Электронная библиотека » Sabir Əhmədli » » онлайн чтение - страница 2

Текст книги "Yasaq edilmiş oyun"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Sabir Əhmədli


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Sözün lap yeriydi, Cəmşid özünü güclə saxladı. Arada “Laldinməz” deyişməsi başladı:

“-Quğuldayan, səda qoparan xoruzdu. Odur, Hətəmxanın taxtının ayağında bağlanıb. O bizi görür, biz onu görmürük.

–Bunu Hətəmxana sübut edə bilərikmi, quğuldayan xoruzdu? O, səs çıxarıb. Xoruz sənindi, özü də adamcan ağlıkəsən bir xoruzdu. Onun ağır-yüngül bütün taxsırı sənin boynuna düşür. Cəzanı özün seç.

Cəmşid:

–Deyimmi mən, dillənim, Hətəmxanı çağırımmı?

Xəlil padşah:

–Əsla!

Mürşüd kişi:

–Yaxşı bəs niyə qalxıb getmirik?

Cəmşid vəzir:

–Sən icazə ver, mən onu dolaşdırım.

Xəlil padşah:

–Bir az döz”.

Xoruz taxtın ayağında gəzinməyə başladı. Hətəmxan dənnik səmtdən dolanıb, bunlara yavuqlaşdı. O da bunları güdürdü, daldala girələnir, tayı qoyub, xaşanı götürürdü, güya başı qatışıqdı. Bunlardan biri dillənsə, ucadan səslənib açıqca söhbətə keçsə də, Hətəmxan eşitməyəcək, qulağı almayacaqdı.

“Siz Hətəmxanı yaxşı tanımırsınız!– Mürşüd kişi anlatdı. –Onun bayaqdan bəri dənniklə təhnə arasında vurnuxmağının mayası var. Odur ki, bircə kəlmə söz çıxaraq ağzımızdan. Dərhal üstümüzə atılacaq. “Özümqaldı”, “Mənqaldım” deyib çırtıq çalacaq. Bununla da əlimizdən çıxacaq”. Şərt belədi; oyunbaşının və ya əlaltıların harda, hansı güzarda qaydanı pozduğunu görüb tutan kəs belə bir üstünlük qazanır, yasaq-qadağa ona toxunmurdu.

Mürşüd kişinin səssizcə söylədiyi söz ağlabatandı. Hətəmxan oyunu çevirə bilər, itaətdən qurtulardı. Hətəmxan bunumu güdürdü, yoxsa qaramat xosmada laldinməz davranmağa elə alışmışdı, oyun şərti heç onun eyninə gəlmirdi? Dəyirman belə idi, buradakılar axı çax-çax çaqqıltısından, qol-qanad cırıltısından, nərilti-gurultudan başdan-binadan bir-biriylə him-cimlə, qaş-gözlə anlaşmağa öyrəşmişdilər. “Laldinməz” əsl dəyirmançı diliydi. Gər Xəlil “Laldinməz” çəkişməsini burada, Hətəmxandan heç cür uda bilməz, özləricə birinci dillənib, şərti pozub, günün siftəsində, oyunun başlanğıcında bir qızıl-qırmızı xal itirərdilər.

Qalxdılar ayağa. Taxtın ayağından, qaranlıqdan xoruz yenə quğuldadı, Hətəmxanın əvəzindən: “Ya mədəd! Məndən uzaq!”– deyib, onları eşiyə basdı. Geridən Hətəmxan astaca, xımır-xımır gəlirdi. Undan, unlu adamdam çıxan hənir də axı boğulur, dillənsə də, əyin-başına hopmuş bir pud ələnti-ovuntudan eşidilməzdi.

Çıxdılar eşiyə, dəyirman qabağına. Nərdivan arx üstə eləcə uzanılı qalmışdı.Palaza sərilmiş taxıl hövsənirdi, car-cihazı boşalmış dəyirman kılıfından püskürən axar buğda unuyla qarışıq gəlirdi.Buradaca, bir yekə teşt tut altına, hazırca xəmirdi.Su onca unluydu ki, lap horra-xəşil. Oradan, divar altından qaralan kaha-gözdə, o gözün ağzıyla bir paqqıldayan suyun üzündə ələntidən başqa dən-düş, nar dənəsi buğda ,tək-tük qarğıdalı gəlir, dolanır,üzüb gedirdi.Yalmanı ağara-ağara çapan axarın coşğunluğuna dalıb, üçü də dayandı.Gölməçədə yenə qaz-ördək üzüşür,gözə can atır, un-dənə tamsınırdılar.Səs-sədadan, axar-coşardan ürküşüb həvəsiyir, oynayırdılar.Bu gözəl-göyçək quşların da cıqqırı çıxmır,tərtəmiz, çəhrayı pərdə-üzgəcli ayaqları azacıq şappıldamırdı.

Cəmşid Mürşüdə bir dümsük vurdu. O da çönüb buna baxdı. Qıllı qaşları altında qurşun təki işaran gözündən oxudu: “Bu qaz –ördəkdəmi o karsalanındı?”

“-Bilmək olmaz”.– dedi Mürşüd. Bunun da göy-ala gözündən dilinə gətirə bilmədiyi söz araşdı: “Tərpənək gedək. İşimiz hələ irəlidədi”.

Baxdılar arxa, əlləri üzülmüş təki başlarını qovzayıb, yuxarılara göz dikdilər. Hə, bu daxmanın üstü tamaşa imiş. Dəyirmanın torpaq damı yazın yaya adladığı gündə bir dirçəlmiş, bir göyərmişdi. Hətəmxanın başının bundan artıq taca– çələngə umusu olmazdı. Qaragöz, alyanaq lalələr boy verib qalxmış, Hətəmxanın içəridə seçilməyən xoruzunun pipiyindən qat-qat artıq qızarmışdı. Al lalələrin arasında yaşıl sarmaşıqlar saçaq-saçaq hörülüb sallanmışdı qapının qaşına. Damın üst çevrəsində güllər, çiçəklər, kalış-çayır,hacıqabıq, əvəlik kükrəyib, bunun yanında behiştin heç kandarı sayılmazdı.

Ağac nərdivanın samı sayaq , əyri-üyrü, amma möhkəm daraqlarının üstüylə arxı keçdilər. Düşdülər o taya. Beləliklə, Hətəmxanla üzülüşüb , üz tutdular padşahlığın özgə hüdudlarına. Yaxşı idi, yaxşı çıxmışdılar. Toqqanın altı əməllicə bərkimiş, ürəklərinə təpər gəlmiş, ovqat açılmışdı. Səhər-səhər dəyirmanda baş tutan naharda keçmiş bəy-xanın, yıxılmış padşahın görmədiyi bin-bərəkət, durum varmış. Ondan da bunlar güc almış, özlərinə gəlmişdilər. Boş qarınla, naharsız, öynəsiz nə bəy, nə xan! Birinci qarındı, toqqanın altıdı. Bütün hökm, fərman oradan başlayır, gedir uğuruna.

Günortayadək iki kərə Bazarbaşından düşüb Çinar altından çıxdılar,çaylağın qırağında dolandılar.Yenə qayıdıb cümə bazarının yerində, piştaxtaların böyründə duruş tapdılar.Hər şey öz qaydasıyla gedirdi. Milis nəfərlərindən Usubəliylə Şahverdi də bir yandan düşüb, aralıqda dolanırdılar.Arada bir Kamıyevin də kəhər at belində idarədən çıxıb, yal yuxarı dırmandığı göründü. Onun köhləni daxili işlər idarəsinin alt həyətində yəhərlənib, yola, qəsəbə arasına sürüləndə kişnərti qoparır,rəisin döyüş əməliyyatına ,kəndə-obaya yollandığını bildirirdi.BununHətəmxanın ları xoruzundan üstünlüyü onda idi ki, elin gözü qabağında,günün gün işığında kişnəyirdi; yoxsa dəyirmançının taxtının ayağına bağlanıb, oradan oğrunca quğuldamırdı.

Aşxana, dükan çörəkxana –hamısı öz işini dinməz-söyləməz görürdü.Burada elə bir çətinlik də duyulmurdu. Biri, bir adam salamı başıyla almış,astagəl yerişə keçmiş,yerdə qalanlar da o rüsumu götürmüşdü.Elə bil heç bir yasaq, qadağa qoyulmamışdı. Sadəcə, hamı sözü bir yerə qoymuşdu , bu gün heç kim səsini çıxarmasın.Bir gün kənd, qəsəbə səssiz dolansın. Bir günə nə var. Bunun bazar-dükana da heç bir əngəli sezilmirdi. Əksinə,xoş-beş, söz-söhbətə gedən vaxt işə, tərpənişə bağışlanırdı.

Qəsəbənin arası laldinməzdi, elə bil doğrudan , insanlıq söz-sovsuz doğulmuşdu. Bunda böyük bir asudəlik vardı.

Duyuqçular,soraqçılar yal-yamaca, qoyun-quzunun,mal-heyvanın dağılışdığı örüşlərə də baş çəkmişdilər.Qayıdıb əl-qolla Xəlilə çatdırmışdılar ki, nəinki çoban-çoluq, biçinçi, heç doğrusu, qoyun-quzu da mələşmir, mal da böyürmür. Bir sözlə, qəsəbə dilsiz, büsbütün səmirsizdi. Bunu təkcə oraya yozmaq olmazdı ki,küçə-meydanda Gər Xəlil, onun küdükçüləri,eləcə də Şahverdi və Usubəli də dolanırdı. Adamlar bəlkə bir də Kamıyev yoldaşın iki milis, bir əməliyyat müvəkkiliylə harayasa Arazqırağına yollandığını, özü də çox başılovlu getdiklərini görüb , özlərini yığışdırmışdılar. Bu da vardı, amma uşaqdan böyüyə, hətta dərs keçən, ağacların altında cəh-cəh vuran məktəblilərin də səslərini kəsdiyini , müəllimlərin susduğunu yalnız Şahverdi və Usubəlinin dolanmağıyla anlatmaq doğru sayılmazdı.Ona qalsa, məktəb də, müəllim də gərək milisin, Şahverdinin görünməyindən ilhamlanıb, ürəklənib sədalarını bir az da qaldıra idilər.

Şahverdiylə Usubəli özləri də heç cınqır çəkmir, yanaşı yeriyir,bir-biriylə kəlmə kəsmirdilər. Bunu onların yan-yörəsindən laldinməz ötüb keçənlər də görürdülər.Belə dilsizliyi asayış keşikçilərinə yalnız yuxarıdan, rəislikdən verilmiş əmr, göstəriş təki anlamaq azdı.Hər bir kəs, bağlarda dərsini qurtarıb dəstə-dəstə evə dönən uşaqlar,onların arasında geridə, irəlidə gedən müəllim və müəllimə -Nazlı da işi sezmişdilər.

Demək, Usubəli və Şahverdi də əmr altında özgə bir əmrə əməl edirdilər. Bu, altdakı səssiz-səmirsiz əmr rəis verənə bənzəmirdi.

Gər Xəlilin hökmünün gücü bax , bu halda göründü. Böyük sayğı-saymaqlıq başladı. Belə ki, məktəb-müəllim əlindən qurtarıb, özbaşına buraxılmış uşaqlar da bağarası cığırlarda, qəsəbənin tək küçəsində, çaylaq yolunda dünən-sırağagünkü qaçdı-qovduya, hay-haraya uymayıb evlərinə, həyətlərinə dərsdə müəllimin istədiklərindən qat-qat artıq bir səssizlik içində getdilər.İş o yerə çatdı ki, balalar, yuxarı sinifdə oxuyan böyük uşaqlar evə çatcaq doqqazdan ,darvazadan analarını dəhmərləyib çağırmadılar: “Acından öldüm! Tez yemək ver!”.Bunu belə görən nənə-ana da allahdan minnət çəkib dinmədi. Həndəvər-həyətlərdə də elə bil qurbağa gölünə daş atmışdılar.

Gər Xəlil, Cəmşidlə Mürşüd çıxıb getsə, gözə görünməsələr də, kimsə cınqırını çəkməyəcək, heç kim dil-dodaq tərpətməyəcəkdi. Lallıq həvəsinə, dilsizlik ovsununa elə qapanmışdılar, oradan istəsələr də qopa bilməyəcəkdilər.

Bazarbaşında toxtayan Üçlük –Gər Xəlil,əlaltıları sükunət tələbinə el-obanın beləcə əməl etməyindən xoşlanıb,özləri də kütlədən örnəklənib,günün birinci yarısını dilsiz, qaş-gözlə sovub dağılışdılar.Hər biri öz evinə yollandı, günorta naharını yesinlər. Bu işi İmaməli aşxanasında da görə bilərdilər. Ancaq orası vardı ki, İmaməli bunu sonra , hansı günahınsa bağışlanmağı sanar, ayağını bir az irəli qoya bilərdi.Onun dalısınca o biri, çayçı, çörəkçi də cızıqdan çıxar, hökmün sındığını söylərdi.Odur ki, Gər Xəlilin işarəsiylə günortanı hər biri öz daxmasında , öz süfrəsinin qırağında dinməz-söylməz əyləşməli, olan-olmazla doyub toxtamalıydı.Belə də elədilər.

Gün əyiləndə padşah-məmləkət çaylağın o tayında ,təpəsi pöhrələnmiş qoca gərlərin altında görünüb, bu tayı bələdlədi. Adamlar günorta öynəsini yemiş, axşam havasına çıxmışdı.Qoyun-quzu, mal-heyvan örüşdən üzü bəri dönüb, obaya yaxınlaşırdı. Yeyib içmiş kişilər çayxanada əyləşib, Çinar altda, tutların kölgəsində daş üstə oturub, şirin söhbətə, olub-olacaqdan söz açmağa həvəsimişdi.Gər Xəlil adamlarıyla bunu güdür, gözləyirdi.Heyhat, yağlı bozbaşdan, pitidən sinirib, şilədən hortladıb toqqanın altını bərkitmiş insan söz-gapa meydan verib,təpərli danışığa qoşulmaq əvəzinə, toxluqdan sustalmış, “Laldinməz”in lapca dərinliyinə quylanmışdı. İşin bu sayaq gedişi hey’ətin ürəyini açırdı. Bununla belə, hər hansı yasağa, qadağaya,qoyulmuş şərtə əlbir-dilbir əməl olunmağında bir sönüklük, durğunluq vardı. Oyun– gedişat onda maraqlı,dadlı-duzlu olur ki, kimsə bir nəfər, özünü unudan, yolundan azan bir kəs şərti pozsun, hamılıqla yeridilən işin əksinə getsin,tərs davransın.Bu oyundu, oyunun əsər-kəsəri, zəndi-zodu onda görünəcəkdi.Padşah əyanı da bəlkə şah olardı ki, belə bir kəs, bəndə düzcə onların gözü qarşısında ortaya çıxıb,özbaşınalıq törətsin.Cəza cəza yerində, Gər Xəlil və köməkçiləri cazaya layiq bildikləri zavallıya minnətdar olardılar.

Hamı da bunu gözləyirdi. Doğrudur,gündüz iki-üç yerdə pozunuqluq sezilmişdi. Cəmşid unutsa da, dinməz-söyləməz bir adam olan Mürşüdün yadından çıxmazdı: Mir Kazımın zümzüməsi,ceviz ağacı altında bir müəllimin naxışlı çubuğu oynatmaqla qalmayıb,ağacın ilişgəsindən asılmış xəritədə hansı məmləkətinsə adını,yerini göstərəndə dillənməsi. Bir də Nazlı müəllimənin uşaqlarla birlikdə,həm də tək-“sola”oxumağı.Lakin gün elə səssizcə əyilməş, ötmüşdü ki, kiçik bir xata üstündə yuxarıdakı adamları cəzalandırmaq istəsələr, bu yeni heyətin amansızlığı sayılacaqdı. Hələ tezdi, siftə başdan özünü qəddar göstərib,qayda-qanunu gözə soxmaq,əyləncə-oyundan bəhrələnmək sövqü təki də yozulardı.

Hər halda, “Laldinməz” sükunətinin bir dilavər ucundan pozulmağı maraqlı olardı,bunlar da bir güclərini sınardılar.

Tərpəndilər İmaməli aşxanasına. Aşxama hələ qalırdı, şam yeməyi başlamamışdı ki, deyələr, hə, aşxana tünlükdü,bunlar da güdükçü təki gəliblər, açıq qapını döyməyə. Amma gün sovuşur, şərt soyuyurdu.Şər qarışana doğru hər kəsin dili açıla bilərdi.Bəlkə heç Gər Xəlil də üstünü vurmazdı.Sabah, ertəsi bundan betər şərt yeridiləcəkdi.

Aralıq küçədən döndülər Çinar meydanına. Köhnə kərpic dükanların səkisiylə,biri qabaqda, ikisi geridə yönəldilər qəsəbənin ən dadlı, ən ləziz xörəklər bişən bucağına.

Aşxana büsbütün seyrəklikdi,mətbəx soyumuş,xörək qoxusu sozalıb sovulmuşdu. Cəmşid mətbəxin gözündən içərini bələdlədi, ocaq-pilitə üstə qomuşmuşiri-xırda qazanlar da susqundu, İmaməli görünmürdü.

Girdilər içəri.

O yanda, uzun palıd masanın başından çuxa-arxalıqla iki kişi əyləşmişdi. Papaq da başda. İki güllü kasanı qabaqlarına çəkib yeyirdilər. İş-güc adamı,tərəkəmə-çölçüydülər.Gəlmişdilər heyvanın gedər-getməz, dəyər-dəyməzini Çinarlı bazarından öyrənib bilsinlər.Başlarını aşağı salıb, girib çıxanla maraqlanmadan günortanın gecikmiş öynəsini başa vururdular.

Gər Xəlil torpaq döşəmənin ortasında dayandı. İmaməlinin əlaltısı Səfərəli piştaxta üstə ucalan zağar samovarın odluğunu qurdalayır,külü tökürdü.

–Salamun-əleykum!

Paho! Bütün gün ərzində eşitdikləri bircə bu səsdi. Özü də dalda-bucaqda yox, açıq-aşkar, üzbəsurət dillənmişdilər.İki gəlmə kişinin biri, o yandan üzü bəri oturan,başını kasadan azacıq qaldırıb doğrulmuş, qızıl-qumral papaqlı, sarı uzunboğaz çəkməli,əynində yaşıl mahud frenc olan Gər Xəlili görmüş, çörək üstdən ayağa qalxmadan, bu da qayda idi,yerindəcə onu salamlamışdı.

Gəlmə olmağına gəlmə idi.Yoxsa,necə varlı-hallı adam olsa da,bu qələti eləyə bilməzdi. Qonağa yasaq-qadağa düşmürdü, məhkəməyə, qazıya çəkilsə də,üzürlü sanıb buraxacaqdılar. Bəs o sayaq, kişiyana, sayğılı salamı almamaq, ödəncsiz buraxmaq necə?

Gər Xəlil kişinin səsini unudub,onu dərindən dərinə süzdü. Beləcə, bir-birinə baxdılar. Kişi daha dillənmədi. Dedi,Xəlil tanınmış adamdı, ad-sanlıdı. Onların daş– torpağında çox atışıb, at oynadıb. O bunu tanımaya bilər. Salamını da hələ almır,götür-qoy eləyir:kimsən, nəçisən. Sən məni tanıdın,amma mən sənin yer-yurdunu bilmirəm.Baxmalı,yoxlamalı, tanıyıb biləndən sonra salamı da qaytarmalıyam.

Qonaq bir də qımzandı, daha nə isə söyləmək istəyəndə, qazanların arasından İmaməli çıxıb, özün atdı bunların arasına. Elə pörtmüş, təntimişdi ki,qonaq dedi,bəs böyük bir xəta baş verib;nədir-anlamadı,şaşırıb o da susdu.

İmaməli kişi, əmələsi Səfərəli qonaqların qabağındakı qabları boş-dolu götürdülər,çörəyi yığışdırdılar. Tərəkəmə xörəkdən sonra çay içmir,su içir. Su da odur, on addımlıqda çinar altından bir kəhriz axır, adam aparır: “Get, orada qarnın lıqqıldayınca iç , sən də yanındakı bu quşgötürəndə. Amma buradan indicə tərpənin, çıxın. Pulu da atın oraya, siməvarın böyrünə, lap istəyirsən at odluğa. Qalxın! Varlı-karlı kişisən, amma sən o halal duz-çörək, dur burdan əkil. Məni zibilə salma!”

İmaməlinin bu sözlərini qonaq elə aydın aldı ki, sözlə desə, bunca anlamazdı. Yerindəncə qalxdı, ardınca aradakı salam-kalamdan ürkmüş yoldaşı da qalxdı. Papaqlarını başlarına bərkidib,arxalıq çuxanın ətək-ütəyini sığallayıb,samovarın böyründəki siniyə bir üçlük atıb çıxdılar eşiyə. Geri baxmadan ayaq alıb tərpəndilər başyuxarı, cümə meydanına .

Qaldı İmaməli, Səfərəli; Xəlil və Mürşüd-Cəmşidlə üz-üzə, qabaq-qarşı! “Laldinməz” içində gözlərini bir-birinə dikib laldinməz baxışdılar. Hələ-hələ heç nə andırmadan susdular. Səfərəli qınına çəkilib, işin nə yolla bitəcəyini kirimişcə gözlədi. Baş aşpaz,aşxana yiyəsi onun da başçısıydı.Əmələni dəqiqəbaşı buyuran , yorub yortan ağasının indi əli-qolu yanına düşmüş,qul kökündə yerindəcə mıxlanıb qalmağı,cıqqır çəkmədən donmağı şəyirdə bir ara xoş gəlsə də , onun da qığlığı qurumuşdu. Qorxurdu gerisindən.Aşxana bəyini, onun öz ağasını gözləyən cəzadan. Şəbədəsi buna da toxunacaqdı.Ağa ilə nökərin, usta ilə şəyirdin eyin bir cəzaya layiq görülüb,həmin kəsməni birgə çəkməkləri canayatandı.Səfərəlinin ustası çox ilişgədən salamat qurtarmış, aşxanasının əlindən alınacağı halda,bunu da Hətəmxan təki öz yerində saxlamışdılar.Belə bir ehtiram –etibara layiq görülmüş İmaməli ağasının ondan qurtarıb,bunda ilişməyi qan qaraldan işdi.

İmaməlinin ,doğrudan, qanı elə qaralmışdı,kabab tikəsində qaysaqlanmış köz qırığı təki. “Laldinməz” içində lal baxışma bitdi. Baş vermiş xata,aşpazın suçu hər ikisinə aydındır. İmaməli kişi onu gözləyən tənbehin birdən vurub kəlləçarxa çıxmağından qorxub, cəzanı yüngülləşdirmək, qurtulmaq ümidiylə, əlbəttə, səs çıxarmadan, baxışı ilə dedi:

“-Mən neyləyim? Tanımadığım, bilmədiyim adamı. Gəlib oturub, bir loxma çörək yedi.Bilmir, soraqsızdı,bizim yerin oyun-məzəlliyindən”.

Cəmşid lələ Xəlil padşahı bu boş danışığa, özünü duruya çıxarmaq istəyən İmaməlinin çırpıntısına uymağa qoymadı. Elə İmaməlinin tərzində, əlbəttə, səssiz-sözsüz başa saldı:

“– O bilmir,sən bilirsən. İş pozquntu sənin dükanında baş verib. Ona görə də onun cəriməsi, cəzası büsbütün, artıqlamasıyla sənin boynuna düşür. Yalvar ki, dükanın ortasından təpəsiüstə asılmayasan! Sənə bütün qəsəbənin gözü qabağında bu qazanların hamısının bircə-bircə dibini yalatmasaq,allahına min şükür”.

İmaməli aşpaz başını əydi: “Boynum qıldan nazikdir”.

Cəmşid çənəsini atıb ,başını buladı: “Cəzandı çək!”

Mürşüd kişi insaflıydı,o, gözünü aşxananın torpaq suvağından çəkmədən bildirdi:

“– Səhərkən biz burdan ötəndə də, əlindəki kəfgiri oxudurdun!”.

İmaməli mətbəxə cumdu.Dəlmə-deşik plov kəfgirini qapıb gəldi,tutdu bunların gözü qabağına.

Gər Xəlil gözünün ucuyla kəfgirə baxıb,üz döndərdi. Cəmşid kəfgiri onun əlindən dartıb aldı, o üz-bu üzünə çevirdi: Az qaldı İmaməlinin təpəsinə çırpsın: “Buydu sənin səhər əlindəki kəfgir,ay imansız?! Bu, plov kəfgiridi,hələ bu gün işlənməyib. Sənin əlindəki bozbaş kəgiriydi,onunla qazanın kəfini götürürdün”.

İmaməli gördü,laldinməz danışdıqca ilişəcək. Odur ki, “yaxşı”,dedi,him-cimlə; gah qaşının birini qaldırdı,gah o birini, gah gözünü bərəltdi, gah ovurdunu şişirtdi. Bu yerdə az qalmışdı, lap belə yekə bir qələtə yol versin. Ovurdu dolanda , necə ki, balabançı züy tutanda ovurdu şişir,içərisi bir hıqqıldayır,bax, eləcə bir hıqqıltı qopdu. Bayaqkı,qonağın törətdiyi yalandı,heçdi. Bunun bircə sədası eşidildimi,qurtardı.O birini buraxıb, bundan yapışacaq,tərsləşib bütün acı-ağrını bu birinci günün “Laldinməz” ində qoyacaqdılar belinə.

İmaməli gözünü bunlardan ayırıb,dükan-aşxananın bircə gözündən eşiyə,aşağı aşağının yuxarısına baxdı.Bununla o, əsla ayrı söz çatdırmaq istəmirdi. Amma belə duyuldu: “Oranı unutmayın . Çinar altından o yana-bu yana.Kamıyev, Gəldiyev,Verdiyev yoldaşların şamı,şam yeməyi buradan gedir. Mən indi onlara firni, şüyüd-plov tədarükündəyəm,yüngül yatsınlar”.

Bunu qananda,cin vurdu Xəlilin təpəsinə: “Oranı bizim gözümə soxma. Ora oradı,bura da bura . Adamın dədəsini bu qazan– qaşıq qarışıq dalına şəlləyənlər, gündüzün gündüzündə bazaraşağı-bazaryuxarı qovarlar”.

Doğrudur, bunların elə cəzası ola bilərdi,qolu qandallı dustaq bucağı muştuluq sayılardı.

“Sən sağ, biz salamat!”

“Buyurun gedin.Allah mərdimazarın evin yıxsın.Motalpapaq köpəkoğlunun bir salamının girinə keçdim. Nə deyirəm,haçan , harda , nə cəza…”

"Onu sənə fərraş,duyuqçu,onbaşı çatdıracaq,biləssən".

Adamınkı gətirəndə gətirir.Bir var hər gün,günaşırı gəlib bu masanın qırağında hamı təki əyləşəsən.Səfərəli gətirə qabağına bir kasa bozbaş,bir büküm yuxa qoya.Yeyib sivirib,"bərəkət"deyib qalxasan.Bir də var var,iyirmi kişiylə çıxasan ortaya.Kölgəni görcək,İmaməli özü atıla aşxanadan yüyrə qabağına.Başının bütün yığnağıyla, dil töküb, səni götürə gələ ocaq başına. Bu mətbəxdə, bu aşxanada quş iliyi, can dərmanı nə bişirib düşürmək olarsa, hamısından 20 pay çəkə, sürünə-sürünə gətirə süfrəyə. O sayaq ki, ayrıca bir sahmanla bişirib, Səfərəlidən göndərdiyi yerlərin yeməyi Gər Xəlilə şam-nahar verilən xörəyin qabağında atabaxan cirəsindən artıq sayılmaya.

Aşxanadan kefi kök, damaqları çağ çıxdılar. "Lal dinməz"i təkcə bu gediş-tapışla saxlamaq olardı. Ertəsi başlansın ayrısı-gerisi. Amma elə bil biri Mürşüd kişiyə dedi ki, bir yuxarı , Məmməd bəy kəhrizinə də baş çəkin. Naxırın gələn vədəsi, orada da əlinizə bir şey keçə bilər. O, bu duyğusunu elə əyan sezdirdi ki, Xəlil padşah da duyuxdu, sarı uzunboğaz çəkmələrindən şər işartısı cilvələndi.

Tərpəndilər çaylaq yuxarı , Məmməd bəy kəhrizinin arxı boyunca, Qayaburun səmtə.

Gər Xəlil əbəs yerə Mürşüd kişini özünə vəkil götürməmişdi. Mürşüd dinməz-söyləməz , amma uzaqgörən adamdır. Havanın toranlaşdığı axşam çağında onun ağlına bir şeir gəlməsə idi, işarə vurmazdı. Buna "axşam bazarı" deyərdilər. Orada, çaylaq başında o nə gözləyir, nə arayırdı, bir yana . Bir də, geri dönəndə artıq qaranlıq aranı basacaqdı. Ötüb-keçən kim kimi görüb deyib, dillənəcək, səs-səmirə yol verəcəkdilər.Onda bəlkə bir əməlli-başlı kəs urcah oldu, keçdi caynaqlarına. Hər halda Mürşüd kişinin çaylaq başın seçməyi Gər Xəlil və meyxoş Cəmşiddən ötrü maraqlı idi. Onun şər vaxtı nə itiyi itmişdi ki, oyunun ilk həlqəsinin dolandığı, ilk günün sona vardığı anda bunları daşlı-çınqıllı çaylağın arasına salıb, çəkib aparırdı oraya, kimsəsiz kəhrizin gözünə, bəlkə ondan da yuxarı.

Çaylaq adasına– Səməd bağına yetişəndə, Mürşüd ayağını yavaşıtdı. Yuxarıdan qum-çınqıl qıjıltısı eşidildi. Sel olmazdı, sel gəlsə, qabaqca bir göy guruldayar, yağış-yağmur tökərdi. Qıjıltıyla birgə çaylaq arasına ağır hənir doldu. Guya çaylağı iki qola ayırmış adanın bu yanı, kəhriz səmtdən bir qara qoşun yeriyirdi. Ayaqlarının altında yer eşilir, çaylaq xışıldayırdı. Bir az da getmişdilər ki, qarşıdan neçə işartı işardı. Fınxırıq, hıqqıltı-hökgültü basdı çaylağı, çökəyi. Qabağa düşmüş qara-boz inəklər gəlib bunların iki yanından ötdülər. Ondan sonra naxır gurhayladı. Padşah-aləm vəzir-vəkiliylə qaldı heyvanın, qara malın arasında. Gəlib keçən inək,düyə , buğa , cöngə, dana-duna sahib zamana, Mürşüd-Cəmşidə toxunub, sürtünə-sürtünə ötürdülər. Yaxşı yemişdilər Xubyarlı örüşündə, Kümbəz kövşənində. Ala-toranda ağaran yelinləri paçalarına sığmır, ağır-ağır axışırdılar.

Çıxa bilmədilər aradan. Dillənmək də olmurdu, necə dillənəsən. Bu vədə, naxır obaya dönəndə hay-harayı dərəni başına alan Atdıxanın heç izi-tozu yoxdu. Mal sürüsü elə bil özbaşına getdiyi təki, özbaşına da örüşdən qayıdırdı; nə yiyə, nə çoban yoxdu, dəyənək şaqqıldamırdı. Buna allanıb Cəmşid, Gər Xəlil acıqlarını Mürşüdün üstünə tökmək istəyəndə, Mürşüd kişi dinməzcə, canının həniriylə hər ikisini başa saldı: özünüzü unutmayın. Atdıxan ki var,qulağı darı dəlir. Obaşdan çıxıb, qaranlıqda naxırla qayıtsa da, kənd-qəsəbə, bazar-dükanda nə baş verirsə, hamıdan gözəl bilir, soraq tutur.

Lal qaranlıqda, tutaq ki, malçı Atdıxanın səsinin batmağı aydın oldu. Bəs bu heyvan sürüsü niyə susur, bircə böyürtü eşidilmirdi. İnəkdi cavanı var, qocası var, yeyib yedikcə yazın yaya döndüyü uzun günün səhərindən axşamınadək qarnı tox, qanı duru.

Qaranlıqda üstlərinə gələn elə bil mal yox, kərgədan sürüsüydü. Bunun bircəsi buynuzunu keçirsə Xəlilin buduna, Cəmşidin qarnına,di gəl Mürşüd, cavab ver.

Eləsi olurdu düz üstlərinə yeriyirdi,Göz-gözə çatanda qızğın-harın bəbəkləri oynayır, heyvan duruxub dirənirdi. Buynuzsuz ötüşsə, nənən namaz üstə imiş. Şarıltı-şappıltı salıb axıra qalmış mal da ötdü. Qaranlıqda bir şey ağardı. Mürşüd kişi gözünü bu ağartıya dikdi. Gəldi,iki-üç addım qalmış aydınlaşdı. Atdıxan ağ eşşəyin belində, çomağı çiynində bunların düz üstünə sürürdü. İki yava-az-çaylaq arasında qalmış bu üç kişinin bəlkə yalın başından görüb seçmişdi. Heyvan yoxuşda ikən, hələ hava işartılıydı, onların buraya hansı niyyətlə yönəldiyini naxırçı anlayardı.

"Laldinməz"də ən dolaşıq iş, ən ağır cəza naxırçının Atdıxanın ilişməyi olardı. Onu çaylaq başında yaxalamaq,el-obanın zənnincə yeni heyətin ağlına gəlməz, onacan getməzdilər. Amma getsələr, hər gün, hər axşam heyvanı obaya endirən Atdıxanın çomağı tovlayıb, malı hayladığını, hansı şıltaq heyvanasa bir tolamazlı atıb, yiyəsini də qatıb-qarışıdırıb duzladığını görər, başlıcası, naxırçının səsini eşidərdilər. Buncuğaz bəsdi. Elə bəsdi ki, ta "Laldinməz"in möhləti sovuşub, o biri başalayanadək, ondan da o yana, hamı özünü, öz taxsırını unudub, kəndin naxırının, mal-heyvanın Atdıxanla birlikdə başına nə gətirələcəyini, hansı cəzanın kəsiləcəyini gözləsin.

Naxıra Mürşüd kişinin iki inəyi, bir düyəsi qoşulurdu. Naxırçının ilişməyilə bu nə qazanacaq, nə itirəcəkdi, burasını da unutmaq olmazdı. Naxırçı muzdu, aylığı az-azacıq deyildi. Bəlkə Mürşüd qağa buradaca ələ bir şey keçirəcəkdi, bir pay, bir ağnağız. Doğrusu, əsl ağnağızı dəyirmançı Hətəmxandan ummalıydılar. Orada o zalımı çıxmış üç kişini bir kömbə, yumruq boyda bir çolpa ilə yola salmış, dallarından dəymişdi. O heylə, Atdıxan da belə getdi. İşıqlanıb belindəki mazaratı da işıqlandıran ağ eşşəyin şəfəqi Mürşüd kişinin gözünü qamaşdırdı.

Ötüb gedən, yeyib toxalmış heyvanın çaylaq arasına şappaşaraq tökdüyü üfünətdən Gər Xəlilin boğazı göynədi, Cəmşidin ödü gəldi ağzına. Naxır aşağılarda,obanın girəcəyində ayrıldı. Denən, naxırçı bilirdi, bəs qanmaz heyvana nə agah olmuşdu, çal-çəpərə, qapıya çathaçatda barı birçəsib alasından ötrü mələdi.

Bircə səs gəlirdi, oda yaxında, dağın ətəyində üzə çıxan kəhriz-lağımın xortultusu. Qabağa Cəmşid düşdü, ardınca Gər Xəlil, geridə Mürşüd, yönəldilər kəhrizin üstünə.

Cəmşid lələ bəri başdan bir eşmə eşdi, mürşüd qağa çöməldi arxın qırağına. Papağını çıxartdı, əlini isladıb çəkdi alnına. Gər Xəlil nə suya əyildi, nə üzünü yudu. Arxın başı, daş-qaya yenicə ötmüş naxırın buraxdığı iy-qoxudan qurtulmamışdı. Çəkmələrin yan-yörədə buğlanan tərəzigözlü, qəttəzə lombaya batacağından çəkindi.

Kəhriz ağzından poqquldayıb axarda ürək soyudan bir sərinlik, təravət vardı. Gər Xəlil ağır buxara papağı başından aldı. Çağlayan axarın sərini paxırı çıxmış qafasını sərinlətdi, beyin ayazıdı.

Bu minvalla oradanca tərpəndilər, döndülər üzügeri. Gün bitmiş sayılırdı."Laldinməz" elə bir gedişatla başa gəlmişdi ki, onu uzatmağın ,heyətin qərarıyla iki-üç gün də saxlamağın adı yoxdu. Sabahdan keçirik, başlayırıq ikinci çilvəyə.

İkinci fəsil. İkinci mərhələ – "burcutma"

"Laldinməz"dən sonra, adətən, gəlirn"Dilaçma". Bu, bütünlükdə qırxdolaq oyunun ikinci mərhələsi təki də seçilə bilər. "Laldinməz"in də, bunun da yerini dəyişib, oyunun gedişindən asılı, ortaya, axıra da ötürmək olar. "Dilaçma" oyununda iştirak edənlərindən birinin xatası üzündən cəza təki də götürülür. Bununla belə, Gər Xəlil, onun əlaltıları Mürşüd kişi və Cəmşid kişinin düşüncəsincə "Laldinməz" bütünlükdə yaxşı keçmiş, doğru başa gəlmişdi. El-obanı bir gün büsbütün susqunluq içində saxlamış yasaqdan sonra görək bir şux, könülaçan əyləncəyə keçsinlər. Hələ gecəykən, Məmməd bəy kəhrizinin başında bir-biriylə lal dillə sağollaşıb, hər biri öz evinə yönələndə, Gər Xəlilin yenicə doğmuş ay işığında, daşlı cığırda bir balaca sərpdiyini, büdrədiyini görüb Mürşüd anlamışdı ki, ertəsi, sabahı "Burcutma"ya açılacaq. Elə də oldu.

Gər Xəlil başının dəstəsiylə ertəsi gün qalxmamış kəsdirdi bərəni. Bazar yenicə işə düşmüşdü. Piştaxtanın üstündə qatıq qazanları, süd sərnicləri, bu səhərcə təndirdən çıxmış , üzü yumurtalı, quyruq təki əllə yırğalanan çərəklər, bir torba da yenicə yetişmiş qırmızı alça qoyulmuş, torbanın ağzı çırmanmışdı; içindəki tox qırmızı alça arabir gəlib dükanda satılan yumru şirinlərə oxşayırdı. Mürşüd kişinin damağı gicişdi alçanı görəndə.

Bazardan, onun həndəvərindən hələ səs çıxmırdı. Aya, bəlkə hələ bər-bəndə bilmirdi ki, "Laldinməz" bitib, qurtarıb. Halbuki elə bir az bundan qabaq padşah əyanı öz mətəsinə yığışanda , Gər Xəlillə Cəmşid görüşəndə, deyəsən bir-birinə səslənib salam vermişdilər. Bunun üstündən, çaylağın o tayından bəri keçən Mürşüd cığırın ortasında nəsə bir qurcunmuş, burcunmuşdu. Gəlib öz yoldaşlarına yetirməyilə də yerində bir balaca bulanmış, gerisini sağa-sola əymişdi. Həssas olan hər kəs görək bu tərpənişin nə demək olduğunu oradaca anlaya idi:

Yarəhmədli arvad qatıq çıxartmışdı bazara, özü də,o iri qara qazandan yekə bir şalla baş-gözünü bürümüşdü, qonşusuna pıçıldadı.:

–"Laldinməz"dən keçiblər o birinə.... "Burcutma"dı, deyəsən.

Elə bu vaxt Bazarbaşı meydanında Rəqib göründü. O, Qayaburundan sürüşkən cığırla endi, yönəldi Bazarbaşına. Hələ aralıdan Xəlil kişigilin öz yerlərində sappasağ dayandıqlarını görüb, axşamdan aldığı sorağın ucundan tutub, bir yoxlamaq istədi. Hər ehtimala qarşı səsini çıxarmırdı. Bunun onsuz da əsgisi tüstülüydü.

Bir iş olmuş, Rəğib olan-qalan hörməti itirmişdi. Qadınlar, zənən xeylaqları iti görüm,qurdu görüm, Rəğibi görməyim demişdilər.

Bu yerdə ilk kərə idi qadınların bayramı, 8 Mart günü geniş təntənə ilə keçirilirdi. Bütün mahalda ilk klub da qəsəbə də yenicə tikilib başa gətirilmişdi. Yalda, yol üstə ucalmış klub taxıl anbarına oxşasa da, onun tezcə işə düşməyilə hamı anlamışdı ki, quru-boş sözlə qadınları azadlığa çıxarmaq olmaz. Gərək klub tikəsən, qadınları siftə-siftə evici məclisə gətirəsən. Qapalı, örtülü bir damda onları yavaş-yavaş açılışdırıb, sonra havaya, genişliyə, tarlalara, idarələrə çıxarasan. Klubun pəncərələrini elə yuxarıdan qoymuşdular, əgər bir kələkbaz qadınların iclasında nə baş verdiyini bilmək istəsə, gərək quş olub göyə qalxa idi. Oradan, cıqqılıca gözlərdən içərini görsün. Örpəkli, şallı zənənlərin, Gəldiyev yoldaşın və Verdiyev yoldaşın sözüylə, Nazxanımın çalışmağıyla evlərdən bir-bir çağrılıb, kluba yığılmış övrətlərin özlərinin necə apardığını, minillik qaramatdan necə qurtulduğunu anlasın.

Kişi adına yığıncağa Rəğib də çağrılmışdı. Rəğib muzdur komitəsinin üzvü olmuş, qadınlar şurası da onu öz işinə qoşmuşdu. Keçmişin muzduru indi kənd qabaqcılıydı. Həm də burası vardı ki, Rəğib oracan görünüşsüz, əyin-baş bir yana, sir-sifətdən, hal-darmanışdan bir görkəmdə idi ki, onun görünməyindən bircə zənən, qadın çəkinməzdi. O da elə buların biri, qardaşı, qardaş deməsən də, Rəğibdi də. Ondan nə utanmaq.

Keçmişdə qəza mərkəzi olmuş qəsəbədə tikilmiş klub elə ürəkaçan bir yerdə idi ki,hamı elə bilirdi klub fəhlə-kəndli hökumətinin qadın azadlığı şüarının canlı,gerçək göstərməsidi.İlk quruculuq timsalı qadınların adıyla bağlanmışdı.Yaylıqlı-örpəkli qadınlar ikibir,üçbir yal başına dırmanmaqla elə bil hamını,hər kəsi agah edirdilər:"Bu bizik! Kluba gedirik.Orada iclasımız olacaq,hüquq barabarlığı veriləcək.Gəldiyev,Verdiyev yoldaşlar da bu gün bizimlədi".

Zənənlərdən başqa,bir də deyildiyi kimi,həmin yığıncağa Rəğib çağrılmışdı.Rəğib,kənd əməkçiləri, o tay-bu tay yaranmaqda olan artel-kolxoz adından qadınları alqışlamalı, söz deməliydi.

Axır vaxtlar qızışmış iclaslarda Rəğib tez-tez nitq söyləyirdi.İndiki təki yazıb üzündən oxumur,sinədən döşəyirdi.Cümləsinin mübtəda-xəbərinin yerində olub-olmadığına kimsa baş qoşmurdu.Başlıcası o idi ki,ürəkdən dillənsin.Nə olar,bir az türkəsayaq səslənəndə.İstismar zəncirindən yenicə qurtulmuş, bəy-xan balaları təki məktəb görməmiş, Peterburqda, Moskva, Kiyevdə təhsil almamış muzdurun,yoxsul kəndçinin,qalib gəlmiş proletar balasının danışığı,nitqi elə belə də olmalı,qızğınlığı,od-alovu ilə hər hansı ziyalının ölçü-biçili nitqini,yazılı çıxışını basıb bağlamalı,sıradan çıxarmalıydı.Nə qədər kobud,yontulmamış olsa,bir elə yaxşıdı,əməkçidi.

Beləliklə,bütün bunları düşünüb,Rəğibi yığıncağa,toplanışa gətirirdilər.Çaylağın o tayında-kənddə kolxoz yenicə yaradılmışdı.Rəğib ellikləşmədə can-başla iştirak etmiş,bir keçi,bir palan,bir də təptəzə noxta vermişdi.Ağlı-qaralı sürüsü, ilxısı alınmış hampadansa,əli-qabarlı muzdurun,lüt-yoxsul Rəğibin yardımıyla birlik-kolxoz özülünün daha möhkəm olacağına sarsılmaz inam vardı.


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации