Электронная библиотека » Orxan Qaravəli » » онлайн чтение - страница 3

Текст книги "Tanıdığım Nazim Hikmət"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Orxan Qaravəli


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Beləcə, bu qugenot icmasına mənsub Karl 1820-cı illərdə doğulub on iki yaşınacan yetimxanda qaldıqdan sonra Hamburqdan İstanbula gedən bir gəmiyə minir. (Başqa qaynaqlara görə, bu bir məktəb gəmisi, Karl da dəniz məktəbi şagirdidir.) Gəmi süvarisilə (və ya komandiriylə) bir mübahisə zamanı (başqa qaynaqlara görə macərə həvəsilə) tam Qız qülləsi ətrafında özünü boğazın sərin sularına atır. Təsadüfənmi, ya üzə bildiyindənmi, Osmanlı Xarici İşlər naziri Əli Paşanın iqamətgahının qabağına çıxır. (Və ya Qız qülləsinin gözətçisi, ya da dənizçilər kiçik bir qayıqla ordan təsadüfən keçərkən qurtarılır.) Yerə-göyə sığmayan Karl, islamiyyəti qəbul edib Mehmet Ali adını alacaq, Osmanlı Hərbi Məktəbini bitirib Rusiyaya qarşı səfərlərdə böyük ad qazanaraq paşalığa, daha sonra da müşürlüyə (marşallığa) qədər yüksələcəkdir. 1878-ci il Berlin Konqresində padşah nümayəndəsi olaraq xarici dil bilməsi və yüksək ədəbiyyat biliyi ilə hər kəsin heyranlığını qazanan Müşir Mehmet Ali Paşa eyni il, bir üsyanı yatırtmaq üçün göndərildiyi Albaniyada millətçi bir kütlənin əlində şəhid edildiyi zaman hələ qırx dörd yaşındaydı. Sevilən bir əsgər olan, orduda bir sıra yeniliklərə imza atan və ölümündən illər sonra Almaniya prezidenti olmuş adam tərəfindən haqqında kitab yazılan Mehmet Ali Paşanın qızı Leyla xanım Nazimin böyük analarındandır.

Nazimin soyundakı ünlü kişilər bunula da bitmir! Misir ordusunun üsyanını yatırtmaq üçün göndərilmiş Dağıstanlı Hafiz Paşa ana tərəfdən böyük babasıdır.

Haraket ordusunu Selanikdən İstanbula gətirən Hüseyn Hüsnü Paşanı, anası Cəlilə xanımın bibisi oğlu olan general Ali Fuat Cebesoyun babası İsmayıl Fazil Paşanı, ittihadçılardan İzmir valisi Rahmi bəyi, şair, dilçi alim vali Samih Rıfat bəyi də bu arada saya bilərik. Türkiyə İşçi Partiyası rəhbəri və Qalatasaraylı milli atlet Mehmet Ali Albay anasının bibisi nəvəsi, şair-vəkil Oktay Rıfat isə bibisi oğludur…

Qalatasarayın hazırlıq sinfinə birlikdə getdikləri 1913-cü ildən 1921-ci ilin ilk günü başlayan Ankara yolçuluqlarına , Rusiya macəralarına və 1951-də ölkəni tərk edişinə qədər həmişə yanında və yaxınında olan “Bu dünyadan Nazim keçdi” əsəriylə şairin keçmişi haqda, hesab edirəm ki, ən sağlam bilgiləri verən qəzetçi dostu Vala Nurəddin (Va-Nu) adı şəkilən kitabın bir yerində yazır ki:

“…ailə durumuna görə Nazim damarlarında dörddə üç nisbətində türk qanı daşıdı deyəcəyəm. Amma mavi gözlərində yanan bir sitəmlə mənə baxdığını görən kimi oluram:

– Yarış atıyammı ki, məni qan ölçüsünə vurursan!?”

Məqsəd, əlbəttə ki, Nazimin neçədə neçə türk qanı daşıdığını müəyyən etmək deyil. Amma bu macəraçı, yenilikçi, istedadlı və inqilabçı soyunun, onun xəmirini necə yoğrulduğunu inkar etmək olarmı? Nazimin dünya çapında bir Nazim olmasında bunca silsiləli və hərəkətli bir ömür yaşamasında onun adilikdən çıxıb rəngli bir salnaməyə sahib olmasında atalarının rolu olduğu söylənməzmi? Təbii, bir də yaşadığı 1900-cü illər! Nələr görmüşdür, bu duyğulu və şair ruhlu uşaq hər şeyi yaxşı-pis anlamağa, rüzgarda yarpaq misalı sallanmağa başladığı günlərdən etibarən: yanğınlar, bitib-tükənmək bilməyən savaşlar, bu savaşlarda sevdiklərinin ölümü, işsiz qalan bir ata, çox uzaqlarda gedib yanına sığındığı bir şair baba, onun bütün əngəlləmələrinə baxmayaraq dağılan ailə, özünü gələcəyinə borclu bildiyi bir bacı və pulsuzluqdan təhsil haqqını ödəmədiyi üçün məşhur və hörmət qoyulan bir məktəb…

Deyildiyi kimi, işğal illəri, hər tərəfdə düşmən bayraq və əsgərləri,satılmış bir hökümət padşahı görməzdən gəlməyə çalışaraq bir əsgəri məktəbdə zabit olmağı hədəfləmənin anlamsızlığı və sonucları! Sonra şeirləri ağızlarda dolaşan romantik və vətənsevər gənc adamın həyəcanla izlədiyi Ankaradakı sarsıdıcı gəlişmələr… Gecə yuxularına girən bir Mustafa Kamal Paşa və düşmana qarşı savaşmaq üçün onun açdığı bir an öncə getmə qrzusu… Bir yandan da ürəyi atlandığı İstanbul qızları. “Sabiha”lara, “Azize”lərə və başqalarına:

Gözləri qara qadın o qədər gözəlsən ki

Çox sevdiyin başına and olsun

Tünd ətrli bir çiçək kimi gözlərin qapanarkən

Bir dəqiqə köksünün üstündə olsun yerim

Ömrümü bir udumda əllərindən işərəm

Gözləri qara qadın o qədər gözəlsən ki…

Bir ilahi kimi içdən duyulur

Sevən könüllərə aşina səsin

Başında nur haləsi, gözlərində nur

Sevda məbədində bir “əzizə”sən.

Yuxuya daldıran şərabını iç

Önündə könlümlə gəlirkən şeirə

Bu yanan alnıma bir kərə toxun

Əzizə, gözləri nurlu Əzizə…

Nə xoş ki, bu romantik dəliqanlının duyğusal şair ruhu zaman-zaman içindəki savaşçı obrazını gizləyə bilmədi. Torpağı işğal altında olan atəşkəsli İstanbulda şeir yarışmasına qatılan hecaçı şairlərdən birinin

Mənim könlüm bir kəpənək,

Dolaşır həm çiçək-çiçək

– deyə başlayan gövrək misaralara cavab verireyni dərgidə və ortalığı bir-birinə qatır:

Mənim könlüm bir qartaldır

Harda gözəl görünsəm mən:

Haydı dedim haydı saldır!..

Belə bir an qan tökməkdən

Dimdiyinin rəngi aldır.

Göylərində tək yaşayır,

Könüllərin dərmanıdır

Könüllərlə uğraşmada

Hər fırtına bir ahıdır…

Açılınca qanadları

Kölgəsiylə örtülər yer

Bütün başlar əyilirlər…

Heç bir ovçu vurmmadı

Vura bilməz zənn edirəm…

“Dersaadet”in gözəl qızları qarşısında insafsız bir qartal olan bu yaraşıqlı gənc, bir tərəfdən də mistikdir. Uşaq vaxtı yazdığı “Mövlana” şeiri yayımlananda mövləvi təriqətinə məxsus babası Mehmet Nazim Paşa tərəfindən yazıldığı zən ediləcək qədər:

Sararkən alnımı yoxluğun tacı

Könüldən silindi nəşəylə acı

Qəlbə məhəbbətdə bildim əlacı

Mən də müridinəm ustad Mövlana.

Əbədi sədd çəkən zülməti dəldim

Eşqi içdən duydum ərşə yüksəldim

Qəlbdən təmizləndim hüzura gəldim

Mən də müridinəm usta Mövlana.

BAHRİYƏLİ ZABİTLİYƏ NAMİZƏD

Həyatım dəniz

Biz dəryada gəzəriz…

Nazim Hikmət

Gələcəkdə biri çıxıb Nazimin uşaqlıq və ilk gənclik çağlarından nəsə yazmaq istəsə və ya bu mövzunu bir filmə çevirsə, şairin yaşamaq zorunda qalıb da aldığı tarvmalara necə davam gətirdiyinə və üstəlik minlərcə misralıq dastanlar, yüzlərcə şeir və onlarca səhnə əsəri, senarilər, Orxan Səlim, Ahmet Cavat, İbrahim Sabri kimi taxma adlardan başqa, öz imzasıyla da bir roman (“Romantika / Yaşamaq gözəl şeydir, qardaşım”) və öykülər yaza bilmiş olmasına sanıram ki, hər kəs şaşıracaqdır.

Nazim daha üç yaşındaykən, atası xarici işlər məmuruHikmət bəy qanundankənar fəaliyyətlərə qarışdığı iddiası ilə həbs olunub zorla istefaya göndərilir, işsiz qalır və Nazimin ailəsi Hələbdə vali işləyən babası Mehmet Nazim Paşanın yanına sığınır. Kiçik qardaşı Ali İbrahim iqlim dəyişikliyinə dözməyib ölür. Atası əlində-ovcunda olan pul-parasını burada anlamadığı bir işə yatırıb iflas edir. İstər-istəməz geri döndükləri İstanbulda isə Nazimə ömrü boyu dəstək olacaq bacısı Samiyə doğulur. Amma macəraçı atası Hikmət bəy Fransada hansısa işlə məşqul olmaqdan da vaz keçmir.Arada Mətbuat müdürlüyündə və Hamburq konsulluğunda ittihatçı dostlar tərəfindən vəzifəyə təyin olunsa da…

Nazimin qeyri-sabitliyi ilə diqqət çəkən təhsilinə gəlincə isə…Öncə bir il qədər fransızca təhsil verən bir məktəb, sonra Göztəpədəki “taş məktəb” (“Nümunə məktəbi”), Qalatasarayın hazırlıq sinfi. Burada Vala Nurəddinlə bərabərdilər və mənə Moskvada anlatdığına görə, xəfif gombul görünüşü ilə həmən Patates (kartof) ayamasını verirlər, amma çox sevir sinif komandasında “mühacim” (hücumçu) oynamağı və Qalatasarayı Nazim! Nə yazıq ki, yeni bir travma qapını kəsib. Məktəb xərcləri maliyyə sıxıntısı çəkən ailəyə zor gəlir və uşağı sevdiyi, alışdığı məktəbindən və dostlarından qoparıb daha ucuz olan Nişantaşı Sultaniyəsinə yazdırırlar ertəsi il. Mehmet Nazim Paşa Hələb və Konyadan sonra Osmanlının buradakı valisi olacağını ağlına gətirməzdi – 1912-ci ildə Salonikə atırlar onu.Məktəb tətili zamanı babasının yanına qaçır nazim – doğulduğu şəhəri yenidən görmək üçün. Və Balkan savaşlarında şəhərin Yunanıstana verilməsindən (1913) möhkəm sarsılaraq ilk misralarını o tarixdə yazmağa başlayır “uşaq şair”.

Bəlkə də bu üzdən yunan millətinə şovinist bir gözlə baxacaq, illər sonra yazdığı misralarda onları Osmanlının kölələri adlandıracaqdı:

Hər şaha qalxdıqca atlarımız

Min asi köləmiz gəbərəcəkdir…

Ölüm köksümüzdə bir al çiçəkdir.

Ölüm bir içimlik badədir bizdə…

Osmanlının Almaniya cəbhəsində Birinci Dünya Müharibəsinə qatıldığı o uğursuz 1914-cü ildə hələ 13 yaşındakı Nazimin

Həyatım dəniz

Biz dəryada gəzəriz…

– misralarıyla başlayan “Bir Bahriyəlinin ağzından” adlı uşaqcasına yazdığı şeiri, Osmanlını Almaniya cəbhəsində savaşa təhrik edən İttihad və Tərəqqinin ən güclü üç ismindən biri Cəlilə xanıma “abayı yaktığı söylənən” (vurulan mənasında –tərcüməçi) Camal Paşanın belə qulağına qədər gedib çıxacaq, qosqoca bahriyə naziri*dostu Hikmət bəyi evində ziyarət etdiyi taixdə on beş yaşında olan oğlunu qısa zamanda beşinci dəfə məktəb və məktəb yoldaşları çevrəsini dəyişdirərək, Haybeliada Bahriye Məktəbinə (Hərbi Dəniz Liseyi) yazdırmağa razı salacaqdı.

Nazimin 1917-1919-cu illər dönməmini əhatə edən “Bahriye Məktəbi” illəri Birinci Dünya Müharibəsində Osmanlı ordularının haradasa bütün cəbhələrdə gerilədiyi və mütləq bir məğlubiyyət və çöküşün ayaq səslərinin duyulduğu illərdir. Bəlkə də buna görə məktəbin bu ən yaraşıqlı, üstəlik şairliyi ilə toplumda hörmət qazanan zabit namizədi özünü dərslərə elə də verməmişdi. Bəli, Yahya Kamal Bayatlı kimi tarix və ədəbiyyat müəllimləri onunla qürur duymaqda, eyni məktəbdəki gələcəyin iki ünlü şair və yazar namizədindən Nəcib Fazil Qısakürək (1905-1983) bu rəqibini qısqanclıqla, gözəl qəlbli və coşqulu Nizaməddin Nazif Təpədələnoğlu (1901-1970) isə heyranlıqla izləməkdədir. Amma Nazimin başında çox qarışıqlıqdır. Məğlubiyyətə uğramış, dolayısıyla dağılmaqda olan bir imperatorluğa zabit olmaqda nə fayda var?

Necə ki, bir az sonra savaş uduzulacaq, tam bir kapituliyasiya anlamına gələn Mudros müqaviləsi dövrün ən ünlü dənizçisi Hamdiyə qəhrəmanı Rauf Orbay tərəfindən imzalanacaq və hər iki tərəfin iki yüz əlli min ölü verərək aşa bilməyən Çanaqqaladan 16 mil uzunluğunda bir konvoy halında keçən ingilis admiral Calthorpe komandanlığındakı müttəfiq donanması noyabr 1918-ci ildə İstanbul önünə çıxarılacaqdı. Çox keçmədən daha bir qara gün yaşanacaq və məğrur fransız komandiri general Franchert dEsperey – Bizansa eyni şəkildə girdiyi söylənən Fateh Sultan Məhəmməddən intiqam alırcasına – bir ağ atın üstündə iki yanında əsgərləri “Grand Rue de Pera”da (İstiqlal Caddəsi) boy göstərəcəkdi!

Bütün bunlar olub bitərkən dəlilərə dönməkdəydi müstəqillik, millət, vətən eşqilə yanıb tutuşan dəliqanlı zabitliyə namizəd Nazim Əfəndi…

Ölkə beləcə əldən gedərkən öz ailə ocağı da yanıb sovulurdu. “Anamın gəncliyini çox yaxşı xatırlayıram. Aşiq olduğum ilk qadın odur!.. dediyi Cəlilə xanım ilə onu aldatdığına inandığı əri Hikmət bəy – Nazimin nə qədər yalvarıb-yaxarmağına baxmayaraq – sonunda ayrılırlar. Cəlilə xanım rəssamlıq üçün Parisin yolunu tutarkən Hikmət bəy özündən 24 yaş kiçik Cavidə xanımla evlənir.

Cavidə xanımın bu evlilikdən olacaq iki uşağından biri Melda (Kalyoncu) xanım nişanlısı yazar Refik Erduranla illər sonra 17 iyun 1951-ci ildə qəzet müdiri, iş adamı və keçmiş nazir Malik Yolaça aid sürətli motorlu qayıqla Nazimin qundaqdakı oğlu Mehmeti və onun anası Münevveri (Andac) geridə buraxıb gizlicə xaricə qaçmasına yardımçı olacaqdır.

Ana-atasının ayrılmasına çox üzülən Bahriyə məktəbi şagirdini pərişan edən digər bir səbəb də ailə dostları, müəllimi və şeirləri ilə başından bəri yaxından ilgilənən, gərəkli düzəlişlər edən Yahya Kamalla anası arasında bir eşq ilişgisi olduğu barədə ağızlarda dolaşan söz-söhbətlərdi. Cəlilə xanımın da ünlü şairə ilgi duyduğunu söyləyə bilərik. Üstəlik, uzun bir məktubla Cəlilə xanımdan ayrılan və həyatı boyunca heç evlənməyən Rumeli soylusu Üsküplü Yahya Kamal ərindən ayrılan Cəlilə xanımla evlənmək üçün gərəkli hazırlıqları görmüş, amma sonunda ailə quracaq maddi və mənəvi durumda olmadığına qərar vermişdi nədənsə.

Yahya Kamal Cəliləsinə qovuşmadı, amma “bir qanlı gül ağzında, mey kasası əldə” kimi misraları yaddaşlardan silinməyən Yahya Kamal şeiri, “Kamal-Celile” ilişkisinin simvolu olaraq ədəbiyyat tariximizə keçmiş oldu:

Yollarda qalan gözlərimin nurunu yordum,

Kimdir, o necədir deyə rüzgarlara sordum.

Röyamı saran bir cadu var onda deyirdim,

Gördüm: dişi bəbirin əla gözləri vardı!

Sənmiydin o afət ki, dedim bəzmi-əzəldə,

Bir qanlı gül ağzında və mey kasası əldə,

Bir süfrədə içdik ikimiz, eyni əməldə,

Qarşımda oyanmış kimi baxdı, saraldı.

Durum bu cürdü və söylənənlər gənc Nazimi çox narahat edirdi. Qarşısına çıxarsa ünlü şairdən anasına vurulmanın hesabını soracağını çevrəsinə bəlli edibmiş kimidir ki, Yahya Kamal bu gənc və gözüqanlı bahriyəlidən ürkmüş, bir müddət ortalıqda görünməmək yolunu tutmuşdu.

Həcvləri ilə də Nazim anasına vüsalsız bir eşqlə bağlı olan şairə, illər sonra belə sataşacaqdı:

Osmanlının ən usta şairi Yahya Kamal gəlir ağlıma:

Bir cam dolabında və müztərib görürəm onu.

Və hər nədənsə birdən-birə xatırladım

Yunan dağlarında ölən topal Bayronu.

Kim bilir, bəlkə də eşqi Cəlilə xanıma bağlandığından heç evlənməmişdir Yahya Kamal. Amma Nihal Karamağarlı adıyla mətbuat və ədəbiyyat dünyamızada xüsusi bir yeri olan Müzəhhər Va-Nu və əri Vala Nurəddinə belə açıqlamışdı durumu:

“Sizinki ideal evlilik. Həm həyat, həm iş yoldaşı, həm də sevgilisiniz. Ən mükəmməl evlilik sizinki kimi olandır. Sonra məşuqla yaşamaq gəlir. Yaşarsan yaşadığın qədər, istəmədinmi, papağını başına qoyar, gedərsən! Pis evlilik qədər də fəlakətli bir şey yoxdur. Anlaşmamış bir ər-arvad evliliyi… Ya boşana bilərsən və ya boşanmazsan. Şapkanı geyərsən. Ya başından alarlarsa? Beləcə, mən bu qorxuyla evlənmədim…” (Müzehher Va-Nu, “Bir dönəmin tanışlığı”, Cem yayınevi.)

Polşa, İspaniya, Pakistan kimi ölkələrdə səfir olarkən uzun illər Türkiyəni təmsil edən Yahya Kamal, anasına aşiq olduğu, amma bu üzdən özündən buna görə çəkindiyi Nazim Hikmətə yenə də daima yaxınlıq duymaya bilməmişdir.

Yaşlanmasına baxmayaraq bu kitabın yazılması üçün xahişimi eşidib məni qəbul edən, parlaq zəkasına və gənclərə əl uzatmasına rəğmən (türklər, o cümlədən kitabın müəllifi də “genclere taş çıkartan” deyir –tərcüməçi) Nazimi anladan Müzehher Va-Nunun adını çəkdiyim kitabında yayımlanan bir məktubYahya Kamalın Nazim Hikmətə duyduğu yaxınlığının da dəlilidir. 15 sentyabr 1928-ci il tarixdə Türkiyənin Varşava səfirliyindən göndərilən məktubda Yahya Kamal Müzəhhər Va-Nuya yazılarında öz imzasından istifadə etmədiyi üçün bir az məzəmmət etdikdən sonra belə davam etmişdir:

“Sizin əziz dostunuz Nazim Hikmət məhbus kimi İstanbula gəlirmiş. Çox qiymətli olan bu dostunuz inşallah bəraət alar, sərbəst qalar. Fəqət siz də bu dəfə ona nəsihət edin: “Hey sərsəri, mənə bax! Siyasəti burax! Sərsərilik etdiyin də kafi! İstanbul kimi dünyanın ən gözəl yerində rahat otur və yaşa!”Bu uşaq həyatını dəyişdirərsə, şeirimizdə yaxşı bir şair olar. Yalnız onun çox yeni zənn etdiyi, fəqət həqiqətdə çox bayağı olan kommunist mitinqlərinin tövründən qurtararsa…”

Yahya Kamal bu sözləri ilə Nazimin ilk kəz 1923-cü ildə “Aydınlıq” dərgisində yayımlanıb böyük fırtınalar qoparan “Orkestr” şeirinə də işarə edirdi.

Belə başlayırdı ünlü “Orkestr” şeiri:

Mənə bax!

hey!

Sərsəri!

Əlindən o zırıltını buraxsana!

Sana,

üç telində üç sısqa bülbül ötən

üç telli saz

Yaramaz!

Mənə bax!

hey!

Sərsəri

Üç telində üç sısqa bülbül ötən

üç telli saz

dağlarla dalğalarla kütlələri

irəli aparmmaz!

Üç telli saz

yatağını dəyişdirmək istəyən

çaylardan

kəndlərdən, şəhərlərdən

aldığı güclə,

milyonlarla ağızı

bir tək

ağızla

güldürəmməz!

Ağladammaz!

Kim bilir? Bəlkə də Cəlilə xanımdan sonra gözü kimsələri görmədiyindən heç evlənməyən Yahya Kamaldan fərqli olaraq Nazimin dərindən bağlı olduğu anası da atası kimi təkrar evlənməkdən bir sıxıntı çəkmədi.

Şair ruhlu adamın gözləri önündə yenilib təslim olması yetmirmiş kimi, “adalı haydutun” (İngiltərənin) tabeliyindəki “qırx haramilər” (qalib dövlətlər) tərəfindən iki qolu da (Rumeli və Anadolu) qopmaqda olan bir imperatorluq! Bunlar yetmirmiş kimi, üsyan dolu duyğusal gənci dərindən sarsıdacaq, ona özünü büsbütün yalnız və boşluqda hiss etdirəcək biçimdə dağılıb gedən bir ailə!

1917-1919, Nazimin Heybəliada Bahriyyə məktəbi, 1920 Anadoluya keçiş üçün fikri hazırlıq illəridir. 1921-in ilk günü İstanbulu tərk edib Ankara yollarına düşəcəkdir.

Nazimin Bahriyə məktəbindən nə üçün ayrıldığı, zabit olub-olmamağına gəlincə…

Kitablardakı etibarlı qaynaqlardan “Meydan-Larous”a görə şair, HeybəliadaBahriye məktəbinə keçdikdən beş il sonra xəstələnir və məktəbdən və əsgərlikdən ayrılıb, 1920-ci ildə Ankaraya getmişdir. Nazimin Bahriyə məktəbinə 1917-də girdiyi ilə bağlı tərəddüd olmadığına görə, məktəbdən ayrılması 1922-yə uyğun gəlməkdədir ki, bu durumda Anadoluya 1920-də getmiş olması mümkün deyil. Ensiklopediya məktəbə girdikdən beş il sonra şairin buradan necə uzaqlaşdığını da göstərə bilmir.

1986-da ayrı-ayrı bölümlər halında çap olunmağa başlayan “Ana Britannica ansiklopedisi”nə görə Nazim 1917-də girdiyi Bahriyə məktəbini 1919-da bitirib Hamdiyede göyərtə zabiti olmuş, fəqət eyni ilin qışında son sinifdəykən keçirdiyi sətəlcəm xəstəliyi səbəbilə uzun sürən bir tədavi gördükdən sonra 17 may 1920-ci ildə əsgərlikdən azad olunmuşdur.

Nəhayət, 2001-də Yapı Kredi Yayınlarında yayımlanan geniş əhatəli “Tanzimatdan bugünə edebiyyatçılar ensiklopedisi” də “AnaBritanica”ya bənzər sözcüklərlə Nazimin Bahriyə məktəbini 1919-da bitirib göyrtə zabitliyinə keçdiyini, sonra xəstəlik səbəbilə səhiyyə heyətinin qərarıyla (1920) azad edildiyini yazır.

Ensilkopediyaları bir yana buraxıb Nazim mövzusunda səlahiyyətlə danışa bilənlərə baxsaq… Şairin 1935-ci ildə evləndiyi üçüncü arvadı Pirayə xanımın 1926-cı ildə ilk əri olmuş Vedat Örfi Bengüdən olan oğlu yazar, tənqidçi və naşir Mehmet Fuata görə (tam adı Mehmet Fuat Engin Bengü) “AnaBritannica”dakına bənzər cümlələrlə Nazim Bahriyə məktəbini 1919-da bitiribHamdiyəyə təcrübəçi göyərtə zabiti kimi alınmış, amma eyni ilin qışında son sinifdəykən təkrarlanan xəstəliyi səbəbilə 17 may 1920-ci ildə əsgərlikdən ayrılmışdır. (“Cümhuriyyət”, Kitab çapı, 17 yanvar 2002)

Nazim Hikmət mövzusundakı sıx araşdırmalarıyla tanınan mərhum Kamal Sülkere görə Nazimin əsgərlikdən uzaqlaşdırıldığına dair sənəd 17 may 1920-də deyil, 1921-də, yəni şair Mustafa Kamalın yanında Milli Qurtuluş Savaşına qatılmaq üzrə Anadoluya keçdikdən təxminən 4-5 ay sonra ortaya çıxmış və ordudan uzaqlaşdırılma səbəbi olaraq xəstəliyin özü deyil, xəstəlik izindən sonra zamanında vəzifəsinə dönməməsi göstərilmişdir.

2001-ci ilin sonlarında yayımlanan və zabit olub olmadığından heç söz etməyən Romantik Kommunist isə şairin Həmdiyyədə deyil də, “Peyk-i Şevket mührib”ində təcrübə keçdiyindən bəhs etmədədir. Yenə kitaba görə, Nazim qaydalara tabe olmadığına görə məktəbin həbsxanasına salınmış və sonda donanmadan uzaqlaşdırılma səbəbinin xəstəliyimi, yoxsa qaydalara tabe olmasımı olduğu heç bir zaman araşdırılmamışdır.

Sanıram bu mövzuda son nöqtəni 1960-cı ilin avqustunda Nazim Hikmətlə Moskvada keçirdiyim on beş gün boyunca əsasən bərabər olduğumuz , Nazimin can yoldaşı və çağdaş türk ədəbiyyatı uzmanı dosent doktor mərhum Əkbər Babayev qoymuşdur.Azərbaycanlı Babayev rusca qələmə alınıb Atool Bəhramoğlu tərəfindən çevrilən “Ustam və ağabəyim Nazim Hikmət” (“Nazim Hikmət. Jizn I tvorçestvo”) isimli əsərində eynən belə yazıb:”1919-un yazında Nazim Hikmət əsgəri dəniz məktəmindən qovuldu!..” deyərək kəskin bir ifadə işlədərək söz Nazimə verir:

“Bizim məktəb gəmisi İstanbul yaxınlığında lövbər salmışdı.Doğrusu, artıq bir əsgəri gəmi deyildi bu. Mudros müqaviləsi ilə Türkiyənin donanma sahibi olmaq haqqı qadağan edilmiş, türk donanması gəmilərindən silahları alınmışdı. Limanlarda cansız-cansız dururdu bu gəmilər. Bunlardan bəziləri, bizim təhsil aldığımız Hamidiyyə məktəb gəmisi olaraq istifadə edilirdi. İşğal altındakı İstanbulun ürək ağrıdan fonunda gəmimizin zavallı görünüşü bizdə yurdumuz adına ağrı və qürursuzluq yaradır, düşmana utanmazcasına təslim olan komandirlərimizə qarşı üsyan istəyi alışıb yanırdıq.Gəminin komanda heyətində zamanla təhsil üçün Almaniyaya getmiş bəzi çavuşlar vardı. Bizə alman inqilabını, gəmilərdəki üsyanları anladırdılar. Mustafa Kamal öndərliyində dəstələrin işğalçılara qarşı vuruşduğu xəbərləri də gəlirdi Anadoludan. Bütün bunlar səbrimizi daşıran son damlalar oldu və qiyama qərar verdik! Bir gün kameralarımıza qapanaraq dərslərə çıxmağı rədd etdik. Çavuşlardan biri “Marselyoza” valını tapmışdı. Bütün bir gün “Marselyoza” dinləyib oxuduq. Parollar qışqırır, bizim Mustafa Kamalın dəstələrinə qatılmağımız üçün buraxılmağımızı istəyirdik.Gəmi komandiri gəlib dərdimizin nə olduğunu soruşdu. Şaşkınlığa uğrayaraq yeməkxanada çəngəl-bıçaq olmadığını söylədik. Komandir özümüzə çəngəl-bıçaq ala bilmək üçün bizi sahilə buraxdı. Bir neçə gün sonra göyərtəyə topladıldıq və bəzi kursantların sağlıq baxımından məktəbdən çıxarıldığı elan olundu. Çıxarılanlar içində mən də vardım…”

Nazim çapında insanların bu və ya digər təhsil qurumunu bitirib-bitirmədiyi, bu həm də bir əsgəri qurumsa, ordan zabit çıxıb-çıxmadığının xüsusi önəm daşımadığını mən də bilirəm. Bunun üzərində bəlkə bir az çox dayanmağımın səbəbi belə bir önəmli ədəbiyyat adamının öz keçmişinə nə qədər ehtiyatla yanaşdığını göstərməkdir.

Təbii, bir də şairin cəzası endirilərək azadlığına qovuşduqdan sonra, sağlıq durumuyla bağlı sənədlər hər halda yetərli göğrünmür, qırx doqquz yaşında və sıravi olaraq iki il zamanla əsgərlik keçmək üzrə silah altına alınmaq istənilməsi və onun bir az bu üzdən, bir az da Bolqarıstana keçmək istərkən qətl edilən Səbahaddin Alinin başına gələnlər üzündən ölkəni tərk etdiyinə görə zabit olub-olmadığı, əgər olmayıbsa sıravi olaraq silah altına alınıb-alınmayacağı xüsusiyyətləri gec də olsa, aydınlatmağa dəyməzmiydi?

Mənim Nazinlə – heç gözləmədiyim halda – isti bir münasibət qurduğum 1960-cı ilin yazında şairin çağdaşı başqa bir “zərif” dənizçi Türkiyəni Sovetlər birliyində təmsil edirdi.

Səfir, əməkli admiral Fahri Qorutürk! 27 may 1960-cı ildə inqilabın Dəniz Qüvvətləri komandanı Fahri Qorutürk Nazimdən bir yaş kiçikdi; şairlə eyni məktəbdə (sonradan Dəniz Hərb Məktəbinə çevrilən Heybəliada Bahriye Məktəbi) oxumuş və leytenant rütbəsilə 1923-də, yəni tam iyirmi yaşındaykən məzun olub Yavuz zirehlisində vəzifə almışdı.

Nazimlə ilgili bütün araşdırmalar, Bahriyə məktəbinə 15 yaşında girib, oranı bitirərək və ya qovularaq – iki il sonra bu qurumdan ayrıldığı nöqtəsində birləşdiyinə görə, təkbaşına rəhmətlik Qorutürk örnəyi belə, şairin 17 yaşında zabit olmayacağını göstərmirmi? Bu mövzuda tərəddüd yarada biləcək tək xüsusiyyət, 1914-18-ci illər dönəminin savaş illəri olması ilə bağlıdır ki, bu da imkansız kimi görünür. Çünki 1919-cu ildə artıq savaş məğlubiyyətlə başa çatmışdı və erkən alınmış zabit rütbəsinə belə gərək qalmamışdı.

1960-cı ilin avqustunda bir axşam Nazim Hikmət, Əkbər Babayev, Ömər Sami Coşar və mən Moskvanın məşhur gürcü kafesi “Araqvi”nin xüsusi kabinetlərindən birində həm yeməyimizi yemiş, həm soyuq arağımızı içmiş, həm də şairin şıq pencəyi ilə qalstukunu açıb asdıqdan sonra davudu səsilə – o tarixdə hələ Türkiyədə heç kimin eşitmədiyi – gözəl şeirlərini ovsunlanaraq dinləmişdik. Üstəlik gecənin gecə saatlarına qədər tündləşən söhbət heç bilmirəm hardansa gəlib Bahriyə məktəbinin üstünə çıxanda Nazim bunu Babayevin yazdığı kimi anladınca mən gülərək:

“Bu necə millətçilik?” deyə zarafata salmışdım. Qaldırmaq istədiyiniz üsyanı niyə qalib Fransanın milli marşı ilə başladırdınız, barı “İnternasional” kimi bir şeylər söyləyəydiniz?”

Nazimin cavabını belə qeyd etmişdim:

“Canciyəzim, nələr söyləyirsən sən? Bəs o zamanlar, yəni 1919-cu illər İstanbulunun “Bahriyə məktəbi” şagirdləri nəinki “İnternasional”, hətta Oktyabr inqilabından belə xəbərsiz idik. Bəli, Rusiyada bir şeylərin olduğunu, buna da bir ölçüdə – mənim sevgili dayımı da şəhid verdiyimiz – Çanaqqaladakı qəhrəmancasına müdafiə olunmamızın yol açdığını duyurduq. Amma hamısı bu qədər… İndi sənə İneboludakı spartakistlərlə qarşılaşıncaya qədər, Engelsin, Marksın, Leninin adını belə duymadığımı söyləsəm, bəlkə də mənə inanmazsan, deyilmi? Kommunizmin “k”-sını belə bilmirdim o zamanlar!”

İKINCI BÖLÜM

Nazim: İstanbulda bir “şəbəkə başçısı”

Haykırdılar bir böyük şanlı keçmişin yadı

Birdən balta əsirin əlində parıldadı…

Nazim Hikmət

İlıq bir Moskva axşamında Nazim danışarkən bunları qeyd etmişəm:

“Cemal Paşanın babamı inandırması ilə on beş yaşımda qəbul olunduğum Heybəliada Bahriyə Məktəbini çox sevmişdim. Əslində mən bir dəniz sevdalısıydım. On üç ilə yaxın pisəpislə yatdıqdan sonra ümumi əfv ilə çıxdıqdan sonra qızım kimi sevdiyim Müzəhhər ilə əri Vala Neleri ürəyin istədi, Nazim? Ən çox ürəyin nə istəyir, söylə hazırlayım demişlər, mən də “Tavanı olmayan bir yerdə axşamüstü uzanıb ulduzları seyr etmək və əlimi dənizə soxmaq istəyirəm…” demişdim. O baxımdan dənizçi zabit olacağım üçün çox xoşbəxt idim. Sanıram yaraşardı da mənə. Nə var ki, hər şey çox tərs getməyə başladı məktəbə qəbul olunduğum 1917-ci ildən başlayaraq. Müharibənin əleyhimizə işlədiyini görməmək üçün kor olmaq lazım idi. Bəsbəlli məğlubiyyətimiz məlum idi. Məğlub olandan sonra da donanma-filan qalmayacaqdı. O zaman zabit olacağımın nə mənası?Komandir və müəllimlərimiz təbii ki, rəng verməməyə çalışırdılar, amma dedikləri Allahın bizimlə birlikdə olduğu, o səbəbdən bu sınaqdan qalib çıxacağımıza inanmaq idi. Olsun. Mən də bir imanlı uşaqdım. Amma Allahın hər şeyi bizim əleyhimizə çevirdiyini necə görməmək olardı. Çox dostlarım da mənim kimi düşünürdü. Mənəvi gücümüz aşınmaq üzrə idi. Sonunda gözlənən oldu və qarşımızda bir tək düşmən görmədən və bir tək düşmana bir tək mərmi atmadan məğlubiyyətin acısı on beş-iyirmi yaş arasındakı biz şagirdlərin ürəklərini paramparça etdi. Digər dostlarım kimi, mən də on yeddini bitirib on səkkizə keçirdim və silahları sökülmüş bir meyid kimi bir gəmidən sıfır mənəviyatla zabit çıxacaqdıq. Dərsləri artıq boş verdiyimi anlayırdım.Təbii nizam-intizamı da. Məğlub olmuşduq. Ya sanki suçlu bizim komandirlərimiz idi – adamları ciddiyə almırdıq.1919-un ortalarında Bahriyə məktəbinə yayılmış sətəlcəm xəstəliyi mənim kimi yaraşıqlı, qızların ürəyinə od salan – özünü tərifləmək olmasın – bir gənci də atəşləndirməyə başlamışdı. Şairlikdən başqa bir məsləkim, bir söykənəcək arxam, hətta gedəcək bir evim də yox idi – atamla anam biz qardaş-bacının yalvarışlarına baxmayaraq ayrılmışdılar. Özümü büsbütün şeirə verdim. Yazdıqlarım orda-burda yayımlandığından az-çox tanınmağa da başlamışdım.

Bir qrup dostla birlikdə Bahriyə ilə əlaqələrimin kəsildiyi günlərdə Mustafa Kamal Paşanın padşah tərəfindən Anadoluya göndərildiyini duyduq.Vəzifəsi guya Şərqi Qaradəniz bölgəsindəki Pantosçu rum şəbəkələrinə qarşı dirənişə keçən bizimkilərin tutduğu yerləri zəbt edib özlərini də ələ keçirməkdi. Amma mən Dünya Savaşında ürək ahımız olan Çanaqqala savaşında adını duyuran Anafaratlar qəhrəmanının belə xain bir işə alət olmayacağından əmindim. Çevrəmdəki hər kəs eyni fikirdəydi. Çox keçmədən haqlı çıxdıq. Yunanlar İzmirdən sonra yurdun içərilərinə doğru irəliləyərkən İstanbul mətbuatının adlı-sanlı qələm adamları yurdu amerkan, yoxsa ingilis mandatının qurtaracağını dartışırdı. Anamın platonik aşıqi Yahya Kamal belə Macar Urbana tökdürdüyü topları İstanbul civarına çıxararkən gənc fateh bunların hər biri üçün qırx dənə mandat istifadə etmişdi. İndi demək ki, biz qosqoca bir məmləkəti bir mandata bağlayıb çəkdirəcəyiz. Olan işdimi, bu qəbilindən bir yazı yazılmışdı.

İzmir civarında olub-bitənləri unutmağa çalışaraq Kamal Paşadan gələn xəbərləri izləməyə başlamışdıq. Paşa isə yanlış yola aparıldığını anlayaraq İstanbula geri çağrılarsa, buna hərbi formasını çiynindən atmaqla cavab verəcəyini bildirmişdi. Padşah Vahideddin ilə sarayın damadı Fərid Paşanın boynuna asdıqları “qətli vacibdir” fərmanı vecinə də deyildi. Qaraltıya güllə atacaq kimi görünmürdü. Ankaraya yaxın qəzetlərdən senzordan necəsə keçə bilən xəbərləri oxuyub təsirlənirdik. Əcəba, mənim hələ görmədiyim Anadoluda nələrsə olurdu axı deyəsən? Amasya nizamnaməsi*, Ərzurum, ardından Sivas konqresi və ilin sonuna doğru (27 dekabr 1919) Paşanın Ankaraya gəlib böyük güclərə “özünə güvənən meydana çıxsın!” deməsi.

1920-ci ilin əvvəllərində hələ də İstanbulun xəyalpərəstləri Osmanlı Mebusan Məclisinin və ingilis dostluğunun ölkəni qurtara biləcəyini umarkən, şəhərin rəsmən işğalı ilə (16 mart 1920) onların istəkləri yerlə bir oldu. Bu arada mən də yayımlanan şeirlərim sayəsində adımı duymuş olan Fuat Köpürlü, Xəlil Nihat, Cəlal Sahir kimi dövrün duyumlu aydınları əlaqələr qurmağa çalışır, 17-18 yaşın dəliqanlığı ilə mümkün olmayan işlərə də girişirdim. Dostlarla bir şəbəkə də qurmuşduq. Hava qaralan kimi daha çox qeyri-müsəlmanların yaşadığı Cəddeyi-kəbir (Grand rue de Pera / İstiqlal caddesi) civarında dağılıb burada utanmazcasına dalğalanan düşmən, xüsusən yunan bayraqlarını endirib zibilliyə atardıq.

Bir dəfə Bəyoğlunda tam küçənin başındakı sevimli Ağa məscidinin üzərində iri bir yunan bayrağını görüncə dəliyə döndüm. Dama dırmanıb bayrağı qopardım , amma oradan keçən işğalçılar tərəfindən az qala yaxalanacaqdım.”

Qapısında fransızca və yeni yunanca “Rumeli məhləsi” sözləri bu gün də oxunan 1895-ci il yazılı binaya bitişik, digər yanında dar Saqqızağacı küçəsindəki Ağa məscidi – tam adıyla Hüseynağa məscidi – Bəyoğlunda, Cümhuriyyətdən sonrakı adıyla İstiqlal caddəsinə hörülmüş bir üzük qaşı kimidir.

Dördkünc, özünə yaraşan tək minarəli şərəfli Ağa məscidi o zamanlar meşəlik olan bir bölgədə “Enderun məktəbi*” olaraq 1481-ci ildə təməli atılan əvvəlki adıyla Qalata sarayı sultaniyyəsinin yanında inşa edilmişdir. Həm də 1597-ci ildə 13-cü Osmanlı sultanı 3-cü Mehmet dönəmində. Ağa məscidinin qeyri-müsəlmanların yaşadığı, böyük-böyük kilsələr tikdikləri yerdə tək məscid olması, iddialı zəng səslərinə qarışıq, alçacıq minarəsindən bir yanıqlı əzan səsi ilə azlıqdakı müsəlmanları namaza dəvət etməsi çevrə sakinlərinə bir az tərs gələ bilirdi. Bir yandan sonucu böyük zərər görmüş olan Ağa məscidi, yenilikçi padşahlardan 2-ci Mahmudun əmri ilə 1800-cü ilin başında bugünkü görünüşünə uyğun və minatür bağçasındakı kitabəsinə padşah tuğrasının bu sətirləri həkk edilmişdir:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации