Текст книги "Fələklər yandı ahimdən… Seçilmiş əsərləri"
Автор книги: Məhəmməd Füzuli
Жанр: Зарубежные стихи, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]
BU, MƏCNUN ATASININ TƏRKİ-NİZA ETDİGİDİR VƏ NAÇAR HƏSRƏTLƏ VİDA ETDİGİDİR100100
Bu, Məcnunun atasının mübahisədən əl çəkib, çarəsiz qalaraq həsrətlə vidalaşmasıdır.
[Закрыть]
"K'ey rişteyi-gövhəri-muradım!
Ayineyi-hüsni-e'tiqadım!
Bir ləhzə mənə tərəhhüm eylə,
Göftarım eşit, təkəllüm eylə!
Pərvayi-məni-şikəstəhal et,
Əzmi-səfər eylədim, həlal et!
Naxoş sənə məndən idi əhval,
Mən getməli oldum, indi xoş qal!
Zinhar şikayət etmə məndən,
İncikli hekayət etmə məndən!
Dirlikdə çü səndən almadım kam,
Tövsənliyə düşdün, olmadın ram.
Budur kərəmindən iltimasım
Kim, tutasan öldügümdə yasım!
Hər ləhzə edib fəğanü zari,
Toprağıma edəsən güzari.
Təklifi-nişatü eyş qılmən
Kim, sən deyəsən, "bu rəsmi bilmən".
Fəryadü fəğandır əsli-matəm,
Sən xud bu rəvişdəsən müsəlləm.
Öz adətin ilə nalə eylə!
Əcrini mənə həvalə eylə!
Budur qərəzim ki, dustu düşmən
Görsün səni, eyləyəndə şivən.
Bikəsligim olmaya mənə ar,
Mə'lum edələr ki, varisim var".
Çün qıldı vəsiyyət ol pərişan,
Döndi evə gəldi zarü giryan.
Dərdü ələm etdi onu rəncur,
Qalmadı həyatı şəm'inə nur.
Dərdinə bulunmaz oldu dərman,
"Məcnun!" dedi, verdi aqibət can.
Dünyaya ümid tutmaq olmaz,
Hərgiz ölümü unutmaq olmaz!
Xoş xaneyi-eyşdir bu aləm,
Dərda ki, degil əsası möhkəm.
BU, MƏCNUNUN ATASI VƏFATINDAN XƏBƏRDAR OLDUĞUDUR VƏ MƏZARINA YOL BULDUĞUDUR101101
Bu, Məcnunun atasının vəfatından xəbər tutması və məzarına yol tapmasıdır.
[Закрыть]
Saqi, meyi-laləfam yoxmu?
Dözmən bu xumara, cam yoxmu?
Öldürdü məni qəmi-nihani,
Yoxdurmu şərabi-ərğəvani?
Qəm dəf'inə, durma, eylə tədbir!
Əldən gələni gəl etmə təqsir!
Dünya ki, nigari-dilrübadır,
Zinhar, inanma, bivəfadır.
Sən gərçi olubsan ona məftun,
Oldur tələbində səndən əfzun.
Sənsən ona cəhl ilə tələbkar,
Oldur sənə elm ilə həvadar
Hər necə ki, ona mihmansan,
Eyşü tərəbilə kamiransan.
Ondan səfər ixtiyar edəndə,
Qürbi-həqə üz tutub gedəndə,
Göz sürməsi eyləyib qübarın,
Ta məhşər olur nigahdarın.
Yolunda özün verər fənaya,
Saxlar, səni tapşırar bəqaya.
Həm kim ki, bu nüktədəndir agah,
Dövrani-fələkdən etməz ikrah.
Həm dirlikdə əzabı olmaz,
Həm mövtdən ictinabı olmaz.
Bir gün axıdıb sirişki-gülgün,
Nəcd üzrə oturmuş idi Məcnun.
Min tə'n ilə bir cəfaçı səyyad
Ol zara yetişdi, qıldı fəryad:
"K'ey ardən el içində ari!
V'ey naqis olan əyari-kari!
Yox səndə nişani-namü namus,
Əfsus ki, arsızsan, əfsus!
İnsaf degil sitəmdə israf,
İnsafsız olduğuna insaf!
Dirlikdə atanı etmədin şad,
Barı qıl onu öləndə bir yad!
Can verdi məhəbbətində ol pir,
Yad eyləmədin, nədir bu təqsir?
Yoxdurmu cibillətində azərm?
Allahdan eyləməzmisən şərm?"
Məcnuna buraxdı ol səda suz,
Artırdı fəğanın ol siyəhruz.
Baran kimi daşa urdu başın,
Mey kimi əyağa tökdü yaşın.
Qəbrin sorub istədi nişanə,
Oldu gözü yaşıtək rəvanə.
Çün gördü atasının məzarın,
Şəm' eylədi ona cismi-zarın,
Tari-tənə dərdi tab verdi,
Dil atəşü didə ab verdi.
Lövh eylədi köksünü məzarə,
Dırnaq ilə qıldı parə-parə.
Bağrına basıb məzari-pakın,
Gül yarpağı etdi lövhi-xakın.
Əfğan ilə tazə qıldı matəm,
Əfğanı içində dərdi hər dəm:
"K'ey baniyi-bünyeyi-vücudim!
Üsyanı ziyan, rizası sudim!
İrşadını bilmədim qənimət,
Yüz vay ki, fövt olundu fürsət.
Yüz heyf ki, tutmadım təriqin,
Bir neçə gün olmadım rəfiqin.
Feyzin mənə olmadı müyəssər,
Sən xeyr dedin, mən eylədim şər.
Cövr ilə sənə cəfalar etdim,
Yanlış vardım, xətalar etdim.
Ey dövlətim, olma dur məndən!
V'ey şəm', götürmə nur məndən!
Olsam qəmi-aləmə giriftar,
Ancaq sən idin ənisü qəmxar.
Həmrazım idin şikayətimdə,
Dəmsazım idin hekayətimdə.
Noldu qəmimə gətirmədin tab?
Qorxutdu məgər səni bu girdab?
Noldu səbəb, eylədin əzimət?
Məndənmi idi sənə həzimət?
Ey mənşei-cövhəri-həyatım,
Xoşnudluğundadır nicatım!
Bildim işimi, günahkarəm,
Gəldim sənə, xarü şərmsarəm.
Dünyada səni mən eylədim zar,
Üqbada məni sən eyləmə xar!
Yaxdın məni atəşi-cəfaya!
Saldın qəmü möhnətü bəlaya!
Sən meyli-fəraqü rahət etdin,
Bir küncü tutub fərağət etdin!
Kim eylədi həll müşkilatın?
Kim verdi bu qüssədən nicatın?"
Şəb ta səhər ol əsiri-hicran
Matəm tutub etdi ahü əfğan.
Çün mişkə töküldü gərdi-kafur,
Zülmatə buraxdı pərtövün nur,
Ehya qılıban mərasimi-vəcd,
Tutdu rəhi-gurxaneyi-Nəcd.
TƏMAMİYİ-SÜXƏN
Ərbabi-kəmalə ol əyandır
Kim, hüsn ilə eşq tovəmandır,
Hüsn ayineyi-cahannümadır,
Keyfiyyəti-eşq ona ciladır.
Hüsn olmasa, eşq zahir olmaz,
Eşq olmasa, hüsn mahir olmaz.
Hüsn olmasa, eşqdən nə hasil?
Mə'şuq edər əhli-eşqi kamil.
Olmaz isə eşq, hüsn olur xar,
Eşq ilədir əhli-husnə bazar.
Məcnun idi səm'i-məclisəfruz,
Leyli ona atəşi-cigərsuz.
Məcnun idi cami-rahətəfza,
Leyli ona badeyi-müsəffa.
Leylidən idi kəmali-Məcnun,
Hüsn ilə olurdu eşqi əfzun.
Məcnundan idi cəmali-Leyli,
Eşq idi edən cəmalə meyli.
Bir gün Məcnuni-dilşikəstə
Səhrada gəzirdi zaru xəstə,
Bir səhfədə gördü iki peykər,
Məcnun ilə Leylini müsəvvər.
Məhv eylədi nəqşi-dilsitanın,
Qoydu özünün həmin nişanın.
Sordular ona həqiqəti-hal:
"Kim, nişə bir oldu iki timsal?"
Dedi: "Bizə birdürür həqiqət,
Birlikdə yaraşmaz iki surət.
Olmaq gərək əhli-danış agəh
Kim, biz ikilikdəniz münəzzəh".
Sail dedi: "Bu degilmidir ar
Kim, yar ola yox, san olasan var?
Sən netə qalırsan, ol olur həkk?
Barı onu qoy, sənə qələm çək!"
Dedi: "Rəhi-eşqdə nə layiq
Məşuqə ola niqabi-aşiq?
Üşşaq tənü həbib candır,
Tən zahirü təndə can nihandır.
Mə'şuqə nə bak, olursa məstur,
Aşiq gərək el içində məşhur
Kim, aləmə aşiq axıdan yaş
Mə'şuq kim olduğun qılır faş".
BU, MƏCNUNUN ŞƏMMEYİ-KEYFİYYƏTİ-HALIDIR VƏ BƏ'Zİ SİFATİ-KƏMALIDIR102102
Bu, Məcnunun halının necəliyindən bir neçə söz və bəzi yetkin sifətləri haqdadır.
[Закрыть]
Məcnun idi mülki-dərd şahi,
Xeyli-dədü dam onun sipahi.
Ahunun alırdı mişki-bacın,
Rubah səmurunun xəracın.
Bir sarvar idi kərimü adil,
Cumlə dədü damə adlı şamil.
Xuni-cigərindən ol vəfadar
Xunxarları qılırdı xunxar.
Xunabi-cigər töküb dəmadəm,
Qılmazdi siba' rizqini kəm.
Dövründə dərəndələr olub ram,
Tutmuşdu bir-birilə aram.
Gur olmuş idi pələngə həmraz,
Gürg olmuş idi gəvəznə dəmsaz.
Şir olmuş idi ənisi-nəxcir,
Nəxcir əmərdi şirdən şir.
Yanında tutardi mur xanə,
Göz yaşından yigardı danə.
Gahi olub əşk seyli qaim,
Seylabə gedərdi min bəhaim.
Gah odunu təndə tab edərdi,
Min canəvəri kəbab edərdi.
Bel olmuş idi əlinda dırnaq,
Yerdən sovurardı başə topraq.
Muyində qübar olub fərahəm,
Əşk ilə çəkib zaman-zaman nəm,
Ahubərə səbzə zari oldu,
Gulzari-cünun bəhari oldu.
Gər tutsa idi gəvəzn ilə xu,
Axardı gözündən ol qədər su
K'ol sudan olurdu tazəvü tər,
Həm bərg verərdi şaxi, həm bər.
Hər ləhzə alıb əlinə bir mar,
Xürsənd oluban deyirdi ol zar:
"K'ol sünbüli-mişkbuyi tutdum,
Sərrişteyi-arizuyi tutdum".
Qaplan kimi canə urdu min dağ,
Arslan sifəti uzatdı dırnaq,
Arslanların oldu pişvası,
Qaplanların oldu müqtədası.
BU, MƏCNUNUN SİDQ İLƏ MÜNACAT ETDİGİDİR VƏ NAVƏKİ-DUASI HƏDƏFİ-İCABƏTƏ YETDİGİDİR103103
Bu, Məcnunun sidq ilə Allaha yalvarması və dua oxunun qəbul hədəfinə yetməsidir.
[Закрыть]
Bir gecə ki, zülməti-ziyasuz
Zülfi-şəbi etdi bürqeyi-ruz,
Bir lə'li edib sipehr nayab,
Göstərdi yerinə min düri-nab.
Bir sancağı eyləyib nigunsar,
Min məhçeyi-rayət etdi izhar.
Qətrə-qətrə həkimi-əflak
Xaşxaşlarında tutdu tiryak.
Danə-danə ərusi-gərdun
Qaftanına tikdi dürri-məknun.
Girdaba düşüb səfineyi-mah,
Qıldı özünə Məcərrədən rah.
Saçıldı Ütaridin midadı,
Artırdı bu səfhəyə savadı.
Zöhrə dağıdıb siyah geysu,
Geysusi içində gizlədi ru.
Xurşid nihan olub, sitarə
Göz açdı təriqi-intizarə.
Təprəndi səri-sinani-Bəhram,
Fəth oldu ona vilayəti-Şam.
Bərcis girib siyəh libasə,
Xurşid qəmində batdı yasə.
Ayinə olub sipehri-gərdan,
Baxdı ona, əks saldı Keyvan.
Gərduna səvabit oldu mismar,
Ta tökməyə dün büsati-pərgar.
Göydə Həməl oldu aşikarə,
Ahubərə çıxdı səbzəzarə.
Gavi-fələk oldu gavi-ənbər,
Doldurdu cahana ənbəri-tər.
Cövza kəməri mürəssə oldu.
Gərdun bədəni müləmmə oldu.
Xərçəng qılıb səhər yelin dəf,
Xasiyyəti verdi zülmətə nəf.
Oldu Əsəd afitabdən dur,
Pürdud misali-şəm'i-binur.
Geysusinə verdi Sünbülə tab,
Mişk üstünə tökdü ənbəri-nab.
Mizani edib fələk tərazu,
Sərrafi-zəminə çəkdi lö'lu.
Əqrəb buraxıb kəməndi-pürxəm,
Divi-şəbə qıldı qeydi möhkəm.
Qövsini qurub sipehri-laib,
Atıldı xədəngi-Nəcmi-saqib.
Büzğaleyi-asiman töküb mu,
Göy səhfəsin eylədi siyəhru.
Dəlvi dəlib afəti-zəmanə,
Min qətrə saçıldı asimanə.
Hut eylədi həbsi-Yunisi-ruz,
Bərqi-şəfəq oldu asimansuz.
Ərz eylədi Əxbəşə cinasın,
Cəbhə dəxi cəbhəsin ziyasın.
Həm Həq'ə cəmala verdi zivər,
Həm Hən'ə mükəlləl etdi əfsər.
Şərteynü Büteyn, Səmakü Əklil
Nur etdilər asimana təhvil.
Ta Sadirü Varidə, Nəaim
Sərf eyləyə sərf ilə dəaim.
Təzyin üçün etdilər mühəyya,
Lə'lin Dəbəran, dürün Sürəyya.
Verdi rəvişi-sipehrü əxtər,
Tərtibi-Müqəddəmü Müəxxər.
Məcnun mütəhəyyirü pərişan
Qalmışdı sipehr işində heyran.
Gərdunə açardı dideyi-tər,
Yer üzünə doldurardı əxtər.
Hər əxtərə ərzi-hal edərdi,
Min arizuyi-məhal edərdi.
Əvvəl olub asimana mail,
Şərh etdi Ütaridə qəmi-dil:
"K'ey əhli-hesaba karfərmay!
Müstövfiyi-əqlü məşrəfi-ray.
Ey nasixi-nüsxeyi-məani,
Fehristi-rümuzi-asimani!
Qəssami-məqasidü mətalib,
Rəssami-münasibü məratib!
Dərdi-dilimin hesabı çoxdur,
Səndən özgə dəbir yoxdur.
Bir naməyə dərdimi rəqəm qıl,
Sultanıma ərzə et, kərəm qıl!
Şayəd əsər edə feyzi-xamən,
Tə'vizi-cünunim ola namən".
Gördü ki, Ütarid anlamaz raz,
Bir özgə tərənnüm etdi ağaz.
Döndərdi üz ondan ağlayıb zar,
Mərrixə niyazın etdi izhar:
"K'ey valiyi-məsnədi-şücaət!
Şəmşirinə aləm əhli-taət!
Sən sahibi-nüsrətü zəfərsən,
Ərbabi-silaha taci-sərsən!
Mən acızəmü qəvidir əğyar,
Mən bikəsü xəsmdir sitəmkar.
Acizlərə lütf edib mədəd qıl!
Bikəslərdən bəlanı rəd qıl!
Çək tiğini, eylə dəf i-düşmən,
Ta dusta həmnişin olam mən!"
Çün gördü bülənd yerdədir kam,
Nə Tir yetər ona, nə Bəhram.
Tiğ ilə qələmdən oldu nomid,
Tutdu rəhi-barigahi-tövhid.
Dərgaha tutub rüxi-niyazın,
Mə'budinə ərzə qıldı razın:
"K'ey tiğə müinü kilkə rəhbər!
Bəhram – qulamü Tir – çakər.
Ey fərqi-əməl külahduzi,
Sahibrəqəmi-bərati-ruzi!
Rəhm et məni-zarü binəvayə,
Dərdi-dilimi yetir dəvayə!
Leyliyi sən eylədin pərivəş
Kim, canə cəmali urdu atəş.
Sən qıldın onu bəlayi-aləm,
Ol etdi məni şikəsteyi-qəm.
Verdin ona hüsni-aləməfruz,
Saldı mənə atəşi-cahansuz.
Dərd ilə məni sən eylədin zar,
Mən qandanü Leyliyi-cəfakar?
Leyli ki, məni bəlayə saldı,
Bir görmək ilə qərarım aldı.
Yoxdur rəvişində ixtiyarı
Kim, döndərə aldığı qərarı.
Biçarədir öz işində ol həm,
Səndən bulunur bu zəxmə mərhəm.
Həm sən kərəmindən et əlacım,
Kəs qeyri kişidən ehtiyacım!
Ey dərdə qılan məni giriftar!
Kimdir mənə səndən özgə qəmxar?
Çox-çox hükəmaya söylədim hal,
Təşxisi-mərəzdə oldular lal;
Bildim ki, həkimi-fərd sənsən!
Danayi-cəmii-dərd sənsən!
Gər dərd və gər dəva sənindir!
Hakim sənsən, riza sənindir.
Yə'ni ki, gətir kəmala zövqüm,
Gündən-günə qıl ziyadə şövqüm!
Sal çeşmimə lə'linin xəyalın,
Ver təb'imə hüsnünün kəmalın.
Daim onu məndə zahir eylə,
Lütf et, iki surəti bir eylə!
Qədrim, qəmi içrə mö'təbər qıl!
Dərdin, mənə ruzi ol qədər qıl!
Kim, kimsəyə ol olub müyəssər,
Kimsə mənə olmaya bərabər.
Görmək rüxün olmaz olsa məqdur,
Xunbar gozümdə olmasın nur.
Zövqi-ələmi olursa nayab,
Məcruh tənimdə olmasın tab.
BU QƏZƏL MƏCNUNİ-HƏZİN DİLİNDƏNDİR
Yarəb, kəmali-mərtəbeyi-Mustəfa həqi!
Sidqü səfayi-silsileyi-ənbiya həqi!
Səndən yetər vəlilərə tə'yidü iqtidar,
Sən müqtədayi-aləm edən rəhnüma həqi!
Düşməz hərimi-qürbünə biganələr yolu,
Ol barigahə məhrəm olan aşina həqi!
Qəhrindəki siyasətü asibü xövf üçün,
Lütfündəki lətafəti-feyzü rəca həqi!
Üşşaqə yar qıldığı cövrü cəfa üçün,
Mə'şuqə aşiq etdiyi mehrü vəfa həqi!
Leylidə zahir eylədigin feyzi-hüsn üçün,
Məcnunə verdigin qəmü dərdü bəla həqi!
Fəqrü fəna səadəti lütf et Füzuliyə,
Onda olan səadəti-fəqrü fəna həqi!
TƏMAMİYİ-SÜXƏN
Eylərdi bu suz ilə münacat,
Möhnətlərə istəyib mükafat.
K'açıldı104104
Ki açdı
[Закрыть] güli-hədiqeyi-ruz,
Göstərdi günəş cəmali-firuz.
Mürği-dəmi-sübh çəkdi avaz,
Zaği-şəbi-tirə qıldı pərvaz.
Həm səfheyi-aləm oldu rövşən,
Həm daneyi-əncüm oldu xərmən.
Gün ayinədarı oldu gərdun,
Tökdü qədəminə dürri-məknun.
Sübh urdu səfayi-sidqdən dəm,
Açıldı güli-nişati-aləm.
Tə'siri-səfayi-cami -Xurşid
Göy gülşənin etdi bəzmi-Cəmşid.
Lalə kimi dağə çıxdı Məcnun,
Nəzzarəyə açdı çeşmi-pürxun.
Gördü ki, gəlir nədimi-kamil,
Həmrazi-qədim, Zeydi-qabil.
Rüxsarında nişatdən nur,
Behcət gözünə cəmah mənzur.
Yox zərrəcə qüssəvü məlali,
Məcnuna əcəb göründü hali.
Sordu ki: "Nədəndir inbisatın?
Adətcə görünməyən nişatın?
Məqsudinə dəstrəsmi oldun?
Dildarinə həmnəfəsmi oldun?
Nə qədr ilə sərbülənd olubsan?
Noldu ki, nişatmənd olubsan?"
Zeyd açdı düri-xəzaneyi-raz:
"Key türfə hümayi-övci-e'zaz!
Dün tövfi-diyari-yar qıldım,
Ol sərv yana güzar qıldım.
Tə'viz vəsiləsilə bir dəm
Oldum hərəmi-vüsala məhrəm.
Gördüm məhi-arizin ziyasız,
Ayineyi-təl'ətin cilasız.
Nə lə'li-ləbində qətreyi-ab,
Nə mah rüxündə zərreyi-tab.
Lə'li-tərə əşki gövhərəngiz,
Bərgi-gülə nərgisi gühərriz.
Gördü məni etdi naləvü zar,
Raz açdı mənə ki: "Ey vəfadar!
Düşdü ola Nəcdə rəhgüzarın,
Gördün ola halın ol figarın?
Məcnunumu gördün isə, billah,
Eylə məni-zarı ondan agah!
Necə keçər ola mahü sali,
Kim ola rəfiqi, nola hali?
Billah, güzər etsin ol yanayə.
Rəhm et məni-zarü mübtəlayə,
Məndən ona şərhi-zə'fi-hal et!
Halın məni-xəstədən sual et!
Söylə, necəsən hücumi-qəmdən?
Tüğyani-məşəqqətü sitəmdən?
Matəmzədə olduğun eşitdim,
Qıldım yaxa çakü şivən etdim.
Ol sərv ki, çıxdı bu çəməndən,
Məndən getdi, degil ki, səndən.
Ancaq bir ol idi kim, çəkib qəm,
İstərdi məni səninlə həmdəm.
Çox gördü bizə sipehri-qəddar
Yüz min əğyar içində bir yar.
Bir zülmdürür bu aşikarə,
Əldən nə gəlir, buna nə çarə!
Bu dərdi ki, az degil, yügüşdür,
Həm səbr edəlim ki, səbr xoşdur.
Mən, tut ki, müqəyyədi-həsarəm,
Məhbusi-hicabi-nəngü arəm.
Gər şəm'ə açılsa şərhi-razım,
Sayəmdən olur min ehtirazım.
Gər sayəmə söyləsəm qəmi-dil,
Şəm'in həsədi gəlir müqabil,
Nə yazmağa namə ixtiyarım,
Nə etməyə ərz razdarım.
Qönçə kimiyəm məni-pərişan,
Ağzım tutulu, içim dolu qan.
Sən kim, şəhi-kişvəri-rizasan,
Hər kimə dilərsən aşinasan.
Yox hökmü sənə çü xamə qeyrin,
Öz başınadır həmişə seyrin.
Aya nə üçün qılırsan ehmal,
Hali-dilin eyləməzsən irsal?
Öz nəzmi-lətifü dilkəşindən,
Məzmuni-ibarəti-xoşundan
Lütf ilə qılıb həmişə təhrir,
Göndərmədigin degilmi təqsir?
Səndən degiləm bu işdə razi,
Hala kərəm et xilafi-mazi,
Nəzm eyləyibən bəyani-halın,
Şərhi-rüxi-zərdü əşki-alın,
İrsal edə gör məni-həzinə,
K'ol cövhərə can edim xəzinə.
Əlfazi olub həmişə zikrim,
Bu kargəh içrə bikri-fikrim.
Tərzi-qəm edəndə cana təsvir,
Ol nəqşdən ola çaşnigir".
Həm hali-dilin qılırdı izhar,
Həm bu qəzəli qılırdı təkrar:
BU QƏZƏL LEYLİYİ-DİLPƏZİRİNDİR
Nəçün ol şəm' kafur üzrə kilkin mişkbar etməz?
Yazıb bir rüq'ə min lütfə bizi ümmidvar etməz?
Mənimlə dust lütfün az edib, çox tə'n edər düşmən,
Nəçün lütf eyləyib, düşmənləri bir şərmsar etməz?
Gəl, ey göz, yar xəttin namədə görmək həvəs qılma
Ki, xətti-namə dəf'i-dərdi-hicri-xətti-yar etməz!
Kəbutərdən umardım naməsin, gör zə'f tale kim,
Görüb ahım odun məndən yana ol həm güzar etməz.
Füzuli, nameyi-dildar bir tə'vizdir guya
Kim, onsuz xəstədillər xatiri bir dəm qərar etməz.
TƏMAMİYİ-SÜXƏN
Məcnun ki, eşitdi ol pəyami,
Bəxti-mütəmərrid oldu rami.
İqbalına e'tiqadı oldu,
Dildarına e'timadı oldu.
Xunabi-sirişkdən çəkib nəm,
Gülzari-zəmiri oldu xürrəm.
Həm güldü üzü çırağlartək.
Həm könlü açıldı dağlartək.
Zeydə dedi: "Ey rəfiqi-sadiq,
Mən vəhşiyə həmdəmi-müvafiq!
Çün müjdeyi-mərhəmət yetirdin,
Yarım xəbərin mənə gətirdin,
Məndən həm ona yetir sənalar,
Ərz eylə dürudlar, dualar.
Xaki-dərinə yetir niyazım,
Dərgahinə ərz eylə razım:
"K'ey canıma dadlu dərdü daği,
Könlüm fərəhi, gözüm çıraği!
Lillahülhəmd yar imişsən,
Mən istədigimcə var imişsən.
Əhdində vəfa bulundu axır,
Şəhdində şəfa bulundu axır.
Bildim ki, məni sevirsən, ey mah!
Əhsənt, əhsənt, barəkallah!
Lütfün xəbəri qərarım aldı,
Şirin sözün ixtiyarım aldı.
Lütfün eşidib olur cigər tab,
Şirin sözünə gətirməzəm ab.
Ah, ər qılıb özgə rəsm bünyad,
Nagəh tutasan təriqi-bidad,
Təlx ola sözün misali-badə,
Lütf olmaya, qəhr ola aradə.
Xuban işi cövr ilə cəfadır,
Səndən görünən mənə vəfadır.
Qurban sənə özgə nazəninlər,
İdrakına yüz min afərinlər!
Kimsə çü sənə vəfada yetməz,
Canın sənə kimsə versə itməz.
Mə'şuqə ikən olub vəfadar,
Aşiqligini həm etdin izhar.
Aşiq der imiş mənə xəlayiq,
Görmən105105
Görmürəm.
[Закрыть] buna həm özümü layiq.
Mən naqisəm, ey hərifi-qabil,
Sənsən rəhi-eşq içində kamil.
Təhsin ki, yeganeyi-zəmansan,
Can vermək olur sənə ki, cansan.
Hər şuxdə gər olaydı bu tövr,
Sən olmaz idin yeganeyi-dövr.
Gər qeyrə bu hal olaydı məqdur,
Sən olmaz idin cahanda məşhur.
Yad eyləməgindən olmuşam şad,
Sən şad olasan həmişə, mən yad.
Ha böylə məni-həzini şad et!
Gah-gah tərəhhüm eylə, yad et!
Ey sərvi-səmənbəri-güləndam,
Taraci-mətai-səbrü aram!
Ey xosrovi-kişvəri-məlahət,
Məhtabi-şəbi-nişatü rahət!
Çün bəndəyə rəhmət eylər oldun,
İzhari-məhəbbət eylər oldun,
Minbə'd təriqi-mehr tutğıl,
Əvvəlki təriqini unutğıl!
Qoyma çıxa həsrət ilə canım,
Həddən ötə naləvü fəğanım!
Meyli-məni-zarü biqərar et,
Gahi bu yanaya bir güzar et.
Həmdərdim isən, mənimlə yar ol,
Həmdərdligin yox isə, var ol!
Sən – öylə müqimi-məsnədi-naz,
Mən – böylə bəlavü dərdə dəmsaz.
Sən – məhfili-eyş kamikari,
Mən – guşeyi-dərd dilfigari.
Eşq içrə, gözüm, rəvamıdır bu?
Rahü rəvişi-vəfamıdır bu?
Gər doğru isə vəfada lafın,
Məndən nə üçündür inhirafın?
Gəl, rəf' edəlim qəmi-fəraqı,
Yandıralım oda iştiyaqı,
Olsun dünü gün mənimlə seyrin,
Çün mən səninəm, sən olma qeyrin!
V'ər İbni Səlam mane olsa,
Səddi-rəhi-vəsl vaqe olsa,
Bildir, qılayın siyah bəxtin,
Bir ah ilə tarümar təxtin".
Çün razi-dilin tükətdi ol yar,
Zeyd eylədi əzmi-kuyi-dildar.
Pərvanə sözün deyib çirağə,
Bülbül xəbərin yetirdi bağə.
BU, İBNİ SƏLAMIN KEYFİYYƏTİ-VƏFATIDIR VƏ LEYLİNİN OL BƏLADAN NİCATIDIR
Saqi, fələkin gör inqilabın!
Göstər qədəh içrə mey hübabın!
Mey ayineyi-cahannümadır,
Xaki zər edən bu kimiyadır.
Bu faidə bəs degilmi ondan
Kim, fariğ edər qəmi-cahandan?
Bir xabü xəyal imiş bu aləm,
Bu xabü xəyala olma xürrəm!
Əhvali-zəmanə münqəlibdir,
Ondan xirəd əhli müctənibdir.
Qəm matəmin eyləyəndə bünyad,
Neyyah bu növ çəkdi fəryad
Kim, İbni Səlamı etdi gərdun
Amaci-xədəngi-ahi-Məcnun.
Ol səddi götürməgə aradən,
Əşk oldu rəvan iki yanadən.
Ol növrəsi-natəvan, dəmadəm
Şövq ilə çəkərdi möhnətü qəm.
Həsrət ələmi yaman ələmdir,
Qəm bədriqeyi-rəhi-ədəmdir.
Dərdü qəmi-həsrəti-nihani
Sərvi-qədin etdi xizərani.
Üz urdu pozulmağa tilismi,
Bir qayətə yetdi zə'fi cismi
Kim, peykəri nəqşi-bəstər oldu.
Rə'na qədi bəstər istər oldu.
Gün-gündən olub xərab halı,
Qalmadı sağalmaq ehtimalı.
Dərdinə dəva bulunmaz oldu,
Rəncinə şəfa bulunmaz oldu.
Əndişeyi-ömrü oldu batil,
Can verdivü Həqqə oldu vasil.
Kimdir ki, gəlib cəhanə getməz?
Kim kamil olur, zəvalə yetməz?
Budur rəhü rəsmi ruzigarın
Kim, ola xəzanı hər bəharın.
Leylini gətirməgə fəğanə,
Ol vaqeə oldu bir bəhanə.
Matəm tutub etdi ol giriftar,
Dırnağı ilə üzünü əfgar.
Çak etdi fərağət ilə camə,
Faş etdi fəğanı xasü amə.
Yandırdı evin, qopardı təxtin,
Taraci-fənayə verdi rəxtin.
Geysuyi-müənbər etdi bərbad,
Əflakə yetirdi ahü fəryad.
Gərdun kimi rəxti niylə urdu,
Atəş kimi başa kül sovurdu.
Derlər, bu idi ərəbdə adət
Kim, ər əgər ölsə, qalsa övrət,
Bir il, iki il tutardı matəm,
Fəryadü fəğan edib dəmadəm.
Xoş gəldi bu adət ol nigarə,
Fəryadü fəğana buldu çarə.
Matəmkədə eylədi məqamın,
Matəmdə keçirdi sübhü şamın.
Bir neçə gün onda ağlayıb zar,
Həm ata evinə döndü naçar.
Əmma dünü gün fəğan edərdi,
Xunabi-cigər rəvan edərdi.
Fəryadə gələndə gahü bigah,
Öz könlündə deyərdi ol mah
Kim: "İbni Səlama rəhməti-həq,
Eşqim rəvişinə verdi rövnəq.
Rəf' eylədi pərdeyi-müdara,
Pünhan qəmim etdi aşikara".
Ol vaqeəden olub xəbərdar,
Tutdu rəhi-dəşt Zeydi-qəmxar,
Gördü ki, şikəstəhal Məcnun
Durmuş dədü dam içində məhzun,
Çün verdi səlam, qıldı e'lam
Kim, İbni Səlama netdi əyyam.
Verdi bu qəziyyədən bəşarət
Kim: "Qıldı müarizin xəsarət.
Dəhr İbni Səlamı qıldı pamal,
Leyİi öz evinə döndü xoşhal.
Məcnun çəkib ah, qıldı nalə,
Əfğan edib ağladı bu halə.
Heyrətlərə düşdü Zeydi-qafil;
Bu halət ona göründü müşkil
Kim, fövti-rəqib eşitsə aşiq,
Gülmək gərək, ağlamaq nə layiq?!
Təhqiqi-bəyani-hal qıldı,
Ol vaqeəden sual qıldı.
Məcnun dedi: "Ey vəfalı yarım!
Yoxdurmu bu yolda nəngü arım?
Cananəyə can verib yetibdir,
Can verməyən arada itibdir.
Ol dostum idi, degildi düşmən,
Həm ol ona aşiq idi, həm mən.
Ol canını verdi vasil oldu,
Öz mərtəbəsində kamil oldu,
Nəqsim mənim irmədi kəmalə,
Eyb eyləmə ağlasam bu halə".
QƏZƏL
Aşiq oldur kim, qılır canın fəda cananinə,
Meyli-canan etməsin hər kim ki, qıymaz caninə.
Canını cananə verməkdir kəmalı aşiqin,
Verməyən can, e'tiraf etmək gərək nöqsaninə.
Vəsl əyyamı verib cananə can, rahət bulan,
Yeydir ondan kim, salır canın qəmi-hicraninə.
Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən
Kim, yanar gördükdə şəm'in atəşi-suzaninə.
Fani ol eşq içrə kim, bənzər fənası aşiqin
Feyzi-cavid ilə Xızrın çeşmeyi-heyvaninə!
Eşq dərdinin dəvası qabili-dərman degil,
Tərki-can derlər bu dərdin mö'təbər dərmaninə.
Hiç kim canan üçün can verməgə laf etməsin
Kim, gəlibdir bu sifət ancaq Füzuli şaninə.
BU, LEYLİNİN İBNİ SƏLAMDAN SONRA MACƏRASIDIR VƏ ZAVİYEYİ-MÖHNƏTDƏ VAQE OLAN BƏLASIDIR106106
Bu, Leylinin İbni Səlamdan sonrakı macərasıldır və möhnət küncündə çəkdiyi bəlasıdır.
[Закрыть]
Çün ata evinə döndü Leyli,
Əfğanə olub həmişə meyli,
Tutmuşdu təriqi-əhli-matəm,
Təcdidi-əza qılıb dəmadəm,
Hər qanda bilirdi var bir zar,
Ənduhü müsibətə giriftar,
Cəm' edib olurdu əncümənsaz,
Eylərdi sürudi-növhə ağaz.
Gər İbni Səlam idi bəhanə,
Məcnun idi bais ol fəğanə.
Ağzında idi bir özgə zikri,
Könlündə idi bir özgə fikri.
İzhar qılırdı özgə adın,
Pünhani edərdi özgə yadın.
Bu rəng ilə daim ol pərizad
Eylərdi fərağət ilə fəryad.
Suzi-dilinə gətirməyib tab,
Bir gecə dağıldı yarü əshab,
Ancaq ona şəm' qaldı həmdəm,
Söndürdü bir ah ilə onu həm.
Yə'ni nə rəva şəbi-siyahim
Şəm' istəyə qeyri-bərqi-ahim?!
Tənha qalıb etdi naleyi-zar,
Dərdü qəmə qıldı əczin izhar:
"K'ey dərdü qəmi-zəmanə, billah,
Olman bu gecə mənimlə həmrah!
Tənhalıq ilə mən eylərəm xu,
Siz özgə müsahibə tutun ru!"
Gördü qəmü dərdə yox nihayət,
Qıldı şəbi-tirədən şikayət:
"K'ey bəxti-siyahımın nəziri,
Aşüftə qılan məni-əsiri!
Əvvəl yox idi sənin qərarın,
Seyr ilə keçərdi ruzigarın.
Hala nə üçün qərar edibsən,
Tərki-rəviş ixtiyar edibsən?
Sərmənziləmi özün yetirdin?
Ya zülmət içində yol itirdin?
Matəmzədəsən, siyəh libasın,
Kimdən ola, nişədir bu yasın?
Dərdü ələmim dənizi daşdı,
Seylabi-bəla başımdan aşdı.
Tiri-fələkə nişanə oldum,
Tahuneyi-çərxə danə oldum.
Matəmkədədir bu gecə aləm,
Mən bəxtiqara bir əhli-matəm.
Nə səbr qalıbdurur, nə aram,
Bilmən ki, nolur mənə sərəncam.
Olmuş bu gecə təmam kövkəb
Azarım üçün fələkdə Əqrəb.
Sübh ayinəsini jəng tutmuş,
Feyzi-səhəri fələk unutmuş.
Ey sübh, sənin nə oldu halın,
Dəm urmağa qalmamış məcalın?
Könlün xoş isə, təbəssüm eylə!
Mehrin var isə, tərəbhüm eylə!
Fəryadıma həmdəm et xorusu,
Avazıma qoş sədayi-kusu.
Mürği-səhəri gətir zəbanə,
Göstər dəmi-sübhdən nişanə!"
Çox ağladı, etdi naləvü zar,
Dərdi-dili-zarın etdi təkrar.
Gördü mədədinə sübh yetməz,
Şəb dərdi-dilinə çarə etməz,
Üz tutdu ona ki, feyzi-ami
Çəkmiş bu mədarə sübhü şami.
Razi-dili-zarın etdi ağaz:
"Key vaqifi-halü arifi-raz!
Yoxdur qəmi-dərdimə nihayət,
Qəmdən kimə eyləyim şikayət?
Qəm bihədü mən bəsi zəifəm,
Mən böylə qəmə qaçan hərifəm?
Ya ver mənə möhnətimdə taqət,
Ya taqətim olduğunca möhnət.
Gər cameyi-səbrim eyləsəm çak,
Hökmün yolu görünür xətərnak.
V'ər könlümə versəm istimalət,
Taqətcə degil qəmü məlalət.
Namusdan eyləsəm cüdalıq,
Məcnun ilə qılsam aşinalıq,
Qorxum bu ki, ismət ola pamal,
Fərmana müvafiq olmaya hal.
Qılsam bu həvada hifzi-namus,
Mə'mureyi-vəslim ola məhrus.
Qorxum bu ki, dudi-ahi-Məcnun
Əhvalımı eyləyə digərgun.
Sadiqlərin ahı mö'təbərdir,
Ondan həzər etməmək xətərdir.
Ol öylə, bu böylə neyləyim, vay!
Bilmən məni-acizə nədir ray?
Yarəb, mütəhəyyirəm məni-zar,
Möhnətlərə olmuşam giriftar!
Sərmənzili-əmnə rah bilmən,
Səndən özgə pənah bilmən.
Gör badeyi-qəflət ilə mədhuş,
Qıl pərdeyi-lütfünü xətapuş!
Derlər ki, sitəmrəsidə Məcnun
Olmuş məni-mübtəlaya məftun.
Mən bisərü pa ona nə layiq
Kim, hüsnümə ola kimsə aşiq ?
Mən zərreyi-xarü xaksarəm,
Gərdi-rəhi-xaki -rəhgüzarəm.
Ruhum ki, bədəndədir, –sənindir,
Hər nəş'ə ki, məndədir, – sənindir.
Gəncineyi-hüsnünə əminəm,
Sənsən səbəbim ki, nazəninəm.
Yarəb, mədəd et ki, bu əmanət
Məhfuz ola ta dəmi-qiyamət!
Ta qürbə təvəccöh etdigim çağ,
Alnım açıq olavü üzüm ağ!"
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?