Электронная библиотека » İlyas Əfəndiyev » » онлайн чтение - страница 9

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: İlyas Əfəndiyev


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +

Axşam Firəngiz heç kəsdən heç nə soruşmadan, bura gəldikləri vaxtdan bəri ilk dəfə stol-stulları çıxarıb həyətə qoydu. Üzərinə də ağ süfrə saldı.

– Belə nə üçün? – deyə qaynanası soruşdu.

– Evdə nə var axı, yayın günüdür.

– Sonra külək qalxıb qumu dolduracaq ağzımıza-burnumuza.

– Külək qalxar, keçərik içəri, – deyə Firəngiz qayınanasına baxdı.

Qaynana aypara qaşlarını narazı halda yuxarı dartıb dinmədi.

Firəngiz çay, mürəbbə, tort, filan gətirdi. Sonra tranzistoru gətirdi.

(Televizor otaqda idi.) Abşeronun axşam sərini başlamışdı. Əncir, alma, nar ağacları, isti qumun üzərinə sərilmiş tənəklər bu yarımqaranlıq içində sanki xəfif mehdən xoşlanırdılar. Uzaqdan dənizin şırıltısı eşidildi. Heyif ki, dəniz özü görünmürdü. Heyif ki, bu daş hasar nə dənizi, nə də bu tərəfdəki qum təpələrini görməyə imkan verirdi. Ancaq göy qübbəsi ulduzlarla dolu idi. Və elə bil ki, bu ulduzlar sevinc içində işıq saça-saça tərpəşirdilər.

Əvvəl ordan-burdan söhbət etdilər. Gündüzkü sərgi barədə nə Mürşüd danışdı, nə Firəngiz. Nə də qaynana o barədə bir söz soruşdu. Ancaq sərgi barədəki bu sükutun özündə soyuq bir gərginlik vardı. Və Firəngiz bunu hiss edirdi, yəni, bu gərginliyi hiss edirdi, amma səbəbini yox. Düzü, səbəb barədə düşünməkdən ehtiyat edirdi.

Heyif ki, bu daş hasar isti qumun üzərinə enmiş bu sərin yay axşamını hər tərəfdən sıxışdırırdı.

Mürşüd dedi:

– Son xəbərlərin vaxtıdır. Aç görək nə deyir.

Firəngiz əqrəbi hərlədi və diktor danışmağa başladı:

– Bütün istedadlı sənətkarlar kimi, Nərimanın da rəsmlərində yenilik hissi ilə Azərbaycan xalqının, Azərbaycan təbiətinin koloriti fövqəladə bir incəliklə birləşmişdir. Onun tabloları hər cür konyukturdan, hər cür sünilikdən uzaq, həqiqi sənət əsərləridir.

Mürşüd çayını yarımçıq qoyaraq, əsəbi halda qalxıb stoldan uzaqlaşdı, qayınana da aypara qaşlarını dartaraq oğlunun ardınca getdi. Firəngiz diktorun Nəriman haqqında dediklərinə axıra qədər qulaq asdı, sonra yavaş qurtumlarla çayını içdi. Abşeron gecəsinin sərinliyindən ləzzət alan əncir, alma, nar ağaclarına baxdı. Sonra dənizin uzaqdan eşidilən şırıltısına qulaq asdı. Heyif ki, bu hündür daş hasar dənizin, o qaranlıq təpələrin qabağını kəsmişdi. Heyif ki, bu hündür daş hasar, bu nəhəng dəmir darvaza adamı hər tərəfdən az qala məngənə kimi sıxıb nəfəsini daraldırdı. Heyif ki, Nərminə, Turac, Şəfiqə burda deyildilər. Bu saat bu geniş, ulduzlu göyün altında dənizin ilıq suyunda çimməyin ləzzəti var… Firəngiz bunu fikirləşdi və… ağladı…

… O gecə Mürşüd əcaib və rabitəsiz bir yuxu gördü.

Gördü ki, iyrənc bir çamıra bata-bata hara isə gedir.

Sonra da birdən gördü ki, yenə də Nərimanın həmin tablosunun qabağında dayanıb. Amma şəkildəki oğlanın əlindən tutduğu qız Firəngizdir! Mürşüd isə, qışqırıb demək istəyir ki, Nəriman nə haqla onun arvadını bu cür, yad oğlanla çəkib? Ancaq nə qədər qışqırırsa, səsi çıxmır ki, çıxmır… O zaman Mürşüd yerdən bir ovuc çamır götürüb çırpdı şəkilə. Belə olduqda, şəkildəki oğlan çərçivədən çıxıb Mürşüdün boğazından yapışaraq başladı boğmağa.

… Mürşüd çapalayıb yuxudan ayılanda gördü ki, həqiqətən az qalır boğulsun. Özünə gələndən sonra Firəngizin üzü divara tərəf sakit halda yatdığını, heç nədən xəbəri olmadığını görüb, rahat nəfəs alaraq bayıra çıxıb siqaret yandırdı.

Səhəri gün Firəngiz şəhərə getmək istədiyini bildirdi.

– Bu istidə nə var şəhərdə? – Mürşüd soruşdu.

– Həkim məsləhətxanasına getmək lazımdır.

Firəngiz hamilə idi.

O, bir qədər susub, bir növ, ötəri ifadə ilə əlavə etdi:

– Bir də ki, burada darıxıram.

– Sən ki, bağdan ötrü sinov gedirdin… – deyə Mürşüd zarafat eləmək istədi. – İndi nə olub?

– Heç nə olmayıb. Ancaq darıxıram.

Mürşüd onun əlindən tutub mülayim ifadə ilə:

– Bəlkə, – dedi, – bir şeydən incimisən?

Yenə də əri bu mülayimliklə, bu qorxaq təbəssümlə (ondakı bu qorxaq mülayimlik hardan idi və bunu Firəngiz sonralar da anlaya bilmədi) onun gözləri qarşısında lap aşkar kiçildi. Kiçildi… Bir tikə oldu və Firəngiz kəskin hərəkətlə əlini ərinin əlindən çəkərək sərt ifadə ilə dedi:

– Heç bir şeydən inciməmişəm, Mürşüd!

O, belə dedi. Amma, o, incimişdi. Bu hündür daş hasar da, bu iri dəmir darvaza da, qalaya bənzəyən bu örtülü ev və qayınanasının kənarları alınıb-düzəlmiş aypara qaşları da bir tərəfdən onu sıxırdı, lap məngənə kimi sıxırdı. Ən pisi də o idi ki, o, bunların belə olduğuna daha əvvəlki kimi heyifsilənmirdi. O bunlardan qaçmaq istəyirdi.

Lakin şəhərin qələbəliyi, yay kinoteatrları, konsertlər, pəncərələrdən görünən dənizin genişliyi də onun ürəyindəki ağırlığı yüngülləşdirə bilmirdi. Mürşüd də daha bağa getməyib onunla birlikdə şəhərdə qalırdı. Və hamilə qadınına hər cür qulluq göstərirdi. Onun bu xidmətində, mehribanlığında suçlu bir hal var idi, elə bil ki, o, daima nədənsə ehtiyat edirdi. Və bu, səbəbi özünə də məlum olmadığı halda, Firəngizi əsəbiləşdirib haldan çıxarırdı, Firəngiz indi nə ərinin emalatxanasına gedir, nə də onun nə üzərində işlədiyi ilə maraqlanırdı.

O da qəribə idi ki, Mürşüd bu vəziyyəti görüb duyduğu halda səbəbini soruşmurdu. Daha doğrusu, soruşmaqdan çəkinirdi.

Firəngiz saatlarla pəncərə qarşısında oturur və gələcək uşağı haqqında düşünürdü.

… Uşaq isə, bir neçə aydan sonra sağlam bir oğlan olaraq dünyaya gəldi. Onun dünyaya gəlişi ilə, elə bil ki, Mürşüd də birdən-birə dönüb ayrı cür adam olmuşdu. Elə bil ki, o, rəssamlığını da və o qorxaq mülayimliyini də büsbütün unutdu. Elə bil ki, indi daha təbii, daha canlı bir adam olmuşdu, ayağını yerə indi daha möhkəm dirəmişdi. Elə bil ki, ondakı o daxili gərginlik də birdən-birə yox olub getmişdi.

Lakin bu körpə sağlam oğlanın dünyaya gəlişi ilə Firəngizdə yeni bir təşviş peyda olmuşdu. Gənc ana bu ilkinə diqqətlə baxmaqdan və onun kimə oxşadığını təyin etməkdən çəkinirdi. Ultra dəbdə geyinmiş Nərminə, Turac və Şəfiqə səs-küylə rəfiqələrini təbrikə gəldilər. Uşağın beşiyi başına toplaşıb onu diqqətlə nəzərdən keçirdilər.

Nərminə dedi:

– Oy, lap atasının kopiyasıdır.

Turac təsdiq etdi:

– Ağız-burnu, yumru alnı lap atasınınkıdır ki, durub.

Şəfiqə isə dedi:

– Amma gözləri eynilə anasının gözləridir.

Nərminə və Turac sevinclə təsdiq etdilər:

– Düzdür… düzdür. Lap anasının gözləridir.

– Anasınınkı kimi dupduru…

Firəngiz elə bil diksindi. Onun gözləri oğlunun gözlərinə zilləndi və yalnız bu zaman o, diqqətlə, məhəbbətlə oğluna tamaşa etdi.

1976
YUSİF VƏ ESFİR

Cavan və istedadlı sənətkar dostum

Mikayıl Mirzəyevə ithaf edirəm.


Bəni-İsrail Yusiflə arvadı Esfir gözəl, səfalı düzənliklə sakit-sakit axan, suyu gün işığında almas kimi parlayan bir çayın sahilində balaca, səliqəli evlərində yaşayırdılar. Onların həyatı da həmin o çay kimi sakitcə axıb gedirdi.

Qırx il idi ki, Yusif Allaha ibadət edirdi. Daşa Girən Kahin İbrahim demişdi ki, kim qırx il, hər gün, hər gecə Allaha ibadət eləsə, Allah onun üç xahişini yerinə yetirər. Yusif bir gün də ibadətinin vaxtını keçirmirdi. Xoşqılıq, həvəsli bir qadın olan Esfir həyətlərində toyuq-cücə, qaz saxlayır, bütün günü həvəslə ev-eşiklə məşğul olur, Yusifin çaydan tutduğu balıqlardan ləzzətli xörəklər bişirirdi və sütunlarına sarmaşıqlar sarışmış eyvanda əyləşib rahatca nahar eləyirdilər. Sonra Yusif ibadətə başlayır, Esfir isə, axşam çayda çimməyə gələn gənclərə tamaşa etməyə gedirdi.

Cavan qızların, oğlanların şən gülüşlərlə çayın almas kimi parlayan suyunda bir-biriləri ilə zarafatlaşmaları, oğlanların gözəl qızları suda qovub, tutub öpmələri, sonra sahildə isti qumun üstündə oturub, qədim bəni-İsrail mahnıları oxumaları Esfirə həsrətli bir zövq verirdi. Həsrət onun həyatının keçmişi ilə bağlı idi. Onun gəncliyi bu gənclərin həyatı kimi belə şən, qayğısız keçməmişdi. Yeddi uşağı olan kasıb ata-anası onu mişovul pişiyi kimi qızıl üstə yatan sələmçi Salomona qulluqçu vermişdi. Salomonun arvadı Raxil də zalım qadın idi. Esfirlə şirin dillə mehriban rəftar edir, amma o şirin dillə də hey işlədir, bir dəqiqə də nəfəsini dərməyə imkan vermirdi.

Yusif, Salomonun gözəl bağında bağban işləyirdi. Özü də bir könüldən min könülə Esfirə aşiq idi. Neçə dəfə girəvəyə salıb, ürəyini qıza açmışdısa da, Esfir “ah” çəkib başını bulamışdı. Esfir, Yusifin yaxşı oğlan olduğuna, onu da səmimi qəlbdən istədiyinə inanırdı. Ancaq bu yaxşı oğlanın xarici görünüşü, dərinlikdə işıldayan balaca, yaşıl gözləri, lap ucunda ziyil olan iri burnu sanki hər dəfə Yusiflə qarşılaşanda qızı geri itələyirdi. Amma neyləyəsən ki, digər oğlanlar da gözəl qədd-qaməti, cazibədar göz-qaşı olan, gündə on adamın işini görən Esfiri sanki görmürdülər…

Bir dəfə Esfir evin tozunu aldığı zaman Salomonun qızı Saranın şit, dələduz bir oğlan olan nişanlısı onun biləyindən tutub demişdi:

– Mənimlə dost ol, hər ay sənə burda aldığından on qat artıq verim…

Esfir də onun burnunun üstünə elə bir yumruq vurmuşdu ki, uzun müddət qanı kəsilməmişdi.

İnsan dərdini yaxın bir adamına deməyəndə rahat ola bilmir. Esfirin də Yusifdən başqa yaxın adamı kim idi ki?.. Qız bağa qaçıb, yana-yana ağlayaraq, bu əhvalatı Yusifə danışdı. Ağır bir sükutdan sonra Yusif dedi:

– Axı, sən nə vaxta qədər araba atı kimi bu əclaflara işləyəcəksən? Onlardan bundan artıq nə gözləyirsən? Niyə mənim arvadım olmaq istəmirsən? Axı, bilirsən ki, səni nə qədər istəyirəm. Neçə vaxtdır mən də işləyirəm, azdan-çoxdan geriyə qoymuşam. Qanunla evlənərik, yer alıb balaca bir ev tikərik, bağ salarıq. Bütün ağacların dilini bilirəm. Gözəl uşaqlarımız olar…

Yusif belə deyəndə, Esfir “ah” çəkib Yusifin ziyil olan burnuna baxdı… Və nə üçünsə ağladı…

Və o gecə uzun zaman yata bilmədi… Fikirləşdi ki, illər keçib gedir… On doqquz yaşın içindəyəm. Mən arzu elədiyim oğlanların heç biri mənimlə maraqlanmadı… Maraqlananda da, ancaq müvəqqəti əyləncə üçün… Yusifə getsəm, heç olmasa, öz ev-eşiyim olar. Bəlkə, Allah gözəl bir övlad da verdi…

Esfir “ah” çəkib, yuxuya getdi.

… Və üç gündən sonra Yusif məclis paltarını geyib, Salomonun hüzuruna gedərək, ədəb-ərkanla ona bildirdi ki, Esfirlə evlənmək istəyir.

Həddindən artıq kök, xoşsifət bir kişi olan Salomon arvadı kimi rəhmsiz deyildi. İnsanlara yaxşılıq etməkdən ləzzət alırdı. Yusiflə Esfirin evlənmək əhvalatını xoşhallıqla qarşıladı, hətta, hər birinə üç aylıq alacaqları qədər də ayın-oyun bağışladı.

Yusiflə Esfir evlənəndən sonra, indi içində yaşadıqları kürsülü, səliqəli evi tikdilər. Ər-arvad gecə-gündüz işləyərək, gözəl bağ düzəltdilər. Sonra övlad gözləməyə başladılar. Lakin illər keçir, böyük intizarla gözlədikləri oğlan, ya qız gəlib çıxmırdı ki, çıxmırdı…

Gözlədikləri övladın taleyi haqqında hər kəsin öz arzusu var idi. Yusif istəyirdi ki, oğlu olsun, oxusun, Salomon kimi tacir olsun…

Esfir istəyirdi ki, gözəl bir qızı gəlsin dünyaya, ona gözəl rəqslər öyrətsin və həzrət Yusif kimi (atası Yusif kimi yox!) gözəl bir oğlana ərə getsin…

Lakin illər keçirdi… Nə oğlan gəlirdi, nə qız…

O zaman Yusif, Daşa Girən Kahin İbrahimin yanına gedib, əhvalatı ona danışdı. Kahin İbrahim dedi ki:

– Kim qırx il, hər gün, hər gecə Allaha ibadət eləsə, Allah onun üç arzusunu yerinə yetirər…

… Və o gündən Yusif başladı gecə-gündüz Allaha ibadət etməyə.

Esfir çayda çimib-şənlənən gənclərə tamaşa eyləyib, evə gələndə, güzgüdə özünə baxanda, ona çoxdan vida etmiş o gözəlliyi haqqında düşünərək “ah” çəkirdi.

… Budur qırx il də keçdi. Yusif birinci arzunu diləyib, Allahdan övlad istəməyə hazırlaşırdı və gözlənilmədən Esfir ona yalvardı ki, Yusif Allahdan ona, yəni, arvadı Esfirə bir gözəllik əta eləsin!..

Esfirin qəfil bəyan etdiyi bu arzu Yusifin bütün fikirlərini alt-üst etdi. Onu o qədər həyəcanlandırdı ki, artıq heç nə haqqında sakit düşünə bilmədi. Məsələ onda idi ki, Yusif Esfirin keçmiş gözəlliyinin həsrətini çox çəkirdi… Bir də elə canla görüşmək, o zövq-səfanı hiss etmək ona hardan nəsib ola bilərdi? Esfir kimi gözəl, taleyin ona qismət etdiyi yeganə bəxşiş idi. İndi, əgər, Allah-təala Esfirin keçmiş gözəlliyini, gəncliyini özünə qaytarsa, demək, həyat onun da, Yusifin də üzünə təzədən güləcək və Yusif sonra Allahdan diləyəcək ki, bu gənc, gözəl arvadından ona bir övlad versin…

… Və Yusif üç diləkdən birincisini bəyan edib, Allahdan Esfirin on səkkiz yaşındakı gözəlliyini özünə qaytarmasını rica etdi.

Və Allah Esfirin on səkkiz yaşındakı gözəlliyini ona qaytardı.

Esfir güzgünün qabağında durub, özünə tamaşa edirdi. Yusif heyran-heyran ona baxaraq, biləyindən tutdu. Ancaq Esfir biləyini cəld onun əlindən qopararaq, Yusifi birinci dəfə görürmüş kimi, sərt nəzərlə burnuna baxdı və dedi:

– Neyləyirsən, utanmırsan, qoca kişisən!..

Yusif elə bildi ki, Esfir zarafat eləyir, şad-xürrəm gülüb dedi:

– Gərək sənə indi bədəninə görə paltar tikdirək. Yaşlı vaxtında kökəldiyin üçün, paltarlar çox gen olur.

Esfir çox ciddi ifadə ilə dedi:

– Düz deyirsən, gedək dərzinin yanına. Ancaq mən adamların yanında sənə ata deyəcəyəm, yoxsa, fikirləşərlər ki, qoca kişi nə münasibətlə bu cavan, gözəl qıza paltar alır?..

Yusif elə başa düşdü ki, Esfir yenə zarafat eləyir, bərkdən gülüb:

– Nə olar, – dedi, – elə olsun…

… Və Esfir təzə paltarı geyib, güzgü qabağında dayananda, o qədər gözəl, o qədər cazibədar göründü ki, Yusif həyəcanla irəliləyib qızı qucaqladı. Esfir çevik hərəkətlə sivişib, onun qolları arasından çıxaraq:

– Nə qayırırsan? – dedi. – Qoca kişisən, utanmırsan?..

Esfir bunu deyib, çayın sahilinə – cavanların həmişə çimib, rəqs elədikləri meydançaya qaçdı. Yusif yenə də təyin eləyə bilmədi ki, Esfir zarafat eləyir, yoxsa…

… Oradakı cavanlar birinci dəfə gördükləri bu gözələ heyran oldular. Məşhur zərgər Zəraxın ərköyün oğlu onu rəqsə dəvət elədi və Esfir çoxdan həsrətində olduğu bu rəqsi elə məharətlə, elə cazibədarlıqla ifa etdi ki, qızlar paxıllıqla qısqandı, oğlanların isə, hamısı ona vuruldu…

Yusif də kənardan o gözəl qıza baxıb, o qədər heyran olmuşdu ki, Allahdan edəcəyi ikinci xahişi də yadından çıxarmışdı.

Axşam da zərgər Zəraxın oğlu gəlib, Yusifə əhəmiyyət vermədən qızı qonaq apardı.

Zərax çox hörmətli və dövlətli bir zərgər olduğundan, Yusif qızın getməsinə mane olmağa cəsarət etmədi. Amma yaman əsəbiləşdi. Esfir gələndə özündən çıxıb:

– Bu nə hərəkətdi? – deyə qışqırdı. – Ərini evdə qoyub, yad oğlanla qonaq gedirsən?

Esfir heç halını pozmadan:

– Bəs neyləyim? – dedi. – Qoca kişisən, sənin yanını kəsdirib oturmayacağam ki, cavan qızam…

Yusif nə qədər elədisə, qızı cavan oğlanlardan uzaqlaşdıra bilmədi. Esfir bir ər kimi də onun yaxınlığını rədd etdikdə, Yusif dedi:

– Axı, mən Allahdan övlad istəməliyəm…

Esfir dedi:

– Qoca kişisən, neyləyirsən övladı!

Yusif yanıb tökülərək, birdən-birə o qədər hirsləndi ki:

– Ya Allah, – dedi. – Sən bu Esfiri ayı elə! (Nə üçün məhz ayı? Demək çətindir…)

Bu da İsrail əhli Yusifin Allah-təaladan ikinci təvəqqəsi oldu.

Çay qırağına gələn cavanlar təəccüblə gördülər ki, gözəl qız birdən-birə yox olub. Onu da gördülər ki, bu yerlərdə bir ayı peyda olub, səhərdən-axşamacan gəlib Yusifin qapısında yatır. Özü də heç kəsə toxunmur. Elə bil ki, heç kəsi görmür.

O ayı, Yusifin bağçasından kənar heç yerə getmirdi. Bütün günü həyət qapısının qabağında oturub, gözlərini zilləyirdi evə. Sanki Yusifin heç bir hərəkətini gözdən qoymaq istəmirdi. Yusif hirslənib ona qışqırdı:

– Niyə çıxıb meşədəki qohumlarının yanına getmirsən?

Ayı isə, susaraq bütün günü eləcə baxırdı və onun ayı gözlərinin dərinliyində keçmək bilməyən bir kədər var idi. Yusif acıqlı-acıqlı gətirib onun qabağına yemək qoyurdu. Bir gün də lap özündən çıxaraq dedi:

– Mən hər gün sənə bal, armud, qoz tapıb verə bilmərəm!

Yusif xəsis deyildi və bu sözləri də xəsis olduğu üçün demirdi…

Bu sözlərdən sonra ayı daha Yusifin qoyduğu yeməkləri yemədi. Bu isə, Yusifi daha çox pərişan edirdi.

Ayının hər gün evinin qabağında oturub, məzlum-məzlum ona tamaşa etməsi Yusifin ürəyinə təsir edirdi. Ona görə də, Yusif hirsləndi, yana-yana ayıya dedi:

– Nə var? Niyə yazıq-yazıq baxırsan? Allah mənim arzumla səni gözəl eləyəndə, niyə birdən-birə elə zalım oldun? Niyə fikirləşmədin ki, axı, Yusif o gözəlliyi sənə qaytarmaq üçün qırx il hər gün Allaha dua eləyib? Allahın köməkliyi ilə səndən övlad gözləyib! Hə?! Niyə dinmirsən, zalım, vəfasız qadın?

Nəhayət, bir gün zərgər Zəraxın ərköyün oğlu gəlib Yusifdən soruşdu:

– Bəs, sənin gözəl qızın haradadır?

Yusif əncir ağacının kölgəsində uzanan ayını göstərib qəzəblə dedi:

– Odur ey!..

Zəraxın ərköyün oğlu hirslənib dedi:

– Axmaq qoca, məni ələ salırsan?!

O “axmaq” sözü sanki Yusifin ürəyində bu oğlana qarşı qaynayan qəzəbə, nifrətə yol açdı. Yusif irəliləyib oğlana sillə vurdu. Zəraxın ərköyün oğlu güclü cavan idi. Ömründə birinci dəfə sillə yeyirdi. Bir əli ilə Yusifin xirtdəyindən yapışıb, o biri əli ilə də kişini sillələməyə başladı. Bu zaman ayı qalxıb, onlara yaxınlaşaraq, pəncəsilə oğlanı vurub kənara tulladı. Oğlan bərk yerə dəydi, qalxıb darvazadan çıxmağa da macal tapmayaraq, hasardan tullanıb qaçdı. Sonra ayı dinməzcə gəlib yenə də o əncir ağacının kölgəsində uzandı. Yusif də onun yaxınlığındakı köhnə taxta kətildə əyləşdi.

On beş günlük Ay dünyanı sakit, mehriban bir nura qərq etmişdi…

Ayı ilə insan bir-birinə baxırdı. Birdən nə üçünsə Yusifi ağlamaq tutdu. Və ona elə gəldi ki, ayının Ay işığında işıldayan balaca gözlərində də yaş göründü.

Və bəni-İsrailin mömin bəndəsi Yusif əllərini göyə qaldıraraq:

– Ey böyük Allah! – dedi. – Sən Esfiri mənim qırxillik arvadım olduğu vaxtındakı şəklinə qaytar!..

Böyük Allah Yusifin üçüncü arzusunu gözləyirdi. Ona görə də, Esfiri neçə ay bundan əvvəlki şəklinə saldı.

Gün işığında almas kimi parıldayan o çayın sahilində yenə o qoca kişi və qarısı idi.

Beləliklə, Daşa Girən Kahin İbrahimin dediyi kimi, Allah bəni-İsrail Yusifin qırx illik ibadəti əvəzinə vəd olunmuş üç diləyinin üçünü də yerinə yetirdi.

1991

POVESTLƏR

KÖRPÜSALANLAR
SƏRİYYƏ

Biz bir ilə yaxın idi ki, evlənmişdik. Mən yol texnikumunu qurtaran kimi də toyumuz olmuşdu. Baş yollar idarəsində mühəndis olan ərim Adil hər gün səhər saat doqquz tamama on dəqiqə qalmış işinə gedər, mən də bazardan ayın-oyun alıb gətirər, biş-düş edərdim. Dörd ay bundan qabaq bizə üçotaqlı təzə mənzil vermişdilər. O zaman mən otaqları gəzərək:

– Ay Adil, – deyə zarafat eləmişdim, – biz bu boyda evlərə nə qoyacayıq?

Adil də gülümsəyərək:

– Qəm çəkmə, düzələr, – demişdi.

Sən demə, çox ehtiyatlı oğlan imiş. Subay vaxtı əmanət kassasına azdan-çoxdan qoyubmuş… Atasıgil də kömək elədi. Qərəz, iki qarniturla bərabər, müasir dəbdə olan lazımi şeylər alıb otaqları ürəyimiz istəyən kimi düzəltdik.

Həyatımdan razı olmamağa haqqım yox idi. Adil kimi adama ərə getmişdim. Ortaboylu, yaraşıqlı bir oğlan idi. Olduqca təmiz-tarıx, səliqəli geyinərdi. Köynəyinin boynu həmişə qar kimi ağ olardı. Məclislərdə, cəmiyyət içində özünü ləyaqətlə aparardı, artıq-əskik danışmazdı. Hamı onun çox ağıllı, hər şeyin yerini bilən bir adam olduğunu, çox irəlilərə gedəcəyini söyləyirdi. Onun hər işində, hətta, gülüşündə və zarafatında belə ciddi, sərvaxt bir ağlın hökm sürdüyü duyulurdu. Heç bir yerə, heç bir kinoya, teatra mənsiz getməzdi. Yad adamların yanında, məclisdə özümü necə aparmağım barəsində mənə tez-tez məsləhətlər verərdi. Mən, öyüd-nəsihət sevməsəm də, inciməzdim. Əksinə, aramızda on bir yaş fərq olduğundan (o vaxt mənim on doqquz, onun isə otuz yaşı var idi), bunu qanuni bir şey hesab edirdim. Məsələn, o deyirdi ki, kimin üzünə gülümsəmək lazım olduğunu, kimə heç fikir verməməyi gənc qadın bilməlidir. Mən də onun bir tanışına rast gələndə dərhal bütün diqqətimi toplayaraq çalışırdım ki, müəyyən edim, görüm, mən bu adama qarşı nə cür mövqe tutmalıyam.

Etiraf edim ki, bəzən bu hal məndə bir əyləncəyə, bir zarafata dönürdü. Filan tanışın yanında özümü qəsdən tox tutmağım sonra Adillə mən tək qalanda qeyri-ixtiyari bir qəhqəhəyə çevrilərdi. Bu zaman o, təəccüblə üzümə baxar və qaşlarını çataraq heç bir söz deməzdi. Mən də onun xətrinə toxunduğum üçün könlünü almağa çalışardım. O, evdə olmadığı zamanlar güzgünün qarşısında dayanıb, məsələn, onun xoşu gəlməyən filan oğlanı gördükdə nə cür ciddi görkəm almaq lazım olduğunu məşq edərdim. Mən təqsirkar deyildim. Evimizdə bişməmişdi, qonşudan gəlməmişdi. Mən adicə bir zavod çilingərinin qızı idim. Anam da azsavadlı, lakin sağlam, deyib-gülən, məzəli bir qadın idi. Ərimin istək və tələblərindən asılı olaraq, başqa kişilərə münasibətimdə öz hərəkətlərimi daim nəzarət altında saxlamaq mənim üçün o qədər də asan deyildi. Lakin bu məni qorxutmurdu. Ərimin məni istədiyini, mənə etibar elədiyini bilirdim.

Mən həyatımdan razı idim. Mən görmədiyim günə düşmüşdüm. Atamgildə yeddi baş ailə iki balaca otaqda yaşayırdıq. İndi isə… bayaq söylədiyim kimi, geniş, işıqlı otaqlar, televizor, soyuducu, paltaryuyan maşın, tozsoran… Ərimin atası adlı-sanlı həkim, yaxın bir qohumu nazir, başqa bir qohumu isə böyük bir trestin rəisi idi. Hər gecə kino, teatr, qonaqlıq… İndi bu sətirləri yazarkən, bir an dayanıb “filosofanə” xəyallara dalıram. “İnsan həyatı nə qəribədir, – deyə düşünürəm, – bəzən tuş tutub getdiyin yol haradan başlayır və səni haralara aparıb çıxarır… Əvvəl söyüd salxımlarının zərif kölgəsi ilə sakit-sakit axan çay birdən nə amansız burulğanlar yaradır… Başqasına bəxş etdiyin səadət bəzən necə sərt bir tikan olub onun qəlbinə sancılır. Sən isə, buna qarşı biganə olursan. Kim deyər ki, bunların hamısı bizim iradəmizdən asılıdır… Kim deyə bilər ki, mən Adil üçün və ya o mənim üçün yaxşı olmaq istəmirdik… Kim deyə bilər ki, ya mən ondan, ya da o məndən öz ömrümüzü əsirgərdik…”

Biz, yəni mən və tələbə yoldaşlarım texnikumda oxuyanda, sanki daim bir yerdə uçub civildəşən, bir ağacda gecələyən bir dəstə quş idik. İndi isə, mən o dəstədən ayrılıb tamam yeni bir aləmə düşmüşdüm. Etiraf edim ki, bəzən axşamçağları (məhz axşamçağları!) onlar üçün, vaxtilə mənimlə birlikdə civildəşən o quşlar üçün darıxardım, qəribsəyərdim. Belə anlarda, gündə on dəfə tozunu sildiyim güzgü kimi parlaq mebellərim mənə soyuq və yabançı görünərdi və mən “ah” çəkib pəncərədən məchul uzaqlara baxardım. Bəzən gecələr Adilə texnikumdakı oğlan uşaqları ilə etdiyimiz zarafatlardan danışıb, onun da bu məzəli əhvalatlara gülməsini istərdim. Lakin o, ancaq mənim könlümü sındırmamaq üçün xəfifcə gülümsər və tamam ayrı şeylərdən, ayrı aləmdən danışardı.

Mən də öz yüngüllüyümü düşünüb özlüyümdə xəcalət çəkərdim. Adil böyük şeylərdən, insanın ali vəzifələrindən danışardı. Deyərdi ki, insan dünyaya daim inkişaf etmək, daha üstün “yaxşı”ya çatmaq üçün gəlmişdir.

Mən də özümü bir şey bilən kimi göstərərək:

– Adil, – deyərdim, – bilmirəm, hansı rus yazıçısı isə deyib ki, quş uçmaq üçün yarandığı kimi, insan da xoşbəxtlik üçün yaranmışdır…

O, ciddi bir görkəm alıb:

– Bilirsənmi, Səriyyə, – deyə cavab verərdi, – xoşbəxtliyin özünün nə demək olduğunu düzgün təyin etmək lazımdır. Əsl məsələ bundadır.

Onun bu sözlərini unutmadım. Lakin o sözlərin mahiyyətini dərk etmək, əsl xoşbəxtliyin nədən ibarət olduğunu anlamaq mənim gücüm çatan iş deyildi. Məni isə, mühakimədən artıq duyğular cəlb edirdi. Mən təzə peyda olmuş yaz böcəyi kimi özümdən asılı olmayan bir həvəslə, daim günəşə-işığa, səhər-səhər otlar üzərində parıldaşan şeh damlalarına doğru qanad çalırdım və nə üçünsə mən bu ruhi vəziyyətimi öz dostumdan, həyat yoldaşımdan gizlədirdim. Mən mümkün qədər özümü sakit və ağıllı göstərməyə çalışırdım. Çünki o belə xoşlayırdı. O hər şeyi diqqətlə, dürüst ölçüb-biçərək irəliləyir və mənim də belə etməyimi istəyirdi. Madam ki, biz həyat yoldaşı idik, demək, belə lazım idi!

Bir gün nahardan sonra o:

– Səriyyə, – dedi, – deyəsən, biz bir neçə müddətə rayona getməli olacağıq.

– Nədən ötrü? – deyə maraqla soruşdum.

– Təzə şose yolu çəkilməyə başlayır, məni ora rəis təyin edirlər. Necədir? Ürəyincədirmi?

– Bilirsənmi, – deyə hərarətlə izah etməyə başladı, bizim üçün çox yaxşı perspektivi olan bir işdir. Əgər, yolu müvəffəqiyyətlə çəkib qurtarsaq…

O nə üçünsə susub sözünün ardını demədi və bir qədər var-gəldən sonra əlavə etdi:

– Sən də ali məktəbə girmək üçün heç olmazsa, iki il işləməlisən. Özün də texnik adam, – deyə gülümsədi. – Söz verirlər ki, yolu çəkib qurtarandan sonra məni yenə də aparata qaytarsınlar. Əlbəttə…

O yenə də bir an duruxdu:

– Əlbəttə, – dedi, – indikindən daha mühüm bir vəzifəyə…

Adilin müvəffəqiyyət qazanacağına şübhə ola bilməzdi. Baş yollar idarəsində işlədiyi bu neçə müddət ərzində o il olmamışdı ki, təşəkkür-mükafat almasın.

– Mən belə bir təsadüfü çoxdan gözləyirdim…

– İndiki vəzifən bəyəm pisdir? – deyə təəccüblə soruşdum.

– Pis deyil… Ancaq bir var, sən işləyəsən, ad özgənin ola, bir də var ki, öz əlin, öz başın! Bu elə vəzifədir ki, nə qədər gücün var, göstərə bilərsən. Hamı da görər ki, sən nə eləyirsən… Nəyə qadirsən…

Sonra mehriban səslə soruşdu:

– Bəlkə sən rayona getmək istəmirsən?

– İstəyirəm.

– Onda hazırlaş, qapıları bağlayıb gedərik, özümüz də tez-tez gəlib ev-eşiyə baş çəkərik.

… Kim istəyər ki, gənc əri ad-san qazanmasın, yaxşı işdə olmasın? Məgər, Adil dediyi kimi, həyat daim yüksəlişdən, inkişafdan ibarət deyil? Bizim hər birimiz daha yüksəklərə can atmırıqmı? Mən onun qarşısında açılan yolda büdrəməyəcəyinə əmin idim. Mən onun gücünə inanırdım. Buna görə də, hardansa qəlbimə çökən və səbəbi mənə məlum olmayan ağırlığı üzərimdən ataraq, həvəslə tədarük görməyə başladım. Adilə də, özümə də su keçirməyən plaş, rezin uzunboğaz çəkmə, gələcək mənzilimiz üçün balaca radioqəbuledici, çoxlu foto lenti, cib fənəri, iki yüngül qatlama çarpayı, yemək və çay termosları aldım. Hər ikimiz üçün möhkəm nazik parçadan yay idman kostyumu tikdirdim. Boş vaxtlarımızda oxumaq üçün Adilin kitablarından seçib bir çamadan götürdüm. Nəhayət, may ayının axırlarında Baş yollar idarəsindən verilən “QAZ-69”la Bakıdan çıxıb “K” rayonuna getdik. Adilin də, mənim də maşın sürmək hüququmuz olduğundan şofer götürmədik. Adil işləri yoluna qoyana qədər mehmanxanada qaldıq. Bu müddətdə rayon işçiləri gecə-gündüz Adilin başına yığılır, hazırlıq məsələlərini müzakirə edirdilər. Sonra rayon mərkəzini tərk etdik. Yol rayondan başlayaraq, meşə ilə örtülü dağların o tərəfindəki yaylaqda təşkil edilmiş böyük maldarlıq sovxozuna çəkilməli idi. Adilin də deməsinə görə, o sovxozun bütün respublika üçün böyük əhəmiyyəti var idi. Yol çox uzun olmasa da, çətin yerlərdən keçməli idi. Tez-tez sıldırım qayaları partlatmaq, üzüaşağı axan dağ çayları üzərindən balaca körpülər salmaq lazım gələcəkdi. Maşınımız, qədimlərdə yaylağa gedib-gələn el-oba tərəfindən salınmış köç yolu ilə irəliləyərək, meşəyə girib yavaş-yavaş yuxarı, dağlara qalxmağa başladı. Qoca palıd, yemişan, vələs ağacları üstümüzə kölgə salırdı. Bəzən yol qıvrılaraq hər yerdə palıd rəngli qayaların dibi ilə qalxırdı. Tez-tez daş yonan, iri gövdəli qocaman ağacları kökündən çıxaran fəhlələrə rast gəlirdik. Ara-sıra qabağımızdan yük maşınları gəlib keçirdi. Adil, əlləri rulda, bunların hamısını diqqətlə nəzərdən keçirirdi. O, gələcək iş haqqındakı fikirləri ilə məşğul idi. Adil cəbhəyə təzə gəlmiş zirək, gözüaçıq bir komandan kimi bütün şəraiti öyrənirdi. O mənim ərim idi. Mən onunla fəxr edirdim. O, ağıllı və yaraşıqlı idi…

Mayın axırları olmasına baxmayaraq, meşə ağaclarından bəziləri çiçəyini tökməmişdi. Meşədə hələ bahar nəfəsi duyulurdu. Yaxın dağların zirvəsində qar görünürdü. Qayalardan göz yaşı kimi şəffaf sular sızırdı. Mən tez-tez yanımda oturmuş Adilə baxır, ona nə isə, xoş bir söz demək istəyirdim. Meşə arası ilə dağlara qalxan yolda hər şey fərəhli idi. Hər şey mənə səadət, sevinc təlqin edirdi. Bax, ağ buludların altında gümüş kimi parlayan o dağları aşıb, tanımadığım adamların mənzilinə gedəcək yolun komandanı mənim ərimdir! Mühəndis Adil… Adil Cəfərzadə! Həyatda hər şey necə gözəl, necə könülaçandır! Nə üçün mən əvvəllər bunu o qədər də aydın hiss etmirdim?.. Bir neçə gün bundan qabağa qədər bu bahar, bu duyğular haradaydı? Məgər, Adil əvvəllər də belə ağıllı, belə işgüzar, belə yaraşıqlı deyildi? Məgər, mən onu bir neçə gün bundan qabağa qədər indiki kimi istəmirdim? Birdən mən ona:

– Adil, – dedim, – bilirsənmi, yadımdan çıxıb sənin gümüş portsiqarını götürməmişəm.

O mənə baxaraq gülümsədi:

– Eybi yoxdur, – dedi, – bu dağların arasında gümüş portsiqarsız da ötüşərik.

Sonra o yenə də gözlərini qabağa zilləyərək öz fikirlərinə daldı.

Mən dil qəfəsə qoymayaraq hey danışırdım:

– Adil, bəs, səndən qabaqkı rəis necə olub?

– Onu ayrı, böyük işə keçiriblər.

Mən tutuldum. Mənə elə gəldi ki, xəyalımda ərimin surəti birdən-birə kiçildi. Birdən-birə adi və soyuq oldu: “Nə üçün həmin böyük işə səni deyil, onu qoyublar?” Bu nə axmaq, nə boş fikirdir?.. Yoxsa, mən yüngülbeyin bir xudpəsəndəm? Kim birdən-birə nazir olub?!

Biz dolama yolla qalxıb, alt tərəfi göz qaraldan uçurum, üst tərəfi isə, qalın meşəli dağ olan açıqlığa çıxdıq. İçərisindən dumduru su axıb şırıltı ilə uçuruma tökülən və sal daşdan çapılıb qayrılmış kimi görünən dar, lakin dərin selab bu açıqlığı tən ortadan kəsirdi. İki cavan oğlan kənarda dayanmışdı. Üçüncü oğlan isə, parçalanıb yolun ortasına tökülmüş iri-iri daşları buldozerin ağzı ilə itələyib lap uçurumun kənarına gətirir, buradan üzüaşağı itələyirdi. Daşlar yuvarlandıqca uçurumun şiş qayalarına dəyib atlanır və dəhşətli gurultu qoparırdı. Buldozerçi üzü o tərəfə olduğundan, mən ancaq onun şax və enli kürəyini görürdüm. Buldozer uçurumun kənarına o qədər yaxın gedirdi ki, təkərin yarısı az qala kənara çıxır və mən yol texniki olmağıma baxmayaraq, qorxudan qışqırmaq istəyirdim. Birdən buldozerçi qanrılıb məni gördü. Yəqin bərk qorxduğumu duyduğu üçündür ki, qəribə bir qayğısızlıqla gülümsədi. Sonra iri bir qaya parçasını maşının qabağına ataraq sürətlə gətirib uçuruma itələdi və bir an mənə elə gəldi ki, bu dəqiqə maşın da qayanın ardınca dərəyə yuvarlanacaq. Lakin mən gözümü yumub-açınca gənc oğlanın eyni sakit və qayğısız təbəssümlə buldozeri geri verdiyini görüb, onun bir-birinə qarışmış sarı saçlarına, dağ havasında yanıb qaralmış gözəl üzünə qəzəblə baxaraq: “Bu ki xuliqanlıqdır!” – deməkdən özümü güclə saxladım.

Adil digər iki oğlanla söhbətini kəsib, mənə sarı döndü və bir qədər aralıda ağacların arasında ağaran çadırı göstərdi:

– Bəlkə biz də orada düşək?

Mən isə, uçurumun kənarındakı tək palıd ağacını göstərib:

– Bura yaxşıdır, – dedim.

Şeylərimizi maşından boşaltdıq. Palıd ağacının altında çadırımızı qurub, çarpayıları, qatlama stol və stulları açaraq mənzilimizi səliqəyə saldıq. Evin içində döşəmə əvəzinə yaşıl dağ otları və onların arasına səpələnmiş al lalələri görmək adama qəribə gəlirdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации