Текст книги "Üzeyir Hacıbəyli xatirələrdə"
Автор книги: Коллектив авторов
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
ÜZEYİR HACIBƏYLİ
XATİRƏLƏRDƏ
“Xatirə Ədəbiyyatı” silsiləsindən 24-cü kitab
Ön söz
Monumental operaların, ruhnəvaz operettaların, gözəl vokal, xor, kamera-instrumental əsərlərin, neçə-neçə qiymətli elmi məqalələrin və “Azərbaycan xalq musiqisinin əsasları” kimi taleyüklü monoqrafiyanın yaradıcısı olan Üzeyir bəy Hacıbəylinin bədii, elmi irsi ilə bərabər şəxsiyyətinə qarşı olan maraq və diqqət heç vaxt səngiməyib, əksinə, ildən-ilə artmaqdadır.
Hələ sağlığında ümumxalq məhəbbəti qazanmış Üzeyir bəyin qeyri-adi zəkası, fitri istedadı, hazırcavablığı, yüksək təşkilat-çılıq bacarığı, mərhəməti, səxavəti və digər keyfiyyətləri onun müasirlərinin diqqətini cəlb edib, hafizələrdə, uzun illər yaşayıb. Məhz bu “hafizələrdə yaşananlar” zaman keçdikcə gözəl xatirələrə dönmüş, bəziləri yazıya alınmış, bəziləri isə şirin bir əfsanə kimi dildən-dilə, nəsildən-nəsilə keçərək yaşamaqdadır. Bu xatirələrdə Üzeyir bəyin obrazı daha yeni-yeni cizgilərlə zənginləşir, doğmalaşır, bəşəriləşir. Bu xatirələrin müəllifləri arasında Üzeyir Hacıbəylinin tələbəlik dostları da var, öz tələbələri də…, görkəmli alimlər, bəstəkarlar, yazıçılar da var, sadə əmək adamları da…
Üzeyir bəyin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin tən-tənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, o böyük insanın ömrünün son günləri bu xatirələrdə öz geniş əksini tapıb.
Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib. Xatirələrdən bəziləri isə əlyazma halında Ü.Hacıbəylinin ev muzeyinə təqdim edilsə də, bu günə kimi çap olunmayıb.
Maraqlıdır ki, xatirələrin müəllifləri arasında Ü.Hacıbəylinin dostları, müasirləri – yəni, onu yetkin bir zəka ilə müşahidə etmiş insanlarla yanaşı, özləri məktəbli ikən Üzeyir bəyi görmüş, uşaq gözləri ilə müşahidə etmiş, onu izləmiş və həmişəlik yaddaşlarında yaşatmışlar da vardır. Ən vacibi isə budur ki, kimliyindən asılı olmayaraq hər müəllif o böyük insan haqqında nə isə yeni bir faktı söyləyir, onun çoxşaxəli həyat və fəaliyyətini müxtəlif aspektlərdən, bucaqlardan işıqlandırır.
Bu gün dahi bəstəkarın irsini öyrənən, həyat və yaradıcılığını tədqiq edən hər kəs üçün bu xatirələr və deyimlərin də müstəsna əhəmiyyət kəsb etməsi şübhəsizdir.
Dahi insanların həyatını göy üzünün qaranlıqlarını parlaq işıq seliylə yarıb keçən meteora bənzətmək olar. Meteor keçir, uzaqlaşır, ancaq göy üzündə izi xeyli zaman yaşayır. Onu görənlər isə uzun illər gördüklərini heyrətlə, sevinclə, möcüzə kimi xatırlayır.
Bu xatirələrin müəllifləri də böyük Üzeyir bəyi görərək bəlkə də o vaxt həyatlarının ən gözəl çağlarını yaşamış insanlardır. İndi isə o gözəl anları bizimlə bölüşürlər. Məgər bu azdır?
Sərdar Fərəcov
Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru
Görkəmli şəxsiyyətlər onu belə xatırlayırdı…
CÖVDƏT HACIYEV
Bəstəkar, pedaqoq, Xalq artisti
Böyük müəllimim haqda xatirələrim
Üzeyir Hacıbəyovla ilk görüşüm 1926-cı ildə oldu. Vali-deynlərim mənə musiqi təhsili vermək və hər hansı bir musiqi alətində çalmağı öyrənməyimi istəyirdilər. Bu məqsədlə də anam məni Lermontov küçəsində yerləşən musiqi məktəbinə apardı; o illərdə bu məktəbdə həm də konservatoriya yerləşirdi. Məktəbə daxil olduqda biz direktorun kabinetini tapdıq və anam qapını döydü. Qapını Ü.Hacıbəyovun özü açdı, gülümsəyərək bizi içəriyə dəvət etdi.
O, anamın xahişini dinləyərək dedi:
– Çox yaxşı ki, Siz gəlmisiniz. Deməli, bu uşaq musiqiçi olmaq istəyir? Nə edək, bu çox böyük və gözəl arzudur. Hansı alətdə çalmaq istəyirsən? – deyə Üzeyir bəy mənə tərəf döndü. Özümü itirərək anama sarı döndüm. Üzeyir bəy bunu hiss edərək dedi:
– O, skripkada çalacaq. Mən də nə vaxtlarsa skripkada çalırdım, sonra musiqi yazmağa başladım və bəstəkar oldum. Sən də bəstəkar olacaqsan, bunun üçünsə çoxlu məşğul olmaq, əziyyət çəkmək lazımdır.
Ü.Hacıbəyovun çağırışı ilə kabinetə hündürboylu bir adam daxil oldu. Bu professor S.Bretanski idi.
– Semyon Leontyeviç, budur, gələcəyin bəstəkarı, ona hər bir şeyi öyrədin.
Beləliklə, mən musiqi məktəbinə qəbul olundum.
Üzeyir bəylə ikinci görüşüm Rabfakın skripka sinfini bitirdikdən sonra oldu. Mən Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsinin I kursuna daxil oldum.
30-cu illərin əvvəllərində Ü.Hacıbəyov L.Rudolfu konservatoriyanın nəzəriyyə-bəstəkarlıq şöbəsinə professor kimi dəvət etdi.
Üzeyir bəy biləndə ki, skripkada və fortepianoda improvizələr edir, musiqi bəstələyirəm, 1934-cü ildə məni L.Rudolfun sinfinə keçirtdi. Konservatoriyanın dərs tədris hissəsində bildirdilər ki, “Azərbaycan xalq musiqisinin əsasları” dərsini keçməliyəm və bu fənni Ü.Hacıbəyovun özü tədris edəcək. Bu xəbərdən çox sevindim və həyəcanlandım. Birinci dəfə bu dərsə gələrkən Üzeyir bəy nəzəriyyə-bəstəkarlıq fakültəsinə keçməyim münasibətilə məni təbrik etdi və dedi:
– Sizin, yaradıcı nəslin qarşısında çox böyük və çətin vəzifələr durur. Siz dünya musiqi mədəniyyəti nailiyyətlərini öz əsərlərinizdə əks etdirməli və onu doğma musiqimizlə uzlaşdırmalısınız. Baxın, Motsartın, Bethovenin, Çaykovskinin, Rimski-Korsakovun yaradıcılığını öyrənin. Budur, mən, “Koroğlu” operası üzərində işləyirəm və qarşımda bir çox mürəkkəb musiqi problemlərini həll etmək məsələsi durur. Sən bacar Rudolfdan polifoniyanın, harmoniyanın əsaslarını öyrənəsən, mənsə, bu sinifdə Azərbaycan xalq musiqisinin lad və strukturlarının formalarını öyrədəcəyəm. Çox istərdim ki, sən əsl milli bəstəkar olaraq, həm də dünya musiqi mədəniyyətini bütün texnologiyası, formaları və janrları ilə mənimsəyəsən.
Ü.Hacıbəyovun dərsləri çox maraqlı və cəlbedici idi. Müəllim kimi o, çox istedadlı idi. Üzeyir bəy elə edirdi ki, tələbə bir növ onun elmi axtarışlarının yaradıcısına çevrilsin. O, tələbənin səhvlərini çox ustalıqla, onun üzünə vurmadan, qürurunu tapdalamadan düzəldirdi.
Ü.Hacıbəyovun sinfində dörd il oxumuşam, mən ilk dəfə və həmişəlik olaraq muğamlarımızın bədii və struktur-forma əmələgətirici əsasını öz beynimə, məhz burada həkk etmişəm. Nizaminin, Nəsiminin, Füzulinin dərin fəlsəfi mənalarla zəngin olan bədii obrazlarının, eləcə də epos və dastanlarımızın mükəmməl məzmun və strukturunun muğam səslərində necə təcəssüm tapmalarının şahidi olmuşam.
1936-cı ildə Moskva Konservatoriyasına daxil olana qədər mən əsas musiqi dərslərini Ü.Hacıbəyovun və L.Rudolfun sinfində keçmişdim. Bu vaxta qədər artıq fortepiano üçün bir neçə əsərin, simfonik musiqinin müəllifi idim.
Üçüncü görüş. 1935-36-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasında professor Rudolfun sinfində oxuyan tələbələrin əsərlərindən ibarət konsert oldu. Mən fortepiano üçün “Fantaziya”mı ifa etdim. Ü.Hacıbəyov da bu konsertdə idi. Konsertdən sonra o, mənə yaxınlaşaraq dedi:
– “Fantaziya”n mənim xoşuma gəldi. Bu əsər, mənim sənin haqqında olan gözəl fikirlərimin, inamımın təsdiqi oldu.
1936-cı ildə mən böyük simfonik orkestr üçün simfoniya yazdım, bu simfoniyanı Bakıda qastrolda olan Leninqrad Simfonik Orkestri ifa etməli idi. Məşqlərdə çox həyəcan keçirirdim. Xoşbəxtlikdən, əsər orkestr tərəfindən çox gözəl ifa olundu. Filarmoniyada Ü.Hacıbəyov, P.Axundov, L.Rudolf və qastrolda olan alman dirijorları da var idi. Əvvəlcə Ü.Hacıbəyov danışdı. O, mənim musiqi məktəbinə, daha sonra konservatoriyaya daxil olduğum illərdən, dərs vaxtı göstərdiyim səylər və bacarığımdan söhbət açdı. Sonra, yazdığım əsərə keçərək, bu əsərin mənim yaradıcılıq yüksəlişimdən xəbər verdiyini söylədi. Ü.Hacıbəyov və L.Rudolf mənə müsbət xasiyyətnamə verərək, təhsilimi Moskva Konservatoriyasında davam etdirməyimi məsləhət gördülər.
Dördüncü görüş. 1946-47-ci illərdə Ü.Hacıbəyov Azərbaycan bəstəkarlarının I sədri kimi deputat məsələləri ilə bağlı tez-tez Moskvaya gəlirdi. Bu illərdə mənə bəstəkarlıqdan dərsi D.Şostakoviç deyirdi. Üzeyir bəyin hər gəlişində mən, onun qaldığı “Moskva” mehmanxanasına gedirdim. Üzeyir bəy mənim yaradıcılıq müvəffəqiyyətlərimlə, dərslərimlə maraqlanardı. Növbəti görüşlərin birində o, mənə yenicə nəşrdən çıxmış “Azərbaycan xalq musiqisinin əsasları” kitabını hədiyyə etdi.
Beşinci görüşüm 1947-ci ildə oldu. Moskva konservatoriyasını bitirdikdən sonra mən Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim kimi işləməyə göndərildim. Bununla bağlı konservatoriyanın rektoru Üzeyir bəylə görüşməli idim. Lakin Ü.Hacıbəyov işə çıxmırdı, xəstə idi. R.Xəlilov, onun katibi, mənə dedi ki, Üzeyir bəy sabah səni saat 12-də evində gözləyir. Mən getdim, qapını Məleykə xanım açdı, çox qonaqpərvərliklə evə dəvət etdi. Üzeyir bəy kabinetində yazı masasının arxasında oturmuşdu. Çox solğun görünürdü, lakin xəstəliyini bildirməməyə çalışırdı. O, məni konservatoriyanı bitirməyim münasibətilə təbrik etdi və dedi:
– Artıq sənin bəstəkarlıq fənnindən müəllim kimi dərs deməyin üçün sərəncam vermişəm. İllər necə də tez keçir. 1926-cı ili xatırla, anan səni mənim yanıma gətirəndə 9 yaşın vardı. Artıq 1947-ci ildir: sən yetkin bəstəkarsan, Moskva Konservatoriyasının yetişdirməsisən. Mən peyğəmbər deyiləm, lakin haqqında söylədiyim sözlərim həyata keçdi. Şostakoviç kimi dahi bəstəkar və insanın sinfində oxumusan. Qabaqda səni bəstəkarlıq və müəllimlik işləri gözləyir. Çalış ki, öz bilik, bacarıq və qabiliyyətini bir yerə toplayaraq, yeni Azərbaycan bəstəkarları nəslini yetişdirəsən.
Üzeyir bəylə görüşlərim həyatımda çox böyük rol oynayıb. Bircə onu qeyd etmək istəyirəm ki, mən onu bəstəkar, müəllim və dahi insan kimi bütün ömrüm boyu hafizəmdə saxlayacağam.
KAZIM KAZIMZADƏ
Xalq rəssamı
Üzeyir Hacibəyovla bir görüş
1945-ci ilin gərgin günlərindən biri idi. Saat 3 radələrində Sabit Rəhmanla görüşdük. Hər dəfə olduğu kimi, yenə də bir az zarafatlaşdıq, bir-birimizə məzəli hadisələr danışıb, güldük. Birdən Sabit ciddiləşdi və dedi:
– Bilirsən ki, bu gün axşam saat 8-də Üzeyir bəylə onun evində görüşməlisən? Onunla not yazacaqsınız. Özünlə tuş, qələm, karandaş və başqa lazımi şeylər apar.
Mənə elə gəldi ki, bu Sabitin növbəti zarafatlarından biridir. O, hiss elədi ki, mən ona inanmamışam. Bir də təkrar etdi:
– Zarafat eləmirəm, o, sənə notüstü mətni təmiz, aydın və hər sözü yerli-yerində yazmağı göstərəcək.
Evə gəlib hazırlaşdım; özümə lazımi şeyləri götürdüm. Saat 8-də Üzeyir Hacıbəyovun Monolitin 4-cü mərtəbəsində yerləşən mənzilinə qalxdım. İlk dəfə idi ki, Üzeyir bəyin evində olurdum. Zəngi çaldım. Qapını Məleykə xanım açdı və məni Üzeyir bəy olan otağa ötürdü. Otağa daxil oldum. Salam verdim. Üzeyir bəy xoş sima ilə məni qarşıladı. Yer göstərdi. Oturdum.
– Sənə Sabit dedimi nə yazacağıq? – deyə, soruşdu. Lazımi əşyaları özünlə götürmüsənmi?
– Bəli.
– Onda bir stəkan çay içək, sonra işə başlarıq.
Bu əsnada Məleykə xanım çay gətirdi. Çayın yanında ləbləbi, kişmiş və başqa çərəzlər var idi. Üzeyir bəy səliqə ilə geyinmişdi. Mənə elə gəldi ki, o, harasa getməlidir. Lakin tələsmir. Gözlənilmədən soruşdum:
– Üzeyir bəy, mən sizin vaxtınızı almıram ki?
– Necə məgər, sən bir yerə tələsirsən?
– Xeyr, sizə görə dedim.
– Mən işləyəndə həmişə səliqəli geyinirəm. İnsan səliqəli olanda işi də səliqəli olur. Yəqin siz də eləsiniz?
– Xeyr. Bizim işimiz kömürlə, rənglə, cürbəcür yağlarla, laklarladır. Ona görə səliqəli geyinmirəm. Lakin çalışıram ki, yaratdığım əsər səliqəli olsun…
– İndi bizim işimiz belə olacaq. Azərbaycan himninin notüstü sözlərini yazacaqsan. Bax, bu notun üstündə onun sözləri yazılacaq. Mən indi göstərəcəyəm hansı söz hansı notun üstündə olmalıdır.
O, mənə bir neçə not göstərdi. Lakin bunların üstündə yazılar yox idi. Sonra üstündə yazılar olan başqa notlar göstərdi və əlavə etdi:
– Bax, belə olmalıdır. Sözlər notların üstündə aydın yazılmalıdır. Bu notun üstündə “od”, o birinin üstündə “lar”, o birisinin üstündə “yu”, onun yanındakının üstündə “rdu” və ilaxır. Yaz, bir baxım.
Onun dediyi kimi yazdım. Özü də karandaşla. Alıb baxdı.
– Fikrimi yaxşı tutdun. Amma bu, karandaşla yox, tuşla yazılmalıdır.
– İndi karandaşların üstündən tuşla gedəcəyəm. Mən sizin fikrinizi bilmək istədim, – dedim.
– İndi tuşla yaz görüm. Mən sözləri notlardan nazik xətlərlə yazdım. Bu ona görə idi ki, sözlər notları korlamasın və sözlər nota uyğun olsun. Üzeyir bəy baxıb dedi:
– Sən bu cür işi başqa bəstəkarlarla yazmısanmı?
– Xeyr, ilk dəfədir.
–Fikrimi yaxşı tutdun. Al, bunları da belə yaz.
Bu minvalla çox sözlər yazdıq. Üzeyir bəy hər not yazılan kimi alıb baxır və royalın arxasına keçirdi. Notu çalır və sözləri nota uyğun astadan zümzümə edirdi.
– Hələlik işlər yaxşı gedir.
Gecədən bir xeyli keçmişdi. Ətraf sakitlikdi. Tramvaylar işləmirdi. Küçədən maşın səsləri kəsilmişdi. Mən Üzeyir bəyə fikir verirdim. Özlüyümdə fikirləşirdim ki, böyük sənətkarlar belə olur yəqin. Onlar sənətə kiçik səhvi ilə belə xələl gətirməzlər. Sənətkar əsəri büllur, saf, pak və müqəddəs olmalıdır. Belə ki, onu hər kəs dərindən hiss etməlidir. Birdən o yavaşcadan dedi:
– Bəli, burda bir düyünə düşdük. Qoy bir Səməd Vurğunla məsləhətləşək.
O, Səməd Vurğuna zəng çaldı.
– Səməd, yatmışdın? (O deyir ki, rejissor Muxtar Dadaşovla işləyirəm). Biz də burda rəssam Kazımla işləyirik. Amma səninlə məsləhətə ehtiyacım var… Burda bir yerdə, nəqarətdə musiqi ilə söz düz gəlmir. Sözü bir qədər dəyişmək lazımdır. Səməd Vurğun sözün dəyişməsinə etiraz edir. Üzeyir bəy çox təkid edirdi. Səməd, mən öz əsərlərimdə çox yerdə musiqi xatirinə sözü dəyişmişəm. Lakin əsl məqsəddən uzaq düşməmişəm…
Söhbət çox uzun çəkdi. Heç biri güzəştə getmədi. Belə razılaşdılar ki, Səməd Üzeyir bəyin yanına gəlsin.
Qapının zəngi çalındı. Məleykə xanım qapını açdı. Səməd Vurğun daxil oldu. Üzeyir bəy onu çaya dəvət etdi. Çay gəldi, amma içilmədi. Üzeyir bəy musiqini, Səməd Vurğun isə şeri müdafiə edirdi. İki saatdan çox mübahisə etdilər. Mən şahid oldum ki, heç kimin və heç nəyin xatirinə güzəştə getmək olmaz. Üzeyir bəy böyük musiqi xadimlərinin, bəstəkarların həyatından, iş üslubundan, musiqinin xatirinə sözləri uzatmaq və qısaltmaqdan danışdı. Çox misallar gətirdi. Royalda çaldı, ahəstə-ahəstə oxudu. Lakin bunların heç biri Səmədi qane etmədi. O, dedi:
– Üzeyir bəy, siz gəlin musiqi xatirinə sözü dəyişməkdən əl çəkin, sözə uyğun musiqi düzəldin.
Üzeyir bəy Cabbar Qaryağdıdan, Xan Şuşinskidən, Seyid Şuşinskidən, Bülbüldən misallar gətirdi. Səməd Vurğun isə təkid edirdi:
– Üzeyir bəy, mənim dediyim məsləhətdir; şeir qalsın, musiqini uyğunlaşdırarsınız.
Artıq dan yeri ağarmağa başlayırdı. Telefon zəng çaldı. Üzeyir bəy dəstəyi qaldırdı. Danışan “Kommunist” qəzetinin redaktoru, yazıçı Əli Vəliyev idi. Sən demə, o da qəzetdə çap üçün notu gözləyirmiş. Üzeyir bəy əhvalatı ona söylədi. O, Səməd Vurğunla danışdı. Səməd ona da etirazını bildirdi. Yığışıb redaksiyaya getdik. Redaksiyada hər kəs öz işi ilə məşğul idi. Qəzet demək olar ki, çapa hazır idi. Lakin notun klişesi yox idi, o hazırlanıb çapa göndərilməli idi. Əli Vəliyevin kabinetinin yanında bir kiçik otaq vardı. Bir qapısı redaktorun otağına, bir qapısı isə aynabəndə açılırdı. Aynabənddən küçəyə çıxmağa imkan da vardı. Mən bu otaqda oturdum. Əli Vəliyev dedi:
– Üzeyir bəy necə deyibsə, onu bura yaz. Gəlib səndən alacağam.
Mən notların üstünə Üzeyir bəyin dediyi kimi yazdım. Əli Vəliyev gəlib götürdü və sürücüsünə tapşırdı ki, Kazımı apar evinə.
Evə gəldim. Bir qədər yatdım. Bir neçə saatdan sonra muzeyə getdim. Muzeyin yanındakı bağda qəzet köşkündən bir “Kommunist” qəzeti aldım. Açıb baxdım. Həmin not mən yazdığım sözlərlə çap olunmuşdu. Muzeyə gəlib Sabitə zəng vurdum. O, mənə təşəkkürünü bildirdi və dedi:
– Hamısını bilirəm, Əli Vəliyev danışdı, – sonra da bərkdən gülüb əlavə etdi: – Böyük adamlarla işləmək çətindir.
LEYLA BƏDİRBƏYLİ
Aktrisa, Xalq artisti
Mən Gülçöhrəni ürəkdən sevdim
1938-ci il. Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyünə hazırlıq gedirdi. O zaman mən Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti idim. Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblının təşkili işlərinə rəhbərlik edən komissiyanın sədriydi. O, rəqqasələr üçün tikilmiş milli paltarların forma, naxış, biçim və bəzəyinə çox diqqət yetirir, hətta başımızdakı cütqabağının silsiləsini düzəldir, necə taxmaq lazım olduğunu da göstərir, fərəh və qürur hissi ilə Azərbaycan milli geyimlərinin gözəlliyindən danışır, milli xüsusiyyətlərinin qorunmasını tələb edirdi. Ongünlüklə əlaqədar məşqlərin birində xorun rəhbəri və dirijoru Üzeyir Hacıbəyov xalq mahnısını oxuyan solisti mahnıya başqa rəng verməyə çalışdığına görə məşqi saxlayıb “A bala, nə eləyirsən? Mahnının atasını yandırırsan ki…” – deyə məzəmmət etdi. Solist çox tutuldu: “Mən mahnıya yeni forma, dirilik vermək istədim”, – deyə cavab verdi. Üzeyir dedi: “Bu, xalq mahnısıdır. Özünün milli şirinliyi və gözəlliyi kifayət qədərdir. Musiqimizdə inkişaf vacibdir. Lakin ona başqa don geydirəndə dözə bilmirəm”.
Mən elə bir adam tanımıram ki, Üzeyir Hacıbəyova məftun olmasın. O, qeyri-adi, ülvi bir insandı. Hər şeydə və hər kəsdə yaxşılıq görənlər əbədilik qazanırlar. Üzeyir belə şəxsiyyətlərdəndir. Gözəllikdə çirkinlik, yaxşılıqda yamanlıq, işıqda qaranlıq axtaranlara qarşı amansız olurdu. Pak qəlbli, geniş ürəkli, qayğıkeş, təvazökar, səxavətli bir insan – mən onu həmişə belə xatırlayıram.
Zahirən çox ciddi görünən Üzeyirin incə bir yumoru da vardı. 1944-cü il Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə Azərbaycan incəsənət ustalarının müvəffəqiyyəti səs-səda salmışdı. Hamı sevinirdi; Üzeyir Hacıbəyov hamıdan artıq. Yekun konsertində artistlərimizi və mədəniyyət işçilərimizi tamaşaçılar gurultulu alqışlarla qarşıladılar. Əlbəttə, bu alqışların çox hissəsi Üzeyirin payına düşürdü. Təsəvvürünüzə gətirə bilməzsiniz ki, o necə sıxılır, utanır, geri çəkilərək yoldaşlarını irəli verirdi. Üzeyirə qabaq sırada əyləşməsini təklif etdikdə o, bizi də yanına çağırtdırdı və: “Qızlar, elə əyləşin ki, gözümün qabağında olasınız. Bura Gürcüstandır, birdən sizi qaçırarlar”, – deyib gülümsədi. Sevimli müğənnimiz Sara Qədimova ilə indi də bunu xatırlayıb gülürük.
Daha bir xatirə. 1945-ci il. “Arşın mal alan” musiqili komediyasının çəkilişinə hazırlıq gedirdi. Mən Gülçöhrə rolunda çəkiləcəkdim. Uzun müddətdi ki, konsertmeysterlə ariyaları öyrənirdim. Bu işə maestro Niyazi rəhbərlik edirdi. Bir gün hörmətli müəllimim və filmin quruluşçu rejissoru Rza Təhmasibdən xəbərsiz Üzeyirin evinə getdim. Hələ də bilmirəm niyə? Qapını bəstəkarın yaxın qohumu Tamara xanım açdı. Üzeyiri görmək istədiyimi bildirdim. Bir neçə dəqiqədən sonra işıqlı kabinetində, təmiz ağ köynəkdə kresloda əyləşmiş bəstəkar məni qəbul etdi. Nədən və necə başlamaq lazım gəldiyini unutmuşdum. Sanki hər şey başımdan uçub getmişdi. Birtəhər özümü ələ alıb dedim: “Mən Gülçöhrə roluna çəkiləcəyəm. Ona görə…” Yenə nitqim qurudu və heç bir şey əlavə edə bilmədim. O, mənə diqqətlə baxır, nə isə fikirləşir, adəti üzrə bığlarını tumarlayırdı. “Sənin çəkilməyinə etirazım yoxdur, am-ma, bilirsənmi, bu, rəqs deyil, kinoda obraz yaratmaqdır”, – deyib susdu. Bir qədər sonra Gülçöhrəni necə görmək istədiyindən, Azərbaycan qızına xas keyfiyyətlərdən danışdı. Əlbəttə, obraz haqqında bu görüşə qədər rejissorla söhbətimiz çox olmuşdu. Bütün bunlara baxmayaraq, böyük bəstəkarla söhbətdən sonra özümdə xoş bir əhval duydum və özümə daha möhkəm bir inam oyandı. Vidalaşarkən məni dəhlizə qədər ötürüb belə dedi: “Mən Gülçöhrəni çox sevirəm, istəyirəm ki, sən də onu ürəkdən sevəsən”. Həqiqətən, mən Gülçöhrəni ürəkdən sevdim.
MƏHƏMMƏD SƏİD ORDUBADİ
Yazıçı, publisist, dramaturq
Böyük sənətkar barəsindəki xatiratım
Üzeyir ilə tanışlığımız birinci dəfə “Molla Nəsrəddin” məcmuəsi ilə başladı. Onun özü satiraçılıqda qüdrətli bir qələmə malik olduğu üçün satira yazanlarla tanış olmağı da sevirdi. Mən hələ Ordubadda olduğum zamam rəssam Əzim Əzimzadə ilə tanış idim və onunla tez-tez məktublaşırdım. Günlərin birində müştərək yazılmış bir məktub aldım. Məktub Əzimzadə, Üzeyir bəy, bir də o zamanın satiraçılarından birisi tərəfindən yazılmışdı. O məktubda Üzeyir bəy yazırdı:
“Səid! Təəccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yığışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bilərsən, səninlə yaxından tanış olarıq, sənin irəli getməyin üçün imkan yaradarıq. Əzimzadənin dediyinə görə, qoçulardan qorxduğun üçün Bakıya gəlmək istəmirsən. Bu barədə heç də qorxmağa gəlməz. Mənə inan, qoçuların özü də satiranı gülə-gülə oxuyurlar. Sənin “Molla Nəsrəddin” məcmuəsində “Pilov cəzair müctəməsinin əhval coğrafiyası” ünvanlı satiran çox xoşuma gəldi. Onu daima yorğun olduğum vaxt götürüb oxuyuram. Hətta qarınqulu mollalar belə, acıqlandıqlarına baxmayaraq, bu yazını gülə-gülə, dönə-dönə oxuyurlar. Mən məsləhət görürəm ki, belə şeyləri yazanda oxucunu yalnız güldürməyə diqqət vermə, onları düşündürməyə də çalış!
Sənin qaibanə dostun H.Üzeyir”.
Üzeyir ilə yaxından tanışlığımız Oktyabr inqilabından sonra başladı. Mən iyirminci ildə Həştərxandan Bakıya gəldim. O zaman Bakı ziyalıları və yazıçıları ilə hələ tanış olmamışdım, yalnız rəssam Əzimzadə və Haqverdiyevlə görüşə bilmişdim. Bir az sonra mərhum Cəfər Cabbarlı ilə “Əxbar” qəzeti idarəsində tanış oldum. Üzeyiri görə bilməmişdim. Bir neçə gündən sonra məni “Əxbar” qəzetində müdir müavini təyin etdilər. Bu radələrdə Üzeyirlə birinci dəfə olaraq üz-üzə gəldik və tanış oldum. Bu görüşdə, yadımdadır, Üzeyir əlimi sıxdı və gülümsəyərək dedi: – Daha qorxmursan ki!..
Əlbəttə, bir dəfə görüşməklə Üzeyir kimi bir sənətkarı öyrənmək mümkün ola bilməzdi. Təsadüfi görüşlər zamanı dəxi sənət barəsində danışmaq çətin idi. Bəzən görüşlərdə iştirak edən başqa adamların aralığa atdığı cürbəcür mövzular sənət barəsindəki söhbətlərə imkan vermirdi. Mən Üzeyirin əsərlərinin heç birisini görməmişdim. Birinci olaraq onun “Arşın mal alan” musiqili komediyasının tamaşasına getdim. Zənn edirdim ki, gecədə Üzeyir bəy ilə görüşmək mümkün olacaqdır. Lakin o, teatra gəlməmişdi. Bu əsərin tamaşasından aldığım təsirat çox böyuk oldu. Əvvəla, bu əsərdə Üzeyir bəyin bir bəstəkar olmaqdan başqa, bacarıqlı dramaturq və satira ustası olduğunu müəyyən edə bildim və öz-özümə: “Üzeyir bəy öz epoxasının təzə adamıdır” – deyə şadlandım. O, bu əsərində çürümüş aristokratiyanın iç üzünü göstərdiyi kimi, qadınlar barəsində olan köhnə nəzəriyyəni də lazımi qədər baltalamışdı. Üzeyir bəy ilə yaxından tanışlığımız 1929-cu illərdən başladı. O zaman Azərbaycan musiqisinin inkişaf yolları geniş müzakirə olunurdu.
Üzeyir bəy bu məsələdə hamıdan artıq rahatsız olur və musiqimizin gələcəyi üçün düşünürdü. Musiqimiz üzərində başlamış dedi-qodular gündən-günə artırdı. Bu zaman partiya və hökumətin köməyi ilə Üzeyir bəy Azərbaycan radio komitəsinin təşəbbüsü nəticəsində xalq çalğı alətlərindən notlu orkestr düzəltməyə başladı. Həmin bu zamanlarda mən Azərbaycan radio komitəsinin ədəbiyyat şöbəsini təşkil və idarə edirdim. Üzeyir bəylə tez-tez görüşürdüm. Bəzən onun çalanlarla keçirdiyi məşqlərlə maraqlanırdım. Buradan aldığım qənaət notlu orkestr barəsində aralıqda gedən dedi-qoduların və bədbinliklərin yersiz olduğunu göstərirdi və mən Üzeyirin müvəffəqiyyət qazanacağına qəti inanmağa başladım. Bu zamanlar Üzeyir məni nəğmələr üçün şeir yazmağa maraqlandırdı. Bir neçə şeirimə musiqi yazdı. Nəhayət, günlərin birində o, radio idarəsində (tənəffüs zamanı) yanımda oturub ədəbi verilişlərimizin vəziyyəti barəsində danışdı. Sonra bir papiros yandırıb dedi ki: “Xırda işlərdən fayda yoxdur. Hələlik orkestr ilə məşğulam, bir neçə gündən sonra sənə bir söz deyəcəyəm, elə bilirəm ki, sən onu bacararsan, ancaq nigaran qalma, dediyim söz incəsənətə aiddir”.
O, gedəndən sonra mən çox düşündüm… nəhayət, onun təzə bir opera yazmaq fikrində olduğunu müəyyən etdim. Bu söhbətdən bir ay sonra məni opera teatrına çağırdılar və “Dəmirçi Gavə” pyesi əsasında bir opera librettosu yazmaq üçün müqavilə bağladılar. Mən bu barədə Üzeyir bəylə tez-tez görüşürdüm. Biz əsərin xorları, ariyaları barəsində məsləhətləşirdik. Bəzən o mənə ölçülər verdiyindən məlum olurdu ki, o, əsərin ariya və xorlarından bir çoxunu yazmışdır. Bu əsər üçün görüşlərimiz bir ilə qədər davam etdi. Bu müddətdə librettonu yazıb bitirdim. Onu oxuyub təsdiq etdilər. Artıq oturub işə başlamalıydıq. Üzeyirlə bir neçə gün oturduq, lakin heç bir iş görmədik, nədənsə Üzeyir çox tərəddüdlü görünürdü. Nəhayət, o öz qəlbini açıb dedi:
– “Dəmirçi Gavə”nin librettosu üzərində çox zəhmət çəkdin, mən də az zəhmət çəkməmişəm. Ancaq mən fikrimi dəyişmişəm. Bəzən yaxşı bir iş üçün böyük zəhmətləri qurban etməyin də eybi yoxdur. Biz “Dəmirçi Gavə” operasının əvəzinə elə bir əsər yaratmalıyıq ki, onunla xalqımızın varlığına qəhrəmanlıq ruhu aşılamaq mümkün olsun.
Biz sükuta daldıq. Bu sükut bir çay içmək və bir papiros çəkmək qədər davam etdi. Nəhayət, mən ona sual verdim:
– Nə etmək istəyirsən?
– Koroğlu dastanı əsasında bir opera yazmaq xəyalındayam. Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içərisində itib getmişdir. Koroğlu kimi səbatlı bir üsyançını orta əsrlərə məxsus bir çapğın və eşqbaz qələmə verirlər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Koroğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üsyan təşkilatçısı kimi feodallara qarşı mubarizə apardığını səhnədə görməlidir.
Üzeyir bu sözlərdən sonra mənə bir daha müraciət etdi:
– Demək ki, biz bunu qərara alırıq! – dedikdə, mən də əlimdəki çay stəkanını yerə qoyub:
– Bəli, qərarlaşdıq, – deyə cavab verdim.
Bir neçə gündən sonra opera teatrının müdiriyyəti məni çağırıb “Koroğlu” operasının librettosunu yazmaq üçün müqavilənamə bağladı.
Biz əvvəlcə bir neçə gün oturub librettonun planını hazırladıq. Ariyaların, xorların və reçitativlərin yeri və ölçüləri müəyyən edildi. Bu iş bir qədər asanlıq yaratdı. Əsər parça-parça yazıldı. Beləliklə, libretto yazılıb qurtardığı zaman, demək olar ki, musiqi də yazılıb qurtardı.
Saat birdən dördə qədər oturub işləməyi qərara almışdıq. Ancaq bəzən vaxtları dəyişdirmək lazım gəlirdi. İşin gedişində onun bir xasiyyəti nəzərimi cəlb edirdi: hər gün işə başla-mazdan əvvəl mənim işə həvəsim olub-olmadığımı yoxlayırdı. Hərgah məndə bir kədər hiss edirdisə, mütləq əhvali-ruhiyyəmi düzəltməyə və lətifələr vasitəsilə kədərlərimi unutdurmağa çalışırdı. Sonra da işə başlayırdıq. Elə günlərimiz olardı ki, vaxtımız yalnız əsərin mündəricəsi üzərində gedən mübahisəyə sərf olunardı, bir misra belə yazmazdıq (hər bir səhnənin yazılışına uzun mübahisələrdən sonra başlardıq). Bizi çox məşğul edən səhnələrdən birisi də Həsən xan ilə Əhsən paşanın görüş səhnəsi oldu, çunki yalnız bu səhnənin vasi-təsilə əsərin siyasi mündəricəsi tamamlana biləcəkdi. Böyük mübahisəyə səbəb olan səhnələrdən birisi də “Çənlibel” səhnəsi oldu. Mən, Koroğlu kimi bir qəhrəmanın çox tez inanan və sadəürəkli bir adam göstərilməsinə razı ola bilmirdim. Onun keçəl Həmzə bəyi tövləçiliyə (mehtərliyə) qəbul etməsini yersiz hesab edirdim.
Lakin Qıratı oğurlatdırmaq üçün də başqa bir yol yox idi. Üzeyir bir çox əsərlərdə göstərilən qəhrəmanların sadəürəkli olmalarından misallar gətirib dedi:
– Qəhrəmanlarda tez inanmaq və sadəürəklilik təbii bir xarakterdir, eyni zamanda bu hadisə əsərin gedişi ilə üzvi surətdə bağlı olduğundan, başqa cürə göstərməyimiz mümkün deyil.
Üzeyir çox tələsik və sürətlə işləməyi sevməzdi. Mən əsərin əlimizdə yubandığını ona söyləmişdim. Nəhayət, o, mənə belə cavab verdi.
– Əsərin tez başa gətirilməsinə tələsmək lazım deyil. Biz bu əsərin üzərində nə qədər çox işləsək, əsərdə o qədər səhnədə çox davam edə bilər.
Bəstəkarın bu nəsihəti nəticəsində “Koroğlu” operasının bəzi parçalarını bir neçə dəfə dəyişmək məni heç də darıxdırmırdı.
Bir dəfə Üzeyirdən soruşdum:
– Nə üçün bəzi musiqi parçalarını royal qarşısında oturmadan yazırsan? O, gülümsəyərək dedi:
– Bəstəkar musiqi alətlərinin verdiyi səsləri o qədər dərindən mənimsəməlidir ki, bəzən royal və piano olmadan da əsər yaratmağı bacara bilsin.
Üzeyir bir çox hallarda fikrində canlandırdığı bir əsəri ancaq yoxlamaq məqsədilə royal qarşısında oturardı.
“Koroğlu” operasının yazılışı zamanı mən ancaq “Çənlibel” səhnəsindəki xorun musiqisini təfsilən eşidə bildim. O, ölçüləri mənə öyrətmək üçün bu xoru bir neçə dəfə royalda səsləndirdi.
Görünür ki, Üzeyir özü də bu xorun musiqisi ilə maraqlanırdı. Bəzən bu xoru royalda çaldığı zaman həyəcanından titrədiyini hiss edirdim. O, daima deyərdi ki:
– Hələlik musiqimiz xalqımızın zövqünü çox az təmin edə bilir, çünki onun üzərində az işlənmişdir. Onu xammal şəklindən çıxarıb mədəni bir vəziyyətə salmaq, aləmşümul etmək lazımdır. Mən “Koroğlu”da bu məqsədi tamamilə həyata keçirə bilməsəm də, onun bünövrəsini qoymaq istəyirəm. Bəstəkarlarımız bilməlidirlər ki, musiqimizi kütləyə yaxınlaşdırmaq üçün bu yol ən doğru yoldur.
Üzeyirin “Koroğlu” operasının yazılışında yürütdüyü əsas məqsədlərdən birisi də, Azərbaycan xalq musiqisini dar çərçivədən çıxarıb inkişaf etdirmək və səhnəyə çıxarmaqdan ibarət idi. Buna görə də bəstəkar “Koroğlu” operasında inkişaf etdirilmiş havalara geniş yer vermiş və bu vəzifənin öhdəsindən çox müvəffəqiyyətlə gələ bilmişdir. Bizim Üzeyir ilə etdiyimiz mübahisələr içərisində tarın “Koroğlu” operası orkestrində iştirak etməsi məsələsi də var idi. O, fikrini izah edərkən belə deyirdi:
– Mən tarın bu operada iştirak etməsi üçün başqa cür düşünürəm. Sən özün fikirləş: hərgah mən tarı milli bir alət olduğu üçün irəli çəkmək istəsəydim, o zaman kamançaya da müəyyən yer verərdim. Lakin, bu lazım deyildir. Şərq musiqisi əsasında yazılan əsərdə kamançanın vəzifəsini skripka daha yaxşı, bədii bir surətdə ifa edə bilər. Lakin tar belə deyil, tarın tembri orkestrdə yenilik yaradır və onun incə səsləri artıq dərəcədə xoşa gəldiyi üçün orkestrə daxil edilməsini lazım bilirəm.
Mən Üzeyirin yaradıcılıq barəsindəki fikirlərindən öz yaradıcılıq işlərimdə də istifadə edirdim. Üzeyir bəy dedi-qodulara və birtərəfli tənqidlərə əhəmiyyət verməzdi. O deyirdi: “Bu cür dedi-qodular və yersiz tənqidlər insanın yaradıcılıq fəaliyyətini artırmalı və inadını coşdurmalıdır. Belə işlərin cavabı mükəmməl bir əsər yaratmaqdan ibarətdir!”
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?