Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 4

Текст книги "Üzeyir Hacıbəyli xatirələrdə"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Коллектив авторов


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

Biz hamımız qafqazlı balalarıyıq, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun, yek-digərimizin qəm və fərəhindən hissəyab olaq… Din, millət ayrılığı bizim tifağımıza sədd olmasın gərək!

Bəs himmət edəlim, qeyrət edəlim, Qafqaz balaları! Keçən keçdi, keçənə güzəşt deyərlər”.

Bu sətirlərdə təmiz, saf, vətənpərvər və insanpərvər bir ürək çırpınır. Bu ürək son nəfəsə qədər elə bu hislərlə çırpındı. Üzeyir Hacıbəyov böyük humanist və beynəlmiləlçi kimi dünyadan getdi. Bu ideallar onun canında idi, qanında idi və gündəlik işində, fəaliyyətində özünü göstərirdi.


MUSTAFA BƏY TOPÇUBAŞOV

Həkim, cərrah, akademik


Şirinli-acılı xatirələrim


Gərək ki, Üzeyir bəydən on yaş kiçiyəm. Yaş fərqimizi imkanım olsaydı, on əsr edərdim. Məncə, Üzeyir bəy, əsrimizdə Azərbaycanın bir nömrəli vətəndaşı olub. Mən gözümü açandan o, xalqımızı təmsil edirdi. Üzeyir bəy haqqında, İrəvanda gimnaziyada oxuyanda, rus dili və şəriət müəllimlərindən, Kiyev darülfünununda isə görkəmli professorlardan çox şey eşitmişdim. Onun adı çəkilən yerdə mənə münasibət mülayimləşərdi…

Üzeyir bəy haqqında danışmaq da, yazmaq da çox çətindir. O, xalqımızın tərəqqi səmasının Dan ulduzu idi və elə də qalır. Bəzən Üzeyir bəyə “milli operamızın banisi” deməklə kifayətlənirlər. Məhdud qiymətdir. Bəs onun müəllimliyi, jurnalistliyi, yazıçılığı, filosofluğu… Mən deyərdim: Üzeyir bəy XX əsr mədəniyyət və incəsənətimizin hər cəhətdən əzəlidir…

Üzeyir bəyin fəaliyyəti Oktyabr inqilabından əvvələ və ondan sonraya təsadüf edir. Ancaq Üzeyir bəy həmişə Üzeyir bəy olaraq qalmışdır. Tərəqqipərvər, humanist, mübariz… Qəzetlərdəki yazılarında, yığıncaqlardakı çıxışlarında köləliyin, fanatizmin qəddar düşməni, maarifpərvər ziyalı və musiqişünas kimi danışardı. Tərəqqi, xüsusilə musiqimizin bərpası və təbliği Üzeyir bəyin həyat vəzifəsi idi. Onun hər yazısından, hər çıxışından sonra xüsusilə, musiqi ictimaiyyətimizdə bir yenilik əmələ gələrdi. Belə çıxışları çox olmuşdu. Məsələn, onun Fenomen klubundakı çıxışından sonra Bakıda bir neçə musiqi dərnəyinin, musiqi müəssisəsinin təməli qoyuldu. Gərək ki, 1921-ci ildə respublika Maarif Komissarlığında ziyalıların yığıncağı keçirilirdi. Mən və Reyhan xanım da iştirak edirdik. Üzeyir bəyin çıxışı oldu. O, Azərbaycanda konservatoriyanın açılması məsələsini irəli sürürdü. Və tezliklə respublikamızda konservatoriya təşkil edildi.

İnanın ki, Azərbaycanda musiqi dərnəklərinin, xorun, musiqi şöbələrinin, orkestrin, musiqi məktəblərinin, nəhayət, konservatoriyanın, incəsənət institutunun yaradılmasında Üzeyir bəyin müstəsna fəaliyyəti olub.

Bütün bunlardan sonra Üzeyir bəy ildə bir-iki səhnə əsəri yazırdı. Məni qınamayın, Üzeyir bəyin opera və musiqili komediyalarının sayı elə bil indi azalıb. İyirminci, otuzuncu illərdə onun həftədə iki-üç əsəri tamaşaya qoyulardı. İndi çoxları onların bəzilərinin adlarını belə unutmuşdur…

Mən Üzeyir bəyi Avropa bəstəkarlıq məktəbinin Bax, Verdi, Motsart, Bethoven, Şostakoviç və başqa nümayəndələri ilə müqayisə etmək istəmirəm. Daha doğrusu, çətinlik çəkirəm. Çünki Üzeyir bəy Hacıbəyov məktəb nümayəndəsi deyil, özü ayrıca bir məktəb idi.

Səməd Vurğunun Üzeyir bəy haqqında gözəl bir şeiri var. O vaxt Səmədin özünə demişdim, indi də sizə deyirəm: Üzeyir dünyada “şirin bir xatirə kimi” deyil, əbədi bir “incəsənət məktəbi” kimi qaldı.

Bir dəfə məni klinikaya ağır xəstə üstünə çağırmışdılar. Tələsik bütün palatalara baş çəkdim. Xəstələrdən biri heyranlıqla klassik musiqiyə qulaq asırdı. Dəfələrlə “professor palatadadır” desələr də eşitmədi. Çarpayısının yanında ayaq saxladım. Görən kimi diksindi. Salamlaşdıq.

– Üzeyir bəydir, professor, – dedi.

Xəstə Üzeyir bəyin əsərlərindən parçalara qulaq asırdı. O, sanki özünü təqdim edirmiş kimi:

– Vaxtilə Bibiheybətdə mənə nəğmə dərsi verib, – dedi.

Mənim Üzeyir bəyə hədsiz hörmətimi klinikaya düşənlər də, onların qohum-əqrəbaları da bilirdi. Hamı bu fikirdə idi ki, Üzeyir bəyin ana dilindən, hesabdan, rus dilindən, nəğmədən dərs dediyi adamlar klinikada xüsusi qayğı ilə əhatə olunurlar. Burada müəyyən həqiqət var. “Üzeyir bəyin tələbəsi” sözləri mənim üçün indi də ən müqəddəs “parol” olaraq qalır.

… Bir az əvvələ qayıtmaq istərdim. Gərgin operasiyalardan sonra bir gün evə çox yorğun qayıtmışdım. Evdə rahatlıq tapa bilmədim. Reyhan xanımla dəniz kənarına çıxdıq. Oğlum İbrahimi də aparmışdıq. Üzeyir bəylə rastlaşdıq. Tanışlığımız vardı, ancaq yaxınlıq etmirdik. O vaxt Üzeyir bəyin operaları, operettaları səhnədən düşmürdü. Tez-tez mahnılarından ibarət konsertlər təşkil edilirdi. Reyhan xanım da incəsənət sahəsində işlədiyindən onlar bir-birini tanıyırdılar. Səhnəmizin qadından kasadlıq çəkdiyi dövrlərdə Reyhan xanım ona qadın aktrisa tapmaqda kömək edir, onların geyimi, qrimi ilə məşğul olurdu.

Xəzər sahilində xeyli gəzdik. İbrahim nadinclik edirdi. Reyhan xanım Üzeyir bəyə müraciətlə:

– Əmisi, İbrahimi hansı sənət aləmində görmək istərdiniz? – dedi.

O, diqqətlə uşağı süzdü və dedi:

– Koroğlu obrazında.

Biz bir-birimizin üzünə baxdıq. Belə bir əsər varmı və müəllifi kimdir?

Nigarançılığımızı görüb Üzeyir bəy dilləndi:

– Narahat olmayın, siz oğlunuzu böyüdün, mən “Koroğlu”mu. Gələcək hər şeyi həll edər.

Səmimi söhbətə başladıq. Üzeyir bəy dedi:

– Bu günlərdə ata yurduna getmişdim. Cərrahların dili ilə desək, kəsiyim şirin ətə çıxdı: Bir neçə xalq mahnısını “diriltdim”.

Həmin mahnılardan birini oradaca zümzümə etdi. Bayaqdan fürsət gözləyən Reyhan xanım dilləndi:

– Gözün cərrah görsün, cərrah Mustafa bəy. Bu sənin üçün qrija deyil, kor bağırsaq deyil…

Beləliklə, adi tanışlığımız əbədi dostluğa çevrildi. Üzeyir bəyin səhhəti məni daim narahat edirdi. Çox vaxt işdən zəng edirdim ki, bu axşam şam etməyə sizə gələcəyəm. Əslində, onun səhhətini öyrənmək istəyirdim. Doğrudan da, yalnız bir sahədə ixtisaslaşan adamlar tək qanadlı quşa bənzəyirlər. İnsan öz “tək qanadlılığını” Üzeyir bəy kimilərlə ünsiyyətdə daha aydın dərk edir. Bəzən fikirləşirdim ki, bir adamın sinəsində neçə ürək olar. Sualıma özüm cavab verirdim: yəqin ki, bir. Bəs bir ürəyə bu qədər iş necə sığışır, bir ürəklə bu qədər necə işləmək olur…

Bir dəfə “Leyli və Məcnun” operasına baxırdıq. Üzeyir bəylə qabaq sırada oturmuşduq. Opera artıq 20 ilə yaxın idi ki, oynanılırdı. Artistlərdən çoxu operanı başdan-ayağa əzbər bilirdi. Çalğıçılar da həmçinin. Bununla belə, Üzeyir bəy dəfələrlə qalxıb gah səhnə arxasındakı artistlərə, gah çalğıçılara yaxınlaşırdı. Qayıdanda üzr istəyirdi.

– Mustafa bəy, əsər də övlad kimidir. Böyüyüb ərsəyə çatsa da, özünə ailə qursa da, fərqi yoxdur, gözü yenə də ata ocağında qalır…

Nədənsə qanı qaraldı. Belə güman etdim ki, “operadan kənar”lıq görmüşdür. Onu ovundurmaq məqsədilə dedim:

– Deyəsən, Hüseyn bir az nasazdır.

Ətrafımdakılar bir şey başa düşmədi. Üzeyir bəysə gülümsündü:

– Xəstələnib ki, Məcnun olub də, – dedi. Və əlavə etdi:

– Düzdür, həkimlər də incəsənət işçisidir, ancaq burada cərrahlıq bir iş yoxdur.

Üzeyir bəy çox cəfakeş adam idi. Onun “lüğət kitabı”nda bəlkə də “istirahət” sözü gecə-gündüz işləmək demək idi. Yaradıcılığa başı o dərəcədə qarışmışdı ki, səhhətini tamamilə unutmuşdu.

Yaxın qohumlarından biri yanıma gəlmişdi. Onu “parolsuz” tanıyırdım.

– Mustafa bəy, – dedi, – vacib bir məsələ üçün sizin köməyinizə möhtacıq. Üzeyirin gözü yaman zəifləyib. Biz deyəndə zarafata qoyur. Bəlkə siz danışasız, müalicəyə gedə. Özünün Odessada tanış professoru da var.

Söz verdim ki, yola gətirərəm. Ancaq tələsmədim. Dedim, bəlkə özü yola gələ. Gördüm, xeyr, tərpənən deyil. Məyus etməkdən də çəkinirdim. Necə deyim ki, “belə getsə, bir iki ilə gözlərin…”

Axır ki, söz salmağa məqam düşdü. Məyus etmək nədir, Üzeyir bəyi sevindirdim, ürəyini açdım.

–Həyatda heç nə itmir, Mustafa bəy. Gözümün işığı zəif-ləyirsə, demək kiminsə gözünün işığı qüvvətlənir. Burada kədərli nə var ki?

Təkid etdim. Bir şey çıxmadı.

– Bu gözlərlə indən sonra bir əsr işləmək olar. Sağ olsun eynək icad edəni…

Müharibədən sonrakı illərdi. Bakıya Moskvadan bir qrup incəsənət işçisi gəlmişdi. Üzeyir bəy onlarla vida məclisi düzəltmişdi. Məni də dəvət etmişdi. Bizim incəsənət işçilərindən də vardı. Bakılı bəstəkarlardan biri Üzeyirə yaxınlaşdı və dedi:

– Çox eşitmişik ki, musiqi müalicə edir, həkim tibb işçisidir. Bəs bu tarda, qavalda təbabətə aid bir kök, bir pərdə niyə yoxdur? Bəlkə ata-babalarımız unudublar?

Sual mənə görə verilmişdi. Cavabını nə mən verdim, nə Üzeyir bəy. Ayağa qalxan Səməd oldu:

– Musiqi alətlərimizin hamısı ata-baba tərəfindən köklənib, – dedi, bəlkə elə buna görə ən yaxşı məlhəm də onlardır.

1948-ci ilin əvvəlləri idi. Reyhan xanım klinikaya zəng vurub Üzeyirin məni soruşduğunu söylədi. İşdən sonra yanına getdim. Məni gözləyirmiş. Səhhətindən gileyləndi. İş-gücü tökülüb qalmışdı. Mən onu sakitləşdirməyə çalışdım:

– Üzeyir bəy, sabah, ya birisi gün sorağın Cıdır düzündən gələcək. Hansı itgin nəğmənisə vətəninə qaytarıb, yaşamaq haqqı verəcəksən…

Üzeyir bəy bədgüman halda mənə baxdı. Gülümsündü. Bu, mənim Üzeyir bəyin dodaqlarında gördüyüm son təbəssüm idi. Əlində tutduğu eynəyi yuxarı qaldırıb dilləndi:

– Mənə yox, Mustafa bəy, mənə yox. Bilirsənmi…

Fikrini tamamlaya bilmədi. Yatdığı çarpayıya, yorğan-döşəyə elə kinli-kinli baxdı ki, imkanı olsaydı neft töküb kibrit çəkərdi.

Mən stulumu ona bir az da yaxın çəkdim. Biləyini əlimə alıb, barmaqlarını ovxaladım. Ürəyimdən qara qanlar axdı. Fikirləşdim ki, bu barmaqlarda hələ nə qədər natamam nəğ-mələr, şeirlər, dram əsərləri, duzlu-məzəli hekayələr qalıb… Bircə onları tamamlasaydı. Üzeyir onları yox, yarımçıq qoyduğu cümləsini yekunlaşdırdı.

– Bilirsənmi, Mustafa bəy, sən deyən “Sənsiz”dir, “Leyli və Məcnun”dur, “Koroğlu”dur… Mən onlara çevrilirəm.

Böyük sənətkar “çevrilirəm” sözünü elə titrək səslə dedi ki, sanki öz doğma övladları ilə vidalaşırdı.

Evə qanıqara qayıtdım. Başımda qarışıq fikirlər yataq otağına keçdim.

Yuxumda gördüm ki, Üzeyir bəy yığışıb Qarabağa köçür. Köçmək niyə, bəlkə ezamiyyətə gedir. Oyandım. Zəng etməyə əlim gəlmədi. Saat dörd radələrində onlara getdim. Sakitcə yuxuya getmişdi. Yanındakılar dedi ki, bu axşam rahat olub. Qayıtdım.

O gün klinikadan çıxandan sonra yenə Üzeyirbəygilə getdim. Bir-birinin üstünə qoyulmuş iki balınca söykənib, jurnal oxuyurdu. Eynəyini çıxarıb stolun üstünə qoymuşdu. Gümrah səslə:

– Mustafa bəy, sən deyirdin inanmırdım. Dünəndən bəri lap yaxşıyam. Tapşırmışam, Qarabağa yola düşməyimə tədarük görürlər.

Ancaq Üzeyir bəy, mən bilən ondan sonra doğma Qarabağa heç vaxt yola düşmədi. 1948-ci ilin payızında o, həyatla həmişəlik vidalaşdı. Əlbəttə, cismən… Çünki Üzeyir bəyi həyatsız, həyatı Üzeyir bəysiz düşünmək mümkün deyil…

Üzeyir bəy sağlığında bir dəfə məndən soruşdu:

– Müslümlə tanışlığın varmı?

Gözlənilməz sual idi. Mən onların qohumluqlarını, dostluqlarını bilirdim. Ancaq Müslümlə yaxın deyildik. Cavabımın ləngidiyini görən Üzeyir bəy özü dilləndi:

– Demək belə. Görünür sən mənimlə də hələlik əməlli-başzlı tanış deyilsən. Kişi dünyaya mənə “dublyor” gəlib, sənsə hər şeydən xəbərsizsən…

Müslüm bir cəhətdə də bacanağına çəkmişdi, o da müali-cə olunmaqda səhlənkardı. Dörd aydı onu Moskvaya yola sala bilmirdilər. Sağ qabırğasının altından qalxan ağrılar kəskinləşəndə yola “hazırlaşır”, sakitləşəndə hər şey yadından çıxırdı. Getməyini gah ayın əvvəlinə, gah axırına salırdı. Əhvalat Üzeyir bəyə çatanda onu əməlli-başlı tənbeh etmiş, “Uzaq Şərqdən, xarici ölkələrdən, Mustafa bəyin üstünə gəlirlər, sən də həkim sorağına düşmüsən”, – demişdi. Müslümsə “sirrini” açmışdı:

– Professor Topçubaşov müayinədən sonra operasiya olunmağı təklif etsə, bəs onda…

Müslümün dili-dodağı təpmişdi. Nə istəyirsən de, bircə onun yanında operasiyanın adını çəkmə.

Məsləhət gördüm ki, tələsmək lazım deyil. Moskvaya getməsini də üzə vurmayın. İndi fürsət taparıq, danışarıq və mən onu operasiyasız müalicə edərəm.

Bir dəfə opera və balet teatrında Türkiyə artistlərinin konserti gedirdi. Üzeyir bəy mənə dörd bilet göndərdi və telefonla dedi ki, mütləq gəl, “filankəs” də orada olacaq. Məsələ aydın idi. Mən, Reyhan xanım və qardaşlarımla birlikdə teatra getdik. Vədələşdiyimizə görə, Üzeyir bəy bizi teatr binasının girəcəyində gözləyirdi. Görüşüb salamlaşdıq. Keçib yerimizdə əyləşdik. O, məni kənara çəkdi. Düz giriş qapısının yanına gətirdi. Yaşlı kişiyə dedi:

– Məni tanıyırsan, dayı?

Kişi pərt oldu. Titrək səslə:

– Əyib sözdü, oğul, Üzeyir bəyi tanımamaq olar?

– Lap yaxşı. Bəs Müslümü necə?

– Məlum məsələdir. Sizin biriniz medalın üzü, o biriniz astarısınız. Sözünü de, mətləbə keç.

Üzeyir bəy mənə baxıb gülümsədi. Elə bildim vaxtilə aramızda olan söhbətin “sübut-dəlil”ini təsdiq edir. Lakin mətləb başqa imiş.

– Dayı, Müslüm gəlib keçib?

– Keçib, bala, elə bir az olar girdi.

– Sizdən bir xahişim var, nə badə onu mənsiz bayıra buraxasınız.

– Başa düşmədim, Üzeyir bəy. Yəni Müslümü tutub saxlayım?

– Tutub saxlamaq niyə, dayı? Siz rəsmi tapşırığı yerinə yetirirsiniz. Müslüm üçün söz kəsəni qılınc da kəsmir…

Biz içəri girib Müslümü axtardıq. Demə, o, bizi bayaqdan görübmüş və haqq-hesabı başa düşübmüş. Ancaq özünü o yerə qoymadı. Salamlaşıb görüşdük. Bizi qabaqladı:

– Mustafa bəy, igid basdığını kəsməz, – çevrilib Üzeyir bəyə göz vurdu. Oturmağı təklif etdi.

Konsertin başlanmasına hələ vardı. Aralıqda var-gəl etdik. Mədəniyyətdən, təbabətdən, beynəlxalq məsələlərdən danışdıq. Axırda əsas mətləbə də Müslüm keçdi. Söz verdi ki, klinikaya gələcək. Ağrılar onu işləməyə qoymur. Üzeyir bəy dilləndi:

– Bəlkə yaşamağa demək istəyirsən. Yaxşı deyiblər: qoç döyüşünə qoç gərək.

Müslümün cavabı da kəsərli oldu:

– Yaşamağa qalsaydı, dözərdim.

Mən söz verdim ki, operasiya etməyəcəyəm. Öd daşları-nın müalicəsində yeni üsulum var. Xüsusi sifonla öd kisəsinə, öd yoluna efir yağı narkozu tökməklə, yaxud onu dəri altına vurmaqla daşları əritmək olur.

Müslümün eyni açıldı. Onda bayaqkı vahimədən əsər-əlamət qalmadı.

– Mustafa bəy, sizin yeni dərmanınız haqda eşitmişəm. Bizimkilərdən yox, Moskvadan. Deyirlər onun əsasını şaftalı yağı təşkil edir. Olmazmı elə çoxlu şaftalı yeyəm?

Hamımız gülüşdük.

– Olar, – dedim, – bir şərtlə ki, suyun da, çörəyin də, işləməyin də yerinə şaftalı yeməlisiniz.

– Yəni gündə neçə kiloqram?

–14-15 kiloqram. Özü də bütün fəsillərdə.

Üzeyir bəy dilləndi:

– Ay Müslüm, bunun üzü astarından baha oldu ki…

… Konsertdən çıxanda Müslüm mən tərəfə keçib, qoluma girdi.

– Mustafa bəy, klinikaya xüsusi bir vaxtda gəlmək istəyirəm.

– Buyurun, – dedim.

Hiss etdi ki, fikrini mənə çatdırmadı.

– Yəni skalpeliniz klinikada olmayanda…

– Yox, əzizim, mənim klinikada olmadığım gün mümkündür, skalpelimsə daim oradadır. Ancaq sözümüz sözdür…

Bir neçə gündən sonra Müslüm Maqomayev beş-altı dost – tanışını da başına yığıb klinikaya gəldi. Müayinəni dəqiqləşdirdim. Həm öd kisəsində, həm də öd yolunda iri və qumvari daşlar vardı. Efir-yağ narkozu ilə başa gələsi iş deyildi. Mütləq operasiya olunmalı idi. Tələsmədim. Əvvəlcə Müslümü professor-terapevtlərdən Əfəndiyevin, Mailyanın konsultasiyasına göndərdim. Dərman alıb içdi. O qədər təsiri olmadı. Ancaq Müslümün klinikaya ayağı açıldı. Getdikcə ağrılar şiddətlənirdi. Qum dənələri onun sinəsi üstə “dağ ağırlığı” salırdı. Dözə bilmədi. Axırda operasiya etməyə razı oldu. Mən bunu çoxdan gözləyirdim. Tez hazırlıq üçün göstəriş verdim. Palatasına qayıdıb:

– Müslüm, bəlkə bir-iki gün təxirə salaq, – dedim.

– Yox, Mustafa bəy! Yox, bir-iki gündə bilirsinizmi neçə dəfə ilan kimi qıvrılmalıyam…

Operativ əməliyyat yaxşı keçdi. Müslümün öd kisəsindən və öd yolundan yüzdən artıq irili-xırdalı daş çıxartdım. Operasiyadan sonra altmış saat yatdı. Çarpayı yoldaşları zarafatla: “Bəstəkar qış yuxusuna gedib” deyirdilər.

Palatada danışırdılar ki, Müslüm Maqomayev oyananda soruşub:

–Axşamdan yatdığımdırmı?

Yoldaşları gülüşüblər və özündən soruşublar:

– Hansı axşamdan Müslüm?

O, çaşqınlıqla:

– Axşamın da hansısı olurmu? – deyib.

… Müslümün çöhrəsində yağışdan sonrakı səma aydınlığı, məsum körpə təbəssümü yarandı. Skalpelə rəğbəti qat-qat artdı. Əvvəllər məndən qaçdığı halda, indi ayrılmaq istəmirdi. Mən ona qeyri-adi bir adam kimi görünürdüm.

Müslüm Maqomayev bundan sonra məni unutmurdu. Mənim harada olduğumu və olacağımı ailəmdən qabaq o bilirdi. Çoxları məni “itirəndə” Müslümdən soruşurdu. Bütün bayramlarda, əlamətdar günlərdə zəng edir, təbrik teleqramı vururdu. Mənə bağışladığı bir kitabın üz qabığına belə bir cümlə yazdığı da yadımdadır: “Dağ var, qum dənəsi ağırlığında, qum dənəsi var dağ ağırlığında”.

Müslüm Maqomayev görkəmli bəstəkar olmaqdan başqa, respublikamızın ictimai həyatının iştirakçısı idi. Bir neçə ictimai və rəsmi vəzifə daşıyırdı. Bütün bunları deməkdə sözümün canı var: Müslüm Maqomayev birotaqlı mənzildə yaşayırdı. Ancaq bir dəfə də olsa onun öz evinin darısqallığından gileyləndiyini eşitmədim. Axırda dözməyib özüm soruşdum. Güldü.

– Doktor, – dedi, – kürreyi-ərz mənim pianoma, pianomsa otağıma yerləşib. Müslümə bundan artıq nə lazımdır ki?


RZA TƏHMASİB

Aktyor, rejissor, xalq artisti


Müqtədir sənətkar


Mən Üzeyir Hacıbəyovun musiqimizdəki mövqeyini Mirzə Fətəli Axundovun dramaturgiyamızdakı mövqeyi ilə müqayisə edərdim. Əgər M.F.Axundov Azərbaycan ədəbiyyatında dramaturgiyanın müjdəçisi və banisidirsə, Ü.Hacıbəyov professsional musiqimizin ilk qaranquşu və ustadıdır. Mirzə Fətəli rus və Avropa dramaturgiyasından böyük ustalıqla bəhrələnibsə, Üzeyir kamil bir bəstəkar və musiqişünas alim kimi Azərbaycanın son dərəcə gözəl, məlahətli, təsirli musiqisini rus və Avropa musiqisinin mütərəqqi ənənələri ilə üzvi şəkildə əlaqələndirib. Ən nəhayət, M.F.Axundov Şərq qadınını qara çadraya bürüyən, onun arzu və düşüncələrini buxovlayan islam dini əleyhinə açıq, qızğın mübarizə aparıbsa, Ü.Hacıbəyov islamiyyətin qadına feodal-patriarxal münasibətini musiqinin və ictimai satiranın dili ilə ifşa edib. Bəs-təkarın yaratdığı operalar, operettalar, vokal və instrumenttal əsərlər bu gün də müstəsnalıq təşkil edir, öz müqtədir müəlli-finə ölməzlik gətirir.

Hələ gəncliyimdən Ü.Hacıbəyov əsərlərinin vurğunu olmuşam. Bəstəkarın gözəl əsərlərində hamı kimi mən də öz istədiyimi tapmışam. Çünki onun mövzuları kimi, personajları da həyatidir, xəlqidir.

Böyük bəstəkarla şəxsi tanışlığımın tarixi 1922-ci ildən başlayır. Doğrudur, bir gənc aktyor kimi o vaxta qədər çıxış etdiyim tamaşaları, xüsusən “Ölülər”i Ü.Hacıbəyov görməmiş deyildi; hətta vaxtilə bəstəkarın özünün də çıxış etdiyi “Ölülər”in müzakirəsində mən də danışmışdım. Bununla belə, ilk görüşümüz Azərbaycan Dövlət Teatrına mən baş rəhbər (bu vəzifə bədii rəhbər və direktor funksiyasını ifadə edirdi) təyin edildikdən bir az sonra olub. Teatr opera və dram kollektivlərini birləşdirirdi. Düzünü deyim ki, bu musiqi ağsaqqalı ilə görüşmək üçün bir fürsət axtarırdım. Bir gün Üzeyirin təsadüfən teatra gəlişini mənə xəbər verdilər. Hövlnak qalxıb, ikinci mərtəbədən endim, bəstəkara yaxınlaşıb salam verdim və onu otağa dəvət etdim. Bəstəkar tərəddüd içində idi, təkidlə təvəqqe etdiyimi görüb, sözümü sındırmadı, ağır addımlarla pillələri qalxıb, otağa daxil oldu, əyləşib fikrə getdi.

Dərin sükutu mən pozdum:

– Bu teatr sizinkidir, – dedim.

O, üzümə baxmasa da, bilirdim ki, mənə diqqətlə qulaq asır. Bir anlıq pauzadan sonra:

– Teatr Azərbaycan xalqınındır, biz isə onun adi, sıravi xidmətçiləriyik, – deyib başını qaldırdı, sözümün doğruluğunu, səmimiliyini bilmək istəyirmiş kimi sınayıcı nəzərlə gözümün içinə dik baxdı. Bunu görüb cürətləndim:

– Mənim sizin köməyinizə ehtiyacım var, teatra kömək edin.

Baxışları mülayimləşmişdi. Hiss etdim ki, sözlərimdəki səmi-miyyətə inanıb.

– Mənim sizə nə köməyim dəyə bilər?

– Bilirsiniz ki, savadlı aktyorlara teatrın böyük ehtiyacı var. Bu söz opera müğənnilərinə də aiddir, onların təhsil alması üçün bizə kömək edin. Müslüm Maqomayevi də baş dirijor vəzifəsinə götürmüşük. İstəyirəm siz də teatrda dirijorluq edəsiniz, heç olmasa, öz əsərlərinizə.

– Müslüm istedadlı adamdır, çox yaxşı da dirijordur. O, dram tamaşalarına da musiqi yaza bilər,– dedi.

Ü.Hacıbəyov teatrda işləməsinə razılıq verdi və teatrın ən yaxın köməkçisi oldu. O, aktyor və müğənnilərin təhsili məsələsində bizə yaxından kömək etdi. 1923-cü ildə teatr texnikumu açıldı. Moskvada təhsil almaq üçün cavan aktyorlar göndərdik. Ü.Hacıbəyov opera müğənnilərindən Məmmədtağı Bağırov və Hüseyn ağa Hacıbababəyovun öz ifaçılığını təkmilləşdirməsinə köməklik göstərdi.

Dahi bəstəkarın dirijorluğunda məşq zamanı bir qəriblik hiss etmişdik: orkestr qızğın çaldığı yerdə, birdən sağ əlində dirijor çubuğu donar, orkestr susardı, adəti üzrə sol əli ilə bığını sığallayaraq nə isə fikirləşər və birdən dirijor çubuğunu hərəkətə gətirir, orkestr çalmağında davam edərdi. Bunun səbəbi bizə gələn dəfə aydın olardı: sən demə, bəstəkar əsərin həmin yerinə yeni bir musiqi parçası və ya musiqi ibarəsi artırırmış. Bu da gözəl səslənməsilə, adətən, əvvəlki variantdan fərqlənərdi.

Ü.Hacıbəyov təkcə operalarda deyil, həm də bütün dram tamaşalarının ictimai baxış və müzakirələrində iştirak edərdi. Çox yığcam danışar, olduqca mənalı təklif və iradlar verərdi. Ü.Hacıbəyov teatr sənətinin hətta rejissorluq sirlərinə də çox gözəl bələd idi.

Bununla əlaqədar bir hadisəni xatırlayıram: Mirzə İbrahimovun “Madrid” pyesinin ictimai baxışı olmalıydı. Vaxt çox dar idi. Dekorasiyanın bir hissəsi hələ hazırlanıb qurtarmamışdı. Gözləmək olmazdı. Mən həmin səhnədə başqa bir tamaşanın dekorasiyasından istifadə etməyə məcbur oldum. İlk tamaşanın geniş müzakirəsi oldu. Qəribədir, Ü.Hacıbəyovdan başqa heç kim – nə tamaşaçılar, nə iştirakçılar, nə də rəssam bu “əlavə”ni ayırd edə bilməmişdi. Bəstəkar üzünü mənə tutub özünəməxsus incə bir yumorla həmin “əlavə”yə eyham vurdu:

– O dekorasiya da çox gözəl idi…

Mənim Üzeyir Hacıbəyovla sıx yaradıcılıq əlaqəm bir də “Arşın mal alan” musiqili komediyasının ekranlaşdırılması ilə bağlıdır. Klassik dramaturgiyanın realist ənənələrinə əsaslanan bu operetta tekcə ecazkar musiqisi ilə deyil, həm də aktual mövzusu, kəskin konfliktləri, dolğun obrazlar silsiləsi, bədiiliyi, kamilliyi və koloritli məzmunu ilə yaradıcı hey'ətin diqqətini cəlb etmişdi. Odur ki, 1943-cü ildən e'tibarən operettanın ssenarisi üzərində gərgin işləməyə başladı. Düzdür, operetta ilə ssenari arasında müəyyən fərqlər vardır. Kinonun imkanlarından istifadə ilə biz, operettanın yüksək ideyasını –görmək, bəyənmək, sevmək, ömür gün yoldaşı seçmək, bir sözlə, azad sevgi ideyasını qabarıq şəkildə göstərmək üçün dəyişikliklər, əlavələr etmişik. Lakin bunların hamısında müəllif fikrinə əsaslanmışıq, sadiq qalmışıq. Çalışmışıq ki, “Arşın mal alan”ın gözəl musiqisini, onun klassik dramaturgiyasını, aydın və mənalı süjetini, milli koloritini olduğu kimi saxlayaq.

Aktyor heyətini də yaxşı müəyyənləşdirmişdik: Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Fatma Mehrəliyeva, Ələkbər Hüseynzadə, Lütfəli Abdullayev, İsmayıl Əfəndiyev… hər biri çox yapışıqlı səsi, püxtələşmiş aktyor istedadı, təbii, inandırıcı oyunu ilə bizi məftun etmişdi. Mən qərara almışdım ki, Soltan bəy rolunda görkəmli aktyor Kazım Ziyanı çəkim. Sınaq çəkilişindən də çox gözəl çıxmışdı. Ü.Hacıbəyov sifariş göndərmişdi ki, əgər mümkündürsə, Ələkbər Hüseynzadəni də yoxlayım. Ə.Hüseynzadə sınaqdan çox gözəl, hətta mübaliğəsiz deyərdim ki, bütün aktyorlardan qüvvətli çıxdı. Mən Üzeyirin istedadı tanımaq məharətinə qibtə elədim.

O zaman tamaşaçıya olduqca eybəcər, idbar, yaşlı adamlar kimi təqdim olunan Vəli və Telli obrazlarının traktovkası ilə razı deyildim. Bu rollarda çıxış edənlər Vəlini sırtıq gədə, Tellini isə “çoxbilmiş” arvad kimi oynayırdılar. Mən varlıların nökərlərə və kənizlərə bu cür təhqir gözü ilə baxmasını istəmirdim. Çünki onların da bir insan kimi öz qəlbi, öz sevgi aləmi vardır… Bəstəkara bildirdim ki, Vəli və Tellini gözəl, göyçək, cavan görmək istərdim, təxminən Əsgər və Gülçöhrə yaşında. Ü.Hacıbəyov mənim bu fikrimlə razılaşdı. Mən bununla onun böyük bir insani keyfiyyətini – özündən kiçiklərin faydalı məsləhətinə qulaq asmaq xüsusiyyəti olduğunu da yəqin etdim.

Çəkilişini 1945-ci ildə başa çatdırdığımız “Arşın mal alan” bədii filmi 1946-cı ildə ekranlara vəsiqə aldı. Film müvəffəqiyyətli çıxdı və SSRİ Dövlət mükafatına layiq görüldü. Bu müvəffəqiyyət, hər şeydən əvvəl, musiqinin xəlqiliyində, Üzeyir dramaturgiyasının kamilliyində bu aktyor ansamblının düzgün seçilməsində idi.

Azad sevgi Üzeyir Hacıbəyovun xüsusilə səhnə əsərlərinin leytmotivi, əsas qayəsidir. Qadın azadlığı bu böyük sənətkarı daim düşündürüb. Hələ ilk operasının mövzusu kimi bu leytmotiv və qayə ilə səsləşən Füzuli “Leyli və Məcnun”una müraciət etməsi də əbəs deyilmiş. Ü.Hacıbəyov “Arşın mal alan” bədii filminə ilk dəfə baxanda mən bunun bir daha şahidi oldum: o, filmə tamaşaçılarla birgə baxırdı. Salonda şən əhvali-ruhiyyə hakim idi. Film qurtardı, tamaşaçılar salonu tərk etdilər. Təkcə Ü.Hacıbəyov başını əllərinin arasına alıb fikrə getmişdi. Mən intizarda idim.

Film barədə onun fikrini bilmək istəyirdim. Ancaq yaxınlaşmağa cəsarət etmirdim. Özümü toplayıb ələ aldım, sakit addımlarla bəstəkara yaxınlaşdım və həyəcanla soruşdum:

– Nə fikirləşirsiniz, olmaya, film xoşunuza gəlməyib? O, fikrindən ayrılıb, cavab verdi:

– Siz nə danışırsınız, lap yaxşıdır (bu sözü eşitmək nə qədər xoş idi, ürəyim elə bil yerinə gəldi), mən o barədə fikirləşmirəm. Onu fikirləşirəm ki, Şərq qadınını azad etmək üçün, onları tam xoşbəxt görmək üçün daha nə etmək mümkündür?!

Üzeyir Hacıbəyovun özünün iştirakı və məsləhətilə hazırlanmış həmin lenti indi də arabir nümayiş etdirmək yerinə düşərdi. Çünki bu, bəstəkarın çoxcəhətli yaradıcılığını xüsusən gənc sənətsevərlərin daha ətraflı öyrənməsinə kömək edərdi.


ŞÖVKƏT MƏMMƏDOVA

Xalq artisti, müğənni, pedaqoq


Vətənpərvər insan


Onunla çarizmin irtica illərindəki ilk görüşümü xatırlayarkən, Üzeyirin – öz xalqını sonsuz məhəbbətlə sevən və bütün həyatını ona həsr edən vətənpərvər insanın unudulmaz obrazı qarşısında bir daha baş əyirəm.

Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olub. Bakıda olduğumdan xəbər tutub, o, mənim taleyimdə yaxından iştirak etdi. Özünün ilk musiqi əsərlərinin müvəffəqiyyətindən ruhlanan Üzeyir, son əsərlərinin əlyazısını götürərək, məni öz yaradıcılıq planları ilə tanış etdi. Bu görüş çox səmimi keçdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib, toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı. Həssas qəlbə malik Üzeyir həyatımın ən çətin anlarında öz kömək əlini mənə uzatdı.

Tale bizi bir daha Azərbaycanda Sovet hakimiyyətinin xoşbəxt illərində görüşdürdü. Bakıdakı qadınlar klubunda “Arşın mal alan”dakı Gülçöhrə rolunda ilk dəfə çıxış edən zaman yenidən Üzeyirlə görüşdüm. Burada mən ondan oyunum haqqında ilk xoş rəylər eşitdim. Onun səmimi tərifləri məni həvəsə gətirdi və gələcək fəaliyyətim üçün mənə böyük ruh verdi. Müəllimim, həssas və xeyirxah Üzeyirlə dostluğum bu andan başladı. Bu dostluq 30 il davam etdi.

Azərbaycan Dövlət Konservatoriyası təşkil edildiyi ilk gündən bütün fikrini gənc kadrların yetişdirilməsinə verən Üzeyir, biz müəllimlərə də atalıq qayğısı göstərirdi. Böyük dövrümüzə layiq musiqi kadrlarını yetişdirib tərbiyə etmək haqqında Üzeyirin xeyirxah tövsiyələri biz müəllimlər üçün bir növ həyat devizi oldu.


TOFİQ QULİYEV

Bəstəkar, Xalq artisti


Unuda bilmədiyim Üzeyir bəy


… 1946-cı ilin qış aylarından biri idi. Mən Moskvada oxuyurdum o vaxt… Bir axşam evə qayıdırdım. Çox gec idi, küçələrdə heç kim yox idi. Köhnə bədayə teatrının yanında kinorejissor Mark Donskoya rast gəldim. Hava soyuq olduğu üçün papağını gözünün üstünə basmış, paltosunun yaxasını qaldırmışdı. Məni görən kimi sevincək, səs-küylə üstümə gəldi. Qucaqlaşıb-öpüşdük. Qısa hal-əhvaldan sonra o sevinclə bildirdi ki:

– “Bir az öncə Dövlət mükafatlarının verilməsi üzrə komitənin işi tamamlandı. Tofiq, səni təbrik edirəm. Ü.Hacıbəyovun “Arşın mal alan”ı mükafata layiq görülüb…”.

… Doğrusu, bu şad xəbər mənə elə təsir elədi ki, bir müddət bilmədim nə edim. Sonra fikrimi toplayıb qətiyyətlə teleqraf şöbəsinə gəldim. Çox gec olduğundan işçilər də təəccüblə mənə baxırdı. Tez Bakıya, Üzeyir bəyə təcili təbrik teleqramı vurdum. (Sonralar bildim ki, elə həmən gecə bu teleqramı Üzeyir bəyə çatdırıblar. Lap dəqiq, gecə saat 3-də onu yuxudan oyadıb təqdim ediblər…).

Bu əhvalatdan bir müddət keçdi. Yay tətili idi. Mən də Bakıya qayıtmışdım. Bir gün saat 12 olardı, filarmoniyaya gedirdim, bir az qonorar almalıydım. Filarmoniyanın qapısın-dan içəri girərkən, Üzeyir bəylə rastlaşdım. O çıxırdı. Mən hörmət əlaməti olaraq geri çəkilib, ona yol verdim. O, çıxıb sevinclə mənə baxdı. Salamlaşdıq. Əlini bığına çəkib, sanki adımı yadına salırdı:

– … Oğlan, (o, adəti üzrə cavanlara belə müraciət edərdi) Tofiq, gəl gedək mənimlə, səninlə işim var…

… Mənim elə bil ürəyimə damdı ki, nə məsələdir…

… Ancaq Üzeyir bəy gedir və susurdu. Mən ona baxanda üzündə gərgin bir ifadə gördüm. Sanki nəyi isə yadına salmaq istəyir və ya mənə söyləyəcəyi sözünü axtarırdı. Mən başa düşdüm ki, teleqram məsələsinə görə məni saxlayıb, fəqət – bəlkə də həyəcanlı olduğundan və ya məni qəfil gördüyündən fikrinin rabitəsi pozulub. Nə isə, biz yanaşı addımlayırdıq: o susur, mən də hörmət əlaməti olaraq onun sözə başlamasını gözləyirdim. Beləliklə, gəldik Akademiyanın binasının qabağına. Üzeyir bəyin kabinetinə girdik. Mənə yer göstərdi. Oturdum. Özü də əyləşdi. Camal Paşayev bir-neçə kağız gətirib onun stolunun üstünə qoydu, nə isə dedi. Amma Üzeyir bəyin fikri sanki başqa yerdə idi. Mənə baxır, nə deyəcəyini bilmirdi. Vaxt ötürdü… (Doğrusu, mənim də fikrim filarmoniyada, mühasibin yanında idi. Qonorarımı almalı idim. Pula ehtiyacım var idi). Telefon zəng çaldı. Üzeyir bəy götürdü. Məleykə xanım idi… Üzeyirin nə üçün nahara gecikdiyini soruşub, narahat olduğunu bildirdi. Üzeyir bəy dedi ki, nigaran qalma buradayam, Tofiq də gəlib, yanımdadır.

Görünür, Məleykə xanım teleqram məsələsinə görə Üzeyirin mənə bir söz deməsini soruşubmuş ki, birdən Üzeyir bəy sevincək, sanki bir şey tapmış kimi:

– Elə mən də onu deyirəm də – deyib, əlavə etdi. – Məleykə, süfrəni düzəlt, indi Tofiqlə gəlirik nahara…

Sonra üzünü mənə tutub ürəkdən təşəkkürünü bildirib dedi:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации