Электронная библиотека » Роберт Вальзер » » онлайн чтение - страница 2

Текст книги "Dələduz"


  • Текст добавлен: 29 ноября 2022, 15:21


Автор книги: Роберт Вальзер


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Deməli belə. Səhər on radələrində, açıq yaşıl rəngli çəmənliklərdən enərək yenidən ayaq basdığı şəhərdə Dələduz bir elan, Rathenaunun öldürüldüyünü bildirən bir elanla qarşılaşır. Bəs sizcə bu adam bu hadisəyə belə sarsıdıcı, dəhşətli xəbərə necə reaksiya verir? Məndən olsaydı bu elanı görər-görməz dərin bir üzüntüyə qapılar, ayaqlarımın altından qaçmasını ümidsizcə hiss edərdim. Amma Dələduz nə etdi? Başladı əlini əlinə vuraraq meymun kimi hoppanıb düşməyə. Kimsə gəlib bizə bu sevinc göstərisini izah etsin görək. Görək niyə bu adam bu hadisəyə yerlə-yeksan olacağı yerdə başladı meymun kimi sevinməyə. Bəlkə də bunun səbəbi qaşıq olayıdır. Bu hadisə haqqında da sonra. Fürsətdən istifadə edib, stansiya kafesinə bir daha girə bilməməyimin üzüntüsünü də sizə çatdırmaq istəyirəm. Ah, həsir şapkamı şef qarsona asması üçün uzatmağım necə də böyük nəzakətsizlik idi. Fiasko. Ah mənim bu nəzakətim necə də nəzakətsizlik kimi alqılandı. Hamı mənə alçalmış biri gözüylə baxdı və mən də indi həmin alçalmanın yox, həmin kafeyə bir daha girə bilməməyin üzüntüsü ilə boğuşuram. Çox heyf. Hər nəsə bunlardan yox, dağın təpəsindəki havanın təravətindən danışmaq ən yaxşı seçimdir indi. Əsl cənnət havası, şam ormanının möhtəşəm gözəlliyi və bu təpədən baxaraq, nəhəng bir adamın bir neçə milçəkfason, kiçik, zəif adamlar tərəfindən məğlub edildiyini oxumağın insana verdiyi ilahi zövq. Əgər Niçşeyə inansaq hansısa bir tragediyanı yaşamaq, həmin tragediyaya şahid olmaq və yaxud həmin tragediyanı hansısa formada bölüşmək ən ali bir həzz, həyatı şənləndirən ali bir təcrübə deyilmi? Ah, bizim bu Dələduzun həmin məni utandıran kafeyə Bravo! Əla! Möhtəşəm! nidaları ilə daxil olması. Gəlin ilk baxışdan anladılması çətin olan bu Bravonun mahiyyətini sizə açmağa çalışım. Haydı! Dələduz Gurten dağına dırmaşma qərarı vermədən öncə, sən eh dəqiqlik və yaddaş tanrısı, hər şeyi olduğu kimi nəql etmə gücünü ver mənə. İlk xatırladığımsa bizim bu qəhrəmanın özünü həmin qaradulun içoğlanı (qadının hesabına qadın təsirində yaşayan kişi – tərc.) hesab edərək qaradulun qaşığını yalaması olur. Dulun sonsuz bir dəbdəbəli tənhalığın hökm sürdüyü mətbəxindəyəm. Bu tənhalığı Dələduzun harada gördüyünü xatırlamaq istəyirəm. Deyəsən bu yalnızlığı Dələduz bir gün öncə kitab və sənət nümunələri satılan bir mağazanın vitrinində Fragonardın “le Baiser a la derobee” adlı rəsminin kopiyasında görmüşdü. Bu tablo onu sehirləmişdi. Mənə görə də bütün zamanlarda çəkilmiş ən əsrarəngiz tablolardan olan bu Fragonar şahəsərindəki tənhalıq həmin mətbəxdə də var idi. Budur ətrafda kimsə yoxdur. Mətbəx ləyəninin yanındakı fincanın içində dul qadının qəhvə içərkən istifadə etdiyi həmin o kiçiçik qaşıq özünün xəyal aləmində səssizcə dayanıb gözləyir.

“Dul qadın bu qaşığı bir rəsim qədər gözəl olan ağzına aldı. Həqiqətən bu qadının başqa heç nəyində, heç harasında onun bu ağzında olan gözəllik yoxdur. Və mən bu gözəl ağızda bir anlıq olsun yuva salmış qaşığı öpməklə bu gözəlliyə sayğılarımı çatdırmaqda günahmı işlədirəm?” Bəli, bizim Dələduz hadisəyə yanaşması özünəməxsus bu cur poetikliklə vurğulayır, bu hərəkətində ağıl dolu, hissiyyat dolu bir nüansın gizləndiyini ciddiliklə vurğulamaq istəyir və bu istəkdən fövqəladə bir zövq alırdı. Əlbəttə canlı, parlaq bir zəkaya sahib olduğunu düşünmək kimə xoş gəlməz ki, Dələduza da eləcə. Hə, bir dəfə bizim bu avara dul qadına qadının ayaqlarını yumağa hazırlaşdığı bir anda rast gəlmişdi ki, bu ayaq yuyulma məsələsinə sonra mütləq qayıdacağıq. Əlbəttə bunu nəyin xatirinə etməyimizin fərqi yoxdur, istər gözəl şəhərimizin gözəlliyinə, orada yaşanan olayların haqqını vermək üçün belə olsa, yenə dönəcəyik. Qoy həqiqət eşqi, həqiqəti demək eşqi daim günəş kimi parlasın. Ah, kaş elə indilərdə bir musiqi əsəri kimi həmin ayaq yuyulma anını təsvir edə biləydim. Amma təəssüf ki, nə təəssüf. İndilik qalsın. Qaşıq məsələsinə qayıdaq. Dələduz həmin kiçicik qaşığı həşamətlə oxşadıqdan sonra görəsən nə etmişdi? Bəlkə də sevinclə tullanmağa başlamışdı. Bəs dul qadın necə? O Dələduzun bu halını görsəydi bihuşluğu səmanın hansı qatına yüksələrdi, görəsən? Hə, bu arada həmin qaşığın məskunlaşdığı mətbəx, şeirsəl durğunluğun və tündməcazlığın hökm sürdüyü mətbəxdən də danışmamaq olmaz. Unutmamalıyıq ki, bizim Dələduz başqa yerdə deyil, məhz bu mətbəxdə sözün əsl mənasında seksərkərdə olmuş və belə demək mümkündürsə daim sıxıntı və acizlik çəkdiyi bir mövzuda, – söhbət erotik səhnədən gedir, – dəbdəbəli bir qələbə qazanmışdı. Ardı isə sizə məlumdur. Yəni bu qələbənin ardından həmin balaca qaşıqlarla sevincdən tullana-tullana dağa dırmaşmışdı ki, tam o əsnada Almaniyanın başqa bir yerində ziddiyyətli düşüncəli adamlar tərəfindən vurulmuş bir intellektual canını təslim etməkdəydi. Yenə də qayıdırıq bu alqışlama, əl çırpma məsələsinə. Yenə də bu məsələ bizə qaranlıq qalmaqdadı. Dələduzun Afərin! Əla! qışqırıqlarını onun səma mavisi nankorluğuna bağışlamaq olar, yəni onun bu qışqırığında yatan bol günəşli düşüncəsizlik, hardasa bizə aydın ola bilər. Axı o bütün bunları niyə edirdi? Yoxsa Rathenaunun ölümü ona uğurlu bir gələcəyin müjdəçisi kimi görünmüşdü? Əlbəttə bu düşüncəyə qapılmaq bəlkə də ona qarşı haqsızlıqdır. Amma etiraf etmək lazımdır ki, dul bir qadının ev əşyaları ilə tarixi əhəmiyyət daşıyan olduqca önəmli hadisələrin bir-birini bu cür davamlı şəkildə tamamlaması olduqca gülünc bir təsir yaradır ki, mən də həmin təsirin altındayam. Həqiqətən diqqətlə baxın. Bir tərəfdə bir qəhvə fincan məsələsi, bir içoğlanın məişət zəminində olduqca şirin görsənən davranışı. Digər tərəfdə isə bütün sivil cəmiyyətimizi silkələyən bir xəbər. Üstəlik bu ziddiyətlərə bir yenisini də əlavə edək. Bizim bu Dələduz və Rathenau şəxsən tanış idilər. Əlbəttə, tanışılıqları irəlidə nazir olacaq şəxsin bu kürsüyə gəlmə-sindən öncəki tarixə aid idi. Belə ki, bu bizim hər an kiməsə vurulmağa hazır olan Dələduzun bradenburq zadəganlığında bir malikanəyə zəngin bir sənayeçinin oğlunu ziyarətə getmişdi. Ziyarətin səbəbi isə Berlinin Postdam meydanında əvvəli və axırı görsənməyən insan və avtomobil selinin ortasında tam təsadüf nəticəsində rastlaşdığı adamın Dələduza yolüstü verdiyi “görüşümə gəlin” vədi olmuşdu. Bəli belə bir məşhur adamın haqqında danışılması belə ikrah oyandıran bir şəxsə görüş təklif etməsi sizə qəribə görsənə bilər. Amma bu tamamilə təbiidir ki, bunu sonra izah edəcəyik. Əlqərəz həmin “görüşümə gəlin” sözündən sonra gerçəkləşən ziyarət əsnasında bu iki şəxs divarları qobelenlərlə örtülü bir otaqda ikindi çayı içmişdilər. Həmin çay zamanı isə insanda bir qədər sayğı oyandıran yaşlı bir xidmətçi həm alman həm də əcnəbi ruhu daşıyan bu qəribə otağa girmiş və bu girişin ardından dərhal da itaətkar bir üslübda bir kölgə kimi sıvışaraq otağı tərk etmişdi ki, onun bu hərəkətindən xidmətçinin həyatda yeganə yaşama və varlıq səbəbinin, yəni bütün varlığının qüsursuz xidmətə həsr olunduğunu, onun bütün yaşayışının xidmət otaqlarındakı mühiti, əhvalı düzgün qiymətləndirməkdən ibarət olduğunu sezmək olardı. İkili isə ruhlarına təravət yayan çayın ardından birlikdə gəzintiyə çıxmış, gəzinti əsnasında adalardan, şairlərdən və buna bənzər ümumi mövzulardan danışmışdılar. İndi isə bu qorxunc və kədərli xəbəri Dələduz “kariyera üçün möhtəşəm son” deyə qarşılamışdı. Əlbəttə xəbər anında Dələduzun başqa şeylər düşünməsi də ehtimaldan kənar deyil. Amma onu mütləq demək lazımdır ki, özündə yunan nəşəsinə bənzər bir şeylər gizlədən, qədim dastanlardakı canlılıqdan parçalar göstərən bu qarşılanmada olduqca qəribə, məchulluq dolu ecazkar bir hal var idi. Bu halı öyrənmək üçün Dələduzun Berlində olarkən bir gün utancaq bir qız uşağı kimi davranmasını yada salaq ki, bəyzadələr toplantısında baş verən bu çəkingənlik zamanı Dələduz xeyli alçalmış, rəncidə olunmuşdu. Əlbəttə, o bu gün həmin utancaqlığı və küskünlüyü bir növ mülayimliklə xatırlayır ki, bu xatırlama da onun bu günlərdə yetişmiş bir adama çevrildiyinin sübutudur. Mənə qalsa Dələduz hər keçən gün özü ilə daha çox barışıq halda yaşamağa öyrəşir. Haqqında danışdığımız həmin bəyzadələr yığıncağında isə Dələduz bir tələskənlik, həddindən artıq cürətkarlıq, tezisinəşənlik etmək kimi bir qəbahətə bulaşmışdı ki, məclisdə iştirak edən bir neçə bəyazdə Dələduzun həddindən ziyadə çılpaq və belə məclislərə yaraşmayan rəsmiyyətini aşağılayıcı bir təbəssümlə qarşılamışdılar. Əgər fantaziyalara yer versəm onlarn bu sarkazm dolu təbəssümünü balaca bir uşağın burnuna vurulan çırtma ilə müqayisə edə bilərəm. Hərçənd belə bir alçaldıcı davranış, bu davranışlardan doğulan təəssürat Dələduzu öldürmədi. Əlbəttə belə kiçik aşağılanmalar, belə kiçik detallar insanı üzüntüdən öldürsəydi daha xoş olardı, ən azından əzabların səbəbkarlarının ölçüləri kiçilmiş olardı. Hər nəysə, indi bütün bunları kənara qoyaraq xidmətçi qız, dizə qondurulan busə və bir şaledə əldən-ələ keçən kitab haqqında söhbətə başlayaq. Müsaidənizlə.

Şərab işində, xüsusən içmək, ən azı ailəsi üzüm bağlarına ömür vermiş Sanço Pansa kimi mütəxəssis olduğunu vurğulaya bilərik. Şərabın üstün məziyyətlərindən çox şey demək olar. Ən əsası şərabda insana üstünlük, üst bir duyğu verən bir şey gizlidir. Məsələn mən şərab içərkən geridə qalan əsrləri, o zamanlar yaşananları daha rahat anlayıram. Anlayıram ki keçmiş əsrlərin əsas qayəsi indiki zamanın içində bir yer tapmaq cəhdidir. Eləcə də indiki zamanın qayəsi gələcək zamanın içində öz varlığını bir küncə gizlətmək cəhdidir. Bundan əlavə şərab insanı peşəkar ruhşünas edir ki, şərab içən adam da peşəkar ruhşünas kimi hər şeyi ciddiyə alsa da hər şeyə ciddiyə aldığı qədər biganə qalar. Şərabın dostu olmaq çox önəmli bir mövzudur, əgər insan şərab dostudursa o qadınların da yaxın dostu, eyni zamanda onların sevdikləri şeylərin sadiq qoruyucusu olar. Qadın və kişi arasında ən ümidsiz əlaqələr, münasibətlər belə şərab qədəhinə düşüncə birdən-birə tumurcaqlanıb pardaxlanar. Hər yan çiçəklərə bürünər. Şərab üçün yazılmış bütün musiqilərə dərin sayğılarımı çatdırıram. Şərab üçün olan bütün nəğmələr ən gözəl nəğmələrdir. Keçən günlərin birində birisi şərabı qəsd edərək bu bir Datelə yaraşmır dedi. Nəzərinə çatdırım ki, datel orduda çavuşlar üçün istifadə olunan bir adlandırmadır. Bəli mən həmin gündən şəraba qarşı bu sözlərin söyləndiyi evə uzaqdan və soyuq baxışlarla baxıram. Hər baxışda içim ürpərir, diksinirəm. Orduda datel olmaq utanılacaq bir şeydirmi məgər? Məgər bu adamın adına xələl gətirirmi? Düzdür indi elə çağda yaşayırıq ki bütün ierarxiyalaşmalara çox ciddi fikir verilir. Yəni onların mənə belə baxması elə də səhv yanaşma deyil. Amma yenə də adam belə şeylərdən narahat olur. Nəysə, qısası məni diksindirən bu evin bir bağçası var ki, bizim Dələduzun da həmin bağçada öz yorğunluğunu üzərindən atmaq məqsədilə günlər keçirib, özü də nə günlər. Hələ bir səfərində Dələduzun həmin bağçada saçlarının, qarson qızların mərhəmətli əllərinin şəfqətlə gəzindiyi dağınıq saçlarının, lap renessans rəssamlarının işlədiyi uşaq İsanın saçları kimi lülə-lülə tökülərkən görüntüsünü xatırlamaq istəyirəm, bağça onda Dələduzun bu duruşu ilə hansısa monastra çevrilmişdi. Dələduz saçlarını daim səliqəli və təmiz saxlamağa çalışardı və mən indi onun saçlarını yuyularkən təsvir etməkdən özümü saxlaya bilmirəm, necə də gurlayan bir şəlaləni xatırladırdı bu saçlar. Şəlalənin sularının ənsəyə tökülməsi sanki müqəddəs yorğunluqlarda suyun dincəlməsinə bənzəyirdi. Əlbəttə, “müqəddəs yorğunluq yerlərində dincələn su” ifadəsi sizin üçün nə qədər qəribə və düşüncənin vərdiş etmədiyi söz kimi görsənsə də etiraf etməlisiniz ki, qulağınızda xoş bir rayihə yaradır. İndisə, saçları xəfifcə bir kənara buraxıb, Dələduzun bu ikrah doğuran evdə davranışlarına qayıdaq, hərçənd bizim bu qəhrəman orada keçirilən vaxtı itmiş zaman hesab etsə də, həmin evdə olan nəzakət qaydalarına, məsələn, yemək yeyərkən dodaqların tərpənişinin zərifliyini qorumaq kimi qaydalara ciddi cəhdlə əməl etməyə çalışır, yemək yeyərkən dodaqlarını daim qapalı tutmaq uğrunda amansız mübarizələrə girişirdi. Həmişə qidanı çeynəyərkən “dişlər görsənməməli deyil” sözlərini təkrarlayaraq bir çox adamı bu barədə öz təsirinə salmışdı. Çoxları hətta bu işə gərəyindən daha çox diqqət göstərirdi ki, bu da öz növbəsində onları gülünc duruma salırdı. Həqiqətən də yaxşılığı həddindən artıq etmək bir sevgi göstərisi olsa da heç də həmişə yaxşı sonlanmır. Əlqərəz Bizim bu Dələduz, həmin bağçada, sarmaşıqlı divarların ətrafında kəpənəklər kimi şən dayanmaqla özünün Dələduz könlünə xəncər yarası vuracaq ilahi bir mələyə olan sonsuz eşqini düşünməklə dayanmışdı ki, bu ilahi mələk kübar ailə tavanlarının qoruduğu səmadan adi insanlar arasına enmiş əsilzadə bir qızdan başqası deyildi. Bəli, bu əsilzadə qız Dələduzu meyidə çevirirdi, amma bu meyid canlı idi, onu dirilik bulağından içmiş kimi həyatla dolu saxlayırdı. Xüsusən axşamlar yatağına yatmadan öncə Dələduz tanrıya dua etmək için diz çökür, bu dualarda sabahların ən böyük görüş ümidləri səmanın yüksəkliklərinə tolazlanır və Dələduz duaların cavablarını almış kimi yeni ümidlərlə büsbütün əhatə olunurdu. Bu ümidlərin sayı sonsuz idi. Mən deyim yüzlərlə, siz deyin yüz minlərlə. Hər halda Dələduz özünü bəxtiyar sayırdı. Və bütün bu gecələri Dələduzun yeganə şahidi dolunay, təzə ay bir sözlə, bütün halları ilə yalnız ay olurdu. Mənsə həmin möcüzəvi yaradılmışı onun öz izni ilə Vanda adlandıracam, bəli Vanda mənim çoxdandır, görmədiyim qızın adıdı. Əgər məlumatlara inansaq, birinci Vanda artıq ərli bir qadındır. İndisə yenidən Dələduza qayıtsaq görərik ki, O, seyrangahların birində gözlərini tez-tez qırpan, müxtəlif yerlərdə yersiz göz-qaş işarətləri ilə insanları əsəbiləşdirən, bununla belə deyim yerindəysə populyarlığın qucağında olan bir dəliqanlı oğlanla tanış olub və bu dəliqanlının çox insanı əsəbləşdirən cəhəti bəzilərinin qəlbinə işləyə bilirmiş ki, Dələduz ona çəkinmədən belə gözlənilməz bir sual verib: “Sizin xidmətçi qızınız ola bilərəmmi?” Əlbəttə dəliqanlı bu sözlərdən əsəbləşsə də, bu qəzəbi elə də üzə vurmayıb, sadəcə qəhrəmanımıza ağlını başına yığması mövzusunda kiçik xəbərdarlıq edib. Ah, bizim bu Dələduz. Dəliqanlını bir dəqiqə də olsun rahat buraxmayan Dələduz. Dəliqanlı ilə bir qalxıb, bir oturan Dələduz. Mən olduqca zəngin səyahət təcrübəsi olan bu dəliqanlının pişik gözü kimi parıldayan xırda yaşıl gözlərini, olduqca biçimli qaydada olan üzünü yox, həmin dəliqanlının dizlərini açığa çıxaran qısa şalvarını xatırlamaq istəyirəm. Yəqin nəyə işarə vurduğumu artıq anladınız. Bəli, bizim bu xidmətçi qız günlərin birində qəfildən, şalvarın qısa olması fürsətindən istifadə edərək dəliqanlının dizlərindən öpmüşdü. Əlbəttə bizim onun bu əməldə günahkar olub olmadığını müəyyənləşdirmək haqqımız yoxdur, amma hər halda bu şahidliyi sizlərə çatdırmadan da keçinməm mümkünsüz idi. Mənə qalsa Dələduz bu əməli ilə hansısa günah iş göməyib və əgər mənim rəyimi soruşsanız deyərəm ki, o bu məsələdə tamam məsumdur. Əgər yenidən Dələduzun gündəlik işlərinə qayıtsaq deyə bilərik ki, o günorta ikidən axşam yeddiyə qədər bu dəliqanlıya xidmətçi qız olmaq şərafətini əzmlə davam etdirirdi. Və insanların bu işlərə baxışları, Dələduzun aşkarda olan bu qulluqları çoxlarının da marağını çəkirdi. Məsələn dayələr bu xidmətçi qız itaətkarlığı göstərən gənci, dəliqanlının buyurqanlığını hər şeyi bilən bir əda ilə qəbul etdiklərini göstərir və bundan sonra da dodaqlarını ironik bir mərhəmətlə əyirdilər.

İndi isə keçək kitabın əldən-ələ gəzməsi məsələsinə. Deməli, saçları ağarsa da özünü olduqca cavan hesab edən madamlardan biri Dələduza bir kitab hədiyyə etmişdi. Yox, məsələ bu deyil, indi ağlımı işğal edən sayları olduqca çox olan qadın mantiyalarıdır. Görəsən hardan ağlıma düşür bu uzaq fikirlər? Hamısı bir anda yanıb sönən ulduzlara bənzəyir. Onu da deyim ki, Dələduzun ara-sıra özünü Fabris del Donqoya oxşatdığı da bir həqiqətdir. Lütfən bağışlayın məni, deyəsən sayıqlayıram. İzn verin özümə gəlim, izn verin fikirlərimi toplayım. Bəli, bəli, artıq özümdəyəm, artıq hazıram, amma gəlin bu əldən-ələ keçən kitab haqqında sonra danışaq. Onsuz da sonralar bu haqda danışmağa vaxtımız çox olacaq. Mən inanıram ki, bu mövzu bizimçün yolgöstərən bir işığa çevriləcək. İndisə keçək xidmətçi qız və dəliqanlıya. Bəli, Dələduz daha sonra dəliqanlıya evlərinə qədər yoldaşlıq etdi və dəliqanlı axşam yeməyini bitirib, yapon işi kaftanlığı ilə binanın balkonunda görünənə qədər dəliqanlı onu bir xidmətçi qız sadiqliyi ilə gözlədi. Dəliqanlı isə sonrasında öz növbəsində bir çox məsələlərlə yanaşı Dələduza öz əmisinin işlərindən də danışdı ki, buna səbəb də dəliqanlının həmin dövrlərdə müvəqqəti olmaq şərtilə əmisinin və onun ailəsinin yanında yaşamağa başlaması idi. Əlbəttə, sizə bütün bu danışıqlar məzmunsuz və darıxdırıcı gələ bilər, amma mənə inanın ki, bu söhbətlərdə ziyanlı bir tərəf yoxdur. Sözün qısası, bu xırdalıqlarla əldən-ələ gəzən kitab mövzusunu arxada buraxmağım yaxşı oldu. Üstəlik indi bu xidmətçi qız məsələsi ilə də sağollaşmaq istəyirəm, onsuz da bu barədə həddən artıq çərənləmişəm. Xülasə, Dələduzun bir müşavirin oğlu olduğu mətləbini sizə çatdırmaq istəyirəm. Bəli, qəhrəmanımız deyərkən gənc yaşlarından evini və ailəsini tərk edib, müxtəlif ayaqaltı işlərlə başını qatan, özünün güclü dəyərlərə, əsl-nəcabətə malik ailəsini nadirən xatırlayan, özünü heç bir zaman tanımaq imkanı olmayan birisindən, hələ dörd yaşındaykən anasının nəzarəti altında not dərsləri alan birindən söz açırıq. Görünən odur ki, anası ona fövqəladə bir şəfqətlə yanaşmışdı. Mən bunu özümdən demirəm, Dələduzun bu gün belə anasının rəsminə ibadət edər kimi baxması bu sözlərin sübutudur. Və bizim bu Dələduzun çoşqun irmaq kimi qaynayan yeniyetməlik dünyası, həmin dünyanın içərisində axan yaşıl sulu çaylar, əbədiliyin və gəncliyin, tarixin və sonsuzluğun qoynunda bir-birinə qarışan, qaynayıb çoşan başqa çaylar. Ah, bizim bu Dələduzun iç dünyası necə də genişdir. İndisə uzun dərvişanə həyatın ardından, kürəyini yamaclarına söykədiyi bir kənddə, oxucusu olan bir qadını ona göstərdiyi sədaqətdən ötrü əlini sıxmasından sonra özünü axşam vaxtı bir keşişin evində qonaq olaraq tapan Dələduza baxın. Keşişin qızı ona müxətif fotolar göstərir. Keşişin arvadı davranışlarında bir inamsızlıq sezsə də, qızının bu qonağa qarşı olan diqqətini özüyçün aydınlaşdırır, qonağa qarşı olan şübhələrini zehnin bir küncünə tullayaraq, özüyçün yenidən zəngin bir malikanənin, qızının hesbaına qazanılmış malikanənin xəyallarını qurur. Ah, necə inamsızlıqlar necə inanclar, necə dərinlərdən necə qalxanlar çıxır bir bilsəniz. Amma indi bunları danışmağın vaxtı deyil. Yeni mövzular dalğalarla yaddaşıma hücuma keçməkdədir.

Dələduzun zehnini işğal edənlər arasında onun şəhərin məzarlığında uyuyan iki qardaşını da misal çəkmək olar. Düzdür onların xatirəsinin Dələduza əzab verdiyini tam dəqiqliklə iddia edə bilmərik, amma burası doğrudur ki, onları xatırlamaqla arabir qəhrəmanımız özünü qəhərli bir ruh halının içində tapır. Əlbəttə bəziləri düşünə bilər ki, mənim bu sözlərimdə daşürəklilik var. Mən bu iradlara tam səmimiyyətimlə təslim olmazdan öncə onu deməliyəm ki, Dələduz valieynlərinin soyuq təsiri nəticəsində duyğulu, emosional davranışlara, nitqlərə qarşı xeyli yadlaşmış bir uşaqlıq keçirib. Həqiqətən də onun uşaqlığı laqeydlik divarlarının əhatəsində keçib. Çoxuşaqlı ailələrdən bu cür uşaqlıq keçirənləri xatırlamanızı istəyirəm. Hərçənd yuxarıdakı sətirlərdə piano dərslərindən danışmaq kimi ucuz bir həvəsə qapılmışdım. Amma mənim bu söylədiklərim həqiqətən gerçək idimi? Yəni Dələduza anası həqiqətən piano dərslərində şəfqət göstərmişdimi? Bunu heç özüm də bilmirəm. Bununla belə Dələduzun ailəsi və mənşəyi haqqında da daha çox danışmaqdan qaçınacam. Bu hərəkətimdən dolayı özümə qarşı yaratdığım sayğıya qapılıb izninizlə indi Cenevrə küçəsini və Portuqaliyanı xatırlamaq istəyirəm. Cenevrə küçəsi və Portuqaliya. Necə də əlaqəsiz iki ad. Axı onları sistemləşdirib, kombinasiyalarla sizə təqdim etmək çətin bir iş deyilmi? Bəs məni bu seçimə vadar edən nədir? Hər şeydən öncə cəsarətim. Bəli, yazmağa başladığım onlarla il ərzində ilk dəfə yazı masama özümdən bu qədər arxayın, bu qədər inamlı oturmuşam və bütün çətinlikləri dəf edəcəyimə tam əminəm. Bəli bundan sonra kağıza töküləcək cümlələr sonsuz bir gücün və həqiqətin əksindən başqa bir şey olmayacaq. Bayraqları xatırlayıram. Ah, Avropanın elm səfərbərliyi adına Portuqaliya limanlarında dənizçilərin ruhları tərəfindən dalğalandırılan bu bayraqlar. Hələ 15-ci əsr idi. Şərqi Hindistana gedən dəniz yolları təzəcə kəşf olunmuşdu. İnsanların Hindistana getmək üçün quru yolunda çəkdikləri əzabların bitməsindən elə də çox keçmirdi. İnsanlarsa artıq var-dövlətlərini birdən-birə artıracaq bərəkətli dəniz səfərlərinin onların həyatını dəyişdirəcək yenilikləri hiss etməyə başlamışdılar. Bazarlarda çeşidlər çoxalmış, orta sinifə məxsus sakinlərin evlərindən artıq darçın qoxusu yayıldıqca, qəhvə bu kəşfi qəbul edənlərin qəlblərini fəth etmək yolunda inamla irəliləyirdi. Bəli artıq mədəniyyət uşaq kimi ayaq açıb qitədən qitəyə yayılır, yarımkürəmizin mədəniyyəti digər yarımkürənin nemətləri hesabına pardaxlanırdı. Artıq dünya burjuaziyanın kök atması mərhələsində idi və bizim Dələduz da bütün bu inkişafların qarşısında necə möhkəm dayanacağını düşünüb təkamül edən birisi kimi müxətlif dəyişimlər gerçəkləşdirir, özü-özlüyündə müxtəlif qruplaşmalar, təşkilatlar yaradaraq, həmin adamın zamana uyğun sağ qalma cəhdlərini öz yaşam, daha dəqiq desək burjualara uyumsağlama fəlsəfəsinə tətbiq edir, bu tətbiqetmələrin uğuruna cani-könüldən inanırdı. Düzdür hərdən Cenevrə küçəsində başlayan sərxoşluğunu axşamları konsert olan kazinonun düz ortasında qədər daşıdığı olurdusa da, bütün bunlar incəlik içində baş tutduğundan kimsə onu qınamır, əksinə bu kiçik cəsarətli davranışlar çoxlarında səmimi bir təəssürat yaradırdı. Bəli məhz bu kiçik şıltaqlıqlara görə çoxları Dələduzu sevirdi. Halbuki biz bu hərəkətlərin ilham mənbəyini anlamadan Dələduzu daim balaca bir ağıldankəm uşaq kimi qınamaqla məşğuluq. İstəyirik ki, o bizim nəzarətimizdə qatı bir tərbiyə alaraq, son dərəcə hamar, yontalanmış birinə çevrilsin. Daha düşünmürük ki, bizim bu istəyimiz Dələduza həqiqətən lazımdırmı? Eh, həmişə başqalarının yerinə qərar verməkdə o qədər peşəkarıq ki. Nəysə, qayıdaq onun Batavialı əmisinə. Bəlkə də bu adam Dələduzu verdiyi pullarla ərköyünləşdirməli deyildi. Bunu da keçək. Bəs gündüzün günorta vaxtı Arkadiyada, daha dəqiq desək Kafiq Qülləsinin kəmərləri altında etdiyi hərəkətin mənası nə idi? Onu da deyim ki, bizim şəhərimzdə xeyli sayda portik adlanan yəni üstü kəmərli keçidlər və üstü qapalı səkilər mövcuddur. Və indi belə keçidlərdən birində dayanan Dələduz qarşıdan birisinin tələsmədən ona doğru gəldiyini görür. Birisinin? Kimin? Vandanın! Mavi rəngli qısa bir yubka geyinmiş bu qızı arxasında gəzdirdiyi qucaq iti ilə avara-sərgərdan irəliləyir. Bəs Dələduz neyləyir? Qızın üzərinə atılaraq, gözlənilmədən əlindən tutur və fısıldamağa başlayır. “Nə buyu-rursuz, xanım qız?”. Qız təəccüblənir, nə edəcəyini bilmir, yalnız çaşmış halda Dələduzun ondan nə istədiyini soruşur. Elə bu anda qəhrəmanımızın ağzında atəşli sevgi sözləri yayılmağa başlayır: “Sizin yanınızda, hər an, hər saniyə, təkcə sizin yanınızda olmaq istəyirəm” deyir, səsindəki güc və ölümcül yumşaqlıq, sərtlik və ölümcül xəstəlik bir-birinə qarışaraq ətrafa yayılır. Qızsa artıq təəccübünü itirib, Dələduzu sonsuz bir əda ilə başından eləmək istəyir, anasının yaxınlarda olduğu, Dələduzun onu belə sevməsinin pis xəbər olmadığını eşitdirə-eşitdirə ürkək gözlərlə ətrafı seyr edir. Ah, bu qız uşaqları ürkək-ürkək baxanda insana necə doğma olurlar! Dələduz Vandanı Bernli Yeniyetmə adlandırırdı. Əlbəttə siz Dələduzu yanlış tanımayın, onun qızın üzərinə belə qəfildən atılması ani qərar deyildi, Dələduz bunun üçün düz dörd ay qızın arxasınca kölgə kimi süründüyü halda qızla danışmağa özündə cəsarət tapa bilməmişdi. Siz bilirsiniz dörd ay susqun kölgə olmaq nə deməkdi? İndi isə bu cəsarətli yaxınlaşmadan sonra Dələduz özünü bir Portuqaliyalı dənizçi kimi hiss edirdi. Yəqin ki oxucumuz bir az öncə İuda ağacının yarpaqları rəngində olan bayraqları nə üçün xatırladığımızı anlamışdır. Bəli, Dələduzun ədəb hissi tərəfindən zəncirlənən sakit dənizi xatırladan ruhu indilərdə bir xalça tacirinin dəstəyi ilə yeni qitələri kəşfə yollanırdı. Bəli bu sözləri əbəs yerə işlətmirəm, çünkü Dələduz xalça taciri adlandırdığımız aristokrat qəlbli birindən qızın adını, evlərinin ünvanını öyrənmiş, valideynlərinin şəxsiyyəti haqqında olduqca doğma məlumatlar almışdı. Bu arada onu deyim ki, o aralar hələ Edit Dələduzun həyatında yox idi. Bəli artıq tədricən düzənli, ardıcıl bir yazı üslubuna keçirik. Qəzetlərdə yazılan bənzətmələri keçsək deyə bilərik ki, balta dəyməmiş cəngəlliklərin içindən sıyrılan kəşf yolçularının önündə nəhəng abidələr ucalır. Bəli, Dələduzun daxili aləmindəki dirilişin binası da qəlb gözlərinin qarşısında bax belə ucalmağa başlamışdı. Özünü tamam unutmuş birisini düşünün, durmadan rəqs etmək istəyən birisi. Məktəbli kimi görsənən Vandanın qohum əqrabasının evinin önündə ağaca çevrilən Dələduzu düşünün sonra. Bu ağac olmağın hər gün davam etdiyini düşünün. Yenə də hərdən Cenevrə küçəsini yad edən, amma bu səfərlərdə də körpünün altından axan gömgöy sulara baxaraq bütün şəhərin ibtidai ruhlarının, şəhərin bütün kobudluğunun bir eşqin yatağına girərək tamam gözəlləşdiyini zənn edən birisini düşünün. Siz tamamilə aşiq birisini düşünün, ikicə dəfə Vandanı əlində əl ağacı ilə görmüş və qızın əl ağacını daşımasına böyük heyrətlə baxmış, ağırlığın asıldığı bu zəhmətkeş əli dərin bir duyğu ilə incələmişdi. Bu heyranlıq ibadət dərəcəsində idi. Sonra qızın iki kiçik qara muncuğa bənzəyən gözlərini düşünün. Sonra da Vanda haqqında Dələduzu məlumatlandırmağı özünə borc bilən şərqli bir tipi. Düzdür onun Dələduza məsləhəti qızdan uzaqlaşmasıyla bağlı olmuşdu. Hərçənd Dələduz sevənlərə məxsus axmaqlıq və riyakarlıqla, bəlkə də riyakarlıq deməklə sevən insanlara qarşı kobudluq edirəm, amma bu həqiqətdir, sizdən bayaqkı həqiqətimə, riyakar sözündəki həqiqətimə görə növbəti dəfə üzr istəyəcəm, çalışacam ki, bundan sonra əlavə sözlərə yer verməyim, sözləri bacardığım qədər cilovlayım və bir o qədər də sözün ilahi gücünə boyun əyim, bəli sevənlərə məxsus həmin riyakarlıqla şərqlinin qızı ondan qısqandığını, onu qızdan ayırmaq istədiyini düşünmüşdü. Düzdür bu hadisələrdən sonra Dələduzun ünvanına bir xeyli məktub gəlmişdi və yazanlar Dələduzun kiçik sərsərilikləri üçün darıxdıqlarını etiraf edirdilər. Dələduza dəyər verən bu insanlar Dələduzdan həqiqətən bir Dələduz kimi davranmasını tələb edirdilər, Ah, mənim zavallı sərsəriliyi məsləkə çevirmiş Dələduzum. Bu məktublar qarşısında necə qürurlu və cılız idin. Bilirəm məktubları oxuduqca bütün sözlər sanki qarnından çıxırdı, bütün sözlər elə uğultulu, elə uzaqdan gəlirdi ki. Bəli sən bu sözləri duymur, önəmsəmirdin. Vandanı tanımadan öncə hafizənə yazdığın sonsuz sayda mənzərələri bir-bir nəzərdən keçirirdin, bütün bu mənzərələrə qarışan səni geri qaytarmaq istəyənlərin cəhdləri də indi sənin sərxoşluq cəngəlliyindən bir yaddaş abidəsi kimi ucalırdı. Hələ səni elm və ürfan yiyəsi adlandırdıqları birisinin yeməyə çağırmasını demirəm. Yadındadırmı, quru lobya ilə yemək öynəsi yola verən o pak adamlar? Yadındadırmı onların üzv olduğu Mədəniyyəti Qoruma birliyi və birliyin qida məsələsində çox sərt qayda-qanunları? Bahalı yeməklərə nifrət edirlərmiş. Heyhat.

Sənə nə demişdilər onda? Onlardan qaçmağının, soyumağının, onlara laqeydləşmənin üzüntülərinə səbəb olduqlarını xatırlatmışdılar sənə. Dediyinə görə hamısı üzülmüşdü bu uzaqlaşmağa. Sənsə qayıdıb kobud bir cavab vermişdin. Kimin sənə isindiyini soruşmuşdun. Hamının sənə mehriban olacağını düşünə bilmirdin. Nəzakətlə sən olmadan da onların işlərinin müvəffəqiyyətlə davam edəcəyini bildirmiş, özünün daxili aləminlə müqəddəs çillə həftəsinə qədəm qoyduğunu demişdin və sənin bu sözlərinə, xüsusən daxili aləmin müqəddəs çilləsi sözlərinə, sağlam zehni qidalanmanın kütləviləşdirilməsini qarşısına məqsəd qoyan birliyin üzvlərindən biri doyunca yayıla-yayıla gülməyə başlasa da sən onun gülüşünü yarıda qoyaraq köynəyinin yaxasını açaraq həmin üzvə heç zaman görəcəyini düşünmədiyi bir şeyi göstərmişdim. Gülüşü qıqq deyə kəsilmiş, rəngi saralmış, öz aləmində bu əhvalata, sinəndəkinin əhvalatına müxtəlif çalarlar qatmış, sonrasında isə sənə özünü müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələrini göstərmişdi. Əlbəttə sən ədəbiyyata olan marağını biruzə verməsən o bu məqalələri sənə əsla göstərməzdi. Sənsə qarşında dayanan üç yüzə yaxın məqaləyə göz gəzdirərək sakitcə keçmişə baxıb bu günü dəyərləndirməməyi məsləhət görmüşdün həmin üzvə. Keçmişlə gələcəyin bütünlüyünü vurğulayaraq etiraz etmişdin üzvün sənə belə ucuz yanaşmasına. Sonra da insanların yaxınlarını geriyə getməklə ittiham etməklərindən danışmışdın. Yenə də üzvə səmimiyyətinlə göstərdiyin şeyi xatırlatmışdın. Ah, sənin bu qəlibtanımaz səmimiyyətin. Üzv öz-özünə bəzi şeylər mızıldanmışdı. Həqiqətən də, əziz Dələduz, insan bəzən öz səsini belə duymaq istəmir. Siz isə həmin üzvlə gecəyarı-sına qədər birgə oturub İncildən bəzi mətnlər oxumuşdunuz. Amma bu üzv, yüksələn ulduz, duyduqları eşitdikləri şeyi həqiqətən düzgün qavraya bilmişdimi? Dinlə əlaqəli çox şeyləri diqqətə almarıq, bəs balaca uşaqların müxtəlif əzablı xəstəliklərdən o balaca canlarını tapşırmaları necə? Din ədalətdən danışırsa bu günahsız uşaqların ölümündə hansı ədalət, hansı qanunauyğunluq var. Məncə bir az böyüməliyik. Özümüzlə barışmağın vaxtı çatıb, bir az daha mülayim yanaşmalıyıq insanlara və dünyaya, nəzərlərimiz irəliyə doğru yollar qət etməli, sakit ruh halımızın binasında yeni-yeni qələbələr qazanmalıyıq. Amma bu üzv belədimi? Üzünə vurulan çılpaq həqiqətlərə qarşı ortaya qoyduğu intellektual mövqeyi. Yox bu intellektuallıq ziyalılıq deyil, bu sadə ənənədir ki, üzv də həqiqətlərdən həmin intellektuallığın pərdəsi ilə aralanmışdı. Ah, bu intellektual üzv! Mənim əziz Dələduzum, o öz çürümüş ağlı ilə sənin içindəki xoşbəxtliyi qısqanırdımı həqiqətən? Sən onun üzünə şillə kimi çırpılan hansı sözləri demişdin sonra? “Bütün insanların sənə yardım etmək istəyib, sonrasında buna nail olmayınca üzüldüklərinimi demişdin? O isə sənin üzünün uşaq üzü qədər məsum olduğunu xatırlatmışdı, elə deyilmi? İndisə Dələduzum, mənə denən görüm həmin üzvə onu bu qədər sehirləyəcək nə göstərmişdin? Biz bu haqda heç nə bilmirik. Lütfən başa sal bizə.


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации