Текст книги "Minima Moralia"
Автор книги: Теодор Адорно
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]
Theodor W. Adorno
Minima Moralia
Zədələnmiş yaşam haqqında düşüncələr
Maks üçün,
Təşəkkür edərək və vəd verərək
BIRINCI HISSƏ
1944
Yaşam yaşamır
(Ferdinand Kürnberger)
1
Marsel Prust üçün – İstedad, yaxud zəiflikləri ucbatından sənətçi, yaxud mütəfəkkir olaraq “intellektual” fəaliyyətlərə baş vuran varlı ailə uşaqları tezliklə anlayırlar ki, həmkar adlandırdıqları şəxslərlə yola getmək heç də asan deyil. Məsələ təkcə onların müstəqilliklərinin qısqanılması, niyyətlərinin ciddiliyindən şübhələnilməsi, yaxud da hakim güclərin gizli nümayəndələri kimi görünmələrində deyil. Bu cür şübhələr dərinköklü hiddəti əks etdirsə də, çox vaxt haqlı çıxır, lakin gerçək müqavimətin qaynağı başqa yerdədir. Günümüzdə zehni mövzularla məşğulluğun özü belə “praktik”ləşib, ciddi iş bölgüsü, departamentləri və giriş məhdudiyyətləri olan ticari bir fəaliyyət halına gəlib. Pul qazanmağın gətirdiyi alçalmadan iyrəndiyi üçün intellektual fəaliyyəti seçən varlı ailə uşağı isə zehni fəaliyyətin bu cür ticariləşməsi gerçəyi ilə heç cür barışmır və buna görə də cəzalandırılır: “Peşəkar” olmadığı üçün, öz işini nə qədər yaxşı bilsə də, rəqabətçi iyerarxiyada onu həvəskarlar sinfinə yerləşdirəcəklər və əgər karyerada yüksəlmək istəsə, ən qatı mütəxəssislərdən daha qətiyyətlə parlamaq, öz sahəsinin içinə daha çox həbs olunmaq məcburiyyətindədir. Varlı ailə uşaqlarına qarşı ən çox qəzəb oyandıran şey maliyyə durumlarının yaxşı olması ilə əlaqədar müəyyən həddə qədər gerçəkləşdirə bildikləri iş bölgüsünü arxa plana atmaq istəkləridir. Bu istək cəmiyyətin ona dayadığı işləmləri yerinə yetirməyə çox da könüllü olmadığının sübutudur. Avtoritar yetərlilik anlayışı isə bu cür qəribə davranışlara qarşı çox amansızdır. Düşüncə mütləq departamentləşdirilməlidir. Və düşüncənin departamentləşdirilməsi rəsmi bir sözləşməyə bağlı qalmadan mövcud olan zehni fəaliyyətin aradan qaldırılmasıdır. Bunu həyata keçirmək çox da çətin deyil, çünki gördüyü işdən zövq alaraq belə iş bölgüsünü inkar etmiş şəxs bu işin standartları nöqteyi-nəzərindən bəzi boşluqlar buraxacaqdır – öz üstünlüyü ilə əlaqəsi olmayan boşluqlar. Beləcə, sistem də davam etdirilmiş olur:bəziləri başqa cür yaşaya bilməyəcəkləri üçün oyuna qatılmağa məcbur qalırlar, başqa cür yaşamağı bacaranlar isə oyuna qatılmaq istəmədikləri üçün kənarda saxlanılırlar. Müstəqil maariflənmənin tərk etdiyi sinif özünün tələblərini qaçaqların sığındığı sahənin içindən irəli sürərək intiqamını alır.
2
Gül-çiçəkli təpəcik (1) – Valideynlərimizlə münasibətlərimiz ağır böhran içərisindədir. İqtisadi gücsüzlük bir vaxtlar sahib olduqları heybətli, qorxuducu avtoritarizmi onların əlindən alıb. Bizə zorla qəbul etdirməyə çalışdıqları reallıq prinsipinə (2), asan təslim olmayanlar qarşısında dərhal qəzəbə çevrilən ciddilik və ayıqlığa üsyan etmişdik. İndiysə gənc olduğunu iddia edən, amma bütün reaksiyalarında qocalardan daha müdrik, daha qartımış bir nəsil görürük qarşımızda – qaşqabaqlı, avtoritar, dayanıqlı gücünü heç bir toqquşmaya girmədən öz iradəsi ilə təslim olmağından alan bir nəsil. Bəlkə, tarixin hər dövründə insanların hiss etdiyi bir şeydir: atalar nəslinin fiziki gücü azaldıqca onların hakimiyyəti də aşınıb gücsüzləşir, eyni zamanda, cavan nəsil də özlərindən daha cavan nəslin nəfəsini kürəklərində hiss etməyə başlayır. Düşmənçilik ziddiyyətləri ilə bölünmüş bir cəmiyyətdə nəsillər arasındakı münasibət dibdəki zorakı gücün varlığını gizlədə bilməyən rəqabət münasibətidir. Günümüzdə bu proses Edipin çaşqınlığından qaynaqlanan yox, qəsdən ata qatilliyini şərtləndirən modelə tərəf istiqamətlənməkdədir. Nasistlərin simvolik qəddarlıqlarından birində xeyli qoca öldürülmüşdü. Belə bir mühit valideynlərimizlə aramızda gecikmiş, ancaq aldanışdan uzaq qarşılıqlı anlayışın yaranmasına şərait yaradır – eynilə məhkumlar arasında olan anlayış kimi. Bu gecikmiş anlayışı kölgələyən yeganə şey keçmişdə, hələ də müəyyən qədər güclü olduqları dövrdə bizə etdikləri köməyin, göstərdikləri şəfqətin oxşarını indi özümüz də gücsüz olduğumuz üçün onlara göstərə bilməyəcəyimiz hissi qarşısında qorxuya düşməyimizdir. Onlara tətbiq olunan zorakılıq onların bizə tətbiq etdikləri zorakılığı unutmağımıza səbəb olur. Əl atdıqları rasionallıqlar, şəxsi mənfəətlərini ümumi mənfəət kimi təmizə çıxarmaq üçün dedikləri yalanlar belə onlarda həqiqətə çatmaq istəyən meyillənmə olduğunu, hər cür şübhəyə qarşı aşılanmış uşaqlarının könül rahatlığı ilə inkar etdiyi ziddiyyəti açmağa çalışdıqlarını göstərir. Yaşlı nəslin çürümüş, əsassız, nüfuzsuz düşüncələri belə sonrakıların parıltılı axmaqlığından daha faydalı müzakirə mühiti təqdim edir bizə. Qocalarımızın nevrotik qəribəlikləri, mənəvi şikəstlikləri belə bu xəstə sağlamlıqla, qayda halına gətirilmiş uşaqyanalıqla müqayisə edildikdə möhkəm xarakterlilik, humanist cəhdlər nəticəsində qazanılmış xüsusiyyət olaraq görsənir. Bax onda dəhşətlə anlayırıq: əvvəllər dünyanı təmsil etdiyi üçün ailəmizlə toqquşarkən, əsasən, şər bir dünyaya qarşı daha şər dünyanın nümayəndəliyini edirmişik. Burjua ailəsini aşmağa istiqamətlənən apolitik cəhdlər əksərən onun da daha çox qol-qanad açmasına şərait yaradır; bəzən də cəmiyyətin lənətlənmiş çoxalma hüceyrəsi olan ailə eyni vaxtda fərqli bir cəmiyyətə çatmaq üçün göstəriləcək ən əzmli cəhdlərin ən bəsləyici hüceyrəsi kimi görsənir. Ailə tarixə çevrilməkdədir, ancaq sistem mövcudluğunu qoruyarkən ailə ilə birgə sistemin ən təsirli orqanı yox, fərdi təzyiq altında saxlasa belə, onu gücləndirən, hətta bəlkə onu yaradan müqavimət də itirilir. Ailənin süqutu müxaliflik güclərini də iflic edir. İnkişaf edən kollektivist sistem sinifsiz bir cəmiyyətin karikaturasıdır. O, burjuaziya ilə birgə bir vaxtlar ana sevgisindən güc alan Utopiyanı da yoxa çıxarmaqdadır.
3
Suda balıq – İnhisarçı sənayenin hər şeyi cənginə alan paylama mexanizmi ilə yerini itirən mübadilə sferası bu çöküşdən sonra özünün qəribə bir ikinci həyatına qovuşdu. Vasitəçi işlərin iqtisadi özülləri tükənərkən milyonlarla insanın şəxsi həyatı agentlik və dəllalların yaşamına çevrildi. Bütün şəxsi həyat ortada real hansısa iş olmadığı halda hər yönündən alqısatqı fəaliyyətini xatırladan prosesin içinə sovruldu. İşsizin-dən məmuruna, investisiyalarını təmsil etdiyi şəxslərin hər an qəzəbinə tuş gələcək ictimai xadimlərə qədər bütün bu təlaşlı adamlar hər yerdə hazıra nazir olduğunu düşündükləri qanunların icra gücünə ancaq həmrəylik, zəhmətkeşlik, faydalılıq və bəzirganlıqla yaranacaqlarına inanırlar; tezliklə münasibət olmayan heç bir əlaqə, mötəbərliyinə inanılmayan heç bir arzu qalmayacaq. Vasitəçilik və dövriyyə kateqoriyası olan əlaqələr sistemi, əslində, dövriyyənin əsl mənbəyi olan bazardan daha çox qapalı və inhisarçı iyerarxiyalar içərisində təşəkkül etmişdir. Ancaq indi bütün cəmiyyət iyerarxiyalaşdığı üçün, keçmişdə, heç olmasa, azadlığın görüntüsünün olduğu hər yerdə bu çirkli münasibətlərin törədiyini görürük. Sistemin məntiqsizliyi həm fərdin iqtisadi taleyində, həm də parazitlik psixologiyasında öz əksini tapır. Əvvəllər – iş və şəxsi həyat arasında çox günahlandırılan burjua ixtisaslaşmasına (o ixtisaslaşma ki, indi onun yoxa çıxmasına sevinəkmi, kədərlənəkmi, bilmirik) oxşayan nələrinsə mövcud olduğu dövrdə – şəxsi həyatda praqmatik məqsədlər güdən adama xalis əsil-nəcabətsiz biri kimi baxılardı. Günümüzdə isə müəyyənləşdirilmiş niyyət olmadan şəxsi fəaliyyətlərə girmək tərbiyəsizlik, “özgəlik”, hətta bəzən “həyasızlıq” hesab olunur. İndi məqsədyönlü olmamaq günahlandırılan bir vərdişdir. Hər şey talandan ibarətdir və bu talanda başqalarına kömək edilməsinə ancaq qarşılığında nəyinsə istənilməyi şərtiylə icazə verilir. Milyonlarla insan peşələrinin yoxa çıxmasından özlərinə yeni peşə yaradır. Bunlar yaxşı insanlardır, hamıyla qaynayıb-qarışan, hamının sevdiyi zərərsiz insanlar, hər növ rüsvayçılığı humanist tolerantlıqla bağışlayan və standartlaşmamış hər cəhdi də dərhal emosionallıq kimi damğalayan insanlar. Hakimiyyətin bütün dəhlizlərini, bütün giriş-çıxışını bilən, ən gizli niyyətləri əvvəldən hiss edən və könüllü təxribatçılığı öz üzərlərinə götürən, güzəranlarını bundan çıxaran insanlar. Bu insanlara istənilən siyasi düşərgədə, hətta sistemin inkarınınnəzərdə tutulduğu və bu səbəbdən də özünəməxsus zəif və zərif konformizmin yayıldığı müxalif düşərgədə belə rast gəlmək olar. Müəyyən bir alicənablıqla – başqalarının işlərinə göstərdiyi mehriban qayğılarla – simpatiya qazanırlar çox zaman. Onların alicənablıqları spekulyasiyaya çevrilmiş alturistlikdir. Hər mövzuda istedadlıdırlar. Hətta eşqdə də. Ancaq eşqə inanmazlar. Xəyanət edərlər, amma xəyanətləri instinktdən qaynaqlanmaz, prinsip etibarı ilə xəyanət edərlər. Özlərini başqalarının malı kimi görməmək üçün, özlərini mənfəət kimi dəyərləndirmək üçün xəyanət edərlər. Ağılla aralarında çəkmə-itələmə münasibəti var – dostluq və nifrət münasibəti. Düşüncəli adamlar üçün həm təhrikedici mövzu, həm də onların ən böyük düşmənləridirlər. Çünki müqavimətin ən axırıncı barrikadalarına gizlincə yol taparaq mexanizmin tələblərindən hələ də özünü qoruya bilənləri çirkləndirənlər də onlardan başqası deyil. Gecikmiş fərdiyyətçilikləri fərdin son qalıqlarını da zəhərləməkdədir.
4
Nəhayət, dinclik – Bir qəzetdə bir iş adamı barədə yazılmış nekroloqda bir cümlə gözə batırdı: “Vicdanının rahatlığı ürəyinin xeyirxahlığı ilə yarışırdı.” Kədərli dostların belə vəziyyətlərdə istifadə olunan təntənəli üslubla müraciət etdikləri çərənçilik xeyirxah ürəkli mərhumun vicdani qayğıdan məhrum olduğunun belə bir dil sürüşməsilə ifadəsi cənazə karvanını ən kəsə yolla həqiqətin meydanına çatdırır. Əgər yaşı ötmüş bir şəxs son illərində çatdığı qeyri-adi dinc ruh halından ötrü təriflənməkdədirsə, onun həyatının “şərəfsizliklər” seriyası olduğuna hökm verə bilərik. O, təbiətinin həyəcanlanma cəhətini bir kənara tolazlamış şəxsdir. Vicdan rahatlığı xeyirxah ürəklilik olaraq təqdim olunmaqdadır. Hər şeyin günahını bağışlayan, çünki hər şeyi lazım olandan daha yaxşı başa düşən birisinin xeyirxah ürəkliliyi. Şəxsin öz günahları ilə başqalarınkılar arasındakı haqq-hesabı, yarışı daha əvvəl başa vuranın xeyrinə olan nəticə ilə bağlanılır. İnsan bu qədər uzun yaşadıqdan sonra kimin kimə necə bir pislik etdiyini ayırmaq bacarığını da itirmiş olur. Bəşəri səhvlik kimi mücərrəd bir anlayışın işığında hər cür real məsuliyyət də silinir. Şərəfsizliyin cisimlənmiş halı olan şəxs özünü ədalətsizliyin qurbanı kimi təqdim edir: Cavan oğlan, hələ çox naşısan, dünyanın iç üzündən xəbərin yoxdur..... Di gəl ki, sakitliyə və mehriban tövrlərə hələ orta yaşlarında çatanlar da bu cür dinclikdən beh almaqdadırlar. Xəbis olmayan şəxsin həyatında gördüyümüz şey sakitlik yox, əksinə, xüsusilə çılpaq və bakir qatılıq və dözümsüzlükdür. Lazımı obyekti tapa bilməyən sevgisi özünü ancaq səhv obyektə duyduğu nifrətlə ifadə edə bilər ki, bu da axırda onun nifrət etdiyi şeyə çevrilməsinə səbəb olur. Burjuaziya isə insanlara qarşı tolerantdır. Burjuaziya insanları olduqları kimi sevir, çünki onların ola biləcəyi şeylərdən nifrət edir.
5
Allah razı olsun, həkim (1) – Ziyansız heç nə qalmayıb. Kiçik zövqlər, düşünmə məsuliyyətindən azadə olduğunu hesab etdiyimiz həyat işarələri indilərdə ancaq dikbaş axmaqlığı, inadçı korluğu əks etdirməklə kifayətlənməyib, öz zidlərinə də köləlik edir. Çiçəklərin üstünə düşən dəhşət kölgəsi dərk olunmadığı anda baharın özü belə yalana çevrilir, “necə də gözəl” kimi məsum bir ifadə belə ürək bulandıracaq qədər çirkin bir mövcudluğun bəhanəsi olur. İndi dəhşətli olanı görən, ona tab gətirən və mənfiliyin təsəllisiz şüuru içində yenə də daha yaxşı dünya ehtimalına sadiq qalan baxışdan başqa gözəllik və təsəlli yoxdur. İndi hər növ təbii, spontan davranışlardan, hər cür istiqanlılıqdan şübhələnmək lazımdır, çünki bu mövcud olanın daha üstün gücü qarşısında lazımından artıq elastik bir hərəkət mənasına gəlir. Qədimdə təkcə qədəh toqquşdurma səhnələrində özünü göstərən və sərbəstliyin dibdə qalan pisniyyət mənası indi dostyana hislərə də qarışıb. Qatarda təsadüfi söhbətdə xülasəsinin cinayət olduğunu bildiyimiz halda mübahisədən qaçmaq üçün təsdiqlədiyimiz bir neçə söz belə bizi çoxdan xəyanətin ağuşuna çəkib; heç bir düşüncə ünsiyyətdən kənarda qala bilməz, onu səhv yerdə səhv bir uzlaşma içində dilə gətirmək isə onun doğruluğunu inkar etməkdir. İzlədiyim hər kino, bütün ayıqbaşlılığıma baxmayaraq, məni daha da axmaqlaşdırır, şərə daha da yaxınlaşdırır. Rahat ünsiyyət qabiliyyəti də soyuq dünyamızda hələ də bir-birimizə isinişə biləcəyimiz illuziyasını yaratmaqla ədalətsizliyin əlbirinə çevrilir. Heç bir məqsəd olmadan deyilib keçilmiş şirin sözlər və təsadüfi cavablar müraciət olunan şəxsə edilən güzəştlərlə onun hər müraciətdə təkrar-təkrar alçalmasına səbəb olaraq susqunluğun davamiyyətinə qulluq edir. Şirindilliliyin və istiqanlılığın içində gizli bir forma kimi mövcud xəbis prinsip özünün əsil vəhşiliyini bərabərlikçi təfəkkürdə göstərir. Təvazökarlıq və alçalma eynidir. Əzilənlərin zəiflikləriylə ayaqlaşarkən, əslində, bu zəifliklərdə avtoritarlığın ilk şərtini təsdiqləmiş və avtoritarlığın tətbiqi üçün məcburi olan despotluğu, laqeydliyi və zorakılığı özümüzdə inkişaf etdirmiş oluruq. Əgər bu gün alçalma jesti kənara atılıbsa və meydanda görsənən təkcə uyğunlaşma və qaynaşmadırsa, bunun bircə səbəbi var:hakimiyyətin bu qüsursuz gizliliyi onun inkar etdiyi sinfi münasibətlərin daha da amansızca davam et-dirilməsi üçündür. İndi intellektual üçün az da olsa, həmrəylik göstərməyin tək yolu zülmət bir tənhalıqdır. Hər növ əlbirlik, cəmiyyət içində qaynaşma bütün humanist meyarı insanlıqdan kənar şərtlərin sakitliklə təsdiqlənməsini örtən maskadır. Əsil bölüşülməli olan isə insanların çəkdikləri əzablardır. Onların həzz və əyləncələrinə tərəf atılmış ən xırda addım əzablarının daha da artmasına səbəb olacaqdır.
6
Anti-tezis – İnsanlara qarşı məsafəli davranan şəxsi gözləyən bir təhlükə var: özünün başqalarından daha yaxşı olduğunu düşünmək və cəmiyyətə tuşladığı tənqidi özünün şəxsi mənafeyini gizlədən ideologiya kimi istimar etmək. Öz həyatını düzgün bir mövcudiyyətin zəif və aciz obrazına uyğun qurmağa cəhd edərkən obrazın həm zəifliyini, həm də heç vaxt həqiqi həyatın yerini tuta bilməyəcəyini yadından çıxarmama-sı lazımdır. Ancaq içindəki burjuanın sanballılığı onun belə bir əqidəyə sadiq qalmağını çətinləşdirməkdədir. Məsafə saxlayan müşahidəçi də aktiv iştirakçı qədər dünyaya qarışmış haldadır; birincinin yeganə üstünlüyü bunu bilməyindən və hər cür məlumatın verə biləcəyi kiçik, dar azadlıqdan ibarətdir. İş dünyasından uzaqlığı da yenə o dünyanın ona bəxş etdiyi imtiyazdır. Cəzb olunma və itələnmə jestinin inkar etdikləri dünyanın bəzi xüsusiyyətlərini daşımasının səbəbi də budur. Bu şəxs özündə burjuanınkından fərqləndirilməyəcək soyuqluq yaratmalıdır. Monadoloji prinsip etiraz edərkən belə hakim universalı içində daşımaqdadır. Prust fotolarda bir hersoqun babasıyla orta sinifdən yəhudinin babasının aralarındakı cəmiyyətdaxili status fərqini unutduracaq qədər bir-birlərini xatırlatdığını deyirdi. Bu müşahidə, əslində, daha böyük areallar üçün də səciyyəvidir. Bir dövrün həmrəyliyi fərdi mövcudluğun xoşbəxtliyini, hətta mənəvi cövhərini təşkil edən bütün fərqləri obyektiv olaraq silib yoxa çıxarma gücünə sahibdir. Təhsilin geriləməyindən söhbət açırıq. Halbuki, diqqətlə baxsaq, Yakob Qrimminki, yaxud Baxofeninkiylə (2) müqayisə edildikdə, öz yazılarımıza da sənaye mədəniyyətini xatırladan bəzi üslubi səciyyələnmələrin bizdən xəbərsizcə qarışdığını görə bilərik. Artıq latın və yunan dilini Volf, yaxud Kirçhoff qədər (3) yaxşı bilmirik. Mədəniyyətin təkrarən cəhalətə çevrildiyini qeyd edir, ancaq özümüz də məktub yazmaq sənətini unudur, Jan Poldan (4) bir mətni müəllifin öz dövründə oxunacağı kimi oxuma qabiliyyətini itiririk. Həyatın despotlaşmasına, vəhşiləşməsinə baxıb diksinir, ancaq obyektiv olaraq əlaqələndirici bir əxlaqdan məhrum olduğumuz üçün hər addımda humanist dəyərlər nöqteyi-nəzərindən barbarca görsənən, hətta yaxşı ailələrin şübhəli dəyərləri nöqteyi-nəzərindən belə yersiz sayılan davranışların, danışıqların içində tapırıq özümüzü. Liberalizmin süqutuyla birgə burjuaziyanın ümdə prinsipi olan rəqabət də, aşılmaq bir yana, ictimai prosesin obyektivliyindən kənara çıxaraq bu prosesin toqquşan və ayrılan atomlarının komplektləşməsinə və beləliklə də, onun antropologiyasına qarışmışdır. Həyatın istehsal prosesindən asılılığa salınması bizim üstün iradə və seçimimizin nəticəsi saymağa meyilli olduğumuz təklik və təcridimizin oxşarını hamıya alçalma olaraq göstərməkdədir. Xırda maraqlardan danışdıqda isə hər fərdin özünü bütün digərlərindən daha yaxşı hesab etməsi düşüncəsi eynilə başqalarına bütün alıcıların cəmi kimi daha çox dəyər verilməsini tələb edən düşüncə olaraq burjua ideologiyasının komponentidir. Köhnə burjua sinfinin süqutundan bəri bu hər iki düşüncə həm burjuaziyanın sonuncu düşmənləri, həm də sonuncu burjualar olaraq intellektualların zehnində bir növ ikinci həyat yaşamaqdadır. İntellektuallar mövcudiyyətin çılpaq təkrar istehsalı qarşısında düşünməyə can atmaqla seçilmiş bir qrup kimi davranır, ancaq işi yarım qoymaqla bu seçilmişliyin boşluğunu da elan etmiş olurlar. Şəxsi mövcudiyyət insana yaraşan mövcudiyyətə (varoluş) oxşamağa çalışmaqla ona xəyanət edir, çünki oxşarlığı ümumi realizə imkanından məhrum etməkdədir Bunu da unutmayaq ki, bu realizənin özü indi müstəqil düşüncəyə həmişəkindən daha çox möhtacdır. Bu ziddiyyətdən xilas olmaq mümkünsüzdür. Yeganə məsul davranış forması bu ola bilər: özümüzün fərdi mövcudiyyətimizi ideologiyaya çevirməkdən çəkinmək və şəxsi həyatımızı da ən təvazökar, ən iddiasız və ən sakit şəkildə yaşamaq. Bunu isə yaxşı tərbiyənin və yüksək intellektin zərurəti olaraq yox, bu cəhənnəmdə hələ ala biləcəyimiz nəfəsin utancından ötrü etməliyik.
7
They, The people (1) – İntellektuallar daha çox bir-biriləriylə qapışdıqları üçün özlərinin insanların digər qruplarından daha xəbis olduqları fikrinə qapıla bilər. Ancaq bu, bir illuziyadır. Bir-birilərini tanıdıqları mühit mühitlərin ən rüsvayçısı, ən şərəfsizidir. Rəqabət içində olan minnətçilərin mühiti. Buna görə də onlar həmişə bir-birilərinə ən pis cəhətlərini göstərməyə məcburdurlar. Başqaları isə, ən birinci intellektualın həmişə heyranlıqla haqqında danışdığı sadə vətəndaşlar isə onu satmağa nəyisə olan, eyni zamanda, müştərilərin özünün qadağan olunmuş ərazisinə girməsindən ehtiyatlanmayan bir şəxs olaraq görürlər. Maşın ustası, yaxud ofisiant qız. Bunlar üçün həyasızlıqdan qaçmaq çox asandır. Nəzakətlilik onsuz da bunların işidir, bunlar nəzakətli davranmağa məcburdurlar. Digər tərəfdən, cahil adamlar da məktublarını yazdırmaq üçün intellektuallara müraciət etdikdə eyni təəssüratı ala bilirlər. Di gəl ki, sadə vətəndaşlar ictimai məhsuldan paylarını almaq üçün öz aralarında dava etməyə başlasınlar… bax onda onların aralarında ədəbiyyatçıların və digər sənətçilərinkini dəfələrlə ötüb keçən həsəd və nifrətə şahid olacağıq. Möhtəşəm məzlumların aliləşdirilməsi, ümümilikdə, onları məzlumlaşdıran möhtəşəm sistemin aliləşdirilməsindən başqa bir şey deyil. Əl əməyindən canını qurtarmış şəxslərin haqlı günahkarlıq hisləri “pastoral həyatın axmaqlığı” (2) üçün bəhanəyə çevrilməməlidir. İntellektuallar haqqında yazan və düzgünlük naminə onları günahlandıraraq pis ad qazanmaqlarına səbəbkar olanlar yenə də intellektuallardır. Ancaq onların bu hərəkəti yalnız yalanın ayaq tutmasına imkan verməkdir. Günümüzdəki anti-intellektualizm və irrasionalizm əksərən – Haksliyə qədər – mexanizmini anlamadan rəqabətdən şikayətlənən və bununla onun toruna düşən intellektuallar tərəfindən başladılmışdır. Onlar ən fundamental işlərində “tat twam asi” (3) müdrikliyinə uzaq qalmış şəxslərdir. Sonradan hind məbədlərinə doluşmaqlarının səbəbi də budur.
8
Saxtalığın cazibədarlığı – Mətbəx işçilərinə bəslənən amor intellectualis (zehni eşq) özlərini nəzəri işlərə və nəzəri sənət növlərinə həsr etmiş şəxsləri həmişə pusquda durub gözləyən təhlükə, bir növ, günaha çağırışdır: Mənəvi ehtiyaclarını boşlama, standartlarını aşağı salma, həm mövzularında, həm də ifadə tərzlərində sağlam ağılla rədd etmiş olduqları hər cür pis vərdişlərə yenidən qayıtmağa çağırış. İntellektual üçün indi mədəniyyət sahəsində belə heç bir sabit, etibarlı kateqoriya yoxdur. Dövrün səs-küyü özünün minlərlə tələbiylə zehni konsentrasiyaya müdaxilə etməkdədir. Odur ki, indi ortaya nisbətən nəzərəçarpan iş çıxartmaq üçün tələb olunan zəhmət yükü kimsənin altından qalxa bilməyəcəyi qədər ağırdır. Adekvatlığın bütün yaradıcılar tərəfindən hiss edilən təzyiqi intellektualın öz standartlarını aşağı salmasına səbəb olan bir başqa faktordur. Ümumi desək, günümüzdə ixtisar prosesinə cəlb olunan şey zehni özününəzarət mərkəzidir. Şəxsin zehni kifayətliliyini təşkil edən tabular, təcrübə yığımları və öngörmələr bəzi instinktlərə qarşı mübarizə aparmaqdadır: məhkum etməyi öyrəndiyimiz, ancaq və lakin qatı bir avtoritarlıq tərəfindən nəzarət altında saxlanılacaq qədər güclü instinktlərdir bunlar. İnstinktiv yaşam üçün keçərli olan, zehni yaşam üçün də keçərlidir: müəyyən rəng, yaxud səs birləşməsini bayağı və despotik təsnifləşdirərək onların istifadəsindən çəkinən rəssam, yaxud bəstəkar bəzi basmaqəlib və sofist ifadə tərzlərini gördükdə əzab çəkir. Yazar da əslində içindəki gizli bir bölgənin bunlara tərəf istiqamətləndiyini gördüyündən, bu ünsürlərə qarşı belə ciddi müqavimət göstərir. Günümüzdəki mədəni ləkələnməni inkar edə bilmək üçün barmaq uclarımızda yaratdığı ürpərdici qaşıntını hiss edəcək qədər ona bulanmaq, eyni vaxtda ləkəni rədd edəcək gücü də bu bulanma içində tapmaq tələb olunur. Bu güc özünü fərdi anlayış kimi təqdim etsə də, əslində, fərdi deyildir: güclü bir zehni vicdanın içində əxlaqi supereqo qədər cəmiyyət yükünün də payı var. Belə bir vicdanın doğumuna səbəb yaxşı cəmiyyət və yaxşı vətəndaş anlayışlarıdır. Bu anlayış sönməyə, silinməyə üz tutsa – buna kim bəsirətsizcəsinə inana bilər ki?! – zehnin alçalma gücü də cilovsuz qalar və bununla mədəniyyətsizliyin fərdin içinə yığdığı lillənmələr üzə çıxar: kəmsavadlılıq, laqeydlik, təklifsizlik və despotluq.
Bu proses də, adətən, humanizm, başqaları tərəfindən başa düşülmək istəyi, yaxud dünyəvi məsuliyyət adıyla şərtləndirilir. Bununla belə, zehni özününəzarətdən imtina etmək xeyli asan fədakarlıqdır. Bu cür fədakarlığa “dözən” şəxsin öz inamı ilə bağlı mühakimələrini ciddi hesab etməyimiz müşküldür. Bu cür adamların ən bariz nümunələri də maddi vəziyyətləri yaxşılaşmış intellektuallardır: sadəcə yazı ilə pul qazanmağın doğruluğuna özlərini inandırdıqları anda keçmişdə bəlağətli üslubla rədd elədikləri ucuz şeylərdən zərrəcə fərqlənməyən bayağılıqların istehsalına başlayırlar. Eynilə, əvvəl varlı olmuş mühacirlərin öz ölkələrində etmək istəyib riskə girmədikləri eqoist xəsisliyə yad torpaqlarda başlamaları kimi. Mənəvi cəhətdən yoxsullaşanlar isə öz cənnətləri hesab etdikləri cəhənnəmə sevinc içində girirlər.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?