Текст книги "Azərbaycan istiqlal mübarizəsi tarixi"
Автор книги: Hüseyn Baykara
Жанр: Документальная литература, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN SİYASİ VƏ DEMOKRATİYA FİKİRLƏRİ
Mirzə Fətəli Axundzadə əsərlərində dövlət mövzusunu, özünün yaşadığı dövrə, XIX əsrin ikinci yarısının gerçəkliklərinə uyğun, xüsusilə 1872-ci il martın 3-də yazdığı “Məktublar”da, xalqın ehtiyac və istəklərinə siyasi, iqtisadi, maliyyə, maarif, hüquq və başqa yönlərinə cavab verəcək şəkildə bir ideoloq kimi araşdırmışdır. XIX əsrin ortalarına təsadüf edən “Aldanmış kəvakib” adlı əsərində M.F.Axundzadə cəmiyyətdəki ədalətsizliklərin sülh yolu ilə ortadan qalxmasına inanır. Azərbaycanın tarixi inkişafında 1850-1860-cı illər çox əhəmiyyətli rol oynamışdır. M.F.Axundzadənin doğma yurdunda feodalizm hökm sürməkdədir. 1863-cü ildə Zaqatala üsyanı, azadlıq hərəkatının genişlənməsi və güclənməsi, azəri cəmiyyətində yeni qabaqcıl ziyalıların yetişməsi Axundzadəyə çox təsir edir və bir islahatçı kimi onun cəmiyyət haqqında görüşü tam bir inqilabi şəkil alır.
“Məktublar”da Axundzadə əvvəlcə “siyasi və iqtisadi” bərabərlik üzərində durur və yazır ki: “Tam anlamıyla azadlıq iki cürdür. Birincisi, dini azadlıqdır, ikincisi, cismani azadlıqdır. Bizim dini azadlığımızı islam dininin rəhbərləri əlimizdən almış və bizi bütün dini işlərdə alçaq bir qul etmişlər… Cismani azadlığımızı isə, despot hökmdarlar əlimizdən almış, bizi… müxtəlif ağır yüklərin və təkliflərin hambalı etmişlər. Biz bu maddədə hələ də zalımların hüquqsuz qulu və zavallı bəndələri olub azadlıq nemətindən məhrumuq” (M.F.Axundzadə. Əsərləri. Bakı, 1951, II cild, səh.3).
Axundzadə “Məktublar”da azəri xalqının imperialist bir xalq tərəfindən istismar edilməsini çox böyük cəsarətlə qəti şəkildə irəli sürür və deyir ki: “…Onlar nə üçün belə qorxusuz hərəkət edirlər? Onlar bizim canımızı, malımızı qoruyurlarmı? Yox. Onlar bizim sərhədimizi… düşməndən qoruyurlarmı? Yox. Onlar bizim üçün xəstəxanalar, məktəblər açmışlarmı? Yox. Onlar bizim ticarətimizə, qazancımıza bir xeyir vermişlərmi? Yox. Çox yaxşı. Onların vücudu nəyə lazımdır?” (Əsərləri, səh. 31). Buradan aydın olur ki, müqəssir rus çarı deyil, İran hökmdarıdır. İstər A.Ağa, istərsə də M.F.Axundzadə dahiyanə metod işlədərək İran və ya Hindistan hökmdarlarına xitab edərək senzuradan və rus çar istibdadının təqibindən özlərini qorumuş, beləliklə, əsərlərini çap etdirə bilmişlər. Yoxsa o dövrdə Rusiyada haqq, ədalət, hürriyyət var idi?..
“Ey İran xalqı, əgər sən azadlığın nəşəsini bilsən və insanlığın hüququndan xəbərdar olsaydın, belə zülmə və rəzalətə dözməzdin… Sən sayca və inanışda “despotdan” üstünsən. Sənə ancaq ürək birliyi və istiqamət birliyi lazımdır ki, inqilab edib itaətdən qurtulasan.” (Əsərləri. səh. 32-33).
Axundzadənin bu inqilabçı çıxış və çağırışı ümumiləşdirildikdə görürük ki, eynilə Azərbaycan və imperialist Rusiya münasibətlərinə uyğundur. Ədib əsərlərinin bir çox yerində doğma yurdu olan Azərbaycanın, azəri xalqının öz haqq və hüququ uğrunda mübarizə aparacaq, baş qaldıracaq səviyyədə olmadığına kədərlənir. Amma bununla belə bu çətin yolda addımlamaqdan və xalqını irəliyə doğru səsləməkdən çəkinmir.
O bu üzüntüsünü “Aldanmış kəvakib” adlı əsərində belə təhlil edir: “Xalq despot zülmünün təsirindən və məzhəbin çürük, boş inanışından qurtara bilmir, nəticədə başqa mədəni insanlardan elm və fəzilət yönündən geri qalmasını dərk edə bilmir”. Axundzadə bu üzüntülər içərisində yalnız öz Azərbaycan xalqı üçün deyil, bir Şərq filosofu, ədibi kimi əzab çəkir: “Nə vaxta qədər Şərqdə istibdad üsulu, müstəmləkə təzyiqi hökm sürəcək…” (Əsərləri, səh. 38-39).
Çar II Aleksandr 1861-ci ildə rus kəndlilərini azad edəcək bir fərman verdi və kəndlilər üzərindən köləlik – təhkimçilik hüquqi baxımdan ləğv edildi. Ancaq rus mədəniyyətinin (?) Azərbaycana gətirdiyi bu köləlik hüququ hədiyyəsini (?) Azərbaycan kəndlilərinin üzərindən qaldırmadı. Axundzadəyə bu hadisə çox təsir etdi, o, qəzalara gedərək kəndlilərlə sıx əlaqə yaradır, onları istismarçılara qarşı mübarizəyə qaldırır və bu işdə onlara köməklik edirdi. O, Mirzə Yusif xana yazdığı məktubda (“Məktublar”) “70-ci illər fikirlərdə siyasi coşqunluğun ortaya çıxdığı bir zamandır” deyir və əlavə edərək yazırdı: “Zahiri itaətə baxmayaraq, zülmə uğrayanların “zalimlərə” qarşı bəslədikləri kin və ədavət böyükdür”.
M.F.Axundzadə, A.Ağa Bakıxanov Azərbaycan xalqı, Şərq ölkəsi üçün bir fikir rəhbəri, ideya xəzinəsidir. Bu fikirlərin yerini marksizm-leninizmin yalançı cənnət vədləri tutmuş və rus əsiri xalqlara istismarçılıq, köləlik, zülm və ölüm gətirmişdir.
Axundzadə yazırdı: “Padşah millətlə ittifaq etməlidir, millətlə ürək birliyi və fikir birliyi etməli, dövlət mülkünü ancaq öz malı kimi saymamalıdır. Özünü millətin vəkili hesab edərək xalqın iştirakı ilə qanun qoysun, “parlament” qursun və ölkəni qanuna görə idarə etsin, proqressiv olsun, sivilizasiya gətirsin…” (M.F.Axundzadə. Əsərləri. Bakı, 1924, səh. 30).
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA SİYASİ HƏRƏKATLAR
XX əsrin əvvəllərində Azərbaycanda güclü və çoxsaylı ziyalı kadr yetişmişdi. Amma Azərbaycanda müəyyən və proqramlı bir siyasi təşkilat yox idi. Azərbaycan ziyalıları ən çox maarif sahəsində çalışır və xalqın oxuyub-yaza bilməsinə xüsusi əhəmiyyət verirdilər. Bu ziyalılara müasir Azərbaycan tarixçiləri “maarifçilər” adını vermişlər. O dövrdə maarifçilər Azərbaycan xalqının maddi və mənəvi inkişaf yolunda mədəniyyətin oynayacağı böyük rolu aydın gördükləri üçün bu yolda yorulmadan çalışırdılar. Qeyd etmək lazımdır ki, onların əməkləri hədər getmirdi. Maarifçilər bütün bu işlərini çar rejiminin maneələri ilə mübarizə apararaq həyata keçirirdilər. Çox vaxt siyasi səbəblər üzündən maarifçilərin səyləri boşa çıxırdı. Bu vəziyyət Azərbaycan xalqının gələcəyi, azadlığı üçün çox təhlükəli və qorxulu idi. Bunu başa düşən ziyalılar xalqın maariflənməsinə daha çox çalışır, xalqın öz azadlığı uğrunda mübarizə aparacağı günü səbirsizliklə gözləyirdilər.
1901-ci ildə Bakıda ilk rus “sosial-demokrat” dərnəyi yaradılır. Bakı o dövrdə Qərbi əks etdirən bir sənaye şəhəri idi. Burada neft emalı, balıqçılıq, ipəkçilik və başqa sahələrdə çoxlu fəhlə qüvvəsi çalışırdı. Sənayedə çalışan fəhlələrin bir qismi ruslardan ibarət idi. O dövrdə Peterburqdan Bakıya göndərilən rus sosial-demokratları və inqilabi hərəkatda iştirak etdikləri üçün Bakıya sürgün edilən ruslar, Tiflisin qeyri-leqal sosial-demokrat təşkilatından olan gürcülər Bakıda sosial-demokrat təşkilatını yaratdılar. Beləliklə, Bakıda 1901-ci ildə rus sosial-demokrat partiyasının Bakı komitəsi yaradılmış oldu.
Kapitalistlər tərəfindən istismar olunan fəhlələrin azadlığı uğrunda mübarizə aparan sosial-demokratlar onların böyük rəğbətini qazandılar. Bakı sənayesində çalışan fəhlələrin yarıdan çoxunu Cənubi Azərbaycandan gələn fəhlələr təşkil edirdi. Sosial-demokrat partiyası bu fəhlələri öz mübarizələrinə cəlb etməyə başladı və bu partiyanın nəzdində bir türk təşkilatı yaratmağı qərara aldı. O dövrdə azəri türklərindən bəziləri rus sosial-demokratları ilə birlikdə inqilabi hərəkatda yaxından iştirak edirdilər. Beləliklə, türklərin 1904-cü ildə “Hümmət” adlı sosialist partiyası yaradıldı. Bu partiya yarandıqdan sonra Azərbaycan xalqı üçün törətdiyi çətinliklərdən yeri gəldikcə tarixi ardıcıllıqla bəhs edəcəyik. Bir müddət rus sosial-demokrat partiyasının nəzdində fəaliyyət göstərən bu partiya 1905-ci il inqilabından sonra yarımüstəqil partiya kimi fəaliyyət göstərməli oldu. 1917-ci il inqilabından sonra isə bu partiya müstəqil “Azərbaycan kommunist partiyası” adlandı.
Azərbaycan tarixində ikinci siyasi partiya 1905-ci ildə Qafqazda ermənilərin türk və müsəlman əhalisinə qarşı törətdikləri qırğın zamanı Əhməd Ağayev tərəfindən yaradılan “Difai” partiyasıdır. Bu partiya yarandığı gündən Azərbaycan xalqı üçün çox böyük işlər görmüşdür. Azərbaycanın siyasi tarixində bu partiyanın adı “Müdafiə təşkilatı” adını almışdı və məncə bu ad daha doğrudur. Türk və müsəlman xalqının ermənilər tərəfindən törədilən hücumlara qarşı özlərini müdafiə etməsi deməkdir.
Azərbaycanın siyasi tarixində yer alan üçüncü partiya 1906-cı il avqustun 16-dan 21-nə kimi Tatarıstanda, Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının üçüncü qurultayının qərarı ilə proqramı hazırlanan “Rusiya müsəlmanları ittifaqı” partiyasıdır.
Dördüncü siyasi partiya Azərbaycan tarixində 1911-ci ildə yaradılan “Türk adəmi mərkəziyyət (federalistlər) müsavat partiyası” olmuşdur. “Türk adəmi mərkəziyyət partiyası” Azərbaycan xalqının azadlığı uğrunda mübarizə aparan yeganə partiya idi. Bütün partiyalardan və Azərbaycan tarixində oynadıqları rollardan yeri gəldikcə söz açmağa çalışacağıq. İndi isə 1904-cü ilin payızında Bakıda yaradılan “Hümmət” qrupundan söz açmaq istəyirik.
Osmanlı dövlətinin tarixində böyük rol oynayan “İttihad və Tərəqqi” partiyasının ilk özəyini təşkil edən “İttihadi Osmani cəmiyyəti” (1892) adı ilə yaradılan təşkilatın beş qurucusundan ikisi azərbaycanlıdır. Ohrili İbrahim Tema, harputlu Abdulla Cevdət, qafqazlı Rəşid, diyarbakırlı İshak Sükuti və bakılı Çəmənzadə Əli (sonradan məşhur olan Əli bəy Hüseynzadə) (Təhsin Dəmiray. Türkiyədə son 50 ildə daxili siyasət. İstanbul, 1955, səh. 4).
Bakıda “Hümmət” qrupunun yaradılması haqqında Azərbaycanın siyasi tarixində verilən məlumatlar bir-birinə ziddir. Əvvəlcə Azərbaycan azadlıq mübarizəsində böyük əmək sərf edən və həyatının sonuna qədər bu mübarizədən əl çəkməyən Məmməd Əmin Rəsulzadəni dinləyək. 1954-cü ildə “Dünya” qəzetində “Stalin ilə İnqilab” başlığı ilə xatirələrini dərc etdirən M.Ə.Rəsulzadə Bakıda (1903) rus sosial-demokrat partiyası daxilindəki bolşevik və menşevik axımından söz açaraq yazır: “…Müxtəlif millətlərin oxuduğu rus liseylərində və digər orta məktəblərdə azərbaycanlı türk şagirdlərindən ibarət gizli bir dərnək vardı…” (“Dünya” qəzeti, 1954-cü il 23 may). Dərnəyin “Hümmət” adlı bir jurnalı vardı. Bolşeviklər və menşeviklər bizim dərnəyi ələ almaq istəyirdilər. Bolşevik fraksiyası Tiflisə nisbətən Bakıda daha qüvvətli idi. Bolşevik fraksiyasına Koba adlı birisinin rəhbərlik etdiyini eşitmişdim”. M.Ə.Rəsulzadə sonra yazır ki, “mən Koba ilə Balaxanıda bir fəhlənin evində tanış oldum”.
Əmin bəy o dövrdə bolşeviklərlə birgə çalışdığını gizli saxlayır və sözlərinə belə davam edir: “İnqilabi mühitdə, yəni bolşevik və menşevik mühitində “Təkamül” qəzetini mən təmsil edirdim. Bir toplantıda “Milli müxalifət” cərəyanının taktikasını bolşevik mövqeyindən üstün tutan bir ifadə işlətdim. Rus dilini zəif bilir, – deyə menşevik Vışinski məni tənqid etdi. Stalin isə məni müdafiə edərək dedi: “Yoldaş Vışinski, əgər sən türkcə danışsan, Rəsulzadədən yaxşımı danışacaqsan? Toplantıya Stalin rəhbərlik edirdi” (“Dünya” qəzeti, 1954-cü il, 24 may). M.Ə.Rəsulzadə bu yazısında o dövrdə özünü Azərbaycanda olan milli müxalifətin, Bakıdakı bolşevik və menşeviklərə isə “Təkamül” qəzetinin nümayəndəsi kimi göstərir.
Əmin bəy “Hümmət” təşkilatını yaradır və bu təşkilatın eyni adlı qəzeti də nəşr olunur. Beləliklə, “Hümmət” təşkilatı bolşeviklərin azəri türk bölməsini təşkil edirdi. Əmin bəyin yazdığına görə, bu təşkilatı özü yaratmışdı.
Qeyd etdiyimiz kimi, bolşevik və menşeviklərə “Təkamül” qəzetinin nümayəndəsi olduğunu söyləyirdi, çünki bu qəzet tam mənasilə sosialist qəzeti idi. Sonradan Əmin bəy “Dünya” qəzetində dərc etdirdiyi “Stalin ilə İnqilab” adlı xatirəsində bütün bu hadisələri qələmə alır.
Buradan aydın görünür ki, Əmin bəy heç bir zaman milli müxalifətin nümayəndəsi olmamışdır.
Biz belə bir iddia irəli sürərkən bu kitabı oxuyanlar M.Ə.Rəsulzadənin… Azərbaycan azadlıq mübarizəsindəki səyləri, xidmətləri, oynadığı rolu inkar etmək istədiyimizi zənn etməsinlər. Ancaq elmi əsər hər şeydən əvvəl tərəfsiz və obyektiv olmalıdır. Bundan başqa, Azərbaycan azadlıq mübarizəsi tarixini gələcək nəsillərə olduğu kimi çatdırmaq və onları bu istiqamətdə başa salmaq lazımdır.
“Hümmət” təşkilatının yaradılması “Azərbaycan ədəbiyyatı tarixi” kitabında belə qeyd edilir: “1904-cü ilin payızında Bakı komitəsinin nəzdində sonradan təşkilat şəkli alan Azərbaycan sosial-demokrat “Hümmət” təşkilatı yarandı. “Hümmət” təşkilatında Stalin, N.Nərimanov, S.M.Əfəndiyev, M.Əzizbəyov, A.Caparidze və başqa bolşeviklər fəaliyyət göstərirdilər” (Azərbaycan ədəbiyyatı tarixi. II cild, səh. 359).
“Azərbaycan tarixi”ndə isə belə deyilir: “Qeyd etmək lazımdır ki, Bakı mədən fəhlələrinin böyük faizini türklər və iranlılar (Cənubi Azərbaycandan gələnlər) təşkil edirdilər. Müsəlmanlar arasında iş aparmaq məqsədilə Bakı komitəsi tərəfindən 1904-cü ildə “Hümmət” adlanan təşkilat yaradıldı”. “Azərbaycan tarixi” bundan sonra “Hümmət” təşkilatının yaradıcıları arasında Azərbaycanın siyasi tarixində məşhur olmayan adları qeyd edir. N.Nərimanov ilə M.Əzizbəyovun sonralar, 1905-ci ildə bu təşkilata daxil olduqlarını yazır. Yuxarıda qeyd olunan “Azərbaycan ədəbiyyatı tarixi” 1960-cı ildə, “Azərbaycan tarixi” isə 1964-cü ildə nəşr edilmişdir. Bu kitabların heç biri M.Ə.Rəsulzadənin “Hümmət” təşkilatının yaradılmasında oynadığı başlıca roldan söz açmır.
Bütün dünya bilir ki, Sovet İttifaqında görkəmli şəxslərin xidmətləri saxtalaşdırılır. Həqiqət belədir ki, “Hümmət” təşkilatının yaradılmasında M.Ə.Rəsulzadə və Stalin əsas rol oynamışlar. M.Ə.Rəsulzadə 1905-ci il inqilabından sonra 1909-cu ildə başlayan İran inqilabında da “Hümmət” təşkilatının fəal nümayəndəsi kimi iştirak edir. Bütün bu hadisələr M.Ə.Rəsulzadənin Azərbaycan tarixindəki oynadığı rolu kölgədə qoya bilməz.
Hələ “Hümmət” təşkilatı yaranmazdan əvvəl Əmin bəyin təşkilatın maliyyəsini Stalini Bayıl həbsxanasından qaçırtmağa sərf etməsini, milli müxalifət cəbhəsinə qarşı (Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd Ağayev və başqaları ilə birlikdə) olmasını, M.Ə.Rəsulzadənin 1911-ci ildə İstanbula gəlişindən sonra Azərbaycanın milli mübarizəsinə etdiyi xidmətləri heç cür inkar etmək olmaz.
Qeyd etmək lazımdır ki, “Hümmət” Azərbaycanda yaranan ilk türk siyasi təşkilatı olmuşdur.
MİLLƏT OLMA GERÇƏYİ
Orta və kiçik burjuaziya olan, sayı minə çatan topdan satıcı və pərakəndəçi tacirlər Azərbaycanın bütün vilayət və qəzalarını əhatə etmişdi. Onlar Azərbaycanın idxalat və ixracatında mal toplamaq və satmaq yolunda çox əhəmiyyətli rol oynayırdılar. Bu tacirlər təkcə Azərbaycanda deyil, Tiflis və İrəvan ticarətində də önəmli yer tuturdular. Kənd təsərrüfatında çalışan varlı əkinçilər yetişmişdi və ölkənin kənd təsərrüfatında istehsalçı və yetişdirici kimi hörmətli yerləri vardı. Beləliklə, bu dövrdə Azərbaycanda sənaye və ticarət həyatı Qərb anlamında kapitalizm cığırına girmiş və olduqca irəliləmişdi. Azərbaycanda xanlıq dövründən qalma təkbaşına toplum münasibəti yerinə, xalqı və toplumun müxtəlif siniflərini bir-birinə bağlayan, birləşdirən ticarət və şəhər həyatı meydana gəlmiş, feodal rejimi əhvali-ruhiyyəsi ilə birlikdə ortadan yox olmuşdu.
Bakı-Batumi dəmir yolu, neft borusu xətti, dəmir yollarının keçdiyi ərazilərdə yerləşən ixracat və idxalat işlərində çox yer tutan vağzallardakı fabrik və emalatxanalar və Rusiyanın dərinliklərinə uzanan dəmir yolu Azərbaycan türklərini ticarət üçün Rusiyanın sənayeləşən mərkəzlərinə doğru apardığı kimi Qərbi Avropaya da çəkib aparırdı. Bu münasibətlər Azərbaycan xalqının dünyagörüşündə çox böyük rol oynayırdı. Azərbaycan burjuaziyası yüksəlməkdə və irəliləməkdə olan kapitalizm çağında ticarətdə rəqabətin öhdəsindən gəlməyi, yeni texnikaya yiyələnmək, yaradıcı potensiala malik olmaqla mümkün olacağını qismən şüurlu şəkildə, qismən də tarixin seyrinə ayaqlaşaraq dərk etməyə və anlamağa başlamışdı. Fəqət, Azərbaycan Rusiyanın müstəmləkəsi olduğu üçün çarlıq rejimi Azərbaycanın sənayesinin və ticarətinin inkişafına mane olmağa çalışmasına baxmayaraq, azərbaycanlı kapitalistlər bir tərəfdən çarlıq rejiminin maneələrini aradan qaldırmağa, digər tərəfdən də kapitalist rəqabəti meydanında neft də daxil olmaqla sənayenin bütün sahələrində vətənində özünəlayiq yer tutmağa çalışırdı. Bir tərəfdən də Azərbaycan milli burjuaziyası yalnız xalqın ancaq sərvətilə var olmayacağını, milli mədəniyyətsiz sərvətini və ticarətini inkişaf etdirə bilməyəcəyini tarixin gedişindən mütəfəkkir və uzaqgörənlərin təsirilə anlamışdı. Millət və cəmiyyət həyatının milli mədəniyyətə və milli məktəbə, milli teatra və səhnəyə, mətbuata, xülasə, daha çox mənəvi və əxlaqi quruluşlara ehtiyacı olduğunu hiss etmiş və öyrənmişdi.
Bundan başqa, öz vətənindən, öz torpağından çıxan neft, metal, kənd təsərrüfatı məhsulları və başqa sərvətlərin özlərinə və xalqına aid olduğunu və bunları yabançı imperialist dövlətlərin, kapitalistlərin qarət etdiklərini görür və başa düşürdü. 1888-1890-cı illərdə çarlığın göstərdiyi təzyiqə baxmayaraq dərc olunan “Kəşkül” qəzetində belə bir yazı oxuyuruq: “İndi bizdə daha böyük sərmayə sahibi zadlar vardır, təcrübəli və hüşyar olanlarımız da az deyildir. Etiqad və etibar lillahül-hamd (Allaha şükür) meydanında bərqərardır ki, bu hal ilə belə məmləkətimizdən və məmləkətimizə qarışan hissələrdən bu gün hər millət kompaniyaları fayda təmin eyləməyə girişməkdə ikən, bizim sərmayədar olan tacirlərimizin kənardan tamaşa eyləyib bir-birindən ayrı-ayrı durmalarına təəssüf eyləməmək olmur. Diqqət buyurulsun…” (Azərbaycan tarixi. II cild, səh. 275).
Bu yazıda açıq deyilir ki, ruslar, ermənilər, qərbi avropalılar Azərbaycanın sərvətini soyub-talayır və istədikləri kimi xalqımızı, ölkəmizi qarət edirlər, biz də tamaşa edirik. Həmin yazıda Azərbaycanda ilk milliyyətçilik ruhunun doğduğunu görürük. Qərbi Avropada kapitalizm dövrü, milliyyətçilik siyasi cərəyanının doğulduğu dövr sayılır. Avropada millətlərin siyasi və iqtisadi rəqabəti, gömrük hüdudları, milliyyətçilik siyasi fikir cərəyanı hərəkəti olaraq meydana gəlmişdir. Beləliklə, milli sərmayələrinə kənardan gələn sərmayə ilə rəqabət etmə imkanını təmin etmişdilər. Azərbaycanda isə çarlığın min bir badalaq vurmasına və maneələr yaratmasına baxmayaraq, tarixin seyri ilə çətin mübarizələrdə meydana gələn Azərbaycanın milli kapitalistləri də bu ticarət rəqabətində özlərinin və xalqının qarət olunduğunu və müstəmləkə şəklində idarə edildiklərini dərk edirdilər. Bax, bu idrak və şüur içərisində Azərbaycan yerli kapitalistinin himayəsində Azərbaycan mədəniyyəti, mətbuatı, səhnəsi, ədəbiyyatı, texniki və başqa müasir cəmiyyətləri meydana gələcəkdi. Deməli, tarix özü buna şərait yaradırdı, yoxsa Azərbaycana milliyyətçilik fikrini Əhməd Ağaoğlu Fransadan, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə İstanbuldan gətirdiyi düşüncəsi yanlış və əsassızdır. Şəraitin yetişmədiyi bir zamanda kənardan heç kim, heç bir fikri gətirib cəmiyyət həyatına yerləşdirə bilməz.
Köhnə Praqa universitetinin professorlarından olan S.Prokopoviç deyir ki: “kapitalizmin meydana çıxması və daxili gömrük maneələrinin ortadan çıxmasının ətrafında tranzit yollarının inkişaf etməsi, poçt, tək bir idarə rejimi, ticarət və sənaye hüququnun birləşdirilməsi, tək bir dil ehtiyacını gərəkli edir”… Bax, milliyyətçilik fikrinin doğuşu buradan gəlir.
Yeni doğan və bir-birinə dolaşdırılmış olan qarışıq kapitalist sənaye, ticarət və sosial həyat bütün anlamlarını və ehtiyaclarını ifadə edə biləcək tək bir dilin gərəkliyini hiss etdirmişdir. Çünki, şəhər və burjua həyatının başlaması ilə milli həyat da başlamışdır. Bu səbəbdən alman sosializminin atalarından Otto Bauer deyir ki: “Millətin inkişaf səviyyəsi, istehsal və mülkiyyətin tarixi tərzini göstərməkdədir” (Otto Bauer. Die Nationalituten frage und die Sozial demokratie. 1924-cü il, səh. 24, 125, 138). Oxucular bu müqayisəni çox səthi, marksizcə hesab edəcəklər. Marksizm ilə heç bir əlaqəsi olmayan və bu ittihamdan kənar olan Yohannet milliyyət məsələsində iqtisadiyyatın heç bir rolu olmadığını iddia edən Renana qarşı belə deyir: “Siyasi iqtisadiyyatı yaxşı oxuyub öyrənməyən və izah etməyən, xarici ticarət işlərində şəxsən iştirak etməyən şəxslərə milliyyət məsələsində söz söyləməyi qadağan etməlidir” (R.Yohannet. Le rincire des nationalite. 1918-ci il, səh. 293; Prokopoviç, səh. 21-22).
Mövzunun əhəmiyyətini nəzərə alaraq milliyyətçilik və vətənpərvərlik haqqında bəzi filosof və siyasi xadimlərin fikirlərini bildirməyi lazım bilirəm.
Bauer milliyyət məsələsinə belə bir sxem verir. Xalqların tarixi gələcək nəsillərə iki yol ilə təsir edər: 1. Yaşamaq qayğısı üçün aparılan mübadilənin içində inkişaf edən formalaşma nəticəsi müəyyən vücud xüsusiyyətlərini irsiyyət yolu ilə gələcək nəslə aşılamaqla. 2. Təşəkkül edən müəyyən mədəni ideal tərbiyə etmək, adət və hüquq yolu ilə cəmiyyət halında yaşayan gələcək nəslə verməklə. Beləliklə, bu hərəkətetdirici qüvvə bizdə tarixdir, bizdəki milliyyəti təyin edir, bizi bir millət olaraq bir-birimizə bağlayan doğmalığı təşkil edir. Millət, milli xarakterdə, fərdin milliyyətində özünü göstərir. Fərdin milliyyəti, cəmiyyətin tarixi keçmişi ilə bağlı bir cəhətdən başqa bir şey deyildir (Bauer, yuxarıda qeyd olunan əsər).
Renan milliyyəti belə tərif edir: “Zəngin tarixi xatirələrin irsiyyət yolu ilə əldə edilməsi birinci ünsürdür, digəri – birlikdə yaşamaq arzusu ilə atalardan ümumi şəkildə alınanları birlikdə idarə edərək birlikdə yaşamaq iradəsidir. Millətdə atalara sitayiş arzusu bütün ibadətlərdən üstün mövzudur. Atalar bizləri, bizlər hal-hazırda necə varıqsa elə yaratdılar. Qəhrəmanlıqlarla dolu keçmiş, böyük adamlar və yaratdıqları şan və şərəf, beləliklə milliyyət idealının əsasını təşkil edən sosial kapital. Keçmişin şanlı hərəkətlərini duyarlıqda birlik olmaq, bu hərəkətlərdə gələcəkdə də birlikdə iştirak arzusu və hal-hazırda yaşamaq üçün ümumi iradə, beləliklə xalqın yaşamasına uyğun şərait. Açıqca görünür ki, bir topluluq olaraq yaşamağa davam etmək arzusu öz ifadəsini millətin varlığını davam etdirməkdə özündən davamlı bir plebisit mənzərəsi göstərməkdədir” (E.Renan. Qu est ce guanne nation? 1882, səh. 26-27).
Lenin millətçi vətənpərvərliyi belə anladır: “Vətənpərvərlik – əsrlər və min illər boyu vətənlərin bir-birindən ayrı olmasının doğurduğu ən dərin duyğulardan biridir” (V.İ.Lenin. Əsərləri. 4– cü nəşri. 28-ci cild, səh. 186). Təkamülçü marksist Bauer, idealist Renan, bitərəf, elm adamı, filosof Yoanne və nəhayət, ifrat solçu marksist Lenin, bunlar hamısı millət gerçəkliyi üzərində diqqəti heyrət ediləcək dərəcədə ittifaq edir və vətənpərvərlik gerçəyini ard-arda, başqa sözlərlə, fəqət eyni anlam daşıyacaq şəkildə ifadə edirlər. Demək, etnik toplumun atalardan qalma maddi və mənəvi mirası, vətənpərvərlik duyğusunu meydana gətirir. Millətin varlığında etnik xüsusiyyətin başda gəldiyini söyləyən bu iki filosof (Renan və Yoanne) və iki həm filosof, həm də siyasi xadim (Bauer, Lenin) millət gerçəyini bir həqiqət olaraq qəbul etdikdən sonra öz fəlsəfələrinə görə, nəticəyə varmada bir-birlərindən ayrılırlar. Xüsusilə sosialist Bauer ilə kommunist Lenin bu millət gerçəkliyinin yerinə marksist nəzəriyyəsinə görə proletar qardaşlığı fikri fəlsəfəsini yerləşdirməyə çalışırlar. Onlar deyirlər ki, sinfi mübarizədə siniflərin toplum içində bir-birlərinə olan mənfəət bağlılığı milliyyət bağlılığından üstün sosial bir əlaqə yaradır. Leninin rus inqilabı təcrübəsi, Maonun Çin inqilabı və nəhayət, Yuqoslaviya, Çexoslovakiya, Albaniya, Rumıniya hadisələri marksizmin proletar qardaşlığı nəzəriyyəsinin tamamilə iflas etdiyini və rus kommunist inqilabının rus millətini tarixdə misli görünməmiş rus şovinizminə, rus imperializminə apardığını və Çin kommunist inqilabının da Çini öz geopolitik vəziyyəti istiqamətində imperializmə apardığı artıq izah və açıqlamağa lüzum olmadığı qədər aşkardır. İstər rus, istərsə də rusların əsarəti altında yaşayan millətlərin kommunist ideologiyasına olan inamları sarsılmış və iflasa uğramışdır. Dünya cəmiyyətinin fikri qarşısında da vəziyyət belədir. Dünyada kommunist cənnəti yaradacağını vəd edən Leninin məfkurəsi necə ki rusların imperialist əməllərinə xidmət edən və millətləri qarət edən vasitə olmuşdusa, vaxtilə o biri dünyada (axirətdə) insanlara cənnət vəd edən həzrəti Məhəmmədin İslam dini də Əməvilər və Abbasilər zamanında eyni şəkildə ərəblərin imperialist əməllərinə və millətləri qarət etməsinə yaramışdı.
Gördüyümüz kimi, millət anlamı hər şeydən öncə etnik xalq toplumunun varlığını ifadə etməkdədir. Azərbaycanda bu etnik xalq toplumu varlığı türk olaraq mövcuddur və keçmişi də tarixin ən qədim dövrlərinə, bir neçə min illərə qədər uzanmaq-dadır.
Vəziyyət belə olduğu halda dövlətlər hüququ yönündən bir dövlətin necə meydana gəlməsi məsələsini araşdıraq. Bu məsələdə dövlətlər hüququnun dünya avtoritetləri başqa-başqa kəlmələrlə həmin eyni şeyi söyləyir. Köhnə Berlin universiteti professoru fransız Fon List yeni bir dövlətin meydana gəlməsi üçün üç ünsürün varlığı lazımdır deyir. 1 – xalq; 2 – torpaq parçası, ərazi; 3 – dövlət hakimiyyəti. Dövlətin meydana gəlməsi (haqqında söhbət açılan) torpaq parçası üzərində yaşayan vətəndaşların iradəsinə bağlıdır. Əsla və qətiyyən kənar iradəyə yox (Dövlətlər hüququ. Riqa, 1932-ci il, səh. 64).
Çar Rusiyasının dünyada tanınmış hüquqşünası F.Martens bütün dünya dillərinə çevrilmiş ikicildlik “Dövlətlər hüququ” əsərində deyir ki: “Müəyyən ərazi üzərində öz hüquqları və mənfəətləri bərabər olan və bir hakimiyyət altında birləşən insanlar ittifaqı, dövlətlər hüququ anlamında dövlətdir” (F.Martens, Mədəni xalqların çağdaş Dövlətlər hüququ, Sankt-Peterburq, 1887-ci il, I cild, səh. 233).
Martens sabiq Roma hüquqşünası və natiq Siseronun dövlət fikrini eynilə təsvir edir. Siseron deyir ki: Respublica est coetus sultitudinis juris consensu et utilitatis communion sociatus” (De republica lib. 1, s. 25) – “Dövlət, xalq topluluğunun qarşılıqlı iradə və faydalarla bir-birinə olan bağlılığından və birliyindən doğan yüksək cəmiyyətdir” (D.D.Qrim. Doqma Rimskoqo prava. Peterburq, 1898-ci il).
Yuxarıda millət anlamı haqqında daha çox sosialist mütəfəkkirin fikirlərinə yer verdik. Dövlətin məlum olmayan cəhətlərini ən səlahiyyətli və böyük hüquqşünaslardan öyrəndik. Yenə də bu müqayisələrlə Azərbaycan xalqını araşdırmağa başlayaq. Bütün bu araşdırmalardan da anlaşılır ki, millətin öz varlığını dərk edə bilməsi üçün iqtisadi varlığın müəyyən səviyyəsinə çatması lazımdır. Millətin etnik birliyə və kökə əsaslanması lazımdır. Bu surətlə millət fərdləri arasında tarix birliyi, dil birliyi, ideya birliyi, mədəni və mənfəət birliyi kimi ünsürlər mövcud olmalıdır. Beləliklə, milləti təşkil edən xalqın vətəndaşları arasında bir-birlərinə bağlılıq və keçmiş, yüz illərdən əvvəl yaşamış ulularından və atalarından onlara qalan iftixaredici və kədərləndirici xatirələr ümumi anlayış yaratmaqdadır.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?