Электронная библиотека » İlyas Əfəndiyev » » онлайн чтение - страница 10

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: İlyas Əfəndiyev


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 10 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +

Hələlik bura yol rəisinin qərargahı üçün ən əlverişli yer idi. Yol irəlilədikcə məskənimizi də dəyişə bilərdik. Adildən əvvəlki rəis isə rayon mərkəzində qalırmış.

Hər ikimiz paltarımızı dəyişəndən sonra məhrəba, sabun götürüb çaylağa endik. Qollarımızı, boyun-boğazımızı sərin, şəffaf dağ suyu ilə yuyub quruladıq. Heç birimiz yorulmamışdıq. İkimiz də gənc, gözəl və təravətli idik. İkimiz də özümüzü bu yerlərin köhnə sakinləri kimi hiss edirdik. Elə bil ki, burada, bu almaz kimi saf dağ havasında doğulmuşduq. Elə bil ki, bu uçurumlu sərt qayalarla, onların üzərində qıvrılan qarağat kolları ilə əkiz yaranmışdıq. Elə bil ki, biz bu coşqun təbiətin bir parçası, bir hissəsi idik.

– Adil, çay istəyirsənmi? – deyə soruşurdum.

Öz səsimin ahəngindən, mehribanlığından dərin bir məmnuniyyət, zövq duydum. Mənə elə gəlirdi ki, heç bir zaman onu özümə bu qədər yaxın, bu qədər doğma hiss eləməmişəm. Və elə bu andaca buldozerçinin bayaqkı xuliqansayağı hərəkətini, mənə baxıb istehza ilə, qayğısızlıqla gülümsəyən gözlərini xatırlayıb əsəbiləşdim. Sonra eyni mehribanlıqla sualımı təkrar etdim:

– Adil, çay qoyummu?

O, nəzərlərini bir az aralıdakı tikinti materialından çəkərək:

– Pis olmazdı, – dedi.

Mən neft pilətəsini çölə çıxarıb yandırdım. Balaca nikel çaydanı doldurub üstünə qoydum. Stolun üzərinə ağ süfrə saldım. Şəkərçörəyi, konfet qoydum. Sonra körpüsalanları da çay içməyə dəvət elədik.

Əvvəl ortaboylu, qara-şirin bir oğlan olan Soltanla enlikürək, iri, qaraqaş, qarabığ Kərəmxan gəldilər. Sonra ağır addımlarla buldozerçi Qəribcan gəldi. Məni əsəbiləşdirən o laübalı təbəssüm yenə də üzündəydi. Mən ciddi görkəmlə onun qabağına çay qoydum, sonra:

– Sizin adlarınız bir-birinə nə yaxşı yaraşır, – deyə Soltana müraciətlə gülümsədim.

– Bunun əsl adı Qəribdir, – deyə Soltan buldozerçiyə işarə elədi, – burada Qəribcan eləmişik.

Lakin buldozerçiyə tərəf baxmadım. Adil nəzakətlə gülümsəyərək:

– Qərib yoldaş bu rayondandır? – deyə soruşdu və onun üç nəfərdən yalnız buldozerçinin haralı olması ilə maraqlanması mənə qəribə göründü. Həm də düşündüm ki: “Nə üçün Qəribcan yox, Qərib?!”

– Bəli, – deyə Soltan cavab verdi, üçümüz də bu rayondanıq, ancaq kəndlərimiz ayrıdır. Qəribcan ordudan təzə buraxılıb.

– Eləmi? – Adil buldozerçiyə baxdı. Hansı hissədəydiniz?

– Tank qoşunları hissəsində, – deyə buldozerçi cavab verdi. Mənə elə gəldi ki, ömrümdə bu cür səs eşitməmişəm… Qeyri-adi bir hərəkətlə başımı döndərib ona baxdım. Bu dəfə o gülümsəmirdi.

Adil yenə soruşdu:

– Sıravi idiniz?

– Kiçik leytenant idim.

– Çox gözəl… Çayınızı soyutmayın.

Mən onların stəkanlarını yenidən doldurdum. “Qəribcan…” Mən heç belə ad eşitməmişdim. Yalnız çox sonralar… indi bu sətirləri yazarkən, yadıma düşdü ki, mən o vaxtacan heç “Kərəmxan” adına da rast gəlməmişdim.

Adil yolda işlərin necə getdiyini soruşdu:

– Hamısı materialın vaxtında verilməsindən asılıdır, – deyə Soltan cavab verdi, işçilər əllərindən gələni eləyirlər.

Sonra o, keçmiş yol rəisini təriflədi:

– Od-alov idi. Elə bil, quş kimi ağacda yatırdı. Onda görürdük ki, bu “QAZ-69”da (Soltan biz gələn maşına işarə elədi) böyürdən çıxdı.

– Dəstgahlı adam idi, – deyə Kərəmxan əlavə etdi, hər ay maaşının yarıdan çoxunu Qəribcana uduzub gedirdi.

– Necə? Bəyəm, qumar oynayırdınız? – Adil, elə bil ki, qorxdu.

– Bilirsinizmi, – deyə Soltan izah elədi, – həmişə maşında özü ilə bir tir tüfəngi gəzdirirdi… Hər bura gələndə Qəribcanla bəhsə girib, mərclə nişan atırdılar…

– Nə bilim, bir dəfə ipək köynəkdən, – Kərəmxan Soltanın sözünü kəsdi, – bir dəfə on paçka “Kazbek”dən. Bir dəfə konyakdan… hamısını da Qəribcan aparırdı, naçalnik də dilxor olub gedirdi… Deyirdin, tay bir də əlinə tüfəng almaz. Ancaq bir neçə gündən sonra görürdün, budur, uduzduğu şeyləri də alıb, bir qutu güllə ilə gəldi.

– Demək, belə “od-alov imiş”… – deyib Adil Soltanın bayaqkı sözlərinə işarə ilə gülümsədi.

– İşləməyinə söz yox idi, – Soltan cavab verdi, – dediyini eləməli idi. Bu günün işini sabaha qoymazdı.

– Əhli-hal oğlan idi, – Kərəmxan təəssüflə başını tərpətdi, – deyirdim, “yoldaş naçalnik, bir dəfə də mənimlə, bu Soltanla nişan atsana…” “Yox, deyirdi, gərək bu Qəribin dərsini verim, sonra… Məni bərk yandırıb”.

– Nə yaman məzəli rəis imiş, – deyə mən gülümsəyərək, birinci dəfə Qəribcanın gözlərinə baxdım.

– Yaman da rəis imiş, – körpüsalanlar gedəndən sonra Adil narazılıqla dedi, – gənclərin tərbiyəsini elə belə rəhbərlər korlayırlar. (Körpüsalanlar, doğrudan da, çox gənc idilər. İyirmi üç-iyirmi dörd yaşları ancaq olardı.)

– Nə üçün ki?

– Bilirsənmi, Səriyyə, rəis, idarə başçısı hər bir hərəkəti ilə, hətta, danışığı və təbəssümü ilə də öz işçilərinə nümunə olmalıdır. Bir də ki… bir də ki, rəis rəisdir, fəhlə də fəhlə. Aradakı pərdəni götürdün, heç nə. Rəis öz işçisi ilə konyakdan mərc gəlib, güllə atanda, orada nə intizam olacaq, işçinin yanında rəisin nə hörməti olacaq?

Bunlar hamısı ağıllı sözlər idi və bu ağıllı sözləri mənim rəis olan ərim deyirdi. Lakin qəribədir, bəzən ağıllı hesab elədiyimiz sözlər biz gənclərin yadında yaxşı qalmır. Ürəyimizdə ehtiras alovlandırmır. Əksinə, bizdə anlaşılmaz, soyuq bir hissə çevrilir və biz onları tezliklə, elə həmin dəqiqə unuduruq. İndi də belə idi. Mən ərimin sözlərini təsdiq etdiyim halda, buldozerçinin keçmiş rəisi necə məğlub etdiyini, onun (rəisin) hər dəfə mərci uduzaraq, necə özündən çıxdığını gözümün qabağına gətirib gülümsəyirdim. Mən orada olmaq, o məzəli rəisi görmək istərdim.

– Niyə gülürsən? – Adil ciddi ifadə ilə soruşdu.

– Heç… keçmiş rəisin yüngüllüyünə.

Mən, birinci dəfə olaraq, öz duyğularımı ərimdən, mənim ağıllı və işgüzar ərimdən gizləyirdim.

– Doğrudan da gülməlidir, – deyə o qalxıb körpüsalanların yanına getdi.

…Meşəli dağların ardındakı o varlı sovxoza çəkilən yolda qızğın iş gedirdi. Mən körpüsalanlarla birlikdə həm vəzifəmi yerinə yetirir, həm də özümüz üçün yemək-içmək hazırlayırdım. Adil isə, “QAZ-69”da hər gün iş sahələrini gəzir, göstəriş verir, lazım olan materialları daşıtdırırdı. O, qonşu rayonla əlaqəyə girib, yolun üstünə iki yeni ekskavator gətirtmişdi. Havalar yaxşı keçdiyindən, biz tələsir, payız yağışları başlayana qədər ağır işləri görüb qurtarmağa can atırdıq. İki dəfə, hərəsində də dörd fəhlə bizə köməyə gəldi. Lakin sonra daha kömək istəmədik. Bizdən bir qədər yuxarıda, Dəvəboyu deyilən dağın ətəyindəki iki selab üzərində də kiçik körpülər salınmasına başlanmışdı. Həftədə üç-dörd dəfə səhər tezdən mən “QAZ-69”a əyləşib, azuqə almaq üçün rayon mərkəzinə gedərdim. Bu zaman Soltan da mənə pul verib:

– Səriyyə xanım, – deyərdi, – bizim üçün də ayından-oyundan alın.

– Məsələn, nə cür ayın-oyun? –deyə mən də zarafatyana soruşardım.

– Nə bilim, ətdən, yumurtadan…

– Aydındır, – deyə maşını işə salıb tərpənirdim…

Əvvəllər özümüzlə yanaşı, onlar üçün də xörək asardım. Sonra bunun Adilə xoş gəlmədiyini hiss edib, vaz keçdim. Lakin, bununla bərabər, onun bu hərəkəti mənə yaxşı təsir bağışlamırdı. Məsələn, mən özümüz üçün kotlet hazırlarkən, qonşumuz körpüsalanların nahara bir şey bişirmədiklərini görüb vicdan əzabı çəkirdim. Sizdən nə gizlədim, hərdən Adil evdə olmayanda, onların çadırına gedir, könülləri nə istədiyini soruşur və cəld bişirib qayıdırdım. Bir gün də onların çadırına gedəndə buldozerçinin qapıda oturub üst köynəyinin yaxasına düymə tikdiyini gördüm. Mən onun bütün diqqətini toplamasına baxmayaraq, iynəni necə bacarıqsız işlətdiyinə gülümsəyərək:

– Verin mən tikim, – dedim.

O bunu gözləyirmiş kimi, darıxmış halda ayağa qalxaraq, köynəyi mənə uzatdı:

– Bu hazır paltarları elə başdansovma tikirlər ki, əyninə geyən kimi düymələri qırılıb tökülür.

Mən qopmuş düyməni tikib qurtarandan sonra o birilərini də bərkitdim.

– Deyəsən, köynəyi özünüz yumusunuz?..

– Bəli, özüm yumuşam. Bu həftə macal tapıb kəndə gedə bilmədik.

Mən ayağa qalxdım:

– Bu saat ütüləyib gətirərəm.

– Lazım deyil. Nə zəhmət çəkirsiniz ki…

– Bir zəhməti yoxdur.

Mən ütünü qızdırıb buldozerçinin köynəyini ütüləyirdim. Hər dəfə əlim köynəyə toxunarkən özümdə qəribə bir duyğu hiss edirdim. Elə diqqətlə, elə həvəslə ütüləyirdim ki, elə bil, hamı onun köynəyinə baxıb mənə afərin deyəcəkdi. Onun həmişə yaxasının yuxarıdakı düymələrini açıq qoyduğunu bilirdim. Ona görə də köynəyin yaxalığını buna uyğun tərzdə ütülədim ki, əyində qəşəng dursun. Mən köynəyin enli kürəyinə baxıb özümdə anlaşılmaz bir fərəh duyurdum. Mən köynəyin üzərində incə bir qırışın da qalmamasına səy edirdim. Birdən “QAZ-69” siqnal verərək sürətlə gəlib qapıda dayandı. Mən tələsmədən köynəyi səliqə ilə qatladım. Və elə bu zaman Adil çadıra girdi.

– Bu kimindir, Səriyyə?

– Buldozerçinin.

– Buldozerçinin köynəyini niyə sən yuyursan?

– Yumamışam, ütüləmişəm. Bir də… bir də, düyməsi qırılmışdı, tikmişəm…

– Axı, nə münasibətlə…

– Heç… elə-belə.

O, daha bir söz demədən sabun və dəsmal götürüb çadırdan çıxdı. Mən onun necə tez-tez addımladığına arxadan baxaraq, buldozerçinin köynəyini aparıb çadırlarında özünə verdim. Sonra eyni sakit addımlarla geri qayıdıb, çadırın qabağına sərin kölgə düşdüyündən, stolu bayıra çıxararaq, üstünə salat, göy-göyərti, çəngəl-bıçaq qoydum. Sonra təzə mal ətindən bişirdiyim xörəyi və qızartmanı boşqablara çəkib gətirdim. Bakıdan aldığım balaca qrafini soyuq su ilə doldurdum. İşdən qayıdarkən dağın döşündən dərdiyim çiçəkləri də stəkanda stolun üstünə qoymuşdum. Adil yuyunub qurulandıqdan sonra ikimiz də üzbəüz əyləşib nahar elədik. Stolun üstündə hər şey təmiz və təravətli idi, dağdan sərin və ətirli meh əsirdi. Bir qədər aralıdan, meşə ağacları arasındakı körpüsalanların deyib-gülmələri eşidilirdi. Birdən Kərəmxan:

 
Uca barıdan aşaram mən,
Yarıma kəniz qoşaram mən,
O qızı mənə versələr,
Hacının qızını boşaram mən
 

sözlərilə başlayan qədim və məzəli bir mahnı oxudu. Oğlanlardan hansı isə bərkdən çırtıq vururdu. Kərəmxan çırtığa uyğun tərzdə təkrar edirdi:

 
O qızı mənə versələr,
Hacının qızını boşaram mən…
 

Mən qeyri-iradi gülümsəyərək:

– Adil, – dedim, – nə olub, niyə qanın qaradır?

– Heç bir şey olmayıb… Sən də nahaq yerə hər axmaq sözə gülürsən…

Mən birinci dəfə idi ki, Adildən belə sərt sözlər eşidirdim. Birinci dəfə idi ki, o, qızarıb-bozararaq, özünü saxlaya bilməyib mənə belə sözlər deyirdi. Nə olar, bəlkə mən, doğrudan da, yüngüllük eləmişdim. Bəlkə, doğrudan da, gülmək lazım deyildi. Bu körpüsalanlar da qəribə adamlardır! Belə sözləri haradan tapıb oxuyurlar? Necə yəni “o qızı mənə versələr, hacının qızını boşaram?” Ürəyimdə Adilə deyirdim: “Məni bağışla, əzizim, sənin məni tənqid eləməyə haqqın var… Axı, biz həyat yoldaşıyıq. Lakin, əgər, bir də o buldozerçinin, ya da məsələn, Kərəmxanın köynəyinə ütü çəkmək lazım gəlsə, mən bunu edəcəyəm. Sən də mənim bu cür hərəkətlərimə adət etməlisən. Başqa sayaq mümkün deyil…”

– Dur bir az uzan, Adil, yəqin ki, yorğunsan. Mən də stolu yığışdırıb körpüsalanların yanına gedəcəyəm.

– Körpüsalanların yanında nə var? İş vaxtı qurtarıb ki? – deyə o, üzümə baxmadan yavaş səslə soruşdu.

– Elə-belə, adam darıxır…

– Darıxırsan, götür kitabdan-zaddan oxu.

– Kitab oxumaq istəmirəm.

O bir söz demədən qalxıb çadıra girdi. Mən də qab-qacağı təmizləyib yerbəyer elədim. Çaydanı doldurub pilətənin üstünə qoydum. Adil nahardan sonra iki saat dincəlib çay içəcəkdi. Bu, onun adəti idi.

Mən əl-üzümü yuyub qurulandıqdan sonra balaca stolun üstündəki güzgünün qabağında dayanaraq, saçlarıma ətir səpdim.

Adil arxası üstə çarpayıda uzanıb qəzet oxuyurdu.

Məni əhatə edən və hələ çiçəyini tökməmiş meşələrdən, bir az aralıda şırıldayan büllur kimi şəffaf dağ suyundan tutmuş, üzərində daim ağ bir qartal hərlənən uçuruma, ondan o yana görünən yaşıl dağlara qədər hər şey gözəl idi. Mən də gözəl və təravətli olmaq istəyirdim. Mən təbiətin bu coşqun ahəngindən, bu gözəllik təntənəsindən kənarda qalmaq istəmirdim. Mənim “sirrim” bundan ibarət idi.

Adil qəzeti üzündən kənar edərək acıqla soruşdu:

– Körpüsalanlar konsert verirlər?

– Yox, Adil, konsert vermirlər, tennis oynayırlar. Dünən o buldozerçi iki dəfə məni aparıb, gərək ondan qisasımı alım. Sən də uzan dincəl. Bir azdan çay dəmləyəcəyəm.

O bir söz deməyərək yenə də qəzetə baxdı.

– Hələlik, Adilcan!

Çadırın qapısında Soltanla Kərəmxan tennis oynayırdılar. Buldozerçi isə, yosunlu bir daşın üstündə oturub, bıçaqla əl çubuğu qayırırdı, məni görərkən üçü də gülümsədi. Buldozerçi cəld qalxıb, içəridən kətil gətirdi.

– Səriyyə xanım, gəl dostunun halını xəbər al, – deyə Kərəmxan, qızarıb pörtmüş Soltana işarə elədi. (Tanışlığımızın, lap ikinci günündən Kərəmxan da, Soltan da mənə “sən” deyə xitab edirdilər. Yalnız buldozerçi “siz” deyirdi.) Hələ iki dəfə birtəhər olub.

– Cücəni payızda sayarlar, – deyə Soltan gözünü oyundan çəkməyərək cavab verdi.

– Baxma, söz son gülənindir…

Bu dəfə, doğrudan da, Soltan qalib gəldi və hesab dörd ilə iki oldu. Kərəmxan alnının tərini silə-silə zarafatında davam edirdi:

– Bu iki xalı elə-belə qəsdən uduzdum, – dedim, – Səriyyə xanımın yanında pərt olmayasan…

Mən nazik parusin jaketimi çıxarıb kənara, otların üzərinə tullayıb, raketkanı götürürdüm və buldozerçiyə:

– Durun, – dedim.

O, ayağa qalxaraq mənim jaketimi yerdən götürüb yandakı palıd ağacının budağına keçirdi. Sonra üzümə baxmadan:

– Başlayın! – dedi.

Kərəmxan oyunu diqqətlə izləyərək:

– Qəribcan, – deyirdi, – özünü gözlə, Səriyyə xanım bu dəfə yaman girişib…

Doğrudan da, mən yaman girişmişdim. Hətta, gecə yerimin içində xeyli oyaq qalaraq, dünən buraxdığım səhvləri bütün aydınlığı ilə xəyalımdan keçirir və yanıb-tökülürdüm. Axı, mən texnikumda ən yaxşı tennisçilərdən biri sayılırdım. İndi neçə dəfədir ki, bu buldozerçi dalbadal məni məğlub edir. Mən Soltana, Kərəmxana asanlıqla qalib gəldiyim halda, ona uduzurdum. Halbuki onlar təkbətəkdə buldozerçini dəfələrlə məğlub etmişdilər.

Bu gün həmişəkindən yüngül geyinmişdim. Ayaqlarımda məs, əynimdə qolları çiynimə qədər açıq nazik və qısa don var idi. Mən oyuna o qədər ehtirasla girişmişdim ki, bəzən özümü unudaraq:

– Yox, düz deyil, düz deyil, – deyə uşaq kimi qışqırır, cığallıq edirdim.

Soltan mənim tərəfimi saxlayırdı, Kərəmxan isə buldozerçinin. Bir dəfə buldozerçi ilə mübahisə elədiyimiz vaxt Kərəmxan onun sözünü təsdiq etdikdə, mən hirslənib özümdən çıxaraq az qala raketka ilə onu vurmaq istədim. Kərəmxan kənara sıçrayıb bərkdən güldü:

– Aya, sən ölmüyəsən, bu Səriyyə xanımdan qorxmaq lazımdır.

Buldozerçi isə, nə dinir, nə də gülümsəyirdi. Üzündə elə bir ifadə vardı ki, elə bil, oyunu aparacağına qətiyyən şübhəsi yox idi. Bu da məni hər şeydən çox yandırırdı. Bu dəqiqələrdə mən onu məğlub etsəydim, ürəyimdən tikan çıxardı. Mənim özümə və ona acığım tuturdu. Onun üzündəki o qəribə ifadə və əlinin arxayın, sərbəst hərəkəti diqqətimin bir hissəsini oyundan yayındırırdı. Bəzi anlarda tennisdən ziyadə öz hisslərimin anlaşılmaz gərginliyinə uyurdum. Oyunda onu aldatmaq əvəzinə özüm aldanırdım. Belə hallarda o, xəfifcə gülümsəyir və sərrast zərbə endirirdi.

Bütün cidd-cəhdimə baxmayaraq, mən yenə də dünənki kimi məğlub oldum. Heç olmazsa, bir oyun da apara bilmədim. Saçlarımı düzəldərək, əlim çatmadığı üçün:

– Jaketi alıb mənə verin, – deyə acıqla buldozerçiyə müraciət etdim.

O, eyni sakit, sərbəst hərəkətlə jaketi budaqdan götürüb, geyməyim üçün iki əli ilə tutdu, mən də bu xidməti kinli bir təşəxxüslə qəbul edib, ona təşəkkür etmədim.

– Bəs turu davam etdirməyək? – deyə Soltan məndən soruşdu.

– Bu günlük bəsdir, – dedim.

Daha oynamağa marağım qalmamışdı.

Kərəmxan içəridən bir boşqab təzə gilas gətirdi:

– İndi ki, oynamırsınız, gəlin novbar eləyin.

Mən yerdə otların üstündə oturub, onlarla birlikdə gilas yeyir və ağzımı büzüb çəyirdəyini uzağa üfürürdüm. Buldozerçi isə, yenə də çubuğa naxış vururdu. Birdən o mənə baxaraq gülümsədi.

– Hə, nə var, – dedim, – yoxsa öyünürsünüz?

– Yox, – dedi, – sizin gilasın çəyirdəyini elə tullamağınız uşaqlıq günlərimi yadıma saldı. Bəhsə girib ağzımızı su ilə doldurardıq ki, görək kim uzağa atacaq…

– Demək istəyirsiniz mən də indi uşaqlıq dövrü keçirirəm?

– Yox, elə deməz, – Kərəmxan dostunun əvəzinə cavab verdi.

Buldozerçi gözləri əlindəki işində olduğu halda:

– Bəyəm uşaqlıq pisdir? – dedi, – indi uşaqlığımı mənə qaytarsaydılar…

– Nə edərdiniz? – deyə maraqla soruşdum.

Lakin o, qaşlarını çatıb cavab vermədi. Birdən-birə bütün acığım soyudu. Meh əsib onun yumşaq, sarı saçlarını hərdən tərpədir və bu zaman o mənə haradansa, uzaq, çox uzaq yerdən gəlmiş naməlum bir adam kimi görünürdü. “Nə üçün mən Kərəmxan və ya Soltanla olduğu kimi ona da “sən” deyə xitab eləmirəm. Nə üçün Adil də, mən də onu yoldaşlarından ayırırıq?.. Açıq olmasa da, ürəyimizdə ayırırıq…”

Elə bu zaman üçtonluq böyük yük maşını körpünün altına qoyulacaq boruları gətirdi. Dördümüz də qalxıb maşının qabağına yeridik. Oğlanlar köməkləşib, boruları maşından endirdilər.

Soltan, şoferə düşüb dincəlməyi təklif etdi. Lakin o:

– Yox, gecdir, gərək tez qayıdam. Səhər tezdən sizin üçün sement gətirəcəyəm, – deyib maşını döndərdi.

Sərin axşam kölgəsində, çiçəkli otların içində yanaşı qoyulmuş üç paslı boru mənə üç təzə qonaq kimi qəribə bir təsir bağışlayırdı. Elə bil ki, onlar bu saat dil açıb bizə bir xəbər verəcəkdilər. Elə bil ki, onlarla bizim aramızda bir ünsiyyət, bir yaxınlıq vardı. Bu qara çuqun borular tər otlar içində sanki sevinirdi. Sanki onlar gülümsəyir və pıçıldaşırdı.

“Görəsən, uşaqlığı geri qayıtsaydı, bu buldozerçi nə edərdi? Ax, lap yadımdan çıxıb ki, Adilin duran vaxtıdır. Gecikmişəm…”

– Sağ olun, uşaqlar, mən qaçdım!

… Adil bayırda oturub, ucu həmişə səliqə ilə yonulmuş karandaşla dəftərçəsinə nə isə yazıb-pozurdu.

– Adil, çoxdan durmusan?

– Bir az olar…

– Bu saat çay dəmləyim. Bilirsənmi, borular gəldi…

– Gördüm.

– Adil, maraqlıdır, elə deyilmi?

– Nə maraqlıdır?

– Bu meşələrin, otların, çiçəklərin arasında çuqun borular görmək adama birtəhər gəlir…

– Necə yəni, birtəhər gəlir?

– Heç özüm də bilmirəm. Ancaq buldozerçi yenə də məni apardı.

– Doğrudanmı?

– Lap yanıb-töküldüm, bu gün onu elə məğlub etmək istəyirdim ki… Sənin üçün mürəbbə də gətirimmi?

– Gətir…

Mən balaca rozetkanı şəhərdən gətirdiyim gilənar mürəbbəsi ilə doldurub, stolun üstünə qoydum. Sonra çaylarımızı tökərək (mən rəngli çayın əsəbləri sakit etdiyini bildiyim üçün Adilin çayını tünd elədim):

– Adil, – dedim, – bu gün elə işləmişik ki, belə getsə, körpünü lap tez salacağıq.

Bir qədər susaraq əlavə etdim:

– Demək, bunu qurtarandan sonra yuxarıda, Qızılqayanın altındakı körpünü başlayırıq?

O, çayından bir qurtum alaraq, başı ilə təsdiq etdi.

– Bu yol, bu körpülər bizdən yadigar qalacaq. Kim bilir, bu yol ilə dağların o tərəfindəki o varlı fermalara nə qədər adam, maşın gəlib-gedəcək! Elə deyilmi, Adil?

– Elədir…

– Biz hələ cavanıq, hələ əsl işə yenicə başlayırıq. Eh, hələ nə qədər bu cür yollar, körpülər salacağıq… Bilirsənmi, bu Soltangil çox yaxşı oğlanlardır. O buldozerçi ki, var, qiyabiçidir, politexnik institutunun mexanika fakültəsində oxuyur. Mühəndis olacaq…

– Nə bildin, özü dedi?

– Yox, yoldaşları dedilər. Dünən işdən sonra gördüm fizika öyrənir. Adil, mən də qiyabi oxuyaram. Bu daha yaxşıdır, elə deyilmi?

– Madam ki, sən istəyirsən, demək elədir. Ancaq o buldozerçi çox yaraşıqlı oğlandır… Bəzən dayananda elə bilirsən dahi bir rəssam tərəfindən çəkilmiş portretdir.

O bu sözləri mənim üzümə baxmadan, çayına mürəbbə saldığı zaman dedi. Mən, heç ürəyim istəmədiyi halda, qalxıb özümə yenə çay tökdüm, sonra mən də ona baxmadan:

– Əvvəllər, – dedim, – mənə elə gəlirdi ki, o buldozerçi özündən bədgümandır.

– Nə barədə?

– Bilmirəm. Elə-belə. Ancaq bayaq hiss elədim ki, mənim düşündüyüm kimi deyilmiş… Adil, sən orduda olmusan?

– Yox, olmamışam. Ancaq institutda hərbi dərs keçmişik. Nə üçün soruşursan ki?

– Heç, elə-belə. Bu kiçik leytenant rütbəsi nəyə lazımdır? Ola bilməzdi ki, elə serjantdan sonra birbaşa leytenant rütbəsi gələydi?

– Bu suala cavab verməkdə çətinlik çəkirəm. Məncə, ola bilərdi…

– Məncə də ola bilərdi. Axı, kiçik leytenantla leytenantın arasında nə böyük fərq varmış ki… Mən hərbi nazir olsaydım, bu barədə düşünərdim… Adil, müharibə zamanı, məsələn, bir kiçik leytenant general rütbəsinə çata bilərdi?

– Çata bilərdi.

– Yox, Allah eləməsin müharibə olsun… Mən müharibəyə nifrət edirəm. Ona görə yox ki, qorxuram. Ona görə ki, müharibə sözünün özündə, nə isə, dəhşətli bir soyuqluq var, elə deyilmi, Adil?

– Elədir…

– Sabah körpü divarlarının bünövrəsini qoyacayıq. Mən istəyirəm bu yol tez çəkilib qurtarsın. “QAZ-69”a oturub birbaşa dağların arxasındakı o fermalara sürüm.

– Tək? – deyə o gülümsədi.

– Yox, əlbəttə, səninlə.

Mən indicə nə demək istədiyimi yadıma salmaq üçün bir neçə an susdum. Sonra:

– Hə, – deyə sevinclə davam etdim, – bilirsənmi, Adil, dağların dalındakı o fermalar bəzən mənə qəribə, əfsanəvi bir aləm kimi görünür. Mənə elə gəlir ki, orada həyat başqa cürdür…

– Yəni, nə cür?

– Yəni… yəni, daha sərbəst, daha xoşbəxt…

– Məgər, biz burada sərbəst, xoşbəxt deyilik?

Mən susdum. Gözüm yol çəkdi.

– Əlbəttə, məncə, xoşbəxtik. Ancaq bil ki, orada, nə isə, daha fərəhli bir şey görəcəyik…

Adil mənə cavab verməyərək uçuruma tərəf baxırdı… Günəş çoxdan batmışdı. Uçurumdan o yana dəniz kimi qaralan tək-tək işıq gəlirdi. Dərənin göz işlədikcə uzaq qurtaracağında güclə seçilən, dağın döşündə isə yüzlərlə başqa işıqlar yanmışdı və elə görünürdü ki, elə bil, havada nəhəng bir gəmi dayanıb. Sanki bu gəmi məchul bir aləmdən gəlib, hara isə yenə də baş alıb gedəcəkdi. Hərdən körpüsalanların danışıq və gülüşləri eşidilirdi. Körpüsalanlar… demək biz, yəni, mən və onlar körpüsalanlarıq. Ancaq bu buldozerçi iki gündür, dalbadal məni tennisdə yaman aparır. Demək, əgər, müharibə olsaydı, bu kiçik leytenant buldozer əvəzinə tankda oturardı. Kim bilir, bəlkə də qəhrəman olardı. Yox, mən müharibəyə nifrət edirəm. “Müharibə” sözü adamı üşüdür.

… Gecə çarpayıda arxası üstə uzanıb, gözlərimi qaranlıq çadırın qapısından görünən ulduzlarla dolu göyə zilləmişdim. Elə bil, yanımızdan üzüaşağı sürətlə axan balaca çay öz gümrah şırıltısı ilə hey təkrar edirdi: “Biz körpüsalanlarıq… Biz körpüsalanlarıq…”

… Səhər tezdən ikimiz də eyni vaxtda qalxdıq. Məhrəba, sabun, diş fırçası götürüb suyun üstünə endik. Körpünün tikilişinə mane olmasın deyə, hələ biz gəlməmiş Soltangil digər fəhlələrlə birlikdə balaca çayı öz axarından başqa səmtə döndərmişdilər və bu yeni məcra o qədər də dərin olmadığından, su yayılaraq axırdı. Saysız-hesabsız xırda rəngarəng daşlar bu şəffaf suyun içində muncuq kimi işıldayırdı. Haradansa zərqanadlı böcəklər uçub gəlmişdi. Günəş uçurumdan o yana, ta uzaq dağlara qədər uzanan dərəni parlaq işıqla doldurmuşdu. O ağ qartal yenə də uçurumun üzərində hərlənərək, aşağıları sakit və məğrur baxışlarla süzürdü. Dərənin dibindən orada-burada boz tüstü burumları qalxırdı. Yaxındakı ağacların yarpaqları arasında quşlar səs-küy salmışdılar. Biz yuyunub qayıtdıqda, Soltan, Kərəmxan və Qəribcanın rayona tərəf gedən yolda, əyinlərində qolsuz köynək, başıaçıq dayanıb yüyürməyə hazırlaşdıqlarını gördük. Mən məhrəba-sabunu tələsik Adilə verib körpüsalanların yanına yüyürdüm və onlarla yanaşı duraraq:

– Mən də ötüşürəm, – dedim.

Kərəmxan:

– Lap yaxşı, – dedi. – Ancaq şərtimiz budur ki, kim birinci çıxsa, dalda qalanların hərəsinə on beş lopuq vuracaq.

– Olsun! – dedim.

– Bax, yolun qırağındakı o yemişan ağacına qədər qaçacağıq.

Kərəmxan bunu deyib komanda verdi:

– Hazır ol! Bir, iki, uç.

Mən təxminən yüz metr məsafəni necə qaçdığımı bilmədən, ağaca çatıb, dərhal geri döndüm. Körpüsalanlar yalnız indi gəlib yetişdilər. Azı, on beş-iyirmi saniyə sonra…

– Sağ ol, vallah, – Kərəmxan tövşüyə-tövşüyə mənə baxdı.

– Hə, – dedim, – uzun söz nə lazım, sıraya durun, ovurdlarınızı hazırlayın.

Onların üçü də yanaşı durub ovurdlarını şişirtdi. Soltanla Kərəmxana lopuq vurandan sonra buldozerçiyə yaxınlaşıb:

– Boyunuz çox ucadır, bir az əyilin, – dedim.

O, uşaqla rəftar edirmiş kimi, gülümsəyib başını aşağı əydi, üzünü mənə yaxın tutub ovurdlarını şişirtdi. Bir bu üzünə, bir o üzünə elə vurdum ki, yazığın gözləri yaşardı.

Soltan bərkdən gülərək:

– Vur, Səriyyə, – dedi, – tennisdəki heyfimizi al.

Lopuqları vurub qurtarandan sonra buldozerçinin qızarmış üzünə baxdım:

– Hə, necədir, istəyirsiniz bir də qaçaq?

– Qaçaq, qaçaq! – deyə Soltan qışqırdı.

– Mənim işim deyil, – buldozerçi üzünü ovuşdurdu.

– Amma nə vurdu, – deyə Soltan ona nəzər saldı.

Bu vaxt “QAZ-69” sürətlə gəlib yanımızdan keçdi. Mən sükan arxasında oturmuş Adili görüb, çığırdım: “Bay, Adil niyə belə tez getdi?” Sonra dönüb tələsik çadıra gəldim. Adil çay içməmiş çıxıb getmişdi. Mən bir neçə saniyə hərəkətsiz dayanıb, onun stolun üstünə atılmış pencəyinə baxdım. Bu, dörd-beş ay bundan qabaq məhz mənim zövqümlə tikilmiş idmançı formasında açıq rəngli kostyumun pencəyi idi. Mən onun bu paltarını çox xoşlayırdım. Bu kostyumda o mənə daha yaxın və daha sadə görünürdü. Elə bil ki, bu kostyumu geyəndə, onun özünü ciddi və tox tutmaq cəhdi birdən-birə yox olub gedir, əvəzində mənim çoxdan tanıyıb-xoşladığım, gülüb-zarafat elədiyim gənc oğlan zahir olurdu və mən həmin bu səmimi oğlanın ərim olmasından məmnun qalırdım.

İndi mən bunları düşünərək pencəyə baxarkən, birdən o mənə bütün bizi əhatə eləyən varlıqdan təcrid olunub sonsuz boşluqda dayanmış kimi görünürdü. Bu yaxınlarda Mars haqqında yazılan bir məqalədə oxumuşdum ki, əgər, Yer kürəsi daim sıfırdan aşağı filan temperaturda qalsaydı, o zaman bütün dənizlərin, okeanların yuxarı hissəsi, üzərini toz basmış bərk bir maddəyə çevrilərdi. Mən ürəyimdə, nə isə, soyuq və darıxdırıcı bir şey hiss edib, gözümü Adilin pencəyindən çəkdim. Sonra tamam qeyri-şüuri bir hərəkətlə irəlilədim, çaydanı götürüb özümə çay tökdüm. Eyni donuq hərəkətlə çörək kəsib üstünə yağ çəkdim. Lakin birdən-birə heç iştaham olmadığını hiss etdim və çörəyi süfrəyə qoydum, Adilin pencəyini stolun üstündən götürüb, burada meşə ağaclarından düzəltdiyim asqıya keçirtdim. Qəribədir, mən pencəyi əlimə alanda, sanki o birdən-birə canlandı və elə bil, özü mənim əlimdən aralanıb asqıda bənd aldı. Bu gözəl yaylaq sabahında, yaşıl kol-kos altındakı qayalardan çıxaraq, günəşin brilyant şüalarını əks etdirib gümrah şırıltı ilə uçuruma tökülən suyun yaxınlığında, çadırın içindəki sükut dözülməz, ağır bir şeyə çevrildi. Mən heç nə düşünməməyə çalışaraq, cəld çadırdan çıxdım. Buldozerçi körpü salınan yerə gedirdi, üzünü təzə yumuşdu, saçları hələ yaş idi. Məni görərkən gülümsədi.

Mən yuyunandan sonra saçlarımı yaxşı səliqəyə salmadığımı xatırlayaraq, təkrar dönüb çadıra girdim və balaca stolun üstündəki güzgünün qabağında dayandım. Mənim sol yanağımda uşaqlıqdan ilyarasının yeri qalmışdı. Dünən biz tennis oynayanda iki-üç dəfə buldozerçinin nəzərlərini, ani olaraq, öz üzümdə hiss eləmişdim. O həmin bu ilyarasının yerinə baxırdı.

Təbiətin qəribə işləri var. Vaxtilə məni çox incitmiş, əzab vermiş o yaranın yeri indi mənim üzümə, necə deyim, qəribə bir yaraşıq verirdi və bunu başqa birinin duyub-hiss etməsi, gizli olaraq, mənim xoşuma gəlirdi.

Mən özümü quş kimi yüngül və təravətli hiss edirdim. İşin üstünə getdim. Üç yoldaş buradaydı. Onlara yaxınlaşarkən Soltan bir kağızla avtomat qələmi uzadıb:

– Səriyyə, – dedi, – al qol çək.

Mən kağızı alıb orada yazılmış bu sözləri oxudum: “Biz dörd yoldaş Soltan, Kərəmxan, Qəribcan və bir də mən Səriyyə 1959-cu il mayın otuzunda həmin bu körpünün bünövrəsini qoyduq”.

Mən onların imzasının yanından qol çəkib kağızı Soltana qaytardım. Sonra bünövrə yerini təkrar-təkrar nəzərdən keçirdim, hörüləcək divarların arasını təkrar ölçdüm. Hər şeyin layihədəki kimi olduğunu bir daha dürüst yoxlayandan sonra:

– İndi başlaya bilərik! – dedim. Mən fövqəladə bir iş görən adamlar kimi ciddi və həyəcanlı idim.

Soltan kağızı şüşəyə salıb, ağzını tıxacla möhkəm bağladı, sonra şüşəni bünövrəyə qoydu.

– Əmr olunsun, iyirmi bir topdan yeddi yaylım atəşi açılsın! – deyə Kərəmxan körpünün divarını hörməyə başladı.

Buldozerçi ilə Soltan bir-bir ona daş verirdilər. Bu bünövrəyə kağız yazıb qoymaq məsələsi heç mənim ağlıma gəlmədiyindən, özümü birtəhər hiss edirdim. Elə bil ki, mən, nə isə, tamam yeni bir aləmə daxil olmuşdum. Lakin bu “sirr” və bu “aləm” nə idi, nədən ibarət idi – mənə məlum deyildi. Qəribədir, mən Soltanla, Kərəmxanla danışıb güldüyüm halda, buldozerçiyə tərəf baxmırdım. Yalnız bir anlığa mənim başımdan son dərəcə xoşagəlməz bir fikir keçdi… Mənə elə gəldi ki, subay qızam və indicə həmin bu buldozerçiyə ərə getdim! Elə bil, o bünövrəyə qoyulan bizim nikah kağızımız idi. Mən əsəbi bir həyəcanla bu hissi özümdən qovaraq, basımı qaldırıb, cəsarətlə buldozerçiyə baxdım və ona müraciətlə:

– Heyif ki, – dedim, – Adil burada olmadı, yoxsa məktubda onun da adını yazardıq…

– Doğrudan da… – deyə buldozerçi ciddi ifadə ilə cavab verdi, – gərək naçalnik də olaydı.

Lakin onun sözləri məni təskin etmək əvəzinə daha da əsəbiləşdirirdi. Onun üzündə həddindən artıq ağıllı ifadə var idi. Cavabı da həddindən artıq ləyaqətli və ciddi idi. Mən boş vedrəni qapıb, bir kənarda düzəldilmiş palçığın yanına yüyürdüm və beli götürüb vedrəni doldurmağa başladım. Lakin buldozerçi yaxınlaşıb:

– Verin bura, – dedi, – sizin işiniz deyil.

– Yoxsa ki, siz göydən gəlmisiniz? – deyib, mən beli vermək istəmədim.

O, heç bir söz demədən zorla barmaqlarımı belin sapından qoparıb, onu məndən aldı…

Mən ona acıqlı bir nəzər salıb kənara çəkildim. Ona demək üçün, onu da özüm kimi hirsləndirmək üçün acı bir söz axtarırdım. Lakin o sözü tapmadım. O, vedrəni doldurub apardı. Mən də əlacsız halda onun ardınca getdim.

Kərəmxan daşları üst-üstə qoyaraq, mənə müraciətlə:

– Sən, – dedi, – naçalnikin burada olmadığına görə darıxma. Hələ o qədər körpülər salacağıq ki…

“Lakin mən bir də bünövrəyə qoyulan kağızda adımın yazılmasına icazə verməyəcəyəm… Belə romantika nə mənə lazımdır, nə də Adilə! Qoy bu buldozerçi ilə yoldaşları öz adlarını yazsınlar! Lakin mən… mən istəmirəm. Buldozerçi ilə birlikdə istəmirəm. Bu mənə pis gəlir. Nə üçün pis gəlir?” O zaman mən bu suala cavab verə bilməzdim. Mən bu cavab haqqında heç düşünmürdüm də. Mən yalnız ruhi bir gərginlik və iztirab hiss edirdim. Hətta, mən bu iki daşın arasında Adilin də qarasına deyinirdim.

“Mənim bu ərim nə qəribə adamdır! Çay içmədən, mənə heç bir söz demədən çıxıb gedir…”

Kərəmxan, Soltanın verdiyi guşə daşını alıb hörgüyə qoyaraq:

– Səriyyə xanım, – dedi, – gələcəkdə bu Zoğallı körpüdən (körpü salınan yerdə çoxlu meşə zoğalı olduğu üçün biz ona “Zoğallı körpü” adını qoymuşduq) gəlib keçəndə bizi yada salarsan.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации