Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 2

Текст книги "Almas İldırım xatirələrdə"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Коллектив авторов


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Şeirlərimin birində “günah” edib “Türküstan” kəlməsini istifadə etmişdim. Buna qarşı üsyan edərək: “Almasın “Türküstan” kəlməsi altında nələr düşündüyü bizə bəlli deyil. Fəqət, indi “Türküstan” adlanan bir yer yoxdur” deyə yazdınız. Buna qarşı da son və qəti sözümü söyləməyib susdum. Çünki “susmaq” da başqa cür fəryaddır. Lakin “Türküstan deyilən bir yer yoxdur” səfsətənizə qarşı mən deyil, nankorcasına tanımaq istəmədiyiniz Türk tarixinin üsyan edəcəyini hər halda bilməmiş deyilsiniz. Siz bəzi rus bolşevik alimlərinin belə “Türküstan” deyə yazdıqlarından utanmadınızsa, heç olmasa, Sovet dövründə çap olunmuş Sovetlərin xəritəsində “Türküstan” adı altında qeyd edilən bir ölkənin hüdudlarına baxıb utanmalıydınız!

“Almas İldırım, Orta Asiyada “Leninin milli siyasəti” nəticəsində vücuda gəlmiş milli cümhuriyyətləri görmür” deyə, söylədiklərinizə qarşı heç bir cavabım ola bilməzdi. Çünki mən Türküstanda olarkən bu “milli cümhuriyyətləri” görmədim və zənn edirəm ki, o mənfur “milli siyasət”in ortaya qoyduğu “milli” cümhuriyyətlər görünməz şeylər cinsindəndir. Türklüyün ana vətənini parçalayıb loxma-loxma udmaq üçün aparılan bu ayrı-ayrı “milli” cümhuriyyətləri ancaq və ancaq bolşeviklər görə bilir. Mən isə bu “milli” cümhuriyyətlərin yerində məzlum və məhkum müstəmləkələrdən başqa bir şey görmədim və bu kimi məhkum müstəmləkələrdən Azərbaycanda doğuldum, Dağıstanda da sürgün həyatı yaşadım.

Bu qədər… Daha sonra:

Məni Cavadın şagirdi, cavadçı, müsavatçı deyə ittiham etdiniz. Rus nökəri Mustafa Quliyev də vaxtilə mənə “Müsavatçılara aşiqdir” deyirdi. Rusun quyruğu olan Əkrəm Cənabın da “Cavadı sevən və onun məfkurəsini tərənnüm edən belə ağızlara bolşevik yumruğu vurulmalıdır” deyə mənə hücum etdiyi də gərək ki, sizlərə məlum olsun…

Fəqət, bunu da bilməliydiniz ki, mən ölkədə olan zaman heç vaxt Müsavat firqəsinə mənsub olmadığım kimi, heç vaxt da Müsavat şairi dediyiniz Cavaddan belə bir öyüd də almamışdım. Məni müsavatçı və cavadçı edən vücuda gətirdiyiniz şəraitdir. Lakin bu, sizlərin həmişə istifadə etdiyiniz üsuldur. Müsavat firqəsinə mənsub olanları təhqir və söyüşlərlə ləkələyir, hər hansı bir milli hərəkatla da bildiyiniz dillə danışırsınız. Əcəba, vaxtilə sizə satılmış Xanbudaqov, Axundov və Həbib Cəbiyevlər də Cavaddan, yaxud Müsavatdanmı öyüd almışdılar? Siz az qala rejiminizə qarşı olanları da müsavatçı kimi qınayacaqsınız. Halbuki, nə baş vermişdi? Kommunist Xanbudaqov Azərbaycan üçün “Bura Türk ölkəsidir” demişdi, kommunist Ruhulla Axundov Azərbaycana “meymunlar cümhuriyyəti”dir deyən bir rusa qarşı çıxmışdı, Həbib Cəbiyev isə Azərbaycanı rəzilcəsinə təhqir edən rus müstəmləkəçisinə şillə vurmuşdu. Və digər kommunist və komsomol olan azərbaycanlılardan kimlər, nələr, nələr ediblər. Hər halda siz də əmin idiniz ki, onların heç biri müsavatçı olmadığı kimi cavadçı da deyildilər. Mənə görə, onların sizə qarşı üsyan bayrağı qaldıraraq, təbii olaraq milli yola, milli mücadiləyə sövq edən ən mühüm amil, kommunistlərin Azərbaycan və başqa əsarətdə olan ölkələrdə yaratdıqları yolsuzluqlar, qanlar, zülümlər, yalanlar və tətbiq etdikləri istismar və aparılan assimiliyasiya siyasəti olub. Bunu siz də inkar etmirdiniz, siz də bilirdiniz ki, işçiləri xilas etmək adı altında yalan vədlərlə bolşeviklərin Azərbaycan, Türküstan və bu kimi əsir ölkələrdə irəli sürdükləri “Lenin milli siyasəti”nin nəticəsi olaraq ortaya çıxan bu milli mücadilə yalnız və yalnız məbəd deyə tapındığınız Moskvaya qarşı son və qəti bir savaşdır. Azərbaycanda, Dağıstanda və Türküstanda olduğum vaxtlarda yaxından tanıyıb ünsiyyət qurduğum bir çox Türk kommunist və komsomolçuların bu milli mücadiləni tanıdıqlarına görə, adlarını və sevgilərini xatirəmdə yaşadıram. Sizlər isə “Leninin milli siyasəti” kimi yalan şüarlarla müstəmləkəyə çevrilmiş vətəniniz üçün məsləkdaşlarınız olan onlar qədər də ola bilmədiniz!..

Sonra da belə yazırdınız:

“Almas Türküstanı çox sevir, çünki burada rahatlıq tapmışdı. Azərbaycanda, Dağıstanda ona bu rahatlığı verməmişdilər, ona görə də istədiyini yazır…”

Necə olur ki, bilmirsiniz, kommunist mətbuatında hər hansı bir şair, yazıçı istədiyini yaza bilməz. Kommunist yazıçılar hakim rus kommunist firqəsinin istək və tələblərini, milli mücadilə cəbhəsinə mənsub olan yazıçılar da hər zaman olduğu kimi yurdunun, millətinin, xalqının dilək və istəklərini yazırlar. Mən də bu sonuncuların etdiklərini etdim. Açıq yazmasam da, “Amudəryanın aşıb-daşmasını, dağların dilə gəlməsini” istədim. Vətənimə və millətimə olan yanğı və gizli çağırışlarımı siz də anladığınız üçün çox məmnun oldum “dostum”. Sizə qarşı yalançı olmayıb qəti təklifinizə, kommunist senzuralı bülletenlər vasitəsilə yox, həqiqi, milli bir mətbuat vasitəsilə cavab verdiyimə görə nə qədər məmnun olduğumu bir biləydiniz. Bu da sizə söyləyəcəyim son sözüm.

Azərbaycanlı Almas İldırım”

“Kurtuluş” dərgisi, 12-ci say, 1935

BAKI XATİRƏLƏRİ – ƏDƏBİYYAT CƏMİYYƏTİNDƏ

“Sizdən proletar şairi çıxmaz. Gözləriniz həyatda daim gözəllik və eşq ilahəsi axtarmaqdadır. Siz zift və mazut içərisinə girə və orada işləyənlərin duyğu və düşüncələrini ifadə edə bilməzsiniz. Siz ancaq burjua sinfinə aid bir ədəbiyyat sahəsində çalışırsınız!…” – deyə cəmiyyətin katibi Süleyman Rüstəm yenə də gənc şairləri töhmətləməyə başlamışdı.

Onsuz da bu, bir adət idi. Yuxarıdan yeni bir əmr gəlincə, bizim bu Süleyman bu kimi müqəddimələrlə tez-tələsik işə başlayardı. Bu dəfə də eyni klassik metodla başlamış, “ciddi” bir görkəm almışdı: “Ona görə də sizin bu gün Ədəbiyyat Cəmiyyəti üzvləri arasında qalmanızın heç də faydası yoxdur. Bu, nə firqənin, nə də hökumətin işinə yarayır.

Dostum N: Yenə nə olub, məgər?

Süleyman: Niyə görə soruşursan? Onu sən məndən daha yaxşı bilirsən. Hanı, bir fəhlə klubunda oxumaq üçün proletar məfkurəli yazılarınız varmı? Bu gecə mədəndə, işçilərin qarşısında nə oxuyacaqsınız?

– Yenə zakaz məsələsidir.

Mən: Təbii, bir şey tapıb, oxuyarıq.

Süleyman Rüstəm (mənə): Səni bilirəm. İzah etməyə lüzum yoxdur. Ya “Gürcü qızı”nı oxuyacaqsan, ya “Dağlar”ı, onlar da olmasa, “Ay ilə Günəş”i qırıldadacaqsan… Hey, proletar şairi, hey. Hələ ötən gün “Maarif evi”ndəki tədbirdə oxuduğun şeirin mənası nə idi? Hamınızın qafası dəyirman daşında üyüdülməlidir!…

N: Ya, şair qafası dəyirman daşını əzərsə?

Mən: Yox, canım, onları boş ver, yenisini yazdım, onu oxuyaram.

Süleyman: Hansıdır? Təbii ki, mən görməsəm, hər yerdə oxuya bilməzsən. Əvvəlcə, cəmiyyətdən keçməlidir. Yoxsa, hər yazılan şeir məclislərdə oxunmaz.

Mən: Təbii ki, hamımız onsuz da elə edirik… Budur, baxa bilərsən.

Süleyman: Oxu, görüm.

Mən: Sərlövhəsi “Düşmənə”dir.

Süleyman (tez sözümü kəsərək): Hansı düşmənə?… Bax, görürsənmi?… Siyasi yanlışlıq… Düşmən olduğu kimi yazılmalıdır.

Mən: Əzizim, bir dayan. Şeirin mövzusundan anlaşılacaq.

Süleyman: Yox.Yox… Şeirin sərlövhəsi əsasdır. Düşmənin kimlər olduğu yazılmalıdır… Düşmən kim?…

Mən: Bəlli ki, düşmənimiz birdir. Ona qarşı yazılıb.

Süleyman: Kim, kapitalizmmi, imperialistlərmi?… Bax, o yazılmalıdır.

Mən (artıq onun israr edəcəyini bildiyim üçün) “Yaxşı” dedim və şeiri oxumağa başladım.

Yenə qanlarla dolmuş afaqın

Canavar gözlərində kin parlar.

İti qaynaqlı pəncəndə

Dedilər pək çox ağlayanlar var.

Süleyman: Belə, belə… Sərlövhəsini “Kapitalizmə”, yaxud da “Qərbə xitab” qoymalısan.

Mən:

Ey qızıl qan, ölüm saçan qüvvət,

Nə rəzil, kirli şöhrətin vardır;

Varlığından usandı həp xilqət,

Hakimin qanlı diplomatlardır.

Süleyman: Dayan,dayan… Orası bir qədər anlaşılmır. Şübhəlidir, birinci misranı dəyiş.

Mən: Necə olsun?

O – (düşündü…düşündü…) : Bunu belə elə: “Ey qara üzlü, vəhşi ifritə…”

Mən:Yaxşı, bu da sən deyən olsun.

Qəlbimdə isə “xainlər özlərindən şübhə edərlər, qan və ölüm saçan qüvvətin özləri olduğunu yəqin ki düşündü” dedim.

Süleyman: Nə düşündün, olmadımı?

Mən (bilaixtiyar): Bəli, oldu, oldu… Fəqət qafiyəsi düz gəlmədi…

O: Zərəri yoxdur. Belə bir vaxtda qafiyəyə baxmazlar. Hələ o “diplomatlar” yerində də “hakimin qan içən krallardır…” yaz.

Mən: Bu da yazıldı, sonra?

Süleyman: Sonrasını oxu.

Mən:

O rəzillər, o kinli cəlladlar,

Hökm edər duyğusuzca hər yerdə.

Qopur ölkələrdə fəryadlar,

Nerdədir vicdan, ədalətin nerdə?…

Süleyman: Dayan, dayan, burda lap korladın. “O rəzilləri” poz, “o kralları” yaz!… Daha sonra harada hökm etdiklərini göstər.

– Harada?

– Misal üçün, müstəmləkələrdən birini oraya sal.

– Hansı müstəmləkələrdən? Müstəmləkə çoxdur…

– Hindistan, Misir, Əlcəzair, Ərəbistan, Çin… Hansı gəlirsə, misra qoş.

– Bunların heç biri gəlmir, yazdığım misra uymur, doğru çıxmaz.

– Niyə? Uydur, çıxsın da…

– Niyəmi? Yazdığım şeir əruz vəznindədir. Ona görə də oraya ölçüyə uyğun müəyyən kəlmələr salınmalıdır.

O düşündü, düşündü və nəhayət: Belə olacaq… “Hökm edər, Fasda, Çində hər yerdə…”

Mən: Bu da belə oldu… hmmm… baxaq şeirin daha harası söküləcək.

“Varlığın həp dəmirlə, daşlarla

Parçalanmış da, qanlı yaşlarla.

Nə deyim, ah, o gözlərin batsın.

Səni düşmən, fələklər ağlatsın!”

Süleyman: Burada dayan. “Düşməni” qarala, yerinə “Ey, Qərb” yaz. Belə olsa, düşmən məfhumu anlaşılar.

Mən: Bu da oldu.

Yox, yox, əsla, fələklər, ağlatmaz,

Azacıq gözlə, sən də, sən də bir az.

Səni yalnız bir ağladan olacaq.

Bəlli bir gün başında qan qopacaq.

Süleyman: Yox, yox, sonu heç yaramadı. Haradadır qayə, haradadır məqsəd?

– Nə məqsəd?… Zülmü yıxacaq yenə bir qan fırtınası deyilmi?

– Qan, amma Qərbi kimlər yıxacaq? O qüvvəti göstərməli… Bir cahan inqilabı.

– Eee, indi mən bu “cahan inqilabı”nı bu kiçik misraya necə sığışdırım?

– Bax, elə ona görə sizə deyirəm ki, sizdən proletar şairi çıxmaz. Yox, belə bitməsi məqsədə uyğun deyil. Sonunda dünya inqilabını yaradacaq qüvvətlərdən, yəni kommunizmdən, sosializm inqilabı, qızıl bayraq məfhumlarından birini yerləşdir.

– Demək, sonunda “inqilab” yaratmalıdır.

– Bəli, bəli, yoxsa, nə oxuya bilərsən, nə də nəşr edilər.

Süleyman, nəhayət, sonuncu misranı belə elədi:

“O da yalnız, yalnız qızıl, qızıl bayraq!…”

Mən:

– Hə, deməli, yaratdıq. İndi bu mənzuməni oxumaq olarmı?

– Bəli, bəli, həm də bu gecə gedəcəyik, mədəndəki tədbirdə oxuyacaqsınız. Başqalarının nəyi var, görək. N, sən nə oxuyacaqsan?

N: Mən də gedəcəyəm ki?

Süleyman: Bəli, sən, Almas, bir də R. Üç adam getsə, bəsdir. Üç də rus, üç də erməni, kafidir.

R: Mənim yazdığım bir şey yoxdur!…

Süleyman: Allah bəlanızı versin…

“Kurtuluş” dərgisi, 18-ci say, 1936

P.S. Almas İldırımın 2004-cü ildə “Öndər” nəşriyyatında çap olunmuş “Seçilmiş əsərlər”ində bu şeir Süleyman Rüstəmin redaktəsində olduğu kimi verilib, amma 2007-ci ildə “Avrasiya Press”də çap olunmuş “Boğulmayan bir səs” adlı kitabda isə orijinallıq daha çox qorunub, yəni şeirin ilkin variantına yaxın forma çap olunub.

MƏNƏ BİR NEÇƏ ŞEİR İTHAF ETMİŞDİ

Humay Həsənzadə

Əməkdar müəllim

Keşməkeşli günlərin yadigarı Almas İldırım haqqında xatirələrim

1928-1929-cu illərdə böyük şairimiz Mirzə Ələkbər Sabir adına dövlət kitabxanasında oxucular tərəfindən “Kitab Dostları Cəmiyyəti” təşkil edilmişdi. Yeni təşkil edilmiş Cəmiyyətin işində Süleyman Rüstəm, Seyid Hüseyn Əfəndi, Hüseyn Natiq, Zərbəli Nafiz, Məmməd Rahim, Müşfiq, Şəmsəddin Abbasov, Almas İldırım və başqa şair və yazıçılar fəaliyyət göstərirdi. Cəmiyyət üzvləri tərəfindən təşkil edilmiş ədəbi mühakimələrdə, yeni çıxan kitabların təbliğində, ədəbi-bədii gecələrdə, bir sıra əsərlərin müzakirəsində yazıçı və şairlər yaxından iştirak edirdilər. “Kitab Dostları Cəmiyyəti” üzvləri tərəfindən təşkil olunan müsamirələr, bədii gecələr o vaxt maarif sahəsində yüksək fəaliyyət göstərən keçmiş Maarif Evində təşkil olunurdu. Onu da qeyd edim ki, onda Maarif Evinin kitabxanasında işləyən yazıçı Mirmehdi Seyidzadə bizə yaxından kömək edirdi.

Həmin vaxtlarda mən “Gənc Qızıl Qələmlər” İttifaqının fəal üzvlərindən olan şair Almas İldırımla yaxından tanış oldum. Ortaboylu, sadə geyimli, astayerişli şair öz şeirlərini ardıcıl olaraq Cəmiyyətin üzvlərinə oxuyardı. Hətta bir neçə qıza şeir də ithaf etmişdi.

Almas çox vaxt şair Məmməd Rahimlə qoşa gəzərdi. Onun iti qələmindən çıxan lirik şeirləri gənclərin diqqətini cəlb edirdi.

Parlaq gələcəyə və səadətə qəlbən inanan şair Şərq üçün yazdığı “Yarın” şeirində sabaha, gələcəyə, həqiqi azadlığa olan inamını ürək çırpıntısı ilə təsvir edirdi:

Xəzan pəncəsində saralan güllər,

Şübhəsiz, şənlənib güləcək yarın.

Həsrətlə çırpınan xəstə könüllər

Pək dadlı nəşələr sürəcək yarın.

Qırılacaq kirli, dəmir qəfəslər,

Daha gəlməyəcək o yanıq səslər,

Qaranlıqlardakı inləyən kəslər

Yaşlı gözlərini siləcək yarın.

Şərqə hökm edərkən qabarlı əllər

Xonçalar verəcək soluq əməllər,

Bir şənlik görməyən o ıssız ellər

Səadət nə imiş biləcək yarın.

Nəriman Nərimanovun ölümündən kədərlənən şair ona ithaf etdiyi şeirində öz inamını bir daha nümayiş etdirərək deyir:

Önümüzü kəsən dərəmi, dağmı?…

Uçurumlar bizi qorxudacaqmı?…

Ətrafımız olsa, zalımlar dolu

Yenə izləyirik getdiyin yolu.

Almas İldırım öz vətənini, xalqını sevən istedadlı lirik bir şair idi. O vaxtlar Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti sıralarında bir çox münaqişə və mübahisələr gedirdi. Bir çox şair və yazıçılara “Cığırdaşlar”, “Xırda burjua yazıçısı” kimi adlar verilirdi. Belə tənqidlərə məruz qalan gənc şair Bakıdan Dağıstana işləməyə getdi. Orada “Dağıstan füqərası” qəzetində fəaliyyət göstərib bir sıra poema və şeirlər yazmaqla fəaliyyətini davam etdirir. Yenidən Bakıya qayıdan Almasla mən Akademiyanın Kommunist küçəsində yerləşən Cəmiyyətin kiçik salonunda görüşdüm. O gün Cəfər Cabbarlının “Sevil” əsərinin müzakirəsi keçirilirdi. O, mənə Dağıstanda yazdığı şeirlərini oxudu. Almas İldırım o illərdə mənə bir neçə şeir ithaf etmişdi. Davam edən çəkişmələr onu yenidən Vətəndən uzaqlaşdırdı. Türkmənistanın mərkəzi Aşqabad şəhərinə gedib, orada Azərbaycan dilində çıxan “Zəhmət” adlı qəzetdə ədəbi işçi kimi çalışıb yaradıcılığını davam etdirir. Bu illərdə ailə qurur. Lakin burada da rahatlıq tapmır. Öz yerini tuta bilməyən şair ailəsi ilə birlikdə İrana köçür. Oradan da Türkiyəyə mühacirət edir. 1933-cü ildə ailə vəziyyətim ilə əlaqədar mən Aşqabada getdim. Orada dərs deməklə yanaşı “Zəhmət” qəzetəsində Almas İldırımın yerinə ədəbi işçi kimi fəaliyyətə başladım. Mən onu həmişə xəyalımda canlandırıb taleyi ilə maraqlanmışam. Çox sevinirəm ki, aşkarlıq Almas İldırımı öz xalqına, öz Vətəninə qaytardı. Qərib, nisgilli şairin ruhu şad olsun deyə. Onun ədəbi yaradıcılığı dərindən öyrənilib, xalqına çatdırılsın.

16/VI/1989

ABDULLA ŞAİQLƏ DAHA ÇOX ÜNSİYYƏTDƏ OLARDI

Abbasqulu Abdullayev (Nafi)

Şair, əməkdar müəllim

Mən Abdullayev Abbasqulu Almas İldırımla 1919-1924-cü illərdə Bakının “Sadovıy”, indiki “Çkalov” küçəsində Azərbaycan KP Mərkəzi Komitəsinin indiki binasının üst tərəfində bir mərtəbəli binada yerləşən “İttihad” – “Birlik” məktəbində oxumuşuq. Bu məktəbin maddi təminatı İran dövlətinin hesabına olduğu kimi sənədləri də fars dilində aparılsa da, dərslər isə Azərbaycan dilində keçirilirdi. O dövrün məktəbləri I dərəcəlilər V sinfə qədər, orta məktəblər isə IX sinfə qədər idi.

1925-ci ildə “İttihad” məktəbini bitirib Nikolayevski – Kommunist küçəsində yerləşən Abdulla Şaiq adına məktəbə daxil olduq.

Binanın girəcəyinin sol tərəfindəki I-II mərtəbəsində “Rabfak – Raboçıy Fakültet” – Fəhlə fakültəsi yerləşirdi. Girəcəyin sol tərəfinin birinci mərtəbəsində texnikum, üst mərtəbələrdə isə pedaqoji institut və bağça müəlliməsi məktəbi yerləşirdi.

Bir sözlə, burada müəllim hazırlanırdı. Oxuduğumuz dövrdə dərs deyən müəllimləri xatırlamamaq olmaz. Texnikumun tarix müəllimi Qafur Əfəndiyev Qantəmir, dil və ədəbiyyat müəllimlərimiz Seyid Hüseyn, Abdulla Şaiq, riyaziyyat müəllimi Ziya Qiyasbəyli, Kərim Qazıyev, coğrafiya müəllimi Qafur Rəşad, kimya Xudaverdi Kələntərli, biologiya Rəhimov Əbdülhəsən idi.

Texnikumun şagirdləri arasındakı mehribanlıq, səmimiyyət və dostluqdan danışmalı olsaq, Almas İldırımın adını xüsusilə qeyd etmək lazımdır. Ağır təbiətli, təmkinli, təvazökar bir şəxsiyyət idi. Müəllimlərdən Seyid Hüseyn və Abdulla Şaiqlə daha çox ünsiyyətdə olardı. Bu da yəqin ki, yaradıcılığında lazım imiş.

1927-ci ilin yaz tətili ərəfəsində, 15/VI/1927 tarixində, xatirə albomuna öz şeirlərindən birini yazdı. Şeir əslində 1925-ci ildə yazılıb. Tətildən sonra məktəbə davam etmədi. Soraqlaşdıq, dedilər Türkiyəyə qaçıb. Sonralar isə məlum oldu ki, sürgün edilib.

1928-ci ildə binanın bu hissəsi boşaldıldı. Nəriman Nərimanov adına texnikum açıldı…

1928-ci ildə pedaqoji texnikumu bitirib öz doğma kəndimə (Buzovnaya) gəlib 1988-ci ilə kimi müxtəlif məktəblərdə işlədim. 1989-cu illərin əvvəllərində televizorda Fransada yaşayan bir azərbaycanlının çıxışından məlum oldu ki, Türkiyədə olub. Almas İldırımın bir şair kimi tanınmasından danışanda mən kövrəldim və çox sevindim.

Dövri mətbuat səhifələrində (“Odlar Yurdu” və “Azərbaycan gəncləri”) Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin müdiri Maarif Teymurovun Almas İldırım haqqındakı məqalələrini oxuduqdan sonra daha da kövrəldim, həyəcanlandım. Fikirləşdim ki, bəlkə, Almas İldırım haqqında monoqrafiya və şeirlər toplusu tərtib etmək istəyir, məndə olan öz dəsti-xətti ilə yazmış olduğu şeiri də ona verim. Axtarıb tapdım, zəngləşdik və görüşdük. Məndə olan 1925-ci ildə çəkilmiş yekə foto şəkili də Maarif Teymurova müvəqqəti istifadə üçün verdim. Həmin fotoşəkildə yuxarıda I cərgədə soldan 5-ci bizim nakam şairimiz Yıldırım Almaszadənin əksidir.

19/X/1989

Bakı, Buzovna

AİLƏMİ SƏNƏ ƏMANƏT EDİB GEDƏCƏYƏM

Ramiz Arda

Müəllim həmkarı

Bir mücadilə adamı

1907-ci ilin bəxtiqara Bakısı onun üçün ömürboyu göz yaşı tökəcək, diyar-diyar dolaşıb həsrətin atəşli ağrısının közünü bağrında daşıyacaq minlərlə, yüz minlərlə bədbəxt övladından birinə beşik olurdu.

Həmin gün özünü azğın bir rüzgarın qoynuna buraxanXəzər dağ kimi dalğası ilə şəhəri vururdu. Qara buludlardan stəkandan tökülən su kimi yağış yağır, şimşək çaxır, ildırım düşürdü. Təbiətin bütün gücləri yerdən-göydən, sağdan-soldan Bakıya hücum edirdi. Fəqət ötən əsrlərin ortasında təhlükələrə qarşı dik durmağı bacaran şəhər bu dəfə də əvvəlkilərdə olduğu kimi təhlükələrə geniş köksü ilə sinə gərirdi.

Əsil qanlı bir ana ilə atanın övladı olan Almas İldırım belə bir gündə doğuldu. Valideynləri oğullarına ad qoymaq üçün çətinlik çəkmədilər, həmin vəzifəni artıq təbiət özü görmüşdü: İldırım.

Biz ona Almas İldırım deyirik, halbuki, soyadı Almaszadə, adı isə İldırımdır.

Atası Xəzərdə bir neçə yük gəmisinin sahibi idi. Ona görə də Almas İldırımın uşaqlığı Xəzər dənizinin dalğaları arasında çırpınmaqla keçdi. Bəlkə, şairin guruldayan səsi ilk gücünü Xəzərdən alıb, ona görə də susmasını bilmir.

Gimnaziyanı bitirərək 1927-ci ildə Şərq Ədəbiyyatı Fakültəsinə daxil olur. Bir neçə aydan sonra mövcud ideologiyanın tələblərinə uyğun olmadıqları üçün bir neçə milliyyətçi dostları ilə birlikdə fakültədən qovulurlar. Lakin 1925-ci ildən 1927-ci ilə qədər Azərbaycan Ədəbiyyat Cəmiyyətinin üzvlüyündə qala bilir. Onu Cəmiyyətdə saxlamalarında məqsəd gələcəkdə öz tərəflərinə çəkmək ümidi idi…

Çox sonralar “Mənim də ilk eşqimin fırtınalı qışı bu…” deyən şair ilk fırtınayla qarşılaşır: Bir gün İstanbulda o zamanlar çap olunan “Həyat” jurnalında altında Almas İldırım imzası olan bir şeir – “Dağlar” yayımlanır:

… Bəzən bilməm neçin saxlayırsan yas,

Quzğundan əsərkən yellər, a dağlar?..

Çəkilmiş qəlbinə əskidən min dağ,

Titrəyir eşqini anan hər dodaq,

Yayılır şikəstə səsləri dağ-dağ,

Nə söylər bu qərib dillər, a dağlar?..

Lalələr dağılmış yolların üstə,

Sən gəl bu ölkədən min qurban istə,

Səndən əsirgəməz yollar, a dağlar!..

Onsuz da damğalanmış olan şairin Türkiyədə çap olunan və Qafqaz dağlarına xitab edən bu şeiri proletar yazıçılar arasına böyük vəlvələ salır. Hücum üçün fürsət gözləyənlər dərhal bu fürsətdən istifadə edərək mətbuat vasitəsilə hücuma keçirlər. Kommunistlik suçuna görə təqibdən canını qurtarıb Türkiyədən qaçaraq Azərbaycana sığınan, bəzən Əsəd Əyyubi, bəzən də Əkrəm Cənab ismi ilə yazan bir kommunist ilk olaraq hücuma keçir, müxtəlif sayıqlamalar qusaraq bir çirkab yığınından fərqsiz olan məqaləsinin sonunda özünəməxsus qəti hökmünü verir: “Almas kimilərin başı Sovet çəkici ilə əzilməlidir”.

Proletar şairciklərin bu və buna bənzər çığırtılarına dönəmin Azərbaycan Maarif Komissarı Mustafa Quliyev də qoşulur. O, “Almas İldırım Türkiyə çavuşlarının şagirdi, Cavad və Hüseyn Cavidin yolçusudur3. Milli ədəbiyyat yaratmaq məqsədilə qəmli mərsiyyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik” kimi kəskin fikirlər işlədir. Ədəbiyyat Cəmiyyətinin də rəisi olan Mustafa Quliyev haqsız deyildi? Nəyə görə?

Ədəbiyyat Cəmiyyətində toplantılar təşkil edilir, proletar yazıçılar yazdıqları quru, leylək səsindən fərqsiz, dadı-duzu olmayan sifariş edilmiş yazıları oxuyur, əl-qol hərəkətləri ilə şeirlərinə alqış gözləyən bir əda ilə forma və qüvvət verməyə çalışırlar. Fəqət salon bütün varlığı ilə kardır. Növbə özlərinə “Cığırdaş” (Poputçik) saydıqları Almas İldırım və dostlarının söylədiklərinə gəlincə vəziyyət dəyişir. Dinləyicilər canlanır, alqışlar şeirlərin hər kəlməsini kəsə-kəsə salonu inlədir, titrədir. Şübhəsiz ki, diqqət və müşahidə aparmaq vəzifəsi çiyinlərinə yüklənənlər üçün bu, böyük bir utanc, sağalmaz bir yaradır.

Buraya Almas İldırım və dostlarının gizli şəkildə əldən-ələ dolaşan yazılarına xalqın göstərdiyi dərin rəğbəti də əlavə etsək, şübhəsiz ki, Mustafa Quliyev hayqırmaqda, təhdid etməkdə özünü haqsız görməyəcəkdir. Çünki tamamilə kommunist məfkurəsi nümayəndəsi olan komissar Quliyevin şairin “Of bu dərd”dəki

Yüksəldi qəlbimdə od pərdə, pərdə

Dünyanın mənəmi qalmışdır ahı

Kim doğdu məni bu cəhənnəmlərdə

Kim saldı məni bu dərdə ilahi.

Dərd böyük, ələmlər, hicranlar ağır

Kimlərə yalvarsın, qəlbi-şikəstə?

Şikayət duyan yox, divarlar sağır

Sirr açmaq olmayır yaxın bir dosta.

Və yaxud:

İmanlar boyalı, könüllər dönük

Hər sönən eşqdən qalmayır bir iz

Hər sevgi bir acı, hər ümid sönük

Əsrlər vəfasız, illər vəfasız.

şəklində bir qəlbin qəmli və hicranlı titrəyişlərini, mühitin hər gün bir az daha sərtləşən basqısının acı fəryadını dinləmək, oxumaq, əlbəttə ki, sərf etmirdi.

Mətbuatın müxtəlif təzyiqlərindən sonra gəncliyi zəhərləməsinə dair siyasi idarədə qənaət hasil olduğu üçün şair öz yurdundan uzaqlaşdırılmaq kimi bir bədbəxtliyə məhkum edilir: Dağıstana sürgün…

Zavallı şair axır-əvvəl belə bir cəzaya məruz qalacağını bilirdi, lakin cəzanı çox gənc yaşında və çox tez hesab etdiyinə görədir ki:

Gizli yol kəsmədim, qaçaq olmadım,

Sakin bir həyatı pozmadım mən ki,

Dost üçün qanlı bir bıçaq olmadım,

Heç bir qətlə fərman yazmadım mən ki…

deyərək özü-özünə sızıldayır və yenə qəbahəti müqəddərata yükləyir:

Ya neçin qəribəm bu doğma eldə?

Məhbəsmi dörd yanım, ya rəbb, boğuldum.

Məlun bir əsrdə, məlun bir ildə

Neçin mən bu yerdə şair doğuldum?

Vətən üçün hayqıran şair Vətənsiz buraxılır.

Dağıstanda

Gözəl Dağıstan şairə yad gəlmir. Bir zamanlar keçmiş rus çarlığının tükənməz haqsızlıqlarına qarşı silaha sarılan, illərlə mücadilə aparan Şeyx Şamillər, Səlim xanlar yurdunun da bitməz-tükənməz dərdləri vardı. Şair, qəlbini gəmirən qurdun, içini bulandıran dövranın burada da hökm sürdüyünü gözləri ilə görür. Şair, dağıstanlıların əsrlər boyu davam edən dərdlərinə də dəva olmağa gecikmir. Fəqət üzərinə dikilən gözlərin önündə açıq yazmamağa çalışır. Dağıstanın keçmiş həyatından götürdüyü hadisələri tarixi və oynaq poemalarla qələmə alır. Onların yaralarını qaşıdıqca, qəlbinin fərəhləndiyini hiss edir, ağrılarını yüngülləşdirməyə çalışırdı.

Dağıstanlılar dədə-babadan qalma bir kinlə boşalmayan ürəklərinin acı iniltisinin şairin qələmindən damla-damla axdığını, milli qəhrəmanları olan Şamillərin, Səlim xanların zülmə qarşı illərlə davam edən haqlı mücadilələrinin sanki təkrar canlandığını gördülər, ona görə də bu səsi eşitdilər.

Elə bir poema ki, oxunarkən diziüstə çöküb saçını yolmayacaq bir nənə, dizini döyməyəcək bir qoca yoxdur. Budur, yaxın tarixdən bir parça. Dinləyərkən gözləri yaşarmayacaq, qəlbləri özlərinəməxsus bir kişilik hisləri ilə dolub-daşmayacaq, keçmişini dərin-dərin düşünüb içində bir qırıqlıq hiss etməyəcək bir kişi yoxdur.

Bir gün çardan əmr olundu

Ağ atlı bir kazağa

Xəbər versin çeçen yurdu

Köçürülsün uzağa.

Qəlbi qırıq anaların

Doldu yaşlar gözünə.

İxtiyarlar baxıb durdu

İgidlərin üzünə.

Təsvir yerindən alındığı və həqiqətin özü olduğu üçün zövqlə, həyəcanla oxunulurdu. Hələ poemanın bir yerində, məşum xəbəri heyrət içində eşidən ixtiyarların bu işin ağılsızlığına toxunuşu:

Necə oldu çar naminə

Belə əmr verildi?

Çeçenlərin sürülməsi

Nədən rəva görüldü?

Sonra həm qanunun qanunsuzluğuna hayqırır, həm də Tanrının qəzəb hökmünə:

Bu qanunmu, doğma yurdu

Tərk eləsin çeçenli?

Tanrı bizə çoxmu gördü

Bu torpağı, bu eli?

Hər kəs ağlayır, yüz illərin içərisinə zorla sığan, min bir əməklə bu yurd necə olur ki, bir fərmanla tərk edilə bilinir? Çılğın bir ağlamaqdan daha mənalı, ağır bir sükutdan sonra içə çökmüş iki bulağından gözyaşı yerinə dilim-dilim atəş fışqıran 80 yaşlı bir ixtiyar

Biz köçmərik uzaqlara

Məskənimiz bu bizim

Yer vermərik kazaklara,

Torpaq bizim, su bizim.

alovlu əmriylə üsyan edir. Üsyan, üsyan… Sinəsinə milyonları kilidləyən qoca bir divə qarşı bir kiçik topluluğun illərlə davam edən üsyanı…

Nəhayət, bu yolda minlərlə igidlərini çar qurşunlarına qurban verdikdən sonra aul4 xalqı sürgün edilir, evlərə od vurulur.

Sürgünə gedənlər bir dağ başından öz yurdlarının alov içində əridiyini görürlər, içlərindən, bir ixtiyarın titrək dodaqlarından:

Çarın əmri buymuş dedi

Doğma yurdu burax get.

Tanrı gəlsə də, artıq.

Yaşamaz bu səltənət.

Almas İldırım buna bənzər yazıları ilə sevilərək oxundu. Gizli yazıları burada da əldən-ələ gəzdi. Fəqət “onlar” yenə şübhələnmişdilər. Bu şübhə şairin ətrafına yığılanların çoxalması ilə gözə girdi.

Siyasi idarə onların cəbhəsinə keçər ümidi ilə son bir cəhd də edərək şairi bu dəfə Türküstana sürgün edir.

Türküstanda

Aşqabad… Xəmiri kimi mayası da türk, on min illər öncə kim idilərsə, yenə o… Qanından, soyundan bir şey itirməyən, qanına, soyuna çox şey qarışdırmayan bir şəhər. Geniş sinəsində əsrlərin müxtəlif çırpınışlarını, müxtəlif hıçqırıqlarını sakitləşdirən və sonra, qızmar günəşdən sərsəmləyib qumluqlara sərilmiş yorğun bir qadın kimi uzanıqlı…

Hər kəsin bildiyi bir söz var: Bağban tısbağaya hirslənib qonşusunun bağına atdığı zaman heyvancığaz cavab olaraq “İçində üzüm olsun da, o bağ olacağına bu bağ olsun” deyir. Şair də belə düşünmüş olacaq ki, “içində türk olsun da, hara olursa-olsun” deyir. Bəlkə də, onu belə addım-addım gəzdirənlərə təşəkkür edirmiş kimi deyir: “Onlar üçün daha fəna olur. Mənə yurdumun hər bucağını gəzdirirlər. Hər tərəfdə ulduzlu qızıl zəncirlərin səslərini duyuram. Millətimin boynuna asılan hər zəncir həlqəsi məndəki kini daha da artırır, qatılaşdırır”.

Burada şairi Aşqabadda azəri və iranlı türkləri özündə toplayan 32 sinifli bir məktəbin tədris hissə müdirliyinə təyin edirlər. Daha sıx yoxlama və göz həbsi altındadır. Fürsət düşdükcə “artıq bizim cəbhəyə keç, sənə də böyük vəzifələr, həyatını daha rahat təmin edəcək mənsəblər verək” deyirlər.

Şairi bu ulduzlu vədlərə inanmamış, fəqət məktəbdəki ağır və məsuliyyətli vəzifəsini qaydasına salıncaya qədər susmuş görürük. Lakin bu susqunluq çox davam etmir. Bir gün sərbəst vəznlə yazılmış bir şeir əldən-ələ dolaşır:

Amudərya.

Amudərya məni al,

O cəsur dalğaların qoynuna sal.

Amudərya, dinlə,

Mən sənin dərdinlə,

Gənc ikən çəkməkdəyəm hicrilə yas,

Amudərya, məni al, bağrına bas.

Gəl ovut tüğyanımızı

Sən duyarsan mənim üsyanımı;

Hüdudlarımızdan kənardakı əsir türklərin azadlıq simvolu olan Amudərya hissizdirmi ki? Niyə eşitmir, niyə cavab vermir? Şair öz üsyanına böyük çayın da üsyanla iştirakını istəyir.

Ya neçin dalğaların gəlməyir üsyanla dilə

Söylə, gözyaşları, qan selləri boğmuşmu səni

Başqa bir şeirində:

Kim ki şair həsrətiylə süzərdi bu dağları

İçində qəlbi qırıq yaralı olmasaydı.

Of.. Duman çökdü yenə bu könül dağlarına

Kim gətirmiş adımı solğun dodaqlarına.

Kim düşərdi həyatın görünməz bağlarına

Bir könül bir könüldən aralı olmasaydı.

Şair Aşqabad radiosunda müğənnilər tərəfindən söylənilən bir çox mahnı sözləri də yazdı. Burada da ətrafına bir çox azəri toplaşdı. Yenə də diqqətçəkməyə başladı. Sifarişçilər quru yazılarının oxunmadığını, bunun müqabilində Almas İldırımın sevildiyini hiss edincə qudurmağa başlayırlar. Vəlvələ böyüyür, mətbuata yayılır. Bu böyümə siyasi idarəni yenidən şübhələndirməyə bəs edir. Bu dəfə sürgün cəzası əvəzinə bir təhqiqat məmuru gəlir. Təhqiqat məmuru Əkbər Ruhi adındakı bu kommunist Almas İldırımın çap olunmuş bir çox yazılarını tədqiq edir, aldığı əmrə və gördüyü təzyiqə uyaraq kəlmələri dilədiyi qılığa soxaraq müxtəlif mənalar çıxarır:

“Almas İldırıma, Azərbaycanda, Dağıstanda göz açdırmadılar, fəqət burada rahatlıq tapıb, öz istədiyini yazır. Artıq buna imkan verməyəcəyik. Almas İldırım gəncdir, bizim tərəfimizə keçmək üçün hələ ki uyğundur. Əgər keçmişindən vaz keçib, sözdə deyil, işdə bizimlə birlikdə olarsa nə gözəl, yoxsa bundan sonra ağır zərbələrimizə dayanmalıdır” deyir və əlavə edir: “Almas İldırım, ideologiyamız üçün zərərli bir insandır. Bizə inanmaq şərti ilə aramızda qalmaq diləyindədirsə, bu arzusunu mətbuat yolu ilə bildirməlidir. Yoxsa…”

Manevr mükəmməldir. Şair qəlbində tutuşub yanan vətən eşqinin qızğın dəmirini “çəkic”lə döyəcək, onların istədikləri hala gətirdikdən sonra: “Mən milliyyətsizəm, milliyyət yox, bəşər var. Mən artıq yurdumun əzəli ələmlərini deyil, qolları dirsəklərinə qədər yağ içində, iri cüssəli, göz və könülləri sevinclə (!) dolu işçiləri tərənnüm edəcəyəm” deyəcəkdi. Və ya deməsi lazımdı.

Şairin önündə iki yol vardı: Yan-yana olmayan, bir-birinin əksi istiqamətlərə doğru uzanan iki yol. Biri qanının, adının, keçmişinin və bütün milli varlığının şan və şərəfi ilə bəzənmiş, fəqət tənha, digəri sabahdan başqa hər şeyi vəd edən, kəskin qırmızılığı ilə zəif gözləri qamaşdıran, hər addımında bükülmüş omuzlar üstündə qurulmuş boş taxtlar sıralanan qələbəlik bir yol…

Almas İldırım özündən sənət yönü baxımından çox zəif olduğu halda proletar cəbhəyə keçdiyi və gün adamı olmasını bildiyi üçün günün birində: “Əməkdar sovet şairi” nişanıyla təltif edilən Məmməd Rahim və yoldaşlarının tərəfinə qatılmadı.

Gedənlərin gəlmədikləri, buzlu cəhənnəmlər yolunu gözünə alaraq Əkbər Ruhinin gözlədiyi cavabı da vermədi. Fəqət bu şəraitdə buralarda daha çox qalmağa da imkan olmadığını anladığı üçün qaçmağa qərar verdi.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации