Текст книги "Dələduz"
Автор книги: Роберт Вальзер
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Robert Walser
Dələduz
Edit onu sevir. Bu sevginin ayrıntıları haqqında sonra danışacam. Mənə qalsa Edit cibində beş qəpiyi olmayan o yaramazla heç vaxt münasibət qurmamalıydı. Məlum olur ki, Editin hüzuruna elçilər, necə deyim, aradüzəldən qadınlar göndərib. Hər yerdə xanım dostları var, amma heç birindən faydalana bilməyib; üstəlik, belə demək olarsa, o məşhur yüz frankdan da bir şey çıxacağı şübhəlidir. Bir zamanlar ürəyiaçıqlığı, yardımsevərliyi ucbatından yüz min markı itirməsindən elə də çox zaman keçməyib. Əgər ona gülsəniz, o da sizə qoşulub güləcək. Elə bu dediklərim onun haqqında qəribə bir tip olduğu təəssüratı yaratmaq üçün yetərli ola bilərdi. Heç bir dostu yoxdur. Burada, bizlərlə keçirdiyi “bütün vaxt ərzində” özünə hörmət qazana bilmədi. Bundan daha qorxunc bacarıqsılıq düşünə bilərsinizmi? Kübar davranışları çoxdandır bəzilərinin “əsəblərinə” toxunur. Və bu zavallı Edit onu sevir və o da günəş gündüzlər suyu qızdırdığına görə axşamlar saat onun yarısında üzməyə gedir. Mənə görə hava mülayimdir, yetər ki o sızıldamasın. Onu adam etməkdən ötrü nə qədər zəhmət çəkildi. Bu Perulu və ya özünü necə adlandırırsa, bu işin öhdəsindən tək başına gələcəyinəmi inanır? Yenə ondan danışacam, işçi qızların, allah bilir hansı yekəbaşlığı ucbatından, qəzəblə verdiyi “İndi nə lazımdır?” sualından, yenə də, allah bilir hansı yekəbaşlığı ucbatından, qızların bu ifadə tərzlərindən heyrətlənməsindən, onu alçaldan, atılmış kimi davranan insanlardan, onun bu davranışlardan aldığı həzlərdən və “yenə də bu yöndəmsiz meydana çıxdı” baxış-larından, bu baxışlardan necə əylənməsindən danışacam və yenə deyəcəm ki, Edit onu SEVİR!!
Əslində hər şey Editin onu ilk görməsiylə baş vermiş və Edit bütün varlığı ilə bir uşaq saflığında onu sevməyə başlamışdı. Düzdü, ilk əvvəl zavallı qurbanımız sevgi hissinə elə bir ehtimal vermirdi. Bu an onun uğrunda canını verməyə hazır olan bir dul qadını da xatırlamaq yerinə düşər ki, məhəllələrin birində mağazası olan, çoxlarının ideal saydığı bu qadın haqqında da əlbbəttə ki, danışacağıq. Bundan əlavə bir-biri ilə uyum içində olan məhəllələrin nəhəng bir fermaya bənzətdiyi şəhərimiz haqqında da danışmağa çox söz olacaq ki, bunlar da qalsın sonraya. İndi isə qısaca. Hə, bu arada arxayın olun ki, sizə daim ədəbli şeylərdən danışacam, axı mən özümü, bəziləri buna axmaqlıq deyirlər, ədəbli və kübar bir yazıçı hesab edirəm. Amma yenə də bəzən ədəbsiz bir neçə söhbət də araya qarışa bilər ki, lütfən məni bu mövzulara görə də bağışlayın. Hə, yenə də bu məşhur yüz frank.
Sonra da gözəl görsənən, hərarətli önlükləri ilə Dələduzu görəndə dərindən ah çəkən, bezdik, yenə də bu axmaq, deyən (əlbəttə yaxşı mənada) qarson qızların bu ipə-sapa yatmayan, uğursuz, bədxassəli şişə bənzəyən, etibar edilməsi mümkün olmayan adama verdikləri çirkab dolu reaksiya və onun da bu qarşılanmadan qəmsiz-kədərsiz bir xatirə kimi bəhs etməsi, bu çirkab dolu baxışları unutması. Hər şeyi necə də asan unudur, hər şey necə də asanlıqla ağlından uçub gedir. Həmişə səfil-sərgərdandı, həmişə insanların əsəblərinə toxunur. Və bir zamanlar onun meşədə bir kötüyün üzərində oturmasını xatırlayıram. Görəsən nə zaman? Sonra da aristokrat təbəqəsinin qadınlarının ona baxışları, qarson qızlarınkından daha mülayim, daha anlayışlı kimi görsənən baxışları. Bəlkə də bu baxışlara səbəb Dələduzun cürətkarlığıdır? Bəs müdirlərin onunla əl-ələ görüşməsi necə? Bu çox qəribə deyilmi? Yəni bir Dələduzla əl-ələ görüşməyə necə məna qazandırmalıyam?
Yollarda piyadaların hərdəmxəyallığı, laqeydliyi, başıboş gəzintiləri sürücüləri narahat etdiyi anda, qaşla göz arasında yeni bir mətləbə, yeni bir obraza, bu şəhərdə məni rəis kimi önəmsəməyən satış təmsilçimə keçmək istəyirəm. Amma yox, qalsın, ondan heç nə danışmayacam və bu axmaq dikbaş təmsilçini unuduşum möhtəşəm olacaq. Ahh.. Hələ mən indilərdə Editin nəzərində uğur qazanan ortadanaşağıdan da ortadanaşağı olmasına baxmayaraq özünə modern görünüşlü şapka seçərək, dəbdəbəli, yüksək çinli görünüş qazanan ortadanaşağıdan danışmıram. Düzdür mən də bir ortadanaşağıyam, hərçənd belə olmaqdan narazılığım yoxdur, amma meşədə kötüyün üzərində sakitcə oturub ətrafı seyr edən Dələduz da ortadanaşağı idimi? Əsla. Əgər elə olsaydı özünə “Bir zamanlar parlaq işıqları ilə aydınlığı göz oxşayan şəhərin küçələrində parça-parça xəyallar içərisində kəpənək qovan uşaq kimi vətənsevərlik ideyaları qovalayan biriydim və bir çörəkverənim vardı ki, bir dəfə məni lampa fanusu yaxud da buna bənzər bir şey gətirmək üçün iş dalınca göndərmişdi, mən də yarıtmamışdım və buna səbəb də ahıl birinin yanında dayanmış gənc qıza həmin qızın yaxınlığını qazanmaq üçün özüm haqqında uydurduğum mənasız avtobioqrafik hekayələr olmuşdu. Heç hekayənin yeridir, adama deyərlər, və ağılsız başın bəlasını ayaqlar çəkər. İndi boş bekar oturmuşam və hər uğursuz adam kimi bu boş bekarçılıqdan xarici, xaricdə olan imkanı və imkansızlıqları günahkar bilirəm. Halbuki xaricdə müəyyən vaxtlarda kiçik bir tamaşa göstərəcəyim barədə verdiyim sözdən sonra kiçik bir məbləğ alırdım, aylıq bir məbləğ. Amma sonra nə oldu? Mədəniyyətlə, spiritualizmlə maraqlanmaq əvəzinə boş-boş işlərin arxasınca düşdüm ki, bu da mənim çörək təknəmin, çörəkverənimin gözündən yayınmadı və o da günlərin birində mənə bu vəziyyətin ürəyincə olmadığını xatırlatdı və dedi ki, daha mənə verəsi çörəyi yoxdur. Süddən kəsilmiş körpə kimi gözlərimi döyə-döyə qaldım, amma neyləyə bilərdim, ümidsizlik içində iş masam adlandırdığım divana əyləşdim. Ev sahibəm gələndə hönkür-hönkür ağlamağa başlamışdım. O isə öz növbəsində məni ümidləndirdi, təlaşlanmamağa çağırıb dedi ki, əgər hər axşam mənim üçün müəyyən bir şeylər oxuyub qulağımın pasını açacaqsansa mətbəxdəki yeməklərin ən gözəli sənin olsun, üstəlik heç nə ödəmədən. Necə də xeyirxah və intellektual bir təklif idi. Sonra, onun mənə yararlılığımı xatırlatmaq üçün etdiyi cəhdlər. Yararsız insanlar toplumunda yararlı olmağın qürurverici istisnayı halı və bu yararlılığımın mənə qazandırdığı heç bir ödəmə etmədən yemək imkanı. Qəribədir. Sonrasında isə zamanın, qatarların məni Editin, üzü köksümə qorxu salacaq Editin olduğu yerlərə gətirdi. Və onun mənə yaşatdığı ağrı. Bu ağrı yalnız yelləncək iplərinin taxta tirlərə verdiyi dayanılmaz gərginlik ilə müqayisə oluna bilərdi. “sözləri pıçıltıyla söyləyən Dələduzun davranışı və etirafı tam fərqli olardı və ən əsası, o heç bir zaman bu sözləri pıçıldaya bilməzdi. Bu etiraflar, bu ruh halı ortadanaşağılar xarakterinə uyğun deyil. Nəysə, bizim bu Dələduz yarpaqlardan ibarət tavan altında öz-özüylə beləcə bir qədər dərdləşdikdən sonra qəfildən, içki şüşəsini pencəyinin altında gizlətmiş bir əyyaşa doğru ildırım sürətilə götürüldü və eyni anda qışqırmağa başladı: “Dayan görüm axmaq, dayan”. Və səsini qaldıraraq yenidən soruşdu. “Danış görüm, o gizlətdiyin nədir?. Tez ol, hər şeyi danış mənə”. Özünü qəfil yaxalanmış ceyran kimi hiss edən adam isə duruxdu, lavaların külü altında qalmış birisi kimi heykələ döndü. Mən həmin adamın üzündə yoxa çıxmayan qəribə gülümsəyişdən də danışmaq istəyirəm. Sonrasında da bir-birlərinə yönəlmiş ovçu diqqətini andıran baxışlardan, adamın laqeydcəsinə, başını söyüş söyürmüş kimi bir tərpənişlə yellədərək Dələduzun yanından keçməsindən, yağdırdığı küfrlərdən və qəhrəmanımızın meşəyə yayılan bu küfrləri xüsusi diqqətlə sinəyə çəkməsini xatırlamaq lazımdır. Gecə isə gecikməmişdi. Pontarlieri (Fransada şəhər – tərc.) və onun ətrafınını ovucunun içi kimi tanıyan usta ovçumuz da mənzil başında dəhşətli yuxuların onu qarşılayacağını düşünərək yaşadığı yerə yola qoyulmağa gecikmədi. Elə də oldu. Varışda onu dəhşətli bir yuxu dalğalanması qarşılamışdı. Bu arada sizə Pontarlier şəhəri tanış gələ bilər ki, qəhrəmanımız da bu şəhərin adını məşhur bir kitabdan (Qeyd : Pontarlier: Müəllifin sevimli yazıçılarından olan Stendalın məşhur romanı “Qırmızı və Qara”da hadisələrin bəzisinin cərəyan etdiyi İsveçrə sərhədində yerləşən şəhərcikdir – tərc) oğurlamışdı. Orada, başqa şeylərlə yanaşı olaraq, hər cür şəraiti olan bir qala vardı, keçici də olsa orada bir yazıçı və bir də bir zənci general məskən salmışdı. Öz yuvasına girməzdən öncə bizim bu fransız dili xəstəsi “Bu bilərziyi gərək çoxdan qaytaraydım” deyir. Kimi nəzərdə tuturdu görəsən? Qəribəydi onun özü-özüylə bu cür danışmağı, yəqin ki bu mövzuya biz hələ qayıdacağıq. Ayaqqabılarını özü öz əlləriylə təmizləyərdi, hər gün gündüz saat on birdə, 12-in yarısı radələrində böyük həvəslə qaça-qaça pilləkənlərdən aşağıya enərdi, bütün günorta yeməklərinin menyusunun hərgünkü əvəzedilməzi olan spagettinin böyük bir iştahayla yeyərdi və bu mənasız yeməyi həmişə ləzzət nümunəsi kimi qəbul etməsi özünə də təəccüblü görünərdi. Dünən özümə nazik bir budaq kəsdim. Təsəvvürünüzə gətirin: bazar günü şəhər ətrafına gəzintiyə çıxmış bir yazar ağacdan bir budaq qoparır, yarpaqlarını yolub tökərək dəyənək düzəldir və bu ona qeyri-adi bir fərəh verir. Elə həmin əhvalla jambonlu bir sendviçi həzmi-rabedən keçirir, daha doğrusu möhtəşəm bir ləzizliklə həmin jambonlu sendviçi yeyerkən qarson qızın qəribə bir sualla narahat ediləcək ən uyğun namizəd olduğunu düşünür. Suala baxın: “Xanım qız, bu dəyənəklə mənim əllərimə-əllərimə vura bilərsinizmi?” Qızın utancaq və peşman baxışlarla oradan uzaqlaşır. Güman ki ona indiyəcən bu cür təklif edən birisi olmayıb. Sonra həmin dəyənəyi unutmadan şəhərə gəlişim və şəhərdə dürtdüyüm bir universitet tələbəsi. Yumru masanın ətrafında əyləşən və Arturun cəngavərlərinə bənzəyən bu kafe igidlərindən birinin və yoldaşlarının tələbəni dürtərkən mənə ecazkar, sehirli birisi kimi baxışları, sanki ilk dəfə mənim tipimdə insan görürdülər. Onlar da elə yoldaşları kimi idilər, yoldaşları kimi baxırdılar. Elə baxırdılar ki, sanki illərdir yaşayıb dərk etmədikləri şeyləri indi-indi dərk etməyə başlayırlar. Yenə də mənim axmaqlığım. Onlar mənim bu hərəkətimdən nə bir şey anlamışdılar, nə də hərəkətimə təəccüblənmişdilər, sadəcə ədəbli olmaq ehtiyacından özlərini təəccüblü göstərirdilər. Siz də mənim dediklərimə, sayıqlamalarıma diqqət yetirməyin, xahiş edirəm. Nəysə tələbələrlə sağollaşıb romanımızın qəhrəmanına yaxud qəhrəmanı olacaq şəxsə keçək.
O indi adyalı burnuna qədər çəkib düşüncələr dəryasının dərinliyində xəzinə axtarır, ona qalsa həmişə düşünər. Onun üçün düşüncə alışqanlıq və vərdişdən başqa bir şey deyil. Bəzənsə peşədir, hərçənd ona bu düşüncə fəaliyyəti bir şey qazandırmır. Sonra da ona ömrünü Bataviada keçirmiş əmisində, məbləğini dəqiq olaraq bilmədiyimiz bir miqdar pul qalır. Əslinə qalsa heç bilməsək yaxşıdır, yaxşıdır ki, bu məbləğ sirr olaraq qalsın və mən onu əlavə edim ki, hərdən dəyişiklik etmək üçün standart nahardan imtina edərək sadəcə pendirli kökə ilə qəhvə içən bizim bu Petruçio, həmin Batavialı əmisindən gələn məbləğini bilmədiyimiz pul sayəsində özünəməxsus yararsız varlığını sürdürür, mənə qalsa süründürürdü. Yəni onu anlamağa çalışın ki, bu sirrli məbləğ olmasaydı, mən heç bizim bu Petruçionun (Stendalın “Qırmızı və Qara” romanının qəhrəmanı – tərc.) hekayəsini sizə danışa, bu kitabı sözbəsöz inşa edə bilməzdim. Hərçənd aranızda kitabları həyata bələdçi olaraq seçənlər varsa, mən onların geniş əfvinə sığınıram, çünki bu kitab kiməsə nəsə öyrətmək iqtidarında deyil, sağlam düşüncə qoxusu olan bir şey insana nə öyrədə bilər ki? Qısası həmin adamları, yəni kitabı bələdçi kimi görən, ondan nəsə uman adamları oxucu kimi itirməyin dərin, dərindən də dərin kədərini yaşayaraq, dərin, yenə də dərin bir üzüntü ilə onlarla indidən sağollaşmaq istəyirəm. Onu bilin ki, bu itki həmişə mənim içimi parçalayacaq. Qəhrəmanımzsa, bütün macərapərəstlərin ən darıxdırıcısı, ən etibarlısı, ən namuslusu, ən hörmətlisi, ən sevimlisi, ən səssizi, ən hüzünlüsü, olan qəhrəmanımz, icazə verin şirin uyxulara qərq olsun. Sizsə bu axmaq adamın, səsini başına atıb, bütün var gücü ilə “Verin mənə aid olan mənzili!” hayqırmaq əvəzinə, çardaqdakı balaca bir otaqla kifayətlənən bu axmaq adamın düşüncələrinə qarışmağa çalışın. Bəlkə də bu məsələlərdən anlayışı yoxdur.
Ruz yazıçı Dostoyevskinin “Alçadılmış və təhqir olunmuşlar” romanındakı knyaz Vronski kimi, pula və qadınlara ehtiyacım var deməyə layiqəmmi bilmirəm. Hərçənd bu barədə dərin ziddiyyətlərə qarışmışam. Bilmək olmaz, bəlkə bu yaxınlarda yerli qəzetlərdən birində evlilik elanı verdim. Amma hər şey bir yana, siz bizim bu Kötüyün bir axşam, adəti üzrə toyuq və salatdan ibarət axşam yeməyini bitirdikdən sonra, bəxşişi o sevgili və gözəllər gözəli qadının qarşısına necə tulladığına diqqət yetirin. Dostlar, yəqin ki artıq fərqinə vardınız ki, mən Dələduzdan və müxtəlif vaxtlarda ən nüfüzlu, ən tanınmış restoranlardan birində xadimə (qarson demirəm) kimi işləyən Editdən danışıram. Hətta şeytanın özü belə ona sitayiş edən obyektə qarşı bu qədər qaba, saymazyana və hörmətsiz yanaşmazdı, elə deyilmi? Siz hələ təsəvvür eləmirsiz ki mən nələri danışa bilərəm. İmkan olan kimi özümə dost qazanmaq mənim üçün qaçılmazdır, daha doğrusu vacibdir, əsl dost olmağın ağır, hətta mümkünsüz olduğunu bildiyimə baxmayaraq mən bunu istəyirəm. Əlbəttə bu mövzuya dair xeyli fikir, xeyli müzakirə mövzusu yarada bilərdim ki, içimdən bir səs mənə söhbəti acı bağırsaq kimi uzatmağın yersiz olduğunu deyir. Və mən bu gün sakitcə izlədiyim vıyıltısıyla, şaqqıltısıyla adamın canına qorxu salan leysan yağışından heyrətə gəldim. Nəysə, deyəsən oxucunun canını yetəri qədər sıxmağa başladım. Mənim “bəsirət gözümün açıldığı” o anlar hara yox oldu görəsən, məsələn dələduza ev tapmaq məsələsində necə də bəsirətli davranmışdım, ev sahibəsi qadının boynunda şişi vardı, əri dəmiryolunda işləyirdi, yaşadıqları otaq içə çatıya bitişikdi. Bundan əlavə, şəhərin yuxarı hissəsindəki meşəni özünə məskən salan, ağzından çox nadir hallarda normal qoxu yayılan avara-sərgərdan bir qadını da xatırlamaq yerinə düşər ki, həmin iri zoblu qadından ayrılaraq belə demək caizdirsə, bir dahi olaraq qarşılanacağı Münxenə yola düşərkən bizim sevimli dələduz həmin sərgərdan qadının dodaqlarından, pis qoxan nəfəsinə baxmayaraq, şirin bir öpüş qopartmışdı. Ah, Konstnaz gölünü ay işığında keçmişdi. Münxen səyahəti, bütün bu nəfəsi pis qoxan və boynunda şiş olan qadınlar dələduzun həyatının erkən dövrlərinə aid təcrübələri idi. Hələ mən onun Münxendə aldığı, sonralar bir daha heç zaman istifadə etmədiyi dəri əlcəyini demirəm. Sonra ingilis üslubu parklar gəlir ağlıma, hərçənd dələduz bu cür üslubu həddən artıq zərif hesab edirdi, açığını demək lazımdırsa onu səliqə-sahmanlı çəmənliklər yox, qaba kolluqlar, çalılıqlar daha çox cəlb edirdi. Eh, yenidən həmin boynu şişli qadınlara qayıtmaq istəyirəm. Günümüzdə sayları xeyli azalan bu eybəcər xəstəliyə mübtəla olanlara keçib, xeyli müddət əvvəl, valideynimlə gəzintiyə çıxarkən tində oturan dilənçidən, həmin dilənçinin yoldan keçənlərə sədəqə üçün uzatdığı şapkasından və bu şapkanı tutan nəhəng əlindən danışmaq istəyirəm. Bu əl həqiqətən iri, bəzi yerləri qırmızı və bəzi yerləri bənövşəyi bir külçəyə bənzəyirdi ki, indilərdə olsa heç kəs iri, iyrənc bir külçənin insanların göz zövqünü pozmasına icazə verməzdi. Hərçənd keçən zamanda inkişaf etmiş səhiyyəmizin də dəstəyilə artıq iri şişlər, külçə əllər daha əmələ gəlmədən qarşısı alınır ki, bizim də onlar üçün üzülməkdən başqa seçimimiz qalmır. Hər nəsə, bizim bu boynunda şiş olan qadın da yolçuluğa hazırlaşan macərapərəstimizə yaşla dolmuş gözlərini süzdürərək yeni yaşamında uğurlar diləmişdi. Əlbəttə irizoblunun təsadüfi bir vidalaşma anında belə mənasız teatral münasibət göstərməsi elə də yaxşı qarşılana bilməzdi, xüsusən mən məşhur bir yazarın hekayəsindəki rus knyaz kimi daim lətif, həzin şeylərin axtarışında olan birisi, bu şeylərə mülayim yanaşa bilməzdim. Hələ bizim bu sevimli Dələduzun həmin andan təsirlənərək “Yaşasın Kommunizm” bağırması kimi fiaskosunu və sonra da onun üzr istəməyə məcbur qalması kimi kədərləndirici məqamları xatırlamaq istəmirəm. Sizə xatırlatmaq istədiyim odur ki, mən də Dələduza bu ziyarətdə yoldaş olacam və bu yoldaşlıq onun mənə etiraf etdiyi utancaqlığını örtbasdır etmək kimi ilahi bir hökmə dayanır. Siz bilməlisiniz ki, cəsarətli insanların çoxsunda cəsarətdən, qürurluların çoxsunda qürurdan əsər əlamət olmur, məsələn zəif insanlar zəifliklərini etiraf edəcək gücü heç vaxt tapa bilmirlər. Qısası bizim bildiyimiz dillə zəif adlananlar əslində güclü, qəzəbli adlandırdıqlarımız nəşəli, təhqir olunmuş dediklərimiz qürurlu, lovğa bildiklərimiz isə təvazökar davranışlarla diqqətmizi çəkirlər. Məsələn, təkəbbürü, içindəki qaralmışlığı ucbatından aynanı arsız və nankor hesab edərək heç zaman ona baxmayan mən. Əlbəttə, bu etirafdan əvvəl dünyamızın lətif və mübarək insanlarına bir yazıyla müraciət edərək, onlara məndən heç bir pisliyin toxunmayacağını, bütün niyyətlərimin ən yaxşı duyğulara, ən ali məqsədlərə söykəndiyini xatırlatmaq da olardı. Amma mən hansısa güvən yaratmadan, hansısa söz vermədən yaşamağın tərəfdarıyam. Qoy insanlar məni pis biri olaraq görsünlər. Elə hesab etsinlər ki, mən özümü çirkin, daxilən çirkin biri hesab edirəm. Amma bir sual verim. Masamın üstündəki jurnallardan doğulan bir sual. Ey insanlar, bu qədər jurnalın fəxri abonent təyin etdikləri birisi heç pis biri ola bilərmi? Bəs aldığım dəstə-dəstə məktublar necə, o məktublar ki, hardasa kimlərinsə məni bütün səmiyyəti ilə düşündüklərini göstərir. Məsələn burada hansısa diqqətləlayiq bir yerə gəzintiyə, yaxud ziyarətə getsəm, bunu çox rahat və qayğısız bir mərasimə çevirərəm, üstəlik bir əlim paltomun cibində, yəni tamam laqeydliyə məxsus olan bir qədər dağınıqlıqla, məsələn tanrının yaxud şeytanın insanlar arasına çıxıb onları saya salmaması kimi. Söyləyin mənə bu davranışlar pis olmağın göstəricisidirmi? Ya da söyləməyin. Dələduzdan danışaq, bir xeyli diqqətsizlik göstərərək manna yarmasını yeməklərin ən alisi hesab edən və onunçün ləziz bir Rösti hazırlayacaq adama tapınacağını söyləyən Dələduzdan. Bəlkə də, ona qarınqulu olmaq məsələsində şər atıram, amma bu məsələlərdə xüsusi diqqətli və şəffaf yanaşmanı özümə yaraşdırmıram. İndisə o, yaşayanlar üçün ölü rəhməti qazanan həmin dul qadına qayıdaq, boynunda uru olana. Səliqəli fasadı olan, poeziyanın bütün çərçivə qaydalarına əməl olunaraq yazılmış şeir kimi bir bina qarşımdadır. 1798-i ildə şəhərimizə təşrif buyuran fransız əsgərləri, əgər boş vaxtları olubsa oz möhtəşəm dillərində bu binanı da şeirləşdirmişlər hər halda, ən azından bu şeirləşdirmənin, bu memarlıq poeziyasının mütləqliyə ümidvaram.
Yenə sizdən unutqanlığıma görə üzr istəməyəcəm, bilirəm ki, bu unutqanlıq bağışlanası bir hal deyil. Deməli belə, Dələduzun, kitab mətbəəsində zühur edərək, həmin mətbəənin sahibiylə qısa bir söhbət qaynatdıqdan sonra gəzintiyə çıxdığı, payızın duyulduğu meşədə başdan-ayağa qəhvəyi rənglərə bürünmüş bir Henri Russo tablosundakı qadınabənzər ilahi əzəmətlə qarşılaşması vardı ki, qadının qarşısında dilini udmuş kimi dayanıb, sükutun və heyrətin içində əriyən qəhrəmanımız, bu ərinmişliyin içərisində illər öncə yaşadığı bir qatar təəssüratını xatırlamış, uzaqlara axıb gedən bir qatar kimi qadına “Milana gedirəm” deməsini düşünmüşdü. Və onun bu zaman kəsiyində belə çərçivəsiz düşüncələr doğması yalnız indilərdə bir baqqalın vitrinində görsənən qəlib-qəlib şokoladları ildırım sürətiylə zövq və zamansızlıq aynasında canladırması ilə müqayisə oluna bilərdi. Uşaqların hər zaman, yəni bütün zamanların uşaqlarının yeməyi sevdikləri bu kiçik qəliblərdə Dələduz da zaman-zaman şokoladlara olan eşqində gizlənmiş uşaqlığını xatırlayır və bu xatırlanma müxtəlif periodlarda dövr edərək, müxtəlif yollar keçərək avaragorluq və sərsərilik peşəsinin ən vacib ünsürünə çevrilirdi.
Qəhvərəngli qadın indi “Yalan danışma” deyə qoparmışdı zərif dodaqlarından sözlərin ən alovlusunu və zərif dodaqların ecazkar görünüşündən qopan növbəti sözlər də aram vermədən sıralanırdı. “Səni məhv edəcək şey sənin inancsızlığındır. Axı sən niyə inanmaq istəmirsən ki, ərtafındakıları yararlı, xeyirxah edən müsbət cəhətlər səndə də var və sən bu cəhətlərdən yapışaraq gözəl, mənalı, xoşxasiyyət bir ömür sürə bilərsən. Amma sən inadcıl uşaq kimi özünə təlqin edirsən ki, guya səndə bu yaxşı məziyyətlər yoxdur. Halbuki onlara malik olduğunu hamıdan daha yaxşı bilirsən, sadəcə malik olduqlarını dəyərsiz qılmaq kimi bir adətin var və bu adətin məni kədərləndirir, məyus edir, heyf. Heyf sənin bu istəksizliyindən, bu cəhdsizliyindən, heyf səndə bütün həyatın boyunca var olan amma işlətmək-dən qaçındığın o gözəl bacarıqlardan, o fitrətdən.”
Qəhvərəngli qadının Dələduza dediyi bu sözlərdən sonra onların ikisinin arasına girib ümidsizcə, istifadə etmək marağında olduğum bir fitrətim yoxdur deməyə cəhd göstərərdim, amma sözlərimin onun məni ipə sapa yatmayan bir miskin, ümidsiz adlandırması ilə davam etməsindən çəkinirəm. Qoy heç demədiyim sözlərin altında guya ki, yüzlərlə ittihamın, istər haqlı olsun, istər haqsız uzun bir qırmızı ilan, yaxud da ciddi-ciddi irəliləyən bir qatar kimi arxasından gəldiyini, lakin onların heç birini duymayan, heç birini ciddiyə almayan biri olum və Dələduzun sözlərinə keçim. “Eh sevgili Henri Russo tablosundakı qadın, bunu deməkdən neçə vaxtdır çəkinsəm də indi deyəcəyəm. Siz yanılırsınız. Bəli, yanılırsınız. Mən olduğum kimiyəm, hansısa aktyorluq göstərisində yer almadan yaşayıram. Mənim davranışlarım mənim ruh halımdır. Və siz məni ittiham etdikcə anlamırsınızmı ki, özümü məndən daha yaxşı bilən birisi ola bilməz? Hə ola bilsin ki, taleyin güdazına getmişəm, onun oyununda cəsarətli bir cəngavərə çevrilmişəm. Amma həqiqətdə mən, dəhşətli dərəcədə qorxağam və bunu etiraf etməkdən qorxmuram və sizin mənə ünvanladığınız guya ki məziyyətlərim və istedadımla kimisə xoşbəxt etmək iqtidarında olmağım, amma bunlardan istifadə üçün ərindiyim sözlərinə isə sadəcə gülümsəyirəm, mən tənbəl, yaxud ərincək deyiləm, yenə də deyirəm ki, sadəcə sizin məndə gördüyünüz cəhətlər məndə əslində yoxdur.” Bu sözlərdən sonra yürüyüşünə davam edən Dələduza Qəhvərənglinin sözlərinə israrla qarşı çıxdığından meşə, dərə, təpə, bir sözlə hər yan qəzəblənmişdi. Tərs qadın isə elə hey dodaqaltı, o gözəl dodaqlarının, – hərçənd indi gözəlliklərini itirmişdi, – altında Dələduzu inamsızlıq və inadcıllıqla günahlandırmağa davam edərək deyirdi:“Axı necə də inadkar, ramolunmazsınız.”
– Axı siz niyə məhrumiyyətini hiss etdiyim bir şeyin məndə varlığına bu qədər əminsiniz?
–Axı, onu itirə bilməzsiniz, o itə bilməz?
– Heç bir zaman sahib olmadığım bir şey necə itirə bilərəm axı? Əmin olun ki, onu kiməsə satmamışam, kiməsə bağışlamamışam. Siz inanın ki, məndə varlığınıza inandığınız cəhəti, mənim istedadlarımdan gələn bu cəhəti yaratmaq üçün mən bütün gücümlə mübarizə aparmışam, amma alınmayıb, inanın mənə!
–Sizə inanmaq sadəcə mümkünsüzdür!
Əlbəttə daima belə xırdalıqlara, kiçik təfərrüatlara girən Qəhvərəngli xanımımız Dələduzun öz gözəl məziyyətlərini ondan gizlədiyi, ona açmadığı yönündə dərin bir inanc, daha dəqiq desək, Dələduzun istedadsızlığına qarşı dərin bir inancsızlıq içərisində idi. Bu inancsızlıq bəlkə də bir inadın içindən qopub gəlirdi, yəni ki, bu qadını Dələduzun əslində özünü məhv etmədiyinə, hər şeyin onun üçün onun güclərinə uyğun formada həyatiləşdiyinə, nəinki Dələduz, heç tanrının özü də inandıra bilməzdi.
Yürüyüşləri isə davam edirdi və döngələrin birinə çatanda qadın “mən bir pansion işlədirəm deyə” yenidən sözə başladı və mənə elə gəlir ki, qadının bu etirafı ağacların səmimi təbəssümü ilə qarşılandı. Dələduz isə bu sözlərin sıralandığı anda bir qönçəyə döndü, qadının qarşısında ölüm-qalım hökmünü vermək üzərə olan bir cəllada çevrildiyi anlarda, hərçənd qadın üçün bu metafora nəyə lazımdır, özüm də bilmirəm, sadəcə susub, qızarmaqla kifayətləndi. Qadın isə davam edirdi: Zavallı adam! Yoxsa sən künc-bucaqda qalmış, cəmiyyət üçün, cəmiyyətin xeyrinə istifadə olunmamış qırıntıların varlığından narahat olan tənha, əzab çəkən ruhlardansanmı? Mənim bu meşşan, Baqqal ruhum səni incidirmi? Söylə zavallı adam. Mənim özümdən, həyatımdan bu razılığım səni təngə gətirmir ki? Bax, sən məni məcbur edirsən ki, mən sənin özün haqqındakı səhv qənaətinə yenidən toxunum. Bu qənaəti necə formalaşdırmısan, mənə çox maraqlıdır. Axı bir insan özünü niyə bu qədər bədbəxtliyin dərinliyinə salsın. Bax, mən sənin üzünə qızarmadan deyirəm. Sən xoşbəxt deyilsən, Sən xoşbəxt deyilsən! Elə bu anda siz bizim Dələduzu görməliydiniz. Həqiqətən zavallı adam bu sözlərin qarşılığında gülümsəyir, qadına sizin bu düşüncələriniz, mənim həyatımı düzəltmək cəhdləriniz, bu ipə-sapa yatmayan qaba sözləriniz arxasında daldalanan səyləriniz məni neçə xoşbəxt edir bir bilsəniz deyirdi. Bununla belə qadının ittihamları kəsilmək bilmirdi, bu dəfə də qadın artıq sosial məsələlərə keçmiş, Dələduzu fərdi olduğu cəmiyyətə qarşı öz öhdəliklərini yerinə yetirməməklə günahlandırırdı və günahlandırıcı kəlmələr onun qapqara gözlərində zülmət kimi parıldadıqca, Dələduz belə zülmət baxışları olan birinin belə qaraürəkli danışmağını ən təbii hal sayaraq yenə qadına “Siz özünüzü akademikmi sayırsız?” kimi neştərli suallar verir və bu suallarda açıq-aşkar onun özünü qadından yayındırmaq həvəsi hiss olunurdu. Ah, mənim Dələduzum, necə də ürkək qız uşağına bənzəyirdi. Noyabr ayında keçən bu söhbət, noyabr soyuğunu və qadının qaralamalarını da özünə qatıb Dələduzu necə də üşüdürdü. Söhbət zamanı yalnız isti otaqların varlığını xəyal edərək, onları uzaq bir sərab, utopik bir arzu ilə müqayisə edən bizim bu qarınqulu (şokoladları necə sevdiyini səhv etmirəmsə xatırlatmışdıq) qəhrəmanımız, belə demək olarsa, qəhvərənginə bürünmüş sosial həyatın ağacdələni olan bu qadından qaçır və söhbəti müxtəlif mövzulara yönəldirdi. Məsələn bu yaxınlarda getdiyi Bethoven konserti kimi. Deyəsən biletin bahalığından danışıb deyirdi ki, ona verdiyim pul özü elə ayrıca şahəsərdi. Sonra konsert zamanı yanında oturan prinsesdən söhbət açır, qadınsa öz kobudluğundan əl çəkməyərək, bunlar keçmişin işidir deyə xatırlatma edirdi. Dələduzsa öz təbii halı ilə “Elədir, keçmişdir, amma izn verə bilərsinizmi məndə hələ yaşasınlar deyib bu kobudluğa yumşaq bir təbəssüm düyünü vururdu. Qadınsa, eh, bu darıxdırıcı gəvəzə qadınsa heç susmurdu. “Sən bir xalq, cəmiyyət düşmənisən. Gör mənim özümə nə qədər şey borclusan, sevgi, mərhəmət, qayğı. Bunların hamısını mənə verməli olduğun halda heç birini verməmisən. Birdəfəlik inanmalısan ki, yalnız mənim üçün yaranmısan, anan səni mənim üçün doğub, bütün mədəniyyət, bütün dünya, bütün sivilaziyadan faydalananlar da bunu təsdiqləyib (Necə də ürəkbulandırıcı sözlərdi, pafos dolu, zəhər dolu, qürur və qərəz dolu) Mən sənin ideal bir ər müdriklliyində olduğuna şahidəm. Üstəlik çiyinlərin də güclüdür. Mən hələ belə enlikürək birini görməmişəm.” Bütün bu axmaq sözlərə isə Dələduz yalnız zəif səsli bir cümlə ilə etiraz edirdi, “Mənim çiyinlərim mənim gördüklərimin ən zəifidir”. Qadınsa onu Herakla bənzətməkdən vaz keçmirdi ki, vaz keçmirdi. Ətrafda həqiqi bir Dələduz görünüşündə gəzən bizim bu sosial həyat fərarisinin xəncər asılmış kəmərinə diqqət yetirməlisiniz. Tutqun rəngli geniş şalvarı, incəlmiş belinə sarıdığı qurşaq, saçları, şapkası ilə qorxusuzluq hissinin cisimlənmiş halını təcəssüm etdirən bu adamın köynəyini zərif bir işləmə bəzəyirdi. Düzdür pencəyi bir qədər köhnəlmişdi, amma kürkünün görünüşü öz bahalılığına, dəbdəbəsinə görə diqqət çəkirdi. Əgər onun əynindəkilərini bir rənglə ifadə edəsi olsaq bu ancaq yaşıl ola bilərdi ki, bu yaşıl qarlı havada çox aydın, uzaqlardan nəzərə çarpanlardandı. Mavi baxışlar səpələyən gözlərində müəyyən bir sarışınlıq sizin diqqətiniz cəlb edə bilərdi ki, bu uyum da gözlərlə qəlbin əbədi qardaşlığının bir harmoniyası idi. Üstəlik əlində tutduğu tapança sanki sahibinə gülüş yağdıran formada dekorativ bir izlənim yaradaraq bir palitra rəssamının əsəri ilə yarışacaq qədər uğurlu təsir bağışlayırdı. Qısası çiyinlərinin zəifliyini bəhanə gətirən Dələduz tapançanın lüləsini özünə tərəf çevirərək bu hiddətli, bir kitabçıdan Şlatterin “Frauenpfadesini” (Qadınların bildiyi üsullar – terc.) alıb, diqqətlə oxumuş, bir sözlə cümlə-cümlə hafizəsinə yazmış qadına onu, Editin təsirindən çıxa bilməyən, onu sevən qadına yalvaran səslə “Mənə qarşı çox qəddarsan deyə” pıçıldadı. Həqiqətən Dələduz Editin təsirindən çıxa bilmirdi. Edit onun üçün çox dəyərli, çox yüksəklərdə idi. İndisə gəlin bir qədər Rathenau haqqında danışaq.
Bir zamanlar yüzlərlə özünü “yaxşı” sayan vətəndaşın başına itin oyununu açmış, zənginləri zənginlikdən soyutmuş, onlardan aldığını yoxsulların xeyri üçün xərcləyən Rinaldini ilə bizim bu dəliqanlı gəncimiz arasında necə də kəskin nəzərə çarpan fərqlər var. Hər şeydən əvvəl Rinaldini böyük bir idealist idi. Öz ideyaları uğrunda hər kəsi öldürə bilərdi. Amma siz bizim bu yerli qəhrəmanımıza baxın, məsələn onun hansısa macarlardan ibarət orkestrinin ifa etdiyi hansısa Vyana kafesində məsum gözlərinin ilığa qədər işləyən dərin maqnetizminin köməkliyi ilə qurduğu telepatiya sayəsində pəncərə kənarında oturmuş hansısa qəşəng bir qızın daxili sakitliyini, hüzurunu öldürməkdən başqa əlindən heç nə gəlməz. Bizim bu Dələduz hüzur qatilidir. Hələ mən onun musiqi dinləyərkən düşdüyü ruh halını demirəm, musiqinin verdiyi ekstaz halından ifadə olunmayacaq bədbəxtliklər aləminə yuvarlanan Dələduzun bu halı həssas ruhları çox asanlıqla özünə kölə etməyə kifayət edirdi. Hərdən onun insanları bu cür kölələşdirməsini, onların xoşbəxtliklərini əlindən almasının qarşısını almaq üçün onun arxasınca onu kölgə kimi izləyən birilərini qoşurdular, bu ibitai sinif müəllimi də ola bilərdi. Bir dəfə Dələduz belə gözətçilərdən olan Orlandoya “Din çox zəifdir, elə deyilmi?” deyərək təvəkkülə varmış baxışlarla gülümsəmişdi. Əlbəttə Dələduzun qüsurlu cəhətləri çoxdur, irəlidə biz bu xüsusları optimist yanaşmalarla xatırlayacağıq, amma bütün bunlardan əvvəl gəlin yaxınlarda yerləşən insanların Gurten deyə adlandırdığı dağa səyahətə çıxaq. Üstəlik sizə onu deyə bilərəm ki, biz bu dağın təpəsinə çıxdıqdan sonra Dələduzla bütün mövzulardan, açıq havanın beynimizə gətirdiyi təravətlə söhbət aça bilərik. Üstəlik burada siyasətdən də danışmaq çox asandır, ən azından sizi kimsə eşidə bilməz. Amma onu da deyim ki, Dələduzun xəyallarını siyasət yox, gözəl əndamlı şahzadələr bəzəyirdi ki, bu əndamlar haqqında danışmaq Dələduza əlavə zövq verirdi. Əlbəttə, həmin bizim bu dədəsinin goru çatlamış qaradulumuz, onun ev əşyaları da bu kiçik qeybətimizdən yaxasını qurtara bilmir. Üstəlik dağın təpəsində olarkən ətrafı dördgözlə necə izləməyimiz də sizə maraqlı gələ bilər. Yox siz düşünməyin ki, ətrafa diqqət kəsilmək yorucu bir işdir. Əsla. Ətrafa diqqət kəsilmək insana qeyri-adi bir güc bağışlayır. Bunu bilin ki, insanı ən çox yoran şey onun ətrafa diqqətsiz yanaşmasıdır.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?