Текст книги "Üçatılan"
Автор книги: İlyas Əfəndiyev
Жанр: Историческая литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Bir qədər sonra Sərvinaz çiynində iri mis səhəng göründü. Qız Ərşadın tuşuna çatanda oğlan qamışlıqdan çıxdı.
– Bismillah!.. Bismillah!.. – deyə Sərvinaz içini çəkib ona baxdı. – Ay tanrısız, canavar kimi qəfil qamışlıqdan niyə çıxırsan?! Qorxdum.
Qız bu sözləri deyəndə Ərşad güldü. Sərvinaz da gülümsünüb guya məzəmmətlə dedi:
– Arsız!
– Arsız sənsən ki, gül kimi maman oğlunu qoyub Hacı Tanrıverdinin avara oğluna gedirsən!
Sərvinaz böyük bir sirr açırmış kimi pıçıltı ilə dedi:
– «Cin dərə»sindəki hallar ikinci dəfədir ki, Hacının nişanını geri qaytarır.
Ərşad bu dəfə şaqqanaq çəkdi.
– Gözünə dönüm o cinlərin, yaxşı eləyib nişanı geri qaytarıblar. Gəl bəri, sənə sözüm var.
Ərşad bunu deyib qızın əlindən tutub qamışlığa çəkdi. Dedi:
– Bura bax, dayıqızı. Mən ölüm, o Nurunun nəyinə aşiq olmusan?
Sərvinaz gülüb dedi:
– Kim deyir aşiq olmuşam?
– Mən ölüm, de görüm, sən, doğrudan, o avaraya getmək istəyirsən?
Sərvinaz fikirli-fikirli çiyinlərini atdı.
– Kimə verərlər, ona da gedərəm.
– Dayım tamahgirin biridi. Hacı Tanrıverdi dövlətlidi deyə səni verir onun avara oğluna. Bax budur deyirəm, əgər məni qoyub ona getsən, qan su yerinə axacaq!
Birdən Sərvinaz səhəngi götürüb qaçdı cığıra tərəf. Ərşad arxadan səsləndi:
– Eşitdin, nə dedim?
Sərvinaz qayıdıb gülə-gülə ona baxaraq «hə» mənasında başını tərpədib qaçdı. Ərşad da heç kəs görməsin deyə qamışlıqdan ehtiyatla çıxıb o tərəf bu tərəfə baxa-baxa çöl-biyabanla yol aldı Haramıya sarı.
***
Bu vaxt Eyvaz əmi Hacı Tanrıverdiyə deyirdi:
– Hacı, nişanımız nişandı. Ancaq erkəklər qoy qalsın hələlik sənin süründə, görək bu əhvalatın axırı nə olur.
Hacı da ağır-ağır cavab verdi ki, nə olar, qalsın, o heyvanlar onsuz da sənindir.
Bundan sonra Eyvaz əmi gəldi öz evinə. O, cinə-şeytana inanan deyildi. Düzdür, Hacının yanında özünü inanan kimi göstərirdi, amma hey fikirləşirdi ki, bu kimin işi olsun! Birdən ağlına gəldi ki, bəlkə, Ərşaddı bunu eləyən? Sonra da fikirləşdi ki, Ərşad canavar kimi bir şeydi. Heyvanları aparsa, salamat buraxmazdı, kəsib ətini çəkərdi şişə, yeyib-içib kefinə baxradı.
Bir sözlə, Eyvaz əmi nə qədər çək-çevir eləyirdisə, bu işi bir yerə bənd eləyə bilmirdi.
Ərşad da dalbadal sifariş göndərirdi, qızı mənə verməsə, dayını da, Hacının oğlu Nurunu da öldürəcəyəm. Eyvaz əmiyə onu da xəbər vermişdilər ki, Ərşad Haramıda tüfəngli-patrondaşlı gəzir, gecələr gəlib Kürdobada dayısıgilin damının yan-yörəsində hərlənir.
– Lənət sənə kor şeytan! – Eyvaz əmi hirslənib Ərşadın qarasınca söyür, asıb-kəsirdi. Axırda Narıngülü çağırıb dedi:
– A bala, get o qardaşını başa sal ki, daha iş-işdən keçib, bax bu Qarabağda kimin qızını istəyir, gedim alım ona. Amma bu fikri başından çıxarsın. Hacı Tanrıverdinin tayfası qollu-budaqlı nəsildi, bizi onlarla düşmən eləməsin. Səbir eləsin, görək başımıza nə gəlir…
Narıngül də ata minib getdi Haramıya. Bir gün sonra qayıdıb xəbər gətirdi ki:
– Dayı, bacın oğlu tanrıya bəndəlik eləmir. Dediyinin üstündə elə durub ki, fələk də gəlsə, onu fikrindən daşındıra bilməz. Deyir, dayıma söylə, Sərvinazı mənə versə, ölənəcən onun quluyam, verməsə, araya qan salıb qaçaq olacağam.
Sözünü bitirdikdən sonra Narıngülü ağlamaq tutdu.
– Ay dayı, – dedi, – qabağında ölüm, Ərşad özgəsi deyil ki, özününküdür. Kasıb olanda nə olar? Vallah Sərvinazı çiynində gəzdirər.
Eyvaz əmi hirslənib özündən çıxdı.
– Sən də elə qardaşının tayısan. Hamınız ata tərəfə çəkmisiniz.
Narıngül söz altında qalan gəlin deyildi. Gözünün yaşını yaylığının ucu ilə silib dedi:
– Niyə elə deyirsən, dayı, bizim əmimiz Kərbəlayı Əsəd sənin düşmənin olan Kürd Məhərin başına üç güllə çaxmamışdımı?!
Eyvaz əmi gözlərini yerə dikib ürəyində Narıngülün sözünü təsdiq etdi. Hələ bayaqkı sözlərinə görə öz-özünə xəcalət də çəkdi. Bir də ki, axı əvvəl dediyimiz kimi, Ərşadın atası o taylı idi. Eyvaz əmi haradan bilirdi ki, onun nəslində düz– əməlli bir adam olmayıb? Pis nəsildən Kərbəlayı Əsəd kimi mərd, qorxmaz, qohumcanlı adam çıxmazdı.
Eyvaz əmi mülayim bir tövrlə dedi:
– Hər halda, sən qardaşına sifariş göndər, farağat otursun. O tüfəngi-zadı gizlətsin, ağlı əmisi Kərbəlayı Əsədə getməsin. Kərbəlayı Əsəd qaçaqlıq eləyəndə Nikolay hökuməti idi. İndi şura99
Sovet hakimiyyəti nəzərdə tutulur (red.).
[Закрыть] vaxtıdı. Söylə, dayım deyir ki, ona heyfim gəlir. Dost-düşmən var, yoxsa tutdurub basdıraram qoduqluğa, ondan sonra ha atılıb düşsün!
Nuru özünü basılmaz sayan Ərşadı necə məğlub elədi
Üç gün sonra çobanlardan Nəcəf adlı oğlan azuqə gətirmək üçün Kürdobaya getmişdi. Qayıdanda Ərşada xəbər gətirdi ki, Hacının Bakıda oxuyan oğlu gəlib.
Ərşad bunu eşitdikdə səhər tezdən düzəldi yola. Kürdobaya çatıb girdi Hacı Tanrıverdinin damının alt tərəfindəki qamışlığa. Buradan Hacının qapı-bacası görünürdü. Ərşad başladı gözləməyə. Hacı çıxıb dəstəmz alaraq girdi dama. Hacının ortancıl oğlu Fərhad iki inəyi tövlədən çıxarıb ötürdü damın qabağına. Sonra Gülgəzlə evdə qulluq eləyən arvad, hərəsinin əlində bir sərnic1010
Sərnic – misdən, saxsıdan və s.-dən düzəldilmiş ağzı geniş olan, bir və ya iki dəstəli qab (red.)
[Закрыть], damdan çıxdılar. Oğlan buzovları bir-bir gətirib bağladı inəklərin ayağına. Arvadlardan da hərəsi bir inəyin altında oturub başladı sağmağa.
Bir azdan Ərşad gördü ki, budur, Nuru içəridən çıxdı. Ərşad ona baxıb təəccüb elədi. Bu qışın günündə əynində qolsuz bir köynək vardı. Başı da açıq idi, telləri o tərəf-bu tərəfə ayrılıb tökülmüşdü yanlarına. O, damın qamışlıq tərəfində başladı əvvəl sağa-sola qaçmağa. Sonra ayaqlarını bir müddət yerə döydü, ardınca başladı qollarını tez-tez aşağı-yuxarı qaldırıb-endirməyə.
«Ə, bu niyə belə eləyir?» deyə Ərşad təəccüblə düşündü. O, ilk dəfə idi ki, kişi tayfasının qış günü əynində qolsuz köynək, utanmaz-utanmaz, arvad-uşaq baxa-baxa belə qaravəlli oynadığına şahid olurdu.
Nuru nazik, uzun oğlan idi. Qara damların, qapılardakı mal-qaranın, yovşanlıqda otlayan dəvələrin fonunda o, çox incə-mincə görünürdü.
Qız-gəlin baxa-baxa Nurunun atılıb-düşməyi, arvad qolu kimi nazik çılpaq qollarını oynatmağı Ərşadı hirsləndirib özündən çıxarırdı. Onun boğazını quş boğazıtək üzmək üçün dişi bağırsağını kəsirdi. İşə bax, dayısı Sərvinaz kimi bir qızı götürüb gör kimə vermək istəyir!
Qonşularda inək sağan, buzov açan, itə yal verən qız-gəlinin utandıqlarından Nuruya tərəf baxmadıqlarını Ərşad görüb hiss edirdi. Belə də biabırçılıq olar? Görəsən, Hacı niyə çıxıb oğlunun üzünə tüpürmür?
Sonra Nuru dama girib əyninə bir meşin gödəkçə geyindi, başına da kepka qoyub yenidən çıxdı bayıra və başladı yavaş-yavaş kənd yuxarı getməyə. Kəndin yuxarısında isə Eyvaz dayının yurdu idi. Ərşad da bunu görüb qamışlıqla yuxarıya getməyə başladı. Bir də gördü ki, Nuru dayanıb Eyvaz dayının damına baxaraq girdi evin arxasındakı çəkillərin1111
Çəkil – bar verməyən, əsasən yarpağı baramaqurduna yedirilmək üçün əkilən tut ağacı (red.)
[Закрыть] arasına. Ərşad öz-özünə dedi: «Sən ölməyəsən, burada iş var!»
Ərşad oğru kimi cəld və ehtiyatla qamışlıqdan çıxıb bir çalada gizləndi və başladı güdməyə. Bir də nə görsə yaxşıdır?! Dayısı qızı Sərvinaz da budur, gəldi çəkilliyə. Gülə-gülə yaxınlaşdı Hacının oğluna. Bir-birilərinin əlindən tutdular. Sonra başladılar bir-birilərinə nəsə deyib irişməyə. Ərşad dözə bilməyib yerindən qalxdı, onlara tərəf yüyürdü. Sərvinaz bunu görüb daxmaya doğru götürüldü. Nuru isə yerindən tərpənməyib Ərşada baxırdı. Özü də nə təəccüb edirdi, nə də qorxurdu. Ərşad ona çatıb başı dəmir toppuzlu məşhur çomağını endirdi oğlanın təpəsinə. Yəqin məsələdir ki, çomaq oğlanın başına dəysəydi, ağzını bircə dəfə açıb-yumardı. Ancaq Nuru daha cəld tərpənərək çomağı havada tutdu və bir göz açıb-yumunca qanırıb Ərşadın əlindən aldı, sonra da hərləyib var gücü ilə çəkillərin üstündən tulladı. Ardınca da gülümsəyib Ərşada dedi:
– Ə, qohum, yeri ağacını götür, əkil buradan, adam pusmaq kişi işi deyil.
Ərşad:
– Ə, gədə, sən də kişilikdən danışırsan? – deyə cumdu oğlanın üstünə.
Nuru Ərşadla əlbəyaxa olub əlləşə-əlləşə dedi:
– Ə, qohum, yekə oğlansan, burax, çıx get işinə.
Amma Ərşad oğlandan əl çəkmirdi. Belə vuruşlarda bizim çobanların canı çomaqlarında olur. Çomaqları ki əllərindən düşdü, yumruqla, şapalaqla bir şey eləyə bilmirlər. İndi də elə oldu. Ərşadın yumruqları hədəfə dəymirdi. Nuru isə ancaq özünü müdafiə edib deyirdi:
– Ə, qohum (bütün kürdobalıların bir-birinə uzaq qohumluqları çatırdı), adamsan, burax.
Ancaq Ərşad oğlanın nəfəsini kəsməyincə əl çəkmək fikrində deyildi. Zərbələri nəticəsiz olduğundan qəzəbi getdikcə artırdı. Axırda söyüşə keçəndə sözü yarımçıq qaldı. Sən demə, bu Nuru arıqlığına baxmayaraq yaman fəndgir imiş. Ərşadın başından yumruğu necə ilişdirdisə, ətli-qanlı, bazburutlu Ərşad tappıltı ilə yerə dəyib hərəkətsiz qaldı. Nuru bir az nəfəsini dərib başladı Ərşadın qollarını açıb-yummağa. Haçandan-haçana Ərşad gözünü açdı və əvvəl təəccüblə baxdı. Sonra birdən sıçrayıb qalxdı ayağa.
Nuru gülə-gülə əlini ona tərəf uzadıb dedi:
– Gəl barışaq. Axı mən sənin dayın qızına bir pislik-zad eləmədim ki!
(Görünür, Ərşadın da Sərvinaza aşiq olduğundan Nurunun xəbəri yox idi. Elə başa düşürdü ki, Ərşadı bu cür hərəkətə məcbur eləyən əqrəbalıq təəssübüdür).
Ərşad ona nifrətlə, qəzəblə baxdı. Sonra dönüb sürətlə uzaqlaşaraq çəkillərin arasından çomağını tapdı, öz damlarına belə dönmədən birbaşa Haramıya yol aldı və düz öz komalarına qədər nəfəsini dərmədən getdi. Əli qoyunları örüşə apardığı üçün komada deyildi. Ərşad bərk acdığına baxmayaraq hirsindən, xəcalətindən heç nə yeməyib üzüqoylu köhnə keçə parçasının üstünə yıxılıb axşam qoyun ağıla qayıdana qədər yatdı.
***
Kürdobada zil qaranlıq idi. Amma Hacı Tanrıverdinin damı nəhəng sütunların birindən asılmış lampa ilə işıqlanmışdı. Hacı oğlu Nurunun gəlməyi münasibətilə gələcək qudası Eyvaz əmini qonaq çağırmışdı. Təzə keçələrin üstünə ipək üzlü döşəkçələr salınmış, yanlarına da zər qotazlı mütəkkələr qoyulmuşdu. Eyvaz əmi ilə Hacı döşəkçələrin üstündə oturub söhbət eləyirdilər. Bütün mal-qaranın, var-yoxun bir yerə qoyulacağı barədə camaat arasında yayılmış xəbərdən danışırdılar1212
Kollektivləşmə (bolşeviklərin fərdi kəndli təsərrüfatlarını kollektiv təsərrüfatlarda (kolxozlarda) birləşdirməsi prosesi) nəzərdə tutulur. Bu proses 1928–1937-ci illərdə baş versə də, onun əsas mərhələsi 1930–1933-cü illəri əhatə edir. Zorakı vasitələrlə, məcburi qaydada həyata keçirilən kollektivləşmə kənd əhalisinə qarşı kütləvi repressiyalarla müşayiət olunmuşdur (red.).
[Закрыть]. Bu xəbəri eşidən Hacı çox qayğılı görünürdü. Ancaq Eyvaz əminin kefi kök idi. Ağ samovar dızıldayır, qanovuz rəngli çay da qabağında buğlanırdı. Ocağın üstündə də iri plov qazanı dəm alırdı…
Nuru isə el adətincə, həya gözləyərək atası ilə gələcək qayınatasının söhbətinə qarışmır, damın yarıqaranlıq tərəfində oturub nişanlısı barədə düşünürdü. O, Ərşadla olan hadisəni nə Sərvinaza demişdi, nə də öz ailəsindən bir adama. Çünki ağıllı oğlan idi, bilirdi ki, atasıgil bu hadisəni öyrənsə, tayfalar arasına ədavət düşə bilər. Nə bu tərəfin, nə də o tərəfin cavanları dinc oturmaz. Ərşad bütün ömrünü qoyun dalında dağda-dərədə keçirmiş savadsız oğlandır, bəs Nuruya nə düşüb? Bakı kimi şəhərdə oxuyur. İki ildən sonra mühəndis olacaq. Elə isə, Ərşada niyə baş qoşsun?
Nurunun Sərvinazdan çox xoşu gəlirdi. Gözəl qızdı. On yeddi-on səkkiz yaşına çatanda daha da gözəlləşəcək. Doğrudur, ata-anası istəyir ki, bu yay yaylaqda toyları olsun. Amma yox, qız on səkkizə çatmamış toy eləmək olmaz. Nuru savadlı oğlandı, qayda-qanunları bilirdi. Düzdür, Sərvinaz beşinci sinfədək oxuyub. Eybi yoxdur, sonra, bəlkə, Nuru özü onu oxutdurdu.
Bayırda itlər bir ağız hürüb susdular. Sonra bacadan atılan güllə ağ samovarın başındakı iri, güllü çaydana dəyib bomba kimi partladı. İkinci güllə damın nəhəng qara dirəyindən asılan çırağa dəyib damı zülmət qaranlıq elədi. Damın üstündən tappıltı ilə kiminsə düşüb qaçdığı eşidildi.
Oba itləri bu dəfə ağız-ağıza verib dayanmadan hürüşməyə başlamışdı.
Əvvəl Hacı, ardınca da Eyvaz əmi, Hacının oğlanları cəld bayıra çıxdılar. Qaranlıq obanın harasındasa şura sədrinin səsi eşidildi:
– Ayə, o nə güllədir hey?!
Lakin heç kəs cavab vermədi. Çavıstanlardan gələn işıqlar da söndürülmüşdü.
Hacı qaranlıqda Eyvaz əmiyə dedi:
– Belə çıxır ki, güllə atanı itlər tanıyırmış. Yoxsa necə ola bilər ki, onlar qapıda ola-ola yad adam gəlib damın üstünə çıxsın?! Üstəlik, bunu eləyən düşmən köpəkoğludursa, niyə adama atmır?!
Eyvaz əmi də əlavə elədi:
– Hacının başı üçün mən də bu işlərə quruyub qalmışam.
Yenidən içəri keçdilər. Təzə çıraq yandırıldı.
Hacı ortancıl oğlu Fərhadı yanına çağırıb yavaş səslə dedi:
– Yeri tüfəngi götür, sərvaxt ol. İşdir, adam görsən, vurma, başının üstündən at, özünü çalış tanıyasan.
Sonra gələcək qudalar heç nə olmamış kimi oturub çay içdilər, plov yedilər. Bir az qabaq baş vermiş hadisə barədə bir kəlmə danışmadılar.
Sonra Hacı dedi:
– Eyvaz, yat qal burada.
Eyvaz əmi dedi:
– Yox, Hacı, getməliyəm, gecəniz xeyrə qalsın.
Hacı dedi:
– Qoy onda uşaqlar aparıb ötürsünlər.
– Lazım deyil, ay Hacı, görürsən, düşmən onsuz da güllə atmağa məqam tapır.
Tanrıya bəndəlik eləməyən Ərşad
Ancaq Eyvaz əmi burada düşmən sözünü nahaq işlətdiyini düşünüb peşman oldu. Artıq ona tamam yəqin idi ki, bu işləri törədən elə Ərşaddır. O Ərşad ki qızmış buğa kimi ipə-sapa yatmaq bilmir. İndi belə eləyir, sonra lap adam da vura bilər. Elə Eyvaz əminin özünə də güllə atar. Əgər Hacı Tanrıverdinin tayfası bilsə ki, bu işləri eləyən Ərşaddır, axırı yaxşı olmayacaq. Hacı özü hələm-hələm yerindən oynayan adam olmasa da, onun tayfasındakı cahıl-cuhulun1313
Cahıl-cuhul – cahıllar, cavanlar, cavan oğlanlar (red.)
[Закрыть] qabağında durmaq çətin işdir. Deyəcəklər ki, sən bizim ağsaqqalımıza sataşırsan, gəlib çırağına güllə atırsan. İndi eyni oyunu biz də sənin ağsaqqalının başına açarıq…
Yaxşı, bəs indi neyləyəsən, hökumətə xəbər verib bu Ərşadı tutdurasan? Necə tutdurasan? Tavadın ruhu nə deyər? Tutdurmayasan, neyləyəsən? Tanrıya bəndəlik eləmir axı bu Ərşad!
Səhər Eyvaz əmi bacısı qızı Narıngülü də, ondan otuz yaş böyük ərini də çağırtdırıb, oturtdu qabağında. Dedi:
– Neçə dəfə sizə dedim ki, o qanmazın başına ağıl qoyun. O nə biabırçılıq idi gecə törədirdi?
Narıngülün əri Hacı Tanrıverdinin əmisi nəvəsi idi. Ancaq Eyvaz əmi bilirdi ki, kişi ağıllı adamdı, Hacıya xəbər verməz. Odur ki sirrini ondan gizlətmirdi.
– Fikri nədi? İstəyir bizi Hacı Tanrıverdinin tayfası ilə qanlı eləsin? Narıngül, qardaşın qanıb-qandırmır, sən də başa düşmürsən? Fikirləşmirsən ki, sabah bizimlə Hacı Tanrıverdigilin arasında qan düşmənçiliyi düşsə, sənin özünün günün necə olar?
Narıngülün yaşlı əri cavan arvadını çox istədiyindən cavab verdi ki:
– Əşi, bu neyləsin? Ərşadın öhdəsindən heç sən özün gələ bilmirsən.
Eyvaz əmini od götürdü:
– Mən öhdəsindən yaxşı gələrəm, ancaq dost-düşmən var. Nə qədər də olsa, mənim bacım oğludur. Yuxarı tüpürürsən – bığ, aşağı tüpürürsən – saqqal.
***
Bir gün Nuru Sərvinazla yaşıd olan kiçik bacısı Xanpəridən nişanlısına məktub göndərdi. Məktubda belə yazılmışdı:
«Əzizim Sərvinaz!
Atalarımız bizi nişanladı. Mən də buna çox şad oldum, çünki səni sevirəm. Ancaq sənin hələ indi on beş yaşın tamam deyil. Demək, toy üçün gərək, heç olmasa, on yeddi yaşınadək gözləyək. Onacan mən də institutda əsas dərsimi qurtaracağam. Sonra toyumuzu edərik. Səni apararam şəhərə. Çünki mənim işim orada olacaq».
Məktubu oxuyub qurtarandan sonra Sərvinaz Xanpəriyə dedi ki:
– Mən sevgi kağızı yaza bilmirəm. Ona görə də yaxşısı budur, mən deyim, sən yaz.
Xanpəri razılaşdı. Sərvinaz qıza məktubda nə yazacağını söyləməyə başladı:
«Əzizim Nuru!
Ürəyimin ən dərin guşəsindən sənə salam! Mən i
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?