Текст книги "Dələduz"
Автор книги: Роберт Вальзер
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Düzdür, indi bu halımızla Dələduzun bu göstərisinin elementindən xəbərsizik, amma həmin məclisdən evə qayıdarkən gecənin onun gözünə əsrarəngiz göründüyü bilirik. Bilirik ki, o gecə gümüşü rəngli ağaclar səssiz bir nəğmə pıçıldaşırdılar. Bu nəğmədə dostluq var idi. Və küçələr, uzun qutucuqlara bənzəyən bu küçələr, və evlər həmin qutucuqların içindəki kiçik oyuncaqlardan başqa nə idi ki?!
İndisə həmin gecənin sonsuz romantikası Dələduzun yolda qarşılaşdığı sevgilisini kifayər qədər alovlu hisslərə malik olmadığı bəhanəsilə geri çevirdiyi Herr Meirlə pozmaq istəyirəm. Bu Meir arzularını reallaşdırmaq mövzusunda kifayət qədər uğursuz biri idi. Sevgilisinin ayaqları altına qapanmağını dəfələrlə dilə gətirsə də qızcığaz artıq bu gəncin gəvəzəliklərindən zara gəlmiş, onun bu davranışlarına ikrah duymağa başlamışdı. Bəli, həqiqətən kiminsə ayağına düşüb yalvarmaq yalvarandan daha çox yalvarılana əzab verər, onu əlavə duyğularla yükləyər ki, bu duyğuların heç birində saflıq yoxdur. Sözün qısası, Meirin sevgilisi bu gəncin ovuclarına sevgi qırıntılarından başqa bir şey qoymağa razı deyildi və Meir, nəhəng alovun həsrətiylə yanan birisi indi kül dənələri iləmi ovuncaqdı? Meirin ruhu bu qırıntılarla doyardımı, əlbəttə ki yox. Və bütün bu bədbəxtliyin qarşısında Meir hər yolu tutaraq həmin qızcığazın ayaqqabısını öpəcək qədər irəli getmişdi ki, indi bunları birər-birər bizim Dələduza danışaraq ondan məsləhət və mərhəmət umur, artıq sahibəsinin lazımsız işvələrindən cana yığıldığından səmimiliklə danışırdı. Dələduz, hər zamankı Dələduz isə öz qırmızılığı ilə bu üsyan həddində olan canayığılmanın əbəs olduğu haqqında bir iki cəsarətli söz dedikdən sonra, qızcığazı tərifləməyə başlayaraq Meirin onu sevməsinin ən təbii haqq olduğunu bəyan etdikdən sonra, növbəti cəsarət dalğası onun ətrafın sardı və açıqsözlü Dələduz artıq sözlər dənizində itkin bir yolçuya çevrildi. Ağzından amerikansayağı sevgilərə xas ifadələr çıxır, amerikansayağı bir sevgidə tələb olunan cəsarətin dozasının çoxluğundan şikayət edərək, Meiri gözləyən fədakarlıqların çox böyük olduğunu, hərçənd sevgisini bildirmədən yaşamağın, ayaqqabı öpməkdən daha ali bir mövqedə dayandığını bir peyğəmbər kimi bəyan edir, qadının onu darıxdırıcı hesab etməyinin anlaşılan bir hal olduğunu, Meirin cəsarətinin əslində cəsarətsizlik olduğunu, bu cəsarətin dayazlıqdan başqa bir şey olmadığını ən yumşaq sözlərlə vurğulayırdı. Bəli, sevgidə alovlu bir bolşevik kimi özünü görən Meir artıq zavalli, bütün dünyadan xəbərsiz qurbanlıq bir piyadaya çevrilmişdi və bütün bu sözlər Meirin aşiq və cəsarətsiz qəlbinə küt bir bıçaq kimi sancıldıqca araya soyuqluğun rüzgarları girdi. Odur ki, ikisinə də sağollaşıb yollarını ayırması çox çəkmədi.
İndisə qaşıqlı qadın yaxud da ki dul haqqında danışaq. Bəli bu dul olduqca əziyyətli bir evlilik yaşamışdı. İrəlidə çox güman sizə bu evlilik haqqında ətraflı bir raport təqdim edəcəm. İndisə Dələduz və Vandaya qayıdaq. Bu söhbətin ertəsi gün Dələduz yenə də vandanın evinin qarşısında ağac olmağa getmişdi. Həmin gün Vandanın bir çox rəfiqələri onlara qonaq gəldiyindən bu ağac Vandanın həmin qonaqlar münasibətilə yaxşı vaxt keçirdiyinə ümid edir və bu ümidlə canı könüldən sevinirdi. Hələ bir melodiyaya diqqət kəsilin, yəqin rəqs edirlər. Bax Dələduz da elə bu cür düşünərək xoşbəxtlyin rəqsini görmək üçün bağça hasarına yaxınlaşaraq barmaq uclarında dayanmışdı. Əlbəttə, taxta hasar da bu həyəcana tab gətiməyərək qəfildən aşmış, Dələduz isə bu hadisədən dərhal sonra kazinolardan birinin yolunu tutmuşdu. Bu aşmış taxta hasarın Vandanın sonu olduğunu düşünün. Amma onu deyim ki, həmin hadisənin ertəsi günü Dələduz həmin kazinoda Dələduzun nəzərində əsl sənət göstərən qadına mirvarilər, cürbəcür muncuqlar göndərməyə başlamış, bu hədiyyələrin yanına yazdığı kiçik qeyd də sənətçi tərəfindən soyuqqanlı bir mülayimliklə cavablandırılmışdı. Bu arada sizin üçün bir şeyi də əlavə edim ki, Dələduz Vandaya belə bir hədiyyə göndərməyə heç bir zaman cəsarət etməmişdi. Bəlkə də mənim cəsarətsizlik adlandırdığım bir az ağılsızlıq və unutqanlıq idi. Hərçənd.
Dələduz təxminən iki il əvvəl bir axşam saat 5 ilə 6 arasında 50 frank ödədikdən sonra şəhərimizdə yerləşən vodevillərin birində yerini almışdı. Biz bu vodevil macərasına bir insanın öz xəsisliyini sübut edəcək bir macəra kimi baxmaqdan uzağıq. Amma bu vodevillərdə yer alan qadınlardan da danışmasaq onların sənətçi ruhuna, yaxud sizin bu sənətçi ruhdan təsirləndiyinizi düşünən dünyagörüşlərinə, həmçinin bu dünyagörüşündən doğulan və yanınızda oturub bir qədəh şampan şərabı içməyi istəmək kimi arzularına xəyanət etmiş olarıq. Əlbəttə onların sizə yaxınlaşması hansısa cansıxıntısı, susuzluq yaxud aclıq kimi rasional səbəblərdən olmur, sadəcə bu məxluqlar məsumluqla sizin onlara bir qədəh şampan şərabı ikram edəcəyinizə inanırlar. Bu bütün vodevillərdə belədir. Siz onları qınamayın. Onlar haqqında bir az da danışsaq deyə bilərik ki bu sənətçilər şokolada, xüsusən vodevilin barına qazanc gətirəcək şokolada vurğundurlar. Əlbəttə təkcə şokolada yox, sizin onlara baxışınızdakı heyranlıq bu gözəlçələrin sizdən siqaret təminatçısı kimi istifadə etməyinə də şərait yaradır ki, onların bu istəyi dilə gətirərkən özinamları sizin necə məsum quzu-qurd oyununda olduğunuzu dərk etmənizə əlbət böyük bir əngəl olur. Əlbəttə, şampan şərabı, şokolad, bir qutu siqaret bara yetəri qədər borclandığınızın göstəricisidir və nə fərqi var, artıq ətrafınızda həyat qaynayan hər şey sizi sevməyə başlamışdır. Salona baxarsınız. Salonda hamı var, ofis isçiləri, kimyaçılar, fermerlər, zabitlər. İmpressarionun isə öz vəzifəsinə uyğun olaraq, özünəməxsus adi sözlərlə gah sənətçiləri, gah da ki qonaqları bu çalçağırda fəallığa dəvət etdiyini görərsiniz. İmpressarionun keçəl olub-olmaması müzakirə mövzusuna çevrilir. Keçəlliyinin nəzakəti ilə necə mehriban bir uyum sağlayacağı əsas sual obyektidir və siz bütün bu görüntülərin qarşılığında həmin yerdə əgər həmin məkan üçün kifayət qədər tanınmış bir qadınla yanaşı dayanmısınızsa deməli siz əsl örnək alınası şəxs olmusunuz. Deməli, Bu örnək olmanın gətirdiyi məşhurluqla tezliklə ətrafınızı bir qalabalıq bürüyəcək ki, həmin qalabalıqda olanların sizə bir tanrı kimi davranması sizin haqlı olaraq özünüzü dünyanın mərkəzinə qoymağınızla nəticələnəcək. Eybi yox, qoy bu mərkəzçilik sizin portmanatınızla birbaşa əlaqəli olsun, amma yenə də gözəldir elə deyilmi? Ah, bu şöhrətpərəstlər və Dələduz. Müğənni qadının möhtəşəm ifası. Bu qadın o qədər cazibədar idi ki, onun səhnəyə çıxışı belə Dələduzu vəcdə gətirmişdi. Dələduz aristokrat simasına xoş bir təbəssüm yayılmış halda müğənninin dodaqlarından tökülən bal kimi misralara qulaq asır, müğənninin hər hərəkətini qalibanə bir “mükəmmməl” nidası ilə qarşılayırdı. Ətrafındakı hər şey birdən-birə sonsuz bir enerjiylə dolmuşdu sanki, şişirtmə sözlər ilahəsinin yatağında məmnuniyyətlə qurdalanan Dələduzun bu məmnunluğundan doğulan işığı yalnız dəniz fənərlərinin parlaqlığı ilə müqayisə oluna bilərdi. Əlbəttə bu anlarda müğənninin ona həyəcanlanmadığını, sakit dayandığını da demək yerinə düşər, hərçənd müğənninin belə söyləməyinə səbəb Dələduzun məmnunluqdan əlavə həddindən artıq laubali bir davranış gösətərək onun belinə sarılması olmuşdu. Bu qucaqlaşmanı bir görsəydiniz kaş. Necə də anidən olmuşdu, necə də səmimiliklə qaynayıb daşırdı bu qucaqlaşmşa. Və bu anda Dələduzun özünə daha yaxın, sanki bir vücud kimi hiss etdiyi müğənni, ilahələşmiş müğənni, saçlarındakı darağa belə müqəddəslik haləsi yapışdıran müğənni. Sonrasında isə vodevilin səhnəsində axıb gedən bərəkətli zaman, bu bərəkətdən doyunca dadan Dələduz, ətrafa yayılan şən qəhqəhələr, bu qəhqəhələrin həyəcanı içində qəfildən, mexaniki tanrı kimi sizə yaxınlaşan və ən ucuzu iki, ən bahası beş franklıq gülləri satmaq istəyən, bu təmənnasının utancaqlığı ilə hərəkətlərində incə bir uyum olan çicəkçi qız. Və siz, çiçəkçi qızı sevindirmək xəzinənizi, portmanatızı yükləməkdən daha ali bir işdir deyən bir dinləyici. Qadınların tələblərini yerinə yetirmək necə gözəl bir duyğudur. Xüsusən bu tələblərin yerinə yetirilməsi qadının gözəlliyi ilə əlaqəlidirsə. Qadınlar biz onlara gözəlsiniz deyəndə bizi necə sevirlər, bil bilsəniz. Qadınların gözəlliklərini sübut etmək üçün hər şey etmək mübahdır. Qoy, bu yolda sizin bu kiçik vodevildə sərvətiniz tükənərək portmanatız boş qalsın. Eybi yox, qızıl qol düymələriniz yoxdurmu, yaxud qızıl saatınız? Çəkinməyin, onları da bir günlük qurban verin bu vodevildəki şən qaıdnların gözəlliklərinə. Onsuz da sabah hava necə olursa-olsun buraya qayıdıb qoyduğunuz girovları geri götürəcəksiniz. Çəkinməyin, hər şeyinizi qurban verin şəhər teatrının işçilərinin paxıllıqla baxdığı bu vodevilin gözəl və şən qadınlarına. Qoyun bu zümrə digər bütün zümrələrdən daha ali dayanmaqda davam etsin, imkan yaradın bu zümrəyə hamı xanıməllilər olaraq baxsın. Qoyun başqa hami, bu vodevillərin qadınları qədər pul qazanmayan hamı həsədlərindən paramparça olsun. Ah, insanların həsədləri. Şillerin zamanından özünü göstərən bu həsəd, cəmiyyətin qrupları arasında qızğınlıqla davam edən bu həsəd müharibəsi həmişə davam etsin. Ah, insanların paxıllığı, icanəzilə məni nankor elan edən lovğa birisindən danışım. Eh, insanların eqolarının qurbanı olması necə də ağrılı haldır. Hamımız öz qüsurlarımızın cəzasını digərlərinin çəkməsini istəyirik, halbuki digərlərinin vəzifəsi bizim qüsurlarımızdan törəyən məmnuniyyətsizliklərlə boğuşmaq deyil. Biz digərləri ilə keçinə bilməyi öyrənməliyik. Bəzən insanlar məhəllədə yaxud bir yeməkxanada məni gördükləri halda mənimlə salamlaşmazlar, halbuki elə ilk baxışdan onların bütün bu laqeydliklərinin laqeydliyimə cavab reaksiyası olduğunu anlayıram ki, bu anlamada da dərin bir təəssüf yatır. Təəssüfmü? Bunu da düşünmək lazımdır. Bəzən insanı ən çox yoran şey heyranlarının hörmət bəyanlarıdır, bu bəyanlardan daha çox insan həyatını dözülməz edən nəsə varmı? Hə, bir də bəzi insanlar var ki, sənin daha canlı, daha həyat dolu, yaxud da daha sakit, daha üzüntülü, yaxud da daha uşaqcasına, daha yetişkin görsəndiyin bir anda qəfildən masanda peyda olarlar. Müəyyən mənada Dələduzun da bu tip insanlardan olduğunu söyləyə bilərəm. Bunu elə-belə demirəm. Əgər elə olmasaydı Dələduz dul qadının oturduğu masada qalan qırın-qırtıqları necə silib-süpürə bilərdi. Ah, necə də rüsvayçı bir etiraf oldu. Belə gözəl bir dəliqanlını insan neçə bu qədər təhrif edə bilər axı? Bəs bunlar həqiqətdisə necə? Bu etiraf elə Dələduzun təhrifidirmi? Əsla!
Bildiyiniz kimi, Dələduz, öz doğma vətəninə, İsveçrə cəmiyyətinə, yaxud başqa növ bütün cəmiyyətlərin əlinə sənədli bir yaşam hekayəsi verməkdən daima qaçınmışdır. Bəli Dələduz çardaqda xarratlığı və sözlərlə işləyərək, sözlərdən, hərflərdən yeni anlamlar yaratmağı digər bütün sənədli işlərdən üstün tutur, taxtaları doğrayıb rəndələmək qarşılığında dul qadın tərəfindən qadının “Vous etes charmant” sözlərinin müşayiəti ilə itpayı qarşısına atılan ikindi vaxtının əvəzedilməz cütlüyü olan bir şüşə pivə və “leberwurst”a dərin bir ehtiram bəsləyirdi. Qadın gəncliyində çoxlarına əbləh kimi görsəndiyini danışmışdı Dələduza. Bununla belə aralarındakı söhbətlər zamanı əbləh gəncliyi olan bu qadın hansısa maviqanlı biri kimi əda ilə oturarkən, Dələduz bir qulluqçu nəzakəti ilə, iri bir taxta udmuş kimi dimdik dayanardı. Hərçənd bir dəfə Dələduz da qadının rokoko üslublu çöhrəsinə baxarkən oturmaq ağlına gəlmiş, lakin elə ilk cəhddə də ağzının payını almışdı. Qadın yaraşdırmamışdı ona bu nəzakətsizliyi və sonrasında Dələduz da haqq vermişdi həmin bu rokoko sifətliyə. Dələduzun duruş mədəniyyətindən yazı və oxu mədəniyyətinə atlasaq onu qeyd edə bilərik ki, Dələduz bir neçə dəfə üzərində səylə çalışdığı, nizama salınmış, üslub və ruh olaraq fikir nisbətinin incəliklə bölüşdürüldüyü yazılarından bir neçəsini dul qadına oxumuşdu. Dələduzun ən böyük zövqlərindən biri də elə anlatmaq, oxumaq idi. Bilmədiyiniz kimi dul qadın şapkaların satıldığı bir butik işlədirdi ki, elə hər gün bu bu-tikə baş çəkən Dələduz dulu görməkdən daha ziyadə amalı elə ona nəsə danışmaq idi. Bəzən bu söhbətlər dulun zərif, kiçicik, şirin, narın, sevimli, mehriban ayaqlarından düşərdi ki, Dələduz da bu ayaqlara şərqilər bəstələmişdi. Bu ayaqların qadının iyirmi yaşlarından daha möhtəşəm görsəndiyini də xatırlamamaq olmaz, bəli dulumuz elə bu ayaqlarla da evlilik adlı müqəddəs məbədə qədəmlərini basmışdı.
Sonra. Sonra Dələduzun bir axşam, təxminən saat on bir radələrində Orlean Bakirəsi haqqında bir söhbətin sonunda dul qadının öncəki axşamdan qalan çirkli, eyni zamanda pak qaşığı ilə hər sabah etdiyi hərəkəti qadına etiraf edəndə, qadın bu etirafa cavab olaraq günahlandırıcı bir susqunluğa, belə bir susqunluq tövrü halı yalnız orta əsr kraliçaların ədabaz duruşlarında müşahidə olunurdu, qərq olaraq, Dələduzun inciklik olaraq anladığı bir ifadə ilə arxasını Dələduza tərəf çevirərək, Dələduzun şirin yuxular, sakit gecələr adlı xəfif sözlərini tamam etinasız buraxaraq öz hərəminin ən məhrəm, ən sakit, eyni zamanda ən iffətli guşəsinə çəkilmişdi. Bu iffətli duruş qəhrəmanımıza necə də gözəl görsənmişdi. Bu duruş rəsm əsərinə çevrilməli, rəssamlıq incisi olmalıydı. Ah, qadının o anlarda dəhliz boyu yerişi, xətrinə dəyilmiş, amma bir o qədər də məğrur, eyni zamanda xoşallanmış yerişi bir gravürü xatırladırdı. Ah, qadınlar, onları sevdiyimizi üzlərinə etiraf etdiyimiz qadınlar necə də gözəl olurlar. Əlbəttə, bu etirafın Dələduzun yaddaşında hər yönü ilə mükəmməl bir skandal olaraq qaldığını deməyə ehtiyac yoxdur. Biz də Dələduza canı-könüldən bu rüsvayçılıqdan həzz almasını arzu edir, növbəti dəfə bildiririk ki, bizim bu sərsəri belə şeylərin ölüsüdür. Yox, tamam ölü deyil, ölüvay bir ölü desək daha yaxşı olar. Ah, qaşıq etirafı zamanı cəsarəti qarşısında titrəyən Dələduz. Bununla belə necə cəsarət tablosu görüntüsü vardı. Və bu dul qadın. Dünyada minlərlə bənzəri olan bir kişiylə evlənmiş bu qadın. Elə bir kişiylə evlənmişdi ki, o adam hamını xoşbəxt edə bilərdi. Amma bu xoşbəxtlikdən dul qadın faydalana bilməmişdi. Bu xoşbəxtlik ona çox uzaq görsənmişdi. Əcaba nədən? Bəlkə qadın həqiqətən əbləh idi? Sualmı? Yox qadın həqiqətən əbləh idi və içində yaşayan, zaman-zaman boy göstərən bu əbləhdən hətta qürur da duyur, onunla fəxr edirdi. Bəli, qadın cavanlığında əbləh kimi tanınmasından danışarkən tamamilə doğruçu idi. Bəli, bu əbləhlik dediyimiz şey çox zaman elə zərafət, incəliklə sıx bağlı olan bir şeydir, bəzən adama cazibədarlıq da qazandırır. Qadının əbləhliyi və cazibədarlığı həqiqətən bir-birini tamamlayan iki ünsür idi. Qadın əbləhliyi ilə cazibədar görsənirdi. Və bu keçmişin və indinin əbləh-cazibədarı Dələduzun etirafını müəllimin şagirdi bağışlama üsulu ilə bağışlamış qadın, qəhrəmanımıza qaşıq ilə bir dəfə gəncliyində xoşbəxt olmadığından danışmışdı. Xoşbəxt olmamaq bərabərdir ümidsiz ruh halı. Həqiqətən səfeh və əbləhlər bədbəxt ola bilərdilər-mi? Dələduz, böyük ürəkli, səmiyyət təcəllası bu adam bu sual üzərində uzun müddət baş sındırmışdı. Həqiqətən onun çevrəsi yalnız anlaşılmazlıq və evlilik romanlarındanmı ibarət idi? Bax, əsl sual elə bu idi. Və bir dəfə Dələduz qadından ərinin onu niyə xoşbəxt etmədiyini soruşsa da qadın bu sualın əsl cavabından vaz keçmiş, “Bunu sizə danışmaq istəmirəm, danışsam da anlamazdınız, hərçənd onu əlavə edə bilərəm ki, indilərdə evliliyimdə yaşadığım hadisələrə nəzər yetirəndə özümün də günahkar olduğumu görürəm” deməklə Dələduzu, maraqdan daha çox öyrənmə istəyi ilə alovlanan Dələduzu bu suala görə məzəmmət etmiş, onu bu uşaqcasına istəyinə görə günahlandırmış, sonrasında özü etiraf etsə də özünün keçmişindəki pis qadın obrazını silkələyərək atmaq istəmişdi. Dələduzsa pis qadın obrazına tərif verərək, bəzən insanın həddindən ziyadə yaxşı olmağının onun mənfi görüntüsünə səbəb olduğunu xatırlatmışdı. Həddindən ziyadə yaxşılığın səbəb olduğu mənfi insan obrazı. Bax bunu eşidərkən, qadın dərin bir inilti ilə susaraq Dürerin rəsm etdiyi qadın fiqurlarının birini əhatə edən sarı bir haləyə qovuşmuş, yəni müqəddəsləşmiş, bu anlarda gecəquşlarına məxsus ürkəklik, qaranlıq dənizlər üzərindən bir uçuş, bir qanad çırpıntısı, daxili aləmin qaranlıq dənizlərində həlak olan ümidsiz bir quşa dönmüşdü. Və təbii ki, qəhrəmanımız bundan sonra evlilik barədə nəsə öyrənə bilməmişdi. Səfeh adamların susqunluğa necə inadla sarıldığını bilməlisiniz. Bəli, bu səfeh adamlar nəzakət qaydalarının ən cəsarətli cəngavərləridir. Öz nəzakətlərini, inadkar bir keçi kimi, insanlara meydan oxuyurcasına sərgiləyən bu adamlar onlara qarşı olunmuş haqsızlıqları, onlara yapışdırılmış əbləh damğasını, məhz nəzakətləri ilə yavaş-yavaş, damla-damla yoxa çıxardarlar. Əbləhlərin bu içə batmış görüntüsünü bir daha xatırlayıb demək istəyirəm ki, bu sadəcə bir göstərgədir, aldatmacadır. Yoxsa siz hələ də onların öz ağrılarına aşiq olduqlarından, mazoxizm simptomlarından danışaraq, bu axmaqlıqlara inanacaqsınız? Etməyin belə. Bunu da əlavə edim ki, səfehlər xəyal dünyasının əla süvariləridir. Onların xəyalpərəstliyi dəhşətli dərəcədə ağır itkilərə səbəb olan bir döyüşdür. Yəni dediyim odur ki, qadının evliliyində onun bədbəxtliyə səbəb olan əsas şey qadın əbləhcəsinə evləndiyi adamın xarakteri haqqında qurduğu xəyallara: bu xəyallardan danışarkən qadının həmin adamın mülayim, güclü, kübar, cəngavər ruhlu, şən, sofu, sayğılı, zarafatcıl, ağıllı, geniş ürəkli, mərd, bütün şərtlərdə etibarlı, əylənməyi bacaran və əyləndirən, eyni zamanda çox ciddi, dindar eyni zamanda inancsız olması kimi xəyallara inanması və sonradan bütün bunları həmin adamda tapmaması da ola bilər. Həqiqətən, bəzən kiçik bir şey nəhəng bir bədbəxtlik doğura bilər. Və indi, ətrafın həmişəki kimi sükuta büründüyü, hər yanın dənizin dibi qədər sakit olduğu, bütün evlərin fövqəladə şəffaf bir suyun içində dalğalar kimi yüksəldiyi, dəyişkənlik və sabitliyin səssizcə pəncələşdiyi anlarda pəncərədən günəş vurduqca bu səfeh qadın, artıq tarixə çevrilməkdə olan şirin görüntüsünün müşayiəti ilə içində bir parça kolbasa olan kiçik bir tabağa baxdıqca yeni xəyallar qurur, xəyalların zamanla sülh anında tabaqdakı kolbasanı gəmirir, zavallı kolbasadan geriyə yalnız sonradan otaq xidmətçisi Dələduz tərəfindən sümürüləcək qabıq qalırdı. Yenə də Dələduzun bu həqarətli davranışını xatırlatdımsa da üzrlü bilin, axı bizim Dələduz da hərdən səfehlik etməyi özü üçün bir məşğələyə çevirib. Ah Dələduz, dayanmadan oxuduğu və təhkiyələrini təpədən-dırnağa qədər mənimsədiyi hamı tərəfindən bilinən romanların müxtəlif cildlərindən müxtəlif hekayələr oğurlayan Dələduz. Daim xoş bir ədayla hırıldayan Dələduz. Onun qadın haqqında şübhələri. Görəsən bu səfeh qadının dərdi nə idi? Bəlkə daxilindəki yarıkişi varlıq idi onu bədbəxt edən? Bəs nəyə görə birinci ərinə bu qədər tab gətirmişdi? Qadının öz ruhunu paramparça etməsinə səbəb nə idi? Eh, yaxşı ki indi yanında sevimli bir xidmətçi qız var. Yay aylarında onun ziyarətinə gələnlər xeyli çox olur və bu qız olmasa bu ziyarətçilərlə əlləşmək tamam müşkül olardı. Çox vaxt bəyazlara bürünən, söhbət Vaqnerdən düşəndə onu anlamadığını səmimiliklə etiraf edərək, Vaqanerdən baş açmaq üçün musiqi mütəxəssisi olmağın zərurətindən danışan, bir dəfə də Dələduzu axmaq bir ədabaz adlandıran sevimli bir qız. Nəysə, indi bizi növbəti bir şillə gözləyir. Qapazın haradan dəyəcəyini birazdan biləcəksiniz. Editi, isə bir müddət özünün yaşıl şapkası altında cilovlanan xürrəm görüntüsü ilə başbaşa buraxaq.
Bir müəllimə, şəhər sakinlərindən həqiqi bir müəllimə, yaxşı bir pedaqoq olmadığı, öz peşəsi haqqında heç bir bilgiyə yiyələnmədiyi haqqında alçaldıcı sözləri eşidib, öz qırılmış cəsarəti və ümidi ilə tamam yalnız qaldıqdan sonra bir qərara gəldi: “Əyalətə gedəcəyəm” Və həmin qadın əyalətin səssiz və sakit mühitində, əlbəttə ki, əyalət sakinlərinin onu özünü doğrultması üçün verdikləri zamanın və dəstəyin yardımı ilə özünü inkişaf etdirərək olduqca gözəl bir müəlliməyə çevrildi. “Əziz yerlilərim, bir-birinizi bu qədər alçaltmayın”. İnsanların sadəcə qüsurlarından danışmaq yaxşı vərdiş deyil, insanlara anlayışla yaxınlaşın. Əgər bunu edərsəniz çoxlu sayda sözün həqiqi mənasında etibarlı, çalışqan, məsud kişi və qadın vətəndaşlar qazanarsınız. Unutmayın ki, insan xidmət edərkən çevik, ittiham edərkən isə asta olmalıdır. Bir idarəetmə üsulu nə qədər diqqətli olsa bir o qədər yaxşıdır. Bundan əlavə rəhbərlik etmək və idarə etmək eyni anlama gəlməməlidir. Mükafatlandırarkən və cəzalandırarkən diqqət ən önəmli şərtdir. Tanrım, bir daha əsla qadınlar kafesinə getməyəcəm! Səbəbini sonra mütləq izah edəcəm. İndisə Dələduza qayıdıq. Dələduz, üç ay boyunca ümidsiz bir evlilik yaşayan və bu vaxtın sonunda arvadının onun qeyri-adiliklərinə, qəribəliklərinə kifayət qədər həssas yanaşmadığını anlayıb, arvadından boşanan başqa bir məktəb müəllimi ilə günəşin qovurucu təravətindən faydalanmaq üçün çəmənliklərə doğru gəzintiyə çıxmış, müəllimin “Sizə qarşı fövqəladə marağı varmış kimi davranan bu Professor Mükəmməl” haqqında sualına professorun dağları və gölü ovcunun içinə alan, anlaycağınız pitoresk mahiyyətindəki villasına işgüzar səfərindən, bu səfər zamanı baldırından onu dişləyən itin diş izlərindən duyduğu möhtərəm zövqdən danışmaqla cavab verərək, müəllimin “professorun Dələduza dəstək olub-olmaması haqqında bilmək istədiklərinə isə növbəti monoloqla qarşılıq verirdi. “Əziz müəllim, çox hörmətli professor hamıdan öncə özünə dəstək olur. Bu da qəbahətli bir şey deyil, özündəstək hamımızın fitrətindədir. Məsələn siz əgər özünüzə dəstəkçi olmasaydınız arvadınızda boşanmaq üçün əsla özünüzdə güc və səbəb tapmayacaqdınız. Bəli, siz özünüzü düşünməklə, sizə ziyan verəcək bir durumda yaşayıb gedərkən, özünüzə yazığınız gəldi və arvadınızdan ayrılmaq qərarına gəldiniz. Bu sizin özünüzə qarşı hiss etdiyiniz ali bir mərhəmət idi. Bəli siz necəsinizsə, professor Mükəmməl də elədi, o da özünə qarşı eyni nəzakət və qayğı ilə yanaşır. Hətta mən özüm, burada sizinlə söhbətləşən, çənəsini yoran mən belə, özümə olan inancımı bütün üsullara dimdik saxlamağa, şax saxlamağa çalışıram, çalışıram ki, sizdən və özümdən mənə ziyan gəlməsin, özlüyümü qoruyan şeylər daim sağlam qalsınlar.” Belə qısa və yaxşı sözlərə köklənmiş monoloqun ardından müəllim dilə gələrək yaşadığı anın Holderlinsayaq təravətindən bəhs edərək, Dələduzu yeni bir monoloqa sürüklədi. “İstisnalar və fərqliliklər.” Bütün istinsanlar və fərqliliklər bir-birilərinə mütənasib şəkildə inkişaf edirlər. Ruh hallarımız nə qədər ahəngdardısa yaşamımız bir o qədər harmonikdir. Eləcə də uğurlar, tanınmışlıq və s. Baxın, sizin olduqca hörmətli bildiyiniz professorun bu cür parlaq ulduza malik olması məni yalnız xoşbət edir. Demək istədiyim odur ki, başqalarının bizdən fərqliliklərini bizim inkişafımızın qarşısında əngəl kimi görən (əslində bu fərqliliklər heç bir zaman əngəl deyildir) üfunətlənmiş qoxu verən duyğulardan xilas olmağımız yeganə çıxış yolumuzdur. Bir yerlimizin uğurlu, mükəmməl biri olması həm də bizim uğurumuz, mükəmməlliyimiz üçün bir zəmindir. Bu zəmini yasaq kimi görən düşüncələrdən qurtulmaq gərəkdir. Bunu da əlavə edim ki, istisnalıq, seçilmişlik istisnalığı, fərqlilik, seçilmişlik fərqliliyi duyğusu da sabit bir duyğu, sabit bir yaşantı halı deyildir, bu anlayışlar zamana bağlı anlayışlardır və zaman keçdikcə öz qalıqlarını tamam itirərək sradan çıxıb yoxluğa qarışarlar. Bu yoxa çıxmaqda olan zərər ancaq faydalı olanın köhnəlməsində özünü göstərə bilər, yəni dediyim odur ki, bir xeyir necə bir ziyana çevrilirsə, bir ziyan da eyni dərəcədə xeyirləşdirilə bilər. Ona görə də bir başqasının seçilmişliyi, fərqliliyi əsla mənim ziyanıma işləməz, çünki daimi deyildir. Heç bir mükəmməlliyətçi düşüncə, mükəmməliyyətçi yaşam uzun müddət davam gətirməmişdir. Bütün mükəmməlçiliklər bir-birini təqib edib öldürər-lər. İnsanların bu gün mövzusu bir xeyir əməldisə sabah mövzuları tamam başqa xeyir əməl üzərində qurular. Bəli bütün bunlardan qurtulmaq lazımdır, yaşam cəhdlərimizə möhür vuran, onu qiymətləndirən əsl şey duyumumuzdur, həyatı duymaq qabiliyyətimizdir. Duyğularımız, başqalarına olan duyğularımız bir çox cəhətdən bizim düşmənləri-mizdir. Məsələn rəqiblərimizi götürək, əgər rəqiblərimizin yalnız onların dəyərindən çəkindiyimiz zaman bizim üçün təhlükəli olurlar. Halbuki bütün dəyərlər daimi təravətli qalmaq istəyirsə daim özü-özünü yıxmalı, daim yenilənməli, yəni dəyərsizliyini yaratmalıdır. Hər döyüş yenidən qazanılmağa məhkumdur.” Bu sözlərdən sonra müəllim bir daha aydın baxışlarla Dələduzu həmin vaxtlarda Rossbach Müharibəsi ərəfəsində Frederizus misalı tavan pəncərəsindən əngin boşluqları seyr etməsinə imkan yaradan bir otaqda yaşayan Dələduzu süzmüşdü. Bəli, bir zamanlar bir şəxs Dələduza oxuyub, tədqiq etməsi üçün Kuglerin “ geshicthe Friedrichs des Grosseni (Böyük Fridrixin tarixi) kitabı vermişdi və bizim Dələduz indi bu söhbət zamanı özünü Frederiuz kimi apararaq, Frederiuzçuluq oyunu oynayırdı. Eybi yox, gəlin bu oyunu Dələduza çox görməyək.
Bütün bu müşahidələr necə də yağ kimi ürəyimə yayılır. Yəqin ki, bu Dələduzda da belədir. Bu əsas həyat prinsiplərinə, fikir ayrılıqlarına fikir verin hələ. Sonra da bir Weggli satın almaqda yatan bu evdarlıq. Onu da deyim ki, Weggli,Stangeli,Ringli,Gipfeli müxtəlif soba məhsullarının adlarıdır. Və ağac kölgələri, necə də qəlbimizi rahatladır. Dünyada bütün yerlər yoxa çıxmış kimi bir meyxanada hərdəmxəyal birinin, bunların hamısı meyxanadadan meyxanaya sülənən simpelcheibe, yəni etibar edilməsi mümkün olmayan xarakterlərdir, böyük ehtimalla dumanlı bir başın düşüncəsinin sözlərini eşitdi Dələduz. Bu sözlər bir zarafat, bir lağ kimi eşidilirdi ona. Bəli bu sözlər danışan şəxsə düşdüyü labirintdən çıxış yolunu göstərirdi. İşləməyə həvəsi olmayanlar, adətən özlərini xilas etmək, asan yoldan bəraət qazanmaq üçün əslində kimsənin işləmə həvəsi ilə doğulmadığını iddia edərlər. Və Dələduz bu məchul şəxsin sözlərində uzun zamandır insanlar tərəfindən səbirsizliklə gözlənilən romanını Editin, sevdiyi qadının gözləri önündə, daha doğrusu onun işlədiyi yeməkxanada yazmağa niyyətləndiyini xatırladı. Necə də romantik bir qərar. Əlbbəttə, bu qərarın sonluğu gözlənilən kimi oldu, yəni olmadı. Və indi də Dələduza kefləri istədikləri kimi davranan gahdan ona kübarca salam verən, gah da ağız büzüb, arxalarını çevirən bu yeməkxana sahibləri. Hərçənd Dələduz bu müdirlərin əmrləri altında çalışan, müdirlərə padşah kimi baxan qızları daim ziyarət etməklə məşğuldur. Və əgər Dələduz bu ziyarətlərdə qızlara öyrədici və alçaldıcı baxışlarla baxarsa mütləq müdirlərin gözündə dəyər qazanmalıdır, başqa yolu yoxdur. Yox əgər Dələduz sevgisinə talib olan bu sevimli qızlara istiqanlı, sevgi dolu bir davranış sərgilədisə bax onda müdirlərin sifətləri alça turşusu kimi tumturş bir görüntü alır, həmin sifətlərdən rəddin və nifrətin dəbdəbəli portretləri asılırdı. Bir dəfə Dələduz bir qadının çamadanını lazım olan yerə qədər aparmış və bu lütfkarlığının qarşılığında əlcəkli bir əldəki bir frankla qarşılaşmışdı. Bu bir frank böyük nəzakət idi, eləcə də Dələduzun çamadan daşıması. Bu qarşılıqlı lütfkarlıq ikisini də məmnun etmişdi. Bütün zərif davranışlar ruhumuzu zərifləşdirər, biz təkcə kənardakı adamlarla yox, öz içimizdə özümüzə qarşı da zərifləşərik. İnsanların bizə göstərdiyi isti bir münasibət sifət cizgilərimizdə xoş bir görüntü kimi zühur edərək dərin izlər buraxar.
Dələduzun duş qəbul etməsindən danışaq indi də, həftədə bir dəfə təkrarlanan bu mərasim zamanı Dələduz fışqıran suyun altında hacıyatmaz oynayır, yıxılmağa az qalmış, amma heç bir zaman yıxılmayan bir rəqqasın oyununu, – su damcıları barmaq uclarından tutmuş bədəninin hər yanından axaraq müxtəlif ritmik görüntülər yaradırdı. Bu duş olayından darıxdım, bunu da saxlayaq sonraya. Bu arada, qadınlar kafesinə getməmə səbəblərimi də nəql edə bilərəm icazənizlə.
Orada Aargaulu bir qadın mənə, başdançıxaran bir musiqi sədalarının müşayiətilə sininin içində gənc “Goetheyi” təklif etmiş, mən də belə çırpınıb duran Goethe bir o qədər də inandırıcı olmadığından bu təklifi geri çevirmişdim. Ah, necə də dəhşətlidir! Bir kukla, bir oyuncaq, bir suvenir olaraq gənc Goethe! Təşəkkür edirəm qalsın! Bununla belə əgər mən günlərin birində, masama oturmuş bir Braziliyalı ilə söhbətə girişmiş olmasaydım həmin geriçevirmə qəbahəti mənim üçün ən ağrılı bir şey olardı, amma braziliyalı, beş yüzə yaxın zənciyə sahib olduğunu söyləyən braziliyalı qadın var. Mən onun bu beş yüz zəncisinə, həmin zəncilərin işləmək istəklərinə, itaət arzularına inanmadığımı söyləyəndə məni hər kəsin duyacağı şəkildə, ehtişamlı bir səs tonuyla tərbiyəsiz, dağar adlandıran braziliyalı qadın. Necə də dəhşətli pərtlik idi! Yıxılmışdım, məhv olmuşdum. Bəli şairi hacıyatmaz kimi müxtəlif tərəflərə əyilməyə məhkum bir oyuncaqdan ibarət görərək yarımağıl Gotheşünaslar, qəliblənmiş Afrika düşüncələri haqqında yarımyamalaq danışan boşboğazlar mənim müqvimətimi zara gətirmişdi. Mən daha ora gedə bilməzdim. Bu saxta zərifliyin hökm sürdüyü məkanlar mənim üçün itirilmiş cəhənnəm idi. İndisə pivəmi şəhərin aşağı məhəllərində qurtuldadıram və özümü daha yaxşı hiss edirəm. Eyni zamanda şəhərin yuxarı məhəllələrinə tərəf olan gəzintilərimi hərdən təkrarlayır, yoldan keçənlərin təkəbbürlü sözlərinə əhəmiyyət vermirəm. Heç əhəmiyyət vermirəm. Keçmişimdə təkəbbürlü, kibirli biri olduğumdan, xeyli sayda bu adda davranış sərgilədiyimdən bilirəm ki, cürətli ifadələr istifadə edən adam heç də həmin ifadələrin həyata keçməyinə, onların sözlərdən çıxıb yaşam olmasına maraqlı və bir o qədər də cəsur deyillər. Ah, bu boşboğaz təkəbbürçülər. İndi də Dələduzun görüşünə gələn maliyyə aləminin zati-aliləri, artıq Dələduzun düşdüyü yerlərə enirlər. O isə sakitdir, sükunətini səbrlə qoruyur. Eh, Dələduzun sükunəti indiki qələbə anında uşaqlıqda danlaq eşidəndə əzilib-büzülmüş halındakı sükunətindən heç nə ilə fərqlənmir. İndi isə, mövzumuz yayınmasın deyə bu maliyyəçiləri, sükutu bir kənara qoysaq hamımız üçün mütləq daha xeyirli olacaqdır.
Dələduz özünü əvvəllər yaşadığı digər başqa şəhərlərdən daha doğma hesab etdiyi şəhərimizdə keçən ilk ilində bir büroda, yəni Dövlət Arxivində bir müddət siyahıları hazırlamaqdan məsul məmur olaraq tər tökmüşdü. Bu müddətdə o bəzən kənardakı bəzi işlərə əl yetirməli olur, bazar günləri isə bir poçt göyərçini kimi ətraf ərazilərə uçur, meşələrin təpələrin üzərində qanad çırparaq özünə qonaqlaya biləcəyi bir yer axtarırdı. Bir sərsərini bir katib olaraq işlətmək qəribə hissdir deyə mızıldanmışdı bir dəfə müdiri. O müdir ki, Dələduz zaman tapdıqca onunla insan təbiəti üzərinə müxtəlif söhbətlər edir, bu söhbətlər əsnasında isə bəlkə, masa başında durmağın darıxdırıcılığından bezdiyin-dən olduqca kəsif fikirlər irəli sürür, həmin müdirsə dələduzu ümumi rifahın xeyri üçün çalışmaq istəməyən aciz və həris adamların sayı qədər sayğılı və düşüncəli insanların varlığı ilə təsəlli edirdi. Dələduz həmin dövrlərdə insanlarla didişməyi, insanların başının ətini yeməyi həyatda ən böyük zövq olaraq görən iki bacı və anadan ibarət Stalder ailəsi ilə birgə güzəran keçirməkdəydi. Dələduzun bu burjua qızlarından nəzakət qaydaları, baxış tərzi və s. bu kimi burjuaya uyğun davranışları mənimsəməsinə ümid olunsa da Dələduz bu qızlara inanmağı özünə təlqin edə bilməmişdi. Qızlar da qəribə idilər, gah qəhrəmanımızı xəsis adlandırır, gah onu şorgözlükdə günahlandırır, bəzən onun davranışlarının nankorluğundan şikayətlənir, bəzən də utancaqlığının cansıxıcı olduğunu dilə gətirirdilər. Amma ən əsası onları narahat edən şey Dələduzun qeyri-adi diqqətli yanaşma tərzi idi ki, bu tərz heç xoşlarına gəlmirdi. Bundan əlavə onunla vaxt keçirərək onun daxili rahatlığını pozmaqdan da xüsusi bir zövq alırdılar. Qısası, istəmirdilər ki, Dələduz özünü yaxşı, təravətli hiss etsin. Əlbəttə, onların bu davranışına hec çür haqq qazandırmaq olmaz. Bu arada siz də yəqin ki, Dələduzun tərəfini saxlamağıma təəccüblənmisiniz. Yox, mən bu ailə haqqında hələ çox danışa bilərəm. Əlbəttə, ədəb çərçivəsində. Dediyim kimi o dövrlərdə Dələduz çox səssiz bir həyat keçirir, çox da yorulurdu, bu iki axmaq gəvəzə qızın isə ondan istəkləri hər axşam dörd saat boyunca onlarla çənə-çənəyə verib zəvzəkləməkdən başqa bir şey deyildi. Dələduz bu qızları məmnun etmək üçün istəmədən də olsa vəziyyətə qatlanmalı olurdu. Bununla belə öz-özü ilə tək qalıb bir şeylər oxumaq üçün otağına çəkilmək qərarına gələndə yenə də qızlar tərəfdən əngəllərlə qarşılaşırdı ki, bu da qızların onun üstünə ağlagəlməz ittihamlar yağdırmasına səbəb olurdu. Məsələn olduqca pessimist, bədxah, darıxdırıcı biri olmaqla günahlandırılır, yaxud da özünün yabanı hərəkətləri ilə qızların zərafətini pozmağının heç də yaxşı hərəkət olmadığını eşitdirirdilər. Dələduzsa bütün bunlara sakitcə sinə gərir, yəni anlayacağınız üzrə, qızlara heç vaxt tam mənasında inana, etibar edə bilmir, eyni zamanda təhsilli biriləri olduqlarından bu qızlara sayğıda qüsur göstərmirdi. Hə, əlbəttə, Dələduzun qızlara sayğısı çox idi, amma eşq, aşiqliq, şeytanın başdan-çıxarması mövcud idimi Dələduzun qəlbində? Əsla! Dələduzun qızların içdən-içə istədiyi bu arzuya qapılmasına heç bir ehtimal yox idi. Qızlarsa boş oturmurdular, məsələn biri Dələduza çılpaq çiyinlərini göstərmişdi. Digəri isə daha da irəli gedərək masanın üzərinə çıxaraq Dələduz üçün bəzəkli alt paltarının naxışlarında pərilər aləminə bir səyahət təşkil etmişdi, əlbəttə ki bu səyahət, məhdud ölçülər və barsız sərhədlər daxilində baş tutmuşdu, yəni qadınaməxsus biclik içində göstərilmiş, yaxud göstərilməmişdi hər şey. Eyni zamanda qızların təkəbbürü də dəhşətli dərəcədə üfunətli idi. Məsələn, bir dəfə Dələduz qarson bir qızın məşhur bir polkovniklə evliliyindən bəhs edərkən, qızlar həm sevdikləri, həm də nifrət etdikləri orta sinif sayğınlığının zədələnmə-sindən dəhşətə gələrək, bu dəhşəti gizlətmək üçün isterik bir qəhqəhəyə boğmuşdular ətrafı. Qızlardan yaşca böyük olanı Jeremias Gotthelfi onun əmrinə təyin edilmiş kaval-ye, yaxud onu qorumaqla vəzifələnmiş bir qoruyucu mələk, yaxud da özünü onun obrazlarından biri hesab etdiyindən daima Gotthelfdən danışardı. Söylədiyinə görə ailə üzvləri Zürixə köçmüş amma orada ətrafda dolaşan Gotthelf obrazlarından heç birinə rast gəlmədiklərindən yenidən Bern kantonuna qayıtmağa məcbur olmuş, fəqət böyük diqqət və həssaslıqla axtarış etmələrinə baxmayaraq buralarda da Gotthelf obrazlarından heç birini tapa bilməmişdilər. Necə də məyusluqdur, deyilmi? Ah, Gotthlef obrazları nədir görəsən? Nəysə, irəlidəki söhbətlərdə bu ailəyə yenidən qayıdacağam. Onlar bu qayıtmağa layiqdirlər! Xüsusən, böyük qız! Özünün çalışqanlığı ilə Dələduzun diqqətini çəkməyə müvəffəq olmuş, eyni zamanda Dələduzda kamillikdən uzaq bir təəssürat yaratmış böyük qız. Dələduz tamam müstəqil tövrlərinə baxmayaraq bu qızı həddindən artıq asılı, zəncirli biri hesab edir, qızın özünü azad göstərməyə çalışdıqca bu zəncirlərə daha çox dolaşdığını düşünürdü. Qısası Dələduz bu qıza hörmət eləsə də ona qarşı heç bir cəzbetmə duymurdu. Bu
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?