Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 4

Текст книги "Ədəbiyyatsız dünya"


  • Текст добавлен: 29 ноября 2022, 15:01


Автор книги: Коллектив авторов


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +
AVROPA HARADIR?

İstanbulda, şəhərin Avropa hissəsinin ən avropalaşmış səmti olan Bəyoğlunda gəzişəndə, köhnə bir kitabçıyla qarşılaşdım. Təmirxanalarını, mebel, ya da güzgü satılan dükanlarını, balaca yoxsul yeməkxanalarını tanıdığım bu kələ-kötür və dar küçədə bu kitab dükanı təzə idi, içəri girdim.

Dükanın içi tozlu kitablara, əlyazmalarla dolu olan köhnə İstanbul bukinistlərinə bənzəmirdi; nə tozlu kitab qalaqları vardı, nə də kitabçının qiymət yapışdırmadığı qarışıq kitablar. Hər şey, eynilə həmin bölgədə çoxalmağa başlayan əntiq dükanlarında olduğu kimi, təmiz və sistemli idi; kitablar da təsnif edilmişdi. Bu, İstanbulun bu hissəsində yavaş-yavaş köhnə bukinistlərin yerini tutan “əntiq kitabçı” dükanı idi. İntizamlı modern ordular kimi rəfləri dolduran cildlənmiş kitablara xəyal qırıqlığı ilə baxdım.

Bir küncdə rəflər boyu düzülmüş yunanca hüquq kitabları diqqətimi çəkdi. İstanbulda bu köhnə hüquq kitablarını alacaq rum qalmadığına görə, çoxdan ölmüş, ya da Afinaya köçmüş rum vəkilin kitabları yeni dükanın boş rəflərini şax cildləri ilə doldurmaq üçün ora düzülmüşdü. İçlərini, ya da cildlərini yox, soykökü Bizansa qədər gedib çıxan əski sahiblərini düşünərək hüquq kitablarını əlimə götürüb baxmağa başlamışdım, elə bu vaxt yandakı cildlərin fərqinə vardım. Bunlar Albert Sorelin əsrin əvvəllərində çap olunmuş “L”Europe et la Revoulution Françaies”i-nin səkkiz şişman cildiydi. Bir çox bukinistdə tez-tez bu cildləri görürəm. Bu günlərdə dəyəri yenidən kəşf edilən romançı Nahid Sırrı Örik, yarım əsr əvvəl bu qalın cildləri türk dilinə çevirib, qərbpərəst Cumhuriyyətin Milli Təhsil Nazirliyi də “özəl nəşriyyatların gücü çatmayan” bu işi boynuna götürərək həmin cildləri “Avropa və Fransız İxtilalı” adıyla çap etmişdi. Özümdən bilirəm ki, evlərində istər yunanca, ya da fransızca danışılsın, istərsə də türkcə, İstanbullu əksər ziyalı Albert Sorelin bu cildlərini oxuyub, amma bu kitablarda fransız oxucular kimi öz keçmişini, ya da xatirələrini yox, öz gələcəyini və avropa ilə bağlı xəyallarını axtarıb.

Avropanın sərhədlərində bir qeyri-müəyyənlik içində yaşayan və kitablarla nəfəs alan mənimkimilər üçün, Avropa həmişə bir gələcək, bir yuxu olub; yaxşı, ya da pis, arzulanan, ya da qorxulan bir xəyal, yaxınlaşmaqda olan bir məqsəd, ya da bir təhlükə. Bir gələcək arzusu: amma heç vaxt xatirə yox.

Buna görə də Avropayla bağlı xatirələrim dramatik olduğu qədər, həm də xatirə olmaqdan çıxıb röya olurlar: mənim həqiqi Avropa xatirəm yoxdur. Burada, İstanbulda Avropa ilə bağlı olan xəyallarım və uydurmalarım var. Yeddi yaşım olanda atamın mühəndislik etdiyi Cenevreyə gedib orada bir yaz qalmışdım. Məşhur fəvvarənin damlar arasından göründüyü evimizdən zəng səslərini ilk dəfə eşidəndə, Avropa ilə yox xristianlıqla qarşılaşdığımı hiss etmişdim. Tütün ticarətindən qazandığı pulları xərcləyənlər, ya da siyasi, yaxud iqtisadi sürgünlüyün ağrılarını çəkən çoxları kimi, xeyli Avropa şəhərinin səkilərində bir az təəccüb, bir az heyrət, bir az da öyrəşmədiyim azadlıq hissi ilə, əlbəttə ki, mən də gəzmişəm, amma vitrinlərdə, kinoteatrlarda, insan sifətlərində və küçələrdə gördüklərim yaddaşımda ancaq mənim gələcəyim ola biləcək qədər xatirəyə çevriliblər. Mənimkimilər üçün Avropa bir gələcək arzusu və təhdidi olanda maraqlıdır.

Mən bu gələcəyə, Avropanın sərhədlərində yaşayan xeyli ziyalı kimi, xəstəlik dərəcəsində meyilli olduğum üçün, Sorelin tarix cildlərinə İstanbul bukinistlərində rast gələ bilirəm. Dostoyevski bundan 130 il qabaq Avropa təəssüratlarını qəzetdə yazarkən, “qəzet-jurnal oxuyan ruslardan hansımız Avropanı Rusiyadan iki dəfə çox tanımırıq?” – deyə soruşur, sonra yarı-zarafat, yarıqəzəblə əlavə edirdi: “Əslində on dəfə artıq tanıyırıq Avropanı, amma ayıb olmasın deyə, iki dəfə deyirəm.” Avropapərəst bu marağın xəstəlik dərəcəsinə çatmağı Avropanın sərhədlərində yaşayan xeyli ziyalı üçün əsrlərdir ki, oturuşmuş bir ənənədir. Bu ənənənin bir tərəfi Avropaya olan aşırı həsrəti, Dostoyevskidə olduğu kimi “ayıb” bir şey kimi görürsə, o biri tərəfi onu qaçılmaz və “təbii” bir yanaşma kimi görür. Bu iki yanaşmanın arasındakı davanı ifadə edən bəzən qaraqabaq və qəzəbli, bəzən fəlsəfi və metafizik, bəzən də ironik bir ədəbiyyat var ki, özümü Avropa, Asiya, ya da hər hansı başqa ənənədən daha çox bu polemik ədəbiyyatın bir parçası kimi hiss edirəm.

Bu ənənənin birinci qaydası Avropa qarşısında laqeyd qalmaqdır. Türkiyədə hələ də davam etməkdə olan və yaxın zamanda islamçı “Rifah partiyası”nın iqtidara ortaq olması ilə yenidən şiddətlənən “Avropa ilə neyləyək?” polemikasında, bir yuxu kimi görülən Qərb ilə, bir kabus olaraq təsəvvür edilən Qərbi bir-birindən ayırmaq, həmişə atılacaq birinci addım olur. Liberalından islamçısına, sosialistindən burjuyuna qədər hər ağızdan bir səs çıxan – humanist Avropa, demokrat Avropa, xristian Avropa, texnoloji Avropa, zəngin Avropa, insan haqlarına sayğılı Avropa – bu söhbətlərdə hansı Avropanın vurğulanması ilə bağlı o qədər çox öyüd-nəsihətə qulaq asmışam ki, süfrədəki din və Allah söhbətlərindən bezib dindən çıxan uşaq kimi, bəzən bu mövzu haqda eşitdiyim hər şeyi unutmaq istəyirəm. Amma yenə də Avropalı oxucularımla paylaşmaq istədiyim bir-iki əyləncəli xatirəm, Avropanın kənarında yaşayan bizim kimi millətlərin özəl həyatına məxsus olan bir-iki sirrim var. Qulaq verin mənim İstanbuldakı Avropa xatirələrimə:


1. Uşaqlığımdan bəri eşitdiyim cümlə: “Avropada belə edirlər.” Balıqçılıq haqqında bir qanunmu hazırlanır, evinizə pərdəmi seçirsiz, düşmənləriniz üçün pislikmi planlaşdırırsınız… Bu sehrli söz – metod, rəng, üslub, məzmun və s. haqqındakı bütün söz-söhbəti bir anda bitirir.

2. Avropa seks cənnətidir. İstanbulla müqayisə olunanda, nisbi də olsa, doğrudur. Əksər kitabdangəlmə türk ziyalısı kimi, həyatımdakı ilk çılpaq qadın vücudu rəsmini Avropadan gələn jurnallarda görmüşəm. Deyəsən ilk və ən yaddaqalan Avropa xatirəm budur.

3. “Avropalılar görsələr, nə deyərlər?” Bir qorxu və bir arzu. Onlara oxşamayan tərəflərimizi görüb bizi ayıblayacaqlar deyə hamımız çox qorxuruq. Həbsxanalarda işgəncənin azaldılmasını, ya da iz buraxılmadan həyata keçirilməsini buna görə istəyirik. Bəzən də qəti onlar kimi olmadığımızı onlara nümayiş etdirməyin zövqünü yaşamaq istəyirik: islamçı bir terroristin tanınmaq istəyi, Papanı vuran ilk Türk olmaq istəyi də belə duyğulardır.

4. “Avropalılar çox kübar, çox zərif, çox mədəni və nəcib insanlardırlar,” deyəndən sonra – “amma mənfəətlərinə dəymədikcə,” deyə əlavə edilir və milliyətçi qəzəbin şiddətinə bir örnək göstərilir: “Parisdə mindiyim taksinin sürücüsü bəxşişi az hesab edəndə…”, ya da, “bilirsənmi, xaç yürüşlərini də konslagerləri də onlar təşkil eləyib,..” – deyirlər.


Avropa bu xatirələrin və şayiələrin, nəzəriyyələrin, xəyalların cəmi və əlbəttə, bunların heç biridir. Mənim kimi onun sərhəddində və onunla xəstə bir münasibət içində yaşayanlar üçün o, hər şeydən əvvəl kimliyi və sifəti daim dəyişən bir xəyaldır. Mənim və məndən əvvəlki nəsillərin əksəriyyəti bu xəyala Avropalılardan daha çox inandı. Bu gün Avropa Birliyinin həvəsli dəstəkçiləri və universitetlərin kimlik nəzəriyyəçiləri tərəfindən bu Avropa arzusunun həddən artıq ciddiyə alındığını, Hötedən Sartra, Dantedən Lokka qədər xeyli etibarlı adın havası ilə yeni növ bir milliyətçilik, bir Avropa milliyətçiliyi yaradıldığını görmək məni kədərləndirir. Yumordan və ironiyadan məhrum olan, sürəkli şəkildə özünü təbrik Avropa milliyətçiliyinin biz kənarda yaşayanlar üçün daha çox aşağılanma, daha uzun viza növbələri və daha uzaq bir Avropa mənasına gəldiyindən şübhəm yoxdur. Bu yeni Avropa ilə danışmağa çalışmaq, saatlarla gözlənilən viza növbəsindən sonra, konsulluq binasının səs və güllə keçirməyən şüşəsi arxasında oturan qaraqabaq gözəl qadına dərdimizi anlatmağa bənzəyəcək.

Bütün həyatım boyu İstanbulun Avropa hissəsində, yəni Avropa qitəsində yaşamışam. Özümü ən azından coğrafi olaraq Avropalı hiss etmək mənim üçün heç də çətin deyil. Bu yazını yazarkən eşələndiyim İstanbulun köhnə kitabçılarında isə bundan 100 il əvvəl türk dilinə çevrilmiş Albert Sorelin başqa bir kitabının izi-tozu da yoxdur. “La Question D”Orient au dixhuitieme siecle” (XVIII əsrdə Şərq problemi) adlı kitab Cumhuriyyətdən sonra avropalaşmaq istəyilə latın əlifbasına keçərkən unutduğumuz ərəb əlifbası ilə çap olunduğu üçünmü axtarılmır, yoxsa həmin kitab bizi Avropanın bir dərdi, bir problemi kimi gördüyü üçünmü, bilmirəm.

AZIZ NESIN: HƏMIŞƏ QƏZƏBLI, HƏMIŞƏ GÜLÜMSƏYƏN

Xəbəri – Aziz Nesinin öldüyünü baqqalda dalğın-dalğın qəzetlərə baxarkən gördüm. Amma iki saat əvvəl evdə həmin qəzeti oxumuşdum, bu xəbər orda yox idi. Alış-verişimi etdim, əlimdəki plastik torbalarla ofisimə girdim: plastik torbaları divana yox, mətbəxə qoymalı, ciblərimi boşaltmalı, qol saatımı çıxarmalı, faks maşınına göz at-malıydım, amma yerimdə donub qalmışdım. Ağlamağa başladım.

Tez-tez ağlayan deyiləm. Özümə təəccübləndim, əsəblərimin pozuq olduğunu, qəzəbli olduğumu və buna bənzər şeylər düşündüm, amma ağlımda tamam başqa şeylər vardı. Faks maşınındakı kağız bu yazını elə indi yaza biləcəyimi deyirdi. Masaya oturdum.

Aziz Nesini ilk dəfə görəndə səkkiz yaşındaydım. Ankaradakı “Bilgi Kitabevi”ndə kitablarını imzalayırdı. Anam qardaşımla məni həmin kitab evinin olduğu Sakar-ya prospektinə alış-verişə aparmışdı. Orda bazarın səs-küyündən və erkən düşən payız axşamının qaranlığından uzaqda, arxada bir yerdə, cazibəli və güvənli kitab qoxusu içindəki insanların arasında bir adam kitablarını imzalayırdı. Gələcəkdə mən də yazıçı olacaqdım.

Evimizdə onun kitabları oxunardı, mən də oxumağa başladım. Türkiyənin necə bir yer olduğunu, burada yaşayanların necə insanlar olduğunu erkən yaşda həyatdan və qəzetlərdən öyrəndiyim qədər ondan da öyrəndim. Hamımızın həyatında böyük, dərin bir yaraya bənzəyən çatışmazlıq vardı. Bunun ruhi bir ağrı kimi fərqindəydik, amma uşaqlar kimi ört-basdır etməyə, malalamağa, milli bir qürurla cilalamağa, hətta bilə-bilə seçdiyimiz xüsusiyyət kimi onunla öyünməyə də hazır idik. Kənara atılmışlığımızın, yoxsulluğumuzun və bir-birimizə qarşı qəddarlığa qədər gedib çıxan rəhmsizliyimizin arxasında da bu çatışmazlığın, bir növ xamlığın və qəzəbin olduğunu sezirdik. Həyatın hər detalında, günün hər saatında özünü yadımıza salan bu fağırlıq və qəzəb, əvvəlcə bizə “Biz adam olan deyilik” dedizdirir, sonra isə amerikanlar məhləmizdə bir evə misafir gələndə gənclərimizi qonağın girdiyi həmin evin pəncərəsi altına toplayıb İstiqlal Marşı oxutdururdu.

Aziz Nesin kitablarında bu kövrəkliyin və bir gün asanlıqla, hiyləgərcəsinə, kəsə yolla bu kövrəklikdən xilasolma ümidinin hər rəngini, hər simptomunu, hər nəticəsini, hər qəribəliyini bizə böyük zövqlə ifadə edirdi.

Uşaqlıqda onun hekayələrini oxuyanda İstanbulun və bütün Türkiyənin gündəlik həyatındakı kolorit, avtobus qapısının necə açılacağından, ictimai tualetlərin seyrəkliyinə qədər küçə müşahidələri, tikiş maşınından qarşoka, qazandan ütüyə kimi ev əşyalarının canlılığı, bizi tezcə ələ verən dil və nitq vərdişlərimiz, qaynanalar, təqaüdçülər, uşaqlar, pişiklər, şəhəri şəhər edən bütün o ailələr, həyatlar, dükanlar və dövlət idarələri ən xırda detalına qədər mənim gözümdə dərin bir gerçəklik duyğusu ilə canlanırdı.

Sonrakı illərdə də dönə-dönə qayıdıb yenidən oxuduğum bu hekayələr, ordan-burdan vərəqləyərək, çox vaxt da ən gözlənilməz anda gülərək xatırladığım bu kitablar, hər dəfə məndə Aziz Nesindəki diqqətin və müşahidə gücünün bitib-tükənməz diriliyinə, oynaqlığına, müxtəlifliyinə qibtə hissi yaradırdı.

Onun ən böyük uğuru da budur: dünya ədəbiyyatında yaşadığı şəhərin və ölkənin həyatına, insanlarına bütün detalları ilə bu dərəcədə şahidlik edən və bu qədər də rahat oxunan çox az yazıçı var.

Xüsusilə “Demokrat Partiyası”ının hakimiyyətdə olduğu ilk illərdən başlayaraq, 70-ci illərin sonuna qədərki 30 illik dövrün İstanbul və Anadoludakı bütün qəhrəmanları – bütün idarə məmurları, yeni zənginlər, işsizlər, fırıldaqçı siyasətçilər, taksi şoferləri, sosyete qadınları, əsgərlər, hərbi çevriliş istəyənlər, məhkumlar, cinayətkarlar, namus düşmənləri, pavilyon qadınları, kənd muxtarları, futbolçular, ziyalılar, ağalar, şeyxlər, imamlar, xırdavatçılar, dələduzlar, oğrular və ağla gələ biləcək hər peşədən, hər cinsdən, hər xarakterdən insanlar, eynilə bəzi Osmanlı surnamələrində olduğu kimi, onun kitablarında öz əksini tapıb.

Heç bir türk yazıçısı bu 30 illik dönəmdəki İstanbul həyatının detallarına Aziz Nesinin göstərdiyi qədər əhatəli və ağıllı diqqət göstərməyib. Aziz Nesinin romandan daha çox qısa hekayə yazması, onu həyatdan birbaşa aldığı materialı böyük bir əhvalatın içinə bütöv şəkildə bağlamaqdan xilas etmiş və beləcə, maraqlandığı, sevdiyi və ağıllı formada ifadə edə biləcəyi hər şeyi yazıya çevirə bilmişdi.

Kitablarını təzədən oxuyanda, vərəqləyəndə – bunu tez-tez edirəm – ən çox onun gündəlik həyatın hər detalına, hər mövzuya belə tez girə bilməyinə heyrətlənirəm. Bir də bu qədər asan oxuna bilməsinə, hər növdən oxucunun diqqətini çəkəcək maraq ünsürünü daim diri tuta bilməsinə…

Bilirəm ki, bu böyük yaradıcılığın arxasında yazıçılığın təsirlənməkdən çox, zəhmətlə, işləməklə bağlı olduğunu başa düşən hamının görəcəyi kimi, bənzərsiz bir yazmaq enerjisi və istəyi var. Aziz Nesin həmişə, hər vəziyyətdə daim yazardı; o, qərara gəlmişdi ki, yaradıcılığının əksər hissəsində mətbəələrin və çap maşınlarının hərəkətinə çatmağa məcbur olsa da, bu, yazılarının dəyərindən vaz keçmək üçün bəhanə deyil.

Bir dəfə birlikdə Fransaya səyahət etmişdik. Bir otelə girdik, yanaşı otaqlara yerləşdik. Üç-dörd dəqiqə sonra, hansısa bəhanə ilə qapısını döydüm, qapını açanda gördüm ki, əlində qələm var. Xatırlayıram ki, qapını açanda qələmi niyə masaya qoymayıb əlində qələmlə qapını açması haqda uzun-uzun düşünmüşdüm. Sonralar köhnə bir köşə yazısında, əski və unudulmuş köşə yazarlarından olan Mahmud Sadiqdən bəhs edən bir cümlənin Aziz Nesinin beyninə necə “mismarlandığını” oxuyacaqdım: “Mahmud Sadiqin əlində qələm altıncı barmaq olmuşdu.” Həmin yazısına belə davam edirdi: “Nə vaxt bu bənzətməni xatırlasam, əlimdəki qələmə baxıram, ürəyim yanır.”

Amma işləmək onun üçün ürək yanğısından çox həyatın qəddarlığına qarşı inada, həyata qarşı qazanılmış bir qələbəyə çevrilmişdi. Ən pis zamanlarda belə onu edilməsi mümkün şeyləri araşdırmağa təşviq edən ümid də, ağıllı düşmənlərini heyran qoyan cəsarət və özünəinam da, düşünürəm ki, öz gücünü tanımaqdan irəli gəlirdi. Daim işləyə bildiyi üçün və bəzi insanların cihazlara, bəzilərinin sevgiyə inandığı kimi, yazıya inandığı üçün, həyatın mənası və məqsədi onun gözündə həmişə alışıb yandı.

Buna görə də başqalarının qərarsız qaldığı, gördüklərinə inanmadığı, dostların və ya qrupun şahidliyinə, yaxud dəstəyinə ehtiyac duyub çaş-baş qaldığı vaxtlarda, o qabağa çıxıb özünəinamla ilk reaksiyanı verirdi. Düşündüyünü açıq-aydın ifadə etmək imtiyazının ancaq cəsurlara buraxıldığı bir ölkədə Aziz Nesin çox az yazıçıya nəsib olan cəsarətin ləzzətini alırdı.

Özü susanda, başqalarının da susduğunu, ya da səsinin eşidilmədiyini anlayır, cəsarətinin başqalarında haqlı və faydalı bir utanc hissi yaratdığını görürdü. Düşünməklə cəsarətin yavaş-yavaş bir-birinə qarışdırıldığı ölkədə düşüncədən qabaq cəsarəti hərəkətə keçirmək lazım olduğunu anlayır və başqaları deyəndə vecə alınmayan xeyli məsələnin o dillənəndə bu və ya digər şəkildə aktivləşdiyini bilirdi. Xeyli ictimai problemin sövqi-təbii təslimçiliklə dövlət tərəfindən həll olunmasını gözləmək kimi, intellektual və siyasi həyatla əlaqədar bütün problemlərin də oxşar şəkildə, elə bil, etibarnamə ilə özükimilərə, bəzən isə təkcə öz boynuna düşdüyünü hiss edirdi. Qısa hekayələrində cəsur yazıçıya daha çox cəsarət təklif edən, ondan daha da irəli getməsini istəyən, onu ölçüsüzcəsinə tərifləyən, amma özü nə ət, nə balıq olan, səsini heç vaxt çıxarmayan vətəndaş tiplərindən xeyli bəhs edib.

Mən də çoxları kimi, onun açıqsözlülüyünün və yaradıcı dəlisovluğunun doğurduğu cəsarət, şərəf məsələləriylə bəzən həyəcanlı şəkildə maraqlansam da, məni ona bağlayan əsas şeyin, bəzən xəstəlik dərəcəsinə çatan marağımın kökündə, onun yazıçılığı, yazıçılıq intizamı durur. Hər şeyi yazmaq istəyi! Arxada böyük bir əsər qoymaq ehtirası! Hamının bildiyi, amma bildiyini bilmədiyi həqiqətləri parlaq şəkildə, bir cəhddə deyə bilmək xəyalı… Bütün bunları kitablara, kitab rəflərinə daşımaq zövqü…

Həmişə xəyal etmişəm ki, Aziz Nesinin və onun necə işlədiyini öyrənməkdən zövq aldığım gündəlik məişət vərdişlərinin – gizlətməyin, yığmağın, dosyeləşdirməyin, bir gün karıma gələr deyə qırağa qoymağın, yazıya optimist və faydaçı rakursdan yanaşmağın arxasında bu istəklər durur. O bütün bunları səbrlə, çalışqanlıqla, həvəs və ləzzətlə edərkən, ortalığa modern türk ədəbiyyatında tayı-bərabəri olmayacaq qədər geniş, əhatəli, zəngin və oxunması ləzzət verən əsərlər qoydu. Həmişə qəzəbli və həmişə gülümsəyən əsərlər.

ALBER KAMÜ HAQQINDA

Əlbəttə ki, yazıçılara əvvəlcə yazdığı kitablara görə heyran oluruq. İllər keçdikcə, o kitabları ilk dəfə oxuduğumuz dövrlə, günlə bağlı xatirələrimiz və kitabın bizdə yaratdığı, əvvəlcə fərqinə varmaq istəmədiyimiz həsrət və başqa duyğular, həmin kitabı ilk dəfə oxuyanda içimizdə yaranan heyranlıqla birləşir. Artıq həmin yazıçıya təkcə bizə dünyanın içimizə sirayət edən bir rəsmini təklif etdiyi üçün yox, həm də həyatımızın və ruhi inkişafımızın bir parçası olduğu üçün bağlılıq hiss edirik. Mənim üçün Kamü, Dostoyevski kimi, Borxes kimi, bu cür təməl yazıçılardandır. Bu iki yazıçı kimi, Kamü də fəlsəfi, metafizik meyli ilə gənc oxuculara sarsıdıcı şəkildə hiss etdirir ki, dünya da, həyat da mənalandırılmağı gözləyən cazibadər şeylərdir və bu mənalandırmaq işini yerinə yetirmək istəyən ədəbiyyatın – həyat kimi – sərhədsiz imkanları var. Gənc vaxtı bu yazıçıları optimistliklə oxusanız, siz də onlar kimi yazıçı olmaq istəyərsiniz.

Kamünun az qala bütün kitablarını Dostoyevski və Borxesin əsərlərindən əvvəl, 18 yaşımda ikən, atamın təsiri ilə oxumuşam. İnşaat mühəndisi atam, 1950-ci illərdə Gallimard tərəfindən bir-bir çap olunan Kamünün son dönəm kitablarını Parisdən alır, ya da İstanbula gətizdirir və diqqətlə oxuduqdan sonra onlar haqqında arabir danışmaqdan zövq alırdı. Bu gün düşünürəm ki, atama təsir edən şey, başa düşəcəyim dildə arada mənə də izah etməyə çalışdığı “absurd fəlsəfə”sindən çox, bu fəlsəfənin Qərbin böyük şəhərlərindən, onların dramatik memarlığından və evlərin içindən yox, bizimkinə bənzəyən kənarda qalmış, yarı-yoxsul, yarı-modern, yarı-müsəlman, yarı-sekulyar bir dünyadan bizə səslənməsidir. “Yad”ın, “Vəba”nın – bu kitablardakı bəzi hekayələrin baş verdiyi coğrafiyada Kamünün uşaqlığını, cavanlığını keçirməsi, nə tam qərbli, nə də tam şərqli küçələrdən, bağçalardan, günəşdən sevgiylə və təvazökarlıqla bəhs etməsi özümüzü onunla eyniləşdirməyimizi asanlaşdırırdı. Kamünün möcüzəvi ədəbi uğurunu çox cavan yaşda əldə etməsi də, yaraşığını itirmədən qəzetlərin “absurd” adlandırdığı bir avtomobil qəzasında cavan yaşda dünyadan köçməsi də atamı sarsıtmışdı.

Kamüdən danışanda təkcə atamın yox, bütün dünyanın bəhs etdiyi “cavanlıq” işığı, əlbəttə ki, yazıçının istedadı və yaşı ilə bağlı idi. Amma onu əsərlərini ilk oxuyuşumdan illər sonra, indi bu cavanlıq sözünün bir başqa mənası olduğunu da hiss edirəm. Elə bil ki, Kamünün yazdığı illərdə Avropa hələ cavan bir yer idi, orda hər şey ola bilərdi. Cavanlıq dönəmini yaşayan mədəniyyətlərdə olduğu kimi, sanki o zamanlar Avropada şeylərin mahiyyəti ilə görüntüsü arasında elə də uzaqlıq yox idi. Belə ki, fəlsəfə təhsili almış parlaq bir yazıçı qəzəbli bir missionerdən, bir rəssamın şöhrətlə münasibətlərindən, topal bir adamın velosipedə minməsindən, ya da sevgilisi ilə çimərliyə gedən bir kişinin həssaslılığından bəhs edərkən, gözlənilməz şəkildə, fərqinə varırıq ki, əslində o, həyatın mənası və dünyanın necə bir yer olmağı barəsində çox inandırıcı şəkildə danışır. Kamününun ən parlaq cəhəti gündəlik həyatın adi və ikinci dərəcəli görünən detallarını, eynilə bir kimyagər kimi zərifliklə fəlsəfəyə çevirə bilməsidir. Bunun arxasında, əlbəttə ki, Didrodan Uelbekə uzanıb gələn fransız fəlsəfi roman ənənəsi var. Kamünün orjinallığı onda idi ki, o, müdrik və avtoritar müəllif səsini, ya da mizaha söykənən fransız fəlsəfi roman ənənəsini Heminqueyvari qısa cümləli, realist təhkiyə ilə asanlıqla sintez etmişdi. Edqar Podan Borxesə qədər bütün fəlsəfi qısa hekayə ənənəsinin davamı kimi görə biləcəyimiz bu hekayələr, arabir təsvir etməkdən, atmosfer yaratmaqdan zövq alan bir romançının müşahidələri ilə rənglənir, canlanır.

Burada diqqət çəkən məqam Kamünün yazdıqları ilə uzaqlığı, pıçıltı ilə danışmasıdır. Oxucunu müəlliflə yazdığı şey arasındakı bir məkanda buraxan, onu hekayənin içinə çəkməyən bu qərarsızlığın yəqin ki, Kamünün həyatının son illərində qarşılaşdığı yorucu, dözülməz problemlərlə əlaqəsi var. Hamının bəhs etdiyini gəncliyi itirdiyini, “Səssiz adamlar” adlı hekayəsinin əvvəlində göründüyü kimi, Kamü də bilirdi. “Rəssam işləyərkən” adlı hekayə Kamünun həyatının sonlarında həddindən artıq ləzzət aldığı və özünə hədsiz yük olan sənətçi şöhrəti haqqındadır. Amma əsas dözülməz, qəliz problem, əlbəttə ki, Əlcəzair müharibəsi ilə bağlı idi. Əlcəzairli bir fransız olan Kamü bu torpaqlara olan sevgisi ilə Fransaya olan bağlılığı arasında ilişib qalmışdı. Bir yandan antikolonial qəzəbi, üsyanı, şiddəti başa düşür, digər tərəfdən də fransız dostları müstəqillik tərəfdarı ərəblərin, ya da fransız mətbuatına görə, “terroristlərin” bombaları ilə öldürüləndə, Sartr kimi, Fransız dövlətinə qarşı sərt mövqe göstərə bilmir, səssiz qalırdı. Sartr köhnə dostunun ölümündən sonra yazdığı son dərəcə anlayışlı, həssas yazıda Kamünün sükutunda ifadəsini tapan dərin şeyi və təmkini oxucuya hiss etdirmişdi.

Həyatının axırlarında fransız kolonializmi ilə fransız dostlarının sevgisi arasında sıxılıb qalan və bir seçim etməli olan Kamü, öz ruhi vəziyyətini “Misafir” adlı hekayədə yaradıcı şəkildə ifadə edib. Bu mükəmməl siyasi hekayə, siyasəti bizim həvəslə seçdiyimiz bir şey kimi yox, başımıza gələn və qəbul etmək məcburiyyətində qaldığımız bəxtsiz bir qəza kimi göstərir.

Yüzdəyüz razılaşdığım fikirdi…


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации