama bankı 196 min manat kredit vermişdi.
1897-ci ildə Bakıda 7348 tacir qeydə alınmışdı. Bunlardan 192 nəfəri komisyonçu, 957 nəfəri yeməkxana, meyxana, kazino sahibləri, 5436 nəfəri isə əsl tacir idilər. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu sənaye ilə əlaqəsi olan başqa mal satan ticarət müəssisələrinin çoxalması və ticarət müqavilələrinin də artması, əlbəttə, təbiidir. Tacirlərin gəlirləri də hər il artmaqda davam edirdi. XIX əsrin 90-cı ilində 51 ticarət müəssisəsinin illik gəliri 250 000 manata yaxın idi. Beləliklə, Bakıda yerli Azərbaycan tacirlərinin də gəlirləri artırdı.
1892-ci ildə Azərbaycan tacirlərinin illik jiroları 6,8 milyon manata çatırdı. Bu miqdar bütün Bakı ticarət jirosunun 19%-ni təşkil edirdi. 1897-ci ildə yerli türk tacirlərinin gəliri 21,5 milyona yüksəlmişdi. Və bu, Bakı ticarət aləminin ümumi gəlirinin 19,6%-nə bərabər idi. Bu şəkildə Azərbaycanın milli ticarəti və sənaye kapitalı ildən-ilə artırdı. Milli Azərbaycan kapitalistlərinin başlıca nümayəndələri olan Hacı Zeynalabdın Tağıyevin illik gəliri – 16 milyon, Musa Nağıyevin – 16 milyon, Şəmsi Əsədullayevin – 2,5 milyon, İ.Hacınskinin – 2 milyon, A.Rzayevin – 2 milyon, H. Dadaşovun – 2 milyon idi. 1901-ci ildə Manafov, Murtuza Muxtarov, Cəbiyev, Mustafayev və başqalarının da milli Azərbaycan kapitalındakı yerləri əhəmiyyətli idi.
1890-cı ildə Azərbaycanda olan 5743 ticarət müəssisəsinin 1943-ü yalnız Bakı şəhərində toplanmışdı. Bu say Azərbaycanda mövcud olan ticarət müəssisələrinin ancaq 30,7%-ni təşkil edir. Buradan aydın görürük ki, Azərbaycanda ticarət həyatının inkişaf etməsi yalnız Bakıda olmamışdı. Azərbaycanın başqa vilayət və qəzalarında da ticarət həyatı inkişaf edirdi. Bu rayonlarda Azərbaycan türklərinə düşən milli kapital payının həcmi daha çox idi, yəni əsasən milli və öz türk kapitalı idi. Ancaq neft Azərbaycan ticarət aləminin başlıca gəlirini təşkil etdiyi üçün Bakı üstünlüyünü mühafizə edirdi. 1897-ci ildə Bakı şəhərində ticarət müəssisələrinin sayı 2366-ya çatırdı. Halbuki bütün Azərbaycanda ticarət müəssisələrinin sayı 4421 idi. Deməli, ticarət müəssisələrinin 53,5%-i Bakı şəhərinin payına düşürdü və 114 milyon manatlıq illik gəlirdən Bakının payına 109,4 milyon manat düşürdü. 1900-cü ildə Bakıda ticarətin həcmi getdikcə artır – bütün Azərbaycanda mövcud olan 5468 ticarət müəssisəsinin 3484-ü Bakıda yerləşirdi. Bir illik 155,8 milyon manat gəlirin 147,7 milyon manatı, yəni 94,8 %-i Bakının payına düşürdü. Bakı o dövrdə Azərbaycanın Qərbi Avropa tipli inkişaf etmiş ticarət mərkəzi olmuşdu. Bütün Azərbaycanda mövcud olan 20079 ticarət müəssisəsinin 7348-i Bakı şəhərində və onun ətrafında toplanmışdı (M.Musayev. XIX əsrin axırlarında Bakı şəhərinin daxili ticarətinin inkişafının bəzi xüsusiyyətləri. “İqtisad” jurnalı, N:1, Bakı, 1968). Qalan miqdar Azərbaycanın başqa rayonlarının payına düşürdü. Beləliklə, Azərbaycanda kiçik burjua sini-finin yaranmasını görürük.
Bakıda neft, duz sənayesi inkişaf etdikcə, Azərbaycanın başqa qəzalarında da coğrafi əraziyə və torpağın məhsuldarlığına uyğun olaraq, müxtəlif sənaye sahələri inkişaf edirdi. Nuxada ipəkçilik, Naxçıvanda duz sənayesi, Gədəbəy və Daşkəsəndə mis, kobalt, Xəzər dənizi və Kür çayı sahillərində balıqçılıq sənayesi inkişaf edərək artırdı. Beləliklə, Azərbaycan ticarət mühiti özünəməxsus qazanc axtarmaq xüsusiyyəti ilə dünya bazarlarında mal satıcısı olaraq yüksəlir və tarixdə özünə yer qazanırdı. Kənd təsərrüfatı üçün Amerika sortu olan pambıq toxumu XIX əsrin dördüncü rübündə Azərbaycana gətirilmişdi. Suvarma yolu ilə Amerika sortu olan pambıq məhsulu artmış, bunun ardınca pambıq təmizləmə zavodları da çoxalmışdı. Qafqazda tütünçülük təsərrüfatı artdığı üçün tütün fabrikləri tikilirdi. Xəzər dənizi vasitəsilə Rusiyaya, İrana, Türküstana mal daşındığı üçün, Bakıda gəmiçilik sənayesinin yaradılmasına ehtiyac duyulurdu: Azərbaycan dəmir yolunun Rusiyanın mərkəzinə bağlanması, yük depolarının və dəmir yolu emalatxanalarının tikilməsi lazım gəlirdi. Qərb anlamında sənaye və ticarət mühitinin yaranması ilə Azərbaycanda kapitalizm dövrünə məxsus olan kapitalist, tacir, ortabab, sənətkar və nəhayət, gündəlik əməyi ilə dolanan, iqtisad elmində proletar adlanan fəhlə sinfi meydana gəldi. Cəmiyyət həyatı bir-birinə dolaşıqlı və zəncir halqaları kimi bağlı olduğuna görə sosial, iqtisadi həyat özünə lazım olan müəssisələri və insan kollektivini yaratdı. Bakı neftində Azərbaycan türk kapitalını Tağıyev, Nağıyev, Muxtarov və başqaları, rus kapitalını Koqorov, Şibayev, Benkendorf, Qubonin, Qərb kapitalını Qərbin məşhur kapitalistlərindən Nobel, Rotşild, Simens, Vişau və başqaları təmsil edirdilər. Bakı şəhəri getdikcə böyüyür və əhalisi də artırdı. Belə bir sənayeləşmə dövründə şəhər əhalisinin artması təbiidir. Çar üsul-idarəsinin rus kəndlilərini Azərbaycana köçürərək yerli türk kəndlisinin əlindən münbit torpaqları alıb rus kəndlilərinə verməsi üzündən torpaqsız qalan Azərbaycan kəndlilərinin şəhərdə iş axtarmaq məcburiyyətində qalmaları başlıca səbəblərdən biri olmuşdur (Azərbaycan ədəbiyyatı tarixi, II cild, səh. 358).
1870-ci ildən əvvəl Bakıda neft yataqlarının 88%-i yerli türk xalqının əlində idi. Xarici kapitalın Rusiyaya girməsinə çar icazə verdikdən sonra, yerli türk xalqının əlində olan bu zəngin neft yataqlarını xarici kapitalistlər o dövrə görə yüksək pul verərək satın aldılar. Beləliklə, bu yerlərin çoxu türklərin əlindən çıxdı (Azərbaycan tarixi, səh. 217-218).
1872-ci ildə Azərbaycana – Bakıya Qərb kapitalistləri gəlməyə başladılar. Azərbaycana gələn xarici kapital ölkələri bunlardır: Belçika, Danimarka, Fransa, İsveçrə, Almaniya, İngiltərə və başqaları. Azərbaycanın nefti, misi, duzu, kənd təsərrüfatı malları və başqa xammalları artıq Qərb dünyasına çıxarılırdı və bunun sayəsində azərbaycanlı vətəndaşlar Qərb aləmini gördülər, yaxından tanıdılar. Amerika kapitalistləri Bakı neftini əldə etməkdə çox gecikmişdilər. Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi böyük neft çənlərinin qurulmasına səbəb oldu və Bakıda sistern vaqonlar görünməyə başladı. Kapitalizmə qədəm qoyan Azərbaycanda ağır sənayenin inkişafı, yuxarıda qeyd etdiyimiz kimi, bu sənayenin lazımi mallarla, əşyalarla təmin olunması yüngül sənayenin, emalatxanaların və başqa obyektlərin qurulmasına səbəb oldu. Təbii ki, bu obyektlərin yaranması nəticəsində şəhər də inkişaf edəcəkdi. Eyni vəziyyət Azərbaycanın mis, kobalt, duz, kənd təsərrüfatı məhsulları və başqa xammal emal edən rayonlarında da görünürdü. Yerli Azərbaycan türk xalqından ixtisaslı işçi və ustalar yetişməyə, çoxalmağa başladı. Bu vəziyyət Qərb mədəniyyətinə qovuşmağın ilk nişanəsi idi. Azərbaycanın hər hansı bir zavodunda çalışan, iş vaxtı qurtardıqdan sonra paltarını dəyişib qalstukunu taxan, bulvarda qəhvəxanaya gedən ixtisaslı işçi və ya usta, qol gücünə kotanla çalışan kəndlidən daha mədəni olmuşdu. Bu vəziyyət Azərbaycan xalqı üçün Qərb mədəniyyətinin ilk pilləsi idi. Bununla kifayətlənməyərək Peterburqda, Moskvada yüksək texniki institutlarda təhsil alıb Azərbaycana dönən azəri mühəndis və texniklər yeni yaranan kapitalist sənayesinin müxtəlif sahələrində, müxtəlif vəzifələrdə çalışırdılar.
Bakıda 86 ağ neft və qaz yağı emal edən, 5 benzin emal edən, 5 yağ emal edən, 3 asfalt düzəldən zavod var idi. 1890-cı ildə bunların ümumi sayı 101-ə çatmışdı. Bunlar nefttəmizləyici zavodlar idi. Qaz yağı, benzin, yağ və asfaltdan başqa, neft məhsulları da emal olunurdu. 1907-ci ildə Bakı-Batumi neft borusu xətti çəkildi. Neftdən, Qərbə satılan başqa məhsullardan əldə edilən gəlir nəticəsində azərbaycanlılar Qərb ticarət aləminə qədəm qoydular.
Bakı mazutu Almaniya və Avstriyada həvəslə alınır və oradakı zavodlarda işlənirdi. Şərq ölkələrində – Hindistanda, Çində, Hind-Çində, Avstraliyada və Yaponiyada Bakı nefti Amerika nefti ilə rəqabət aparırdı.
Naxçıvan, Cavad, Şoran və Bakı ərazilərində istehsal olunan duzun miqdarı tükənən deyildi. 1895-ci ildə təkcə bir ərazidən əldə edilən duzun miqdarı 887,5 min pud idi. 1865-1882-ci illərdə Gədəbəy mis mədənlərində 15,5 milyon pud mis külçəsi əldə edilmişdi. 1886-cı ildə bütün Qafqazda əldə edilərək əridilən misin üçdə ikisi Gədəbəy zavodunun payına düşürdü.
İndi, milli Azərbaycan burjuaziyasının Azərbaycandakı varlığının nədən ibarət olduğunu incələmək istəyirik.
XX əsrin əvvəllərində 167 neft sənaye müəssisəsindən 49-u, yəni 29,3%-i milli Azərbaycan kapitalistlərinin himayəsində idi. Sayca çox görünsə də, ümumi istehsal həcmində vəziyyət dəyişirdi. 100 000 puda qədər neft istehsal edən qrupda milli Azərbaycan kapitalı 31,3%; 500 000 puda qədər neft istehsal edən müəssisə qrupunda 48,7%. 1 000 000 puda qədər məhsul istehsal edən qrupda 25%, bir milyon puddan on milyon puda qədər neft istehsal edən müəssisələr qrupunda Azərbaycan türk kapitalı 12,5% idi. On milyon puddan qırx milyon puda qədər və bundan daha çox neft istehsalında Azərbaycan milli türk kapitalı demək olar ki heç yoxdur. Biz burada yenə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda milli kapitalın təşəkkülündə ortabab sinfin əsas və qüvvətli olduğunu qeyd etmək istəyirik, Çünki bu sinfin bütün ölkələrdə xalqa rəhbərlikdə oynadığı qüdrətli və siyasi rolu çox əhəmiyyətli olmuşdur.
Azərbaycanın sənaye və ticarət həyatında rus kapitalının payını qeyd etmək lazımdır. 167 ticarət şirkəti içərisində 21 şirkət (11,3%) onlara məxsus idi. Yerdə qalan şirkət və kapital ermənilər, gürcülər və yəhudilər arasında bölüşdürülmüşdü.
1900-cü ildə Bakı vilayətində zavod müfəttişliyinin apardığı məhəlli statistikaya görə, 204 neft sənayesi müəssisəsinin 115 kapitalisti arasında Azərbaycan kapitalistləri ümumi kapitalın 18%-nə sahib idilər (Bu statistikada qəzalarda mövcud olan müəssisələrin milli mənsubiyyəti təyin edilməmiş və qəzalar əsasən bu statistikaya daxil edilməmişdir).
Un və çəltik təmizləmə sənayesində Azərbaycan kapitalı ümumi kapitalın 36%-ni, qaz yağı, kerosin, maşın yağı zavodlarında, neftdoldurma stansiyası və körpüsalma işində azəri türk kapitalı 21%, neft-kimya sənayesində isə 10%-i təşkil edirdi.
İpəkçilik sənayesində Azərbaycan kapitalı çox əhəmiyyətli idi. Milli Azərbaycan kapitalı ən çox ticarət burjuaziyası baxımından qüvvətli idi.
1900-cü ildə 3484 ticarət müəssisəsi vardı. Bu miqdar 1913-cü ildə 5226-ya yüksəlmişdi. Bunların çoxu kiçik ticarət müəssisələri idi. 1902-ci ildə 5508 ticarət müəssisəsindən 3035-i üçüncü dərəcəli, 318-i isə birinci dərəcəli topdansatış ticarət müəssisələri idi. 1913-cü ildə 4706 ticarət müəssisəsindən 2038-i üçüncü dərəcəli, bəziləri ikinci, 139-u isə birinci dərəcəli topdansatış ticarət müəssisələri idi. Birinci dərəcəli ticarət müəssisələrinin ümumi illik gəlir miqdarı bütün kiçik ticarət müəssisələrinin gəlirinin cəmindən çox idi. Halbuki kiçik ticarət müəssisələri 43,9%, birinci dərəcəli müəssisələr isə 2,9% təşkil edirdi.
Topdansatış ticarətində əsas yeri neft tuturdu. Bu firmaların satdıqları neft pula çevrilən zaman 1459 milyon manat olurdu. Topdansatış ticarətdə neftdən sonra satılan mallar bunlardır: metal, metaldan düzəldilən hissələr, taxta, qənd, düyü, spirtli içkilər, toxuculuq malları, qurudulmuş meyvə, balıq, kürü məhsulları, heyvan, ət, kənd təsərrüfatı məhsulları və s. Beləliklə, ticarət inkişaf etdikcə onunla yanaşı pərakəndə ticarət də artırdı. 1913-cü ildə 4470 pərakəndə ticarət müəssisəsi vardı. (“İqtisadiyyat” jurnalı. M.Musayev, 1969-cu il, N:1, səh. 66-67; “İqtisadiyyat” jurnalı, M. Musayev, 1968-ci il, N:1).
Yuxarıda göstərilən statistikada yerli Azərbaycan türk kapitalının xüsusi payı vardır. Yerli kapital pərakəndə ticarətdə daha qüvvətli idi. “Həftə bazarı” deyilən və yarmarka şəklini alan bazarlarda fabrikdə istehsal olunan məhsullar satılır və ya xammal mübadiləsi edilirdi. Bu bazarlardan mal toplanıb Rusiya və Qərb ölkələrinin zavodlarına göndərilirdi. Azərbaycanda pərakəndəçi tacir yalnız rus zavodlarında deyil, həmçinin Qərbdə istehsal olunan malları da alıb-satırdı. Texnologiya yönündən Qərbə möhtac olan rus sənayesi quraşdırma hissələrinin onlardan almağa məcbur idi. V.İ.Lenin Rusiyanın bu dövrünü “hərbi-feodal imperializmi” adlandırırdı (V.İ.Lenin. Əsərləri. 4-cü nəşri, Bakı, 1951, 21-ci cild, səh. 433). Belə bir dövrdə Rusiya sənayesi Qərb anlamında geridə qalmış bir sənaye idi.
Balıqçılıq
Azərbaycanda balıqçılıq istehsalı özünəməxsus zəngin və əhəmiyyətli bir yer tutmaqdadır. Bu istehsal təkcə balıqla məhdudlaşmayıb, dünyanın ən dadlı, ən qiymətli və bol qara kürüsü ilə tanınmaqdadır. Bu səbəbdən balıq sənayesi az zamanda neft sənayesi kimi inkişaf etdi və ilk istehsal vasitələri yaradıldı, bunun nəticəsində daha çox məhsul istehsal olundu. Azərbaycandakı kapitalistlər gəlirli olan balıq sahəsilə də məşğul oldular. Tağıyev, Mantaşev, Mayılov, Lianozov və başqaları balıq sənayesinin böyük qismini əllərinə aldılar. 1898-1900-cü illər arasında 24187 milyon pud balıq istehsal edildi. Balıqçılıq çəllək istehsalının, konserv sənayesinin, dəniz nəqliyyatının, gəmi təmiri tərsanələrinin yaranmasına yol açdı. 1900-cü ildə Bakıda doqquz gəmi təmiri tərsanəsi vardı. 1886-cı ildə Bakıda 20 metal emal edən zavod mövcud idi. Bunların səkkizi dəmir, dördü mis emalatxanası idi. Bunlarla yanaşı, kənd təsərrüfatında suvarma işlərində istifadə olunan nasoslar üçün qazan istehsal edən emalatxanalar meydana gəldi.
İpəkçilik
Azərbaycanda ipək istehsalında Nuxa (Şəki) birinci yeri tuturdu. 1861-ci ildə, bir il müddətində 1200 pud əla növ ipək emal edilmişdi. 1862-ci ildə London yarmarkasında Azərbaycanın xam ipəyinə və ipək baramasına medal verilmişdi (Azərbaycan tarixi. Bakı, 1964, səh. 238). Bir müddət ipək sənayesi, ipək qurdunda törənən xəstəlik nəticəsində gerilədi. 1886-cı ildə yenidən sürətlə inkişaf edərək yeni ipəkçilik fabriki tikildi və köhnə ipəkçilik fabrikləri təmir edilərək işə başladılar. Bu fabriklərdə 346 ipək dəzgahı vardı. İpəkçilik sahəsində Qarabağ ikinci yerdə gedirdi. İpək baramasının mexaniki şəkildə qurudulması ilk dəfə Şuşada tətbiq edilmişdir.
İpəkçilikdə üçüncü yeri Ordubad tuturdu. İlk dəfə olaraq Ordubadda buxarla işləyən maşınla ipək toxunurdu. 1886-cı ildə fabrikdə dörd ipək toxuyan maşında 300 pud ipək istehsal edilmişdi. 1886-cı ildə Zaqatalada olan dörd maşınlı ipəkçilik fabrikində 86 dəzgah və 142 sapeşmə maşını vardı. Cənubi Qafqazdan xarici ölkələrə ixrac edilən ipəyin 90%-ni Azərbaycan verirdi.
Pambıqçılıq
Yuxarıda qeyd etdiyimiz kimi, Amerika sortlu pambıq toxumu Azərbaycana XIX əsrin ikinci yarısında gətirilmişdi. 1900-cü ildə Gəncədə 35-ə yaxın pambıqtəmizləmə zavodu vardı. Pambıqtəmizləmə zavodları nəqliyyat işləri asan olsun deyə, stansi-yalara yaxın yerlərdə yaradılırdı. Çox zaman bunlardan kiçik olanlarının yerini dəyişdirirdilər.
Üzümçülük və şərabçılıq
Şamaxı, Göyçay, Kürdəmir, Şuşa, Gəncə, Naxçıvan, Ordubad və Azərbaycanın başqa qəzaları dadlı üzümləri ilə şərabçılığın mərkəzi sayılırdı. 1872-1879-cu illər arasında Gəncədə 380,3 min vedrə şərab istehsal edilmişdi. Bu illərdən sonra Gəncədə və başqa qəzalarda bu göstərici iki dəfədən çox artmışdı. 1897-ci ildə Cənubi Qafqazda istehsal olunan şərabın 25,3%-i Azərbaycanın payına düşürdü. Şərab ixracatında birinci yeri Gəncə, ikinci yeri Tiflis, üçüncü yeri Kürdəmir tuturdu. 1885-ci ildə Gəncədən 173,7 min vedrə, 1894-cü ildə isə 483 min vedrə şərab ixrac edilmişdi.
1872-ci ildə Gəncədə araq istehsal edən 3624 emalatxana vardı. Bunların illik istehsalı 75 000 vedrə idi. Bu, 91,6 min manat pul demək idi. Tut arağının istehsalına görə Gəncə birinci yerdə gedirdi. 1893-cü ildə Cənubi Qafqazdan ixrac edilən spirtli içkilərin miqdarı, idxal edilən spirtli içkilərin miqdarından 2023,1 min vedrə çox idi. Gəncədə Yelenendorf11
Yelenendorf – indiki Xanlar rayonu.
[Закрыть] alman koloniyasında Forer qardaşlarının istehsal etdikləri konyak XIX London yarmarkasında qızıl medal qazanmışdı. Bu firmanın şərabları da daxili və xarici bazarlarda çox yaxşı qiymətə satılırdı. Bu firma Azərbaycanda ilk dəfə olaraq pivə istehsal edən müəssisə yaratmışdı.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?