Текст книги "Minima Moralia"
Автор книги: Теодор Адорно
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 26 страниц) [доступный отрывок для чтения: 9 страниц]
47
De gustibus est disputandum (1) – Sənət əsərlərinin müqayisə oluna bilməyəcəyini zənn edən şəxs belə tez-tez əsərlərin, özü də ən qaymaq olanların və bu qaymaqlıq səbəbindən müqayisəsi xeyli çətinlik törədən əsərlərin müzakirəsində tapır özünü. Adətən, qarşısı alınmaz vasvasılıqla gündəmə gətirilən bu cür müzakirələrin hər şeyi əndazə ilə ölçən merkantil instinktdən yarandığı yönündəki etiraz əslində sənətdən daha irrasional bir şey görməyən ayıqbaşlı vətəndaşın ciddi düşünmə cəhdini və həqiqət axtarışını əsərdə xərcləmək istəmədiyinin ifadəsindən ibarətdir. Di gəl ki, bu dəyərləndirmə vəsvəsəsinin mənbəyi də əsərin özüdür. Bu, düzdür ki, müqayisəni rədd edirlər. Bir-birlərini silmək istəyirlər. Antik dövrün harmonik şeylər panteonunu təkcə Tanrılara yaxud İdealara ayırıb, əvəzində hamısı bir-birinin ölümcül düşməni olan sənət əsərlərini “agon”a girmək məcburiyyətində saxlaması təsadüfi deyildi. Kierkeqardın hələ də inana bildiyi növdən bir “klassiklər panteonu” anlayışı neytrallaşdırılmış mədəniyyətin tələsidir. Gözəllik İdeasının ancaq müxtəlif əsərlərə dağılmış bir halda ortaya çıxa biləcəyinə inansaq belə, bunların hər biri yenə də uzlaşmaz bir tövrlə gözəlliyini bütününü təkbaşına ifadə etməyə yönələcəkdir. Bütün üzərindəki haqqından imtina edərək onun dağılmış olduğunu qəbul etdiyi andaca özünü də ləğv etmiş olur. Gözəllik, başqa heç nəyə yer saxlamayan, həqiqi, görünüşdən və texnikilikdən arınmış halıyla gözəllik özünü bütün əsərlərinin sintezində, sənətlərin və sənətin vəhdətində deyil, ancaq fiziki bir reallıq olaraq ortaya qoya bilər– bu da bütünlüklə sənətin süqutudur. Bu süqut bütün sənət əsərlərinin məqsədidir. Çünki hər bir sənət əsəri bütün başqa əsərlərin qiyaməti olmaq istəyir. Bəli, sənətin məqsədi sənətin varlığına son qoymaqdır. Bizə çox boş, çox əbəs görünən estetika müzakirələrini alovlandıran da sənət əsərlərinə məxsus bu özünü yoxetmə instinkti, görünüşüdən arınmış gözəlliyə istiqamətlənmə cəhdidir. Belə müzakirəçilər inadla estetik həqiqəti müəyyənləşdirməyə çalışır və beləcə özlərini amansız bir dialektikanın tələsinə tərəf sürükləyərkən fərqində olmadan əsl həqiqətə də toxunurlar: sənət əsərlərini özlərinə aid qılmaq və onları anlayış qatına yüksəltməklə əslində hamısını məhdudlaşdırır və beləcə, sənətin qiyamətinin yaxınlaşmasına, sənətin xilası olan bu aqibətin yaxınlaşmasına xidmət edirlər. Sənət əsərlərinin məhdudluğunu yox etməyə istiqamətlənməyən və onları bu məhdudluq içində eləcə qəbul edən estetik tolerantlıq isə sənəti ancaq saxta bir qiyamətə apara bilər: hər birinin bölünməz həqiqət üzərindəki haqq iddiasını inkar edən yanaşılıq.
48
Anatol Frans üçün – Yaşamağa açıq olmaq, ən adi yerlərdə gözəllik tapmaq və hamısından ləzzət almaq kimi ərdəmlər belə şübhəli bir görünüş qazanmağa başlayır. Əvvəllər, subyektivliyin o hədsiz bolluq dövrlərində obyekt seçimi mövzusunda estetik bir laqeydliklə birlikdə hər cür təcrübədən məna çıxarmaq bacarığı obyektiv dünya ilə əlaqəli olmağı təmin edirdi; bu, dünya hissələrində belə subyektin qarşısında, əlbəttə ki, bir düşmən kimi, ancaq yenə də vasitəsiz və mənalı bir şey olaraq çıxırdı. Əşyanın özgələşmiş hakimiyyəti qarşısında subyektin ağ bayraq qaldırmağa istiqamətləndiyi bu mərhələdə isə hər yanda dəyər və gözəllik tapmaq sevdası subyektin həm tənqidi qabiliyyətini, həm də bunların ayrılmaz cəhəti olan şərhi təxəyülünü bir yana tulladığını göstərir. Hər şeyi gözəl hesab edənlər indi heç nəyi gözəl hesab etməmək təhlükəsi ilə üz-üzədirlər. Gözəlliyinin ümumiliyi təkcə şəxsiyə mıxlanmış subyektdə göstərir özünü. İzlənilən obyektin xaricindəki hər şeyə qarşı laqeydliklə, hətta həqir görmə ilə dolu olmayan baxışın gözəlliyə çatması mümkünsüzdür. Mövcudiyyətin haqqını verən də sadəcə eşqdir. Mövcud olan hər şeyə qarşı göstərilən o nahaq dözümsüzlük. Mövcud olan dərk edildiyi ölçüdə bütün birtərəfliliyi ilə olduğu kimi qəbul edildiyi ölçüdə, bu birtərəflilikdən qurtularaq bütünlə barışdırılmış olur. Görə bildiyi yeganə gözəllikdə özünü itirən göz cəhd və məsuliyyətinin boyunduruğundan bir anlıq xilas olmuş gözdür. O, öz obyektində yaradıldığı günə aid dincliyini qorumaqdadır. Ancaq birtərəflilik kənardan təsir edən ümumilik şüuru ilə ləğv edilərsə əgər, əgər şəxsi özünün vəcd halından qəfil oyandırılıb başqa şeylərlə ölçülüb dəyişdirilə bilən bir şeyə çevrilərsə bütünlüyün ədalətli baxışı da hər şeyi bir-biriylə mübadilə və tabe edilə bilən qılan ümumi ədalətsizliyinin səfinə keçmiş olar. Belə bir ədalət mifin yaradılışa verdiyi cəzanı yerinə yetirməkdir. Şübhəsiz, heç bir düşüncə belə əlaqələrdən azadə deyil, heç bir daim öz obyektinə mıxlanıb qala bilməz. Ancaq hər şeyə keçidin tərzindən asılıdır. Bəla qadağaya çevrilmiş düşüncədən, universala ən qısa yolla çatmaq məqsədiylə dərk edilməzi tapdalayan düşüncədən qaynaqlanır. Halbuki universalın əsası elə bu dərkedilməzlik, nüfuzedilməzlikdir. Onun əsasını müxtəlif obyektlər arasında mücərrəd ahəngdarlıqlarda görənlərsə yanılırlar. Bunu belə, deyə bilərik: həqiqətin özü də, şəxsi də baş qatmağın ritmindən, səbrindən və təkidindən asılıdır. Əvvəlcə özünü orada bütünlüklə itirmədən şəxsinin o üzünə keçən, hərəkətə başlamadan ittihama girişən düşüncə nəticədə özünü boşluqda itirir. Fərq qoymadan haqq paylayan liberallıq yoxoluşla nəticələnir – eynilə azlıqlarının hüquqlarını tapdalayan və beləcə prinsiplərinə uyğun davrandığı demokratiyanı mənasızlaşdıran çoxluğun iradəsi kimi. Hər şeyə qarşı fərq qoymadan bir şəfqət özüylə hər birinə qarşı soyuqluq və özgəlik prinsipini də gətirir və nəticədə bütün qarşısında da eyni laqeydliyin yaranmasına səbəb olur. Həqiqi ədalətin mühiti ədalətsizlikdir. Sərhədsiz xeyirxahlıq hər cür şərin də təsdiqlənməsinə çevrilir, çünki xeyrin izləriylə şərin arasındakı fərqə əhəmiyyət vermir və onu bir ümumilik içində əridir. Bir ümumilik ki, varacağı son məqsəd ümidsiz burjua –mefistofelyen müdriklikdən ibarətdir. Gün işığına çıxan hər şey yox olmağa məhkumdur (1). Ən adi və bayağı şeylərdə belə gözəllikdən ləzzət almaq inadcıl bir tənqid və fərq qoyma aludəçiliyinə nisbətdə hamıya daha alicənab görsənəcək, çünki əslində yaşamın nizamıyla daha böyük bir uzlaşma içindədir.
Belə bir iddiaya həyatın müqəddəsliyinin ən çirkin və ən eybəcər yerdə işıqlandığını qeyd edərək qarşı çıxmaq mümkündür. Di gəl ki, bu işıq bizə birbaşa yox, qırılmağa məruz qaldıqdan sonra çatır. Sadəcə, yaşadığı üçün gözəl hesab etmək məcburiyyətində qaldığımız hər şey elə bu məcburiyyət səbəbindən çirkindir. Burada müraciət edilən mücərrədləşmiş yaşam anlayışı avtoritar və insafsız olandan, həqiqətən ölümcül və təcavüzkar olandan fərqlənməz. Yaşamı başdan-ayağa məqsəd olaraq görən və ona sitayiş edən anlayış həmişə mövcud avtoritar güclərə sitayiş səviyyəsinə salmışdır onu. Ümumiliklə, yaşamın ifadəsi olaraq görülən şeylər, sağlam doğurqanlıq, uşaqların səs-küylü oyunları, ortaya dəyərli bir şey çıxardanların cəhdləri və iştahın ən saf cisimlənməsi olduğu üçün sitayiş edilən anlıq hislərin idarəsindəki qadın – bütün bu dirilik nişanları mütləq şəkildə dərk olunduğunda özünü kor-koranə qabağa verərkən başqa bir imkanın da sönüb getməsinə səbəb olur. Həddən ziyadə sağlamlıq həmişə özlüyündə xəstəlik deməkdir. Yaşamın bir qədər kəmətlənməsi. Gözəllik də belə bir sağaldıcı xəstəlikdir. Həyatı donduraraq onun çürüməsini də dayandırar. Ancaq yaşam adına xəstəlik rədd edilərsə, öz zidd ünvanından məhrum edilən və beləliklə, hipostazlaşdırılan yaşam da bu ziddə çevrilər. Dağıdıcılıq və pislik, hörmətsizlik və xor görmə. Dağıdıcılıqdan nifrət etməsi üçün insan yaşamdan da nifrət etməlidir. Təhrif edilməmiş yaşamın ölümdən başqa imajı yoxdur. Anatol Frans özünəməxsus maarifçiliyi içrə bu ziddiyyətin fərqindəydi. Mülayim M. Berqeretdən başqası deyildi: “Yox! İnanmıram!” – deyən. “Əsla. Bioloji həyatın bizim bu eybəcər planetimizə məxsus xəstəlik olduğunu düşünmək ən yaxşısıdır. Bu, dözülməz olardı. Bu, sonsuz kainatda yeməkdən və yeyilməkdən başqa bir şey olmadığını düşünmək dözülməz olardı.” Burada sözlərə tökülən nihilist diksinti utopiya olaraq insanlığın təkcə psixoloji deyil həm də obyektiv şərtidir.
49
Əxlaq və zaman sıralaması – Erotik ziddiyyətin bütün psixoloji cəhətləri ədəbiyyatda işləndiyi halda ziddiyyətin ən bəsit xarici qaynağı sırf aşkarlıq səbəbiylə nəzərdən yayınmışdır. Daha əvvəllər başqa birisinə bağlanmış olmaq halından danışıram: sevilən şəxs bəzi daxili ziddiyyətli əngəllər ucbatından deyil, həddindən artıq soyuq olduğu, ya da isti hislərini gizlətdiyi üçün, üçüncü bir şəxsə yer saxlamayan bir münasibəti olduğu üçün rədd etməkdədir bizi. Şəxsin əslində hislər iyerarxiyasına verəcəyi rolu mücərrəd zaman sıralaması ehtiva edir. Daha əvvəl nişanlanmış olmaqda seçmə və qərar vermə azadlığı ilə bərabər, azadlığın tələbləriylə aşkarca ziddləşən təsadüf elementi var. Maddi istehsalın anarxiyasından azad edilmiş bir cəmiyyətdə belə şəxsin başqalarıyla tanış olmaq sırasını müəyyənləşdirən qaydalar ola bilməz – belə bir sıralama şəxsin azadlığına edilmiş ən dözülməz təcavüzdür. Odur ki, təsadüfi olanın öncüllüyünü dəstəkləyən güclü iddialar da olmalıdır. Yeni gələn birisi tərəfindən yerini itirmiş şəxsin istifadə müddəti bitmiş, keçmişdə bölüşülən yaşam ləğv edilmiş və təcrübə silinmişdir. Zamanı geriyə qaytarmağın mümkünsüzlüyü obyektiv bir əxlaq meyarı yaradır. Ancaq eynilə mücərrəd zamanın özü kimi, bu meyar da miflə yaxından əlaqəlidir. Zamanın bir ölçüsü olan təcridçilik öz daxili qaydaları etibarilə qapılarını çölə möhkəm bağlamış qrupların və nəhayətində, böyük sərmayənin inhisarçı hakimiyyətinə rəvac verir. Yaşadığı eşq və şəfqəti yeni gələn birisinə qapdırmaq qorxusu içində yaşayan bir aşiqdən daha təsirli bir şey yoxdur. Ən dəyərli mülkü olan, çünki əslində mülk kimi sahiblənilə bilməyən sevgini yeni birinə, sırf yeni olduğu üçün buraxmaq məcburiyyətində qalacaqdır və rəqibinə bu zəfəri bəxş edən də özünün daha köhnə olmasından başqa bir şey deyildir. Bu təsirli duyğu – əgər bu yoxdursa, hər növ səmimilik və qorunma yoxa çıxar – bir dəfə başlayanda geri qayıdılması mümkünsüz kimi görsənən bir yolun başlanğıc nöqtəsidir: balaca oğlan uşağının özündən balaca qardaşına üz verməməsi və yatılı məktəb tələbəsinin “femine” dostunu xorultuyla başlayıb Ari irqindən olmayan insanları Sosial Demokrat Avstraliyanın kənarında saxlayan köç qanunlarına
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?