Электронная библиотека » Ида Йессен » » онлайн чтение - страница 1

Текст книги "Doktor Baqqenin əhvalatı"


  • Текст добавлен: 29 ноября 2022, 15:00


Автор книги: Ида Йессен


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Ida Jessen
Doktor Baqqenin əhvalatı

Tərcüməçi haqqında

Anar Hafiz oğlu Rəhimov 1984-cü ildə anadan olub. Bakıda 45 saylı orta məktəbi bitirib. Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsində bakalavr pilləsi üzrə təhsil alıb, həmin universitetdə Dilşünaslıq üzrə magistr təhsilini tamamlayıb. Daha sonra Norveçin Oslo Universitetində Skandinaviyaşünaslıq ixtisası üzrə təhsilini davam etdirib. 2013-cü ilin sentyabrından ADU-da müəllim və baş müəllim vəzifələrində çalışıb. Avropanın müxtəlif ölkələrində dəfələrlə beynəlxalq konfrans və seminarlarda iştirak edib. Bədii tərcümə fəaliyyətinə 2016-cı ildən başlayıb. İndiyədək Skandinaviya dillərindən 6 tərcüməsi çap olunub. Daq Sulstadın “Həya və Dəyər”, Roy Yakobsenin “Görünməzlər” və müasir Danimarka ədəbiyyatının nümayəndəsi İda Yessenin “Yeni Çağlar” əsərini misal olaraq göstərmək olar. Anar Rəhimov hal-hazırda ADU-da dissertantura pilləsi üzrə təhsil alır.

Tanımadığım bir kişidən sorğu almışam. Sorğu məktub şəklində gəlmişdi və mənim səhər süfrəmdə fincanımın yanında qoyulmuşdu. Məktub “Danimarka həkimlər birliyindən” gəlmişdi. Yeni işə girmiş redaktor idi, həkim dəyişikliyi ilə bağlı antalogiya yazmaq istəyirdi. Yazmışdı ki, antalogiyasının adı “Həkimin zamanından” adlanmalı idi.

O yazırdı: “ Bizlər, Əskulapın işçiləri yazı yazmaq işində heç də səriştəli deyilik. Bizim haqqımızda belə deyilir: Bizim roman yazmağa ehtiyacımız yoxdur, bizlər romanı yaşayırıq”.

O ümid edirdi ki, mən onun dəvətini qəbul edəcəm. O, ümid edirdi ki, mən heç olmasa cəhd edəcəm. “Nə qədər konkret və şəxsi olsa, bir o qədər yaxşı olacaq”. O yazırdı.

Bu barədə arvadımla söhbətləşdim. -Öz-özümə götür-qoy etdim və yox dedim. Mən qərarımı arvadıma bildirdim.

– Niyə görə axı?– o soruşdu.

– Özüm haqqımda heç nə yazmaq istəmirəm,– cavab verdim.

– Niyə görə axı?– o təkrar soruşdu.

On dörd gün bundan qabaq idi. Dünən axşam iş otağımda oturmuşdum, stolumun üzərinə dörd qutu bağlama qoyulmuşdu. Qutular qara kağıza bükülmüşdülər. Bükmək üçün istifadə edilən kağızın keyfiyyətinə baxanda bilinirdi ki, Veyledəki kitabxanadan alınıb gətirilib. Axşam süfrəsində o, bağlamalar haqqında heç söz salmadı, heç mən də danışmadım. İndi düşünürəm: “Hə, niyə də yox? Camaatın bilməli olmadığı şeyləri buraxa, yazmaya bilərəm. Amma , onun gətirdiyi həmin kitablara yazmayacam”. Kitab bağlamalarını stolun üstündə bir kənara itələdim, indi əlimə keçən kağız parçalarının arxasına yazacam. Sanki gizli məlumat yazırmışam kimi. Heç kəsi yazdıqlarımın sayəsində ovundura bilməyəcəm. Uzanan soyuq əlləri görürəm.

Yox. Əslində yüngül məlumat və anaqramla kifayətlənmək istəyirəm, bu barədə başımı çox ağrıtmayacam. Kitabı açıb bağlayıram, hələ ki tərəddüd içindəyəm. Fərredə qanı zəhərlənən vardı, ordan gəlirdim. O qədər qoca idi ki, iynə vurmağa damarını da tapa bilmirdim. Qonaq otağındakı divardan müqəddəs zeytun ağacı asılmışdı. Onun arvadı Sören Kuldbyerqgildə olmuşdur və orada əlini yağlayıb ağartmaq üçün qurğuşun almışdır. Sanki təndirə girib çıxmış kimi qızarmışdı və indi qızdırmadan yanırdı, kişi arvadına görə əməlli-başlı panikaya düşdü. Onu aşağı endirib mətbəx stolunun üzərində əməliyyat etməyi götür– qoy edirdim, amma buna ehtiyac olmadı. Bir əlimdə paltom, o biri əlim isə qapının dəstəyində onları çıxıb gedəcəyimlə hədələdim.” Sizə iki gün vaxt verirəm mən” dedim. “Sonra siz kölgələr vadisində sərgərdan gəzib dolaşacaqsınız. Məndən heç bir gül çələngi ala bilməyəcəksiniz, buna əmin ola bilərsiz, ola bilsin Sören Küldbyreqdən bir dənə ala biləsiz”.

Bu kömək etdi.

İndi onun sol əlində iki barmağı qıc olmuşdu, baş barmaq və şəhadət barmağında, hə bir də əməlli tibbi fakturası da vardı ödənməli. O nəzakətlə bundan yayınmışdı. Gecədən keçib artıq, heç kəs bilmir ki, mən gecəni oyaq qalacam. Ağlı başında olan bir oğlan kimi yatağıma girib yatmalıyam. Çarpayımda hüzur və sakitlik var. Gündəlik həyatımda mən sakitlik, rahatlıq nədir bilmirəm. Pasientlərim, telefon zəngləri, fasiləsiz narahatedici suallar, sorğular, hadisələr, arvadım və təmizləyici qadın. Mən evə qayıdanda gördüm ki, nərdivan çardaqdan aşağı endirilib, içində yay pərdələri olan qutular isə çıxardıb üzə qoyulub. Hər şey dərin təmizləmə işlərinə işarə idi.

Həkim kabineti.

Kələ-kötür həyət.

Pis ayaqqabılar.

Bacarıqlı oğlanam ha… artıq iki səhifə yazmışam.

“Gündəlik həyatından danış”– cavan redaktorun sorğusunda belə yazılmışdı. Həkimin gündəlik iş həyatını təşkil edən fəaliyyətindən yaz.

Gündəlik həyatımda nə baş verirdi ki?

Yaz təmizlik işlərinin ikinci günündəyik. Eqil Madsen dünən də, bu gün də burada olmuşdur və mebelləri çölə daşımağa kömək etmişdir. Bu arada o gözləmə otağındakı vedrəyə möhkəm bir zərbə endirir və öz qəlyanını vedrədən tökülənlərlə doldurur. O düşüncəli insandır, nəsə köməyi dəyə bilərsə heç zaman onu əsirgəməz. Onun yoldaşı mənim yoldaşıma və qızıma yır-yığış işlərini etməyə yardım edir. Mən kabinetimdə pasientlərimlə məşğul olduğum vaxtda bağ tərəfdən qapının döyülməsini eşitdim. Onlar araba ilə gəlmişdilər, arabaya yastı, düz çubuqlar düzmüşdülər, növbəti dəfə onlara göz yetirəndə gördüm ki, ştativləri qaldırlar, bu ştativləri arvadım istəmişdi, eşitmişdim ki, çarpayılara görə lazımdır. Təmizlik sənayesinə aid olan aqreqatların da sayı-hesabı olmur, idarəolunmaz dərəcədə çox kimyəvi maddələrdən gedir söhbət. Elə təkcə fırçaların və xalça-palaz təmizləyicilərin adlarını çəkmək kifayət edər. Arvadımın yanaqları qızarıb, başına hörümçək torundan qorunmaq üçün yaylıq bağlayıb ciddi-cəhdlə işə girişib. Səhər yeməyi çubuq üzərində yeməkdən ibarətdir. Arzular-istəklər vaxtı deyil, nə də düz -əməlli yemək hazırlamağa imkan var. Boş qonaq otaqları və pərdəsiz pəncərələr… mətbəxdə böyük qazanlar qaynayır, ətrafa yağ iyi yayılır. İylər bir-birinə qarışıb.

Bir vaxtlar şəxsi gigiyena haqqında təlimat kitabının hazırlanması məni yaman məşğul edirdi, bu mənim köhnə ideyalarımdan biridir. Bu ideyanın axıra kimi arxasınca düşməyə cəsarətim çatsaydı, dərindən maraqlana bilərdim, bu məsələ bu günlərdə çox aktualdır. Köhnə mühazirə materiallarıma nəzər salmaqla başlaya bilərdim. Yadımda qaldığı qədər mühazirə materiallarım mənasız kağız-kuğuz deyildi. Hətta deyərdim ki, mühazirə mətnlərimdən 2-3-nü birbaşa, dəyişiklik etmədən götürüb kitaba da salmaq olardı.

Əşşi, qalsın. Narahat deyiləm bu barədə. Evə çatan kimi həkim otağıma keçirəm. Çünki iş otağı da bu günlər ağır qablaşdırılmaya səhnədir. Döşəmədə qalaq-qalaq kitablar yatır. Arvadım məndən öz şeylərimi özümün qablaşdırıb-qablaşdırmayacağımı soruşur. O məndən öz rəflərimi özümün boşaltmağımı xahiş edir və vaxtım olanda bunu etmək üçün bir boş qutu da gətirib qoyub. Çarpayının yanındakı dolabımda olan kiçik şeylər də yığışdırılmalıdır, şüşə güldanlar da. Kardiovaskulyar paketlərim və kiçik açılıb-bağlanan lövhələrim də harasa yoxa çıxmışdı artıq.

Ah, bu təmizlik işləri…

Arvadım elə həyəcanlıdır, təmizlik və qablaşdırma işlərinə elə girişib ki, gözəl başındakı hörümçək toruna belə məhəl qoymadan öz işinə davam edir. Mən bunu ona demiş olsaydım, belə bir cavab alacaqdım:

– Bəlkə ev işlərini görmək keçir könlündən?

Mən hər zaman nəsə deyəndə, o mənə tamam başqa cavab verir. Buna görə də heç nə demirəm.

Ona qida verən əli qapan it misalı… Buna görə də heç nə demirəm.

Natəmizliyə nifrət edirəm, natəmizlikdən natəmizlik törəyər. Hər yer zir– zibil, evin içinə tüpürürlər, natəmizlik baş alıb gedir, ev ayda bir dəfə də düz-əməlli təmizlənmir, mən belə evlər çox görmüşəm. Belə natəmiz, bakteriyalarla zəngin evlərdə çox ölənlər də görmüşəm.

Həkimin günü necə başlayır? Həkimin günü səslə başlayır. Telefonun zənginin səsi ilə ya da qapının döyülməsi ilə. Həkim üçün vaxt dövridir, nə gündüz anlayışı var nə də gecə, hər dəqiqə telefon da zəng çala bilər qapı da döyülə bilər. Biz nəyin harada başladığını bilmirik. Ona fikrimizi yönəldəndə artıq başlanğıc olub keçir.

At-arabanın səsi, hətta yatağımda olanda belə yolların hansı vəziyyətdə olması haqqında məlumat verirlər. Havanı da hətta bu səslərdən müəyyənləşdirmək olar, yollardan gələn səslərə görə demək olurdu: dumandırmı, yağışdırmı, boz tutqun havadırmı yoxsa ki, təmiz havadır. Hətta səsi dinləməklə səmanın buludsuz , ulduzların isə sayrışan olduğunu da müəyyənləşdirmək olur.

Heç vaxt nə yatmağıma, nə də yuxudan durmaq vaxtıma fikir verən adam olmamışam. Uşaq olanda yatmağa getmək istəmirdim. Sadəcə istəmirdim, vəssalam. Bu barədə düşünmək belə içimi təzadlı depressiya ilə doldurur, gör nə qədər vaxt keçib üstündən, təxminən 60 ildən də artıq! Elə adicə yatmağa göndərəndə məni artıq ayaqlarımdan daş asılırdı, sanki sürünə– sürünə gedirdim çarpayıma doğru, nəfəsim də çatmırdı. Axı onlar niyə mənə imkan vermirdilər ki, elə oturduğum stulda lampa yanılı vəziyyətdə, əlimdə də kitab yatam? Niyə axı hər gecə mən min bir əzab– əziyyətlə həmin çarpayıda uzanıb özümü yatmağa məcbur etməliyəm? Hələ xəstəliyə görə yatağa məhkum olduğum günlər… Dişimin şişməsi, qabaqulaq xəstəliyi (svinka), qızılca… Bunların hamısı məndə olub.

Yuxudan durmağın öhdəsindən gəlmək lazımdır. Heç vaxt əynimi geyinmək, soyunmaqdan, paltar dəyişməkdən xoşum gəlməyib.

Hər səhər yorğunluq öz tikanlarını mənə batırardı, indi xəstələrim kabinetimdə məni gözləyirlər, daha sonra isə məni yollar gözləyir. Yuxu mərhəmətin, şəfqətin qaranlığında bir yerdir Amma yollar işıq deməkdir, hansısa işıqlı bir məkana çıxaracaq vasitə deməkdir, yadımdadır bunlar. Elə dəqiq yadımdadır ki…


Bir neçə gündür ki, dəlisov əhval-ruhiyyədəyəm. Amma bu yay ən incə və mülayim yaylardandır, bu gün isə, bu bazar günü hətta arvadımın ad günüdür, biz bu münasibətlə piknik təşkil etmişdik. Qəhvə stolu ətrafında söhbətlər, müzakirələr arvadım üçün uyğun bir ssenari deyildi, amma piknik, hə təmiz havada piknik onun tam ürəyincə idi. Beləcə, hər il mayın iyirmisi işləmirəm, boş oluram. Bu il öncə arvadım Dolerup Bakkerdən ( Danimarkada, Viborq şəhərinin cənubunda, gözəl təbiət mənzərəli yer. A R) danışırdı, amma sonra hər halda Rörbak Sö ( Danimarkada, Mitidlandda ləziz yeməkləri ilə məhşur olan tarixi restoran A R) oldu qərarı. Pikniklər və gəzintilər təşkil edən şirkətdən bir maşın sifariş verib köhnə kələ-kötür yolla bir az irəliləyib, qədim dəyirmanı keçib, əsas magistral yola tərəf şütüməyə başladıq. Həmin gün yollarda sıxlıq yox idi, ara-sıra bir maşın gözə dəyirdi. Çox qədim landşaft idi. Biz avarları olan qayıq tapdıq, kiçik adacıqların arası ilə avar çəkib xarabalıqlar arasında bir divarın yanına gəlib qayığı yedəkləyəndən sonra açıq havada bir yer seçib oturduq. Arvadım vafli, yağlı kökə və bir piroq hazırlamışdı.

– Torağaylar ölkəsi,– o dedi.

Bir az yuxarı hissədə ağıldan buraxılan inəklər gözə göründü.

– Torağaylar əsirlər, inəklər isə yumrulanır,– arvadım dedi. “Düşünürəm ki, biz hələ səninlə belə gözəl ad günü keçirməmişik”.

O, hər il bu sözləri deyir.

Yox, niyə, bir-iki daha yaxşı ad günü xatırlaya bilirəm. Mənim qarnımda ağrılar vardı, bu səbəbdən də mən Rörbak Söya gəlməyi seçdim, üstəlik buradan evə qayıtmaq da Dollerup Bakerdən daha asan və rahatdır. Ad günü hədiyəsi kimi ona parıldayan dana dərisindən bir çanta, bənövşəyi bahar paltosu və bir şüşə “Kölnervasser” hədiyə etdim. İnanmıram ki, ondan istifadə etsin, o heç zaman parfümdən istifadə etmir. Sadəcə, ona belə bir hədiyə vermək istədim.

Suyu isti saxlayan rezin bir qab da hədiyə etdim ona. Arvadımın bir xüsusiyyəti var: o hər zaman üşüyür.


1904-cü il, yanvarın dördündə mən arvadımı lap birinci dəfə görmüşdüm.

Hava soyuq idi, külək isə güclü. Bir yığın məktubla stansiyada dayanmışdım. Stansiyanın damından yerə qar ağ tüstü təki düşürdü. Mən içəridə, poçtalyonun yanında olanda qatar gəldi, rəqs edən qar dənələrinin, çovğunun, stansiyadakı yeşiklərin , çantaların , şiddətli soyuğun arasında platformada hərəkətsiz dayanan bir insan fiquru diqqətimi çəkdi. Poçtalyon ayağa qalxıb pəncərədən çölə nəzər saldı. O da, həmin insan fiqurunu görmüşdü.

– Bu, xalis nərmənazik adamdır ki,– o dedi.

– Haqlısan,– mən cavab verdim.

Biz xəyallar aləminə düşdük.

– Hə, bildim. Tireqord orta məktəbinə yeni təyin olunan həmin müəllimə olmalıdır bu,– o dedi.

– O məktəb indi açılır axı,– Sivertsen davam etdi.

– Səncə, o məktəbdəkiləri idarə edə biləcək ki?– mən soruşdum.

Onun cavabı həddən artıq nəzakətli olsa da, cavabı ilə sanki mənə bir yumruq da ilişdirdi. Üstündən illər keçməsinə baxmayaraq hələ də onun gerizəkalı cavabı yadıma düşəndə əsəbimdən özümə yer tapa bilmirəm.

Bu aralar qrip yaman yayılıb. Deyəsən, orada mən də yoluxdum xəstəliyə. Rahatsızam… rahatsızlığımı gizlətmək məcburiyyətindəyəm, amma bununla rahatsızlığım heç də azalmır. Buna baxmayaraq, mən gecəyarı oyanmalıyam, əkizləri çevirib onları iyrənc dünyaya atmalıyam, daha sonra köməyimə ehtiyacı olan başqa bir insanın bu iyrənc dünyaya tutunmasına yardım etməliyəm. Özüm isə heç yaxşı deyiləm, sağlamlığım getdikcə pisləşir, gecələr dəhşətli dərəcədə pis yatıram. Stolda oturub nəsə bir iş görəndə, ölüm şəhadətnaməsi ya hər hansı hesabat, məruzə yazanda elə bil ki, boğuluram.

Çöldə yazdır…


Gecə yarıdır, pişiklərin bələkdəki körpələr kimi qışqırıb ağladığı zamandır. Mənim isə bədənim od tutub yanır. Mən təslim oluram və üzü üstə yerimə uzanıram. Özümə bir-iki saatlıq istirahət verirəm. Səndən heç yuxu da istəmirəm, uca Allahım! Yalnız bir-iki saat bədənim dincəlsin, yetər!

Durub stakan götürmək istəyirəm özümə. Dolabda çoxlu stəkanımız var. Onlara heç kəs toxunmur. Gedib açıb baxmaq istəyirəm görüm orada nə var. Portvin şərabı, albalı şərabı, hə, bir də, bəxtim gətirsə bir şüşə rom da tapa bilərəm orada.


“Stəkanı axıra kimi iç və ölüm hələ gözləyər,

əzrayıl qılıncını çəksə də, o hələ gözləyər.

Sən, ey insan, səbrli ol, axıra kimi iç

qoy getsin ölüm, bəlkə gələn il gələr”. ( Ölüm haqda, əzrayıl haqda İsveç musiqisi)

Bu mahnını atam oxuyanda eşitmişdim. Özü də bir-iki dəfə yox. Atam bu mahnını oxuyanda mən lap uşaq deyildim, bir az böyümüşdüm.

Qrip…

Faşist qripi…

Yağış milçəkləri yağışlı ayaqları ilə yağmurlu havada uçuşurdular.


İnsanlar danışa bilərdilər ki mən ölümə qarşı özümü peyvənd etdirmiş bir insanam. Bu fikir məndə erkən yaşlarımdan formalaşıb. Mən general Dr. Haynrix Adolf von Bardelbenin rəhbərliyi altında Berlində, Şaritendə könüllü işləyəndə orada səhər çağı bir yığın difteriyaya yoluxmuş azyaşlı uşaq görmüşdüm.

Ölmək mənim heç vecimə də deyil. Amma öləcəmsə, qəfil ölmək yaxşıdır. Arıqlamayım, heydən düşməyim, gözlərim çuxurlaşmasın, elə birdən gedim o dünyaya. Həm də göz yaşı-zad da istəmirəm ölümümdən sonra.

Yox, düzünü demək gərəkirsə, mən ölmək arzusunda deyiləm.

Heç də axmaq biri deyiləm, bir gün öləcəyimi yaxşı bilirəm, amma buna inanmıram nəsə…


Yavaş-yavaş qocalıram…

Bir tərəfdən də bu ağır formalı qrip. 3-4 həftədir ki heç özümdə deyiləm. Sanki artıq cəhənəmdəymişəm kimi səbrsiz və tündməcaz olmuşam, arvadımın hiss edirəm ki, mənə yazığı gəlir, o məni yaxına buraxmır amma. Amma mən heç ondan uzaq qalmaq istəmirəm və hər dəfə o mənə sığal çəkəndə xəstə pişik kimi sığallanıram. Və mənim bu xoşallanan ruhumda yaşlı adamın üfunəti, pis qoxusu yaşayır. Cavanlardan vəhşi heyvanların iyi gəlir, yaşlılardan isə dərinliyin dərin bir quruluq qoxusu gəlir. Dişlərimi poçt vasitəsiylə evə sifariş etidyim diş ipləri ilə təmizləyirəm-“ Pears Soap”. Yataq otağındakı dolabın gözündə bir böyük qalaq belə ipim var. Ütülənən paltarlarım olanda onları lavanda suyu ilə ütüləyirəm. Xoş ətirli lavanda suyunda onları nəmləndirib sonra ütüləyirəm. Bu iy mənim düşüncələrimi əks istiqamətə yönəldir. Bu iy mənə uşaqlığımı və atamı xatırladır. Atamın aptekindən də hər zaman lavanda iyi gələrdi, hə bir də qurudulmuş apelsin və mixək iyi də yadımdadır.

Atamın yanına getməyi çox istərdim. Hansı uşaq istəməz ki, bunu? Həmin yer əslində qaranlıq idi. Uzun stol qoyulmuş, uzunsov bir məkan, stolun yeri demək olar ki, tam məşğul etmişdi. Divarda isə rəflər və siyirtmələr gözə dəyirdi. Məhlullar, çini qablar, ağ xalatlı asistentlər və komissarlar, tərəzi, tərəzi daşları. Çəki daşları kasaların içərisində qoyulmuşdu. Asistenti sarı rəngli təbaşir iyi verən tozu ağzı bağlı gətirib kağız qutuya əndərdi. Balaca təmiz qablarda mayelər də var idi. Şüşə qablarda arsenik, opium, morfin, və qabların dibində əyri-üyrü forma almış digər məhlullar gözə dəyirdi.

Heç də çətin uşaq olmamışam. Atama son dərəcə valeh olaraq böyümüşəm. Onun mənə tərəf baxmağına ehtiyac yox idi, var olmağı bəs edirdi.

Hələ o vaxtın gerçəkliyi ilə o çox ciddi adam idi. Axşam yeməyi zamanı masanın başında oturardı, amma bu zaman bizlər ayaq üstündə dayanardıq, o yeməyini yeyib qurtarandan, çəngəl-bıçağını stolun üstünə qoyandan sonra isə haqqımız nə idi stolda oturaq, bu zaman biz də durmalı idik. Hissləri, münasibəti soyutmaq istəmirdik. Elə olurdu doymurdum, bu zaman gizlincə mətbəxə keçib bir pay da yemək yalvarırdım qızdan. O isə mənə böyük bir mərhəmətlə bir qab da çəkib verərdi. Balaca, çəlimsiz, arıq, nazik barmaqlara sahib uşaq idim. Atamın olduğu, onun toxunduğu hər şeyi əzizləmək, oxşamaq arzusunda olan barmaqlar idi bu barmaqlar. Amma mən bunu etmirdim. O yataq otağında olanda belə onun zəhmli baxışlarından qaçmağa, gizlənməyə çalışardım. Yataq otağındakı stulun başına keçirilmiş pencək gördümsə, bilirdim ki, kişi evdədi. Arada utancaqlığımı və qorxumu aşaraq onun darağını və saç yağını əlimə götürmədən daha yaxından baxardım. Heç nəyə toxunmazdım. Onun köynəyinin yaxalığı nişastalanırdı. Heç zaman ona toxunmazdım.

Atamın pulu var idi. Atasından ona yaxşı pul qalmışdı. Ona Sönderborqda aptek almağa imkan verən pullar babamın pulları idi. Uşaqlığımı səkkiz yaşıma kimi orada keçirtdim. Atam öz atasından qalan pulları vasitəsilə özünü uzaqlaşdırdı. Atam haqqında xatirələrim var. Onun arıq , cılız vaxtları da, kök vaxtları da yaxşı yadımdadır. Ondan spirt və tütün iyi gəlirdi, gülərkən boğazının qırışlarından onu tanımaq olurdu. Aptek toz olardı çox zaman, günəş şüaları altında bu tozlar qızıl kimi parıldayardı. Atamdan laqeydliyin iyi də gəlirdi. Onu heç zaman qapıdan çölə çıxan görməzdim. Onun iş otağında hər zaman tüstü sanki iş masasını üzərindən keçib, pəncərədən çardağa qalxan körpü rolunu oynayardı. Əlində qəlyan sümürərdi, tüpürəndə isə məhz bu məqsəd üçün qoyduğu vedrəyə tüpürərdi. Gəmi kapitanları onun üçün İngiltərədə ticarət edib, heyvanlarını satıb geri qayıdandan sonra otaqda oturub qızıl pulları sayardılar. Babam həm brendi-çaxır həm də heyvandarlıq alveri ilə məşğul olurdu. Heyvanlar satışa çıxarılmazdan qabaq pəyədə bordağa qoyulub yaxşıca bəslənilər, “tıx” deyənə kimi yedizdirilərdilər. Babam məni qucağına götürər, onun qızıl sikkələrindən kilsə, qüllə və ev tikməyimə icazə verərdi. Biz birlikdə şəhər də tikərdik. Sonra o tikdiklərimizi əli ilə söküb-dağıdar və qəhqəhə çəkib gülərdi. Baban məni qucağında otuzdurub mənə cürbəcür fokuslar göstərərdi: qızıl sikkələr gah mənim qulaqlarımdan, gah da bunumdan peyda olardılar. Əlimi qızıl sikkəyə uzatdım. “Onu istəyirsən hə, balaca balam”? – babam soruşdu– “hə, bax buna! Gör nə qəşəndir”– o davam etdi– “bilirsən nə qədər pul edir bu qızıl sikkə? Bir gün sənin də bu qədər pulun olacaq, amma gərək ilk növbədə sən puldan düzgün istifadə etmək qaydalarını öyrənəsən. Ağıllı olmalısan pulla davranışda”!

Onların xallı bir iti vardı, adı cənab Benjamin idi, məni əyləndirmək üçün onu da gətirib otuzdurmuşdular stolun başında. Beləcə, cənab Benjamini oturtdular, qarşısına çəngəl-bıçaq qoydular boğazına isə ağ salfet bağladılar. Qarşısına– stolun üzərinə yemək də gətirib qoydular. Babam itə sol pəncəsini bıçağın, sağ pəncəsini isə çəngəlin üzərinə qoymağı öyrətmişdi. Daha sonra isə o başını boşqabına doğru əyib yeməyə girişirdi. Babamgildə çox qalırdım, uzun müddətli orada olsam da atam mənimlə olmurdu. Onun öz valideynləri vardı. Mən yeddi yaşına çatana kimi, atam da, anam da öldü və bir neçə ilin içərisində bütün pullar havaya sovruldu.


Bir neçə kəlmə də arvadımla tanış olduğum dövrlər haqqında.

Məktəbdəki qadın haqqında öz axmaq düşüncələrimi unuda bilmirəm, bu səbəbdən də hələ də bu fikirlər mənimlədir. Düzdür hər gün yox, amma arabir bu baş verir. Sakitçilik olanda bəzən onu gözümün qabağında canlandırıram. O qar içində olan platformada dayanıb, dik qamətli, yaraşıqlı, adi bir insan. O məni maraqlandırmağa başlamışdı. Yox, heç də insanların bu gün danışdığı formada deyildi bu maraq: O bununla maraqlanır, bu onunla maraqlanır və s. Onda da hamı belə başa düşür ki, söhbət burada sevgidən gedir. Yox, məni ona çəkən daha metodik bir yol idi.

Aylarla onu görmədim, amma onun haqqında eşidirdim. Fröken Höy şad idi, sağlam idi, uşaqları ilə nəğmələr oxuyurdu və onun çox gözəl səsi vardı.O Tireqord otelində qadınlar üçün nəzərdə tutulan gimanstika kurslarına rəhbərlik etməklə bərabər axşamlar valideynlərə dərslər keçirdi. Bundan əlavə, o məruzələrlə də çıxış edirdi.

Payıza doğru Tireqorda xəstəyə dəyməyə gəlmişdim, orada xəstəmdən eşitdim ki, məktəbin yeni müəlliməsi dolabın harada dayanmalı olduğunu yaxşı bilir. Adamlar bu bölgədə qeybət edəndə, bu heç də qeybət kimi səslənmir. Başqa informatorlar arasında məlumat qırıqlığı yaşanırdı. Bir şey haqqında tələsik, yarımçıq bir məlumat və dərhal da yeni informasiyaya keçid.

– Hə, demək şəhərə bacarıqlı, savadlı bir müəllimə gəlib? – mən soruşdum.

– Hə, amma ola bilsin az bacarıqlı biridir.

Daha heçnə danışmadıq. Amma bir neçə ay sonra eşitdim ki, adamlar onun metodlarından heç də razı görünmürlər. Onlar uşaqlarının konfermasiya edilməsini istəyirdilər. Belə dedilər. Mən dedim: “Nə olub ki, niyə onların uşaqları konfermasiya oluna bilmirlər”?

– O əzbərdən öyrənmək istəmir və onlar psalmları oxumaq məcbutiyyətində deyillər.

Sanki çox ağıllı bir müəllimə kimi görsənir. Ondan yəqin ki mən çox razı qalacam.

– Dərs vaxtı isə onlar stolların ətrafında dövrə vururlar, bir sıra ilə otururlar.

– Necə stolların arasında dövrə vururlar?– mən təkrar soruşdum.

– Hə, onlar elə deyirlər.

– Onlar, kim?

– İnsanlar.

– Bələdiyyə məktəbindəki Nielsen deyil təsadüfən bunu sənə deyən?

– O hər zaman yaxşı və möhkəm bir müəllim olub.

– O misionerdi. Uşaqlara ana vətən haqqında informasiyadan başqa heç nə öyrətmir.

– Bunu qadın müəllimə də edə bilər də.

Mən xəstəmin heç nə ifadə etməyən üzünə baxdım. O bununla nə demək istəyirdi?

Özümdə onu xilas etməyə bir məcburiyyət hiss etdim. Mən ona yazdım ki, onun yaratdığı mühazirə cəmiyyəti haqqında eşitmişəm və çox istərdim ki, gəlim bir mühazirə ilə də mən çıxış edim, təbii ki bu fikir ona ağlabatan ideya kimi gəlirsə.

Bir neçə gün sonra cavab gəldi. “ Deməliyəm ki, elə mən özüm də sizə yazmağa hazırlaşırdım”. “Onda mən gəlib məktəbdə gigiyena qaydaları haqqında mühazirə deyərəm.” Mən cavab məktubunda belə yazdım. O yazdı ki, bu çox gözəl bir fikir olardı.

Mühazirəmdən bir gün öncə ona yazdım ki, yaxşı olar ki, mən gəlməzdən öncə sinif otağını yaxşıca qızdırsınlar. Əməlli– başlı isti olsun istəyirdim otaq. Düzdür, bu məktubuma cavab yazmadı, amma ondan xahiş etdiyim kimi davrandığını biz Nörreqade tərəfə qalxanda bildim. Yolüstü yalnız bir binanın bütün pəncərələrindən tüstü çıxırdı. İçərindən gələn iydən bilinirdi ki, tüstü məhz oradan gəlir.

Peçin yanıb közərən, heç də sağlam olmayan bürküsündə neçə uşağın isinməyə çalışdığını, baş ağrısından və ürəkbulanmadan şikayət etdiyini görə bilmədim. Ağarmış bənizlər, arıq simalar, gündəlik burun qanaxmaları, və çox bərbad ruh halında olan uşaqlar var idi qarşımda. Mən bu ərazidəki bütün solğun bənizli şagirdlərin siyahısını hazırlamışdım. Qızlar üçün sevindirici məqam ondan ibarətdir ki, xəstəhal və solğun bənizli oğanların sayı qızlarınkından bir qədər daha artıqdır. Ola bilsin, heç kəs bu məqamı ciddiyə almayıb. Düzdür, uşaqlar solğun və xəstəhal görsənirdilər, amma onlar axı hələ yatağa düşməyiblər. Hələ.

Həmin gün axşam orada oturanların hər birinin çox ağır günü olmuşdur. Onlar çox ağır yüklər qaldırmış və çətin işlər görmüşdülər. Onlar üzlərini ovuşdurur, səndələyib yıxılmaq ərəfəsində olanda isə özlərini düzəldirdilər.

Mən isə saymağımda idim.

“Amma sizə deməliyəm ki, əgər diqqət yetirməsəniz ağciyər xəstəliklərinə, isteriyaya və yaxud digər yaralara yo luxmaq şansınız çox yüksəkdir. Bənizi ağarmış şagirdlər əvvala təmiz havaya çıxmalıdırlar, daha sonra isə onlar daha rahat həzm olunan yeməklər yeməlidirlər. Xəmir xörəkləri və kartofdan bişmiş ağır yeməklər həzm olunmur və bağırsaqlarda qalırlar və bu orqanizm üçün zəhər mənbəyinə çevrilir. Daha yaxşı olar ki, yüngül yulaf yarması və süd məhsullarına üstünlük verəsiniz. Amma sizlər bunu bilə– bilə əməl etmirsiniz.

Op… Op… Op....”– mən qışqıraraq sinif otağının bağlı pəncərələrinə doğru getdim və onları bir– bir açmağa başladım. “Qalxın ayağa” mən dedim və gödəkçəmin düymələrini açdım. Elə burada, partaların arasındaca beş dəqiqə gimnastika ilə məşğul olacağıq. “Baxın mən bəzən evdən çıxanda evimin havası burada olan qədər ağır olduqda mən çıxanda pəncərələrimi açıq saxlayıb gedirəm. Təmiz havanın olması otaqda çox önəmlidir”.

Gödəkçəmi bir kənara qoydum. “ Metodiki gimnasitika” – mən qışqırdım– beləliklə,döş qəfəsi çox miqdarda oksigen qəbul etdiyi üçün genişlənəcək”.

Gimnastikanı etdirəndən sonra məktəbdə işim bitmiş sayılırdı və mən evə getmək üçün məktəbdən çıxdım. Peter Sillesthuved bayırda dayanıb məni gözləyirdi.

– Səncə onlar niyə gülürdülər ki?-mMən soruşdum.

Fröken Höy biraz sıxılaraq təəcüb dolu nəzərlərlə mənə baxırdı.

– Hər şey o dərəcədə gözlənilməz və qəribə oldu ki,– odedi. “Sanki kəskin bir keçid oldu onlar üçün belə vəziyyət. Onlar həkimi bu vəziyyətdə görməyə öyrəşməyiblər”.

– Onlar heç inanmırdılar ki, mən belə şeylər edə bilərəm, – mən dedim.

O üzünü çevirdi, mənə elə gəldi ki, o gülürdü.


Yazın sonlarına doğru ona bir də yazdım. Məktəbdə uşaqları peyvənd etməliydim və bunun üçün özümə münasib bir tarix təklif edirdim. Bu tarix ona uyğun gəlirmi? Bəli, o cavab verdi ki, bu tarix ona uyğun gəlir.

Məktəbə gözəl bir yaz günündə gəldim. Uşaqlar və müəllimləri çölə çıxmışdılar, orada onlar günəş şüaları altında alçak skamyalarda oturub dərs keçirdilər.

– Ola bilər bu biraz qeyri-adidir– o dedi. “Amma, məncə, bu günlər ki günəşin parlaq olduğu son günlərdir, gərək istifadə edək”.

– Bu ki yaxşıdır, çox yaxşıdır,– mən dedim.

Bu dəfə onu yadda saxladığımdan daha arıq idi və yorğun görsənirdi. Üzündə çillər də əmələ gəlmişdi. O dedi ki, skamyaları çölə çıxarıb düzməyə ona valideynlərdən biri kömək edib.

Qızların bəziləri mənə keçəlləşmiş məktəb həyətinin bir küncündə yenicə əkilmiş və üstündən də sulanmış turpları və gülləri göstərdi. Mən bu müəllimədən ruh alırdım, insan nə dərəcədə öz işinin uğurlu olmasına inana bilər. İnamı hədsiz çox idi.

– Bir hissədir hə?– mən yanımdakı qızlardan soruşdum.

Deyəsən nə dediyimi heç başa düşmədilər.

Digər tərəfdən bu cavan müəllimənin bir çox şeydə xeyli uğura nail olduğunu demək olardı. Həyatımda hələ belə sağlam sinif otağı görməmişdim. Günəşin şüaları böyük şəfaf pəncərədən keçib sinif otağına dolurdu. Döşəmə təravətli gül-çiçək iyi verirdi, saxsı qablar isə kitab rəfi funksiyasını yerinə yetirirdi.

Şən kitablar? Təbii ki bu zarafat deyildi. Düşündüm ki buradakı uşaqlar da başqa uşaqlara oxşayır, yastısinə və siçovulabənzər, saçları sapsarı, dikburun, arıq, gözlərinin altında isə çox zaman qaraltı ya göyərti. Qiymətləndirməmə görə onlardan demək olar ki yarısında bağırsaq qurdu olmalı idi.

Vaksinasiyanı bitirəndən sonra bir saat daha məktəbdə qalmaq üçün icazə alıb keçib oturdum arxa sıraya qoyulmuş alçaq skamyalardan birində. Oturub riyaziyyat dərsinin gedişatını izləyirdim. Dərs elə rahat, elə tez keçdi ki, heç xəbərim olmadı nə zaman başladı, nə zaman bitdi, müəllimə isə necə təsəvvür edirdimsə elə də bacarıqlı və savadlı idi.

Dərs bitəndən sonra o məndən qəhvə istəyib– istəmədiyimi soruşdu. Uzun müddət harasa itdi. Sinif otağını gəzişir, pəncərədən çölə baxır,rəflərə qoyulmuş kitabları vərəqləyirdim. Otağın hər üç pəncərəsi məktəb həyətinə açılırdı, oradan isə çöllüyə mənzərə açılırdı, baxanda Peter Stillesthuvedin kirli mehmanxananın həyətində oturub qəhvə içərərək məni gözlədiyini gördüm. Nəhayət, əlində məcməyi içəri girəndə qalxıb ona kömək etmədim, olduğum yerdə qalıb döşəmədən altdan yuxarı onu nəzərlərimlə süzdüm. Əlindəki məcməyini partanın üzərinə qoydu.

– Burada bir parça piroq da var. Onu qəlyanaltı üçün hazırlamışdım, indi yəqin bir az quru olar.

“Möhtəşəmdir”!

Dərs deyəndə də diqqətim onda idi, o zaman onda hər şeyin qaydasında olduğunu sanmışdım, amma indi, şagirdlər çıxıb evə gedəndən sonra o solğun bənizini gizlədə bilmirdi. Gəlib oturdu, azca titrəyən əli ilə mənə qəhvə süzdü.

– Hərşey qaydasındadır?– mən soruşdum.

– Hər şey qaydasında, yavaş-yavaş gedir,– o cavab verdi.

– Onlar sizi itirdilər,– mən dedim. “Bu gün qusmadınız ki”?

Elə həmin dəqiqə o qapını açıb çölə çıxdı. Bəzi qorxulu səslər eşitdim, daha sonra onun mənzilinin giriş qapısı yenidən çırpıldı.

Geri qayıdanda onun üzündə su var idi. Alnına yapışmış kiçik telləri yaş olmuşdu, qaşları da islanmışdı.

– Bağışlayın məni. Birdən halım pisləşdi.

– Eşidə bilirdim səsləri,– mən cavab verdim.

Hələ ki, elə bir ziyarətçim olmamışdı ki, məndən hamiləlikdən qurtulmağa yardım istəyəydi . Bəlkə də ona görə ki, onlar mənim bu işə necə reaksiya verəcəyimi bilirdilər. Bəlkə də başqa harasa gedərlər. Amma mən bilirəm onlarla orada nə baş verəcək, onların orada evlilikləri olmadan övladları dünyaya gələcək. Bu elə bir şeydir ki nə varlıya baxır nə kasıba, nə fahişəyə baxır nə müəlliməyə. Asta-asta ölüm kimi gəlir, amma öldürmür. Mən düşüncələrimi sona çatdıra bilmədim. Yox, heç də bu fikirləri özümlə evə aparıb əziyyətə qatlaşmadım. Heç də seçim qarşısında deyildim.

Məsələ belə idi ki, əgər üstümdə həmin anda onun barmağına taxmağa üzüyüm olsaydı heç bir saniyə də tərəddüd, götür-qoy etmədən həmin üzüyü onun barmağına taxıb ona evlilik təklif edərdim. Amma nə etməli həmin dəqiqə üstümdə üzük yox idi, haradan ağlıma gəlsin ki belə olacaq? Məktəbə gəlib onun günün şəfəqləri altında oturan vəziyyətdə görənə kimi belə bir şey ağlıma gəlmirdi. Nəğmə oxuyarkən bütün sinif boyu səsi yayılanadək, uşaqların onun əlinin altında necə yaşadığını görənədək, mənə qəhvə gətirənədək, qəhvə içərək bu söhbəti biz başladanadək belə bir fikir heç ağlımın ucundan da keçmirdi.


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации