Текст книги "Minima Moralia"
Автор книги: Теодор Адорно
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]
25
Zehnimizdə onlara yer yoxdur – Qaçqınların köhnə həyatlarının silindiyini bilirik. Əvvəllər həbs əmriydi, bu gün isə ölkədən ölkəyə daşına bilməyənn zehni yaşantıdır. Maddiləşməmiş olanın, nomeklaturlaşmayanın yaşamı da sona çatmaqdadır. Bununla belə maddiləşmə bununla da kifayətlənməyib öz ziddinə, bilavasitə feilləşməyən yaşama da yayılmaqdadır. Təkcə fikir və nostalgiya kimi yaşayan şeylərə. Bunlar üçün xüsusi termin də icad ediblər. “Curriculum vitae”. Cinsiyyət, yaş, iş – hamısı soruşulur. Yaşam, onun qətli davam etsin deyə, həmrəy statistiklərin qələbə maşınına bağlanıb süründürülməkdədir. Keçmiş belə bu gündən – onu xatırlamaqla növbəti unuduluşa təslim edəcək bu gündən – özünü qoruya bilməməkdədir.
26
English spoken – Uşaqlıqda ailəmin dostluq etdiyi bəzi yaşlı ingilis xanımları mənə tez-tez kitab bağışlayardılar. Cavanlar üçün hazırlanmış, rəngli, şəkilli kitablar, bir də tumac cildli yaşılımtıl bir İncil. Bütün kitablar hədiyyələri verənlərin dilində idi. Heç biri oxuyub-oxumayacağımı fikirləşməmişdi. Valehedici şəkilləri, sərlövhələri, viqnetləri, kəşf edilməsi mümkünsüz mətinləri ilə bu kitabların xüsusi əlçatmazlığı bu cür şeylərin kitabdan ziyadə reklam olduğunu düşündürürdü mənə: bəlkə də əmimin Londondakı fabrikinin istehsal etdiyi məhsulları tanıdan reklamlar… Anqlo-sakson ölkələrində yaşamağa və ingiliscəni başa düşməyə başladıqdan sonra bu təəssüratım yenə də yoxa çıxmadı, əksinə, gücləndi. Brahmın bir mahnısı var. Sözləri Heynenin bir şeirindəndir. “O Herzeleid, du Ewigkeit! / Selbander nur ist Seligkeit (Ey qəlbdəki ağrılar, ey sən sonsuzluq! / Məndən o yandadır bəxtiyarlıq). Bu misralar ən məşhur amerikan jurnallarından birində isə bu hala düşüb: “O misery, eternity! / But two in one were ecstasy” (Ey dəhşətli sonsuzluq./ İki ürək bir olanda ancaq xoşbəxtlik) Mətnin əslindəki qədim, çoşqulu adlar populyar bir melodiyanın şüarçı sözlərinə çevrilib. Bunun da məqsədi mətni parlatmaq və bununla bəzəməkdir. Bu sözlərin yaydığı neon işıqlar altında mədəniyyət də reklamdan başqa bir şey olmadığını göstərməkdədir.
27
On parle français (1) – Cinsəlliklə dilin necə bir-birinə qarışdıqlarını yad dildə pornoqrafik yazılar oxuyaraq anlaya bilərik. De Sadı öz dilindən oxuyarkən belə lüğətə ehtiyac olmur. İnstinktiv olaraq hər şey başa düşülür. Qaranlıq, sürüşkən açıq-saçıq ifadələr instinktiv olaraq heç bir məktəbdən, heç bir evdən, heç bir ədəbi təcrübədən öyrənilmədən rahatlıqla anlaşılır; eynilə uşaqlıqda cinsəlliklə əlaqəli ən dolayı söz və müşahidələrin zehində realist bir təmsil formasında dərhal şəffaflaşması kimi. Gizlədilmiş ehtiraslar bu ifadələrlə həqiqi adlarına qovuşduqları anda özlərinin qaranlıq hücrələrindən çıxıb kor dilin barrikadalarını aşır və qarşısı alınmaz bir zorakılıqla mənanın ən daxili qatlarına qədər sızırlar. Orada isə onları öz oxşarları gözləməkdədir.
28
Peyzaj – Amerikan mənzərəsinin qüsuru, romantik illuziyanın qeyd etdiyi kimi, tarixi anların çatışmazlığı deyil, insan əlinin heç bir izini daşımamağıdır. Təkcə əkilməyə yarayan torpağın yetərsizliyi ilə, çox vaxt kolluqlardan daha hündür olmayan əl dəyməmiş meşələrlə də məhdud deyil bu hal. Bu hal özünü ən çox yollarda biruzə verir. Mənzərənin içinə təsadüfi yerləşdirilmiş kimidir yollar. Düzlükləri və genişlikləri nə qədər təsirlidisə, parıltılı izləri də vəhşi və zəngin landşaft qarşısında bir o qədər laqeyd və kobud görsənir. İfadəsizdirlər. Ayaq, yaxud təkər izindən xəbərsizdirlər. Otlaqlar, yaxud meşəliyə keçmək üçün cığırlar yoxdur ətraflarında. Deməli, insan əlinin, ya da alətlərinin toxunuşunu hiss etmiş şeylərin yumşalmış, keyidici, küt toxunuşundan məhrumdurlar. Sanki heç kim indiyəcən mənzərənin saçını oxşamamışdır. Rahatlığa qovuşdurulmamışdır. Rahatlığa qovuşdurulmayacaqdır. Dərk olunması da bu cürdür. Sürətlə gedən maşının içində gördüyü şeyi göz yaddaşına yaza bilməz. Mənzərə isə öz daşıdığından daha çox iz buraxmaqda acizdir.
29
Cır meyvə – Prust nəzakətli idi. Oxucunu özünü müəllifdən daha ağıllı hesab etmək əziyyətindən xilas edirdi.
On doqquzuncu əsrdə Almanlar xəyallarının rəsmini çəkdilər, ortaya çıxan hər zaman tərəvəz rəsmi idi. Fransızlara isə bircə tərəvəz rəsmi çəkmək bəs edirdi ki, ortaya çıxan xəyal olsun.
Anqlo-Sakson ölkələrində fahişələr, günahla birgə onun gətirəcəyi cəhənnəm əzabını da bəxş edirmiş kimi görsənirlər.
Amerikan mənzərəsinin gözəlliyi; Ən kiçik hissədə belə ifadə olaraq bütün ölkənin ucsuz-bucaqsızlığı görsənir.
Qaçqınlığın xatirələrində ov iti rostolarının dadı var. Elə bilirsən ki, heyvan Freischützün (1) tilsimli güllələri ilə vurulub.
Psixoanalitikada ancaq şişirdilən şeylər doğrudur.
Xoşbəxt olub-olmadığımızı küləyin səsindən anlaya bilərik. Xoşbəxt olmayan insana bu səs onu yüngül yuxulardan, narahat xəyallardan oyandıraraq ona evinin müdafiəsizliyini xatırladır. Xoşbəxt adam üçün isə bu müdafiəliliyin şərqisidir.
O, Küləyin Qəzəbli uğultusu ilə yanaşı, küləyin ona qarşı gücsüz olduğunu etiraf edən pıçıltını da eşidir.
Xəyallarımızdan tanıdığımız səssiz gurultu ayıq vaxtları-mızda qəzet sərlövhələrindən hücum edir üstümüzə.
Mifin qiyamət çarçısı günümüzdə radioda yaşayır. Məcbur olaraq eşitdirilən əhəmiyyətli hadisələr həmişə fəlakətlərdir. “Solemn” sözü ingilis dilində həm “təntənəli”, həm də “təhlükəli” mənasını verir. Aparıcının arxasındakı cəmiyyətin gücü özlüyündən dinləyicilərə istiqamətlənməkdə, onları hədəf almaqdadır.
Yaxın keçmiş həmişə bizə fəlakətlərdən qalıq bir ovuc dağıntı kimi görünür.
Tarixin əşyada zühur edən ifadəsi keçmiş əzabların təzahürüdür.
Hegeldə öz-şüur öz-kimliyindən əminliyin həqiqəti idi. Fenomenologiyanın sözləri ilə “Həqiqətin doğma torpağı.” Bunu başa düşə bilməyəcək səviyyəyə çatanda isə burjualarda, heç olmaya, var-dövlət sahibliyinin qürurundan doğulan bir öz-şüur var idi. Günümüzdəki öz-şüurun yeganə mənası eqo barədə düşünməyin utancaqlığı və gücsüzlüyün dərk edilməsidir. Özünün heç nə olduğunu anlamaq.
“Mən” demək, günümüzdə bir çox insan üçün “abırsızlığın” özüdür.
Gözünüzdəki tük ən yaxşı böyüdücüdür.
Ən bayağı insan ən ali insanın zəifliklərini görə bilər, ən axmaq da ən ağıllının fikirlərindəki xətaları.
Cinsi əxlaqın ilk və yeganə prinsipi: günahlandıran həmişə günahkardır.
Vahid səhvdir (2)
30
Pro domo nostra (1) – Axırıncı müharibədə – ki, bütün müharibələr özündən sonrakılara nisbətən daha sakit, daha dinc görsənir – müxtəlif ölkələrin simfonik orkestlərinin qarhaquru susdurulduğu bir vaxtda Stravinski təəccüblə axtalanmış bir oda topluluğu üçün “Əsgərin hekayəsini” bəstələdi. Bu, onun şahəsəri olacaqdı, yeganə inandırıcı sürreal manifest. Xəyali, sarsıntılı, dərinlərdən gələn zorbalıq musiqini mənfi bir həqiqətin zirvələrinə aparırdı. Əsərin ilk şərti yoxsulluq idi. Rəsmi mədəniyyəti darmadağın edə bilmişdi, çünki mədəniyyətin maddi zənginliklərinə çatması qadağan edildiyindən mədəniyyəti həmişə zəhərləyən göstərişçilikdən uzaq dayanmağı bacarmışdı. İkinci müharibədən sonrakı fikir istehsalı üçün burdan bir dərs çıxır – bir müharibə ki, Avropada yaratdığı dağıntının dərəcəsini həmin musiqinin boşluqları belə ehtimal edə bilməzdi. İnkişaf və barbarlıq kütlə mədəniyyətində elə iç-içədir ki, barbarlıqdankənar şərtləri ancaq o mədəniyyətə və mədəni vasitələrdəki inkişafa qarşı barbarca bir pəhriz qaytara bilər. Saxta zənginlikləri və bahalı istehsalı rədd etməyən, rəngli filmləri və televizoru, milyoner jurnallarını və Toskanini inkar etməyən heç bir sənət əsərinin, heç bir düşüncənin sağ qalmaq şansı yoxdur. Kütləvi istehsala uyğun təşkil olunmuş köhnə media bu şərtlərdə yeni bir dəyər qazanır. İmmunitet və improvizasiyanın dəyəri. Ancaq bu cür media trestlərin və texnologiyanın müttəfiq cəbhəsini aşa bilər. Uzun müddətdir kitabların kitaba oxşamadığı bu dünyada həqiqi kitab kitab ola bilməz. Burjua dövrünü başladan əgər mətbəənin ixtirasıdırsa, indi ona mimeoqrafla, çapın yeganə təkəbbürsüz üsulu ilə son deməyin vaxtıdır.
31
Çantadakı pişik – Sosializmin ən şərəfli davranış forması həmrəylik də xəstədir. Əvvəllər həmrəyliyin məqsədi qardaşlıq ideyalarını həqiqətə çevirmək idi. Yəni, həmrəyliyi ideologiya olduğu ümumiliyin içindən çəkib çıxarmaq və onu xüsusiyə, düşməncil ziddiyyətlə tanınan ümumilər dünyasının içində həmrəyliyin yeganə qalası partiyaya məxsus həqiqət olaraq davam etdirmək idi məqsəd. Həmrəyliyi öz həyatlarını əl-ələ dayanıb təhlükəyə atan bir qrup insan təmsil edirdi. Hansısa təhlükə qarşısında öz şəxsi qayğılarını önəmsiz sayan insanlar hansısa mücərrəd düşüncənin buyruğuna girmədən, eyni zamanda, şəxsi ümid də bəsləmədən həyatlarını bir-birləri üçün qurban verə bilirdilər. Özünümüdafiədən bu cür imtinanın ilk şərti bilik və qərar vermə azadlığıydı. Bunlar yoxdursa, kor şəxsilik dərhal üzə çıxardı. Ancaq həmrəylik vaxt keçdikcə Partiyanın minlərlə gözü olduğu inancına, güclü olduğu düşünülən fəhlə dəstələrinə – bunlar çoxdan uniformalaşmışdı – yazılmağa və tarixin axışına qoşulmağa çevrildi. Beləliklə, qazanılan hansısa müvəqqəti əmin-amanlığın da əvəzi daimi qorxu, yaltaqlıq, yalançılıq və çərənçilik olmağa başladı. Düşmənin zəifliklərini yoxlamaqda istifadə olunacaq enerji şəxsin öz rəhbərinin kaprizlərini, ehtimal reaksiyalarını təxmin etmək cəhdlərində xərclənməkdədir. İndi bu rəhbər əvvəlki düşmənlərdən daha çox qorxu yayır. Çünki şəxs hər iki tərəfin rəhbərlərinin tabeçiliyində olanlarla məsləhətləşmədən gizlindən-gizliyə bir-biri ilə razılığa gələcəklərini sezməkdədir. İnsanlar arasındakı münasibətlərdə bunun başqa yansıması müşahidə olunur. Həqiqi möminləri – bunlar jestlərinin və nitqlərinin çətin təsnifləşdirilən xüsusiyyəti ilə bir-birlərini tanıyırlar, yəni parolu əvəz edən açıq sözlü təslimiyyətçiliklə – birləşdirdiyi görünən xəyali bildirişi imzalamadığı halda bu gün keçərli şablonlara görə əminliklə yenilikçi kimi sinifləndirilən şəxs həmişə eyni təcrübəni yaşayacaqdır. Həm ortadokslar, həm də onlara çox bənzəyən təhrifçilər müəyyən həmrəylik gözləntisi içində yanaşırlar ona. Aşkarca və gizlincə yenilikçi andlaşmanı xatırladırlar. Ancaq şəxs bu adamların onlardan həmrəyliyin ən kiçik dəlili, yaxud sosial cəhətdən öz paylarına düşən işlərə, heç olmasa, rəğbətlə yanaşılması istənilən anda onu tək qoyacaqlarını görəcəkdir. Kilsə müqəddəslərinn köhnə izzətlərinə yenidən qovuşduğu bir çağda materializm və ateizmdən geriyə qalan yeganə şey budur. Bu təşkilat adamları dürüst intellektualın üzə çıxıb onlar üçün özünü təhlükəyə atmasını tələb edir, eyni anda özlərinin üzə çıxacaqları təhlükəsini hiss edən kimi onu bir kapitalist, arxalandıqları və istifadə etməyi umduqları dürüstlüyü isə gülünc sentimentallıq və axmaqlıq olaraq görməyə başlayırlar. Həmrəylik qütbləşməkdədir. Bir ucda qaçacaq yeri olmayanların ümidsiz sədaqəti, digər ucda həbsxana gözətçilərindən uzaq dayanmaq və eyni anda oğruları da əsəbiləşdirmək istəməyənlərə tətbiq olunan feili şantaj.
32
Vəhşilər daha əsilzadə deyillər – Afrikalı iqtisadi siyasət tələbələrində, Oksforddakı siamlılarda və daha ümumi olaraq kiçik burjua mənşəli tarixçi və musiqişünaslarda bir meyillənmə var. Yeni mövzunun assimilyasiyasını oturuşmuş, təsdiqlənmiş hər şeyə birləşdirməyə həvəslidirlər. Üsyankar bir beyin ibtidailiyin, gecikmişliyin, yaxud “kapitalist olmayan dünyanın” tam əksidir. Çünki təməlində təcrübə var. Tarixi yaddaş. İti zəka. Ən əsası da, doymuşluq. Radikal qruplara sonradan qoşulan təcrübəsiz cavanların bircə dəfə mühafizəkarlığın gücünü hiss etməklə cəbhə dəyişdirdiklərinə misal çoxdur. Ənənədən nifrət edə bilmək üçün ona sahib olmaq lazımdır. “Avanqard” sənət hərəkatlarına proletarlardan daha çox ədabaz varlıların meyilli olmağı bizə siyasət üçün də mənalı bir ipucu verə bilər. Gecikənlərin və təzələrin qorxuducu meyillənmələri var pozitivizmə doğru – Bu, Hindistandakı Carnaq müridlərindən Alman masterlər Matyias Qrünvald və Haynrix Şützün inanclı tərəfdarlarına qədər hamısında oxşar cəhətdir. Kənarda qalmağın təkcə nifrət və qəzəb oyandırmağını iddia etmək naşılıq əlamətidir. Çünki bundan, yəni kənarda qalmaqdan həddindən artıq sahiblənici və xoşgörülü bir eşq də doğula bilər. Odur ki, despotik mədəniyyətin kənarda saxladığı insanların onun ən sadiq müdafiəçilərinə çevrilmələri adi bir şeydir. Sosialist olaraq nəsə öyrənmək, mədəni miras adlanan şeydən pay götürmək, istənilə fəhlədə belə bunun əks-sədası eşidilir hərdən.
Bebellerin zövqsüz qeyri-müəyyənliyi isə mədəniyyəti başa düşməkdən daha çox onu səthi dəyərləriylə qəbul etməyə və onu özününküləşdirməyə acgözlükdə göstərir özünü. Sosializmin nə belə bir çevrilməyə, nə də nəzəri olaraq pozitivizmə düşməyə qarşı ümumi bir immuniteti var. Uzaq şərqdə Marks asanlıqla Driş və Rikertin işğal etmədikləri yerləri tuta bilər. Qərbdən kənar cəmiyyətlərin sənaye cəmiyyətinin toqquşma-larının içinə çəkilməsi – ki, bu daha əvvəllər edilməliydi – əsl qazananın, həyat standartlarında gözlənən kiçik artımı kənara qoysaq, müstəqilliyə qovuşmuş xalqın özündən daha çox rasional olaraq inkişaf etdirilmiş istehsal və paylanma olmasından ehtiyat edilir. Daha qoca xalqlar kapitalizm öncəsi xalqlardan möcüzələr gözləmək yerinə onların təsdiqlənmiş hər şeyə və Qərbin uğurlarına göstərdikləri dardüşüncəli, tənbəl iştaha qarşı ayıq olmalıdırlar.
33
Ön cəbhədən uzaqda – Hava bombardmanları ilə əlaqəli xəbərlərdə çox vaxt bombardmançı təyyarləri istehsal edən firmaların adı da keçir:“Focke – Wulff”, “Heinkel”, “Lancaster”. Bəli, indi bu adlar söhbətlərdə bir vaxtlar işlədilən Hussar süvarilərinin, nizəli dəstələrin, zirehli cəngavərlərin yerlərini tutmaqdadır. Yaşamı təkrar istehsal etməyin, ona ağalıq etməyin və onu yox etməyin mexanizmləri birdir və bu səbəbdən sənaye dövlət və reklamçılıq iç-içə keçib. O vaxtlar şişirdilmə sayılmışdı, ancaq bu gün “müharibə ticarətdir” deyən liberalların haqlı olduqları açıq-aşkar görsənir. Hətta dövlət belə qazanc dünyasının şəxsi mənfəətlərindən müstəqil deyil, əslində, həmişə onların qulluğundaydı. İndi isə ideoloji olaraq da onların köləsinə çevrilib. Şəhərlərin dağıntısındakı əsas günahkarın (daha doğrusu, günahı üzərinə götürən şəxsin) adının hər xatırlanması, hər alqış, bərpa dövründə də onun ən yaxşı qazanacaq şəxs olması dayaqlarını möhkəmləndirməkdədir.
Otuz illik müharibə kimi, bu müharibə də – sona çatanda heç kim başlanğıcını xatırlamayacaq – mənasız intervallarla bir-birindən ayrı hərəkatlardan təşkil olunub: Polşa işğalı, Norveç Hərəkatı, Fransanın işğalı, Rusiya və Tunis hərəkatları, İşğal, İşğal, Yenə də İşğal. Bu ritmdə, coğrafi olaraq çatılası düşmən tapılmayan anların mütləq hərəkətsizliyi ilə ani hərəkətlar arasındakı bu var-gəldə hərbi texnikanı xatırladan mexaniklik mövcuddur. Müharibənin liberalizmdən əvvəl formasını yenidən canlandıran da elə bu oxşarlıqdır. Ancaq bu mexaniki ritm insanın müharibə ilə münasibətini də bütünlüklə müəyyənləşdirir və bunu təkcə fərdi bədəninin gücü ilə texnika arasında gözəçarpan uyğunsuzluq yaratmaqla deyil, həm də təcrübənin ən gizli qalalarına daxil olaraq edir. Bundan əvvəlki sonuncu toqquşmada belə bədənin mexaniki texnika ilə harmoniyada olmaması həqiqi təcrübəni qeyri-mümkün etmişdi. Bu savaşdan heç kim topçu general Napalyonun döyüşlərini danışan kimi danışa bilmirdi. Sülh elanı ilə hərb xatirələrinin yazılması arasında uzun intervalın olması da təsadüfi deyil. Bu xatirələrin canlandırılmasının və yaddaşın yenilənməsinin nə qədər çətin bir proses olduğunu göstərməkdədir. Və müəlliflərin yaşadığı dəhşət nə qədər qandonduran olursa olsun, bütün kitablarda bir kifayətsizlik, zəiflik, hətta saxtalıq hissi qarışıb bu xatırlamaya. İkinci müharibə isə təcrübədən büsbütün qopuqdur, bu, texnikanın işləmə prosesinin insan gövdəsindən qopuqluğunu xatırladır. Ancaq unutmaq da lazım deyil ki, bu hərəkətlər patalojik vəziyyətlərdə texnikanı yenidən xatırlatmağa başlayır. Bu savaşda daimilik, tarixilik, epik elementler çatışmır. Bu savaş hər mərhələsindən sanki sıfırdan başlayır. Odur ki, ondan yaddaşda qorunmuş, qalıcı bir xatirə qalmayacaq. O, hər yerdə, hər partlayışla xəbərdarlıq maneəsini deşib keçmişdir. Halbuki təcrübə, sağaldıcı unuduluşla sağaldıcı xatırlanma arasındakı interval bu maneə ilə qorunan bir sahədə formalaşır. Hərəkətsiz, mənasız intervallarla kəsilən, zamandankənar titrəmələr ardıcıllığına çevrilib yaşam. Ancaq gələcək üçün əsl dəhşətli olan tezlikdə bütün bunların üzərində düşünə bilmək qabiliyyətimizi itirməkdən ibarətdir. Cəbhədən qayıdan döyüşçülərin aldıqları hər tramva, mənəvi sarsılmalar gələcəyin dağıntılarının mayasıdır. Karl Kraus haqlı olaraq yazdığı əsərə “İnsanlığın son günləri” adını vermişdi. İndi göstərilən tamaşanın adı isə “Qiyamətdən sonra” olmalıdır.
Müharibənin informasiya, propaqanda və media şərhləriylə gözəgörünməz edilməsi, ilk tankların üstündəki operatorlar və qəhrəmanlıqla ölən jurnalistlər. İctimaiyyəti idarə etməyə istiqamətlənmiş işıqlandırma texnikalarının hərcmərcliyi və bütün laqeyd və unutqan hərəkətlilik. Təcrübənin, insanlarla taleləri arasında boşluqdan başqa bir şey olmayan təcrübənin – ki, insanların həqiqi taleləri bu boşluğun içində formalaşır – quruyub büzüşməsinin başqa cür ifadəsidir bütün bu baş verənlər. Hadisələrin şeyləşmiş, qatılaşmış, gipsdən qəlibləri hadisələrin yerlərini almışdır. İnsanlar tamaşaçısı olmayan, çünki hamının xırda bir rolla da olsa ekranda görsəndiyi sənədli dəhşət filminin epizodik iştirakçıları səviyyəsinə salınıblar. Hamını əsəbiləşdirən “saxta savaş” ifadəsinin altında yatan məna da bunu qəsd edir. Deyimin kökündə yaşanan dəhşətlə əlaqəli sözləri “propaqandadan ibarət sayan” – və beləcə yırtıcılıqlarını daha da amansızlaşdıracaqlarını düşünən – faşist laqeydliyinin yatdığı doğrudur, əlbəttə. Müharibə həqiqətən saxtadır. Ancaq bu saxtalıq bütün dəhşətlərdən daha dəhşətli bir saxtalıqdır və onunla məzə tutanlar bu dəhşətə köməklik edənlərdir.
Hegelin tarix fəlsəfəsi bu dövrü ehtiva edə bilmiş olsaydı, Hitlerin robot-bombaları da dünya ruhunun özünü simvollar vasitəsiylə birbaşa biruzə verdiyi seçilmiş empirik faktorlardan biri olaraq İsgəndərin erkən ölümünün və oxşar obrazların yanında öz yerini alardı. Faşizmin özü kimi robotlar da subyektsiz işləyirlər. Eynilə onun kimi robotlar da möhtəşəm texniki qüsursuzluğu mütləq korluqla birləşdirirlər. Yenə Faşizm kimi onlar da ölümcül qorxu yaradırlar və tamamilə təsirsizdirlər. “Dünya ruhunu gördüm”, ancaq at üzərində deyildi, qanadlanmışdı və başsız idi – ki, bu da eyni məqamda Hegel fəlsəfəsini inkar edir.
Bu müharibədən sonra yaşamın normal şəkildə davam edəcəyini, hətta mədəniyyətin yenidən qurula biləcəyini – sanki mədəniyyətin yenidən qurulması ən əvvəldən onun inkarı deyilmiş kimi – deyən bütün düşüncələr axmaqcadır. Milyonlarla yəhudi qətl edildi və bu fəlakətin təkcə özü deyil, ancaq pərdəsidir. Bu mədəniyyət nəyi gözləyir axı? Saysız insanın hələ gözləyəcək vaxtı olsa belə, Avropada yaşananların heç bir nəticəsi olmayacağına inanmaq mümkündürmü? Sırf qurbanlarının necəliyinin belə cəmiyyətin yeni bir xarakterinə – barbarlığa – çevrilməyəcəyini hardan bilirik? Zərbəni əks-zərbə izlədikcə fəlakət də davam edəcəkdir. Qətl edilənlərin intiqamının alındığını düşünmək belə bunu görmək üçün kifayətdir. Qarşı tərəfdən də eyni sayda insan öldürüləndə dəhşət də institutlaşacaq və ən qədim dövrlərdən bəri uzaq dağlıq ərazilərə həbs olunmuş kapitalizm öncəsi qan davaları daha geniş bir arealda yenidən peyda olacaq. Xalqlar olacaq bu qan davasının subyektsiz subyektləri.
Ancaq ölülərin intiqamının alınmaması və edilənlərin bağışlanılması halında da faşizm qələbə qazanmış olacaq və bu qədər asan olduğunu gördükdən sonra başqa yerlərdə yeni qələbələr axtaracaq. Tarixin məntiqi ön plana çıxardığı insanlar qədər dağıdıcıdır. Yığdığı sürət onu haraya sürükləyərsə, keçmiş bəlaların bir tayını orada yenidən yaradar. Normallıq ölümdür.
Məğlub edilmiş Almaniyaya nə ediləcəyi sualına cavab olaraq iki şey deyə bilərəm. Bir: cəllad olmağı, yaxud cəlladlara legitimlik verməyi heç vaxt, heç bir halda qəbul edə bimərəm. İki: keçmiş pisliklərin intiqamını almağa girişən adama mane olmaq – xüsusən, qanundan istifadə edərək mane olmaq – istəmirəm. Bütünlüklə yetərsiz və ziddiyyətli bir cavabdır. Prinsipi də, tətbiqini də gülüncləşdirən bir cavab. Bəlkə, günah məndə deyil, sualın özündədir.
Kinoda həftəlik dünya xəbərləri: Mariana adalarının işğalı, Guam da daxil. Yaratdığı təəssürat savaşa yox, inşaat mühəndisliyinə və sonsuz bir ciddilik və konsentrasiya ilə öhdələnən yol-qazıntı işiylə əlaqəlidir. Bir də buxarlı dezinfeksiyaya, bəşəri ölçüdə başladılmış böcək öldürmə əməliyyatına. Əməliyyat davam etdiriləcək. Torpaqda ot bitməyənə qədər. Düşmən burada xəstə və cəsəd rolundadır. Eynilə, faşist dövlətdə yəhudilər kimi, o da təkcə texniki və inzibati prosedurların obyekti olaraq hesaba qatılır; müdafiəyə keçəsi olanda isə öz davranışları eyni xüsusiyyəti daşıyır. Bütün bunlarda şeytanın əməllərini xatırladan bir cəhət var: köhnə tərz savaşlara nəzərən bu cür əməliyyatlar daha çox şey tələb edir; Subyektsizlik halına çatmaq üçün subyektin bütün enerjisini istifadə etməsi lazımdır. Mükəmməlləşmiş insansızlıq, Eduard Qreyin (1) xeyli insanca xəyalının gerçəkləşməsidir. Nifrətsiz savaş.
Payız 1944
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?