Электронная библиотека » Лев Толстой » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:00


Автор книги: Лев Толстой


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 13 страниц)

Шрифт:
- 100% +

ALBERT

I

Beş nəfər zəngin gənc gecə saat üçdə əylənmək üçün kiçik bir Peterburq balına gəlmişdilər. Çoxlu şampan içilmişdi, cənablardan əksəriyyəti cavan idi, qızlar da gözəldilər, fortepiano və skripkada bir-birinin ardınca polka çalınırdı, rəqs və gurultunun arası kəsilmirdi; ancaq bununla belə, məclis nə isə cansıxıcı və yöndəmsiz idi, nədənsə hamıya elə gəlirdi ki (belə hallar tez-tez olur), bütün bunlar öz qaydasında deyil və gərəksizdir.

Onlar bir neçə dəfə məclisi canlandırmağa çalışdılar, lakin saxta şənlik cansıxıcılıqdan daha pisdir.

Beş gəncdən biri həm özündən, həm də başqalarından və bütün gecədən daha çox narazı idi. O, nifrət hissi ilə ayağa qalxıb şlyapasını axtardı və səssiz-səmirsiz getmək üçün bayıra çıxdı.

Dəhlizdə heç kim yox idi, lakin qapının arxasından qonşu otaqda iki nəfərin mübahisə etdiyini eşitdi. Qadın səsi deyirdi:

– Olmaz, orada qonaqlar var.

– Buraxın, xahiş edirəm, heç bir şey eləmərəm! – deyə zəif kişi səsi yalvarırdı.

Qadın deyirdi:

– Xanım icazə verməsə, buraxmayacağam. Hara getdin? Ay səni!..

Qapı taybatay aralandı və astanada qəribə bir kişi fiquru göründü. Xidmətçi qadın qonağı görən kimi ondan əl çəkdi. Qəribə fiqur isə çəkinə-çəkinə baş əyərək, dizdən bükülən ayaqları səndirləyə-səndirləyə otağa daxil oldu. Bu, ortaboylu, dar, əyilmiş kürəyi və uzun, pırtlaşıq saçları olan bir kişi idi. Əynində qısa palto, yırtıq, ensiz şalvar, ayaqlarında qırış-qırış olmuş bulaşıq çəkmə vardı. Qalstuku ip kimi burub uzun ağ boynuna taxmışdı. Kirli köynəyi paltosunun qollarından çıxıb arıq əlləri üstə düşmüşdü. Lakin bədəninin həddindən artıq arıq olmasına baxmayaraq, sifəti zərif və ağdı, hətta seyrək qara saqqalından və bakenbardlarından yuxarıda, yanaqlarında qırmızılıq da nəzərə çarpırdı. Daranmamış saçlarını dala verdiyindən dar və həddindən artıq təmiz alnı açıqda qalmışdı. Qara yorğun gözləri mülayim və bununla belə, təmkinlə qabağa baxırdı. Onların ifadəsi cazibədarlıqla seyrək bığları altından görünən ucları büzüşmüş zərif dodaqlarının ifadəsinə qovuşmuşdu.

Bir neçə addım atıb dayandı, gəncə tərəf qanrıldı və gülümsədi. O sanki çətinliklə gülümsədi, lakin təbəssüm onun sifətini işıqlandırdıqda gənc də səbəbini bilmədən gülümsədi.

– O kimdir? – deyə qonaq qəribə fiqur rəqs səsi eşidilən otağa keçəndən sonra pıçıltı ilə xidmətçi qadından soruşdu.

– Teatrdandır, başıhavalı çalğıçıdır, – deyə xidmətçi qadın cavab verdi, – hərdənbir xanımın yanına gəlir.

Bu zaman salondan çağırdılar:

– Delesov, sən hara getdin?

Delesov dedikləri həmin gənc salona qayıtdı.

Çalğıçı qapının yanında durub rəqs edənlərə tamaşa eləyirdi. O öz təbəssümü və baxışı ilə, ayaqlarını qaldırıb-qoymaqla bu tamaşadan həzz aldığını bildirirdi.

Qonaqlardan biri ona dedi:

– Siz də gəlin, rəqs edin!

Çalğıçı baş əydi və sualedici bir nəzərlə ev sahibəsinə baxdı.

Ev sahibəsi söhbətə qarışdı:

– Gəlin, gəlin, əgər sizi cənablar dəvət edirsə, gəlin!

Çalğıçının arıq, zəif bədən üzvləri birdən-birə güclü bir hərəkətə gəldi. O gülümsəyib göz vurdu və dartınıb çətinliklə, ağır-ağır salonda atılıb-düşməyə başladı. Kadrilin2222
  Kadril – rəqs növü


[Закрыть]
ortasında çox gözəl, həvəslə rəqs edən şən zabit bilmədən kürəyi ilə çalğıçıya toxundu. Çalğıçının zəif, yorğun ayaqları müvazinətini saxlaya bilmədi, o, dizləri bükülə-bükülə bir neçə addım kənara çəkildi və döşəmənin üstünə sərildi. Onun yıxılması ilə güclü və quru bir səs eşidildi. Buna baxmayaraq ilk dəqiqədə, demək olar ki, hamı buna gülüşdü.

Lakin çalğıçı yerindən qalxmırdı. Qonaqlar susdular, hətta fortepianonun da səsi kəsildi. Delesov ev sahibəsi ilə yıxılanın yanına birinci yüyürdülər. O, dirsəyi üstə yıxılmışdı və sönük gözləri yerə zillənmişdi. Onu qaldırıb stula qoyduqları zaman çalğıçı cəld arıq əli ilə saçlarını alnından yığdı və suallara cavab vermədən gülümsəməyə başladı.

– Cənab Albert! Cənab Albert! – ev sahibəsi deyirdi, – əzildiniz? Haranız əzildi? Mən sizə dedim axı sizə rəqs eləmək olmaz. – Sonra qonaqlara müraciətlə sözünə davam etdi: – O, çox zəifdir, güclə yeriyir, ona rəqs etmək olar?

– Bu kimdir? – deyə ev sahibəsindən soruşdular.

– Zavallı bir adam. Artistdir. Çox yaxşı adamdır, ancaq görürsünüz də, yazıqdır.

O bu sözləri çalğıçının öz yanında ondan çəkinmədən deyirdi.

Çalğıçı özünə gəlmişdi, elə bil nədənsə qorxmuş kimi büzüşdü və onu dövrəyə almış adamları özündən araladı.

– Boş şeydir, – deyə birdən səsləndi və stuldan qalxmağa səy göstərdi.

Heç bir yerinin ağrımadığını sübut etmək üçün otağın ortasına çıxdı və tullanmaq istədi, lakin səndirlədi və onu tutan olmasaydı, təzədən yıxılacaqdı.

Hamı pərt olmuşdu, ona baxaraq susurdular.

Çalğıçının baxışı yenə küt bir ifadə aldı. O, görünür, hər şeyi unudaraq dizini ovxalayırdı. Birdən başını qaldırdı, titrəyən ayağını qabağa ataraq yenə əvvəlki mənasız bir hərəkətlə saçlarını dala tulladı və skripkaçıya yaxınlaşıb skripkanı ondan aldı.

– Hamısı boş şeydir, – deyə skripkanı əlində qolaylayıb yenə də təkrar etdi. – Cənablar, musiqi çalacağıq!

Qonaqlar öz aralarında deyirdilər:

– Nə qəribə adamdır!

Qonaqlardan biri dedi:

– Bəlkə də, bu zavallı xilqətin simasında böyük bir istedad məhv olur.

Bir başqası deyirdi:

– Hə, yazıqdır, yazıqdır!

– Gözəl simadır!.. Onda nə isə fövqəladə bir şey var, – Delesov dedi, – indi görərik…

II

Albert bu zaman heç kəsə əhəmiyyət vermədən, skripkanı çiyninə sıxaraq, fortepianonun yanında var-gəl edə-edə onu sazlayırdı. Dodaqları sıxılıb soyuq bir ifadə almışdı. Gözləri görünmürdü. Ensiz, arıq kürəyi, uzun, ağ boynu, əyri qıçları, pırtlaşıq saçlı qara başı qəribə bir şəkil almışdı və nə üçünsə heç də gülünc görünmürdü. O, skripkanı sazladıqdan sonra cəld akkord götürdü və başını geri ataraq, onu müşayiət etməyə hazırlaşan pianoçuya "Melancholie C-dur"2323
  Dur (major) tonunda melanxoliya


[Закрыть]
deyə amiranə bir əda ilə müraciət etdi. Bunun ardınca isə sanki lovğa ədasına görə üzr istəyirmiş kimi mülayimcəsinə gülümsədi və belə bir təbəssümlə adamlara baxdı. Kamanı tutduğu əli ilə saçlarını geri verərək fortepianonun küncündə durub rəvan bir hərəkətlə kamanı simlərdə gəzdirdi. Otağa şəffaf, ahəngdar bir səs yayıldı və tam bir sakitlik yaratdı.

Musiqi səsləri bir-birinin arxasınca sərbəst və incəliklə axaraq gözlənilməz, aydın təskinlik yayan bir işıqla hər bir dinləyicinin daxili aləmini aydınlatdı. Nə saxta, nə də ifrat bir səs dinləyicilərin rahatlığını pozmurdu, bütün səslər aydın, zərif və təsirli idi. Hamı susaraq həyəcanla onların inkişafını izləyirdi. Bu adamlar düşdükləri cansıxıcı, gurultulu və ruhi yuxululuq vəziyyətindən birdən-birə özləri də bilmədən, unutmuş olduqları tamamilə başqa bir aləmə köçdülər. Onların qəlbində gah keçmişin sakitcə seyri kimi bir hiss, gah nə isə xoş bir şeyin ehtiraslı xatirəsi, gah hüdudsuz bir hakimiyyət və şöhrət tələbi, gah da itaətkarlıq, nakam məhəbbət və kədər hisləri baş qaldırırdı. Gah kədərli-zərif, gah coşqun-şiddətli səslər sərbəstcəsinə hörülüb bir-birinin arxasınca elə incə, elə güclü və elə qeyri-iradi axırdı ki, sanki eşidilən səs deyildi, bəlkə də, hərənin qəlbinə çoxdan tanış olan, lakin ilk dəfə poeziyanın dilə gətirdiyi gözəl bir axın yol tapırdı.

Albert notdan-nota daha yüksəklərə qalxırdı. O heç də eybəcər, ya da qəribə görünmürdü. Skripkanı çənəsinə sıxaraq ehtiraslı bir diqqətlə səslərə qulaq asır və ayaqlarını əsəbiliklə tərpədirdi. O gah dimdik düzəlir, gah da belini səylə əyirdi. Gərginliklə bükülmüş sol qolu elə bil öz vəziyyətində donub-qalmışdı, yalnız arıq barmaqları əsəbiliklə hərəkət edirdi. Sağ əli rəvanlıqla, incəliklə, sezilmədən hərəkət edirdi. Sifəti ardıkəsilməz bir fərəhlə işıldayırdı, gözləri açıq bir parıltı ilə yanır, burun pərələri körüklənir, qırmızı dodaqları həzdən aralanırdı. Bəzən başı skripkaya tərəf əyilir, gözləri yumulur və saçları ilə yarıörtülü sifəti mülayim bir sevinc təbəssümü ilə işıqlanırdı. Bəzən də ayağını geri çəkərək dümdüz düzəlirdi. Elə bu zaman onun təmiz alnı və otağa nəzər salan parlaq gözləri qürur, əzəmət və üstünlük düşüncəsi ilə parlayırdı.

Bir dəfə pianoçu çaşıb səhv bir akkord götürdü. Çalğıçının bütün fiqurunda və sifətində fiziki əzab duyuldu. O, bir dəqiqəliyə durdu və uşaq qəzəbi ilə ayağını yerə vurub çığırdı: "Moll, c-moll!"2424
  C-moll (do minor) – minor tonda “do” səsi


[Закрыть]
Pianoçu səhvini düzəltdi, Albert gözünü yumub gülümsədi və özünü, başqalarını və bütün dünyanı unudaraq zövqlə işinə davam etdi.

Albert çaldığı müddətdə otaqda olanların hamısı lal bir sükuta qərq olmuşdu və elə bil ancaq musiqinin səsləri ilə yaşayır və nəfəs alırdılar.

Şux zabit pəncərənin yanında stulda oturaraq sönük baxışlarını döşəməyə dikmişdi və arabir ağır-ağır nəfəs alırdı. Qızlar divar diblərində tam bir sükut içərisində əyləşmişdilər və ancaq hərdənbir təqdir və heyrət bildirən baxışlarla bir-birinə baxırdılar. Ev sahibəsinin gülümsər, kök sifəti sevinc içindəydi. Pianoçu gözlərini Albertin sifətinə, dartılmış bədəninə zilləmişdi. Yenə səhv edəcəyindən qorxduğu üçün onu izləməyə çalışırdı. Qonaqlardan biri başqalarından daha çox içmişdi və üzüüstə divanda uzanaraq öz həyəcanını büruzə verməmək məqsədilə tərpənməməyə çalışırdı. Delesov qeyri-adi bir hiss içərisindəydi. Hansısa görünməz, soyuq dairə gah yığılır, gah da genişlənərək başını sıxırdı. Saçlarının dibi də göynəyirdi, kürəyini soyuq bir rəşə bürümüşdü, nə isə getdikcə qalxaraq boğazına dirənir, nazik iynə ucu kimi burun və damağına sancılır və göz yaşları yanağını isladırdı. O, başını silkələyərək onları sezilmədən silməyə çalışırdısa da, gözündən təzə damlalar süzülüb yenidən yanağı ilə axırdı. Təəssüratının qəribə şəkildə bir-birinə qarışması nəticəsində Albertin skripkasının ilk sədaları Delesovu ilk gənclik illərinə aparıb çıxardı. Artıq o qədər də gənc deyildi, həyatdan bezmiş, taqətdən düşmüş olan Delesov birdən-birə özünü on yeddi yaşlı, özündənrazı, gözəl, bəxtiyar, səfeh, düşüncəsiz, xoşbəxt bir məxluq kimi hiss etdi. Çəhrayı paltarlı əmisi qızına olan ilk məhəbbəti yadına düşdü, cökə xiyabanında ilk dəfə məhəbbətini izhar etdiyini xatırladı, təsadüfi öpüşün hərarət və anlaşılmaz füsunkarlığını və o zaman onun ətrafındakı təbiətin möcüzəsini və dərkedilməz əsrarəngizliyini xatırladı. Onun geri qayıtmış xəyalında o qız qeyri-müəyyən ümidlər, anlaşılmaz arzular və mümkün olmayan səadətin mümkünlüyünə şübhəsiz bir inam dumanı içərisində parladı. O zamanın qiymətləndirilməmiş bütün dəqiqələri gəlib gözləri qabağından keçdi. Lakin bu dəqiqələr indi irəli qaçan zamanın mənasız anları kimi deyil, bəlkə də, keçmişin dayanan, şaxələnən, tənəli obrazları kimi xəyalında bərpa olunurdu. O, məmnuniyyətlə onlara tamaşa edir və ağlayırdı. Ona görə ağlamırdı ki, bu ötüb-keçmiş zamandan yaxşı istifadə edə bilərdi (əgər zamanı ona geri qaytarsaydılar, ondan yaxşı istifadə etməyə çalışmazdı da), ona görə ağlayırdı ki, bu zaman ötüb-keçib və bir də geri qayıtmayacaq. Xatirələr öz-özünə canlanır, Albertin skripkası isə ancaq bir şey deyirdi: "Qüvvət, məhəbbət və səadət zamanı səndən ötrü ötüb-keçib. Keçib və heç zaman geri qayıtmayacaq. Onun üçün ağla, bütün göz yaşlarını axıt və bu zaman üçün tökdüyün göz yaşları içərisində də öl, bu sənə qalmış ən yaxşı səadətdir".

Sonuncu hissənin axırına doğru Albertin sifəti qıpqırmızı pörtmüşdü, gözləri yanır, iri tər damcıları yanağı ilə süzülürdü. Alnında damarları şişmişdi; bütün bədəni getdikcə daha çox hərəkətə gəlirdi. Rəngi qaçmış dodaqları daha bağlanmırdı və bütün görkəmi aldığı həzzi coşqun bir vəcdlə ifadə edirdi.

O, bütün bədənini var gücü ilə hərəkətə gətirərək saçlarını əsdirdi və skripkanı yanına salaraq məğrur bir əzəmət və səadət təbəssümü ilə məclisdəkilərə baxdı. Sonra beli əyildi, başı sinəsinə düşdü, dodaqları sıxıldı, gözlərinin işığı söndü və sanki özündən xəcalət çəkərək cəsarətsizcəsinə ətrafına baxdı və ayaqları dolaşa-dolaşa o biri otağa keçdi.

III

Məclisdəkilərin hamısına elə bil nəsə olmuşdu və Albertin ifası qurtarandan sonra araya çökmüş sükut içərisində nə isə qəribə bir şey hiss olunurdu. Elə bil hərə bu gördüklərinin mənasını demək istəyir, ancaq bacarmırdı. İşıqlı və isti otaq, gözəl qadınlar, pəncərələrdəki sübh şəfəqi, coşmuş qan və uçub getmiş səslərin təmiz təəssüratı nə deməkdi? Lakin bunun nə demək olduğunu heç kim söyləməyə cəhd etmirdi. Əksinə, onlara yeni təəssürat gətirmiş adamın tərəfinə tamamilə keçməkdə, demək olar ki, hamı özünü aciz hiss edərək ona ürəklərində qəzəblənirdilər.

Zabit dedi:

– O ki olduqca yaxşı çalır.

Delesov qolu ilə yanağını gizlicə silərək cavab verdi:

– Fövqəladədir!

Divanda uzanan azca özünə gələrək dedi:

– Cənablar, getmək vaxtıdır. Axı musiqiçiyə də bir şey vermək lazımdır. Gəlin pul yığaq.

Albert bu zaman o biri otaqda, tək-tənha divanda oturmuşdu. O, arıq dizlərinə dirsəklənmişdi; tərləmiş çirkli əlləri ilə üzünü tumarlayır, saçlarını hamarlayır və öz-özünə fərəhlə gülümsəyirdi.

Çoxlu pul yığıldı və onu Albertə verməyi Delesov öz boynuna götürdü.

Bundan başqa, musiqinin daha güclü və fövqəladə təsir bağışladığı Delesovun başına belə bir fikir gəlmişdi ki, bu adama yaxşılıq eləsin. Fikirləşdi ki, onu öz yanına alsın, geyindirsin və harasa bir işə düzəltsin – bir sözlə, onu bu iyrənc vəziyyətindən qurtarsın.

Delesov ona yaxınlaşıb soruşdu:

– Nədi, yorulmusunuz?

Albert gülümsədi.

– Sizdə əsl istedad var, musiqi ilə ciddi məşğul olmalısınız, camaat üçün çalmalısınız.

Albert yuxudan ayılan kimi oldu.

– Bir şey içərdim, – dedi.

Delesov şərab gətirdi. Çalğıçı acgözlüklə iki stəkan içdi.

– Nə yaxşı şərabdır! – dedi.

Delesov dedi:

–"Melanxoliya" nə füsunkarmış!

– Hə! Bəli, bəli, – deyə Albert gülümsəyərək cavab verdi, – ancaq məni bağışlayın, bilmirəm kiminlə danışmaq şərəfinə nail olmuşam: bəlkə, qrafsınız, ya da knyazsınız. Mənə bir az pul verə bilərsinizmi? – O, bir az susdu. – Mənim heç nəyim yoxdur… yoxsulam. Onu sizə qaytara bilməyəcəyəm.

Delesov qızardı və tez toplanmış pulu çalğıçıya verdi.

Albert pulu qamarlayıb aldı.

– Çox minnətdaram. İndi isə yenidən musiqiyə keçək. Nə qədər istəsəniz, sizin üçün ifa edərəm. – Ayağa qalxıb əlavə etdi: – Ancaq yenə bir şey olsaydı, içərdim.

Delesov ona yenə şərab gətirdi və xahiş etdi ki, yanında əyləşsin.

– Sizinlə açıq danışsam, məni bağışlayın, – Delesov dedi. – Sizin istedadınız məni çox maraqlandırdı. Mənə elə gəlir ki, sizin vəziyyətiniz pisdir.

Albert gah Delesova, gah da otağa daxil olmuş ev sahibəsinə baxdı.

– İcazə verin, sizin xidmətinizdə hazır olduğumu bildirim, – deyə Delesov sözünə davam etdi. – Əgər bir şeyə ehtiyacınız varsa, hazıram. Mən çox şad olaram ki, siz bir müddətə yanıma köçəsiniz. Mən tək yaşayıram, bəlkə, sizə faydam toxundu.

Albert gülümsəyib heç bir cavab vermədi.

– Nə üçün minnətdarlıq eləmirsiniz? Əlbəttə, bu sizin üçün yaxşılıqdır. Ancaq bunu sizə məsləhət bilməzdim, – deyə ev sahibəsi Delesova müraciət etdi və başını buladı.

– Sizə çox minnətdaram, – deyə Albert yaş əlləri ilə Delesovun əlini sıxdı, – indi isə buyurun, sizin üçün ifa edim.

Lakin qalan qonaqlar artıq getməyə hazırlaşmışdılar, Albert onları dilə tutsa da, dəhlizə çıxdılar.

Albert ev sahibəsi ilə xudahafizləşdi və bütün qış geyimini təşkil edən enli kənarlı köhnə şlyapasını və nimdaş yaz almavivasını2525
  Almaviva – kişi plaşı


[Закрыть]
geyinib Delesovla birlikdə artırmaya çıxdı.

Öz təzə tanışı ilə karetə minən Delesov çalğıçıdan qalxan sərxoşluq və natəmizlik iyini hiss etdikdə öz hərəkətinə peşman oldu və özünü uşaq ürəyiyumşaqlığı və düşüncəsizliyinə görə töhmətləndirməyə başladı. Bundan başqa, Albert mənasız və boş şeylər danışırdı və açıq havada içki onu elə tutmuşdu ki, Delesov tamam iyrəndi. "Mən onunla nə eləyəcəyəm?" – deyə fikirləşdi.

On beş dəqiqə yol gedəndən sonra Albert susdu, şlyapası ayaqlarının altına düşdü, özü də karetin bir küncünə yıxılıb xoruldamağa başladı. Çarxlar donmuş qarın üstündə aramla xırçıldayırdı. Sübh şəfəqinin zəif işığı donmuş pəncərələrdən içəri süzülürdü.

Delesov öz qonşusuna tərəf qanrıldı. Albertin plaşla örtülmüş arıq bədəni cansız halda böyründə uzanmışdı. Delesova elə gəldi ki, iri, tünd burunlu uzunsov bir baş onun bədəni üstündə yırğalanır, lakin yaxından baxanda gördü ki, ona sifət və burun kimi görünən Albertin saçlarıdır, onun əsl sifəti isə aşağıda idi. O əyilib çalğıçının sifətini aydın seçə bildi və alnının gözəlliyi, sakitcə büzüşmüş ağzı təzədən onu məftun etdi.

Delesov bu sifətə baxaraq əsəblərinin yorğunluğunun, qıcıqlandırıcı yuxusuz sübh saatının və eşitdiyi musiqinin təsiri altında özünü təzədən bu gecə xəyalında canlandırdığı gözəl aləmdə hiss etdi. Gəncliyinin xoşbəxt və comərd vaxtları təzədən yadına düşdü, o öz hərəkəti üçün daha peşmançılıq çəkmədi. O bu dəqiqədə Alberti ürəkdən və hərarətlə sevirdi və qəti qərara gəldi ki, ona yaxşılıq eləsin.

IV

Ertəsi səhər işə getmək üçün onu oyatdıqları zaman Delesov xoşagəlməz bir təəccüblə ətrafında özünün köhnə şirmasını2626
  Şirma (alm. schirm – müdafiə) – soyunub-geyinmək üçün qatlanan, rahat daşınan mebel növü; bəzən bir otağı bölmək üçün də (mətbəx və ya yataq otağı kimi) interyer vasitəsi kimi istifadə olunur.


[Закрыть]
və stol üstündəki saatını gördü. "Məni həmişə əhatə edən bu şeylərdən başqa daha nəyi görmək istəyirdim?" – deyə özündən soruşdu. Dərhal çalğıçının qara gözlərini və xoşbəxt təbəssümünü xatırladı. "Melanxoliya"nın motivi və bütün dünənki qəribə gecə xəyalında canlandı.

Çalğıçını yanına gətirməklə yaxşı və ya pis hərəkət etdiyi barədə fikirləşməyə vaxtı yox idi. Geyinə-geyinə xəyalında öz gününü bölüşdürdü: kağız-kuğuzunu götürdü, ev işləri barədə lazımi göstərişlər verib tələsik şinel və qaloşlarını geydi. Yemək otağının yanından keçərkən qapıya baxdı. Albert üzünü balışa dirəyib üstüaçıq, çirkli cırıq köynəkdə tumac divanda ölü kimi yatırdı. Onu buraya dünən axşam hissiz halda uzatmışdılar. Bu, Delesova istər-istəməz xoşagəlməz bir hal kimi göründü.

O öz xidmətçisinə dedi:

– Boryuzovskinin yanına get, mənim adımdan onun üçün bir neçə günlüyə skripka al. Oyananda da ona qəhvə ver və alt tuman-köynəyimdən və köhnə paltarlarımdan bir şey ver geysin. Bir sözlə, ona yaxşı qulluq elə.

Delesov axşamdan keçmiş evə qayıtdıqda Alberti görməyib təəccübləndi.

– O haradadır? – deyə öz xidmətçisindən soruşdu.

Xidmətçi dedi:

– Yeməkdən sonra skripkanı da götürüb o saat getdi. Vəd elədi ki, bir saata gələcək, ancaq indiyədək gəlib çıxmayıb.

– Belə! Təəssüf! – Delesov söyləndi. – Zaxar, necə oldu ki, sən onu buraxdın?

Zaxar Peterburq lakeylərindən2727
  Lakey – eşikağası, xidmətçi


[Закрыть]
idi, artıq səkkiz il idi ki, Delesovun yanında xidmət edirdi. Delesov tək yaşayan subay kimi istər-istəməz öz fikir və niyyətlərini ona etibar edib danışır və öz tədbirlərinin hər biri barədə onun rəyini öyrənməyi sevərdi.

Zaxar saatının möhürcüyünü əlində hərləyərək dedi:

– Mən onu necə buraxmaya bilərdim? Dmitri İvanoviç, mənə desəydiniz ki, onu evdən buraxma, mən də onu saxlardım. Siz mənə ancaq paltar barədə dediniz.

– Belə! Çox heyif! Bəs o mənsiz burada nə eləyirdi?

Zaxar gülümsündü.

– Elə bil əsl artistdi, Dmitri İvanoviç. Oyanan kimi madera2828
  Madera – çaxır növü


[Закрыть]
istədi. Sonra mətbəx xidmətçisi və qonşu ilə söhbət elədi. Çox məzəli idi. Ancaq yaxşı xasiyyəti var. Mən ona çay verdim, xörək gətirdim, tək yemək istəmədi, hamını dəvət elədi. Hələ skripkada elə çalırdı ki, yəqin, belə musiqiçi az tapılar. Belə adama əl tutmaq lazımdır. "Volqa ilə üzüaşağıya" mahnısını elə çaldı ki, elə bil adam ağlayırdı. Çox yaxşı çalırdı! Hətta bütün mərtəbələrdə adamlar bizə gəlib dəhlizdə qulaq asırdılar.

– Bəs onu geyindirdinmi? – deyə ağa onun sözünü kəsdi.

– Bəs necə! Mən sizin alt köynəyinizi verdim və öz paltomu ona geyindirdim. Belə adama kömək eləmək lazımdır, – Zaxar gülümsündü, – hamısını məndən yerbəyer soruşdu: mənsəbiniz nədir, yuxarı dairələrdə adamınız, tanışlığınız varmı, təhkimli kəndliləriniz nə qədərdir?

– Hə, yaxşı, ancaq onu tapmaq lazımdır və bundan sonra ona içməyə heç nə vermə, bununla ona daha da pislik edərsən.

– Orası elədir, – deyə Zaxar onun sözünü kəsdi, – görünür, bədəncə zəifdir. Bizim ağanın da belə bir xidmətçisi vardı…

Delesov içki düşkünü olan həmin xidmətçinin tarixini çoxdan bildiyindən Zaxara sözünü qurtarmağa imkan vermədi və tapşırdı ki, gecə üçün lazım olan bütün şeyləri hazırlasın və onu Alberti tapıb gətirmək üçün göndərdi.

O, yatağına girdi, şamı söndürdü, ancaq xeyli müddət yata bilmədi, elə hey Albert barədə fikirləşirdi. "Bütün bunlar tanışlarımdan çoxuna qəribə görünə bilər, – Delesov fikirləşirdi, – axı çox nadir hallarda başqaları üçün belə bir iş görürsən və Allaha şükür eləmək lazımdır ki, belə bir imkan düşüb və mən də onu əldən buraxmıram. Ona kömək etmək üçün hər şeyi edəcəm, bacardığım şeyi əsirgəməyəcəm. Bəlkə, o heç də dəli deyil, adicə içəndir? Bu mənə heç də baha başa gəlməyəcək: bir nəfər olan yerdə ikincinin də qarnı doyacaq. Əvvəlcə qoy yanımda yaşasın, sonra isə bir yerə, ya da konsertə düzəldərik, təki onu bu bataqlıqdan çəkib çıxardaq, sonrasına baxarıq".

Belə bir mülahizədən sonra onu xoş özündənrazılıq hissi bürüdü.

"Həqiqətən, mən pis adam deyiləm, hətta qətiyyən pis adam deyiləm, – o fikirləşirdi, – hətta çox yaxşı adamam, özümü başqaları ilə müqayisə edəndə…"

Dəhlizdə açılan qapının cırıltısı və addım səsləri eşidiləndə o artıq yuxuya gedirdi.

"Hə, mən onunla ciddi danışmalıyam, – fikirləşdi, – belə yaxşıdır və mən bunu etməliyəm".

O, zəngi çaldı.

– Hə, gətirdin? – deyə içəri girən Zaxardan soruşdu.

– Yazıq adamdır, Dmitri İvanoviç, – deyə Zaxar mənalı bir tərzdə başını bulayıb gözlərini yumdu.

– Nə olub, sərxoşdur?

– Çox zəifdir.

– Skripka yanındadır?

– Gətirmişəm. Ev sahibəsi verdi.

– Amma indi onu mənim yanıma buraxma, apar yatırt və sabah evdən qəti buraxma.

Lakin Zaxar çıxmağa macal tapmamışdı ki, Albert otağa daxil oldu.

V

– Siz yatmaq istəyirdiniz? – Albert gülümsəyərək dedi. – Mən orada Anna İvanovnanın yanındaydım. Axşamı xoş keçirdik: musiqi çalmışıq, gülmüşük, yaxşı cəmiyyət idi. – Sonra stolun üstündəki su qrafinini götürüb əlavə etdi: – Mənə icazə verin bir stəkan nə isə içim, ancaq su olmasın.

Albert elə dünənki kimi idi: gözlərinin və dodaqlarının həmin gözəl təbəssümü, həmin parlaq, ilhamlı alın və zəif bədən üzvləri. Zaxarın paltosu lap əyninə idi və köynəyinin təmiz, uzun, nişastalanmamış yaxası nazik, ağ boynunun dövrəsində gözəl bir şəkildə qatlanaraq ona məsumanə bir uşaq ifadəsi verirdi. O, Delesovun yatağında oturaraq dinməzcə, fərəh və minnətdarlıqla ona gülümsəyirdi. Delesov Albertin gözlərinə baxdı və birdən-birə özünü yenə onun təbəssümünün tabeliyində hiss etdi. O daha yatmaq istəmirdi, Albertə qarşı ciddi olmaq barədəki vəzifəsini də unutdu, indi əksinə, keflənmək, musiqi dinləmək və lap sübhədək oturub Albertlə dostcasına laqqırtı vurmaq istəyirdi. Delesov Zaxara tapşırdı ki, bir butulka şərab, papiros və skripka gətirsin.

Albert dedi:

– Bax bu əla oldu! Hələ ertədir, çalacağıq, nə qədər istəsəniz, sizin üçün musiqi səsləndirəcəm.

Zaxar nəzərəçarpan bir məmnuniyyətlə bir butulka şərab, iki stəkan, Albertin çəkdiyi zəif papiros və skripkanı gətirdi. Ağanın ona tapşırdığı kimi gedib yatmaq əvəzinə, qonşu otaqda oturub siqar çəkməyə başladı.

Delesov skripkanı əlinə almaq istəyən çalğıçıya dedi:

– Yaxşısı budur ki, söhbət eləyək.

Albert itaətkarlıqla yataqda oturub fərəhlə gülümsədi.

– Eh, yaxşı yadıma düşdü, – deyə birdən əlini alnına vuraraq qayğılı bir ifadə aldı. (Onun sifətinin ifadəsi həmişə nə demək istədiyini qabaqcadan bildirirdi.) – İcazə verin bir şey soruşum… – O, bir qədər dayandı. – Dünən axşam sizinlə orada olan cənab… siz onu N adlandırırdınız, məşhur N-in oğlu deyil?

– Doğma oğludur, – deyə Delesov bunun Alberti nə üçün maraqlandırmasının fərqinə varmadan cavab verdi.

– Odur da, – Albert razılıqla gülümsədi, – mən o saat onun ədalarında nə isə kübarcasına bir şey sezdim. Mən kübarları sevirəm: kübarlarda nə isə gözəl, incə bir şey nəzərə çarpır. Gözəl rəqs edən zabit vardı ha, – dedi, – o da xoşuma gəldi, yaman əhvallı və alicənab adamdır. Deyəsən, o, N-in adyutantıdır2929
  Adyutant (lat. adjutans – köməkçi) – hərbi rütbə, köməkçi zabit; hazırkı praporşik, donanmada – miçman


[Закрыть]
?

– Hansını deyirsiniz? – Delesov soruşdu.

– Rəqs elədiyimiz zaman mənimlə toqquşanı. Görünürdü ki, yaxşı adamdır.

– Yox, o, boş adamdır. – Delesov cavab verdi.

– Yox, yox! – Albert hərarətlə havadar çıxdı, – onda nə isə xoş bir şey var. O həm də yaxşı çalğıçıdır, – deyə Albert əlavə etdi, – orada o, hansı operadansa bir hissə çaldı. Çoxdandır ki, heç kəs belə xoşuma gəlməyib.

– Bəli, o, yaxşı çalır, ancaq mən onun çalmasını xoşlamıram, – deyə Delesov müsahibini musiqi barədə söhbətə gətirib çıxarmaq istədi. – O, klassik musiqini başa düşmür. Axı Donizetti və Bellini musiqi deyil. Siz də, yəqin, bu fikirdəsiniz.

– Yox, yox, məni bağışlayın, – Albert xəfif bir havadarlıq ifadəsi ilə dilləndi, – köhnə musiqi də musiqidir. Təzə musiqidə isə qeyri-adi bir gözəllik var; məsələn: “Somnambul”?3030
  “Somnambul” – italyan bəstəkarı Vinçenso Bellininin operası


[Закрыть]
“Luçiya”nın3131
  “Luçiya” – italyan bəstəkarı Donizetti Qaytanonun tragik operası


[Закрыть]
finalı? Şopen? Robert? Mən tez-tez fikirləşirəm ki, – o, görünür, fikrini toplamaq üçün dayandı, – əgər Bethoven sağ olsaydı, o, “Somnambul”u dinləyərkən ağlayardı. Hər yerdə gözəllik var. Mən “Somnambul”u birinci dəfə Viardo3232
  Polina Viardo (1821-1910) – fransız müğənnisi, bəstəkarı, vokal pedaqoqu


[Закрыть]
və Rubini3333
  Covanni Batista Rubini (1794-1854) – tanınmış italyan opera müğənnisi


[Закрыть]
burada olduqları zaman eşitmişəm. Bu, bilirsiniz nə idi, elə bil, – onun gözləri parıldadı və iki əlinin işarəsi ilə göstərdi ki, guya sinəsindən nə isə çıxarır. – Bir az da davam etsəydi, ona daha dözmək olmazdı.

– Bəs indi, opera barədə nə fikirdəsiniz? – deyə Delesov soruşdu.

– Bozio3434
  Ancolina Bozio (1830-1859) – italyan opera müğənnisi


[Закрыть]
yaxşıdır, çox yaxşıdır, – cavab verdi, – son dərəcə gözəldir, ancaq buraya təsir eləmir, – çuxura düşmüş sinəsini göstərərək dedi. – Müğənni üçün ehtiras lazımdır, ancaq onda yoxdur. O sevindirir, lakin əzab vermir.

– Bəs Lablaş?3535
  Luici Lablaş (1794-1858) – italyan opera müğənnisi


[Закрыть]

– Mən onu hələ Parisdə, "Sevilya bərbəri"ndə3636
  “Sevilya bərbəri” – italyan bəstəkarı Coakkino Rossininin (1792-1868) operası


[Закрыть]
dinləmişəm. Onda o tək idi, misli-bərabəri yox idi, indi isə qocalıb. O daha artist ola bilməz, qocalıb.

– Nə olsun ki qocadır, ansamblda, hər halda, yaxşıdır, – Delesov Lablaş barədə həmişə dediyini təkrar etdi.

– Necə yəni nə olsun? – Albert ciddi etiraz elədi. – Sənətkar qoca olmamalıdır. Sənətə çox şey lazımdır. Başlıcası isə atəşdir! – gözləri işıldadı, hər iki əlini yuxarı qaldırdı.

Doğrudan da, onun bütün görkəmində qorxunc, daxili bir od şölələnirdi. Birdən o dedi:

– Oh, pərvərdigara! Siz Petrovu, rəssam Petrovu tanımırsınız ki?

– Xeyr, tanımıram, – deyə Delesov gülümsəyərək cavab verdi.

– Çox istərdim ki, onunla tanış olasınız. Onunla söhbətdən həzz alarsınız. O da sənəti çox yaxşı başa düşür. Biz onunla qabaqlar Anna İvanovnagildə tez-tez görüşürdük. Lakin indi Anna İvanovna nəyin üstündəsə ona hirslənib. Mənsə çox istərdim ki, siz onunla tanış olasınız. O, böyük, çox böyük istedaddır.

– O, şəkil çəkir? – Delesov soruşdu.

– Bilmirəm. Deyəsən, yox. O, akademiyanın rəssamı idi. Nə gözəl fikirləri var! Bəzən o danışanda heyrət edirsən. Oh, Petrov böyük istedaddır, ancaq çox kefcil bir həyat sürür. Heyif, – deyə Albert gülümsəyərək əlavə etdi. Bunun dalınca o, yataqdan qalxıb skripkanı götürdü və sazlamağa başladı.

– Siz çoxdan operada olmamısınız? – Delesov ondan soruşdu.

Albert ətrafına göz gəzdirib dərindən nəfəs aldı.

– Eh, daha bacarmıram, – deyib əlləri ilə başını tutdu. O, təzədən Delesovun yanında oturdu. – Sizə deyim ki, – o, demək olar, pıçıltı ilə söylədi, – mən oraya gedə bilmirəm, orada çala bilmirəm, heç nəyim yoxdur, heç nəyim. Paltarım yox, mənzilim yox, skripkam yox. Rəzil həyatdır! Rəzil həyatdır! – o, bir neçə dəfə təkrar etdi. – Nə üçün də oraya gedim? Nəyə lazımdır? Lazım deyil! – deyib gülümsədi. – Ah, "Don Juan!"3737
  “Don Juan” – görkəmli Avstriya bəstəkarı Volfqanq Amadey Mosartın (1756-1791) operası


[Закрыть]
– və başına vurdu.

Delesov dedi:

– Bir vaxt tapıb birlikdə gedərik.

Albert cavab vermədən yerindən sıçrayıb qalxdı, skripkanı götürdü və "Don Juan"ın birinci pərdəsinin finalını çalmağa başladı və öz sözləri ilə operanın məzmununu danışdı.

O, ölən komandorun səsini çalarkən Delesovun başında tükləri biz-biz durdu.

– Yox, bu gün çala bilmərəm, – deyib skripkanı yerə qoydu, – çox içmişəm.

Bunun dalınca o, stola yaxınlaşdı, stəkanı ağzınadək şərabla doldurub birnəfəsə içdi və yenə də çarpayıda Delesovun yanında əyləşdi.

Delesov gözlərini çəkmədən Albertə baxırdı. Albert ara-sıra gülümsəyirdi, Delesov da gülümsəyirdi. Hər ikisi susmuşdu. Lakin baxışları və təbəssümləri ilə onların arasında daha yaxın məhəbbət əlaqələri yaranırdı. Delesov hiss edirdi ki, bu adamı getdikcə daha çox sevir və bundan anlaşılmaz bir sevinc duyur.

– Siz heç sevmisiniz? – deyə birdən-birə soruşdu.

Albert bir neçə saniyə fikrə getdi, sonra sifəti kədərli bir təbəssümlə işıqlandı. O, Delesov tərəfə əyilib diqqətlə gözlərinin içinə baxdı.

– Bunu məndən niyə soruşdunuz? – pıçıltı ilə dedi. – Ancaq sizə hamısını danışacam, siz xoşuma gəlirsiniz. – Bir qədər ətrafına göz gəzdirib sözünə davam etdi: – Mən sizi aldatmayacam, hamısını, başdan-ayağa necə olubsa danışacam. – O dayandı və gözləri qəribə, vəhşi bir ifadə aldı. – Siz bilirsiniz ki, mən ağıldankəməm, – birdən-birə dedi. – Bəli, bəli, – o, sözünə davam etdi. – Anna İvanovna, yəqin ki, sizə danışıb. O, hamıya deyir ki, mən dəliyəm. Bu, düz deyil. Zarafatla belə deyir, o, xeyirxah bir qadındır. Ancaq mən bir müddət, doğrudan da, tam sağlam deyildim.

Albert yenə susdu və geniş açılmış gözləri ilə qaranlıq qapıya baxdı.

– Siz soruşdunuz ki, mən sevmişəm, ya yox? Bəli, mən sevmişəm, – deyə qaşlarını qaldıraraq pıçıldadı. – Bu çoxdan olub, onda hələ teatrda işləyirdim. Mən operada ikinci skripkanı çalmağa gedirdim, o qadın isə sol tərəfdə literli benuara3838
  Literli benuar – teatr lojası


[Закрыть]
gəlirdi.

Albert qalxıb Delesovun qulağına tərəf əyildi.

– Yox, adını niyə deyim, – dedi. – Siz, yəqin ki, onu tanıyırsınız, hamı onu tanıyır. Mən susaraq ancaq ona baxırdım. Bilirdim ki, mən yoxsul bir artist, o isə kübar xanımdır. Bunu çox yaxşı başa düşürdüm. Mən ona ancaq baxır və heç bir şey fikirləşmirdim.

Albert fikrə gedib nəyi isə xatırlamaq istədi.

– Bu necə olub, yadımda deyil: məni bir dəfə onun evinə skripka ilə müşayiət etməyə çağırdılar. Mən nə idim, yoxsul bir artist! – deyib başını buladı və gülümsədi. – Yox, mən danışmağı bacarmıram, bacarmıram… – başını tutaraq əlavə etdi. – Mən necə xoşbəxt idim!

– Bəs siz tez-tez onun yanında olurdunuz? – deyə Delesov soruşdu.

– Bir dəfə, ancaq bir dəfə… ancaq mən özüm günahkardım. Ağlım başımdan çıxdı. Mən yoxsul artist, o isə kübar xanım. Mən ona heç bir şey deməməli idim. Ancaq ağlım başımdan çıxdı və səfehlik elədim. O vaxtdan məndən ötrü hər şey bitib. Petrov mənə düz deyirdi: onu ancaq teatrda görmək yaxşı idi…

– Siz nə eləmişdiniz axı? – Delesov soruşdu.

– Ah, dayanın, dayanın, burasını danışa bilmirəm.

Əlləri ilə üzünü örtərək bir müddət susdu.

– Mən orkestrə gec gəldim. O axşam Petrovla birlikdə içmişdik və əhvalım pozulmuşdu. O öz lojasında oturub generalla söhbət edirdi. O generalın kim olduğunu bilmirəm. O lap kənarda əyləşib əlini rampanın3939
  Rampa – ensiz baryer, səhnəni zaldan ayırmaqla işıqlandırma aparaturası


[Закрыть]
üstünə qoymuşdu. Əynində ağ paltar, boynunda mirvari vardı. Saçları da gözəl formada idi. O, generalla danışır və mənə baxırdı. Hiss eləyirdim ki, o mənim barəmdə danışır. Mən çalmırdım, dayanıb eləcə ona baxırdım. Elə bu an mənimlə qəribə bir şey baş verdi. Bir də gördüm ki, orkestrdə deyil, lojadayam və onunla birlikdə durub onun qolundan, bax bu yerindən tutmuşam. Bu nədir? – Albert susub soruşdu.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации