Текст книги "Üçatılan"
Автор книги: İlyas Əfəndiyev
Жанр: Историческая литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]
İlyas Əfəndiyev
ÜÇATILAN
Mənim qohumum Çoban Ərşad
Mənim qohumum çoban Ərşad Kürdobadan idi. Biz isə Qarabulaq11
Qarabulaq – müəllifin anadan olduğu indiki Füzuli rayonunun ilk adı (red.)
[Закрыть] şəhərində yaşayırdıq. Anamın atası kürdobalı olduğundan orada çoxlu qohumumuz vardı. Kürdobalılar tərəkəmə idilər, payızda və qışda qoyun-quzularını «Haramı» deyilən düzənlikdə saxlayırdılar. Ailələri isə qışlaqda olurdu. Mayın on beşindən sonra bütün elat yaylağa köçürdü…
Hərdən kürdobalı qohumlarımıza qonaq getsək də, biz uşaqlar Ərşadı görməmişdik, çünki çobanlıq etdiyindən həmişə dağda-daşda idi.
Mən Ərşadla yaman maraqlanırdım. Anam deyirdi ki, Ərşad hər dəfə qoyun kəsib soyanda isti-isti çiy quyruq yeyir, mən isə lap ləzzətli xörəkdə də bir tikə quyruq yeyə bilməzdim. Sonra anam danışırdı ki, «bəlkə davası»nda22
Bəlkə davası – keçmiş tərəkəmələrdə oyun. Dalaşanlar çuxanı bir qoluna dolayıb qalxan kimi tutur, digər əlindəki ağacla isə vuruşurdular.
[Закрыть] heç kəs Ərşadın qabağında dura bilməz. Sonra onu da eşitmişdim ki, Ərşad yaman gecə oğrusudur.
Xoş havalı bir payız günü eyvanda oturub çay içdiyimiz zaman darvazamız bərkdən döyüldü. Məndən kiçik bacım yüyürüb qapını açdı. Gördük, sifəti mis kimi qızarmış ortaboylu, enlikürək bir oğlan gəldi. Başında qoyun dərisindən yekə, tüklü papaq, əynində əldə toxunma yun şaldan pencək-şalvar, ayaqlarında üstü toz basmış boğazlı çəkmə, belində qara enli xəncər, əlində sapı ceyran ayağından qamçı vardı. Anam onu görüb sevinclə səsləndi:
– Xoş gördük, ay mamaoğlu! Sən hara, bura hara?! Gəl otur görək.
Oğlan yöndəmsiz halda yanını stolun qırağına qoyub dedi:
– Ay dayıqızı, neyniyək çobanlıqdı dayna… Baş qarışır, əziz qohumları da görə bilmirsən…Elə indi gəlməyim də qəfil oldu.
Anam dedi:
– Yaxşı eləyib gəlmisən… Gör nə vaxtdandı səni görmürəm.
Ərşad qəşəng, cavan atını tövlədə rahatlayandan sonra bizə sovqat gətirdiyi toğlunu kəsib soyarkən balaca qardaşım ondan soruşdu:
– Bəs niyə quyruğundan çiy–çiy yemirsən?
Ərşad gülümsəyib: «Sənin sözün sınınca düşmənin boynu sınsın» – deyərək toğlunun quyruğundan bir dilim kəsib qar kimi dümağ dişlərinə çəkdi. O anda mənə elə gəldi ki, bu dümağ dişlər canavar dişləri kimi itidi və Ərşad bu dişləri ilə bu saat bu toğlunun hamısını parçalayıb yeyə bilər…
Ərşad bizimlə süfrədə oturub nahar eləyəndən sonra anama dedi:
– Dayıqızı, sənin yanına gəlməkdə bir mətləbim var.
– Nə mətləbdi? – deyə anam soruşdu.
– Eyvaz əmim məni el arasında xar eləyir.
Anam dedi:
– Elə şey olmaz!
– Başın üçün…
– Eyvaz əmin səni çox istəyirdi. Tavad mamam (yəni Ərşadın anası) rəhmətə gedəndə sən lap balaca idin. Eyvaz dayın şəhərə gələndə sənin üçün mütləq konfet, paltar alıb aparardı.
– Amma indi belə eləyir…
– Axı neyləyir?
– Sərvinazı mənə vermir.
Anam bərkdən güldü:
– Ə, Sərvinaz ki hələ uşaqdı.
– Uşaq niyə olur?!
Anam yenə güldü:
– On beş yaşı hələ tamam olmayıb.
– Sən də söz danışdın… Dayımın fikri ayrıdı.
– Nədi fikri?
– Deyirlər Hacı Tanrıverdinin oğlunun elçilərinə söz verib.
– Hansı oğluna?
– Nuruya…
– Nuru ki hələ Bakıda oxuyur.
– Elə ona görə dayımın ağlı çaşıb da!… Deyirmiş Ərşad bisavadın, çobanın biridi. Deməli, Nuru gedib Bakida boynuna bir xalta keçirib deyə bacıoğlu gözdən düşüb.
Anam gülümsəyib dedi:
– Nuru qəşəng oğlandı… Özü də institutda oxuyur…
– Nə olsun, ay tanrısız? Özün bilirsən ki, dayın oğlu bu qara Ərşad yüz eləsinin boğazını bir göz qırpımında üzər.
– İndi əyyam başqadı, mamaoğlu.
Ərşad bir neçə saniyə yana-yana baxıb dedi:
– Ay tanrısız, mən sənin üstünə gəlmişəm ki, şəhər adamısan, o dayımın başına ağıl qoyasan. Sən də belə deyirsən…
Anam zarafatyana soruşdu:
– Bəs Sərvinazın könlü hansınızadır?
– Dayım «hə» deyəndən sonra qızın nə həddi var sözünü çevirsin.
Anam eyni zarafatla dedi:
– Qız səni istəməsə, necə məcbur eləmək olar?
Ərşad büsbütün dilxor oldu:
– Onu-bunu bilmirəm, dayıqızı, bax, budur sənə deyirəm: əgər Sərvinazı mənə verməsələr, dayımı da öldürəcəyəm, o Nurunu da.
Anam gülümsəyib dedi:
– Nə olsun, özünü də tutub basarlar qazamata33
Qazamat – dustaqxana, həbsxana (red.)
[Закрыть].
– Tapsalar, tutarlar…
Ərşad bu sözdən sonra ayağa qalxdı. Anam soruşdu:
– Hara durursan?
Ərşad qaşqabaqlı halda dedi:
– Gedirəm.
– Gecə düşüb, qal yat, səhər gedərsən.
– Mən belə evdə yata bilmərəm, dayıqızı, gedəcəyəm.
– Bəs sən harada yatırsan? – deyə bacım təəccüblə soruşdu.
Sanki Ərşadın acığı soyudu, mülayim ifadə ilə dedi:
– Qoyun-quzunun içində. Qarın-yağışın altında… – Sonra anama çevrilib əlavə etdi: – Salamat olun dayıqızı. Xahiş edirəm, Eyvaz dayım bura gələndə mənim sözümü ona çatdırarsan. De ki, məni nahaq qana salmasın! Onu da de ki, bacın oğlu anasının goruna and içib, öldü var, döndü yoxdu bu işdən!
Ərşad sözünü bitirib qamçısını götürdü, pilləkənləri sürətlə düşdü. Atını tövlədən çıxardı, ayağını üzəngiyə qoymadan sıçradı yəhərin üstünə. Sonra bizə:
– Salamat olun! – deyib ayaqlarını tərpətdi.
At axşamın alatoranlığı içində həyətdən çıxdı.
Sonra mən anamdan soruşdum:
– Kürdoba ilə buranın arası neçə kilometrdir?
– Otuz-otuz beş kilometr.
Bacım dedi:
– Bu qaranlıqda o qədər yolu tək gedəcək?
– Ərşadın qorxu-hürküsü yoxdur!
Anama sual etdim:
– Ərşadın atası da çoban idi?
– Yox, – deyə anam nə üçünsə gülümsədi. – Ərşadın atası seyid idi.
Fikirləşdim, bəs anam zarafat eləyir, çünki Kürdobada seyid olduğunu eşitməmişdim. Anamdan təkrar soruşdum ki, doğru deyirsən? (Mənim belə təkidlə soruşmağmın səbəbi bir də o idi ki, seyidlər mənim xəyalımda qapı-qapı gəzib nəzir yığan fağır adamlar idi.)
Anam eyni təbəssümlə dedi:
– Yox, əslində, seyid deyildi. Onu Eyvaz əmim seyid eləmişdi.
– Nə cür axı?
Anamın nağıl eləməyindən məlum oldu ki, günlərin bir günündə o taydan belində xəncər bir oğlan gəlib çıxır Kürodobaya (Kürdoba Araza yaxın idi. Demək, oğlan Cənubi Azərbaycandan gəlmişdi). Anamın əmisi Eyvaz soruşur ki:
– Oğul, nəçisən?
Oğlan cavab verir ki:
– Heç nəçi. O tayda adam vurub qaçmışam.
– Kim idi vurduğun adam?
Oğlan deyir:
– Xanın bacısı oğlu.
– Nə üstündə vurdun?
Oğlan deyir:
– Mərdimazarın biri idi… Obada bir əlsiz-ayaqsızın qızına sataşmışdı… Namusum götürmədi, vurdum.
Eyvaz əmi soruşur:
– Bəs o tayda kimin qaldı?
Oğlan deyir:
– Özümdən kiçik bir qardaşım qalıb. Mən Savalan dağının ətəklərində ərbab44
Ərbab – burada: ağa (red.)
[Закрыть] üçün qoyun saxlayırdım. Qardaşım da qaçaqdı.
Eyvaz əmi soruşur:
– Niyə?
– Xanla düz gəlmirdi.
– Bəs niyə qardaşının yanına getmədin?
– Mümkün olmadı. Qardaşım Təbriz tərəfdə hərlənirdi. Mənsə bəridə, Araz qırağında qoyun saxlayırdım.
Eyvaz əmi bir az fikirləşib oğlana deyir:
– Bala, bir halda ki, bizim obaya pənah gətirmisən, qorxma, qoymarıq başından bir tük əskik olsun. Ancaq gərək elə eləyək ki, nə şiş yansın, nə kabab.
Oğlan soruşur:
– Nə cür?
– Yəni elə eləyək, xanın adamları duyuq düşməsinlər ki, sən bu obadasan. Yoxsa olarlar bizimlə qanlı düşmən… Özün bilirsən də, burada asqırırsan, o tayda eşidilir.
Oğlan tutulub deyir:
– Neynək, mən baş götürüb gedərəm içərilərə.
Eyvaz əmi deyir:
– Qətiyyən olmaz! Biz qapıya gələni boş qaytarmarıq. Adın nədi?
Oğlan cavab verir ki, adım Tapdıqdı.
Eyvaz əmi də deyir:
– Hə… Sən bu gündən olursan «Seyid Tapdıq».
Oğlan deyir:
– Axı mən seyid deyiləm.
Eyvaz əmi gülüb deyir:
– Ay rəhmətliyin oğlu, dünyada neçə min seyid var… Elə bilirsən onların hamısı elə peyğəmbər övladıdı? Sən bu gündən «Seyid Tapdıq»san, vəssalam.
Sonra anam nağıl eləyirdi ki, Eyvaz əmi Seyid Tapdığa öz yanlarında qarğıdan balaca bir çavıstan55
Çavıstan – qarğı, taxta və s.dən düzəldilmiş yüngül, kiçik tikili, ev (red.)
[Закрыть] tikdirib bir dəst yorğan-döşək verir. Belinə göy qurşaq bağlatdırır. Özü də qonum-qonşuya deyir ki, bu çox nəcib seyidlərdəndir. Babası o tayda ocaqdır.
Eyvaz əmi kimi mötəbər nəsildən olan adamın da sözü söz idi. Küy düşür oba camaatına. Seyid Tapdığın ziyarətinə gələn kim, nəzir gətirən kim, «ağa, cəddinə fəda olum» deyib qabağında diz çökən kim. Yavaş-yavaş seyidin sorağı qonşu kəndlərə, obalara da yayılır. Seyid Tapdıq başlayır varlanmağa. Qoyun sürüsü düzəldir, ağ alaçıq qayırtdırır. Sonra da Eyvaz əminin bacısı Tavadla evlənmək istəyir. Eyvaz əmi bunu eşidəndə az qalır dünyanı dağıtsın. Tavadı neçə-neçə adlı-sanlı yerlərdən istəyiblər, verməyib, indi gəlsin gədənin biri istəsin?!
Eyvaz əmi seyidi xəlvətə çəkib deyir:
– Adə, köpəkoğlu, başına hava gəlib, nədi? Səni mən yalandan seyid elədim ki, acından ölməyəsən, indi qudurub mənim bacımı almaq istəyirsən? Bu saat açıb hər şeyi camaata deyəcəyəm, ondan sonra görüm necə seyid olursan!
Sən demə, Seyid Tapdıq da az aşın duzu deyilmiş. Eyvaz əmiyə belə cavab verir:
– Əvvəla, sən bundan sonra durub desən ki, mənim seyid olmağım yalandı, heç kəs inanmaz, deyərlər görən kişinin acığı tutub, nədi?! İkinci də budur ki, qızın öz arzusu da belədi.
Eyvaz əmi hirslənib and içir ki, əgər bu, yalan olsa, səni it kimi öldürəcəyəm. Sonra çağırıb Tavaddan soruşur ki, bacı, sən o həmşəri gədəsinə getmək istəyirsən? Qız təəccüblə qardaşına baxıb deyir:
– Qağa, sən ağanın haqqında niyə belə danışırsan? Əstəğfürullah elə! Günahdır. Axı özün deyirdin ki, o, böyük seyiddi.
– Mən yalandan söz çıxarmışdım, – deyib Eyvaz əmi qışqırır.
Qız da cavab verir:
– Bıy, o boyda yalan olar? Camaat tökülüb ağanın ziyarətinə gəlir… Ətəyini öpür… Babası da o tayda ocaqdı…
Eyvaz əmi yanıb tökülür:
– Yaxşı, – deyir, – mən onu biabır eləyib buradan qovum, sən də bax.
Tavad cavab vermir. Ancaq Eyvaz əminin arvadına deyir: «Qardaşıma xəbər ver ki, mən ölsəm də, qalsam da, ağaya gedəcəyəm. Yoxsa günaha bataram».
Eyvaz əmi baxıb görür ki, daha ağanın qabağına durmaq mümkün deyil. Naəlac qalıb Tavadın «ağa»ya getməsinə razılıq verir.
… Sonralar Tapdıq bu seyidlik işindən bezib yorulur, çobanlığa başlayır. Günlərini qışda Haramıda, yayda isə dağlarda, qoyun-quzunun arasında keçirir ki, camaat onun seyidliyini yaddan çıxarsın. Bələ də olur. Tərəkəmələr yavaş-yavaş Tapdığın «ağa»lığını unudurlar. Sonralar qardaşı Kərbəlayı Əsəd də bu taya adlayır, burada evlənib qalır.
Çoban Ərşadın aşiqliyi
Qış idi, Ərşad da o biri çobanlarla birlikdə Haramıda qoyun saxlayırdı. «Birlikdə» deyəndə ki, hələ kolxoz qurulmamışdı, ona görə də Haramıda hər kəsin öz binəsi66
Binə – köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskən saldıqları yer (red.)
[Закрыть], öz sürüsü var idi. Ərşadın bacısı Narıngül özündən otuz yaş böyük hallı-varlı bir kişiyə getmişdi. Ərşad kiçik qardaşı Əli ilə olurdu. İndi qardaşı ilə bəslədikləri bu sürünü də o, çobanlıqla qazanmışdı. Yəni yaşı on səkkizə çatanda gedib «Təhlə» deyilən tərəkəmə obasında Hacı Kərimə çoban olmuşdu. Məlumdur ki, qoyun artımlı heyvandır. Ərşadın hər il haqqına düşən qoyunlar da doğub törəyirdilər. Dörd ildən sonra o, səksən sağmal qoyunla Kürdobaya qayıtdı. Sürü getdikcə artdı. İndi Ərşadın əməlli-başlı bir sürüsü var idi.
Günlərin bir günü bir çoban xəbər gətirdi ki, «Zalım Ərşad, nə durmusan, dayın Sərvinazı nişanladı Hacı Tanrıverdinin oğlu Nuruya». Bunu eşidəndə az qaldı Ərşadın başına hava gəlsin. Üstünü qar basmış komada yeddi saat üzüqoylu yatdı. Gecə qaranlıq düşəndə Əliyə dedi ki, sən sürüdən muğayat ol, mən getdim qışlağa.
Haramı ilə qışlağın arası azı iyirmi beş kilometr idi. Qışda Haramıda çobanlar at saxlamırdılar, ancaq qoyun saxlayırdılar. Ona görə də Ərşad göz-gözü görməyən qış gecəsində qar basmış çöl-biyabanla payi-piyada üz qoydu Kürdobaya tərəf… Yolboyu ürəyində dayısını yamanlayırdı: «Sərvinazı gör götürüb kimə verir? Nuru kimi bir gədəyə! Nə var, nə var, Bakıda oxuyur. Nə var, nə var, Hacı Tanrıverdinin qoyunu çoxdur. Atı, dəvəsi çoxdur. Ay evin tikilsin, ayrı vaxt deyirsən ki, Tavadın uşaqları gözümün işığıdı. Amma işə gələndə, qızı verirsən Hacı Tanrıverdinin gədəsinə!»
Nəhayət, uzaqdan itlərin hürüşməsi eşidildi. Heç yerdən işıq gəlmirdi. Demək, oba yatmışdı. Ərşad birbaşa dayısıgilə yollandı. Dayısının həyətdəki iti Ərşadın qaraltısını görüncə o yandan bəri götürüldü. Yaxınlaşdıqda Ərşad ona acıqlandı:
– Nə var, ay it?
İt Ərşadı tanıyıb səsini kəsdi.
Ərşad yavaş-yavaş dayısıgilin damına yaxınlaşıb dayandı. Diqqətlə qulaq asdı. İçəridən heç bir səs-səmir gəlmirdi. Sonra ehtiyatla tövləyə yaxınlaşıb balaca kilidi asanlıqla burub sındırdı. Qapını açıb girdi içəri. Tövlədəki qoyunlar qaranlıqda ürküb qalxdılar. Tövlənin yuxarı tərəfində bağlanan inəklər gövşəklərini kəsdilər. Ərşad bayıra işıq düşməsin deyə qapını örtüb kibrit çəkərək baxdı. Nurunun elçilərinin nişan üçün gətirdikləri dörd nəhəng qoçu tapdı. Qapını açıb onları sakitcə bayıra çıxardı. Əvvəl fikirləşdi ki, bu erkəklər yaxşı pula gedər. Hamsını qovub aparsın Avşara, orada keçmiş oğru dostu Şahmarın vasitəsilə satsın. Lakin sonra ağlına gəldi ki, Nuru əhvalatı bilsə, gülüb deyəcək: «Ə, o nə kişidi ki, pul üçün qoyun oğurlayıb satır?» Qoy Nuru görsün ki, Ərşad ona da, onun qoyununa da tüpürür, Ərşad öz ovunun üstünə mərdi-mərdanə atılan pələngdi!
Sonra ayrı itləri duyuq salmamaq üçün hər yerdə çöllə gedərək qoyunları qovub apardı düz Hacı Tanrıverdinin qapısına. Bu zaman hürə-hürə tökülüb gələn itlər Ərşadı tanıyıb quyruqlarını buladılar. Hacının da qoyunları Haramıda olduğu üçün ağılları77
Ağıl – içərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer (red.)
[Закрыть] boş idi. Ərşad ağılın qapısını açıb erkəkləri saldı içəri. Sonra Nurunun qarasına yağlı bir söyüş söyüb öz həyətlərinə gəldi. Birbaşa dəvəliyə girdi. Ərşad lap uşaq olanda atasıgil bu tövlədə dəvə saxlayardı. İndi isə dəvəlik xarabalığa oxşayırdı.
Ərşad bilirdi ki, əmisi qaçaq Kərbalayı Əsəd vurulandan sonra rəhmətlik anası onun üçatılan tüfəngini üç qatar patronla birlikdə köhnə keçəyə bükərək gətirib bu dəvəlikdə torpağa basdırıb, üstünə də çır-çırpı töküb. El adəti idi: igidin tüfəngi gərək ayrı ələ keçməsin. Tüfəngin yerini o zaman balaca uşaq olan Ərşaddan başqa heç kəs bilmirdi. Anası Ərşada tapşırmışdı ki, bax, tüfəngin yerini heç kəsə demə. Ərşad da heç kəsə deməmişdi. İndi isə onun bu üçatılana ehtiyacı var idi.
Ərşad ayaq altındakı çır-çırpını təmizləyib xəncəri ilə qaranlıqda yeri oyaraq keçəyə bükülmüş tüfəngi çıxardı. Kibrit çəkib baxdı: «Sən bu dünyanın işinə bax, rəhmətlik anam necə qoyubsa, tüfəng də, patronlar da elə o cür qalıb. Heç bir tikə də pas-zad atmayıb. Yazıq arvad keçənin hikmətini bilirmiş!» Anasının əli dəyən bu keçə parçası Ərşadın ürəyini kövrəltdi. Sonra o, tüfəngin çaxmağını açıb bir-iki dəfə irəli-geri çəkdi. Patronla dolu kəmərlərdən birini götürüb çiyninə saldı. Digər ikisini isə yenə də həmin keçəyə büküb basdırdı torpağa. Sonra bayıra çıxıb ətrafı diqqətlə dinlədi. Xoruzun üçüncü banı idi. Oba yatmışdı…
Ərşad bacısıgilə gəldi. Onu yuxudan oyatdı. Bacısı soruşdu:
– Nə olub, qağa?
– Heç nə, yeri içəri…
Qabaqca bacısı, ardınca da Ərşad girdilər dama.
Ərşad soruşdu:
– Bəs ərin hanı?
Bacısı cavab verdi ki:
– Axşam getdi şəhərə, həftə bazarına… Ayaqda durma, otur.
– Oturmuram, qayıdıram Haramıya.
– Bəs niyə gəlmişdin?
Ərşad onun sözünə cavab verməyib dedi:
– Səhərin gözü açılan kimi gedib Eyvaz dayıma deyərsən: Ərşad anamızın goruna and içdi ki, əgər Sərvinazı mənə verməyib Hacı Tanrıverdinin oğluna versə, dayımı da, Hacı Tanrıverdinin oğlunu da öldürüb qaçaq olacağam!
Sözünü bitirib iti addımlarla damdan çıxdı və Haramıya tərəf yol aldı.
… İndi sizə kimdən xəbər verim – Eyvaz əmidən.
Eyvaz əminin gözü çoxdan Hacı Tanrıverdinin sürüsündəki qoçlardaydı. Çünki o qoçlar təkcə Kürdobada deyil, bütün mahalda ən cins heyvan sayılırdı. Nə ətinə söz ola bilərdi, nə yununa… Hacı erkəkləri Qarabulaq, Ağdam bazarlarındakı qəssab müştərilərinə satardı. Odur ki onun dörd buruqbuynuzlu qoçu nişan üçün göndərməsi böyük iş idi…
Eyvaz əmi tezdən durdu ki, həmin erkəklərdən birini saxlayıb qalanlarını göndərsin Haramıdakı sürüsünə. Ancaq baxıb gördü ki, erkəklərdən əsər-əlamət yoxdur, tövlənin qapısına vurulan kilidi də sındırıb atıblar yerə.
Eyvaz əmi qara, taxta qutusunu açıb, iri papiros büküb müştüyünə qoyaraq yandırdı. Sakit halda bir-iki nəfəs çəkəndən sonra böyük oğlu Şamxala dedi:
– Boynuna qamış ölçüm sənin kimi oğulun ki, gəlib qapından qoyun oğurlayırlar!
Şamxal da qızarıb pörtərək cavab verdi ki:
– Əşi, elə hər nə oldu məni danlayırsan. Sənə neçə dəfə demişəm ki, bizim bu it sümsüyün biridi, qabağına bir tikə şey atan kimi səsini kəsir. Bu gecə də bir dəfə ağzını açmayıb.
Eyvaz əminin ikinci arvadı Zərəfşanın Şamxalla – ögey oğlu ilə arası yox idi. Ərinə dedi:
– Yox, it gecə üç-dörd ağız hürdü. Özü də başa düşdüm ki, adama hürür.
– Bəs niyə məni səsləmədin? – Eyvaz əmi acıqlı soruşdu.
– Nə bilim, qıymadım.
Eyvaz əmi yenə də uzun, qırmızı müştüyünü sümürüb dedi:
– Camaat içində yamanca biabır olduq.
Zərəfşan dedi:
– Kim nə deyir desin, düşmən işidi!
***
İndi sizə kimdən deyim – Hacı Tanrıverdidən.
Hacı səhər tezdən dəstəmaz almaq üçün qara aftafanı əlinı alıb bayıra çıxanda gördü ki, dünən nişan üçün Eyvazın qapısına apardığı dörd heyvanın dördü də boy-boya verib, durub ağılda.
Hacı öz-özünə dedi:
– Lənət şeytana… Bu nə əhvalatdı? Bəlkə, heyvanlar qaçıb gəlib qapıya. Ancaq xeyr… Ağılın qapısı əməlli-başlı örtülüb, ağacı da dalına qoyulub ki, heyvanlar bayıra çıxmasın. Deməli, heyvanları gecə özləri gətirib salıblar ağıla, belə çıxır ki, nişanı geri qaytarıblar. Necə yəni?! Mənim nişanımı geri qaytarmaq?!
Sonra arvadı Gülgəzi məsələdən hali eləyib dedi:
– Əgər qızı vermək fikirləri yox idisə, niyə razı olurdular?
Gülgəzin Eyvaz əminin ikinci arvadını görməyə gözü yox idi, odur ki acıqlı-acıqlı cavab verdi:
– Mən nə bilim, o kaftarın (yəni Zərəfşanın) min cür fitnəsi-feli var.
Ancaq bu söz Hacının ağlına batmadı. Fikirləşdi ki, Eyvaz yaxşı nəsildən olsa da, bir sözə inanan adamdı. Yəqin, hansısa düşmən başına ağıl qoyub ki, geri qaytar nişanı. Sonra Hacı onu da fikirləşdi ki, Sərvinazı vermirlər, cəhənnəmə versinlər. Nuru padşah balası kimi oğlandı. İstəsə, lap komissar qızı alar…
Hacı sakit halda dəstəmazını aldı, dama girərək təzə ağ keçənin üstündə namazını qıldı…
Bu zaman kəhər madyanı minib Köndələnçaya suvarmağa aparan Şamxal gördü ki, sən ölməyəsən, dünən nişana gələn dörd qoç durub Hacı Tanrıverdinin öz ağılında. Bu işə məəttəl qalıb atı suvardıqdan sonra dördnala çapdı öz yurdlarına…
Eyvaz əmi atdan yerə sıçrayaraq tövşüyə-tövşüyə danışan oğluna qulaq asıb dedi:
– Elə şey olmaz, səhv salmısan.
Şamxal and içib dedi:
– Əşi, istəyirsən özün get bax.
Eyvaz əmi hey qırmızı müştüyü sümürür, baş aça bilmirdi ki, bu nə əhvalatdır? Niyə Hacı tezliklə nişanı geri qaytarsın? Özü də bu cür? Axı niyə? Nə səbəbə? Dünənlə bu səhərin arasında bizim nə günahımız olub? Camaat da deyəcək, görəsən, Eyvazın qızının nə qəbahəti var imiş ki, Hacı nişanı geri götürüb.
O tərəfdə də Hacı özünü nə qədər tox tutmağa çalışsa da, olmurdu. Hirs kişini boğurdu. Bir istədi atı minib gedib Eyvazdan soruşsun ki, balam, bu nə əhvalatdı?
Gülgəz dedi:
– Mən razı olmaram ki, sənin kimi dağdan ağır kişi durub o kaftar Zərəfşanın qapısına getsin. Mənim oğlum Bakı kimi yerdə oxuyur. Şəkil kimi də oğlandı. Qadam o Zərəfşanın lap ürəyinə… Hacının əziz canı üçün heç əvvəldən mənim bu işə könlüm yox idi.
Ancaq Hacı dağdan ağır adam olsa da, sakit ola bilmirdi. İstəyirdi ki, Kərbəlayı İbixanın nəsli kimi hörmətli nəsillə qohum olsun. İndi əyyam başqadır. Bir də gördün Nuru Bakıdan bir mərdimazarın qızından yapışıb Hacının sümüyünü it sümüyünə caladı…
Həmin vaxt Zərəfşan damda oturub qabağındakı yağ-şora, qaynanmış südə hələ də əlini vurmayaraq hey qırmızı müştüyünü tüstülədən ərinin qabağında yerə çöküb dedi:
– Təzə xəbər var…
– Nə xəbər?
– İndicə Narıngül məni çağırdı damın dalına. Deyir, bibi, gecənin yarısı bir də gördüm Ərşad çiynində tüfəng-patrondaş, qaranəfəs gəldi ki, eşitmişəm dayım Sərvinazı Hacı Tanrıverdinin oğluna nişanlayıb.
Eyvaz əmi hövsələdən çıxıb soruşdu:
– Nə olsun?
– And içib ki, əgər qızı mənə verməyib Hacının oğluna versələr, dayımı da, o oğlanı da öldürüb qaçaq olacağam. Bunu da deyib ki, iki dünya bir olsa, Sərvinaz mənimdir.
– Qələt eləyib, başını da daşın yekəsinə döyüb! – deyə Eyvaz əmi özündən çıxdı. – O qızı doğrayıb itə ataram, amma Tapdıq kimi axmağın oğluna vermərəm.
Arvad gördü ki, kişi yaman hirsləndi, ona görə də daha bir söz deməyib, qalxıb damdan çıxdı.
Doğrudur, Eyvaz əmi vaxtilə obanın igidlərindən hesab olunurdu. Yaxşı at minən, güllə atan, əldən iti bir oğlan idi. Lakin indi o hayı deyildi. Üstəlik, canını çox istəyirdi. Ona görə də fikirləşdi ki, «bu Ərşadın bütün ömrü dağda-daşda keçib, qanmır, qandırmır, beyninə yerləşdi, öldürdü. Ondan sonra nə olacaq?» Belə fikirləşdikdən sonra Eyvaz əminin od tutub alışan qəzəbinin üstünə elə bil bir sənək soyuq su tökdülər. Öz-özünə dedi: «Yox, burada acıqla iş görmək olmaz. Kərbəlayı İbixan babam havayı deməyib ki, həmişə yüz ölç, bir biç. Yaxşısı budur qanmazın başına ağıl qoy, dilə tut onu… Ancaq Hacıgilin bu nişanı geri aparmaqları axı necə işdir? İndi ki belə idi, bəs gətirdikləri digər şeyləri – qəndi, çayı, qız üçün paltarlıq parçaları niyə geri istəmirlər? Yoxsa, daha onları istəməyə üzləri gəlmir?»
Eyvaz əmi təzə papiros büküb yandıraraq bir-iki nəfəs alandan sonra tamam yumşalıb öz-özünə dedi: «Ərşad binəva Tavadın yadigarıdır, özümüzünküdür. Bərk gündə nə mən onun dalından qaçanam, nə də o mənim. İndi tüfəng götürüb qələt eləməyinə baxma…»
Eyvaz əmi bundan sonra qalxıb uzun saçaqlı yapıncısını çiyninə saldı, ağır addımlarla bayıra çıxaraq obanın ortasına tərəf yeridi. Obanın ortasındakı təpəni qalxıb o biri üzə enəndə bir də gördü ki, Hacı Tanrıverdi çiynində Xorasan kürkü dayanıb lap meydanın ortasında çubuğunu tüstülədir. Eyvaz əmi bir istədi geri qayıtsın, amma fikirləşdi ki, niyə qayıdım? Mənim ki bir günahım yoxdu, getmək lazımdırsa, qoy Hacı getsin.
Bu dəm Hacı da Eyvaz əminin yavaş-yavaş yaxınlaşdığını görüb özünü elə tutdu ki, elə bil onu görmür. Eyvaz əmi on addımlıqda ayaq saxlayıb soyuq ifadə ilə dedi:
– Salam, Hacı.
Hacı başını asta tərpətməklə salamı aldı. Eyvaz əmi cəsarətli adam idi. Boğazını arıtlayıb sözə başladı:
– Ay Hacı, bir halda ki gecə qoyunları aparmısan, onda zəhmət çək, adam göndər, nişana gələn o biri şeyləri də aparsın. Ya izin ver, biz özümüz göndərək.
Hacı bu sözləri eşitdikdə Eyvaz əminin üzünə baxmadan sakit səslə dedi:
– Qoyunları biz aparmamışıq.
Eyvaz əmi tez cinlənən adam idi, o saat özündən çıxdı:
– Necə yəni biz aparmamışıq? Qoyunun əli-qolu yoxdu ki, kilidi sındırıb, qapını açıb, birbaşa gəlib girsin sənin ağılına?!
Hacı, Eyvaz əmiyə təəccüblü bir nəzər salıb təkrar etdi:
– Qoyunların gəlib ağıla girməyindən bizdə heç kəsin xəbəri yoxdu. Nişanı geri qaytarmaq fikrinə düşmüsənsə, belə kələklər sənə yaraşmaz. Sən Kərbəlayı İbixanın nəvəsisən.
Əgər Hacı mahalda ən hörmətli adamlardan biri hesab olunurdusa, Eyvaz əminin də bu saat hökumət işində Surxay kimi qardaşı oğlu var idi. Üstəlik, Hacı Tanrıverdidən də köklü nəsildən idi. Elə isə niyə söz altında qalmalı idi ki? Ona görə də qaş-qabağını töküb dedi:
– Kələk nədi, Hacı, yaxşı danış.
Hacı bir tükü belə tərpənmədən sakit səslə üçüncü dəfə təkrarladı:
– Qoyunun bizim ağıla salınmağından nə mənim xəbərim var, nə də qohum-əqrəbamın.
Eyvaz əmi məzəli əhvalatlardan ləzzət alan adam idi. Odur ki birdən kişini gülmək tutdu.
– Ay Hacı, bəs bu necə işdi: sən vurmadın, mən yıxılmadım. Bismillah, qapımıza cin-şəyatin gəlməyib ki?
Eyvaz əminin zarafatını eyninə almayan Hacı yenə daş kimi ağır tövrlə dilləndi:
– Deməli, nişanı siz qaytarmamısınız?
– Bizim başımıza hava-zad gəlməyib ki, axşam qızımıza nişan qoyaq, gecə yarısı da qaytaraq geri.
Hacının üzü birdən-birə canlandı:
– Onda belə çıxır ki, düşmən işidi.
– Ayrı nə ola bilər? Səhər tezdən durub görmüşəm ki, tövlənin kilidini sındırıb, nişan qoçlarını aparıblar. Ayrı cür ola bilməz, ya sənin düşməninin işidi, ya mənim… Elə isə, buyur gedək bizə, Hacı. Qoy düşmən görsün, gözü çıxsın.
Elə bil Hacının da buzu sınmışdı.
– Yox, – dedi. – Gedək bizə.
– Nə olar, Hacı, sizə gedək, – deyə Eyvaz əmi dərhal razı oldu.
Onlar Hacının damına tərəf gələndə qonum-qonşu təəccüblə baxırdı. Yəqin, düşünürdülər ki, nişan qoçlarının qayıtması nədi, bu qol-boyun olmaq nədi?
Qapıya çatanda Hacı doqqazın ağzında dayanıb onlara baxan on doqquz yaşlı oğlu Fərhada dedi:
– Erkəkləri çıxar, qat qabağına, apar sal Eyvaz əmingilin tövləsinə.
Fərhad qaş-qabaqla atasına baxıb sanki təəccüblə soruşdu: «Necə yəni apar? Bəs…»
Hacı oğlunun ürəyindən keçənləri anlayıb əlavə etdi:
– Qoyunları Eyvazgil qaytarmayıb, necə deyirəm, o cür də elə.
Fərhad yenə də heç nə başa düşməyib ağıla tərəf getdi.
Gülgəz qabağa çıxaraq bu əhvalatdan heç nə başa düşməsə də, yarıyaşmanıb ciddi tövrlə dedi:
– Xoş gəlmisən, Eyvaz.
– Xoş günün olsun, Gülgəz.
Gülgəz əri ilə Eyvazın qabağına təzəcə qalaylanmış iri məcməyi qoydu. Qar kimi ağ yuxa, motal pendiri, bal, qaymaq, yaxşı dəmlənmiş çay gətirdi.
Hacı əlini süfrəyə uzatmadan, Eyvaz əminin üzünə baxmayaraq öz-özü ilə danışırmış kimi dedi:
– Bu məsələ düşmən işinə də oxşamır. Əgər qoyunları sənin tövləndən düşmən çıxarmışdısa, elə götürüb gedərdi, daha niyə gətirib ağıla ötürürdü?
– Elə mən özüm də bunu fikirləşirdim, Hacı.
– Məəttəl qalmalı işdi.
***
Haramıda Ərşadgillə Eyvaz əminin komaları da, otaqları da qonşu idi. Eyvaz əminin qoyunu o qədər çox deyildi, qardaşı oğlu Qaraca özlərinin də on beş-iyirmi qoyununu ona qatıb otarırdı.
Günortaya yaxın Ərşad bir də gördü ki, dayısı oğlu Şamxal həmin dörd erkəyi budur, atın qabağına qatıb gətirdi öz sürülərinə. Məəttəl qaldı ki, bu nə əhvalatdı? Deməli, nişan pozulmayıb. Özünü bilməzliyə qoyub Şamxaldan soruşdu:
– Ə, dayıoğlu, bu heyvanlar haradandı belə?
Şamxal cavab verdi:
– Sərvinazın nişanı üçün Hacı Tanrıverdinin gətirdiyi heyvanlardı.
Yenə də qan vurdu Ərşadın başına. Bir dəqiqə bir yerdə qərar tapıb dura bilmədi. Elə ki gecə oldu, öz komalarından bir çatı götürüb yavaş-yavaş yaxınlaşdı dayısıgilin ağılına. Yəqin məsələ idi ki, itlər onu tanıyırdılar. Ərşad heç vaxt onları öz itlərindən ayırmazdı, yəni öz itlərinə nə versəydi, onlara da verərdi. Ərşad girdi qoyunların içinə. Əvvəl Qaracanın yanına gəldi. Gördü ki, oğlan div yuxusuna gedib. Sonra yavaş-yavaş, qoyunları diqqətlə gözdən keçirə-keçirə irəliləyib Hacının nişan üçün verdiyi qoçları tapdı. Gördü ki, erkəklər baş-başa verib yatışıblar. Ərşad onları qabağına qatıb itələyə-itələyə sürüdən çıxardı. Qoçları ağıllarından xeyli uzaqlaşdırıb balaca bir dərəyə gətirdi. Burada yerə yıxıb ayaqlarını bağladı. Sonra da tələsik qayıtdı öz komalarına. Gördü ki, qardaşı şirin yuxudadı. İstədi oyatsın, ancaq əvvəl-əvvəl qıymadı. Dedi qoy bir az da yatsın. Çıxdı bayıra. Göyə baxıb ulduzlarla müəyyən etdi ki, gecədən o qədər də çox keçməyib. Fikirləşdi ki, nə qədər tez getsə, o qədər yaxşıdı – uzun yoldu. İçəri girib qardaşını tərpətdi. Bu yerlərdə cavanlar sərvaxt yatmağa öyrəniblər. Əli dik atılıb soruşdu:
– Nə olub, ə?
– Dur ayağa, gözünün acısını aldın bəsdi. Mən gedirəm qışlağa.
Əlinin qoyun əhvalatından xəbəri yox idi. Ərşad da bu barədə ona heç nə deməmişdi. Amma qardaşının Sərvinaza aşiq olduğundan xəbərdar idi. Bilirdi ki, Ərşad obaya da indi ona görə gedir. Bu səbəbdən də heç nə soruşmadı.
Ərşad qardaşına tapşırdı ki, əgər Qaraca onu soruşsa, desin naxoşlamışdı, beli-boynu qırılırdı, getdi özünü küpələtsin. Sözünü bitirdikdən sonra erkəkləri gizlədiyi dərəyə endi. Heyvanların ayaqlarını açıb saldı qabağına. Yenə göydə sayrışan ulduzlara baxıb müəyyən etdi ki, hava işıqlanmamış Kürdobaya çatacaq. Sonra da hansısa ulduzu nişanlayıb yola düzəldi.
Dan yeri işıqlanmamış Ərşad obaya çatdı. Hacı Tanrıverdinin yurduna yaxınlaşanda yenə də itlər hürüşdülər, lakin yenə də Ərşadı tanıyıb səslərini kəsdilər. Ərşad keçən dəfəki kimi qoyunları ağıla salıb çubuqdan hörülmüş qapını çəkib örtdü, ağacı da qoydu dalına. Sonra daha evlərinə getməyib özünü verdi Köndələnçay boyunca uzanan qamışlığa… Lap qaranlıq bir yer tapıb tüfəngin qayışını qoluna dolayaraq yapıncısına bürünüb yatdı.
Səhər tezdən qara aftafanı götürüb dəstəmaz üçün qapıya çıxan Hacı qoyunları yenə də ağılda görüb «bismillah!» dedi. Hacı hər şeydən ürkən, təşvişə düşən adam deyildi. Amma bu dəfə elə bil kişinin tükləri ürpəndi. Bir anlığa qoyunlar ona cin-şəyatin kimi göründü. Hacı duruxdu. Sonra «Lənət şeytana!» deyib ağıla yaxınlaşaraq qapını diqqətlə nəzərdən keçirdi. Söz ola bilməzdi ki, qapı əl ilə bağlanmışdı, üstəlik, qapının arxasına açılmasın deyə uzun ağac sürmə keçirilmişdi. Hacı Allaha inanan ağıllı adam idi, yəni bilirdi ki, bu, cin-şəyatin işi deyil, cinlərin işi-gücü qurtarıb bəyəm, durub Hacı ilə belə oyun oynasınlar?
Sonra Hacının arvad-uşağı, qonum-qonşu bayıra çıxıb işdən hali olanda yerlərində quruyub qaldılar. Hacı sakit ifadə ilə oğlu Fərhada dedi:
– Yüyür, Eyvaz əmini çağır bura.
Fərhad qaş-qabağını töküb dedi:
– Əşi, biz niyə gedək onların ayağına? Lazımdı qoy onlar gəlsinlər!
Hacı sərt ifadə ilə dedi:
– Get, Eyvaz əmini çağır!
Fərhad ata minib qəzəblə çapdı Kərbəlayı İbixanlara tərəf…
Eyvaz da gəlib qoyunları Hacının ağılında görəndə lap yerində dondu. Az qaldı, kişinin başına hava gəlsin.
– Hacının başı üçün, – dedi, – dünən Şamxal özü bunları aparıb Haramıda qatıb qoyuna.
Hacı soyuq tərzdə dedi:
– Yox, belə zarafat olmaz, hər nə məsələdi, siz tərəfdən gəlir. Belə şey olmaz! Camaat içində rəzil-rüsvayıq. Qonum-qonşu baxıb deyir, görəsən, bu nə oyundur.
Eyvaz əmi, doğrudan da, qapılarda boy-boya verib, o yandan bəri tamaşa eləyən qonşulara nəzər salıb dedi:
– Ay Hacı, atamın goru haqqı, mən özüm də bu işə məəttəl qalmışam. Əgər bunu eləyən düşmən köpəkoğludursa, ona nə düşüb ki, dörd erkəyi Haramıdan gətirib bir də salsın sənin ağılına. Burada nə isə bir sirr var.
Arvadların, uşaqların üzündə bir vahimə peyda olmuşdu. Hacının doxsan beş yaşlı anası Ballı qarı azca qəddi əyilmiş halda irəli yeriyib dedi:
– Ay Hacı, bəlkə, uşaqlardan biri gedib Molla Hüseynquluya baxdırsın? Yadındadırmı, neçə il bundan qabaq sənin Göydəmir atını hər gecə aparıb çapıb əldən-ayaqdan salırdılar. Səhər görürdün ki, heyvan qan-tərin içindədi. Özünün də yalını incə-incə hörüblər. Onda, bəyəm, Molla Hüseynqulu demədi ki, Cin dərəsindəki hallardı88
Hal (və ya al) – xurafata inananların təsəvvüründə qaranlıqda tək qaldıqda guya insanın gözünə görünən mövhum surət, xəyal; qulyabanı (red.)
[Закрыть] gecələr atı minib çapan?!
Eyvaz əmi:
– Ay Ballı nənə, – dedi, – Molla Hüseynqulu fırıldaqçının, kələkbazın biridir, qoy o yana getsin.
Ballı nənə təşvişlə dedi:
– Əstəğfürullah elə, Eyvaz, günahdı.
Eyvaz əmi gülüb dedi:
– Nə günah olacaq, ay nənə? Onun hər cür fırıldaq işi var.
Bir saatın içində Kürdobaya hay vuruldu ki, Hacı Tanrıverdinin ağılında möcüzə baş verir. Nişan üçün gedən qoyunları gecə Eyvaz kişinin tövləsindən çıxarıb, qaytarıb salırlar yenə də Hacının öz ağılına. Oba arvadlarının hərəsi bir yerə yozurdu bu işi. Axırda uzun götür-qoydan bu qərara gəldilər ki, qoyunları qaytarıb gətirən «Cin dərəsi»ndəki cinlərdir.
***
Dan yeri qızarıb hava işıqlaşan kimi qamışların arasında div yuxusuna getmiş Ərşad oyanıb dərhal qalxdı ayağa, yapıncısının, saçaqlı papağının toz-torpağını çırpdı. Ərşad bilirdi ki, hər səhər Sərvinaz bir az aşağı tərəfdə qamışlığın arasından keçən cığırla suya gedir. Ona görə də gəlib cığırın yaxınlığında, qamışlıqda gizləndi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?