Текст книги "Minima Moralia"
Автор книги: Теодор Адорно
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]
9
Hər şeydən əvvəl, övladım! (1) – Yalanın əxlaqdankənar olmağının səbəbi müqəddəs və toxunulmazı ləkələməsi deyil. Onları daha da küncə qısıb yox etmək məqsədiylə üzvlərinin ağzından işgəncə ilə söz çıxardan cəmiyyət həqiqət üzərində haqq iddia edə bilməz. Obyektiv yalan subyektiv üzərində inad edərsə, onu öz əleyhinəçevirmiş olacaq. Yenə də, hər yalanın içində geri itələyən bir şey var və bunun fərqindəliyi qamçıyla təlqin olunmuş olsa belə, həbsxanaçıların tanınmasını təmin edəcəkdir. Əsl yalan hədsiz doğruluqdur. Yalan danışan şəxs utanır, çünki hər yalan həqiqət və doğruluğa təriflər yağdırarkən digər tərəfdən də yaşamaq üçün insanı yalana vadar edən dünyanın ləyaqətsizliyini görməkdədir. Utanmaq hissi daha təcrübəsiz şəxslərin yalanlarında nəhəng boşluqlar yaradır. Bacarıqsızca yalan danışırlar və qarşısındakı şəxsin nöqteyi-nəzərindən yalanı eybə, qəbahətə çevirən şey elə bu bacarıqsızlığın özüdür. Bu, yalan danışanın qarşısındakını axmaq hesab etdiyinin əlaməti, həqarət işarəsidir. Yalan günümüzün peşəkər sənətçilərinin əlində həqiqəti təhrif etməkdən ibarət olan qədim və məsum xarakterini itirib. Heç kim heç kimə inanmır. Hamı hər şeyin iç üzünü bilir. Yalan danışan adamın əsl məqsədi qarşısındakı şəxsə və həmin şəxsin onun haqqındakı düşüncələrinə tamam laqeyd olduğunu hiss etdirməkdir. Bir vaxtlar liberal ünsiyyət vasitəsi olan yalan günümüzdə hər fərdin öz ətrafında buz kimi atmosfer yaradaraq bu atmosferin sığınacağı içində kök atmasını təmin edən arsızlıq üsullarından birinə çevrilmişdir.
10
Ayrılmış–birləşmiş – İnsani səciyyələrini itirmiş olduğu bir dövrdə yenə də yaşamağa davam edən ailə institutu günümüzdə, adətən, sağqalma hiyləsi kimi istifadə edilir. İki günahkar üfunətli bir bataqlıqda birgə yaşamaqla bərabər, bir-birilərinə etdikləri bütün pisliklərin məsuliyyətini xaricə yönəldirlər. Bu cür çirklilikdən uzaq ailə hər iki şəxsin müstəqil yaşadığı, hesab-kitablı iqtisadi mənfəət şərikliyinə dözmək əvəzinə, bir-birilərinə qarşı məsuliyyətlərini azad şəkildə qəbul etdikləri ailə ola bilərdi. Mənfəət şərikliyi kimi ailə əlaqəli tərəflərin təhqir olunması mənasına gəlir. Və dünya elə xain dünyadır ki, bunun fərqində olanlar belə bu həqarətdən qaça bilmirlər. Odur ki, əxlaqsızlıqdan uzaq ailə qurmağın təkcə şəxsi mənfəətlərin hayında olmayanlara, yəni varlılara məxsus bir imkan olduğunu vurğulaya bilərik. Di gəl ki, bu da sadəcə formal və içiboş bir imkandır. Çünki mənfəət hayında olmaq, mənfəət dalınca qaçmaq bu xüsusi təbəqədə ikinci bir təbiət kimidir. Əgər belə olmasaydı, xoşbəxtlik də daxil olmaqla, heç bir xüsusiliyə tutunmağa cəhd etməzdilər.
11
Bütün malım və bütün mülkümlə – Boşanma yaxşı xasiyyətli, mülayim, savadlı insanlar arasında baş tutduqda belə, qarşısına çıxan hər şeyi çirkləndirən və solduran bir tozanaq qaldırır çox vaxt.Məhrəmlik ərazisi, paylaşılmış həyatın bir az əhli-kef, müdafiəsiz inamı münasibət bitdiyi anda dəhşətli zəhərə çevrilir. İnsanlar arasındakı yaxınlıq, səbir, dözümlülük qəribə vərdişlər üçün sığınacaqdır. Bu sığınacağın divarları dağılanda insan içindəki zəifliklərini gün işığına çıxardır və boşanma bu divarların dağıdılmasıdır. Divarlar dağıdılır və boşanma inamın bütün inventarını müsadirə edir. Əvvəllər sevgi və diqqətin göstəricisi olan şeylər, sülhün və uzlaşmanın nişanələri müstəqilləşməyə başlayır və bu müstəqillik şərcil, soyuq, xəbis cəhətlərin göstərilməsi üçün əla bir fürsətə çevrilir. Professorlar boşandıqdan sonra arvadlarının mənzillərinə gizlin girərək yazı masalarının daxıllarından nəsə oğurlayırlar və imkanlı qadınlar boşandıqdan sonra köhnə ərlərinin vergidən yayındıqlarını hər kəsə bəyan edir, onu bu yolla rüsvay etməyə çalışırlar. Evliliyin bəşəri şəfqətsizlik içində batmaqda olan dünyada insani evlər qurmanın ən son imkanı olduğunu demək olar, ancaq bəşərilik də evliliyi bu cür ləkələməklə intiqamını almaqdan çəkinmir: bəşərilik qaydalardan kənar qaldığını düşündüyümüz hər şeyi müsadirə edərək onları haqların və mülkiyyətin tələblərindən asılı salır və bununla xəyali müdafiədə yaşadıqlarını düşünənləri məsxərəyə alır. Ən çox müdafiə olunmuş şey qəfildən meydana çıxarılır. Hər şey gün işığındadır. Ayrılmış cütlük əvvəllər nə qədər comərd idisə, əvvəllər mülkiyyət və öhdəlik kimi şeylərə nə qədər az vaxt sərf edibsə, gün işığında onların alçalışı daha dəhşətli olur. Çünki çəkişmənin, söyüşlərin və sonu görünməyən mənfəət davalarının əsl inkişaf meydanı hüquqi cəhətdən müəyyənləşdirilməmiş bu yerlərdədir. Evlilik qurumunun altındakı zülmət bünövrə: arvadının əməyi və mülkiyyəti üzərində ərin vəhşi hakimiyyəti: bir kişini yatmaqdan vaxtilə zövq aldığı bir qadınla evlənməyə məcbur edə bilən və əvvəlkindən daha az vəhşi olmayan o cinsi despotizm – divarlar dağıdılanda bunların hamısı zirzəmilərdən və bünövrənin künc-bucağından sürünərək gün işığına çıxır. Əvvəllər xeyirxah bəşəriliyi xüsusiləşmiş bir asılılığın içində tapanlar, indi cəmiyyətin təzyiqi ilə, çöldəki sərhədsiz şərin bəşəri nizamından heç də fərqlənməyən alçaqlar olaraq görməyə başlayırlar özlərini. Universallıq ailədə xüsusiləşmənin utanc ləkəsi kimi zühur edir. Çünki bu cür cəmiyyətdə xüsusinin, yəni evliliyin universala (bəşəriliyə) çevrilməsi mümkünsüzdür.
12
İnter pares (1) – Erotik keyfiyyətlər sahəsində bütün dəyərlərin baş-ayaq olması prosesi tamamlanmaqdadır. Liberalizmdə bizim dövrə qədər varlı zümrələrdən evli kişilər qapalı mühitdə yetişmiş mühafizəkar arvadlarından ala bilmədiklər zövqü müğənni qızlarda, bohem qadınlarda, vyanalı “süsse Madel”də (şirin gözəlçələr) və “cocotte”lərdə (yüngül təbiətli qadınlar) axtarmaq vərdişində idilər. Cəmiyyətin rasionallaşması ilə birgə bu gizli səadət şansları da yoxa çıxdı. “Cocotte”lər qeybə qarışdılar, “süssü Madel”in isə anqlo-sakson ölkələrdə və texniki mədəniyyətə sahib digər cəmiyyətlərdə hansısa qarşılığı yox idi. Bunun əvəzində bu gün zəli kimi kütlə mədəniyyətinə yapışan müğənni qızlar və bohem qadınların bu mədəniyyətin məntiqindən möhkəm yapışdıqlarını görürük: bu bağlılıq o həddədir ki, bütün şəhvətiylə bu qadınların anarxizminə özlərinin mübadilə dəyərlərini sərbəstcə müəyyənləşdirmələrinə qaçan adam, sabahı gün qadını katibə olaraq öz himayəsinə götürməsə belə, ən azından tanışı film müdirlərindən, yaxud ssenaristlərdən birinə tövsiyə edəcəyinə söz vermiş olaraq yuxudan oyanma riskinə məcbur qalır. Günümüzdə planlaşdırılmamış eşqi xatırladan nələrəsə hələ də istək duyan qadınlar şirin gizli görüşlər naminə ərləri tərəfindən gözardı edilmiş kübar qadınlar arasından çıxır sadəcə. Ərlərinin qüsurları ucbatından onların gözlərində anaları qədər darıxdırıcı olmağa davam etsələr belə, heç olmasa, özlərindən əsirgənən şeyi başqalarına verə bilirlər. Cinsi istəyini itirmiş yüngül təbiətli qadın iş aləmini təmsil edərkən yaxşı tərbiyə almış mühafizəkar həyat yoldaşı əsla romantik olmayan cinsəlliyi öz üzərinə götürür. Nəhayətdə, kübar cəmiyyət qadınları da öz ləyaqətsizliklərinin ləyaqətinə qovuşurlar – həm də kübar cəmiyyətin və kübar qadınların daha olmadığı bir dövrdə.
13
Qoruma, kömək və məsləhət – Mühacir intellektuallar hamısı şikəst olmuş şəxslərdir və əgər onlar qürurlarının qapalı otağında qəfildən bu həqiqəti dərk edərək daha da sarsılmaq istəmirlərsə, mütləq bu şikəstliyi özlərinə etiraf etməlidirlər. Həmkarlar ittifaqlarının, yaxud nəqliyyatın strukturunu nə qədər yaxşı bilirsə bilsin, mühacir intellektualın yaşadığı mühit onun üçün həmişə anlaşılmazdır: o, həmişə səhv etməyə, yolunu azmağa məhkumdur. Kütlə mədəniyyətinin inhisarçı ərazisində fərdi mövcudiyyətini davam etdirmək üçün etdiyi cəhdlərlə obyektiv və məsul bir iş arasında onu gözləyən keçilməsi mümkünsüz uçurum vardır. Ana dili əlindən alınmış, bütün intellektini bəsləyən tarixi qat budanmışdır. Bu təcrid halı üzvlərinə etibar etməyən, fərqli olaraq damğalananlara düşməncə davranan qapalı siyasi mühitlərin formalaşması ilə daha da ağırlaşır. Ümumi məhsulun xarici əsillilərin payına düşən hissəsi həmişə yetərsizdir, buna görə də, mühacir inllektuallar ümumi rəqabətdən əlavə, öz aralarında ümidsiz bir ikincilər rəqabətinə girməyə məcburdurlar. Bu cür rəqabət halının şəxsdən təsirsiz ötüşməsi qeyri-mümkündür. Bilavasitə hakimiyyətin alçalışından kənarda saxlanılan şəxs belə bu cür kənarda saxlanmanı ürəyində ləkə olaraq gəzdirəcək: cəmiyyətin dövretmə prosesində həqiqiliyi olmayan, xəyali bir varlıq. Yurdsuzlar arasındakı münasibətlər isə cəmiyyətin yerli nümayəndələri arasındakından daha iyrəncdir. Bütün vurğular yanlış, bütün perspektivlər çəpəkidir. Şəxsi həyat vampir kimi həmişəkindən daha hirsli, daha yırtıcı halda ön plana çıxır: var olmadığı üçün hələ də diri olduğunu sübut etməyə çabalayan şəxsi həyat. Bir yol var – özümüz və başqaları ilə bağlı təsbitlərimizi davam etdirmək: gözlərimizi açmaq, baş verənləri anlamaq və beləliklə, qiyamətdən qaça bilməsək belə, onun dəhşətindən, yəni böyük korluqdan arınmağa çalışmaq. Bu nöqtədə diqqətli olmaq lazımdır, xüsusən də şəxsi dostların seçilməsində – əlbəttə, hələ də seçim deyilən şey varsa. Belə anlarda qüdrət sahiblərinə yaxınlaşmaq və onlardan nəsə ummaq ən böyük təhlükədir. Ehtimaldakı imtiyazlara zillənmiş göz bütün növ insan münasibətlərinin ölümcül düşmənidir: insan münasibətlərindən güc və bağlılıq doğula bilər. Ancaq praqmatik məqsədlərə yönələn qayğılar tamam qısırdır. Daha bir təhlükə var: qüdrətlilərin güzgülərindəki xəyali təsvirlər: kölələr, yaltaqlar və dilənçilər: özlərindən daha yaxşı vəziyyətdə olanlara ancaq mühacir güzəranının şərtlərində inkişaf imkanı tapan qədimi qələndərliklə yalaqlanmağa çalışanlar. Bu adamlar qoruyucularına bəzi xırda imtiyazlar təşkil edə bilərlər. Ancaq bu imtiyazlar əvəzsiz deyil: mühacir bu imtiyazları qəbul etdiyi anda onu dibə çəkirlər. Mühacir isə bu hökmə meyillidir. Yad ölkədə tamam köməksiz haldadır. Bu cür imtiyazlarsa hava və su kimidir. Batini jest – Avropada çox vaxt kor-koranə şəxsi maraqlar üçün bəhanə idi, bəlkə. Bununla belə, dövrümüzün mühacirlik şərtlərində zahidlik təfəkkürü su sızıntısı bol olan pəjmürdə qavrayış olsa belə, hələ də ən uyğun xilasedici qayıq kimi görünür. Onu da demək lazımdır ki, onsuz da çox az adam qarşısındakı dənizə dözəcək qədər etibarlı nümunədir. Acından ölmək, yaxud dəli olmaq. Yolçuların çoxu üçün qurtuluş bunlardan başqa şey deyil.
14
Le bourgeois revenant (1) – İyirminci əsrin birinci yarısının faşist rejimləri köhnəlmiş iqtsadi formanı gücləndirərkən bu cür köhnə sistemin dayanıqlığı üçün lazım olan terroru da artırdılar: köhnə iqtisadi sistemin ağıldankənar xüsusiyyətlərini təkcə terrorla gizlətmək mümkün idi. Bu terrordan şəxsi həyat da öz nəsibini aldı. Qapalı və havasız şəxsi həyat, xırda mənafelərin partizanlığı, çoxdan vədəsini doldurmuş ailə quruluşu, mülkiyyət hüququ və onun şəxsdə təzahürü – kənardan avtoritarlığın gücləndirilməsiylə bu anlayışların da ömrü bir qədər uzandı. Bununla belə, bu proseslərdə daim narahat bir vicdan özünü biruzə verdi. Vicdanı yanlışlıq və saxtalığın gizlədilə bilməyən görüntüsünün yaratdığı düşüncə müşayiət etdi. Burjua dəyərlərində bir vaxtlar yaxşı və saf olan hər şey: müstəqillik, ötkəmlik, bəsirət, ehtiyatlılıq kimi xüsusiyyətlər tamamilə çürüdü, çirkləndi. Bu da səbəbsiz deyildi: burjua mövcudiyyət forması təcavüzkarlıqla qorunarkən, onun iqtisadi şərtləri qorunmamış və bu şərtlər tamam aşınmışdı. Məhrəmiyyət yerini gizlində eyni olduğu məhrumiyyətə verdi, özü də, bütünlüklə. Xırda mənfəətçiliyə yönəlmiş inadkar sədaqətə qəzəb də əlavə olundu: daha yaxşı, daha fərqli dünyanı qura bilməyəcəklərini anlayanların qəzəbi. Köhnə burjua təkrarlandı. Burjua məsumiyyətini itirdiyi anda quduzlaşdı. Balaca bağçanı uzun müddətdir “özəl mülk” hesab etmədən sulayan, lakin hansısa yad bir adam bağçaya girmək istədikdə onu qorxuyla bayıra itələyən əl, siyasi mühacirin mühacirət tələbini də rahatlıqla rədd etdi. Ancaq bu əl oyektiv təhdidi aşkar duyurdu. Nəticədə idarəçilərin və müftəxorların subyektivliyi bütünlüklə insanlıqdankənar xarakter aldı. Bu, burjua sinfinin – dünyanın gedişatına istiqamət verən destruktiv gücü öz əlinə alaraq qiyamət xəbərçisi xortdanlar kimi yaşamağa davam edən bir sinfin özünü realizəsi idi.
15
La nouvel avare (1) – İki növ tamahkarlıq var: birincisi əzəlidir – şəxsin həm özündən, həm də başqalarından hər şeyi əsirgəməsinə səbəb olan ehtiras. Bu tipin fizionomik xüsusiyyətlərini Molyer ölümsüzləşdirmiş, Freyd anal xarakterlə (2) əlaqələndirmişdi. Bu tipin ən mükəmməl nümunəsi məşhur xəsisdə, nağılların qiyafə dəyişmiş xəlifəsinin asketik maskasını xatırladan milyonçu dilənçidə görə bilərik. Onun kolleksionerlə, psixlə, yaxud böyük aşiqlə münasibəti Qobsekin Esterlə münasibəti (3) kimidir. Qəzetlərin yerli xəbərlərlə əlaqəli sütunlarında hələ də qarşımıza çıxa biləcək bir növ antikvardır. Zamanımızın xəsisi isə özü üçün heç nəyi baha bilməyən, başqalarına hər şeyi baha görən şəxsdir. Münasiblik hesabları ilə fikirləşər və bütün həyatını bir qaydaya, şəxsin aldığından azını verməsi, gələn dəfələrdə də verdiyindən çoxunu alması qaydasına həsr edər. Bu tipin bütün yaxşı əməllərini “Lazımdırmı?”, “Etməliyəmmi?” sualı müşayiət etməkdədir. Bu tip etdiyi yaxşılığın “intiqamını almaq üçün” düşdüyü təlaşla özünü ələ verər: Hər bir xərcin qarşılığının alındığı mübadilə zəncirində bircə dənə də olsun itirilmiş halqaya dözümü yoxdur. Bütün işlərini aşkar və rasional üsulla həll etdiyi üçün Harpaqon, yaxud Skrucdan fərqli olaraq, günahlandırılması, yaxud tovlanması qeyri-mümkündür (4). İnsafsız olduğu qədər də dostcanlıdır. Lazım gəldikdə doğrunun tərəfinə keçər və doğrunu yalana çevirər. Köhnə xəsisin səfil acgözlüyünün xilaskar cəhəti vardı: kassadakı qızıllar oğruları da cəzb edirdi. İfadəli desək: eynilə, cinsi sahiblənmə ehtirasının ancaq şəxsin özünü təslim etməsiylə doyuzdurulması kimi, köhnə xəsisliyin də ehtirası fədakarlıq və itki ilə doyuzdurulurdu. Yeni xəsislər isə zahidliklərini günah kimi yox, fəzilət kimi yaşayırlar. Onlar sığortalıdırlar.
16
Nəzakətin dialektikası barədə – Yaranmaqda olan sənaye cəmiyyətinin hər cür insani münasibəti mümkünsüzləşdirəcəyini hiss edən Höte Vilhelm Meisterin səyahət illərində nəzakət anlayışına toxunaraq bu anlayışı yadlaşmış insanları soyuqluqdan xilas edəcək güc kimi təqdim etmişdi. Nəzakət – imtinadan ayrılmayacaq güc. Total qaynaşmadan, ehtirasdan, saf səadətdən imtina edilməliydi. Höte üçün insani olan şey tarixin sorğulanmayan axışını, inkişafın insanlıqdankənar keyfiyyətlərini, subyektivliyin süqutunu öz mübarizəsi kimi qəbul edən özünü təbiyə idi. Di gəl ki, o vaxtdan bu yana baş verənlər hötevari imtinanın bir növ tələbat olaraq görünməsinə yol açacaq qəbildəndir. Bu arada, Höteyə görə nəzakət və insanlıq (bunlar onun üçün eyni şeylər idi) bizi getməkdən qoruyacaq-ları hədlərə özləri gedib çıxmışdılar. Yaxşı bildiyimiz tarixi bir an var. Nəzakətin tarixi anı. Burjua fərdinin özünü mütləqiyyətçi gücün qarmağından xilas etdiyi an. Fərd azad və təkbaşınadır. Sadəcə özüylə hesablaşır. Digər tərəfdən, mütləqiyyətin yaratdığı iyerarxik hörmət və düşüncəlilik də köhnə iqtisadi əsaslarından və qorxuducu gücündən sıyrılsa da, hələ imtiyazlı qrupların içərisində bir yerdə yaşamağın dözüləcək həddinə qarışacaq qədər varlığını qoruyub saxlamışdır. Mütləqiyyət və liberallıq arasında ilk baxışda paradoks kimi görsənən bu qarşılıqlı cazibətəkcə Vilhelm Meisterdə deyil. Onu Bethovenin ənənəvi bəstəkarlıq əsərlərinə qarşı münasibətində, hətta məntiqdə Kantın obyektiv bağlayıcı ideyaları subyektiv kimi təqdim etməsində də görə bilərik. Bethovenin dinamik, dağıdıcı gücə malik işlərinin içində, Kantın sxolastik kateqoriyaları şüurun vahidliyindən deduksiyasında açıq-aşkar özünü göstərən “nəzakətanə” istiqamət var. Nəzakətin şərti əvvəlki möhkəmliyini və bütövlüyünü çoxdan itirmiş, ancaq yenə də varlığını sürdürən qarşılıqlı razılaşmadır (konvensiya). Bu qarşılıqlı razılaşma bərpası müşkül dağıntılar halında sadəcə formaların parodiyasında öz varlığını sürdürür: cahillərin istifadəsi üçün necə gəldi hazırlanmış, yaxud keçmiş dövrlərdən yığılmış etiket qaydaları çələngi. Qəzetlərin könüllülük prinsipində işləyən davranış qaydaları məsləhətçilərinin gəvəzələ-dikləri növdən qaydalar. Dişlə-dırnaqla yaradılan nəzakət və qarşılıqlı razılaşma indi ancaq sürücülərin və başqa radio dinləyicilərin qulaq konformizminə xidmət edir. Mərasim başa çatdı. Bu, nəzakət üçün ilk baxışda faydalı hesab oluna bilər. Nəzakət avtonomsuzluqdan məhrum ziyanxor ölçüdə yad hər meyardan təmizlənəndə bir gözlənti yaranır: hər bir insani halın özünəməxsus tələbatlarının nəzərə alınması. Bununla belə, bu cür müstəqilləşmiş nəzakət nominalizmin hər konteksdə qarşılaşacağı çətinliklərin ortasında tapacaqdır özünü. Nəzakət birbaşa mərasimyana razılaşmalara tabe olmaq deyil. Humanistlər də nəzakətin bu cür qəbul edilməsinə ironik yanaşırdılar. Nəzakətli davranış – öz tarixi mühiti qədər paradoksal bir şey idi. O, razılaşmanın hökmdən düşən iddiaları ilə fərdin özbaşına cəhdləri arasında bir uzlaşma – mümkünsüz uzlaşma – istəyirdi. Nəzakətli davranışın yeganə meyarı razılaşma idi. Razılaşma nə qədər gücdən düşmüş olsa da, fərdi haqq iddiasının mənşəyindən ibarət universalı təmsil edirdi. Nəzakət fərqliliklərin fərqləndirilməsidir. Şüurlu ayrılmalardan ibarətdir. Müstəqilləşmiş–fərqləndirilmiş, universallaşmamış – nəzakət fərdin qarşısına mütləqlik kimi çıxarsa, o, fərdin marağını özünə çəkə bilməz və nəhayətində, mütləq fərdə kobudluq etmiş olar. Nəyin müzakirəsinin mümkün, nəyinkinin qeyri-mümkün olduğunu müəyyənləşdirən hansısa qaydanın qalmadığı dövrdə yaşayırıq. Bu dövrdə səhhət soruşmaq yaxşı tərbiyə əlaməti sayılmır və bu sual pis niyyətə, altməqsədə işarə vurur. Eyni zamanda, susqunluq bomboş bir laqeydliyin elçisinə çevrilir. Beləliklə, fərdin nəzakətə qarşı düşmənçiliyinin (səbəbsiz olmayan düşmənçilik) əsası qoyulur: nəzakət formaları fərddə onunla insan olaraq danışdıqları hissindən daha çox, bu hissin əksini yaradır. Digər tərəfdən, belə bir halda nəzakətli danışan şəxs sırf nəzakəti davam etdirdiyi üçün nəzakətsiz biri kimi damğalanmaq riskiylə qarşılaşır. Ən nəhayətində, müstəqilləşmiş və bütünlüklə fərdiləşmiş nəzakət yekə bir yalana çevrilir. Günümüzdə nəzakətin həqiqi prinsipi onun haqqında danışmağı ciddiyyətlə rədd etdiyi şeydə gizlidir. Hər fərddə cisimləşən hərəkət və bundan daha çoxu – onun potensial gücü. Şəxslərə qarşı qeyri-şərti davranışın və onları olduqları kimi qəbul etmə təklifinin arxasında ciddi-cəhdlə “yerinə yerləşdirmə” arzusu yatmaqdadır: şəxsi və ehtimallarını onun ağzından çıxan sözlərin ehtivasındakı sətiraltı anlamalar vasitəsiylə getdikcə sərtləşən ümumi iyerarxiya içindəki yerinə yerləşdirmə istəyi. Nəzakətinin nominalizmi həmişə universalın, yəni kobud xarici faktorun tərəfindədir. Və bunda ən məhrəm hallar belə istisna deyil. Razılaşmanı yararsız, vaxtı keçmiş və xarici bəzək olaraq kənara itələmək, hər şeyin ən xaric olanını, birbaşa hökmranlıq dünyasını təsdiqləmək deməkdir. Nəzakət adlı karikaturanın dövrümüzün mövcud tapşırılma və mənfəət münasibətləri (ki, bu azadlığın lağlağıya çevrilməsidir) nəticəsində aradan aparılması həyatın daha da çətinləşdiyini, insanların günümüzün şərtlərində birgə yaşamaqlarının nə qədər mümkünsüz olduğunu göstərən nümunələrdən sadəcə biridir.
17
Mülkiyyət hüquqları – Əvvəllər bazar münasibətlərini hesablaya bilən birisinin öz müqəddaratını təyin etməsi müəyyən qədər mümkün idi. Ancaq indi bu, mümkünsüzdür. Özü də, bu qayda hamı üçün keçərlidir. İndi hər kəs güclülüyündən asılı olmayaraq sadəcə obyektdir. Generallıq belə insanı obyekt olmaqdan qoruya bilmir. Faşist bir dövrdə heç bir razılaşma baş qərargahı hava hücumlarından müdafiə edəcək qədər öhdəlik yaratmır . Ənənəvi ehtiyatlılıqlarına sadiq generalları dar ağacına yollamaq Hitler üçün ən adi işdi. O biri tərəfdə Hitlerin yerində Çan Kay Şe nəzərimizdən yayınmır. Bütün bunlara əsasən deyə bilərik: sağ qalmaq istəyən şəxs (hərçənd sağ qalmanın qəribə, absurd bir cəhəti də var – sağ qalma bir qədər kabusları xatırladır – dünyanın sonuncu gününü yaşayıb, sonra da bir evin zirzəmisindən sürünərək çıxdığımızı canlandırdığımız kabusları) hər an həyatına son verməyə hazır olmalıdır. Zərdüştün azadə ölümü səciyyələndirən çoşqun şən doktrinasının çatdığı həqiqət budur. Azadlıq əzilib-büzülərək saf bədxahlığa çevrilib. Dünyamız ölümdən daha dəhşətli şeylərlə doludur və ”art nouveau” günlərində gözəl ölüm olaraq təsnifləndirilən şey – belə bir dəhşətli dünyada yaşamağın sonsuz alçalması ilə ölümün sonsuz iztirabının qısaltmaq istəyinə qədər enib. İnsanlığın obyektiv olaraq fəlakəti. Hadisələrin başqa cür adlandırılması. Şəxsin fərd olaraq bütün insanlığı təmsil edərkən bunu realizə etmək müstəqilliyini itirməsi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?