Текст книги "Seçilmiş əsərləri"
Автор книги: İlyas Əfəndiyev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]
Qoca əvvəl elə güman etdi ki, bu qız elə-belə yoldan keçəndir. Lakin sonra gördü ki, oğlan çevrilib ona nə isə dedi və qız gözəl, ağ dişlərini göstərib gülümsədi.
Qoca daha baxmadı… Damı qırlayıb qurtarandan sonra tələsmədən düşüb onların yanına gəldi. Oğlan qızı göstərərək:
– Usta, tanış ol, – dedi.
Qız qocaya yaxınlaşdı, altdan-yuxarı ona baxıb əlini uzatdı. Qoca onun balaca, təmiz əlini əzəcəyindən qorxurmuş kimi astaca sıxdı. Qız gülümsəyərək adını dedi.
Qoca qəlyanını çıxardıb odluğunu təmizləyə-təmizləyə qızdan soruşdu:
– Harada işləyirsən?
– Təzə tikilən kinostudiya binasında, – deyə oğlan qızın əvəzində cavab verdi, – elə işdən birbaşa bura gəlib.
Qız isə, yenə əlləri arxasında, qocaya baxaraq biaram gülümsəyir və sanki onun daha nə deyəcəyəni gözləyirdi.
Lakin qoca daha heç nə soruşmadı. Oğlan pencəyini götürərək:
– Yaxşı, usta, – dedi, – tay bir işin yoxdursa, biz gedək.
– Gedin.
Oğlan tərəddüd içində ona daha nə isə demək istədi, lakin heç nə deməyərək, geri dönüb qızla birlikdə getdi.
– Rəşid! – deyə qoca arxadan səsləndi və oğlan geri çevrildikdə, əli ilə yaxınlaşmasını işarə elədi.
Qoca cibindən bir üçlük çıxarıb xəlvətcə oğlana verdi.
Oğlan qara gözləri ilə gülümsəyərək soruşdu:
– Bəyəm almısan?
– Yox, hələ almamışam.
– Sağ ol.
Oğlan çevrilib yüyürərək qıza çatdı.
Bundan sonra hər gün işin axırında, saçlarına qırmızı lent bağlamış o qız gəlir və oğlanla gedirdi… Qoca, oğlandan heç nə soruşmurdu. “Lazım olanda özü danışacaq.”
… Lakin bu qız peyda olandan bəri qoca tamam bir xəyal aləminə dalmışdı. O, demək olar ki, hər gün şagirdinə necə toy edəcəyi, sonra, əgər, oğlanları olarsa, ona usta Qaranın adını qoyacağı barədə düşünürdü. Hər gün, bu gələcək gənc ailə bütün aydınlığı ilə qocanın gözləri qarşısında canlanırdı. O, bu məhəllədəki evlərin qırını təzələyəndən sonra nə qədər pulları olacağını dəfələrlə haqq-hesab edir, toy üçün alacağı şeyləri bir-bir gözünün qabağına gətirirdi.
Oğlanın xəbəri olmadan qoca təmir idarəsindən əlavə sifarişlər qəbul edirdi. … Lakin bir istirahət günü onun heç gözləmədiyi bir əhvalat oldu. Qoca hamamdan yenicə gəlib özünə çay dəmləyirdi. Elə bu zaman qapı yavaşca vuruldu. Qoca səsindən bildi ki, oğlandır.
Lakin oğlan bu dəfə tək deyildi. O, qızla gəlmişdi. Saçlarına qırmızı lent bağlayan həmin qızla! Uzun illərdən bəri birinci dəfə olaraq qoca yaman sevindi.
– Əyləşin. Xoş gəlmisiniz. – O, qıza müraciət elədi və təmiz hava gəlsin deyə, tələsik otağın yeganə pəncərəsini taybatay açdı.
Oğlan da, qız da təzə paltar geymişdilər. Oğlan ağ köynəyin üstündən mavi qalstuk bağlamışdı. Qızın qolunda balaca qızıl saat var idi.
Birdən qoca hiss elədi ki, oğlan əvvəlki kimi qayğısız və sərbəst deyil. Günahkar adamlara oxşayır.
Qocanın sevincinə anlaşılmaz bir qorxu qarışdı.
– Bu gün yaxşı havadır, – deyə o gülümsədi.
Oğlan diqqətlə qocaya baxdı. O heç vaxt ustadan bu cür mənasız sözlər eşitməmişdi. Heç vaxt onun belə gülümsədiyini görməmişdi.
Sonra qoca tələsik mətbəxə keçib, qədim, güllü podnosun içində üç stəkan çay gətirdi.
Oğlan:
– Niyə zəhmət çəkirsən, ay usta, – dedi. – Qız gətirərdi.
– Zəhmət… nə zəhməti var, – qoca eyni təbəssümlə cavab verdi.
Sonra nəzərlərini oğlanın diqqətli baxışlarından yayındıraraq əlavə etdi:
– Siz oturun, mən bu saat gəlirəm.
Oğlan onun qolundan yapışaraq:
– Usta, – dedi, – biz çörək yemişik. Heç bir şey lazım deyil. Sən ac deyilsən ki?
Qoca eyni mülayim və çəkingən ifadə ilə “yox” mənasında başını tərpətdi.
– Onda, əyləş.
Birlikdə işlədikləri bu üç ildə oğlan birinci dəfəydi ki, onun bu cür ürkək, bu cür narahat oturduğunu görürdü.
– İçin, – deyə qoca stəkanlara baxdı. – Çay, isti yaxşıdır.
Birinci dəfəydi ki, oğlan onun səsində bu qədər mehribanlıq, nəvaziş hiss edirdi və bu hiss onun ürəyini ağrıdırdı.
Oğlan kəskin hərəkətlə balaca armudu stəkanı götürüb üç-dörd qurtuma boşaldaraq, təkrar nəlbəkiyə qoydu. Qoca əlini cəld stəkana uzatdı. Oğlan onun əlindən tutaraq:
– Tay içmirəm, – dedi.
Qoca, oğlana ani bir nəzər saldı:
– Bu səhər, – dedi, – İçərişəhərdən yenə iki nəfər gəlmişdi. Dedim işimiz çoxdur. Ayın on beşindən sonra…
Qız oğlana baxdı. Oğlan qaşqabaqlı halda nəzərlərini endirdi. Araya gərgin bir sükut çökdü. İndi qocanın təbəssümü daha narahat görünürdü.
Birdən oğlan başını qaldırıb düz onun gözlərinə baxaraq qəti və sərt ifadə ilə:
– Usta, – dedi, – mən tay sabahdan gəlməyəcəyəm.
Usta batqın səslə soruşdu:
– Hara gəlməyəcəksən?
– Qır salmağa.
– Niyə?
– Oxumağa gedirəm.
– Hara gedirsən?
– Oxumağa. Yol texnikumuna.
– Çətin olmaz?
Oğlan, onun nəyə işarə elədiyini anladı:
– Birtəhər dolanarıq, – dedi.
– Mən işləyəcəyəm, o oxuyacaq, – deyə saçlarına qırmızı lent bağlayan həmin qız amansızcasına əlavə etdi. – Bilirsinizmi, usta, tay qırçılığın dövrü keçib. Görürsünüz ki, indi təzə tikilən evlərin üstünə qır basmırlar.
Qoca düşündü: “Bəli… doğrudur… Təzə evlərin damına qır basmırlar.”
Qız eyni amansızlıqla davam edirdi:
– Sizə baxmayın. Rəşid çox cavandır. O, gələcək haqqında düşünməlidir.
Qoca düşünürdü: “Elədir… Əlbəttə…”
– Doğrusu, Rəşid heç sizdən ayrılmaq istəmirdi. Ancaq…
Qız cümləsini bitirmədi. Buna ehtiyac da yox idi.
O, saçlarına qırmızı lent bağlamış həmin qıza baxaraq mehribanlıqla gülümsədi. Qız ona həddindən artıq balaca və həddindən artıq güclü görünürdü. Oğlan eyni sərt ifadə ilə gözlərini bir nöqtəyə zilləmişdi.
Qız çayını arxayınlıqla içib qurtarandan sonra özünün və oğlanın stəkanını götürüb (qoca çayını içməmişdi) mətbəxə apardı, tərtəmiz yuyub taxçaya qoydu və o geri qayıdanda oğlan dərindən nəfəs alaraq qalxdı, qoca da durdu.
Oğlan ona baxıb dedi:
– Tay biz gedək.
– Gedin.
– Sağ ol.
– Siz də sağ olun.
Onlar qapıdan çıxarkən, birdən qız geri dönüb qocaya yaxınlaşdı və onun qollarından tutaraq, ayaqlarının ucunda qalxıb cod saqqallı üzündən öpdü. Sonra bahar küləyitək otaqdan çıxdı.
… Qoca bir neçə saniyə durduğu yerdə dayandı. Otağın yarıqaranlığı içində o, çox sakit və qədd-qamətli görünürdü. Qoca birdən sanki nəyi isə xatırlayaraq, başını qaldırıb pəncərədən bayıra baxdı. Onlar çoxdan getmişdilər.
Qoca tələsmədən qəlyanını çıxarıb doldurdu, odladı. Onun üzündə bayaqkı mehribanlıqdan əsər-əlamət yox idi. Kepkasını götürüb başına qoydu, otaqdan çıxdı.
O, ağır addımlarla gedirdi.
O, həmişə istirahət günləri qırçıların yığıldığı bağa tərəf gedirdi.
Yaz günəşi gömgöy səmanın sonsuzluğu içində yüksəlir, aşağılarda isə, akademiya binasının zər naxışları qızıl kimi parıldayırdı. O, sabah qırlayacağı damlar haqqında düşünərək gedirdi.
O, həyatın böyük və qüdrətli həyatın qanununu hiss edərək ağır addımlarla gedirdi.
1962
TUFANDAN SONRA
(Kinonovella)
Xorla oxunan qədim bir Azərbaycan mahnısı sıldırımlı dağlardan axıb dərələrə töküldü…
Mənim adım Sarı Laçın,
Gəl, səni götürüm qaçım…
Üçtelli, dördtelli,
Beştelli durna…
Başı qarlı Murov dağının fonunda, yaşıl otlarla, təzə-təzə açılan lalələrlə dolu vadidə üç cavan oğlanla bir qız bu mahnını oxuya-oxuya çadır qururdular.
Elxan tək oxudu:
Ovçu əlindən yaralı durna.
Hamı təkrar etdi:
Ovçu əlindən yaralı durna,
Yaralı, yaralı, yaralı durna,
Ovçu əlindən yaralı durna…
Elxan məzəli bir əda ilə:
– Dünyanın qəribə təsadüfləri var, – dedi, – axı, necə olub ki, bizim bu Laçın (oğlanlardan birinə işarə etdi), məhz mahnıda deyildiyi kimi, sarı olub?
Laçın gülümsəyərək təkrar etdi:
Ovçu əlindən yaralı durna…
Hamısı birdən oxudu:
Yaralı… yaralı… yaralı… durna…
Uca dağların maralı durna…
Qız dedi:
– Amma heyif ki, bizim Laçınımız ovçu deyil…
Elxan soruşdu:
– Yəni, ovçuluqdan bu qədər xoşun gəlir?
– Xoşum gəlir də sözdür, – deyə qız cavab verdi.
Laçın dedi:
– Bizim evdə hara baxsan, ovçuluq haqqında kitab görərsən.
Qız gülümsədi:
– Mən, – dedi, – pələng kimi igid yırtıcılar ovçusunun pərəstişkarıyam, dovşan ovçusunun yox…
Elxan yerə sancdığı dirəyin dibini bərkidə-bərkidə:
– Ümumiyyətlə, – dedi, – ovçuluq humanizmə zidd bir peşədir… Mənim əlimdə ixtiyarım olsaydı, ovçuluğu qadağan edərdim.
Mərdan çadırın o biri dirəyini yerə sanca-sanca:
– Daha bundan da boş söz eşitmək olmaz, – dedi.
– Nə üçün? – deyə Elxan zarafatla soruşdu.
– Onda gərək qoyun-quzunu, toyuq-cücəni kəsib yeməyi də qadağan eləyəsən və biz, Şeyx Nəsrullah demişkən, “gündə bir xurma ilə təam eləyək”, – deyə Laçın səhnədə gördüyü Şeyxin ifasına uyğun tərzdə cavab verdi.
Elxan:
– Mən, – dedi, – əminəm ki, gələcəkdə elə qida həbləri tapılacaq ki, daha ətə-çörəyə ehtiyac olmayacaq.
– O zaman, – Mərdan cavab verdi, – onsuz da, darısqal olan bu Yer planetində heyvan əlindən tərpənmək olmaz…
– Ayılar… qabanlar hücum çəkib evlərə dolar, – deyə Laçın bərkdən güldü.
… Mərdan artıq qurub qurtardığı çadıra işarə ilə Laçınla qıza dedi:
– Bu gəlinimizlə özündənbəyin…
– Taleyimizdən xeyli razıyıq, – deyə Laçın zarafatla arvadına göz vurdu…
Elxan dərindən nəfəs alaraq, şairanə bir əda ilə dedi:
– Bu güllü-çiçəkli dağlarda gecələr uzaqdan gələn şəlalə şırıltısını dinləyə-dinləyə əbədi məhəbbət anları yaşamağı nə ilə əvəz etmək olar?
Qız dedi:
– “Əbədi” sözünü tulla!
– Tullamayacağam, – deyə Elxan hərarətlə davam etdi. – Böyük hisslərlə yaşadığımız hər an, məncə, bir əbədiyyətdir.
– Bəs, kiçik hisslərlə? – qız soruşdu.
– Kiçik hisslər göbələk kimidir. Birini qoparanda, səhər yerində beşi bitəcək. Amma nəcib hisslər… Leyla, demək, “əbədi” sözü artıqdır?
– Elxan, yox, artıq deyil. Böyük hisslər məhv olsalar da, biz onları heç bir zaman unuda bilmirik… Onlar bizim üçün əbədi işıqdır.
… Mərdan qurub qurtardıqları ikinci ağ çadıra işarə ilə:
– Bu da bizim yemək otağımız, – dedi.
… Mərdan qurub qurtardıqları üçüncü ağ çadırı göstərərkən özü ilə Elxana işarə ilə:
– Bu da biz qarımış oğlanların xanəsi, – dedi.
* * *
… Gecə idi.
Mərdanla Elxan öz çadırlarındakı balaca, qatlama stolun ətrafında oturub, geoloji xəritəyə baxırdılar. Qabaqlarında iki stəkan çay buğlanırdı…
Elxan xəritədə bir yeri göstərərək:
– Mən, – dedi, – burdakı püskürmə süxurlarında civə ola biləcəyinə inanıram.
– Mən də inanıram, – deyə Elxan siqaret yandırdı, – bu tərəflərdə ən qədim süxurlar onlardır.
– Professorun mülahizəsinə görə, qızılı isə, burda axtarmaq lazımdır, – deyə Mərdan xəritədə başqa bir yeri göstərdi.
– İnsan ayağı dəyməmiş bu tufanlı dağlarda qızıl mədəni tapmaq mənə bir nağıl kimi görünür, – deyə Elxan gülümsədi, – elə bil ki, biz tilsimli bir qala fəth etməyə hazırlaşırıq.
Mərdan fikirli halda:
– Bu saat, – dedi, – bizim üçün civə qızıldan da əhəmiyyətlidir.
– Görək nə olur… – deyə Elxan papirosundan dərin bir nəfəs aldı.
– Səninlə Laçın bir çox ekspedisiyalarda olmusunuz… Təcrübəniz var… Amma Leyla ilə biz birinci dəfədir.
– Vətənimiz zəngindir, – deyə Mərdan dərindən nəfəs alaraq cavab verdi. – Bizi əliboş qaytarmaz…
– Görək, – deyə Elxan tranzistorun düyməsini basdı və “Gecələr… ay gecələr…” mahnısı ətrafa yayıldı.
… Və bu mahnı oxunduqca, gözlərimiz qarşısında Murov dağının sirlərlə dolu qaranlıq gecə mənzərələri gəlib-keçirdi…
… Əzəmətli dağ siluetləri arasında iki işıq görünürdü.
… Və mahnı davam edirdi: “Gecələr… ay gecələr…”
… Sonra bu mahnını qəflətən yuxarılardan qopub, üzüaşağı dərəyə yumalanan hansı bir qaya parçasınınsa gurultusu əvəz etdi.
…Öz çadırlarında, qatlama çarpayıda əri ilə yanaşı uzanaraq, xəyal dolu nəzərlərini məchul bir nöqtəyə dikmiş Leyla diksindi:
– Eşidirsən?
Laçın yuxulu gözləri ilə gülümsəyərək:
– Daşdı, yəqin ki, pələngin ayağının altından qaçdı, – deyə zarafatla cavab verdi.
– Yox, – deyə Leyla qalxıb, çılpaq qolu ilə yastığına dirsəklənərək cavab verdi, pələng çox ehtiyatla hərəkət edir. O, heç vaxt möhkəm olmayan yerə ayağını basmaz…
– Nə bilirsən?
– Eşitmişəm… Mənim dayım məşhur ovçu idi. Bir dəfə Talış meşələrində bir pələng vurmuşdu…
… Və elə bu zaman bayırda yenə tappıltı eşidildi.
– Maral! – deyə Leyla qəribə bir sevinclə səsləndi və tappıltı uzaqlaşıb eşidilməz olanda, o, dərindən nəfəs alaraq, başını təkrar yastığa qoyub:
– Görəsən, – dedi, – bizim axtarışlarımızdan bir şey çıxacaq?
– Nə üçün şübhə edirsən? – deyə Laçın soruşdu…
Leyla yenə də gözlərini məchul bir nöqtəyə zilləyərək:
– Bilmirəm, – dedi. – Nə üçünsə həmişə bu barədə düşünəndə, mən çox həyəcanlanıram.
Laçın:
– Birinci dəfədir, ona görə, – dedi.
Sonra zarafatla əlavə etdi.
– Geoloqun taleyi təkcə özündən asılı deyil.
Leyla dərindən nəfəs alaraq:
– Yəqin ki… – deyə pıçıldadı.
… Günəş qalxıb dağları, meşələri brilyant kimi şəffaf işığa qərq etdi. Murov dağının döşü ilə sanki günəşdən qaçan süd kimi ağ duman layları sürətlə qərbə tərəf sürünürdü…
… Çadırların qabağında dayanmış Mərdan əli ilə sol tərəfi göstərərək dedi:
– Laçınla Leyla, demək, siz ora! Biz isə, bura! Saat beşdə, düşərgədə görüşərik.
Sonra gülümsəyərək əlavə etdi:
– Sizə də, bizə də uğurlu səfər!
… Bellərində dəri heybələr, ayaqlarında dağ-daşa, palçığa davamlı qalın çəkmələr olan Laçınla Leyla əl-ələ tutaraq, üzüaşağı götürüldülər.
– Ehtiyatlı olun! – deyə Mərdan arxadan qışqırdı…
– Arxayın olun! – deyə Laçın sol əlindəki dəmir uclu ağacı havada yellədi.
– Onların xoşbəxtliyi mənə ləzzət verir, – deyə Elxan gülümsədi.
* * *
…Gümüş kimi parıldayan dağ çayı özünü daşlara, qayalara çırparaq nərildəyirdi. Laçın hansı uzaq zamanlardasa yerin dərinliklərindən qalxan nəhəng qayaya çevrilmiş süxuru çəkiclə parçalayırdı. Leyla lupa ilə kiçik süxur qırıntılarını tədqiq edirdi…
– Hələ ki, bir əlamət görünmür, – deyə o, nəhayət, başını qaldıraraq Laçına müraciət etdi.
Laçın süxuru parçalamaqda davam edərək:
– Geoloq üçün ən vacib məsələlərdən biri səbir etməyi bacarmaqdır, – dedi.
… Leyla lupa ilə nəzərdən keçirdiyi yeni süxur parçasını tullayaraq:
– Heç nə yoxdur, – deyə ümidsizliklə səsləndi.
– Sən indidən belə əsəbiləşməyə başlasan, qızıl tapanacan bizdə can qalmaz, – deyə Laçın zarafatla cavab verdi.
Leyla soruşdu:
– Yəni, sən bizim bir şey tapacağımıza inanırsan?
Laçın, çəkiclə qayaya yeni zərbə endirərək:
– Biz, – dedi, – bir şey yox, iki şey tapacağıq, qızıl və civə!
Sonra dikəlib, alnının tərini silərək saatına baxdı:
– Saat beşə işləyir. Sən tərpən düşərgəyə, yeməyə bir şey hazırla.
– Bəs sən? – deyə Leyla soruşdu.
– Mən hələ bir saat da işləyəcəyəm. Süxur gətirərəm, çadırda tədqiq edərik.
– Yorulmamısan?
– Yox, tərpən!..
… Leyla uzaqlaşanda Laçın arxadan qışqırdı:
– Gözlə, azarsan.
– Azaram, gəlib taparsan, – deyə qız zarafatla cavab verdi.
* * *
Leyla sıldırım qayaların arası ilə aşağı enirdi.
… Yamaclar, vadilər təzə-təzə açılan bahar çiçəkləri ilə dolu idi və Leyla gedə-gedə bu çiçəklərdən yığıb iri bir buket düzəltdi…
… Və nəhayət, Leyla dağı enib, meşəyə girdi.
…Leyla irəlilədikcə, sığırçın, sarıköynək zümrüd yarpaqların arasından ona baxaraq həyəcanla səslənirdi.
… Birdən zanbaq kimi gömgöy səma qaraldı…
Və şiddətli külək meşəni hərəkətə gətirdi.
…Külək güllə kimi vıyıldayaraq ağacların budaqlarını Leylanın üzünə çırpırdı…
… Sonra dalbadal göy gurultusu eşidildi…
… Dalbadal ildırım çaxıb, təlatümdə olan meşəni və göz açmağa imkan tapmayan qızı işıqlandırdı.
… Sonra dolu qarışıq şiddətli yağış başladı.
… Yağış və dolu zorla yeriyən qızı amansızlıqla döyəcləyirdi.
Qız hara getdiyini bilməyərək yıxıla-qalxa irəliləyirdi…
… Və nəhayət, o, balaca meşə açıqlığına çatdıqda, əynində başlıqlı neylon plaş, çiynində quşla dolu heybə və tüfəng olan ucaboylu bir adamın on beş-iyirmi addım aralıda dayanıb, ona baxdığını gördü.
… Neçə vaxtdan bəri qorxu və əzab içində yorulub əldən düşmüş qız insan gördüyünə sevindi.
Oğlan əlinin dalı ilə gözlərinə çırpılan yağış suyunu silərək, qıza yaxınlaşıb soruşdu:
– Bu tufanda hardan gəlib, hara gedirsiniz?
Qız onun iyirmi yeddi-iyirmi səkkiz yaşında çox yaraşıqlı bir oğlan olduğuna yalnız indi diqqət yetirərək:
– Mən geoloqam, – dedi, – düşərgəmizə gedirəm.
– Düşərgəniz hayandadır?
– Bilmirəm, – deyə qız şiddətlə yağan yağışın arasından onun belindəki patron kəmərinə baxaraq cavab verdi, – yolu itirmişəm…
– Kompasdan, xəritədən yoxunuzdu?
– Kompas da, xəritə də Laçının yanında qaldı.
– Laçın kimdir?
– Mənim yoldaşım.
Sonra qız gülümsəyərək əlavə etdi:
– Yəqin ki, bu dolu ilə yağış indi ona da divan tutdu. Biz axtarışa bir getmişdik. Mən bir az tez qayıtdım ki, yeməkdən-zaddan hazırlayım… O cür gözəl havada birdən-birə bu cür tufan qopacağı kimin ağlına gələrdi.
– Bu dağların havasına inanmaq olmaz, – deyə oğlan ciddi ifadə ilə cavab verdi, – indi belədir, bir saat sonra başqa cür olacaq…
… Sanki qızın qorxusu və yorğunluğu bir andaca yox olub getmişdi. O, təkrar gülümsəyərək:
– Görünür, – dedi, – bu yerlərin havasını öyrənməkdə səhv etmişik. Siz ovçusunuz?
– Xeyr, elə-belə… həvəskaram… Vaxt olanda, çıxıram. Siz, düşərgənizin təxminən hansı səmtdə olduğunu da bilmirsiniz?
– Bizim düşərgəmiz, – deyə qız ruhla cavab verdi, – Göy gölə tökülən dağ çayının sağ sahilindədir.
– Göy gölə tökülən çay çox yerlərdən keçir… Özü də xeyli uzundur… – deyə oğlan bayaqdan bəri ilk dəfə xəfifcə gülümsədi, sədəf kimi ağ və yaraşıqlı dişlərini göstərdi…
– O da düzdür… – deyə qız qəribə bir qayğısızlıqla təsdiq etdi.
Sonra həvəslə soruşdu:
– Siz ancaq quş vurursunuz?
– Hər nə düşdü…
– Bu yerlərdə pələng, şir olmur?
– Yox, olmur..
– Ayı necə?
– Ayı olur.
– Heç vurmusunuz?
– Yox.
– Yəqin rast gəlməmisiniz?
– Çox rast gəlmişəm… ancaq vurmamışam.
– Nə üçün axı?
– Çünki mənə hücum eləməyib…
– Yalnız buna görə?
– Ümumiyyətlə, ayıya güllə atmağı xoşlamıram.
Bu zaman göy şiddətlə guruldadığı üçün qız lap bərkdən soruşdu:
– Vəhşi qaban necə?
– Qaban vurmuşam, – deyə oğlan hövsələdən çıxaraq, cavab verdi və qızın qayğısızlığına təəccüb edərək, ciddi ifadə ilə əlavə etdi:
– Tufan bərkiyəcək. Siz düşərgəyə tez çatmalısınız.
– Bəs siz? – deyə qız öcəşirmiş kimi gülümsəyərək soruşdu.
– Mənimlə işiniz yoxdur, – deyə oğlan sərt ifadə ilə cavab verdi.
– Deyin görüm, sizin düşərgəniz Taya daşa yaxındır?
– Taya daş… Taya daş nədir?
Oğlan büsbütün əsəbiləşərək:
– Yaxşı, – dedi, – gəlin gedək…
– Hayana gedək?
– Bilmirəm. Hər halda, meşədə qalası deyilik ki…
… Və onlar yenidən şiddətlənən yağış altında yollarına davam etdilər. … Oğlan plaşını çıxarıb qıza uzadaraq:
– Alın, geyinin, – dedi, – çimdiyiniz bəsdir.
– Yox… yox… lazım deyil. Mən, onsuz da, islanmışam. Özüm də soyuğa öyrəncəliyəm… Uşaqlıqdan üzgüçülüyə getmişəm.
– Siz üzgüçüsünüz?
– Bəli…
Və qız gülümsəyərək əlavə etdi:
– Hələ, desəniz, üzgüçülük üzrə Bakı çempionu da olmuşam. Leyla Cəfərzadə. Eşitməmisiniz?
– Yox… eşitməmişəm…
– Nahaq yerə.
Oğlan özünü saxlaya bilməyib, bərkdən güldü:
– Vallah, qəribə qızsınız…
– Siz də qəribə oğlansınız… Özünüz ovçu olduğunuz halda, ölkənin məşhur idmançılarından xəbəriniz yoxdur. Qəzet-zad oxumursunuz?
– Yox, oxumuram.
– Nə üçün? – qız təəccüb etdi.
– Çünki bütün qəzetlər tutuquşu kimi eyni şeyi təkrar edirlər, – deyə oğlan yarızarafat cavab verdi.
– Bəs, dünyadan necə xəbər tutursunuz?
– Radio… Televiziya… Maraqlı jurnallar… kitablar…
… Onlar meşənin qurtaracağında sıldırım qayalardan ibarət bir təpəyə çatıb dayandılar.
Qayaların arası ilə üzüaşağı gurultulu sellər axırdı…
– Biz bu dağın o biri tərəfinə keçməliyik, – deyə oğlan irəlini nəzərdən keçirərək bərkdən səsləndi…
İliklərinə qədər islanmış Laçın çiynində dolu heybə, sel-suyun içi ilə yıxıla-qalxa irəliləyirdi…
… Və nəhayət, o bir qədər aralıdakı ağ çadırları görərək şən bir səslə oxudu:
Mənim adım Sarı Laçın…
Gəl, səni götürüm qaçım,
Üçtelli… dördtelli,
Beştelli durna.
… Lakin Leyla qapıda görünmədi…
… Laçın çadırlarına çatıb, içəri daxil oldu. Leyla yox idi…
… Laçın tələsik heybəni və çiçəyi yerə ataraq, qapının ağzına gəlib çığırdı:
– Leyla!
… Laçın yüyürüb bir-bir çadırlara baxdı: heç kəs yox idi.
… Laçın hövlnak yüyürüb bulağın üst tərəfindəki qayaya çıxaraq, bərkdən çığırdı:
– Leyla!
… Bu zaman bellərində dolu heybə Mərdanla Elxan yoxuşu qalxaraq, ona çatıb dayandılar.
Onların paltarından su axırdı.
– Nə olub? – deyə Mərdan soruşdu.
– Leyla yoxdur.
– Necə yoxdur? – deyə Mərdan təəccüblə soruşdu.
– Mən iki saat bundan qabaq onu yola saldım ki, gəlib yeməkdən-zaddan hazırlasın…
Mərdan dedi:
– Yəqin qayanın daldalığına çəkilib, yağışın dayanmasını gözləyir.
– Yox, o, yağışa görə yolundan qalmazdı… – deyə Laçın qayadan yerə tullanaraq, uzaqlarda görünən meşəyə tərəf yüyürdü.
– Dayan, biz də gəlirik!.. – deyə Mərdan arxadan qışqırdı.
* * *
… Leyla ilə oğlan dağın başına çatıb dayandılar.
… Yağış hələ də yağırdı.
… Tez-tez şimşək çaxaraq aşağıları sel-su içində olan yaşıl çölləri, meşələri işıqlandırırdı…
… Saçlarından su axan Leyla bu mənzərəni heyran-heyran seyr edərək:
– Necə gözəldir, – deyə həyəcanla səsləndi.
Oğlan əli ilə aşağıları göstərərək:
– Təxminən də olsa, düşərgənizin hansı tərəfdə olduğunu təyin eləyə bilmirsiz? – deyə soruşdu.
Qız şad və biganə ifadə ilə:
– Yox, – dedi.
Oğlan bilaixtiyar gülümsəyib başını buladı.
– Nə olub? – deyə qız maraqla soruşdu.
– Heç…
Qısa pauzadan sonra zarafatla əlavə etdi:
– Heç bilmirəm mənə rast gəlməsəydiniz, sizin halınız necə olardı…
– Yəqin ki, yorulub əldən düşəndən sonra bir yerdə yıxılacaqdım… Canavar da buyurub arxayın-arxayın məni yeyəcəkdi… Daha bu barədə baş sındırmağa dəyməz. Bir də siz hələ məni bir yana çıxarın, sonra öyünün…
– Bu da düz sözdür, – deyə oğlan gülümsədi. Getdik…
– Getdik! – deyə qız təkrar etdi və üzüaşağı götürüldü.
– Nə edirsiniz? – deyə oğlan qışqırdı. – Dayanın!
Qız addımlarını yavaşıtdı. Oğlan ona çatıb:
– Belə yerlərdə, – dedi, – zarafat olmaz…
* * *
… Mərdan, Laçın və Elxan meşə ilə irəliləyərək həyəcan və təlaş içində qızı axtarırdılar. Laçın tez-tez əlini ağzına qoyub çığırırdı:
– Leyla, hey!..
Elxan əlini ağzına qoyub çığırırdı:
– Leyla, hey.
Mərdan qaşqabaqlı bir sükutla budaqları aralayıb, kolların qaranlıq diblərini… mağaraları nəzərdən keçirdi…
* * *
Oğlan ilə Leyla sıldırımlı dağ aşırımını enirdilər.
Artıq qaranlıq düşmüşdü.
Oğlan qabaqda gedərək yolu əl fənəri ilə işıqlandırırdı…
– Buralar yaman sürüşkəndi, diqqətli olun, – deyə oğlan çiyni üzərindən geri qanrıldı…
Və sanki qız bir an nəzərlərini yerdən çəkib ona baxdığı üçün nəyə isə ilişib yıxıldı…
Oğlan hövlnak geri döndü və əyilib qızın əlindən tutaraq:
– Eybi yoxdur, – dedi, – qalxın.
Qız oğlanın əlindən yapışaraq qalxdı. Lakin həmin anda da:
– Oy… – deyib, yerə oturdu.
– Nə oldu? – deyə oğlan təşvişlə işığı onun üzünə saldı.
Qız ağrının şiddətindən üz-gözünü turşudaraq:
– Deyəsən, ayağım burxuldu, – dedi.
… Meşədə üç balaca işıq sürətlə ora-bura hərəkət edirdi və ara-sıra, “Leyla hey!” deyə gah Laçının, gah da Elxanın səsi eşidilirdi…
Oğlan qaranlıqda əlini qıza uzatdı:
– Gəlin bir də yoxlayaq, – dedi.
Leyla onun əlindən tutaraq, qalxmağa çalışdı. Lakin ağrının şiddətindən dodağını bərk-bərk dişləyərək, yerə oturub, bir neçə saniyə gözü yumulu qaldı, sonra oğlana müraciətlə və qəti şəkildə dedi:
– Bilirsinizmi, nə var? Siz gedin. Əgər, bir şenliyə rast gəlsəniz, atdan-eşşəkdən tapıb, gəlib məni də apararsınız.
– Elə şey olmaz. Mən sizi burda tək-tənha qoyub gedə bilmərəm. Qalxın, məndən yapışın, siz bir ayaqlı, mən də iki ayaqlı, yavaş-yavaş gedək.
… Və o qızın qollarından tutub qaldırdı.
– Ağrıyan ayağınızı yerə asta qoyun.
Qız əli ilə onun çiynindən yapışdı… Sonra onlar yoxuşu enməyə başladılar.
Qız ağrının şiddətindən dodağını bərk-bərk sıxmışdı. Oğlan bunu hiss edirdi.
* * *
… Meşənin içində, balaca bir təpənin üstündə üç işıq bir-birinə yaxınlaşdı.
– Gərək mən axmaq onu tək buraxmayaydım… – deyə Laçın yana-yana dilləndi.
– Sən hardan biləydin ki, bir dəqiqənin içində elə tufan qopacaq, – deyə Elxan məyusluqla cavab verdi.
– Gərək biləydi, – deyə Mərdan papiros çıxarıb yandırdı. – Mən sizə demişdim ki, bu yerlərin havası dəqiqədə bir rəngə düşür. Görürsünüzmü, on dəqiqə bundan qabaq göy zülmət idi… Amma indi ulduz ulduzu çağırır.
Və o, papirosundan dərin bir nəfəs alaraq:
– Ancaq indi bu barədə gileylənməyin vaxtı deyil, – dedi. Leyla düşərgəyə qərb tərəfdən gəlməli idi. Ona görə, biz də şərqdən qərbə doğru, ta meşədən çıxana qədər axtarışı davam etdirməliyik. Bir-birimizdən on beş-iyirmi addımdan çox aralanmamalıyıq.
* * *
… Qız uzaq dağın döşündə zəif bir işıq görcək sevinclə səsləndi:
– İşıq!..
Oğlan gözlərini yoldan çəkib baxdı.
Qız dedi:
– Qoyun mən burda oturum, siz gedin o işıq gələn yerdən…
– Olmaz! – deyə oğlan onun sözünü kəsərək, papiros çıxarıb yandırdı və bir nəfəs çəkəndən sonra zarafatyana dedi:
– Bu saat canavarın cavan qadın ətinə yerikləyən vaxtıdır…
… Onlar böyük çətinliklə irəliləyirdilər. Oğlanın üzündən tər axırdı.
… Birdən qız yerə çökərək:
– Yox, – dedi, – daha gedə bilmirəm.
… O zaman oğlan tüfəngini belinə keçirib, ani bir çevikliklə qızı iki qolu arasına alaraq yoluna davam etdi.
– Nə edirsiniz? – deyə qız oğlanın qolları arasında çırpındı. – Axı, siz də taqətdən düşmüsünüz… Qoyun yerə.
– Sakit! – deyə oğlan qəzəblə səsləndi.
Və bir neçə saniyə sonra qəribə bir mehribanlıqla əlavə etdi:
– Siz o qədər də ağır deyilsiniz.
Qız ona baxdı. Oğlan bu baxışları hiss etsə də, gözünü yoldan çəkmədi…
… Oğlan çətinliklə nəfəs alırdı.
– Məni qoyun yerə, bir az dincəlin, – deyə qız, sanki ən yaxın adamına müraciət edirdi.
Oğlan cavab verməyərək, yoluna davam edirdi. Onun üzündən sel kimi tər axırdı.
– Ayağınız çox ağrıyır? – deyə oğlan eyni mehriban ifadə ilə soruşdu.
– Sizin əziyyətiniz məni ayağımdan çox incidir, – deyə qız üsyankar ifadə ilə cavab verdi.
… Oğlan cavab vermədən yoluna davam edirdi.
Qız sağ əlini qaldırıb, oğlanın çılpaq boynundan tutaraq, gözlərini yumdu və elə bu zaman işıq gələn tərəfdə itlər hürüşdü. Sonra:
– Əyə, kimsən hey, – deyə qaranlıqdan soruşdular…
İtlər daha bərkdən hürüşdü.
Oğlan bərkdən cavab vermək istədi. Lakin nəfəsi çatmadı.
– Ə, niyə dinmirsən? – deyə səs təkrar eşidildi. – Kimsən, səsini çıxar! Yoxsa odladım…
Və qaranlıqda çaxmaq şaqqıltısı eşidildi.
O zaman oğlan qızı usdufca yerə qoyaraq, nəfəsini bir an dərdi:
– Yol azmışıq, – deyə batqın səslə cavab verdi. – Yaxın gəl, kömək elə!..
– Nəyə kömək eləyim? – deyə indi səs yaxından eşidildi və oğlan əl fənərinin işığını həmin tərəfə saldıqda, çiynində yapıncı, əlində beşatılan tüfəng olan cavan bir adamın dayanıb onlara baxdığını gördü və acıqlı bir ifadə ilə:
– Niyə durmusan, – dedi, – quldur-zad deyilik ki…
Çoban ehtiyatla yaxınlaşaraq:
– Bu qıza nə olub, ə? – deyə soruşdu.
– Bu oğlan, qızı yeddibaşlı divin tilsimindən qurtarıb qaçıranda yıxılıb, ayağı burxulub, – deyə qız cavab verdi.
– Necə? – deyə çoban təəccüblə səsləndi.
Oğlan belə bir vəziyyətdə zarafat eləyən qıza təəccüblü bir nəzər salaraq, əyilib onu yerdən qaldırdı… Sonra amiranə bir səslə çobana dedi:
– Düş qabağa…
… Çobanın balaca otağı fənər ilə işıqlanmışdı… Ortada ocaq yanırdı.
– Buyurun, – deyə çoban, onları özündən qabaq içəri buraxdı.
Oğlan qızı ocağın qırağındakı ayı dərisinin üstünə qoyaraq, dərindən nəfəs aldı.
– Deyəsən, yaman yorulmusan… – deyə çoban oğlana baxaraq, çayniki ocağın üstünə qoydu. Sonra qıza ötəri bir nəzər salıb soruşdu:
– Hansı ayağındır?
Qız sağ ayağını göstərdi.
Çoban bir anlıq tərəddüddən sonra, ocağın yanındakı kötüyün üstündə oturmuş oğlana müraciətlə:
– İzin versəydin, baxmaq olardı…
– Bəyəm başın çıxır? – deyə oğlan birdən-birə canlanaraq soruşdu.
– Bir az başım çıxır, mənim atam da, babam da sınıqçı olublar.
Qız ayağını irəli uzadaraq, – Gəlin baxın, – dedi.
Lakin çoban yerindən tərpənməyərək, eyni tərəddüd içində oğlana işarə ilə:
– Əgər, – dedi, – yoldaşın razı olarsa, baxmaq olar…
Qız ayağının ağrısına baxmayaraq, bərkdən güldü:
– Yoldaşım qısqanc deyil, gəlin baxın, – dedi.
Oğlan ciddi ifadə ilə çobana dedi:
– Bax, görək nə olub?
… Çoban qızın çəkməsini, corabını usdufca* çıxararaq, onun gözəl ayağını diqqətlə müayinə edirdi…
Oğlan qaşqabaqlı nəzərlərlə baxırdı.
Qız dodaqlarını bərk-bərk sıxaraq, ağrıya davam gətirməyə çalışırdı. Çoban qızın ayağına nə isə elədi. Qız bərkdən qışqırdı!
… Çoban qızın ayağını sarıyıb qurtarandan sonra:
– Qorxma, – dedi, – tez sağalar.
Sonra oğlana müraciətlə əlavə etdi:
– Ancaq beş-altı gün gərək uzansın.
– O… beş-altı gün… – deyə qız oğlana baxdı.
– Azı… – deyə çoban, nə üçünsə gülümsədi.
Sonra balaca taxta şkafı göstərib dedi:
– Orda çörək, pendir… çay, qənd də var… Mən gedirəm qoyunun içinə, siz pal-paltarınızı qurudun, rahatlanın.
Sonra qatlama çarpayıya işarə ilə dedi:
– O da mənim yorğan-döşəyimdir. Rəbiyə bu gün təzə döşəkağı, yastıqüzü göndərib… Heç hələ qatını da açmamışam…
– Rəbiyə arvadındır? – deyə qız maraqla soruşdu.
– Bəli, arvadımdır, – deyə çoban xəfifcə gülümsədi. – Özü də yeddi oğul, bir qız anasıdır. O “Vaqif”dəki küpəgirən qarı demişkən…
– Özünüz belə cavan… – deyə qız gülümsəyərək, cümləsini bitirmədi.
– Cavan deyəndə ki… siz deyən çox da cavan deyiləm. Otuz səkkiz yaşım var… Ancaq Rəbiyə ilə yarışa girmişik, o, uşaqların sayını artırmaqdadır, mən də qoyunların… görək axırı nə olur…
– Yaxşı yarışdır… – deyə qız bərkdən güldü…
– Gecəniz xeyrə qalsın, – deyə çoban qalxıb yapıncısını götürdü… Qız soruşdu:
– Bəs, siz özünüz harada yatacaqsınız?
– Qoyunun içində.
Və gülümsəyərək əlavə etdi:
– Göydəki ağ buludlar yorğanıdır çobanın! Yadınızdadır, məktəbdə oxuyardıq…
… Çoban gedəndən sonra balaca otağa ani bir sükut çökdü. Hər ikisinin gözü çırtıltı ilə yanan ocağa zillənmişdi.
– Yamanca kələyə düşdük… – deyə, nəhayət, qız gözlərini ocaqdan çəkib oğlana baxdı.
– Bir kələyi yoxdur. İşdir olub, ancaq, sizinkilər indi yəqin ki, yaman təşviş içindədirlər.
– “Bizimkilər”, – deyə Leyla zarafatyana cavab verdi, – ərimlə iki geoloq yoldaşımdan ibarətdir… Onlar da kişidirlər, dözərlər…
– Ata-ananız yoxdur?
– Heç kəsim yoxdur.
… Yeganə stəkanda qıza, dəmir dolçada da özünə çay tökdü…
… Sonra oğlan yorğan-döşəyə təzə yastıqüzü, təzə döşəkağı çəkərək:
– Bu lap ingilis kraliçasına layiq yer oldu, – dedi və qızın əllərindən tutaraq qaldırdı.
– Bəs siz? – deyə qız çarpayının üstündə oturaraq soruşdu.
Oğlan ocağın qırağındakı ayı dərisini göstərdi:
– Siz soyunun yatın. Mənə görə narahat olmayın, – dedi və qapıdan çıxdı.
… Qız soyunub paltarlarını ocağın yaxınlığındakı stolun üstünə sərərək, çarpayıya uzandı…
… Məcməyi boyda Ay üfüqdən qalxaraq, meşəli dağları, çölləri gümüş kimi işıqlandırdı.
… Oğlan yavaş-yavaş addımlayaraq, böyük ağıla yaxınlaşdıqda, itlər bərkdən hürüşdülər…
– Ay it! – deyə qədd-qamətli çoban ağılda yatışan qoyunların arasında göründü.
… Oğlan ilə çoban ağılın kənarında dayanmışdılar.
Çoban deyirdi:
– Düzü, mən meşənin o biri tərəfində olmamışam. Ona görə də, o yerlərə bələd deyiləm. Bu tərəflərdə də qızıl axtaranlara rast gəlməmişəm… Səhər açılsın, xeyir gəlsin…
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?