Текст книги "Hekayələr"
Автор книги: Лев Толстой
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 13 страниц)
Lev Tolstoy
Hekayələr
LÜTSERN11
Con Murrey (1841-1914) – ingilis səyyahı, təbiətşünas alimi
[Закрыть]
(Knyaz D.Nexlyudovun qeydlərindən)
Dünən axşam mən Lütsernə gəldim və buranın ən yaxşı mehmanxanası hesab olunan Şveytserqofda qaldım.
"Lütsern dörd mahala məxsus gölün sahilində yerləşən qədim vilayət şəhəridir, – Murrey deyirdi, – İsveçrənin ən axarlı-baxarlı guşəsidir: burada üç əsas yol kəsişir, buradan dünyanın ən əzəmətli mənzərələrindən olan Riqi dağına gəmi ilə cəmi birsaatlıq yoldur".
Bu nə dərəcədə doğrudur, deyə bilmərəm, ancaq bələdçilər də eyni şeyi təkrar edirdilər, buna görə də bütün millətlərdən olan səyyahların, xüsusilə ingilislərin Lütserndə sayı-hesabı yoxdur.
Şveytserqofun beşmərtəbəli gözəl binası sahil küçəsində, lap gölün kənarında bu yaxınlarda tikilmişdir. Qədim zamanlarda həmin bu yerdə çatma tağlı, üstüörtülü, dolanbac, künclərində kiçik kilsələri olan taxta körpü var idi. İndi isə ingilislərin buraya böyük axını, onların tələbləri, zövqü və pulları sayəsində köhnə körpü uçurulmuş, yerində tir kimi düz, kürsülü sahil düzəldilmişdir. Sahil küçəsində isə düzünə, dördkünc beşmərtəbəli evlər salınmışdır: evlərin qabağında iki cərgə cökə ağacları əkilmiş, cökələrə dirək vurulmuş və aralarına, adət üzrə, yaşıl skamyalar qoyulmuşdur. Bura gəzinti yeri idi, başlarına İsveçrə istehsalı olan həsir şlyapalar qoymuş ingilis xanımları ilə əyinlərində davamlı və rahat paltarları olan kişiləri burada gəzişir və öz əlləri ilə yaratdıqlarından həzz alırdılar. Bu sahil küçəsi, evlər, cökə ağacları və ingilislər burada, çox əzəmətli, bununla belə, ifadəedilməz dərəcədə ahəngdar və zərif təbiətin qucağında deyil, haradasa başqa bir yerdə, bəlkə də, çox yaxşı görünə bilərdilər.
Mən yuxarı, öz otağıma qalxıb gölə baxan pəncərəni açan kimi suların, dağların, səmanın gözəlliyi ilk anda elə bil gözlərimi qamaşdırıb məni sarsıtdı. Daxili narahatlıq duydum, qəlbimi birdən-birə dolduran nəyinsə artıqlığını birtəhər ifadə etmək ehtiyacı hiss etdim. Bu dəqiqələrdə kimi isə qucaqlamaq, bərk-bərk qucaqlamaq, qıdıqlamaq, çimdikləmək, bir sözlə, nə isə qeyri-adi bir iş tutmaq istəyirdim.
Axşam saat yeddi idi. Bütün günü yağış tökmüşdü, indi isə hava açılırdı. Yanan kükürd kimi gömgöy olan göl nöqtə boyda görünən qayıqları və onların silinən, hamar izləri ilə birlikdə müxtəlif yaşıl sahillərin arasında yayılaraq sanki pəncərələrin qarşısında qabarır, qabağa cumur, iki nəhəng çıxıntının arasında sıxılır və tutqunlaşaraq bir-birinin üstünə qalanmış dərələrə, dağlara, buludlara və buzlaqlara dirənərək görünməz olurdu. Ön planda qamışlı, çəmənli və bağ-bağatlı, açıq-yaşıl rəngə çalan yaş, hərəkətli sahillər, ondan sonra isə uçuq qəsrləri olan tünd-yaşıl pöhrəli, kol-koslu təpələr görünürdü; lap arxada isə ağ-bənövşəyi rəngli yumru dağlar, ecazkar qayalıqlar və ağ qarlı zirvələr vardı və bütün bunlar havanın zərif və şəffaf maviliyinə, səmanın parçalanmış yerindən süzülən isti quru şüalarına qərq olunmuşdu. Nə göldə, nə dağlarda, nə də səmada bütöv bir xətt, tam rəng, eyni məqam tapmaq mümkün idi; hər yerdə hərəkət, əlvanlıq, ecazkarlıq, kölgələrin, xətlərin sonsuz qarışıq və müxtəlifliyi vardı. Hər şeydə dinclik, zəriflik, gözəlliyin vəhdəti və zəruriliyi duyulurdu. Burada, bu qeyri-müəyyən və dolaşıq təbii gözəllik içərisində, lap pəncərənin qarşısında ağ tir kimi səfehcəsinə uzanan sahil küçəsi, dirək vurulmuş cökə ağacları və yaşıl skamyalar – insanların yaratdığı bu miskin və bayağı əsərlər uzaq bağ-bağat və uçmuş qəsrlər kimi gözəlliyin ümumi ahənginə qərq olmayıb, əksinə, onu kobudcasına pozurdu. Nəzərlərim istər-istəməz, ara vermədən sahil küçəsinin bu dübbədüz xətti ilə toqquşurdu və xəyalən onu, gözümün altına, burnuma düşmüş qara ləkə kimi silib atmaq və məhv etmək istəyirdim; lakin sahil küçəsi orada gəzişən ingilislərlə birlikdə öz yerində dayanmışdı və mən, ixtiyarsız olaraq, elə bir baxış guşəsi axtarmağa çalışırdım ki, ordan bu küçə gözümə görünməsin. Mən belə baxmağı öyrəndim və naharadək öz-özümə təbiətin gözəlliyini tək seyr etdiyim zaman duyduğum natamam, lakin şirin, üzücü hislərdən həzz aldım.
Səkkizin yarısında məni yeməyə çağırdılar. Aşağı mərtəbədəki son dərəcə səliqəli böyük bir otaqda azı yüz adamlıq iki uzun stol açılmışdı. Qonaqların sükut içərisində toplaşmaları üç dəqiqə çəkdi: qadın paltarlarının xışıltısı, yüngül addım səsləri, nəzakətli və yaraşıqlı xidmətçilərlə danışıqlar eşidilirdi. Bütün yerlər olduqca gözəl, hətta zəngin və ümumiyyətlə, qeyri-adi dərəcədə səliqəli geyinmiş kişilər və xanımlar tərəfindən tutulmuşdu. Bütün İsveçrədə olduğu kimi, qonaqların əksəriyyəti ingilislərdi, buna görə də süfrənin ümumi xüsusiyyətləri – təkəbbürə deyil, yaxınlaşma ehtiyacının yoxluğuna əsaslanan sərtlikdən, qanunla bəyənilmiş nəzarətdən, ünsiyyətsizlikdən və öz ehtiyaclarını rahat və xoş təmin etməkdə təkliklə kifayətlənməkdən ibarət idi. Hər tərəfdə ağappaq təbii və süni dişlər, yaxalıqlar, ağappaq üzlər və əllər parıldayırdı. Lakin çoxu gözəl olan sifətlər ancaq şəxsi rifah duyğusunu və ətrafında öz şəxsiyyətinə aid olmayan bütün şeylərə tam bir laqeydlik ifadə edirdi; barmaqsız əlcəklərdəki üzüklü ağ əllər ancaq yaxalıqları düzəltmək, əti doğramaq və stəkana şərab tökmək üçün hərəkət edirdi: onların hərəkətində heç bir daxili həyəcan hiss olunmurdu. Ailə üzvləri arabir hansı xörəyin və ya şərabın dadlı olması, ya da Riqi dağından görünən gözəl mənzərə barədə sakitcə bir-birinə nə isə deyirdilər. Tənha səyyahlar və ya səyyah qadınlar tək, sakitcə, yanaşı oturaraq hətta bir-birinə baxmırdılar da. Əgər bu yüz adamdan iki nəfəri hərdənbir öz aralarında söhbət edirdisə, o da, yəqin ki, hava və Riqi dağına qalxmaları barədə idi. Çəngəl və bıçaqlar səssizcə nimçələrdə gəzir, yemək çox az götürülür, noxud və tərəvəz mütləq çəngəllə yeyilirdi; xidmətçilər qeyri-ixtiyari, bu ümumi sükuta tabe olaraq hansı şərabın gətirilməsini pıçıltı ilə soruşurdular. Belə yemək zamanı həmişə özümü pis hiss edirəm və hətta axırda məni qüssə bürüyür. Mənə elə gəlir ki, nədəsə günahkaram və uşaqlıqda olduğum kimi, nadincliyim üstündə cəzalandıraraq stula oturdur və istehza ilə deyirlər: "İstirahət elə, mənim əzizim", bu zaman damarlarımda qaynar qan vurur, o biri otaqda isə qardaşlarımın fərəhli səsləri eşidilir. Əvvəllər, belə yeməklər zamanı hiss etdiyim bu boğuq hissə qarşı üsyan eləmək istəyirdim, ancaq əbəs yerə, bütün süst sifətlər mənə elə təsir edirdi ki, özüm də dönüb onlar kimi süstləşirdim. Heç bir şey istəmir, fikirləşmir və hətta müşahidə də etmirdim. Əvvəlcə qonşularımla danışmağa cəhd etdim; lakin həmin yerdə və həmin adam tərəfindən, yəqin ki, yüz min dəfə təkrar olunmuş cümlələrdən başqa özgə cavab ala bilmədim. Axı bütün bu adamlar səfeh və hissiz deyildilər, yəqin ki, bu donuq adamların çoxunun içərisində məndə olduğu kimi, bəzilərində isə daha mürəkkəb və daha maraqlı bir həyat qaynayır. Bəs nə üçün onlar özlərini həyatın ən yaxşı həzzindən, bir-birindən zövq almaqdan, insandan zövq almaqdan məhrum edirlər?
Bizim Paris pansionunda isə belə deyildi, orada biz, müxtəlif millətlərdən olan, müxtəlif peşə sahibləri və fərqli xarakterli iyirmi nəfər, fransız ünsiyyətinin təsiri altında ümumi yemək stoluna əyləncə kimi baxırdıq. Stol arxasında oturan kimi bu başdan-o başa başlayan lətifəli, cinaslı söhbət, bəzən hətta pozuq dildə olsa da, ümumi söhbətə çevrilirdi. Orada hamı deyəcəyi sözün necə çıxacağını fikirləşmədən, ağlına gələni deyirdi. Orada bizim öz filosofumuz, höcətimiz, bel espritimiz22
Bel esprit (fr.) – müdrik, hazırcavab adam
[Закрыть], öz plastronumuz33
Plastron – qalstuk, nişastalanmış yaxalıq
[Закрыть], vardı və hamısı da ümumi idi. Orada yemək qurtaran kimi stolları geri çəkir, ahəngə uyğun oldu-olmadı, tozlu xalçanın üstündə lap axşamadək la polka44
La polka (fr.) – qrup şəklində oynanılan rəqs növü
[Закрыть] oynayırdıq. Orada biz şux olsaq da, o qədər də ağıllı və sanballı olmasaq da, adamdıq. Romantik sərgüzəştləri olan ispan qrafinyası da, yeməkdən sonra “İlahi komediya”dan əzbər deyən italyan abbatı da, Tüilriyə55
Tüilri – Parisdə fransız krallarının yaşadıqları saray; XVI əsrdə inşa edilib.
[Закрыть] gediş-gəlişi olan amerikalı həkim də, uzunsaçlı cavan dramaturq da və öz sözləri əsasında dünyanın ən yaxşı polkasını bəstələmiş pianoçu qadın da və hər barmağında üç üzüyü olan bədbəxt, gözəl dul qadın da – hamımız bir-birimizə insan kimi, səthi də olsa, lakin qəlbən yanaşırdıq və ayrılarkən də bəzimiz ötəri, bəzimizsə dərin səmimi xatirələrlə ayrılırdıq.
İngilis table d’hot66
Table d’hot – ümumi yemək
[Закрыть] arxasında oturarkən, bütün bu krujevalara, lentlərə, üzüklərə, rənglənmiş saçlara və ipək paltarlara baxaraq tez-tez fikirləşirəm ki, bu geyimlərlə nə qədər canlı qadın xoşbəxt ola bilər və başqalarını da xoşbəxt edə bilər. Fikirləşirsən ki, burada nə qədər dost və məşuq, bəlkə də, ən xoşbəxtləri yanaşı oturub, amma bundan xəbərləri yoxdur. Allah bilir nə üçün bundan heç zaman xəbər tutmurlar, çox asanlıqla verə biləcəkləri və vermək istədikləri səadəti bir-birinə verə bilmirlər.
Həmişə belə yeməkdən sonra olduğu kimi, yenə də məni qüssə bürüdü və çərəzi axıradək yemədən, kefim pozulmuş halda şəhərdə veyillənməyə çıxdım. Ensiz, qaranlıq, çirkli küçələr, bağlanan dükanlar, su dalınca gedən sərxoş xidmətçilərlə, ya da başlarında şlyapa divarların dibi ilə, boylana-boylana döngələrdə otərəf-butərəfə gəzən qadınlarla rastlaşmaq mənim qüssəmi nəinki dağıtmadı, əksinə, daha da artırdı. Ətrafıma baxmadan və heç bir şey fikirləşmədən, ancaq yatmaqla belə əhvali-ruhiyyədən qurtara biləcəyim ümidi ilə evə qayıtdıqda küçələr tamam qaranlığa qərq olmuşdu. İçimdə ruhən bir soyuqluq, tənhalıq və ağırlıq hiss etdim. Belə hallar bəzən təzə yerə köçdüyün zaman, heç bir səbəb olmadan baş verir.
Mən ancaq ayaqlarımın altına baxaraq sahil küçəsi ilə Şveytserqofa tərəf gedirdim. Birdən qəribə, lakin son dərəcə xoş və əziz bir musiqi səsi məni sarsıtdı. O, bir an içərisində ruhumu oynatdı. Qəlbim sanki parlaq bir işıqla nurlandı. Kefim duruldu. Yuxulu diqqətim təzədən ətrafdakı əşyalara yönəldi. Bayaq laqeyd qaldığım gecənin və gölün gözəlliyi birdən-birə yeni bir şey kimi məni məftun etdi. Qeyri-ixtiyari olaraq bir anlığa boz, parçalı buludları sezilən və qalxan ayın nuru ilə işıqlaşan tutqun səmanı da, tünd-yaşıl hamar gölü və onda əks olunan işıqları da, uzaqdakı çənli dağları da görə bildim. Bataqlıqdakı qurbağaların quruldaşmasını və o biri sahildən bildirçinlərin tər şehə qarışmış qaqqıltılarını da eşitdim. Düz qarşımda, musiqi səsinin eşidildiyi və diqqətimin yönəldiyi yerdə, alaqaranlıqda adamların yarımdövrə vurub dayandıqlarını və onların qabağında, azca aralıda qara geyimli, balaca bir adamın durduğunu gördüm. Adamların və balaca adamın arxasında tünd-bozumtul və göy səmada bağın bir neçə qələməsi öz boyları ilə seçilir, qüllənin düz, mil ucları qədim kilsənin hər iki yanından əzəmətlə yüksəlirdi.
Mən yaxınlaşdıqca musiqi səsi daha da aydınlaşırdı. Gitaranın axşam havasında məlahətlə titrəyən dolu akkordlarını aydın ayırd eləyə bilirdim və bir neçə səs bir-birinə qoşularaq mahnının bəzi qabarıq yerlərini oxuyur və onun təsirini gücləndirirdi. Mahnı xoş və məlahətli mazurka77
Mazurka – polyak xalq rəqsi
[Закрыть] ruhunda idi. Səslər gah yaxından, gah uzaqdan gəlirdi, gah tenor, gah bas, gah da donqultulu tirol88
Tirol – səs, nəğmə çaları; Alp dağı ətrafı xalqların musiqi ahəngi. Tirol Roma imperiyasına daxil olan ərazi olub. Hazırda cənub hissəsi İtaliyaya, qalan hissəsi isə Avstriyaya məxsusdur.
[Закрыть] çalarlı boğaz fistolası99
Fistola – fleyta növü
[Закрыть] eşidilirdi. Bu, mahnı deyil, mahnının yüngül eskizi idi. Başa düşə bilmirdim ki, bu nədir, lakin gözəl idi. Gitaranın bu məlahətli, zərif akkordları, bu xoş, xəfif mahnı və qara geyimli balaca adamın tənha görkəmi tutqun gölün, işıqlanan ayın, iki nəhəng mil ucu sükut içərisində göyə dirənən qüllənin və bağın tutqun qələmələrinin fantastik aləmində çox qəribə və son dərəcə gözəl idi, ya da mənə elə gəlirdi.
Həyatın bütün dolaşıq və qapalı təəssüratları birdən-birə məndən ötrü mənalandı və füsünkar bir şəkil aldı. Daxilimdə elə bil tər ətirli bir çiçək açıldı. Bircə dəqiqə bundan qabaq duyduğum yorğunluq, pərişanlıq, dünyada hər şeyə qarşı laqeydlik əvəzinə birdən-birə məhəbbət ehtiyacı, dolğun ümid və səbəbi bilinməyən həyat sevinci duydum. “Daha nə istəyirsən? – deyə qeyri-ixtiyari düşündüm. – Diqqətlə bax, hər tərəfdən səni gözəllik və poeziya dövrəyə alıb. Onu gücün çatdıqca bol-bol içinə çək, həzz al, bundan artıq daha sənə nə lazımdır! Hər şey, hər şey sənindir…”
Yaxınlaşdım. Balaca adam, məlum olduğu kimi, səyyah tirollu idi. O, mehmanxananın pəncərələri qabağında duraraq bir ayağını qabağa qoymuş, başını yuxarı dikmiş halda gitaranı dilləndirir və müxtəlif səslərlə öz məlahətli mahnısını oxuyurdu. İçimdə yaratdığı bu dəyişiklik üçün ona qarşı dərhal şəfqət və minnətdarlıq duydum. Onu sezə bildim ki, müğənninin köhnə qara sürtükü vardı, saçları qara və qısa idi, başına sadə meşşan şlyapası qoymuşdu. Onun üst-başında artistlərə məxsus heç bir əlamət yoxdu, lakin oynaq, uşaqlara xas fərəhli duruşu və hərəkətləri onun kiçik boyu ilə təsirli və eyni zamanda əyləncəli bir mənzərə təşkil edirdi. Gur işıqları yanan mehmanxananın qapılarında, pəncərələrində, balkonlarında gözəl paltarları, geniş ətəkləri olan xanımlar, ağappaq yaxalıqlı cənablar və zərbaftalı qapıçı və nökərlər durmuşdular. Küçədə də adamlar yarımdairə vurub baxırdılar. Bir az o yanda, bulvarda da cökə ağaclarının arasında qəşəng geyinmiş xidmətçilər, ağ papaqlı, qısa xalatlı aşpazlar, bir-biri ilə qucaqlaşmış qızlar və gəzintiyə çıxanlar toplaşmışdılar. Elə bil hamı mənim duyduğumu hiss edirdi. Hamı sükut içərisində müğənninin ətrafında dövrə vurub durmuşdu və diqqətlə dinləyirdi. Hər yer sükut içərisində idi, yalnız mahnı ara verdiyi zaman, haradasa uzaqda, göldən ahəngdar çəkic səsləri eşidilir, bataqlıqda qurbağalar kövrək bir səslə quruldaşır, arabir bildirçinlərin yeknəsəq səsləri ilə kəsilirdi.
Balaca adam qaranlıqda küçənin ortasında bəndi-bəndə, mahnını-mahnıya calayaraq bülbül kimi ötürdü. Ona lap yaxınlaşdığıma baxmayaraq, mahnı hələ də mənə böyük həzz verirdi. Onun o qədər də güclü olmayan səsi həddindən artıq məlahətli idi və bu səslə yiyələndiyi zəriflik, zövq və ölçü hissi fövqəladə idi və onda böyük fitri istedad olduğunu göstərirdi. Kupletlərin nəqəratını o hər dəfə başqa cür oxuyurdu və məlum olurdu ki, bu məlahətli dəyişikliklər ona asanlıqla və dərhal müyəssər olur.
Adamların arasında, yuxarıda Şveytserqofda və aşağıda bulvarda tez-tez təqdiredici pıçıltılar eşidilir və hamı ehtiramla susurdu. Balkonlarda və pəncərələrdə, evlərin işığında dirsəklənib baxan kişi və qadınların sayı getdikcə artırdı. Gəzintiyə çıxanlar və sahil küçəsinin hər yerində, kölgədə, cökə ağaclarının yanında kişilər və qadınlar dəstə-dəstə durub dinləyirdilər. Ümumi izdihamdan ayrılan bir neçə zadəgan nökəri və bir nəfər aşpaz mənim yanımda duraraq siqar çəkirdilər. Aşpaz musiqinin gözəlliyini çox həssaslıqla duyurdu və hər yüksək zəngulədə həyəcan və heyrətlə nökərə göz vurub onu dümsükləyir, sanki deyirdi: “Gör bir necə oxuyur, hə?” Nökər açıq bir təbəssümlə (bu təbəssümdə mən onun duyduğu bütün həzzi başa düşdüm), aşpaz dümsüyü müqabilində çiyinlərini çəkdi və bununla da demək istədi ki, onu heyrətə salmaq çox çətindir və guya bundan da yaxşısını çox eşitmişdir.
Müğənni öskürüb mahnısına ara verdikdə mən nökərdən onun kim olduğunu və buraya tez-tez gəlib-gəlmədiyini soruşdum:
– Hə, yayda iki dəfə gəlir, – deyə nökər cavab verdi. O, Arqoviyadandır. Bu yolla dilənir.
– Belələri buraya çox gəlirlər? – soruşdum.
– Bəli, bəli, – nökər mənim nə barədə soruşduğumu başa düşməyərək cavab verdi. Lakin sonra sualın mənasını başa düşüb əlavə etdi: – Xeyr, xeyr! Burada təkcə onu görürəm. Ondan başqası yoxdur.
Bu zaman balaca adam birinci mahnısını bitirdi və cəld bir hərəkətlə gitaranı çevirib burnunun altında yerli alman ləhcəsində nə dedisə, ətrafındakılar qəhqəhə çəkib güldülər.
– Deyir ki, boğazım quruyub, şərab olsaydı, içərdim, – yanımda duran nökər onun dediklərini mənə tərcümə etdi.
– Doğrudan, o, içməyi sevir?
– Onların hamısı elə belədir, – deyə nökər gülümsəyərək əlini yellədi.
Müğənni papağını çıxartdı və gitaranı yellədə-yellədə evə yaxınlaşdı. Başını qaldırıb pəncərələrin qabağında və balkonlarda dayanan ağalara müraciət etdi: "Messieurs et mesdames, – deyə hoqqabazların camaata müraciət etdikləri nida ilə yarıitalyan və yarıalman ləhcəsi ilə dilləndi. – Si vous croyez que je gagne quelque chosse, vous vous trompez, je ne suis qu`un bauvre tiaple1010
Mərhəmətli ağalar və xanımlar, əgər düşünürsünüz ki, mən bir şey qazanıram, səhv edirsiniz, mən çox yoxsulam.
[Закрыть]. O ayaq saxladı və bir qədər susdu. Lakin ona heç nə vermədiklərindən gitaranı təzədən qaldırıb dedi.
– A present, messieurs et mesdames, je vous chanterai l`air du Righi1111
İndi isə mərhəmətli ağalar və xanımlar, sizə Riqi mahnısını oxuyacam.
[Закрыть].
Yuxarıda adamlar susurdular, lakin bununla belə, mahnının gerisini eşitmək üçün durub gözləyirdilər. Aşağıda camaatın arasında gülüşənlər vardı, görünür, onun qəribə ifadəsinə və heç bir şey vermədiklərinə gülüşürdülər. Mən ona bir neçə santim1212
Santim – Avropanın bəzi ölkələrində dəmir pul vahidi
[Закрыть] verdim. O, pulu cəld bir əlindən o biri əlinə ötürərək jiletinin cibinə qoydu və papağını geyərək Riqi mahnısı adlandırdığı məlahətli xoş Tirol mahnısını yenidən oxumağa başladı. Bu mahnı əvvəlkilərdən də gözəl alındı. Hər tərəfdən getdikcə çoxalmış camaatdan təqdir səsləri eşidilirdi. Oxuyub qurtardı. Yenə də gitaranı qaldırıb silkələdi, papağını çıxararaq qabağa uzatdı, iki addım pəncərələrə tərəf irəlilədi, özünün aydın olmayan cümləsini təkrar etdi: "Messieurs et mesdames, si vous croyez que je gagne quelque chosse". Görünür, o bu sözləri çox fəndgir və hikmətli hesab edirdi, lakin mən onun səsində və hərəkətlərində indi bir qədər qətiyyətsizlik və uşaq ürkəkliyi hiss edirdim ki, bu da onun alçaq boyu ilə xüsusilə həmahəng idi. Qəşəng geyimli adamlar yenə əvvəlki kimi işıqlı balkonlarda və pəncərələrdə durmuşdular, əyinlərindəki zəngin pal-paltar bərq vururdu. Bəziləri mülayim bir səslə öz aralarında danışırdılar, başqaları isə diqqət və maraqla aşağıya, bu balaca qara fiqura baxırdılar. Balkonlardan birində gənc bir qızın cingiltili və fərəhli gülüş səsi eşidildi. Aşağıda camaatın içərisində hənirtilər hündürdən eşidilir və müğənnini məsxərəyə qoyurdular. Müğənni öz cümləsini üçüncü dəfə çox zəif bir səslə təkrar etdi və hətta sözünü qurtarmamış papağını qabağa uzatdı və dərhal da əlini yanına saldı: ikinci dəfə də onu dinləməyə toplaşmış yüzlərcə gözəl geyimli adamlardan heç kəs ona bir qəpik də vermədi. Adamlar zalımcasına qəhqəhə çəkib gülürdülər. Mənə elə gəldi ki, balaca müğənni bundan daha da kiçildi və gitaranı başqa əlinə alaraq onu başı üstünə qaldırıb:
– Messieurs et mesdames, je vous remercie et je vous seuhaite une bonne nuit1313
Mərhəmətli ağalar və xanımlar, təşəkkür edirəm, gecəniz xeyrə qalsın.
[Закрыть], – dedi və papağını başına qoydu. Adamlar qaqqanaq çəkib gülüşdülər. Balkondakı gözəl kişilər və qadınlar öz aralarında aramla söhbət edə-edə içəri çəkildilər. Bulvarda təzədən gəzinti başlandı. Mahnı oxunarkən sükuta qərq olmuş küçə təzədən canlandı, bir neçə nəfər yaxınlaşmadan uzaqdan müğənniyə baxaraq gülürdü. Onu eşitdim ki, balaca adam burnunun altında nə isə mızıldadı və sanki daha da balacalaşaraq döndü və iti addımlarla şəhərə tərəf yollandı. Gəzintiyə çıxmış şux qadın və kişilər yenə də gözlərini müğənnidən çəkmədən arxasınca düşür, ondan azca aralıda gedərək gülməklərində davam edirdilər…
Mən çaşıb-qalmışdım, başa düşmürdüm ki, bu nə deməkdir; yerimdən tərpənmədən qaranlıqda addımlarını yeyinlədərək sürətlə şəhərə gedən balaca adamın uzaqlaşan qaraltısına və onu təqib edən şux adamlara baxırdım. Balaca adamdan ötrü ürəyim ağrıdı, daha çox camaatın əvəzinə və öz yerimə vicdan əzabı çəkdim, sanki onlardan pul xahiş edən mən idim və mənə pul verməmişdilər, məni məsxərəyə qoymuşdular. Arxama baxmadan, sıxılmış ürəyimlə, addımlarımı yeyinlədərək evə, Şveytserqofa yollandım. Gördüyümü və hiss etdiyimi özümə hələ də aydınlaşdıra bilmirdim. Ancaq onu bilirdim ki, nə isə ağır, həll edilməmiş bir şey qəlbimə dolmuşdu və içəridən məni üzürdü.
Çox əla işıqlandırılmış giriş qapısında ehtiramla geri çəkilib mənə yol verən qapıçı və bir ingilis ailəsi ilə rastlaşdım. Qara ingilis bakenbardları olan qara şlyapalı, əlində bahalı əsa və qolunun üstündə kobud şal tutan qıvraq, yaraşıqlı və hündür bir kişi əynində qara ipək paltar, başına parlaq lentləri olan qəşəng krujevalı ləçək bağlamış bir xanımın qoluna girərək lovğa bir əda ilə ağır-ağır gedirdi. Onlarla yanaşı gözəl, zərif bir qız gedirdi. Qızın başında lələkli İsveçrə şlyapası vardı. Şlyapanın altında qızın ağ sifətini dövrələyən uzun, yumşaq, sarışın saçlarının qıvrımları sallanırdı. Qabaqlarınca onyaşlı qırmızıyanaq bir qız tullana-tullana gedirdi. Onun paltarının zərif krujevaları arxasından ağ, dolu dizləri görünürdü.
Onların yanından ötüb-keçdiyim zaman xanım şirin, xoş bir səslə dedi:
– Füsünkar gecədir.
– Aha! – deyə ingilis tənbəl-tənbəl böyürdü.
Görünür, bu dünyada yaşamaq onun üçün o dərəcə yaxşı idi ki, danışmaq da istəmirdi və onlara elə gəlirdi ki, bu dünyada yaşamaq çox sakit, təmiz və rahatdır. Onların hərəkət və sifətlərində də hər hansı bir başqa həyata laqeydlik və elə bir inam ifadə olunurdu ki, sanki qapıçı onlara yol verib təzim etməyə borcludur. Evə qayıtdıqları zaman yataqlarını, otağı təmiz və rahat görəcəklər, guya bu elə belə də olmalıdır və bütün bunlara onların tam ixtiyarı var. Birdən istər-istəməz, yorğun, bəlkə də, ac olan və onu məsxərəyə qoyan adamlardan utanıb qaçan səyyah müğənnini onlara qarşı qoydum; başa düşdüm ki, qəlbimə ağır bir daş kimi çökən nədir və bu insanlara sözlə ifadə edilə bilməyəcək bir qəzəb duydum. Mən böyük həzlə ingilisin yanından iki dəfə irəli-geri keçərək ona yol vermədən dirsəyimlə itələdim, giriş qapısından çıxıb balaca müğənninin gözdən itdiyi şəhərə tərəf qaranlıq istiqamətə üz tutdum. Qabaqda gedən üç nəfərə çatıb müğənninin harada olduğunu soruşdum; onlar gülümsədilər və irəlidə gedən müğənnini göstərdilər. O, iti addımlarla tək gedirdi: heç kəs ona yaxınlaşmırdı. Mənə elə gəldi ki, o hələ də burnunun altında nə isə mızıldayır. Mən onun bərabərinə çatdım və təklif etdim ki, bir yerə gedib şərab içək. O hələ də sürətlə gedirdi və narazılıqla mənə tərəf qanrıldı, lakin söhbətin nədən getdiyini bilib ayaq saxladı:
– Nə olar, əgər siz, doğrudan da, belə mərhəmətli adamsınızsa, rədd etmərəm. Bax orada kiçik bir qəhvəxana var, oraya getmək olar. Çox sadə yerdir, – deyə hələ də açıq olan bir meyxananı göstərib əlavə etdi.
Onun dediyi "sadə yer" sözü məndə belə bir fikir doğurdu ki, bu sadə qəhvəxanaya deyil, məhz onun mahnısına qulaq asan adamların olduğu Şveytserqofa gedək. O, Şveytserqofa getməkdən bir neçə dəfə ürkək bir həyəcanla imtina edib dedi ki, ora çox təmtəraqlıdır. Mən öz dediyimin üstündə durdum. O artıq özünü elə göstərdi ki, oraya getməkdən heç də çəkinmir və gitarasını fərəhlə silkələyərək mənimlə birlikdə sahil küçəsi ilə addımladı. Mən müğənniyə yaxınlaşanda kefcil avaralardan bir neçəsi irəliləyib ona dediklərimə qulaq asmışdılar. İndi də öz aralarında sözləşib ta giriş qapısınadək dalımızca gəlirdilər. Yəqin ki, bu tirolludan yenə də bir tamaşa gözləyirdilər.
Dəhlizdə rast gəldiyim ofisiantdan bir şüşə şərab istədim. O bizə baxıb gülümsədi və heç bir cavab vermədən yanımızdan sovuşub keçdi. Eyni xahişlə müraciət etdiyim baş ofisiant da çox ciddi bir tərzdə məni dinlədi və müğənninin kiçik vücudunu başdan-ayağa süzüb qapıçıya qəti tapşırdı ki, bizi sol salona aparsın. Sol salon adi camaat üçün meyxana otağı idi. Bu otağın bir küncündə qozbel xidmətçi qadın qab-qacaq yuyurdu. Otağın bütün mebeli çılpaq taxta stollardan və kətillərdən ibarət idi. Bizə xidmət etməyə gəlmiş ofisiant xəfif istehzalı bir təbəssümlə bizə baxır və əllərini cibindən çıxarmadan qozbel qabyuyanla nə barədə isə danışırdı. O, görünür, bizə bildirmək istəyirdi ki, öz ictimai vəziyyəti və ləyaqəti etibarilə müğənnidən çox yüksəkdə durur və bizə xidmət etmək onun heysiyyətinə nəinki toxunmur, əksinə, ondan ötrü çox məzəlidir.
– Adi şərab istəyirsiniz? – dedi və dəsmalı əlindən əlinə ötürərək ədalı bir tərzdə müsahibimə tərəf göz vurdu.
Mən məğrur və vüqarlı bir görkəm almağa çalışaraq dedim:
– Şampan şərabı verin, özü də ən yaxşısını.
Lakin nə şampan sifarişi və nə də mənim məğrur və vüqarlı görkəmim ofisianta heç bir təsir bağışlamadı. O gülümsündü və bizə baxaraq bir az gözlədi, tələsmədən qızıl saatına baxdı və gəzintiyə çıxmış adamlar kimi sakit addımlarla otaqdan çıxdı. Çox çəkmədi ki, o, şərab gətirdi və özündən başqa iki ofisiant da gəldi. Həmin ofisiantlar qab-qacaq yuyulan yerdə oturub bizə elə baxırdılar ki, sanki sakitcə oynayan əziz uşaqlarına mülayim təbəssümlə tamaşa edib həzz alan ata-analar idilər. Təkcə qozbel qabyuyan elə bil istehza ilə deyil, əksinə, şəfqətlə bizə baxırdı. Ofisiantların baxışları altında müğənni ilə danışmaq və onu qonaq etmək mənim üçün ağır və çətin olsa da, öz işimi mümkün qədər müstəqil aparmağa çalışırdım. İşıqda mən onu daha yaxşı görürdüm. O, xırdaca, mütənasib bədənli, arıq bir adamdı, demək olar ki, liliputdu. Çox qara saçları, həmişə nəm olan kirpiksiz, iri qara gözləri vardı, kiçik ağzı olduqca xoş və zərifdi. Balaca bakenbardları vardı, saçları uzun deyildi, geyimi çox sadə və miskindi. Üst-başı tökülmüş və kirli idi. Sir-sifəti qarsalanmışdı. Bir sözlə, zəhmət adamına oxşayırdı. O, aktyordan daha çox yoxsul alverçiyə bənzəyirdi. Yalnız həmişə yaş olan parıltılı gözlərində və sıxılmış dodaqlarında nə isə orijinal və təsirli bir ifadə vardı. Üzdən ona iyirmi beşdən qırxadək yaş vermək olardı. Əslində isə otuz səkkiz yaşı vardı.
O, sadə və açıq bir səmimiyyətlə öz həyatı barədə belə danışdı: Arqoviyadandı. Hələ uşaq ikən ata-anasını itirib. Heç bir qohumu yoxdur. Heç bir zaman var-dövləti olmayıb. Dülgərlik öyrənib və iyirmi iki il əvvəl əlində sümük çürüməsi əmələ gəldiyindən dülgər işləməkdən məhrum olub. Uşaqlıqdan mahnıya həvəsi olduğundan oxumağa başlayıb. Əcnəbilər hərdənbir ona pul verirlərmiş. O, beləliklə, oxumağı özünə peşə eləmiş və gitara alaraq, on səkkizinci ildir ki, İsveçrəni və İtaliyanı gəzir, mehmanxanaların qabağında oxuyur. Bütün yükü gitaradan və bir pul kisəsindən ibarətdir, onun içində də cəmi bir yarım frank vardır ki, bu axşam yemək yeyib gecələyə bilsin. O artıq on səkkiz dəfədir ki, hər il İsveçrənin ən yaxşı və ən gəzməli yerlərini – Sürixi, Lütserni, İnterlakeni, Şamonini və başqa yerləri gəzir. Oradan İtaliyaya keçir və sonra St.-Qotarddan, ya da Savoyadan geri qayıdır. İndi ona gəzmək çətinləşir, çünki soyuqda hiss edir ki, ayaqlarındakı ağrı ildən-ilə güclənir, gözləri və səsi zəifləyir. Buna baxmayaraq o, indi İnterlakenə, Aix-les-Bains-ə yola düşür, oradan da kiçik St.-Bernardı keçərək xüsusilə çox sevdiyi İtaliyaya keçəcəkdir. Bir sözlə, görünürdü ki, öz həyatından çox razıdır. Mən ondan niyə evə qayıtdığını, orada yaxın adamları, evi-eşiyi, torpağı olub-olmadığını soruşanda dodaqları ucunda oynaq təbəssüm göründü və mənə belə bir cavab verdi:
– Oui, le sucre est bon, il est doux pour les enfants!1414
Bəli, qənd yaxşı şeydir, o, uşaqlar üçün şirnidir.
[Закрыть] – və ofisiantlara tərəf göz vurdu.
Mən heç bir şey başa düşmədim, lakin xidmətçilər gülüşdülər.
– Heç nəyim yoxdur. Olsaydı, mən belə gəzərdim? – deyə məni başa saldı. – Mən evə ona görə gedirəm ki, necə olsa da, vətəndir, özünə çəkir.
O, hiyləgər, özündənrazı bir təbəssümlə: "Oui, le sucre est bon" cümləsini yenə də təkrar etdi və mehribanlıqla güldü. Ofisiantlar bundan çox razı qalıb qəhqəhə ilə güldülər. Təkcə qozbel qabyuyan arvad mehriban gözləri ilə balaca adama baxaraq söhbət zamanı onun yerə saldığı papağını qaldırıb verdi. Mən bilirdim ki, səyyar müğənnilər, akrobatlar, hətta fokusçular belə özlərini artist adlandırmağı sevirlər və buna görə o öz müsahibinə bir neçə dəfə eyhamla bildirmək istəyirdi ki, artistdir. Lakin o bu keyfiyyətin özündə olduğunu heç də etiraf etmirdi və öz peşəsinə yaşamaq üçün çox sadə bir vasitə kimi baxırdı. Ondan soruşdum ki, oxuduğu mahnıları özümü qoşur? Belə qəribə suala təəccübləndi və cavab verdi ki, oxuduqlarının hamısı qədim Tirol mahnılarıdır.
– Bəs Riqi mahnısı? Mən elə bilirəm ki, o, qədim deyil, – dedim.
– Bəli, bu mahnı on beş il bundan qabaq bəstələnib. Bazeldə bir alman vardı, çox ağıllı adamdı. Sözlərini o qoşub. Əla mahnıdı. Bilirsiniz, onu səyyahlar üçün yazıb.
O, görünür, çox xoşuna gəldiyi Riqi mahnısının sözlərini fransızcaya tərcümə etməyə başladı.
Getmək istəyirsən Riqiyə əgər,
Başmaq gərək deyil Veqisə qədər.
(Onsuz da Veqisə paroxod gedir)
Veqisdə əlinə bir ağac götür,
Bir gözəl qızı da vur qoltuğuna,
Arada şərabla özünü sına.
Ancaq ki çox içmək gəlməsin asan,
Halal keflənməkçün hələ nə qədər
Tər töküb bu haqqı qazanmalısan1515
Şeirin tərcüməsi Sabir Rüstəmxanlınındır.
[Закрыть].
– Oh, əla mahnıdır! – deyə sözünü bitirdi.
Ofisiantlar, görünür, bu mahnını çox yaxşı hesab etdiklərindən bizə yaxınlaşdılar.
– Bəs musiqisini kim bəstələyib? – soruşdum.
– Heç kim. Elə belə, bilirsinizmi, əcnəbilərə mahnı oxumaq üçün nə isə təzə bir şey lazımdır.
Bizə buz gətirdikləri zaman müsahibim üçün bir qədəh şampan tökdüm, görünür, o bundan narahat oldu və öz stulunda çevrilib ofisiantlara tərəf baxdı. Qədəhlərimizi toqquşdurub artistlərin sağlığına içdik. O, şərabı yarıyadək içərək qaşlarını çatdı və fikirləşdi.
– Çoxdandır ki, belə şərab içməmişəm, je ne vous dis que ça1616
Bunu ancaq sizə deyirəm.
[Закрыть]. İtaliyada d`Asti çaxırı yaxşıdır. Ancaq bu ondan da yaxşıdır. Eh, İtaliya! Orada olmaq necə xoşdur, – deyə əlavə etdi.
– Bəli, orada musiqini və artistləri qiymətləndirirlər, – söhbəti Şveytserqof qarşısındakı axşamkı uğursuzluğun üstünə gətirmək arzusuyla dedim.
– Xeyr, – dedi, – orada mən musiqi ilə heç kəsə həzz verə bilmərəm. İtalyanlar özləri musiqiçidirlər, yer üzündə tayları yoxdur. Mən ancaq Tirol mahnılarından danışa bilərəm. Bu onlar üçün, hər halda, yeni şeydir.
– Orada ağalar daha səxavətlidirlər? – deyə onu da Şveytserqof sakinlərinə olan qəzəbimə şərik olmağa məcbur etmək məqsədilə sözümə davam etdim. – Orada buradakı kimi ola bilməz: dövlətlilərin yaşadığı iri bir hoteldə artistə yüz nəfər qulaq asa və ona heç bir şey verməyələr…
Mənim sualım heç də gözlədiyim təsiri bağışlamadı. Müğənni onlara qəzəblənmək belə istəmədi, əksinə, mənim sözlərimdə özünün mükafata layiq görülməmiş istedadı barədə məzəmmət duyaraq qarşımda özünə bəraət qazandırmağa çalışdı.
– Həmişə çox qazanmaq olmur, – deyə cavab verdi. – Bəzən səsim batır, yoruluram. Elə bu gün doqquz saat gəzmişəm və bütün günü də, demək olar, oxumuşam. Çətindir. Təkəbbürlü kübar ağalar bəzən Tirol mahnılarına heç qulaq asmaq istəmirlər.
– Ancaq yenə də, heç pul verməmək olar? – təkrar etdim.
O mənim sözlərimi başa düşmədi.
– Belə deyil, – dedi, – burada əsas şey on est tres serre pour la police1717
Polis çox sıxışdırır.
[Закрыть], məsələ bundadır. Burada respublika qanunlarına görə, oxumağa icazə verilmir, İtaliyada isə nə qədər istəsən gəzə bilərsən, heç kəs də bir söz deməz. Burada əgər istəsələr, adama icazə verirlər, istəməsələr, həbsxanaya da sala bilərlər.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.