Текст книги "Azərbaycan istiqlal mübarizəsi tarixi"
![](/books_files/covers/thumbs_240/azrbaycan-istiqlal-mbarizsi-tarixi-250889.jpg)
Автор книги: Hüseyn Baykara
Жанр: Документальная литература, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
AZƏRBAYCAN XALQININ BİR MİLLƏT OLARAQ MEYDANA ÇIXMASI
Xalqın bir millət olaraq meydana çıxması üçün hər şeydən öncə etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində birlikdə yaşaması, yəni bir cəmiyyət olaraq sosial həyat sürməsi lazımdır. Əsrlər boyu Azərbaycan türk xalqı cənubda Qızıl Özən çayı, şimalda Qafqaz sıra dağları, şərqdə Xəzər dənizi sahilləri, qərbdən də Gürcüstan, Ermənistan sərhədlərinə qədər uzanan və sahəsi təxminən 250 000 km² olan bir ərazidə yaşamışlar. Münbit coğrafi əraziyə malik olan Azərbaycan xalqı bəzən müstəqil dövlət halında, bəzən də əsarət altında yaşamışdır. Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı imperialist və istismarçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, Şimali Azərbaycan rus imperiyasına, Cənubi Azərbaycan isə İran dövlətinin tərkibinə daxil olmuşdur. İki əsrdən bəri parçalanmış xalqa qarşı aparılan ruslaşdırma, farslaşdırma siyasətinə baxmayaraq Azərbaycan xalqının etnik quruluşunda əsaslı dəyişiklik olmamışdır. Əgər vəziyyət uzun müddət belə davam edərsə, yox olmaq təhlükəsi meydana çıxa bilər. İki yerə bölünən Azərbaycan xalqı, tarixi və siyasi taleyin təkanı ilə müxtəlif şərtlərdə fərqli inkişaflara uyğunlaşmaq məcburiyyətində qalmışdır. Bu dövlətlər tərəfindən istismar olunan Azərbaycan xalqı nə dilini, nə dinini, nə adətini, nə də mədəniyyətini itirmişdir. Qafqazdakı Azərbaycan xalqının XIX əsrdə müasir bir millət kimi formalaşmasında Qərb üsulu ilə inkişaf edən sənayenin və ticarətin böyük rolu olmuşdur.
Xanlıqlar dövründə iqtisadi quruluş çox zəif idi. XIX əsrin ikinci yarısında Azərbaycanda ticarətin, kapitalizmin inkişafı köhnə feodal sosial və iqtisadi münasibətləri kökündən dəyişmişdir. Beləliklə, şəhərlərdə, vilayətlərdə ticarət və mal mübadiləsi etmək imkanına malik olan Azərbaycan xalqı bir-birinə daha da yaxınlaşdı. Onlar böyük şair Füzulinin, Molla Pənah Vaqifin ədəbi azəri ləhcəsində anlaşılan dili ilə bir-birlərini qarşılıqlı olaraq anladılar; yeni meydana gələn sənayenin və ticarətin ehtiyaclarını ifadə edəcək ədəbi dilin yaradılmasını təmin edəcək müəssisələr qurdular, şəxsiyyətlər yetişdirdilər. Bu cəmiyyətlər, şəxsiyyətlər ticarət və sənaye həyatının ehtiyaclarını ifadə edəcək şəkildə Azərbaycan ədəbi dilini formalaşdırır və yeni həyatın milliyyətcə bir xalq halında öz kökünə qayıtmasına kömək edirdi. Azərbaycan ədəbi dili Azərbaycan xalqının bir-birini yaxşı başa düşəcəyi şəkildə inkişaf edirdi. Az miqdarda da olsa nəşr olunan kitab, jurnal və qəzetlərdə ədəbi dilin əsasını xalq dili təmsil etdiyi üçün yeni doğan maarif, mədəniyyət axımının təməlində demokratik ünsür, mahiyyət vardır və xalq üçün, xalq ilə birlikdə prinsipi öz-özündən irəliləyirdi.
Bakı başda olmaqla, Azərbaycanda şəhərlərin böyüməsi, şəhərlərdə Azərbaycan xalqının toplu halda ticarət və sənaye həyatında iştirak etməsi, xalqın bir-birilə çox sıx sosial və mədəni münasibətlərdə olması, Azərbaycan ədəbi dilinin təşəkkülündə əhəmiyyətli bir rol oynamışdır. Yeni ehtiyacları qarşılayan Azərbaycan ədəbi ləhcəsində Azərbaycanın vilayət və qəzalarında yaşayan xalqın ləhcələri arasında olan, ən gözəl mənaları, incə xüsusiyyətləri ifadə edən sözlər, cümlələr xalqın danışdığı dilə qarışır, azəri ədəbi dili zənginləşir, tamamlanır, Azərbaycan xalqının malı olur və xalq arasında olan dil birliyi bu xarakterdə vücuda gəlir.
“Millət” anlamını M.F.Axundzadə işləmiş, H.Zərdabi isə bu axımı 1875-ci ildə davam etdirmişdir. 1880-ci ildə nəşr olunmağa başlayan “Kəşkül” qəzeti bu ənənəyə sadiq qalaraq “türk milləti” sözlərini işlətmişdir. Ünsüzadə qardaşları tərəfindən nəşr olunan “Ziya” adlı qəzetdə “millət”, “istibdad”, “haqq” sözlərinə tez-tez rast gəlmək olurdu. Bu dövrdə Azərbaycanda bu qəzetlərdən başqa mətbuat orqanı yox idi, çünki rus çar idarəsi qəzet və jurnalların çap olunmasına icazə vermirdi. Azərbaycan türk ləhcəsini yalnız xalq özü qoruyub saxlaya bilərdi. Kapitalist sənayesinin, ticarətin, kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq yeni terminlər meydana çıxırdı. Bu terminlər Avropadan alınma sözlərlə, bəzən də azəri sözləri ilə əvəz olunurdu. Azərbaycanın digər vilayətlərində də xalq arasında danışılan canlı danışıq dilində bəzi ehtiyacları ödəyən sözlər, terminlər yaradılırdı.
Əslində azəri xalqı bu doğma torpaqlarında var olduqları gündən ana dili olaraq azəri türk ləhcəsində danışırdı və yeni çağda da azəri xalqının bir millət kimi formalaşmasında azəri ləhcəsi çox önəmli rol oynayırdı. Hər millətdə kapitalizm sənayesi, maliyyə, ticarət və kənd təsərrüfatının mexanikləşdirilməsi zamanı yeni terminlərin işlədilməsi bir problem olmuşdur. Azərbaycanda olan çar rejimi buna mane olsa da, xalqın yüksək zəkası bu işin öhdəsindən bacarıqla gəlmişdir. O dövrdə Azərbaycan maarifçiləri mətbuatdan, nəşriyyatdan məhrum idilər. Səməd bəy Mehmandarovun 1890-cı ildə qəzet çıxartmaq istəyi rədd edildiyi kimi, M. Şahtaxtlının “Tiflis”, N.Nərimanovun “Təzə xəbərlər”, “Məktəb” adlı qəzet və jurnalın dərc olunmasına da icazə verilməmişdi. XIX əsrin sonlarında M.T.Sidqi və S.M.Qənizadənin qəzet çıxartmaq təşəbbüsləri də bir nəticə verməmişdi.
Belə bir ağır zamanda, azəri türk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çatmışdır. Çünki miladdan öncə min illərə varan dövrdən bəri ata və babalarının yaşadıqları bir torpaq parçası – “Vətən” vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə inkişaf edən bir Azəri türk cəmiyyəti vardı. Üçüncü ünsür bu cəmiyyətin haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, mədəniyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tarixin səhnəsinə çıxmaq və üzərlərinə düşən “millət” rolunu oynamaq lazım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda mübarizə aparmaq lazım idi. Etnik birliyə malik Azərbaycan xalqı vardı, neçə əsrlərdən bəri coğrafi sərhədlərə malik Azərbaycan ölkəsi vardı, xalqda müstəqilliyə, azadlığa qovuşmaq şüuru vardı, yalnız siyasi hakimiyyət, azadlıq yoxdu. Lakin nəyin bahasına olursa-olsun, bütün bunları əldə etmək lazımdı…
AZƏRBAYCAN TARİXİNDƏ QAÇAQ HƏRƏKATI
İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürmək, idarə binalarını yandırmaqla bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “Şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir.
Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. Azərbaycan xalqı öz gördükləri işlərlə igidlik və yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları sevmiş, tərifləmiş və qorumuşdur. Çünki qaçaqlar Azərbaycanın zülmdən qurtarması uğrunda mübarizə aparmışlar. Qaçaqların bəziləri dağlarda, bəziləri kəndlərdə, bəziləri də şəhərlərdə həyatlarını təhlükə altında qoymaqdan çəkinməyərək rus kazakları ilə vuruşmuşlar.
XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan qaçaqlardan Gəncədə Dəli Alı, Qəmbər, Qarabağda Süleyman, Murtuza, Şuşada Məmməd bəy Kavaler, Zaqatalada Yusif, Zəngəzurda Nəbi, Nuxada Qutqaşenli Kərim Əfəndi oğlunu və başqalarını misal göstərə bilərik.
Biz bu əsərimizdə zəngəzurlu Qaçaq Nəbidən, gəncəli Dəli Alıdan və şuşalı Məmməd bəy Kavalerdən danışmaq istəyirik. Çünki, onlar Azərbaycanda çar dövründə rusların istibdadına qarşı aparılan qaçaqçılıq hərəkatının rəhbərlərindən olmuşlar.
Qaçaqçılıq hərəkatı XIX əsrin ikinci yarısında çar idarəsini qorxuya salacaq dərəcədə artmışdı. 1882, 1885 və 1890-cı illərdən sonra da bu hərəkat davam etmişdi. O illərdə Qubaya gələn Qafqaz hərbi qüvvələrinin komandanı və mülki idarənin xüsusi müfəttişi general Dondukov Korsakov qaçaqlara qarşı mübarizə aparmaq üçün yerli idarə rəislərinə geniş səlahiyyət verməklə yanaşı, hərbi qüvvələrin də onlara yardım etməsini əmr etmişdi.
Peterburqda nəşr olunan “Narodnaya Volya” qəzeti 1885-ci ildə dövlət məmurlarını, mülk sahibi bəyləri qorxuya salan qaçaqlardan söz açaraq, Qafqazda “Qaçaq Kərəmin məmurları və bəyləri pərişan etdiyindən…” uzun-uzadı şikayət edirdi. 1888-ci ildə aralarında olan bir qaçağı qaçırtmaq üçün üsyan edən Quba həbsxanasının dustaqları qapıları sındırıb gözətçilər ilə vuruşaraq istədiklərinə nail oldular. Bu savaşda rus əsgərlərindən ikisi ölmüş, üçü də ağır yaralanmışdı.
Xülasə, rus çar idarəsinin heç bir tədbiri Azərbaycandakı qaçaqçılıq hərəkatının qarşısını ala bilmirdi (Azərbaycan tarixi, II cild, səh. 109; Qasımov. Qafqazda qaçaqlara qarşı mübarizə).
XIX əsrin axırlarındakı Azərbaycan qaçaqlarından üçünü əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi Gəncə vilayəti, Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı) anadan olmuşdu. Yeddi nəfərdən ibarət ailəni atası çətinliklə dolandırırdı. Günlərin birində 16 yaşlı Nəbinin atasını bəy döyür. Bunu görən Nəbi bəyin üzərinə atılaraq onunla savaşır. Bəyin şikayətinə əsasən Nəbi həbs olunur. O, həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin arvadı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak edir.
Nəbi həbsxanadan qaçdıqdan sonra çar idarəsinin Azərbaycandakı əlaltıları olan mülkiyyət sahibi xan və bəylərin zülmündən cana gələn kəndlilərdən əli silah tutan bir hissəsi onun ətrafına toplanır. Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. Nəbinin müasirləri də Azərbaycanın başqa vilayətlərində qaçaq hərəkatını davam etdirirdilər. İstismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. 1894-cü il iyulun 20-də Nəbinin qardaşı Mehdi Gürcivan kəndində çar casusları tərəfindən öldürülür. Bu hadisədən 3 gün sonra Nəbi Gürcivan kəndinə gələrək kazaklarla döyüşə girir, rus-çar idarəsində xidmət edən ağaları öldürür və Arazı adlayaraq İrana keçir. Arvadı Həcər xanım Çiçəkli kəndində qalır. Rus idarəsinin casusları Həcərin Çiçəkli kəndində olduğundan xəbər tuturlar və Həcər, bacısı Mehri ilə birlikdə həbs olunur. Gorusdakı qalada saxlanılır. Nəbi 1895-ci il oktyabrın 28-də Gorus qəsəbəsini öz dəstəsiylə əhatəyə alır, rus polkovnikindən Həcəri və baldızını tələb edir. Rus polkovniki Nəbinin bu tələbini yerinə yetirməyə məcbur olur. (Həcərin dilindən söylənmişdir).
Qazamat istidi yata bilmirəm,
Ayaqda qandallar qaça bilmirəm,
Açar urusdadır aça bilmirəm.
Mənim bu günümdə gələsən Nəbi,
Qazamat dalını dələsən Nəbi.
Beləliklə, Nəbi xalq qəhrəmanı oldu və xalq aşıqları onun haqqında dastanlar yaratdılar. Aşağıda bu dastanın bir neçə parçasını misal olaraq veririk:
Qazamat dalında gizləndim yatdım,
Qoburnat gələndə sıçradım qalxdım,
Aynalı tüfəngi doldurdum, atdım.
Qoy mənə desinlər ay qaçaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi…
***
Nəbinin atlısı əllidir, beşdi,
Qırx gözəl içində Həcəri seçdi,
Güllələr urusun böyrünü deşdi.
Qoy mənə desinlər ay qaçaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi…
Nəbi günlərin birində dəstəsilə mühasirəyə düşür. Buna baxmayaraq o, yoldaşlarını döyüşə cəsarətləndirir, mühasirəni yararaq qurtulurlar. Nəbi mindiyi məşhur boz atına belə deyir:
Boz at, səni sər tövlədə bağlaram,
And içirəm, səni məxmər çullaram.
Əgər məni bu davadan qurtarsan,
Ayağına qızıl, gümüş nallaram.
Qoy mənə desinlər ay qaçaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi…
Bu dastanın əsas mövzusu rus imperializminə qarşı aparılan azadlıq mübarizəsindən ibarətdir. Dastanda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir.
1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus casusları tərə-findən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar söylənilir.
Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı.
Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi, yazıq azəri türk qadınının beləliklə öz cəmiyyətindən ayrı düşməsi, şair Zakirin beləliklə rəzil edilməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır.
Tarixçilər yazırlar ki, XIX əsrdə partizan müharibəsinin əsasını qoyan Qafqaz müsəlmanları olmuşlar. Buna misal olaraq İmam Şamilin partizan hərəkatını göstərmək olar. Müəyyən bir kənd və qəsəbədə rus əsgərləri ilə döyüşə girən qaçaqlar bir müddət vuruşduqdan sonra yenə həmin ərazidə gizlənirdilər. Bu partizan hərəkatında ən çox işlədilən taktika idi. Azərbaycan qaçaqçılıq tarixində çox maraqlı bir hadisəyə rast gəlirik ki, o üsul, bizim dövrdə çox mənimsənilən üsullardandır. 1870-ci ilin axırlarında Qazax qəzasında Quşçu kəndinin ağaları İsgəndərbəyovların zülmünə qarşı kəndlilər öz etirazlarını bildirdilər. Bəylərə yardıma gələn rus kazakları üsyanı qanlı bir şəkildə yatırtdılar. Kəndlilər Tiflisdə yaşayan çar naibinə şikayət etmək üçün nümayəndə göndərmək istədilər. Rus məmurları və bəylər onların Tiflisə getmələrinə mane oldular. Onların arasından Mürsəlqulu adlı bir kəndli gecə qaçaraq Tiflisə və oradan da çar naibinin yaşadığı Qaçoridəki villasına gəlib çıxa bildi. Amma o, çar naibini heç yerdə tapa bilmədi. Hətta o, çar vəkilinin sarayına belə buraxılmadı. Buna görə Mürsəlqulu bir çarə düşündü. Paltarını neftlə islatdı. Çar vəkilinin sarayına yaxın bir yerdə gözlədi. Çar vəkili sarayından çıxıb arabasına mindiyi zaman Mürsəlqulu əynindəki paltara od vurdu. Bu vəziyyəti görən camaat köməyə gələrək Mürsəlqulunun yanan paltarını söndürdülər. Bunu görən çar vəkili onu yanına çağırır və nə üçün özünü yandırdığını soruşur. Mürsəlqulu Qazax qəzasının Quşçu kəndindəki çar məmurlarının zülmündən kəndlilərin təngə gəldiklərini, ölümə razı olduqlarını söyləyir. Beləliklə, Quşçu kəndinin camaatı ağaların zülmündən qurtulmuş olur. Bu hadisə Azərbaycanın bir çox yerlərinə yayıldıqdan sonra kəndlilər ağa və bəylərə qarşı üsyana qalxırlar (Azərbaycan tarixi. II cild, səh. 206-207; Qasımov. Qafqazda qaçaqlara qarşı mübarizə, səh. 18; Əhməd Cəfər oğlu. Azəri ədəbiyyatında azadlıq mübarizəsi. İstanbul, 1932-ci il, səh. 19-33).
Çar Rusiyasının təhkimçi-köləlik rejimi 1841-ci ildə senator Tanın layihəsinə əsasən Azərbaycanda tətbiq olunur. 1846-cı ildə xan, bəy və ağalara kəndliləri mühakimə etmək, onlara qarşı polis idarəsindən istifadə etmək kimi hüquqlar verilir. Bu səbəbdən Azərbaycanda kəndli üsyanları, qaçaq hərəkatı daha da geniş vüsət alır (Qasımovun eyni adlı əsəri, səh. 16-17).
Buradan aydın görünür ki, başqa xalqların tarixində olduğu kimi, Azərbaycan xalqının tarixində də haqq-ədalət, müstəqillik, azadlıq, əsarətdən qurtulma mübarizəsi ağır şəraitdə olsa da, davam etmiş və edəcəkdir…
Bizim dövrümüzdə Vyetnamda imperialist təcavüzünə qarşı protest olaraq mistik buddist rahiblər özlərini yandırmışlar. Bundan başqa, Çexoslovakiyada da gənc, cəsur Yan Palahın özünü yandırmasına səbəb, rus kommunistlərinin ölkədə çexlərə qarşı törətdikləri qanlı qırğın olmuşdur. Bu, Azərbaycan xalqı üçün yeni şey deyildir.
QAÇAQ DƏLİ ALI
Onu görənlərdən və tanıyanlardan eşitdiyimə görə Dəli Alı 1898-ci ildə, 22 yaşında əlinə silah alaraq dağlara çəkilmişdir. Ancaq onun qaçaqlıq etməsinin əsl səbəbi bizə məlum deyildir. Gəzdiyi və gizləndiyi ərazilərdə kəndlilərin himayəsinə sığınmış, özünü onlara sevdirmiş və bunun üçün də dağlarda, orman-larda sığınacaq axtarmamışdır. Rus əsgərləri ilə vuruşduğu zaman dağlar, ormanlar Dəli Alının məskəni olmuşdur. Dəli Alı qaçaqlığa başladığı 1898-ci ildən 1913-cü ilə qədər rus strajnikləri və kazakları ilə dəfələrlə qanlı döyüşlərə girmişdir.
Gəncənin Qarasuçu kəndindən olan Dəli Alı ucaboylu, enlikürəkli, kəskin baxışlı, cəld, yaraşıqlı və hazırcavab bir gənc imiş. Başqa qaçaqlar kimi onun da davası kənd camaatını rus çar rejimindən və çarizmin Azərbaycandakı nökərləri olan xanların, bəylərin, ağaların zülmündən və köləliyindən qurtarmaq olmuşdur. Dəli Alı rus-yapon müharibəsində rusların məğlub olmasından böyük ümidlər gözləsə də, buna siyasi yöndən qiymət verə bilməmişdir. O, hətta 1905-ci il rus inqilabı illərində də dağlardan enməmişdir, başına topladığı cəsur və döyüşkən yoldaşlarını nizamlı şəkildə kəndlərdə gizlədə bilmişdir. Beləliklə, Dəli Alının bu tədbirli hərəkəti Gəncədə azərilərə qarşı ermənilərin törətdikləri qırğın vaxtı çox yararlı olmuş və Gəncə əhalisini erməni qırğınından qurtarmışdır.
Qafqazda olan çarın yüksək rütbəli məmurları erməniləri silahlandıraraq azəri türklərinə qarşı hücuma təhrik etdilər. Ermənilərin törətdikləri vəhşilikləri görən Dəli Alı başına topladığı dəstəsi ilə Gəncənin böyük erməni kəndləri olan Bayan, Çardaqlı və başqa bir neçə kəndi işğal etdi. Qadınlara, uşaqlara və qocalara toxunmadan, əli silah tutan ermənilərə törətdikləri vəhşiliklərin cavabını verdi. Ermənilərlə, azərbaycanlıların düşünən beyinləri çar tərəfindən törədilən bu qırğının qarşısını almaq üçün danışıqlar apardılar və razılıq əldə edildi. Dəli Alı da dəstəsi ilə dağlara, ormanlara çəkilərək öz ərazisində hökmranlığına başladı. Bu arada Dəli Alının rus jandarm və kazakları ilə dəfələrcə döyüşə girdiyini və bu döyüşlərdən igidliklə çıxdığını, yüzə yaxın rus əsgər və jandarmının öldürüldüyünü təfsilatı ilə anlatmağa ehtiyac yoxdur.
Romanov sülaləsinin üç yüz illiyi münasibətilə çar hökuməti amnistiya haqda fərman hazırlayırdı. Bu zaman Peterburqdan knyaz Qalitsin Gəncəyə gəldi. Gəncə qubernatorunun vasitəçi-liyilə Gəncəyə yaxın bir yerdə Qalitsin ilə Dəli Alı arasında başlayan danışıqlar qarşılıqlı razılıq ilə nəticələndi. Ümumi amnistiyada Dəli Alının bağışlandığı elan olundu. Bundan sonra Dəli Alı Peterburqa, çar ailəsinin üç yüz illiyi münasibətilə keçirilən məclisə dəvət edildi (“Azərbaycan yurd bilgisi”, N:23, İstanbul, 1933-cü il; “Azərbaycan” jurnalı, N:7, 8, 9, 1961-ci il).
Dəli Alı dastanından parçalar:
Dəli Alı bir sədd açıb-Şah Abbas dövranı kimi,
Yanında yoldaşları var – Azərbaycan xanı kimi,
Zeynalabdin bəy bəzənib – Misirin sultanı kimi,
Hər yana kağız dağılıb – Süleyman fərmanı kimi.
Aslan da şimşək kimi – girəndə meydan içinə
Səyrişir badronları – batır al qan içinə.
Zərrəcə qorxusu olmaz – düşsə yüz düşmən içinə,
İsgəndər tək səs salıbdı yeddi Dağıstan içinə,
Tüp dağıdır, ordu pozur-qüdrətin aslanı kimi…
QAÇAQ MƏMMƏD BƏY KAVALER
Onun anadan olduğu və öldüyü illər haqqında əlimizdə heç bir məlumat yoxdur. Ancaq Qaçaq Nəbinin müasiri və yaxın yoldaşı olduğu məlumdur. Onun haqqında Mir Möhsün Nəvvabın “Təzkirəyi-Nəvvab” adlı kitabında çox qısa, yanlış qiymətləndirilmiş tərcümeyi-halına və bir də Qaçaq Məmmədin dərin mistik qəzəlinə rast gəlirik.
Yenə də rəhmətlik Mirzə Cəlal əfəndidən eşitdiyimə görə, Məmməd bəy Kavaler Şuşa həbsxanasında dustaq olarkən fars dilində bir poema yazır. O, poemada işğalçıların Azərbaycan xalqına etdiyi zülmləri təsvir edir. Poemanın sonunda çar rejimi haqqında belə yazır:
Dər həbsxaneyi rus
Əz hökuməti “dəyyus”.
Qaçaq Məmməd Kavaler Qarabağ vilayətinin mərkəzi Şuşa şəhərinin Çuxur məhəlləsindəndir. Çuxur məhəlləsində xan sarayından başqa, bir neçə böyük daş bina vardır. O, üzü Çuxur məhəlləsindəki meydana baxan, qapısı üzərində:
“Küşadi babı dövlət həmişə in dərgah,
Və haqqı əşhədü-ən-la Lailahə illallah…”
sözləri yazılan bir binada anadan olmuşdur.
Qaçaq Məmməd Kavalerin evi bu gün də durur. Hal-hazırda həmin binada erməni ailələri yaşayırlar. O, Şuşa şəhərinin tanınmış şəxslərindən biri olan Şirin bəyin oğludur. Şirin bəyin anasının adı Mehri xanımdır! Şirin bəyin arvadı Tükəzban xanımdan beş oğlu və bir qızı olmuşdur. Onlardan biri də Məmməd bəy Kavalerdir. Şirin bəyin Həsən adlı bir oğlu ruslara qarşı Qarabağda aparılan mübarizədə tutulmuş, ömrünü Bakıda, Şamaxinka adlanan rus həbsxanasında başa vurmuşdur. Taki bəy adlı digər bir oğlu isə 1905-ci ildə Vladiqafqazdan Şuşaya gələrkən Bakıda ermənilər tərəfindən müsəlmanlara qarşı törədilən qırğında öldürülmüşdür.
Üçüncü oğlu Qaçaq Məmməd bəy Kavaler Mir Möhsün Nəvvabın verdiyi çox qısa məlumata görə 45 yaşında öldürülmüşdür. Təxmini olaraq deyə bilərəm, ki, o, Qaçaq Nəbi kimi III Aleksandrın dövründə öldürülmüşdür. Çünki III Aleksandrın hakimiyyəti illərində qaçaqlara, siyasət adamlarına, təşkilatlara qarşı qanlı və şiddətli mübarizə aparılırdı.
Qaçaq Məmməd Kavalerin qaçaqçılıq hərəkatına qoşulmasının əsas səbəbi işğalçı Rus çarlığının xəzinə gəlirlərinin artmasına mane olmaq idi. Hadisə belə olmuşdur:
Yenicə sənayeləşməyə başlayan Rusiya o dövrün Avropa texnikası baxımından geridə qalan ölkə sayılırdı. Rusiya, istehsal etdiyi parçaları, şəkəri və başqa məhsulları Azərbaycan, Türküstan, Dağıstan bazarlarına çıxaran zəif bir sənaye ölkəsi idi. Digər tərəfdən, Cənubi Azərbaycana Fransada, İngiltərədə istehsal olunan yüksək keyfiyyətli ucuz parça, şəkər, çay və başqa məhsullar gətirilirdi. Rusiyanın istehsal etdiyi məhsullar keyfiyyət baxımından yararsız olsa da, qiymətləri baha idi. Bu səbəbdən İran Azərbaycanından qaçaq mal gətirilərək bazarlarda ucuz qiymətə satılırdı. Qaçaq Məmməd Kavaler qaçaqçılıq işini elə bir şəkildə təşkil edir ki, çarın xəzinəsi bundan böyük zərər çəkir.
Qaçaq Məmməd Kavaler Araz çayı sahillərindən qaçaqçıların mallarını bu taya, Qarabağa rus kazak və strajniklərinin müdaxiləsindən çəkinmədən keçirə bilmək üçün keçidlər hazırlayır, qaçaqçılar isə bu keçidlərdən rahatca keçdikləri üçün ona mallarının bir hissəsini verirdilər. O, payına düşən gəliri silahdaşlarına sərf edirdi.
Bu, açıqdan-açığa Rusiyanın xəzinə gəlirini Qarabağ ərazisində gömrük baxımından sabotaj etmək idi. Mirzə Fətəli Axundzadə “Hacı Qara” adlı pyesində bu hadisəni komik bir şəkildə çox gözəl xarakterizə etmişdir. Bir tacirin parça mağazasına qumaş almaq üçün gələn müştəri “mənə firəng qumaşı ver”, – deyə israr edir. Tacir isə çalışır ki, müştəriyə rus malını satsın. Tacirlə müştəri arasındakı dialoq çox komik və maraqlıdır. Müştəri heç cür rus malına yaxın durmaq istəmir.
Təbii ki, bu hadisələr Qaçaq Məmməd Kavalerin qaçaq malı ilə məşğul olanları himayə edərək onlardan faiz alması anlatdığımız kimi asan olmamışdır.
Sərhədçilərlə Qaçaq Məmmədin dəstəsi arasında gedən şiddətli atışmalar nəticəsində hər iki tərəfdən insan tələfatı olmuşdur. Bu çətinliklərə baxmayaraq qaçaq hərəkatı daha da artırdı. Döyüşlərdə əsasən Qaçaq Məmmədin dəstəsi iştirak edirdi. Onun yaxın dostları olduğu kimi, düşmənləri də vardı. Qaçaq Məmmədin əsas düşmənləri ruslara xidmət edən adamlar idi. O, məcburiyyət qarşısında qalaraq iki cəbhədə vuruşmalı olur.
Mənə elə gəlir ki, bu hadisələr III Aleksandrın dövrünə təsadüf edir. Çünki Qaçaq Məmməd çar tərəfindən bağışlanılır, ona kavaler-kapitan rütbəsi verilir, maaş təyin olunur. Bunun necə olması, kimlərin vasitəsilə edilməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. Qarabağ camaatı bundan sonra Qaçaq Məmmədin ailəsini Kavalerlər adlandırır. Bu ləqəb onun bütün kişi qohumlarına aid edilirdi. Camaat bu böyük nəslə “Kavalerlər” deyirdi.
O vaxt Qaçaq Məmməd Kavalerin üzə çıxması, çar tərəfindən əfv edilməsi, ona rütbə verilərək maaş təyin olunması yalnız Qarabağda deyil, bütün Azərbaycan və İranda böyük əks-sədaya səbəb olmuşdu. Əvvəllər xalq arasında hörməti olan Qaçaq Məmmədin ailəsi, bundan sonra əvvəlkindən daha çox hörmət və məhəbbətlə qarşılanırdı. “Bu adam kavalerlilərdəndir” deyən kimi ona xüsusi hörmət göstərirdilər. Qaçaq Məmməd Kavalerin üzə çıxmasının neçə il davam etməsi haqqında əlimizdə tarixi sənəd yoxdur. Elə zənn edirəm ki, onun üzə çıxması uzun müddət davam etməmişdir. Çünki Qaçaq Məmməd Kavalerin düşmənləri onun dəstəsinin fəaliyyəti haqqında çar idarəsinə məlumat verirdilər. Məcburiyyət qarşısında qalan Qaçaq Məmməd yenidən silahlanaraq yoldaşlarının yanına, dağlara çəkilir. Bundan sonra ölənə qədər Qaçaq Məmməd rus hökumətinə qarşı partizan döyüşünə başlayır, hətta şəxsi düşmənləri ilə də hesablaşmaq qərarına gəlir.
Yeri gəlmişkən buna bir misal çəkək. Qaçaq Məmməd Kavalerin Hacı Şükür adlı bir düşməni vardı. Bu adamın işi-gücü Qaçaq Məmmədin qaçaqçılıq hərəkatını adamları vasitəsilə izləyib rus jandarm idarəsinin gizli işlər şöbəsinə xəbər verməkdi.
Həmin vaxt Həcc ziyarəti zamanı Hacı Şükür də başqa ziyarətçilərlə birlikdə Məkkəyə getmişdi. Artıq hacılar ziyarətdən geri dönürdülər. Həcc karvanı İrandan keçərək Araz çayının sahillərinə doğru irəliləyirdi. Bunu eşidən Qaçaq Məmməd atına minərək Araz çayını keçib, Cənubi Azərbaycanın bir yerində Həcc karvanını qarşılayır. Hacılar onun gəldiyini görüncə çox qorxurlar. Qaçaq Məmməd vəziyyəti başa düşür. Ziyarətçilər səssiz, qorxu içində hadisənin nə ilə nəticələnəcəyini gözləyirlər. Hər şeydən əvvəl Qaçaq Məmməd hacılara müraciət edərək Həcc ziyarətlərini təbrik edir və ziyarətlərinin Allah tərəfindən qəbul edilməsini diləyir. O dövrün dini adətinə görə at üstündə əlini ulu Tanrıya qaldıraraq dua oxuyur. Bütün bunlardan sonra hacılara müraciət edərək soruşur: – Ziyarətçilər, Hacı Şükür aranızdadırmı? Hacılar: – Bəli, – deyə cavab verirlər. Bu dəfə Qaçaq Məmməd Kavaler Hacı Şükürə müraciətlə onun karvandan ayrılaraq bir kənara çəkilməsini tələb edir. Hacı Şükürdən bir səs çıxmır. O da başqa hacılar kimi silahlı idi. (O vaxtlar ərəb quldurları Həcc karvanını soyardılar. Bu səbəbdən hacılar karvan halında, silahlanaraq Həcc ziyarətinə gedərdilər – H.B.). Qaçaq Məmməd bir neçə dəfə Hacı Şükürə müraciət edir, amma ondan cavab almır. Sonra o, hacılardan kənara çəkilmələrini xahiş edir. Hacılar kənara çəkildikləri üçün Hacı Şükür ortada tək qalır. Qaçaq Məmməd Hacı Şükürün ona etdiyi pislikləri bir-bir üzünə deyir və onu öldürmək qərarına gəldiyini, silahını götürərək özünü müdafiə etməsini söyləyir. Hacı Şükür qol-qanadı sınmış halda səssiz və hərəkətsiz atın üstündə donub qalır. Bu hadisə və dialoqdan sonra Qaçaq Məmməd tüfənginin çaxmağını çəkərək hacıların gözləri önündə Hacı Şükürü vurub öldürür.
Gətirdiyimiz misaldan aydın olur ki, Qaçaq Məmməd rus kazak və strajnikləri ilə mübarizə apardığı kimi, öz şəxsi düşmənlərindən də qisas almışdır. Mir Möhsün Nəvvabın kitabında Qaçaq Məmməd Kavalerə layiqincə qiymət verilmədiyindən biz bu misalı vermək qərarına gəldik. Bütün bunları çar rejiminin yerli xalqlara nə kimi bədbəxtliklər gətirdiyini, rus idarəsinin zülm və haqsızlıqlarını bildirmək üçün yazıram.
Qaçaq Məmməd döyüşlərin birində tutularaq Sibirə sürgün edilir. Sibirdən qaçaraq Qarabağa gəlir və yenidən qaçaqlıq edir. Təbii ki, igid sərkərdə haqqında xalq arasında şeirlər qoşulmuş, mahnılar bəstələnmişdir. Bu şeirlərdə çar rejiminə olan nifrət öz əksini tapmışdır. Qarabağlı bir şəxsin mənə söylədiyi mahnının bir bəndi yadımda qalmışdır:
Qaçaq Məmmədin Şuşa şəhərindəki evinə tez-tez rus strajnikləri tərəfindən basqın edilirdi. Hər dəfə Qaçaq Məmməd Kavalerin atasının anası Məhpəri xanımla, anası Tükəzban xanım bu basqınlara məruz qalırdılar. Evdə axtarış aparılır, bütün əşyalar qaçaqmalı adı ilə müsadirə olunurdu. Qarabağlı iki azəri qadın strajniklərə qarşı öz etirazlarını bildirirdilər. Belə mübahisələrin birində Məhpəri xanımın rus strajniklərinə söylədiyi sözlər camaatın dilində əzbər olur. Onun işğalçı imperialistlər haqqında söylədiyi sözlər sadə, əsl xalq dilindədir: “Bu yerlər Məmmədin öz torpağıdır, ürəyi istədiyini edə bilər. Axı siz urussunuz, bizim urus İvannan, Nikolaynan ki qohumluğumuz yoxdur. Siz burada nə gəzirsiniz. Niyə öz yerinizə, torpağınıza getmirsiniz?”
Beləliklə, namuslu azəri anasının dilindən söylənilən, işğalçılığı anladan, açıq mənalı sözlər…
Qaçaq Məmməd tutularaq Şuşa həbsxanasına salınır. Bir gün fürsətdən istifadə edərək həbsxanadan qaçır. Qaçan zaman həbsxana gözətçiləri onu güllə ilə vururlar. Məmməd bəy yaralanaraq yerə yıxılır. Anası Tükəzban xanıma bu hadisəni xəbər verirlər. Hadisə yerinə gələn Tükəzban xanım oğlu Məmmədin üzüqoylu yıxıldığını və inildədiyini görür. Ətrafdakı gözətçi və strajniklər isə prokurorun gəlməsini gözləyirdilər. Bu mənzərəni görən Tükəzban xanım Şuşa camaatı qarşısında oğlu Məmmədi məzəmmət edir: “Məmməd, niyə inildəyirsən? İnildəyib düşməni sevindirmə. Bu urus yarasından ölsən südümü sənə halal etmərəm!..” Qaçaq Məmməd bu yaradan ölməyərək sağalır.
Sibirdə 20 il dustaqlığa məhkum olunur. Qarabağ camaatı onun Sibirə sürgün olunmasından xəbər tutur. Hər tərəfdən camaat, “Qaçaq Məmməd Sibirə sürgün ediləcək”, – deyə Şuşaya axın edir. Sibirə sürgün olunanlar arasında Qaçaq Məmmədlə yanaşı başqa məhkumlar da vardı. Məmməd və digər sürgün olunanları əlləri, ayaqları qandallı halda həbsxanadan çıxardırlar. Minlərlə adam həbsxananın qarşısına toplaşmışdı. Dustaqlar yola düşməzdən əvvəl Tükəzban xanım Qarabağ camaatına xitab edərək deyir: “Camaat, görürsünüz ki, sizin gözünüzün qabağında urus hökuməti mənim oğlumu nahaq yerə Sibirə dustaq göndərir. Bura bizim öz torpağımızdır, axı urusun burda nə işi var? Sizin qarşınızda Məmmədə deyirəm ki, Məmməd, sən Sibirdən salamat gələcəksən, orada ölsən südümü sənə halal etmərəm! Oğlum, səni yoldaşlarınla birlikdə Allaha tapşırıram!..” Tükəzban xanımın bu sözləri minlərcə qarabağlının gözlərini yaşardır. Məmməd iki ildən sonra Sibirdən qaçaraq Qarabağa gəlir, yenidən qaçaqlıq edir. Bu hadisələri yazarkən hansı hadisənin əvvəl və ya sonra olduğunu təsbit edə bilmədiyim üçün tarixi göstərə bilmədim.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?