Текст книги "Seçilmiş əsərləri"
Автор книги: İlyas Əfəndiyev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]
QARI DAĞI
Şəhər otuz doqquz gün mühasirədə qalaraq, uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu.
Yerli əhalinin inadından və təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah, vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi.
Taygöz Yusif şəhərin sağ qalmış yeddi min əhalisini uşaqdan-böyüyə qılıncdan keçirdi. Evlər dağıldı. Qan su yerinə axdı.
Üçgünlük qırğından sonra şah şəhərdən çıxıb yaşıl bir təpə üstündə çadırlar qurdurdu. Üç gün, üç gecə şadyanalıq etməyi, qalibiyyət badələri qaldırmağı qoşun əhlinə əmr etdi.
Qızıl işləməli, firuzə rəngli kuzələr yeddiillik Şiraz şərabları ilə dolduruldu. Əti məcun olan beşillik qara erkəklər kəsildi. Ovçular Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar gətirdilər.
Hökmdar yeddi qızıl dirəkli çadırında, yeddi tirmə döşək üstündə əyləşdi. Atlas geyimli Nişapur sazandaları gəldi. Süfrələr döşəndi, qızıl qədəhlər düzüldü. İlk badələr qaldırılan zaman yetmiş yeddi şeypur şahlar şahının qələbəsi şərəfinə gurladı. Lakin elə bu vaxt şahın qorxunc vəziri Taygöz Yusif içəri girib, hökmdarın hüzurunda yerə qədər təzim etdi. Şah boşalmış qədəhini yanındakı qara qula verib qaşlarını çatdı.
– Hardasan, vəzir?! – dedi. Yoxsa, mənim qələbəmin təntənəsi sənin üçün mənasızdır?
Taygöz Yusif bir daha yerə qədər təzim edib:
– Qibleyi-aləm, – dedi, – mən aciz Yusif sənin sabiq qulunam. Şahlar şahının hüzuruna gecikməyimin səbəbi var.
Hökmdar vəzirin səsindəki qara xəbər əlamətini duyaraq:
– Nə olub, vəzir? – dedi. Tez söylə!
Vəzir üçüncü dəfə təzim edib:
– Qibleyi-aləm yüz illərlə sağ olsun! – dedi. – Oğlun Maliktac xəstələnmişdir.
– Nə danışırsan, vəzir! – deyə şah ayağa qalxdı.
Şahzadə Maliktac qonşu çadırda qızdırma içində yatırdı, hər tərəfində yeddi qara qul əlləri döşündə sükut içində dayanıb, gözlərini ona zilləmişdi.
Hökmdar vəzirin müşayiəti ilə çadıra daxil olduqda, qullar yerə döşənib, alınlarını torpağa qoydular. Şah oğluna yanaşıb, barmaqlarında ləl-cəvahir sayrışan ağ əlini onun alnına qoydu:
– Oğlum, Maliktac! – deyə həyəcanla səsləndi.
Lakin xəstədən cavab gəlmədi. O zaman şah, rəngi ağarmış halda üzünü vəzirə sarı çevirib, qorxulu və titrək səslə:
– Bu saat hər tərəfə çaparlar göndərilsin, – dedi. – Qoy dünyanın bütün biliciləri buraya toplansın.
Şah bütün günü oğlunun başı üstündən tərpənmədi, gözlərini yummadı. Heç nə yemədi.
Səhəri vəzir qayıdıb:
– Qibleyi-aləm, – dedi, – şəhərdə ancaq tək-tək qocalar, uşaqlar qalıb, qırılan qırılıb, sağ qalanlar da gecə ikən meşələrə qaçıb. Çox axtarandan sonra bir falçı qarıya rast gəldik.
– Bəs, falçı nə oldu? – deyə şah qəzəblə soruşdu.
– Gəlmədi. Şahzadənin yanına gətirilməsini istədi.
– Aha! – deyə şah kibirlə gülümsədi.
– Mən onu ocağa atdırıb yandırardım, qibleyi-aləm, ancaq…
Şah vəzirin sözünü kəsib:
– Taxt-rəvan hazırlansın, – deyə əmr etdi.
Hökmdar öz rəiyyəti ilə birlikdə insan cəsədləri ilə dolu xaraba küçələrdən keçib, balaca bir komanın qabağında dayandı. Taxt-rəvanı qulların çiynindən alıb, yerə qoydular. Şahzadəni ehtiyatla içəri gətirdilər. Yarımqaranlıq evin içində ucaboylu bir qarı durmuşdu. Şah daxil olan zaman, o, yerindən qımıldanmadı, təzim etmədi, bir heykəl sükunəti ilə dayanıb durdu.
Şah keçib xəstənin baş tərəfində qoyulmuş döşək üstündə əyləşərək:
– Qarı, – dedi, – deyirlər sən cinlərin, uğursuz ruhların dilini bilirsən. Sağalmaz dərdlərə dəva edirsən. Budur, mənim oğlum Maliktac od tutub yanır. Məşum ruhlar onun huşunu oğurlayıb aparmışlar. Səndən əlac istəyirəm, qarı. Əgər, onu sağaltsan, evinin dirəklərini qızıla tutduracağam. Əgər, xəyanət etsən, cəhənnəm kimi zəbanə çəkib yanacaqsan.
Qarı:
– Mən anayam, – dedi və bir qab su alıb, taxt-rəvanın qarşısında yerə çökdü.
Sonra dodağının altında nə isə oxuyub, suya üfürdü və bir an kasaya diqqət edərək, ağır və zəhmli nəzərlərini qaldırıb:
– Ey şah, – dedi, – mən burada minlərlə qəzəbli ruh görürəm. Onlar xəbər alır: “Şah öz oğlunu çoxmu sevir?”
Şah vahimə ilə:
– Nə danışırsan, qarı? – dedi. – O mənim yeganə varisimdir. Böyük bir məmləkət gözünü ona dikmişdir. Mən yeddi il dua edib, yeddi min qurban kəsəndən sonra böyük Yaradan onu mənə əta edib. O böyüdü, Kəyan mülkündə birinci pəhləvan oldu.
Falçı təkrar suya baxıb dedi:
– Ağsaçlı bir qarı soruşur: “Şahzadənin anası varmı?”
Şah:
– Var, qarı, – dedi, – onun anası Xədicəbanu Yer üzündəki arvadların ən xoşbəxtidir. Çünki o mənə Maliktac kimi oğlu bəxş etmişdir. Tez ol, qarı, oğlumun dərdinə əlac et. İndi Xədicəbanunun yuxusuna qara ilanlar girir.
Qarı bayaqdan bəri, ilk dəfə olaraq, başını qaldırıb, xəstə şahzadəyə baxdı və elə bil ki, oğlanın solğun gözəlliyi onun gözlərini qamaşdırdı. Qarının kirpikləri qırpındı, bəbəkləri böyüyüb, quru bir parıltı ilə yandı.
– Bütün dərdi sinəsindədir, – deyə şah, ağır-ağır nəfəs alan oğluna baxdı.
Qarı xəstəyə yanaşdı. Damarları çıxmış quru və kobud əlini onun sinəsinə qoydu.
Xəstə göz qapaqlarını qaldırdı. Yaralı ceyran gözlərinə bənzər bir cüt qara, məlul göz arvada zilləndi. Qarının günəşdən və dərddən yanıb qaralmış heybətli üzü qəribə bir nurla işıqlandı. Axı, o, ana idi.
Sonra qarı dağlara gedib, bir ətək çiçək gətirdi. Onların şirəsini çəkib, qaşıq-qaşıq xəstənin boğazına tökdü. Gecə-gündüz yanından tərpənmədi.
Şəhərdə sağ qalmış yerliləri ona lənətlər yağdırdılar. Güneylərdə oturan qocalar onu gördükdə, gözlərini endirib ayaqlarının ucuna baxdılar, yadellilərin nəzərindən iraq yerdə görüşən arvadlar başlarını bulayıb:
– Eh, Ballı qarı imansız oldu, – dedilər.
Xəlvətə düşəndə uşaqlar onun dalınca düzülüb:
– Ay falçı, bəs, qızıl başmağın hanı? – deyə tənə etdilər.
Qarı həmyerlilərinin bütün bu nifrətini sükutla qarşılayıb, hər gün dağlara gedir, qucaq-qucaq çiçək gətirir, xəstəni müalicə edirdi. Axı, o, ana idi…
Nəhayət, yeddi gündən sonra şahzadə gözlərini açıb yemək istədi. On birinci gün isə, onun tamamilə sağalıb ayağa qalxdığını qoşun əhlinə xəbər verdilər.
Şah, falçıya bir kisə qızıl verib:
– Qarı, – dedi, – çiçəklərin hikmətini aç mənə söylə.
Qarı başını bulayıb:
– O sirri mən heç kəsə aça bilmərəm, hökmdar, – dedi. – Ancaq oğluna o çiçəklərdən çəkilmiş elə dərman verərəm ki, bir də azar üzü görməz.
Bu sözlərdən sonra qarı, qızılgül rəngli maye ilə dolu bir kasa gətirdi. Şah kasanı alıb, burnuna tutdu:
– Bu müşkdür, ənbərdir, nədir, qarı? Ətri insanı bihuş edir.
– O, dünyanın ən nadir çiçəklərindən çəkilib, – deyə qarı cavab verdi.
Hökmdar dərmanı yarısına qədər özü içib, qalanını da oğluna verərək:
– And içirəm ki, mən ömrümdə bu şirinlikdə şərbət içməmişəm, – dedi.
Şahzadə qalan şirəni son damlasına qədər içib, kasanı qarıya qaytardığı zaman falçı rahat nəfəs aldı.
Şah qarının üstünə daha bir kisə qızıl tullayıb, yanında dayanmış Taygöz Yusifə müraciətlə:
– Vəzir, – dedi, – o vaxt uğursuz ruhlar mənim şənliyimi pozmuşdu. İndi dünyada heç bir dərdim yoxdur. Qoşun əhlinə tapşır ki, üç gün, üç gecə elə bir şadyanalıq etsinlər ki, göydə gün üzü tutulsun.
– Atılan ox bir daha geri qayıtmaz, hökmdar, hər dəqiqənin bir hökmü var! – deyə Ballı qarı astadan dilləndi.
– Dəlimi olmusan, arvad. Nə danışırsan? – deyə şah qəzəblə yerindən qalxdı.
Və birdən o, mədəsində hiss etdiyi dəhşətli ağrıdan sarsılaraq, əl atıb vəzirin çiynindən yapışdı. Elə bu anda şahzadə də kökündən qırılmış sərv kimi silkələnib, arxasında dayanmış qara qulun qucağına aşdı.
– Zəhər! – hökmdarın sinəsindən vəhşi bir səs qopdu.
– Bəli, zəhər… – deyə Ballı qarı arxayınlıqla təkrar etdi.
Şah, yerdə ilan kimi qıvrılan oğluna baxıb:
– Vəzir, əlac! – deyə qışqırdı.
Və artıq ayaq üstündə dayana bilməyib, döşəyin üzərinə yıxıldı. Sonra başını qaldırıb:
– Qarı, – dedi, – heç olmasa, oğluma bir çarə elə. Axı, sən onu ölümdən qurtarmışdın, axı, sən deyirdin, mən anayam.
– Bəli, qibleyi-aləm! – deyə Ballı qarı ah çəkdi. – Mən anayam!..
Şah ilə oğlu dəhşətli əzablardan sonra öldülər…
Taygöz Yusifin əmri ilə qarını öz otağında qoyub qapını bağladılar. Sonra qoşun əhlinin hər biri onun koması üzərinə bir at torbası torpaq tökdü. Günün axırında günəşin son işığı Savalanın zirvəsindəki buludlarda saralıb sönən zaman qarının koması üstündə böyük bir təpə qalxdı. Sonra yağan yağışlar onun torpağını bərkitdi. Gələn bahar təpədə sarı tikanlı boz qanqallar bitdi. Təpəyə “Qarı dağı” dedilər.
Sonrakı əsrlərin küləkləri, selləri şəhərin xərabəliklərindən heç bir əsər qoymadı. Onun yeri hər bahar qızıl lalələrlə örtülən bir düzənlik oldu. Şəhərdən yadigar yalnız Qarı dağı qaldı. O vaxtdan bəri Qarı dağının altında bir çeşmə qaynayır. Uzaq mənzildən gəlib keçən yolçular onun suyundan içib, ürəklərinin yanğısını söndürürlər…
1944
SU DƏYİRMANI
O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız, atasına, dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə, burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşqun şırıltısını dinləyərək onu gözləyirdim.
Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşqunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Deyəsən, o gəlir… bu ahəstə ayaq səsləri onunkudur.
Mən bahar otlarının onun ayaqları altında necə xışıldadığını eşidirəm. Başqa vaxt karsala qulağım indi gör necə həssas olmuşdur. Qaraya çalan böyürtkən kolları arasından onun qara kəlağayılı başı görünür. Mən ona tərəf getmək istəyirəm, lakin yerimdən tərpənmirəm…
Nəhayət, o, yoxuşu qalxıb, mənim dörd-beş addımlığımdakı söyüd ağacına çataraq, əlini qaldırıb, onun bir budağından tutdu və nəfəsini dərə-dərə mənə baxıb gülümsədi. Gözləri eynilə bir cüt qaragilə kimi qaranlıqda parıldayırdı.
– Axşamın xeyir, Eyvaz, sən, doğrudan da, buradaymışsan…
– Necə yəni doğrudan da?
– Gündüz deyəndə, elə bildim zarafat edirsən…
– Eh, Bəyim… Sən hər şeyi zarafat hesab edirsən. Gəl, bir az burada oturaq.
– Yox, gedək, Eyvaz, gecdir… – deyə o, ürkmüş halda ətrafa baxındı.
Mən saatımı işığa tutaraq:
– Gec haradan oldu? Hələ doqquz tamam deyil, – dedim.
– Yaxşı, bir az oturaq…
Biz arxın kənarındakı cavan söyüd ağacının altında, çayırla örtülmüş dikdirdə əyləşdik.
– Bu gün yuxarı tərəfin alağını eləyib qurtardıq. Sabah da dəyirmanın yanındakı bağı eləyəcəyik, – deyə o həvəslə danışırdı.
Mən bağ aqronomuyam, kənd təsərrüfatı texnikumunu bitirmişəm. O isə, bağ briqadiridir. Demək istəyirəm ki, söhbəti yersiz deyil. Dəyirmanın yanındakı bağı mən texnikumu bitirib gələndən sonra salmışıq. Orada əkdiyimiz alma, armud və heyva ağacları hələ körpə olsa da, bu yaz çiçəkləyibdir.
Ata-ana öz uşağına necə bağlanırsa, biz də o bağa eləcə bağlanmışıq. Hətta, artel sədri Qədir bir dəfə bizə irad tutaraq deyib ki: “Təzə Ay çıxanda köhnəni doğrayıb ulduz eləməyin. O biri bağlara az fikir verirsiniz…”
– Ağdamdan gətirib əkdiyimiz “Qızıl Əhmədi”lər yaman tutub, qız dəyirmandan gələn işığa baxaraq sözünə davam edirdi. Yadındadırmı, o vaxt deyirdilər burada “Qızıl Əhmədi” alma yetişməz…
Ulduzlarla üçgünlük Ayın solğun ziyası onun gözəl üzünü işıqlandırdı. Yavaş-yavaş əsən yel, altında oturduğumuz söyüdün yarpaqlarını hərdən onun üzünə toxundururdu.
– Ay Bəyim, – dedim. – Əkdiyimiz ağaclar bitdi… Bu gün-sabah meyvə gətirəcək… Amma biz…
O, yanakı üzümə baxaraq gülümsədi. Dillənmədi. Mənim nə demək istədiyimi, nəyə işarə vurduğumu duyurdu. Necə də duymaya bilərdi?.. O, kəndimizin ən gözəl, ən ağıllı qızı idi, mənim neçə vaxtdan bəri keçirdiyim halı görmürdümü? Əgər, bu vaxta qədər ürəyimi ona açmamışamsa, təqsir özümdə, öz cəsarətsizliyimdə deyildimi? Əslinə baxsanız, buna cəsarətsizlik də demək olmaz. Bilirsinizmi, mən bir az xudpəsənd adamam. Mən onda özümə qarşı güclü, mənim qəlbimdə olduğu kimi güclü bir meyl hiss etmək istəyirəm. Bu mümkündürmü? Bilmirəm… Lakin o, mənə o qədər mehriban, o qədər səmimidir ki, bəlkə başqa biri bundan ürəklənərək çoxdan öz qəlbini ona açardı.
Amma mən… Bu gün onu burada gözləyəcəyimi dedikdə, qız gülümsədi və heç bir söz söyləmədi. Demək, indi mənim öz qəlbimi ona açmağa haqqım vardır.
Aşağıda, qaranlıq dərədə dəyirman çarxı üzərinə tökülən su aramsız şırıldayır, başımız üzərində isə, təzə açılmış söyüd yarpaqları pıçıldaşırdı. Uzaq üfüqdə dağlar qaralır, göydə tez-tez ulduz uçurdu. Onların ardınca uzanan odlu şərid közərib sönürdü. Hava ətirli və mülayimdi…
Yanımda aramla nəfəs alan qızın gözləri bir cüt qaragilə kimi parıldayırdı.
Bütün gücümü, cəsarətimi toplayaraq:
– Bəyim, dedim, sən hər şeyi bilirsən. De görüm mənə cavabın nədir?
O, bir müddət – mənə bir əsr qədər uzun gələn bir müddət – sanki nəfəs belə almadan, kirpiklərini belə qırpmadan daş kimi hərəkətsiz qaldı. Gözlərinin parıltısında bir dalğınlıq və ciddiyyət hiss olunurdu.
Mən onun buz kimi soyuq əlindən tutaraq:
– Niyə dinmirsən, Bəyim? – deyə həyəcanla səsləndim.
O, əlini yavaşca çəkərək, küləyin havada yelləndirdiyi saçını kəlağayısının altına yığdı… Sonra üzümə həmişəki kimi mehriban, səmimi bir nəzər salaraq:
– Doğrusu, Eyvaz, – dedi, bu barədə heç fikirləşməmişəm.
Ürəyim qırılıb ayağımın altına düşdü. Axı, sevgi də bu bahar kimi bizim düşüncəmizdən asılı olmayaraq gəlir.
Mən bunu ona demək istədim. Lakin demədim… Ürəyi dilə tutmaq olmaz!.. Baharı zorla çəkib gətirmək mümkün deyil! Aşağıda novdan tökülən su şırıldayırdı. Bəyim narahat idi. Mən bunu onun yaylığının ucunu oynatmağından hiss edirdim. Lakin susurdum. Deməyə bir sözüm yoxdu. Birdən o, əlini qolumun üstünə qoyaraq, mehriban səslə:
– Eyvaz, – dedi, – kənddə iki yaxşı oğlan varsa, biri sənsən… Ancaq… qoy mən bir az fikirləşim.
– Neynək, – dedim, – fikirləş.
Bu sözlərdən sonra Bəyim sanki öz qəlbində bir rahatlıq hiss etdi… hər iki əli ilə yaylığını düzəldərək:
– Eyvaz, – dedi, – bu gün atam yenə də səni tərifləyirdi. Deyir, bu Bədirxanın oğlu bir-iki il də burada qalsa, kəndi cənnətə döndərəcək. Dəyirmanın altındakı bağı salandan bəri, elə bil, dünyanı ona vermisən.
Mən gülümsəyərək, daha doğrusu, özümü gülümsəməyə məcbur edərək susurdum. Bəyim isə, sevinc içində sözünə davam edirdi və mənə elə gəlirdi ki, o, atasının məni bəyənməsindən belə həvəslə danışmaqla həm mənim könlümü almaq istəyir, həm də özünə, öz qəlbinə təsir etməyə çalışırdı…
– Axı, özün bilirsən ki, atam hər adamı bəyənən deyil. Xüsusən də ki, cavan ola… Bu gün demişəm, ata, dəyirmanın üst tərəfini də toxmacarlıq eləyəcəyik, kefi yaman kökəlib.
Zarafatyana dedim:
– Demək, məni tərifləməyi səbəbsiz deyilmiş.
Qız mənim şənliyimə sevinərək dedi:
– Lap dilxor vaxtında dəyirmandan yaxşı bir söz dedin, qurtardı, o saat qaşqabağı açılacaq…
Doğrudan da, Musa dayının dəyirman əhvalatı bütün rayonda məşhur idi. Mən gözümü açandan onu dəyirmançı görmüşəm… Anamın deməsinə görə, atası Qubad da dəyirmançı imiş. Deyilənə görə, bu dəyirmanı da o tikmişdi.
Musa dayı dəyirmanın başına nə həngamələr açmamışdır!.. Daşları yuxarı qaldırmaq üçün mexaniki bir şey icad etmişdi. Ayağını onun üstünə qoyan kimi, o ağırlıqda dəyirmandaşı dərhal yuxarı qalxırmış. Sonra novdan tökülən suyu tənzimləmək üçün yenə də mexaniki bir şey qayırmışdı. Qış, yay, elə bir gün olmamışdı ki, Musa dayının dəyirmanı yatsın. Qonşu kənddə bir “od dəyirmanı” var. İl on iki ay Musa dayı bu dəyirmanla bəhsə girir, hamıya sübut etməyə çalışır ki, onun su dəyirmanı həmin “od dəyirmanı”ndan heç də geri qalmır. Bəzən qış bərk düşüb yolları qar alanda, şəhərdən mazut-filan gətirmək çətinləşəndə, “od dəyirmanı” işləmədiyi üçün o kəndin adamları da bizim dəyirmana gəlirlər. Bu zaman Musa dayının kefi, necə deyərlər, lap doxsan doqquz olur.
– Hə, deyəsən, qazınız yatıb, – deyə, o qonaqlara sataşır və onların dənini böyük həvəslə, hamıdan qabaq üyüdüb yola salır…
Lakin, deyəsən, mətləbdən uzaqlaşdım. Əlbəttə, əgər Musa dayı Bəyimin atası olmasaydı və onu hamıdan, hətta keçən il ali məktəb qurtarıb, indi rayon mərkəzində yaxşı bir tikinti mühəndisi olan oğlu Rəşiddən belə çox istəməsəydi, mən həyatımın ən əziz anlarını xatırladığım bir zamanda ondan bu qədər danışmazdım. Bəyimi çox istəyən, sevən hər kəs mənim də əzizimdir.
… Mən təzə-tər söyüd yarpaqlarının pıçıltısında sanki qızın qəlbinin döyüntüsünü eşidirdim. Mən onun gəncliyi ilə üçgünlük Ayın işıqlandırdığı bu körpə söyüd yarpaqları arasında qəribə bir ahəng duyurdum. Mənə elə gəlirdi ki, onun aramla aldığı nəfəs bu bahar gecəsinin canı, ruhudur. Mən hər şeydə xəyali bir sonsuzluq, bir əbədiyyət hiss edirdim. Sanki yanımda oturan, mənə mehriban sözlər danışan bu qızın, ulduzların zərif işığını əks edərək qaranlıqda parlayan qara gözləri ilə bu gecə, bu əzəmətli kainat bir yaranmışdır. Biz Musa dayıdan, onun keçən yay su üstündə mənim anam Bədirxanla savaşmasından (anam bizim kəndin cuvarıdır), sonra hər ikisinin xeyli müddət küsülü qalaraq, yığıncaqlarda bir-birinə tikanlı sözlər atmalarından, daha bilmirəm nələrdən söz salaraq gülür, bir dəfə də olsun, özümüz barədə danışmırdıq.
Birdən ayaq tappıltısı eşidib, geri baxdıq. Qaranlıqda yüklü bir at, onun ardınca da uzunboğaz çəkmə geyib belini enli qayışla qıvraq bağlamış ucaboylu bir oğlan çıxdı. Bu, mənim uşaqlıq yoldaşım Şahlar idi. O, iki çuval yüklənmiş atını dəyirmana enən cığıra salaraq:
– Axşamınız xeyir, – deyə yanımızda ayaq saxladı. – Nə yaxşı yerdə oturmusunuz!
Sonra inci kimi düzülmüş dişlərini ağardaraq gülümsəyib əlavə etdi:
– Gedib Musa dayıya deyəcəyəm…
– Bax, gecə iti açıb buraxaram ha, – deyə mən də eyni zarafatla cavab verdim. (Şahlar bizimlə qapı-qapıya qonşu olan bir qıza nişanlanmışdı. Görüş yerləri də bizim bağçanın alt tərəfi idi.)
– Onda susdum, – o, məzəli bir hərəkətlə əlini ağzına qoydu.
Tələsik atın ardınca qaçdı. Sonra yenə ayaq saxlayaraq:
– Eyvaz, – dedi, – sizə qonaq gəlib…
– Kimdir?
– Bilmirəm. Bir cavan oğlandır… Deyəsən, Gəncədəndir… Evinizi göstərdim, getdi…
Şahlar cığırı enərək, böyürtkən kolları arasında gözdən itdi.
– Gedək, Eyvaz! – deyə Bəyim ayağa qalxdı, yəqin ki, qonaq səni gözləyir.
– Eybi yoxdur, əyləş.
– Yox.
O, daha oturmadı. Mən naəlac qalaraq, ayağa qalxdım. Biz, dəyirman arxının üstündən salınmış balaca körpüdən keçərək, kəndə sarı yönəldik. Pıçıldaşan söyüd yarpaqları, novdan tökülən bahar suyunun şırıltısı, aşağı dərədə qaralan dəyirman arxada qaldı. Bu, məni kədərləndirirdi. Elə bil ki, bu gedişlə mən, nə isə, əziz bir şeydən ayrılırdım. Sanki mən onları və indi yanımda ürəyinin döyüntüsünü eşitdiyim Bəyimi bir də heç bir zaman bu qədər yaxından görməyəcəkdim. Elə bil ki, bu, mənim həyatımda əvvəlinci və axırıncı gecə idi… Qəribə idi, bu uğursuz hiss mənim ürəyimə haradan girmişdi?
– Bu vaxt sizə gələn qonaq kim ola? – deyə Bəyim kəndin işıqlarına baxaraq soruşdu.
– Bilmirəm. Mənim Gəncədə elə bir tanışım yoxdur.
Kəndimizin işıqları getdikcə yaxınlaşırdı, demək, biz yenə də ayrılırdıq. Yenə də mənim narahat gecəm başlanırdı. Eh… Bəyim, sənsiz keçən bu yaz gecəsinin nə qədər uzun olduğunu, məni nə xəyallarla yorduğunu bircə bilsəydin!.. Odur, qoşa çinar arasından sizin pəncərəniz görünür.
– Bir az dayan, Bəyim…
– Yox, Eyvaz… Gecdir.
– Sabah axşam yenə də həmin yerdə görüşəkmi?
– Bilmirəm… Vaxtımız olsa, görüşərik… Hələlik, sağ ol.
Sonra elə bil ki, mənim könlümü sındırmamaq üçün düz gözlərimə baxaraq, qaranlıqda gülümsədi və çevrilib iti addımlarla darvazalarına tərəf getdi.
– Gecən xeyrə qalsın, Bəyim.
O, başını döndərib, eyni mehribanlıqla:
– Sağ ol, – deyə darvazalarından içəri girdi.
Mən, uzun zaman yerimdən tərpənə bilmirdim. Mən bu bahar gecəsi ilə yalqız qalmışdım. Mən, pəncərənin tül pərdəsi arxasındakı işıqlı otaqda onun kölgəsinin ora-bura necə hərəkət etdiyini görürdüm. Yəqin ki, o, indi anası ilə danışır və mənim buraya mıxlanıb qaldığımı heç ağlına da gətirmir.
“Eh… tərpən, Eyvaz… qonaq səni gözləyir…” Mən ağır addımlarla uzaqlaşdım. Gecə mənim məhəbbətimi bir əfsanəyə, bir nağıla döndərmişdi. Göydə sayrışan ulduzlar, budaqlarda xışıldayan bahar yarpaqları mənə və mənim iztirablarıma qarşı tamamilə biganə idi. Axı, bu kədər, bu ümidsizlik nə üçündür? O mənə demədimi ki, kəndimizdə iki yaxşı oğlan varsa, biri sənsən… Demədimi ki, qoy bir az fikirləşim… Nə olar, qoy fikirləşsin. Mən bu düşüncələrlə həyətimizə girib, evimizin artırmasına çıxdım. Stolun başında anamla qabaq-qabağa oturub, söhbət eləyən qonaq ayağa qalxaraq, şabalıd rəngində olan iri və canlı gözləri ilə mənə baxıb, xəfifcə gülümsədi. Bir anlıq mənə elə gəldi ki, bu adamı haradasa görmüşəm…
Mən qonaqla əl tutuşaraq:
– Əyləşin, əyləşin, – dedim, – xoş gəlmisiniz.
– Hüseynin yoldaşıdır, – deyə anam bildirdi. Adı Humaydır. Bizim MTS-ə işləməyə gəlib.
Hüseyn mənim əmim oğludur. Gəncə Kənd Təsərrüfatı İnstitutunun axırıncı kursunda oxuyur. Humay şəhər dəbi ilə tikilmiş təmiz, lakin bir qədər nimdaş boz pencəyinin qoltuq cibindən bir kağız çıxarıb mənə verdi.
Hüseyn yazırdı ki, məktubu təqdim edən oğlan institutu qurtarıb, MTS-ə mühəndis-mexanizator təyin edilmişdir. Daha sonra Hüseyn dönə-dönə xahiş edirdi ki, onun bu dostuna yaxşı hörmət eləyək.
Mən məktubu oxuyub qurtarandan sonra Humay mənə açıq və şən bir nəzər salaraq:
– Kənddə mehmanxana olmadığı üçün bu gecəlik sizi narahat etməyə məcbur oldum, – dedi.
– Bu nə sözdür, gözümüz üstə yeriniz var…
– Ya Hüseyn, ya onun dostu… Elə bil öz evindir, – deyə anam Humayın stəkanını götürərək o biri otağa keçdi.
Biz xeyli müddət ordan-burdan söhbət etdik. Məlum oldu ki, Humay Gəncədə yaşayan qoca bir müəllimin oğludur.
O, ayağa qalxaraq mənim kitab şkafıma yaxınlaşdı.
– Baxmaq olarmı?
– Xahiş edirəm, burada özünüzü öz evinizdəki kimi hiss edəsiniz.
Humay şkafın qapısını açaraq, kitabları nəzərdən keçirirdi. Mən aqronom olsam da, lap uşaqlıqdan bədii ədəbiyyat maraqlısıyam. Tələbə olanda da əlimə düşən pulu kitaba verərdim. Odur ki, indi balaca bir kitabxanam vardır.
Humay, Çexovun külliyyatından bir cild götürüb baxır, mən də onu nəzərdən keçirirdim. Çox arıq olmasına baxmayaraq, yaraşıqlı oğlan idi. Yaşı iyirmi beşdən artıq olmazdı. Orta məktəbi qurtarandan sonra iki il orduda xidmət etdiyi üçün ali məktəbə gec daxil olubmuş. Əlləri və üzü xəstəlikdən yeni qalxmış adamlarda olduğu kimi arıq və solğun idi. Lakin iri şabalıdı gözlərində canlı, qaynar bir ifadə var idi. Bu da onun üzündəki solğunluğa sanki bir həyat və atəş verirdi. O, gözlərini qırpmadan mənə baxdıqda, mən bu arıq, solğun adamda nə isə tükənməz bir qüvvə, həyatla güclü bir bağlılıq hiss edirdim. Elə bil ki, o, bu saat səni heyrətdə qoyan fövqəladə bir iş görəcəkdi. Elə bil ki, sənin bilmədiyin bir çox sirlər ona məlum idi. Gözləri şabalıdı rəngdə olan, yana daranmış qalın və yumşaq saçları, düz və yaraşıqlı burnu, gülümsəyərkən görünən qar kimi ağ dişləri ilə üzündəki solğunluq arasında bir ahəng hiss olunurdu.
O, Stendalın gündəliklərindən ibarət cildini götürüb vərəqləyərək:
– Bunu oxumusunuzmu? – deyə məndən soruşdu.
– Oxumuşam.
– Romanlarına söz yoxdur. Ancaq gündəlikləri xoşuma gəlmir.
– Nə üçün?
– Hər gün ziyafət, hər gün bal, hər gün gözəl qadınları ziyarət… Adam lap təngə gəlir, – deyə o, üz-gözünü turşutdu.
Sonra qətiyyətlə əlavə etdi:
– Bu böyük adamların fikirləri ilə əməlləri arasında çox zaman qəribə bir ziddiyyət görürsən. Bəzi həkimlər kimi, sənə deyirlər şərab içmə, amma özləri küpün dibindən əl çəkmirlər. Jan Jak Russo cəmiyyətin ədalətsizliklərindən danışır. Uşaqları tərbiyə etmək haqqında cildlər dolusu öyüd-nəsihət verir. Amma öz övladlarını, anadan olan kimi, aparıb uşaq evinə verirmiş. Siz buna nə deyirsiniz?
– Bizim üçün onların fikirləri maraqlıdır. Adamlar ölüb gedir, fikirlər, ideyalar isə yaşayır.
– Düzdür. Ancaq irəli sürdüyün ideyanı, birinci növbədə, özünə tətbiq etmək, onun doğru olduğunu öz həyatınla sübut etmək sənin vətəndaşlıq borcundur. Məsələn, biz bilirik ki, həqiqi insan cəmiyyətin xeyrini öz şəxsi nəfsindən həmişə üstün tutmalıdır. Bu, öz-özlüyündə bir ideyadır, elə deyilmi? Lakın bir anlığa təsəvvür edin ki, bizlərdən hər birimiz bu ideyanı təbliğ etdiyimiz halda, gecə-gündüz öz xeyrimiz haqqında düşünsəydik, onda nə olardı?
O, açıq pəncərədən qaranlıq bağçaya baxaraq susdu.
Anam bizim üçün qayğanaq gətirərək:
– Humay, – dedi, – gərək bizi bağışlayasan, vaxtsız oldu.
– Çox yaxşıdır, xala, – deyə Humay təklif gözləmədən gəlib əyləşdi.
Onun özünü bizdə belə sərbəst hiss etməsi mənə olduqca xoş gəlirdi.
Şamdan bir az sonra işıqları söndürüb, mənim otağımdakı çarpayılarda uzandıq.
Humayın gəlişindən duyduğum xoş təəssüratı Bəyim haqqındakı xəyallarım əvəz etdi: “Qoy bir az fikirləşim”. Bu sözlərin hər bir hərfi bir ulduz olub, açıq pəncərədən görünən səmadan mənə baxaraq, qəlbimə ümid və səadət işığı salırdı…
Bu sözlər bahar gecəsinin lal musiqisi kimi mənə fərəhli nəğmələr oxuyurdu.
Bu sözlər mənə, bir neçə saatdan sonra açılacaq bahar səhəri kimi təzə və parlaq bir həyat vəd edirdi.
“Bəyim sözübütöv qızdır. Əgər o, “qoy bir az fikirləşim” dedisə, demək, ümid çoxdur.”
… Səhər çaydan sonra kəndə çıxmağa hazırlaşdığımız vaxt Humayın çamadanını götürdüyünü görərək soruşdum:
– Yoxsa, evimiz xoşunuza gəlmədi?
– Əksinə, – dedi. – Bu gecə özümü lap öz evimizdəki kimi hiss eləmişəm. Ancaq daha sizə əziyyət vermək istəmirəm.
– Nə əziyyəti var, – deyə anam mənim əvəzimə cavab verdi, üç otaqdır, ya sən, ya da Eyvaz…
O tərəddüd edirdi. Mən çamadanı onun əlindən alıb yerə qoydum.
…Hər ikimiz şad halda bağçadan çıxıb, maşın-traktor stansiyasına tərəf yollandıq. Bizim rayonda iki maşın-traktor stansiyası var… Onlardan biri rayonun mərkəzində, digəri isə bizim kənddə yerləşir.
Küçədə Bəyimə rast gəldik. Onun ağ və göyçək üzündə parlayan qara gözləri bir neçə saniyə Humayın üzünə zilləndi.
– Tanış olun, Bəyim, – deyib Humayı ona təqdim etdim.
Bəyim qızararaq onunla əl tutuşdu.
Biz Bəyimdən ayrılıb yolumuza davam etdikdə, Humay məndən soruşdu:
– Bu qız kimdir?
– Bağ briqadiridir. Dəyirmançı Musanın qızıdır.
Humay daha heç nə demədi. Mən istəyirdim ki, o danışsın. Qızın haqqında nə isə bir söz desin. Lakin susurdu. Üzü qayğılı ifadə almışdı.
Biz maşın-traktor stansiyası yerləşən binanın yanına çatıb dayandıq.
– Acanda birbaş evə getməyi yaddan çıxarmayın.
– Yaxşı, – deyə o, ciddi ifadə ilə cavab verdi.
Mən ondan ayrılaraq, dəyirmanın yanında saldığımız cavan bağa getdim. Günəş üfüqdən xeyli yüksəlmişdi.
Qızlar, cərgə ilə əkilmiş körpə ağacların dibindəki alaqları təmizləyirdilər. Bəyim məni görərkən gülümsəyib yanıma gəldi. Təzə yarpaq açmış balaca ağaclara işarə ilə:
– Görürsənmi, – dedi, – necə gümrahdırlar!
Sonra saçlarının qıvrımlarını yaylığının altında gizlədərək tamamilə biganə halda soruşdu:
– O səhərki oğlan nə üçün gəlib?
– MTS-də mexanizator işləyəcək.
– Traktorçudur?
– Yox, mühəndisdir.
Mən, Humayın haqqında bildiklərimin hamısını ona söylədim. O, diqqətlə qulaq asıb, daha heç nə soruşmadı.
– Bəyim, – dedim, – bu gecə səni dünənki yerdə gözləyəcəyəm.
– Yox, Eyvaz, mən bu gecə kinoya gedəcəyəm. Təzə film gəlib. Özü də, deyirlər, ancaq bircə gecə göstəriləcək.
– Neynək, mən də ora gələrəm.
– Gəl, – deyə o, fikri dağınıq halda cavab verdi.
Mən ondan ayrılaraq, təzə bağın qurtaracağında saldığımız şitilliyə getdim. Bura balaca bir meşəni xatırladırdı. Beş mindən artıq müxtəlif növ şitilimiz vardı. Bütün qonşu kəndlər gəlib bizdən şitil aparırdılar. Bu da sədrimiz Qədirə ləzzət verirdi: “Qoy bizim sağlığımıza aparıb əksinlər”, – deyirdi.
Mən, tər yarpaqları günəş işığında parlayan bu kiçik ağaclara qarşı qəlbimdə bir ünsiyyət, bir doğmalıq hiss edirdim. Mən onların arasında dolaşır, hər birini diqqətlə nəzərdən keçirirdim. Onlar işıq və səadət içində olan körpə uşaqlara bənzəyirdilər. Biz onları kəndimizin Şahlar kimi zarafatcıl gəncləri ilə, Bəyimlə birlikdə əkib becərirdik. Onlarla birlikdə bizim qəlbimizdə gözəl duyğular, gözəl arzular böyüyürdü. İstər-istəməz düşünürdüm: “Kim bilir, indi baş-başa verən bu körpə şitillərdən hər biri hansı bağda çiçək açıb bar verəcək? Kim bilir, bizim qəlbimizdə indi bala quşlar kimi qanad bağlayan arzular hayana uçub gedəcək?”
Gün günorta yerinə əyilmişdi. Humayı tapıb, nahara aparmaq lazım idi.
Şitillikdən çıxıb, yavaş addımlarla dəyirmana sarı getdim. Hava sakit və isti idi. Dəyirmanın qabağındakı çəmənlikdə bir palanlı atla iki eşşək otlayırdı. Onlardan bir qədər aralıda böyük yük maşını dayanmışdı. Üst tərəfdəki böyürtkən kollarının arasından üzüaşağı sallanan, yanları yaşıl yosun bağlamış nov və ondan tökülən suyun altında qıjıltı ilə hərlənən çarx sərin kölgəlik içində idi. Novun üstündə bənövşə rəngli cırcıramalar uçuşaraq hey səslənirdilər.
Mən dəyirmana çatdığım zaman bizim artel sədri ilə Humayın cığırla aşağı endiklərini görüb dayandım. Onlar köhnə dostlar kimi nə barədəsə ucadan danışıb-gülürdülər. Bizim bu artel sədri Qədir qəribə adamlardan biri idi. Qırx səkkiz yaşı olduğu halda, saçlarında bir dənə də ağ tük yox idi. Baxanda otuz beşdən artıq yaş vermək olmazdı. Əynində sürməyi parçadan köynək və şalvar, ayaqlarında yumşaq xromdan uzunboğaz çəkmə vardı. Həddindən artıq yoğun belini enli kəmərlə möhkəm bağlamış, başına yaşıl furajka qoymuşdu. Kefi kök olanda və ya mühüm bir iş görəndə, furajkanın dalını qaldıraraq, gözünün üstünə endirirdi. Peysəri və üzü qıpqırmızı idi. Çəp olmasa da, adama baxarkən başını buğa kimi azca yana əyib, gözlərini qıyırdı. Ona görə də, ilk dəfə rast gələnlər onu çəpgöz hesab edirdilər.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?