Текст книги "Seçilmiş əsərləri"
Автор книги: İlyas Əfəndiyev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]
O, gülə-gülə:
– Eyvaz, – dedi, – sənə demədim ki, fürsəti əldən vermə?
– Nə olub?
– Guya ki, bilmirsən?
– Bəyimlə Humayın əhvalatını deyirsən?
– Yoxsa, sənə təsir eləmir?
– Eh… Nə çoxdur dünyada qız…
– Afərin, bax, bunu yaxşı dedin. Bir qız ki, məni istəmədi, mən onu heç dünəndən istəmirəm…
– Vəssalam!
– Lap istəyir dünya gözəli olsun!
– Lap istəyir mələk olsun!
– Amma öz aramızdır, mühəndis pis oğlan deyil.
– Bəyim pis oğlanı istəyər?
– Doğrusu, bu məsələdən sonra əvvəllər onu görəndə əllərim yaman gicişirdi.
– Nə danışırsan, Şahlar?
– Amma indi baxıb görürəm, qıyılmalı oğlan deyil. Sən öləsən, o gələndən bəri MTS-in maşınları saat kimi işləyir. Deyirlər, başı çıxmadığı iş yoxdur. Amma, bura bax, Musa dayı ona qız verməyəcək…
– Nə üçün?
– Necə nə üçün? Xəbərin yoxdur? Məsələ qaldırıb ki, dəyirmanı elektrikləşdirsin. Musa dayını da ki, tanıyırsan, dəyirman dədəsindən qalıb, elə bilir ziyarətgahdır. Sən ölməyəsən, dəsgah olacaq… Belə hara gedirsən?
– MTS-ə.
– Niyə?
– Humayı götürüb, Musa dayıgilə gedəcəyəm. Bəyim bizi qonaq çağırıb.
– Sənin məhəbbətindən qətiyyən baş açmıram. Xudahafiz.
Şahlar acıqlı halda uzaqlaşdı.
Mən onun arxasınca baxaraq gülümsədim: “Burada baş açılmayacaq nə var ki?”
Maşın-traktor stansiyasının geniş həyəti cürbəcür kənd təsərrüfatı maşınları ilə dolu idi. Humay bir dəstə cavan mexanizatorla “S-86” traktorunun açılmış motoru yanında dayanıb, onlara nə isə izah edirdi. Başı söhbətə o qədər qarışmışdı ki, mənim gəldiyimi belə hiss etmədi. Qədir də burada idi. Hamıdan qabaqda dayanaraq, gözlərini qıyıb, mühəndisin sözlərinə diqqətlə qulaq asırdı.
Humay tez-tez əyilib-qalxır, əli ilə motorun yağlı hissələrinə toxunaraq, fikirlərini əyani surətdə başa salırdı. Onun gözləri indi hər zamankından daha parlaq və canlı görünürdü.
Mən, mane olmamaq üçün, qiraət otağına gedib, qəzetlərə baxdım…
…Biz Qədiri də dartıb özümüzlə birlikdə Bəyimgilə apardıq, o da mənim kimi, Rəşidlə bərk dost idi.
– Qorxuram Musa kişi bizi qova, – deyə o, bərkdən güldü. – Bu gün dəyirmanın tokla işləməyi barədə qərar çıxarmışıq.
Mən, Şahların bayaqkı sözlərini xatırladım: “Doğrudan da, onlara niyə gedirəm? Yaxşısı budur ki, bir şey bəhanə elə, geri qayıt”. Lakin qayıtmadım.
Biz qoşa çinarın altından keçib, qırmızı darvazadan içəri girdik, taxta pilləkənlə Musa dayının evinə qalxdıq.
Üzərinə ağ süfrə çəkilmiş stolun arxa tərəfində qoyulmuş enli taxta çarpayıda yastığa dirsəklənib kitab oxuyan Rəşid ayağa qalxdı, qabağımıza yeriyərək, hər birimizlə görüşdü. Sonra stulları göstərdi:
– Əyləşin.
Bəyim də gəlib bizə salam verdi və dərhal qayıdıb getdi.
Rəşid ucaboylu, gözəl, gülərüz bir oğlandı. Atasının gözləri kimi, bir az dərində olan qara gözləri ilə qonağa diqqət yetirərək dedi:
– Əgər, səhv etmirəmsə, siz bizim MTS-in mühəndisisiniz?
Qədir təsdiq etdi:
– Özüdür ki, var.
– Atamın kürkünə yaman od salmısınız. Acığından bu gün hamımızla dalaşıb. Mənə deyir ki, sən ispolkomla danış, qoymasın dəyirmana əl vuralar… Deyirəm, ay ata, dəyirmanın sahibi arteldir, ispolkom nə deyəcək ?
Rəşid gülümsəyərək, stolun üstünə qoyulmuş açıq “Kazbek” qutusundan bir papiros götürüb yandırdı.
Eyvanın o biri başındakı kürənin üstündə nə isə bişirən Kəklik xala kök bədənini yırğalaya-yırğalaya gəlib, bizə “xoş gəldin” elədi. Onun əynində qolları enli boz köynəklə qara arxalıq, uzun tuman, başında ağ haşiyəli bənövüş kəlağayı var idi.
– Necəsən, ay bizim dağların kəkliyi? – Qədir ona sataşdı.
– Hər halda, səndən qıvrağam, – Kəklik xala onun köklüyünə işarə vuraraq, dil altında qalmadı.
– Elə olar da! Kişini qupquru qurudub, özün, maşallah, gündən-günə ətə-cana gəlirsən.
– Bəsdir ha! – Kəklik xala məclisdə yad qonaq oturduğu üçün həya ilə yaylığını ağzına çəkdi.
Qədir gülərək:
– Eybi yoxdur, – dedi, –bunlar da bizim uşaqlarımızdır, sirrinizi heç yerdə açmarıq.
– Bizim təzə inciner bu oğlandır?
– Hə, budur, ana, – deyə Rəşid cavab verdi, adı da Humaydır.
Kəklik xala gülümsədi:
– Deyirəm, a kişi, niyə acıqlanırsan? İndi tok əyyamıdır. Görmürsən, fermanın qoyunlarını da tokla qırxırlar. O gün qız deyirdi ki, bir azdan taxılbiçən maşın da tokla işləyəcək, traktor da… A kişi, deyirəm, indi ki, belədir, sən bu su dəyirmanı ilə ortada tək qalıb nə qayıracaqsan?
– Elədir, ana, – Rəşid ciddi təsdiq etdi.
Sonra bizə müraciətlə:
– Bilirsinizmi, – dedi, – o dəyirmanı sudan ayırmaq atama ağlasığmaz bir iş kimi görünür. Neçə dəfə olub ki, gecə bu eyvanda oturduğu yerdə birdən çayını yarımçıq qoyub, ayağa qalxıb ki, gedirəm dəyirmana, novun suyu azalıb. Soruşmuşuq “nədən bildin?”, deyib “səsindən”.
– Lalın dilini anası bilər, – deyə Kəklik xala dönüb kürənin yanına getdi.
Bəyim stolun süfrəsini dəyişdi, sonra bizə çay gətirdi. O, heç kəsə baxmırdı. Hətta, Humaya da… Xoşbəxt istəklilər həmişə belədir. Onların gözlərini bir-birinə zilləmələrinə ehtiyacları yoxdur. Etdikləri əhd-peyman onların qəlblərini birləşdirib bir qəlb etmişdir. Onlar gözləri ilə baxmasalar da, bir-birini görürlər.
Bəyimin öz əlləri ilə dəmləyib tökdüyü çay, çiçək kimi silib təmizlədiyi stəkanlar mənə doğma, eyni zamanda, uzaq və həsrətli duyğular təlqin edirdi. Elə bil ki, içərimdə, nə isə, şüşə kimi hey sınıb-tökülür, çilik-çilik olurdu. Bəyim mürəbbə qablarından birini mənim qabağıma çəkərək:
– Eyvaz, – dedi, – mürəbbə götür.
– Sağ ol, Bəyim.
Müsahiblərin arasında söhbət qızışmışdı. Humay, Rəşidə deyirdi:
– Yeni dəyirman barəsində sədrlə də aramızda mübahisə var. Mən bu fikirdəyəm ki, köhnə dəyirmanın balaca qaranlıq otağı bizim düşündüyümüz elektrik dəyirmanı üçün yaramaz. Binanın özünü də təzələmək lazımdır.
– Şübhəsiz! Sədr buna niyə etiraz edir ki? – deyə Rəşid soruşdu.
Qədir, qırmızı ətli ovurdlarını şişirdərək nə isə fikirləşdi. Sonra gözlərini qıyıb başını yana əydi:
– Axı, dəyirman gəlin-zad deyil ki, bəzək-düzək vuraq. Maşınları yaxşı işlədi, bəsdir. Bir də, filan qədər xərc töküb, təzə bina tikmək nəyə lazımdır?
– Məsələ bəzək-düzəkdə deyil. On il bundan qabağa qədər biz, bax, onun içində olurduq, – Rəşid həyətin sağ tərəfindəki balaca kərpic binanı göstərdi, – ancaq güzəranımız yaxşılaşandan sonra baxdıq ki, daha ora bizə əl vermir. Təzə aldığımız çarpayıları qoymağa yer tapmırıq. Ona görə də, bu evi tikdik.
– Doğrudur, – deyə Humay hərarətlə təsdiq etdi. Hətta, mən deyirəm ki, dəyirmanın əsas binasından başqa, dən üyütməyə gələnlər üçün də bir-iki otaq tikək. Balaca bir qiraətxana düzəldək. Bəs necə?.. İşi görmə, gördün əsaslı gör! Yarımçıqdan mətləb çıxmaz.
– Bəs, dəyirmanın köhnə binası nə olsun? – deyə Qədir ondan soruşdu.
– Nə olacaq? Uçurdub daşından istifadə edərik. Yerində də Eyvaz gözəl bir bağça salar.
Qədir dedi:
– Əşi, sən ölməyəsən, onda Musa bizi topa tutar!
Rəşid gülümsəyərək:
– Mən sizin fikrinizə tamamilə şərikəm, – deyə Humaya müraciət etdi.
Sonra o, Qədirə tərəf döndü:
– İstəsəniz, yeni dəyirman binası üçün sizə yaxşı bir layihə düzəldərəm.
– Daha nə deyirsiniz? – Humay sədrə baxdı.
Qədir ağ dəsmalla tərini silərək:
– Görürəm ki, sən Musa kişiyə qənim kəsilmisən, – deyə Humayla zarafat etdi. – Qoyun bir heyətlə məsləhətləşim, görüm nə deyirlər?
– Heyət təsdiq edəcək.
– Təsdiq eləsə, mənim də bir sözüm yoxdur.
Sonra o, məzəli bir ifadə ilə boynunun ardını qaşıyaraq əlavə etdi:
– Ancaq dəyirmanın binası söküləndə, gərək mən alapaça ürgəni minib kənddən qaçam.
Hamımız gülüşdük. Gəlib stəkanları yığışdıran Bəyim:
– Qədir dayı, bax, atama sataşma ha! – deyə onu hədələdi.
– Canım üçün, Bəyim, Bədirxandan o qədər qorxmuram, nə qədər ki, atandan qorxuram.
Humay etiraz etdi:
– Bədirxan xala çox mehriban arvaddır.
– Yaman! – Qədir başını buladı. – Qoy pambığın suyu başlasın. Gör necə mehriban olur!..
Bəyim qab-qacaq düzərək, anasının çəkdiyi plovu gətirib stolun üstünə qoydu. Qardaşı və Qədir nə qədər təklif etdilərsə də, özü gəlib bizimlə oturmadı. Kəndimizin köhnə adətlərindən bir çoxu hələ öz hökmündə idi. Qadınlar, xüsusən ərlik qızlar kişi məclisində oturub, çörək yeməzdilər ki, “ayıbdır”.
Kəklik xala gözəl yeməklər bişirməsi ilə məşhur idi. Toylarda asılan qazanlara gərək o, heç olmazsa, bir nəzər salıb, göstəriş verə idi.
Biz çörək yediyimiz zaman Musa dayı eyvana çıxıb ədəblə, lakin quru və sərt bir ifadə ilə:
– Hamınız xoş gəlmisiniz, – dedi.
– Keç, əyləş, əşi, – Qədir qaşıqla dolu düyünü ağzına apararaq, böyründəki kürsünü göstərdi.
– Siz yeyin, mən çay içəcəyəm…
– Deyəsən, ürəyinin yanğısı hələ sönməyib.
Musa dayı Qədirin nəyə işarə vurduğunu hiss edərək, cavab verməyib, dilxor halda otağa keçdi. Qədir çiyinlərini qısaraq xısın-xısın güldü. Rəşid də gülümsədi.
Sonra mən Bəyimin iri nazik stəkana necə səliqə ilə çay töküb içəri apardığını gördüm.
Çörəkdən sonra biz soyuq Qarabağ dovğası içib, ordan-burdan söhbət edirdik. Bəyim söhbətdə iştirak etmir, üzərinə iydə budağı əyilmiş məhəccərə söykənib, həyətə baxırdı. Görəsən, nə düşünürdü?
Köklüyünə baxmayaraq, məclisdə hamımızdan az yeyən Qədir dəsmalla üzünün tərini silib Rəşidə deyirdi:
– Bu Humayı Allah bizə yaxşı yetirib. Gərək toku möhkəm işə salaq. O boyda dəmirçixanamız var, dəhnəmiz var.
– Bütün bunları elektrikləşdirmək üçün siz, hər şeydən əvvəl, mühüm bir tədbir görməlisiniz, – Rəşid əvvəlcə Qədirə, sonra da Humaya baxdı.
Qədir soruşdu:
– Nə tədbir?
– “SES”-i gücləndirmək.
– Doğrudur, – deyə mühəndis təsdiq etdi. İndiki “SES”-in elə böyük işlərə gücü çatmaz.
Qədir gözlərini qıyaraq fikirləşdi. Sonra qəti dedi:
– Böyüdərik. Su var, pul var, mühəndis də var. Daha nə lazımdır? Sərin düşdü, durun enək bağçaya. Musanın ağacları bu il yaman bar gətirib. Eyvaz, aşağı bağlardakı heyvalara qarışqa daraşıb, görmüsənmi?
– Sabah hamısını əhəngləyəcəyik.
Biz bağçaya endiyimiz zaman Humay ayaq saxlayıb, Bəyimə nə isə dedi. Qız lap güclə sezilən bir təbəssümlə altdan-yuxarı ona baxaraq dinmədi.
… Rəşidin verdiyi o kiçik qonaqlıqdan xeyli keçmişdi. Tökülmüş çiçəklərin yerində yaşıl meyvələr görünürdü. Zəmilər biçildi, tayalar vurulurdu. Ot çalımı çoxdan qurtarmışdı. Yük maşınları tez-tez dəyirman dərəsinə enərək, daş, qum, ağac boşaldıb qayıdırdı. Yetmiş ildən bəri ara vermədən səslənən su dəyirmanı ömrünün son günlərini yaşayırdı. Daim sükut içində olan Musa dayının demisi ağzından düşmürdü. Bu az müddətdə qonağın şöhrəti bütün rayona yayılmışdı. Onu tez-tez qonşu kəndlərə aparırdılar. Məsləhət alırdılar. İşi nə cür qurmuşdusa, MTS-in maşınları saat kimi işləyirdi.
Bir axşam çörək yeyəndən sonra o:
– Eyvaz, – dedi, – istəyirəm Musa dayının yanına elçi göndərəm, ağlın nə kəsir?
Mən fikirləşdim: “Görəsən, bu dəyirman əhvalatından sonra Musa dayı bizim qonağın elçisinə nə cavab verər?” Və dedim:
– Əlbəttə, göndərmək lazımdır.
– Ancaq bilmirəm kimi göndərək?
Mən heç bir kəsi xatırlaya bilmirdim. Qəribə idi, elə bil ki, kəndimizdəki adamların adları tamam yadımdan çıxmışdı.
– Bədirxan xalanı göndərsək, necə olar?
– Hə… gör heç ağlıma gəlirmi?.. Yaxşı tapmısınız. Musa dayı ilə bacarsa, ancaq anam bacarar. Su üstündə tez-tez dalaşsalar da, bir-birinin xətirlərini istəyirlər. Ay ana, bir bura gəl görək…
Humay həyəcanla ayağa qalxdı. Anam o biri evin qapısını açıb içəri girdi. Mən ona dedim:
– Elçi getmək lazımdır.
Arvad təəccüblə üzümə baxdı:
– Kimin üçün?
– Humay üçün.
– Humay kimin kürəkəni olmaq istəyir?
– Musa dayının?
– Hansı Musa dayının?
– Dəyirmançı…
– Nə olar, Bəyim qızların padşahıdır.
Sonra anam Humaydan soruşdu:
– Bircə de görüm, atan nə iş görür?
– Müəllimdir.
– Hə… Bəs, anan?
– Anam yoxdur, ögey anam var.
– Qardaş-bacın necə, var?
– Xeyr, təkəm.
– Ay arvad, – dedim, – belə anket doldurmaqda fikrin nədir?
– Nə olacaq, kimin üçün elçi getdiyimizi gərək bilək, ya yox?
– Doğrudur, doğrudur, – deyə Humay cəld təsdiq etdi.
– Yaxşı, ana, indi nə vaxt gedirsən?
– Nə vaxt məsləhətdir?
– Lap elə sabah!
– Nə olar…
– Ancaq bir az ehtiyatlı danış. Musa dayının xasiyyətini bilirsən.
– Mənə tərslik eləyə bilməz. Qızın “hə”sini almısınız?
– Eh… Göydə!.. Bəs onsuz olar? – deyə mən təəccüblü bir ruh yüksəkliyi ilə cavab verdim. Lakin, bununla belə, otağın havası mənə azlıq edirdi. Humayla anamı evdə qoyub, bayıra çıxdım.
Gecə isə, həmişəki tək sakit və əzəmətli idi. On dörd gecəlik Ay düz Bəyimgilin evlərinin dalındakı qoşa çinarın üstündə dayanmışdı. Yarpaqları Ay işığında gümüş kimi parıldayan iydə ağacının ardındakı eyvanda heç kəs yox idi. “Bir dünyanın işinə bax, Bəyim! Səni başqasına istəmək üçün mən öz anamı elçi göndərirəm… Nə olar ki?.. Yəqin mənim yerimə sən də belə edərdin. Adam düşmən gülləsinin yarasına dözür. Halbuki sən mənim bu dünyada ən çox istədiyim, sevdiyim bir insansan!..”
Səhər bütün günü Bəyimi görmədim. Yalan nə deyim, qəsdən görməməyə çalışdım. Nə qədər də olsa, ağırdır. Görməyəndə yenə birtəhər dözmək olur. Bu bağdan girib, o birindən çıxdım. İki dəfə Şahların mənimlə danışmaq istədiyini hiss edərək, cəld uzaqlaşdım. Nə deyəcəyini gözlərindən bilirdim. Dünyada bu sual-cavabdan da pis şey varmı?!
Axşamçağı camaat işdən qayıdandan sonra anamı geyindirib-kecindirib qonşumuz Tükəz xala ilə birlikdə Musa dayının evinə göndərdik.
Humay yaman həyəcan keçirir, bir yerdə dayana bilmirdi.
– Siz nahaq yerə narahat olursunuz, mən ona təsəlli verirdim. – Qızın rəyi olandan sonra kim nə deyə bilər?
– Musa dayı məni görəndə üzünü o yana çevirir. Heç ağlım kəsmir ki, razılıq versin. Ancaq, yenə də, adam göndərmək lazım idi, – deyə o, gözlərində ciddi və ağıllı bir ifadə olduğu halda otaqda gəzinirdi.
– Çalışarıq razı olsun, olmasa, ayrı bir yol taparıq.
Humay mənim nə demək istədiyimi başa düşərək, eyni ciddi ifadə ilə:
– Yox, – dedi, – razılıq verməsə, çətin olacaq.
– Niyə axı?
– Qız atasının razılığı olmadan ərə getmək istəmir. Yaxşı da eləyir.
– Yaxşı eləyir?
– Əlbəttə.
– Mən sizi anlaya bilmirəm. Tutaq ki, Musa dayı heç razılıq vermədi, qız da onun sözündən çıxmadı. Bəs, onda nə olsun?
– Çalışıb Musa dayını razı salmaq lazımdır. Mən bu əqidədəyəm ki, evlənən üçün ata-ananın rəyi əsas şərtlərdən biridir. Tutaq ki, Musa dayı, onun ata yadigarını dağıdıb, ayrı bir şəklə saldığım üçün mənə nifrət edir. Biz, yəni, Bəyimlə mən, bunu bir gerilik əlaməti hesab edərək, nəzərə almaya bilərik. Çünki cəmiyyətin xeyri dəyirmanın indi su ilə deyil, elektriklə işləməsindədir. Demək, məntiq bu konfliktin bizim xeyrimizə həll olunmasını tələb edir, elə deyilmi?
– Elədir…
– Ancaq, axı, Bəyimi böyüdüb boya-başa çatdıran Musa dayıdır. Axı, onun ömrünün ən yaxşı çağları Bəyimə, bir də camaat üçün işləyən o su dəyirmanına sərf olunub… İndi bunları onun əlindən alıb, özünü də rədd etmək böyük ədalətsizlik olmazdımı?
Bu zaman anam hirsli-hirsli içəri girdi.
– Nə oldu, ay arvad? – deyə mən həyəcanla soruşdum.
O mənə cavab verməyərək Humaya dedi:
– Lap günü sabah qızın qolundan tutub gətirərsən, eşitdinmi? Qoy ondan sonra dəyirmançı Musa ha atılıb-düşsün.
– Bir başa sal, görək nə dedi?
– Deyir, qızı o dəyirmanın boğazına atıb öldürərəm, amma ona vermərəm. Dedim, heç özündən çıxıb-eləmə. Bu, keçmiş zəmanə deyil… Ondan adam olmaz, vəssalam. Nə qədər eyham vururuq ki, qızla oğlan alışıb-verişiblər, başa düşmür. Götür gəl, qoy qalsın yana-yana. Onda ağıllanar.
… Ertəsi gün, dəyirmanın qabaq tərəfində saldığımız alma bağının yanında Humayla Bəyimi dayanıb danışan gördüm. Qızın üzü solğun idi. Gözlərində kədər və təlaş var idi. Mən salam verib keçəndə, nəzərləri bir an üzümdə dayandısa da, fikrinin çox uzaqlarda olduğunu hiss etdim. Yəqin ki, bu anda mən onun üçün tamamilə yad bir adam idim.
Nahardan sonra Humay pencəyini geyərək:
– Eyvaz, – dedi, – xahiş edirəm mənimlə bir yerə gedəsən.
– Haraya?
– Yolda deyərəm.
Həyətdən çıxıb sükut içində bir qədər gedəndən sonra Humay dilləndi:
– İstəyirəm Musa dayı ilə şəxsən özümüz danışaq.
Doğrusunu deyim ki, Humayın sözü məni ürkütdü. Çünki evlənmək istəyən oğlanın qız barəsində gedib onun atası ilə danışması (xüsusən atası ilə) indiyə qədər bizim kənddə görünməmiş bir iş idi. Qorxurdum ki, Musa dayı Humaya ağır bir söz deyə, mən də pis vəziyyətdə qalam .
– Bəlkə Qədirə deyək, bir-iki ağsaqqal da götürüb…
O, sözümü kəsərək:
– Yox, – dedi, – özüm danışacağam. Əgər, sən getmək istəmirsənsə…
– Nə üçün? Gedək!..
Mən vaxtilə fövqəladə qəhrəmanlıqlar haqqında düşünərdim. İndi öz dostumun işi üçün Musa dayının yanına getmək nədir ki?..
Su dəyirmanı hələ işləyirdi. Onun qabaq tərəfindəki açıqlıqda isə, bizim camaatın dili ilə desək, təzə “tok dəyirmanı” tikilirdi. Binanın layihəsini Rəşid vermişdi. O hərdən gəlib, işin gedişinə baş çəkirdi. Srağagün də gəlmişdi. Gülə-gülə bizə deyirdi ki, “maşını düz sürdüm dəyirmana. Yaxşı ki, atam orada deyildi…”
Usta Qara ilə şagirdləri hörgünü xeyli qaldırmışdılar.
Musa dayı, adəti üzrə, novun bəri tərəfindəki böyürtkən kollarının kölgəsində oturub demisini tüstülədirdi. Bizi görəndə üzünü o yana çevirdi. Bir istədim deyəm ki, Humay, gəl sən bu daşı ətəyindən tök, ancaq demədim.
Humay, köhnə dost kimi, tamamilə sərbəstcə:
– Salam, Musa dayı, – dedi və kişinin gözlərindəki qəzəbə əhəmiyyət verməyərək, otların üstünə əyləşib, mənim də oturmağıma işarə etdi.
Əyləşdim. Sonra Humay heç tərəddüd etmədən:
– Musa dayı, – dedi, – mən sizinlə danışmağa gəlmişəm.
Musa dayı bir neçə saniyəlik sükutdan sonra bizə tərəf baxmadan soruşdu:
– Nə barədə?
– Mən sizinlə Bəyim barədə danışmaq istəyirəm…
Musa dayı iti və sərt bir hərəkətlə üzünü bizə tərəf çevirib, heyrətlə əvvəlcə mənə, sonra Humaya, sonra yenə mənə baxdı. Sanki kişi Yer üzündə görünməmiş qəribə bir şey eşitmişdi. Birdən barıt kimi açılaraq, dəyirmanın şırıltısını batıran qəzəbli səslə mənim üstümə qışqırdı:
– Ə, Bədirxan oğlu, bunun haradan çıxdığını bilmirəm, bəs, sən heç utanıb-qızarmırsan?
Humay pərt, lakin sakit halda dedi:
– Niyə təhqir eləyirsiniz, biz ki, bir pis iş eləməmişik?
Musa dayının dərindən baxan gözlərindən od tökülürdü:
– Üzünüzdə həya olsa, adamı adam yerinə sayarsınız! Mənim qızım sizin üçün su dəyirmanı deyil ki, iclasa qoyasınız. Adam göndərdin, cavabını da aldın.
Humay təslim olmaq istəmirdi:
– Bəyim sizin fikrinizlə razı deyil.
– Mənim qızımın adını tutma! – Musa dayı göy kimi guruldadı. – Eşitdinmi? Mən uşaq böyütməmişəm ki, hər dərədən keçən onun adını tutsun.
– Mən dərədən keçən deyiləm, Musa dayı!
Kişi yanıb-yaxılaraq, bu dəfə cavab verməyə söz tapmadı. Birdən ayağa qalxıb, əsəbi addımlarla uzaqlaşdı. Humay onun ardınca baxa-baxa qaldı.
– Görəsən, dəyirmana görə belə edir, yoxsa, ümumiyyətlə, məndən zəhləsi gedir? – deyə öz-özü ilə danışırmış kimi soruşdu.
– Əlbəttə, Musa dayını ən çox hirsləndirən dəyirman məsələsidir. Ancaq, ola bilsin ki, sənin buralı olmamağının da bir az təsiri var. Eşitdiyimə görə, keçmişdə bizim camaat “gəlmə” adama qız verməzmiş.
– Niyə?
– Kim bilir…
Kəndin girəcəyində Qədirə rast gəldik.
– Haraya belə? – deyə gözlərini qıyaraq soruşdu.
Humay, Musa dayı ilə olan söhbətimizi nöqtəsinə qədər ona danışdı.
Qədir əllərini bir-birinə vuraraq bərkdən güldü:
– Əşi, – dedi, – bir tərəfdən kişinin ata-baba yadigarını uçurub dağıdırsan, o biri tərəfdən də qızına elçi göndərirsən. Belə şey olar?
– Yaxşı, bəs indi neyləyək? – deyə Humay soruşdu.
Qədir iri ətli əllərini kəmərinə keçirib, ovurdlarını şişirdərək fikirləşdi. Sonra dedi:
– Qızla maşına əyləşib “Zaqs”a getməkdən başqa çarəsi yoxdur. “Pobeda” sizin qulluğunuzda, ancaq elə tərpənin ki, Musa kişi xəbər tutmasın. Yoxsa, mənimlə ömürlük qanlı-bıçaq olar ki, maşın verib, qızımı qaçırtmısan. Yaxşı olar ki, Kəkliklə, Rəşidlə məsləhətləşəsiniz.
– Onlarla kim danışsın?
– Mən danışaram, – deyə Qədir cavab verdi.
… Artıq hər şey hazır idi. Kəklik xala ilə Rəşid razılıq vermişdilər. Sabah Humay ilə Bəyim kəbin kəsdirməyə gedəcəkdilər.
Humay maşın-traktor stansiyasının yaxınlığında özü üçün ev tutdu. Evin sahibi Hüseynəli dayı dünyagörmüş, ürəyiaçıq bir kişi idi. Humayın mənzilini lap gəlin otağı kimi bəzətdirdi. Demək, o, bizdə axırıncı dəfə qalacaqdı. Ayrılıq həmişə kədərlidir.
Humay, adəti üzrə, başını aşağı salaraq, otaqda var-gəl edirdi, nə isə fikirləşirdi. Birdən mənim qarşımda dayanaraq:
– Eyvaz, – dedi, – neçə gündür mən səni birtəhər görürəm.
– Nə cür?
– Elə bil, nə isə, bir sıxıntı keçirirsən.
– Ola bilər.
Sonra sakit və ciddi ifadə ilə əlavə etdim:
– Bilirsənmi, ağırdır, birdən-birə unutmaq olmur.
– Nəyi?
– Sevdiyin, istədiyin qızı.
– Sən kimi sevirdin?
– Bəyimi.
Sükut.
O, başını aşağı salaraq ahəstə səslə cavab verdi:
– Mən bunu hiss edirdim. Ancaq niyə əvvəldən demirdin?
– Nə mənası vardı ki?..
Humay dinmədi.
Bəlkə də, mən bunu açmamalı idim. Lakin o mənim dostum, qonağım idi. Mən belə böyük bir sirri ondan gizli saxlaya bilməzdim.
– Səhər saat neçədə şəhərə gedəcəksiniz? – deyə mən uzun və gərgin sükutu pozaraq soruşdum.
O, başını qaldıraraq dərin, ciddi bir nəzərlə üzümə baxdı:
– Saat yeddidə!
… Səhər şəfəq sökülən zaman Qədirin “Pobeda”sı qoşa çinarın altında dayandı. Mən, anamla Humayı maşında qoyaraq, düşüb Musa dayının darvazasını üç dəfə yavaşca taqqıldatdım. (Musa dayının dəyirmanda qaldığını dürüst öyrənmişdik.) İki dəqiqə çəkmədi ki, Kəklik xala ilə Bəyim gəldilər. Qızın üzündəki solğunluq və kədər məni heyrətə saldı. Görünür, ən xoşbəxt dəqiqələrin də özünə görə dərdi olurmuş!
Kəklik xala da həm kefsiz, həm də həyəcanlı idi. Humay qızı qarşılamaq üçün maşından çıxmaq istədi.
– Lazım deyil. Sən otur, – deyə mane oldum.
Sonra Bəyimin əlindəki çamadanı alıb, maşına qoydum. Anam qıza dedi:
– Gəl, bala, gəl otur.
Bəyim sanki bu sözdən diksinərək, başını qaldırıb, gözlərini həyəcan içində ona zilləmiş anasına baxdı. Birdən hər ikisi qucaqlaşdı. Qız üzünü anasının geniş, ətli köksünə sıxaraq ağlayırdı. Həmişə üzügülər olan Kəklik xala da uşaq kimi ağlayırdı. Mən üzümü yana çevirdim.
Anam dedi:
– Tay yaxşı, Kəklik, ağladın, ürəyini boşaltdın, qoy qız otursun.
Kəklik xala yaylığının ucu ilə gözlərini silib, qızının üzündən öpdü:
– Get, bala, xoşbəxt olasan!
Bəyim, dinməz-söyləməz, kimsənin üzünə baxmadan, gəlib maşının dal tərəfində, anamın yanında oturdu.
– Sür! – deyə Humay həyəcanlı səslə şoferə dedi.
Maşın toz qopara-qopara uzaqlaşdı. Gözlərinin yaşı hələ də qurumamış Kəklik xala ilə mən dayanıb onun ardınca baxırdıq. Maşın isə, getdikcə uzaqlaşırdı. Nəhayət, o, səhər günəşi ilə işıqlanmış mavi üfüqdə gözdən itdi…
Mən, biçilmiş buğda zəmilərinin arası ilə yavaş-yavaş irəliləyirdim. Dərz ilə dolu bir maşın gəlib yanımdan keçdi. Maşının üstündə yabasını dərzə sancmış Şahlar məni görüb gülümsədi:
– Sabahın xeyir, aqronom! – qışqırdı.
Onun gözəl üzü sevinc və xoşbəxtliklə parlayırdı.
Mənim yolumla çarpaz kəsişən cığırla, əyinlərində qırmızı, sarı, yaşıl paltar olan bir dəstə qız-gəlin keçib gedirdi. Onlar bir-biri ilə zarafatlaşır, bərkdən gülüşürdülər. Məni görərkən dəmirçi Muradxan dayının qızı gözəl Əsmər yoldaşının qulağına nə isə pıçıldadı. Sonra hər ikisi bir an çevrilib mənə tərəf baxaraq, utancaq, mehriban və bakirə bir ifadə ilə gülümsədi. Bir dəfə Bəyim gülə-gülə mənə demişdi ki, “Eyvaz, Əsmər səndən yaman çox danışır”.
Dünyada Bəyimin iti və həssas nəzərlərindən nə yayına bilərdi?!
Uzaqdan çaparaq bir atlı gəlirdi. Bu, Qədir idi. O, bir əli ilə cilovdan, digər əli ilə furajkasından yapışaraq, atın üstündə quş kimi oturmuşdu.
Mənə çatanda cilovu çəkdi. Alapaça ürgə iki dəfə şahə qalxıb cilovu gəmirə-gəmirə dayandı.
– Nə oldu? – deyə Qədir gözlərini qıyaraq soruşdu.
– Getdilər!
Sədr daha heç bir söz deməyərək, bir yerdə aram tapmayan ürgənin cilovunu buraxdı.
Zəminin kənarındakı yaşıl otluqdan çil-çil turac pırıltı ilə havaya qalxıb, ayrı bir yerə düşdü.
Mən yoluma davam edərək, dəyirman aşırımını endim. Heç nədən xəbəri olmayan Musa dayı böyürtkən kollarının kölgəsində oturub, üzü o tərəfə, demi çəkirdi.
Usta Qara ilə şagirdləri təzə dəyirmanın divarlarını hörürdülər. Mən onların yanından keçib, bağa getdim. Bu gün alaq otlarını təmizləyəcəkdik…
1954
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?