Текст книги "Seçilmiş əsərləri"
Автор книги: İlyas Əfəndiyev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]
Yüz on səkkiz kilo ağırlıqda olmasına baxmayaraq, toylarda “tərəkəmə” oynayır, atı qızğın çaparağında düşüb-minirdi. Nə qədər məxfi söz danışır-danışsın, üç ağaclıqdan eşidilirdi. O, kəndimizdə çoxbilmiş adamlardan biri hesab olunurdu. Lakin, eyni zamanda, uşaq kimi şən və sadədil idi.
Keçmişdə, cavan vaxtında bir dəfə hirslənərək, zəhmindən atlar qulun salan bir bəyi götürüb su arxına basdığına görə, adına “Dəli Qədir” deyirmişlər.
Qədir gecə məktəbində yeddinci sinfi bitirmişdi. “Dumanlı Təbriz”, “Qılınc və qələm” romanlarını oxumuşdu. “Koroğlu”, “Qaçaq Nəbi” və “Tufarqanlı Abbas” dastanlarını əzbər bilirdi. Texnikaya böyük marağı vardı. Harada təzə bir maşın gördümü, gözlərini qıyıb diqqətlə baxardı. Lakin artelin təzə “Pobeda”sına çox nadir hallarda minir, həmişə atla gəzirdi. Bizim tərəflərdə ən yaxşı at Qədirdə olurdu. At adı eşidəndə, elə bil, kişiyə ilham gəlirdi. Qaşlarını çataraq, öz alapaça ürgəsindən böyük vəcdlə danışmağa başlayırdı…
– Aqronom, ay aqronom, – deyə o, hələ xeyli aralıdan məni səslədi.
– Səhərdən bəri qonağını gəzdirməmiş yer qoymamışam. Gətirmişəm, bir Musa kişinin dəyirmanını da görsün.
Qədirin Musa dayıya da, onun dəyirmanına da bərk azarı var idi. Hər iki-üç gündən bir gərək dəyirmana baş çəkib, Musa dayının “ixtira” etdiyi şeylərin necə nəticə verdiyinə diqqət yetirə idi. Kəndə təzə bir adam gəldimi, Qədirin ona, birinci növbədə, göstərdiyi yer üç il bundan qabaq tikdirdiyi balaca “SES” idisə, sonra mütləq dəyirman olurdu.
– Necədir, kəndimiz xoşuna gəlirmi? – deyə mən Humaydan soruşdum.
– Çox xoşuma gəlir, gözəl perspektivi vardır.
– Hələ harasıdır!.. Gedək bir dəyirmana baxın, görün Musa kişi nə işlər düzəldib! – deyə Qədir qabağa keçərək dəyirmana girdi.
Biz də onun ardınca dəyirmana daxil olduq. Sürətlə hərlənən dəyirmandaşının o tərəfində dayanmış Musa dayı, əlinin ununu çırparaq, üçümüzlə də görüşdü. Bu, əlli yaşında, uzun, arıq, lakin dəmir kimi möhkəm bir adamdı. Şən baxışlı gözlərində, arıq, ovurdları batıq üzündə sərt bir ifadə vardı. Müştüyü qırmızı qarağat çubuğundan qayrılmış demisi daim ağzında tüstülənirdi. Paltarı köhnə oldu, təzə oldu, fərqinə varmazdı. Ancaq həmişə ən bahalı gümüşü dəridən qazağı papaq qoyurdu. Bütün yaz, yay, payız nazik corabla yüngül məst geyirdi. Bayaq dediyim kimi, mən gözümü açandan Musa dayını dəyirmançı görmüşəm. Əvvəllər onun əlində həmişə ovxarlanmış dəhrə olardı. Ancaq bir neçə ildir ki, daha dəhrə götürmür.
– Bax, görürsünüzmü, – deyə Qədir, Musa dayının düzəltdiyi mexaniki aparatları böyük həvəslə qonağa göstərdi.
Musa dayı demisini tüstülədə-tüstülədə sükut içində dayanıb baxırdı. Qədir izahat verib qurtarandan sonra Humay işgüzarlıqla:
– Vaxta ki, – dedi, – kənddə “SES” var, niyə dəyirmanı elektriklə işlətmirsiniz?
– Elektriklə? – Qədir təəccüblə ona baxdı.
Musa dayının gözlərində qəribə işıltı əmələ gəldi.
– Əlbəttə! – deyə Humay qəti ifadə ilə təsdiq etdi. Bu daha çox xeyir verə bilər; kəndiniz də böyükdür.
Musa kişi demisindən dərin bir qullab alaraq, batqın səslə cavab verdi:
– Qonşu kənddə od dəyirmanı var. Ancaq bizimki heç vaxt ondan geri qalmayıb. Bir də ki, onun unu hara, bununku hara! Yerlə göy qədər təfavütü var.
– Hansının unu yaxşı çıxır? – deyə Humay maraqla soruşdu.
– Əlbəttə, su dəyirmanının unu!
– Ola bilməz! – deyə Humay qəti etiraz etdi. Görünür, o kənddə dəyirmanı yaxşı işlədə bilmirlər.
Musa dayı cavab vermədi. Bu da onun bərk dilxor olduğunu göstərirdi.
Humay, Musa dayıya deyirdi:
– Sənin su dəyirmanının bir gündə üyütdüyünü elektrik dəyirmanı iki-üç saatda üyüdər!
– Düzdür, – deyə Qədir təsdiq etdi.
Musa dayı ona acıqlı-acıqlı baxaraq soruşdu:
– Ömründə bir dəfə bizim camaatdan dəyirman barədə şikayət eşidibsənmi?
– Qəribə söz danışırsan, – deyə sədr qızışdı. – Çox da şikayətlənən olmayıb. Vaxt aparmağına nə deyirsən?
Sonra Humaya üz tutdu:
– Doğrusu, indiyə qədər ağlımıza gəlməyib. Heç bilirsən camaatın bu taxıl üyütməyə nə qədər vaxtı gedir? Sən demişkən, böyük kənddir. Birdən elə olur ki, adam iki-üç gün növbəyə durur. Bir də, axı, elektriklə işləsə, bu bir dəyirmanlıq su da havayı axmaz.
– Havayı niyə axır? Bəs o nədir? – deyə Musa dayı təzə salınan bağı göstərdi.
– Oraya ildə cəmi iki-üç dəfə su lazım olur. Amma sən, il on iki ay havayı axıdırsan suyu. Qabağında elə bir yer də yoxdur ki, əkib-becərəsən. Axı, yayda bu suyun hər damcısı bir qızıla bərabər olur.
Musa dayı yaşıl qanovuzdan tikilmiş tənbəki kisəsini açıb, demisini hirsli-hirsli dolduraraq:
– İndi dediyin nədir? – deyə Qədirdən soruşdu.
– Dediyim budur ki, injinerin sözü ağlıma batır. Dəyirmanı tokla işlətmək lazımdır.
– Mən ölsəm də, o novun suyunu sovmaram, – Musa dayı acıqlı halda dəyirmandaşının o biri tərəfinə keçdi.
– Camaat deyəndən sonra sovarsan, – Qədir furajkasının dalını qaldırdı.
Bu vaxt Bəyim içəri girib salam verdi, atasından soruşdu:
– Çay qoymuşuq, sənə də gətirimmi?
– İstəmirəm! – deyə Musa dayı qəzəblə cavab verdi.
Bu, görünməmiş bir iş idi. Əslində, davakar bir adam olan Musa dayının öz qızına güldən ağır söz dediyini hələ indiyə qədər eşidən olmamışdı. Bəyim qızararaq əvvəlcə Humaya, sonra da atasına baxıb, cəld dəyirmandan çıxdı.
– Bizə acığın tutub, daha qızın üstünə niyə qışqırırsan, – deyə Qədir, Musa dayını məzəmmət etdi.
Bayaqdan bəri kənardan söhbətimizə qulaq asan yaşlı bir kəndli:
– Ay Musa, – dedi, – nahaq acıqlanırsan. Düzdür, bu dəyirmanı sənin rəhmətlik atan usta Qubad tikib, ancaq daha indi elektrik zamanıdır.
Musa dayı hirslə yana tüpürdü və qocaya cavab vermədi.
Biz dəyirmandan çıxıb gedəndə, Qədir qaqqıldayıb ucadan gülərək:
– Siz öləsiniz, – dedi, – bu Musa kişi dəsgahlı adamdır. Elə bilirsiniz, o tokla işləməyin xeyrini başa düşmür?
– Əgər, başa düşürsə, niyə etiraz edir? – deyə Humay təəccüblə soruşdu.
– Əvvəla, ona görə ki, bayaq o qoca deyən kimi, bu dəyirmanı onun atası tikib…
– Nə olsun atası tikib, indi ki, camaatındır.
– Nə qədər də olsa, ata yadigarıdır, ayrıla bilmir. İkinci əsas məsələ də odur ki, dəyirmanda işləməyin gəliri çoxdur. Axı, Musa kişi bir az tamahkar adamdır… Közü öz qabağına eşməyi xoşlayır. Ancaq sən ona qulaq asma. Balaca bir layihə hazırla, əvvəlcə özümüz baxaq, sonra da verək camaatın müzakirəsinə.
Axşam düz səkkizin yarısında mən, arxası üstə çarpayıda uzanaraq, qəzet oxuyan Humaydan soruşdum:
– Bu gecə təzə film göstəriləcək, getmək istəyirsinizmi?
– Nə filmdir?
– “Canlı meyit.”
– Gedək, – o, həvəslə ayağa qalxaraq, qəzeti stolun üstünə qoydu.
Bizim, “Mədəniyyət sarayı” – deyə gurultulu bir ad verdiyimiz üç yüz adamlıq balaca klubumuz kəndin aşağı tərəfindəki açıqlıqda yerləşir. Klubun qabağında saldığımız kiçik bağçanın ağacları indi adam boyu qalxıb, çiçək açmışdır. Ağacların altı yaşıl yoncalıqdır. Ərik ağaclarının çəhrayı çiçəkləri arasında Sabirin yarımbüstü görünür. Biz bu balaca klubumuza o böyük şairin adını qoymuşuq.
Divarları təzə əhənglənmiş klubun qabağına çoxlu adam toplanmışdı. Demək olar ki, bütün cavanlar burada idi. Oğlanlar bizim yerlərin dəbinə uyğun boğazlı çəkmə geymiş, günlüyü uzun furajka qoymuş, köynəklərinin üstündən enli qayış çəkmişdilər. Bizim cavanların hamısı yaxşı geyinməyi, bahalı zabit kəməri bağlamağı, ən gözəl xromdan uzunboğaz çəkmə tikdirməyi sevirdilər.
Qız-gəlinlər sarı, qırmızı, yaşıl parçalardan əlvan paltar geyib, təzə ipək kəlağayı örtmüşdülər. Bir dəstə gəncin ortasında dayanmış dostum Şahlar furajkasını yan qoyaraq, yenə, nə isə, məzəli bir şey nağıl edir, gənclər də gülməkdən uğunub gedirdilər. Təzə mahud frenc geymiş Musa dayı da bir qədər aralıda iki kişi ilə dayanıb, demisini tüstülədirdi. Bütün tərsliyinə baxmayaraq, o, ömründə bir kino buraxmazdı. Bizi görərkən qaşqabağını töküb, üzünü o yana çevirdi.
Humay buna əhəmiyyət verməyərək:
– Salam, Musa dayı! – deyə gülümsədi.
– Salam! – Musa dayı üzünü döndərmədən, sərt ifadə ilə cavab verdi.
Biz onların yanından keçib kassaya yaxınlaşanda, Bəyimi üç yoldaşı ilə gördük. Bəyim bilet alıb, geri dönəndə, bizi görüb, nə üçünsə qızardı. Sonra gülümsəyərək:
– Eyvaz, – dedi, – bilet almısınız?
Mənim cavabımı gözləmədən təkrar kassaya tərəf dönüb:
– İkisini də verin, – deyə pul uzatdı.
– Sən dayan, Bəyim, – mən mane olmaq istədim.
Lakin, o, biletləri alaraq, kassadan aralandı.
– Nə üçün siz zəhmət çəkirsiniz? – deyə Humay ona müraciət etdi.
Bəyim, Humayın üzünə baxmadan, ciddi və utancaqlıqla:
– Bir zəhməti yoxdur, – deyib biletləri mənə uzatdı.
Onun əynində krepdeşindən lap son dəblə tikilmiş qolları uzun don, balaca və yaraşıqlı ayaqlarında qara lak tufli, zərif ipək corab var idi. Bir qədər geri sürüşmüş ağ kəlağayısı altından qara saçlarının zərif qıvrımları görünürdü. Gözləri, gözəl və ağ üzündə bir cüt qaragilə kimi parıldayırdı.
Bizim kənddən çıxmış ziyalılar çoxdur. Onların içində həkim, mühəndis, hətta, elmlər namizədi də vardır. Yay zamanı, onlar istirahət üçün çox vaxt öz kəndimizə gəlirlər. Hər axşamçağı biz həmin bu klubun qabağına toplaşır, ordan-burdan söhbət edirik, tar çalırıq, hətta, bəzən teatr tamaşaları da hazırlayırıq. Belə zamanlarda hamının diqqətini cəlb edən qızlardan biri, bəlkə də birincisi Bəyim olur. Demək istəyirəm ki, o, çox oğlanlarla tanışdır. Lakin, mən heç bir vaxt onu indiki vəziyyətdə görməmişdim. Ən gözəl, ən adlı-sanlı oğlanlarla belə, çox sərbəst deyib-danışan Bəyim indi qəribə bir gərginlik içində idi. Mənə elə gəlirdi ki, o, baxışlarını qəsdən ancaq mənim üzərimdə saxlamağa çalışırdı.
Humayın üzündə isə, ciddi və doğrusunu deyim ki, bir az təşəxxüslü ifadə var idi. Biz tamaşa zalına daxil olduqda, o, geri çəkilərək qızları qabağa buraxdı və qəsdən məni özü ilə Bəyimin arasına saldı. Bəlkə, qısqanclıqdan doğan bu müşahidələr mənim gərgin və narahat hisslərimlə bağlı aldanışdır? Biz dinməzcə oturub, baxırdıq. Ekranda gördüyüm aləm məni əsəbiləşdirirdi. Orada, nə isə, insanın nəfəsini daraldan, boğucu bir şey var idi. Mən Protasovun faciəsini görmək istəmirdim. Mənə nə olub? Nə üçün hər şey əsəblərimə toxunur?
– Bəyim, – deyə əyilib onun qulağına pıçıldadım, – sabah axşam səni dünənki yerdə gözləyəcəyəm.
O, gülümsəyərək, başını buladı. Bəli, gülümsəyərək… Bu, daha yaxşı idi. Bu, bahar fırtınası başlamazdan əvvəl çaxan şimşək kimi gözəl və cazibədar idi.
– Niyə gəlmək istəmirsən, Bəyim?
– Bir dəfə getdik, bəsdir. Daha nə var? – dedi.
Sonra birdən qulağıma tərəf əyilərək pıçıltı ilə soruşdu:
– Sənin qonağının adı nədir?
O, gülümsəyib dedi:
– Humay…
– Humay ki, qız adıdır.
Onun bu yarımqaranlıqda çətin seçilən üzü mənə hər zamankından daha gözəl, daha təravətli göründü. Mən ürəyimdə həm ağrı, həm də sevgi hiss edirdim. Yoxsa qısqanırdım? Yox! Min dəfə yox! Mən özümə bu qədər yaxın olan səadətin birdən-birə quş kimi uçub getməsini istəmirdim. Mənə elə gəlirdi ki, yanımda döyüntüsünü duyub-eşitdiyim ürək təkcə onun deyil, bütün həyatın qəlbidir! Mən isə, həyatı, yaşamağı sevirəm. Mən onun əlindən tutaraq, demək istəyirdim: “Bəyim!.. Əzizim! Bu dünyada hər kəsin bir ulduzu var. Mənim taleyimə də sən düşmüsən. Sən olmasan, mən yaşaya bilmərəm”.
… Biz kinodan çıxanda, saysız-hesabsız ulduzlarla əhatə olunmuş Aypara kəndin yuxarı tərəfindəki bağların üzərində idi. Uzaqdan dəyirmanın səsi və qurbağaların qur-quru eşidilirdi. Adamlar dəstə-dəstə söhbət eləyə-eləyə evlərinə gedirdilər.
Bəyim özünəməxsus sadə, mehriban və şən bir dillə Protasovu zəiflikdə, “bir arvaddan ötrü başını itirməkdə” təqsirləndirir, “kişi gərək möhkəm olsun” deyirdi. O nə üçün belə deyirdi? Nəyə işarə edirdi? Humay isə, Bəyimin əksinə olaraq, Protasovun arvadını təqsirləndirirdi. Bütün bu mühakimələr məni əsəbiləşdirirdi. Mənə elə gəlirdi ki, Humayla Bəyimin danışıqlarında, nə isə, ürəyimi, izzəti-nəfsimi yaralayan bir şey var…
O gecə Humayla uzun zaman ordan-burdan danışdıq. Humay bayaq kənddəki sükutunun əksinə olaraq, indi söhbətinə ara vermirdi. O, hər şeydən: kəndimizdən, Qədirin məzəli hərəkətlərindən, Musa dayıdan danışırdı, lakin bir dəfə də olsun, Bəyimdən söz salmırdı.
– Bizim qızlar necə, xoşunuza gəlirmi? – deyə zarafatyana soruşdum.
O, qaşlarını çatıb, açıq pəncərədən görünən qaranlıq bağçaya baxaraq, xeyli susdu. Sonra mənə sarı dönərək, eyni ciddiyyətlə soruşdu:
– Bəyim harada oxuyub?
– Bizim onilliyi bu il qurtarıb. İmtahan vaxtı xəstə olduğu üçün ali məktəbə gedə bilmədi.
– Yoxsa, atası qoymayıb?
– Xeyr, Musa dayının sizin təklifinizə razı olmadığına baxmayın. Elmlə, mədəniyyətlə arası sazdır… Bizim kənddə ən yaxşı radioqəbuledici, ən yaxşı avadanlıq onun evindədir. Azərbaycan dilində çıxan qəzet və jurnalların çoxuna abunə yazılıb.
Hər zaman olduğu kimi, mən, indi də Musa dayıdan, onun ailəsindən böyük həvəslə danışırdım. Humay isə, daha heç bir şey soruşmurdu. Yalnız haçandan-haçana:
– Qəribədir, – deyə öz-özünə danışırmış kimi astadan dilləndi.
– Musa dayı qəzet və jurnallara abunə yazılır, amma öz xeyrindən ötrü dəyirmanın elektriklə işləməsinə razı olmur.
O susdu, üzü yenə də fikirli və tutqun ifadə aldı.
Anam içəri girib, bizə axşam yeməyi təklif etdi.
Humay:
– Mən gecələr yemirəm, – dedi.
– Mənim də iştaham yoxdur, ana!..
Sonra gündüzkü əhvalat yadıma düşdü. Dedim:
– Ana, bu gün Musa dayıda dəsgah var idi… Humay deyirdi, vaxta ki, kənddə “SES” var, dəyirmanı nə üçün su ilə işlədirsiniz?
Anam Humaya diqqətlə baxaraq soruşdu:
– Yəni, elektriklə işlətmək mümkündür?
– Əlbəttə, – deyə qonağın əvəzinə mən cavab verdim.
– Unu-zadı nə cür çıxar?
– Lap kefiniz istəyən kimi, – deyə Humay gülümsədi. Sonra mənə müraciətlə əlavə etdi: – Görürsünüzmü, Bədirxan xalanı da, hər şeydən əvvəl, unun nə cür çıxacağı maraqlandırır.
– Daha, bəs, dəyirman nə üçündür? – deyə anam gəlib boş stullardan birində oturdu. – Əgər, bir elə iş eləsəniz, pis olmaz… O dəyirman bir qol suyu avara eləyib.
– Bilirsinizmi, – deyə mən Humaya izah etdim, – anam kəndin cuvarıdır. O yay olmaz ki, su üstündə Musa dayı ilə üzləşməsin.
– Siz cuvarsınız? – deyə o, təəccüblə anama baxdı.
Anam bir az tündləşərək, kəskin Qarabağ şivəsi ilə:
– Necə bəyəm? Mən cuvar ola bilmərəm? – dedi və iti baxışlı gözlərini, meydan oxuyurmuş kimi, Humaya zillədi.
– Axı cuvarlıq çox dava-dalaşlı işdir.
– Davaya qaldı, anama qaldı…
– Sən də qoy görək, – arvad mənə acıqlandı.
Sonra Humaya sarı dönərək:
– Bura bax, qardaşoğlu (o cavan oğlanlara həmişə, kişi kimi, qardaşoğlu deyir), – dedi, – sən lap yaxşı şey fikirləşmisən. Səhər bir yerdə gedib Qədirə deyərik.
– Qədir bilir, özü də razıdır, – dedim.
– Onda, qurtardı, getdi… Camaat da razı olar. Musa elə bilir, atası Qubad ki, o dəyirmanı tikib, tay heç kəs yaxına gedə bilməz. Qızını gördünüzmü?
Humay bərk qızardı və cavab vermədi.
– Görüb, ana, indicə bizimlə kinodaydı.
– Bir mahala dəyən candır. Göyçək, ağıllı, kamallı, hər sözü-söhbəti yerində…
– Az təriflə, ay arvad, sonra Humayla aramızda dava düşər.
– Eh… bilirəm ki, sizdə elə kəramət yoxdur.
Anam qalxıb, o biri otağa keçdi.
Biz işığı söndürüb, çarpayıya uzandıq. Lakin yata bilmirdik. Humay tez-tez bu böyrü üstündən o birinə çevrilirdi.
Sevgi ilə bahar əkiz yaranmışdır. Sevgi heç bir zaman bahardakı qədər cazibədar, möhtəşəm və narahat olmur. Budur, bütün kəndin yuxuya getdiyi, yalnız dəyirmanın qıjıltısı ilə qurbağaların səsinin eşidildiyi bu bahar gecəsində bəzən olur ki, haradansa ürəyimə tikanlar sancılır… Bəzən bütün ağrılar unudulur, hər sevgi anı bir əbədiyyət qədər uzun, bir əfsanə kimi gözəl olur…
“Lakin, bütün bunlar, bu iztirablı dəqiqələr, bu şirin anlar nə üçündür?” – deyə mən filosofluq edirəm. Bu zaman pəncərənin pərdəsini yellədərək içəri dolan yaz küləyi sanki özü ilə yeni duyğular gətirir. Sanki bahar mənim bu bədbin düşüncələrimə qarşı üsyan edir. Sanki bahar mənə həyatın, böyük və əbədi həyatın nəfəsini duydurmaq istəyir.
… Səhər çay içib, evdən çıxdıq. Humay artel idarəsinə, mən isə bağlara yollandım. Mən kəndin ayağında Bəyimə rast gəldim. Onun təzəcə yuyulmuş gözəl ağ üzü səhər-səhər açılmış nərgiz kimi zərif və təravətli idi. Saçlarının qabaq tərəfdəki qıvrımları hələ yaş idi. Qara gözlərində sevinc şəfəqləri oynayırdı.
– Sabahın xeyir, Eyvaz! Bu gecə niyə yatmırdın?
– Mən? Mən yatmışdım!..
– Bəs, gecə artırmanızda gəzən kim idi?
(Yadımdan çıxıb deyəm ki, Bəyimgilin eyvanından bizim ev aydınca görünür.)
– Bilmirəm. Yəqin bizim qonaq imiş.
– Hə… – deyə, o, sözü uzatdı.
Üzü dərhal ciddi ifadə aldı. Mən soruşdum:
– Bəs, sən nə üçün o çağacan yatmamışdın?
– Bilmirəm. Elə yaxşı gecəydi ki, heç yuxum gəlmirdi.
– Amma mən daş kimi yatmışdım.
– Yatmayıb nə qayıracaqdın? Cavan oğlansan. Yazın yuxusu da ki, şirin olur…
Onun gülə-gülə dediyi sözlərin hər biri köz kimi ürəyimin başına yapışırdı. Mən istəyərdim ki, “daş kimi” yatdığım üçün Bəyim məni məzəmmət etsin, aramızda giley-güzar olsun. Lakin, görünür… yox, deməyə dilim gəlmir… Bir də, axı, nə üçün mən ondan belə şeylər umuram? Buna mənim nə haqqım var?
… Axşam Humaydan soruşdum:
– Keçən gecə, deyəsən, bədxab olmuşdunuz?
– Bəli, gördüm yata bilmirəm, durub çıxdım eyvana. Nə bildiniz?
– Mənə Bəyim dedi… O sizi görürmüş…
– Haradan? – Humay dərin heyrət içində mənə baxdı.
– Oradan, bax, qabağında böyük iydə ağacı olan o ikimərtəbə evin eyvanını görürsünüzmü? Oradan!..
Sevənlərin öz adi gözlərindən başqa bir də ürəklərinin gözü olur və bu göz onların sevgisi ilə əlaqədar olan hər şeyi fövqəladə bir doğruluqla görüb duyur. Ona görə də, Humay nahaq yerə iydə ağacı ardından görünən o eyvana baxmamağa cəhd edirdi.
– Bu gün nə ilə məşğul oldunuz? – deyə mən aramızdakı gərgin sükutu pozmaq üçün soruşdum.
O, ağır bir yükdən qurtarmış kimi, dərindən nəfəs alıb, həvəslə söhbətə girişdi:
– Dəyirmanı elektrikləşdirmək üçün balaca bir layihə düzəldib verdim Qədir kişiyə, sonra da MTS-in həyətində olan maşınları nəzərdən keçirdim.
– Dəyirman məsələsində Musa dayı lap dəli olacaq.
O, qaşlarını çatıb, Musa dayının eyvanına tərəf ötəri bir nəzər salaraq:
– Nə etməli? – dedi, – camaatın xeyri dəyirmanın elektriklə işləməsindədir!..
…Səhəri gün, təxminən saat birdə, mən qəlyanaltı eləmək üçün velosipedlə evə qayıdarkən, klubun yanından keçən yolda Humayla Bəyimin dayanıb söhbət etdiklərini gördüm… Velosiped altımda büdrədi və mən qeyri-ixtiyari olaraq yerə düşdüm.
Humay nə isə deyir, Bəyim də gözlərini aşağı dikərək, kəlağayısının ucunu oynada-oynada onu dinləyirdi. Hər ikisinin üzündə ciddi, gərgin və həyəcanlı ifadə vardı. Mən özümü danlayaraq: “Qəribə adamsan, – deyirəm, – nə olsun. İki tanış adam küçədə bir-birinə rast gəlib, beş kəlmə söz danışa bilməz? Yaxşı deyil… Burada dayanıb, onlara baxdığımı görsələr, ürəklərinə yüz cür şey gələ bilər. Kişi kimi yaxınlaş, salam ver”.
Lakin mən öz rəyimin əksinə, velosipedə minib, yavaşca geri dönərək, başqa yolla getdim.
…Anamın gətirdiyi xörəyə əlimi vurmayıb, Humayı gözləyirdim.
Yarım saat keçdi, o gəlmədi, bir saat keçdi, gəlmədi. Hava bu gün elə bürkü idi ki, adamın lap ürəyi qısılırdı.
– Sən çörəyini ye. Səhər də dilinə heç nə vurmamısan. Humay gələr, onun da payını qızdırıb verərəm, – deyə içəri girən anam təkid etdi.
Mən qəribə bir narahatlıq içində ayağa qalxıb:
– İştaham yoxdur, – deyə stoldan uzaqlaşdım.
– Sənə nə olub, bala? Çörəkdən-sudan niyə kəsilmisən?
– Mənə nə olacaq, ay arvad? – deyə gülümsədim. – Bayaq düşərgədə bir az yemişəm. Ona görə də indi ürəyim istəmir.
Anam inanıb, o biri otağa keçdi. Mən, iradəmin əksinə olaraq, aşağı düşüb velosipedə mindim, birbaş kluba sarı getdim. Tini burulanda Bəyim qarşıma çıxdı. Velosipedi saxlayıb düşdüm. O da, istər-istəməz (mən bunu, ani olaraq, onun üzündə yaranan narahat ifadədən hiss etdim), ayaq saxladı.
– Haradan gəlirsən, Bəyim?
O, bir az özünü itirərək:
– Klubdan, – deyə astadan cavab verdi.
İkimiz də susduq. İkimiz də gərgin həyəcan içində idik.
Nəhayət, səsimə mümkün qədər mehriban ahəng verməyə çalışaraq:
– Nə oldu, Bəyim, – dedim, – fikirləşdinmi?
Qəribədir, o bu sualı gözləyirmiş kimi, tələsik və soyuq ifadə ilə:
– Bilirsənmi, Eyvaz, – dedi, – bizim evlənməyimiz baş tutan iş deyil.
– Nə üçün?..
– Mən lap uşaqlıqdan səni bir qardaş kimi istəmişəm.
Sonra həyəcanla üzümə baxaraq əlavə etdi:
– Xahiş edirəm, inciməyəsən.
Mən gülümsəyərək:
– Niyə inciyirəm ki? – dedim və yavaşca velosipedə minib, yoluma davam etdim…
Ətrafına ulduzlar düzülmüş aypara ilə işıqlanan bahar gecəsi həyəcan və fərəhlə nəfəs alırdı. Gecə, qızılgüllərin, yasəmənlərin ətri ilə dolu ilıq havası ilə üzümü oxşayaraq, qulağıma təsəlliverici səslər pıçıldayırdı. Gecənin mehribanlığında bir intəhasızlıq, bir ehtişam var idi.
Bayaqdan bəri, köklənmiş tar simləri kimi tarım çəkilən əsəblərim, elə bil ki, boşalırdı. Elə bil ki, cümlə dərdlərin loğmanı olan ana təbiət bizə bəxş etdiyi həyatın gözəllikləri haqqında fərəhli mahnılar bəstələyirdi.
Lakin sən o həyatın özü deyildinmi, Bəyim? Səndən əli üzülən bir adam necə iztirab çəkməyə bilərdi? Evinizin böyründən keçib gedirdim. Sən, Ay işığında yarpaqları gümüştək parlayan iydə ağacının ardında, eyvanınızda dayanıb, bizim evə sarı baxırdın. Lakin artıq bunun mənə aidiyyəti yox idi. Mən indi göydəki ulduzlara necə baxırdımsa, sənə də eləcə baxırdım. Yox, mən düz demədim. Əgər, sən bir ulduz olub, göylərdə parlasaydın, mən bütün gündüzü gecənin xəyalı ilə yaşayardım. Mən səni tuş tutub, bütün ömrüm boyu fərəh və səadət içində irəliləyərdim. İndi mən sənsiz harada qərar tutub dayana bilərəm? Əgər, sən məni mənim yüzdə birim qədər sevsəydin, ömrüm nəhayətsiz bir səadət içində keçərdi. İndi ki, sevmədin, yenə də xoşbəxtəm. Çünki sən xoşbəxtsən! Əgər, bu qədər müddətdə sən məni gələcək bir ər kimi sevə bilmədinsə, bu səninmi günahındır? Axı, sevgi də bu gecə, bu bahar kimi gəldiyi zaman bizim rəyimizi soruşmur. Əgər, soruşsaydı, and içərəm ki, sən məni sevərdin. Axı, sən bilirdin ki, mənim yüz canım olsaydı, birini də səndən əsirgəməzdim.
Mən xəfif səslərlə dolu zəmilərin arasındakı cığırla gəlib dəyirmanın üst tərəfindəki söyüdlüyə, srağagün axşam Bəyimlə birlikdə oturduğumuz yerə çıxmışdım. Lakin indi bura mənə, obası köçüb getmiş bir yurd kimi yiyəsiz və qərib görünürdü.
Gumbultu ilə arxa tullanan qurbağaların səsində, aşağıda dəyirman çarxına tökülən suyun şırıltısında indi payız çiskinitək kədərli bir şey duyurdum.
Ürəyim elə yaman sıxılırdı ki… Mən özümdə sentimental bir qüssə deyil, tamamilə aydın, fiziki ağrı və iztirab hiss edirdim.
Axı, mən bilirdim ki, həyat yalnız bizim bir qıza olan məhəbbətimizdən ibarət deyil… Mən bunu lap yaxşı bilirdim. Mən yaşamağı sevən, cəmiyyətimizə xeyir verməkdən hədsiz nəşə duyan zəhmətkeş bir adamam; atam da, babam da belə olublar. Mən sabun köpüyü kimi boş xəyallara, avara üzüntülərə nifrət edirəm. Lakin… Balzak deyir ki, “sevgi gənclik ruhunun çiçəklənməsidir”. Bu, doğrudan da, belədir. Mənim qəlbimdə bahar coşğunluğu ilə açılmış çiçəklər isə, birdən-birə tufana düşmüşdü. Bu tufan o qədər güclü idi ki, özümdə hədsiz fiziki qüvvə hiss etdiyim halda, gələcək güləş yarışlarında birinci çıxmaq arzusu ilə hər səhər ağır daşları oynatdığım halda, uşaq kimi başımı itirmişdim.
Ancaq zərbə nə qədər güclü olursa-olsun, onu mərdliklə qarşılamaq lazımdır! Mənim yeganə təsəllim bu olacaq! Əgər, mən bunu, yəni, öz mərdliyimi itirsəm, demək, həqiqətən məhv olmuşam!
Görəsən, Musa dayı bu saat nə edir?
Mən yoxuşu enib, dəyirmana yaxınlaşanda, Musa dayının novun yanındakı dikdirdə demi çəkdiyini gördüm.
– Salam, Musa dayı, burada niyə oturmusan?
– Elə-belə… Sən bu vaxt burada nə gəzirsən?
– Kənddən gəlirəm, dedim görüm dəyirmanda növbət var, ya yox? Səhər bir az dən üyütmək istəyirik.
– Olar…
Bizdən bir az aralıda iki çılpaq at xırıltı ilə otlayırdı. Sıx böyürtkən kolları arasında hərlənən çarxın səpələdiyi soyuq su zərrələri üzümüzə toxunurdu. Havada buğda ununun qoxusu duyulurdu.
Ağzındakı deminin odu közərir, Musa dayının tutqun üzünü və dərində qaralan gözlərini işıqlandırırdı. Mən danışmaq istəyirdim.
– Musa dayı, dünənki söhbətin axırı nə oldu?
O, demini ağzından götürüb, qaranlıqda tüpürdü:
– Bir şey ki, Qədirin başına girdi, fələk gəlsə, çıxara bilməz.
– Camaat da istəyir…
– Cəhənnəmə ki!.. Dədə-babadan yadigar qalan bir budur, qoy bunu da uçurub-dağıtsınlar. Özün bilirsən ki, mən heç vaxt elin xeyrindən-şərindən kənarda qalmamışam. Əgər, bu su dəyirmanından indiyə qədər bir adam narazılıq eləmiş olsaydı, bu kənddən bir adam ayrı dəyirmana dən aparsaydı, sabah birinci mən özüm baltanı götürüb, o novu çilik-çilik elərdim. İndi ki, heç bir narazılıq yoxdur, niyə özünüzdən iş açırsınız?
– Vaxt gələcək ki, kənddə hər işi elektrik görəcək, Musa dayı.
– Görəcək, görsün də… Elə gərək bu dəyirmandan başlayasınız?
Musa dayı hirslə əlini yellədi.
Bir xeyli müddət sükutla keçdi. Birdən Musa dayı mənə tərəf dönərək:
– Sən o qonağına deynən ki, farağat otursun, – dedi. – Kəndi bir-birinə qatmasın. Onu göndəriblər MTS-ə, getsin işini görsün.
– Qonaq bizim xeyrimiz uçun deyir.
– Lazım deyil onun xeyri bizə.
Bu zaman dəyirmandan bir kəndli çıxaraq, üzünü qaranlığa tutub:
– Ay Musa! – çağırdı. – Gəl bizi yola sal.
Musa dayı dinməz-söyləməz qalxıb, ağır addımlarla uzaqlaşdı.
Qaranlıqda “dəh” deyə-deyə atları dəyirmana tərəf sürən kəndlinin səsi və ayaq tappıltıları eşidilirdi…
… Mən, ulduzların altında dəniz kimi hərəkətə gələn zəmilərin arası ilə kəndə doğru gedə-gedə düşünürdüm: “Bəlkə, mənim bütün bu narahatlığım, bütün bu iztirablarım axmaq bir qısqanclığın nəticəsidir. Bəlkə, mən, Don Kixot kimi havayıca özümdən çıxıram?”.
Lap qulağımın dibindən kiçik qanadlarını ilıq və ətirli bahar havasına çırparaq bir quş da uçub keçdi. Yəqin ki, qızquşu idi. Qaranlıq zəmilərin arasında şərid kimi ağaran cığırla irəliləyib, balaca təpəni aşandan sonra Bəyimgilin evi göründü.
Birdən, pəncərədən düşən çıraq işığının qabağını kəsən yarpaqların kölgəsində iki nəfərin durduğunu gördüm. Onlar idi. Bəyimlə mənim əziz qonağım! Aradan neçə saniyəmi, yoxsa neçə saatmı keçdi, bilmirəm. Nəhayət, onlar əl tutuşaraq ayrıldılar. Qız dönüb evlərinin darvazasına tərəf qaçdı. Oğlan da çevrilib, yavaş-yavaş yola doğru getdi.
… Mən pillələri qalxıb evimizə girdiyim zaman Humayı otağın içində var-gəl edən gördüm. Onun üzündə xoşbəxt təbəssüm var idi. Bu, məhəbbətin elə böyük bir anı idi ki, insan öz riqqət və nəcibliyi ilə bütün dünyanı ehtiva etmək istəyir.
– Eyvaz, idarədə kim vardı? – deyə o, nəşə ilə soruşdu.
İri şabalıdı gözləri elə parıldayırdı ki, adamın lap xoşu gəlirdi…
– Mən idarəyə getməmişdim, – deyə içərimdəki gərginliyi boğmağa çalışaraq cavab verdim.
Xeyli müddət nə o danışdı, nə də mən dindim.
Birdən Humay heç gözlənilmədən:
– Eyvaz, – dedi, – mən evlənmək istəyirəm.
– Zarafat edirsiniz?
– Xeyr, ciddi sözümdür.
Mən öz-özümə təskinlik verdim:
“Nə olsun, burada təəccüblü nə var ki? Bir-birini istəyəndən sonra niyə evlənməsinlər?” Lakin kürəklərimin arası elə gizildəyirdi ki, elə bil, bədənimə titrətmə gəlirdi. Elə bil, ürəyim qırılıb min arşınlıq quyuya düşürdü.
– Deməli, bizim kəndin suyu şirin imiş, – deyib gülümsədim.
– Yaxşı, xeyir işin təqsirkarı kimdir?
O, stul çəkib oturaraq ciddi ifadə ilə:
– Mən Bəyimlə evlənmək istəyirəm, – dedi.
Mən, üsulsuz tərpənərək, qrafinin böyründəki stəkanı salıb sındırdım.
– Bax, bu qabın sınmağı yaxşı əlamətdir, – deyə zarafat etdim. Sonra, dünyagörmüş təcrübəli adamlar kimi, təmkin və işgüzarlıqla əlavə etdim: – Bəyim ağıllı qızdır. Onunla yaxşı ailə qurmaq olar. Yəqin ki, siz öz aranızda bir qərara gəlmisiniz.
– Bəli, danışmışıq.
– Daha nə deyirsiniz? (Guya ki, o bir söz deyirdi.) Başqa şeylər asandır. Evlənməyiniz barədə mənə görə hər nə qulluğunuz olsa, hazıram. Gecəniz xeyrə qalsın.
– Çox sağ ol, Eyvaz!
Cəld yatağa girib, yorğanı başıma çəkdim. “Görəsən, Humay niyə mənə belə riqqətlə təşəkkür edir? Yoxsa, qız ona bir söz-zad deyib? Eh, deyəndə nə olar ki? Yatmaq lazımdır.”
… Səhər yuxudan oyananda Humayı açıq pəncərə qabağında dayanmış gördüm: onun çiyinləri üzərindən Musa dayının evinə tərəf baxdım, sərin kölgəli eyvanda tüstülənən ağ samovarın yanında üzü bəri dayanmış Bəyim gözümə dəydi.
Əlac yox idi. Mane olsam da, salamlaşmaq lazım idi.
– Sabahınız xeyir, Humay!
O, diksinib geri çevrildi:
– Sabahın xeyir, Eyvaz! Görürsən, nə gözəl havadır…
– Bizim kəndin nəyi gözəl deyil ki…
Əl-üzümüzü yumaq üçün aşağı düşdük. Bahar ömrünün ən coşqun çağlarını keçirirdi. Alma, ərik, şaftalı ağacları tamam çiçəklənmişdi. Qızılgül kolunun üstündə nəlbəki boyda iri güllər açılmışdı. Onların qırmızı yarpaqları üzərinə düzülmüş şeh damlaları səhər günəşinin incə şüalarını göz qamaşdıran parlaqlıqla əks etdirirdi.
Quşların həyəcanlı səsi bir-birinə qarışaraq, coşqun bir simfoniyanı xatırladırdı. Belə bir vaxtda canından artıq sevdiyin bir qızdan əlinin həmişəlik üzüldüyünü hiss eləmək çox ağırdır.
– Eyvaz, rəngin niyə qaçıb, xəstə-zad deyilsən ki?
– Xəstə niyə oluram? – Mən iki pudluq daşı qəsdən sol əlimdə beş dəfə qaldırıb-endirərək xeyli uzağa tulladım.
– Afərin! – Humay uşaq kimi sevindi. – Hüseyn deyirdi ki, sən bir dəfə bura qastrola gəlmiş pəhləvanı dörd dəqiqədə məğlub etmisən.
– Pəhləvanı məğlub etməyə nə var ki? – deyə zarafatla cavab verdim.
… İşə gedəndə Bəyimə rast gəldik. (Yəqin ki, səhər-səhər burada görüşməyi dünəndən sözləşmişdilər.) O, hər ikimizə eyni şən və xoşbəxt təbəssümlə baxıb salam verdi.
Mən özümü bacardığım qədər gümrah və şad göstərməyə çalışaraq:
– Əleykəssalam! – deyə keçib getmək istədim.
Lakin o, qolumdan tutaraq, həmişəki sərbəst və mehriban ifadə ilə:
– Eyvaz, – dedi, – lap Aya-günə dönmüsən. Hardasan, görünmürsən?
– Nə bilim, Bəyim, – dedim, – iş, güc…
– Rəşid gəlib. Səni soruşurdu.
– Doğrudanmı? Məndən ona salam de.
– Çox uzaqdasan? Niyə özün gəlib görüşmürsən? Günorta üstü Humayı da götürüb gələrsən.
– Nə olar, götürüb gələrəm… İndi məni bağışlayın, doqquzda sədrlə görüşməliyəm. Hələlik!
Cəld uzaqlaşdım.
– Eyvaz, bax, gözləyəcəyik ha! – deyə Bəyim arxadan səsləndi.
Sözün açığı, yaman qəzəbləndim. “Əgər, bütün qızlar sənin kimidirlərsə, lənət sizin hamınıza! Gör bir zərrə qədər də olsa, vicdan əzabı çəkirmi?..” “Humayı da götür, gəl bizə.” Bir qədər keçdikdən sonra, “Axı, Bəyim nə üçün vicdan əzabı çəkməlidir? – deyə özümü məzəmmət etdim. Onun bir qəlbi var, birini də sevir. Sənə söz-zad verməmişdi ki…”
Ancaq bunu demək asandır. Sən gəl ürək üçün təsəlli, rahatlıq tap!
Mən bir yerdə dayana bilmirdim. Bu bağdan o bağa keçir, qarşıma hər kəs çıxırdısa, söhbətə tuturdum.
Nəhayət, gün günortadan əyildiyi zaman Bəyimin tapşırığını yerinə yetirmək üçün Humayın dalınca MTS-ə getdim. Yolda Şahlarla rastlaşdıq.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?