Электронная библиотека » İlyas Əfəndiyev » » онлайн чтение - страница 8

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: İlyas Əfəndiyev


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +

Qısa sükutdan sonra çoban əlavə etdi:

– Aydın burda olsaydı…

Oğlan soruşdu:

– Aydın kimdir?

– Mənim çoban yoldaşımdır. Toy eləyəcək. Ona görə də, kolxozdan bir aylıq məzuniyyət götürüb.

– Tək sənin üçün çətin olar…

– Eybi yoxdur, – deyə çoban arxayınlıqla cavab verdi. Sağlığına işimiz pis deyil. Keçən il hər qoyundan iki bala almışıq. Bu il də elə olacaq… Qoyun bərəkətli heyvandır. Camaatı yavanlıqdan korluq çəkməyə qoymur…

– Kəndiniz bura yaxındır?

– Yox… Yüz səksən kilometrdir, odur, o işıq gələn də bizim kolxozun binələridir.

– Sənə əziyyət verdik…

– Sağ olmuş, əziyyət nədir? O gün nazir də gəlib bura çıxmışdı. Deyir, Rəşid, bu yiyəsiz dağlarda darıxmırsan? Dedim, əşi, bu qədər dövləti (çoban əli ilə ağılda yatışan qoyun sürüsünü göstərdi) bəsləyən də darıxarmı…

“Eh…” – deyə o, dərindən nəfəs aldı:

– Çobanın canı bu dağlardadır. Evə gedib çimirəm, təmizlənirəm, sağlığına televizorumuz da var, radiomuz da. Rəbiyə ipək yorğan-döşəkdən taxtın üstündə yer salır. Di gəl ki, bu qoyunun içində yatmağın ləzzətini vermir.

– Uşaqlardan məktəbi qurtaran var? – Oğlan döşündən asdığı tranzistoru qurdalaya-qurdalaya soruşdu.

– Var. Böyük oğlum keçən il universitetə girdi… Qız da bu il məktəbi qurtarır…

Bir qədər susduqdan sonra əlavə etdi:

– Qoy oxusunlar. Onlar ayrı cür yaşayacaqlar.

… Sonra çoban göyə baxaraq dedi:

– Radionu bir açsana. Konsertin vaxtıdır.

– Nədən bilirsən? – deyə oğlan soruşdu.

– Ulduzlardan.

Oğlan tranzistoru qurdu…

Aydınlıq içində olan dağlara, çöllərə qədim bir Azərbaycan mahnısı yayıldı.

… Oğlan sakitcə otağa daxil oldu.

… Qız çarpayıda şirin yuxuya getmişdi. Onun yarıya qədər çılpaq sinəsi aramla enib qalxırdı…

… Oğlan səs salmamağa çalışaraq, çırağı söndürüb, çəkmələrini çıxartdı… Sonra plaşına bürünüb, ocağın qırağındakı ayı dərisinin üstünə uzandı.

… Murov dağlarının yiyəsiz ətəklərində bütün insanlardan uzaq üç nəfər yuxuya getmişdi.

… Çoban, yapıncısına bürünərək başını iri qoçun quyruğu üzərinə qoyub, qoyunların arasında yatmışdı…

… Artıq sönməkdə olan ocağın zəif ziyası oğlanın üzünü və qızın yarıaçıq sinəsini işıqlandırırdı.

… Qalın meşənin ortasında alovlanan böyük ocağın qırağında üç nəfər oturmuşdu.

… Mərdan kürəyini iri palıda söykəyərək yuxulamışdı…

… Elxan gözlərini ocağa zilləyərək xəyala getmişdi…

Laçın dalbadal papiros çəkərək, diqqətlə meşədən gələn səsləri dinləyirdi…

… Ay yavaş-yavaş dağların arxasına enirdi…

…Bir qırqovul xoruzu qanadlarını çırparaq, yarpaqlar arasından başını çıxarıb, günəşin üfüqdə lalətək qızaran ilk işığına baxdı.

…Sanki qız balaca pəncərədən üzünə düşən günəş işığından diksinərək gözlərini açıb, ocağın üstündə çay dəmləyən oğlanı gördü… Və oğlanın günəşdən, ayazdan yanmış sərt çöhrəsi onun nəzərləri qarşısında qəribə bir aydınlıqla böyüdü…

– Yaxşı yatdınız?

… Qız cavab verməyərək, ona baxıb gülümsəyirdi…

– Niyə gülürsünüz? – oğlan soruşdu.

– Gecə sizi yuxuda görürdüm.

– Nə cür?

– Görürəm ki, bulağın yanındakı qayanın üstündə bir ayı durub bizə baxır. Mən, “Vur o ayını” – deyə qışqırıram. Siz isə, qaşqabağınızı töküb, cavab vermirsiniz… O zaman mən, sizi qollarınızdan tutub bərk-bərk silkələyirəm… Siz dinmirsiniz ki, dinmirsiniz…

– Sonra nə oldu?

– Daha heç nə xatırlamıram…

Sonra qız təkrar gülümsəyərək soruşdu:

– Siz həmişə belə qaşqabaqlı olursunuz?

– …Bilmirəm… O barədə mənə bir söz deyən olmayıb. Məgər, mən qaşqabaqlıyam?

– Yox, yaman üzügülərsiniz… – deyə qız elə təbii üsyankarlıqla cavab verdi ki, oğlan özünü saxlaya bilməyib gülümsədi.

… Çoban içəri girib, his basmış badyanı oğlana uzatdı:

– Al bişir. Yoldaşın içsin. Qara qoyundan sağmışam.

Qız şaqqıltı ilə gülərək dikəlib oturdu.

Çoban gülümsəyib:

– Bacı, – dedi, – Molla Nəsrəddin demişkən, deyəsən, işin düzəlib, gülürsən…

– Necə məgər? – deyə qız heç də pərt olmayaraq soruşdu.

– Demək istəyirəm ki, deyəsən, ayağın incitmir…

– Az-az ağrıyır, – deyə qız yorğanı sarıqlı ayağının üstündən kənara çəkdi.

– Bu saat ona da əncam çəkərik… – deyə çoban çuvaldan balaca ləyənə bir ovuc un qoydu.

… Çoban qızın ayağını açaraq, yenidən diqqətlə nəzərdən keçirdi.

– Görürsənmi, – topuğunu oğlana göstərdi, – burada balaca şiş var.

… Sonra çoban həmin undan düzəltdiyi təpitməni usdufca qızın topuğuna qoyub sarıdı:

– Bu, ağrısını da, şişini də çəkəcək… Ancaq, hələlik, bu ayağını yerə lap usdufca qoy…

Sonra çoban dikəlib:

– İndisə, – dedi, – məni bağışlayın, qoyunu örüşə aparıram…

Və o, balaca şkafdan çörək-pendir götürüb:

– Xahiş edirəm özünüzü öz evinizdəki kimi hiss eləyəsiniz, – dedi və otaqdan çıxdı.

Qız oğlana baxıb:

– Bilirsiniz, – dedi, – bayaq nəyə gülürdüm? Çobanın sizi mənim həyat yoldaşım hesab eləməyinə…

Oğlan ciddi ifadə ilə cavab verdi:

– Bayıra çıxmaq istəyirsiniz?

– İstəyirəm.

… Oğlan qızın qoluna girərək, otaqdan çıxartdı…

… Bayırda yamacları, çölləri bürüyən lalələr, sarı çiçəklər yaz günəşinin brilyant kimi parlaq işığı altında alışıb-yanırdılar…

… Lap uzaqlarda çobanın qoyunları göbələk kimi dağın döşünə səpələnmişdi.

Oğlan, qızı qayadan qaynayıb çıxan bulağın yanına gətirərək: – Siz yuyunun, – dedi, – mən gedim südü qaynadım. Qurtaranda səsləyərsiniz.

– Oldu… – deyə qız cavab verdi.

Oğlan çevrilib otağa doğru addımladı… Qız onun ardınca baxdı…

… Qız ilə oğlan balaca stolun ətrafında oturub, səhər yeməyi yeyirdilər. Qabaqlarında çörək-pendir, yağ və süd var idi.

– Mən yeddi arxa dönənlərimizin hamısının adlarını sizə dediyim halda, siz nə üçün öz adınızı, nə işlə məşğul olduğunuzu demirsiniz?

– Adım ovçu… Özüm ovçu! – deyə oğlan zarafatyana cavab verdi.

Sonra süddən bir qurtum alaraq:

– Siz uzanarsınız, – dedi, – mən də gedib yoldaşlarınızı axtararam. Bəlkə bir şey çıxdı…

– Yox… yox… mən burda tək qala bilmərəm. Bir də ki, siz, onsuz da, mənim üstümdə az əziyyət çəkməmisiniz… Əgər, yaxşı yoldaşlardırsa, qoy onlar məni axtarıb tapsınlar…

– Onlar sizi axtarıb tapanacan, ərinizdə can qalmaz…

– Can qalar… – deyə qız başını tərpətdi. Yoxsa ki, kişilərə etibar var…

– Nə üçün kişilər sizin nəzərinizdə belədirlər…

– Siz zarafat eləyirsiniz… Amma mən yox…

– Görünür, sizin, nə isə, ciddi bir narazılığınız var…

– Biz çox şairanə bir eşq macərası ilə evlənəndən iki ay sonra, ərim, tez-tez bizə gəlib-gedən bir rəfiqəmə eşq elan eləmişdi…

– Bəs, sonra nə oldu?

– Sonra o, and içib, məni inandırmağa çalışdı ki, guya, hissə qapılıb, səhv eləyib… Mən də onu bağışladım.

Oğlan qaşqabaqlı halda dedi:

– Madam ki, bağışlamısınız, daha o əhvalatı xatırlamaq lazım deyil.

– Mən ərimi ona görə bağışlamadım ki, ona inandım. Əksinə, onun xəyanəti (əgər, o hərəkəti xəyanət adlandırmaq düzgündürsə) məni başa salmışdı ki, əbədi məhəbbət… filan… boş sözdür… nağıldır…

– Hər halda, insanların yaxşı arzularından doğan nağıldır… Ona görə də, boş söz deyil.

Qız istehzalı təbəssümlə:

– Bilirsinizmi, – dedi, – belə-belə romantikanın Yer planetilə vidalaşdığı vaxtdan çox sellər… sular axıb gedib.

… Sonra qız zədələnmiş ayağına işarə ilə:

– Deyəsən, çoban qardaş çox bərk bağlayıb, bəlkə sarığı bir az boşaldasınız, incidir…

Oğlan sarığı açıb, yenidən bağlayırdı. Qızın çılpaq qılçı həddindən artıq cazibədar idi.

… Qız cavan oğlanın hər bir hərəkətini, üzünün ifadəsini qəribə bir maraq və diqqətlə izləyirdi.

… Və oğlan bunu hiss edirdi…

– Ağrımır? – deyə, nəhayət, o, gözünü sarıqdan çəkməyərək soruşdu.

– Bilmirəm… – deyə qız gülümsəyərək müəmmalı cavab verdi. – Hiss eləmirəm…

Oğlan sarığı bağlayıb sərt səslə:

– Uzanın, – dedi.

Qız jaketini çıxararaq arxası üstə çarpayıda uzanıb çılpaq qollarını başının altında çarpazladı. Onun çöhrəsi, boğazı, sinəsi kamil bir gözəllik nümunəsi idi. Onun üzündə meydan oxuyan bir təbəssüm vardı.

Oğlan papiros çıxarıb yandırdı… Qız dedi:

– Özünüz haqqında danışmırsınız, danışmayın… Heç olmazsa, deyin görüm evlisiniz?

– Evliyəm… – deyə oğlan quru ifadə ilə təsdiq etdi.

– Yəqin ki, arvadınız çox gözəldir.

– Nədən bilirsiniz?

– Özünüz bu qədər gözəlsiniz, məlumdur ki…

Oğlan darıxırmış kimi onun sözünü kəsdi:

– Mən kişini gözəl adlandırmağı xoşlamıram, – dedi.

– Xoşlasanız da elədir, xoşlamasanız da… – deyə qız qəhqəhə ilə güldü.

– Yaxşısı budur, deyin görüm nahara nə hazırlamağı əmr edirsiniz? Kəklik bulyonu, yoxsa qırqovul kababı?

– Ovladığınız quşları bişirib qurtararıq, sonra xanımınız acıqlanar.

– Acıqlanmaz. Mənim xanımım siz düşünən kimi daşürəkli deyil, – deyə ovçu qaşqabaqlı cavab verdi. – Bağışlayın, mən zarafat elədim.

– Uşaqlar, gəlmək olar? – deyə çobanın bayırdan səsi eşidildi.

Qız jaketini tələsik əyninə geyəndən sonra:

– Gəl, – dedi.

Çoban ovladığı əliyi yerə qoyub:

– İndicə vurmuşam, – dedi.

– Harda? – deyə qız həyəcanla səsləndi.

– Sürünü meşəyə tərəf aparırdım, qəfil çıxdı qarşıma.

– Nə üçün vururdun?

– Nə təhər, yəni, nə üçün vururdum? – deyə çoban təəccüblə qıza baxdı.

– Gör necə gözəldir, – deyə qız heyranlıqla güllə dəymiş əliyə baxırdı…

– Bilmirsən ki, qadın tayfasının ürəyi nazik olur? – deyə oğlan gülümsədi.

Çoban qıza baxaraq:

– Bizim arvadlar elə deyil, – dedi.

Sonra əlavə etdi:

– Sürü yiyəsizdir, mən qaçdım…

Sonra çoban, oğlandan soruşdu.

– Soymaq əlindən gəlir, yoxsa, mən soyum?

– Əlimdən gəlir.

… Qız oğlana dedi:

– Mən siz düşünən qədər də ürəyinazik deyiləm… Məsələn, əgər, çoban pələng vursaydı, mənə ləzzət eləyərdi… Əlik isə, yazıq, köməksiz heyvandır.

Oğlan zarafatyana bir ifadə ilə:

– Yaxşısı budur, – dedi, – mən əliyi soyum, doğrayım…

– Kobud!!! – deyə qız anlaşılmaz bir qəzəblə səsləndi.

Oğlan gülümsədi:

– Ovçu kobud olmasa, o qədər qan tökə bilməz.

– Xahiş edirəm istehzanızı saxlayasınız, özünüzə lazım olar.

Görüşdüklərindən bəri, birinci dəfə olaraq, oğlan qəhqəhə ilə güldü. Qız ona məzəmmətlə baxaraq:

– Demək, məni yandırıb-tökməkdən ləzzət alırsınız?

Oğlan eyni şən əhvali-ruhiyyə ilə:

– Axı, – dedi, – sizin yanıb-tökülməyiniz üçün heç bir əsas yoxdur…

Qız sanki birdən yuxudan ayılaraq, ovçuya ani bir nəzər salıb, üzünü pəncərəyə sarı çevirdi.

… Oğlan əliyi stolun üstünə qoyub, ov bıçağı ilə dərisini qarnından ta boğazına qədər cıraraq, mehriban ifadə ilə dedi:

– Bu saat xəstəmiz üçün elə bir kabab bişirəcəyəm ki, yeyən kimi ayağı sağalsın.

Lakin qız onu eşitmirdi…

* * *

… Böyük qoyun sürüsü dağın döşünə yayılıb otlayırdı.

… Çoban Rəşid, təzəcə doğulmuş quzunun yerə çökərək, anasını necə acgözlüklə əmməsinə baxırdı.

… Birdən itlər hürüşüb üzüaşağı götürüldülər.

– Ay it, ay it! – deyə çoban qalxıb, onların ardınca yüyürdü.

… Büsbütün yorulub əldən düşmüş Laçın, Mərdan və Elxan ona çatıb dayandılar.

Çoban soruşdu:

– Kimsiniz?

Mərdan dedi:

– Mühəndisik, srağagünkü tufanda bir qız yoldaşımızı itirmişik. Bəlkə görmüş olasan…

– Xeyr, rast gəlməmişəm. O axşam mənim dəyəmə cavan bir ər-arvad gəlib çıxıb. Onlar da tufana düşüb azıblar…

– Ər-arvad? – deyə Laçın məyus halda soruşdu.

– Bəli, ər-arvad, yazıq qız da yolda yıxılıb, ayağı sərpib, dəyədə yatır.

Mərdan:

– Haradan gəlib, hara gedirlər?

– Soruşmamışam. Qonaqdırlar.

Mərdan yoldaşlarına dedi:

– Gedək onları görək. Bəlkə bir şey bildilər.

Sonra Mərdan çobandan soruşdu:

– Dəyən hardadır?

– Odur ey, o şiş dağın altında…

…Oğlan bişirdiyi kababları gətirib qızın qabağındakı boşqaba çəkdi:

– Yeyin.

Qız istehza qarışıq bir təbəssümlə dedi:

– Siz məni lap İran şahzadəsitək bəsləyirsiniz…

Oğlan gülümsədi:

– Neyləyək, borcumuzdur…

– Borcunuz olmasaydı, bəsləməzdiniz?

– Məni elə dərinliklərə çəkməyin…

– Dərinliklərə getməkdən qorxursunuz? – deyə qız götürdüyü tikəni hələ də barmaqları arasında tutaraq soruşdu.

– Qorxuram… – deyə eyni zarafatla davam etdi. – Dərinlik çox zaman qaranlıq olur… O qaranlıqda da bizi nə gözlədiyini bilmirik.

– Zənnimcə, siz qorxaq deyilsiniz…

– Bilirsinizmi, – deyə oğlan bu dəfə zarafatmı, ciddimi olduğu məlum olmayan bir ifadə ilə dedi, – qorxaqlıq da qəhrəmanlıq, cəsarət kimi çox mürəkkəb məsələdir… Ona görə də, kababı soyutmayın…

Qız dərindən nəfəs alaraq:

– Gəlin siz də oturun, – dedi.

– Bu saat, – deyə oğlan ocaqdakı şişləri çevirərək, gəlib qızla qabaq-qabağa oturdu.

Qız dedi:

– Ömrümdə belə ləzzətli kabab yeməmişəm.

– “Bir” – sizdə! – deyə oğlan gülümsədi.

– Nə üçün?

– Bayaq çobanın əliyi vurmağına təəssüf edirdiniz… Amma indi o günahsız heyvanın kababından ləzzətlə yeyirsiniz.

– Bir halda ki, həyat anlaşılmaz ziddiyyətlərdən ibarətdir… biz neyləyə bilərik…

– Siz bu yaxşı tikəni götürün, özünüz də o barədə narahat olmayın. Vaxtı gəldikdə, ziddiyyətlər aydınlaşır, bütün sirlərin tədriclə açılması həyatın gözəl qanunlarından biridir.

Qız oğlanın göstərdiyi tikəni yeyə-yeyə zarafatla dedi:

– Bütün ziddiyyətlərin sirri açılsa da, sizin rəftarınızdakı ziddiyyətlərin sirri açılmaz.

Oğlan səmimi təəccüblə soruşdu:

– Siz mənim rəftarımda nə ziddiyyət görürsünüz?

Qız cəsarətlə davam etdi:

– Nə üçün siz mənim üstümdə iş-gücünüzü buraxıb, bu qədər əziyyət çəkirsiniz? Siz məni ölümdən qurtararaq, bura gətirib çıxarandan sonra çobana tapşırıb, gedə bilərdiniz…

– Mən çobanın necə adam olduğunu bilmirdim. Ona görə də, sizi ona tapşırıb gedə bilməzdim…

– Siz özünüzün necə adam olduğunuzu bilirsiniz?

– Şübhəsiz.

– Sizə nə dəxli vardı ki, çoban mənimlə necə rəftar edəcəkdi?

– Dəxli var idi! – deyə oğlan sərt ifadə ilə cavab verdi. Aydındırmı?

– Deyəsən, aydındır… – deyə qız dərindən nəfəs aldı.

… Bir-birilərinin ardınca gənc geoloqlar dəyəyə daxil olub, təəccüb içində dayandılar. Qız isə, heç bir təəccüb və həyəcan əlaməti duyulmadan gülümsəyib:

– Xoş gördük, köhnə dostlar… – dedi, özünüzü yaxşı yerə vermisiniz… Biz əliyin kababına təzə başlamışıq… Sizi də yaman saqqal basıb. Gərək ki, mənim yox olduğumun üçüncü günüdür. Necəsən, Laçın?.. Saqqal sənə nə yaxşı yaraşır.

Sonra qız oğlana:

– Tanış olun, – dedi, – bu mənim həyat yoldaşımdır, bunlar da dostlarımız.

Oğlan əvvəl Mərdanla, sonra da Elxanla əl tutuşdu. Sonra gözlərini qəzəblə qıza zilləmiş Laçının münasibətini hiss edərək, ona əhəmiyyət vermədən:

– Siz əyləşin, – deyə Mərdanla Elxana müraciət etdi, – mən də kababın işinə baxım.

Və oğlan ət çəkilmiş şişləri götürüb bayıra, ocağın yanına getdi.

– Bu kimdir? – deyə Laçın buz kimi soyuq ifadə ilə soruşdu.

Leyla ona uzun bir nəzər salaraq:

– Mənim xilaskarım! – deyə sakit təbəssümlə cavab verdi. – Sən ona təşəkkür elə!..

– Üç gün səninlə bu otaqda qaldığına görə?

Leyla eyni sakitliklə:

– Yox, – dedi, – məni ölümdən qurtardığına görə, o qiyamətdə məni yeddi-səkkiz kilometr qucağında gətirib, bura çıxardığına görə… Üç gündən bəri gecə-gündüz mənə xidmət elədiyinə görə… Aydındır?

– Aydındır! – deyə Laçın kəskin istehza ilə cavab verərək, papiros çıxarıb yandırdı. – Çobanın nə üçün sizi ər-arvad adlandırdığı da aydındır…

Leyla qəhqəhə ilə gülərək dedi:

– Çobanın səhvini zarafata salırdıq… Ona görə də, həqiqəti açıb demirdik…

– Bəsdir, – deyə Laçın hiddətlə qışqırdı. – Xalqı uşaq yerinə qoyma.

– Yaxşı, – deyə Mərdan qaşqabaqla Laçına baxdı. – Məşədi İbad kimi o saat özündən çıxma görək…

… Leyla, Mərdan, Elxan və oğlan bayırda dayanmışdılar.

Oğlan balaca tranzistoru qıza uzadaraq:

– Rica edirəm, – dedi, – bunu verin çobana, deyin ki, ona bağışlayıram.

… Leyla gözləri ona dikilib qalmış olduğu halda, tamamilə qeyri-şüuri bir hərəkətlə tranzistoru alıb, boynuna aşırdı.

… Sonra oğlan onlara xəfifcə baş əyərək:

– Sağ olun… – deyib sürətli addımlarla getdi.

– Dayanın! Bir dəqiqə… – deyə Leyla arxadan qışqırdı.

Oğlan ayaq saxlayıb geri döndü. Leyla axsaya-axsaya ona çataraq, qollarını boynuna dolayıb, hər iki üzündən öpdü:

– İndi gedin…

Oğlan gedir… Leyla baxırdı…

– Məndən xanımınıza salam yetirin… – deyə Leyla təkrar arxadan qışqırdı, – deyin, mən ona həsəd aparıram, eşidirsinizmi, həsəd!

Oğlan qanrılıb əlini havada yelləyərək, yoluna davam etdi.

Və o, qayanın arxasına burulub, görünməz olduqda, Laçın hələ də oğlanın ardınca baxan Leylaya yaxınlaşıb soruşdu:

– Nə üçün onun arvadına həsəd aparırsan? Gözəl oğlan olduğuna görə?

– Yox, – deyə qız sakit ifadə ilə cavab verdi. – Həqiqi kişi olduğuna görə!

Və o çevrilib ağır addımlarla Laçından uzaqlaşdı…

1972
DAŞ HASAR

Firəngizi heç bir şey təzə bir pyesin premyerası, ya tərifi yayılmış təzə bir roman, ya yeni açılmış bir rəsm sərgisi qədər maraqlandırmırdı. Belə hadisələr həmişə onda bir bayram əhvalı yaradırdı. O, məşhur kino artistlərinin, məşhur rəssamların, dəbdə olan yazıçıların adlarını, tərcümeyi-hallarını əzbər bilirdi. Xüsusən də müasirlərin. Əlbəttə, bunların sənətindəki gözəlliyin mahiyyəti ona məlum deyildi. Bu barədə düşünmək heç onun ağlına da gəlmirdi. Amma o, bu sənətdəki yeni ruhu (əgər, bu var idisə), yeni maneranı hiss edirdi və bu ona fövqəladə dərəcədə cazibədar görünürdü. Bu cazibədə bir fərəh, bir irişilməzlik vardı. Bir yaz gözəlliyi vardı. Ya mənasını dərk edə bilmədiyi adi bir pərişanlıq vardı. Elə pərişanlıq ki, bəzən onun ürəyini nəhayətsiz, lakin qəmgin yüksəkliklərə aparırdı. Belə anlarda onun məftunluğunun həddi-hüdudu yox idi. Orta məktəbdə oxuduğu zamanlar o, şirin xəyallara dalardı. Kaş, o da məşhur bir rəssam, ya Jorj Sand kimi, Merdok kimi bir yazıçı olaydı. Eh… heç kəs bilmirdi ki, o, məsələn, Konsuelanın, ya Romeo və Cülyettanın iztirablarını nə qədər dərindən hiss etmişdi. Nə qədər ürək yanğısı ilə yaşamışdı… Və məhz belə dəqiqələrdə onun kədərinin gözəlliyini heç nə əvəz etməzdi…

Lakin orta məktəbin son sinfində qız dərin bir kədərlə dərk elədi ki, ondan nə rəssam olar, nə bəstəkar, nə yazıçı. Bəlkə… bəlkə artist olaydı. O, güzgünün qarşısında dayanaraq özünə tamaşa edirdi. Boy-buxun, orijinal gözəllik, zəriflik. O, ata-anasının narazılığına baxmayaraq, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə ərizə verdi və… kəsildi. İmtahan götürən müəllim eyhamla andırdı ki, aktyorluq üçün lazım olan cəhətlər onda yoxdur. Qız o qədər sarsıldı ki, heç olmazsa, bu cəhətlərin nədən ibarət olduğunu soruşub bilmək ağlına da gəlmədi.

… O, bir neçə ay bekar gəzdi… Əlbəttə, təzə filmlər, premyeralar tez-tez olmurdu. Firəngiz darıxırdı.

Atası iyirmi beş ildən artıq idi ki, statistika idarəsində işləyirdi. Bir gün qızına dedi ki, bekar gəzmək yaxşı deyil, öz idarəmizdə sənə balaca bir iş düzəldək, gir, işlə. Anası da bu fikrə şərik çıxdı:

– Onsuz da, – dedi, – gələn il ali məktəbə girmək üçün sənə iş barədə kağız lazım olacaq.

Və qız, istər-istəməz, statistika idarəsində işə girdi. Ah, bu statistika idarəsi… Bu rəqəmlər… Sarımtıl kağızlar… Daşlarının rəngi getmiş məhsəbələr… Hər biri otuz-qırx il işləyən yaşlı mühasiblərin eynək arxasından adama dikilən soyuq baxışları… Ucuz kolbasa ilə çay içən yaşlı qadınların kobud fincanları… Saçlarını rəngləyən müdirin iyirmi il bundan qabaqkı dəbdə olan solğun qalstuku…

… Gələn yay Firəngiz universitetin filoloji fakültəsinə ərizə verdi. Fikirləşdi ki, nə qədər də olsa, incəsənətə yaxın sahədir. Bəlkə… bəlkə təzə ruhlu müasir bir tənqidçi oldu.

Ancaq hələ orta məktəbdə oxuduğu zaman bərk zəhləsi getdiyi qrammatikadan olan sualların heç birinə cavab verə bilmədi və kəsildi…

Və birdən öz taleyi onu qorxutmağa başladı. Bu qorxu onun gözəlliyini gözündən salırdı. Həyata onda anlaşılmaz bir yadlıq, bir şübhə baş qaldırdı. Lakin, bununla belə, o özünü ləyaqətlə aparmağı bacaran bir qız idi. Sözsüz-hərəkətsiz təmiz ailədən idi.

Ordan-burdan elçilər gəlirdi. Telefon zəngləri olurdu. Lakin qız hamısını rədd edirdi. Bu da, xüsusən anasını əsəbiləşdirirdi. “İllər keçir…” deyə arvad deyinirdi. Firəngiz də cavab verirdi ki, “mən ali məktəbi qurtarmayınca ərə getməyəcəyəm”.

Ancaq qızın, elçiləri rədd etməsinin əsl səbəbi bu deyildi. Məsələ orasında idi ki, onu istəyən oğlanların biri iqtisadçı, biri baş mühasib, biri riyaziyyat müəllimi, biri, nə bilim, kim idi. Bu adamların hamısı da ona yabançı görünürdü. Onların içində yaraşıqlı olanları, necə deyərlər, həyatda özlərinə möhkəm yer tutanları da var idi. Lakin onlar qıza tamam yabançı idilər.

… Nəhayət, o, ata-anasının təkidi ilə və yenə də, istər-istəməz, Xalq Təsərrüfatı İnstitutunun gecə şöbəsinə daxil oldu. İndi o, gündüzlər sevmədiyi statistika idarəsində işləyir, gecələr sevmədiyi institutda oxuyur və yenə hər dəfə güzgüdə öz gözəlliyinə tamaşa eləyəndə həsrətlə yazıçı haqqında, rəssam haqqında, bəstəkar haqqında düşünürdü.

O, yenə də incəsənət xəbərlərini acgözlüklə izləyirdi, yeni sərgilərin, yeni tamaşaların heç birini buraxmırdı, yazıçıları, şairləri, rəssamları, artistləri yaxından görüb-tanımaq üçün, fürsət düşdükcə, onların yığıncaqlarına, iclaslarına gedirdi. İndi onun ürəyində hamıdan gizli saxladığı yeni bir arzu da baş qaldırmışdı: indi ki, onun özünə incəsənət qismət olmadı, heç olmasa… ah, heç olmasa, əri o aləmdən olaydı. Qız heç vəchlə ürəyini o sehrli aləmdən qopara bilmirdi. O aləmdən ayrılmaq ona həyatdan, dünyanın ecazkar gözəlliklərindən ayrılmaq kimi gəlirdi.

Və tale bu dəfə ona yar oldu, qız bir toyda bir qədər aralıdakı stolda ultra dəbdə geyinmiş, qabaqdan seyrəlməkdə olan saçlarını arxadan xeyli uzatmış, barmağına iri platin üzük taxmış bir oğlan görüb pıçıltı ilə yanındakı qızdan soruşdu ki, kimdi o?

Qız, oğlana ötəri bir nəzər salıb cavab verdi ki, toy yiyəsinin qohumu, rəssam Mürşüddür.

Bu rəssam, xalq arasında məşhur olmasa da, Firəngiz, bayram təntənələrində, rəsmi yığıncaqlarda oxunan və ya çap olunan siyahılarda onun adına rast gəlmişdi. Muzeylərdə, sərgilərdə bəzi rəsmlərini də görmüşdü. Doğrudur, bu rəsmlər onda elə bir təsir oyatmamışdı. Ancaq nə olsun? Pikassonun da tablolarını çox adam başa düşmürdü. Bəlkə, Mürşüdün də əsərlərində elə sirlər var ki, Firəngiz, ya başqaları onu dərk eləyə bilməyib yanından soyuq keçirlər.

Mürşüd, qızdan azı iyirmi yaş böyük idi, ancaq nə olsun ki, məşhur dramaturq Onilin qızı Una əlli altı yaşlı Çarli Çaplinə ərə gedəndə on yeddi yaşında idi. Pikassonun arvadı özündən nə qədər kiçik idi…

Mürşüd elə bir yaraşıqlı adam deyildi, ancaq rəssamlığı qızın gözündə ona orijinal bir görkəm vermişdi. Barmağındakı qara qaşlı iri platin üzük qıza əsrarəngiz təsir bağışlayırdı. Köynəyi, qalstuku da heç kəsinkinə bənzəmirdi. Toydakı kişilərin hamısı kostyumda olduğu halda, o, yaşıl məxmər şalvarla, şabalıdı, tumac pencək geymişdi. O, demək olar ki, heç nə yemirdi. Elə hey konyak içir, siqaret çəkir və Firəngizə baxırdı. Ona müraciət eləyən adamlara qarşı üzündə elə bir təbəssüm yaranırdı ki, elə bil, o, bu təbəssümü ilə sənə böyük bir iltifat göstərirdi. Elə bil, bu toya gəlişi ilə hamını şərəfyab etmişdi. Bütün bunlar da Firəngizə hədsiz dərəcədə yeni və maraqlı görünürdü. Rəssamın mərhəmətli baxışları altında qız bilmirdi neyləsin. Qız fərəh və səadət içindəydi. Qız rəssamın gözlərinə baxmağa cəsarət eləməsə də, bütün fikri onun yanında idi. Onun bütün hərəkətlərini görürdü…

Sonra qəribə bir hadisə oldu. Toy sovuşub, adamlar foyedə paltolarını alanda, rəssam, qıza yaxınlaşıb, tamam bir açıq-saçıqlıqla pıçıldadı:

– Xahiş edirəm, mənə zəng eləyəsiniz…

Ancaq o, telefon nömrəsini vermədi. “Yəqin, bilir ki, onun nömrəsini tapmaq asandır” – deyə qız ürəyində gülümsədi… O gecə uzun zaman gözünə yuxu getmədi. Səhər dərin bir həyəcan içində Mürşüdə zəng elədi. Hər şey sürətlə həll edildi və iki aydan sonra toyları oldu.

Qız göyün yeddinci qatındaydı. O, rəssamlar haqqındakı xəbərləri böyük maraqla izləyir, qəzetlərdə, radioda, televiziyada eyzən nişanlısının adını axtarır, rast gəldikdə, sevinclə ata-anasına xəbər verirdi. Ərinin emalatxanasını özü səliqəyə saldı. Elektrik çayniki, armudu stəkan, zərif nəlbəki, gümüş çay qaşığı, təmiz əl-üz dəsmalı, ətirli sabun qoydu. Balaca stolun üstünə kraxmallanmış süfrə saldı… Lakin Mürşüdün bu işdən xoşu gəlmədi, yarım saatın içində emalatxananın əvvəlki səliqəsizliyini bərpa etdi və qız bundan heç bir şey başa düşmədisə də, səbəbini soruşmadı, yəni, bunu soruşmaq heç onun ağlına da gəlmədi. Qız özünü xoşbəxt sayırdı. Düzü, qız ərinin rəssamlığı ilə o qədər məşğul idi ki, öz səadəti haqqında düşünməyə vaxtı çatmırdı… Onun işləməyinə sevinclə tamaşa edir, yarımçıq rəsmlərin tez çəkilib qurtarması üçün tələsirdi. Bir dəfə o, statistika idarəsindən işdən çıxmaq istədiyini bildirdi.

Mürşüd dedi:

– Niyə? Ayda yüz manat çölə tökülməyib ki…

Qız bunu ürəyinə salmadı. O, evlərində, idarələrində elə hey Mürşüdün rəsmlərindən danışırdı, özü də o qədər həvəslə danışırdı ki, qulaq asanların üzündə yaranan biganə təbəssümün fərqinə də varmırdı. Bir dəfə emalatxanada ərinin işləməyinə tamaşa edərkən dedi:

– Bu gün qızlar Nərimanın təzə rəsmlərini yaman tərifləyirdilər.

Əri soruşdu:

– Hansı qızlar?

– Nərminə, Turac, Şəfiqə…

(Bunlar Firəngizin yoldaşları idi. Ultra dəbdə geyinən Firəngiz kimi, heç bir premyeranı, heç bir təzə konserti buraxmayan, məşhur artistlərin adlarını, həyatını əzbər bilən şən qızlar idi və Mürşüd onları tanıyırdı.)

– Onlar tərifləyərlər… – deyə Mürşüd gözünü işindən çəkməyərək cavab verdi.

Və Firəngiz ərinin sözlərindəki istehzanı başa düşdü və bu, onun xətrinə dəydi, o, ilk dəfə olaraq, ərinə etiraz etdi:

– Onlar çox mədəni qızlardır, Mürşüd.

– Baxır necə mədənidilər, – deyə Mürşüd gülümsədi.

Firəngiz dinmədi. Firəngizə elə gəldi ki, bu təbəssüm ərini birdən-birə xeyli yaraşıqsız göstərdi.

Havalar isti keçdiyindən qərara aldılar ki, bağa köçsünlər. Firəngiz buna çox sevindi. Yayda Bakı bağları onun ən çox xoşladığı yerlər idi. O, bu bağların xüsusən axşamlarını, gecələrini yaman sevirdi. Heç bir yerin sərinliyi Bakı bağlarının sərinliyi qədər ona ləzzət vermirdi. Hər yer ona Bakı bağlarının qurtaracağından başlayan dənizin mavi genişliyi kimi nəhayətsiz görünmürdü. Elə bil ki, bu genişlikdə ömrün heç bir zaman adama əyan olmayacaq sirri gizlənmişdi. Ancaq heyif ki, Mürşüdgilin bağı dənizdən xeyli uzaq idi və ətrafına uca daş hasar çəkilmişdi. Ev özü isə, daima sükut içində olan kiçik qalaya bənzəyirdi. Hər şey, hətta, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pilləkən belə, binanın dörd divarı arasında, yəni, içindəydi. Pəncərədən isə, dəniz görünmürdü. Heyif ki, evin dörd tərəfinə və iri dəmir darvazaya gedən cığıra asfalt salınmışdı. Asfalt isə, həmişə qızda xoşagəlməz bir hiss doğururdu. Heyif ki, yasəmənlərin, oleandr güllərin başları da bulvardakı bitkilərin başları kimi kəsilib bir bərabərdə edilmişdi. Yalnız qumun üstünə sərilmiş tənəklərin pərakəndəliyində, bir də alma, nar ağaclarının qol-budağında, böyük əncir ağacının enli yarpaqları arasındakı kölgələrdə, bir də pırıltı ilə hey ağacdan-ağaca qonub, səs-küy salan quşların həyəcanında, nə isə, bir fərəh, bir azadlıq vardı. Yəni, Firəngizə belə gəlirdi. Ancaq ərinin bağını gözəl hesab etmək üçün qıza elə bu da kifayət edirdi. Və Firəngiz özünü xoşbəxt sanırdı.

Mürşüdün anasından başqa yaxın bir kəsi yox idi. Müxtəlif təsərrüfat idarələrində işləyən atası bir neçə il qabaq vəfat eləmişdi. Onun dədə-baba evində tək yaşayan anası vaxtilə dərzi atelyesinin müdiri, hamam müdiri kimi vəzifələrdə olmuş, keçən il təqaüdə çıxmışdı. Boylu-buxunlu, yaraşıqlı bir qadın idi. Ancaq, heyif ki, yaşının altmışı haqlamasına baxmayaraq, hələ də kosmetik bəzəklə çox ciddi məşğul olurdu. Firəngizin isə, yaşlı arvadların qaşlarını aldırıb, dodaqlarını qızartmalarından zəhləsi getsə də, qaynanasının təmiz-tarıqlığını, son dəbdə geyinməsini rəfiqələrinə tərifləyər, arvadın kosmetik bəzəklə-filanla məşğul olmasını fikrinə gətirməkdən çəkinərdi.

Bir axşam çay içdikləri zaman televizorda xəbər verdilər ki, rəssam Nərimanın təzə sərgisinin açılışı böyük müvəffəqiyyət qazanmışdır. Onun “Qız və oğlan” əsəri qarşısında hər gün dəstə-dəstə tamaşaçı dayanır və sairə…

– Oy, Mürşüd! – deyə Firəngiz həyəcanla səsləndi. – Sabah biz də gedək baxaq.

– İndi şəhər yaman istidir. Havalar bir az sərinlənsin, gedərik.

Mürşüdün quru cavabı qıza toxundu:

– Yox, yox, sabah gedək, onsuz da gecikmişik, mən teatr tamaşalarına, sərgilərə həmişə birinci gün baxmaq istəyirəm, – dedi.

– Axı, nə təfavütü var, birinci gün olmasın, onuncu gün olsun, – Mürşüd, bir növ, üstüörtülü və əsəbi cavab verdi.

Qaynanası da aypara qaşlarını dartaraq, qəribə bir təbəssümlə dedi:

– Axı, birinci gün adam çox olur. Rəssamın özünü görürsən…

Firəngiz, qaynanasının cavabındakı soyuqluğunu hiss elədisə də, bunun səbəbi barədə düşünməməyə çalışaraq:

– Mütləq sabah gedək! – dedi.

Onlar gələndə sərgi salonu ağzına qədər dolu idi. Firəngiz bu cür qələbəliyi həqiqətən sevirdi. Bu, ona, doğrudan da, bayram təsiri bağışlayırdı. Ən gözəli də o idi ki, indi bu adamların çöhrəsində bir şadlıq, bir razılıq hiss edirdi. Rəsmdə qızla oğlan arasında başlayan məhəbbətin lap ilk qığılcımları təsvir olunurdu və Firəngiz özünü də, ərini də tamam unudaraq, bu yeni doğan məhəbbəti seyr edirdi. Firəngiz dünyada belə gözəl duyğular olduğuna heyran qalırdı, yəni, rəsmə tamaşa etdikcə, bu duyğular qızın öz qəlbində yaranırdı. Bunların nədən ibarət olduğunu soruşsaydılar, bəlkə də, izahda aciz qalardı. Orası da çox qəribə idi ki, bu duyğularla birlikdə onun qəlbində anlaşılmaz bir kədər də baş qaldırırdı.

Nəhayət:

– Gedək! – deyə Mürşüd onun qolundan tutdu.

Qız dərindən nəfəs alıb ona baxdı. Ərinin qızarıb pörtmüş üzü bir an ona təəccüblü dərəcədə yad göründü və tamam qeyri-şüuri bir hərəkətlə çılpaq qolunu çəkib Mürşüdün əlindən qopardı və dərhal da bu hərəkətinin namünasib olduğunu hiss edərək özü ərinin qoluna girdi. Sonra Firəngiz, rəssamın başqa rəsmlərinə baxmaq istədikdə, Mürşüd həmin qızarıb-pörtmüş çöhrəsilə:

– Yaxşı, sən bax, mən foyedə papiros çəkirəm, – deyib salondan çıxdı.

Qız ərinin əhvalında, nə isə, bir anlaşılmazlıq hiss edərək, onunla çıxmaq istədi. Lakin Nərimanın o biri rəsmlərinə də baxmamış çıxa bilmədi.

Çıxanda o, ərini yenə də eyni gərgin vəziyyətdə gördü.

Və onlar bağa qayıtmaq üçün Mürşüdün “Jiquli”sinə əyləşmək istədikdə, Firəngiz gülümsəyərək dedi:

– Qoy bu dəfə mən sürüm…

– Otur yerində!

Firəngiz ərinin bu sərt cavabından da bir şey başa düşmədi və bir qədər sükut içində gedəndən sonra soruşdu:

– Nə olub, Mürşüd?

– Nə olacaq, heç nə…

– Bəs, niyə pərtsən?

Elə bil, rəssama od vurdular.

– Pərt niyə oluram, – deyə açıldı. – Sən də qəribə adamsan. Sənətdən başın çıxmır, hər sözü danışırsan.

Qız təəccüblə ərinə baxdı:

– Sənət barədə mən heç bir söz danışmadım.

Rəssam çox kobud hərəkət etdiyini başa düşərək, elə bil ki, qorxdu. Çox mülayim bir ifadə ilə dedi:

– Bu yolda gediş-gəliş çoxdur. Ayrı yerdən sürərsən.

Firəngiz qətiyyən maşın barədə düşünmürdü. Hərçənd maşın sürməyi Firəngizə Mürşüd özü öyrətmişdi; bir yay gecəsi idi onda… kimsəsiz dəniz sahilində…

Firəngiz dinmədi. Ona görə yox ki, pərt olmuşdu. Ona görə ki, içində oturduğu bu maşın bir anda onun üçün yabançı, maraqsız olmuşdu. Elə bil ki, ərinin maşınında deyil, taksidə gedirdi və elə bil ki, əri məhz bu mülayim sözləri ilə birdən-birə kiçilib bir tikə oldu. O, bu yazıqlığı, eyni zamanda, özündə öz varlığında hiss etdi. “Jiquli” bağa doğru sürətlə irəlilədikcə, qız məyus nəzərlərlə, yanlarından gəlib keçən, bəlkə də, bağlardan şəhərə qayıdan maşınlara baxırdı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации