Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 1

Текст книги "Ədəbiyyatsız dünya"


  • Текст добавлен: 29 ноября 2022, 15:01


Автор книги: Коллектив авторов


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Ədəbiyyatsız Dünya

MARIO VARQAS LYOSADAN ESSELƏR

ƏDƏBIYYATSIZ DÜNYA NECƏ OLARDI?

Kitab yarmarkalarında, ya da kitab evlərində başıma tez-tez eyni şey gəlir: mədəni bir adam yaxınlaşıb arvadı, qızı, ya da anası üçün məndən imza istəyir, sonra deyir: “O, kitab oxumağı çox sevir, ədəbiyyatdan ötrü ürəyi gedir”. Mən də tezcə soruşuram: “Bəs siz? Siz necə, kitab oxumağı sevirsizmi?” Cavab çox vaxt eyni cür olur: “Əlbəttə, kitab oxumağı çox sevirəm, amma başımı qaşımağa vaxtım yoxdur”. Bu izahatı o qədər çox eşitmişəm ki. Başa düşürəm, minlərlə bu cür adamın görüləsi çox vacib işləri, həyatda o qədər yükü və məsuliyyəti var ki, dəyərli zamanlarını saatlarla roman, şeir, ya da esse oxumağa sərf edə bilmirlər. Geniş yayılmış düşüncəyə görə, ədəbiyyatsız da keçinmək olar; ədəbiyyatın həssaslığımızı, mədəniyyətimizi artıran müqəddəs və faydalı bir fəaliyyət olması mübahisə doğurmur, amma bu, yalnız boş vaxtı olanların gözə aldığı əyləncə, süslənib-püslənəcəyi bəzəkdir. İdman eləmək, kinoya getmək, briç ya da şahmat oynamaq kimi bir şeydir bu; yəni ki, onların fikrincə, həyat mübarizəsinin təxirəsalınmaz qayğıları və öhdəlikləri qarşısında seçim etmək lazım gələndə, ədəbiyyatı heç düşünmədən nəzərə almamaq olar.

Belə görünür ki, ədəbiyyat get-gedə daha çox qadın işi olub. Kitab evlərində, yazıçıların təşkil etdiyi konfranslarda, qiraət günlərində, universitetlərin humanitar elmlərə ayrılmış fakültələrində qadınların sayı kişilərdən çoxdur. Bu fakt adətən belə izah olunur: orta təbəqədən olan qadınlar daha çox kitab oxuyurlar, çünki kişilər qədər işləmirlər: bundan başqa, kişilərdən fərqli olaraq, əksər qadınlar arzulamaqdan və xəyal qurmaqdan utanmırlar. İnsanları kəskin siniflərə bölən, onların bir-birindən fərqli fəzilətlərini, qüsurlarını özünə dayaq nöqtəsi kimi götürən topdan izahların heç birindən heç vaxt xoşum gəlməyib. Amma ədəbiyyat oxucusunun – zir-zibil oxuyanlar kifayət qədərdi – hər gün azalması və yerdə qalan oxucu kütləsinin içində say etibarilə qadınların dominant olması inkar edilməz gerçəklikdir.

Bu, hər yerdə belədir. Söz gəlişi deyim, İspaniya Yazıçılar Birliyinin bir neçə il bundan qabaq apardığı araşdırma göstərdi ki, ölkə əhalisinin yarısı bugünəcən bir dənə də olsun kitab oxumayıb. Araşdırmadan həm də aydın oldu ki, kitabsevər azlığın içində “kitab oxuyuram” deyən qadınların sayı kişilərdən 6,2 dəfə çoxdur; üstəlik, bu fərqin get-gedə artması ehtimal edilir. Bu qadınlar üçün sevinirəm, amma bu kişilərə və kitab oxumaq imkanı ola-ola oxumamaq qərarına gəlmiş milyonlarca insana acıyıram.

Onlara acımağımın səbəbi təkcə əldən verdikləri ləzzətin fərqində olmamaqları deyil, onlara həm də ona görə acıyıram ki, ədəbiyyatsız cəmiyyətlərin, ya da ədəbiyyatı (gizli günah kimi) ictimai və şəxsi həyatın ucqarlarına sürgün edən, onu fanatik təriqətlərə bənzər bir şeyə çevirən cəmiyyətlərin ruhi baxımdan vəhşiləşəcəyinə, daha da pisi, əvvəl-axır öz azadlığını təhlükə altında qoyacağına inanıram. İstəyirəm ədəbiyyatı “olmasa da olar” tipində əyləncə sayanların əleyhinə bir neçə fikir səsləndirim. İstəyirəm ədəbiyyatı təfəkkürün ən önəmli, ən mənəvi fəaliyyətlərindən biri kimi görən və onu müasir demokratik cəmiyyətlərin azad fərdlərdən ibarət bir toplum yaratması üçün “olmazsa, olmaz” sayan tezisin lehinə bir neçə fikir səsləndirim. Məncə, bədii ədəbiyyat oxumaq vərdişini uşaq yaşlardan ailədə formalaşdırmaq lazımdır və bu, bütün təhsil sistemlərinin əsas sütunu, ana predmeti olmalıdır. Halbuki bilirik ki, bunun əksi baş verir: məktəblərdə ədəbiyyata cüzi vaxt ayırırlar, bəzən isə ümumiyyətlə tədris siyahısından çıxarırlar, elə bil, ikinci dərəcəli şeydir.

* * *

Biz elmin və texnologiyanın ağlasığmaz sıçrayışa keçdiyi, bilginin sonsuz parçalara, hissələrə ayrıldığı, ixtisaslaşdığı, mədəniyyətlərin çulğalaşdığl bir epoxada yaşayırıq. Bu kulturoloji meyil qarşıdan gələn illərdə daha çox müəyyənlik qazanacaq. İxtisaslaşma, şübhəsiz ki, bir çox cəhətdən faydalıdır. Məsələn, o daha dərin araşdırmaların və daha böyük təcrübələrin həyata keçirilməsinə imkan yaradır, inkişafa təkan verir. Amma neqativ nəticələri də var, çünki insanların birgəliyini, bir-biriylə ünsiyyət qurmasını, yardımlaşma duyğusunu diri saxlayan ortaq intellektual və kulturoloji özəllikləri məhv edir. İxtisaslaşma ictimai düşüncənin yox olmasına, insanların texnik və mütəxəssis gettolarına bölünmə-sinə gətirib çıxarır. Əldə olunan bilgilər get-gedə daha çox özünə-məxsuslaşqıdca və sektorlara bölündükcə, ixtisaslaşan bilgi günü-gündən daha çox özəl dil və şifrə, leksika tələb edir. Əcdadların “yarpaqlara baxıb ağacı görməmək, ağaclara baxıb meşəni görməmək” – dedikləri, əslində bu xüsusiləşməyə və bölünməyə qarşı bir xəbərdarlıqdır. Meşənin varlığının fərqində olmaq cəmiyyəti bir-birinə bağlayan ictimailik hissini, aidlik duyğusunu yaradır və cəmiyyətin çoxlu solipsist qruplara bölünməsinin qarşısını alar. Solipsizm – nifrətə, müharibələrə, soyqırımları doğuran paranoyaya və sayıqlamağa, həqiqətin təhrif edilməsinə gətirib çıxarır.

Elə buna görə də bizim dövrümüzdə elm və texnologiya sonsuz zənginliyinə, təkamül sürətinə baxmayaraq, inteqrasiya aləti kimi çıxış edə bilmir, çünki fraqmentar ərazilərə bölünüb və leksikası hermetikləşib. Amma məsləkləri, həyatdakı məqsədləri, coğrafi və kulturoloji təyinatları, fərdi vəziyyətləri nə qədər fərqli olur-olsun, ədəbiyyat insanların özlərini dərk etdikləri, bir-biri ilə ünsiyyət qura bildikləri insan yaşantısının ortaq məxrəclərindən biridir. Ədəbiyyat imkan yaradıb ki, fərdlər öz həyatlarının bütün fərqli xüsusiyyətlərinə baxmayaraq, tarixi aşıb keçsinlər; biz Servantes, Şekspir, Dante və Tolstoyun oxucuları kimi, zamanı və məkanı aşaraq bir-birimizi tanıyırıq, özümüzü eyni növün nümayəndələri kimi dərk edirik: Çünki bu müəlliflərin əsərlərini oxuyarkən, bizi bir-birimizdən ayıran dərin fərqliliklərin ötəsinə keçir, hamımızda ortaq olanı öyrənirik. Bütün millətlərin insanları təməldə bərabərdirlər, onların arasına ayrıseçkilik, qorxu və boyunduruq toxumlarını səpən ədalətsizlikdi: İnsanları qərəzin, irqçiliyin, dini, ya da siyasi fanatizmin, özündən başqa hər şeyi dışlayan milliyətçiliyin axmaqlıqlarına qarşı bütün böyük ədəbi əsərlərdə qarşımıza çıxan ali həqiqətdən – insanların bərabər olması həqiqətindən yaxşı heç nə qoruya bilməz.

Etnik və kulturoloji fərqlərdə insanlıq mirasının zənginliyini görməyi, bu fərqləri bəşəriyyətin çoxtərəfli yaradıcılığının simptomu kimi dəyərləndirməyi ədəbiyyatdan daha yaxşı heç nə öyrədə bilməz. Yaxşı ədəbi əsərləri oxuyanda, heç şübhəsiz, böyük ləzzət alırıq, amma həm də insani bütövlüyümüz və çatışmazlıqlarımız içində həyata keçirdiklərimizi başa düşür, xəyallarımızı, kabuslarımızı, təkliyimizi və bizi başqalarına bağlayan münasibətləri cəmiyyətdəki obrazımızda, eləcə də şüurumuzun gizli çıxıntılarında kim olduğumuzu, necə olduğumuzu öyrənirik.

* * *

İsaiah Berlinin diliylə desək, “bu paradoksal həqiqətlərin qatmaqarışıq məcmusu” insani mahiyyətimizi əmələ gətirir. Bugünkü dünyada insanla bağlı bu bütöv və canlı bilgini ancaq ədəbiyyatda tapmaq olar. Humanitar elmlərin digər qolları – fəlsəfə, tarix və ictimai elmlər belə, bu cür bütövləşdirici açıq fikirliliyi, bu cür universallaşdırıcı ifadə tərzini yarada bilməyib. Humanitar elmlər də get-gedə düşüncəsi və söz dağarcığı sıravi insanlardan aralı düşməkdə olan bu parçalanmış və texnikiləşmiş ərazilərdə özünü təcrid etdi, bilginin xərçəngli mikrodünyasına və altsahələrə gömüldü. Bəzi tənqidçilərə, nəzəriyyəçilərə qalsa, ədəbiyyatı elmə çevirərlər. Amma bu heç vaxt olmayacaq; çünki ədəbiyyat öz varlığını yaşantının yalnız bir sahəsini araşdırmağa borclu deyil. Ədəbiyyat insan həyatı parçalanıb hissələrə ayrılanda, ya da qəlibləşmiş sxemlərlə və şablon formullarla məhdudlaşdırılıb yox olmağa üz tutanda, onu fantaziya vasitəsilə zənginləşdirib yoxdan var edir. Prust deyəndə ki, “Əsl həyat sona qədər aydın və faş edilmiş olandır, deməli onu bütövlükdə yaşamaq olar – bu, ədəbiyyatdır”, elə bunu nəzərdə tuturdu. Məncə, Prustun bu sözlərində qətiyyən şişitrmə yoxdur; bu sözlər Prustun təkcə yazıçılıq işinə bəslədiyi sevgidən qaynaqlanmır, yazıçı burda müəyyən bir təklif də edib deyir ki, ədəbiyyat həyatın daha yaxşı başa düşülməsinə və daha yaxşı yaşanmasına yardım edir, həyatı bütöv yaşamaq üçün onu başqaları ilə birlikdə və paylaşaraq yaşamaq lazımdır.

Ədəbiyyat insanlar arasında qardaşlıq bağı yaradır ki, bu bağ onların dialoqa girməyinə, ortaq bir əcdad və ortaq bir məqsədin varlığından xəbərdar olmağa yardım edir, onları qan qardaşına çevirir, çünki kitablar zamanın sərhəddini şəffaflaşdırır. Ədəbiyyat bizi keçmişə daşıyır və bizə gəlib çatan, indi də oxuyanda ləzzət aldığımız, bizi xəyala daldıran mətnləri bir vaxtlar bizim kimi ləzzətlə oxuyaraq xəyal qurmuş insanlarla aramızda bağ yaranır. Mədəniyyətin ən böyük qələbəsi odur ki, insana zamanı və məkanı aşaraq özünü ortaq bəşər yaşantısının bir parçası kimi hiss etdirir; bu duyğunun hər nəsildə təzələnərək davam etməsinə ədəbiyyatdan daha çox heç nə kömək edə bilməz.

* * *

“Ədəbiyyat nəyə yarayır?” – bu sual Borxesi həmişə narahat edib. Axmaqlıq hesab etdiyi bu suala Borxes belə cavab verib: “Bülbülün cəh-cəhinin, ya da gözəl bir qürub çağının nə yararı var? – deyə soruşmaq kimin ağlına gələr ki!”. Bu cür gözəl şeylər varsa, bu gözəl şeylər həyatın çirkinliyini və hüznünü bir anlıq da olsa azaldırsa, bütün bunlara praktiki təsdiq axtarmağın nə mənası var? Amma belə baxanda, əslində, “Ədəbiyyat nəyə yarayır?” sualı elə də pis sual deyil. Çünki romanı və şeiri yaradan təsadüf, ya da təbiət deyil ki, onlar bir quşun cəh-cəh vurması, ya da batan günəşin görüntüsü ilə eyni şey olsun. Romanları və şeirləri insanlar yaradıb, deməli, necə və niyə yarandıq-larını, məqsədlərinin nə olmasını və niyə bu qədər qalıcı olduqlarını soruşmaqda heç bir problem yoxdur.

Ədəbi əsərlər ətraf aləmdən alınan təəssüratların və emosiyaların titrəşən kölgələr kimi təhtəlşüurun gizli guşələrində sintezindən doğulur, sonra şair, ya da yazıçı, sözlərlə boğuşaraq bütün bunlara yavaş-yavaş forma, bədən, hərəkət, ritm, harmoniya və həyat verir. Şübhəsiz ki, bu, süni, təxəyyül məhsulu olan, dil vasitəsilə yaradılmış həyatdı, amma yenə də hamı – bəziləri tez-tez, bəziləri isə arabir – bu süni həyatı axtarır, çünki gerçək həyat onlara bəs etmir, istədiklərini vermir. Ədəbiyyatın mövcudluğu yazıldığı andan götürmür, bədii əsər yalnız başqaları tərəfindən əldə ediləndə, ictimai həyatın bir parçası olanda, oxunub paylaşılan təcrübəyə çevriləndə mövcudluq qazanır.

Ədəbiyyatın insana birinci faydası dil qatında baş verir. Yazılı ədəbiyyatı olmayan xalqlar, əsas ünsiyyət vasitəsi olan sözü öz ədəbi mətnləriylə cilalayıb təkmilləşdirən xalqlar qədər detal zənginliyi ilə və aydın formada özünü ifadə edə bilmirlər. Romanı olmayan, kitab azarına tutulmayan cəmiyyətlər kobud və ibtidai dillərinə görə dəhşətli ünsiyyət problemi olan sağır-dilsizlər topasına, söz yaratma qabiliyyətindən tamamilə məhrum xalqa çevrilirlər. Eyni şey fərdlər üçün də keçərlidir. Heç oxumayan, az oxuyan, ya da ancaq bayağı şeylər oxuyan insan şikəstdir: çox danışsa da, az şey deyir, çünki söz dağarcığı özünü ifadə etməyə bəs etmir.

Və bu təkcə kasad söz ehtiyatı yox, eyni zamanda, təfəkkür və fantaziya məhdudluğu, ağıldankəmlik, intellekt yoxsulluğudur, çünki sözlər olmasa, ətraf aləmin və öz “mən”imizin gizlinlərini qavramağımıza yardımçı olan düşüncələr və anlayışlar müstəqil şəkildə mövcud ola bilməzlər. Səlis danışmağı – məsələni hərtərəfli düşünərək səliqəli, zərif danışmağı – yalnız və yalnız yaxşı ədəbiyyatdan öyrənirik; heç bir təlim, heç bir sənət növü ünsiyyət qurmaq üçün lazımlı olan dildə ustalaşmaq məsələsində ədəbiyyatın yerini verə bilməz. Elmi-texniki vəsaitlər bizə fundamental bilik verə bilər, amma onlar bizə sözlə necə davranmaq və fikrimizi düzgün ifadə etməyi öyrətməyəcəklər, əksinə, çox vaxt bu mətnlər pis yazılmış olur və müəlliflərinin beynində hökm sürən linqvistik xaosu gözümüzə soxurlar. Çünki bu müəllifər – onlar adətən öz sahələrinin ulduzlarıdır – ədəbi baxımdan yonulmayıblar, savadsızdırlar və öz qiymətli ideayalarını oxuculara çatdırmaq üçün nitq qabiliyyətləri yoxdur. Yaxşı danışmaq, zəngin və çoxtərəfli söz dağarcığına malik olmaq, ötürmək istədiyimiz hər düşüncə və hissin adekvat qarşılığını tapmaq üçün, düşünməyə, öyrətməyə, öyrənməyə, danışmağa, eyni zamanda, sonsuz xəyallar qurmağa, hiss etməyə hazırlıqlı olmaq lazımdır. Sözlər bizim dillə qəti əlaqəsi yoxmuş kimi görünən bütün əməllərimizdə belə daxilən əks-səda verirlər. Dil kimi əməllərimiz də ədəbiyyat vasitəsilə inkişaf edərək incəlik və yeni çalarlar qazanıb yüksək səviyyəsinə çatdıqca, insanların mümkün həzlərdən ləzzət almaq ehtimalı çoxalır.

Keçək sevgiyə. Ədəbiyyat bizə kömək etdi ki, sevgini, ehtirası və cinsi birləşməni yaradıcılıq səviyyəsinə qaldıraq. Ədəbiyyat olmasaydı, erotizm olmazdı. Sevgi və həzz kasıb olar, həssaslıqdan, incəlikdən məhrum qalar, ədəbi təxəyyülün təklif etdiyi dolğunluğa çatmazdı. Qarsilasonu, Petrarkanı, Qonqoranı, ya da Bodleri oxumuş cütlüklər həzzin dəyərini bilmək və hiss etmək məsələsində bayağı serialların kütləşdirdiyi cahil insanlardan daha irəlidədirlər desəm, yəqin şişirtmiş olmaram. Dünyada kitab olmasaydı, sevgi və cinsi həzz heyvani tələbatdan fərqlənməz, elementar instiktlərin doyuzdurulmasından başqa bir şey olmazdı.

Audio-vizual media insanlara dildə gizlənmiş zəngin imkanlardan inamla və bacarıqla faydalanmağı öyrətməkdə ədəbiyyatın yanından yel olub ötə bilməz. Əksinə, televiziya və kino (çox təbiidir) özünüifadənin ibtidai forması olan görüntülərin dilində danışmağı önə plana çıxardaraq sözləri ikinci plana atmağa, dili öz yazılı mahiyyətindən uzaqlaşdırıb şifahiliyə itələməyə meyillidir – vizual sırada sözdən çox az şey tələb olunur və bu onu kağızdakı kökündən uzaqlaşdırır. Və bu tamaşaçılar üçün həmişə darıxdırıcıdır, fərqi yoxdur ekranlarının ölçüsü nə boydadır. Bir filmə, ya da televiziya verilişinə “ədəbi” demək, onun maraqsız olduğunu deməyin mədəni formasına çevrilib. Elə buna görə də radiodakı, ya da televiziyadakı ədəbiyyat proqramları nadir hallarda populyar olur; bildiyim qədərilə bu qaydanı vecinə almayan yeganə nümunə Fransada Bernar Pivonun “Apostroflar” adlı verilişi idi. Bütün bunlar məni düşünməyə vadar edir ki, (hərçənd şübhələrim var) dilə yiyələnməkdə və biliyin formalaşmasında ədəbiyyat təkbaşına əsas rolda ola bilməz. Kitab – çoxlarına görə artıq dəbdən düşmüş o sənaye məhsulu – qırılmaz zəncirlərlə bədii əsərlərin alın yazısıdır və çox əhəmiyyətlidir.

* * *

İndi isə kitabı köhnəlmiş sayan şəxslərdən birinə – Bill Geytsə keçmək istəyirəm. Bir neçə ay öncə Madridə gələn və “Microsoft”la ortaq bir işə girişmiş İspaniya Kral Akademiyasını gəzən Geyts, akademiyanın üzvlərinə söz verdi ki, “ñ” hərfi kompüterlərin əməliyyat sistemindən heç vaxt çıxarılmayacaq. Geytsin bu sözü beş qitədə ispanca danışan 400 milyon insanın ürəyinə su səpdi, çünki bu vacib hərfin elektron dünyadan çıxarılması çox böyük problemlərə səbəb olacaqdı. Geyts akademiyadakı işini bitirib gedərkən mətbuat konfransında dedi ki, ölməmişdən qabaq ən böyük məqsədinin reallaşmasını görmək arzusundadır. Bilirsinizmi, arzusu nəydi? Əvvəlcə kağızın, sonra isə kitabların kökünü kəsmək.

Geytsin fikrincə, kitablar anaxronizmdir; kompüter ekranları bugünədək yerinə yetirdikləri bütün funksiyalarla kağızın yerini tuta bilər; bilgisayarlar daha az narahatlıq yaradır, daha az yer tutur və daha asan daşına bilir; üstəlik, xəbərlərin və ədəbiyyatın bu elektron media ilə ötürülməsi, ətraf mühit üçün də faydalı olacaq, meşələrin yox olmasının qarşısını alacaq, beləcə, kağız sənayesinin əmələ gətirdiyi bəla ortadan qalxacaq, insanlar oxumağa davam edəcək, amma kompüter ekranlarından oxuyacaqlar, bunun nəticəsində isə təbiətdə daha çox xlorofil olacaq.

Mən Geytsin mətbuat konfransında olmamışam. Bunları qəzetdən oxudum. Amma orda olsaydım, məni və məsləkdaşlarımı – kitab yazanları utanmadan işsizlər arasına göndərmək niyyətində olduğunu açıqladığı üçün Geytsi fitə basar, gözümü qırpmadan dediyi fikirlərin əleyhinə gedərdim. Kompüter ekranı doğurdanmı bütün tərəfləri ilə kitabın yerini tuta bilər? Düzü, o qədər də əmin deyiləm. İnternet kimi yeni texnologiyaların ünsiyyəti və informasiyanı bölüşmək sahəsində həyata keçirdiyi böyük inqilabın fərqindəyəm, internetin işimdə mənə sonsuz fayda verdiyini deməkdən çəkinmirəm, amma yaratdığı bu fövqəladə rahatlıq üçün minnətdarlıq hissilə tez-bazar monitorun kağızı əvəz edə biləcəyinə inanmaq fikrim yoxdur. Kitab oxumağın məhrəmliyində, intellektual gərginliyində və ruhi saflığında, xəyallardan və sözlərdən aldığımız həzz var; bu həzzi kompüter ekranından da ala biləcəyimizi qəbul etmirəm.

Bu, bəlkə də təcrübəsizlikdən və ədəbiyyatı çox uzun müddətdir ki, kitablarla, kağızlarla eyniləşdirməkdən yaranmış bir önyarqıdır. Amma dünyada nə baş verdiyini öyrənmək üçün internetdə gəzişməyi xoşlasam da, Qonqoranın bir şeirini, Onettinin və ya Kalvinonun bir romanını, ya da Oktavio Pasın bir essesini monitordan oxumaram, çünki əminəm ki, bu cür mütaliənin effekti fərqli olacaq. Düzdür, isbat etməkdə çətinlik çəkə bilərəm, amma kitabın yoxa çıxması ilə birgə ədəbiyyatın çox ağır, ölümcül bir zərbə alacağını düşünürəm. Şübhəsiz ki, “ədəbiyyat” sözü yoxa çıxmayacaq, amma bayağı televiziya serialları Sofokl və Şekspirin tragediyalarından nə qədər uzaqdırsa, yüz faizdir ki, “ədəbiyyat” sözü də bugün ədəbiyyat dediyimiz şeyə o qədər uzaq olan bir şeyi ifadə etmək üçün istifadə ediləcək.

* * *

Ədəbiyyatın bəşəriyyətin həyatında vacib yer olduğunu düşünmək üçün bir səbəb daha var; ədəbiyyatsız tarixi çevrilmələrin mühərriki və azadlığın ən yaxşı dostu olan tənqidi düşüncə sağalmaz yara alar. Çünki keyfiyyətli ədəbi nümunələrin hamısı yaşadığımız dünya haqqında həmişə radikal şübhəçi suallar verirlər. Böyük ədəbi mətnlərin hamısında, müəlliflərin belə bir niyyəti olmasa da, özbaşınalığa və qiyama dəvət var.

Ədəbiyyat taleyinə boyun əymiş, yaşadıqları həyatdan məmnun olan insanlara heç nə ifadə etmir. Ədəbiyyat üsyankar ruhları bəsləyir, uzlaşmazlığı yayır; o, həyatda çox, ya da az şeyi olanların sığınacağıdır. İnsan bədbəxt olmamaq və bütövləşmək üçün ədəbiyyata sığınır. La Manç ovalığında bir dəri-bir sümük Rosinanta və şaşqın Cəngavərlə birlikdə gəzmək, Kapitan Ahabla birlikdə balina kürəyində dənizlərdə üzmək, Emma Bovari ilə birlikdə arsenik içmək, Qreqor Zamsa ilə birlikdə böcəyə çevrilmək: bunların hamısını varlığımızı hakim kəsilən həsrəti, incikliyi sakitləşdirmək üçün başqa insan olmaq istəyərkən bizi həmişə eyni insan olmağa zorlayan ədalətsiz həyatın səhv-lərindən və diqtəsindən xilas olmaq üçün icad etmişik.

Ədəbiyyat bu dözülməz ağrını yalnız keçici olaraq sakitləşdirir, amma bu möcüzəvi anda, həyatın bu ötəri fasiləsində ədəbi illüziya bizi tarixdən kənara atır, zamansız bir ölkənin vətəndaşlarına çevirir və beləcə, ölümsüzləşdirir. Onda biz sıradan həyatın məcburi monotonluğundakı vəziyyətimizdən daha güclü, daha zəngin, daha mürəkkəb, daha xoşbəxt və daha duru oluruq. Kitabı bağlayıb ədəbiyyatın illüziyasından çıxanda real həyata qayıdırıq və onu bir az əvvəl ayrıldığımız o gözəl dünya ilə müqayisə edirik, böyük xəyal qırıqlığına düşürük! Amma həm də müdhiş bir şeyin fərqinə varmış oluruq: Romandakı xəyali dünya kitab oxuyarkən huşa gedib ayrıldığımız real həyatdan, mövcud şəraitin sərhədlərindən və darıxdırıcılığından daha yaxşı, daha gözəl, daha rəngli, daha tutumlu və daha yetkindir. Deməli, yaxşı ədəbiyyat, həqiqi ədəbiyyat həmişə dağıdıcı, boyun əyməyən və üsyankardır: mövcud olana meydan oxumaqdır.

“Hərb və sülh”ü, ya da “İtirilmiş vaxtın sorağında”-nı oxuyandan sonra, mənasız təfərrüatlarla dolu olan, xəyallarımızı addımbaşı yerlə-yeksan edən məhdudiyyətlər və yasaqlardan ibarət dünyamıza qayıdanda aldadılmışlıq hissinə qapılmırıqmı?

Ədəbiyyatın mədəniyyətin sürəkliliyini təmin etmək və dili zəngiləşdirməkdən başqa bəşərin inkişafına ən böyük töhfəsi bəlkə də odur ki, (çox vaxt fərqində olmadan) o, bizə bu dünyanın ədalətsiz qurulduğunu, bunun əksini irəli sürənlərin, yəni güclülərlə bəxtigətirmişlərin yalan danışdıqlarını, dünyanın düzəlməsinin mümkün olduğunu, fantaziyamızın və dilimizin yaratdığı dünyaya daha çox oxşayan bir dünya qurmağın mümkünlüyünü xatırladır. Yaşadığımız dünyanı dayanmadan analiz etmək getdikcə daha çətin bir vəzifə olmağa başlasa da, azad və demokratik cəmiyyət mövcud dünyanı yaşamaq istədiyimiz dünyaya daha da yaxınlaşdırmağın vacibliyini anlayan, məsuliyyətli və tənqid düşüncəsi olan vətəndaşlardan əmələ gəlir. Həyat təşnəliyini artırmağın, idarəçilərin əlində oyuncaq olmayan, sürəkli ruhi inkişaf və canlı fantaziya ilə silahlanmış, tənqidi düşüncəsi olan azad vətəndaşlar yetişdirməyin yaxşı ədəbiyyat oxumaqdan başqa yolu yoxdur.

Oxucunun şüurunu dünyanın çatışmazlıqlarına qarşı həssaslaşdırdığı üçün ədəbiyyatı yoldançıxardan adlandırmaq, senzurabaz kilsələrin və hökumətlərin düşündüyü kimi, o demək deyil ki, ədəbi mətnlər birbaşa ictimai iğtişaşlara səbəb olacaq, ya da inqilabları sürətləndirəcək. Bir şeirin, pyesin, ya da romanın ictimai və siyasi təsiri əvvəlcədən hesablana bilməz; çünki şeir, pyes, ya da roman kollektiv şəkildə yaradılmır, yaxud eyni cür qavranılmır. Onlar individualdır, deməli yazdıqlarından, yaxud oxuduqlarından çox fərqli nəticələr çıxaran fərdlər tərəfindən yaradılır və oxunurlar. Buna görə də, konkret qəliblər müəyyənləşdirmək çətin, daha dəqiqi qeyri-mümkündür, üstəlik, bir ədəbi əsərin ictimai nəticələrinin onun estetik keyfiyyəti ilə çox az əlaqəsi ola bilər. Deyirlər ki, Harriet Biçer Stounun ortabab bir romanı ABŞ-da köləliyin qorxuncluğu ilə bağlı ictimai-siyasi şüuru oyandırıb. Ədəbiyyatın bu cür effekt doğuracağını müəyyənləşdirmək çətindir, amma bu o demək deyil ki, belə effekt yoxdur. Əsas odur ki, bu effekt şəxsiyyəti müəyyən qədər kitablar vasitəsilə formalaşmış vətəndaşların əməlləri ilə ortaya çıxsın.

Yaxşı ədəbiyyat insanların narazılığını ötəri olaraq yatırsa da, əslində, həyat qarşısında tənqidi və uzlaşmaz bir xarakter formalaşdıraraq həmin narazılığı daha da artırır. Ədəbiyyatın insanları bədbəxt etməyə yatımlı olduğunu da demək olar. Narazı olmaq o deməkdir ki, həyatla döyüşdəsən, özünü bihudə mübarizələrə həst etməyə razısan; eynən, “Yüz ilin tənhalığı”ndakı Aureliano Buendianın uduzacağını bilə-bilə xeyli savaşa girməsi kimi. Bütün bunlar doğru ola bilər, amma həyatın adiliyinə və səfilliyinə üsyan etməsəydik, hələ də ibtidai vəziyyətdə yaşayırdıq, tarix də indi yerində sayırdı. Əgər elə olsaydı, azad fərd yaradılmamış, elm və texnologiya inkişaf etməmiş, insan haqları tanınmamış, azadlıq kəşf olunmamış qalardı. Bütün bunlar bədbəxtlikdən, yetərsiz və dözülməz bir həyata meydan oxumaqdan yaranıb. Ədəbiyyat cəngavər romanları oxuya-oxuya başı xarab olmuş Don Kixotun çılğınlığı ilə araşdırmalar aparan və adi həyatla kifayətlənməyən ürəkləri çox həvəsləndirib.

* * *

Gəlin bir anlıq xəyalımızda Tarixi yenidən quraq. Ədəbiyyatsız, insanların şeir, ya da roman oxumadığı bir dünya düşünək. Bu savadız, məhdud söz dağarcığı olan, donqultuların və meymunvari səslərin çoxluq təşkil etdiyi sivilizasiyada bəzi sözlər olmayacaqdı; məsələn, hamısı ədəbiyyatın kəşfi olan Don Kixotvari, Kafkavari, Rablevari, Oruelvari, Sadist və Mazoxist kimi təyinlər. Heç şübhəsiz ki, ağlını itirmiş insanlar, paranoiklər, acgözlər və qızmışlar, əzab verməkdən və əzab çəkməkdən zövq alan iki ayaqlı heyvanlar yenə olacaqdı. Amma bu halda biz insan şəxsiyyətindəki qəribəlikləri görməyəcək, Servantesin, Kafkanın, Rablenin, Oruelin, Markiz de Sadın və Saher-Mazoxun istedadla bizə göstərdiyi öz gizlinlərimizi kəşf etməmiş olacaqdıq.

“La Mançlı əsilzadə Don Kixot” çap olunanda, romanın ilk oxucuları xəyalpərəst cəngavərə də, romanın digər personajlarına da lağ eləmişdilər. Amma biz bu gün artıq bilirik ki, Kədərli Cəngavərin yel dəyirmanlarını yox, divləri gördüyünü deməsi və mənasız sayılan hərəkətlər etməsi, əslində, comərdliyin ən alicənab forması və bu səfil dünyanı dəyişdirmək ümidi ilə etiraz səsini ucaltmağın ən ali yollarından biri idi. Müsbət mənəvi valentliklə iç-içə keçən ideal və idealizm anlayışları əgər Servantes dühasının inandırıcılığı ilə roman personajına çevrilməsəydi, indiki kimi mübahisəsiz dəyər sayılmayacaqdı. Eyni şey romanlardan öyrəndiyi ehtiraslı və dəbdəbəli həyatı yaşamaq üçün var gücüylə döyüşən, balaca və praqmatik dişi Don Kixot Emma Bovari üçün də keçərlidir. Emma da atəşə çox yaxınlaşdığı üçün yanıb külə dönən pərvanədir.

* * *

Servantes və Floberdə olduğu kimi, bütün böyük ədəbiyyatçıların əsərləri bizi təkcə reallığın inadkar pəncəsindən qoparıb təxəyyül dünyasına aparmır, həm də içimizin gizlinlərini, sirlərini görməyimizə yardımçı olur. Ədəbiyyat imkan yaradır ki, bəşəriyyətin ortaq mahiyyətinə baş vurub kəşflər edək və özümüzü daha bütöv, daha kamil şəkildə dərk edək. Məsələn, biz “borxesian” deyəndə, reallığın rasional qandallarından xilas olur, fantaziyalar aləminə giririk; bu, başdan-başa əsrarlı və zərif bir dünyadır. O, ədəbi sitatlar və allüziyalarla dolu olan, labirint kimi dolanbaclı dünyadır, amma onlar bizə heç də yad gəlmirlər, çünki burda Borxesin yaradıcılığı vasitəsilə ətə-cana gələn, formaya düşən şəxsiyyətimizin gizli meyillərini və sirli reallıqları ilə tanış oluruq. “Kafkaesk” sözünü ağlımız asanlıqla qavrayır, qədim şəkillərə düşən fotoaparatın parlaq işığıtək. Bu sözü eşidən kimi, özümüzü modern dünyada bu qədər əzablara və haqsızlığa səbəb olan iqtidarın təzyiq mexanizmlərinin – avtoritar rejimlər, göydəndüşmə partiyalar, dözümsüz kilsələr, boğucu bürokratların – təhlükəsi altındakı müdafiəsiz fərdlər kimi hiss edirik. Almanca yazmış, həmişə narahat yaşamış, cəhənnəm əzabları çəkmiş bu Praqalı Yəhudinin qısa hekayələri və romanları olmasaydı, dörd bir tərəfi tutmuş qüdrətli dövlətlər qarşısında fərdin çarəsizliyə qapılmasını, əzilən və diskriminasiyaya uğrayan azlıqların hiss etdiyi bezginliyi anlaya bilməzdik.

“Kafkaesk”nin yaxın qohumu olan “Oruelvari” təyini isə vətəndaşların davranışını, əhval-ruhiyyəsini ustalıqla və birbaşa şəkildə nəzarətdə saxlayan XX əsrin totalitar diktaturaların yaratdığı qorxunc əzabı, nəhayətsiz absurd duyğusunu ifadə edir. Corc Oruel “Heyvanıstan” və “1984” kimi məşhur romanlarında terror və texnologiyanı ustalıqla sintez edərək, azadlığı, özgür iradəni və bərabərliyi məhv edən, cəmiyyəti robotlar sürüsünə çevirən Böyük Qardaşa – o mütləq hökmdara boyun əymiş bəşəriyyəti bütün soyuqluğu və diksindiriciliyi təsvir edib. Bu qarabasmaya bənzər dünyada, dil də iqtidara təslim olaraq yaradıcı gücündən və subyektivliyindən təcrid edilib, fərdlərin sistemə kölə olmasını sığortalayan klişelərə döndərilib. Düzdür, “1984” romanındakı uğursuz öncədəngörmə baş tutmadı; Sovet İttifaqındakı totalitar kommunizm, Almaniya və başqa ölkələrdəki faşizmin yanına hoppandı, dalınca da Çində və anaxronizmdə yaşayan Kuba ilə Şimali Koreyada geriləməyə başladı. Amma yenə də təhlükə tamam yoxa çıxmayıb: “Oruelvari” sözü təhlükəni təyin və dərk etməkdə hələ də bizə yardımçı olur.

* * *

Gördüyünüz kimi, bədii yalanlar bizə kömək edir ki, ən gizli insan həqiqətlərini dərk edək. Ədəbiyyatın aşkarladığı həqiqətlər həmişə ürəkaçan olmur: bəzən romanların və şeirlərin güzgüsündə əks olunan obrazımız vəhşi bir məxluqa bənzəyir. Markiz de Sadın təsvir etdiyi seksual qəssablıqları, ya da Saher-Mazox və Batayın lənətli kitablarındakı soyqırımları, vəhşilikləri oxuyanda, güzgüdəki vəhşi əksimizi daha yaxşı görürük. Gördüyümüz bəzən o qədər iyrənc və qorxulu olur ki, dözülməzləşir. Yenə də bu kitablarda nəql olunanların ən pis tərəfi qan, təhqir və işgəncə qorxusu deyil; ən pisi tərəfi – bu şiddət və aşırılığın bizə yad olmadığını, bunun insanın daxilində gizlənmiş özümüzdən bir hissə olmasını kəşf etməyimizdir. Bu qızmış vəhşilər varlığımızın ən intim oyuqlarında gizləniblər. Gizləndikləri zülmətin içində oturub fürsət güdürlər ki, əqli başlanğıcı, birgəyaşayışı dağıtsınlar, həyatı məhv edən azğın istəklər səltənətinə hökmdar olsunlar. Hə, gəlin etiraf edək ki, insan beyninin bu qaranlıq bucaqlarına birinci girən, insan zehnini formalaşdıran bu gizli gücün dağıdıcılığını birinci kəşf edən elm olmayıb. Bu kəşfləri ədəbiyyata borcluyuq. Ədəbiyyat olmasaydı, dünyanın vaxtında görməli olduğu bu qorxunc dərinliklərindən xəbərimiz olmazdı.

Essemdə təsvir etməyə çalışdığım sivil olmayan, barbarlığın başa keçdiyi, həssaslıqdan məhrum, sözdən kasıb, cəhalət meydanı olmuş, yalnız instinktləri ilə davranan, sevgini və ehtirası şəhvət səviyyəsinə endirmiş bu ədəbiyyatsız dünyanın başlıca özəllikləri yəqin ki, bəşəriyyətin güc və iqtidarla uzlaşması, ona boyun əyməsidir. Ədəbiyyat olmasa, eləcə həyatda qalmaq, bilinməyənin verdiyi qorxu altında, cismani ehtiyacları ödəməkdən ibarət ömrün gündəlik tələbatlarını təməl instinktlər müəyyələşdirərdi. Bu cür dünyada mənəviyyata yer olmazdı. Bundan başqa, belə bir dünya həyatın dözülməz monotonluğuna təslim olar, hər şeyin həmişə belə qalacağı, bunu heç kimin və heç nəyin dəyişdirə bilməyəcəyi duyğusundan yaranan qapqara pessimizmin boyunduruğu altına girərdi.

İnsan belə bir dünya təsəvvür edəndə gözünün qabağına Latin Amerikada, Okeaniada və Afrikada çağdaşlıqdan uzaq yaşayan, ibtidai, balaca magiyadin icmaları gəlir. Amma mənim fikrim başqa bir paradoksa ilişib qalıb: haqqında danışdığım kabus, az inkişafın yox, çox inkişafın nəticəsidir.

Texnologiyaya köləcəsinə boyun əyməyimizin nəticəsi kimi, bizi gözləyən gələcəyin kompüter ekranlarının əlindən tərpənməyə yer olmayan, kitabsız bir cəmiyyət olacağını, ya da fizika əsrində əl-kimya hansı yerdədirsə, ədəbiyyatın da o yerdə olacağını, başqa cür desək, media erasında bədii yaradıcılığın katakombalarda nevrozlu azlığın məşğul olduğu arxaik bir işə çevriləcəyini ehtimal etmək olar. Mən çox qorxuram ki, bu kibernetik dünya öz çiçəklənməsinə və gücünə, həyat səviyyəsinin yüksəkliyinə və elmi uğurlarına baxmayaraq, postədəbiyyat dönə-minin azadlıqdan əlini üzmüş, təslim bayrağı qaldırmış, sivil olmayan və hədsiz dərəcədə mənəviyyatsız robotlardan ibarət dünyası olacaq.

Bu dəhşətli utopiyanın reallaşması, şühbəsiz ki, yaxın ehtimal deyil. Hələlik bəşəriyyətin hekayəsinə final yazılmayıb, əvvəlcədən müəyyənləşməyib də. Axırımızın necə olacağı tamamilə bizim ayıq baxışlarımızdan və arzuları-mızdan asılıdır. Fantaziyamızın yoxsullaşmasının, həssaslığımızı cilalayan, bizə daha gözəl danışmağı öyrədən şeyin məhv olmasının və azadlığımızın gücdən düşməsinin qarşısını almaq istəyiriksə, hərəkətə keçməliyik. Uzun sözün qısası, yaxşı kitablar oxumalıyıq, adamları oxumağa sövq etməliyik, ailəmizdə, auditoriyalarda, KİV-in köməyi ilə bütün ictimai insitutlarda bizdən sonra gələnləri kitaba səsləməliyik, ədəbiyyatı ən vacib məşğuliyyətə çevirməliyik, çünki o toxunduğu hər şeyi gözəlləşdirir.


Страницы книги >> 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации