Текст книги "Azərbaycan istiqlal mübarizəsi tarixi"
Автор книги: Hüseyn Baykara
Жанр: Документальная литература, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
XANLIQ, ÇARLIQ VƏ MİLLİ İSTİQLAL DÖVRÜNDƏ AZƏRBAYCANDA TORPAQ REJİMİNƏ ÜMUMİ BAXIŞ
Azərbaycanda torpaq rejimi keçirildiyi dövrlərdən asılı olaraq dəyişmiş və müəyyən formalar almışdır. Bu səbəbdən biz də bu mövzunu dövrlərə uyğun olaraq təhlil edəcəyik. Əvvəlcə, rus istilasından əvvəlki xanlıq dövrünün torpaq rejimini nəzərdən keçirməyi lazım bilirik. İkinci dövr – rus çarlıq idarəsinin Azərbaycana gətirdiyi rus mədəniyyətinin (?) orijinal inikası olan təhkimçi-köləlik torpaq rejimidir. Yəni, kəndli əkib-becərdiyi torpağın sahibi olan bəyin və ağanın köləsidir, quludur. O, hüquq baxımından torpaq mülkiyyəti ilə heç bir əlaqəsi olmadığı kimi şəxsi hüquq baxımından da torpaq üzərində heç bir hüquqa sahib deyildir və işlədiyi torpağa bağlı bir quldur. Üçüncü dövr – 1918-1920-ci illər Azərbaycan istiqlalı dövrüdür. Bu dövrdə Azərbaycanda torpaq rejimi sahəsində əsaslı dəyişiklik edilməmişdir. İyirmi aylıq istiqlal dövründə torpaq rejimini həll etməyə imkan olmamışdır. Ancaq istiqlal dövründə hökumət bütün imkanları nəzərə alaraq Müsavat Partiyasının proqramında torpağın bəylərdən, ağalardan pulsuz alınaraq xəzinə torpaqları ilə birlikdə torpaqsız kəndlilərə təmənnasız verilməsini nəzərdə tutmuşdu. Azərbaycanda torpaq rejiminin dördüncü dövrü – kommunist idarəsinin gətirdiyi kolxoz və sovxoz köləlik rejimidir. Bu rejimin çar Rusiyasının köləlik rejimindən heç bir fərqi olmamışdır. Bu quruluş nəinki Rusiyada, həmçinin Azərbaycanda və başqa rus müstəmləkələrində on milyonlarla kəndlinin qanının axmasına səbəb olmuşdur. Bu barədə bütün dünya bildiyi üçün mövzu üzərində ətraflı dayanmaq istəmirik. Kolxozun üzvü olan əkinçilər istehsal etdikləri məhsulları dövlətə təhvil verirlər. Əkinçilərin yaşamaları üçün kolxoz idarəsi nə verirsə, onunla da kifayətlənirlər. Etiraz etmək haqları yoxdur, heç bir azadlığa sahib deyillər.
XANLIQ DÖVRÜNDƏ AZƏRBAYCANDA TORPAQ REJİMİ
Xanlıq dövründə şəriət torpaq rejimini Quran və onun qanunlarına uyğun olaraq təyin edirdi. Bu rejim, həzrət Məhəmməd (s.ə.v.s.)in “Torpaq ancaq onu dirildəcək kimsələrə məxsusdur” (Mən Əhyaa ərzən meyyiten nehyü lehhədəsinə) müddəasına əsaslanırdı. Türkcə, torpaq əkənindir mənasını verir. Quran torpağın Allaha məxsus olduğunu təsdiq edir. Təcrübədə, Allahı yer üzündə təmsil edən padşahlar, xanlar torpağın həqiqi sahibi olmuşdular. Nəzəri olaraq cəmiyyətin üzvü olan hər bir adam şəriət və rəsmi torpaqdan istifadə etmək hüququna malik idi. Harada olursa olsun, şəriət boş torpaqlara bizim indi qüvvədə olan qanuna görə sahibkarlıq edirdi. Bu sahiblik üçün padşahdan, xandan və imamdan izn almaq lazım olurdu. Ancaq bəzi fonda aid olmayan boş torpaqların əkilib-becərilməsi çətinlik törədirdi. Bu torpaqlara sahiblik edən şəxs üç il ərzində həmin torpağı əkib-becərməzsə, sahiblik hüququndan məhrum olunurdu. Şəhərlərdə mülkiyyət əsasnaməsinə görə bir ev və kiçik bağa malik olmaq mümkün idi. Bu daşınmaz mallar irsiyyət şəklində varisə keçirdi. Alınıb-satıla bilərdi. Xanlıq dövründə yerdə qalan torpaqlar üç növə ayrılırdı:
1 – Boş, əhalisiz torpaqlar.
2 – Məskun yerlər (torpaqlar).
3 – Sahibi olan “xalisə” torpaqlar.
Birinci növ torpaqlar meşələrdən və qeyri-məskun torpaqlardan ibarətdir. Xanların şəxsində hökumətə aid idi.
Bu yerlər xüsusi adamlara kirayə verilə bilərdi. Meşələrdən isə hər kəs istədiyi kimi istifadə edə bilərdi. Bu torpaqlara sahib olan şəxs ondan istədiyi kimi istifadə etmək hüququna malik idi. Bu torpaqlara sahiblik etmək və bu torpaqlardan xanların aldıqları vergi üsulları müxtəlif idi. Zaqatalada dövlətə, yəni xana aid olan torpaqların məhsulundan alınan verginin onda bir hissəsinə “kəşkul” deyilirdi. Bundan başqa, verginin “qismət” deyilən di-gər bir hissəsi də vardı. Xalq yaşadığı və istifadə etdiyi torpaqların sahibi sayılırdı. Camaatdan vergiləri toplamaq və yerli xalqı idarə etmək üçün xan, bəy və məliklərdən məmur təyin edirdi. Məmur məsələsini xüsusilə qeyd etməkdən məqsədimiz budur ki, bəy və ya məliyin bu idarə haqqı irsi yolla varisinə keçə bilməzdi. Bəy türk kəndlərinə, məlik isə erməni kəndlərinə təyin olunurdu. Onlar alınan vergilərdən istifadə etmək haqqına malik idilər. Bu bəylik və məlikliyin, atadan oğula və ya qardaşdan qardaşa keçdiyi də olurdu, ancaq hər dəfə xanın bunu təsdiq etməsi lazım idi.
Bəy və ya məliklərin xalqdan aldıqları vergi “avraz” adlanırdı. Bundan başqa, bəyin özünə məxsus əkin üçün ayrılan torpaqları kəndlilər iki gün ərzində işləyib, əkməli idilər. Bəylərin ev işlərini qulluqçular və xidmətçilər görürdü. “Xalisə” adlandırılan və bəylərin mülkləri kimi hüquqi məna kəsb edən boş yerlər vardı. Bəylər bu torpaqlarda hərbi əsirləri və başqa yerdən köçən mühacirləri, qaçqınları yerləşdirmək səlahiyyətinə malik idilər. “Xalisə” mülklər irsiyyət yolu ilə varisə verilirdi. Ancaq xan dəyişdiyi zaman yeni gələn xan xalisə yerlərin sahiblərini təsdiq və qəbul etməli idi. Əks halda bəyin sahiblik haqqı ləğv olunmuş sayılırdı. Bu yerləri əkib-becərən kəndlilər bəylərə verginin otuzda dörd hissəsini verirdilər. Bu səbəbdən belə yerlər mülk adlandırılırdı. Mülk olan yerlərdən başqa İrəvan və Naxçıvan xanlıqlarında torpağa sahibliyin başqa bir forması “tiyul” adlandırılırdı. Xan, özünə yaxın olan, sarayında, xanlığında xidmət edən şəxslərə tiyul bəxş edərdi. Belə torpaqları əkib-becərən kəndlilər xanın təyin etdiyi şəxslərə verginin onda bir hissəsini verirdilər. Bu vergidən tiyul sahibi ölənə qədər istifadə edirdi. Öldükdən sonra tiyul varisə deyil, xəzinəyə qalırdı. Çünki torpaq dövlətin idi, buna görə də tiyul dövlət vergisi sayılırdı. Bəzən mülkdən alınan vergi ilə tiyul bir şəxsin əlində cəmlənə bilirdi. Bəzən də tiyul irsi haqq olaraq qəbul edilirdi, nəticədə mülk şəklinə çevrilirdi. Xanlıq dövründə olan torpaq rejimi haqqında bildiklərimiz bu qədərdir. Bununla biz xanlıq və bəylik zamanı kəndlilərin vəziyyətinin, yaşayış tərzinin yaxşı olduğunu iddia etmək fikrində deyilik. Ancaq kəndli Rusiyada olduğu kimi kölə deyildi və alınıb-satıla bilməzdi. İstədiyi zaman işlədiyi torpağı tərk edib gedə bilərdi.
ÇAR RUSİYASININ İŞĞALINDAN SONRA TORPAQ REJİMİ
Çar Rusiyasının işğalından sonra Azərbaycanın torpaq rejimi bir müddət xanlıq dövründə olduğu kimi qaldı. Rus işğalına qarşı çıxmayan bəy və ağalar əllərindəki torpaqlardan istədikləri kimi istifadə etdilər. Ancaq rus istilasına qarşı çıxan bəy və ağaların torpaqları əllərindən alınıb rus idarəçiliyinə sədaqətli olan və ona xidmət edənlərə verildi. Bu vəziyyət 1841-ci il mayın 28-nə (10 iyun) qədər belə davam etdi.
Həmin tarixdə çarın fərmanı ilə torpaqlar üzərindəki idarə hüququ bəy və ağaların əlindən alınaraq onlara aylıq maaş təyin edildi. Bu tarixə qədər ölkənin idarəsi rus hərbi üsul-idarəsi şəklində davam edirdi. Buna “komendant” idarəsi deyilirdi. Zaqafqaziya ölkəsi iki vilayət və bir mahal üzrə üç idarəyə bölünmüşdü. Bu idarəçilik 1833-cü ildə çar dövlət şurası tərəfindən təsdiq edilmişdi. Beləliklə, rusların Zaqafqaziya dedikləri Cənubi Qafqaz, mərkəzi Tiflis olan gürcü torpaqları on qəzaya ayrılmışdı və birinci vilayət adlanırdı. Azərbaycanın mərkəzi Bakı, Gəncə, Şəki, Şirvan, Qarabağ, Lənkəran, Quba qəzaları ikinci vilayət adlanırdı. Mahal isə rus idarə bölgüsündə vilayət idarəsindən kiçik olub, İrəvanı, Naxçıvanı, Gümrünü və Şaragölü əhatə edirdi. Həmin ərazilərdə azərilərlə yanaşı ermənilər də yaşayırdı.
Cənubi Qafqazda rus hərbi idarəsinin məqsədini aydınlaşdırmaq üçün təkcə azəri mənbələrindən deyil, başqa mənbələrdən də istifadə edəcəyik.
1820-ci ildə Qarabağda erməni tacirləri komendant idarəsindən təngə gəldiklərini şikayət ərizəsində belə bildirirdilər: “Qa-rabağ Mehdiqulu xanın idarəsində olarkən, biz təklif və şikayətlərimizi ona bildirərdik. O, xalq arasında olan etibar və hörmətimizə görə bizimlə yaxşı rəftar edər, xahişimizi diqqətlə dinlər və ədalətli hökm verərdi. Rus komandirləri isə cahil kəndlilər ilə bizim aramızda heç bir fərq qoymur, nəinki komendantlar, hətta onların məmurları belə bizi istədikləri kimi təhqir edir, heç bir səbəb olmadan məhkəməsiz, sorğu-sualsız, yaşımıza, xidmət və sədaqətimizə baxmayaraq bədən cəzasına məruz qalırıq, yəni döyülürük”.
Baron Qan tərəfindən I Nikolaya göndərilən raportda deyilir: “Türkiyədən Rusiyaya köçmüş ermənilər, onlara verilən yurd və torpaqlardan imtina edərək öz arzularına görə yenidən Türkiyəyə gedirlər. Qaçan ermənilərin sayı o qədər çoxdur ki, onları geri qaytarmaq üçün sərhəd hərbi hissələri artırılmışdır. Əsgərlər sərhəddə pusqu quraraq bu qaçqınların qarşısını almağa çalışırdılar”. 1829-cu ildə qraf Paskeviç çara göndərdiyi raportda yazırdı: “Ədirnə müqaviləsindən sonra 90 000 erməni Anadoludan Rusiyaya köçmək qərarına gəlmişlər. Babı Ali onları bu qərardan yayındırmaq üçün katolikos Varfolomeyi Ərzuruma göndərmişdir. Katolikosun nəsihət və tövsiyələrini dinləyən ermənilər: "Əgər həzrəti İsa göydən enib bizə getməməyi tövsiyə etsə də, qulaq asmarıq”, – cavabını vermişdilər. “Xristian dövlətinin qanadı altında yaşamaq eşqi və romantizmindən…” əl çəkməmişlər. Beləliklə, bir müddətdən sonra Türkiyəyə qaçan ermənilər komendant idarəsinin zülmündən söz açırdılar. Rus tarixçisi İvanenko Azərbaycanda xanlıqlar dövründə olan mütərəqqi müsəlman vergilərindən yazır. Sonra isə kinayəli bir tərzdə komendantlarla xanlar arasındakı fərqi izah edir: “Xanlıq dövründə qadınlara bədən cəzası verilməzdi. Rus komendantları kişilərlə birlikdə qadınları da qırmancla döyürdülər”.
1829-cu ildə Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senator Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə bildirirdilər: “Yüz minlərlə xalqın hüququ, namusu və mülkü komendantların kefinə tabedir. Xanlar dövründə əsasən vergi toplananda və ya başqa mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, ictimai vəziyyət və mülahizələrə əməl olunduğu halda, komendantlar bu məsələlərdə kar və kordurlar”. Həmin senatorlar Tiflisdən o dövrdə Rusiya imperiyasının Ədliyyə naziri D.B.Daşkova göndərdikləri raportda yazırdılar: “Bu vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş, qanunsuzluq, cinayət, qərəzçilik, rəislərin özbaşınalığı hökm sürür”.
Nefedev adlı bir rus 1837-ci ildə Naxçıvandakı rus “ədalətini” belə təsvir edir: “İstibdad idarəsi yerləşən vilayətdə rus məhkəməsi öz əməlləri ilə hər cür ədalət duyğusunu təhqir edir. Bu məhkəmələr rus üsul-idarəsinə yeni keçmiş olan yerli xalqın və İranın nəzərində sanki rus idarəsini gözdən salmaq üçün qurulmuşdur” (bütün bu məlumatlar 1829-1860-cı illər arasında rus imperializminin Azərbaycanda yürütdüyü müstəmləkəçilik siyasətinə dair SSRİ Elmlər Akademiyasının 1937-ci ildə Moskva və Leninqradda nəşr etdiyi: “Kolonialnaya politika Rossiyskoqo tsarizma v Azerbaydjane” adlı arxiv materiallarından və bir də rus tarixçisi Pottonun “Utverjdenie Rossiyskoqo vladıçestva na Kavkaze” adlı əsərinin on ikinci cildindən götürülmüşdür).
Senator Kutaysov və Meçkinovun raportlarından, çar idarəsinin Qafqazda olan və ərazi idarəsinə təyin olunan Qan, baron Rozen, general Paskeviç və Vorontsov kimi yüksək məmurlardan alınan raportlardan aydın olur ki, komendantlıq idarəsi ləğv edilərək əvəzində mülki idarə yaradılmış, bir müddət bəy və ağaların əraziləri üzərində hüquqları əllərindən alınmış, yuxarıda qeyd etdiyimiz kimi onlara maaş təyin edilmişdi. Yeni yaradılan mülki idarənin əsasını RUSLAŞDIRMA siyasəti təşkil edirdi. Xanlıq dövründə azad olan kəndli bəy və ağaların zülmü aradan götürüldüyü üçün yenidən nisbi azadlıq əldə edirdi.
Çox keçmədən yeni mülki idarənin məmurları müstəmləkə vəziyyətində olan Azərbaycanda rüşvətxorluq etməyə, xalqın şikayət və ərizələrini süründürməçiliyə salmağa, komendant rejimindən miras qalmış zülm və işgəncəni bərpa etməyə başladılar. Belə vəziyyət hər bir məhkum millətin alın yazısıdır. Bunun üzərində çox dayanmaq da lazım deyil. Məsələnin canı bundan ibarətdir ki, rus ölkəsində kəndlilər təhkimçi-köləlik, quldarlıq rejiminə bağlı olduğu halda müstəmləkə olan Azərbaycanda necə ola bilərdi ki, kəndli azad olsun?..
İşğal edilən Azərbaycanda rus idarəsinin istinad edə biləcəyi, ona sədaqətlə xidmət edəcək bir sinif yaratmaq lazım idi. Bu sinif isə torpaqlar üzərindəki idarə haqları əllərindən alınmış və əvəzində maaşla təmin olunmuş bəylər və ağalar ola bilərdi.
General Paskeviç çar idarəsinin əsasını bu yolla möhkəmləndirməyi izah etdikdən sonra, Azərbaycanda bəy və ağalara mülkiyyət hüquqlarına görə torpaq ayırmaqla bir əsilzadə sinfi yaratmaq və onları rus müstəmləkəçiliyi ilə qırılmaz mənfəət telləri ilə bağlamaq lazım gəldiyini uzun bir raportla irəli sürdükdən sonra yazırdı: “Xəyanət edən əsilzadə ailəsinin, təbii olaraq, bütün hüquq və qulluqları əllərindən alınır, ancaq ailə üzvlərindən biri xəyanət hadisəsi gözləndiyini əvvəlcədən xəbər verərsə, xəyanətkar əsilzadəyə mənsub olan əmlak və ərazinin yarısına sahib olur”.
Azərbaycanda xanlıq dövründə kəndli heç bir vaxt kölə olmamışdır. Bunu sübut etmək üçün rus mənbələrindən istifadə etmək yerinə düşərdi. Senator Qan çara göndərdiyi raportda xalqın rus üsul-idarəsindən razı olmadığını bildirərək yazırdı: “Xalqın rus idarəsindən narazı qalmasına müəyyən ictimai səbəblər vardır.
Bu da bəylərin komendantlıq idarəsi və rus hakimiyyətindən istifadə edərək Gürcüstanda olduğu kimi kəndliləri təhkimçi, qul halına salmaq təşəbbüsləridir. Halbuki İslam dini belə vəziyyəti rədd edir, təhkimçilik Məhəmmədliyə ziddir”. (Yuxarıda qeyd olunan arxiv materialları 1936-cı il, səh. 307).
Azərbaycan tarixi ilə məşğul olan rus alimlərindən B. A. Paxomov “Azərbaycanda torpaqla bağlı sinif məsələsi” adlı əsərində yazır: “Azərbaycanda kəndlilər müstəsna halda şəxsən azaddırlar” (Azərbaycanı tədqiq və öyrənən cəmiyyətin bildirişi. N:1. Bakı, 1925-ci il, səh. 18)..
Tarixdə heç bir zaman Azərbaycan kəndlisi rus kəndlisi kimi heyvan sürüsü halında qırmancla bazara satılmaq üçün aparılmamış, səbəbsiz yerə öldürülməmiş, ailəsinə və namusuna təcavüz edilməmişdir. Ruslar Azərbaycanı işğal etdikdən sonra yaratdıqları komendant idarəsinə və rüşvət vasitəsilə komendantlarla əlbir olan bəylərin kəndlilərə etdikləri zülmə qarşı Azərbaycan kəndlisi saysız çıxışlar və üsyanlar etmişdir. Tarixin yaddaşında qalan üsyanlar bunlardır: 1830-cu ildə Car-Balakən üsyanı, 1831-ci ildə Talış-Lənkəran üsyanı, 1837-ci ildə Quba üsyanı, 1838-ci ildə Şəki, Şuşa üsyanı və başqaları.
TƏHKİMÇİLİK, QULDARLIQ, TORPAQ REJİMİNİN AZƏRBAYCANDA QURULMASI
Yuxarıda adları qeyd olunan senatorların və başqa məmurların öyüdləri və nəhayət, yaşamaqdan bezən Azərbaycan kəndlisinin, şəhər əhalisinin hissə-hissə baş qaldıraraq üsyan etmələri nəticəsində komendantlıq rejimi ləğv edildi, bəylərin, ağaların əllərindən torpaqları idarə etmək hüquqları alındı. Azərbaycan kəndlisi hüquq baxımından azadlıq əldə etdi. Deməli, adil idarə üsulu ilə kəndli əlində olan torpağı əkib-becərəcək və istehsal etdiyi məhsuldan təyin olunan miqdarda dövlətə vergi verəcəkdi. Ancaq belə bir ədalətli idarə şəkli rus çar imperializminin şərəfinə toxunurdu (?). Çünki, öz ana yurdu Rusiyada kəndlilər torpağa bağlı qul, kölə idilər.
Bu halda, quldarlıq, köləlik rejimini Azərbaycana da tətbiq etmək, bəylərə, ağalara torpaq mülkiyyəti sahibliyini qaytarmaq və bu sinfi ələ alıb ona arxalanaraq Azərbaycanda müstəmləkəçilik idarəsini möhkəmləndirmək, Azərbaycan kəndlisini Azərbaycan bəylərinə və ağalarına əzdirmək çar imperializmi üçün ən məqsədəuyğun idarə forması olduğu qərara alınmışdı. Bu qərarın layihəsindən və onun uzun-uzadı izahından bəhs etmək istəmirəm. Beləliklə, vaxtilə əllərindən alınan torpaqlar üzərində bəylərin və ağaların mülkiyyət sabitliyi hüquqlarının yenidən tanınması, həmin torpaqlarda çalışan kəndlilərin rus mujiki kimi bəy və ağaların qulları halına salınması haqqında 1846-cı ilin (6) dekabrında çarın fərmanı verildi. Yuxarıda qısaca bəhs edilmiş şərtlər və düşüncələr fərmanda nəzərə alınmışdı.
Bu fərmana görə, Azərbaycan rus işğalına məruz qalmazdan əvvəl bəy və ağaların idarə etdikləri xanlıq torpaqları üzərində onların mülkiyyət hüququ bərpa edildi, kəndlilər bu torpaqların sahibi olan bəy və ağalara vergi verməyə, onların ev işlərində çalışmaq üçün qadın və qızlarından xidmətçi, kişilərdən isə işçi verməyə məcbur oldular. Kəndlilər üzərində polis funksiyasını yerinə yetirmək səlahiyyəti də torpaq sahiblərinə verilirdi. Yuxarıda az da olsa qeyd olunan general Paskeviçin planı tamamilə qəbul edilmişdi. Beləliklə, bəy və ağanın bir əlinə torpaq mülkiyyəti, o biri əlinə də polis qırmancı verildi… Tanrı onların “ədalətindən” qorusun Azərbaycan kəndlisini…
Bütün bunların əvəzində çar əmr edirdi ki, bəy və ağalar yaşına, sağlamlığına baxılmadan ilk çağırışda çar ordusu sıralarında yerlərini tutmağa hazır olsunlar.
Kəndlilər əkib-becərdikləri torpağın müqabilində bəy və ağalara aşağıdakı vergiləri vermək məcburiyyətində idilər:
1 – “Mali cihət” vergisi vermək. Bu vergi məhsulun onda birindən ibarət idi. Əgər torpaq mülk sahibinin toxum və kənd təsərrüfatı texnikası ilə əkilmişsə, bu verginin miqdarı beşdə birə qalxırdı. Bağ və bostanın məhsulundan “mali cihət” vergisi üçdə bir nisbətində idi.
2 – Hər on ailə ağaya, yaxud bəyə bir kişi və hər on beş ailə bir qadın xidmətçi verməyə borclu idi.
3 – Məhsuldan verilən “mali cihət” vergisi torpaq sahibinin anbarına və ya göstərdiyi yerə məcburi olaraq əkinçilər tərəfindən daşınmalı idi.
4 – Hər əkinçi ailəsi öz heyvanı ilə ildə on səkkiz gün mülk sahibinin torpağını pulsuz əkib-becərməli, mülk sahibinin köçünü, odununu daşımalı, ev işlərinə kömək etməli və tapşırdığı başqa işləri görməli idi. Torpağa bağlı olan kəndli bu işləri görməzsə, hər bir gün üçün mülk sahibinə 20 qəpik pul ödəməli idi.
5 – “Avraz” adlandırılan və mülkədarın torpağının iki gün ərzində kənd əkinçiləri tərəfindən kollektiv surətdə əkilməsini nəzərdə tutan xanlıq dövründən qalma icbar yenə də qüvvədə idi. Kəndlilər bu məcburi işi də yerinə yetirməli idilər.
6 – “Çöpbaşı” adıyla tanınan və otlaqlara aid olan xanlıq dövründən qalma vergi kəndlilər tərəfindən yerinə yetirilir və ödənilirdi.
7 – Mülkədarın torpağında müvəqqəti olaraq yaşayan köçəri əkinçilər ailə başına dörd manat ödəməli idilər.
Mülkədar bu məcburi işlərin müqabilində on beş yaşına çatmış oğlan uşaqlarını da hesaba almaqla, əkinçi ailəsinin sayına görə beş desyatindən az olmamaq şərti ilə torpaq verməyə borclu idi.
Azərbaycan kəndlisini dilənçi vəziyyətinə salmış belə vəziyyət illərcə davam etmişdir.
II Aleksandr Rusiyada 1861-ci ildə köləlik rejimini ləğv edən fərman vermişsə də, bu fərman Azərbaycana aid edilməmiş və yuxarıda qısaca da olsa təsvir olunan ağır torpaq rejimi Azərbaycanda 1870-ci ilə qədər davam etmişdir. 1870-ci il 8 (21) noyabr fərmanına əsasən Azərbaycan kəndlisi də azad sayılaraq quldarlıq torpaq rejimindən qurtulmuşdur. İstər Rusiyada, istərsə də Azərbaycanda kəndlilər quldarlıq rejimindən azad edilmiş olsa da, əslində yenə iqtisadi baxımdan bəy və ağalara möhtac olduq-larından, onların istismarından və zülmündən özlərini qurtara bilməmişdilər. 1870-ci il fərmanına əsasən kəndli yenə də mülkədara vergi olaraq məhsul və pul verməli idi. Torpaq münasibəti vergiləri qalırdı. Vergi məhsulun 6%-i miqdarına endirilmişdi. Torpaq mülkiyyəti yenə bəy və ağanın öhdəsinə verilmişdi, kəndli təkbaşına əkib-becərdiyi bir parça torpaq üzərində mülkiyyət haqqına malik deyildi. Halbuki, köləlik rejiminin ləğv edilməsinə aid olan fərmanda bu hüquq rus və gürcü kəndlilərinə aid edilmiş, Azərbaycan kəndlisindən əsirgənmişdi. Çünki torpaq mülkiyyətinə sahib olan kəndli maddi və mənəvi cəhətdən də inkişaf edə bilərdi, öz müqəddəratının sahibi olardı, mədəni və siyasi hüquqlar əldə etməyə də çalışardı. Bu vəziyyət rus çarlıq rejimini təmin etmirdi. 1870-ci il fərmanı Azərbaycan kəndlisinə heç bir yenilik gətirməmişdi. Torpağa möhtac olan kəndli “mali cihət” vergisini və başqa icbari işləri uzun illər yerinə yetirməyə məcbur olmuşdur. “Mali cihət” əkinçilərin həyatının mülkədarlardan asılılığı, əkinçilərin başqa ehtiyac və yaşayış məsələləri çar rejimi şəraitində, 1905-ci il inqilabında da həll olunmamış qaldı və beləcə ucqar rayon olduğundan Azərbaycanda kəndlilər etinasızlıq üzündən əzilən sinif vəziyyətində qaldılar. Bu ədalətsiz vergilər kəndlilər arasında XIX əsrin birinci yarısında bir çox çıxışlara və üsyanlara səbəb oldu. Bu dövrdə yuxarıda göstərilən bir çox vergilər, yəni “mali cihət”, “darğalıq” kimi vergilər pulla əvəz olundu. Məhsul “töycüsü” vergisinin bir qismi olduğu kimi qalırdı. Bunlar “sursat”, “cütbaşı”, “tağarbaşı” kimi vergilərdi. Biyar, yəni məcburi əmək kəskin xarakter almışdı (Azərbaycan tarixi, II cild, səh. 79).
Ancaq 1912-ci il 25 dekabr və 1913-cü il 2 yanvarda necə oldusa, bu ərazinin əkinçiləri yada düşdü və bir fərmanla əkinçilərin bəy və ağalardan hər cür asılılığı ləğv edildi, artıq kəndlilər mülkədarlardan pulla özləri üçün mülk, torpaq satın ala bilərdilər. Bu yolla alınan torpaqlar şəxsi mülkiyyət kimi qanuniləşdirilirdi. Torpağı satın ala bilməyən kəndlilər mülk sahiblərindən icarə yolu ilə və başqa vasitələrlə torpaq əldə edərək əkib-becərirdilər. Torpağı olmayan kəndli formal cəhətdən azad olsa da, iqtisadi vəziyyət, dolanışıq və məişət nöqteyi-nəzərindən yenə də bəy və ağaya möhtac idi. Demək, torpaqsız kəndli mülkədarın hüquqi deyil, iqtisadi əsirinə çevrilmişdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?